icon
icon
icon
icon

Yaxşı oğlanın dayısı

YAXŞI OĞLANIN “DAYISI”

MƏŞQ

            Gülmirzənin gözünə səhərə qədər yuxu getmədi. Çevrikməkdən yatağı zorxana döşəyi kimi əzik - əzik olmuşdu. Atacağı addımı bir də götür – qoy edəndən sonra belə nəticəyə gəldi ki, bunsuz onun işi düzələnə oxşamır. “ Qərar qətidir, geriyə yol yoxdur! İrəli! ” –

Gülmirzə qızdırmalı adamlar kimi yerindən qalxdı. Saat yeddi idi. Tələsmək lazımdır. Künc – bucağı ələk - vələk edəndən sonra köhnə, yaxası qırışmış, ətəyi süzülmüş pencəyini, elə o kökdə olan şalvarını tapdı, geyindi. Bədənnuma güzgünün qabağına keçdi, əksini görəndə dünya gözünə qaraldı. Acizlikdən dodaqları əsdi: - “ Kül başına, Gülü! – pıçıldadı – Gör nə gunlərə qalmısan?! ” – Sonra özünə ürək – dirək verdi – “ Başını dik tut, burnunu sallama. Eybi yoxdur... Bu gündə zaçotu verə bilməsək bizə yaşamaq haramdır! Adə, başına hava gəlir, deyəsən?! Qərar qətidir, püşk atılıb! İrəli! ”

            Gülmirzə titrək barmaqları ilə pencəyinin yaxasını, ətəyini dartışdırır, ürəyinə şübhələrdən xilas olmaq üçün cəngavər romanlarından yadında qalan ayrı – ayrı ifadələri pıçıldayırdı. Paltosunu asılqandan aldı, geyinmək istəyirdi, anası Çimnaz xala içəri girdi:

-                     Gəl, çay – çörəyin hazırdır... – dedi və onun solğun üzünə diqqətlə baxdı: - Ay bala, imtahanlar yaxınlaşan kimi rəng – ruhun niyə bozarır?... Nolub?! Nöş qorxursan?! – Birdən arvadın gözü onun əyninə sataşdı:

-                     Booy! A bala, Gülü, bu nə üst – başdır belə?

-                     Paltardı də! – Gülmirzə qondarma bir laqeydliklə dilləndi. – Onuncunu qurtaranda tikdirdiz mənə... Yadına gəlmirmi ana, dədəmlə mübahisəniz də düşdü o vədə. Sən deyirdin qəhveyi parça yaxşıdır, dədəm dedi yox, göy yaxşıdır... Axırda dədəm deyən oldu... Həmişə olduğu kimi...

-                     Çimnaz xala irəli şığıdı, onu ikiəlli silkələndi:

-                     Nağıl danışma, əşi! – dedi – Başımı qatma! Odej, təzə qəstumların orda qala – qala bunları niyə əyninə taxmısan?!

-                     Gülmirzə əsəbləşdi, birdən anasına bozardı:

-                     Burax yaxamı! – dedi və qapıya meylləndi: - Yolumdan eləyirsən məni, instituta gecikirəm...

-                     Səfehləmə görüm! – Çimnaz xala əl çəkmədi. – Bu nə deyir, əşi? Gecikir! Bir başa sal, ali məktəb tələbəsi də belə geyinərmi?! Vaxsey, biabır olduq! Yox! Təzələrini geyməsən səni qapıdan buraxdı yoxdur! – Oğlunun qarşısını kəsdi.

-                     Ana, sən allah, boşla yaxamı! – Gülmirzə lövbərlənmiş qayıq kimi atılıb  – düşsə də yerindən tərpənə bilmədi. Hirsindən az qaldı onu ağlamaq tutsun. – Axı belə də zulum olar mənə edirlər?!

-                     Çimnaz xalanın ürəyi yumşaldı. Cəld oğlunun başını sinəsinə sıxdı:

-                     Ağrın mənə gəlsin, Gülü, belə danışma! Hər nə deyirəm xeyrinə demirəmmi?! Qurban olum, şəhərə çıxırsan, adam arasında olacaqsan, dost – düşmən var, niyə bizi xəcil edirsən?! Nə olsun atan şoferdir? O da beş kişinin biri deyilmi?!  - Çimnaz xala qılıqla Gülmirzəni yola gətirmək istəyirdi. – Dilə tutaram atanı, neynək, o cinsdir, nədir ondan da alarsan. Daha bizdən niyə inciyirsən?!

Gülmirzə qalınlaşmaqda olan sarı bığlarını sığalladı, valideyn əliaçıqlığından ürəyi toxdasa da, üzü gülmədi. Birdən yadına nə düşdüsə, şabalıdkimi partladı:

-                     Bütün günahlar sizdədi!.. Sizdədi! – Qışqırdı.

-                     Nə?! – Çimnaz xala diksindi, əsə - əsə pıçıldadı: - Bu uşağın başına, deyəsən, hava gəlir!

-                     Sizə dedim, axı, oxumaq istəmirəm, qulaq asmadız, zorla dürtdünüz məni instituta... Elə deyirdin dayında ordadır,kömək edər... Alim adamdır, bir aləm hörməti var... Bəs hanı! Daha bu üç ildə oxumaqdan gözlərimin qarası getdi. Haçan kömək edəcək?

-                     Çimnaz haqq sözə dinə bilmədi. “Düz deyirdə! Belə də qardaş olar?! – deyindi – Deyir, mən bir də Gülmirzəyə görə xahişə getməyəcəm... Nə var, nə var, uşağın atasından inciyib. Gözümün ağı – qarası bircə oğlum var, ona da kömək etməyəsən?! Axxx! Bivec qardaş! Elə atadan belə oğul? Neynək...!” Qolları boşalsa da, qapıdan çəkilmədi. Gülmirzə isə ürəyində düyün salmış acığını tökəndən sonra sakitləşdi, keçib divanda oturdu.

-                     Daha əl çəkmirsən də? – dedi. – Ana, sən istəyirsən mən təzə kostyumlarımı toz torpağa batırım?!

-                     Yooox! – Çimnaz xala sualın belə qoyuluşundan çaşdı. – Yenə qarğa dili danışırsan ha!

-                     Lap yaxşı! – Gülmirzə anasının axırıncı sözlərinin başına ip salmadı, davam etdi: - Heç mən də istəmirəm! Kişi bir ətək pul verib tikdirib. – Birdən yüngül bir istehza ilə enli çənəsini dikəltdi. – Bəlkə könlündən keçir mən kursda qalım, hə?!

-                     Yox! Bala, ürəyimi üzmə! – Çimnaz xalanın dodaqları təpidi. – Necə dilin gəlir?!

-                     Lap yaxşı, heç mən da istəmirəm! Atam əməlli başlı maya qoyub, batırmaq yaxşı deyil! – Gülmirzənin dişləri ağardı: - Əşi qəribə adamlardır ha! Camaatın oğlanları imtahan verəndə “tanışsız” dil tərpətmirlər! Mən yazıq bu üç ildə ilan kimi qabıq qoymuşam, yenə də narazıdırlar... Ana, indi lazımdı ki, bu köhnə - küləni geymişəm də. Hər şeyi demək olmur axı.

-                     Gülü, eşit məni, - Çimnaz xala yavaş – yavaş təbdən çıxırdı. – Bu oyununun səbəbini deməsən səni qapıdan buraxdı yoxdur! İndi kefüvə bax!

-                     Daha əl çəkmirsən də! – Gülmirzə utana – utana qulağının ardını qaşıdı. – Ana, bir əzazil müəlliməmiz var, bizə qan uddurur. Əvvəllər xatirimi çox istəyirdi, keçən yay deyirlər, dayımla arası dəydiyindən məndən də zəhləsi gedir. Tərs kimi bir yol dərsindən da qaçmışam. Tək məni yox, məndən savayı da beş nəfər vardı. İndi düşüb üstümə ki, onları da yoldan mən çıxarmışam... And – aman edirəm ki, işim vardı, inanmır. Elə deyir, qırxdır – biri əskik! Neçə gündür avara edib bizi. Zaçot vermir... Axırıncı gündür, dekabrın otuz biridir... Qiymət verməsə, batdıq, qalırıq kursda.

-                     Çimnaz xalanın matı – qutu qurudu.

-                     Can bala! – Arvad odsuz – ocaqsız tüstüləndi. – Bəyəm o canıyanmışın dərsini bilmirsən?!

-                     Gülmirzə əlini yellətdi:

-                     Əh, danışdın də! Onun mühazirələrini əzbərdən bilirəm, xeyri nədir?!  Hər dəfə çıxıram danışıram, danışıram, o da qulaq asır, başını tərpədir, axırda qayıdır ki,bilmirsən! Deyirəm: “Səmayə xanım, vallah,bilirəm! ” Deyir: “Ola bilməz. O dərsdən qaçdığın gün keçdiyim mövzunu bilmirsən!” Başlayıram danışmağa, sözümü kəsir: “Özünə zəhmət vermə, Əkbər müəllimin bacoğlusu! Bilmirsən! Mənimdə adətim belədir,fənni tam bilməyənə qiymət yazdı yoxdur. Gedin, gələn il, inşallah, bu mövzunu bir də təkrar edərik, bəlkə onda ağlınız başınıza gəldi!” Beşimizdə qalmışıq sapdan asılı... Ana, yaman arvaddır, dediyini eləməsə əl çəkməyəcək...

-                     Çimnaz  xalanın qıçları daha yer tutmadı, keçib oğlunun yanında oturdu, dizini şappıldatdı:

-                     -Bəs indi neynəyək?!  Bəlkə gedib dayına deyəsən?! – Gülmirzənin hirsləndiyini görüb sözü çevirdi. – Nə  hərcayı arvaddır  müəllimən! Köhnə paltarları geymisən ki, ürəyi rəhmə gəlsin?!

-                     Gülmirzə  pıqqıldadı:

-                     - Səmayə xanımın heç özünə rəhmi gəlib ki, bizə də rəhm eləyə?!  Bu gün sabah əlli yaşı olacaq, hələ də ərə getməyib.  Əşi, qorxma. – Birdən nə fikirləşdisə  anasına ürək-dirək verdi. – Hünəri var bu gün də qiymət yazmasın, başına gör, nə oyun açacağam!

-                     - Sən allah, bizi xataya salma! – Çimnaz xala narahat oldu. – Yaşlı arvaddır, yazıqdır, ürəyi xarab olar, səni işə salar...

-                     - Sən bilmirsən, ana, uşaqlarla dilbir olmuşuq. Lövhə qabağına birinci mən çıxacağam, elə ki, qiymət vermədi,gərək dərhal ürəyim getsin, tappıltı ilə yıxılam yerə... Başlayam çabalamağa...

-                     - Ay aman! Doğurdan ürəyin gedəcək?!

-                     - Ana, yalandan ey, yalandan... Sən narahat olma, ürəyim qənbər kimidir...

-                     - Hə?!

-                     - Əlbəttə! Elə ki, yıxıldım yerə tappıltı ilə...

-                     - Can bala! Əziləcəksən axı!

-                     - Heç bir şey olmaz ana, yavaş-yavaş yıxılacağam..., dünən axşam bir saat məşq eləmişəm... – Gülmirzə onu xatircəm etdi.

-                     - Sonra, sonra?!  Bəs?

-                     - Hə... Elə ki, başladım çabalamağa yoldaşlarımın bir parası qaçacaq üstümə, bir parası qaçacaq həkim dalınca, biri də dəhlizə çıxıb mərtəbəyə hay salacaq bəs, Səmayə müəllimənin qruppasında tələbələrin ürəyi gedib... Səmayə xanım da qorxacaq, qiymət yazacaq... Mənə qiymət versə, bil ki, bütün uşaqlara qiymət yazacaq...

-                                 - Birdən verməsə?!

-                                 - Verəcək,  ana,  verəcək! – Gülmirzə inamla dilləndi. – Deyirlər, üç il qabaq bir oğlan da ondan bu yolla qiymət alıb. Ürəyi gedəni görən kimi , deyirlər, Səmayə xanımın da az qala ürəyi gedibmiş...

-                                 - Birdən olmadı elə?.. – Ana bir də şübhəsini bildirdi.

-                                 Gülmirzəni fikir götürdü, yerindən qalxdı, otağı narahat halda dolandı, qapıya getdi. Geri çevrilmədən pıçıldadı:

-                                 - Onda... Onda, heç olmasa, paltarım toza bulanmaz... Bu da qənimətdir...

-                                 Oğlu gedəndən sonra Çimnaz xala dərin xəyala daldı. Birdən dik atıldı yerindən. Ürəyində fikirləşdi: “Uşaq yalandan yıxılanda əzilməsə yaxşıdır... Çoxda deyir məşq eləmişəm...”

-                                 Amma daha gec idi...

-                     BORC

            Gün uzunu göydən od ələmiş payız günəşinin batmasına bir az qalmış kənd çayxanasının qabağına yığılan camaat şirin söhbət edirdi.  Birdən hamının nəzəri onların dayandığı bazar meydanına tərəf uzanan yola tuşlandı.  Yekəpər  bir adam sısqa bir kişini qoltuqlayıb gətirirdi. Sürüyən kişi dərzi Qulamhüseyn idi. Onun yekə qarnı, iri dana gözləri,lopa bığı,iki gündən bir taraşlanan qırmızı sifəti vardı. Yeddi pud ağırlığı olan Qulamhüseynin əmək aləti iynə olduğundan iş başında onu görmək kimə qismət olmuşdusa, gülməyini güclə gizlətmişdi. O, hərbə-zorbalı bir cayıldı. Yaxşı da dərzi idi. Təzəbəy kostyumunu işdir, axşam sifariş etsəydi, səhər hazır aparardı. Qulamhüseyn sözübütöv kişi idi...

            Dərzinin qoltuqlayıb sürüdüyü çəkməçi Əladdinin qarnı yapışmışdı belinə - ikilik taxtadan seçilmirdi. Arıq çiyinləri nimdaş çəkmə - çust üstündə  əyilməkdən qalxmışdı qulaqlarına tərəf. Onun rəngdən, yağdan qaralmış  əl-üzünü təmizləməyə  Kür çayı da suyu çətin çatdıraydı. Həftədə bir dəfə yollandığı kənd hamamında kisəçi Süleyman kişi onun üstündə çox tər töksə də  dərisinə illərdən bəri hopmuş, məsamələrini qaraltmış çirk-pası sürtüb çıxara bilmirdi. Ələddinin ağaran dişləri  gəlib-gedən müştərilərindən tutmuş, qonum-qonşuya qədər hamının canını boğazına yığırdı.

            Hər ikisi kənddə məşhurdu. Çayxanaya yığılanların da marağına səbəb bu idi.

            Həmin dərzi Qulamhüseyn dişlərini bir-birinə sıxıb fısıldayır, dinmədən elə həmin Ələddini, dil boğaza qoymadan danışan, loğazlanan kişini sürüyürdü. Çayxanaya çatmağa bir yüz-yüz əlli addım qalmışdı ki, Ələddin bütün  gücünü toplayıb ayağını yerə dirədi, dayandı, başladı yalvarmağa:

-                                 - Qədeş, sənə sözüm var – dedi.  – Sən allah, dayan!

-                                 Qulamhüseyn dayandı və mızıldadı:

-                                 -  Hə?!

-                                 Ələddin nəfəsini dərdi:

-                                 - Adə, heç insafın yoxdur?! – dedi. – Məni çəkməxanadan bura qədər sürümüsən, bir səbəbini de də!

-                                 - Orda deyərəm!  Camaatın yanında... Düş qabağıma! – Qulamhüseyn ona baxmadan cavab verdi.

-                                 - Sən allah, burda de!  Ya burax gedim işimin-gücümün dalınca... Sən o bir olan oğlunun canı, qoy gedim, məni biabır eləmə...

-                                 - Oğlumun canına and vermə, qurumsaq, onu yeddi qızdan sonra allah mənə verib... Düş qabağıma! Qulamhüseyn bu sözləri deyəndən sonra  daha Ələddinə qulaq asmadı, qolundan yapışıb dalınca çəkib apardı. Çayxanaya az qalmış çəkməçi birdən dartınıb onun əlindən qurtuldu, qaçıb aradan çıxmağa ümid etmədiyindən, yolun qırağındakı telefon dirəklərindən birinə sarmaşdı:

-                                 - Vallah, qədeş, öldürsəndə daha getməyəcəm! – deyə çığırdı.

-                                 - Ay sən öləsən! – Qulamhüseyn dirəkdən qayım yapışmış “əsirinə” tərs-tərs baxdı. – Öz xoşunla getməsən, zorla apararam... Qorxma, heç nə eləmərəm, iki kəlmə sənə sözüm var...

-                                 - Adə, de də, nə sözün var, de də! – Ələddin çımxırdı.

-                                 - Gedək orda deyəcəm.

-                                 - Getməyəcəm! Vallah oğlanlarım bilsə qan salacaqlar... Burax yaxamı!

-                     İndi ki, belə oldu?! – Qulamhüseyn qeyzləndi və bir nərə çəkdi, onun quru – qaxac bədənini pərçim olduğu dirəkdən ayırdı, ikiqat edib vurdu qoltuğuna,  yol aldı çayxanaya. Çayxanadakılar bir – biri ilə mübahisə edir, gülüşürlər, söhbətləşirdilər.

Qulamhüseyn bu ara Ələddini çayxanaya yetirdi, buraxdı yerə, qapıdan içəri saldı.

-                     Ənvər əmi, bu stola bir kasa piti, göy – göyərti, bir dənə də araq qoy. – Qulamhüseyn özünü stula yıxdı:

-                     Baş üstə! – Çayçı Ənvərin əvvəl səsi sonra özü göründü. – Bah! Kimi görürəm? Bu gününü görməyəydim, a kişi! Hə, elə bilirdin hamı Ənvərdi?!

Ənvərin çayxanasının elə adı çayxana idi, əslində restoran kimi bir yerdi. Yeməyə - içməyə nə desəydin burda tapardın. Əlaltıları göz açıb – yumunca sifarişi yerinə yetirdilər. Qulamhüseyn çəkməçini çiynindən basıb oturtdu.

-                     Ye! – Əmr etdi.

Ələddin ətrafa baxdı, duruxdu. Gülüşmə çayxananı başına aldı. Hamıya lağ edən bir adamın bu halı yığılanların kefini yaman açmışdı.

-                     Yemirəm...

-                     Yeyəcəksən! – Qulamhüseyn ona gözünü ağartdı.

-                     Gücnəndir?! – Ələddin inad etdi – Sözünü de, çıxıb gedim.

-                     Sözüm bundan sonra olacaq... Qorxma, deyəcəyəm. Başla!

Ələddin çar – naçar pitini çəkdi qabağına, bir az çörək doğrayıb qaşıqladı. Qulamhüseyn arağı açdı, stəkana süzdü, ona tərəf  sürüşdürərək:

-                     İç! – dedi.

Ələddin daha naz eləmədən taraş stəkandakı mayeni boğaz yoluna boşaltdı. Bir daha dərzinin təklifini gözləmədən yeməyə döşəndi. Çayxanadakılar dövrələmə durub baxır, söz atırdılar:

-                     Zalım oğlu arağı su kimi içir...

-                     Elə bil dədəsi pinəçi Alı da ömrü boyu “vurub” ...

-                     Əşi, bu qonaqlığın bir səbəbi varmı?! – Ələddin pitinin axırıncı tikəsini ağzına aparmışdı ki, Qulamhüseyn onun qolundan yapışdı:

-                     Camaat, bu kişini də hamı tanıyır, məni də! Bu adam borcumu qaytarmayıb. İndiyə qədər iki oğlunun toyuna getmişəm, bir tikə çörək, yüz – yüz əlli qram araq içmişəm, pulumu atmışam... Osa mənim gözümün ağı – qarası bir oğlumun sünnət toyuna gəlməyib... Borcunu verməyib... – Sonra Ələddinə çevrildi: - Tez ol, iyirmi manatımı çıxart ver...yoxsa gözünü oyaram...

Dərzinin gözləri irilənmişdi, bəbklərindən kasa keçərdi. Üzü kərpic kimi qızarmışdı... İynədən deşik – deşik barmaqlarını başını aşağı salmış Ələddinin burnu önündə yellədirdi. Elə bircə söz deyirdi: “Mən borcumu səndən almamış buraxmayacağam!”

 

 

TƏCRÜBƏ

 

            Şəmşiyev milis məktəbinin müdavimi Sarıyevi səhərdən yanına salıb gəzdirir, illərlə topladığı təcrübəsini onunla yarı bölürdü. Bir – iki ilə təqaüdə çıxacaqdı, bildiklərini Sarıyevə ürəkdən öyrədirdi:

-                     Qaqaş, milis işçisi öz sahəsini əla bilməli və gözüyumulu gəzməlidir. Ucdantutma hamını qılınclasan, qılınc tez kəsərdən düşəcək. Gərək seçəsən ki, hansı hadisə dövlətə zərər verir. Bax, onda gözünü açmalısan, açan kimi də elə çapmalısan ki, o yerdə ot da bitməsin...

Onların sahəsi geniş idi. Bura beş dəmiryol dayanacağı, iki böyük stansiya daxildi. Məntəqədən dörd dayanacaq aralı stansiyada qatara minəndə axşam altı idi. Şəmşiyev Sarıyevə dedi:

-                     Qaqaş, qanunu hərə bir cür pozur... Bundan qabaqdakı dayanacaq hansıdır?! Düzdür  “Fabrik” dayanacağıdır... Deməli, diqqətli olmaq lazımdır...

Starşına Şəmşiyev vaqona girdi. Kursant Sarıyev  çəkdiyi siqareti söndürdü, şinelini axırıncı düyməsinə qədər düymələdi, papağını gözünün üstünə endirdi, düşdü onun dalınca. Bu gun neçənci dəfə idi ki, yenə də mat qalırdı. Şəmşiyevin az qala tavana dəyən boyunu, ciddi sifətini görən tumçırtlayanlar, siqaretçəkələr, əprimiş kartlarla hay – küylə kart oynayanlar özlərini elə yığışdırırdılar ki, onlara baxanda adamın gülməyi gəlirdi. Ətrafa sakitlik çökdü, qatarın taqqıltısından başqa bir səs eşidilmirdi. Şəmşiyev isə dediyi kimi “gözünü yumub” addımlayırdı.

-                     Üçüncü vaqondan çıxanda Sarıyev həyəcanla dilləndi:

-                     Yoldaş starşina, burada bir qarabığ oğlan o sarısaç qiza sataşır. Qulağımla eşitdim ki, qız ona acıqlanırki, əl çək məndən!

-                     Şəmşiyev başını çevirmədən:

-                     Gördüm! – dedi – Təklifin nədir?!

-                     Necə yəni?! Çağırıb oğlana bir təhər çəkmək lazımdır. Qız, deyəsən, turistdir, gəlməyə oxşayır...

-                     Nəyə əsasən oğlana təhər çəkəcəksən?! Şəmşiyev təəcüblə ona baxdı.

-                     Daha nə əsas?! Gözüm görmürmü?! – Sarıyev starşinanın laqeydliyindən rəncidə oldu...

Şəmşiyev şüşəli qapıdan vaqona xeyli baxdı, kursanta tərəf çevrildi:

-                     Hirslənmə! Havayı işdir... – dedi.

-                     Niyə?!

-                     Birincisi, sən demişkən, qız gəlməyə oxşayır. Bakıya niyə gəlirlər?! Dincəlməyə! Qız üçün də oğlansız dincəlməyin nə ləzzəti. İkincisi, oğlanın söz atması onun könlündəndir... Başqa cür olsaydı, bizi köməyə çağırardı... Birdəki, bu yoldu, uşaq baxçası deyil. Ay səni, Sarıyev! Bayaqları dedim axı, gözünü yum, yeri, açdın gərək çapasan!

Sarıyevin şümal üzü allandı, utandığından başını aşağı saldı. Qonşu vaqona adlayan Şəmşiyevin dalınca tələsdi. “Əlillər və uşaqlar üçün” yazılı skamyanın böründə küncə çəkili, rəndəli altı dənə qalın taxta söykədilmişdi. Şəmşiyevin yarıyumulu gözləri bir balaca aralandı, həmişə aralı qalın dodaqları kip sıxıldı. Bundan sallaq buxağı biraz da sallandı. Taxtanın sahibi şirin mürgü döyürdü. Qapının səsinə dikəldi, Şəmşiyevin şalban boyunu qarşısında gördükdə yuxusu tamam qaçdı. Qondarma bir şənliklə:

-                     Ay səni xoş gördük, nəçərnik? – dedi – Nə var, nə yox?

Şəmşiyev buz soyuqluğu ilə onun sözünü kəsdi:

-                     Taxtalar sənindirsə hardandır elə?

-                     Əşi, fabrikdən olmayıb daha hardan olacaq! – Taxta sahibi tüklü üzünü övkələdi: - Çoxdandır səni gəzirəm ki, bir ürəyimi boşaldım...

Şəmşiyev ona ürəyini boşaltmağa macal vermədi:

-                     Deməli, fabrikdəndir?! – Nərildədi və qıraqda dayanmış kursanta döndü – Sarıyev, çıxart dəftər - qələmini, aktlaşdıracağıq ...

Bayaqdan gülümsəyən kişinin ağzı getdi qulağının dibinə. Nitqi kəsildi. Dili söz tutmadı, kəkələdi:

-                     Şəmşiyev, bunlar...  bunlar tullantıdır, axı! Yandırırdılar, fabrikin həyətindəki zibillikdən götürmüşəm...Vallah!

-                     Ay inandım ha! Sarıyev yaz buna qulaq asma, dildən pərgardır...

Taxta sahibi əlini boğazına apardı:

-                     Mən ölüm, məni qapılara salma! Bir işdir olub! Qapı - pəncərələrimiz çürüyüb düzəltmək istəyirdim. Onu da mənə haram eləmə də! Hökumət nə itirir, axı?!

-                     Kimi xam sayırsan, usta Qara?! – Şəmşiyev istehza ilə güldü. – Hər gün, çox yox, bircə taxta aparsan bu ayda neçə edir?! Otuz taxta. Hə, necə hesabdır?! Adını bilirik, familini de! Demirsən?! Neynək məntəqəyə gedərik, orda deyərsən! Orda dedirdən maşınımız var... Sarıyev, şahid çağır iki nəfər olsa bəsdir...

Kursant vaqonun ortasına yeridi. İçəridə olanlar ara bir söz atsalar da yaxına gələn yoxdu. Taxta sahibi aranı xəlvət görüb dilləndi:

-                     Əşi, başa düşürəm də! Demə ki, qanmır. Sifarişinə hələ də əl yetirə bilməmişəm... Bir az səbr elə, vallah, düzələr...

Şəmşiyev onunla yanaşı oturdu, əlini usta qaranın çiyninə qoydu, sıxdı:

-                     Altı aydır məni süründürürsən, ay zalım! Evi üç il idi gözləyirdim, axır aldım... Bir qapı nədir, axı, onu bugün - sabaha salmısan! Yox, usta Qara, səninlə qurtardıq... İncimə, sənə dolaşacağam! Zirzəmidəki emalatxananı da üzə çıxaracağam...

Usta Qara qızarıb başını aşağı saldı.

-                     Əşi, mən boyda kişi indiyə qədər sənə dəymirəm, deyirəm, insan adamdır... Amma görürəm, yox! Verəcəyəm səni kapitanın əlinə. Görərsən, analar necə oğullar doğub! Hamı mənim kimi ürəyiyumşaq deyil, usta Qara!

-                     Başına dönüm Şəmşiyev, gəl, qapını sabah apar, amma məni kapitanın cənginə vermə! – usta Qara əlini boğazına çəkdi.

Starşinanın bığının altında dodağı qaçdı:

-                     Hə, belə qorxarsan ha! Necəsən deyim istəmirəm, qoyum səni yana – yana!.. Yaxşı, yaxşı, ürək - göbəyin düşməsin! Zarafat edirəm... De, görüm neçə verəcəyəm?!

-                     Heç nə! – usta Qara bunu ürəkdən dedi – hesabdan mənim də biraz başım çıxır!

-                     Bax, bu oldu kişi söhbəti.. – dedi – Amma kapitandan yaman qorxdun ha! Yaxşı oğlandır mənim rəisim, elə adı çıxıb...

-                     Elə hamınız yaxşı oğlanlarsınız! – Usta Qara lağ elədi. – Bir az o yan – bu yan edən kimi salırsınız qanuna! Səni belə görəndə ondan qorxaram da!

-                     Elə niyə?! – Şəmşiyev gülümsədi.

-                     Sən hələ starşinasan, arzun bir qapıdır, o səndən rütbədə - vəzifədə beş – altı dəfə böyükdür... Bir qapının maliyyəti nədir?! Heç nə! Kapitanın arzusu isə sənin arzundan beş dəfə qiymətli olmalıdır... İndi bir qapı ilə haqq – hesabı çürütdüm, onun üçünsə gərək stenkə - mebel düzəldəydim ki, canımı qurataraydım əlindən...

-                     Ha – ha – ha     - Şəmşiyev uğundu – Yox, pis deyilsən, usta, gəlirini -  çıxarını bilirsən...

Qatar dayandı, usta Qara taxtaları qoltuğuna vurdu, sağollaşdı. Sarıyev iki nəfərlə yaxınlaşanda qatar yerindən tərpəndi.

-                     Daha lazım olmadı, şahidləri burax getsin, Sarıyev! – Şəmşiyev gözünü döyə - döyə qalmış kursanta izah elədi – yazığım gəldi... burxadım.

Kursant Şəmşiyevin yenidən yumulmuş gözlərinə baxdı, heyfsiləndi:

-                     Lap nahaq! – dedi – Gərək aparaydıq...

Şəmşiyev yumulu gözləri ilə şahidliyə çağırılmışları müşayiət etdi, kədərlə dilləndi:

-                     Sarıyev, hayıf sənə çəkdiyim zəhmətə! – dedi.

-                     Elə niyə?! – Kursant pərt halda soruşdu.

-                     Səhərdən sənə bir kitablıq söz demişəm, biri də yadında qalmayıb. Axı, demişəm sənə, nə qədər mümkündür, gözlərini yum! Gözünü açdın, gərək çapasan! Usta Qara çapılmalı adamdırmı?! Yox! Onun əllərinə əl vursaydın görərdin, qabar-qabardır... Eybi yoxdur, qaqaş, hələ cavansan, bir az keçər, təcrübən artar, sən də düzələcəksən... Bizim kapitan da bir zamanlar qırıb-çatmaq tərəfdarı idi... Yumşaldı, indi hamı başına and içir... Tərpənəkmi?!

            Onlar   qonşu vaqona adladılar... Sarıyevin təcrübəsi davam edirdi...

 

 

MƏKTUB

 

            “Əziz oğlum, biz sağ-salamat varıq, sənin də o qərib şəhərdə salamatlığını istəyirik. Anan səninçün yaman narahatdır, qorxur özünü soyuğa verəsən. Hələm-həlbət tapşırır ki, özünə baxasan, isti geyinəsən, küləkli gündə şəhərə çıxmayasan. Yatanda üstünü açmağın var deyənə, alt paltarını qalın elə. Bunlar ananın tapşırığları idi. Bacıların da darıxıblar, yalvarırlar ki, tətildə səni görmək üçün onları yanına gətirim. Ya qismət, o vaxta qədər yaşayaq, baxarıq. Kənd elə köhnə kənddir. Qoyub getdiyin kimidir, nə artıb, nə azalıb. Briqadir Alxasın oğlu qırmızı “Jiquli”sində adam basıb, indi qəzəmətdədir. Atası başına-gözünə döyür ki, bu nə işdir mən elədim. Qırmızı “Jiquli”yə qara bağlayıb, həyətin bir küncünə atıb. İndi keçək öz işlərimizə.

            Oğul, gedib-gələndən bir xəbər eşitmişəm, eşitcəyin ciyərim od tutub yanır,ürəyim pörşələnir. Hayıf ki, başım əlimdə deyil, yoxsa yolumu salardım o yanlardan, sənin aşının suyunu qatardım ağız-burnunun qanına! Çox da sənin iyirmi yaşın var, bığ buraxmısan, başına şlyapa qoyub boynuva qalistok  bağlayırsan. Elə bilirsən əlim sənə yetəndə  bütün bunlar mənim qabağımı saxlayacaq? Ay saxladı ha! Onda məni pis tanıyırsan. Qurumsaq nəvəsi, mənə, doğma atana xəbər eləməmiş o nə qələtdir qarışdırmısan?  Mən səni silistçi məktəbinə yola salmışam, səninsə sorağın artistlikdən gəlir. Bu iki ildə demək,bizi aldadırsan? Daha sənə sözüm yoxdur! Ədə, qiryətsiz oğlu, səni yola salanda demədim ki, get oxu, gəl mənə arxa ol, beş kişi bizə “xox” gələndə, biz də birinə “xox” deyək,

            Gözünə su ver, sənin bəyənmədiyin,uşaqlıqda lağ elədiyin kisəçi oğlu gəlib bazarda məni tutub,itin sözünü deyib. Nə var, nə var, bizim məhəllənin “uçaskovu”sudur. Abrımı it əskisinə büküb başıma çırpıb. Gör mənə nə deyir: - “Vətəndaş Miri! Sənin həyətin ovuc boydadır, on addım eni,iyirmi addım uzunudur. Orda hansı üsulla kartof yetişdirirsən ki, hər il bazara on ton kartof çıxarırsan, Bəlkə bu sirri bizə də deyəsən? Nə olar ki! Qonşuyuq,həmkəndliyik,yaxşılığın itməz. Sən allah, gizlətmə. Təcrübənizi yayarıq, gələcəkdə də çalışarıq ki, bazarınız daha da rəvac tapsın!”

            Başımı, bu çallaşmış başımı aşağı salıb bu düdəmənin sözünə qulaq asıram. Durub belə nacınsə neynəyəsən, axı? Ancaq bircə əlacı var,oğlum, bircə. Əngini əzəsən! Ancaq olmaz. Belə bir iş görsəm, ömrüm boyu yığdığımı versəm canımı qurtara bilmərəm, ipli-mıxlı gedərəm. Nə olsun ki, kisəçi oğludur,vücudu beş qəpiyə dəyməz,kişi vəzifə başındadır.

            Qərəz, oğlum, mənə yaman sataşırlar. Yoldan ötənin lağlağasına dözməyə məcburam. Neçə vaxtdır get-gəldəyəm. Gah ora, gah bura çağırırlar. Kartofun kilosunun manata gedən vaxtıdır, bazarda mallarım qalıb başlı-başına. İşimdən-gücümdən məni ayırıb gündə silistə çağırırlar. Soruşurlar: “Kimdən almısan,” Deyirəm, öz həyətimdəndir, bu da kağızı. “ Bəs, baha niyə satırsan?” Deyirəm ki, nəçənnik, yüz zəhmətlə becərmişəm, qan-tər tökmüşəm bunun üstündə,bazara çıxartmışam. Müştəri istəyir alsın, istəmir,getsin alsın ucuz satandan. Kim onu məcbur edir, axı?

            Başlayırlar dolamağa: “Ovuc boyda həyətində bu qədər kartofu yan-yana düzsən yerləşər, ya yerləşməz? Yerləşərsə neçə lay üst-üstə?” saoruşana hirslə baxdımsa da,hətərən sualın pətərən cavabını vermədim,qorxuram ki, silistçi məni anlamasın. Gülürəm. O da gülür.

            Amma, oğlum, dinmə. Məndə mənəm ha!  Xırda – xırda boyunlarına qoyuram ki, həyətimizdə  on ton  kartof  becərmək olar. Axtarsan, deyirəm, hələ bir az da artıq əkmək olar. Kisəçi oğlu yavaş – yavaş yola gəlir. Elə olar da! Kisəçi dədəsi ona xəzinə qoymayıbki! Kişi maşın almalıdır, ev tikməlidir...

            Canına sağlıq, yaxamı qurtarıram, amma talanmışam.  Oğlum, düz bir illik qazancımı badi – fənaya verdim. Manat – manat yığdığım bir kərəmlik getdi.

            İndi, ay oğul, at ərtesliyin daşını bəsdi mütrüf kimi atılıb – düşdüyün, onun – bunun yalan – palanını təkrar etdiyin. Kimə lazımdır sənin nağılların, yalançı göz yaşların, yalançı andların. Gir silistçi məktəbinə, vallah, oxuyub qurtarandan sonra tavanının dirəyi qızıldan olacaq. Gəlib üstümdə göz olarsan. Özgələrindən demirəm, bunun qorxusu var, sənin kimi sütül uşağı hər düdəmə ilişdirə bilər, elə bir məndən alsan bəsindi. Mən də bilirəm ki, əməyim zay olmur. İnan, oğlum, ele verdiklərimi üst – üstə yığsam, yeddi  arxa – dönəninə bəs edər.

            Sözümə əməl eləməsən, hər ay sənə göndərdiyim yüz manatı halal etmərəm...

Atan Miri.”

 

 

QARAQABAQ   XALAM

 

            Buruqdan təpəsi üstə yıxılandan sonra bir müddət xəstəxanaya düşdüm. Daha məndən işləyən çıxmazdı. Təqaüd alırdım. Şəhərin qırağındakı birmərtəbəli evin üç otağında ailəmlə yaşayırdım. Kiçik həyətyanı sahəm vardı. Bala – bala burda qurdalanır, fikrimi dağıdırdım. Göy – göyərti əkirdim. Daha uşaqların anası bir dəstə keşniş üçün bazara qaçmırdı. Həkimlər bərk – bərk tapmışdılar ki, nə badə ürəyini qısasan, axırın pis olar. Süddən – qatıqdan da özünə korluq vermə, ən yaxşı dərman yeməkdir.

            Ailənin ağırlığı düşmüşdü arvadımın üstünə. Hər əzaba qatlaşırdı, bircə dəfə də onu şikayətlənən görmürdüm. Haçan yatıb - durduğundan xəbər tutmurdum. Həkimdən ağartının xəstəyə xeyrini eşidən kimi süfrədə süd – qatığı əskik eləmirdi. Üç uşaq qalmışdı bir yana, mən bir yana. Bu arıq, çəlimsi insanda bir bele dözüm hardandı, başım çıxmırdı. Bir stəkan süd, bir bərni qatıq üçün ora – bura getmək onu əldən salırdı. Xədicə xalam dadımıza çatdı...

            Başıma gələnləri eşidən kimi rayondan özünü yetirdi. Bir – iki gün qaldı bizdə ürək – dirək verdi, geri qayıtdı. Üç aydan sonra yetirhayetirdə olan bir düyəni qapımızda maşından düşürdü. Dedi: “Sənə bağışlayıram, bacıoğlu. Kalxozun “Mərcan” adında ursiyyət inəyinin balasıdır. Keçənlərdə əkiz doğmuşdu. Balasının biri zəifdi, lap ölən yeri idi. Götürüb saxladım, bəslədim, gördüm dirçəldi. Kalxoz sədri ilə danışdım, aldım. Sənə ağartı vacibdir, yerin də var, saxla, dolanacaq elə... İndi olacağa çar yoxdur, şükür ki, sağ – salamatsan...”

            Bir – iki aya düyəmiz doğdu. Süd – qatıqdan indi boluq. Az vaxtda balalarımda, elə özümdə rəngə - rufa gəlmişik. Nə qədər yesək – içsək də süd artıq qalır. Qonşular elə bir haya bənddilər, xəbər eliyən kimi tökülüşdülər. İndi südün artığını litri əlli qəpikdən satıram. Hamı da razıdır, çünki bazarda biraz bahadır, keyfiyyəti də aşağıdır. Müştərilərim o qədər artıb ki, çox vaxt süd üstündə dava düşür. Qonşularımın dili ağzına sığmır, hamı tərifləyir: “Süd deyil ey – deyirdilər – çim yağdır.” Qalmaqaldan yaxa qurtarmaq üçün indi bir gün əvvəldən sifarişləri qəbul edirəm. Əməlli – başlı hesab – kitab açmışam...

            Rayondan gəldi ki, Xədicə xalam oğluna toy edəcək. Yığışdım, böyük oğlumu da yanıma salıb iki gün qabaqdan getdim kəndə. İyirmi ildi ki, çıxmışdım rayondan. Bir kimsənəm yoxdu. Onuncunu qurtarandan sonra Bakıya getdim, instituta girdim, qurtarandan bu yana özümə yer – yurd üçün əlləşdim, yaxşı işim – gücüm vardı, amma şeytan çaşdırdı məni, dırmaşdım yuxarı. “Axı, sən baş energetiksən, buruğun təpəsində nə işin vardı?!” – deyə öz – özümə sual edirəm, cavab tapa bilmirəm. Nə var, nə var, küləkdə çıxıb xətti düzəltmək istəməyən iki montyor səni öz qorxaqlıqları ilə hirsləndirmişdi.

            Gəlməyimi eşidən qohum - əqraba başıma yığışdı. Ata – anam öləndən sonra mənə pasibanlıq edən, oxudan Xədicə xalam boynuma sarıldı, gözləri yaşardı, məni də ağlamsandırdı. Bu iyirmi ildə məni arayıb – axtaran bircə o olmuşdu. Qalan qohumlarla çox soyuq görüşdüm. Xədicə xala anamın uzaq qohumlarındandır. Bir az qəribəliyi olsa da, xatirini çox istəyirəm. Öz övladı kimi məni böyütmüşdü.

İndi məclisdə qabaq – qənşər otursa da dinib – danışmırdı, söhbətə qulaq asırdı. O, adlı – sanlı sağıcıdır. Az qala bütün rayon onu tanıyır. Məclis olmazdı ki, Xədicə xalamı başda oturtmasınlar. Arvad qaraqabaq, azdanışan bir adamdı. Məşhurlaşandan sonra sözü kəlbətinlə də ondan çəkmək olmurdu. Ayaq qoyduğu məclislərdə zəhmi hamını basırdı. Elə əri də yanında çəkinə - çəkinə dil tərpədirdi.

            Düyədən söz saldım, bəlkə xalamın qarışığı açıla:

-                     Sağ ol səni, ay xala! – dedim – Yaxşı pay vermisən mənə! Sən olmasaydın görəsən mən neyləyərdim?!

-                     Qurtardıq bu söhbətləri! – Xalam acıqlandı. – Pay?! Nə pay?!

-                     Mərcan inək necədir, xala?! – Mən dərhal sözü çevirdim.

Xədicə xala başını endirdi, mızıldandı:

-                     İnəkdir də, başına dönüm, necə olasıdır?

-                     Südü necədir?! – Mənim xatirimə danışan xalamı bir az da söhbətə çəkmək istədim.

-                     Yaxşı da olur, pis də olur...

Kolxoz sədri narahat – narahat yerində qurcuxdu, öskürdü. Xədicə xala onunla gözləşdi, başını tərpətdi. Bundan bir şey kəsdirməsəm də bir məna vermədim.

-                     Dünən neçə vedrə süd verib?!

-                     Dörd vedrə, a bala. – Xalam qaşlarını çatdı. – Bütün bunlar nəyinə lazımdır, axı?!

-                     Yox, əşi?! – heyrətləndim. – Ay xala, ola bilməz! Dörd?!

Sədr özünü itirmiş xalamın köməyinə gəldi:

-                     Sözündən belə çıxır bu boyda arvad yalan danışır?! Ay – yay – yay! – Zarafata saldı.  – Əşi, siz cavanlarda bir tikə hörmət – filan qalmayıb ha!

-                     Sədr qağa, niyə elə danışırsan?! – İncidim. – Kim deyir ki, xalam yalan danışır?! Bilmək istəyirəm də! Mənim də inəyim var, amma iki vedrədən artıq süd vermir, axı? Özü də “Mərcan” inəyin cinsindən ola – ola. – Birdən ağlıma nə gəldisə soruşdum. – Əşi, bəlkə sağın vaxtı oxuyursan, oxşayırsan ona görə?..

Xədicə xala gülümsədi:

-                     Hardan, ay rəhmətliyin oğlu! Heyvana qənsert verməyə vaxtım hanı?! – dedi – öhdəmdə iyirmi inək var...

Kənardan biri söz atdı:

-                     Bacıoğlu, sən xalanı birəlli tutma ey, böyük adamdır. Sorağı gah Bakıdan, gah da Moskvadan gəlir...

-                     Bilirəm, bilirəm. Xoş sorağını biz də alırıq. Amma... Amma – Mən çətinliklə soruşdum. – Xala, istəsən hər inəkdən indi sağdığından da artıq süd sağa bilərsənmi?!

Məclisdə oturanları gülmək tutdu. Papağını dizinin üstünə qoymuş bir kişi uğuna – uğuna dilləndi:

-                     Qardaşoğlu lap əməlli – başlı şəhərli olub ha!

-                     Lap bizim o köhnə raykom kimi danışdı. – Başqa birisi dilləndi. – Beş il qabaq kolxoza gəldiyi yadınızdadır?! Hər yeri gəzdi, tövlələrə də baş çəkdi...   Birdən qayıdıb məndən nə soruşsa yaxşıdır: “Bu öküzlərin hmmm... qarajları nə pis gündədir?! – soruşdu... ha – ha – ha! Tövlə yox, qaraj vallah!

-                     Elə o deyildimi sağıcılardan soruşan ki, bu öküzləri neçə yol gündə sağırsınız?! – Sədr qəhqəhə çaəkdi.

            Məclis şirinləşdi, söhbət uzandı. Mən təslim olmadım:

-                     Axı, niyə kolxoz inəyi mənim inəyimdən çox süd versin?! Sədr qağa, sirr sirr deyilsə əgər...

-                     Bala, hər şeyin başı zəhmətdədir. Heyvana gərək qulluq edəsən, yaxşı baxasan. Rahat, isti, işıqlı tövlələrimiz, qidalı yemimiz. İnəyin ağzı nədir istədiyimiz qədər süd verməsin, hə?!

-                     Bəlkə...

-                     Dayan, sözümü qurtarmamışam. – Sədr barmağını qaldırdı. – Ailədə neçə nəfərsiniz?

-                     Üç  uşağım var...

-                     Allah saxlasın! Sağdığının üç – dörd litrini ailən yedi, ağartının qalanını neyləyirsən?!

-                     Qonşularım pulnan aparırlar... Heyvana çəkdiyim zəhmət hədər getmir...

-                     Araya ki, pul söhbəti düşdü, iş dəyişir! – Sədr güldü.

-                     Niyə elə deyirsiniz?! – Doğurdan da hirsləndim, - dünyasında pulgir olmamışamaxı! Adam yanır axı?! Bir cinsdən ola – ola niyə kolxozun inəyi mənim şəxsi inəyimdən çox süd versin? Gözümün yağını ona yedirdirəm... O yandan lap elə düz deyirsən, bir vedrə süd az pul deyil. Vışkadan yerə gələndən sonra yapışmışam yerə, təqaüdlə bu boyda ailəni saxlamaq asandır bəyəm! Arvadın alacağı nədir ki? Doxsan manat!

            Söhbət uzandı. Ağsaqqallardan biri uzun bir əhvalat danışdı. Məclis qulaq kəsildi. Gecədən xeyli keçmiş camaat dağılışdı.

            Xalam qonaq otağında yerimizi hazır edəndən sonra bizi eyvandan içəri çağırdı. Aranı xəlvət görüb soruşdum:

-                                 Sən canın, o südün sirrini de də! O boyda inəyi vermisən...

-                                 Əşi, sən lap türkəsayansan ha! – Xədicə xalanın gözləri qıyıldı. – Gərək elə dilimlə deyim?! O boyda şəhərdə su yoxdur?!

-                                 Can xala, suyumuza nə gəlib?! Amma suyun südə nə dəxli var?!

-                                 Xədicə xala üstümə yeridi, qolumdan tutdu, silkələdi:

-                                 Əşi, nə annamazsan?! – dedi – Bir yerdə su var, biri iki etməyə nə var! Satmırsanmı?! Pul istəmirsənmi? Dediyim kimi elə... Bu da sirri. Yıxıl yat, daha gecdir!

            Bunu deyib qapıya getdi. Mən daha ona baş qoşmadım. Əməlli – başlı incidim Xədicə xalamdan. Fikirləşdim ki, bu zalım qızı düzələnə heç oxşamır.         Uşaqlıqda necə görmüşəm elə də qalıb... Suyun südə nə dəxli var?!  Elə Sədr yaxşı edir, qoymur özbaşına onu dil tərpətməyə.

 

 

SİBİRƏ EZAMİYYƏT

 

-                     Ay səni xoş gödük! – deyə tüklü papağını qulaqlarına kimi keçirən enlikürək, lopabığ kişi bütün küçəyə qışqırdı. Elə bil itkin düşmüş qardaşına rast gəlmişdi. Qarın üstündə oynaqlaşan və bu şaxtada nə axtardıqları məlum olmayan qara qarğalar lopabığın səsindən hürküşüb pırrıltı ilə uçuşdular, yaxındakı küknar ağaclarından birinə qondular. Ehtiyatla səs sahibinə baxışdılar.

Bığsız, qarayanız, papağını təşəxxüslə təpəsinə dikəltmiş, yaxası açıq paltosunun ətəkləri yellənən kişi elə həmin ağacın altında durmuşdu. O, bərk fikirli olduğundan diksindi. Həm də səsdən çox, qarğaların uçuşundan, qonduqları burdaqlardan tökülüb boynuna dolan qardan. Bığsız üstünü çırpa – çırpa gözünü ətrafa dolandırdı. Nəzəri yanından ötən şubalı arvadın üzündə qaldı, dodaqlarına təbəssüm qondu, dalınca bir – iki qədəm atdı, amma özünü ona yetirməmiş lopabığı görüb dayandı:

-                     Adə, mən kimi görürəm! Sən hara, balam, Sibir hara?

            Qışın bu qiyamətində isti Bakıdan kim səni perikdirib?! – çığırdı və lopabığın üstünə yeridi. Görüşdülər.

            Lopabığ soruşdu:

-                     Bakıdan çoxdan çıxmısan?

-                     Yox, adə, srağagün...

-                     Nə əcəb səndən, ezamiyyətdəsən? O günləri and – aman edirdin, öldürsələr də daha getmərəm, deyirdin. Necə oldu, saqqızını oğurladılar?

-                     Daha demə, qədeş! Bu ezamiyyətlər lap məni dəng eləyib. Vallah, Sibir adını çəkən kimi dedim, getməyəcəyəm. Rəisimiz başladı dilə tutmağa ki, vacibdir, sənsiz bu işi heç kim yerinə qoya bilməz. Hirs vurdu təpəmə. Dedim, adə, ezamiyyətə getməkdən cibimdə siçanlar oynaşır, evdəkilərin üzünə baxa bilmirəm. İnanırsan, qərdeş, anam daha mənə tərs – tərs baxır. Yəqin fikirləşir ki, bu tərəflərdə ilişikli yerim var. Yoxsa həftə səkkiz, mən doqquz.

-                     Yaxşı, yaxşı, özünü təmizə çıxartma! – Lopabığ istehza elədi. – Tanıyırıq səni! Rəisindən danış...

-                     Hə, harda qaldım?! – Bığsız qulağının ardını qaşıdı. – Hə, qırğın – qiyamətdən sonra rəisimizlə razılığa gəldik. Sözümüz  bu oldu ki, getməyinə gedirəm, amma ilin axırına kimi ezamiyyət məsələsində adım tutulmayacaq. Səndə nə var, nə yox? Haçan gəlmisən?

-                     Elə bu gün gəlin düşmüşəm...

-                     Hə? Lap yaxşı! Yoldaşlı ezamiyyətin qiyməti yoxdu. – Bığsız əllərini bir – birinə sürtdü. – Dükan – bazara da dəyərik.

            Lopabığ həmyerlisinin şakərini bildiyindən yüngül bir istehza ilə:

-                     Nədir, sifarişin çoxdur?

-                     Sifariş deyəndə ki... – Bığsız dilini sürüdü.    –   Çax – çux üçünlazımdır. Ezamiyyət xərclərini bir – təhər çıxmalıyıq, ya yox?!

-                     Ürəyini sıxma! – Lopabığ xatircəm etdi. – Lələşin bu şəhərdə iki dəfə olub. Hər yerini tanıyıram.

-                     De, sən ol! – Bığsız heyrətləndi.

-                     Səni istəməyənlər ölsün! Amma əvvəl iş, sonra dükan – bazar, restoran, kef! Mənim qaydam belədir...

-                     Mən razı. – Bığsızın soyuqdan göyərmiş burnu işin avand gətirməsindən yavaş – yavaş qızarırdı. – Mən məktubla gəlmişəm. Şöbə üçün alacağım var. Amma kağızı, deyirlər, düz hazırlamamısınız...

-                     Hansına gəlmisən?! Bu arada, axı, zavod çoxdur...

-                     Bax, yolun o üzündəki zavoda gəlmişəm...

Lopabığ əlini qoltuğundakı meşin qovluğa vurdu:

-                     Məndəki kağızlar da o zavoddadır... Qol çəkdirib geri qayıtmalıyam...

-                     Eyni zavoda gəlmişik?! – Bığsız təəccübləndi.

-                     Hə, belə çıxır da! Heç içəridə olmusan?! Mənim buraxılış vərəqəm nahardan sonra hazır olacaq...

-                     Mən iki dəfə olmuşam...

-                     Hə, havası necədir? – Lopabığ cavan həmkarına güldü. – Top kimi dığırlatmırlar ki, səni? –

Bığsız keyimiş barmaqları ilə bir siqaret yandırdı, qoydu damağına:

-                     Canınçün, elə ki, başlayırlar, çıxıram aradan...

-                     Burda yaxşı oğlanlar coxdur, tanış edərəm səni...

-                     Vallah,bunları elə pis öyrədiblər ki, içəri girən kimi soruşurlar: “Baku?” Başuvu tərpətməyəni görürsən, dərhal deyirlər: “Çtp, bez qranata priyexal?” Eləbil dədəmin Göyçayda nar bağı var!...

            Lopabığ uğundu:

-                     Ha, ha, ha! İnsafsız, bir-iki kilo gətirəydin də! İş dalınca gəlməmisən?!

-                     Danışdın da! – Bığsız burnunu çəkdi. _ Qışın bu vədəsi narın kilosu Bakıda beş manatdır...

-                     Bunlar heç, düzələn işlərdir... Dünən sənin rəisini yaman tərifləyirdilər... İclasda ey... Hazırlıq gedir... – Bığsız xəbərdarlıqla qaşlarını oynatdı – Deyəsən, baş mühəndisin boşalmış kürsüsünə namizəddir...

-                     Yoz, canım, - Lopabığ fikrə getdi. – Amma pis oğlan deyil, layiqdir... Nəyi gözləyirsən, bəs, ay əfəl, aranı sazla da onunla.

-                     İşində ol, adə, kim atdır, biz ona nalıq! – Bığsız laqeyd dilləndi. – Fərq ondadır ki, mənim rəisimin bir az adamlığı var,sənin rəisin isə klassik kötükdür...

-                     Klassik kötük dedin, qoydun. – Lopabığ onu bu soyuqda ezamiyyətə göndərən rəisinin dalınca deyindi. – Amma nə tutarlı ləqəbdir. Qayıdan kimi şöbə işçiləri arasında bunu yayacağam...

            Bığsız həvəsə gəldi:

-                     Eləsə dalına qulaq as! Sənin rəisinə söz qandırmaq üçün gərək ayağının altına kürsü qoyasan, cıxasan üstünə ki, boyun çata çənəsinə. Bir dənə ilişdirəsən. İlişdirən kimi də soruşasan: “Qandın?” Qanmayıbsa, bu əməliyyatı təkrar edəsən...

            Lopabığ şaqqanaq çəkib güldü:

-                     Əşi, səndə sözlər varmış ki! – dedi. – Bilirsən, o günləri gedib neynəsə yaxşıdır, direktora  Dilarədən – bizim lobarant qızdan şikayət edib... Bəs, onun sözünə qulaq asmır...

-                     Hansı Dilarə, O dikburundan?

-                     Hə də! Ləğəbi “balalayka” olanı deyirəm...

-                     Yaxşı, direktor deməyib ki, daha nə rəissən?

-                     Əşi, ondan pisini deyib. Axıra qədər qulaq asandan sonra  direktor qayıdıb ki, işdir, evdə arvad – uşaq da sözünə baxıb eləməsə, utanma, gəl, mənə de!

-                     Nə deyib?! Bu söyüşdən də pisdir ki!

-                     Başa düşən üçün! Kötüyə belə şeylər təsir eləməz! – Lopabığ saatına baxdı. – Vaxtdır, gedək. Fasilə qurtarır...

Onlar zavoda tərəf yol aldılar. Lopabığ dayandı:

-                     Qəribədir ha! – dedi. – Bir şəhərdən o biri şəhərə getmək az xərc deyil. Bizim ikimizin işini bir nəfər iki gündə görüb qayıdardı... Bizi isə eyni zavoda ezamiyyətə göndərdilər... İlin axırında, baxarsan, Bakıdan Gəncəyə uçmağa zavodun ezamiyyət pulu olmayacaq. Çünki günahkar sənin rəisindir, xəbərdar etməyib bizi...

Bığsız istehza ilə:

-                     Gərək kimi xəbərdar edəydi?

-                     Bizim rəisi də...

-                     Onlar ki, neçə vaxtdır küsülüdürlər...

İkisi də qımışdı. Eyni müəssisədə işləyən iki mühəndis, hərəsinin qoltuğunda bir məktub zavodun buraxılış vərəqələri bürosuna girdi...

 

 

HƏR ŞEYİN ÖZ ADI

 

            Bir sabah (belə sabah üzümə açılmayaydı) sol ayağımın üstə sərsəm olaydım. Elə o ayaq üstə də qərara aldim ki, indən belə hər şeyi öz adı ilə çağıracağam. “Kifayətdir. İnsan ikiüzlülüyünün bir sonu olmalıdır, ya yox?!”

            Səhər iclasına özümü güclə çatdırdım. Mübahisə düşmüşdü. Rəis birdən dikəldi, bircə kəlmə ilə hər şeyə yekun vurdu. Bu bircə kəlmənin mənasıbu idi ki, qatıq qaradır. Hamı razılaşdı. Bircə mən etiraz elədim. Rəis tərs – tərs süzdü məni. Bir quruca kef - əhval da soruşmadı bu gün. Eşitdim ki, dalımca bir “yeməkxana” gupayıb. Deyib ki, guya məsələ heç də qatığın rəngində deyilmiş. “İnsan gərək böyük – kiçik bilsin. Nə qədər yaxşılıqlar etmişəm ona, burnundan gəlsin!”

            Bu məni dayandırmadı.

            Rəisin katibəsi Fayaya yaxınlaşdım.

-                                 Ay Fatma, - dedim. – Bu nə işdir? Özünü bu kökə niyə salmısan? Gecə qəfildən səni görənin, vallah, ürəyi getməsə yaxşıdır.

            Fayanın üç qat rəng altında üzü pis – pis əyildi, turşudu, elə gözümün içinə çəmkirdi:

-                     Fu! – dedi – Köntöy! Qadınla danışmağına bax! Hələ özünü müasir çuvak sayır!

Mənə dünən gətirəcəyini söz verdiyi xarici estradanın maqnitafon lentlərini dərhal gizlətdi. Yazdığım hesabatları da üstündə “Təcili” sözü olan qovluqdan çıxardıb, stolunun alt gözünəatdı. Aydındır ki, kağızlar rəisin mübarək qolunu bu yaxın zamanlarda çətin görsünlər.

            Bu da məni dayandırmadı.

            Bizim laborant Zulyaya  “Züleyxa”  dedim. Kaş dilim quruyaydı, belə deyən yerdə. Həmin gün masamın üstündəki fincan çay üzünə həsrət qaldı.

            Laboratoriyanın böyük mühəndisini çağırdım. O, bir ildir ki, bir sxem yığır. Sxem xəttə qoşulanda adi səslərdən başqa hər cürə heyvan səsi – it, pişik, quş səsi çıxarır.

-                     Vilayət, iş nə yerdədir?! – soruşuram.

Danışdı. Ah çəkdim, ona “bivec” dedim.

O da borclu qalmadı:

-                     Hə?! Bəs bilmirsən qtı qtın yanına bağlarsan... Dalı məlumdur da! – dedi.

Bütün bunlar qərarımı laxlatdımı? Əsla!

            Bufetdə xırdanı qaytarmayan satıcıya “qarətçi” dedim. Onun cavabında mən “qəpik güdən demoqoq” oldum. Növbəsiz mənə xörək vermədi. Xeyli gözlədim. Aldığımı yeyəndə gördüm ət əvəzinə qabıma sür – sümük qoyub.

            Axşama qərarımı geri götürdüm.

            Səhər rəis nə deyirdi, başımı tərpədirdim: “Bu dahiyanədir, şef!” – deyirdim. O, üzümə güldü. Konfransa getmək istəyib – istəmədiyimi soruşdu. Şadlıqdan az qala uçacaqdım. “Bizim rəis mələkdir” – dikirləşdim.

            Rəisin katibəsinə:

-                     Oooo! Faya! – dedim – Bu gün nə qiyamət olmusunuz! Lap Bricit Bardoya oxşayırsınız.

            Faya əl boyda güzgüdə öz boyalı üz – gözünə,   ağız-burnuna vurğun-vurğun baxdı. Çıxarıb maqnitafon lentlərini dinməzcə verdi.

            On dəqiqədən sonra isə şöbənin hesabatlarını rəisin dərkənarı ilə gətirdi.

            Züleyxaya “Zulya” dedim. O, çayın çiçəyini mənə süzdü. Nəlbəkimə də bir “napalyon” pirojnası qoydu.

            Vilayətdən soruşdum:

-                     Qədeş, işlər necədir?!

            O danışdı. Sxem, heç demə, indi ayı səsi çıxarırmış. Onu təriflədim.

-                     Elə bu cür də davam elə! – dedim – Axır bir şey çıxacaq...

            Vilayət mənə ucuz qiymətə yapon maqnitafonu boyun oldu. O, neçə illərdi ki, elektron cihazları alqı-satqısı üzrə ixtisaslaşırdı.

            Bufetdə xırdanı almadım. Satıcı qulağıma pıçıldadı: “Uzağa getmə, təzə mal olacaq”.

            Kefim qalxdı kəllə-çarxa. Dünya gözümdə gül açdı.

            Yox, hər halda yaşamaq maraqlıdır. Yaşasın həyat! Özümə də qəti tapşırdım ki, məbadə, hər şeyi öz adı ilə çağırasan. Dünyanı mən düzəltməyəcəyəm ha?!

 

 

İSTEHSALAT TƏCRÜBƏSİ

 

            Onlar bir-bir çıxdılar, rəisi gözləməkdən bezar olmuşdular. Lap əvvəl Sərdar ayağa durdu ki, “su içmək istəyirəm,işə qayıdacağam.” Stol arxasında oturmuş şöbə rəisləri bir-birinə baxdılar, heç biri dinmədi. Qapı açıldı-örtüldü. Sonra Cəlalı öskürək tutdu, o da dəsmalı ağzına tutub, çölə cıxdı. Biri də: “Otaq istidir – dedi. – Adamın nəfəsi kəsilir.” Və ....qapı səssiz örtüldü. Daha sonra qalan üç nəfər çıxdı. Onlar heç bir üzr-bəhanə gətirmədilər. Heç lazım da deyildi. Şöbə rəislərinin başı söhbətə qarışmışdı, divar boyu düzülmüş stulların boşalmasını görmürdülər. Axıra çəkingən Gülbala qalmışdı; kudu kimi iri başı üstündə iki eynəkli gözü yerində qərar tutmurdu. Gah onun, gah da bunun üzündə gəzirdi. Kəsdirə bilmirdi ki, o da çıxsın, ya hələ otursun. Nəhayət, bu çətin vəziyyətdə qərar qəbul etmişdi ki, qapı açıldı, amma örtülmədi. Astanada intizarla gözlənilən rəis göründü. Otaq hərəkətə gəldi, hamı canlandı. Birinci şöbənin rəisi Xəlilov stolun üstündəki təqvimin yerini dəyişdi. İkinci şöbənin rəisi qalstukunu düzəltdi. Üçüncü şöbənin rəisi isə hətta bir balaca dikəldi də. Rəis tələsmədən xalça ayaqaltının bir ucundan tutub o biri ucunadək addımladı. Cəmi iyirmi addım. O, başdakı stolun arxasına keçdi. Yalnız bundan sonra geniş kabinetə gözdolusu baxdı:

-                     Təcrübəçi tələbələr hanı, bəs? – ağır-ağır soruşdu və sağ yanağındakı çapıq ipək corabdan çəkilmiş sap yeri kimi büzüşdü.

-                     Burdadırlar. Cu içməyə çıxıblar, - deyə birinci şöbənin rəisi dilləndi və üzünü Gülbalaya tutub. – Çıx, çağır uşaqları.

            Onlar bir-bir getdikləri kimi, bir-bir də qayıtdılar. Əvvəlki qayda üzrə də oturdular. Hamı gözünü başdakı stola dikdi. Rəis başıni dolandırıb, hamını nəzərdən keçirtdi və birdən başladı:

-                     Yoldaşlar, bir həftə qabaq yanıma iki tələbə gəlmişdi, adlarını deməyəcəyəm. Şikayətləndilər ki, onlar bu iki ayda heç nə öyrənə bilməyiblər,vaxtları hədər keçib, ümumiyyətlə təcrübə pis təşkil olunub... Eşidirsiniz? Biz təcrübəni təşkil edə bilməmişik! Mən onlarla razıyam. Elə hesabımı ondan götürürəm ki, bir həftədir bizdə təcrübədə olan on beş tələbənin on beşini də bir yerə toplamaq istəyirəm, mümkün edə bilmirəm. Beşi gələndə onu gəlmir, onu gələndə beşi. Biabırçılıqdır... Səbəb? Onlara pis nəzarət edirik. Onların gəlib-gedişi heçkim tərəfindən qeydə alınmır. Odur ki, tələbələr günlərlə zavoda gəlmirlər... Bu işlər üçün cavabdeh birinci növbədə İsmayılov yoldaşdır. Dayanın, İsmayılov, etirazı sonraya saxlayın, sizə fikrinizi söyləməyə vaxt veriləcək... Bəli, bu iş gərək əvvəldən diqqətimizdən kənarda qalmayaydı. Əgər bizdə doğrudan da, təcrübəni keçirmək imkanı yox idisə, mənə xəbər verəydiniz. Bizim sabahın istehsalat rəhbərlərinə belə məsuliyyətsiz yanaşmağa nə haqqımız var?! Əgər bu işi hərtərəfli təşkil edə bilməyəcəkdinizsə, vaxtınız yox idisə, mənə deyəydiniz, mən istehsalatın idarəedilməsinə sərf etdiyim vaxtdan, istirahətimdən kəsib bu işi yoluna qoyardım. – O, dərindən köksünü ötürdü. Sifəti döyülmüş mis kimi işıldadı. Ona fəxr və hörmətlə dikilən gənc baxışlar altında sözünə davam etdi: - İndi bu cavan yoldaşlar bizim müəssisə haqqında nə fikirləşəcəklər? Öz böyük yoldaşları olan bizlərə hansı gözlə baxacaqlar?! Təsəvvür edin ki, onlar dördüncü kurs tələbəsi, sabahkı həmkarlarımızdır. – O tələsik qarşısındakı kağızlardan birini götürdü: - Budur, birinci şöbəyə dörd nəfər göndərilib. Onlar haqqında nə deyə bilərsiniz, yoldaş Xəlilov? Həmişə gəlirlərmi?

-                     Bəli, Rizvan Musayeviç, - deyə Xəlilov dərhal dilləndi! İndi ikisi burdadır. Səhər – səhər də  ikisi gəlmişdi. Bilmədim ki,bu gün yığışırıq, yoxsa saxlardım. Dördünün də gündəlikləri, qeydləri hazırdır. Xasiyyətnamələrini də yazmışam, qol çəkməyiniz qalıb.

-                     Belə... Üçüncü şöbədə vəziyyət necədir?

-                     Rizvan Musayeviç, hər şey yerli – yerindədir, - deyə şöbənin rəisi cavab verdi.

Şöbə rəisləri azca dikəlmiş, sədaqətlə başdakı stola baxan üçüncü şöbə rəisindən gözlərini çəkdilər. “Yaltaqlıq olar, amma bir belə  yox də!” – Hər biri öz – özlüyündə fikirləşdi.

-                     Belə... İkinci şöbə, gündəliklər hazırdırmı?

Şöbə rəisinin monqolsayağı gözləri qıyıldı:

-                     Rizvan Musayeviç, mən heç bir gündəlik görməmişəm. – Rəisin təlx sifəti təəccübdən uzandı:

-                     Necə yəni? Siz onların gündəliklərini təcrübə rəhbəri kimi qəbul etməmisiniz məgər?

İkinci şöbə rəisi:

-                     Bilirsinizmi, tələbələr gələndə mən məzuniyyətdə olmuşam... Onlara təcrübə rəhbəri aparıcı mühəndis Salmanov təyin edilmişdi. O, indi məzuniyyətdədir.

Salmanov rəisin qohumu idi. İnstitutu keçən il qurtarmışdı.

Tələbələr bunu təsdiq etdilər:

-                     Belə... – Rəis tutqun gözləri ilə şöbə rəisinə baxdı. – Deməli, Salmanov ona həvalə olunmuş vəzifəni yerinə yetirmədən dincəlməyə gedib? Bir belə sayğısızlıq olarmı?! Kiməsə demək olmazdımı? Olardı... İnsan da öz işinə bu qədər laqeyd yanaşarmı?! Bəs vicdan, ictimai borc. Eh... Gəl, baş çıxar... İkinci şöbə elmi problemləri, tapşırıqları çox dəqiq, vaxtında yerinə yetirir. Amma elə ki, məsələ ictimai bir işdən getdikdə, hər şey kəlləmayallaq olur... Bu nə vaxta qədər davam edəcək?

            İkinci şöbə rəisinin qanı qaraldı. Rəis susdu. İçəri bürkü idi. İyun ayının istisi hamını tərlətmişdi. Rəisin stolunun üstündə isə “Apşeron” sərinkeşi sürətlə fırlanırdı. Soyuq hava onun üz – gözünü yalayır, çapığının bürüşüyü açılırdı. Rəis daha məsələni uzatmadı:

-                     Bundan sonra zavod istehsalat təcrübəsini götürməməlidir, ya da onu əməlli təşkil etməlidir. Belə deyilmi, yoldaş İsmayılov?.. – İsmayılov başını tərpətdi. Rəis davam etdi: - Sənədləri gətirin, qol çəkim. Daha keçib, gələcəkdə belə olmamalıdır. Mən qurtardım, yoldaş İsmayılov, bəlkə bir sözünüz var?

İsmayılov bezgin bir əda ilə:

-                     Yoxdur! – dedi.

Düzü, onun uşaq – muşaq qarşısında  hər il oynanılan bu cür, buna oxşar komediyalardan xoşu gəlmirdi. “Zalım balası, gör, beş şahılıq dərisi üçün necə əsir? Gah onu günahlandırır, gah da bunu...” – fikirləşdi.

Bu ara rəis davam edirdi:

-                     Təcrübənin tam qurtarmasına nə qədər vaxt qalıb? Bir həftə? Hmm... Mənə elə gəlir ki, uzatmağın mənası yoxdur, burxaın uşaqları, qoy gedib dincəlsinlər. Yay istirahətinin cana xeyri var...

 

 

QIŞ YUXUSU

 

                Zəhrimar qış gecələri qurtarmaq bilmir ki! Bayır soyuq, içəri isti – adam hey yatmaq istəyir... Sexi bir o başa, bir bu başa dolandım. Yuxusuzluqdan gözləri qızarmış növbə ustası ilə bir az söhbətləşdik. Onunla aramızda zarafatım var. Uzaqdan söz atdım:

-                     Tarixin çarxı dönüb, ya dönməyib?!

-                     Sənin kimi oğul yetirən tarixin çarxı dönər də!

Bizim növbə ustası ali məktəbin tarix fakültəsini qurtarıb. Müəllimdir.

Amma ixtisası üzrə hələ indiyə qədər işləməyib. Neçə illərdi ki, zavodda çalışırdı. Tarixdən etdiyi söhbətlərinin aşiqi idim.

-                     Nə olub, kefin yoxdur?! – Soruşdum.

-                     Evdən nigaranam. – Növbə ustası üz – gözünü turşutdu. – Kiçik oğlum vurub pəncərənin şüşəsini sındırıb. İndi otaqlar buzxanaya dönüb... Vaxt eləyə bilmədim şüşə salım...

Gördüm, danışmağa həvəsi yoxdur,söhbəti kəsdim. Sonra o, qapıya tərəf yollandı. Yəqin daha səhərə kimi buralarda görünməz. Getdi keşikçi dostlarının yanına yatmağa.

Üçüncü növbə iki saat idi ki, başlamışdı. Dəzgahlardan nasazı yoxdu. Bircə tornaçı dostum Məhəmməd dlixor idi. Dedi ki, onun dəzgahı şıltaqlıq eləyir, zay məhsul verir, ölçünü saxlamır.

-                     Ya Əlinin zibilidir, ya da Əsgərin! Həmişə başıma bu oyunu açırlar. Korlayırlar, sonra da atıb gedirlər. Xəbər etsəydilər ki, dəzgah bu gündədir, heç işə çıxmazdım.

Məhəmməd əl – qolunu ölçə - ölçə danışırdı. Birinci və ikinci növbə onun dəzgahında işləyən tornaçıların dalınca alıb verirdi. Yekə burnu inciklikdənmi, soyuqdanmı, ya gündüz məhkəm “vurduğundanmı” qızarmışdı.

-                     Baxarsanmı?! – Məhəmməd ümıdlə soruşdu.

-                     Qorxma, səni darda qoymaram. – Ona ürək – dirək verim.

Özgəsi olsaydı vecimə almazdım, zarafata salıb ötərdim. İndi isə qollarımı çırmayıb, alət çantamı aldım, xeyli qurdalandım. Bir şey çıxmadı. Özümü sındırmadım:

-                     Hələlik işlə, - dedim, - Bir azdan yaxınlaşaram. Bəlkə bir şey fikirləşdik...

Sexin ayağına tərəf getdim. Hər iki yanda düzülmüş dəzgahlarda qızğın iş gedirdi.

Təmirçilər otağına girdim. Sexin yeknəsəq səs – küyü, gurultusu qapı arxasında qaldı. Müşənbəli divan divara söykədilmişdi, ortada uzun stol qoyulmuşdu. Biz burda dincəlirdik. Yalnız təmirə çağırılanda burdan çıxırdıq.

Özümü divana yıxdım. Uzandım. Üstümə pencəyimi saldım. Saat birin yarısı idi. Gözlərimi yumdum. Bir şey çıxmadı, ele bil yuxum ceyran belində getmişdi. Fikirləşməyə başladım. Məhəmmədin dəzgahına nə olsun? Harası nasazdır? Yəqin diyircəyinə bir şey düşüb. Belə şeylər tez – tez olur, axı. Bəlkə oxu kip oturmayıb?!... Eh, çox fərsiz təmirçiyəm. Bu dilsiz dəyirmanın əlində necə də girinc qalmışam. Qoy cəhənnəm olsun! Yatmaq lazımdır. Sabah bir aləm işim var. Gündüz dincələ bilməyəcəm. Məktəbə çağırıblar, gedim görüm mənim vələdüzina oğlum neyləyib yenə? Müəllim onun gündəliyinə bir kitablıq söz yazıb. Kim bilir, neynəyib?! Oğlan uşaqları nadinc olurlar. Mənimki isə lap üitini – üorunu çıxarıb...

Bu gecə növbələri yaman xoşuma gəlir. Başının üstündə dayanan yox, dinən yox, tələsdirən yox. Növbə ustası sexin o başında yatır, mən də bu başında. Səkkiz saat olmasa da, altı saat nəğd yatıram. Gündüz növbəsində isə adam az-çox işləyir. Necə ola bilər ki, təmirçi yoldaşların iş görsün, sən oturasan?  Üz üzdən utanır.

            Heç bilmirəm niyə belə tənbəlləşmişəm? Qabaqlar belə deyildim. Od parçası idim.

            Görən dəzgahın nəyidir?! Olmur da! Dostdur, darda qoya bilmərəm. Arada duz-çörək, hörmət-izzət var. Sabah deməz ki, ay namərd, dar ayaqda kömək etmədin mənə! Axı, o, ikinci sexin tornaçısı ilə yarışır.

            Haçan yatdığımı bilmirəm. Amma həmin gece gördüyüm yuxu yadımdadır. Yuxuda gördüm ki, yatmışam. Gecənin bir aləmi səs eşidirəm. Kimsə qapını zərifcə döyürdü. Yuxulu-yuxulu fikirləşdim ki, yenə hansınınsa dəzgahı xarab olub. Ancaq məndən nə kömək!

            Birdən vızıltı eşidirəm. Sinəm üstünə qoyduğum sağ əlimə bir ağcaqanad qonmuşdu. İstəyirdim onu vurub öldürəm, qəflətən səs eşitdim:

-                     Vurma! Mən sənin ilham atınam!

-                                 Qorxudan gözlərimi bərk-bərk yumdum. Yuxuda fikirləşdim ki, bu nə pis yuxudur görürəm. Ağcaqanad da danışar? İxtiyarsız soruşuram:

-                                 Belə balaca at? Bəs, məni sən necə aparacaqsan?

-                                 Səni yox, fikrini, düşüncəni aparacağam. Dəzgahları təmir eləmək əlində su içmək kimi asan olacaq. Sən bilmədiyini dərhal biləcəksən, gözlə görmədiyini görəcəksən, heç vaxt eşitməyəcəyini – eşidəcəksən, bacarmadığını - bacaracaqsan...

            Yarıyumulu gözlərimi qapadım. “İlham atı” şirin-şirin vızıldayır, elə bil laylay çalırdı. Birdən sanki əlimə iynə batırdılar:

-                     Yatma, eşidirsən, yatma! Sən istəsən...

            Yuxu başıma vurmuşdu. Hərasan olmuşdum. Necə özümdən cıxdımsa sol əlimi qaldırıb “ilham atının” başına endirdim və qışqırdım:

-                     Əl çək də, gəlməyə vaxt tapmırsan?! Növbə ustası kimi niyə canımı boğazıma yığırsan? Qoy yataq da!

            Yuxudan öz qışqırığıma oyandım. Gözümü açıb dirsəkləndim. Təəccüb elədim. Məhəmməd də böyrümdə fısıltı ilə yatırdı. Yəqin dəzgahı tamam dayanıb, əlləşib, yorulub.Məni də oyatmağa da qıymayıb. Onun əlində açar vardı. “İlham atının” dişlədiyi yerə söykənmişdi.

            Məhəmmədin üstünü örtdüm. Saata baxdım. Yenidən uzandım. Qış gecəsinin yuxuları yaman şirin olur.

 

 

 

İLK MƏHƏBBƏT

 

            Onun yaşı otuz beşdən çox olardı, az olmazdı. Hələ də evlənməmişdi, subay dayça kimi dingildəyirdi. Əslində İsmayıl çox da səsli-küylü adam deyildi. Sakit, həlim, işlək bir oğlandı. Nə kardı, nə şildi, hər şeyi yerli yerindədi. Bir az qaraşındı.

            Bəlkə onun evlənməyinə pəl vuran var?! Baxırsan, yox, ana da, ata da, bacı-qardaş da toya-şadlığa razıdır. Bu münasibətlə birini yeyib, beşini də yetim-yesirə verərdilər. Bəlkə qonum-qonşuda bəd deyəni var?! Xeyr a, elə şeymi olar?! Əvvəla oğlan özü böyük-kiçik yeri biləndir. İkincisi də binadakıların çoxusunun radiosu-televizoru onun əlində sazlanır. Nəhayət, öz aramızdır, evlənmək də elə bir xoşbəxtçilik deyil, axı, bu arzuya düşənə mane olan tapılsın...

            Daha hamı ondan əlini üzmüşdü. Bu keçənlərin söhbətidir, aradüzəldən bir qarı qohumcanlıqla axtardı, axtardı, axır ki, İsmayıla bir qız bələdlədi. Qız elə İsmayılın babı idi. Yaşı iyirmisəkkiz-iyirmi doqquz olardı. Qaraqabaq bir qızdı. Zavodda iqtisadçı işləyirdi. Hansı məclisdəsə onları tanış etdilər.

            Birdəfə işdən gələndə yolları bir düşdü. Bir gün də gəzməyə çıxdılar. İlk görüş! Qanın damarlarda dağ çayı kimi çırpınmasını kim yaddan çıxarar? İnsanın daxilində bütün axarların sızaraq birləşdiyini, daşdığını, ağlın qurduğu çoxmərtəbəli planları bircə göz qırpımında qoynuna alıb daşlara çırpdığını unutmaq olarmı?! Amma keçmiş ola! O vaxtlar arxada qalmışdı. İndi İsmayılın haçansa könül açdığı qızlar dəstə-dəstə keçirdi. Neçə-neçə uğursuzluq! Hamısı da bir-birinə oxşar! Görürdün hər şey yağ kimi gedir. Qızın razılığı da alınıb, lap son anda – ilk məhəbbətindən söz açan kimi hər şey məhv olurdu. İşin qəribəliyi onda idi ki, İsmayıl əhvalatı danışan kimi könül açdığı qızı ya ağlamaq tuturdu, ya da gülmək. O, orta hala rast gəlməmişdi. Qızların ağlağanı ələ salınmış kimi xeyli hıçqırdıqdan sonra onu dinləmədən çıxıb gedirdi; güləyəni də elə uğunurdu ki, İsmayıl acığa düşüb, özü onu tərk eləyirdi.

            Belə-belə dünyada il üstünə il gəlirdi, yanar ürəklərdə də kül üstünə kül. Axırıncı dəfə İsmayıl özünə söz vermişdi ki, lənətə gəlmiş ilk məhəbbətindən daha bir kimsəyə danışmasın. Fikirləşdi: “Yəqin qadınları həqiqət heç vaxt maraqlandırmayıb. Bu onlara ya tamam dəhşətli gəlir, ya da gülməli!”

            İsmayılla qız dənizkənarı parkda gəzirdilər. Əvvəl o yan-bu yandan, iş gücdən söhbət etdilər, sonra yaxşıdan, pisdən, daha sonra gözdən-qaşdan. Sıxıntı get-gedə hər ikisini tərk edirdi.

            İndiyə qədər niyə ərə getməmisiniz?! – İsmayıl maraqla soruşdu, öz-özünə düşündü ki, pis qız deyil, bircə qaş-qabaqlı olmasaydı, ona gözəl də demək olardı.

            Qız sadəcə:

-                     Ürəyim tutan olmayıb! – dedi və fikrindən istəklisinin çıxıb getdiyi gün keçdi. Oğlan elə-belə getməmişdi, qızın insanlara olan inamını da aparmışdı. Əgər anasının göz yaşı, ah-zarı olmasaydı yerindən tərpənməzdi. Qız gizlicə ah çəkdi.

-                     Elə mənim də... – deyə İsmayıl gizlətmədən ondan daha-yanıqlı ah çəkdi.

            Bu dünyadır! Ən yaxşı adamlar da bəzən yalan danışırlar. Əgər bu yalan bir kimsəyə zərər gətirmirsə, nə eybi var, qoy danışsın.

            Onlar lövbər naxışlı dəmir məhəccərə söykəndilər. Susdular. Dəniz də, Günəş də onların ayağı altında idi. Dəniz dalğa-dalğa köksünü yırtırdı, Günəşin suya düşmüş əksi isə bir top kimi atılıb-düşürdü.

-                     Eşitdiyimə görə zavodunuz bu il üçün yeni öhdəlik götürüb?

            Bunu İsmayıl dedi. Dedi, dediyinə də peşiman oldu. “Allah kəssin, bu nə söhbətdir mən saldım?!”

-                     Elədir – qız cavab verdi. – Çox adama mükafat verdilər!

            İsmayılın həyəcanı keçdi, söhbətə nərdivan qoydu:

-                     Bura baxın, gəlin, biz də bir iş görək...

-                     Nə iş?

-                     Belə bu qurtaran il var ha, onun üçün öhdəlik götürək.

-                     Nə cür? – Qız laqeyd soruşdu və birdən başa düşüb, pörtdü.

            İsmayıl onun soyuq barmaqlarından yapışdı, ovcunda isitdi, daha dərinə getdi:

-                     Etiraz qəbul olunmayacaq ha! – gülümsədi.

            Qız dənizə baxırdı.

-                     Susmaq hər halda etiraz deyil... – pıçıldadı.

            Görürsən üstünü kül örtmüş közün yanından yel ötür, kül uçub yerə tökülür. Köz ulduz kimi işarır. Bir müddətdən sonra yenidən üstünü kül örtür, yenidən külək vurub onu közərdir... və yanıb qurtarana kimi bu davam edir... İndi dənizdən meh əsdikcə İsmayılın xatirələri də çözəlirdi. O, dodaqlarını bir-birinə sıxdı, dəhşətli hiss etdi ki, könlündən öz ilk məhəbbətindən danışmaq keçir.

-                     Biz uşaq deyilik. – İsmayıl daha dözə bilmədi. – İstəyirəm hər işimiz düznəqulu olsun. Aramızda yalan olmasın. Mən çox-çox qabaqlar da birini sevmişəm, indiyə qədər unuda bilmirəm...

            Qız başını qaldırmadan pıçıldadı:

-                     Eybi yoxdur, - dedi və əlavə elədi: - kimin başına gəməyib ki?!

            İsmayıl xatirələrindən cuşa gəldi:

-                     Bu çoxdan olub.. Lap çoxdan. Qohumlarımızdan biri qız qaçırmışdı. Kəndin bütün arvadları onlara yığışmışdı. Qulaq asırsınız?

            Qız onun işıqlanmış üzünə baxdı, gülməkdən özünü güclə saxladı: “Vallah qiyamət oğlandır” – fikirləşdi.

-                     Eşidirəm , İsmayıl. – dedi.

-                     Həə. Anam məni də özü ilə ora aparmışdı. Gəlini geyindirmiş, bəzəmiş, ortada oturtmuşdular. Arvadlar dövrə vurub söhbət edir, arada gəlini danışdırırdılar. Görünür, gəlin utanırdı, sorğulu-qınaqlı baxışlar isə ona aman vermirdi. O, əl-ayağına yer tapmırdı. Mən anamın ətəyini buraxdım, gəlinə yaxın getdim. O, göz-qaşı ilə məni çağırdı. Qucağına aldı, sipər kimi sinəsinə sıxdı. Altdan yuxarı onun gözlərinə baxdım. İndiyə qədər o nəmli gözləri unuda bilmirəm. Ürəyim o vaxt az qaldı yerindən qopsun. Bəlkə bu hiss sonradan yaranıb, ya onda da varmış, deyə bilmərəm, amma hələ də o gəlini unuda bilmirəm...

            Məhəccər tir-tir əsdi. İsmayıl cəld çevrildi. Qız elə uğunurdu ki, ətrafda keçənlər qibtə ilə ayaq saxlayır, onlara baxır, sonra hərə bir hisslə yoluna davam edirdi.

-                     Onda, onda sizin... – Qız uğuna-uğuna soruşdu. – Sizin neçə  yaşınız vardı?! Bir ya iki?

            İsmayıl qızın gülüşdən, doğrudan da gözəlləşmiş üzünə baxdıqca mat qalırdı. Gözünü heç cürə yığa bilmirdi:

-                     Dörd – cavab verdi.

-                     Dörd?! – Qız təkrar etdi və yenidən qəhqəhə çəkdi. – Aman allah! Ha, ha, ha! Nə zarafatcıl adamsınız?!

            İsmayıl qaş-qabağını tökdü:

-                     Axı, nəyə gülürsünüz?

-                     İnciməyin, siz allah. – Qız dəsmal çantasından dəsmal çıxardı, gözlərini sildi. – Belə aşiq-məşuqluğa heç bizim klassik ədəbiyyatımızda rast gəlməzsən! Buna gülməyəsən, nə edəsən?!

-                     Amma ağlayanı da olub... – İsmayıl hədə ilə dilləndi.

            Qız isə əməlli-başlı açılmışdı:

-                     Biz buna birgə gülsək dünyamı qopar?! – dedi və onun qoluna toxundu. – Elə deyilmi?!

            İsmayıl qızın təbəssüm dolu gözlərini gördü, ixtiyarsız özü də gülümsədi. Qəflətən ağlına gəldi ki, əslinə qalsa onun ilk məhəbbəti özgəsi yox, elə qarşısındakı qızdır...

 

 

OMBA  AĞRISI

 

            Səhərin gözü açılmamış bu qırılmışlar oyanırdılar. Yorğan – döşəkdə oynaqlaşır, süpürləşir, ağnaşır, didişir – bütün evəharay salırdılar. İslam kişi sərsəm yuxudan oyanar, altdan geydiyi ağ keçə tumanının  aşıq bağlarını tapdalaya – büdrəyə özünü onlara çatdırar, böyüyünə böyük çəkərdi, kiçiyinə kiçik. Bu “hay – küyçüləri” bir – birinə qatanda günahkarı – günahsızı ayırmaz, səmim – qəlbdən inanardı ki, bu qırılmışların hamısı bir bezin qırağındandır. Taxsır varsa hamısındadır, yoxsa deməli, heç birində. Bir əlli əl çalmaq məsələsidir! Əlin biri qalxanda, o biri açılır ki, araya şappıltı düşsün!

            Sonra İslam kişi yerinə qayıdar, uzanar, yorğanı başına möhkəm çəkərdi ki, onların hönkürtüsünü eşitməsin. Amma nə fayda, “günahkarlar” bir – birinə züy tuta – tuta ağlayar, onun ürəyini qana döndərirdilər. “Bu içini çəkən Validədir. – İslam kişi fikirləşirdi – Ölmüş ürəyində ağlayır, əti kəsilsə də səsini bərkdən çıxartmaz. Hə!  Bu oxşaya – oxşaya hönkürən Xalidədir. Uzanıb dam boyda olub, bir tikə də ağlı yoxdur! Əslində, bütün fitnə - fəsadın nayası odur. Barmağın da ona toxundumu, qurtardı getdi, şivən salır... Bu mızıldayan Cəmilədir! Şapalağın yekəsi həmişə bu yazığa dəyir. İstəyirdim o ölmüş Cəmiləni çapım, Kəmalə özünü verdi qabağa. Xasiyyətdə lap Xalidəyə oxşayır, yaman ürəyiyumşaqdır. Bah! Bu hıqqıldayan kimdir?! Hə, körpə Cəmalədir... Deginən, sənə nə olub?! Sənə ki, toxunub eləməmişəm?..”

            İslam kişi gördü daha yatmaq yoxdur, yerindən qalxdı. Qızlar dərhal kiridilər. Qıvrım başları getdi yorğanın altına. Kişi geyindi, bayıra çıxanda gözü böyük qızların yatdığı otağın qapısına sataşdı, dayandı. Sonra keçib getdi: “Qoy, yatsınlar – fikirəşdi. – Bir azdan oyadaram, hələ saat altıdır. İstirahət günüdür. Eh! Bu at ilxısı qoyar bəyəm, barı asudə vaxtımda  bir doyunca yatım... Bütün həftəni o qədər ora – bura qaçıram ki, ayaqlarımı su alır... Baxanda neynəyəsən, çörəyi qazanmaq lazımdır... Səkkiz qızdır, maşallah, elə onların bircə yeməyi – içməyi maaşımı bütöv udur... Nə qədər uşaq idilər, geyimləri eynimə deyildi... İndi böyüyüblər, tələbləri də artıb... Əvvəl çit alardıq, indi o adı nədir... deyə də bilmirəm ha, ondan istəyirlər... Əvvəl bir ayağı geyimli, bir ayağı yalın ili başa vururdular, indi ayaqqabısı gərək nəmənə olsun, özüdə impırtnı! Bə nə?! İslamın qızı kimin qızından əskikdir?!”

            Fikirli olduğundan iki ayağını bir başmağa dirədi. Büdrədi. Deyinə - deyinə bayıra çıxdı. Eyvanın tör – töküntüsünə, həyətin zibilinə baxdı, qanı qaraldı. Bir də deyindi: “Zalım qızı, deginən, nə gedib yanını qoymusan balniskədə! Düz bir həftədir hə azad olur, hələ də azad olmayıb... Haçan gələcək, bu cığ – vığın yemək – içməklərini sahmana salacaq, üst – başlarına bir əl gəzdirəcək! Bağrım çatladı, axı! Eh, o keçənlərdə yaxşı idi, arvadı doğum evinə güclə çatdırardım. İndi, deginən, ay rəhmətliyin qızı, nə düşüb sənə tirrənmisən oralarda? Vur, özünü öldür, oğlan ki, doğmayacaqsan!” Deyindikcə dərdləri çözələnirdi. Bir yekə arzusu vardı, amma kimsə yanında dilnə gətirməzdi. “Kərəm allaha qalıb!” – ah çəkdi. Ürəyi qovrula – qovrula fikirləşdi. – “Çıraq yandıran! Oğul! Qızdan nə olsun? Tüstüsündən köz çıxır, istisindən can qızmır”.

            Yaz günəşi çeşt yerinə qalxanda heyrət səs – küylə doldu. Qızların iş görəni işləyir, oynayanı oynayırdı. Bal arıları kimi vızıldaşırdılar. İslam kişi onlara baxır, acığından gülürdü.

            O, haçandan – haçana tol, karıstı, mıx götürüb dama qalxdı. Keçən yağışda ev bir – iki yerdən dammışdı. Asudə vaxtı bu gün idi. Bilirdi, indi sahmana salmasa əldən qalar. Oranı yamadı, buranı suvaqladı, gün günorta yerinə çatdı. İşini qurtarıb aşağı düşəndə, ayağı nərdivandan sürüşdü və yanı üstə gəldi yerə. İslam kişi yerdə fikirləşdi ki, nə yaxşı torpaq qalağının üstünə düşmüşəm, yoxsa şikəst olacağdım. Bir yeri əzilməsə də, deyəsən ombası bərk sərpmişdi. Ölüm – zülüm yerindən qalxdı, bir ayaq, bir ayaq özünü evə saldı.

            Radioda muğam saatı idi. Kimsə “Simayişəms” oxuyurdu. Qızların də səs – küyü yenə evlə bir olmuşdu. İslam kişi necə hirsləndisə, az qaldı ağlı başından çıxsın. Ciyildəşən qızların üstünə hücum çəkmək istədi. Amma ombasının ağrısı daha da artdı. Bir yannı özünü çarpayıya saldı, inildədi... Böyük qız yaxın gəldi:

-                     Nə olun, ay dədə?! – soruşdu. – Haran ağrayır?!

-                     Qızım, damdan düşəndə yıxıldım, deyəsən ombamdır. – dedi. – Ağrıdan bir də sızıldadı.

            Künc – bucaqda ağlaşan qızlar səslərini kəsdilər... Onun ətrafına yığışdılar. Biri ayağını ovuşdurdu, biri çay gətirdi, biri tərini sildi, biri başının altını düzəltdi... Qərəz, bu canıyananlıq bir az da davam  etsəydi, İslam kişi kövrəlib ağlayacaqdı. Qızlar da atalarının pambıq kimi yumşaq ürəyini görüb daha ondan, bəlkə də, ömürlük çəkinməyəcəkdilər. Hirslənəndə onları kötəkləyən bu adamın şapalaqları baldan da şirin gələrdi...

             Elə bu ara qapı açıldı, içəri qonşunun on – on iki yaşlı qızı təpildi... Astanadan qışqırdı:

-                     İslam əmi, İslam əmi, muştuluğumu verin..!

İslam kişinin ürəyi evlənəndən bəri doqquzuncu dəfə idi gedirdi ayağının altına. İndi pıçıldadı: “Qız, ya oğlan? Qız, ya oğlan! Kərəm allaha!”

-                     Nədi bala?! – Amma yerindən tərpənməyə heyi qalmamışdı.

-                     Muştuluğumu verin... – Qız gülə - gülə dilləndi, sonra özünü saxlaya bilmədi... – Oğlunuz olub ey, oğlunuz! Anam indicə zəng eləmişdi, dedi ki, sizə xəbər verim.

Onun anası doğum evində şəfqət bacısı işləyirdi. İslam kişi çarpayıdan quş kimi qalxdı! “Oğul! Çıraq yandıran!” – fərəhləndi.

-                     Qızlarım, tez özünüzü qardaşınıza yetirin, mənə bir səhih xəbər çatdırın.

Məmə yeyəndən pəpə deyənə qapıya cumdu. İslam kişi əlini qaldırıb onları dayandırdı:

-                     Daha ilxı ilə yox da! Dördünüz getsə bəsdir! Qalanı sabah gedər! İnşallah!

İslam kişi təzədən çarpayıya uzandıqda ortancıl qızı soruşdu:

-                     Dədə omban yenə ağrıyır?

-                     Azca ağrıyır... İslam kişi yalan deyirdi. Onun ombasının ağrısı çoxdan keçmişdi.

 

HASARIN SÖKÜYÜ

 

            Doqquza iyirmi dəqiqə qalmışdı. Arıq, uzun, üzü çilli gənc mühəndis Dadaşov təngnəfəs binanın beşinci mərtəbəsinə qalxırdı. Onun iyirmi iki yaşı vardı. İnstitutu bu il qurtarmışdı.

            Dadaşov əmək fəaliyyətinə bir həftə qabaq başladığı laboratoriyaya ayı kimi gurultu ilə soxuldu. Yaylı qapı onun dalınca yaylım atəşinə oxşar bir səslə çırpıldı.

            Divarlar  boyu sıralanmış, cihazlardan ləm vuran stollar boş idi. Otağın dərinliyində, xəlvəti bir bucaqda dəmdəsgahla sahmana salınmış çay masasının başına cəm olmuş işçilər şirin söhbətdə idilər. Qapının səsinə hamı diksindi. Xavər çaydanı az qaldı dizinə qoysun. Zərifə mili əlinə batırdı, yanıqlı-yanıqlı ufuldadı. Laboratoriya müdiri sözünü yarımçıq kəsib yağ-pendir yaxmacını əlindən salmış aparıcı mühəndisə gülürdü. Böyük  mühəndis isə isti çayı dağıtmışdı üstünə, hay-küylə hoppanıb düşürdü ki, dərisi pörşələnməsin. Hamı intizarla qapıya çevrilmişdi.

            Bu qarışıqlığa səbəb olan Dadaşov astanada quruyub qalmışdı. Beş cüt gözün nişanından qaçmağa yer yoxdu. Zərifə tikməni halsız halda sinəsinə sıxmışdı. Pıçıltı ilə inildədi:

-                     Uff! Bu uşaq məni ürəkqopmasına salacaq!..

-                     Nədir, dalınca atlı salıblar?! – Xavər çaydanı qeyzlə yerə çırpdı.

-                     Bu sənsən?! Çox xoş gəlmisən, Dadaşov! – Laboratoriya müdiri istehza ilə dilləndi və ayağa qalxdı. Ona tərəf  bir addım  atdı, Üz-gözünü turşutdu: - Hardasan a, bala?

“Balası” ondan altı-yeddi yaş kiçik olardı, amma müdir əlinin altında işləyənlərlə atalıq mövqeyində söhbət etməyi xoşlayardı. Dadaşov tərləyə-tərləyə üzrxahlıq etdi:

-                     Bağışlayın, oldu da... Gecikdim! – Əllərini əsəbiliklə ovuşdurdu.

            Müdir nırçıldadı, sağ əlinin şəhadət barmağıyla eynəyini dikəltdi.

-                     Yoxxx! – dedi. – Belə olmaz, cavan oğlan, belə olmaz! Bura dövlət müəssisəsidir, dədəmin evi deyil ki, mən bağışlamaqla qurtarsın. Saat doqquza iyirmi dəqiqə qalır... Deməli, yarım saat gecikmisən...

-                     Neyləyim, axı, avtobus yox idi də... – Dadaşov boynunu bükdü.

-                     Bu əzginiş bəhanələri boşla! – Müdirin eynək altında olan gözləri birdən parıldadı, sürətlə qırpıldı, elə bil, göydə ulduz axını oldu. – Eşitmişik! Sən suya gedəndə biz sudan qayıdırdıq... Hamı necə sən də elə! Əh! İş bilmişdik! Hər yerindən duran yarım saat gecikəcək, mən cəfasını çəkəcəyəm...

            Dadaşov dəsmal çıxartdı, tərini sildi, astadan xahiş etdi:

-                     Vallah, bir də gecikmərəm...

            Dadaşovun alışıb yanan çilləri Zərifənin ürəyinə od saldı, barmağının zoqqultusu hələ kəsilməsə də, yumşaldı, müdirə minnət elədi:

-                     Ay müdir, sən o, bir balanın canı, keç bu uşağın günahından... Kişi kimi söz verir də, daha gecikməz!

            Müdir fikrə getdi, haçandan-haçana dilləndi:

-                     Köhnə vaxtlar olsaydı, ay Zərifə bacı, nə vardı ki?! Lap bir həftə də gəlməsəydi də dinən deyildim. Siz ki, məni yaxşı tanıyırsınız! Amma indi vaxt başqadır. Odur, institutun qapısında bir sürü ictimai nəzarətçi dayanır. Gecikənlərin adını ucdantutma yazırlar. Dadaşov da dəftərə düşməmiş olmaz. Bir yandan da təzə direktor dişini üstümə qıcıyıb. Nizam-intizamda ad çıxarmış laboratoriyamız “Qara dəftərə” düşsə, batdıq! Qorxuram, hamımızın aylıq mükafatı kəsilsin! Keçən ay qonşu laboratoriyanın başına belə bir iş gəlmədimi?! Nə var, nə var, iki nəfər işdən tez çıxmışdı.

            Müdir sözünü bitirə bilmədi, hamı vəlvələyə düşdü. Otağı deyinti başına götürdü:

-                     Nə?! Mükafatımızı kəsəcəklər?!

-                     O gecikəcək, bizim nə günahımız?!

-                     Əcəb işdir! Gəldiyi bir həftədir, gör başımıza nə oyunlar açır!

-                     Dadaşov tələsik dilləndi:

-                     Əşi, qorxmayın, məni heç kim görməyib... – dedi və irəli gəldi.

-                     Yoxsa, sən gözbağlıcasan?! Qoy mənim mükafatımı kəssinlər, gör sənə mən neyləyəcəyəm! – Mükafatın kəsiləcəyindən hamıdan çox qorxuya düşmüş böyük  mühəndis bağırdı. – Bəs mənim üç balamı kim saxlayacaq?!

-                     Mən... Mən hasardan gəlmişəm,  ona görə görən olmadi. – Dadaşov utana – utana izah etdi...

Hamının üstünə elə bil su ələndi. Müdir dərindən nəfəs aldı, razılıqla dilləndi:

-                     Ay sənin gözünü yeyim!

-                     Bir həftəlik iş stajı olan gənc üçün pis başlanğıc deyil. Afərin! – Bunu asta – asta yerdən qaldırdığı yaxmaçı kəvələyən, qarın bağlamış aparıcı mühəndis dedi. – Sənin gələcəyin çox parlaq olacaq, Dadaşov! Mən işə girəndən iki ay sonra hasardan aşmağı təcrübə eləməmişəm...

Müdir tələsmədən yerinə adladı, nəlbəkisinə pirojna qoyulmuş fincanı qabağına çəkdi. Çaydan ləzzətlə bir qurtum aldı:

-                     Hə! – dedi – Camaat, təklifiniz nə oldu? – soruşdu və cavab gözləmədən pirojnaya girişdi.

Otaqdakılar baxışdılar. Hamının fikrini tikməsini yenidən əlinə almış, əsəbləri sakitləşmiş Zərifə ifadə etdi:

-                     Maadam ki, onun gecikməyindən bizə bir zərər toxunmayacaq – bağışlansın! Cavandır, hələ qanmır, inşallah, bəlkə düzəldi...

Müdir gülümsədi. Dadaşovu əlilə çağırdı:

-                     Yaxşı, daha qapıda bitmə, gəl, otur! – Tərəddüdlə onun böyründə yerini rahatlayan gənc mühəndisə baxdı: - Zərifə bacı, bizim bu gənc kadra da bir çay süz!

Aparıcı mühəndis birdən pıqqıldadı:

-                     Dadaşov, amma daha hasardan aşmazsan ha!

-                     Niyə?! – Gənc oğlan bir aparıcı mühəndisin istehzalı gözlərinə, bir də müdirə baxdı.

-                     Onunçun ki, bundan saha rahat yol var... – Müdir izah etdi: - O yanda, ağacların sıx yerində hasarın darvaza boyda söküyü var... İşdi, gecikib eləsən ordan gələrsən. Yoxsa allah eləməmiş, hasardan aşanda yıxılarsan, bizi də xataya salarsan...

Dadaşov ağzını açdı danışsın, amma dinmədi, Zərifənin gətirdiyi stəkanı yanğı ilə başına çəkdi.

Çay dəsgahı, bu qaydada, saat ona qədər davam elədi...

 

 

 

“ XAN DÜYÜSÜ ”

 

            Seyfəli dayıya bir qırx kilo “xan düyüsü” lazım idi. Qabaqda oğlunun xeyir işi dururdu. Xırda – xırda hazırlığını görürdü ki, toy ərəfəsində qaça – qaça düşməsin.

            Axtarmadığı yer qalmadı, düyüdən soraq verən omadı. Ordan – burdan tapdığı  bir kilo-iki kilo ilə yara sağalmırdı. Getdi Sərdarın yanına. Fikirləşdi: “Cəhənnəmə ki! Qoy bir-iki manat baha olsun, amma tez olsun. İndi neynək daha?!”

            Sərdar məhəllə dükanının həm müdiri, həm də satıcısı idi. Mızının biri, pişim-pişimlə dolanan bir adamdı. Hələ indiyə qədər onun bərkdən danışdığını , hirsləndiyini görən olmamışdı. Üzünə də söysən dinməzdi, gülümsəyərdi.

            Məhəllə camaatı Sərdarı yola verirdi, tərəzisinə çox da ilişmirdi. O da camaatı yola verirdi. Kimə nə lazımdı, əlüstü tapıb gətirirdi. Birə üç qiymətinə də sırısa, kimsəni əlamanda qoymamışdı. Adam üçün əldən-ayaqdan gedirdi. Mağazaya bir naşı adam baş çəksəydi Sərdar “başına dönüm”-ləri ilə onun yuyar, on ildən qalma mallarını tərifləyə-tərifləyə sırıyardı.

            Qonum-qonşu yaxşı bilirdi Seyfəli dayı hər adama ağız açmır. Əlli ildi belə yaşayırdı, ömür vəfa etsəydi, bir əlli il də belə yaşayardı. Dörd oğlu, iki qızı vardı. Hamısını yerbəyer eləmişdi, qalırdı kiçik oğlu, onu da iki baş dörd ayaq edəndən sonra Seyfəli dayı rahat olacaqdı.

            Sərdarın dükanına girəndə Seyfəli dayı özünü bir az naqolay hiss edirdi. Qərəz, çətinliklə də olsa xahişini elədi. Allah kömək olmuş Sərdar da şadlıqla gülümsədi:

-                     Əşi, bu nə minnətli işdir ki, xahiş edirsən? Sən mənə əmr elə! Belə xeyir işdə də bir-birimizə kömək eləməyəcəyiksə, bəs, havaxt edəcəyik? Get, ürəyini buz kimi saxla, sabah axşam hazır olacaq...

-                     Haqqı nə olacaq, qonşu? – Seyfəli dayı bir əli siçanlar oynaşan cibində, bir əli ağarmaqda olan bığında soruşdu.

-                     Əşi, bu nə sözdür?! – Sərdar şirin dilini işəsaldı. – At deyil, dəvə deyil... Sabah danışarıq...

            Seyfəli dayı bir istədi desin ki, qonşuluqda bir az ucuz olsa, pis olmaz. Amma dinmədi. Bir az arxayınlaşdı, evə qayıtdı. Bilirdi, Sərdar dedi, qurtardı getdi. Elə bil öz əlinlə aparıb qoymusan, get, götür.

            O, simic adam deyildi. Əlində-ovcundakını dost-aşnaya xərcləməyə hazırdı. Amma axır illər elədiyi iki-üç toy Seyfəli dayını çökürtmüşdü. Əli də daha kardan düşmüşdü, pul sarıdan korluq çəkirdi.

            Sabahısı işdən icazə aldı, üç olmamış qayıtdı. Daş karxanasında maşinist idi. Paltarını dəyişdi. Qapıdan çıxanda arvadı qayıtdı ki, bəs, Sərdarın oğlu əsgərlikdən gəlib. Seyfəli dayı fikrə getdi: “Yaxşı olmaz, göz aydınlığına getmək lazımdır... Düyü isə, yenə, qaldı...” Dinmədi.

-                     Hamı ordadır, sən də get. Qonşudur... – Arvadı dilləndi.

-                     Sən deməmiş də başa düşürəmki getmək lazımdır.

            Altı uşaq doğub-böyütmüş, yaşlandıqca əndazəsiz kökələn arvadı başını aşağı saldı. Bircə bunu tapşırdı ki, Seyfəli dayı içməsin. Bilirdi ki, kişinin dilinə bircə damcı dəydimi daha dalını qabağını gözləməyəcək, başlayacaq qonum qonşunu bəzəməyə. Seyfəli içməyəcəyini qərara alıb yola düzəldi. Gedib süfrə üstünə çıxdı. Sərdar oğlunun qayıtmağını əməlli-başlı qeyd edirdi.

            Həyətdə ağac kölgəsində stollar açılmışdı. Bir az aralıda kabab çəkilir, yaxın-uzaq qonşular da ikiillik qoçların ətindən yeyir, bala-bala da “vururdular”.

            Ev sahibi evdə idi. Deyəsən, daha hörmətli qonaqları içəridə oturtmuşdu. Seyfəli dayı stol arxasına keçmək istəmədi.

-                                 Bir kirim əskər oğlanla görüşüm, Sərdara gözaydınlığı verim, sonra yanınıza qayıdaram...

            Babaş kişi qırsaqqız oldu ki, buraxmaram. Gecikmisən, gərək “cərimə” badəsini içəsən – dedi.

-                     Yox, yox, istəmirəm. – Seyfəli dayı əllərini qaldırdı. – Arvada söz vermişəm, evə ayıq qayıtmalıyam.

            Nüsrət kişi hırıldadı:

-                     Qocaldıqca xərifləyirsən ha! Adam da noxtasını arvad əlinə verərmi?!.. Götür, stəkanı, Seyfəli, ayıbdır...

            Babaş kişi gülə-gülə, yarıxoş, yarızor kabab şişini onun bir əlinə, dolu stəkanı isə o biri əlinə dürtdü. Seyfəli dayı tamahlandı. Tikələrdən yağ damırdı. Səbrlə gözləyən qonşular onun dil-dodağı pörşələnəyana bir səkil tikəni şişin üstündəcə dişinə çəkdiyini görüb rahatlandılar. Seyfəli dayı əlindəki stəkanı bir nəfəsə boşaltdı. Gözləri yaşardı. Demə, zahrimar təmiz spirtmiş. Yanğısını öldürmək üçün yeməyə girişdi. İçalatı qovrula-qovrula fikirləşdi: – “Zalım oğlu süfrəyə, gör, nə qoyub! Ay sənin hərci-bətərini nə deyim, Sərdar. Milyon üstündə oturursan. Bir mərifətli şey versəydin canın çıxardı?! Aman-zaman bircə oğlun var da, kimin üçün yığırsan?!” Sərdarın arvadı tibb məntəqəsində laborant işləyirdi. Bu içki də ora malına oxşayırdı.

            Seyfəli dayı bir azdan dəmləndi. May günəşi, təzə ətin kababı, ağac kölgəsi! Bütün bunlar hamısı birdən başına  vurdu. Gözaydınlığı gəldiyini gücnən yadına saldı. Ayağa durdu. Yapışdı Babaşın yaxasından dili topuq çala-çala dilləndi:

-                     Durrr... Mənii apar ora!

Babaşın ağzı getdi qulağının dibinə.

-                     Hara, inşallah? – soruşdu.

-                     Deyirəm... deyirəm... – Seyfəli dayı hıcqırdı və fikrə getdi. – Hə... yadıma düşdü... Deyirəm, bir Sərdara deyim... Əşi, dükançımızı deyirəm də. Axı, oğlu gəlib əsgərlikdən...

            Babaşın qırmızı sifətində tavada oynayan günəbaxan tumuna oxşar gözlərindən savayı hər bir əzası xumarlanırdı. O, pıqqıldadı:

-                     Neynək, gedək... – dedi. – Amma gözaydınlığını əvvəl-əvvəl Bəxşəliyə ver. Yoxsa Bəxşəli dadaş səndən inciyər...

            Bu sözə masa arxasındakılar hırıldaşdılar. Seyfəli dayı Babaşa yuxarıdan aşağı küt-küt baxdı. Hərəsinin ağzından bir avaz gələn qonşulara fikir vermədən soruşdu:

-                     Bəs, Bəxşəliyə niyə, a Babaş?! Oğul ki, Sərdarındır...

-                     Sən mənim canım, Seyfəli, o uşağa bir də yaxşı-yaxşı diqqət edərsən... – Babaş kişi qyıq olanlara göz basdı. – Gör, kimə çox oxşayır?! Sərdara, ya Bəxşəliyə...

Seyfəli dayı çənəsinin altına girmiş Babaşı əlinin dalı ilə kənar etdi, mızıldandı:

-                     Kəs səsini!   Qurumsaq! – dedi – Onun süfrəsinin başında oturmusan, axı... Yerə girmirsən?!

            Bəxşəli Sərdarın arvadı ilə tibb məntəqəsində işləyirdi. İkisi də feldşer idi. Bəxşəli Sərdar gilə öz evi kimi gedib gəlirdi. Qonşu məhlədə olurdu. Evlərinə yatandan-yatana gedirdi. O da hər gün yox. Çox vaxt Sərdarın aynabəndində gecələyirdi. Qarabuğdayı, pəzəvəng kişi idi. Hər şaqqasından iki dənə Sərdar kimisi çıxardı. Məhəllə sakinləri iyirmi il idi ki, bu ailəli dostluğun şahidi idilər.

            Seyfəlinin ayaqları bir-birnə dolaşırdı. Sərdarın eyvanına qalxdı. Əsgər oğlanla qapıda rastlaşdı. Qucaqlayıb onu öpdü.

-                     Həmişə evində eşiyində, qardaşoğlu! – dedi – Atan hardadı?!

Oğlan dinməzcə kişini içəri apardı. Otaqda “onu yemə bunu ye” , “onu içmə, bunu iç” idi. Seyfəli dayını görüb ikisi də - Sərdar da, Bəxşəli də masa arxasından qalxdı. Əsgər oğlan keçib onlarla yanaşı durdu.

Seyfəli dayı gözü onlarda yaxınlaşdı. Babaşın sözləri yadına düşdü, birdən dayandı. Bir Sərdarın oğluna, bir də Bəxşəliyə baxdı. Özünə itirdi: “Baho! Qurumsaq Babaş elə düz deyirmiş də! – fikirləşdi – Gör necə də oxşayırlar... Heç ayırmaq olmur. Lap Bəxşəlinin cavanlığıdır ki, var. O qalın qaşlardır, o qıyıq gözlərdir ki, güləndə qarası yox olur ağı parıldayır... Ata – oğul vallah, bunlardır.” Sonra Seyfəli dayı açarını tamam itirdi. “Yaxşı, əsgər oğlan Bəxşəlinin dost-doğma oğludur! Bu məlum oldu. Bəs, bu dükançı haramzada niyə özünü atıb ortaya? Hmm... Mən niyə burdayam?! Hə... Zəhrimar yaman tutub məni. Evi də ev deyil, muzeydir...” O asta-asta irəlilədi, ayağı az qala otağın döşəməsini bütöv örtən xalçanın qırağına ilişdi, büdrədi. “Keçən il bu yox idi, iki xırdası dururdu. Bu il alıb... Alar da! O da almasın kim alsın?! Əşi, Sərdarın pulunu balta kəsməz! Sən öl, kəsməz! Hə? Kəsər, ya kəsməz?” Bir də səntirlədi. Bəxşəli cəld tərpənib, onu tutdu. Seyfəli onu qucaqladı.

-                     Gözün aydın, Bəxşəli qardaş! – Çığırdı. – Böyük toyuna gələk, Bəxşəli! Oğlun sənə yaman oxşayır! Əsgərliyini çəkib, borcunu verib, daha toy tədarükünə başlaya bilərsən... İnşallah...

Bu sözdən qonaqlar tərpəşdi, çoxunun dişi ağardı. Bəxşəli Sərdara gözaltı baxdı, cəld üzünü döndərdi. Tələsik Seyfəli dayını qucaqladı, necə sıxdısa kişinin sümükləri şaqqıldadı. Dedi:

-                     Elədir, Seyfəli kişi, mənim oğlum Aydın mənə yaman oxşayır... Gələn ayda onun sünnət toyunu edirəm. Gözləyirəm dərslər qurtarsın, tətilə çıxsın. Kirvəm də sən olacaqsan... – Və gözünü necə ağartdısa Seyfəli dayının huşu üstünə qayıtdı.

            Quruyub qalmış Sərdarı gözü aldıqda, təmiz ayıldı. Bəxşəlini kənar edib, ona yön aldı. Əlini yellədib, astadan dedi:

-                     Gözün aydın, qonşu... Ürəyini sıxma, elə yaxşı igid gərək dayısına oxşaya...

            Yer-yerdən “Əlbəttə!” , “Düz deyirsən” sədaları eşidildi. Sərdar dinmədi. Nə isə mızıldandı, çevrildi, masanın üstündəki badəni qaldırdı, bir nəfəsə içdi. Gülümsədi.

-                     Bəlkə oturasan, Seyfəli?! – dilləndi.

Amma Seyfəli kişi də oturası hal qalmamışdı, səntirləyə-səntirləyə qapıya getdi. Bəxşəli onu ötürməyə çıxdı. Eyvandan Babaşa qışqırdı:

-                     Gəl, Seyfəlini evinə apar! Halı üstündə deyil.

            Qəsəbə kiçikdi. Otuz iki dişin dibindən çıxan sözdən hamı xəbər tuturdu. Sabahısı Seyfəli qəribə gözaydınlığı camaatın ağzına düşdü. Onun and-amanına qulaq asan yox idi. “Vallah, dəm idim, nə dediyimi özüm də bilmirəm” – deyirdisə də inanmırdılar.

            Seyfəli dayı sabahısı qalmışdı belə, bilmirdi, getsin düyü üçün, ya getməsin. Arvadı onu divara qısnadıqda, əlacsız qaldı, daban aldı. Sərdar Seyfəlini gülə-gülə qarşıladı. Xoş-beş elədi. Bu rəftardan onun qırışığı təzə açılırdı ki, Sərdar ləzzətlə dilini nırçıldatdı:

-                     Qonşu, gərək bağışlayasan, düyü tapa bilmədim.

            Seyfəli dayının ürəyi düşdü. Geri qayıdanda yol uzunu kişi düşünürdü: “Elə belə də olmalıdır! Bir adamın əlindən aman-zaman oğlunu alasan, o sənə düyü verər  ki, qabağa düşəsən? Hə? ” Seyfəli bu sualın cavabını ürəyi ağrıya-ağrıya pıçıldadı: “Yox, verməz!”.

 

 

FÜZULİ VƏ ELEKTRONİKA

 

            Hamının “Xəlil müəllim” çağırdığı laboratoriya müdiri qırx yaşında, hündür bir kişi idi. Çəkisi beş puddan az olmazdı. Yerindən tərpənəndə, deyirdin, dağ tərpənir. Əlinin altında işləyənlər onunla yanaşı çox cılız görünürdülər. Xəlil müəllimin mülayimliyinə baxmayaraq nədənsə hamı ondan çəkinirdi.

            Keçən həftə səhər yoxlaması vaxtı Muradın qarşısında Aşıq Ələsgərin qoşmalar kitabını gördü. Üstü müasir elektron cihazları ilə qalaqlanmış stolun arxasında oturmuş oğlanın üzü işıq saçırdı. Deyəsən, xəyalı ala buludlarla dolaşırdı. Bu Xəlili çox təəccübləndirdi, amma bir söz demədi, keçib getdi. “Hmm! Aşıq Ələsgər! – Öz-özünə söyləndi. – Elekronika və gözəlləmə! Təzada bir bax! Yəqin biz azərbaycanlılar sabah kosmosa da uçsaq Aşıq Ələsgərin qoşmalar kitabını qoltuğumuza vuracağıq”.

            Bu gün laboratoriyanı gəzəndə isə Muradın stolunun üstündə Füzulinin “Qəzəllər”inə gözü sataşdı. Cavan mühəndis də arabir ah çəkir, qaşqabaqlı nəsə hesablayırdı. Xəlil xeyli fikrə getdi, amma yenə dinmədi, çünki nə Aşıq Ələsgər, nə də Məhəmməd Füzuli Muradın apardığı sınağı yubatmırdı. “Nə olar, qoy oxusun! – fikirləşdi. – Yəqin bir səbəb  var ki, oxuyur da! Bir o pisdir ki, bu uşağın işi gəlib dirənib Füzuli qəzəllərinə. Bəli, qibtə olunası hal deyil. Onu işdən soyutmasa yaxşıdır.”

            Laboratoriya böyük idi. Müxtəlif otaqlarda iyirmi mühəndis və texnik işləyirdi. Murad keçən il istitutu qurtarmışdı. Qaraca-qaraqabaq bir oğlandı. Gördüyünü, deyiləni əlüstü dərk edər, verilən tapşırığı yerinə yetirməmiş əlini işdən çəkməzdi. Bir kimsənə ilə zarafat etməz, qaynayıb-qarışmaz, az danışardı. Füzulinin qəzəlləri onun stolunun üstünə gəlib çixandan sonra bir az da üstünə gəlmişdi. İndi günüzunu dindirməsən, dinən deyildi. Hamıdan küsülü kimi çəkilmişdi stolunun qoyulduğu küncə.

            Xəlil kürsünü geri itələdi, ayağa qalxdı. Gəzindi. Hamı öz işi ilə məşğul idi. O birdən dünən şöbə rəisinə təqdim etdiyi hesabını xatırladı, dodaqları qaçdı. Başını buladı. Hesabatı Murad tərtib etmişdi. Varağın birinin arxasına Füzulinin bir beyti yazılmışdı. “Necə idi o beyt?! – Xəlil yaddaşını cəmləşdirdi. – “Heyrət ey büt, surətin gördükdə lal eylər məni!” Yaman deyib ha! “Surəti-halım görən surət xəyal eylər məni!” Füzuli, Füzuli! Dərdə düşən, ona pənah aparır. Deyəsən, onun doğanağından keçməyən bir örkən yoxdur... Bəs, mənim Füzulilik yaşım haçan olub? Eh! Çoxdan, lap çoxdan... İndi otuz doqquz yaşım var, qoşma-qəzəl əzbərlədiyim vaxtlar çoxdan keçib... Öz aramızdır, o vaxt yaman usta tərpəndim, heç qoymadım iş gəlib Füzuliyə çatsın. Əsli xanımın saqqızını necə oğurladımsa, o, adım çəkiləndə daş atıb başını tutan ata-anasının dediyinə qulaq asmadı. Mən də fürsəti əldən vermədim, qızıl quş kimi caynağıma keçirib apardım. İndi iki qız, bir oğlum var. Əslinin qocaları ilə də çoxdan barışmışıq. İşə bax ha, kürəkənlər içində ən əzizi indi mənəm...”

            Murad bir aydı ki, sərbəst çalışırdı. Apardığı sınağın nəticələri Xəlili yaman sevindirirdi. “Afərin, qarabala! Kişinin oğlu səy edir də! – fikirləşdi. Amma səfeh hər şeyi ürəyinə salır. Bilmir ki, həyat ümidsizləri sevmir. Aşıq Ələsgər də keçib gedəcək, Füzuli də, cızdıq çıxaran bu od da! Bu həyatdır...”

            Murad kədərlə cihazlara baxırdı, düyməni təkrar-təkrar basır, tezlikölçənin ekranında rəqəmlər dəyişilirdi. O birdən əlini stola çırpdı, cihazları hirslə xətdən ayırdı, yorğun halda gözünü pəncərəyə dikdi.

            Xəlil Murada yanaşdı:

-                     Nə olub?! – soruşdu. – Cihazların nə günahı var. Don Kixot kimi onların üstünə düşmüsən?!

            Xəlilin zarafatına Murad döndü. Müdirin iri gövdəsinə altdan yuxarı nəzər saldı, köksünü ötürdü:

-                     Düz gəlmir, Xəlil müəllim! – dedi. – İki gündür girinc eləyib məni... Sxemin girişlərinə nə qədər məntiqi vahid verirəm yenə də sıfır alınır. – Ayağa durdu, qırağa çəkildi. – Zəhmət olmazsa, oturun, baxın!

            Xəlil onun yerinə keçdi, stul beş pudluq ağırlıöa yazıq-yazıq cırıldadı.

-                     Xətti axıra qədər yoxlamısan?

-                     Bəli, iki dəfə yoxlamışam. Özüm də şübhələnmişdim, gördüm, yox, düzdür.

-                     Lehim yerləri?..

-                     Düyün yerlərini təkrar lehimləmişəm... – Murad müdirin yarımçıq sualını dərhal başa düşdü...

-                     Yarımkeçirici elementləri?

-                     Ucdantutma dəyişmişəm...

Xəlil daha heç nə soruşmadı, başı sxemi araşdırmağa qarışdı. Nəhayət, nəzərlərini cihazdan ayırdıqda Murad ah çəkdi.

-                     Əslinə qalsa elə belə də olmalıdır, Xəlil müəllim!

-                     Niyə ki? – Müdir təəccübləndi.

Murad pəncərədən uzaqlara baxdı. Musabəyovun təzə büstü yaşıl bağçanın yaşıllığında bərq verirdi. Yaz günəşi o qədər parlaq idi ki, göz qamaşırdı.

-                     Çünki həyatda da belədir. Görürsən, illərlə nazını çəkdiyin qız səni yana-yana qoyur, başqasına ərə gedir. Əgər bu “başqası” səndən yaxşı olsaydı, adamı yandırmazdı. İdbarın biridir... Vallah, qəribədir dünyanın işləri. Çalışırsan, əlləşirsən, buyur aldığın da sıfır! İnsan özünkimilərini yaradır... Yox, bu sxemdə dünah yoxdur, o da dünyanın işlərini təkrarlayır. Ona nə var ki!

            Xəlil əlini işdən çəkdi. Müdrik görkəm almış Muradı diqqətlə süzdü. Qəhqəhə çəkib güldü.

-                     Yox, qaqaş! – dedi. – Ola bilsin həyatda, doğrudan da, belədir. Vahid verib, sıfır alırsan... Amma elmdə belə deyil. Səhv edirsən!..

Muradın gözləri alacalaşdı, xəyalı göylərdən endi.

-                     Səhv etmişəm? – soruşdu.

Xəlil barmağını bir elementin üstünə qoydu:

-                     Bunu görürsənmi?! – dedi. – Sən “və yox” elementini lehimləmisən, sxemdə isə  “Və ya yox”  elementi durmalıdır. Belə eləsən onda girişə verəcəyin vahidlərin sayından asılı olaraq çıxışda istədiyin rəqəmi alacaqsan...

Belə-belə işlər, qaqaş... – Sonra dayandı, o biri işçilər eşitməsin deyə astadan dilləndi: – Qaqaş bağışla, sənin şəxsi işlərinə qarışmaq istəməzdim, amma məcburam! – Başını aşağı salmış Murad dostcasına gülümsədi. – Bilirəm. Füzuli də lazımdır, Aşıq Ələsgər də! Amma, vallah, elektronika onların yeri deyil. Çox demirəm, onlara sərf  etdiyin vaxtın yarısını öz işinə sərf etsən yaxşı olar. Səni inandırıram, bundan gələcəkdə dahi olmasan da “Və yox” elementini “Və ya yox” elementindən ayıra biləcəksən... Bu isə az şey deyil. Həyatda bilmirəm, heç olmazsa, elmdə daha vahid verib sıfır almazsan...

 

 

MİLÇƏK RUZİSİ

 

            Humay xala arxa otağa, mal anbarına tələsik əl gəzirdi. Piştaxtaya yorğun halda söykənmiş satıcı qız Gülarə geyinmişdi, səbirsizliklə saata nəzər salırdı. Barmaqları çötkənin gündəlik təmasdan pardaqlanmış aşıqlarını əsəbiliklə oynadırdı. Dodaqaltı deyinirdi:

-                     Bu zalım oğlu gəlib çıxmaz ha! Qızlar klubun qabağında məni gözləyəcəklər, mən də ilişib qalmışam burda. Eh! Ramiz hardasa  Cəfərlədir... Yaman dostlaşıblar, allah axırını xeyirə calasan... Hər gün gəlir mağazaya...

            Humay xala həmişə gəlin kimi bəzəkli olan bu qızdan bir az çəkinirdi. Onun deyintisini öz ünvanına qəbul etdiyindən tələsik hay verdi:

-                     Bu saat, qızım. – Özü də bu tərəfə keçdi. – Daha da az qalıb...

-                     İşində ol, havaxt qurtararsan qurtararsan da! Onsuzda plomb-açar Ramizdədir. Bəxtim belədir, vallah, həmişə özümdən axmağı ilə işləmişəm...

-                     Elə demə, bizim müdir ağıllı baladır. – Humay xala dükanın xırda-para təmizlik işlərini görüb qurtardı, döşəməni yumağa hazırlaşdı. – Qızım, bayaqkı oğlan kim idi? Rəisinizdir?

-                     Müdirinizi soruşursanmı?!

-                     Hə. O forslu kişini deyirəm... İçəri girdi, quru bir salam da vermədi...

Gülarə əlini laqeydliklə yellətdi:

-                     Rəis nədir, xala? Anbardardır!

-                     Sən canın? – Humay xala heyrətdən çirkli döşlüyü ilə ağzını sildi. – Qalstuklu, geyimli, anbardar? Lap mat qalmalı işdir, vallah! Zalım balası iddiasından az qala partlayacaqdı... Elə bil bu yanlar hamısı onun hökmündədir: “Ramizə deyin yanıma gəlsin!”

            Gülarənin kefi aşıldı, arvadın avamlığına qəhqəhə ilə güldü.

-                     Canınacan, ay xala! – dedi. – Düz tapmısan elə, anbardar Cəfər vacib adamdır. İdarədə rəisdən çox hörməti var. Yaxşı, tezgedən,  lazımlı malları kimdən xoşu gəlir ona ötürür. Bəs nə! Haqqında minnət! Vay o gündən ki, bir mağaza müdiri onun bığının altından keçməsin, işi başlayır dolaşmağa. Cəfər o mağaza müdirini salır get-gələ, gözümçıxdıya, aylarla planını qoyur kəsrdə... Bəs nə! – Qız könülsüz gözdü, qəşəng dişləri mirvari kimi parıldadı, yorğun-yorğun köksünü ötürdü. – Eh, xala elə mağazanın bu işinə görə müdirliyi götürmədim də! Vallah, bezmişəm mağzada camaatla çənə-boğaz olmaqdan...

-                     Ərə getsənə, nəyi gözləyirsən?! – Humay xala dünənki söhbəti təzələmək istədi.

-                     Müdir zalım, bir papaq eləyir ki?!

-                     Özün bilirsən ki, Ramiz dərdindən divannədir...

            Humay xala şübhə ilə Gülarənin qəşəng qamətinə nəzər saldı. Qız şıltaqlıqla çiynlərini atdı, nəsə demək istədi, amma qapı açıldı, mağazanın müdiri içəri təngnəfəs girdi. Çantası çiynində hazır dayanmış Gülarəyə günahkar-günahkar baxdı:

-                     Yubatdım səni deyəsən?!

-                     Xoşdur! – Gülarə nazla dilləndi. – Cəfər gəlmişdi bayaqları...

-                     Bilirəm, yolda mənimlə rastlaşdı...

-                     Nə deyir?!

-                     Tanımırsan onu?! – Müdir narazılıqla dilləndi. – İşi düşüb ki, durub gəlib də. Deyir, səhər gəl, bir yeşik “servelat” kalbasası apar. Fakturasız-filansız. Haqqını da bir kərəmlik istəyir...

-                     Razı oldun?! – Gülarə qorxa-qorxa soruşdu.

-                     Başıma at təpib-nədir?! Kağızsız mal satım özümü cəncələ salım?! Sonra bolqar siqareti təklif etdi, hər blokuna bir manat “dilxoşluq” istıyirdi, götürmədim...

-                     Cəfər lap qudurub ey!

Müdirin qanı qaraldı, qaşqabaqlı halda:

-                     Yaxşı, get, dükanı mən bağlayacağam... – dedi.

            Gülarə gedəndən sonra cavan müdir siyirmədən çıxartdığı bir neçə şirəli kağızı Humay xalaya uzatdı. Gözünü qıydı, uzada-uzada dedi:

-                     Xala, al bunları, səliqə ilə şirni artığı tökülən yerlərə sər!

-                     O niyə, xala qurban?! – Humay xala döşəmə əskisini vedrəyə sıxıb belini dikəltdi.

-                     Əşi, bu milçəklər məni cana yığıb! İstəyirəm kökünü kəsim. Al, iki-iki sər! – Mağaza müdiri kağızları verib, bayıra çıxmaq istədi.

            Humay xala alnının tərini barmağı ilə siyirdi, döşlüyünə sürtdü:

-                     Bala, elə şey eləmə. – Allahın yaratdığıdır, yaranıb ruzisini də verəcək! – dedi. – Milçəyin sənə nə ziyanı! Sənin mənim boğazıma ortaq deyillər ki?!

Müdir şumal bir oğlandı. Mağazanın təhər-töhürünə yaman fikir verirdi. Təmizliyə görə az qala satıcıların gözünü çıxarırdı. Humay xalanın xatirini çox istəyirdi. Görürdü ki, o, can yandırır, hər yanı gül kimi saxlayır. İndi geri dönüb təəccüblə:

-                     Nə danışırsan, xala! – dedi. – Görmürsən, yay gələli bu milçəklər necə artıb? Nə gəlir mağazaya, doluşurlar üstünə! Bir deyil, iki deyil, sürü ilə daraşırlar. Yeyib dağıtdılar, axı!

            Humay xala onun qabağına yeridi:

-                     Nə olar, a bala? – soruşdu. – Onların yediyi ilə kasıbmı düşəcəksən? Maşallah, dükana top vursan dağılmaz. Onların yediyi nədir ki?! Dəryada bir damla... Sən özundə, sənin neçə satıcında bu mağazadan dolanmırlarmı? Mən bir qoca arvadam, işim buraların sil-süpürüdür... Hərdən mənə də görüm-baxım edirsiniz... İndi beş-on milçəyin yediyinə niyə darılırsan?!

            Mağaza müdiri həsdədi:

-                     Ağ eləmə də, ay arvad! – dedi. – Deyənimiz az idi, sən də bu yandan de! Bal tutan barmaq yalamasın, deyirsən?!

-                     Xala qurban, acığın tutmasın. – Humay xala işini görə-görə davam elədi. – Dediyim odur ki, bu mağazaya girənlərin hamısı da ağlasa, sən və sənin satıcıların gərək ağlamasın... Bu boyda qəsəbənin bircə dükanı var. Hamı şey almağa bura gəlir. Hərəsindən beşcə qram qırtsan bəsdir... Qoy, milçək yesin bu beş qramın bircə qramını. Nə olar ki? Allah səni yaradıb, ruzini də verib, allahın yaratdığı milçək də gərək dolansın da! Kəsərsən onun ruzisini, kəsərlər sənin ruzini! Nə qədər ki, camaat danışmır, daş-tərəzidən şikayət etmir, sənin də bu milçəklərlə işin olmasın... Ahı tutar səni...

             Müdir başını bulayıb ağzını nırçıldatdı:

-                     Deyirsən də, ay xala! Deməyə nə var ki?! Birini bilirsən, beşini yox...

-                     Nə olar, qadan mənə! – Humay xala əl saxladı. – Qoca arvadam, bilmədiyimi deyərsən, mən də bilərəm! Ürəyim yandığından danışıram da, qərəzçilikdən yox ki!

-                     Ay arvad, belə başa düş! – Dərdi təzələnmiş müdir başladı : – Mənə qalan elə o milçəklər yeyəndir... O beş qramı ki, deyirsən, onun işi uzundur. Onda çox adamın gözü var. Gələn onun həvəsinə bura ayaq basır... Hərəsinə yarım qram verəndə bu beş qramdan elə bircə qram qalır, ona da milçəklər yoldaşdır... Bir pay da onlara ayırsam işim olar “aldığım qoz, satdığım qoz, mənə qalan şaxşaxı!” İndi başa düşdünmü ay xala?

-                     Düşdüm a bala! – Humay xala ah çəkdi. – Demə, o beş qramın başı bəlalıdır...

-                     Onda, dediyimi elə, çıxıb gedək xarabamıza, gecə düşür!

            Müdir bunu deyib, təmiz havaya çıxdı. Humay xala şirəli kağızları götürdü, başladı milçək gur olan yerlərə döşəməyə...

 

 

GÖZ AĞRISI

 

            Aşbaz Ağəmi pıqhapıq qaynayan nəhəng qazanın qapağını qaldırdı, bozbaşın buxarı onun üz-gözünü qarsaladı, payız dumanı kimi ətrafı bürüdü. Onun nəfəsi darıxdı, gözləri torlandı, halı birdən-birə qarışdı, səntirlədi, az qaldı sürüşüb yıxılsın. Ağəmi ocaq yerinə qalxan pillələrdən atıldı aşağı. Yarım metrəlik hündürlükdən hoppansa da ürəyi ağzına gəldi. Oturdu, durdu, gəzindi, amma gözlərini örtən tor çəkilmədi. Canına vahimə düşdü. Ağəmi qazanları əlaltısına tapşırdı, yeməkxanadan çıxdı. Haçansa ağ rəngdə olan, indi rəngi bilinməyən aşbaz xalatında, qalpağında götürüldü. Yaz idi. Səhər günəşi təzə-təzə ağacların arasından çıxıb dikəlirdi.

            Zavod yeməkxanası tibb məntəqəsi ilə yanaşı idi. Ağəmi ayaqları bir-birinə dolaşa-dolaşa yeriyirdi. Tor görən gözləri ilə tibb məntəqəsinin şüşəli qapısını axtardı, tapan kimi də irəli şığıdı. Zərblə açılıb-örtülmüş qapı çərçivəni yerindən oynatdı. Qeydiyyat otağındakı qız dik atıldı, təcrübəsindən bilirdi ki, bu hökmlə gələn ya baş həkimdi, ya da canı ağzında olan xəstə. Qeydiyyatçı qız hər ikisindən qorxurdu. Kiçik pəncərədən boylandı, zavod yeməkxanasının aşbazı Ağəmini görəndən sonra ürəyini tutub astadan ah çəkdi, hirslə çığırdı:

-                     Ay əmi asta ola bilmirsən?! – Acıqlandı və Ağəminin peşəsini yada salıb istehza ilə: – Ocaq üstə yağ qoyub gəlmisən?! Ağəmi qızın sözünü anlayacaq halda deyildi, əlini gözünün üstünə basıb:

-                     A qızım, a qızım, oxx! Ölürəm! Hanı göz həkimi?! – dedi və başını hövllə pəncərədən içəri saldı. Onun ah-ofundan kiçik masanın üstündəki xəstəlik tarixçələri qanad açıb yerə töküldülər...

            Qız qorxa-qorxa geri çəkildi, həyəcanla soruşdu:

-                     Nə olub ay əmi?!

-                     Qızım, tez elə, məni göz həkiminə yetir... – Aşbaz Ağəmi yalvardı: – Nahar uşaq-muşaq umuduna qalıb. Qorxuram xörəyi korlasınlar... Ay gözüm!

-                     Bu saat, Əmi. – Qeydiyyatçı qız əl-ayağa düşdü. – Gözə baş həkim baxır. Birinci mərtəbə, on ikinci otaq. Gedin, mən də xəstəlik tarixçənizi tapıb gətirərəm... Familinizi deyin.

            Qeydiyyatçı bu sözü deməyini gördü, Ağəmi kişi bozbaş qzanı kimi qaynayıb daşdı, qurşağa kimi pəncərədən içəri təpildi, şüşəli arakəsmə onun bağırtısından titrədi:

-                     Bu da deyir baş, bu da deyir baş! Gör nə günlərə qalmışam ki, bu da deyir baş! Belə başı xarab sənin nəslindir, cəddü-əqrəbandır!

             Qızın rəngi qaçdı, dili dolaşa-dolaşa pıçıldadı:

-                     Sakit, ay əmi, sakit olun. Mən sizə bir pis söz demədim axı?!

-                     Kəs səsini! Mən göz həkimə gəlmişəm, sən məni baş həkiminə göndərirsən. Mən boyda kişiyə lağ edirsən? Ay bihəya, kimdən eşitmisən?! Hansı nacinsin sözlərini təkrar edirsən?

-                     Söymə, əmi! Əşi, bir səbrin olsun da! – Qız onu sakitləşdirmək istəsə də müvəffəq olmadı. – İndi ki, belə oldu. Mənəm bihəya?!... Rədd ol, yoxsa dəlixanaya zəng edərəm!

            Dəhlizdən keçən yaşlı, ağ saçları gözünə tökülmüş can həkimi qalmaqalı eşidib yaxın gəldi, siqareti damağından almadan soruşdu:

-                     Nə olub, Zərifə? Bu nə səs-küydü?..

-                     Görürsünüz, bu kişi məni təqqir edir... – Zərifəni ağlamaq tutdu. – Bilmirəm məndən nə istəyir?! Gözü ağrıyır, göndərirəm onu baş həkimin kabinetinə, söyür məni...

            Yaşlı həkim saçını geri daraqladı, qaş-qabağını tökdü. Çənəsi hələ də hirsdən titrəyən Ağəmiyə tərəf döndü:

-                     Yaşıd, ağsaqqal vaxtında bu nə şuluqluqdur salırsan?! Eyib deyil?

-                     Qızın canı çıxsın hər yetənin sözünü təkrar etməsin! Gözüm, ağrıyır, o isə məni baş həkiminə yollayır...

            Yaşlı həkim heç nə başa düşmədi. O, Ağəmini bu məntəqədə işə başlayandan tanıyırdı. Aşbaz sənətini yaxşı bilirdi. Onun əlinin duzundandı ki, ətraf müəsisələrin işçiləri də nahara bu yeməkxanaya gəlirdilər.

-                     Qulaq as, yaşıd. – Həkim mülayimliklə onu başa salırdı. – Zərifə xanım, işini bilən qızdır. Xəstəni hara göndərməyi yaxşı bilir. Tibb institutunun tələbəsidir. Bir-iki ilə həkim olacaq... Pis söz onun dilindən çıxa bilməz... Bəlkə sən başa düşməmisən?!

             Ağəmi əlini gözündən ayırdı, səbrsizliklə çığırdı:

-                     Yox, sən bilmirsən, həkim! Onun dediyi özgə sözdür. Dediyi budur ki, sənin gözlərin yox, başın o söz... – Ağəmi barmağını gicgahına aparıb firlatdı! – Yəni xarabdır. Sözümü kəsmə həkim, onsuzda bunu hamı deyir. Bu qız da hardansa eşidib təkrar edir. Mən boyda kişini başı xarab edir, baş həkiminə yollayır.

            Həkimi birdən gülmək tutdu, əlini bığlarına çəkdi, çiynini divara söykədi. Aşbazın pərləri titrəyən burnuna, sallaq çənəsinə maraqla baxdı.

-                     Buna bir səbəb varmı?! – soruşdu və ehtiyyatla əlavə etdi: - Əgər gizli deyilsə, qulaq asmağa hazıram...

            Lal-dinməz tanıdığı bir adamın  belə dil açması həkimi mat qoymuşdu:

-                     Nə sirr, rəhmətliyin oğlu! – Ağəmi yaşlı həkimin diqqətindən razı qaldı, həvəslə ürəyini boşaltdı. – Sənə kimdən deyim,bizim yeməkxananın təzə müdirindən. O, altı ay qabaq məni yanına çağırdı. Dedi: “Ağəmi, elə məccanı işləyirik ha! Belə olmaz, axı! Hər gün beş-altı yüz adama xörək bişirirsən. Hər paydan beş-on qram kəssən, özün də dolanarsan, biz də. Gündə beş-on kilo yağ, bir eylə də ət qalsa bəsimizdir. Dolanarıq...” Hirs vurdu təpəmə: “ Bərəkallah! – dedim – Mən yaşımın bu çağında qazanıma haram qatım? Utanmırsan? ” Müdir üz-gözünü turşutdu: “Yaxşı, yaxşı, hay salma – dedi. – Deyəsən, şariklərinin bir-ikisi düşüb. Vaxtın olanda özünü bir baş həkiminə göstər!” Şagirdlərim də yağdan-ətdən aparmaq istəyəndə qoymuram. Onlar da inciyirlər: “Qocaldıqca başın xarab olur, usta – deyirlər, heç eləbil bu zəmanə adamı deyilsən?!” İşə bax ki, arvadım da onlar deyəni deyir...

            Həkim qaşlarını çatdı, heyrətlə aşbaza baxdı. Elə-bil onu birinci dəfə idi ki, görürdü.

-                     O nə deyir ki, qardaş?! – soruşdu.

-                     Dərinə getsən, çox şey! Keçən axşam qayıtdı ki, xalaqızının ad günüdür, bir az ət yağ gətir, aparaq onlara, qoy qonaqlığı ucuz başa gəlsin... Soruşuram ki, hardan? Deyir, o boyda yeməkxananın böyük aşbazısan, əlində deyilmi? Gözüm çıxdı kəlləmə, dedim: “Kəs səsini! Ət yağ lazımsa, evdə pul var, götür, get al! Mən camaatdan oğurlamayacağam!” Arvad tərs-tərs məni süzdü və nə desə yaxşıdır? “Ə kişi, sənin başında yel vurur, yengələr oynayırmış ki! Camaat qaz vurur, qazan doldurur, sən isə... Sən allah, bir baş həkiminə dəyərsən...” – dedi. İndi bildinmi, sənin bu tərifli qızın kimlərin sözünü təkrar edir?!  Hə?

            Həkim Zərifənin təzədən qara-qışqırıq salacağını görüb əlini qaldırdı, Ağəmini qoltuqlayıb qırağa çəkdi:

-                     Ağəmi qardaş, səhv edirsən – dedi. – Bura kiçik tibb məntəqəsidir. Göz həkimi birdir, onu da qoyublar bizə baş həkim... Qız səni onun üstünə yollayanda düzgün iş görüb. İnandın?!

-                     Bu boyda kişinin sözünə necə inanmayım... – Ağəmi haçandan-haçana dilləndi. – İndi allah eləməmiş başım ağrısa onda da baş həkiminə getməliyəm?!

            Həkim yüz kiloluq kişinin uşaq sadəlövhlüyünə təəccübləndi:

-                     Yox, a kişi, bunun üçün can həkimi var! – dedi. – İndi isə get həkimə gözünü göstər...

            Ağəmi başını buladı:

-                     İstəməz, daha gözümün ağrısı keçdi, yəqin nahara bişirdiyim bozbaşın buxarı tutubmuş məni... Amma bir az da burda qalsam, qorxuram, başım xarab ola. Gedim, qazanlar köməkçimin umuduna qalıb. Çox cüvəllağı uşaqdır, bilmirəm müdir hardan tapır belələrini. Üstündən gözünü çəkən kimi qaynar qazandan əti yağı çırpişdırır...

            Həkim Ağəminin dalınca baxa-baxa qalmışdı...

 

 

 

XEYİR İŞ

 

 

            Rəşid dayının əlli yaşı vardı. İyirmi ildə sex rəisi işləyirdi. Bütün zavod işçiləri onu “dayı” çağırırdı. O, səhər sexi dolanandan sonra kabinetinə qalxmaq istıyirdi ki, lağla “zavod idmanının atası” adlandırdığı Şahbazı gördü. Özünü dəzgahların arasına verməyə macal tapmadı, gecikdi. Yaxası Şahbazın kəlbətin cənginə keçdikdə o, ah çəkdi. “İdmanın atası” Şadlıqla:

-                     Dayı, sənə atəşin idman salamı! – dedi.

            Sex rəisi istər-istəməz bu atəşin salamı adi bir salamla da olsa rədd eləməli idi ki, yanğın ondan yan ötsün. Amma Şahbaz düz onun üstünə gəlirdi. Rəşid dayı içəridən tüstülənə-tüstülənə çal bığlarını sığalladı və dodaqaltı mızıldandı: – “Belə Rəşid dayın ölsün, canı sənin əlindən qurtarsın! Günah məndədir, axı, sexdə əlimin altında işləyəndə niyə başını yemədim ki, indi qabağında əsir-yesir qalmışam. Qırışmal! Məndən əl çəkmir ha!”

            Şahbaz institutu qurtarana kimi fəhlə işləyirdi. Sonra Rəşid dayının tövsiyəsi ilə onu irəli çəkdilər. İndi o, köhnə rəisinin deyinməsini vecinə almadı, qılıqla qoluna girdi və çəkib uğuldayan sexdən bayıra çıxartdı. Rəşid dayı ondan bir boy hündür Şahbaza çəp-çəp baxdıqda az qaldı papaq başından düşsün.

-                     Nə var yenə gəlmisən? – soruşdu və keçmiş işçisinin qılığına aldanmağını nümayiş etdirdi.

-                     Can dayı, zavod idmanın sənə bir kiçik işi düşüb. – Şahbaz adət etdiyi qaydada sözə başladı.

            Rəşid dayı elə bil bunu gözləyirdi, barıt kimi partladı:

-                     Batsın zavod idmanı! – bağırdı və dərhal səsini alçaltdı. – Adə, insafın yoxdur?! Niyə məndən əl çəkmirsən? Elə düz deyirlər, kor atlanar, öz kəndini çapar! Axı, sən də bu sexdə işləmisən... İndi iki gündən bir, atıla-atıla üstümə qaçırsan... Bəsdi də, dörd idmançın sexin ştatındadır, bir dənə də klarnetçalan! Daha nə istəyirsən?!

            Şahbazı belə hay-küylə qorxutmaq olmazdı, sex rəisləri ilə cəngi-cidal eləməyə adət etmişdi. Hündürboy bir oğlandı, yalançılar sözü, nərdivansız minarəyə çıxardı. Gülə-gülə Rəşid dayını sakitləşdirdi:

-                     Ürəyin düşməsin, dayı, xeyir işdir! – dedi. – Xeyir işdir.

            Bu sözdən sonra Rəşid dayının bir az eyni açılsa da, sayıqlığını itirmədi. Hər dəfə Şahbazı görəndə onun dalağı sancırdı. İndi dodaqları qaçdı:

-                     Doğrudan?! – soruşdu. – İnanan daşa dönsün! Xeyrin dədən Vəliyə çatsın, mən istəmədim...

-                     Zarafatsız, dayı, yaxşı təklifim olacaq... Bu Arıqovdan yaman narazıyam... bilmirəm nə edim?

            Rəşid dayı götür-qoya vaxt qazanmaq üçün özünü anlamazlığa vurdu:

-                     Hansının? – soruşdu. – Sexdə Arıqov ikidir... Biri yaxşı tornaçıdır, o biri isə...

-                     Elə onu deyirəm, o birinci dərəcəli boksçunu! – Şahbaz istehza ilə onun sözünü kəsdi. – Guya bilmirsən? Tornaçı ilə mənim nə işim var?

-                     Nə xəbərdir elə?! – Rəşid dayı şübhə ilə ayağını götürüb qoydu. – Keçən il yüz minnətlə-xahişlə saqqızımı oğurladın. Belə vurur, belə yıxır, əla idmançıdır, zavod üçün yaxşı boksçular yetişdirəcək... İşə götürdük. İndi nə oldu?

-                     Bilirsən, dayı, Arıqov o günləri yanıma gəlib deyir ki, maaşımı artırın. Varımdan yox oldum. Zalım oğlu gündə bir iki saat uşaqlarla atılıb-düşür, aldığı yüz əlli manatdan razı deyil...

            Sex rəisinin alnındakı damarlar şişdi, təəccüblə:

-                     Necə? – dedi – Bu avaranı dördüncü dərəcəli çilingərin maaşı təmin eləmir? Onda başına at təpib ki?

-                     Şahbazın iynəsi tikiş tutdu:

-                     Elə onu de də! – dedi və davam etdi: – Adətidir, hər dəfə yarış qabağı başlayır  naz-qoza çox həyasız adammış, dayı. Bir aydan sonra rayonlararası yarışlar başlayır, qabağıma şərt qoyur. Məşqləri də boşlayıb.

-                     Ay səni! İpini yığa bilmirsən? – Rəşid dayı heyrətləndi.

-                     Olur ki! – Şahbaz sızıldadı. – Başımı itirmişəm lap! Direktor da o günləri məni çağırmışdı. Deyir ki, rayonun şərəfini bizim futbol və boks komandamız qoruyacaq, yaxşı hazırlaşın. Arıqovda bizimlə belə başlayıb. Nə qədər gec deyil hərəkət eləmək lazımdır, yoxsa bütün rayonda biabır olarıq. Direktor da dərimə saman təpər!

-                     Təklifini elə! – Rəşid dayı dlixor oldu. – İşçilər indi məni gözləyir. Sən də qurtarmırsan... Gəlib boks komandasına məşqçilik edəsi deyiləm ki, məni dilə tutursan!

            Şahbaz Rəşid dayını rinqə çıxan təsəvvür elədi, kefi açıldı:

-                     Amma nə qiyamət olar! – dedi və ciddiləşdi. – Başına dönüm, Rəşid dayı, Arıqovu çağır, de ərizəsini yazsın, qovaq getsin...

            Rəşid dayının bığları qabardı, tələsik dilləndi:

-                     Yox, yox! Bu sözü ona deyə bilmərəm.  İşçi sizindir, sən gətirmisən, özünüz də qovun. Məni bura qatmayın.

-                     Elə niyə? – Şahbaz qalın qaşlarını qaldırıb-endirdi. – Bəlkə qorxursan?

-                     Qorxursan deyəndə ki, lap elə də qorxmuram. – Sex rəisi dodaqlarını dili ilə yaladı. – Ehtiyat edirəm...

            Sexdə hamının çəkindiyi, bir çoxunun tük saldığı sex rəisinin səsi elə nazik çıxdı ki, Şahbaz özünü saxlaya bilmədi, ürəkdən qəhqəhə çəkdi. Rəşid dayı utandı, qımışa-qımışa dilləndi:

-                     Gülərsən də ay qırışmal! Sənə nə var ki! Mənim yaxam qalacaq o dəli- qudurmuşun əlində. Yaşlı adamam, bir haya bəndəm. Arıqovsa cinninin biridir. “Ərizəni yaz” desəm, bir yumruq tutuzdursa mənə, kim harayıma çatacaq? İldən çoxdur adı sexdədir. Bir dəfə çağırdım yanıma. Dedim, a bala, ayın axırında, cədvəl bağlananda gəl, üzünü görüm barı. Hirsləndi, az qaldı kürsünü başıma geydirsin... Yox, kadro sizindir, özünüz də bilərsiniz...

-                     Axı sexin hesabındadır, bu işi sən eləmisən! – Şahbaz onu inandırmağa çalışdı. – İzalə elə başımızdan Arıqovu, yerinə fərli adam götürək...

-                     Dedim, üz vurma! – Sex rəisi onun əlini kənar elədi. – Sənin xatirin üçün futbolçunu futbol kimi dığırladaram, voleybolçunu tordan da yuxarı ataram, klarnetçalanın  əlinə elə bir düdük verərəm ki, çala-çala gedər, amma Arıqova toxuna bilmərəm. Atam, başa düş, kişi birinci dərəcəli boksçudur, yumruqları kudu boydadır... Yox, qardaş, hələ canımdan bezməmişəm.

            Şahbaz birdən dirçəldi, sevinclə:

-                     Tapdım dayı! – dedi. – Əlacını tapdım! İşə boks üzrə idman ustası dəvət edərik. Canınçün, keşikçi kimi dalınca gəzəcək. Qoymaz ki, gözünü də füfləsinlər...

            Rəşid dayı fikrə getdi, sonra başını buladı:

-                     Yox, razı deyiləm! – dedi.

-                     Niyə, axı?

-                     Birdən sabah boks ustasının da gicliyi tutdu, arada qalan yenə mən olacağam. Onda neynəyəcəksən? Gedib, Məhəmməd Əlini gətirməyəcəksən ki? İstəmirəm. Ömrüm, onsuz da, sənin idmançılarının yanında girovdur. Axır biri məni şikəst edəcək... Nə fərqi var, yumruq yumruqdur da! Amma birinci dərəcəli idmançının yumruğu, deyəsən, ustanınkından yüngüldür. Baxanda yenə Arıqov yaxşıdır. Dilə tutun işlədin... Nə özünüzü incidin, nə məni... Mənə belə xeyir iş lazım deyil.

            Şahbaz aciz-aciz pıçıldadı:

-                     Yenə qaldıq Arıqovun əlində ... – dedi. \

            Rəşid dayı əllərini yana açdı və gülümsədi:

-                     Bu da sənin xeyir işin! Baş tutmadı. – dedi və tələsmədən sexə girdi.

 

 

 

YAXŞI OĞLANIN  “ DAYISI ”

 

Məhiş yaxşı oğlandır, amma dərd yaxşı-pis qanmır. Qismət olanda elə yaxşıya qismət olur. O, çevrikdikcə yazıq-yazıq cırıldayan, fələk kimi yərə qarın vuran yataqxana çarpayısından qalxanda gün günorta olmuşdu. Qaynayıb-qarışmadığı otaq yoldaşları, iki yuxarı kurs tələbəsi, imtahana getmişdi. Məhiş fikrini dağıtmaq üçün aşağı düşdü.

            O, birinci kursda oxuyurdu. Şəhərə uzaq dağ kəndindən gəlmişdi. Riyaziyyatdan qışdan bəri dalınca sürünən  “quyruqdan” lap yaxınlarda izalə olmuşdusa da, yay imtahanları kəsmişdi qapını. Sabah imtahandı. Yeni qorxu almışdı başının üstünü. Riyaziyyat müəllimi Məhişin inadla, hər həftə nə yolnan aldığı məlum olmayan göndərişlərdən bezikib axırıncısına qiymət yazmışdı. Amma yaxşı heç nə vəd etməyən bir sakitliklə demişdi: “Əgər bir də cəngimə düşəcəyini ümid eləməsəydim, çətin ki səni əlimdən buraxaydım. Oxuya bilmirsən, qabiliyyətin yoxdur, ali cəbri bilmirsən, get, özünə iş tap camaatın da vaxtını alma! Yay imtahanından onsuz da, çıxmayacaqsan. Lap bilsən də, qiymət yazmayacağam! Yaxşısı budur, sənədlərini al, üzüsulu qayıt kəndə, dədənin yanına. Qoy, çomağın birini də səninçün sazlasın. Gedib birgə çobanlığınızı edərsiniz! ” Məhiş bütün bunlara Tamillanın xatirinə dözdü, amma bilirdi, bu dəfə tab gətirməyəcək!

            Məhiş birinci mərtəbəyə düşdü. Ehtiyatla bayır qapını araladı, yağlanmamış həncamələrin səsi foyeni başına götürdü. Yataqxana növbətçisi piləkanaltı otaqçasından başını dışarı uzatdıqda oğlanın ürəyi üzüldü: “Yaxam keçdi Züleyxa xalanın əlinə - fikirləşdi. – İndi bir saat da bu döşəyəcək qabırğama!” O, əlini qapıdan çəkdikdə növbətçi arvad ərklə çımxırdı:

-                     Adə, dərslərini oxusana! – dedi – niyə veyillənirsən? Qışdakı kimi kəsilsən, yaxşımı olar? Daha sənı göndəriş yazdırmaqdan yorulmuşdum...

            Məhiş Züleyxa xalanın sözündən rəncidə olsa da, dinmədi. Dekanın katibəsi, doğrudan da, onun adına üçmü-dördmü göndərmişdi. Qız növbətçi arvadın qohumu idi.

            Yoğun, acıdil, sonsuz və kişi səsli Züleyxa xalanın Məhişə quşu qonmuşdu, almışdı qanadının altına, çətin məqamda əl uzadırdı. Təqaüddən əli üzülmüş tələbəni yaxınlıqdakı uşaq bağçasına gözətçi düzəltmişdi. Məhiş indi canına cəfa bassa da, həftənin iki-üç gecəsini quru taxtın üstündə keçirtsə də, maaşını alır, minnətsiz dolanırdı. Atasından qorxduğundan “kəsildiyini”  evə yazmamışdı. Bilirdi, kişi xəbər tutsa, çomağını çiyninə atıb şəhərə gələcək, zor-xoş, söylənə-söyə onu qabağına qatıb kəndə aparacaq, “oxumasan səni qoyuna göndərəcəyəm” vədini yerinə yetirəcək. Bir kimsə də atasını bu fikirdən döndərə bilməyəcək.

-                     Züleyxa xala, istəyirəm bağçaya dəyim, kitablarım orda qalıb. – Məhiş çəkinə-çəkinə dilləndi. – Sabah imtahandır.

            Xala qara bulud kimi aldı başının üstünü. Qolundan tutub Məhişi zorla saldı pilləkanaltı otaqçasına. Çiynindən basıb kətilə oturtdu. Bir fincan çayı sürüşdürdü qabağına, qənddanın qapağını qaldırdı. Qonaqpərvərlik mərasimini dinməz yerinə yetirdikdən sonra yoğun şəhadət barmağını ona tuşladı:

-                     Ağzımı boza vermə! – Züleyxa xala aldanmadığını nümayiş etdirdi. – Bala, rayonda qoyub gəldiyin ata-anana yazığın gəlsin. Onlar əyin-başdan kəsib sənə pul yollayırlar. Oxu da! Nə düşmüsən bu küçələrin canına? Dünyada qısatuman, uzuntuman, şalvarlı, şalvarsız qız qəhətliyidir?! Belənçiklərinin             sanı-hesabı yoxdur. Mən səni bağçaya işə düzəltdim ki, sən başını dolandırasan, demədim ki, Fatmanisənin nəvəsinin dalınca düşəsən! İyirmi bir yaşında şəkil kimi bir oğlansan, bir oturuma bir kitab əzbərləyirsən... Riyaziyyat Müəllimini cinləndirmə, o da qiymətini versin. Fatmanisənin nəvəsi dost-doğma baldızıdır. Vermək istəmir sənə! Zornan deyil ki! Bilsəydim ki, qızla çoxdan alışıb-verişirsən, səni ora işə düzəldərdimmi?! Pah atannan! O boyda kişi ilə çıxmısan cəngi-cidaya, necə olsa, o, kafedra müdiridir, inadına salacaq, axır, səni institutdan qovduracaq! Adə, nə qələtdir mən elədim!

            Məhiş arvadın ağzına səbrlə baxır, iki gündən bir eşitdiyi bu nəsihətlərə vərdiş etdiyindən etiraz etməyi ağlına belə gətirmirdi. Yalnız xalanın çənəsi yorulandan sonra söz leysanı kəsildi. Məhiş nazik bığlarının üstündə olan tüklü xalı didişdirirdi. Ayağa durdu. Qurumuş dodaqlarını dili ilə islatdıqda iri hulqumu qalxıb endi.

-                     Axı, bağçada bu vaxt nə işin var? – Züleyxa xala nəfəsini dərmişdi, yeni nitq irad etmək istəyirdi.

            Məhiş onu qabaqladı. Xalanın marağını təmin edəcək bir cavab verə bilməyəcəyini görüb zarafatla dedi:

-                     İtkin düşmüş oğlumu axtarıram, ay xala. Deyirlər, hardasa bu yaxınlarda görüblər...

-                     Yeri, adə! Bu da doluyur məni! – Bazburtlu Züleyxa xala onu otaqçasından bayıra saldı və qapıya çatmış tələbəyə qışqırdı: - Sabah istirahət günümdür, burda olmayacağam, evə gələrsən. Ürəyimə damıb ki, riyaziyyat müəllimi sənə qiymət yazmayacaq. İmtahana getməsəndə olar. İndidən adam axtarmaq lazımdır... Sabah gələrsən. Görək tədbirimiz nə olacaq!

            Məhiş başını tərpətdi, öz dərdi ilə tək qalmaq istəyirdi. Odur, bu cür asanlıqla xalanın çənəsinin altından çıxmasına sevindi.

            Uşaq bağçası ilə yataqxananın arası heç bir tin də olmazdı. Hərlənib qapıdan keçməyə ərinən Məhiş hasarın sökük yerindən adladı. Yaşıllığa batmış bağça həyəti sərindi. Uzaqdan uşaqları qaçışan, oynayan görüb dayandı. O, ağacların altındakı xəlvət guşəsinə çəkildi. Gözlədi ki, uşaqları nahara aparsınlar. İndi ora getmək istəmirdi. Əlindən cürbəcür oyuncaqlar düzəltmək  gəldiyindən uşaqlar ondan yapışıb əl çəkmirdilər. Bu gün isə qanı qara idi.

            Tərbiyəçinin ölçülü-biçili səsi dalaşanları, şuluq salanları sülhə çağırırdı. Danışan Tamilla idi. Məhişin onunla tanışlığı qəribə olmuşdu. Yataqxanadan çıxıb instituta gedirdi. Məhiş şose ilə sürətə gələn, maşını, fikri hardasa olan və tələsmədən yolu keçən qızı görəndə özünü itirdi. Çağırmaq gec idi. BU qızı daha da çaşdıra bilərdi. Məhiş özünü var gücü ilə atdı qabağa, qızın çiyinlərindən tutub iki əli ilə itələdikdə, maşının kənarı ayağına toxunub onu yerə çırpdı. Qalxanda yolun qırağındakı kolluğa uçmuş qız artıq ayaq üstə idi. Üz-gözü, əl-ayağı sıyrılmış halda Məhişə baxır, gözünün yaşını sel kimi axıdırdı.

            Məhiş hirslə deyindi: “Bu da mənim zəhmətimin müqabili!” Onunla tanış olalı riyaziyyat müəllimi mənimlə düşmən nədir, lap qanlıbıçaqdır. Baldızına söz deyə bilmir, məni incidir. Deyən lazımdır, nə olsun kafedra müdirisən! Bir qız bir oğlanın deyil, bəyəm?  Kimdən əskiyəm? Atam iyirmi qoyun satsa, sənin bir illik maaşından artıq pul götürər. Nə olsun ki, çobandır? O, fikrə getdi, birdən uşaqlıq çağları yadına düşdü, burnunun ucu göynədi: - “Kaş bir də uşaq olaydım! Bu oxumaq əzabından canım qurtaraydı. Deginən, ay axmaq, nəuinə lazımdır ali məktəb? Əsgərliyini çəkmişdin, gedəydin atanla çobanlığını eləyəydin də. Nə düşmüsən bir qızın dalınca, əl çəkmirsən...Yox, heç elə şey yoxdur, öldü var, döndü yoxdur. “Çoban oğlu, çoban oğlu” deyənlərin acığına mən Tamillanı alacağam... Arada məhəbbət var... Tamilla isə lap nağıllardakı kimi danışır. Deyir, ölümün əlindən məni sən almısan, demək səninəm... Ata əvəzi yeznənin sözünü eləyib ikiqara qəpik, məni gözündən iraq qoymur.

            Məhiş birdən boynunun ardına sıçradılan sudan sudan diksindi. Qanrıldı. Kəkilli bir oğlan uşağı yaş əllərini dalında gizlədib, gözləri qıyıla-qıyıla gülürdü. Toppuş yanaqları qızarmışdı. Uşağın beş-altı yaşı ancaq olardı.

-                     Durub qulağını qopararam, qırışmal! – Məhiş yerini rahatlayıb ona acıqlandı.

-                      Hop! əlin çatmaz! – Uşaq geri sıçradı, qaragilə gözlərinin bəbəkləri işıldadı. – Gəl, gizlənpaç oynayaq . Hə? Uşaqları çağırımmı?

-                     Bu gün qanım qaradır, Elçin, mane olma! – Məhiş qaş-qabağını salladı, üzünü çevirdi.

            Elçin gəlib onun önündə dayandı, gözlərini döydü:

-                     Kim səni incidib? – soruşdu. – Döyüblər?

            Məhişi gülmək tutdu:

-                     Eh, sən lap pıtrağ kimi yapışırsan, əl çəkmirsən. Mən boyda kişini kim döyə bilər? – dedi və uşağı başından eləmək üçün dərdini xırdalamalı oldu: - Elçin, sabah imtahandır, mən də dərsimi bilmirəm. Qorxuram, iki alam. Anladın? Di get!

            Elçin donuxdu. Məhiş maraqla ona baxdı. Böyük-böyük danışan bu uşaqdan xoşu gəlirdi.

-                     İki almaq pisdir? Hə?

-                     Oho, qardaş, pis dedin qoydun, biabırçılıqdır! – Məhişin kefi açıldı. – Mən boyda kişi iki alsa,utandığından, gərək adam arasına çıxmasın.

-                     Dərslərini oxu da! – Elçin məsləhət gördü.

-                     Kim deyir ki, oxumuram? – Məhiş istər-istəməz, uşaq gözündə özünü təmizə çıxarmalı oldu. – Oxuyuram, yadımda qalmır. Oho, riyaziyyatı sən zarafat bilmə, qardaş, çətin elmdir... Həm də oxumağın faydası yoxdur. Müəllimin məndən zəhləsi gedir.

-                     Axı, sən yaxşı oğlansan...

-                     Qrdaş, kimdi baxan, mən yaxşıyam, ya pisəm? – Məhiş üzündəki xalın tükünü dartışdırdı. – İkini elə yaxşı oğlanlara verirlər də! İncidirlər bizi...

-                     Səni incidən pis oğlanlardır?

-                     Hə! – Məhiş ah çəkdi.

-                     Pis oğlanlar güclüdürlər?

-                     Güclü yox, çoxdurlar... – Məhiş Elçinə öz fikrini izah etməkdən indi ləzzət alırdı. – Birinin əlindən çıxırsan, o birinin əlinə düşürsən. Yeddibaşlı əjdaha kimidirlər...

-                     Sənlə oxuyanların hamısına iki yazacaqlar?

-                     Baxır da! İki alan da olacaq, iki almayan da! – Məhiş köksünü ötürdü. – Çoxu yaxşı qiymət alacaq...

-                     Niyə?

            Məhiş başını qaşıdı, uşağın qavrayacağı bir dildə danışdı:

-                     Niyəsi çoxdur, Elçin bala! – dedi və təpəsinə taqqıldatdı. – Birinin yaxşı başı var, birinin əmisi var, birinin dayısı var, birinin də karlı pulu var... Hərə işini bir cür yola verir. Arada qalan yaxşı oğlanlar isə iki alırlar...

            Elçin onun yanında oturdu, əlini çənəsinə dayadı, qəribə bir kədərlə soruşdu:

-                     Sənin heç birisindən yoxundur?

            Məhiş:

-                     Yoxdur, qardaş, yoxdur! Olsaydı nə dərdim?! – dedi və başını aşağı saldı.

            Elçin kiçik alnını qırışdırdı, burnunu çəkdi və tərəddüdlə dedi:

-                     İstəyirsən, babama deyim? Babam qoymaz sənə iki yazsınlar.

            Məhişin gözləri heyrətdən kəlləsinə çıxdı, quruyub qalmışdı. Haçandan-haçana uşağın dedikləri ona çatdı, qəhqəhə çəkib güldü:

-                     Ha-ha-ha! Ay səni, Elçin – dedi – Get işinə, qırışmal!

            Elçin incidi:

-                     Dişini ağartma! – deyə acıqlandı və hirslə: - Mənim babam böyük adamdır, hamı onu tanıyır, hamı ondan qorxur!.. O, direk... yox, rektordur...

-                     Yaxşı, incimə görək! – Məhiş onu sakitləşdirdi. – Baban haranın direktorudur?

-                     Böyük məktəbin! – Elçin öyündü.

-                     Bəlkə kiçik məktəbin? – Məhiş zarafata salmaq istədi.

-                     Yox!

-                     Yalan demirsən ki? – Birdən Məhişi qəribə bir həyəcan bürüdü. – Dayan, sənin familin necədir?

            Elçin dedi. Məhiş sevinclə:

-                     Düz gəlir! – dedi və ayağa qalxdı. – Bizim rektorun famili də belədir. Bəs, babanın adı?

            Elçin dedi. Məhiş qışqırdı:

-                     Urra! Bu da düz gəlir...

-                     Sənə demədimmi? – Elçin razılıqla gülümsədi.

            Məhiş dərhal işin əməli tərəfinə keçdi:

-                     Elçin, deyirsən, babana deyərsən... Lap yaxşı, cox sağ ol! Baban soruşsa, bu adamı hardan tanıyırsan? Nə deyəcəksən? Hə?

-                     Deyərəm, deyərəm ki, bağçamızda işləyir, dostumdur, qoyma ona iki yazsınlar... Deyərəm, mənə “idmançı” düzəldib. Yaxşı oğlandır, babam sözümdən çıxmır, nə desəm eləyir.

            Məhiş özünü inandırmaq istəyirdi ki, işi düzəlib. Batan saman çöpündən yapışan kimi yapışdı uşağın sözündən. Cibindən kağız çıxartdı, adını-familini, qrupun nömrəsini yazdı. Uzatdı Elçinə:

-                     Verərsən babana! – dedi – Deyərsən, bu oğlandır.

-                     Yaxşı!.. – Elçin kağızı cibinə qoydu. – Sən mənə bir yel dəyirmanı düzəlt! Əli üçün düzəltmişdin ha, bax, ondan.

            Məhiş hiylə ilə:

-                     İmtahandan sonra, yaxşımı? – dedi və ümidlə boyu dizinə çatan uşağa baxdıqda, özü öz ümidlərinə güldü – Elçin, get, uşaqları yatmağa aparırlar. Tamilla müəlliməyə de ki, onu burda gözləyirəm... Bax ha, heç kim bilməsin...

            Elçin başını tərpətdi, qaça-qaça getdi. Məhiş onun dalınca baxdı və birdən qət elədi: “Qıza demək lazımdır... Daha keçib, o məni başa düşər. Deyərəm, Tamilla, bir il-iki il görüşməsək yaxşıdır. İnstitutu qurtarandan sonra fikrini dəyişməsən, alaram səni. Yeznən əl çəkmir, axır institutdan qovduracaq... Qorxaqlıqda məni təqsirləndirsə, Tamillaya nə deyəcəyəm?” O, oturdu, çiynini ağacın gövdəsinə söykədi, elə fikir-xəyal içində də onu huş apardı...

            ...Züleyxa xala sabahısı onu günortaya kimi gözlədi. Məhiş gəlib cıxmadı.Yataqxanaya tələsdi. Tələsik ikinci mərtəbəyə qalxdı, otağın qapısını döymədən açdı. Məhiş tək idi. qabağında da bir qalaq çör-çöp, taxta-tuxta, cavan söyüd ağacının budaqları, karıstı vardı. O, fit çala-çala nə isə yontalayır, hamarlayırdı. Stolun üstündə bir oyuncaq dururdu. Məhiş axırıncı hissəni bərkitdi. Ləzzətlə gərnişdi və süpürgəni götürdükdə Züleyxa xalanı gördü.

            Züleyxa xala heyrətlə:

-                     Adə, imtahanları bir qırağa qoyub dülgərxana açmısan? Nədir elə, düzəltmisən? – soruşdu.

-                     Yel dəyirmanıdır... – Məhiş cavab verdi.

-                     Kiminçündür?

-                     Dayımçün!

-                     Dayınçün? – Züleyxa xala onun sözünü təkrar etsə də, başa düşəcək halda deyildi. – Bəs, riyaziyyat nə oldu? Kəsildin?

-                     Beş almışam...

-                     Yalan deyirsən! – Xalanın sallaq yanaqları titrədi və inamla: - Tamillanın yeznəsi sənə qiymət yazmaz! Zarafat edirsən...

-                     Yazdı da! Hələ tapşırdı ki, nə işin olsa, birbaşa yanıma gələrsən. Dedi qoymaram bir adam sənə gözün üstə qaşın var desin...

-                     Adə, necə barışdız?!

-                     Dayımın canı sağ olsun! – Məhiş lağ elədi. – Bir zəngi bəs elədi, düşmən dönüb dost oldu.

-                     Deməli, sənin dayın var?! – Züleyxa xala elə bil hər şeyi başa düşdü və incik soruşdu: - Bəs, mənə niyə demirdin? Harda işləyir dayın?

-                     İşləmir hələ! – Məhiş çaşqın baxan Züleyxa xalaya güldü.

-                     Bəs, neynəyir?!

-                     Bağçaya gedir... – Məhiş bir dəli qəhqəhə çəkdi. – Ha-ha-ha.

            Züleyxa xala ehtiyatla qapıdan çıxdı. Qollarını yanına vurdu: “Boy başıma xeyir! Yazığın ağlı oynayıb! Dayı! Bağçaya gedən dayı! Hətərən-pətərən danışır bu uşaq! Deyəsən, dərddən başı xərəb olub! Mənim əllərim əsir...” Foyeyə düşdü. Bir az oturdu ki, dincini alsın... Məhiş tələsə-tələsə gəlib yanından ötəndə Züleyxa xalanın bu halsızlığını gördü, pərt oldu, dedi:

-                     Xala, narahat olma, bir azdan gələrəm, hamısını danışaram! Gözlə məni!

-                     Əlindəki bağlama nədir? – Xala çəkinə-çəkinə soruşdu.

-                     Dayıma hədiyyə aparıram... Gözlə, daha yubana bilmərəm.

            Məhiş qapıdan güllə kimi çıxdı. Dayısının sifarişini gecikdirməyi ağlına belə gətirmirdi...

 

 

“ŞİRİN DÖRDLÜK”..

 

            Şöbəmiz beşmərtəbəli binanın ikinci mərtəbəsini başdan başa “zəbt” edib. Hələ bir neçə laboratoriya aşağıdadır.

            Bizim qrupun yerləşdiyi otaq dəhlizin axırında, xəlvəti bir guşədədədir. “Hesabda olan inventardı” deyə bayıra atılmamış bir neçə sınıq-salxaq cizgi taxtası, kürsü bu arada qalaqlanmışdı. Uzaqdan baxan qapını seçə bilmirdi. Biz isə öyrəncəli idik. Qalan otaqlarla gediş-gəlişimiz yoxdu. Göstərici lövhəni çıxarandan sonra qapımızı həftələrlə açan olmurdu.

            Dörd nəfər idik. Məmməd, Alxan, mən, bir də Sürəyya bacı. Şöbədə adımıza “şirin dördlük” deyirdilər.

            Otağımızda heç nə yox idi. Qapının dalında paltarasan və soyuducu, onlarla üzbəüz, pəncərə qabağında kiçik çay dəstgahı üçün dolabça, qarşı-qarşıya qoyulmuş dörd pardaxlı masa durur. Dörd yumşaq kürsünü də bura əlavə etsək, avadanlığın tam siyahısını tamamlanır... Unutdum! Otaqda bir yekə cizgi taxtası da var. Amma çoxdandır ondan istifadə etmirik. Küncə qoymuşuq ki, əl-ayağa dolaşmasın. Allah saxlamış Sürəyya bacı olmasayda, onu çoxdan toza basardı. Hərdən əlinə əski alıb silir, təmizləyir.

            İşə həvəslə gəlirdik, günümüzü mənalı keçirirdik. Mehriban bir ailə kimi dolanırdıq. Daim qaynaşan dəhlizdə dayanıb laqqırtı vurmurduq, qonşu otaqları seyrə çıxmırdıq, bir-boromozdən gedib rəislərə şeytançılıq etmirdik. Yanımıza gələn sözbaz əməkdaşlara elə üz göstərirdik ki, onılar bir də bu həndəvərdə dolanmırdılar.

            Sürəyya bacı, anam-bacım olsun, yaxşı qadındır. Millər əlindən yerə düşmür, gün uzunu toxuyur. Əynimizdəki qalın yun köynəklər də onun əməlidir. Dedin, ya demədin, fərqi yoxdur, bircə gün də çayımızı əskik eləmir. Elektrik plitəsinin üstündəki çaydan həmişə xoş bir zümzümə ilə “mahnısını” oxuyur. O, izn vermişdi ki, siqaretimi otaqda çəkim. Mən razı olmadım. Sürəyya bacı səbrlə başa saldı:

-                     Darqursaq olma, Vəli! – dedi. – Mənə qulaq as. Dəhlizə bir çıxırsan, iki çıxırsan, başlayarlar ki, Vəli bekarçılıq edir. Otağın da adı pis çıxar. İçəridə çək, onsuzda öyrəncəliyəm. Ərim evdə papirosu papirosa  calayır. Nə qədər istəyirsən filə özün üçün... Amma tərgitsən yaxşıdır...

            Ondan daha çox özümü inandırmaq üçün deyirdim:

-                     Gec-tezi var, axır atacağam bunu...

            Çox da tütün aludəsi deyiləm. Gündə dörd-beş dənədən artıq çəkmirəm. Aldığım bir qutu “Marlboro” siqareti mənə həftədən çox bəs eləyir. Həkim məsləhət etmişdi: - “Cavan oğlansan. – demişdi. – İndidən vermisən qarına. Sənin kor bağırsağını kəsənə kimi mənimki mənə dəydi. Bu yaşda belə köksən, sonra neynəyəcəksən? Gündə bir-iki siqaret çək, piy basmasın səni.” Onun məsləhətinin köməyi oldu. “Marlboro” sinəmə düşürdü, öskürtmürdü, amma tapmaq çətindi. Əvəllər belə deyildi, hər yerdə bu zəhrimardan vardı. Öz qiymətinə olmasa da yarım manat, ya bir manat artığına tapılırdı. Mağazalardan yoxa çıxandan sonra qalırdı bircə əlac, gedib altı-yeddi manata şəhəri başına götürmüş alverçilərdən almaq! Elə də eləyirdim.

            Məmməd dissertasiyanı axır ki, müdafiə elədi. İndi boş vaxtı çoxdur. Mütaliəyə girişmişdi. Kitablara da üz çəkirdi ki, nə oxuduğunu görən olmasın. Biz ona həmişə sataşırdıq. Oxuduğu macəra romanları kişinin gözünün qarasını aparıb, amma o, yenə əl çəkmir. Uzaqdan baxan Məmməd haqqında deyərdi: “Bu qaşqabaqlı, yarıyaş adam həyatından narazıdır.” Bu çox səhv fikirdi. Onun güşadlığına domino daşları ortaya qoyulanda baxasan. Məmməd hər şeyi unudurdu. Vurub yıxan, saatlarla eşqnamələr deyən macəra qəhramanlarını ya vurduğu yerdə, ya da yıxıldığı yerdə qoyur, irəli şığıyırdı. Gülürdük. “A kişi, deyirdik, dominonu dördlükdə oynayanda ləzzət verir, yerinə müştəri çıxanmı var?! Onsuz da dörd nəfərik də!” Kimə deyirsən! Məmməd oyun vaxtı çox hay-küy salır, cığallıq edir, qaraqabaq uşaq çevrilirdi uşağa. Həmin günlər səsimizə qapı açıb boylananlar da olurdu. Keçən il müdirlərdən hansısa (adı yadımdan çıxıb), qəflətən içəri girmişdi. Söz vaxtına çəkər, yazın ortaları idi. Başımız oyuna qarışdığından nahar fasiləsinin qurtardığını unutmuşduq. Müdir baxdı, baxdı, dinmədən çıxdı. Dedik aylıq mükafata rəhmət, amma yaxşı qurtardıq. Səhərisi xəbər tutduq ki, onun vəzifəsini böyüdüblər. Kişinin başı təhvil-təslimə necə qarışdısa, bizi cəzalandırmağı yaddan çıxartdı.

            Amma özümüz  öz tənbehimizi elədik. Dominonu birkərəmlik yığışdırdıq. İndi daşlara heç nahar fasiləsində də əl vurmuruq. Məmməd hərdən həvəslənib bizi dilə tutur, bizsə fitvaya getmirik. Qulağı dinclikdən bezikməmişik ki!

            Masam Alxanınkı ilə yanaşıdır. Dominoda “yanan”dan sonra aramızdakı boş yerə bir kətil yerləşdirmişik. Şahmat taxtasını qoymuşuq üstünə. Gün uzunu “dava” edirik. Azından dörd-beş əl oynayırıq. Sürəyya bacı ilə Məmməd azarkeşlik edəndə, “müharibə” daha da qızışır. Tamaşaçı marağı bizdəki cavabdehliyi artırırdı. İkimiz də şahmat ölüsüyük, amma əvəllər Alxan qat-qat yaxşı oynayırdı.

            Hamımız mühəndis-konstruktoruq. Maaşımız yüksəkdir. Heç yerdə mühəndislərə bundan artıq pul vermirlər. Hər ay da maaşın otuz faizi qədər mükafatı ovcumuza köz kimi sanıyırlar. Kefi kök dolanırıq. Dördlükdə naharımızı edirik. Kimin əlinə nə düşür gətirib birgə yeyirdik.

            Görürsən, saat üçdür, Məmməd başını kitabdan qaldırmır, şirin-şirin əsnəyir, soruşur:

-                     Sürəyya bacı, çayın varmı?

            Sürəyya bacı dərhal hay verir:

-                     Məmməd qardaş, bu nə sözdür? – deyir. – İnciyərəm səndən. Əlbəttə, varımızdır...

-                     Eləsə, zəhmət olmasa, bir fincan süzün mənə...

-                     Bu saat... – Sürəyya bacı toxumanı qırağa qoyub, qalxır

-                     Zoğal mürəbbəsi ilə, ya əncirlə?

            Məmməd fikrə gedir. Elə bil ondan elmi problemə cavab istəyirlər. Haçandan-haçana deyir:

-                     Mürəbbə istəmirəm. O dünənki paxlavadan olsaydı pis olmazdı...

            Sürəyya bacı günahkar bir təbəssümlə ona baxır:

-                     Qalmayıb, Məmməd qardaş! – deyir. – Alxan qardaş bayaqları hamısını yeyib... Amma yaxşı kişmişli tortumuz var. Özüm bişirmişəm. Bir parça soyutma toyuğ əti də qalıb. Alxan gətirən qutabdan da var. Hansından istəyirsiniz?

            Məmmədin kitab oxumaqdan sulanan gözlərinə işıq gəlir:

-                     Tortdan bir tikə bəsimdir, Sürəyya bacı! – deyir – Bir fal da kolbasa kəssəydin, yaxşı olardı...

-                     Yaxşı! Bəs siz?

            Sürəyya bacının axırıncı kəlmələri bizə aid idi. Alxan dərhal dillənirdi:

-                     Pis olmazdı...

-                     Eləsə, şahmatı qoyun qırağa, yığılın bura! – Sürəyya bacı əmr eləyirdi. – Şahmat qaçmırdıki!

            Biz çay dolabçasının ətrafına yığıldıq. Şirin-şirin söhbət etdik, zarafatlaşdıq, belə-belə günümüzü başa vurduq.

            Məmməd aramızda ən yaşlısı idi. Qırxı haqlamışdı. Bir özü idi, bir də arvadı, uşaqları olmurdu.

            Alxanla mən bir yaşdaydıq. Mən hündürboy, irisümüklü, o, isə alçaqboy arıq bir adamdı. Sürəyya bacının otuz beş yaşını isə biz keçən ay qeyd eləmişik. Amma çox cavan görünür. Gözü yaxşı seçir. Eynəyi əvəllər fors üçün taxıb. İndi isə öyrəşib. Onu eynəksiz təsəvvür eləmək çətindir. Əri qızıl kimi oğlandır. Zavodda çilingər işləyir. Özləri üzdən gözəl olmasalar da, uşaqları şəkil kimidirlər.

            Onlar ev-eşik sahibi idilər. Bircə mən otuz yaşımda, hələ də subaylığın daşını atmamışam. Sürəyya yazıq beş ildi qızları sadalamaqdan, seçməkdən usanmırdı. Hələ də arzusuna çatmamışdı. Nişan verdiyi qızların hərəsindən bir eyib tapırdım. O, nəhayət, bezikdi, yanımda qız-gəlin söhbəti salmırdı. Mən rahat nəfəs aldım.

            Yaxınlarda bir iş oldu.

            Köhnə müdirin vəzifəsini böyütdülər, yerinə təzəsi gəldi. Düzü, dəyiş-düyüş elə tez-tez olurdu ki, şöbə müdirləri otağımızın işçiləri ilə tanış olmağa vaxt eləmirdilər. Biz buna adətgərdə idik. Şöbəmiz, elmi-tədqiqat institunun ən böyük şöbəsidir. Yüzə yaxın işçisi var. Buranın müdirliyi tramplin kimi bir şeydir. Gələn üç ay, beş ay işləyəndən sonra irəli tullanır.

            Bir ay keçdi,  üç ay keçdi, beş ay keçdi... Gördük yox, axırıncısı hələ də tullanmır. Deyəsən, şöbədə uzun müddətə lövbər salmışdı. Yerindən tərpənənə oxşamırdı.

            Yaşlı adamdı. Yavaş-yavaş, tələsmədən öz qaydalarını yeridirdi. Eşidirdik ki, gah o bölməyə, gah da bu bölməyə əl gəzdirir, laboratoriyaların işinə barmaq qoyur. Bizim qrupsa bunlara fikir vermirdi. “Bu da keçib gedər” – fikirləşirdik.

            Şahmatda əməlli başlı irəliləyiş etmişdim. Gündə bir, ya iki oyun qələbəmlə bitirdi. Alxan dözümsüzdür, uduzanda hirslənib, siqaret yandırırdı. Yavaş-yavaş ustalaşırdım. Alxan indi tez-tez başını tuturdu. Hər dəfə təslim olanda əlini “Marlboro” qutusuna atırdı. O, siqaret yandıranda mənə ləzzət eləyirdi. Bəs necə?! Birinci dərəcəli şahmatçını məğlub etmək hər adamın hünəri deyildi.

            Bu xoş günlərimiz uzun çəkmədi, qara günlərimiz gəldi. Təzə müdirin əli bizə də gəlib çatdı. Gündə bir neçə dəfə otağımıza girib-çıxır, tapşırıqları yoxlayır, iş tələb edir, isti aşımıza soyuq su qatırdı. Alxanla mən şahmatı, Məmməd macəra romanlarını, Sürəyya bacı toxumasını yığışdırmalı olduq. Aylıq mükafatı bir də itirmək istəməzdi.

            Müdir hamıdan çox Alxanla düşünüşmüdü. Nə var, nə var, yazıq keçən iclasda durub demişdi: “Bəzi yoldaşlar elə bilir bura fermadır. Nəzərə almırlar ki, biz elmi-tədqiqat institutunda işləyirik. Yaradıcı adam inək deyil ki, payaya bağlayasan, vedrəni də qoyasan altına “süd ver” – deyəsən, o da versin... İdeya yetişməlidir...”

            Müdir yerindən söz atmış və hamımını güldürmüşdü: “Konstruktorun ideyaları çay stəkanının dibində yetişmir, cizgi taxtası arxasında yetişir.”

            O gündən Alxanla müdir oldular düşmən. Elə hey didişirdilər. Müdir Alxana tapşırığı tapşırıq üstünə verirdi. O, işdən göz açmağa macal tapmırdı, başını itirmişdi. Dişi bağırsağını kəsə-kəsə çalışırdı. Yaman hirslənirdi. Gündə dörd-beş dəfə əlini atırdı siqaretə. Qoyurdu damağına, deyinə-deyinə qullablayırdı, yerindən oynamış əsəblərini sakitləşdirirdi.

            Axır vaxtlar bir qutu “Marlboro” həftə nədir, heç iki gün bəs eləmirdi. Alxan başına daş salırdı. İçəridən yanıb-tökülsəm də, dinmirdim. Hirsimdəm özüm də çox çəkirdim.

            Sürəyya bacının da üzü gülmürdü. Başını aşağı salıb işləyirdi. Çayımıza barmaqarası baxırdı. Ya vaxtında qaynatmırdı, ya da dəmləməyi unudurdu. Axtarsan çay içməyin bir ləzzəti də qalmamışdı. Fincanı dodağına qaldıran kimi, görürdün budur ha, müdir qara lov kimi kəsdi başımızın üstünü. Başlayırdı işləri yoxlamağa. Düzdür, çaya hələ bir söz deməmişdi, amma qırımından anlayırıq ki, hələ içəri verir, bir gün buna görə də partlayacaq.

            Məmməd dünən hesabını aldı, işdən çıxdı. Macəra romanlarından əl çəkmədiyindən müdir ona üçüncü töhməti vermiş, demişdi ki, üzüsulu getməyin məsləhətdir, atalar üçəcən deyib, sonrası həmişə pis gəlir. Məmməd də ona bir kök söz deyib: “Qocalıqda yorğalıq eləməyin!” O, indi hansısa institutda müəllim işləyir.

            Qaldıq üç nəfər.

            Bu gün Alxanlı müdirin yanına doqquz dəfə ürəyimiz “tıp” eləyirdi. Dedik, bu da getdi. Məmməddən sonra səksəkədə idik. Sürəyya bacı Alxanın dalınca eynəyinin altından baxa-baxa dilləndi:

-                     Müdir Alxanla belə başlayıbsa, bizə növbə tez çatacaq.

-                     Elədir, - dedim – İşləmək lazımdır...

            Ah çəkdim, yerimdən qalxdım, başladım cizgi taxtasının xətkeşlərini bərkitməyə. Sonra karandaşları itilədim. Müdirin tapşırdığı cizgini çəkmək lazım idi. Vatman kağızını taxtaya düymələdim...

            Alxan qayıtdı. Deyəsən, bu dəfə yaxşı qurtarıb, heç nə olmayıb. Amma o gün hər nə oldu mənə oldu. Hirsindən əli ayağı əsən Alxan siqaretlərimi bir-birinin oduna yandırıb çəkirdi. Qutu göz görəsi boşalırdı.

            Sürəyya bacı canıyananlıqla soruşdu:

-                     Nə deyir, Alxan qardaş?

            Alxanın səsi otağı başına götürdü:

-                     Mən bunu elə qoymaram! Şikayət edəcəyəm. Mən ona Məmməd deyiləm! İllərlə bir idarədə külüng çalan adamları gözümçıxdıya salmağı ona göstərərrəm!

            Sürəyya bacı:

-                     Əşi, sakit ol! – dedi və onun qabağına bir fincan çay qoydu. – İç, iç sakitləş...

            Alxan alayarımçıq çəkdiyi siqareti külqabıya basıb əzəndə az qala tüstüm təpəmdən çıxsın. Tez masanın üstündən, içində bircə dənə qalmış “Marlboro” qutusunu götürüb cibimə qoydum. Sürəyya bir də soruşdu:

-                     Axı, müdir nə deyir?

-                     Çox şey! – Alxan fincanı nəlbəkiyə çırpdı. – Deyir, temanı bir aya qurtarıb təhvil verməlisən. Mən havayı yeyənləri şöbəmdə saxlaya bilmərəm, deyir. Deyirəm, ay müdir, orda bir aləm iş var, heç iki aya da qurtarmaq olmaz. Deyir, heç nə bilmirəm, bu keçənilki, temandır... Təzə ildən beş ay keçir, sən isə, deyir, hələ də borclarla qurtarmamısan...

-                     Həə! – Sürəyya bacı dedi, - Elədir, keçənilki temanı verməmisən...

            Alxan susdu, qanlı-qanlı bizə baxdı, birdən dilləndi:

-                     Elə sizin kimi! – dedi – kor kora kor deməsə, bağrı çatlayar ha!

            Sürəyya bacı rəng verib, rəng aldı. Burnunun üstündəki eynəyi titrədi. Tez işə qarışdım ki, sözləşmənin qarşısını alım. Onlara çımxırdım:

-                     Bəsdirin, siz allah! Günümüzü göy əskiyə az bükmürlər, siz də bir yandan başlamısız.

            Alxan boğuq səslə:

-                     Bunu düz dedin! – dedi – Bir siqaret ver. Zalım oğlu məni elə hirsləndirib ki, ciyərim yanır...

            Birinci dəfə üzə durdum. Bərkdən dedim:

-                     Vermirəm...

-                     Necə? – Alxanın üzü təəccübdən əyildi. – Sən mənə o zəhrimarı qızırqanırsan?! Sağ ol belə yoldaş!

            Səsimi alçaltdım, yarızarafat, yarıciddi dedim:

-                     Atam balası, sən indən belə hər gün hirslənəcəksən. Müdir ki, belə başlayıb otağımızda çətin ki, bir də sakitlik olsun. Hər gün siqaretimin üçdə ikisini sən çəkirsən. Bunun bahasına pul vermişəm, axı, göydən tökülmür... Gündə “Marlboro” almaqdan mən talandım, axı! Bir yandan mükafatdan əlimiz çıxıb, bir yandan da sən... Belə, atam balası, siqaret çəkənsən, al cibində gəzdir. Səni pasportuma yazmayıblar ki?!

            Alxan pərt halda mızıldandı:

-                     Danışdın da! Bir sürü uşağım var, sənin kimi subaysalıq deyiləm ki, siqaretə hər gün altı-yeddi manat verəm...

            Əllərimi əlacsızlıqla açdım:

-                     Mənim nə günahım var ki, sənin “Marlboro”ya gücün çatmır? – dedim – onda bolqar siqareti al! O ki, ucuzdur, qiyməti əlli qəpikdir...

            Alxanın yanaqları xoruz pipiyi kimi allandı:

-                     Əlli qəpiyə tapmaq olsaydı, alardım. – dedi. – Bakının hər yerində onu iyirmi-otuz qəpik artığına satırlar. Alverçilər yox ey, mağazada, bığlı-bığlı satıcılar. Bir adamdan da qorxuları yoxdur... Adamın hayıfı gəlir! – Daha dözə bilmədim, şabalıd kimi partladım:

-                     Onda get “Prima” al! “Prima”! Onun ki maliyyəti bir abbasıdır! – Bunu deyib axırıncı siqareti çıxartdım. Boş qutunu zibil qutusuna atdım. Siqareti damağıma qoyub bir qədər saxlayandan sonra onu da qutunun dalınca tulladım. – Dedim – Daha çəkməyəcəm. Tərgidirəm...

            Sürəyya bacı ilə Alxan inamsızlıqla bir-birinə baxdılar. Bu sözü çoxdan deyirdim, amma tərgitməyə ürək eləmirdim. İndisə qərarım qəti idi.

            Karandaşı əlimə aldım, cizgi taxtasına tərəf çevrildim. Başladım çəkməyə. Şahmat, çay, xoş ovqat olmayan iş yerində bir yaxşı məşğuliyyət qalırdı: işləmək! Başladım işləməyə. İndi siqareti tərgitsəm də, daha kökəlmirəm. Bəli şirin dördlüyümüzü beləcə zəhər elədilər...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                             


 

KİTABIN  İÇİNDƏKİLƏR

 

Məşq                                                                                                                                    3

Borc                                                                                                                                     11

Təcrübə                                                                                                                                16

Məktub.......                                                                                                                          23

Qaraqabaq xalam                                                                                                                 27

Sibirə ezamiyyət                                                                                                                   34

Hər şeyin öz adı                                                                                                                   41

İstehsalat təcrübəsi                                                                                                               44

Qış yuxusu                                                                                                                           50

İlk məhəbbət                                                                                                                        54

Omba ağrısı                                                                                                                          61

Hasarın söküyü                                                                                                                    65

“Xan düyüsü”                                                                                                                      72

Füzuli və elektronika                                                                                                            81

Milçək ruzisi                                                                                                                         86

Göz ağrısı                                                                                                                             92

Xeyir iş                                                                                                                                 99

Yaxşı oğlanın “dayısı”........                                                                                                 105

“Şirin dördlük”                                                                                                                    119