icon
icon
icon
icon

HEKAYƏ

                                       

                                            HƏKİM

 

                         Fikrət -həkimin  rəhmətə getdiyini eşidib çox kədərləndim. Düzdü, elə də  cavan deyildi,  yetmişdən çox yaşı vardı,  amma onun ölümü  qəm-qüssəmə səbəb oldu.

                       Qonşuluğumuzda,  bir neçə məhəllə aralı, döqquz mərtəbə evlərin birində  yaşayırdı,  qəsəbədəki xəstəxanada işləyirdi. Onu çoxdan tanıyırdım, aramızda isti münasibət yaranmışdı. Sağlamlığımda bir problemim olanda  xəstəxanaya getmirdim, ərklə  mənzilinin qapısını döyürdüm.  Həkim deyildi, loğman idi, hər dərdin dərmanını bilirdi. Çolma-cocuğumun da müalicəsinə Fikrət həkim baxırdı. Dosta-tanışa da onu məsləhət görürdüm. Allah adamın üstündədi,  yanından hamı razı qayıdırdı.

                         Fikrət-həkimlə  tanışlığımızın maraqlı tarixçəsi var. Bir iyirmi ilin  söhbətini eləyirəm. Sizdən iraq, çənəmə bir sızanaq çıxmışdı.  Bu həkimə getdim, o həkimə getdim, heç biri dərmanını  tapa bilmədi. Türkəçarələr də kömək eləmədi, yara sulandığından özümlə qətfə gəzdirirdim ki, onu qurudum. Lap xəcalət çəkirdim. Dedidilər ki, qonşuluqda bir yaxşı həkim var, adı Fikrətdi, evində də qəbul edir. Getdim yanına. Baxan kimi dedi ki, düzələn şeydi. İnanmadım. Fikrət-həkim o biri otağa keçdi, bir azdan bir sulu dərmanla qayıtdı. Tənzifi isladıb qoydu çənəmin üstünə. Bir neçə dəqiqədən sonra yara oldu qup-quru.  “-Əhsən”- dedim, “şirvanın” bərk gedən vaxtı idi,  ona  düz iki “şirvan”  pul verdim. Dedi ki, biri bəsdi. Nə illah elədimsə, ikincini götürmədi. Elə dedi, biri bəsdi.

                             Beləcənə biz tanış olduq.

                             Rəhmətlik yeyib-içən kişi idi.  Haçan rastlaşırdın onunla, yapışırdı yaxandan ki, gedək bir çörək yeyək.  Vaxtım  olanda imtina eləmirdim.  Adamı əlini cibinə salmağa qoymazdı,  hesabı həmişə özü verirdi. Hələ zarafat eləyirdi  ki, pul çap eləmirəm ki, sizin verdiklərinizi  sizin yolunuzda  xərcləyirəm də.

                            Dolu  qrmızı sifəti,  oynaq xırda gözləri  vardı.   Həmişə ağappaq, şax, nişastalı  xalatda olardı.  Başqa geyimdə onu təsəvvür eləmək mümkün deyildi.  Fikrət-həkimi  elə küçədə-bayırda da ağ xalatda görürdüm.

                            Oğul-uşaqdan  nəyi vardı, nəyi yoxdu bilmirəm, amma  özünə korluq verən kişi deyildi. Arada mənzilinə  ağ xalatlı qadınların gəlib-getdiyini görürdüm. Sorşanda da deyirdi ki, asissentlərimdi.  Bunun həqiqət, ya yalan olduğunu demək çətin idi.

                             İndi  onun ölümünü eşidəndə nə hala düşdüyümü təsəvvür edirsiniz də! Belə bir həkimi, belə bir gözütox  insanı itirmək necə də  ağırdı.                           

                         Yolumu onların məhəlləsindən saldım.. Rastlaşdığım tanışlardan soruşdum ki, dəfn haçandı. Dedilər ki, indilərdə  yerdən götürəcəklər! Ona son borcumu vermək fikrinə düşdüm.  Qonum-qonşu yığışmışdı, bir azdan molla  həyətdəki ağacın haçasına qalxdı,  salat dedi. Tabutu endirdilər, Fikrət-həkim ikinci mərtəbədə yaşayırdı,  mafəni üstü açıq QAZ-El-ə qoydular. Həyətdə işgüzar bir əhvali-ruhiyyə  hökm sürürdü. Dünyadı da, bəzən yaşlı adamlarıa  heç yaxınları da ağlamırlar. Bir azdan mafə qoyulmuş maşın qabağa düşdü.  Qəbristanlıq yaxında olduğundan piyada gedirdik.  Yanımda addımlayan kişinin  sifəti  mənə tanış gəldi,  söhbətə nərdivan qoymaq fikri ilə:.

                        -Deyəsən sizi hardasa görmüşəm, axı?-Soruşdum.

                        - Mən Rahim-həkiməm -dedi.-Yəqin  xəstəxanada görmüsən.

                         Adını qürurla çəkməyindən anladım ki, tanınmış adamdı. Rahim-həkimin də xeyli yaşı olardı. Dəqiq deyə bilmərəm, bəlkə elə Fikrət-həkimlə yaşıd  idi. Müqaisədə  mən onların yanında körpə uşaq idim. Cəmi əlli yaşım vardı.

                         Maraqımı az-çox  təmin elədiyimdən məmnun halda:

                         -Rəhmətliklə   həmkarsız ki!

                         -Bəli!- Rahim-həkim gülümsədi.-Amma Fikrət həkim deyildi,  feldşer idi.

                           Rahim-həkim baməzə adama oxşayırdı. Dodaqları dişinin üstünü  örtmürdü, elə irişirdi.                          

                           -Yəqin zarafat edirsiz!-Ona yanakı baxdım.- Fikrət-həkim əsl həkim idi.

                            Rahim-həkim  mənə lağ elədi:

                            -Nədi, onu mənə tanıdacaqsınız ?! -Sonra əlavə elədi-Dünənə qədər biz bir xəstəxanada, bir şöbədə işləyirdik.

                             Gördüm ki ,gülə-gülə danışsa da Rahim-həkim zarafat eləmir. Çaşıb qaldım. Handan hana dedim::

                              -Onun qəbuluna  bilirsiz  nə qədər adam  gəlirdi?  Xəstələrinin sayı-hesabı yox idi.

                              Rahim-həkim həsədlə:

                               -Bunu bilirəm.

                              Mən inamsız halda:

                              -İyirmi ildi onu tanıyırdım. Yazdığı dərmanın bir də boşa çıxmazdı,  həmişə yaxşı təsir edirdi.-dedim.

                            -Bilirəm, amma fakt faktlığında qalır,-deyə Rahim əllərini yana açdı.-Rəhmətlik  həkim deyildi.

                            Mən son dəlilimi gətirdim:

                             -Yazdığı reseptlərin çoxu qalıb, məndədi. Gətirərəm, baxarsınız.

                             -Ehtiyac yoxdu. Onun reseptlərini ya mən yazırdım, ya da həmkarım Hökumə xanım. Reseptləri  yanaşı qoysanız,  xətlərdəki fərqi görərsiz.  Fikrət özü resept yaza bilmirdi. Mənim xəttim kələ-kötürdü,  Hökümə xanımın xətti isə yaraşıqlıdı.

                              Rahim- həkimin dediyində bir həqiqət var idi. Yadıma düşdü ki,  Fikrət-həkimin  reseptlərinin bəzisinin qara-qyrasə çox olurdu, oxumaq çətin idi,  bəzilərinin  səliqəsinə  isə söz ola bilməzdi, elə bil qadın xətti ilə yazılmışdı. Təəccüblə soruşdum: 

                              -Niyə belə eləyirdiniz ki?

                               -Uzun söhbətdi...

                                -Gizlidi?

                                 Rahim-həkim gülümsədi:

                                 - Daha gizlətməyin yeri yoxdu. Fikrət haqq dünyadadı, dediyimin ona ziyanı çətin dəysin.  Bizim bir ahıl baş həkimimiz vardı. Mənə də, Hökumə xanıma da çox yaxşılıqları keçmişdi. Aman- zaman bir oğlu Fikrət idi. Bizimlə yaşıd idi. Oxumaqla arası yox idi. Tibb texnikumunu zorla qurtarmışdı. Baş həkim rəhmətə gedəndə Fikrəti bizə tapşırmışdı. Yeyib-içən adamdı. Gördük acından öləcək. Feldşerlikdə nə pul var ki! Hökümə xanımla məsləhətdən sonra  qoşduq cərgəmizə. Belə-belə onu həkim elədik.

                                   -Sizsiz dərman yazmırdı?

                                    -Yox. Bir dəfə bir dərman yazmışdı, xəstə ölürdü, zornan diriltdik.  Odu-budu bizsiz dərman yazmırdı.

                                   -Deməli, məni iyirmi ildi feldşer  müalicə edirmiş?

                                    -Belə çıxır da!-dedi, və yenə irişdi.

                                    Mafəni aparan maçın  qəbristanlığa girəndə  məni   axmaq bir  gülmək tutdu,  heç cür özümü saxlaya bilmədim. Həmsöhbətimi tək buraxıb mənə qınaqla baxan adamlardan aralandım, ayağğabımın bağını bağlamaq bəhanəsi ilə kənara çəkilib  doyunca güldüm.  Sonra camaatın dalınca qəbristanlığa  yollandım. Üzügülər Rahim-həkimlə yanaşı yerimi tutdum. Dəfni yarımçıq qoya bilməzdim ki!  Fikrət-həkimi torpağa  təbəssümlə tapşırdıq.