icon
icon
icon
icon

M.Oruc. Q.Camalzadənin "Qızıl Xotuğ" romanı

Müharibədən qayıdandan sonra

Hələ 30 il bundan əvvəl yaradıcılığa başlayan Qəni Camalzadə bir dəfə soruşdu ki, onun yazıları haqqında nə fikirdəyəm? Düzü, o zaman bu suala nə cavab verdiyim yadımda deyil, hər şeydə bir məzə axtaran adama nə demək olardı, amma o yadımdadır ki, o zamanlar Qəni “Kirpi”, “Ədəbiyyat və incəsənət”, “Ulduz”, “Azərbaycan” jurnalı kimi mötəbər dərgilərdə vaxtaşırı çap olunurdu. Bir-birindən duzlu satirik, yumorla dolu hekayələri ədəbi müzakirələrdə tədqiq edilib, araşdırılırdı. Qəninin adı ən ümidverici cavan yumoristlərin sırasında çəkilirdi. O zamanlar Qəni Camalzadənin geninə-boluna çap olunmasına imkan yaradan naşirlərdən biri də mən idim. Bəs, Qəninin yaradıcılığına qarşı içimdə oyanmış bu rəğbətə səbəb nə idi? Mənə elə gəlir ki, hər şeydən öncə onun şəxsiyyəti, savadı, bir ziyalı mövqeyi, vətəndaşlığı və bir də milli təəssüfkeşliyi idi. Mənim fikrimcə, bədii yaradıcılığın ən dərin rişələri yaradıcının şəxsiyyətindən mayalanır. 1992-ci ildə Qəni Camalzadə ilə əlaqələrimizin kəsilməsinə səbəb onun könüllü olaraq zabit kimi cəbhəyə yollanması, Qarabağ uğrunda döyüşlərə qatılması oldu. Biz bir də, səhv eləmirəmsə 1993-cü ilin axırında görüşdük. Məni  maraqlandıran onun müharibə haqqında təəssüratları idi. Çox danışdıq. Qəni söhbətimizə gözlənilməz bir cümlə ilə son qoydu: “Müharibə haqqında elə həqiqətlər var ki, hələ ifadə eləmək çətindir”. Dərinə getmədim.

            Müharibədən qayıdandan sonra uzun müddət iş axtaran Qənidən bir dəfə soruşdum: “Bəs neyləmək fikrindəsən?” Cavab verdi ki, bu dünyada ən şərəfli vəzifə əyilmədən yaşamaq və övlad böyütməkdir. Övlad böyütmək və işləmək. Sözün bu yerində Qəninin “Şirin dördlük” hekayəsinin sonluğu yadıma düşdü. Qəni qəhrəmanının dilindən yazır: “...Şahmat, çay, xoş ovqat olmayan yerdə bir yaxşı məşğuliyyət qalırdı: işləmək!” Qəninin işgüzarlığına sübut onun fəaliyyətinin müxtəlif  cəhətləri ilə yanaşı, xeyli sayda hekayə və bir roman şəklində ortada olan bədii yaradıcılığıdır. Bu yazıda da mənim məqsədim bu yaradıcılıq örnəklərindən bir qələm dostu kimi söz açmaqdır.

            Qəni Camalzadə Lerikdə dünyaya gəlsə də, Bakının Şüvəlan qəsəbəsində böyüyüb, orta məktəbi də elə bu qəsəbədə bitirib. Görünür, elə bu səbəbdəndir ki, Qəninin ilk qələm təcrübələrinin demək olar ki, əksəriyyəti bu Abşeron kəndinin duzlu, məzəli həyatı ilə bağlıdır. O ki qaldı Qəninin qəhrəmanlarına, o, heç bir yazısında, necə deyərlər, birini yağlayıb, o birini dağlamır, “qəhrəmanlarının” naqisliklərini karikatura səviyyəsində təsvir eləmir, saflaşacağına ümidini itirmir. Gördüklərini yazmaqla hadisələri saf-çürük eləməyi, çox haqlı olaraq, oxucusunun ixtiyarına buraxmır. Qəni elə hadisələri qələmə alır ki, ictimai-siyasi, etik-estetik dəyəri olsun. “Yaxşı oğlanın dayısı” hekayəsində təsvir olunan ali məktəbin adı çəkilməsə də, oxucunun düşdüyü mühit dərhal əsl ünvanı ona bəyan eləyir. Müəllim-tələbə münasibətlərində meydana çıxan problemlər yalnız ilk baxışda gülüş doğurur, əslində isə müəllif cəmiyyətin bu yarasına dərman axtarır.

            Bu gün tamam başqa siyasi quruluşda yaşayırıq. Mənə elə gəlir ki, bunu Qəninin bütün hekayələrinə şamil etmək olar. Bir zaman qələmə aldığı bürokrat tiplərlə bu günlər yazıçı özü daha tez-tez qarşılaşır. Məncə, əsl bədii söz, bədii yazı odur ki, heç bir ictimai-siyasi qruluşun qurbanı olmasın. Bədii yazı siyasi qruluşun sifarişinə yox, ictimai tələblərə xidmət eləməlidir. Bu baxımdan Qəninin hələ səksəninci illərdə qələmə aldığı “Füzuli və elektronika”, “İlk məhəbbət”, “Omba ağrısı”, “Xeyir iş”, “Məktub” kimi hekayələrini yenidən oxuyanda da mən bu qənayətə gəldim ki, Qəninin yazıları bu gün də çağdaşdır.

            “Qış yuxusu” hekayəsində Qəninin tiplərindən biri digərindən soruşur: “Tarixin çarxı dönüb, ya dönməyib?” Həmsöhbəti bu sualı belə cavablandırır: “Sənin kimi oğul yetirən tarixin çarxı dönər də”. İlk baxışda adama elə gəlir ki, bunlar nə danışdıqlarını anlamayan personajlardır, amma hekayənin mahiyyətinə varanda görürsən ki, yazıçı hansı simə vurduğunu yaxşı bilir. Bu yazıda yeri səhv düşmüş adamlar üz-üzə gətirilir. Bunlar biri tornaçı işləyən tarix müəllimidir, digəri ali məktəb tələbəsidir. Onları işin nəticəsi yox, iş gününü birtəhər başa vurmaq maraqlandırır. Demək, nəticədən danışmağa dəyməz. Həyatımızın hansı sahəsi olur-olsun, “yeri səhv düşmüş” adamlardan nə gözləyəsən? Sözün bu yerində xalq şairi Qabilin dəqiq müşahidəsinin məhsulu olan misraları yada düşür: “Müsibət oluruq biz, Səhv düşəndə yerimiz...”

            Qəni Camalzadə əksər hekayələrində Sovet istehsalat həyatı yaddaqalan detallarla təsvir edilir. Amma bu hekayələrin mahiyyətinə varanda görürsən ki, məqsəd bu istehsalatda çalışanların obrazını yaratmaqdır. İnsan amili başlıca faktordur. Məncə, tək-tək oxucu ola bilər ki, bu hekayələrdə özünü, öz obrazını görməsin. Qəninin hekayələrini elə bir bucaq altında nəzərdən keçirəndə, şəxsən mənə elə gəlir ki, azman bir güzgüyə baxıram. Güzgü isə yalan danışmır. Sözün bu yerində dahi Sabirin iki misrasını xatırlamamaq mümkün deyil: “Niyə bəs böylə bərəldirsən, a qare, gözünü, Yoxsa bu ayinədə əyri görürsən özünü?”.

            Qəni Camalzadənin doxsanıncı illərdə qələmə aldığı hekayə və povestlərin nişangahı dəyişilməyib. Yenə də sətirlər arasında Abşeron mənzərələri boy verir, yenə də Bakı kəndlərinin tipajları təsvirə gətirilir. Dəyişən yalnız bu “qəhrəmanların” tutduğu mövqedir. Zaman onların bir qismini partiya liderinə bir qismini “iş adamına”, bir qismini isə “işsizə” çevirib. Yaxın qohumların bir-birinə münasibətində də yeni çalarlar meydana gəlib. Yalan əsas alətə çevirilib. Yalanda silahlanmış məmurlar, polis işçiləri arasında Xudayar bəy peydə olur. Doğrudan da Mirzə Cəlilin Xudayar bəyi hələ ölməyib? Haçansa ölübsə də, Qəni Camalzadənin son hekayə və povestlərində Xudayar bəy dirilir.  Dirilir ki, biz harda bənd aldığımızı yaddan çıxarmayaq. Qəninin “Qızıl qoduq” romanında dayə daha dərindir. Bu romanda çox ustalıqla yaradılmış Əzrail obrazı dünya ədəbiyyatında olmasa da, Azərbaycan ədəbiyyatında təzə hadisədir. Kimdi bu Əzrail? Yoxsa mələk cildinə girmiş insandır? Niyə hamı ondan nümunə götürür? Yazıçı bu sualların cavabını da oxucunun ixtiyarına buraxır. O oxucusunun ki, hələ ədəbiyyata əsl sənətə olan ümidini itirməyib. Mən də o oxuculardan biri kimi bu roman haqqında düşünürəm və gözləyirəm ki, ədəbi tənqid yaxın tariximizin böyük bir parçasını özündə əks etdirən örnək haqqında söz desin.