icon
icon
icon
icon

Yeni səslər

NƏSR-2

MİNARƏNİN  ƏRİ

 

                Minarə dükan-bazarı, ev-eşiyi bütöv tapşırmışdı ərinə. Bunu ona eyib tutan  qohum-qardaşa cavabı bu idi : “ Mən elmlə məşqulam, mətbəx arvadı deyiləm.” O, elmi-tədqiqat institutunda işləyirdi. Səhər saat səkkizdə gedər,axşam saat altıda qayıdardı. Qohum-qardaş səbrlə gözləyirdi ki,haçan onun elmi bəhrə verəcək. Elə əri dəı gözləyirdi. Gözləyə-gözləyə də cibi dükan-bazar toru gəzdirməkdən torbalaşmışdı.

                Minarənin əri ( madam ki,qohum-qonşu onu bu adla tanıyır, biz də çox dərinə getməyək; kişiyi bir ayrı ad  qoymayaq ) hansı orkestrdəsə, əyri boru – musiqici dililə desək tranbon çalırdı. Axır vaxtlar  bədii rəhbəri əvəz edirdi. Qazancı azdan az, çoxdan çox idi. Yəni aydan-gündən asılı idi. İnsafən pis çalmırdı. Minarədən savayı dünyada sevdiyi ikinci şey vardısa biri işdə çalıb, elə işdə qoyduğu tranbonu, digəri isə məşq üçün evdə çalıb, elə evdə də saxladığı əyri borusu idi. Niyə də sevməyəydi ? ! Bu borunu çalanda hansı şənlikdəsə Minarəni gördü . Bir könuldən min könulə necə vuruldusa, elə çala-çala evləndi. Daha sonra uşaqları oldu.  İndi də çox şükür çala-çala onları əsrəyə çatdırırdı.

             Dünyada bir gileyi vardısa, o da Minarənin deyinməyi idi. Kişi onun açılıb-yumulmayan ağzını titrəyən görəndə canına vicvicə düşürdu, deyirdi bəs, üstünə ikiağıziı əjdaha gəlir. Minarəni dünyalar qədər sevsə də ürəyindən keçirdi ki, kaş, bu arvad lal doğulardı, onda qiyməti olmazdı!...

             İstirahət günü, günorta idi. Minarənin əri mətbəxdə qapı-pəncərəni basdırıb borunu əlinə almışdı. Bu xoş yaz günü bala-bala püləyirdi. Dünya-aləm yaddan çıxmışdı. Arvad nə vaxt başının üstünü almışdı, nə demişdi eşitməmişdi. Minarə də çıxdı özündən. Əlini necə yellətdisə az qaldı boru kişinin boğazına gedə.

                Minarə dedi:

                _  Uşaq əmziyə dadanan kimi, sən də boruya dadanmısan!- Sonra hökm elədi: - Dur, divara bir-iki mıx çal! Şəklimi böyütmüşəm, çarpayının üstündən asacağam.    Al, bu çəkic, bu da mıx.

                Kişi dinməzcə qalxdı, sözü çevirmədi. Otağa keçəndə soruşdu:

                _ Bir mıx çalım, iki mıx?

                Arvad qəti:

                ­­_ İki dənə,--dedi.—O boyda  şəkli bir mıx saxlayar heç!! Bəlkə divara hayfın gəlir?!

                 Kişi cavab vermədi. Bilirdi ki, söz sözü çəkəcək. Göstərilən yerə mismar qoyub çəkiclə çaldı. Amma mismar bir dırnaqdan artlq divara işləmədi. Bir parça suvaq qoparıb əyildi. Minarə ufuldadı:      

                 _ Bir az asta! –dedi. --  Divarı dağıtdın. Heç elə də çəkic tutarlar,  mıx çalarlar?! O qədər tranbon çalırsan ki, mıx çalmağa da hey qalmayıb səndə.

                  Kişi dinməzcə ikinci mismarı onun əlindən aldı... Bu da əyildi. Minarə hikkələndi. Döşəməyə səpilən suvağa yana-yana baxdı. Boğma çixartdı:

                  --Uff... Day bu nə kişilik oldu?! İki mıxdan birini divara çala bilmirsən!—dedi və  süpürgəni götürdü.-- Nənəm  elə düz deyir ki, indikilər nə kişidir! Allahın mağmunudurlar. Babam bir küt balta ilə ərəbə təkəri də yonardı qaşıq içi də çıxarardı. Bəs sən? Odur televizor orda, radio burda zəlil! Soyuducunun gürultusu qulaq batırır.

                    Kişi astadan:

                    __ Mini , bəsdi,--dedi.

                    Minarə körüklənmiş alova döndü:

                    __Hə bəsdi, əşi—dedi—ömrün  boyu özgələrinə çalançılıq etmisən, mənim üçün iki mıx çala bilmirsən.

                    __ Kişi yalvardı:

                     __ Ay başına dönüm!  Nə etmək olar,divar betondur! Elektroburğu  taparam, sabah mıx yeri açaram, qurtarar gedər də!

                      Minarə bu sözdən az qala dəli oldu:, dəmirə! Divarbir qonşunu götür...- və  xırp kəsdi. Minarənin ərinə bircə anlığa yazığı gəldi. Sonra isə valın o biri üzünü çevirdi: -  Gedib özünə iş tapmısan: “Tranbonçalan”. Soruşurlar: “ Ərin nəçidir?” Qalırsan belə. Deyirəm: “Musiqiçidir”. Yenə soruşurlar: “ Nədə çalır?”  Candərdi deyirəm: “ Nəfəsli alətdə”. Bundan sonrakı sualdan adamın nəfəsi gedir day bir də qayıtmır. Heç olmazsa klarnet çalaydın. O qaraca Şərif qədər də deyilsən. Çala-çala Bakının yarısını ərə verib, yarısına da  arvad  alıb.

                       “ Ay allah, mən onu necə susdurum? Qışqırım? Yox, bu ona təsir etməz. Vurum? Qaçıb qohum-əqrəbanı tökər bura. Gərək onda əlimə alam tranbonumu çala-çala gedəm bu şəhərdən” –kişifikirləşir, əlac tapmırdı. Bu ara Minarə, həmsöhbətinin səsinə ehtiyac duydu. Soruşdu:

                        __ Hə, nə gözünü döyürsən, yalan deyirəm?

                        __ Sözündən belə çıxır, kim klarnet çalır, betona da mıx çalır?!- soruşdu.

                       __  A,a, a, kişidə üzə  bax ey! – Minarə təəccübləndi.—Mən elə dedim.

                        __  Yaxşı, bes dərdin nədir? Az gətirirəm? Pis çalıram?

                        Minarə enidən od aldı:  

                        __Əh... Bu da söz dedi! “ Pis çalıram?” Yaxşı çaldın xeyri nədir?!

                        Kişinin dərddən ürəyi çəkilirdi. Əgər bu dəm əlinə əyri borusu keçsəydi,elə bir “ yetim segah” çalardı ki, bütün çalğıçılar onun yanından çala-çala keçərdilər.

                         O, birdən yerindən atıldı, elə bil kişini ilan çaldı. Minarənin qolundan tutdu :

                         __ Bəsdi, daha ! –qışqırdı .—Bəsdi!  İşdə hamı mən deyənlə oturub-durur, amma mən evdə , hələ də sən çalanla oynayıram...Bəsdi!

                        Və darta-darta onu mətbəxə apardı. Minarənin bişirdiyi xörəkdən cəld bir çömçə çəkdi boşqaba .Yedi.Sonra bir çömcə də çəkdi, “ piş-piş”—çağırdı.

Qoydu boşqabı yerə. Pişik qaça-qaça gəldi. Bir ağız edi,  geri sıçradı. Yazıq-yazıq miyoldadı. Qapıya getdi. Kişi qışqırdı :

                          ­­__ Gördün?! Allahın pişiyi də yemədi. Mənsə hər gün bunu yeyirəm. Çala-çala ağzımın dadını itirmişəm.—Onun gözləri yaşardı.—dublyonkan üçün çalıram, qolbağın, saatın üçün çalıram, gül kimi balalarımız var—onlar üçün alıram, toy gəldi çalıram,yas gəldi çalıram... Ömrüm çala-çala gedir. Ay məni çala-çala qəbrə qoyasan!  Bəsdi də!

                         Minarə döyükə-döyükə baxırdı. Əri ilk dəfə idi ki, belə “bül-bül” kimi ötürdü. Sözlər sanılı qoz  kimi çıxırdı ağzından və dəyirdi Minarənin başına.

                         Bu çalhaçal çox çəkəcəkdi. Amma iki qəribə iş oldu. Əvvəl bu oldu ki, Minarə ağladı. Gözündən gildir-gildir yaş gəldi. Elə ağlaya-ağlaya da :

                        __ Daha bəsdi—dedi.

                         Sonrası qəribəlik yox, mö’cüzə idi. Dünyanın yeddi möcüzəsinin yeddisi də yalandı bunun yanında. O, da bu idi ki, ogündən Minarənin əri nə hava çalırdı, Minarə də o havaya oynayırdı.

                         Bu belə! Amma kişinin ürəyində bir niskili qaldı. Bu da nə ola, nə olmaya, ola ad məsələsi. Qonum-qonşu yenə də biçarəni Minarənin əri kimi tanıyırdı. Kişi birçə bu ad məsələsində çala-çala qaldı.

 

                                                   HEÇ NƏ İTMİR

 

 

                   “ Get, 90 nömrəli açarı gətir!” Gətirdim, “ Kabeli aç!” Açırdım.” İzolyasiya tap, məftil tap!” Həm onu, həm də bunu tapırdım. “ Baş energetiki çağır!” Çağırırdım. Bəzən də çox qorxduğum tapşırığı verirdi : “ Bışkaya qalx,elektrik xəttini yoxla!” Külək olanda, yağış yağanda çıx, yoxla, görüm, necə yoxlayırsan! Buna baxmayıb qalxırdım. Bütün bu buyruqlardan sonra oturub bir az dincəlmək istəyirdim, rahatlanmaq istəyirdim, əzazil adam isə əmri əmrə calayırdı:”Qaç su gətir!” Mən də qaçdım. Çünki... o iyirmi il işləyib VI dərəcəli elektrik olmuşdu, mənim briqadirim idi, məncə hazırına nazir olmuşdum, institutda beş il “ baş girrəyib” aldığım mühəndis-energetik  ixtisası ilə V dərəcəli elektrik işləyirdim...Yadına gəlir də, qurtarında təyinatımı bura vermişdilər. İdarə rəhbərləri bir-iki gün gözlədilər, gördülər dalımca “ mürəbbi-filan” gəlmir, zəng edən də yoxdur. Dedilər: -- “ Bir ay, ay yarım elektrik işlə, təcrübə qazan, şəraitlə tanış ol, sonra səni mühəndisliyə keçirərik”.

                    Gördüm çığır-bağır salmağın yeri deyil, dedim:

                   __Neynək, işlırəm!

                   O işləməklə 8 ay montyotr işlədim. İnsafən pis də qazanmırdım. Bir az da elə buna görə tərpənmirdim. Bu neçə vaxtı sən neyləyirdin? Mərdəkanda, DRES-də mühəndis işləyirdin?  İndi də? Babətdir. Ancaq deyəsən bizimlə qurtaranlardan elə qabaqda gedəni mənəm. Sonra nə cür olacaq ki? Beş il məftil çəkmək, izolyator sarımaq üçün oxumamışdım ki. Bir gün yapışdım rəisimizin yaxasından:

                     __ Yoldaş rəis, mənə iş ver!

                     Gördüm, nəm-nüm edir, daha durmadım, elə sabahısı getdim nazirliyə. Nazir müavini məni qəbul etdi. Dərd-sərimi danışdım. Uzun sorğu-sual etmədən, məni birbaşa öz idarəmizə böyük energetik tə’yin etdi. Necə? Rəisiniz hirslənmədi? Əh...Rəhmətliyin nəvəsi,hirslənib neyləyəcək. İndi texniki təhlükəsəzlik şöbəsinə başçılıq edirəm. Maaşım da pis deyil!     

                     ...Sənin axtarıb məni tapmağın əla oldu. Çoxdandır uşaqlarımızdan heç kimi görmürəm. Gedərik restorana, düm deyənəcən “qırmızıgözdən”, ”ağbaşdan” vurarıq. Tələbə deyilik ki, qəpik güdək. Bilirsən, qardaş, dünyada heç nə itmir, heç nə yaddan çıxmır...

                       Onu deyirdim axı, yaqxınlarda bizdə qəza baş verdi. Günahı da elektriklərdə olub. Odur ki, texnik təhlükəsizlik şöbəsi qərara aldı ki, elektriklərin ixtisas səviyyələri yoxlanılsın. Komissiya təşkil edib imtahan keçirtdim. Bəzilərinin dərəcələrini aşağı saldıq,  bəzilərinin iş sahələrini dəyişdik. Köhnə briqadirim özünü biabır etdi, ən adi suallara cavab verə bilmədi. Kəsdim dərəcəsini, iki ay müddətində II dərəcəyə endirdim. Yalvardı, yaxardı: “ Balalarım var, kəsmə çörəyimi!”

                      Deyirəm: -- “ Ə kişi, bes o boyda buruq yansa, yaxşımı olar?” Axır, o qədər sıtqadı ki, cəza müddətini bir aya endirdim. Amma nahaq, gərək endirməyəydim. Niyə?... Əvvələn, ona görə ki: dünyada heç nə itmir. İkincisi də bax budur: mən fiziki əməyin əleyhinə deyiləm, əksinə, bəzən zehni əməyə görə nisbətdə ona üstünlük verirəm.  Amma o briqadir məni elə insafsızcasına o yan bu yana qovurdu ki, yadıma düşəndə tüstüm təpəmdən çıxır. İnanmazsan, əvvəllər əllərimin, ayağlarımın ağrısından  gecə səhərədək yatmazdım. Bəli, dynyada heç nə itmir... Pəncərədən bax, görürsən, aşağıdan keçən odur. Ə kişi, onu yox, əlində məftil aparan o yoğunu deyirəm. Sən, deyəsən, bayaq su istəyirdin? Bu saat gətirdim. Elə pəncərədə açıqdır.

                     ---Briqadir, ay briqadir! Ə kişi, başını yuxarı qaldır, buradayam, kabinetimdə. Ələykəsalam, hara gedirsən? 445-ci buruğa? Nə olub ki?  Xətt yanıb? Deməli, onu təmir etmək istəyirsən? Qulaq as , briqadir, qaç bir termos çay gətir... Eybi yox, gözləyərlər. Daha yubanma. Yolüstü evimizə dəy, deginən bu gün gec gələcəyəm, işim var. Di durma!...   

 

                                            

DAŞ    HASAR.

 

                        İslam kişi bir köhnə  kişidir. Vaxt var idi, dik bığları göz çıxarırdı. Onda cavan idi. Gec  evlənmişdi. “ Allah, allah” deyirdi ki, bir  oğul qırığı olsun, o öləndən sonra onun çırağını yandırsın. Amma qızı qız üstündə gəlirdi. Birincisinə sevindi;  ikincisinə “ Nə olar” –dedi ; üçüncüsünə “ Bəsdi” –dedi –arvad  durmadı, “Qızbəs” –dedi , arvad  dayanmadı, “ Kifayət”—dedi ; gördü , yox ey, deməknən murad  hasil olmur. Deyəsən bu qızların yolu asfaltdandı.  Cavanlıqdan dik dayanan bığları şaxını itirdi, gün-gündən sallandı aşağa.

                        İslam kişi qızları əl-ayağ açandan  iki gözu vardısa, ikisni  də borc aldı. Evin ətrafındakı çəpəri sökdü, daşdan adamboyu hasar qaldırdı. Beşinci qızdan sonra hasar bir daş da qaldırdı. Yeddinci qızdan sonra eyvana çıxanı  heç təyyarədən də görmək olmazdı. İndi onun evi qalacaya oxşayırdı. Kimsə də o həndəvərdə dolanmazdı.

                       Qızlar böyüyürdü. Onların yaşıdları çoxdan ərə getmişdilər. Hərə bir hasarsız evdə gəlinlik edirdi.İslamın qızları isə hər dəf-dumbul səsinə evdən çıxır, daş üstə daş qoyub hasardan boylanırdılar. Elə boylana-boylana da qalmışdılar, gözəl-gözəl, çirkin-çirkin qızlar ev oldular, ər sahibi oldular. İslam kişi isə fikirləşirdi ki, hasarı bir daş da qaldırsın, ya yox?  Qorxurdu ki, yad nəzəri onlara sədəmə toxundurar. Yrəyini gecə-gündüz  şübhələr üzürdü: “Bır də gördün bir atasından bixəbər çıxdı yolun qırağındakı tut ağaçına boylandı heyətə...Yox, o ağacı da kəsmək lazımdır. Qoy, bu yay keçsin...”—öz-özlüyündə qərarlaşdırdı.

                        Yayın axırı idi. Axşamüstü İslam kişi eyvana çıxmışdı .Hasarın  yanındakı tut ağaçında  rəhmətlik Əlinin oğlunu gördü.  Hirs vurdu təpəsinə, bığları deşərəm ha deşərəm qalxdı. Qeyzlə soruşdu:

                        __Adə, neynəyirsən orda?!

                        __Axşamınız xeyir, İslam əmi! –oğlan sakitcə dilləndi.—Tut yeyirəm. İki ildi bu xar tutun üzünə həsrətdim.

                         Onun adı Vəli idi. Əsgərlikdən təzə qayıtmışdı. Sürücü işləyirdi. Yekəpərin biri idi. Maşına qalxamda , yalan olmasın, maşının bir yanı yatırdı yerə.

                        __Düş aşağı!—İslam qışqırdı, sonra eyvana çıxmış qızlara acıqlandı.—İtilin evə! İndi sənə tut yeməyi göstərərəm.

                        Axırıncı söz Vəliyə aid idi.

                       __Heç dəxli var! –Vəli təəcübləndi.—İndi qoymazsan bu ehsan tutundan doyunca yeyim?

                       İslam dəli kimi qışqırdı:

                       __ Kəs, haramzada! Sən tut yeyən yetim deyilsən! Özgə həyətinə boylanırsan!

                       Oğlan quruyub qaldı.

                       __ İslam əmi, nə danışırsınız ?—dedi .—Dörd-beş il qabaq olduğum həyət deyil? Axı, orda nə var ki,baxım da ?!

                       Bu sözdən İslam kişi daha bərk acıqlandı:

                       __ Məni qana salma, küçük, düş aşağı! –Bə hələ də evə keçməmiş ortancıl qızına qolaylandı. O, üzünü tutub kənara çəkildi, amma yenə evə keçmədi. Bu qız Vəli ilə yaşıd idi, səkkizinci sinfə qədər bir yerdə oxumuşdular.

                       Vəli qıpqırmızı oldu. Elə bil şapalaq ona dəymişdi.

                       __İndi ki, belə oldu,--qışqırdı. –Mən bu hasarın daşını daş üstə qoymaram.

                       Ayağını hasara dayadı. Güc verdi. Bir sıra daşla qaldırılan hasardan daşlar calbalanmış qoz kimi yerə töküldü.

                       __Adə...Adə...—İslam kişi özünü yetirincə, hasar darvaza boyda açıldı. Onlar əlbəyaxa oldular.

                        Qonum-qonşu töküldü gəldi. Onları araladılar. İslam o gündən yatağa düşdü. Vəli isə aradan çıxdı. Bir il haralardasa itib-batdı. Günlərin bir günü onu kənddə gördülər.

                         Bu il ərzində çox sular axmışdı. İslamın üç qızından başqa qalanları ərə getmişdi. Qızların qalan ikisi xırda idi, ərlik yaşı yoxdu. O birisi isə Vəli ilə yaşıd olandı, bütün elçiləri də geri qaytarmışdı.

                         Vəli bütün bunların hamısına qulaq asandan sonra elə gəldiyi axşam İslamın qızına elçi göndərdi. Elçisi atasının dostu idi. Vəli onu gqclə razı saldı. İslam xeyli fikirləşəndən sonra “Razıyam!”—dedi . Bununla da elçini lap heyrətləndirdi.

                           Toy oldu.

                           İslam kişi hasarın dağılmış yerinə hələ də əl vurmamışdı. Əvvəl nasaz idi, sonra xeyir iş xeir iş üstünən oldu. Hasar da elə elə qaldı. Vəli bir dəfə utana-utana dedi ki, gəlim oranı qaldırım.

                           İslam yenidən dikəlmiş bığlarını sığallayıb,gülümsədi:

                           __ Lazım deyil, oğul! –dedi.—Qorxuram, hasarı təzələyəm iki xırda qızım bəxti bağlana. İnşallah, gələn ildə-zadda onları  da köçürəcəyəm. Evdə daha kim qalacaq ki ?! Heç kim! Bir qarım qalacaq, ona da çoxdandır hasar-filan lazım deyil...

 

 

 

 

DƏDƏMİN     TƏSBEHİ

 

          

                            Nə vaxtdandı dədəm mənə göz verib işıq vermirdi. Bir sözlə əzbər olub düşmüşdü dilinə. Otururdu deyirdi dururdu deyirdi, çörək üstə deyirdi, çay içəndə deyirdi. Bir əli bığında, bir əli təsbehində deyirdi. Qara bığın tərpənişi, qara təsbehin dən-dən şıqqıltısı həmin sözlə elə bir trio idi ki, ahəngi məni dəli eləyirdi.

                        Dediyi nə olsa yaxşıdır?  Nə olsa yaxşıdır?

                       __Ay oğul, gəl, səni evləndirək!

                       Mən də doldururdum ətəyimə daşları, bir-bir atır, başımı da qabaq tuturdum.

                       __Evlənmək nədir, əşı—deyirdim .—İndi evlənənin gərək yeddi başı olsun.

                     Dədəmin təsbehi dən-dən olurdu, məni dilə çəkirdi:

                     __Sən gəl bu daşı ətəyindən tök. Bir halal südəmmiş alaq sənin üçün. Daha çənəmin çüyü çıxıb, saqqalım ağarıb, bu gün varıq, sabah yoxuq. Hələ onu demirəm, səndən də kiçikləri var, axı... Onları  da yola yetirənə qədər bizimki bizə yetəcək... Hə, oğul

                      Bu qəmli söhbətdən ürəyim bir tikə olur. Əlim boşalır, daşlar tökülür ətəyimdən. Deyirəm:

                      __Dədə, başına dönüm, razıyam amma əhd eləmişəm. Əhdim yerinə yetməsə evləndi yoxdu.

                      Kişi sevincindən təsbehi cibinə atdı və dedi:

                      ­­__Hə...Sözünü de!—dedi

                      Üzümə ələk tutub əhdimi birnəfəsə düdülədim:

                      __Əhdim maşındır, dədə! Bir maşın al, elə günü sabah evlənim!

                      Dədəm necə çeçədisə, yalan olmasın beş dəqiqə özünə gələ bilmədi . Anamın gətirdiyi çaydan bir qurtum alandan sonra sinəsi yumşaldı. Dili söz tutar-tutmaz dedi:

                       __ Ə qırışmal, atam məni heç at-arabaya da şərik eləmirdi, gərək evlənməyəydim?

                       __Şərik etmədi deyəndə, sonra arabanıbütöv sənə verdimi?!

                      Dədəm mərd-mərdanə:

                       __Verdi!—dedi . İndiki zamanənin də at-arabası maşındır... Özün deyirdin ki?

                        Kişi təcbehi əlinə alır, bir dərin ah çəkir,soruşur:

                         __Oğul,neçə ildir institutu qurtarmısan? Beş il olar?

                         __Olar! –amma  mən də mərd-mərdanə cavab verirəm.

                         __Belə!—Təcbehdə bir dən düşdü.—İnsafnan de : bu beş ildə qazancın nə olub?!

                          Bu yerdə dilxor oluram:

                          __Hə olub olub da!

                          __Yox, ay oğul, xətrinə dəyməsin. Görək bir maşın təkəri qədər evə xeyir veribsənmi?

                           Mən qulağımın ardını qaşıdım :

                           __Maşın təkəri qədər xeyir vermişəm! –dedim.

                           Atam  təsbehində  bir dən saldı. Üzünü anama tutdu.

                           __Arvad , xəzinədarımız sən! Oğlun  düz deyir?

                            Anam lap baltanı kökündən vurdu:

                           __Daha burda özgəsi yoxdur ki! Aldığın yüz olub, yüz otuz olub , indi də yüz əllidir! O yandan  vermisən, bu yandan almısan. O üz-bu üz yol  xərcin,

 

                           Atam təsbehdə saldığı dəni gəri qaytardı. Özündən razı:

                           __Bu belə!—dedi .—Bəs eləsə mən maşını nə ilə alım, ay oğul? Beş hazır yiyənim var, səni çıxıram. Bunlarla heç  velosipet də almaq olmaz—təsbehi mizin üstünə atdı.

                            Mən əlimi uzadıb götürdüm:

                           __Dədə,təsbehi olar?—Soruşdum .—Dədəm tərs-tərs mənə baxdısa da dinmədi. O,təsbehini heç kimə vermirdi. Mən özümü o yerə qoymayıb

bir dən saldım :

                            __Ay dədə, deyək mən hec,-- dedim,-- sən ki adlı-sanlı maşinistsən. Elədirmi? Elədir. Ayda üç yüz, dörd yüz qazanırsanmı? Qazanırsan.Allahın bir maşını nədir, axı, ala bilmirsən? Qonşunu götür... Elə Kəblağanı  deyək. Dükandardır, yetmiş –həştad manata satıcı işləyir.Maşınları qoşa-qoşa!  Bu biri... Cəfər  kişi zavodda qarovulçudur, bir təzə “ Qaz-24” –ü var.  Bu üçü. Zərgər Ağanı day demirəm. Alt-üst tikdirdiyi evini satsa on dənə “Qaz-24”olar. Daha qapısındakı bir cüt maşını demirəm... Bu dördü...

                        Mən dedikcə təsbehin dənələri bir-bir düşür, şaqqıldayırdı. Yarıya çatmışdım ki, dədəm dartıb təsbehi əlimdən aldı. Ayağa qalxdı, acıqlandı mənə:

                        __Sənə min kərə demişəm ki, təsbehe əl vurma!—dedi  və o biri otağa keçdi.

                         Mən rahat nəfəs aldım! Amma bilmədim dədəmi hirsləndirən nə oldu: təsbehi əlimə götürməyim, ya təsbehdə saldığım hesab?!