icon
icon
icon
icon

  Linda

       Dostu iti ona pay verirdi. Nə qədər elədisə, pul götürmədi. Həyətinə baxan keşikçi ilə getmişdi. Uzaqdan itə baxan kimi onu bəyəndi. Zəncirdə atılıb-düşür, ağzından tüpürcəq sıçradaraq hürürdü. Gözlərindəki vəhşi parıltıdan adamın zəhri yarılırdı.

         -Bunu necə aparacağıq?

         -Çox asan! Zəncirini sənə verən kimi səni sahibi kimi tanıyacaq.

        -Belə asan?

        -Daha nə olacaq ki?

        -Ovçarkadı?

        -Təmiz cins deyil!

        Dostu iti zəncirdən açdı, boynundakı xaltadan tutub yaxın gətirdi:

        -Xaltasından tut!

       Onu dişləmək istəyən itin xaltasını əlinə alan kimi itin gözlərindəki vəhşi parıltı söndü, qart mırıltısının çeşidi dəyişildi,  sonra tamam kəsildi. Mən bağbanı yaxına çağırdım. Ona mırıldayan itin xaltasından yapışdı, yenidən it sakitləşdi.