icon
icon
icon
icon

V.Yusifli Q.Camalzadənin hekayələri

BİR HEKAYƏLƏR KİTABI

İyirmi il olar ki, qəzet və jurnal səhifələrində Qəni Camalzadə imzasını izləyir, onun hekayələrini oxuyuram. İlk hekayələri elə “Ədəbiyyat qəzeti”nin səhifələrində oxuduğum Qənidə güclü həyat müşahidəsi, ümumiləşdirmə bacarağı hiss etdim. Ən başlıcası isə gerçəkliyin sanki gözə görünməyən, ilk baxışda heç bir təəssürat doğurmayan məqamları bu hekayələrin mövzüsuna çevrilirdi. Hiss olunurdu ki, Qənidə yumor duyğusu da güclüdür; o, təsvir etdiyi hadisənin və təqdim etdiyi obrazların gülüş doğuran cəhətlərinə də diqqəti yönəldə bilir. Və bununla yanaşı açıqca onu da görürdüm ki, Qəni Camalzadə hələ sözün dərin-dərin qatlarına yiyələnməlidir. Bəzən onun gülüşündə hədəfdən yayınan məqamlar da az deyildi, yəni yumorunda duzsuzluq da nəzərə çarpırdı. İndi budur, Qənin “Sonuncu yeznə” hekayələr kitabı (1998) qarşımdadır və kitab müəllifinin bu iyirmi ildə nəyə nail olduğundan  soraq verir.

            Bütün yaradıcılığı boyu yalnız hekayə janrı ilə tanınan sənətkarlar çox deyil. Yaxud lap povest, roman yazsa da, elə yazıçı var ki, yalnız hekayəçi kimi tanınır. Ömrünün qırxıncı aşırımını çoxdan keçən Qəni Camalzadə hələlik öz sevimli hekayə janrına sadiq qalıb. O, yaxşı bilir ki, bir neçə səhifədə də böyük bir romana, ya povestə sığa biləcək həqiqətləri ifadə etmək mümkündür.       Görəsən, o, buna nail ola bilirmi? Kitabda toplanan iyirmi doqquz hekayə təbii ki, eyni səviyyədə deyil. Bunların içində mövzunun öz bədii həllini tapmadığı, təqdim olunan hadisələrin və obrazların epizodik səciyyə daşıdığı nümunələr də var. Ancaq kitabda bir neçə hekayə var ki, həmin hekayələr  Q. Camalzadənin yaradıcılığında az-çox püxtələşdiyindən xəbər verir.    

            Qeyd etdim ki, Qəninin hekayələri ötən illərin – sosialist gerçəkliyinin “həqiqətlərindən” söz açır. Bu hekayələrin əksər qismi bilavasitə onun həyati müşahidələrindən yaranmışdır. Özü də Qəni çox vaxt, yuxarıda dediyim kimi, gerçəkliyin zahirən nəzərə çarpmayan məqamlarına üz tutur, kiçik, bəlkə də ötəri təsir bağışlayan hadisənin içində məğzi, mahiyyəti axtarır. “Daş küçə” adlı ikicə səhifəlik bir hekayədə nədən danışılır? “Xüsusi konstruktor şöbəsinin nəhəngləri” tutduqları vəzifəyə uyğun bir həndəsi ardıcıllıqla baş-başa vermişdilər. Rəisin kor quyu kimi dərin baxışından sonra pıçıltılar tamam kəsildi”.

            Görən nə olub? Məlum olur ki, “Al-80” cihazının istehsalı dayandırılıb. Zavod da bu konstruktor şöbəsinə müraciət edir ki, bu barədə bir tədbir görsün, ikitərəfli müqavilə imzalansın. Amma bürokratizm o qədər qana yeriyib ki, cihazın cüzi qüsurunu aradan qaldırmaq barədə yox, sənədləşmə, məktublaşma yolu ilə onu birtəhər it-bata salmaq barədə fikirləşirlər. Halbuki, zavodla konstruktor şöbəsi arasında 5-10kilometr ola, ya olmaya, daş küçənin o başından bu başına 10 dəqiqəlik yoldur. 

            Qəninin bir çox hekayələri beləcə “adi” hadisələr üzərində qurulub, amma məharəti orasındadır ki, bir mühüm mətləbi  ifadə edə bilir. Ola bilsin ki, Qəninin tənqid hədəfinə obyekt olan neqativ cəhətlər günümüzün bu çağı üçün öz reallığını itirsin, bunlar ancaq sosialist həyat tərzinin nam-nişanı kimi xatırlansın. Amma keçib gəldiyiniz yolda rastlaşdığımız maneələr, üzləşdiyimiz mənfi hallar indi də bu və ya başqa şəkildə davam edir. Ona görə də, bir çox hekayələri indi də aktuallığını saxlayır.

            Bəli, indinin özündə də “Sonuncu yeznə” hekayəsində olduğu kimi qaz vurub qazan doldurmaq iddiasıyla yaşayan Xasaylar az deyil. Və indinin özündə də təmiz həyat tərzi ilə Xasayları mənən məğlub edən Ələmdar kimilər yaşayır.

            “Papaqçı oğlu” hekayəsində təsvir olunan hadisə bəlkə də sosialist gerçəkliyi üçün bir təsadüf sayıla bilərdi (əslində belə deyildi), bu gün üçün isə artıq adi haldır. Atası papaqçı olan tələbə diplom işi götürür, gəlir zavoda və istəyir ki, loboratoriya şəraitində öz diplom işini yazsın. Onu ixtisası üzrə şöbə müdiri ilə tanış edirlər. Əsl həngamə bundan sonra başlanır. Məlum olur ki, papqçı oğlunun götürdüyü mövzunu elə bu şöbə müdiri diplom işi kimi çoxdan yazıb. Daha doğrusu kimdənsə köçürüb. Və papaqçı oğlu da həmin o diplom işini eyni səliqə ilə köçürüb təhvil verir.

            Maraqlıdır ki, Qənin bu tipli kiçik hekayələri vaxtilə “Mozalan” satirik kino-jurnalında təsadüf etdiyimiz süjetləri xatırladır. Yəni yığcamlığına, az sözlə, kiçik bir hadisənin təsviri ilə maraqlı mətləb qaldırmağına görə paralel aparmaq mümkündür. Tutaq ki, “Şorba” hekayəsindəki bağça müəllimlərinin əhvalatı kimi. Bişirdikləri yeməkləri heç özləri dadmaq istəməyən bağça əhli-müdirə, aşbaz uşaqlara belə bir sual verirlər: Deyin görüm siz bu gun çoxlu oynamaq istəyirsiniz, ya birinci xörəyi yemək? Uşaqlar xorla cavab verirlər ki, oynamaq istəyirik. Təfərrüata varmadan deyə bilərəm ki, kitabda olan “Düz xətt”, “Qərənfil-2”, “Nağıl gecəsi” və s. hekayələr də bu qəbildəndir.

            Ümumiyyətlə, Qəninin hekayələrində bir az mübaliğə ilə desək, yaşadığı, ünsiyyətdə olduğu cəmiyyətin lap kiçik də olsa, mikromodeli əks edilmişdir. Əlbəttə, bu mənzərə o cəmiyyətin mənəvi ab-havası, durumu haqqında heç də qədərincə təəssürat yaratmır. Ancaq hər halda lap kiçik mikromodelin özündə də müəyyən ümumiləşdirici cizgilər, xassələr tapmaq çətin deyil. Elə hekayələr var ki, elə o hekayədə dünən və bu gün – ötən illərin və bu çağımızın neqativ cizgiləri ümumiləşdirmə məqamındadır. Məsələn, cəmiyyətdə hamının bir-birini aldatması artıq heç kəsdə təəccüb doğurmur. Bunun bədii həqiqət kimi təsbitinə isə Qəni Camalzadənin “Hesab” hekayəsində rast gəlirik. Yaxud azərbaycanlı cavanların kütləvi şəkildə Rusiyaya  üz tutub bir daha geri qayıtmamaları, orada evlənib milli mənliklərindən də üz çevirmələri, Nataşalara uymaları “Teleqram” hekayəsində məharətlə əks olunub.

            Qəni Camalzadənin ilk kitabının məndə doğurduğu xoş təəssürat əsasən bunlardır. Ancaq istərdim ki, öz dediyi kimi, ədəbiyyata, qəzet və jurnal səhifələrinə çətinliklə yol tapa, bu yolda az məhrumiyyətlər görməyən  Q. Camalzadə “Yolçu yolda gərək” inadına da tab gətirsin. Çünki yaradıcılıq həmişə yeniliklə, novatorluqla müşayiət olunmalıdır. Bu gün ilk kitabında bəzi hekayələri Qəni Camalzadəyə xoş təsir bağışlaya bilər “yazıçı üçün hər yazısı, hətta hər cümləsi əzizdir”, amma bu hekayələr oxucu-tənqidçi diqqətinə çəkildikdə əks mənzərə də yaranır. Məsələn, “Yalançı oğul”, “Zəif damar”, “Abşeron bağlarının gecələri” və daha bir neçə belə hekayədə mətləb aydın deyil, hədəf qeyri-müəyyəndir, təqdim olunan əhvalat, hadisə tipik deyil.

            Və bir də onu demək istəyirəm ki, gözlərinin qarşısında baş verən hadisələrə də müəllif biganə qalmamışdır. Bu gün məhz satirik ədəbiyyata daha çox ehtiyac duyulur və çox güman, istedadına inandığım Qəni Camalzadə də bu həqiqəti unudmayacaq.