icon
icon
icon
icon

 

                                   SABAH PUL  GÜNÜDÜR...

                                     

      Onların üç uşağı var. Xranoloji ardıcıllıqla desək, birincisi qız, iki sonrakı oğlandır. Qərarları bu
olub ki, kifayyətdir, həvəsdi bəsdi, nöqtə qoymaq lazımdır, elə atalar da üçəcən deyib.

       Qızın on yaşı var, məktəbə gedir, qayğıları artıb, evdə səsi çıxmır. Oğlanlar kiçikdir. Biri  bələkə də əl-qol atır, o biri altı yaşın
içindədir, yaman da nadincdir, bir yerdə oturmaqla işi yoxdur, az qala düz divara dırmaşsın. Nadiclikdə kimə oxşamışdı,  məlum deyildi. Atası tərəfindən dəfələrlə
döyülsə də, söyülsə də usanmırdı.

        Ev söhbətsiz olmaz. Qadınla  kişi “atışanda” çalışırlar ki, uşaqlar eşitməsinlər. Nə vacib düşüb, fikirləşirdilər, indidən səfeh-səfeh
mübahisələrin şahidi olsunlar. Bir gün gələcək onlar da həyatın ağrı-acısını dadacaqlar. Hələlik, qoy, qulaqları dinc, ürəkləri rahat olsun.

        Amma axır vaxtlar
qoyduqları qaydaları istəmədən pozurlar. İkisinin də əsəbləri korlanıb, münasibətlərində
bir haqq-hesab güdmə meyli peydə olub. Neynəsinlər, şadlıq qapılarının yolunu
unudub, məişət ehtiyacları onları göz açmağa maçal vermir. Mübahisə qəflətən,
qarşısı alınmaz bir sürətlə baş verirdi. Uşaqlar  bunun tamaşaçısına çevrilirdilər. Qız böyük olduğundan,
hər şeyi anlayır,  ürəyinə salır, üzündə
uşaqlara xas olmayan bir ciddilik yaranırdı.

      Bir də görürdün ki, cib boş, maaş günü uzaq,
qadın da axır vaxtlar dildən pərgar, başlanırdı... Kişi qulaq asır, asır,
sakitcə cavab versə də, hiss edirdi ki, içərisində hər şey sim kimi tarım
çəkilib!

      İkisinin də əlli yaşı
var.   Ali məktəbi bir qurtarsalar da, uzun illər bir
zavodda  mühəndislik eləsələr də  izdivacları gec baş tutmuşdu. Onların
yaşıdları indi nəvə sahibi idilər, onlar isə hələ də çağa bəsləyirdilər.

     Üçüncü uşaq doğulandan
sonra qadın evdə oturmuşdu.Dolanacaqları bir az da çətinləşmişdi.Qanqaralığın
kökü də burada idi.

      İndi  qadın səbrlə gözləyirdi ki, kişi çay-çörəyini axıra çıxsın. Sonra süfrəni
yığışdıra-yığışdıra dilləndi:

      - Heç bilmirəm sabaha nə bişirim... Kartof qurtarıb, ət bir həftədir yoxdur, o günləri axırıncı tikəni
bişirdim. Neçə gündür uşaqlar səhərlər yağ yemirlər. Nədir, bizi acından qırmaq
fikrindəsən?!

      - Alaram...

      Kişinin bu mülayim və asta cavabında nə vardısa qadın  birdən bomba kimi
partladı:

       - Bəsdir, doladın məni!-deyə çığırdı-Yaxşı yolunu tapmısan! Nə deyirəm başını tərpədirsən! “-Alaram!”
deyirsən. Haçan, axı?!

       Kişi başını qaldırdı,yorğun halda:

       -Qışqırma!-deyə xahiş etdi- Sabah alaram!

     Qadının ağzı əyildi:

    - Yenə sabah?! Əşi, bir həftədir sənə söz deyirəm. Bilmirsən ki, azuqənin axırıdır? Bəs, tərpən də... Bir çarə tap da.

    - Maaş sabah olacaq.Neynəyim , neçə gündür gecikdirirlər.

    - Necə neynəyim?

    - Ay qız, uşaqlardan utan!Eşidirlər, axı!

      Qonşu otağın qapısından boylanan oğlanla qıza bir nəzər fırladan qadın səsini bir xal endirsə də davam etdi:

    - Qoy, eşitsinlər! -dedi- Sənə deyəndə ki, iki uşaq bəsimizdir, dedin, yox, atamın səkkiz oğlu olub. Dedin,
mən bir qız, bir oğlanla kifayyətlənməyəcəyəm! Buyur! Dolandır da! Dolandıra bilməyəcəkdin niyə..... , Əh, yenə ağzımı açacaq ha! Sən ölənlərinin goru, başa
sal, bu tifillərə  sabah nə bişirim?! Mən
cəhənnəmə...

    Kişi səbirlə bir də izah elədi:

    - Sənki bilirsən bizim
zavodu! Maaş keçən həftə verilməli idi. Gecikdiriblər. Sabah mütləq
verəcəklər...

      Qadın artıq sakit səslə:

    - Yaxşı, heç olmazsa çörək
aldırmağa pulun varmı?! Ver, mənə.

    - Odur, cibimdən bir manat götür...

    Qadın kürsüyə səliqə ilə qoyulmuş pencəyin
cibindən pulu götürür,  birdən təəcüblə:

    - Daha yoxundur?!

      Kişi cavab vermir.

    - Bəs, işə necə
gedib-gələcəksən?!

      Kişi könülsüz gülümsəyir:

    - Birtəhər gedərəm...

    - Biletsiz?!

    - Nə olar ki?!- deyə kişi
laqeyid əlini yelləyir- Neçə gündür avtobusda kənara baxmıram ki, birdən
tanışlardan biri rastıma çıxar göz-gözə gələrəm, biletini götürməli olaram...

      Qadın köksünü ötürür,
kişiyə yazığı gəlir, sakitləşir.

     Qız aranın sakitləşdiyini görüb astadan xahiş
elədi:

      - Ana, olar  qaqaşla həyətə çıxıraq?

      - Olar-deyə qadın icazə
verdi- Amma geyinin, hava çevrilib.

      Uşaqlar geyinib çıxdılar.

       Bayırda erkən payız
küləyi vıyıldayırdı.  Ailənin yaşadığı alçaq,
birmərtəbəli evin damının şiferlərini qonşunun tut ağacının  çılpaq budaqları döyəcləyirdi. Qadın gözünü
balaca pəncərənin imkan verdiyi uzaqlığa baxırdı, birdən dedi:

     - Nə olaydı, latoreyamız
udaydı...

     - Latoreya hardan
səninçün?! – deyə kişi təəcübləndi.

     - O günü dükançının
xırdası olmadı, latoreya verdi.

     Kişi tüklü çənəsini qaşıdı: “-Sabah qırxmaq
lazımdır, amma ülgüc kütdür. Əlac nədir, maaşı alana kimi dözmək gərək!”

     - Çətin udsun...- deyə
kişi dilləndi.

     - Bu ili də bir təhər yola verək, inşallah,
işə çıxaram.

     - Xeyri nədir ki!?! Sənin aldığın yüz on
manatdır, elə üst-başına gedəcək...

     -
Niyə elə deyirsən?- deyə  qadın
incidi-Necə olsa, köməkdir...

     - Deyirəm, adamın basaratı bağlananda
bağlanır da! Barı yolda beş-on manat  pul
da tapmıram ha!

    Qadın istehza ilə:

     - Bəlkə xəzinə arzusundasan?!

     Kişi dirçəlir:

     - Nə
olar ki?!

     -
Eləsə, gərək gedib ev sökəsən, ya yer qazasan... Xəzinə ancaq elə yerlərdə
olur.

    Kişi mızıldandı:

     -
Yer  qazmaq üçün on beş il oxumaq lazım
deyil ha!

     -
Guya böyük iş görmüşük! İnsan öz axmaq səhvi üzündən ac qalır da!

     - Sovet hökuməti
dağılmasaydı yaşayacaqdıq. Qoydular bəyəm...

     - Kənarda iş tapsaydın...

     - Mən bu yaşımda gedib nə
iş görə bilərəm?

     - Aıləni saxlamaq lazım
deyilmi?

     Kişi qalxır ayağa,
bayaqdan bəri birinci dəfə gülümsəyir:

     - Vallah, hamısının günahı atamdadır.
Başımıza döyə-döyə məktəbə göndərirdi. Deyirdi: “-Balalarım çörək
oxumaqdadır!”Oxuduq. Buyur, ağ günlü olmuşuq! 
Bəh! bəh!

      Qadın məkkildəyən çağanı
arabadan götürdü, soruşdu:

      - Sizinkilərin səkkizi də inistitut
qurtarıb?!

       Kişi pencəyini üsulca
kürsüdən aldı, asılğana keçirib aparıb asdı. Yeganə bayırlıq paltarı bu idi.
Kostyum almağa imkan yox idi.Qayıdıb  kürsüyə
yayxandı:

       - İki
kiçiyi texnikum qurtardı.-dedi-Utanmasaydım, vallah, tüpürərdim diploma. Gedib
fəhlə işlərdim. Qorxuram atam eşidə bağrı çartlaya. Kişi həmişə deyir ki, mən
on baş külfəti yeddiyüz əlli manatla, yəni indiki yetmiş beş manatla,
dolandırmışam. Siz yəqin çox bədxərcsiniz ki, iki mühəndis maaşı ilə dolana
bilmirsiniz, həmişə də şikayətlənirsiniz.. Nə deyəsən?!

      Qadın uşağı döşünə
salmışdı, birdən ufuldadı:

      - Üff! Gör, necə dişləyir ha!- dedi- Köhnə
adamları başa salmaq mümkün deyil! Hər şeyin bahalaşdığını nəzərə almırlar...
Bir də aşıq kördüyün çağırar... Mənim anam da elə deyir.

      Onlar uşaqları
unutmuşdular. Bacı-qardaşın səsi bayırdan gəlirdi. Birdən qapı taqılltı ilə
açıldı, oğlan qışqıra-qışqıra içəri təpildikdə onlar susdular.

      - Ata,
ata, bax, gör, nə qədər pul tapmışam?!

      Çağa
səsdən diksindi, bərkdən ağladı. Qadın yaxasından çıxmış döşünü içəri salmağı
unudub həyəcanla ayağa durdu. Kişinin rəngi ağardı, gözləri iriləndi. Oğlan
əlindəki bir qom kağızı başı üstündə yellətdikdə kişinin beynindən ildırım kimi
bu fikir keçdi: “- Deyəsən, Allah səsimizi eşitdi! Bundan sonra necə
inanmayasan?!”  Özünü atdı uşağına
üstünə:

     - Ver bura, oğlum, ver
atana!-dedi.

     Oğlan bir qom kağızı onun
ovcuna dürtdü, kişi baxdı və udqundu:

     - Bu nədir?!- deyə bağırdı.

     Oğlan hırıladadı:

     - Ata, konfet kağızlarıdır
da! Zarafat edirəm...

     - Zarafat?! – deyə kişinin
tutulmuş səsi açıldı və uşağın yaxasını çəngələdi, boynun kökünə bir-iki
şapalaq çəkib, fırlatdı o biri otağa, təngimiş halda- Bu da sənin zarafatının
mükafatı! Dəyyus balası!

       Bir azdan qonşu otaqdan
oğlanın aramsız hıçqırtısı gəlirdi. Qız dəftər-kitabını töküb dərslərini
hazırlayırdı. Qadın yenidən çağanın döşünə salmışdı, işıq uşağı narahat etməsin
deyə əlini çətir kimi tutmuşdu.  Pəncərədən daha heçnə görünmürdü, qaranlıq
düşmüşdü. Küləyin səsi tədricən kəsilirdi.

    - Oğlanı bərk vurdun...

    - Deyəsən...

    - Bəlkə qalxıb könlünü
alasan?

    - Qoy bir az da sızıldasın,
ağlı başına gəlsin sonra...

    - Uşaqların yanında gərək
mübahisə etməyək.

    - Özünə desənə!- deyə  kişi onu acıladı- Adamı dəng edirsən! Mən
valideyinlərimi bircə dəfə də pul üstündə sözləşdiyini görməmişəm... Biz isə...

    Qadın qımışa-qımışa onun sözünü kəsdi:

    - Elə odur da pul
qazanmağın yollarını bilmirsən!

    - Yaxşı, gəlsənə hər gün
dalaşaq - deyə kişi  lağ elədi-  Hər gün 
deyək: “-Pul, pul, pul!” Qoy oğlanlarımız  pullu olsun! Hə?!

    Qadın mülayimliklə:

    - Bu yaşda  dalaşmağımız  ayıbdır-dedi- Uşaqlardan ayıbdır.

    - Elədir...

    - Görəsən biz də ağ gün
görəcəyik?

    - Pənah Allaha!...

    Qadın 
birdən pıqqıldadı:

    - Amma konfet kağızlarına
nə sevindin!

   Kişi tərs-tərs ona baxdı,
qadın güləndə gözəlləşirdi.O da haçandan-haçana gülümsədi. Sabah maaş
veriləcəkdi. Evə azuqə alınacaqdı.

                                                  
TEATRDA

                                       

 

 

       O, ayda bir dəfə
uşaqları şəhərə çıxarırdı. Bu da ancaq istirahət günləri mümkün olurdu. Başqa
vaxtlar işdən o qədər yorğun gəlirdi ki, ona suvaşan balalarına bir xoş söz deməyə
ərinirdi.

       Bu gün arvadı toya
getmişdi. Böyük oğlu dedi ki, dərslərimi hazırlayıram, gedə bilməyəcəyəm. Məhəmməd
bir az düşünüb on iki yaşlı oğlunu və səkkiz yaşlı qızını götürüb çıxdı şəhərə.
Xeyli gəzdilər.  Parkda onları şeytan
arabasına mindirdi, yedirtdi, dondurma aldı. Lap axırda soruşdu ki, daha nə istəyirsiniz?
İkisi də  bir səslə dedi ki, gedək sirkə.

      Məhəmməd dodağını büzdü:

    - Əşi, yekə adamlarsınız,  nə görmüsüz sirkdə, axı? Gör neçə dəfə
aparmışam, hələ də doymamısız ?! –dedi.

       Düzü, onun sirkin səs-küyündən
bərk acığı gəlirdi. Bir də bilet üçün uzanan növbə yadına düşdü, çalışdı ki,
mümkün qədər sirki çox  pisləsin,
uşaqların gözündən salsın. Buna nail oldu. Onlar soruşdular:

     - Bəs hara gedək?!

     - Gedək teatra -deyə Məhəmməd
fikirləşmədən təklif elədi.

       Razılaşdılar.
Teatrlardan hansınınsa qarşısından ötürdülər.

Afişaya baxdı. Tamaşanın başlanmasına yarım saat qalırdı, amma
kassanın  önü boş idi. Bu Məhəmmədi
sevindirdi. Rahatca bilet alıb foyeyə keçdilər. Seyrək tamaşaçı axınına qoşulub
yerlərini tutdular. Məhəmməd özündən razı halda fikirləşdi: “-Yaxşı oldu. Yoxsa
sirkdə çığ-vığdan qulaq tutulur. Burda isə hamı pıçıltı ilə danışır. Yaxşıca
dincimi alaram...”

    Uşaqları astadan xəbərdar
elədi:

-Baxın ha! Özünüzü yaxşı
aparın. -dedi- Bura sizin üçün sirk deyil.

     Oğlu mısmırığını salladı. Bilirdi
ki, söz hər ikisinə deyilsə də yalnız  ona aiddir.

      Bir azdan pərdə qalxdı,
tamaşa başlandı. Aktiyorlar canı-dildən bağırırdılar, ayağını yerə döydülər,
sirkdəki kimi şit-şit oyunbazlıq eləyirdilər, amma  sidqi-ürəklə əsnəyən tamaşaçıları  inandıra bilmirdilər.  Məhəmmədi xoş bir mürgü basırdı. Amma pərdənin
enməsi  buna mane oldu. Antrakt elan
olundu.

       Onlar foyeyə çıxdılar.
Ata istədi uşaqlarını bufetə aparsın, oğlu qayıtdı ki:

     - Ata, mən də artist
olacağam!

     Məhəmməd bufeti yaddan
çıxartdı:

     - Baho, deyəsən
aktyorların oyunu xoşuna gəlib?!

    - Yaxşı idi!-deyə oğlu
ehtiyyatla təriflədi-Amma bağırtı çox idi.

      Məhəmmədin gözləri iriləndi:

    - Sən lap bizim məşhur tənqidçilər
kimi mülahizə yürüdürsən ki!-deyə zarafat elədi.

     Oğlu zarafatı qəbul eləmədi:

     - Mən dram dərnəyinə
yazılmışam.-dedi.

     - Deməli məktəbdə sizə
artislik öyrədirlər?!

     - Bəli, ata!

     - Demək  teatr bilicisi olmusan?-deyə ata  istehza ilə dilləndi.

     - Hələ yox!-deyə oğlu
istehzanı anlamırmış kimi cavab verdi-Sadəcə ədəbiyyat müəllimimiz  deyir ki , bağırtı hələ sübut deyil...

     - Müəllim düz deyir.-deyə
Məhəmməd sözü çevirdi-Bəs, niyə birdən-birə artistlik fikrinə düşmüsən?! Deyəsən,  kloun olmaq istəyirdin, axı?!

       Qızı birdən böyürdən
qaqqıldadı:

       - Ata, Fərrux o günləri deyirdi ki, pasport
alan kimi Sibirə qaçacağam, orda maralotaran olacağam. Sənə, deyirdi, maral dərisindən
şuba göndərəcəyəm, ...

      Fərrux onun sirrini açmış
bacısına gözünü ağartdı:

      - Xəbərçi!-dedi- Ölsən də sənə daha heç nə
deməyəcəyəm ...

      Qızcığaz düz iş görmədiyini
anlayıb, başını atasının dalında gizlətdi, daha səsini çıxarmadı.

       Məhəmməd hələ də
marağını təmin edən cavab alacağına ümüd etdiyindən dedi:

       - Əlbəttə, artistlik pis
sənət deyil, amma pis odur, sən gündə bir fikrə düşürsən. Bəlkə bir az da
fikirləşəsən, Fərrux?!

       Fərrux inadla dedi:

       -
Daha fikrimi dəyişməyəcəyəm! Mütləq artist olacağam!-dedi və gözləri
parıldaya-parıldaya atasına doğru əyildi- Dünyanın ən xoşbəxt adamı onlardır...

      Məhəmməd özünü gülməkdən
zorla saxladı, bığlarını sığalladı:

      - Bu
bir az qəliz oldu, axı?! –dedi-Götürək məni, mühəndisəm, səncə bədbəxtəm?! Ya
anan həkimdir, o xoşbəxt deyil?! Ay səni! Hahaha!

      Məhəmməd daha özünü
saxlaya bilmədi, qəhqəhə çəkdikdə Fərrux hirsləndi:

       - Həmişə beləsən də!-dedi-Gülmək hələ sübut
deyil:

       - İncimə, oğlum,- deyə ata dəsmalla gülməkdən
yaşarmış gözlərini qurutdu- Artistin nəyi axı, xoşbəxtdir?!

       -
Onlar nə istəsələr deyə bilərlər! Ürəklərini boşaldırlar. Hamı onlara qulaq
asır, sözünü kəsmir... Bax, buna görə!- deyə Fərrux atasının qolundan tutdu/

       Məhəmməd işin bu tərəfini  düşünməmişdi, amma   atmacasından qalmadı:

        - Sənin
ki ağzını bağlayan yoxdur! Sən də ürəyindəkini de də! Kim sənə mane olur?!

        Fərrux
birdən uşağa xas olmayan bir istehza ilə:

        - Qoyursuz bəyəm?!-dedi- Sinifdə bir ağıllı
söhbət salan kimi  uşaqlar  hırıldaşırlar: “ -Təzə filosof çıxıb” -
deyirlər. Müəllim masanı tıqqıldadır: “-Dərsdən kənar şeylərlə başını qatma,
bala!”-deyir. Evdə də sən qayıdırsan  ki,
a bala, baş-qulağımı dəng eləmə, yaxşısı budur gündəlikdəki üçləri düzəlt. İndi
də deyirsən ki,  ağzını bağlayan var?! Bəs,
bu ağız bağlamaq deyil, nədir?!

         Məhəmməd 
diqqətlə oğluna baxdı:

          - Afərin, bir sıfır sənin xeyrinə-dedi-İndi mənə
qulaq as! Birincisi,  danışmaq da elmdir.
Yaxşı danışa bilsən qulaq asan da tapılar. İkincisi, hər artist ürəyindəkini
desə, onda bu teatır olmaz ki!Olacaq bazar! Artist sən deyən kimi də nitqində
azad deyil. Onun başı üstündə bilirsən nə qədər adam  dayanır? Nə bilim baş rejissor, rejissor, teatrın
bədii rəhbəri.

         Fərrux fikrə getdi, və utana-utana soruşdu:

         -
Deyirsən, rejissor, ya bədii rəhbər olsam  ürəyimdəkiləri deyə bilərəm?!

         - Oğlum, mətni onların heç biri yazmır, axı!
Bunun üçün  yazıçılar var, şairlər var, dramaturqlar var... Bir də hər sənətdə ürəyindəkini deməyə imkan var. Bəyəm konstruktor ürəyindəkini demir?! Deyir! Amma cizgilərlə. Rəssam rəsimləri ilə. Mühəndis yaratdığı maşınlarla. Rejissor da qoyduğu tamaşalarda ürəyini açır. Artistsə rolları ilə...

      Fərrux atasına fəxrlə
baxdı:

      - Ata, sən fikrini yaxşı
ifadə eləyirsən.-deyə onu təriflədi.

      -  Tərifinə görə sağ ol, oğlum!  Amma açığı, 
mən indiyə qədər bu barədə heç düşünməmişdim.-deyə Məhəmməd saatına
baxdı- Gedək ,vaxtdır...

      Tamaşanın ikinci hissəsi  fikir-xəyal içində keçdi. “- Buyur, bu da mənim
hər ay sirkə apardığım  uşaq! Demə, Fərrux
daha yekə kişidir! İyirmi ildir mühəndislik eləyirəm, hələ indiyə qədər ağlıma
gəlməyib ki, mən ürəyimdəkini deyə bilirəm, ya yox?! Deyəsən ,heç belə bir
ehtiyac hiss eləməmişəm. Əziz Nesin haqlıdır,  indiki uşaqlar möcüzədir!”

       Teatrdan çıxıb evə qayıdanda yol boyu  götür-qoy elədi, bir qərara gələ bilmədi. Fərruxun
 yerişinə-duruşuna bir xeyli baxandan
sonra birdən qət elədi : “ – Bundan sonra onları elə sirkə aparsam yaxşıdır! Qoy,
sakitcə böyüsünlər-deyə fikirləşdi-  Onların
 nə vaxtıdır ki? Böyüyərlər, özləri bilərlər,
kimə nə demək lazımdır!”

 

 

 

 

 

                           KİŞİLİK DƏ BİR ŞEY DEYİL...

 

    

       G.G. on beş il oxuyub, diplom
almışdı, sənət sahibi olmuşdu. Mühəndisliyi bir şey olmasa da  nakişilikdə çox püxtələşmişdi.  Bir adam qabağında çöp sala bilməzdi.
Nakişilik sənətinin otuz doqquz üsulunu bilirdi... Qırxıncı üsulunu  bilməsə də bəzən elə  nakişiliyə qol qoyurdu ki, bu sənətin ustaları
da heyrətdən beş  barmağının beşini də
ağzına aparırdı....

       Bir gün G.G. könlündən
keçdi ki, bir kişilik eləsin. Bilirdi ki, nakişilik nə qədər böyük olursa
olsun  adı- sanı yoxdur. Bir kiçik  kişilik 
çoxunun kölnünü açır. Fikirləşdi ki, görəsən, kişiliyin neçə üsulu  var?  Kitabxanalara baş vurdu,  həm məşhur kişilərin , həm  nakişilərin xatirələrini oxudu. Məlum oldu ki,
nakişilikdən fərqli olaraq kişiliyin bircə üsulu var,  o da kişilikdir.

       Səhər işə gedəndə arvadına
tapşırdı.:

     - Əzizim, axşama hazırlıq
gör, qonaqlıq verəcəyəm.

       Ərinin işləklərinə
çoxdan adət eləmiş arvadı  şəkləndi, elə
bildi qulaqları onu aldadır. Bir xeyli olardı ki, evlərində qonaq-qara səsi
eşidilmirdi. G.G.-nın  əlinin  açıq vaxtı bircə ad gününə düşürdü, o da dörd  ildən bir olurdu, çünki fevral ayının iyirmi
doqquzu doğulmuşdu.

     - Nə olub, ay kişi?!- deyə
soruşdu.

     Bu dünyanın çox qəribə işləri var, həttda
nakişi arvadı da ərinə “ay kişi”müraciyət eləyirdi.

     Arvad  ərinin dinmədiyini görüb təkrar soruşdu:

     - Bayram gəlməyib, ad
günün deyil,qonaqlıq niyə verirsən? Bəlkə bir kimsənənin damını başına
uçurmusan?

     G.G.  acıqlandı:

    - Hərzə-hərzə
danışma!-dedi-Bu gündən kişilikdən savayı bir iş   

görməyəcəyəm. İstəyirəm bir- iki kişini evə çağıram.

    Arvadın ağzı getdi
qulağının dibinə:

    - Yüngülsaqqal olarsan!
Özünə kişi deyən sənin çörəyini kəsməz.

     G.G. izah elədi:

     - İş ondadır ki, bu gündən
mən də ancaq kişilik eləyəcəyəm.

     Arvad inanmadı:

      - Özünə
zəhmət vermə, ay kişi, kişilik kişi işidir...-dedi.

      G.G.
özündən çıxdı:

      - Kəs
səsini-deyə qışqırdı- Kişilik edənin nəyi məndən artıqdır?

 Maşınım, evim -eşiyim,
bağım-bağçam, şəhərdə məndən   də əlli-
ayaqlısı varmı?! Bir əl, iki ayaq mənim var, bir əl iki ayaq da  onların... Onlar bacaran işi mən hay-hay
bacararam...

     Arvad geri çəkildi, amma
qorxa-qorxa mızıldandı:

     - Elə bilirsən ,  kişilik eləmək bir içimlik sudur?.-dedi-
Kişilik  halvadır bəyəm?!

     - Əzizim, sən necə də səfehsən?-
deyə G.G. yanıb-yaxıldı- Elə bilirsən  nakişilik   kişilikdən asanddır?! Nakişilik çox çətin sənətdir.
Günlərlə gərək  səbr edəsən, ov güdəsən,
can qoyasan... Kişiliyi isə addım başı 
eləmək olar.

      - Bəs elə isə-deyə arvad
istehza ilə dilləndi-Bu vaxta qədər niyə bircə 
kişilik də  eləməmisən?!  Əlindən tutanmı vardı?!

      G.G. ah çəkdi:

       - Eh., - dedi- Birini
bilirsən birini yox. Deyirlər, kişilik edənin 
papağı həmişə cırıq olur, çünki qapazı əskik deyil...

       - Bəs bunu bilə-bilə  sənə nə düşüb haram çörəyinə halal qatırsan!-deyə
 arvadı xeyli  təəccübləndi- Kişiliyi  niyə  müştaq 
olmusan?Bəlkə felə düşmüsən?

       - Dünya, arvad, gəldi-gedərdi...Bir
də nakişilikdən yorulmuşam.  Kişiliyin
heç nəyi olmasa da , adı-sanı var.  Nakişiliyin hər şeyi var, amma şərəfsiz işdir.
Vay o gündən ki, bu sənətdə adın çıxa, ondan sonra dükandan bir beş arşın ağ al
bürün, uzan  qəbrə...Yaxşı, başım söhbətə
qarışdı, işə gecikirəm... Al, bu pulu, 
bazardan yemək-içmək al!

     Şöbəyə girəndə gün çeşt yerinə qalxmışdı, hamı
öz işi ilə məşğul idi.

     G.G. ayağını  içəri qoyan kimi bir  kişilik elədi:

     - Salam!-dedi və iki yüz
kvadrat metrlik otağı dolandı, masa dalında 
oturan işçilərlə görüşdü.

 

 

 

 

 

 

 

       Beş il olardı ki, G.G. bu şöbədə  rəislik eləyirdi. İndiyə qədər  işçilərlə əl verib görüşdüyü nədir, baş
endirib salam verdiyi olmamışdı. Hamının boğazı qurumuşdu, gözü dörd olmuşdu.

      Küncdə oturmuş  mühəndis Vilayət kiçik mühəndislərdən birinə
pıçıldadı:

    - Yəqin bu G.G-nin  təzə nömrəsidir. Şöbədə tufan qopacaq.
Baxarsan,  G.G.-nın bizə verdiyi  “salam” bizi  sağalmaz dərdə salacaq.

    Hamı ilə görüşəndən sonra  G.G. daha bir kişilik elədi:

      -
Keyfiniz necədir?- deyə soruşdu.

      - ....

      Şöbənin işçiləri  donuxub qalmışdı. Otaqda  milçək olsaydı  vızıltısı eşidilərdi, amma milçəklər də
qorxudan   buralarda hərlənmirdilər , bu
beş ildə G.G.-nın xasiyyətini  bildiklərindən
 aradan çıxmışdılar.

    - Elədir ki,  var!-deyə  mühəndis Bilayət  pıçıldadı-Deyirdilər rəisimiz nakişiliyin otuz
doqquz üsulun bilir, inanmırdım. Bu yəqin qırxıncı  üsuludur...

    G.G. üzünü narahatlıqla
qurcuxan bir mühəndisə tutdu:

    - Əkrəm, o günləri rayona
getmək istəyirdin... İki gün  sənə icazə
verirəm...-deyə daha bir kişilik elədi.

     Pəncərə qabağındakı masa
arxasında oturmuş,  qorxaqlıqda ad
çıxarmış Əkrəmin rəngi ağardı, qorxa-qorxa:

     - İstəmirəm,
rəis, daha  istəmirəm...-dedi.

    G.G.  başa düşmədi:

    - Getmək istəyirdin ,axı!-dedi.-
Neçə dəfə kabinetimə gəlib xahiş eləmisən.

    - Daha istəmirəm-deyə
qorxudan  Əkrəmin dişləri bir-birinə dəydi-
Məni çevir balalarının başına, rəis.  istəmirəm...

    - Özün bil, mən səni məcbur
eləmirəm..- deyə G.G. razı oldu.

   Sonra  aparıcı mühəndis Cavada döndü:

    - Axırıncı laihəni
vaxtından qabaq qurtardığına görə sənin qurupunu   mükafatlandıracağam...-dedi.

   Cavad gözünü qıydı:

    - Zarafat eləmirsiniz ki, rəis?!-
deyə soruşdu-İldə  iyirmi- otuz elə laihə  qurtarırıq. Hələ ki, mükafat görməmişik. İndi
nə olub.?!

     G.G. inamla :

    - İnanmırsınız?- deyə soruşdu-Vallah,
verəcəyəm.

    - Özünüz bilərsiniz.- deyə Cavad
şübhə ilə dilləndi-Verərsiniz də sağ olun, verməzsiniz də!

     Rəis özünü, deyəsən, təmiz
çaşdırmışdı. Dedi:

     - Vilayət, cəzanı üstündən
götürəcəyəm.

     Mühəndis Vilayət keçən həftə
bir yağlı töhmət almışdı. Rəisdən bərk yanıqlı idi. Töhmət bir yana, aylıq
mükafatı əldən getmişdi. G.G. qəsdən 
tapşırığı ayin ortasında  vermişdi,
demişdi: “ Ayın axırına qədər qurtarmasan, özündən küs”. Vilayət özünü oda- közə
vursa da işi başa çatdırmamışdı...

      Rəis dikbaş Vilayət barəsində məlumat
yazmışdı. Direktor da onun çaldığı ilə oynamışdı, mühəndisi bica yerə cəzalandırmışdı.

      Vilayət  yanındakılara pıçıldadır:

     - Deyəsən, dünyanın axırıdır.-dedi-G.G.
kişilik eləmək istəyir... Allah  axırını
xeyrə calasın!  

    Rəis bütün bu kişilikləri eləyəndən
sonra yoruldu. Ləhliyə-ləhliyə bir şüşə su içdi. İclasa tələsdi. Çıxış eləmək  adəti deyildi. O hər işini qapı dalında görməyə
öyrəşmişdi. İndi söz istəyəndə şöbə müdürləri boylandılar. Direktor sevimlisinə
söz verdi.

   G.G.ayağa qalxdı:

   - Cənab direktor, mənim şöbəmdə
Vilayət adında bir mühəndis işləyir. Biz ona 
töhmət vermişik, mükafatını kəsmişik. Bu qərar əslində düz deyil. Aldığı
tapşırığı nəinki bir aya, heç üç aya da qurtarmaq olmazdı. Mən öz etirazımı
bildirirəm.

     Direktor çaşıb qaldı.
Fikirləşdi: “-Ay dadi-bidad, bu cüvəllağı da dil açdı?! Dikbaş Vilayət bundan
şükranlı imiş. Yazıq gəlib mənə  mərd-mərdanə
iki kəlmə söz demişdi. Yaxşı!”

    Şöbə rəisləri sevinirdilər. Direktorun
sevimlilərindən biri üsyan  bayrağı
qaldırmışdı...

   - G.G.qurtardınmı?-deyə
direktor soruşdu.

   - Bəli.

   - Eləsə qulaq as! Mən sənin
xahişinlə  mühəndis Vilayəti  cəzalandırmadımmı?

   - Elədir, amma siz
demişdiniz ki, ...   

   - Saxla, - deyə direktor kadırlar
şöbəsinin müdürünə döndü-Əmrdə düzəliş eləyərsən,  mühəndis Vilayətin adını pozub G.G.-nın  adını yazarsan.

  ...G.G. evə qanı qara
qayıtdı. Arvadı soruşdu:

   - Nə oldu qonaqların?

   - Qoy hamısı cəhənnəm olsun.

   - Niyə?

   - Direktor mənə töhmət verdi.

   - Niyə? Sənki onun sağ əlisən?

   - Bir kişilik eləmək istəyirdim,
direktorun acığı tutdu.-deyə G.G. boynunu bükdü - Elə kişiliyin də  adı çıxıb, 
axırı yox imiş. İndi bildim niyə düz danışanın papağı cırığ  olurmuş...

      O gündən G.G.  bir də kişilik eləmək fikrinə düşmədi. Ömrünün
axırına kimi  öz xislətinə qulluq elədi. Bu
dünyadan nakişi köçdü.

 

 

 

 

 

                       
BASTAR   ULDUZA   HÜRÜRDÜ

                                                

       Yox, Bastar it deyildi,
adam idi. Söz qanırdı, dil bilirdi. Zarafat eləsən səninlə zarafat eləyirdi,
nasaz olsan halına yanırdi.  Söz
qanmaqda, dil bilməkdə çox adamlara dov gələrdi.

       Üç-dörd il qabaq bekara
bir küçük idi. İndi əmələ gəlib şəkil kimi bir it olmuşdu. Neçə vaxt idi ki,
qapı-bacadan arxayınlaşmışdım. Bir adamı bu həndəvərdə hərlənməyə qoymurdu.
Bastar zəncirlərini tərpədir, hasar hündürlüyündə atılıb-düşür, qart itlər kimi
“hav-hav” hürürdü. Gəlib gedənin ürəyi qorxudan ağzına gəlirdi.

        Bir kimsənə qapımızı qorxudan
aralamazdı. İşi düşən uzaqda dayanıb ev adamlarını haraylayar, haraylayar, səsinə
hay verən olmayanda çıxıb gedərdi. Bastar belə Bastar idi. Hürə-hürə it
olmuşdu.

        Bir
gün Bastar zəncirindən qırılıb məhəlləyə küy salmışdı. O gün daha it qalmadı
ki, əzikləməsin, basmarlayıb qanına qəltan etməsin. Zəncirini təzələdim. Gördüm
yox, Bastara davam eləmir. Gedib bir dənə ton yarımlıq yükə davam gətirən tros
tapdım. Bu zəncir Bastarı daha da qudurtdu. İndi ona yaxın getməyə özüm də
ehtiyyat eləyirdim...

        Bir səhvim olmasaydı Bastar it də anası
Bozdar it kimi ev-eşiyə keşik çəkər, çəkər, qocalıb gəbərəcəkdi.

        İş belə düşdü. Eşitdim itlərin yarışı
keçirilir. Gününü dəqiqləşdirib, mən əli qurumuş , Bastar iti təmizlədim,
bir-sirkəsini tökdüm, yuyundurdum, daradım, götürüb apardım it yarışına...

        Başqa itlərlə müqayisədə, demə, Bastar tamaşa
imiş... Boyu bir yaşar cönkə boyu, rəngi yanar alov, ağzı qazan ağzı, biləkləri
çəpər payası. İt pəncələrini asta-asta atır, pələng kimi ətrafa laqeyid
baxırdı. Çox qəribə də olsa, bu gün nə  həmcinslərinə,
nə adamlıara hücüm çəkmirdi. Ölmüşə deyəndə ki:

     -Dayan, Bastar.

     İt dayanırdı.

     -Get, Bastar.

     Gedirdi.

     - Otur.

     Otururdu.

    - Hoppan.

     Hoppanırdı.

     Qərəz, tamaşa idi. Üzü yüz
cür it üzü görmüş hakimlər belə Bastarın dərrakəsinə , fəhminə heyran  qamışdılar. Medalın biri də bizim Bastara
düşdü. Ay allah, it necə sevinərmiş.! Nə oyunlardan çıxmadı. Medalı onun
boynundan asan hakimin ayaqlarına suvaşıb qopmurdu. Hakimin gözləri yaşardı:

     - Bu it sədaqətdə çox
adamların əlinə çöp verə bilər!  Hayıf
ki, it doğulub.-deyə  əyilib Bastarın
başını sığalladı.

      İt dal ayaqları üstə qalxdı, meydanda  qəşəng bir dövrə vurdu, gəlib yanımda oturdu.

       O gündən
it tamam dəyişdi. Həyət bacaya daha az  fikir
verirdi, lap yazıqlaşmışdı. Qonşuların iti, pişiyi həyətə ayaq açdı. Bastar isə
saatlarla yağış gölməçənin, ya da it damında qoyulmuş yalağın qabağında çönbəlir,
boynundan asılmış medalın sudakı əksinə tamaşa eləyirdi.

       Bir gün qonşunun itini mətbəxdə gördüm. Hirslənib
cumdum Bastarın üstünə. Bir təpik, iki təpik... Ayağım medalın qaytanına
ilişdi. Qaytan qırıldı. Bundan sonra  it
üstümə atıldı. Əlimdəki yarmaça ilə ona bir-iki tutuzdurdum. Başladı zingildəməyə,
ulamağa. Dedim, indi sakitləşər. Bir saat keçdi, iki saat keçdi, gördüm sakitləşmir.
Qorxu düşdü canıma. Dedim, it quduzlaşdı.

      Çıxdım bayıra, gördüm, it
quduza oxşamır.. Medal qabağında ulayır. Ağlıma gələn fikirdən sümüyüm eyməndi.
Cəld medala bir ip keçirtdim,  saldım
Bostarın boynuna. İt dərhal səsini kəsdi. Mən barmağımı dişlədim:

      - Bay, canın yansın it!
Bu bir parça metalda sən nə görmüsən, axı?!- deyə  heyrətləndim.

      Keçən həftə qonşunun oğlu
əlinə keçən bir şahılığı deşib onun boynundan asıbmış. İşdən qayıdıram, mənim də
xəbərim yox! Bastar ildırım kimi atmasın özünü üstümə! Heç demə şahılığa
sevinirmiş...

       Bir
gecə onun zingiltisinə çıxdım bayıra. Gördüm it başını göyə qovzayıb, ulayır.
Xoş bir yaz gecəsi idi. Hava sakit, ulduz əlindən göydə barmaq basmağa  yer yox idi. Bastar aya baxır hürüdü, ulduza
baxır hürürdü. Ay bir dənə idisə, ulduzun sanı yox idi. İtin hürüşü də haçan kəsiləcəkdi
məlum deyildi. Evdəkilər də çıxdılar... Qızım qışqırdı:

     - Ata, ay ata! Bastarın
ulduza gözü düşüb, vallah!-deyə güldü- Yəqin  
yazıq aşiq olub !

     - Ay qız, axmaqlama!-deyə
qızıma acıqlandım. O birinci sinifə gedirdi, çöldə- bayırda  eşitdiklərini  
təkrar etməyi xoşlayırdı-İt nədir, aşiq oldu nədir?!

     Oğlum soruşdu:

     - Bəs, bu heyvana nə olub
belə?

     - Deyirlər, köpək  qocalanda 
aya-ulduza hürər!

     - Ata, bəs, Bozdar
qocalanda niyə ulduza hürmürdü...?-deyə qızım soruşdu.

     Əlimi yellətdim:

      -Bozdar it, qızım, aya-ulduza
hürmürdü, düzdür, amma Günəşə  hürürdü.
Onun iddiası daha böyük idi.  Sənin
yadında olmaz, onda uşaq idin.

      Bastar isə hürməyində
idi. Bir gün, beş gün, canımı boğazıma yığdı. Özümüz də dəng olmuşduq, qonşular
da . Əgər köpəyin gecələr aya-ulduza baxıb ulamağı olmasaydı, gəbərənə kimi
saxlayacaqdım... Xeyrinə-şərinə baxmazdım... Öldürməyə əlim qalxmırdı. Gözünü
bağlayıb mindirdim maşına , aparıb azdırdım. ...

 

 

 

 

 

 

 

 

 

                                   

 

 

 

                                      
BİZİM ADAM

                                        

 

      Bəxtiyar tığ vurulmuş
dəmir-dümür qalağının yanından adlayıb, özünü ağaclığa saldı. Qollu-budaqlı
söyüdün altında dörd həmkarı oturub söhbət edirdi. O da yanını yerə basıb
ağacın gövdəsinə söykəndi. Həyəcanla üzrxahlıq etdi:

    - Gecikdim deyəsən!-dedi- Əllərimi
yudum, qabaq qapıya gedirdim elə, eşitdim, Əliqulu sexdədir, biriqadirləri
soraqlaşır, tez yolumu dəyişdim. İzi yayındırmaq üçün zavodu dövrə vurmuşam....

       Yazın axırı idi. Gün
günorta yerinə yürüyürdü. Zavodun hündür hasarlarına boy verən ağaclar həm
onları kölgələyirdi, həm də izafi maraqdan yayındırırdı. Yığıncaq məxfi idi.
Qaynaqçılar biriqadiri Əli çox əlləşəndən sonra, axır ki, bir-biri ilə didişən
həmkarlarını  dinə-imana gətirmişdi.
Barışıq elan olunmuşdu. Sabah da sınaq günü idi. Yerli komitənin sədri
Əliqulunun sexə gəlişi təzə xəbər deyildi. Axır günlər əl-ayaqda idi. Gəlirdi
gedirdi,gelirdi gedirdi. O da briqadirləri dilə tuturdu...

       Tornaçılar briqadiri
Əkrəm yerini rahatlayıb dedi:

     - Elə o vaxt sizə deyəndə
ki, Əliqulu direktorla cici-bacıdı, inanmırdız. Gördüz? O gün məni tovluyurdu.
Deyir, istəsən sənə Kislovodska bir müftə putyovka təşkil edərəm... Gör nə ilə
satın alır!

      Səfər sinəsinə döydü:

     - Yığma briqadasının
briqadirinin qiyməti daha ağırdı! Səni lap ucuz tutublar ki!-dedi- Bolqarıstana
turist səfəri gözləyir məni!

      Bəxtiyar istehza ilə:

    - Noldu bəs!- deyə soruşdu.

      Səfər eyni istehza ilə:

    - Kağızlarımı tikdilər
sənin mənzilinin orderinə!-dedi.

      Səfər bilirdi ki, Əliqulu
Bəxtiyara növbədənkənar mənzil vəd eləmişdi.

     Əli mətləbə keçdi:

    - Yaxşı, bir azdan fasilə
qurtarır. Başlayaq-dedi- Yığışmağımızın məqsədi bəllidi. Müqəddimə artıqdır.
Biz...

    - Qoy bu işə əncam çəkək,
inşallah, Əlqulunun puçunu burmaq mənə borc olsun... O fəhlələrin “atasını” elə
bir günə qoyum ki... –deyə Bəxtiyar yanğı ilə Əlinin sözünü kəsdi.

       Qafar kişi çal bığlarını
səbirsizliklə didişdirdi:

     - Hələ sən dayan!- dedi-
Nə düşmüsən ortaya? Qoy, görək, Əli nə deyir! Heç böyük-kiçik yoxdur ey!!

        Qafar kişi iyim ildi
sexdə işləyirdi. Sayılan adamlardandı. Dəmirçilər briqadası onun bir sözünü iki
eləmirdi. Amma axır vaxtlar kişinin şiti şoruna qarışmışdı. Cavanlarla
buynuzlaşırdı. Bir vaxtlar onun briqadasından qaçmış lağlağıcı Bəxtiyardan  isə lap acığı gəlirdi.

       Əli uzun qollarını avar
kimi yellədi:

     - Ayıbdı, Qafar kişi,  ayıbdı!-dedi- Böyük nədi, kiçik nədi?!

Bura  yığlanların hamısı  böyükdü! Hərənin dalında otuz-qırx nəfər
dayanır.

      Bəxtiyar köhnə ustasını
ayağa vermədi:

      - Qafar kişinin ürəyi
hələ də doludur-dedi- Qoy danışsın.

      Əli narazı halda:

      - Elə belə edirsiz ki,
iki həftədi bir sex rəisi seçə bilmirik. Müdiriyyətin göndərdiyini bəyənmədik,
yaxşı! Dedik, özümüz seçəcəyik. Buda yaxşı! Buyur! Hər briqadanın öz namizadı
var! Əcəb! İki namizad göstərən briqadanın üzüvləri nə fikirləşir...

       Bəxtiyar pərt-pərt
güldü. İki namizad göstərən onun briqadası idi.

     - Hələ üç idi!-dedi və
birdən şaqqıldayıb güldü-Hahaha! Qulaq asırlar bəyəm?!  Demokratiya hara, seçki hara, biz hara! Deyirəm,
uşaqlar, ikisi  çoxdur. Deyirlər, sən
demokratiya qanmırsan! Qərəz, gücnən yola gətirdim.

     Araya bir şirin gülüşmə düşdü. Qafar kişi bir
məsəl çəkdi:

     - Deyirlər, görməmişin bir
oğlu oldu, şadlığından vurub gözünü tökdü. Balam, bu demokratiyadı, aşkarlıqdı,
deyəsən bizim əlimizdə həlak olacaq...

   Əli saata baxdı:

    - Di yaxşı-dedi-
Namizadımız kim olacaq.?!

   Bir-birinə macal vermədən hərə bir ad çəkdi:

   - Baş
usta Nağıyev...

   - Usta Kəbir
yaxşıdır...

  - Mən mühəndis  Vəliyevi təklif edirəm...

  Əli üz-gözünü turşutdu, elə
bil yağırını taptalamışdılar:

  - Əkişi, siz nə təhər
adamsız!?! –dedi və köksünü ötürdü.- Deyəsən, Usta Qafardan savayı dünən
dediyimi heç kim götür-qoy eləməyib. Ay başınıza dönüm, biz hər yetəni sex
rəisi qoya bilmərik. Təkrar edirəm, namizadımız mülayim, söz qanan, çörək
verən, yox yerdən fəhləyə pul çıxaran, həm dolanan, həm də dolandıran bir adam
olmalıdır. Budur bizim qəlibimiz!

     Dördü də vəcdlə başını
tərpətdi. Bəxtiyar  əl çaldı:

   - Əla qəlibdi!-dedi-Ustasına
eşq olsun!

    Usta Qafar astadan qeyd
etdi:

    - Bu qəlibə Allahın bacısı oğlu da sığmaz!
Hardan tapaq belə əməli-saleh adamı?!

     Əli onun sözünə gülümsədi:

     -
Usta, ümüdsüz düşmənin olsun! Taparıq! -dedi- Ürəyiniz qalmasın deyənə adı
çəkilənləri qəlibləyək! Götürək Nağıyevi! Bircə acı dili kifayətdi ki, qəlibdən
çıxsın. Alaq  Kəbiri! Ondan da bizə yar
olmaz! Yeyib-içən oğlandı, onunla hamımız badə badəyə vurmuşuq.Hər xasiyyətinə,
hətta, yalançılığına da bələdik! Keçək mühəndis Vəliyevə! Acgözdü! Açıq
danışaq, özgəsi yoxdu, işdi beş manat artıq naryad bağlayanda, kor dilənçi kimi
kəsir adamın başının üstünü, deyir, beşini də ver! Yox, bizim adam deyil!

       Usta Qafar söz aldı. Əvvəl
özündən on beş yaş kiçik Əlinin dərrakəsinə alqış dedi, daha sonra
demokratiyanın iki başından danışdı, daha sonra hamını birliyə səslədi. Bir
sözlə ucundan tutub, üz qoydu ucuzluğa! Hamının səbri tükəndi.

       Bəxtiyar Qafar kişinin
ucuzluqdan da o yana ötəcəyini görüb aman vermədi, sözünü kəsdi:

     - Sözünün arasında balan
dursun, usta Qafar, mən səmim-qəlbdən Əli qardaşın namizədlıyini  təklif edirəm!-dedi və hamının diqqətini
topladı – Əli qardaş ali təhsillidir! Əli qardaş ağıllıdır! Əli qardaş dost
qədri biləndir! Əli qardaş, maşallah, boylu-buxunludur...

   Əli hirslə 
dizi üstə qalxıb onun ağzını əydi:

   - “Əli qardaş”, “Əli
qardaş”! Kəs səsini, lağlağaçı! Təzə vəkil çıxıb mənə!  Sənə neçə dəfə deyərlər ki, mənə rəislik
lazım deyil.-dedi.

   Bəxtiyar günahkar halda
əllərini yana açdı:

   - Bəs sən kimi məsləhət
görürsən?-deyə soruşdu.

  Əli başını bulaya-bulaya
güldü:

  - Mənim  namizadım  hazırdır-dedi və üzünü yana tutdu- Cəfər
qardaş, irəli çıxsana!

     Briqadirlər bir-birinin üzünə təəccüblə
baxdılar. Yaxındakı küknarın altından çıxan Cəfəri görüb, hamı ayağa qalxdı. O,
neçə illərdi ki sex rəisinin müavini işləyirdi. Rəislər dəyişilirdi, o isə
qalırdı. Cəfər dinməzcə gəlib onların bərabərində durdu. Əli öskürdü:

      - Bu kişini tanımayan
varmı?-deyə soruşduqda məlum oldu ki, Cəfəri tanımayan yoxdu -Bəs eləsə, niyə
gözünüz tutulub?! Bəlkə biri ondan inciyib? Narazı olan varsa barmağını
qaldırsın! Yoxdur. Hansı naryadı vermisiz ona , o, bağlamayıb?! Sənədə soruşmadan
qol çəkir! Birindən umacağı varmı?! Yoxdur. Özünüz nə vermisiz götürüb qoyub
cibinə, verməmisiz ağzını da açmıyıb! Neçə ildi müavindi, sexi tanıyır. Bir
sözlə, bizim adamdı! Daha  nəyi
gözləyirsiniz?! Allahın bacısı oğlu yerləşməyən qəlibə bu kişi yerləşir...
Sabah biz onun namizədliyini   təklif edəcəyik, dalında da dayanacağıq!

         Hamı əlini qaldırdı. Doğurdanda,
bu kişi layiqli namizad idi!

 

 

 

  

                    
TƏKQULAĞ  XOTUĞZADİN  HƏYATI

                                                 

         Ağqulağin  sevinci Tırkədi kəndinə sığmırdı. Yeddi qızdan
sonra oğlu olmuşdu. Heç ona istehza ilə “çoşşa” deyənlərin ilim-ilim itməsi ,  indi ona hörmətlə “dayı” deyilməsi Ağqulağı  bu qədər sevindirməmişdi.

        O, adqoydu keçirmədi.
Dedi: “- Fərli oğul  adı özü qazanmalıdır.”
Boy-buxundan, yekə başından oğlu bir az ona çilət vururdu, bir az da..., bir az
da..., amma öz aramızdı qalsın, bir az da qonşuya çilət vururdu. İş indi onda
deyil. Xotuğ şəkil kimi uzunqulaq idi. Palaz qulaqları  lap düşmən gözü çıxarırdı. Gözləri də düz idi,
daha  Ağqulağın gözləri kimi çəp deyildi.
Yaman da nadinc idi. Üç ayı tamam olmamış gedib it məhəlləsinə girmişdi.
Dingildəyib vazdamağı  itləri  boğaza yığmışdı. Alabaş it  əvvəl xoşluqla mırıldanmış, sonra acıqla, daha
sonra  hır-zır qanmayan yekə baş xortuğun
üstünə atılıb, onun göz çıxaran qulaqlarından birini yerindən qoparmışdı. Nadinci
qan aparmışdı. Hamı dedi, öləcək. Həttda məşhur Qulaqlı Loğman da: “-Ümüd
yoxdur”-dedi. Amma  Ağqulağın son beşiyi ölmədi,
üzü bərk çıxdı, sağaldı. Adı da o gündən qaldı Təkqulaq .

       Ağqulağı övlad basmışdı.
Günün on saatını işləyirdi, axşamlar keşik çəkirdi, səhərlər muzdla anqırıb
kəndi oyadırdı. Amma yenə də borc-xərclə  ayı başa vururdu. Cavan cağlarında könlündən
müğənlilik keçirdi, müğənliliyin dalınca gedirdi, şairlik keşirdi,  şairliyin dalınca gedirdi. Hətta bir-iki
mahnının ilk və son ifaçısı, bir neçə şerin sandıq müəllifi idi. Şerləri indi
də uzunqulaq folklor xəzinəsində möhkəm yer tuturdu... İstedadının parladığı
bir vaxtda, evləndi. Bununla başına kül oldu. Bütün həyatı araba çarxı kimi
diyirlənməyə başladı. İndi, düzdür, sahibi yox idi. Sahiblər gedər gəlməzə
göndərilmişdi. Amma çörəyi yenə də daşdan çıxırdı. Hamı deməyinə ona “dayı”
deyirdi, di gəl ki, puluna minnət yükləyəndən sora yükün üstünə minir, minmək
haqqını da, əllbətdə, vermirdilər. Bu da, oxşayır ki, köhnəliyin qalığı idi.

       Bir gün Ağqulaq  acgözlük elədi, bir kərəmə çox yük qaldırdı.
Düşdü  samanlığın bir küncünə. Yığdı
balalarını başına. Tapşırmalısını tapşırdı, deməlisini dedi. Bu sözlərlə onları
yola saldı: “-Bəsdir, havayı yediniz, çıxın gedin, özünüzə bir gün ağlayın”.
Uzunqulaq da olsa müxtəsər elədi,daha uzunçuluq eləmədi . Bircə sevimlisi
Təkqulağı yanında saxladı.

      Dedi:

      - Bala, bircə oğlumsan.
Nəslimizin  davamçısı sənsən. Mən
noxtasız, azad eşşəyəm, amma elə bircə adım  var. Nənən bir vaxtlar deyirdi: “- Eşşək elə
eşşəkdir, hara getsə də  belindən yük,
boğazından çatı əskik olmaz. İstəyir ona “coşşa”  desinlər, istəyir “dayı” desinlər, fərqi
yoxdur.” Doğrudan da,   çörəyimiz daşdan
çıxır, oğul. Mən səhv elədim yazmağın daşını atdım. Davam etdirsəydim, indi mən
də kəndin   beş uzunqulağından biri idim.
Atanla şairliyə başlayanlar,  odur,
gur-gur guruldayırlar. Biri  Xot-Xotdur,
o biri   Coşşadır, daha sonra İşakovdur, saymaqla
qurtarmaz. Elə  Xot-Xotu götür. Üç şivədə
kitabı çıxır. Di gəl ki, qafiyə  qondarmağı,
şer yazmağı məndən öyrənib Amma küçədə  məni
görəndə başını dik tutub keçir, sağlığıma quruca bir anqırtı da   çəkməyə özünü əskiklik sayır. Nə var, nə var,
mənim belimdə yük,  tərləyə-tərləyə,
bizlənə-bizlənə gedirəm, o isə dalı ipək çullu,  ağzı demili gedir. İndi, oğul, sənə yazmaq, oxumaq,  gaplama üsullarını öyrətmişəm. Daha əlindəki
qələmi yerə qoyma. Şeri boşla, nəsrə keç. Uğur olsun! Get, bizim uzunqulaq  nəslimizi şöhrətləndir!

       Təkqulaq  gaplama sənətinə qədəm qoydu. Əvvəl-əvvəl
özündən bir neçə hekayə, povest uydurdu, başladı qapı-qapı gəzməyə. O, qapı
sənin, bu qapı mənim, qapılar rəngbərəng, üzlü-üzlü. Birində deyirdilər: “- Çox
uzun yazırsan. Qısalt!” Təkqulaq qısaldırdı. O birində deyirdilər: “-Tünd
yazma, böyüklərin xoşuna gəlməz.” Dilində qənd əzirdi.  Biri deyirdi: “-Maşallah, talantlısan ha. Nəsrin
şeirdi elə bil. Gəlsənə nəzimdə də bir özünü sınayasan” Təkqulaq sınayırdı,
amma nəzmi də nəsrinin çəkdiyinin çəkirdi.

         İki il öyrənməyə,
axtarmağa sərf olundu. İki cüt bir tək qotur yazı dərc etdirdi, Təkqulaq dünyaya
gəldiyi günə lənət dedi. “- Qurban olum sənə, ay yaradan!-deyə Təkqulaq zarıdı-
Məni niyə uzunqulaq yaradırdın?! Sənə nə pisliyim keçib? Nolardı it olaydım,
pişik yaranaydım, siçan doğulaydım, təki uzunqulağ doğulmayaydım...” Axırıncı
dəfə yanında olduğu baş uzunqulaqlardan biri lap kökündən vurmuşdu. Demişdi: “-
Bala, vallah, sən bizim uzunqulaq dilinin ahəngindən, ildırım gurultusundan,
zınqırov səsindən, löhrəm yerişindən, uzun qulaqlarından, inadından, könül açan
folklorumuzdan, “ai-ai” ilə başlayan dünya şöhrətli musiqimizdən, onun
zilindən,  bəmindən, xalqımızın yaxşı
yaşamaq arzusundan, “çoşşa” dan “dayıya” qədər uzun, çətin, inadlı
mübarizəsindən xəbərin yoxdur. Zəmanəyə bax ha! Əcəb cavanlar yetişir.!?
Uzunqulaq gap sənətinə gör kimlər gəlir.?! Necə?! Bala, o  Xot-Xotdur, o biri  Çoşşadir, 
nə yazırlar dərc edirik. Əlacımız yoxdur. Sizə isə tələb başqadır!”

       Təkqulaq daha dözə
bilmirdi. İntihar fikri ilə baş götürdü, qaçdı. Tırkədi kəndinin o yanı meşəlik
idi. “- Gedib, canavara yem eyləyəcəyəm bu tək qulağımı!” – deyə fikirləşdi.

       Yolu At məhəlləsinin
yanından keçirdi. Başıaşağı gedirdi. Uşaqlıq yoldaşı Alapaçaya rast gəldi.
Onlar çoxdan dostluq edirdilər. O, buna At şivəsinin, bu ona Uzunqulaq şivəsini
öyrədirdi. İndi Alapaça  ona Uzanqulaqca,
Təkqulaq da cavabında Atca “xoş gördük” dedi. Sevinə-sevinə görüşdülər.

       Söhbət Təkqulağın işlərindən düşdü. Alapaca naz-qəmzə
ilə:

      - Niyə səs-sorağın
gəlmir?- deyə soruşdu-Yaman darıxmışam səninüçün, Təkqulaq.

      - İşlərim pisdir, Alapaca!
– deyə Təkqulaq ah çəkdi- Bir gün özümü öldürsəm təəccüblənmə. Bu dünyanın
əzab-əziyyətindən canımı qurtararmaq istəyirəm, Alapaca!

      - Axı, niyə? –deyə Alapacanın
ona ürəyi yandı.

      - Niyəsi çoxdur, Alapaca!-
deyə Təkqulağ kədərləndi- İstedadımı başda  
oturan bir dəstə eşşək məhv elədi. Nə ürəkləri var mənim halıma  yana, nə də başları var mənim halımı qana. Noxta
taxdım,  noxtamı da aparıb başda
duranların quyruqlarına bağladım, yenə  murad hasil olmadı  ki, olmadı.

      Alapaça Qırat
nəsilindəndir deyənə uzunqulaqlara bir az yuxarıdan baxırdı. İndi də:

      - Ay Təkqulaq, doğrudan
da, sizin bu uzunqulaqlar niyə elədirlər, 
ey?!- deyə soruşdu-Nə bir-birinə kömək edirlər, nə əl tuturlar. İşləri
elə  didişməkdir ha!

      - Daha, demə!-Təkqulaq
təsdiq etdi-Bir-birinə badalaq gəlməkdən

yorulmurlar. Əgər birinin dörd ayağının dördü də palçığa batsa,
o  biri quyruğunu ələ verməz. Əksinə,
başından basır ki, palçığa düşənin qulaqları da zığa batsın...

      - Elə onu deyirəm də!- deyə
Alapaça dilləndi- Sən, axı,əvvəllər yazırdın,  
pozurdun. Dalı  nə oldu?!

     Təkqulaq Xotuğun gözləri
yaşardı:

      - Məni intihara
sürükləyən bu dərd deyilmi?!-dedi-Hara gedirəm, yazdıqlarımı  verirlər qoltuğuma!

     Alapaca  getdi fikrə. Birdən dilləndi:

      - Hayıf ki, sən At şivəsindən
yazmırsan. Atama deyərdim, o da bizim  dərgilərdə
sənin yazılarını dərc etdirərdi.-deyə gülümsədi-  Əşi, heç indi də gec deyil! Sən ki, şükür, atca
bilirsən, otur,  yazılarını çevir bizim
şivəyə. Ora-burasını da mən düzəldərəm, 
aparıb verərəm atama. Dalısı ilə işin yoxdur. Bircə ildə  məşhurlaşacaqsan. Onda Uzunqulaq mətbuatı sənə  yalvaracaq.

     Təkqulaq başını itirmişdi.
Alapaçanın təklifini əvvəl anlamadı. Qəmli-qəmli dilləndi:

    - Yox , daha dözə bilmirəm.
Bir dəfəlik bu noxtalı  eşşəklərdən
canımı qurtaracağam. İşə bax ha! Bir qərinədir noxtanı  qırıb atıblar, yenə də  o yandan biri muşquran kimi dörd ayaq qaçırlar
 pişvazına! Alapaça, yadda saxla, qəlbən
noxtalılar noxtasız da  noxtalıdırlar. Bəsdir.
mən  özümü öldürməkdən savayı bir yol
görmürəm.  Əlvida, Alapaça!

    Alapaçanın urəyi bir tikə
oldu:

   - Bəs, məni gözü yaşlı qoyub
hara gedirsən?!- deyə əzilə-əzilə soruşdu- Heç 
mənə yazığın gəlmir?!

    Təkqulaq  qulaqlarına, bağışlayın, o tək qulağına
inanmadı, elə bildi səhv eşidir, küt-küt ürgəyə baxdı. Dili tutuldu. Birdən
uzun-uzadı anqırdı, yəni dedi:

   - Ola biməz, Alapaça, ola
bilməz!

   - Olar, Təkqulaq, olar!

   - İnanmıram, Alapaça,
inanmıram! Sən hara, mən hara?!

   - İnan, Təkqulaq!-deyə Alapaça  şirin-şirin kişnədi- Mən səni çoxdan  gözaltılamışam.

   - Necə? Axı, sən mənim
nəyimi?....

   -Sənin hər şeyini.... Qara
mükəddər gözlərini, o tək qulağını, qızılı başını, şirin ləfzini, Atca ləhcə
ilə danışmağını...Yadındadır, uşaqlıqda “xala-xala” oynamağımız? Sən ata
olurdun,  mən ana? Üstümə hoppanmağını,
oynaqlaşmağımızı  unuda bilmirəm...
Necə-necə ərdə oldum , yenə səni  unuda
bilmədim.

    - Yəni, doğurdan, sən məni sevirsən?- deyə Təkqulaq
həyəcanla soruşdu.

     Alapaça vurğun-vurğun ona
baxdı, dinmədi. Alov kimi yanan yalı, oynaqlayan dalı, şumal sağrısı, təpəsində
ulduz kimi ağaran qaşğası həsrətdən titrəyirdi.

    - ....

   Təkqulaq  bu baxışdan, bu duruşdan az qala dəli olsun.

     - Oh, mən necə də
xoşbəxtəm!-deyə səsləndi- Gəl, sənin o qaşqandan   öpüm, Alapaçam! Tək qulaqlı başımın tacı! Noxtam,
yüyənim,  qəlb sirdaşım.

     Xoşbəxt  anqırtı dünyanı başına aldı.

      Alapaçanın dodaqları
titrədi, başını qabağa əydi, gözünü yumdu. İynəşdilər, dinəşdilər,
sürtüşdülər...  Onlar ömürlərinin ən
unudulmaz çağlarını yaşayırdılar.

      Sonra Alapaça  nazik səslə kişnədi:

      -Gedək, gedək, mən səni
atamla, anamla tanış edəcəyəm.-dedi-Daha səndən bir dəqiqə də ayrı dura
bilmərəm...

     Təkqulaq onunla lap dünyanın
o başına da gedərdi, nəinki qulağının dibində olan At məhəlləsinə. Razı oldu.
Küçə ilə gedirdilər. Bütün At məhəlləsi tamaşaya çıxmışdı. Cavan ayğırlar
Təkqulaqla onların nəslindən olan ürgəni yanaşı görəndə pis-pis kişnədilər.
Madyan atlar isə həsədlə, yarımçıq-yarımçıq kişnədilər.

      Alapaça Təkqulağı bağa ötürdü:

      - Sən buralarla tanış ol,
mən də evdəkiləri hazırlayım! Qorxuram 
anam şadlıqdan xarab olsun...-dedi.

     Anası Alapaçanı bu
sözlərlə eyvanda qarşıladı:

      - Qızım, nə yaxşı edib
uzunqulaq gətirmisən... Düşüb bazara   gedirdim. Aparıb bazarlığı yükləyərəm dalına ,
gətirər evə...- dedi.

      Alapaça qızardı.
Utana-utana başa saldı. Ananın ürəyi az qala dayansın:

     - Nə?! Elə bircə eşşək
kürəkənimiz çatmırdı. Qanımızı eşşək qanına 
qatma, qızım.

     Alapaça inadla qızıl yallı
başını tərpətdi:

     - Nə olar ki?! Eşşək də bizim
kimi bir canlı deyilmi?! İndi onlar da noxdasız, sahibsiz yaşayırlar. İstəyəndə
yük daşıyırlar, istəyəndə  başqa sənətlə
məşğul olurlar...

     - Bala, səfehləmə, eşşək
elə eşşəkdir! Yüklüsü də, yüksüzü də.

     - Təkqulaq çox talantlı
uzunqulaqdır. –deyə Alapaça  anasını dilə
tutdu - Məşhur olacaq.

     - Boşla, qızım! Belə  məni başa sal  görüm onda nə görmüsən, axı?!

     Alapaça acıqlandı:

     - Onda nə gördüyümü  yaxşı bilirsən. -dedi- Özün söhbət edirdin ki,
cavanlıqda, az qala, bir qara uzunqulağa ərə gedəcəkdin... Sən o  vaxtı 
nə görmüşdün?!

     Ananın daha sözü qalmadı,
pərt oldu. Haçandan haçana dilləndi:

      - Bala, eşşəkdən kürəkən
çıxmaz, küləkən olar.  Qalanlarını sən
bilərsən, atan bilər.

      Bu ara Alapaçanın atası
Qıratzad gəldi çıxdı. Xəbəri eşidib acı-acı güldü, istehza ilə:

      - Bəli, Alapaçanın toyu,
deyəsən, tarixi toy olacaq-dedi-Qırat nəsli ilə boz  eşşək nəsli qohum olacaq. Zəmanədir də! Gör
bizi kimlərə tay elədi! Nə qədər noxtalı idilər,  biz hara deyirdik uzunqulaqlar da  ora gedirdilər. İndi bizimlə  bərabər olublar da! Neynəyək!

       - Sən razısan? – deyə ana
heyrətləndi.

       - Razı oldum, ya olmadım,
Alapaça qızıxıb, gedəcək!Yaxşı, qoy belə olsun. –deyə Qıratzad kənarda dayanıb
qulaq asan Alapaçaya baxdı- Get, qızım, bəlkə bunun bir xeyri də oldu.
Uzunqulaq   məhəlləsi ilə qohumluq  bizə vacibdir. Sabah şıllaq davası qızışandə
bilərik köməyimiz var. Toy oldu, yas oldu bilərik, su daşıyanımız var! Uğur
olsun! Çağır gəlsin o Tayqulağı, görək 
minəndə əlimiz qulağına çatar, ya yox!

      Alapaça  getdikdən sonra Qıratzad uzun müddət
sakitləşə bilmədi.

       - Ha, ha, ah! Eşşəklərlə
də qohum olaq! Ha,ha,ha! Deyirlər, atın at yeri var, eşşəyin eşşək! Bəs hanı?!
İndi  ikimizin də yeri bir oldu ki!
Yanasan,  zəmanə! Axırda eşşəklər gəlib
arpa yeyəcək, atlar samana da həsrət qalacaqlar.

         O gündən Təkqulaq Xotuğzad imzasılə At
mətbuatında tez-tez görünməyə başladı. Atlar bu imzaya əvvəl dəvə nalbəndə
baxan kimi baxırdılar. Sonra maraq onları üstələdi. Oxudular, gördülər, yox,
bunda nəsə var. Xotuğzad olanda nə olar, insafən, adlı-sanlı atlardan pis
yazmır.

         Xotuğzadin
uzunqulaqların həyatından olan hekayələri, povestləri yüksək at dairələrində də
maraq oyatdı. Təkqulağın yazılarından 
eşşək adət-ənənələri, onların ağrıları, arzuları yaxşı təsvir olunurdu.
Məsələn, atlara indiyə qədər məlum deyildi ki, niyə inada düşmüş eşşək yerindən
tərpənmədikdə, onun quyruğundan dartırlar. Dartan kimi də inad eşşək inadını
yerə qoyur. “Eşşək gətirdi, eşşək yedi” məsələnin izahı isə atları valeh elədi.
Uzunqulaq pisixologiyasının dərin qatları hələ heç kim tərəfindən  belə təndürüst işıqlandırılmamışdı....

          At mətbuatı ilə
əməkdaşlıq Təkqulağa pul, şöhrət, dizinə qüvvət gətirdi. Elə həmin il At şivəsi
ilə tanışlığı olan Alabaş  onun
yazılarını İtçəyə çevirdi. Təkqulaq Tırkədi 
gapçıları arasında tanınmağa başladı. İtlərlə binədən düşmənçilikləri
olan pişiklər onların dilini öyrənməyə məcbur idilər. Adlı- sanlı pişiklər
tez-tez İt mətbuatına müraciyət edirdilər. Müxtəsər tanışlıqdan sonra
Təkqulağın yazıları Pişikcə çap olundu. Bu artıq Təkqulağın  müəffəqiyyəti idi. Deyəsən, Tırkədi gap sənəti
daha bir klassikini əldə edirdi.

        Təkqulağın gaplama
sənətində irəliləyişini izləyən Ağqulaq çox sevinirdi. Onu heyrətləndirən doğma
uzunqulaq mətbuatının eşşək inadı ilə  susması idi. Bir gün Təkqulaq atasının yanına
gəldi. Kefi kök halda bir-iki ağız anqırdı, yəni:

        - Vaxtdır, elçiliyə
getmək lazımdır! Evlənmək istəyirəm.-dedi.

       Bu sözü eşidən Ağqulaq  bərk sevindi. Əvvəl elə bilirdi ki, gapçılığa
uyduğundan Təkqulaq dünyanın qalan nemətlərinə biganədir.  Demə, yox!

         - Toyunu görüm, a
bala-dedi- Kimlərdəndir gəlnimiz?!

         - Biz tərəflərdən
deyil...

         - Bəs, hardandır? Olmaya Çətonru
kəndindəndir? Nə olar ki?Yol yaxşı, çay üstündə körpü salamat!....

         - Yox, ey! O yandandır....,
adı nədir?!...

        Təkqulaq düzünü deməyə utanırdı. Atasının
mühavizəkarlığını bilirdi. Dilini sürüdü:

         - Əşi,  gəlnimiz At məhəlləsindəndir...

        Ağqulaq  bir ara dinə bilmədi.

         - Nə?-deyə soruşdu-
Belə yerdə deyirlər ki, sənin başına at təpib? Axmaqlama, oğul, at nəsli hara,
biz hara?!

         - Mən Alapaçaya yaman
vurulmuşam. Dünya mənim üçün bir tərəfə, o 
bir tərəfədir. Atalar deyib: “ Ər kişini  yaxşı saxlar yaxşı arvad, yaxşı  at!” Mən 
bir şıllaqla iki hədəfi vururam. Həm ata sahib oluram, həm də arvada...

         - Biz hara, onlar hara?!
Biz yük daşımağa yaranmışıq,  onlar
minilməyə.  Biz qanqal yeyirik, onlar
arpa. O məhəllənin qızları da quyruq düyüyüb gəzməkdən başqa bir şey
bilməzlər.  Minilmişindən isə gəlin
olmaz.

         Təkqulaq ümüdünü
bağlamışdı atasının sağlam dünyagörüşünə.

Çalışırdı inandırsın.

         - Birini bilirsən ,
birini yox! Arada borc məsələsi var, axı! Alapaçanın  atası məşhur Qıratzaddır. Tutmuşam onun  quyruğundan ki, bəlkə məni bir ağ günə
sürüyüb çıxartdı. İndi  sənin sözün
nədir, bütün bunlardan vaz keçim?! Nə var, nə var Alapaça minilmiş madyandır!
Nə olar ki?! Arvadı elə ona görə  almırıqmı?!

       Ağqulağın qanmaz oğluna
acığı tutdu:

       - Eşşək oğlu, qocalanda
peşman olacaqsan! Atın doğduğundan sənə 
övlad çıxarmı?! Bala, mən istəmirəm nəslimizin kökü  səninlə də kəsilsin, çünki bizim nəslin tarixi
təriflədiyin Qıratzadın nəslindən də qədımdir. Mən o nəsli yaxşı tanıyıram. Sən
nə qədər cavansan  Alapaça  şirəni çəkəcək, elə ki, qocaldın  qoyub qaçacaq. Quyruğunu  belinə düyüyüb düşəcək başqa  ağırların dalınca.

   Təkqulaq axırıncı sözünü
dedi:

   - Dediklərin indi qulağıma girmir ey, girmir!
Mən razı ola bilmərəm  ki, ilk övladım
dünyaya bic gəlsin...

    Bu yerdə Ağqulağın nitqi
kəsildi.Gördü iş-işdən keçib. Bir-iki hörmətli  uzunqulağı yanına alıb elçiliyə getdi.

     Qıratzadın evini  soruşdu. Nişan verdilər.Qıratzadın mülkü
nəhəng saray idi. Həyətdə muzdla tutulmuş dəstə-dəstə at, eşşək, dəvə işləyirdi.
Aparırdılar, bişirirdilər, düşürürdülər, süpürürdülər, yuyurdular...

       Ağqulaqla gələn uzunqulaqlar bu
cah-cəlalı görüb  qorxudan hərə bir yana
dağılışdı. Qaldı Ağqulaq tək. O,  “-Hər
nə olar, olar!”- deyə fikirləşdi və qorxa-qorxa mülkə yaxınlaşdı....

       Qıratzad eyvanda oturub
bala-bala dəmlənir, arabir də demisini fısqırdırdı. Birdən aşağı baxdı. Quruyub
qalmış Ağqulağı gördü, istehza ilə soruşdu:

    - Ay uzunqulaq, nə gözünü
bərəltmisən?!-dedi- İş istəyirsənsə, gəl,  həyətdə eşşək işi çoxdur...

    Ağqulağın  keçmiş qüruru baş qaldırdı:

    - Ay müftəxor, deyirsən,
baxmaq da olmaz?! Sənin kimilər gedər   
gəlməz yolun yolçularıdır. Nə əcəb səni yaddan çıxarıblar....?!

    Qıratzad çıxdı özündən:

    - Gör, noxtadan çıxandan
sonra bu uzunqulaqlar  necə də dil
açıblar. Yaxşı, mən sənə göstərərəm.

    - Nə dartirsan özünü?- deyə
Ağqulaq  bir az da dərinə getdi-
Minilə  minilə baş saxlayırsınız da!

    - Nə? Bu saat sənin...

    Arada eyvana çıxan Alapaça
aşağıda dayanmış Ağqulağı tanıdı. Tez Qıratzadın qulağına pıçıldadı

     Qıratzadə özünü itirmədi:

     -
Yox, əşi?!-dedi- Pah, atonnan! Eşşək ki, eşşək! Əşi, bir tanışlıq ver

 də! Axı, biz quda olacağıq!
Çıx yuxarı, daha ağzını əngəltmə  orada.

     Ağqulaq çar-naçar qalxdı eyvana. Ev sahibi bir
də üzürxahlıq elədi:

     - Quda,
daha gərək bağışlayasan da! Mən nə bilim.

    Tez süfrə açdılar. Ömründə qanqaldan başqa
dadlı yemək tapmayan Ağqulaq bolluğa düşmüşdü. Həvəslə özünü yeməyə təpdi. Düm
deyənə qədər də vurdu... Ürəyində fikirləşdi: “-Mərhəba Təkqulaq, yaxşı yerə
söykənmisən!”

      Yemə-içmədən sonra toydan
söhbət düşdü. Qıratzad Təkqulağı təriflədi:

     - Vallah, sənin oğlun uzunqulaq
deyil, atdır, at! Bir şirin kişnəməyi, 
bir dördnal çapmağı, bir ədəblə su içməyi var ki, daha nə deyim!  Arpa yeməyi elədir ki, baxan deyir, zalım,
ömrü boyu arpa ilə  dolanıb! Üzünü
görməsən xasiyyətinə görə  ona at
deyərsən...

     Ağqulağın incidiyini görüb
sözünü çevirdi.:

     - Yəni uzunqulaq olanda nə
olar, ey?! Uzunqulaq yük götürməkdə  dəvəyə
dov gəlir... –deyə Ağqulağın kölnünü aldı.

                                     

     Qıratzad cehiz verəcəyi
evdən söz saldı. Razılaşdılar ki, gəlin otağında bir saz gəlin çalası qazısınlar,
içini də yaxşı-yaxşı bəzəsinlər, sonra da dambadurum salsınlar...

        İndən belə Təkqulaq
Xotuğzadın işi yüznən gedirdi. Daha parta-part dərc olunurdu. Əsərləri Pişik
şivəsindən tezliklə Siçançaya çevrildi. Hardansa onun yazılarından Dəvə mətbuatı
xəbər tutdu. Çox keçmədi onu öz doğma dilində qoyunlar da, qarğa-quzğun da
oxudu. Daha nə başınızı ağrıdım, bir azdan Xotuğzadı  Tırkədinin yetmiş yeddi şivəsində kitabları,
yazıları dərc olunurdu.

        Təkqulaq bir saz toy
elədi. Gəlin çalasında öz  muradına
çatdı.

Tırkədinin yetmiş yeddi şivəsində təbrik məktubu aldı.

        Bircə eşşək mətbuatı öz
məşhur eşşək inadı ilə susurdu. İndiyə qədər onun bircə barmaq yazısını da dərc
eləməmişdi. Təkqulaq da qəzəbləndi, uzunqulaq şivəsində olan bütün yazılarını
cırıb atdı. Başladı ancaq Atca yazmağa. Eşşəkvarı mövzulardan get-gedə
uzaqlaşdı, indi atvarı mövzular onun yaradıcılığının əsasını təşkil edirdi.
Oxucu deyirdi: “ Yazan atdır ki var!”. Xotuğzad daha sonra İt, Pişik, ... və bu
kimi canlılardan povest, roman yazdı. Yenə də oxuyanlar deyirdi: “-Yazan elə
bil İtdir” və ya “ – Yazan elə bil Pişikdir”. Gapçılıq sənətində o qədər
ustalaşmışdı ki, yetmiş yeddi şivədə onu “ Doğma gapçımız Xotuğzad”
adlandırırdılar...

        Ömrünün axırına kimi
yazdı, yaratdı.  Adı gur-gur guruldadı.
Dünyadan isə ürəyi niskilli köçdü. Ağqulağın dediyi düz çıxdı. Ondan sonra
işığını yandıran qalmadı. Bircə övladı Boz Qatırı nə eşşəklər yaxına buraxırdı,
nə də atlar.

      Bu dərd Xotuqzada
rahatlıq vermədi. Bu münasibətlə bir tarixi roman yazmaq istəyirdi ki, Əzrayıl
macal vermədi...

        Ölümündən beş-on il
keçəndən sonra At, İt, Pişik, Qoyun, bir sözlə saymaqla qurtarmaz, yetmiş yeddi
şivəli kapçılıq ustaları arasında mübahisə qızışdı. Sual bir idi: “- Məşhur
Xotuğzad hansı zümrəyə  mənsubdur”?!
Atlar özünə tərəf, İtlər özünə tərəf, Pişiklər özünə tərəf çəkirdi. Elə bil yal
davası düşmüşdü.  Bir qışqırtı, bir
bağırtı vardı ki, gəl, görəsən!

       Yalnız  uzunqulaqlar susurdu. Arabir lap astadan  mızıldanırdılar: “ –Xotuğzaddırsa, demək bizimkidir.
Bircə bizdə eşşəyin balasına xotuğ deyirl.

 

 

 

                                             D A Ş

 

 

           ...Gğzlədiyim
adam  hündür , nahamvar binadan çıxmaq
bilmirdi. Var-gəl eləməkdən yoruldum. Memarlıq üslubu naməlum binaya nə qədər
baxmaq olardı. Bağçaya keçdim. Oturacaqlardan birində təzəcə qərar tutmuşdum
ki, qart səsdən diksindim.

          - Deyəsən, Elçiyevin
yaradıcılığı  sizə zövq  vermədi?

          Yanımda haçan
oturduğu məlum olmayan kişi diqqətlə mənə baxırdı. Onun üzü tüklü idi,
üst-başından baxımsızlıq yağırdı. Yaşı altmışdan çox olardı ki, az olmazdı.
Yekə qaşları titrəyirdi, deyəsən əsəbləri yerində deyildi. Sərrast danışsa da  təpiklənməyə alışmış küçə itləri kimi
sərvaxt  oturmuşdu.

        Belə həmsöhbət tapıntı
deyildi, amma vaxtı öldürmək lazımdı. Elə-belə soruşdum:

        -Elçiyev kimdir?

        Kişi marağımdan məmnun
oldu.Yerini rahatladı:

        - Paho!  Heç demə Elçiyevi də tanımayan varmış! –dedi.

        İstehzamı saxlaya
bilmədim:

        - Bu qəbahətimi
düzəltməkdə mənə kömək  eləsəz  minnətdar olaram!

        Kişi iztehzamı eyninə
almadı:

        - Məmuniyyətlə!-dedi-
Elçiyev ölkə memarlarının başçısıdır. Bayaq tamaşasından həzz aldığınız binanın
memarıdır. Xoşunuza gəlirmi?

        Özümü itirmədim:

        - Belə də! –dedim-
Binadır da! Açığı, memarlıqdan uzaq sahədə çalışıram. Fikirlərim primitiv
olacaq.

        Kişi təşviqedici bir
səslə:

         - Olsun,
olsun...-dedi- Maraqlıdır...

        Mən fikrimi tamamladım:

        - Bir sözlə, bu bina
sənət əsəri deyil.

        Həmsöhbətim şadlıqla
güldü:

        - İnsaflı
adamsınız!-dedi- Sənət baxımından bu bina bir yığın daş qalağıdır.Otuzuncu
illərdə belə memarları  divara söykəyib
güllələyirdilər.Bəli, bəli...

        Mən maraqlandım:

        - Sizin sənətiniz
nədir?

        Həmsöhbətim sözünün
kəsilməyindən narazı halda dedi:

        - Mən arxeoloqam.
Memarlıqdan az-çox xəbərim var. Deyirəmsə bu bina daş qalağıdır, deməli
belədir. Belə binaların  memarlarını
meydanda sünbə ilə döymək lazımdır. Görün şəhərin simasını necə kor qoyurlar?
Binanın fasadı , görün. nə ilə örtülüb? Tikinti tullantıları ilə!

        O nəzərlərini mənə
dikdi. Mən soruşdum:

        - Sizcə binanın
divarları  nə ilə üzlənməli idi?

       Kişi titrək
barmaqlarının arasına  bir siqaret
alıb  odladı. Tüstünü yana üfürdü.
Sakitləşmiş halda:

       - Mən Elçiyevə bu işə
yararlı yüzlərlə  daş nümunəsi təklif
elədim. Heç birini qəbul eləmədi! Xalqın milyonlarla pulunu  havaya sovurdu, bu əcayib binanı tikdi. Mənim
topladığım iki min daş nümunəsi...

       Mən təəccübümü gizlədə
bilmədim:

       - İki min daş? Belə çox
daş nümunəsi var?-deyə onun sözünü kəsdim.

        Həmsöhbətim rəncidə
oldu:

        - Əlbəttə var!-dedi-
Otuz ildir ölkəni gəzirəm, dağ 
süxurlarını  tədqiq eləyirəm,  tikintiyə yararlı daş nümunələrini
toplayıram. Topladığım nümunələrin tərkibi, xasiyyəti, istifadə sahələri,
təbiətdə miqdarını araşdırmışam, şəkillərini çəkmişəm, monoqrafiya yazmışam.

        -Çox maraqlı işdir.-deyə təriflədim.- Yəqin
elm aləmində qədrinizi bilirlər.

        - Siz necə də
sadəlövhsiniz?-deyə həmsöhbətim yağırı tapdanmış adam kimi çığırdı-  Mənim monoqrafiyamın xülasəsini oxuyan bir
ingilis alimi işlədiyim tədqiqat institutuna 
müraciət eləyib. Mənimlə tanış olmaq istəyib, işbirliyi qurmaq istəyib.
Ona deyiblər ki, müəllif çoxdan ölüb.

        -Ola bilməz!-deyə
heyrətləndim.

        - İndiki olub!-deyə
həmsöhbətim mızıldandı- Bizim adamları puldan başqa heç nə maraqlandırmır...

        - Siz təslim olmatyın!
Sərgi açın.- dedim- Bu çox lazımlı işdir.

        Kişi üstümə çımxırdı:

        - Elçiyev qoydu
bəyəm?Onun dəstəyi olmasa kimdi sərgi açmağa icazə verən?

        - Qəbulunda olmusuz?

        -Əlbəttə! Gör mənə nə
dedi:”Sənin daşların kimə lazımdır, qoca? Daha müasir memarlıq sənətinin  təbii tikinti materiallarına ehtiyacı
yoxdur”. Bir də getdim, bir də xahiş elədim. Məni başından elədi:” Biz daş
sərgisi açsaq bizə gülərlər!” Adamı yandıran bilirsiniz nədir? Bütün zəhmətim
hayıf olub gedəcək. Sabah ölsəm, hamısı başlı-başına qalacaq.

        Ona ürəyim yandı,
mənasız söz danışdığımı bilsəm də , məsləhət gördüm:

        -Yuxarılara müraciət
eləyin...

        - Eləmişəm, qardaş,
eləmişəm. –deyə həmsöhbətim ah çəkdi- Çox qapıları döymüşəm. Hər yerdə
:“-Təqaüddəsən, başına cəncəl açma!”-dedilər. Bir yumorist qayıtdı ki, xalqın
ağzını  daşlığa  salan az idi, sən də bu yandan çıxdın!
Başqası çoxdan usanardı, mən  isə əl
çəkmirdim. Teleqram vururdum, ərizə yazırdım. 
Bir gün məni  memarlıqla heç bir
əlaqəsi olmayan bir idarəyə dəvət elədilər. Mehribanlıqla  soruşdular ki, hörmətli adamları dəng
eləməkdə məqsədin nədir? Mən bu mehribanlığa 
aldanıb  ürəyimdə nə var,  danışdım. Onlar dinməz qulaq asdılar, öz
aralarında pıçıldaşdılar. Sonra mənə dedilər ki, gəlib yerində baxarıq.

         Həmsöhbətim susdu. Mən
səbirsizliklə soruşdum:

        - Aldatdılar?
Gəlmədilər?

        Kişi qart səslə güldü:

        - Yox, gəldilər.

         - Bəs, nə oldu?

         - Daşların üç otaqda
rəflərə səliqə ilə düzüldüyünü, ailəninsə bir otaqda, mətbəx və eyvanda
yerləşdiyini gördülər. Başlarını buladılar, getdilər.

         -Vəssəlam? İş bununla
bitdi?

         Həmsöhbətim qısa
pauzadan sonra:

         - ...İki gündən sonra
məni əsəb dispanserinə  çağırdılar.
Dedilər ki, əmr almışıq,  səni müayinədən
keçirməliyik.

         Quruyub qaldım:

          - Belə şeymi
olar?-deyə çığırdım. – Sonra nə oldu?

          - Heç nə! Canımı
onların əlindən zorla qurtardım. Bundan sonra qorxumdan  daha heç yerə getmədim.

          Mən  söhbəti dəyişdim:

          -Övladlarınız
varmı?-deyə soruşdum.

          Həmsöhbətim başını
tərpədib könülsüz dilləndi:

          - Bir oğlum var.
Evlidir, mənimlə qalır. Arvadım keçən il rəhmətə gedib.

          - Allah rəhmət eləsin-
deyə ona başsağlığı verdim. -  Bu işlərə
oğlun  nə deyir, gəlinin necə baxır?

          - Onların da  daşlardan zəhləsi gedir. Oğlum hər gün deyir,
ata , sən eqoistsən. Daşlar , deyir, ürəyini daşa döndərib. Sən, deyir,  bizim rahatlığımızı əlimizdən almısan. Bir
qalaq daşı , deyir, üç otağa yığdığın azmış, qapı-qapı gəzib bizi gülünc günə
qoyursan.

          Söhbətin bu yerində
məni səslədilər. Binadan ağır-ağır aralanıb bizə yaxınlaşan tanışımın
yerişindən  anladım ki, işimiz  alınmayıb. Kefim pozuldu. Qalxıb dedim:

          - Bağışlayın ,
getməliyəm. Daş qəlbli insanlarla rastlaşmaq ancaq sizin nəsibiniz deyil.

        Həmsöhbətim  etinasızlıqla mənə baxdı. Ondan aralandım.
Arxamca  səslənən   tərkidünya 
mırıltısı  eşidildi:

          - Daş! Daş! Daş kimə
lazımdır ki!  

 

                                     

 

  

                                   TƏLƏBƏ  DOSTLAR

 

       

        Onlar şəhərətrası elektrik qatarılə inistituta
gedirdilər. Qatar səhər tezdən çıxırdı. Üçü də bir kursda idi.  Şəfəqlə Məhəmməd bir  qrupda , Əfrayılsa başqa qrupda oxuyurdu. Qəribə
trio idi.Yol boyu Şəfəqlə Məhəmmədin hətta  əndazəni aşan  atmacalarını belə Əfrayıl dinməz  təhəmmül eləyirdi. Səsini çıxarmağa qorxurdu.
Çünki ağzını açan kimi atmaca yağışına düşürdü.

        Bu gün oturan kimi
Şəfəq:

        - Məhəmməd, kvant
mexanikasından  axırıncı mühazirəni
qavraya bilmirəm.-deyə mühazirə dəftərini Məmmədə uzatdı.- Bəlkə izah eləyəsən.

        Məhəmməd dəftəri
almadı:

        - İmtahanlara hələ çox var!-dedi- Vaxtı
çatanda izah eləyərəm.

        Başını pəncərənin çərçivəsinə söykəyib
mürgüləyən Əfrayıl gözünü açmadan deyindi:

        - Bu qız ya Landau
olacaq, ya Lifşits. Bizə  rahat yol getməyə də macal
vermir. Hər gün  vaqonu mühazirə salonuna
döndərir.

        Şəfəq tam ciddi:

        - Afərin, Əfrayıl əmi!-dedi.

        Əfrayıl mürgülü
olduğundan qazılan quyunu görmədi. Soruşdu:

        - Nə tərifli iş gördük
ki?

        - Daha Landau ilə
Lifşitsi bir birindən ayırırsan.

        Məhəmməd  uğundu:

        - Bu bir illik ali  təhsilin uğurlarıdır.

        - Mənə elə gəlir ki, Əfrayıl
əmi institutu qurtaranda dahi olacaq!-deyə Şəfəq qeyd elədi.

        - Heç indi də pis
deyil.-deyə Məhəmməd guya Əfrayılı  müdafiyə elədi.-İnkişaf göz önündədir.

        - Hayıf ki, cəmi iki
kəsri var!-deyə Şəfəq pıqqıldadı.

        - Dahilərin həyatına
nəzər salsan görərsən ki,  bu elə də çox
deyil.-deyə Məhəmməd qəh-qəhə çəkdi.  

        Əfrayıl  gözünü açdı, gülüşən dostlarına qanlı-qanlı
baxdı. Köksünü ötürdü:

         - Uşaq-muşaq
yığnağına düşmək budur da!-dedi və yenidən  gözünü yumdu.

        Onun  boyu iki metrə çatardı. Uzun qollarını
yellədə-yellədə yeriyirdi. Öküz kimi güclü ili. Hirslənəndə buğdayı çöhrəsi
kömür kimi qaralırdı.O, dostlarından  yaşlı
idi. Əsgərliyini çəkib gəlmişdi. Neçə il zavodda  işləyəndən sonra ali təhsil eşqinə düşmüşdü.
Bu belə olmuşdu.

         Məhəmmədlə Əfrayıl hasarbir qonşu idilər. Bir
birinin əsli-nəcabətini tanıyırdılar.Keçən il  Əfrayıl  hər gün işdən sonra  eyvanda oturub hasarın o tərəfində  Məhəmmədin 
imtahanlara hazırlaşmağına tamaşa eləyirdi.  Arada balaca dostu ilə söhbətləşirdi.  

         Məhəmmədgilin
həyətlərindəki iri tut  ağacının  altında kənarları bağlı özbək taxtı
qurulmuşdu. Çox  rahat yer idi. Xalçanın
üstündə  bardaş qurmuş  Məhəmməd tək olmurdu. Başına  sinif yoldaşları toplaşırdı. Ən çox da Şəfəq
gəlirdi. Saatlarla otururdu. Onlar  dərsləri
bir yerdə təkratlayırdılar.

         Bu gün   tək
idi. Dəftər-kitabı qabağında olsa da fikri başqa yerdə idi. Məhəmməd
imtahanlara laqeyd yanaşırdı. Özünə çox  arxayın idi . İstənilən instituta girməyə
savadı çatardı.  

          Əfrayıl  soruşdu:

          -Hazırlaşırsan , qardaşoğlu?

         - Hazırlaşıram, əmi.-deyə
Məhəmməd könülsüz cavab verdi.

         - Güman ki, yaxınlarda
ali məktəb tələbəsi olacaqsan- deyə Əfrayıl həsədlə dilləndi.

         -Allah qoysa..       

         Əfrayıl birdən astadan
soruşdu:  

         - Məni də instituta
hazırlaya bilərsən?

        Məhəmməd Əfrayılın
arzusuna güldü:

         -İnstitut sənin yemin
deyil, əmi!

         -Niyə?

         - Gör neçə ildir orta
məktəbi bitirmisən.

         -Nə olsun!

         -Yəqin vurma
cədvəli  də yadından çıxıb!-deyə Məhəmməd
dişini ağartdı.

         - Bəlkə cəhd eləyək?

         - Axı, inistitut nəyinə gərəkdir?-deyə
Məhəmməd təəccübünü gizlətmədi.

         Əfrayıl arzusunun
səbəbini dostuna demədi. Sadəcə:

         - Lazımdır!-dedi.       

         - Əfrayıl əmi, zavodda
işləyirsən, gül kimi sənətin var, qom-qom pul alırsan.-deyə Məhəmməd onun
istəyinə qarşı çıxdı.-Başına niyə cəncəl açırsan?

          -Zavodu atmıram
ki!-deyə Əfrayıl izah elədi- Axşam növbəsində işləyəcəyəm.

          -Olmaz ki, tərsinə
eləyəsən? Axşam şöbəsinə girəsən?-deyə Məhəmməd məsləhət gördü- Deyilənə görə,
müəllimlər axşam şöbəsində oxuyanları elə də sıxmırlar.

          -Xeyr, mən gündüz
oxumaq istəyirəm.

          - Həm işləyib, həm oxumaq
səni əldən salacaq!- deyə Məhəmməd gülümsədi.

          -Dözərəm!

          - İnstitut belə vacib
düşüb?

          - Lazımdır- deyə Əfrayıl yenə inadla
təkrar elədi.-Hə, nə deyirsən?

          Məhəmməd başını
buladı:

          - Yox, mən bu işi
boynuma götürə bilmərəm.-dedi-  Havayı
hamballıqdır. Səndən oxuyan çıxmaz.

          Əfrayıl onun yadına
saldı:

          - Əvvəllər bizim küçənin  palçığı-zığı qurumurdu. Sən kiçik olanda mən
hər gün  səni çiynimə alıb palçığdan
keçirirdim, qolundan tutub məktəbə aparırdım. İndi növbə sənindir. Məni
palçıqdan çıxarmalısan...

           Söz Məhəmmədi  tutdu. Daha Əfrayıla etiraz eləmədi.

           Aralarında altı-yeddi il yaş fərqləri vardı.
Məhəmməd birinci sinfə gedəndə Əfrayıl yekə kişi idi. Onu  məktəbə aparıb-gətirməyi xahişsiz-minnətsiz
boynuna götürmüşdü. Bəzən Məhəmmədin   çantasını qoltuğuna alır,  özünü də 
çiyninə mindirirdi. Məhəmməd uşaqlıqda  zəif idi, yeriyəndə qılçaları bir-birinə
dolaşırdı. Amma həddən artıq dilli-dilavər idi. Əfrayıl onu danışdırmaqdan
ləzzət alırdı.        

          Məhəmmədin iri başı vardı. Cılız belini
qayışla elə sıxırdı ki, görən onun ortadan qırılacağından ehtiyyatlanırdı.
Sısqa gövdəsi yekə başının ağırlığından 
əyilmişdi. Bütün bunlar onun  həmişə civə kimi  hərəkətdə olmağına mane olmurdu. Yekə başı
ideyalarla dolu idi.

          Boynuna götürdüyü
işlə ürəkdın məşğul olurdu. Müəllimliyinə söz ola bilməzdi. İki ay gecəni
gündüzə qatdı,  məzunuyyətə çıxmış Əfrayılı
instituta hazırladı. Şəfəq də bu işdə ona yardımçı idi. Tez-tez  deyirdi:

           -Əfrayıl əmi, sən
imtahanlardan  kəsilsən mən özümü
asacağam.

           -İki kəlləli  müəllimi olan şagird kəsilə bilməz.-deyə
Əfrayıl cavab verirdi.

           İxtisas seçəndə
mübahisələri düşdü. Əfrayıl dedi:

           -Mən sizinlə bir
qrupda oxumaq istəmirəm.

           Məhəmməd
təəccübləndi:

           -Niyə?

           - Müəllimlə şagirdin
bir yerdə oxumağı yaxşı deyil.-deyə Əfrayıl zarafat elədi.   

           Vədə yetişdi. İmtahanlara
üçü də bir girirdi. Əfrayılı ortaya  salırdılar.
Hərə bir tərəfdən  kömək eləyirdi.  Möcüzə baş verdi. Əfrayıl institut tələbəsi
oldu.

          Tələbə biletini alıb
nəhəng sütunlu binadan çıxanda Əfrayıl yalançı pafosla :

       - Quş kimi  qanadlanmaq istəyirəm.-dedi- Mən tələbəyəm.

       Şəfəq özünü saxlaya bilmədi:

        - Əfrayıl əmi, 
institutun yekə sütunları olmasaydı   yerə
girərdi.-deyə onları güldürdü.- Çünki sən də tələbəsən..

        Dərslər başladı. Məhəmmədin gözündən heç nə
yayınmırdı.  Əfrayılla  bir-iki dəfə 
institut kitabxansının  yerləşdiyi
korpusda  rastlaşmışdı. Əvvəl buna fikir
vermədi. Elə bildi kitab götürməyə gəlib. Sonra götür-qoy eləyəndən sonra hər
şeyi anladı. Şübhələrini dəqiqləşdirmək üçün çox vaxt sərf eləmədi. Əfrayıl ,
deyəsən, başına gələnlərdən dərs almamışdı. Yenə  Səbirənin həndəvərində dolanırdı.

        Səbirə  də  qonşuları
idi. İnstitut kitabxanasında çalışırdı. 
Bir üzü qız, bir üzü gəlinidi. Ərə gedib boşanmağı üç ay çəkməmişdi.
Məhəmmədin     böyük
bacısılə cici-bacı idi. Orta məktəbi bir 
qurtarmışdılar.  Tez-tez bir araya
gəlirdilər. Səbirə institut xəbərlərini  rəfiqəsinə
çatdırırdı.           

        Bir dəfə  Şəfəq adi bir şeyi Əfrayıla izah eləməyə
çalışdı. Buna nail olmayanda  heyrətini
bildirdi:

        - Əfrayıl əmi, bu boş başına
 güvənib ali məktəbə girmisən?

        Əfrayıl
hazırcavablıqla:

        - Mən boş başıma yox,
dostlarımın dolu başına  güvənib
oxuyuram.-dedi.

        Şəfəq onun
hazırcavablığından çaşdı:

        -Gör necə dil açıb!-
deyə heyrətləndi.

        Məhəmməd əl çaldı:

        - Yaxşı çavabdır.

        Şəfəq əl çəkmədi:

        - Məhəmməd , sən bu
dəyişikliyə  nə deyirsən?-deyə soruşdu-
Buna səbəb nə ola?

        Məhəmməd Füzulinin bir məşhur beytini
təkrarladı:

         -Məndən Məcnundan da
artıq aşiqlik istedadı var!

          Aşiqi-sadiq mənəm,
Məcnunun ancaq adı var.

          Şəfəq başa düşmədi. Əfrayıl nəsə
hiss eləyib ona  gözünü ağartdı. Məhəmməd
sözü uddu.

         Şəfəqə gözəl demək
olmazdı, amma o qədər suyuşirin idi ki, ən  gözəl qızları  kölgədə qoyurdu. Şaqraq gülüşü, məlahətli səsi
vardı. Dildən də pərgar idi.

         Məlumdur ki, hər bir
dostluğun bir qəliz tərəfi var.Hamımız görə-görə gəlmişik. Dostluqda bərabərlik
olmur. Lap futboldakı kimi. Top ya Məhəmməddə olurdu, ya da  Şəfəqə. Qapçı Əfrayıl idi.

          Şirin dilinə,
baməzəliyinə görə qrupun qızları Məhəmmədin ətrafında fır-fır fırlanırdılar. O,
zehinli olduğundan birinci  smestrdən fakultənin  əlaçılarından idi.  Deyib-gülməkdə ondan geri qalmayan Şəfəq də
həmişə böyründə olardı. Ümumi mühazirələr vaxtı iki-üç qrupun cəmləndiyi
auditoriyaya girən müəllimlərin günü qara idi.  Şəfəqlə Məhəmməd birləşəndə mühazirə  salonu dəli yığıncağına dönürdü.Onların hər
kəlməsi auditoriyada gur qəh-qəhəyə səbəb olurdu.

        Məhəmmədin hafizəsinə
söz ola bilməzdi. Əzbərdən  saatlarla
şeir deyirdi. Auditoriyanı ədəbiyyat dərnəyinə çevirirdi. Hərdən özü də şeir
yazır, tələbə yoldaşlarına oxuyurdu. İnstitut qəzeti Məhəmmədin yazılarını  dərc eləyəndən sonra siyasi iqtisaddan dərs
deyən  İsaməddin müəllim ona dedi:

        -Bala, sən gərək
ədəbiyyat institutuna girəydin. Sən hazır şairsən.

        -Keçmişdə şair olmaq üçün
institut qurtarmırdılar.-deyə Məhəmməd cavab verdi.

        Müəllim razılaşmadı:

        -  Bala, keçmişdə bəlkə belə idi, indi başqa
cürdür.-dedi- Hələ gec deyil.

        -Mən mühəndis olmaq
istəyirəm.

        İsaməddin müəllim
güldü:

        -Onda ədəbiyyatı
boşla.-dedi.

         Məhəmməd  sözgəlişi dedi:

        - Mühəndisə ədəbiyyat
daha çox lazımdır.

        Müəllimlərin çoxu  tezliklə 
Məhəmmədlə Şəfəqin   zarafatlarına
alışdı. Bu  şirin atmacalarda könülə
dəyən bir şey yox idi.

        Bircə  yarımkeçiricilər
fizikasını  tədris eləyən Qasir  müəllim onlarla mübarizə aparırdı. Zarafatlarını
 təhəmmül eləmirdi. İki gündən bir şikayyət
eləyirdi. Hər dəfə Məhəmmədlə Şəfəqi dekanlığa çağırıb danlayırdılar. Axırda onlardan
 söz aldılar  ki,  daha Qasir müəllimin   mühazirələrində  ağızlarını açmayacaqlar.

         Məhəmməd başqa yol
tapdı.  Bilirdi ki, qrup yoldaşı Rüstəmin
bərk  qıdığı gəlir. Diqqətini özünə cəlb
eləmək kifayyətdir. Qasir müəllimin kəsalət gətirən mühazirələri yenidən  canlandı. Məhəmməd  Rüstəmi  səsləyir, diqqətlə ona baxır, barmağını havada
oynadırdı. Virtual qıdıqdan tələbə yerində dingildəyir, uğunurdu. Təbii ki,
uşaqların da arasına gülüşmə düşürdü. Qasir müəllim Rüstəmi qaldırırdı:

          -Bala, nə
soncuxursan?-deyə onu hədələyirdi- Sən ali məktəbi qurtarmaq istəmirsən? Kursda
qalmaq istəyirsən?

          Rüstəm uğuna-uğuna:

          - Müəllim, vallah,  Məhəmməd əl çəkmir!

          Qasir müəllim ona
inanmırdı:

          - Kiri! Gör  Məhəmməd harda oturub, sən harda oturmusan! Öyrəşmisiz
hər şeyi onun boynuna atmağa.

          Tezliklə Qasir
müəllim də onlardan şikayyət eləməyi boşladı.

          Əfrayıl Məhəmmədin ətəyindən
möhkəm yapışmışdı. Dərslər güc gələndə çəkinmədən  onun üstünə qaçırdı. Məhəmməd Əfrayılın
əvəzinə kurs işlərini yazır, cizgilərini çəkirdi. İmtahan vaxtı onu imtahana
hazırlayırdı, zaçot vaxtı zaçota. Korazehin dostunu darda qoymurdu.

            Birinci  smestrin sonu idi. Qasir müəllim axırıncı
mühazirəni oxuyurdu. Auditoriyanın 
qapısı açıldı.Əfrayıl həyəcanlı  içəri təpildi. Müəllim sözünün yarımçıq qoydu,
 narazı qaldı:

           - Sənə nə lazımdır? Mühazirəni niyə
pozursan?-deyə soruşdu.

           Əfrayıl az qala
qışqıra-qışqıra dedi:

           -Mənə Məhəmməd
lazımdır!

           - Məhəmmədi neynəyirsən?

           -Bizim müəllim mənim
kurs işimi qəbul eləmir.

           Qasir müəllim kimi
bir adam özünü itirdi:

           - Yaxşı, buna
Məhəmməd neynəsin?

           - O bizim  müəllimi yola gətirəcək- deyə Əfrayıl
dilləndi.

           - Nə təhər yola
gətirəcək?-deyə Qasir müəllim təəccübləndi.

           - Kurs işini
Məhəmmədlə bir yerdə yazmışıq.

           Məhəmməd dostunu
ağır vəziyyətdən çıxarmaq üçün yerindən qalxdı.  Qasir müəllim  daha özünü saxlaya bilmədi:

            - Allah evini
tiksin, gör nə yekəlikdəsən, az qala  başın tavana dəysin,  əl boyda uşaqdan kömək umursan!

            Əfrayıl ondan
gözlənilməyən bir hazırcavablıqla:

            - Müəllim, o  mənim gözümdə Məhəmməd Əliyə  bərabərdir.

            Qasir müəllim  eynəyini çıxarıb silə-silə söz atdı:

            - Şəfəq xanım lazım
deyil ki?-deyə soruşdu.

            -Yox.

            Qasir istehza ilə:

            - Bəs, Məhəmmədə kim vagirə tutacaq?

            - Bu gün Şəfəqsiz
də keçinərik...-deyə Əfrayıl burnunu çəkdi.

            Qasir
müəllim , nəhayyət, səbrlə gözləyən 
Məhəmmədə bayra çıxmağa  icazə
verdi.

             Məhəmməd dəhlizdə
dostunu danladı:

             - Məni biabır
elədin ki! Mühazirənin axırını gözləyə bilməzdin?

             Əfrayıl danlaqdan
incimədi:

             - Müəllim cədvəli dekanlığa
aparırdı, zorla yola gətirmişəm.Bizi gözləyir.

             - Kurs işində səhv
tapıb?

             - Yox, kurs işi
düzdür!

             - Bəs, səndən nə
istəyir?

             - Deyir ki, kurs
işini sən özün yazmamısan.

             Məhəmməd onu
danladı:

              - Sənə demişdim ,
axı, işi əzbərlə. Yəqin hıqqına-hıqqına danışmısan , müəllim də belə nəticəyə
gəlib də.

              Əfrayıl burnunu
çəkdi:

              - Kurs işini  gecə səhərə qədər südəzbəri eləmişdim, hıqqınmaq
nədir, bülbül kimi ötürdüm.Müəllim də elə buna görə hirsləndi.Soruşdu ki, , ay
tutuquşu, dediklərini anlayırsan? Dedim, anlayıram. Lap hirsləndi.  Məni bircə sualla ilişdirdi. Yoxsa kurs
işinin səliqəısinə valeh olmuşdu. Az qala soruşmadan  zaçot yazacaqdı. Bir sualdan sonra paxırım
açıldı, bildi bunu özüm yazmamışam.

              Məhəmməd qımışdı:

              - Uzatma sən canın, müəllim nə istəyir, axı?

              - Müəllim dedi ki, bu kurs işini yazan oğlanı
yanıma gətirməsən səni kursda saxlayacağam.-deyə Əfrayıl mızıldandı.

              Məhəmməd qabağa
düşdü:

              - Gedək, görək
müəllimin nə deyir!

              Məhəmməd
Əfrayılın müəllimilə çox asanlıqla dil tapdı.Onun sifarişi ilə bir-iki kurs işi
yazmağı boyn oldu. Bundan sonra  müəllim   dostuna zaçot yazdı.

            Hər gün dərslərdən sonra  Əfrayıl Məhəmmədlə Şəfəqi  gözləyirdi.  Evə də bir qayıdırdılar.

            Yay tətilindən
sonra vəziyyət bir az dəyişdi. Şəfəq nişanlanmışdı. Barmağındakı üzüyün
parıltısı adamın gözünü qamaşdırırdı. Həmin gündən  Məhəmmədin rəftarı dəyişdi. İndi Şəfəqlə
yarıkönül danışırdı. Əfrayılınsa  dili
açılmışdı, tez-tez Şəfəqdən soruşurdu:

             -Gəlinbacı, toy haçandı?

             Şəfəq, nədənsə,
kobudluq eləyirdi:

             -Əmi, burnunu bu  işə soxmasan yaxşıdır.

             - Nə olacaq ki?

             Şəfəq könülsüz
halda:

             -Burnunu
itirəcəksən.-deyə onu zarafatla  hədələyirdi.

             - Gəlin bacı, dost
yolunda boran olar, qar olar. Bir burunla kimdi məni tanıyan...

             Şəfəq ona baş qoşmurdu, gülümsəyərək sözü
başqa səmtə yönəldirdi. Dostların münasibətində bir gərginlik yaranmışdı.

             Amma Şəfəq nişanlanandan sonra da köhnə  şakərindən əl çəkmirdi. Məhəmmədin
etirazlarına baxmırdı. Tənəffüzlərdə yenə onun 
qoluna girib dəhlizdə dolanırdı.

             Bir dəfə Əfrayıl
dostuna söz atdı:

             - Mənə elə gəlir
ki, bir gün  nişanlı qızla  qol-qola gəzmək başına bəla açacaq !

             Məhəmməd onun
ağzından vurdu:

             -Sənin falçılığın da varmış!-dedi.

             Əfrayıl əl
çəkmədi:

             -Mən bir sözdü
dedim!

             Məhəmməd irişdi:

             - Biz ki ayrılmaz
dostlarıq.-dedi-  Dost arası pak olar.

             Əfrayıl yerində
qeyd elədi:

             - Odla pambığın dostluğuna inanmıram.

             Bir gün Məhəmməd institutdan tək çıxdı. Şəfəq
neçə gün idi dərsə gəlmirdi. Xəstələnmişdi. Əfrayıl da gözə görünmürdü.Məhəmməd institutun
qarşısındakı bağdan keçəndə qabağını iki nəfər kəsdi. Dinmədən hərəsi bir
qolundan tutub onu ağaclığın dərinliyinə  sürüdülər. Məhəmməd müqavimət göstərmədi.İstəsəydidə
buna gücü çatmazdı.

            
Qoluzorlulardan  biri   kifir idi. Hirslə soruşdu:

               - Adə, sən
nəkarəsən ki, mənim nişanlımın qoluna girirsən?

               Məhəmməd  cüssəsiz qollarını onların əlindən qurtarmağa
çalışmadı. Dəqiqləşdirmək üçün:

                -Nişanlın
kimdir ki?

                - Şəfəq mənim
nişanlımdır.

               Günahını
anlayandan sonra Məhəmməd arxayınlaşdı. Mülayim halda dedi:              

                - Bətəndaş
nişanlı, sənə düz məlumat verməyiblər. Mən nişanlının qoluna girmirəm, nişanlın
mənim qoluma girir.

                Sol qolundan
tutan oğlan gülümsədi. Məhəmmədin baməzəliyini qiymətləndirdi:

                 - Elə olmağına elədir-dedi - Hər
halda sən gərək nişanlı qızdan uzaq duraydın!

                 Qoluzorlu 
nişanlı söhbətin  şirin məcraya
düşməyə yol vermədi. Hökmlə dedi:

                 - Bundan sonra
yerini dəyişərsən.-dedi- Şəfəqlə  bir
partada oturmağı sənə qadağan eləyirəm.

                  Məhəmməd
olduqca mülayim:

                  - Olmaz ki,
bu sözü nişanlına deyəsən?

                  Söz qoluzorlu
nişanlıya təsir elədi. Dilindən qaçırtdı:

                  - Demişəm,
qulaq asmır!-dedi- Dəlisov şeydir, sözümlə durub-oturmaq istəmir.

                   Məhəmməd
qollarını  məngənədən çıxarmağa çalışdı,
yenə  buna nail olmadı, amma dilini
saxlamadı:

                   - Onda sən
nişanlının sözü ilə durub-otur.-dedi-  O
qədər arvad sözü ilə durub-oturan kişilər  var ki! Sən də biri!

                   Bu sözdən
sonra qoluzorlu nişanlı hirsləndi, qolaylanıb Məhəmmədə bir sillə vurmaq
istədi. Əfrayıl özünü yetirdi. Qoluzorlu nişanlının qolundan tutdu, burdu,
ağrıdan çığırana qədər sıxdı. Məhəmmədin o biri qolundan tutmuş ikinci oğlan işi
fırıq görüb yoldaşını darda qoydu,  tez
aradan çıxdı. Əfrayıl nişanlı oğlana qıcandı:

                  - Bir də səni
dostuma yaxın gedən görsəm bez kimi cıraram. Bildin?

                 Nişanlı
ağrıdan inildədi:

                 -Anladım!-dedi
və xahiş elədi- Qolumu burax.

                Əfrayıl onun
qolunu boşladı, dalından diziynən vurdu:

                -Buna
bax!-dedi- Özündən gücsüzə hünər göstərir.

               Onlar ağaclıqdan
çıxdılar. Məhəmməd mızıldandı:

               -Lap vaxtında
özünü çatdırdın!-dedi- Məndə ağız-burun qoymayacaqdılar.

               - Bir az
yubanmışdım-deyə Əfrayıl qımışdı və qollarını ovuşduran Məhəmməddən soruşdu
-Bunlar kim idi? Səndən nə istəyirdilər?

               Məhəmməd üz-gözünü turşutdu:

                - O qolunu
burduğun oğlan  Şəfəqin nişanlısı imiş.

                Əfrayıl bir an
dinmədi. Haçandan-haçana dedi:

                -Sən gərək tez tərpənəydin!

                Məhəmməd anlamadı:

                -Nəyi deyirsən?

                Əfrayıl güldü:

                -Elə bilirsən
Şəfəqi istədiyini bilmirəm?

                -Boş-boş
danışma!-deyə Məhəmməd çaşdı.-Sən hardan  bilirsən , axı?

                - Mən çox şey bilirəm.Hətta onu
da bilirəm ki, Şəfəq də səni istəyir.

                Məhəmməd köksünü ğtürdü:                                                           

                -Daha nə eləmək
olar?-dedi.- İndi o nişanlıdır.

                Əfrayıl inamla:

                -Hələ gec
deyil!

\               -Demək
asandır...

                - Sən ki zəvzək
deyilsən. Yubansan qorxuram mənim günümə düşəsən! Gec tərpənməyim mənə baha
başa gəldi. Səhvimi hələ də düzəldə bilmirəm. Mənim bu işdə kədərli təcrübəm
var...

                Bu hadisədən
sonra Məhəmmədlə Əfrayılın dostluğu daha da möhkəmləndi.

               Bir
neçə gündən sonra Şəfəqi görəndə Məhəmməd qaşqabağını tökdü. Heç nə olmamış
kimi gəlib böyründə oturmuş qıza əyri-əyri baxdı. Əfrayıl yetik-yetik irişdi. Məhəmməd
 Əfrayıldan bir siqaret istədi, durub tambura
adladıqda  Şəfəq onun  qolundan tutub gülümsədi:

           -Məndən qaça bilməzsən- dedi.

           Məhəmməd bu gülüşün
önündə dayana bilmədi, sadəcə dedi:

            - Qaçan mən deyiləm -dedi və
aralandı.

            Şəfəq heç nə olmamış kimi Əfrayıla tərəf
çevrildi:                

             -
Sənin gözünə dönüm, əmi.! O zırramanın 
dərsini nə  vermisən!-deyə
gülümsədi..

            Əfrayıl çaşqınlıqla:

             - İşim elə zırramalarladır da!

            Şəfəq  üzbəüz oturmuş Əfrayıla baxmadan  ondan gözlənilməyən bir kövrəkliklə pıçıldadı

             - Allahdan gizli
deyil, səndən nə gizlədim, əmi, əmioğlu günümü qara eləyib. Hər axşam bacısı
ilə  sifariş  göndərirdi: “-Şəfəq belə otursun! Şəfəq elə
otursun!”

              Əfrayıl  istehza ilə:

              - Kiri, ay qız, xoşuna gəlmirdi niyə
nişanlanırdın?

                Şəfəq burnunu
çəkdi:

                -Dədəmin
işləridir.

               Əfrayıl  təəccüblə:

                -Səni,
deyirsən,  razılığın olmadan
nişanlayıblar?

                - Əlbəttə!  Bilirsən ki, dədəm tərs adamdır! Məndən
soruşmadan bu işi tutub.  Deyir ki, qoy,
var-dövlətim qardaşım oğluna qismət olsun.

                Əfrayıl bilmədi
nə desin. Soruşdu:

                -İndi nə
olacaq?

                Şəfəq
çiyinlərini çəkdi:

                - Olan daha oldu
da.-dedi və üzüksüz  adsız barmağını   göstərdi. – Döyüləndən sonra  əmim oğlu nişanımı qaytarırdı.  Deyib ki, əmi, başqa oğlanın qolundan
sallanan qız mənə lazım deyil. Atam onu zorla yola gətirdi. Amma mən daha onun  üzüyünü  taxmayacağam.  Dədəmin fikri odur ki,...

                Əfrayıl birdən  hirsləndi:

                - Məni sənin
fikrin maraqlandıraır, dədənin yox.

                Şəfəq  başını qaldırmadan:

                - Mən onsuz da
əmimoğluna ərə gedən deyiləm.-dedi.

                Əfrayıl
ehtiyyatla:

                - Məhəmmədə
münasibətin necədir?

                Şəfəq birdən
pıqqıldadı:

                -Əmi, olmuya
mənə  Məhəmmədin elçiliyini eləmək
istəyirsən?

                -Sən sözdən
qaçma! Cavab ver.-deyə Əfrayıl təkid elədi.

                Şəfəq mərd-mərdanə:

                - Həvəslə ona
ərə gedərdim...-dedi.

                -Bəs, o nə
deyir?

                Şəfəq həqiqiqi
bir heyrətlə:

                -Əmi, bu zalım
oğlu hər şeydən danışır , bircə məhəbbətdən danışmır.

                - O danışmır, sən danış.

                -Əmi, lap
xərifləyirsən ha!-deyə Şəfəq istehza ilə dilləndi- Harda görmüsən ki, qız
oğlana eşq elan eləsin?

                Əfrayıl da lağ
elədi:

                -Könlü balıq
istəyənin quyruğu suda olmalıdır.-dedi- Fikrin ciddidirsə, Məhəmmədin hərəkətə
gəlməyini gözləmə.

                Şəfəq birdən
qət elədi:

                -Neynək, bunu
da sınaqdan keçirərik...-dedi.- O yekəbaşa özüm eşq elan eləyəcəyəm.

                Əfrayıl
şadlıqla:

                -Bu başqa məsələ! Bunu  kampotla da olsa  qeyd eləmək lazımdır.-dedi- Dərsdən sonra
Zabit yeməkxanasına gedirik.

                 Məhəmməd  söhbətin axırına qayıtmışdı. Şəfəqə baxmadan zarafata
salmağa çalışdı:

                 - Əmi, hesabı
kim verəcək?-deyə soruşdu.-Təqaüd vaxtına hələ çox var.

                 - Bəlkə atışaq...-deyə
Şəfəq təklif elədi.

                 Əfrayıl başını
buladı:

                 -Mən sizi
dəvət eləyirəm. Deməli, hesab da mənim boynumdadır.

                 O,
axşamlar zavodda işləyirdi. Karlı maaş alırdı. Üstündə həmişə  pul olurdu. Gəzməyə çıxanda dostlarına əlini
cibinə salmağa imkan vermirdi.

              Həmin gündən dostlar
arasında gərgin  övqatdan əsər qalmadı.  Məhəmmədlə Şəfəqin münasibətlərində bir aydınlıq
yarandı.

               Bir gün
Əfrayıl  Məhəmmədgilə gəldi. Həyətdə
oturdular. Əfrayıl sözlü adam kimi susurdu. Dostunun  atmacalarına cavab vermirdi.

                 Məhəmmədin
ürəyinə nəsə damdı.

                - Çoxmu
susacaqsan?-dedi -  Bəlkə dərdini deyəsən?

                Əfrayıl birdən
dilləndi:

                 - Mən Səbirəni
istəyirəm.

                 Məhəmməd  guya inanmırmış kimi:

                 -Mən bilmirdim!-dedi.

                 Əfrayıl ona acıqla
baxdı:

                 - Yaxşı
bilirsən!-dedi-Siçan-pişik oynamağın yeri deyil. Məni pusduğunu elə bilirsən
bilmirəm?

                 Məhəmməd
həqiqətən çaşdı:

                 - Hardan
bilirsən?

                 -Deyirəmsə,
deməli,  bilirəm.

                 Məhəmməd boynuna
aldı:

                  - Bu , doğurdan, belədir.-dedi- Amma  Səbirəni unutsan yaxşıdır.

                  - Niyə?

                  - Yenə
tökülüşəcəklər üstünə.

                  - Bilirsən
ki, mən onlardan qorxmuram.

                  - Qorxsan
yaxşıdır. Qırılmışlar çoxdular.Dayısı oğlanları, əmisi oğlanları, bibisi
oğlanları, saymaqla qurtarmırlar.

                  - Hə,
çəyirtkə kimidirlər. Davalarımız yadındadır?-deyə Əfrayıl soruşdu.

                  -
Yadımdadır.Mən onda uşaq idim.

                  - Uşaq da olsan qiryətli idin. Hər dəfə  onları daşa tutmağın yadıma düşəndə məni
gülmək tutur.-deyə Əfrayıl güldü.

                  - Neçə
nəfərlə vuruşurdun! Sənə yaxın gələ bilmirdilər. Fırfıra kimi fırlanırdın.

                  - Heç indi də
mənə bata bilməzlər.

                  - Səni vurub
öldürə  bilərlər.

                  - Vurub
öldürsəydilər indiyə qədər öldürərdilər.-deyə Əfrayıl gülümsədi.

                  -Bu davaların səbəbi nə idi, axı?

                  -Guya
bilmirsən? Bacın danışmayıb?

                  - Ucundan-qulağından söhbət eləyib. Amma
səhih bilmək istərdim.

                  Əfrayıl
yerini rahatladı:

                  - Səbirə doqquzuncu
sinifdən bizimlə oxuyurdu. İlk dəfə onu görəndə ağzım açıla qaldı.Belə gözəl
hələ dünyaya gəlməmişdi. Atası  vəzifədə
imiş. Təqaüdə şıxandan sonra şəhərdəki evini buraxıb ata-baba ocağına
qayıtmışdı. Səbirə məktəbə gələndə hamı tamaşasına çıxırdı. Ələlxüsus, ağ
paltar geyinəndə adam gözünü ondan ayıra bilmirdi,  göydən enmiş 
mələyə oxşayırdı. Bütün oğlanlar kimi mən də ona vurulmuşdum.  Amma ona yaxın getməyə ürək eləyən yox idi.
Zalım qızının bir metrə dili vardı. Ona söz çatdırmaq olmurdu. Hamını
dalayırdı. Hərəyə bir ad qoymuşdu. Ən çox da mənə ilişirdi. Bəhanə tapan kimi
hoyduya götürürdü. Ağızdan pərtövlüyümə lağ eləyirdi, hoqqar boyuma gülürdü,
bir sözlə , vedrə bağlamaqda usta idi.Həm də   qohum-əqrabalı
idi. Tək  bizim sinifdə dörd-beş qohumu
oxuyurdu. Ona yaxın gedənin  tükünü
didməyə hazır idilər. Ən çox canfəşanlıq eləyən  Conik adlı qohumu  idi. Əsil adı Cahid olsa da hamı onu belə
çağırırdı. Təşəxxüslü oğlan idi. Atasının puluna  güvənənlərdən idi. Varlığa nə darlıq, məktəbə
gündə bir libasda gəlirdi.  Heç demə o da
Səbirəyə vurulubmuş.

                  - Maşallah, lap şair kimi danışırsan ki!

                  Əfrayıl atmacanı eyninə
almadı:

                  - Bir dəfə dəhlizdə
zarafatlaşırdıq. Bir neçə oğlan arxamızda söhbət eləyirdi. Onların arasında
Conik də var idi. Başım qarışdı, birdən  məni
 möhkəm  itələdilər, müvazinətimi saxlaya bilmədim,  büdrəyib yanımdan keçən Səbirəni yerə  yıxdım, özüm də onun üstünə yıxıldım. Allah
üzümə baxdı, qıza bir şey olmadı, bircə burnu qannadı. Amma bu da kifayyət idi.
Səbirənin qohumları  üstümə tökülüşdülər.
Birinə cavab verməmiş o birisi gəlirdi. Müəllimlər bizi ayırdılar. Sonra bildim
ki, bu işi  Conik qurub. Davaların
bünövrəsi həmin gündən qoyuldu.

               Məhəmməd onun
sözünü kəsdi:

               - Sən indiyə
qədər  ürəyini Səbirəyə açmamısan?

               - Xeyr!

               - Niyə?

               -Mən ondan qorxuram.

               -Səbirə, bəyəm,
adamyeyəndir?

               -Dilindən
qorxuram.-deyə Əfrayıl yazıq-yazıq boynunu bükdü-

Bilirsən ki, Səbirə orta məktəbi bitirən kimi instituta girdi.
Kitabxanaçılıq fakultəsinə. Mən heç yerə getmədim.Məktəbi zorla
qurtarmışdım.  Oxumaq mənim işim deyildi.
Səbirəni  görmək üçün hər gün  dalınca instituta  gedirdim. Xəlvətə çəkilib baxırdım. Bir gün
təsadüfən rastlaşdıq, qaçıb gizlənə bilmədim. Səbirə  rəfiqələrinin 
yanında məni o qədər  doladı ki,
elə sözlər dedi ki, yadıma salanda indi də xəcalət çəkirəm. Tezliklə məni əsgər
apardılar. Dedim, unudaram . Amma  unuda
bilmədim,  hər gecə onu yuxuda görürdüm.
Ordudan qayıdanda  onun nişanlandığını
eşitdim. Elə bil dünya uçdu, altında qaldım. Sonra özümə gəldim. Zavodda işə
girdim. Sənəti tez götürdüm. Yaxşı qazanırdım. Pulum pul idi, hörmətim hörmət.
Səbirə institutu qurtardı, ərə getdi. Keçən il 
ərindən ayrıldığını eşidəndə ,düzü , sevindim. Qərara gəldim ki,
instituta girəcəyəm, onu hər gün görəcəyəm.

               Məhəmməd
qımışdı:

               - Sənin ləğəbin
nə idi? Məktəbdə sənə nə ad qoymuşdular?

               Əfrayıl könülsüz
halda:

               - Heç yeridir?

               Məhəmməd əl
çəkmədi:

               -Sən cavab
ver...

               - Mənə o qədər adlar qoyublar ki,
sayı-hesabı yoxdur.-deyə Əfrayıl da güldü- Hansını bilmək istəyirsən?

               Məhəmməd uğundu:

               - Uyarlılarını
deyə bilərsən?

               - Mənə qorilla da  deyirdilər, dəvə də deyirdilər, qozbel də
deyirdilər... Yenə sadalayım?- deyə Əfrayıl mızıldandı.

               Məhəmməddə can
qalmadı:              

               - Hahaha!-deyə
qəh-qəhə çəkdi- Bu adları  sənə kim
qoymuşdu?

               - Səbirə
qoymuşdu.

               - Yaman deyib
ha!-deyə Məhəmməd  yenə uğundu- Mənə
elə  gəlir ki, sənə bu ləqəbləri verən
qız sənə qarşı laqeyd deyil.

                  Əfrayıl
təlaşla :

                  - Bunu
öyrənməyi sənə həvalə eləyirəm.-dedi- İndi əl məndən, ətək səndən.

                  Məhəmməd təzə tərləmiş bığ yerini sığalladı:

                  -Boş-boş danışma. Mənə niyə
yalvarırsan?-dedi-  Mən ki  qız atası deyiləm!

                  Əfrayı onun
sözünü eşitmirmiş kimi:

                  - Bir yol
tap!-deyə yalvardı.

                  -Söz verə bilmərəm!

                  -Niyə axı?

                  - Sən
Səbirəni tanıyırsan. Xoş sözünü balla yemək olmur.

                  -Bacının
rəfiqəsidir ki! Evinizə tez-tez gəlir...

                  -Səbirə belə
şeyləri eyninə alan deyil.

                  Əfrayıl
incik-incik baxdı:

                  -Mənim
gümanım sən idin!-deyə qalxdı.

                  Məhəmmədin  könülsüz dedi:

                  -Dostum, mənə
bir-iki gün möhlət ver, görüm neynəyirəm.-deyə Əfrayılı yola saldı.

                  Bir həftə keçdi. Neçə gün idi həsrətdən
solub-saralan Əfrayıl yol boyu susurdu, arada Məhəmmədə gözaltı baxırdı,  amma heç nə demirdi. Bir gün Şəfəq  Əfrayıldan  soruşdu:

                 -Sənə nə olub?

                 Əfrayıl
mızıldandı:

                 -Xəstələnmişəm...Halım yoxdur.

                 Heç nədən şübhələnməyən Şəfəq güldü:

                  -Rəngin  yaxşıca ağarıb, Əfrayıl əmi!-dedi- Xəstəlik  səni gözəlləşdirib.

                   Məhəmməd
qımışdı:

                   -Əfrayıl əmini
 gözəlləşdirən xəstəlik  deyil...

                    Əfrayıl
mızıldandı:

                    -Kişini
gözəlləşdirən hülqumudur!-dedi və durub tambura çıxdı.

                    Məhəmməd
dərhal susdu. Şəfəq diqqətini topladı:

                     -Olmuya
məndən nəsə gizlədirsiniz?-deyə soruşdu.-Heç utanmırsınız?  Danış görüm...

                     Məhəmməd  başını buladı:

                     - Deyə
bilmərəm! Sirr sahibi mən deyiləm, Əfrayıl əmidir.-dedi.

                     Şəfəq əl çəkmədi, onu xeyli dilə
tutdu. Məhəmməd dözə bilmədi,   için-için gülərək  Əfrayılın uğursus məhəbbətinin tarixçəsini  danışdı. Şəfəq ürəyiyanıqlıqla:

                     -Dostumuza
kımək eləməliyik!-dedi və onu danladı- Sən isə hırıldayırsan.

                     Məhəmməd
gülməkdən yaşarmış gözlərini sildi:

                     -Nə
təhər?-deyə soruşdu- Bu da kurs işi 
deyil ki, qoyaq qabağımıza yazaq, Əfrayıl əmimiz də köçürsün.

                     Şəfəq
handan hana:

                     - Mənim
bir təklifm var.-deyə dilləndi.

                  Məhəmməd 
Şəfəqi diqqətlə dinlədi. Onun  təklifini bəyəndi. Bir neçə gün də keçdi.
İnstitut qəzetində dərc olunmuş dörd şer tələbələrin həyəcanına səbəb oldu.
Qəzet əllərdə gəzirdi. Yazıların altında 
Əfrayılın adı dururdu. Dəyərli şeirlər idi. Hamı mat qalmışdı. Demə  köntöy Əfrayıl  şair imiş!  Təbriklərdən Əfrayıl başını itirmişdi. Qəzet
əlində tez Məhəmmədin üstünə qaçdı. Dostunu çəkə-çəkə  dəhlizin axırına apardı:

                     -Adə, bu
nə oyundur başıma açırsan?-deyə çığırdı.

                     Məhəmməd
irişdi:

                     - Xoşuna
gəlməyən nədir?

                     -Məndən
şair olar?

                     -Vüsala
çatmaq istəmirsən?

                    
-İstəyirəm, amma belə həlləm-qəlləm yolla yox.

                     - Bilmirsən ki, vüsala çatmaq üçün
bütün yollar məqbuldur?

                     -Bunun
axırı nə olacaq?

                     - Axırı da
yaxşı olacaq.-deyə Məhəmməd ona ürək-dirək verdi.

                    Əfrayıl
qorxa-qorxa soruşdu:

                    - Səbirənin  şerlərdən xəbəri varmı?

                    Məhəmməd
hırıldadı:

                   
-Əlbəttə!-dedi- Qəzeti özüm aparıb ona çatdırmışam.

                     Əfrayılın
rəngi ağardı:

                     -Nə oldu?

                     Məhəmməd cavabı qəsdən yubatdıqda Əfrayıl yalvardı:

                      -Ürəyimi
partladacaqsan, qardaşım, danış !

                     Məhəmməd
irişə-irişə dedi:

                      - Səbirə
sənin  şerlərini oxuyandan sonra  madım-madım mənə baxdı. Soruşdu ki , Əfrayıl  əvvəl də şer yazırdı? Dedim ki, yox, təzəlikdə
başlayıb. Dedi ki, yəqin başı xarab olub! Dedim ki, məhəbbət hər şeyə qadirdir.İnsana
saz çaldırır, söz  dedirdir. Səbirə
soruşdu ki, Əfrayıl kimə vurulub ki? Dedim ki, sənə , ay Səbirə bacı . Dedi ,
ola bilməz. Dedim,  niyə? Dedi ki, indiyə
qədər bircə dəfə də bu barədə danışmayıb. Dedim ki, səndən qorxur . Səbirə  bir az fikirləşib dedi ki, eləsə qoy ağlını
başına toplasın, indi aşıqlıq vaxtı deyil. Soruşdum ki, ona nə deyim?
Gülümsədi, amma heç nə demədi.

               Əfrayılın üzü sevincdən  işıqlandı:

               -De, sən öl!

               Məhəmməd  şadlıqla güldü:

                -Sən öl!-dedi.

               Əfrayıl dedi:

               - İndi mən
neynəyim?

               -Özünü Səbirənin
yanına ver.-deyə Məhəmməd məsləhət gördü.- Sözünü de.

              Əfrayıl tərəddüd
elədi:

               - Bəkə sən mənim
sözümü çatdırasan.

               Məhəmməd  dedi:

               - Bağbani adında
bir şair olub. Onun bir beyti  var: Yarı
özün gör, özün danış, Ev yıxar ara sözü.

               Əfrayıl  başa düşmədi:

               - Şeri xırdala
görüm...-deyə xahiş elədi.

               Məhəmməd özünü
saxlaya bilmədi:        

               - Əmi , sən necə
də kütsən !-deyə onu acıladı- Yəni sən özünü yubanmadan   kitabxanaya verməlisən! Şerin mənası budur!

            Əfrayılı, işi düzələndən sonra,  tanımaq olmurdu. Kişi əməlli-başlı yaraşığa
minmişdi. Daha geyiminə-geciminə  fikir
verirdi. İki gündən bir dəlləkdə idi.  İnstituta Səbirə ilə bir gedib-gəlirdi. Sevgililər səhərlər qonşu
vaqona minirdilər. Onlar tanışlardan 
qaçırdılar.

             Məhəmməd Əfrayıla
görə narahat idi. Gizlicə sevgililərin  arxasınca  düşdü. Bir-iki həftədən sonra narahatlığı
keçdi.  Məlum oldu ki, ehtiyyat  əbəsmiş. Səbirənin qohum-əqrabasından  onların sevdasına maneçilik eləyən tapılmadı.
Keçən illər hər şeyi yerbəyer eləmişdi.

               Dostları Əfrayılın
 üzünə həsrət qalmışdı. O, Məhəmmədlə
Şəfəqi uzaqdan uzağa salamlayırdı, söhbətləşməyə vaxt tapmırdı. Onun günü   kitabxananın
yerləşdiyi korpusda keçirdi.

             Bəli, işin
gedişatından belə görünürdü ki, tezliklə toy olacaq.

             Amma belə olmadı. Əfrayıl yenidən dostlarına
yan aldı. Şəfəq məzəmmətlə dedi:

              - Əmi, hələ
evlənməmisən bizi unutmusan!

              - Belə getsə
evlənməyim çətin söhbətdir.-deyə Əfrayıl deyindi.

              -Məhəbbət elə bir
bəladır ki, giriftar olmayan bilməz.-deyə Məhəmməd gülümsədi.

              Əfrayılın  əndişəli görkəmi Məhəmmədi məzələndirirdi:

              - Şəfəq ,
dostumuz oxu daşa dəymiş ovçuya oxşayır.-dedi və Əfrayıldan soruşdu - Danış
görək, ovu harda əldən buraxmısan.

              Əfrayıl nəm-nüm eləmədən açdı
sandığı, tökdü pambığı, dostlarından heş nə gizlətmədi:

               - Qısası,  evdə razı deyillər.

               Məhəmməd
təəccübləndi:

               - Nə deyib razı
olmurlar?

               - Deyirlər,
boşanmmış arvaddan bizə gəlin olmaz.

               Məhəmməd bilmədi
nə desin. Şəfəq ehtiyyatla soruşdu:

               - İndi fikrin nədir?

               Əfrayıl
sıxıla-sıxıla :

               -Gümanım  sizədir.-dedi- Axşam yığışın  bizə gəlin.

               Məhəmməd şübhə
ilə:

               -Gəlməyinə
gələrik, amma bunun nə xeyri?

               - Bəlkə onu inandıra
bildiniz.

               - Kimi nəzərdə
tutursan?-deyə Şəfəq heyrətləndi.

               Əfrayıl acıqla:

               - Anamı deyirəm
də...-dedi.- Açığı, hamı razıdır, aranı qarışdıran anamdır.

               Məhəmmədin ağzı
açıla qaldı. Şəfəq çığırdı:

               - Sənin başına
hava gəlib? Ananı Tofiq Dadaşov da inandıra bilməz. Dilli arvaddır. Onu yola
gətirmək bizlik deyil.

                Əfrayıl bunu
bilirdi. İncik halda əlini yellətdi:

                - Sizin də elə
hap-gopunuz var, bərk ayaqda geri verirsiniz...-deyərək bir siqaret şıxartdı,
yandırıb tambura çıxanda  Məhəmmədin
səsinə çevrildi.

               Dostu :

                - Ağlıma bir
şey gəlib.-dedi- Yaxşı, biz cəhd eləyərik. Tutar qatıq, tutmaz ayran...Amma bir
şərtim var.

               Əfrayılın üzü
güldü:

               -Nə desən
eləyərəm.

               - Bir-iki gün evə getmə, başqa yerdə
qal.-deyə Məhəmməd onu öyrətdi- Qoy Bilqeyis xala elə bilsin ki, sən evdən
qaçmısan.

               Müxtəsər hazırlıqdan sonra  işə başladılar.  Məhəmmədlə Şəfəqi  Bilqeyis xala 
top-tüfənglə qarşıladı.   

               - Ay yekə baş
kişi, adını dost qoymusan, aylarla qapımızı açmırsan.-deyə onu qucaqlayıb öpdü.

              Şəfəqə çox üz
göstərmədi. Onun oğlanlarla dostluğunu bəyənmirdi.  İstehza ilə:

              - Ay qız, sorağın həmişə oğlan
yığnağından gəlir!-dedi və kiçik qızına işarə elədi.- Şəfəqi apar  otağına. Mənim bu yekəbaşla söhbətim var.-dedi.

              Şəfəq Bilqeyis
xalanın narazılığını eyninə almadı, yerindən tərpənmədi.  Məhəmməd izah elədi:

               -Xala, Şəfəqlə  ikimiz də eyni işə gəlmişik.

               Xalanın sifətindən bir intizar
kölgəsi keçdi, onlara eyvandakı divanı göstərdi:

                 - Eləsə keçin oturun.-dedi və qızına tapşırdı-
Çay-çörək hazırla.

                 Sonra  qonaqların yerbəyer olduğunu görüb giley-güzara
 başladı:

                 -  Yəqin ki xəbəriniz var.İki gündür Əfrayıl
evdən didərgin düşüb.  Sizin  bu cüvəllağı dostunuz başımıza oyun açır.
Evlənmədi, evlənmədi, indi seçdiyi qıza bax! Üzü üzlər görmüşün birisini
ocağımızın başına keçirmək istəyir. Nə söz eşidir, nə məsləhətə durur, elə
dediyini deyir. Deyirəm, oğlum, xalanın gül kimi qızları var, hansını deyirsən
alım sənə,  nə düşmüsən bu əldən çıxmışın
dalınca. Daşdan səs çıxır , ondan səs çıxmır. Başına ağıl qoyan lazımdır. Siz
də çəkilmisiniz  kənara. Eşitsə yenə sizin
sözünüzü  eşidər. Onu evə qaytarın. Deyin,
yad qızına görə adam anasını ayaqlayıb keçməz. 
 

                Məhəmməd
bilirdi ki, indi danışmaq havayı şeydir. Bilqeyis xala ürəyini boşaltmasa
dayanan deyil. Nəhayyət , araya düşən pauzadan istifadə elədi:

                - Əfrayıl əmiyə
söz qandırmaq olmur, xala.

                - Niyə elə
deyirsən,bala. Sənin adın Əfrayılın dilindən düşmür. Lap zərb-məsəl
olmusan.-deyə Bilqeyis xala etiraz elədi.

                 - Xala, oğlun
hır-zır qanmır ey!-deyə Məhəmməd Şəfəqə göz vurdu - Qorxuram ondan.

                   Bilqeyis
xala özünü itirdi:

                   - Nə
danışırsan?-dedi-Allah tərəfi, oğlum başıaşağı oğlandır, hələ bir sözümü iki
elədiyi olmayıb. Xasiyyəti də  ipək kimi yumşaqdır.
Rəhmətlik atasına çəkib. O da qarışqanı tapdalamazdı.

            Şəfəq işarəni anlayıb dərhal gümanla dedi:

             - Əfrayıl əmi  bəlkə evdə elədir, xala,  amma bayırda üzünü görmə.

              Məhəmməd Şəfəqdən
razı halda:

               -
Bəli, bəli, -dedi- Sözümüz çəp gələn kimi salır məni  şillə-şapalağın altına!

                Bilqeyis xala ağzı açıla qalmışdı:

                -Bəs belə de!

                Məhəmməd şövqə gəlmişdi,  qaradan başqa boyaq  tanımırdı. Əfrayılı rəngləyirdi.

               - Hə , xalacan, əvvəllər belə deyildi,  instituta girəndən sonra dəyişildi. Hələ
keçən il bir sevdaya düşmüşdü, qabağını zorla aldım. Dedim  ki, əmi,  bu sevdadan əl çəkməsən kurs işlərini
yazmayacağam, sənə əl yetirməyəcəyəm, səni də  institutdan qovacaqlar.Yalnız bundan sonra
sevdasından əl çəkdi.

               Bilqeyis xala
başa düşmədi:

               -Sevda nəyə deyirsən?

               - Yəni evlənmək
istəyirdi...-deyə Məhəmməd dəqiqləşdirdi.

               Bilqeyis xala quruyub qaldı.

                - Evlənmək istəyirdi?-deyə boğuq səslə
soruşdu.-Kimə?

                Məhəmməd
burnunu çəkdi:

                -Bir rus
qızına.

                Bilqeyis xala
çımxırdı:

                -Bir əməlli
danış. Bu rus qızı hardan çıxdı?

                - Bizim
institutda rus bölməsi  var. Orada  Rusiyadan gələn qızlar oxuyur. Əfrayıl əmi  onlardan  birinə vurulmuşdu.

                 Bilqeyis xala
heyrətlə:

                 -Doğurdan?

                 - Əlbəttə, xala .-deyə Məhəmməd dodağını
büzdü- Yaxşı ki, qabağını ala bildim.

                 Bilqeyis xala
az qala üzünü cırsın:

                 - Bir elə matışkəmiz
çatmırdı!

                 Məhəmməd
başını tərpətdi:

                 -Mən də onu deyirəm də! İndi Səbirəyə quşu
qonub. Gəl, sən razı ol, Əfrayıl əmi  hərdəmxəyal şeydir,  bir də gördün fikrini dəyişdi, köhnə sevdaya
qayıtdı. Rus qızı hələ də onun ətrafında fırlanır, əl çəkmir. Səbirə isə ,necə
olsa, özümüzünküdür. Həm də Əfrayılla bir sinifdə oxuyub.

                 Bilqeyis xala
hirslə:

                 -Adə, nə
boş-boş danışırsan. Sən mənə Səbirəni tanıdacaqsan? -dedi-  Mən oğluma boşanmış arvad alım?

                 Məhəmməd işə
başqa tərəfdən yanaşdı:

                 - Xala, Səbirənin
şəhərdə  mənzili var. Dədəsindən qalıb. Əfrayıl
əminin  beyni qandır, səndən rüsxət
almadan evlənsə, neynəyəcəksən?

         Bilqeyis xalanın gözləri doldu:

         - Bu oğulluq olmadı ki!

         Məhəmməd onu dilə tutdu:

         - Odur ha! Daha tərslik eləmə, xala, razı
ol. Könül sevən göyçək olar.-dedi.

          Şəfəq də boş dayanmadı. Qalxıb kövrəlmiş
Bilqeyis xalanın qucaqladı:

           -  Xala,
Səbirə yaxşı qızdır. Yazığın bəxti gətirməyib boşanıb. Buna görə onu öldürmək
olmaz ki!-dedi.

           Ortaya çay gəldi, araya sükut çökdü.  Bilqeyis xala 
birdən bomba kimi partladı:

           -Üçünüz də bir bezin
qırağısınız..-dedi və sakitləşmiş halda -Ona deyin , qoy nə istəyir, eləsin.
Təki evə qayıtsın.

           Bu minvalla Əfrayılla Səbirənin işləri sahmana
düşdü. Bir-iki aydan sonra  üfüqdə toy
mərasiminin işartıları görünürdü.

            Bu nümundən görk
götürən Şəfəq  hadisələri tələsmədən  iradəsinə tabe elədi,  əmisi oğlunun nişanını qətiyyətlə qaytardı. Çox
keçmədi ki, Məhəmmədin elçiləri qapılarını döydü. Sonra baş verənlər səadət
adlanır. Burda hekayəni  bitiririk.
Səadət haqqında  hekayə yazılmır.