icon
icon
icon
icon

HEKAYƏ

                                            

                                      NARAZILIQ

 

 

                      Dini icmanın sədri ilə axund arasında düşən sərinlik icmanın üzvləri arasında da fikirayrılığına səbəb oldu. Buna ixtilaf demək olmazdı,  xırda bir narazılıq idi,.Əlbəttə, heç bu da mömünlərə yaraşan iş deyildi. Amma ikitirəliyin binası qoyulmuşdu. İcma üzvlərinin bir qismi axundun , başqa bir qismi sədrin tərəfini saxlayırdı. Qarşılıqlı ittihamlardan məlum olurdu ki, qarşıdurma labüddür. Artıq özünü büruza  verirdi. Adi bir hadisədən  ara qızışdı.

                    Məscid təzə tikilmişdi, kiçik idi, eyni vaxtda əlli nəfər ibadət eləyə bilərdi, artıq adam yerləşmirdi.

                    Cümə namazına bir saat qalmışdı. Cümə xütbəsinə hazırlaşan axund Xanbala  dedi:

                  -Deyirəm, ibadətlərimizə bir yenilik gətirək. Hacı Xurşudun yaxşı bəlağəti var, səsi də gurdu. Namazdan sonra  sözü ona versək, necədi?-Soruşdu, dərhalda təklifini əsaslandırdı.- Hacı yaşda bizdən böyükdü, elə başda böyükdü. Məktəb direktoru olub, ölkənin əməkdar müəllimidi...

                  Məscidin bünövrəsini qoyanlardan biri olan balacaboy hacı Dəsgah   oturduğu yerdə bir balaca  dikəldi. Hamının diqqətini şəxsiyyətinə yönəldiyinə əmin olandan sonra soruşdu:

                  -Bəs, hacı Baxış nə olsun, axund? Bu işi ona tapşırmışdın, axı! Kişi birnəfəsə yüzdən çox  dua oxuyur, duaların biri  də o birini təkrarlamır. Belə bir sinədəftəri işindən  kənarlaşdırmaq olarmı?

                 Hacı Dəsgah Sura höküməti dağılan kimi Məkkəyə həcc ziyarətinə gedənlərdən  idi.  Qulaq asan tapanda atobusla Türkiyəyə, ordan Suriyaya, ordan da İraqa getməyindən , başına gələn sərgüzəştlərdən saatlarla danışmağı sevirdi. Hər yerdə də sözü keçirdi. Sözünün kəsərli olmağının bir səbəbi də vardı. Hacı Dəsgah köhnə ticarətçilərdən idi. Vəziyyəti əvvəl də yaxş idi, heç indi də pis deyildi.  Kifayət qədər imkanlı, dövlətli kişi idi.

                Axund hörmətlə hacı Dəsgaha tərəf baxdı:

               -Hacı Dəsgah, hacı Baxışı heç kim kənarllaşdırmır. Hacı Xurşudun  dua-sənası  bir neçə dəqiqə çəkəcək,  söz yenə hacı Baxışındı.

                 Telefon əlindən düşməyən Məşədi Qulam sosial şəbəkələrdə aktiv idi. Məscidin səhifələrini idarə edirdi, xəbərləri izləyirdi. Axundun sözünü kəsdi:

                 -Hacılar, biz Mayanmidə baş verənlərə münasibətimizi bildirməliyik. Müsəlmanları qırırlar...   

               Hacı Əlvan icma sədri idi. İddialı adam idi,  vəzifəyə təsadüfən gəlib çıxmışdı. Ülgüclə qırxılı yastı başı dumbula oxşayırdı.  Dini təhsili yox idi, bu sahədə piyada olsa da lazım oldu, ya olmadı  şəriət məsələlərinə qarışır, icma üzvlərinin gülüş yerinə çevrilirdi. Məşədi Qulamın sözünü kəsdi, narazılıqla fısıldaddı:

               -Heç bunun yeridi, məşədi?-dedi, sonra təklif elədi- Axund, bəlkə mənə də söz verəsən,  bir neçə dua da mən oxuyum.

               Axund mülayyimliklə:

                -Hacı, sən çox dualar oxumusan.-dedi-İndi icmanın təzə üzvlərinə  söz versək məsləhətdi.

                  Hacı Əlvan əl çəkmədi:

               - Uşağı təzə ayaq-baş eləmişəm. Oğlumu deyirəm. Hamınız  toyda olmusunuz. Bir neçə hacətim var. İki il ötüb, hələ də nəvə üzünə həsrətəm. Allah rizası üçün  hacııların diləklərimə  qoşulmasını istəyirəm.

                 Axund sözündən dönmədi:

               -Bütün hacətlərindən  hacılarımızın xəbəri var, indi növbə o biri hacılarındı. Sən tək deyilsən ki!  Hamı məscidin kəramətindən bəhrələnməlidi.

                 Hacı Əlvan bu etinasızlıqdan incidi. Birdən yerindən qalxdı, axundun otağından çıxdı. Hacı Dəsgah ürəyiyanıqlıqla:

                 -Axund, hacı Əlvana bir-iki dəqiqəlik söz vermək olardı.-dedi.

                Axund  başındakı əski təsəyin üstündən başını qaşıdı,  iri gözlərini bərəltdi:

                 -Hacı Dəsgah, hacı Əlvan adam yarıdan mömün deyil. Beləsinə iş tapşırmaq olmur!-dedi- Əvvəllər nəzir qutularına baxırdı. Bilirsən niyə  kənarlaşdırdım?

                  -Niyə?

                   -Qaydaya görə , qutular  üç nəfərin iştirakı ilə açılmalıdı. O isə  təkbaşına açırdı. Qınıyanda da özünə əl qatırdı ki, mən heç nəyə əl vurmuram, halalıma haram qatmıram.

                    -Hər şeydən şübhələnmək olmaz, axı,  axund! Hacı Əlvan qədim hacılarımızdandı.-deyə hacı Dəsgah inamsız halda hacı Əlvanı müdafiə elədi.-Mənimlə həcc ziyarətində yol yoldaşı olub.

                     Məşədi Qulam yenə telefonunda nə oxudusa  sızanaqlı burnunu qırışdırdı:

                      -Vay-vay! Bütpərəstlər gör nə qədər müsəlman qırıb. Etirazımızı bildirməliyik...

                     -Hələ dayan!-deyə bayaqdan susan hacı Baxış cibindən bir varaq kağız çıxartdı, qoydu ortalığa.

                         Hacı Dəsgah eynəyini cibindən çıxarıb kağızı  qabağına çəkdi. Kəbin kağızının surəti idi. Doldurulmuşdu, amma axundun xəttinə oxşamırdı. Hacı Baxış izah elədi:

                    -İcma sədri axundan xəbərsiz, onun kəbin blanklarının surətini çıxarır, xəlvəti kəbin kəsir, pul alır! Belə şey harda görünüb? Bir nəfər dünən  mənə gətirib. Hacı Əlvanın əməlidi. Bəs, buna nə ad verəsən?

                    Hacı Dəsgahın təəccübdən çənəsi sallansa da inamsızlığı keçmədi:

                    -Bəlkə aravuranların işidi, hacı Əlvanın boynuna atırlar! Kişi əvvəllər bələdiyə sədri olub, axı!

                     Hacı Xurşud dizinə keçirtdiyi  kepkasını  başına qoydu, axundun işarəsi ilə söhbətə başladı:                   

                     -Demək çirkinlikdi, amma deməsəm olmaz. Bilirsən ki, hacı Əlvan bir neçə ay mərasim zalında müdirlik eləyib.  Dünən  bir nəfər gəldi yanıma.  Atasına il verirdi. Mərasim zalının qiymətini biləndə təəccübləndi. Soruşdu :”-Qiymətləri təzə endirmidsiz?” Dedim  ki, yox, neçə vaxtdı elə bir qiymətlə işləyirik. Gördüm inanmır, əlavə elədim ki,  biz al-ver eləmirik, qarşımıza pul qazanmağı məqsəd qoymamışıq, mömünlərimizə xidmət edirik.  Həmin adam dedi:”-Atamın üçünü burada vermişəm,  amma məndən bu pulun iki mislini alıblar”.  Deyirəm, ola bilməz.  Dedi, hacı Əlvan  ölməyib ki, gedib soruşa bilərsiz..

                     Hacı Dəsgah fikrə getdikdə axund dedi: 

                     -Hacı, hacı Əlvan sən tanıyan adam deyil. Dəyişilib.

                      Hacı Dəsgah, nəhayət ki, inandı. Köksünü ötürüb daha hacı Əlvanı müdafiə eləmədi. Cümə namazının vaxtı çatdığından qalxdı:

                       -Dünyanın işlərdən baş açmaq olmur, gedək  ibadətimizi edək.

                       Hamı yerindən tərpəndikdə məşədi Qasım telefondan oxudu:

                     -Gör, nə gözəl yazıb! Görəsən kimindi? -dedi- Dünya duracaq yer deyil, ey dil, səfər eylə!