icon
icon
icon
icon

Qəni Camalzadə-50

Ədəbiyyat  QƏZETİ

17 Fevral 2006-cı il  № 7 (3498)

QƏNİ  CAMALZADƏ – 50

 

Hörmətli qələm dostumuz, Qəni Camalzadə! Siz 1956-cı ildə Lerik rayonunun Durqan kəndində dünyaya gəlmisiniz. Orta məktəbi Bakının Şüvəlan qəsəbəsində bitirəndən sonra Azərbaycan Politexnik İnstitunun avtomatika fakültəsində təhsilinizi davam etdirmisiniz.@

            Bədii yaradıcılığa erkən yaşınızdan başlamısınız. İlk qələm təcrübəniz 1969-cu ildə “Pioner” jurnalında çap edilmiş, 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan  “Heç nə itmir” adlı hekayənizlə öz dəsti-xəttinizi müəyyənləşdirmisiniz. İllərlə “Ədəbiyyat və incəsənət”, “Kirpi”, “Azərbaycan”, “Literaturnı Azərbaycan” kimi nüfuzlu dərgilərdə dərc olunmusunuz. 1984-cü ildə “Yeni səslər” almanaxındakı yazılarınız və 1986-cı ildə “Yazıçı” nəşriyyatında çap olunan hekayələr kitabınız haqqında Nadir Cabbarov, Vaqif Yusifli, Məti Osmanoğlu kimi tanınmış tənqidçilər müxtəlif  dərgilərdə söz deyiblər və yaradıcılığınızı yüksək dəyərləndiriblər. Siz bir yazıçı kimi vətəndaş mövqeyinizi, milli təəssübkeşliyinizi öz əməllərinizlə sübut etmisiniz. 1992-ci ildən 1993-cü ilə qədər zabit kimi Qarabağ uğrunda döyüşlərdə iştirak etmisiniz. Müharibədən qayıdandan sonra yenidən istehsalata atılsanız da, əsas məşğuliyyətinizdən biri bədii yaradıcılıq olub. Oxucular sizi “Lənət qapısı”, “Bayıldan başlanan yol”, “Yaxşı oğlanın dayısı”, “Sonuncu yeznə”, “Qohumların əsiri” hekayə kitablarının və eləcə də tarixi mövzuda “Qızıl qoduq” romanının müəllifi kimi tanıyır. Bu gün də siz qələmi yerə qoymamısınız. Cəmiyyətimizdəki neqativ halları – bürokratları, yalançıları ustalıqla qələmə alır, ölkənin mötəbər dərgilərində çap olunursunuz.

            Sizə 50 yaşınızın astanasında yeni yaradıcılıq uğurları və can sağlığı arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyi