icon
icon
icon
icon

Azerbaycan jurnalinda

AZƏRBAYCAN

Ədəbi-bədii jurnal

8

2008

QIZIL  XOTUQ romanı haqqında qeydlər

 

Romanı cəmiyyətin güzgüsü və böyük dünyanın bədii sözdə reallaşan mikromodeli adlandırırlar. Bu fıkirlərdə müəyyən həqiqət olduğu danılmazdır. Doğrudan da, bu mənada romanı əvəz edə biləcək ikinci bir janr təsəvvür eləmirəm.

Azərbaycan romanından söz düşəndə, bəzən onu dünya roman sənətinin inkişaf səviyyəsi ilə müqayisə edir və bu sahədə bizim çox geridə qalmağımızdan söz açırlar. Əlbəttə, bu fıkirdə müəyyən həqiqət olsa da, tam razılaşmaq olmaz. Əvvəla, hər bir xalqın ədəbiyyatına nəzər salanda, ROMAN HADİSƏSİNİN o xalqın ictimai-siyasi həyatında böyük burulğanlar baş verdiyində yarandığı, sonra tədricən inkişaf edib, bədii fikrin başlıca axarına, istiqamətinə çevrildiyinin şahidi oluruq. Bu mənada Azərbaycan romanlarını heç cür fransız, ingilis, alman, italyan romanlan ilə mü- qayisə eləmək olmaz. Avropada roman sənəti öz inkişafının yeni bir mərhələsinə daxil olanda (XIX əsrin sonlan-XX əsrin əvvəlləri), bizdə romanın ilk nümunələri təzəcə meydana çıxırdı, elə isə iri hekayələrdən və povestlərdən fərqlənməyən kiçik, mikroromanlarla Avropa romanlarını müqayisə etməyə dəyərmi? Sovet dövrünə gəldikdə isə burada cəmiyyət həyatının yalnız birtərəfli təsvirini verən "sovet" romanlarının çoxluq təşkil etdiyi göz qabağındaydı. Burada da müqayisə yersiz olardı. Ancaq bir həqiqəti unutmayaq ki, Azərbaycanda professional roman sənəti məhz keçən əsrin otuzuncu illərindən başlayaraq o zaman üçün ilkin, indiki zamandan qiymət verəndə isə klassik dövrünü yaşadı.

Bu kiçik yazıda Azərbaycan romanının keçdiyi yolu xatırlatmağa bir də ehtiyac duymuram. Son əlli ilin Azərbaycan ədəbiyyatı mənzərəsində romanın bir janr kimi inkişafı bizi sevindirməyə bilməz. Doğrudur, dünya roman sənətinin şedevrləri ilə müqayisədə beş-altı (barmaqla sayılacaq qədər) nümunə istisna olunmaqla yenə də geridəyik, amma bu son illərdə romana, bu çətin və mürəkkəb janra meylin artmasını təqdir etmək olar. Bizdə həm milli roman ənənələrimizin təsiriylə, həm də dünya romanlarından öyrənməklə, milli və Qərb roman ünsürlərini sintez etməklə yaranan romanların sayı artır.

Haqqında söz açacağım "Qızıl xotuq" romanı milli roman enənələrimizi davam etdirən bir əsərdir. Onun müəllifı uzun müddət yumorist hekayələr müəllifi kimi tanıdığım Qəni Camalzadədir. Qəni çoxdan yazıçılıqla məşğuldur, indiyə kimi nəsr əsərlərindən ibarət beş-altı kitabı da çıxıb. O, yazıçılığa ötəri həvəs ucundan ya da şöhrət qazanmaq naminə gəlməyib, daxili, mənəvi tələbatdan, “mən bu həyat həqiqətlərini yazmalıyam” prinsipindən doğan bir məsuliyyətlə gəlib.

“Yumorist” sözünü təsadüfi işlətmədim. Bu söz Qənini bir yazıçı kimi səciyyələndirən sözlərdən biri və mən deyərdim, birincisidir. Çünki yumor hissi, gerçəklikdəki hadisələrə bir qədər də satirik münasibət Qəninin romanında da aparıcı elementlərdən biridir. Ancaq “Qızıl xotuq” romanını “yumor ya satira üstündə qurulan roman” adlandırmaq doğru olmazdı. Qəni ilk romanında janrın xüsusiyyətlərini əks etdirən ən vacib şərtlərə əməl etmişdir.                        Öncə qeyd etməliyəm ki, “Qızıl xotuq” romanı (roman ilk dəfə “Azərbaycan” jurnalında “Fosforlu ekizlər” adı altında çap olunub) müasir həyat hadisələrindən söz açan əsərdir. Yəni, bu əsərdə cəmiyyətin ictimai-siyasi mənzərələri, həyatımızın bir çox problemləri öz əksini tapır. Çox geniş və əhatəli planda olmasa da, son iyirmi ildə yaşadığımız həyatın ayrı-ayrı olaylarının, gördüyümüz çətinliklərin, daddığımız acıların və eyni zamanda, müstəqilliyimizin bizə bəxş etdiyi hisslərin inikasını bu romanda izləyə bilirik. Lakin Qəninin romanı gerçəkliyin publisistik şərhi və təhlili üzərində qurulmamışdır, heç romanda belə bir xətt yoxdur. Qəni bədii bir əsər yazmışdır və cəmiyyətdə, həyatda baş verən ictimai-siyasi hadisələri, mənəvi-psixoloji durumu yaratdığı obrazlar, onlann qarşılıqlı münasibətləri fonunda təhlil etməyə ça- lışmışdır. Romandakı hadisələr son iyirmi ili əhatə edir. Yəni, biz burada "keçid dövrü" dediyimiz illərin əhval-ruhiyyəsi, bu illərdə cərəyan edən hadisələrin əks-sədası ilə qarşılaşırıq. Amma təqdim olunan obrazların bir çoxunun taleyi sovet dövrü ilə bağlıdır və Qəni o obrazlann xarakterini bütöv canlandırmaq üçün "retro" üsulundan istifadə edir.

Reallıqdan və həyat həqiqətindən başqa romanı sevdirən ən başlıca amillərdən biri də, heç şübhəsiz, dolğun obrazlar yaradılmasıdır. Romanda İnsan başlıca amildir. Və əgər belə demək mümkünsə, hər roman xarakterlər sərgisidir ki, müəllif bununla təsvir etdiyi aləmin varlığını tanıdır. "Qızıl xotuq" romanında ucqar bir dağ rayonunun adamları təsvir olunur bu da Cənub bölgəsidir. Qəni özü o bölgədən olduğundan həmin aləmi bütün koloriti ilə oxucuya təqdim edir. Lakin ən çox diqqət mərkəzində duran bir obraz var ki, romandakı digər obrazlar və hadisələr həmin bu obrazın ətrafında cəmlənir. Bu, yaşı yüzü keçmiş Ehsan babadır.

Ədəbiyyatımızda bu tipli müdrik qoca obrazlan istənilən qədərdir. Ancaq bu obrazların işlənməsində həmişə romanlardan romanlara, yazıçılardan yazıçılara keçib gələn bəzi oxşar cizgilər diqqəti cəlb edir. O da bundan ibarətdir ki, bu obrazlar çox zaman əsas qəhrəman kimi yox, ikinci dərəcəli ya da epizodik obrazlar kimi təqdim edilmişlər. Və əksəriyyətinin də əsərdə yalnız bir rolu olub - ağsaqqallıq missiyasını yerinə yetiriblər. Ancaq Qəninin təsvir etdiyi qoca Zamanm bir çox əlamətlərinin təcəssümüdür. O, belə demək mümkünsə, "köhnə dünyanın" yeni Zamana, yeni münasibətlər sisteminə ironiyasıdır. Keçmişdən bu günə nə ki yaxşı keyfıyyətlər var, Ehsan baba öz varlığında yaşadır. Təkcə uzunömürlülüyü ilə deyil, həm də comərd keyfıyyətləri ilə... bütün dəyişilən zamanlarda öz daxili təmizliyini, mənəvi saflığını, ən gözəl insani xüsusiyyətlərini qoruyub saxlamaqla. Təsəvvür edin, belə bir insan gəlib düşüb son dərəcə mürəkkəb münasibətlərin hökm sürdüyü xaos və ahəngsizlik dövrünə... Təbii ki, "keçmişdən" gələn bu qoca bu yeni dövrdə dəyişilə bilərdi, başqalaşa bilərdi. Amma dəyişmir və başqalaşmır, sübut edir ki, insan həyatında qızılın, var-dövlətin heç bir əhəmiyyəti yoxdur, əsl qızıl insanın öz içindədir. Ehsan baba obrazı bir az da bize sufiləri xatırladır. Təsadüfi deyil ki, o, dərviş həyatı da keçirib. Dərvişlik isə, Tanrının yer üzündəki elçiləridir ki, Allah kəlamını avazla insanlara çatdırırlar.

"Ehsan baba varlı-hallı bir ailənin sonbeşiyi idi, atasının tövleyə sığmayan mal-qarası, pəyə-pəyə qoyun-quzusu vardı. Gen-bol yaşayırdılar. O, zehinli idi. Az vaxtda "Quran"ı başa çıxdı. Amma o, ailənin ümidini puç elədi. Bir gün qonşu kəndə molla yanına gedib-gələn Ehsan geri dönmədi. Deyirlər ki, hardansa azıb gələn dərvişlərə qoşulub. On beş yaşlı oğlan bir parsa əppək olub qeybə çıxdı. İyirmi il ondan xəbər çıxmadı. Amma Şura hökuməti qurulan ili Ehsan qəfildən peydə oldu. Saç-saqqalı ağarmış, çəkdiyi məşəqqətlərdən üzü kobudlaşmış, uzun saçları çiyninə tökülmüş bu yad kişinin gəlişi hələ də pədərşahlıq dövründə yaşayan kəndi təlatümə gətirdi”. Bu, onun ömrünün iyirmi ili haqqında qısa bir məlumatdır. Hərçənd ki, Qəni Ehsan babanın qürbətdə keçən dərvişlik həyatından da müəyyən fraqmentlər təqdim edə bilərdi, yəni obrazı dünya nemətlərindən imtina edib dərviş xislətli bir insan kimi canlandırarkən, bu formalaşmanı ayrı-ayrı epizodlarda göstərə bilərdi. Görünür, buna ehtiyac duymayıb. Amma Ehsan babanın bundan sonrakı hərəkət və davranışları, insanlara münasibəti, zamanın ən təhlükəli və qorxulu çağlarında belə xa- siyyətindəki sabitqədəmliyi qoruması inandırıcıdır.

Əlbəttə, romandakı əsas qəhrəmanın səciyyəsini daha dolğun rəsm etmək üçün təkcə həmin obrazın özünün hərtərəfli təqdimi kifayət deyil. Hər hansı bir obrazın daha mükəmməl nəzərə çarpması digər personajların onunla qarşılıqlı münasibətlərindən (sevgi, rəğbət yaxud bunların tamam əksi) hasil olur. Qəni Ehsan babanın ailəsi və xüsusən övladları barədə, onların işi, əməli, mühiti haqqında təfərrüatlı lövhələr təqdim edir. Beləliklə, romanın süjeti öz əhatə dairəsini genişləndirir, hadisələr gah ucqar dağ kəndində, gah da şəhərdə cərəyan edir, müəllif daha maraqlı və yaddaqalan hadisələrin iziylə hərəkət edir.

İlk baxışda romanda ciddi, bütün kəskinliyi ilə diqqəti cəlb eləyən konflikt nəzərə çarpmır, ancaq konfliktin bu "sakit" axarında müxtəlif zövqlər, dünyagörüşləri üz-üzə gəlir. "Köhnə dünya" - Ehsan baba "yeni dünya"ya-keçid dövrünün "qəhrəmanlarına" sanki ibrət dərsi verir, onların hərəkət və əməllərinin düzgün məcraya yönəlməsinə çalışır.

Təbii ki, bəzi romanlarda olduğu kimi, "Qızıl xotuq"da da bütün hadisələri öz mehvərində cəmləyən və personajları da bir nöqtəyə bağlayan novellavari bir hadisə diqqəti cəlb edir. Belə bir hadisə romanın sonuna qədər açıqlanmır, gizli saxlanılır, sirr kimi qapalı qalır və yalnız sonda həmin hadisənin gözlənilməzlikdən, sirlilikdən çıxıb adiləşməsi, möcüzə yox, sadəcə, yanlış düşünüş olduğu hamıya bəlli olıır. "Möcüzə"nin kökü isə buradan başlanır: "Qarı yerindən qalxdı, şalını çiyninə saldı, həyətə düşdü. Aylı gecənin gözəlliyinə adətkərdə olduğundan başını qaldırmadan irəlilədi. Tövlənin qapısını araladı. Gördüyü mənzərədən canına lərzə düşdü.

-   Aman Allah! - deyə çığırdı.

Uzunqulağın ayaqları altında iki işıq saçan xotuq vardı. Biri tərpənirdi, o birisi tərpənmirdi. Tərpənən gümüşü işıq saçırdı, tərpənməyən xotuq qızıl kimi parıldayırdı. Qarı "bismillah" deyə-deyə qabağa əyildi, irəliləməyə qorxurdu.

-   Aman Allah! Bu nədir?! Bu nə möcüzədir?! Olmaya xotuqun biri gümüşdəndi, o birisi qızıldan. Qızıl yumurta qoyan toyuq eşitmişdim, qızıl-gümüş doğan uzunqulaq eşitməmişdim..."

XX əsrin sonlarında, elm və texnikanın, sivilizasiyanın ən möhtəşəm çağında belə bir "möcüzə"yə inanmaq və kimi isə inandırmaq təbii ki, cəfəngiyyatdır. Nəsə bir möcüzə olursa, yalnız elmlə bu möcüzəni reallaşdırmaq olar. Ehsan babanın Bakıda yaşayan oğlanları buna inanmırlar və Gilə nənənin həyəcan dolu məktubuna xurafat kimi baxırlar. Amma inananlar daha çoxdur. Kimlərdir? Həyatın yalnız maddi tərəfini düşünən insanlar və bir də sensasiya axtaranlar. Birincilərin beynini, şüurunu maddi ehtirasları idarə edir. İkincilər isə hadisənin real olub-olmadığına heç əhəmiyyət vermirlər, bəlkə ürəklərində heç inanmırlar da, amma dünyanı bu cəfəngiyyata inandırmaq istəyirlər. Özü də bunların içərisində Avropadan gələn jurnalistlər də var. Nəhayət, sonra məlum olurki: “Eşşək balasının parıldaması fosforlu torpağın təsirindəndir. Bala ana bətnində onunla qidalanıb, ona görə də parıldayırmış”.

Əslində, az qala anekdot təsiri bağışlayan bu əhvalat bir çox həqiqətləri bəyan edir: XX əsr başa çatır, sivilizasiya tarixinin yeni və parlaq səhifələri yazılır, bəşəriyyət bəlkə də bir vaxt yuxularda belə çatmadığı arzularının indi fantastik şəkildə reallaşdığının şahidi olur. Amma ucqar bir dağ kəndində camaatın rahat gediş-gəlişini təmin edən körpü çoxdan sıradan çıxıb. O kəndə getmək üçün gərək çətin, dolanbac dağ cığırlarını keçəsən. Texnikanın, elmin möcüzələri qarşısında eşşəyin qızıl ya gümüş xotuq doğmasına inanmaq nə qədər bəsit və primitiv görünür. Əslində, anekdot təsiri bağışlayan bu əhvalat dünyanın təzadlı, son dərəcə mürəkkəb durumuna işarədir. Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır - demişlər. Bu "gülməli" anekdotda böyük bir faciənin elementləri yaşayır. Bəşəriyyət əsl möcüzə ilə kəmşüur ağlın uydurduğu "möcüzə" arasında vurnuxur. Qəninin romanında məhz bu paradoksallıq bizi düşünməyə vadar edir.

Əgər roman İNSAN VƏ CƏMİYYƏT haqqında yazılan bir əsərdirsə, təbii ki, bu əsərdə insanla cəmiyyət arasındakı münasibətlər də öz bədii həllini tapmalıdır. Balzakın, Tolstoyun, Qorkinin və başqa romançıların əsərlərində izlədiyimiz bu xətt zaman haqqında bitkin təsəvvür yaratmağa kömək edir və o romandakı Zaman görünmür, orada nə cəmiyyət, nə də insan görünə bilər. Balzakın romanlarında XIX əsr Fransası bütün mənzərəsi ilə əks olunur və bu mənzərədə o dövrün cəmiyyəti, bu cəmiyyətin müxtəlif silklərinin, zümrələrinin həyatı, məişəti, dünyagörüşü gözlərimiz qarşısında canlanır. Ancaq biz dahi Balzakdan yox, ilk romanını yazan Azərbaycan yazıçısı Qəni Camalzadənin əsərindən söz açırıq. Bu əsərdə İnsan və Cəmiyyət problemi klassik romanlarda olduğu kimi, yəni, bu iki qüvvə arasında harmoniyanın, müvazinətin pozulması şəklində təqdim olunur. Cəmiyyətin əsasını insanlar təşkil edir, bu insanlar isə müxtəlif dünyagörüşünə və səviyyəyə malikdirlər, zövqlər, baxışlar eyni deyil, həyata, gerçəkliyə, cəmiyyətə münasibət də fərqlidir. Rəğbət, bir-birini anlamaq, qayğı və humanizm prinsipi yalnız sözdə qalırsa, əməl şəklində ifadə olunmursa, insanla cəmiyyət arasında harmoniya pozulur. Qəninin romanında məhz bu disharmoniya bədii tədqiq hədəfinə çevrilir. Bu mənada romandakı kənd və şəhər mühitinin təsviri, bu iki mühiti təmsil edən insanların münasibətləri heç də az rol oynamır. Adətən kənddən söz açan bəzi əsərlərdə yazıçılar təbiiliyi, ilkinliyi vəsf edir, bunu şəhər həyatının təzadlı mənzərələrinə qarşı qoyurlar. Amma Qəninin romanında belə məkan qarşıdurmalarına təsadüf etmirik. O, ümumiyyətlə cəmiyyətdəki xaos və hərc-mərcliyi, insanlar arasındakı mənəvi münasibətlərin bir araya gəlməməsini, bundan doğan münaqişələri təsvir etmək istəmişdir.

Romanda Ehsan babanın oğulları - Cəmo, Cümü və Əbi ilə bağlı hadisələr də az maraq doğurmur. Bu obrazların heç biri mənfı səciyyəli deyil (ümumiyyətlə, romandakı obrazlardan kimə isə "bu, mənfıdir" yaxud "bu, müsbətdir" demək olmur, təqdim olunan hər bir obraz bütün yaxşı və pis cəhətləriynən birgə təsvir edilir), onların təsvirində bədii inandırıcılıq, reallıq duyğusu vacib şərt kimi diqqəti cəlb edir. Elə bil ki, birbaşa həyatdan romana gəliblər. Cəmo elm adamıdır, prinsipi təmizlik və düzlükdür, dövr dəyişsə də, onun prinsipləri dəyişmir, yəni rüşvət almır, varlanmaq haqqında düşünmür, normal həyat tərzi onu qane edir. Hətta bu təmizliyi ucundan həyat yoldaşı da onu tərk edir. İkinci oğul - Cümü isə başqa bir düşüncə sahibidir. Ali məktəbdə dekan işləyən Cümü Şura hökuməti dağılandan sonra iki yol ayrıcında qalır: “ya ehtiyac içində yaşamağı qəbul eləməli, ya da hamının getdiyi tərəfə getməliydi. Cümü ikinci yolu seçdi. Maddi vəziyyəti də düzəldi, ailənin rifahı da. Gözüqıpıq yaşamağa adət elədi. Hərdən bu naqislikdən sıxılırdı, Cəmoya, Əbiyə həsəd aparırdı. Bilirdi ki, onlar başqa cür yaşayırlar”. Üçüncü qardaş Əbi elm adamı olmasa da, böyük qardaşı Cəmo kimi öz halal zəhməti ilə dolanır. Deməli, üç qardaşdan ikisinin prinsipi birdir. Biri isə “hamının getdiyi tərəfə” gedir. Bu ifadəyə diqqət yetirək: “hamının getdiyi tərəf”. Burada müəlliflə mübahisə üçün zəmin var: deyə bilərik ki, hamı Cümü gedən yolu getmir, yəni hamı rüşvət almağı, kombinasiya qurmağı bacarmır, halal zəhmətlə dolananların sayı heç də azalmayıb. Amma bu da bir həqiqətdir ki, müəlliflə razılaşmasaq da, indiki dövrdə maddi güzəran uğrunda mübarizə cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirir, varlılar yenə də varlanmaq, orta təbəqələr yaxşı yaşamaq, kasıblar isə səfalət girdabına yuvarlanmamaq uğrunda mübarizə aparırlar. Belədə mənəvi dəyərlər ucuzlaşır, gözdən düşür. Görkəmli tənqidçi Yaşar Qarayev bir məqaləsində yazmışdı: "Xaosdan, müsibətdən, faciədən bəhrələnmək əxlaqı baş alıb gedir. Torpağımızın beşdə biri əsirə, millətimizin yeddidə biri qaçqına çevrilib. Mədəniyyətimizin "itmiş ərazisini" hesablamağa isə təxəyyülün də gücü çatmır. Məhz bu, itkilərimizin ən dəhşətlisidir! Çünki millət mədəniyyətlə başlayır və mədəniyyətlə də qurtarır". Romanda konflikt də məhz maddi dünya ilə mənəvi dünyanın qarşıdurmasından yaranır.

Gəlin, romanda bununla bağlı bir epizodu xatırlayaq.

Ehsan baba Qızyurdundakı sərdabədə müxtəlif əşyalarla qarşılaşır. Bu əşyalar-silah-əsləhələr, qoç heykəlləri qədim dövrlərdə yaşayan kahinlərin əməlləriymiş. Mağaradakı məzar sahibi çox dövlətli adam imiş ki, mərhumun silah-əsləhələri, əşyaları da ora qoyulubmuş, arvad-uşağının, qul-qaravaşının, yaxın adamlarının heykəlcikləri də unudulmamışdı. Həmin məzar sahibini qaranlıq dünyadan işıqlı dünyaya heykəli yonulmuş qoçlar çıxaracaqdı. Həmişə mindiyi at əlinin altında olacaqdı. Bu heykəllər və əşyalar gülə tutulub bişirilmişdi (bu fikirləri rayonda yaşayan cavan muzey direktoru söyləyir). Ehsan baba mağaradakı əşyalar barədə rayon rəhbərlərinə dəfələrlə müraciət etsə də, heç kəs bu heykəlciklərlə maraqlanmır. Fikri bu imiş ki, bu qədim əşyaları muzeyə təhvil versin. Sonra zəlzələ baş verir, mağara yoxa çıxır.

Bu hadisə müasir dövr üçün çox xarakterikdir. Maddi mədəniyyət abidələrinə belə bir laqeyd və etinasız münasibət indi adi hala çevrilmişdir. İndiki rayon rəhbərlərinin bir çoxunu qədim mədəniyyət abidələri deyil, torpaq satışı, hər şeyi "özəlləşdirib" fayda götürmək maraqlandırırsa, qədim qoç heykəlləri nəyə lazımdır ki? Elə buna görə də qoç heykəllərinə pərəstiş bitdi, qədimliyə, ululuğa inam azaldı, əvəzində isə "qızıl xotuq"un varlığına inananlar çoxaldı. Bax, budur faciə! Məncə, Qəni Camalzadə də elə bu ideyanı öz romanında qabardıb. Bu mənada romanın sonluğu heç də nikbinliklə bitmir. Amma sonluq nikbinliklə bitməsə də, roman heç də pessimist əhval-ruhiyyə aşılamır. Bilirsiniz niyə? Ölümü gözlənilən Ehsan baba öz ömür yoluna davam edir, necə deyərlər, ölümü də öldürür. Məncə, bunun simvolik mənası var. Qədimlik mənəvi bir sərvət kimi yaşayır, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə gedib çıxır və hər dəfə ölümsüzlüyünü təsdiq edir. Təkcə at və qoç heykəlləri ilə deyil, həm də müdriklik təcəssümü olan Ehsan babalarla... Məncə, Qəni Camalzadənin ilk romanı haqqında söhbəti də elə buradaca bitirmək olar...

VAQİF  YUSİFLİ