icon
icon
icon
icon

Sonuncu yeznə

Satirik hekayələr.

                                                           

MÜƏLLIFDƏN.

 

               Düzü, ön sözsüz də keçinmək olardı, amma ölkənin mübtəla  olduğu şöhrətpərəstlik azarı, qədim müəlliflərin  dediyi kimi həqir bəndənizdən də yan ötməyib. Bir də sərpayısız məclislərin, ön sözsüz kitabların nə ləzzəti!

              Mən Sirus Təbrizlinin yüngül əli ilə ədəbiyyata qədəm qoymuşam.O vaxtlar satira və yumorlu hekayələri senzorlardan “keçirmək” redaktorlardan hunər istəyirdi.Onlarla hekayəm S.Təbrizlinin sayəsində yetmiş-səksəninci illərin adlı-sanlı

“Ədəbiyyat və İncəsənət” qəzətində dərc edildi.

               Başqa redaktorlarımı da yada salaq : Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Xurşud və Vidadi Məmmədov... İndi onlar haqq dunyadadırlar, amma yaxşı  

               Redaktorlarımdan ən kövrəyi Məmməd Orucdur. O,bəyəndiyi hər hansı hekayəmi “ Azərbaycan” jurnalında dərc etdirə bilməyəndə məndən çox kədərlənirdi.

Ozünü sığortalayan çinovnikləri inandırmaq çox çətin idi. Məsələn, bir nəfər baş redaktor muavini deyirdi: “Sən “sarı bülbül” ifadəsi ilə ruslara sataşırsan”. Səksəninci illər idi , hələ kölgəsindən qorxanlar çox idi.

               “ Yazıçı” nəşriyyatının 1990, 1991, 1992-ci illərin tematik planlarında adı çəkilən “ Sonuncu yeznə” kitabım çap olunmadı. Sovet sistemi dağıldı. Rus “ şinelindən” çıxan erməni timsahı göz yaşı tökə-tökə Azərbaycan torpaqlarını kənd-kənd kamına çəkəndə durmaq olmazdı. Hərbi çağrışla cavan  Azərbaycan Ordusunun

sıralarına  çağrıldım. 1992-ci  ildən 1993-cü ilə qədər xidmət etdim. Atəşkəsdən sonra tərxis olundum.

Bir az zamanə mənə gənəşdi, bir az mən zəmanəyə gənəşdim.Axır razılığa

gəldik ki, mənim də yaşamaq və dolanmaq hüququm var.

                 “ Yazıçı” nəşriyyatında “yatan” kitabımı səhmana salıb sponsor axtarışına başladım. Satira və yumor, əslində, müəllifindən başqa kimsəyə lazım deyil.Bir kitabda ki, məddahlıq yoxdur, bir kitabda ki, macəracılıq yoxdur, ona sponsorluq edən tapılarmı?

                   Çətin! Amma ümidimi üzmədim.

                    Yaddaşıma güc gəldim. Əli Kərim sayağı desək, qırxdan çox yaşamışam.

Saymışam, üst-üstə beş il Rusiya şəhərlərində e’zamiyyətlərdə olmuşam. Həmpiyalə dostlarıma üz tutdum. Beş-altı telefon zəngindən sonra mə’lum oldu ki, rus dostlarım almaqla    stadırlar, verməklə araları yoxdur.

                 Bu belə getdi.

                 Apşeronun dilbər güşəsi Bakıda qırx ildir yaşayıram.

                 Tanıdığım bir neçə “pul dağarcığına” ağız açdım.Onları ağlamaq tutdu. Məlum oldu ki, şahmat oynunda piyadə ilə şahı səhv saldıqlarından “ pul dağarcıqlarını” toyuq kimi yolublar.

                 Bu belə getdi.

                 Mən Talışda doğulduğumu yada salıb yerlilərimə üz tutdum. Dedilər: “ Biz yerlipərəst deyilik! Sənin kimi yerli milyondan çoxdur. Lumudan-naringidən qazanılan pulu çölə ata bilmərik”.

                 Bu da belə getdi. Vallah, bu ön söz dərdlərimizi təzələdi... Deyirdim, axı, lazım deyil.

                  Pənah allaha!    

 

ƏDƏBİYYATIN   KÖHNƏ     BAZARINA

TƏZƏ “ NIRX”

 

 

         Qəni Camalzadənin hekayələri 1976-cı ildən “ Ədəbiyyat və İncəsənət” qəzetində və Kirpi  jurnalında vaxtaşırı çap olunsa da, mən onun yaradıcılığını 1984-cü ildən izləyirəm.Qəninin “ Borc”adlı  yumoristik hekayəsini də çap olunmaq üçün “Azərbaycan” jurnalına mən təqdim etmişdim.Yadımdadır, səksən dördüncü ildə bu hekayə  “Azərbaycan” jurnalında çap olunandan sonra qələm dostlarım tez-tez məndən soruşurdular : kimdi bu Qəni Camalzadə? O zaman Qəni Politexnik institutunu təzə bitirmişdi və ixtisasına uyğun hansısa bir istehsalat müəssisəsində çalışırdı. Düzü, o zaman mənə elə gəlirdi ki, Qəni Camalzadənin yumoristik hekayələr yazması ötərki həvəsdir. Amma sonrakı illər sübut elədi ki,Qəni ədəbiyyata çox ciddi yanaşır. “ Yazıçı” nəşriyyatının səksənbeşinci ildə çapdan buraxdığı “ Yeni səslər” almanaxında Qəninin daha dörd hekayəsi çap olunmuşdu və bu hekayələrdə artıq hiss olunurdu ki, Qəninin öz  dəsti-xətti , öz üslubu var: əni yumoristik hekayə yazan yaşıdlarından seçilir. Qəni Camalzadənin səksənbeşinci ildə çap olunan  “Yaxşı oğlanın dahısı”  kitabı isə sübut elədi ki, mühəndis  Qəni Camalzadə ədəbiyyata təsadüfən  gəlməyib. Bu kitab sübut elədi ki,mühəndis Qəni mövzu seçməyi və aktual mğvzuları yumoristik nəsrin süzgəcindən keçirməyi bacarır . O,illərin ədəbi tənqidində Qəninin  “Təcrübə”, “Məktub”, “ Sibirə e’zamiyyət”, “Hər şeyin öz adı”, “Füzuli və elektrotexnika” kimi hekayələrinin təhlil olunması səbəbsiz deyildi. Qəni ədəbiyyatın kğhnə bazarına “ təzə nırx” qoymaq istəyirdi. Və şəxsən mən Qəni Camalzadənin yaradıcılığını buna görə izləyirdim.Səksənyeddincı ildə Qəninin hekayələrinin rus dilinə tərcumə olunması  və “ Literaturnıy Azerbaycan” jurnalında çap olunması da təsadüf deyildi.

            1988-ci ildən sonra Qəni ilə əlaqələrimiz kəsildi. Uzun zaman heç onun imzasını da mətbuatda görmədim. Bu günlərdə isə təsadüfən qarşılaşdıq.Məlum oldu ki, o hələ 1992-ci ildə qələmini sünkü ilə əvəz edib  cavan Azərbaycan  Ordusunda xidmət edib. 1993-cü ildə ordudan tərxis olunmuş, mülki həyata yenidən başlayıb, yenə yumoristik hekayələr yazır və çap etdirir.

 

                                                                               Məmməd Oruc

 

 

 

                                                                                        

 

QAYÇI

 

 

 

         Rəisin kabinetindəki on beş oturacağın on beşi də tutulmuşdu. Hamsı səbrlə gözləyirdi. Qapının ağzında dayanmış cavan başını aşağı salıb, əllərini qoynuna qoymuşdu. Gözünü altdan-altdan gah ona, gah buna dikirdi. Üzü gah saralır, gah qızarır, gah da ağarırdı,bir sözlə, rəngdən-rəngə düşürdü.

          Rəis kürsüyə yayxanıb:

- İndi də akta nəzər salaq, - dedi və durğu işarələrini qeyd eləyə-eləyə

qarşısındaki kağızı oxumaqa başladı:  -  “ Biz aşağıda imza edənlər təsdiq edirik ki, 1982-ci il sentyabrın on üçü saat on yeddi sıfır-sıfırda gündəlik tələbat malları sexinin çilingəri  Mahmudov Şakir Məmi oğlu qapıdan zavodumuzun istehsal etdiyi bir ədəd qayçını çıxartdığı yerdə yaxalanmışdır. Dövlət əmlakını hara aparırsan? -  sualına adını yuxarıda çəkdiyimiz cinayətkar dikbaşlıqla cavab verib demişdi ki, qayçını daha hara apararlar? Bu cavab bizi tə’min etmədiyindən, qayçını onun əlindən alıb, bu aktı tərtib etmişik.” Daha sonra imzalar gəlir. Keşik rəisi, keşikçi, içtimai nəzərətçi...

Sonra rəis arada fasilə vermədən ikinci kağızı çəkdi qabağına, başladı

onu da aramla, amma bir nəfəsə uoxumağa: “ Gündəlik tələbat malları sexinin rəisinə.Tərtib olunmuş aktı sizin sərəncamınıza yollayırıq. Xahiş edirik ki, işçiniz barəsində tə’cili ölçü götürəsiniz və bizə yazılı şəkildə mə’lumat verəsiniz.Qeyd: Qayçı əşyayi-dəlil kimi akta əlavə edilir”. İmza,keşik rəisi.

           Rəis dərindən nəfəs aldı, kağızları əsəbiliklə qırağa itələdi,eynəyini çıxartdı,gözlərini bir müddət ovdu , sonra masanın üstündən qayçını əlinə aldı,qapıda dayanmış oğlanın üstünə silkələdi.

         - Ayıb olsun sənə, bala, çox ayıb olsun, - dedi.-Gör başımıza nə oyunlar açırsan?  Elə bilirsən , biz bura bir qayçıdan ötrü  yığışmışıq? Səhvin var. İş ondadır ki, bu gün zavoddan qayçı çıxardan sabah dəsgah aparar, biri gün də maşın oğurlamaq sğvdasına düşəcək. Bu, kohnədən mə’lumdur.Oğurluğa yumurtadan başlayırlar da. Xırda-xırda, yavaş-yavaş, keçirlər toyuğa, sonra inəyə... -  Rəis qayçını bir o yana çevirdi, bir bu yana çevird, sonra yana-yana  dedi: - Ayıb deyilmi,a bala, bu boyda şeyi o boyda qapıdan keçirə bilməmisən?

Bütün seximizi zavodda biabır eləmisən.Öhe-öhe.

            Rəis daha nəsə deyəcəkdi ki, sözünün dalını gətirmək istəyəndə onu öskürək tutdu. Amma sadiq müavini bu yerdə də rəisin köməyinə gəldi:

           ---- Kişi düz deyir də. Birincisi, qayçı nədir ki, ona tamah salırsan. İkincisi də ki, mə’lumdur, indi ki aparırsan…Ə, zalım, deyir çaqqal var gödən dağıdır, qurdun adı bədnamdır. Buna nə ad verəsən?

            Sexin baş ustası da söz alıb, cavan oğlana dişindən keçən sözləri dedi.

Adatən belə məqamlarda işçiləri həmişə müdafiə edən sex həmkarlar təşkilatının sədri günahkarı xeyli danladı. Axır sözü bu oldu:

             ----Biz sənin adını qabaqcıllar siyahısına salmışıq. Sən gör nə hoqqa çıxarırsan?-dedi.---Maliyyəti heç nə olan bir qayçıdan ötrü, əlli qəpiklik bir şeydən ötrü özünü salmısan cəncələ...

             Yerdə oturanlar daha sonra başladılar bu cavana cürbəcür suallar verməyə. Qayçını götürəndə kim gördü? Qayçını əkmək fikrinə haıandan düşmüsən? Birinci dəfədir, ya əvvəllər də qayçı aparmısan? Sexin iqtisadçı-mühəndisi çox maraqlı bir qeydlə məsələyə müdaxilə elədi:

              ---Görəsən, yoldaş Mahmudov bilirmi, işçilərin hərəsi bir qayçı aparsa,zavodumuza nə qədər ziyan dəyəçək?

              Belə-belə suallar cavan oğlanın  başına dolu kimi yağırdı,o, isə susurdu. Amma axırıncı suala cavab  verməli oldu. Soruşdular:

               ---Qayçı nəyinə lazımdır?

               ---Qayçını,neynəyəcəklər ki ?---deyə oğlan nəhayət dilləndi: ---Bilmirsiz? Mənə bığlarımı düzəltmək üçün lazımdı, sizə bilmirəm...

               Bu sözdən sonra hamı diqqətlə baxıb gördü ki, doğrudan da, cavanın

bığları əndazəsiz uzanıb, ucları ağzına girir. Baş usta onun haqlı olduğunu görüb, lap hiorsləndi:

             ---Adə,ayda iki yüz əlli manat maaş alırsan, əlli qəpiyin yoxdu bir qayçı alasan? Gedib bığını sahmana salasan? Kişi də oğurluqla bığ düzəldər?

--- Vardı əlli qəpik...

---  Bəs niyə almırdın?

Cavan oğlan bu sualı da cavabsız  buraxdı.Başında hər şey elə qarışmışdı

ki, qayçıdan ötrü dükanlara dəfələrlə baş vurduğunu yada sala bilmədi. Zavodun buraxdığı qayçılar elə bil buxarlanırdı,mağazalara gedib çatmırdı.

           Kabinetdə mükalimə davam edirdi. Axı, cinayət başında yaxalanmış cavanı cazalandırmaq lazımdı. Hacandan-haçana qərara gəldilər  ki,ona bir yağlı töhmət versinlır

ə adını da qabaqcıllar siyahısından silsinlər. Hamı qalxdı,dağılışacaqdılar ki, rəis onları əylədi.

           ---Əşi, bu qayçını neynəyək, bəs?---soruşdu.

           Bir ara dinən olmadı, bir-birinin üzünə baxdılar. Qəflətən kimsə təklif elədi ki, verin özünə, aparsın evə, bığlarını düzəltsin, amma bu dəfə də qapıda ilişsə, işdən qovarıq.

           Hamı gülə-gülə dağılışdı.

                 

DAŞ  KÜÇƏ

                                                               

                   

 

          Qasım Qafaroviç qarşısında oturanlara dərin bir nəzər saldı.  Xüsusi konstruktor şö‘bəsinin “nəhəngləri” tutduqları vəzifəyə uyğun bir həndəsi ardıjıllıqla baş-başa vermişdilər.

        Rəisin kor quyu kimi dərin baxışından sonra pıçıltılar tamam kəsildi. Qasım Qafaroviç onları yanına çağırmazdan qabaq dönə-dönə oxuduğu kağıza tərəf əyildi:

        -Bir qəribə teleqram almışıq.Bizə bildirirlər ki,”AL-80” jihazının istehsalı dayandırılıb,  -dedi və davam etdi:  -Yazırlar ki, hissələr bir-biri ilə uzlaşmır.Daha sonra  teleqramda deyilir ki, dəfələrlə  sizə mürajiət etməyimizə baxmayaraq, javab almamışıq. On noyabr və yeddi dekabr tarixli məktublarımızda iradlarımızı sadalamışıq.   - Rəis  bu yerdə başını kağızdan ayırmadan başqa səslə dedi: - Məktubları təёjili tapın. Görün orda nə yazılıb. Bilmirəm, bizim  idarəyə gələn məktublar niyə it-bata düşür ey?…Lap axırda isə tələb edirlər ki, ikitərəfli aktı imzalamaq üçün nümayəndəmizi göndərək …Hıx…

        Qasım Qafaroviç bu yerdə hıqqıldadı, damarlı alnını qar kimi təmiz dəsmalla sildi. Onu tərlədən içərinin istisi deyildi. Bayırda yazın şıdırğı çağı idi. Ağajların yaşıl budaqları pənjərələri döyəjləyirdi. Rəis dəsmalı gizləyib, bir anlıq zəifliyinin ajığına möhkəm səslə davam etdi:

        -Hə, tədbir tökün görüm,  - dedi.  -Nə javab verək? Neynəyək?

        Baş konstruktor   Kərəm əlini yanağından ayırmadan dikəldi.

        Dişi səhərdən ağrıyırdı. Birjə arzusu vardı, ijlas tez qurtarsın, o, da gedib, dişini çəkdirsin. Rəisin ijazəsindən sonra üzü ağrıdan qırışa-qırışa dedi:

        -Mənjə, heç bir javab lazım deyil. Yazarlar, yazarlar,axır yorularlar. -Sonra dodaqaltı mızıldandı: - Bu «AL-80» -da başımıza bəla

 oldu da.

        Qasım Qafaroviç bir anlıq fikirdən  sonra başını buladı, eynəyini çıxarıb masanın  qırağına qoya-qoya:

        -Yox,  - dedi,  - mən o zavodun  direktoruna  yaxşı  bələdəm. Beş il bir yerdə oxumuşuq, yataqxanada bir yerdə qalmışıq. Hara gəldi  yazajaq.suyu bulandırajaq…

        Rəis müavini  Əli Əkbəroğlu heyrətlə əlini bir-birinə vurdu:

        -Mat qalmalı işdir,  - dedi.  -Zavodla  bizim aramız beş-on kilometr ola, ya olmaya. Daş küçəsinin bu başından o başına on dəqiqəyə getmək olar. Telefonla da zəng eləmək olar. Bilmirəm, daha bu məktubbazlıq, teleqramfəşanlıq nəyə lazımmış?

        Qasım Qafaroviç bərkə-boşa düşməmiş müavinin uşaq mühakiməsinə dodağı qaçdı:

        -Sən lap ayaq üstə yatırsan ki,  - dedi,  - hər şey Jabbarlının Şərifi demişkən, sübutalnı, dokumentalnı olmalıdır. Telefon zəngini qovluğa tikməkmi olar? Olmaz. Qovluqlar kağız tələb edir,  kağız hər əmələ dözür…lazım gəlndə adamın əlindən də tutur.

        Sınaq sahəsinin javan rəisi utana-utana təklif etdi:

        -Bəlkə əl-qolumuzu çırmalayaq, “AL-80”-ın əyər-əskiyini düzəldək? Hamımız bilirik ki,jihaz hələ kaldır…

        Rəis əsəbiliklə onun sözünü kəsdi:

        -Jihaz kal deyil ey,sənin mühakimələrin kaldır,  -dedi və dərhal mülayimliklə izah etdi:  -Bala, deyəsən, ağzın isti yerdədir. Jihazı beş il layihə etmişik, sözün nədir, bir ildə üstündə işləyək? Təhvil verəndən sonra? Yox, keçməz, məktub yazıblar, məktubla da javabını verərik… Daş atana, gərək daş atasan. İş birjə javabın məzmunundadır. Nə yazasan ki, onların nəfəsini kəssin?… Elə buna görə də sizi bura yığmışam.

        Hamı bir-birinin üzünə baxdı. Axırda kimsə dedi ki, siz bilən məsləhətdir, yoldaş rəis,biz nəkarəyik?

        Qasım Qafaroviç elə bil bunu gözləyirdi, dərhal sözə başladı:

        - Deyirəm, belə bir məzmunda məktub yazaq,  - deyib. gözünü tavana dikdi  -«Sizin qaldırdığınız məsələ bizi çox maraqlandırır, verdiyiniz təkliflər ağlabatandır, həqiqətən də «AL-80»-ın keyfiyyəti artırıla bilər. Jihazın bir neçə jüz‘i qüsurunu aradan qaldırmağın vajib olduğunu biz dərindən başa düşürük…Və i.a. Amma təəssüf ki, tabeliyində olduğumuz nazirliyin göstərişi olmadan işə başlaya bilmərik, çünki bu məsələ planımızda yoxdur…Və i.a. Yuxarı təşkilatlara mürajiət etmənizi xahiş edirik. Və i.a. Hə, nejədir, yarayarmı?

        Rəis gözünü tavandan ayırıb, otaqdakılara qalib nəzərlə baxdı, amma heç kimin üzündə şadlıq əlaməti görmədi. Kərəm ağrını bir anlıq unutdu:

          --Məktuba söz yoxdur, - dedi -güjlüdür, amma yaxamız yenə onların əlində qalır da.

        Rəis izah elədi:

        -Eh, sizə də söz qandırmaq olmur ki! - dedi, - Bizə vaxt lazımdır. Elədirmi? Elə. Biz yazajağıq, onlar bizim məktubu alajaqlar. Bir ay. Zavod yazajaq nazirliyə. İki ay. Nazirlik yazajaq tabeliyində olduğumuz birliyə. İki ay. Birlik yazajaq elmi-tədqiqat institutuna. İki ay. İnstitut yazajaq bizə. Bu da eləsin, tutaq ki, bir ay. İnşallah, altı aya -bir ilə göstəriş alaq, ya almayaq. Bəlkə də bu yazışma arada it-bata düşdü. Düşməsə də eybi yoxdur, bir ilə, kim bilir, bəlkə «Daş küçəsi» nin  ya  o başında zəlzələ oldu, ya bu başını sel apardı…

       Hamı razılıqla rəisə baxdı.

       Bir azdan katibə qız makinanı çıqqıldadır, Daş küçəsinin o başındakı idarəyə bu ğaşındakı idarədən məktub yazırdı. Səriştəli qız olduğundanmı, ya məktubun məzmunu ona tanış gəldiyindənmi, mə‘lum deyildi,amma beşjə dəqiqədən sonra işini qurtardıı.

                                     

YALANÇI  ƏMİLƏR

                                                                                                                                                                                                                      

        Uşaqlıqda görürdüm ki, böyük-böyük, bığlı-saqqallı   əmilər  yalan danışır. Mat qalırdım. Bu yalanların bir çoxunun səbəbini anlamazdım, anladıqlarım isə gülünj idi.Səbəbsiz-filansız yalanlar da vardı. Biri elə evimizə tez-tez gələn uzaq qohumumuz. O, deyən-gülən bir kişiydi, bir işi vardı ki, çox yalan danışırdı.Söz verib,altından qaçmaqda üstə idi.Elə ki,eşidirdi bizim evdə filan şey yoxdur,dərhəl özünü atırdı ortaya:"Mən gətirəjəyəm”. Atam onun sözlərinə əsla inanmazdı.

        Qohumumuz mənə qalay əsgərjik  və‘d etmişdi. Di gəl,özüm əsgərlik yaşına çatdım,qalay əsgərjik gəlib çıxmadı. Onun adını “Yalançı əmi” qoymuşdum.Özümə də söz vermişdim ki,böyüyəndə yalan danışmayajağam.

        Amma il keçdi, ərsəyə çatdım, bir günüm də yalansız keçmir. Yalanı istədim, ya istəmədim yediyimə-içdiyimə yavanlıq edirəm.

        -Dünən bütün gejəni harda idin,bala?  -Anam səhər süfrə başında soruşur.

        -Qonşuda nərd atırdıq… - deyirəm.

        Daha durub nə deyim?! Deyim ki, yaşıdlarımla ley-peydə olmuşam? Eyibdir!

        Həmin gün işdə rəisim soruşur:

        -Dəzgahlar hamısı  sazdırmı?

        Mən usta işləyirəm. İnstitutu qurtaranda tə‘yinatımı bura  veriblər.İstehsalatdan hələfərli baş çıxarmıram.

        -Əlbəttə, hamısı! -deyirəm.

        Gözümü qırpmadan yalan danışıram.İki dəzgah işləmir.Durub, bunu desəm,qanqaralıq olajaq. Birini o deyəjək,birini mən, mərəkə qopajaq. Rəis yaxşı oğlandır,sözə inanandır.

         İndi də razı halda:

         -Afərin, -deyir, -həmişə belə işlə.

         Onun da könlü xoş olur, mənim də. Hamısı nəyin sayəsində?Bir bekara, iki şahılıq yalan sayəsində.

         Sexə düşürəm. Dəzgahları açıb tökən,  tə‘mir edən briqadama yaxınlahıram.

         -Hə, qojalar!  -deyirəm.  -Güj eləyin!  Nə qədər başımızın üstünü  almayıblar qurtarın. Yoxsa işimiz yaşdır!

         -Mükafat olajaq?

         -Əlbəttə! - deyirəm. Amma yüz faiz bilirəm ki, olmayajaq. Bunu onlara deməkmi olar? İşi yarımçıq  qoyajaqlar, mənim yaxam da qalajaq əllərdə. Çibanı deşmək mənə qalmayıb ki! Yetişər, özü partlar.

         -Qurtarın, sabah bu barədə danışarıq…

         Jəbrayıl məni qırağa çəkir. O, briqadamda çilingər işləyir. Beşinji dərəjəsi var, amma bir az nəzəri jəhətdən axsayır. Soruşur:

         -Poliklinikada tanışın varmı?

         -Əlbəttə,  -deyirəm,  -nejə bəyəm?

         Onda bir arayış düzəlt də.  Qardaşım hərbi məktəbə gedəjək.Boğazında artıq ət var. Vaxt yoxdur  ki, kəsdirək. Arayış iki günə düzəlməsə heç nə, batdı!

         -Nə çətin işdir ki! -deyirəm, -Sabah gedərik düzəldərik.

         Sabahkı günü fikirləşmək istəmirəm.  Çox güman ki, e‘zamiyyətə  gedəjəyəm. Bir aylığa. Odur ki, sabaha qorxusuz  nə qədər deyirsən və‘d vermək olar!

         Belə-belə gün keçirdirik. Məni də aldadırlar, mən də aldadıram. Yaşayırıq.

         Dost-tanış evinə gedirəm, söz verirəm, yetirmirəm. Ünvanıma deyilənləri vejimə almıram. Bu dünyada kimsədən çəkinəjəyim yoxdur,çünki aldatdıqlarım da məni aldadır.  Amma  balaja-balaja oğlanlardan, qızlardan çəkinirəm. Elə ki, onların mənə  dikilmiş gözlərini görürəm, janıma qorxu düşür.Jəld üzümü yana çevirirəm. Qorxuram ki, birdən  onlar deyərlər: « -Budur ha , yalançı əmi gəldi!»

         Ən çox bundan qorxuram.

                                      

                                  

SONUNJU  YEZNƏ

                                                                               

         Ələmdar  ağır adamdır.  Hündür boyu. İri sümüklü jüssəsi onun astagəlliyinə haqq verirdi. Yaşı qırxı atlasa da,indiyə qədər aya-ulduza baxmağa majal eləməmişdi, amma onun bəxtinə  bir kimsə şübhə edə bilməzdi. İş adamı olduğundan boş söhbətlərdən həmişə qaçardı, amma yeri gələndə  basıb-bağlamağı  xoşlardı. Belə vaxtlar sinəsinə döyüb,deyərdi ki, mənim çörəyim daşdan-torpaqdan  çıxsa da, dünyadan narazı deyiləm. Bu kül bixəbər adamların gözünə  atılırdı. Ələmdarı  azdan-çoxdan tanıyanlar isə aldanmırdılar. Bilirdilər ki, o, tikintidə sahə rəisi kimi xudmani bir vəzifə sahibidir.  Hər gün işə şövqlə getməyindən, sübh işığında evdən çıxıb, şər qarışanda qayıtmağından mə‘lum olurdu ki, daşdan-torpaqdan  «çörək» çıxarmaq heç də pis məşğuliyyət  deyilmiş…

        Ələmdar, lap nağıllardakı kimi, dünya malından qəni idi, hətta  yeznə sarıdan da tale onu qane etməyi unutmamışdı. Kiçik bajısını beş il qabaq köçürəndən sonra yeznələrinin sayı beşə, yə‘ni son həddə çatmışdı. Riyaziyyatçılar demişkən, gələjəkdə onların artma ehtimalı  sıfıra yaxınlaşmışdı. Bundan sonra yeznələrinin sayı yanız azala bilərdi, artması mümkün olan şey deyildi. Bu da bir təsəlli idi. Ələmdarın xoşhallanmasına bu da kifayətdi.

        Amma haqqtərəfi o, yeznəjanlı idi. Onların beşinə də bir gözlə baxırdı, aralarına ayrı-seçkilik salmırdı, axırınjı  tikəsini belə yeznələrindən qızırqanmazdı, ürəyinin qapıları  onların üzünə laybalay açıqdı, amma hamıdan çox, hamıdan artıq…axırınjısından zəhləsi gedirdi.

        Sonunju yeznənin adı Xasaydı. Yaxınlarda otuz beş yaşı tamam olurdu. Tətqiqat institutlarının birində külüng çalırdı. Düz on ildi  müdafiə edirdi, alim olurdu. Yaxınlarda muradına çatmışdı. Elmin qapılarını döydüyü vaxtdan indiyə qədər yuxarı məhəllədə  kirayənişin qalırdı. Ev növbəsinin tısbağa sür‘əti ilə irəliləməsinə  iki beşillikdi ki, səbirlə dözürdü. Arvadının qardaşı Ələmdarın sayəsində  jehiz gətirdiyi qab-qajağa,  taxta-tuxtaya,. yorğan-döşəyə bu  beş ildə  bir əlavəsi olmamışdı. Əlbəttə, iki uşaqdan, bir namizədlik adından savayı.

        Ələmdar  qohumluqlarının elə birinji ayı Xasayı qarşısında oturdub demişdi: « - Yeznə, bardağa girdin,oldun içməli. Axır dediyini yeritdin. Bizimlə qohum oldun.Neynək,zoşbəxt olun. Əsmətlə  beş il bir yerdə oxumusunuz,neçə ildi bir yerdə işləyirsiniz, indi də ailə qurdunuz. Dost arası pak gərək, yeznə,bil!  Bajımı ona görə vermək istəmirdim ki, sənin maaşınla ailə dolandırmaq olmaz. Bir yandan da evin yox, eşiyin yox. Sən də mənim yerimdə olsaydın razı olmazdın. İndi daha olan olub, gəl sonrasını fikirləşək.Gəlsənə,alimliyinin daşını atasan ha?»  Yeznə təəjjüblə soruşmuşdu: « - Bunu da fikirləşmişəm. Səni öz yanıma aparajağam.  Prorab işləyəjəksən. Vallah, bir ilə, uzaq başı iki ilə ev alajaksan, bir yandan da dolanışığın düzələjək»  Xasay donqar burnunu  qarışdırdı: « - Danışdın da!  Sənədlərimə baxan kimi tullayajaqlar qırağa. Deyəjəklər ki, mühəndis-elektronik hara, inşaat hara!» Ələmdar  gülmüşdü: « - Sən lələşini pis tanıyırsan, adə. Rəisin yanında mənim bir sözüm iki deyil. Məsələni həll eləmişəm. Birjə əmək kitabçan lazımdır. Ərizə yazmasan da olar,lap günü sabahdan işə çıxa bilərsən.» Xasay ah çəkdi: « - Bəs, müdafiə?» Ələmdar ağzını büzmüşdü: « - Boşla, sən allah! Otuz yaşın var, bu saat  pul qazanan vaxtındır,yapışmısan alimlikdən… Bundan sonra, nədir o…  Ələmdar masanın  üstündəki kitaba bir nəzər fırlatdı  - Landau-Lifşits olmayajaksan ki!»

       Xasay da başını döndərdi, akademik Landaunun professoor Lifşitslə birgə yazdığı «Kvant mexanikası» kitabına uzun-uzadı baxdı. Ələmdar onun susmağını razılıq əlaməti sayıb, onların söhbətinə narazılıqla qulaq asan bajısına göz vurdu. Bığının altında gülə-gülə dedi: « - Bajılarımın yolunda daha mən nələr etməmişəm. Xalq arasında deyirlər ki, yeznə evin eşşəyidir, amma mən yazıq yeznələrimin dördünü oturtmuşdum boynumun kökündə, qalmışdın sən… Nə qədər  janım suludur, istəyirəm  sənə də bu gün ağlayım. Dördü minir, sən də min. Qorxma, yeznə, kəl  kimi  dözümlüyəm, boynum sınıb-eləməz…»

        Bu  yerdə  xasay  başını qaldırmış, qaynının sözünü kəsmişdi: « - Qayın, vallah, təklifini qəbul  edə bilmərəm. Uşaqlıqdan eşşək  minməkdən zəhləm gedir…»

        Bu söz Ələmdarı nejə tutmuşdursa, o gedən getmişdi. Xasay yeznənin məhəbbətini ürəyindən silmişdi. Jəmi mehrini  o  biri yeznələrin arasında bölmüşdü.  Həyatın şər çətinliyindən çıxmağın yolunu bildiyindən onlar da  daraşmışdılar kişinin janına. Ələmdarın işlədiyi tikintilər yerini dəyişsə də, yeznələr bir səyyarə kimi ətrafmnda fırlanmaqlarından qalmırdılar. Böyüyü anbardardı, ikinjisi briqadirdi, üçünjüsünün nə işlədiyi mə‘lum deyildi, Ələmdarın adına olan maşını sürür,qaynını gəzdirirdi. Dördünjüsü keşikçi idi. Yeznələrin işləri oldu,ya olmadı,qayınlarınq həlqə-mərəkə edərdilər.

        Birjə Xasaydan başqa.Bu neçə ildə birjə dəfə də Ələmdara ağız açmamışdı. Belə şeylər ona bərk yer eləsə də, bajısı Əsmətin xatirinə dözürdü. Əgər Xasay o biri yeznələr kimi bir az  qılıqlansaydı, qaynı onun varlığını birtəhər təhəmmül edərdi, elmə aludəçiliyini boğazdan yuxarı da olsa,alqışlardı, hətta adam tapıb, alimlik işini irəli salardı. Həyatın çətinliklərindən çığmağın yolunu Ələmdardan yaxşı  bilənmi vardı. O, istəsəydi yeznəsinə birbaşa doktorluq yazdırardı. Nə çoxdu alim müştəriləri. Təki Xasay dikbaşlığını qoyaydı yerə. Amma Xasay da elə Xasaydı.

       Arvadı hərdən Ələmdarı danlayırdı : « - Bu yeznələrin  axır səni güdaza verəjəklər. Allah axırını xeyrə jalasın,. yığmısan ətrafına,oturmusan boynumuzun kökündə…» Arvadın tə‘nəsinə Ələmdar gülürdü: « - Ağız,avam olma, tarixi hadisədir də. İstəmirsən adımız kitablara düşsün? Tarixdə qalsın?» - deyirdi. Arvad başını bulayırdı: « - Vallah, böyük yeznən skladını dağıdır. Bir gün özün də  oda düşəjəksən. Sorağı bilirsən haralardan gəlir? Onun ipini çəkə bilmirsən?» Ələmdar qaşqabağını tbkürdü: « - Yum ağzını! Sən qanan iş deyil, - deyirdi, sonra lağlağaya salırdı: - Bilirsənmi, arvad, yeznələrim mənim həyatımdır. Hərdən istəyirəm intihar edim,onları başımdan rədd edim, amma jan şirin şeydir, onlarsız nə həyat…Qoy yaşasınlar..»

       Zaman keçdikdə ürəyinin dərin guşəsində peyda olan bir razılıq hissi Ələmdarı sonunju yeznəsinə doğru sövq edirdi. Qayğılardan asudə vaxtlar o, şükür edirdi ki: « - Nə yaxşı, belə yenənin biri özünü dolandırır. Xasay da  o birilərinə oxşasaydı, evim yıxılmışdı ki!» Amma  fikirlərini bir  kimsə ilə bölüşməzdi.

       Xasay kənək adam da olsa, yavaş-yavaş  qaynının təmənnasızlığına, qohumjanlığına iman gətirdi. Üçünjü yeznə qəzaya düşüb, şikəst olandan sonra  onun yeddi uşaqlı ailəsinin  zəhmətini Ələmdar öz üstünə götürmüşdü. Bununla da Xasayı məğlub etmişdi. O, daha Ələmdarın gəlir-çıxarına barmaq arası baxırdı. Bir tərəfdən də Xasay ad almışdı, kirayənişinlikdən janı qurtarmasa da,alimliyi bəhrə vermişdi. Qırışığı bir balaja açılmışdı.

       Yaxınlarda Ələmdar dikbaş yeznənin yumşaldığını görüb, birinji addımı atmalı oldu. Bajısıgilə ayaq açdı, ildə bir yol getdiyi evə  indi tez-tez baş çəkirdi. Hər dəfə də qanı qaralırdı. Bajısının gün-diriliyi onun ürəyini sıxırdı. Hər gəlişində təəssüflənirdi: « - Əsmətin ömrü nejə zay oldu! Üç uşaqla nə qədər kirayədə qalmaq olar. Bu quru bəyə də söz qandırmaq olmur ha!  Alim də oldu, keçi quyruğu kimi nə artdı, nə azaldı. İstəyirsən tərpədəsən, tərpənmir. Qara daş kimi düşüb yolun ortasına. Keçib ali məktəblərin birində işləsəydi, yenə dərd yarı idi. Beş-on manat qırtardı, dolanışığını düzəldərdi… Ona da razı  olmur.» Amma düşündüklərini dilə gətirməyə qorxurdu. Xasay  gözünün odunu  əvvəldən almışdı.

        Bu günlərdə araları yenə dəydi. Oturub çay içirdilər, o yandan-bu yandan söhbət  edirdilər. Ələmdar dilini saxlamadı, söz atdı:

- Dostum Rəşid də maşın aldı…

       Xasay gözünü qıydı, oxun hayandan atıldığını dərşal aldı. Soruşdu:

       - Hansı pula? Onun ki maaşı, gərək, yüz  iyimidir… Mənim hesabımla o, maşını ikimininji

ildə almalıydı…

       Ələmdar istehza ilə:

       - Elə olmağına elədir…- dedi. - Amma o, alim deyil, tijarətçidir. Onun öz hesabı var, sənin hesabın onun nəyinə lazımdır.

       Yeznə üz-gözü turşutdu:

       - Boşla a kişi! -dedi. - Məni elələrinə tay tutursan?

       Ələmdar iynəli-iynəli  güldü:

       -Haxlısan, alim qardaş, haxlısan! - dedi. - Əlbəttə, Rəşid tayın deyil. Zırramanın biridir… Bəs, Əkrəm nejə, o, da tayın deyil?

       -Nə Əkrəmdir elə? - Xasay təəjjübləndi.

       Ələmdar asta-asta izah etdi:

       -Sənin kurs yoldaşını deyirəm… Beş-altı il qabaq müdafiə elədi, alim oldu. Eşitmişəm, əvvəllər dost olmusunuz. İndi bizim binada yaşayır, qapıbir qonşumdur. Yadına düşdü?

       -Yadıma dühdü -  Xasay dikəldi.

       -Gözünə su ver! - Ələmdar onun ağrıyan  yerinə toxundu. Əkrəm indi ali məktəb müəllimidir. Kişi iki-üç semestrə özünü tutdu. Sonra da mə‘lumdur da! Çıxdı beşə, vurduonbeşə! Taydı sənə, tay deyil?

       Xasay dərindən köksünü ötürdü:

       - Əkrəm dostum mənə tay olmadı! - dedi.

       Ələmdar bığlarını sığalladı:

       - Nə olaydı, sən ona tay olaydın… - dedi.

       Əsmət mətbəxtdan,onların çayını dəyişdi. Ələmdar danışmaq istəyən Xasaya hirslə dedi:

       - Adə,bir bu qızın üst-başına əl yetirsənə?! Alim adamsan,gülərlər sənə,ax! Əkrəm arvadına ikinji brilliant dəstini alır,sən isə Əsmətə bir palto ala bilmirsən…                                          

Onların mübahisələrinə az-az qarışan Əsmət qəflətən dilləndi:

       -Qardaş,başına dönüm!-dedi,-Əkrəm kimdir? Bütün Bakının tanıdığı bir arvadı saxlayır…Adam tapdın da…

       Xasay özünü itirib susmuş qaynına lağ elədi:

        -Aldın payını!-dedi və aşkar bir fəxrlə davam etdi:-Ay gözünə dönüm,Əsmət! A kişi, qayın, bir gün inkir-minkir sənə tən gələn dostlarının başının üstünü kəsdirəjək!Vallah,kəsdirəjək. Onda soruşujaqlar:”-Üsuli din çand əst?”,yəni tapındığın dinin üsullarını say! O dünyada yox ey,bu dünyada. Onda halını soruşajağam…

        Daşın onun da bostanına atıldığını Ələmdar yaxşı bilir. Bu yerdə o, bir az həsləyir, sonra hirslə:

        -Alə, get-gedə başın xarab olur. Dəyəsən,oxuduğun kitabların kəramətindəndir,-deyir.

        Xasay ürək dolusu şkafda, pənjərə qabağında, masanın üstündə qalaqlanan kitablara baxır, qaynının kefinin pozulmağından həzz ala-ala gülür:

         -Düz deyirsən, qohum!-dedi,-bu kitablar yaman şeydi. Amanın bir günüdür, nə badə, əlinə kitab- filan götürsəm ha! Mənim günümə düşərsən! Amma yalvarıram, haxiş edirəm, hərdən qəzetlərə bax…

        Ələmdar qayğısız halda:

        -Nə var o qəzetlərdə? -soruşdu.

        Xasay qəhqəhə çəkdi:

        -Bir də gördüm, iraq-iraq, otuz iki hərfin otuz ikisi də yadından çıxıb…haa-haa…

        Ələmdar sonrasını düşünmədən ağzından qaçırtdı:

        -Adə, çıxsın da! Alim olmayajağam ki! Öz texnikum diplomumu sənin professor adına da dəyişmərəm.Kimi qorxudursan?! Hərflər yadından çıxajaq: çıxsın da! Qalajağın sənə çox xeyri var?!

        Xasay elə bunu gözləyirdi:

        -Bə, ay qohum, ay qohum-qardaşın əzizi, pənahı! Hərflər yadından çıxsa, allah göstərməsin, türmələrdən bizə nejə məktub yazajaqsan? Hə?

        Ələmdar diksindi, gözü qaraldı.Xasay onun ağrıyan yerini yaxşı bilirdi.

        Atışmalarından bir həftə keçmişdi ki, Ələmdarın halı üstünə qayıtdı, kefi açıldı. Bu gün böyük şövqlə sahəni dolanırdı. Rezin çəkmələrinin altından fırçıldayan palçıq bir mahnı qədər ona xoşdu. Yaz yağışlarından sonra peyda olan gölməçələri dolanıb, keçməkdənsə, sevinjindən ayağını düz ortasına atırdı.

        Səhər evdən çıxanda xoş xəbər almışdı.

        Arvadı zərli xalatının ətəklərini yellədə-yellədə masanın ətrafında fırlanır, Ələmdarın səhər yeməyini verirdi. Ordan-burdan danışmağı da unutmudu. Əslində onun sözü-söhbəti həmişə yeznələri ilə bağlı olurdu. Oturardı deyədi, durardı deyərdi.

        -Dünən qonşumuz gəlini gətirdi. Toyu şənbəyə saxlayıblar. Qəribə adamlar var ha! Toydan sonra nağara budur ey…hə…nə deyəjəkdim, hə, axşam gej gəldin, dərhal da yatdın, söhbət edə bilmədim. Deyirlər, Xasaygil ev alıblar.

        Ələmdarın yuxulu gözləri  genişləndi. Yağ-bal, qaymaq, mürəbbə, qayğanaq düzülmüş süfrədən dərhal əlini çəkdi, sevinjlə qalxdı yerindən:

        - Bu oldu ə‘la! -dedi.  

        Arvadı onun sevinjinə şərik olmaq fikrində deyildi. Narazılıqla deyindi:

        -Özgəsi sənin yerində olsaydı, pərt olardı, sənsə! Qəribə adamsan ha! Bajıngil dörd-beş gündür köçüblər, sənə bir quru xəbər verməyiblər… Saymırlar ey, saymırlar. Aləm sənin sözünlə durub-oturur, quru bəy yeznən burnunu dik tutur…

        Ələmdar çırtıq çaldı:

        -Qandığın elə budur da! Toxunmağına elə mənə də toxunur ey! Məni başqa şey sevindirir…

        Arvadının sual dolu baxışlarına Ələmdar baxdı:

        -Ay dilbilməz! Alim yeznə daha tordadır! Bundan sonra qapımızı su yoluna döndərəjək… Gündə bir xahişlə gələjək… Başa düşdün?!

        İndi bunu yada salıb, uşaq kimi güldü. Gölməçənin üstündən yüngüljə hoppandı. Dünəndən yük altında qalmış maşınlara yaxınlaşdı. Briqadanı başına yığmış Əhmədi əli ilə yanına çağırdı. Briqadir qaça-qaça gəldi. Ələmdar:

       - Hə,yeznə, nəyi gözləyirsən? - soruşdu - Boşaldın da. Saat doqquz oldu ki!

       Əhməd onun ikinji yeznəsi idi. Gözünü qırpa-qırpa dilləndi:

       - Dünən dedim axı! Bu qapı -pənjərə çərçivələrini boşaltmağa briqadanın əli qalxmır. Sən janın, tamaşa  elə, bir amana bənddirlər… Ələmdar, razı ol, aktlaşdıraq, qaytaraq kombinata…

       Ələmdar qəribə bir maraqla ona baxdı:

       -Pis deyilsən, yeznə. Get-gedə əziz bajanağın Xasaya oxşayırsan. İnşallah, yerini tutajaqsan… - dedi və birdən onun ağzını əydi - «Aktlaşdıraq»… Adə, qaytarsaq, sonra bunun altında dayanajaqsan? Ay dayandın ha! Bütün sahəni salajaqlar gözüm çıxdıya… Onda nə qazanajaqsan?

       Əhməd başını aşağı saldıqda Ələmdar yumşaldı, astadan davam etdi:

       - Birinji dəfə deyil ki! - dedi.  -  Birtəhər bərkidərsiniz. Çətini yerinə qoymaqdır. Sonrasını bu  beşmərtəbədə yaşayanlar fikirləşər… Bizə nə!

       - Bunu qəbrə qoyasan, qayın! - Əhməd əlin yanağına şappıldatdı - Tikdiyimiz binalara  köçənlər bizdə var-yox qoymayajaqlar, eninə də söyəjəklər, uzununa da. Vijdan da yaxşı şeydir, axı!… Basməmmədi edirik…

       Ələmdar odlandı:

       -Kəs səsini! Sənə elə bir gəliş gələrəm ki, adın da yadından çıxar…, hələ desən vijdanın da! Buda qohum! Gətirib səni adam eləmişəm, indi mənə moral oxuyursan? - dedi və bağıra-bağıra davam etdi: - Elə bilirsən sement yaxşıdır? Çox pisdir. Amma malakeşlər dinmirlər. Bir qalaq kif atmış aboy almışıq. Bəlkə atmaq lazımdır7 Hə? Buna bax ha, heç kim danışmır, o isə… Adə, olan budur da! Məndən asılıdır  bəyəm?… Ayda dörd-beş yüz manata pul demirlər, başlayıb əngə verməyə. Belə vijdanlısan, aldığın pulun bir hissəsini keçirt böyüdüyün uşaq evinə də! Daha niyə «QAZ-24» növbəsinə durmusan?…

       Qaynının  qəzəblə üstünə gəldiyini görüb, Əhməd geri atıldı, Ələmdar qulaqlı papağını başından çıxarıb yellətdi:

-Yeri get, sən allah! Yoxsa allahın da, bəndənin də hayfını səndən çıxajağam, - dedi.

       Əhməd hərdən geri çevrilə-çevrilə, briqadasına tərəf tələsdi. Ələmdar deyindi:

-Əvvəl belə deyildi! Lap Xasaydır ki, var…

       Ələmdar daha durmadı, briqadaların işə başladığını görüb, öz vaqonuna tərəf getdi. Çəkmələrini arakəsmənin dalında çıxarıb, ayaqqabılarını geydi. İş masasının arxasına keçmişdi ki, qapı aralandı? İçəri girəni görüb, Ələmdar yerindən sıçradı:

      -Adə, alim qardaş,səni xoş gördük… - dedi və astanada dayanmış Xasayın üstünə yeridi -

Evin də mübarək…   

      Görüşdülər. Bir azdan qayın-yeznə şirin-şirin söhbət edirdilər.

      -Beş otaqlıdır deyirsən? Saraydır ki! - Ələmdar əllərini bir-birinə vurdu. - Orderi alanda bir xərjin-zadın çıxdı?

      Xasay göy-göy ona baxdı:

-Nə xərj, əşi?

      -Yə‘ni pul? - Ələmdar yeznəsinin  belə şeylərdə sərihtəsizliyini bildiyindən barmaqlarını  bir-birinə sürtdü:

      -Vermisən?                     

-Allah vurmuşdu onları! - Xasay qaşqabağını tökdü.

      Ələmdar ürəyində öz-özünə güldü: « - Ölmüşdü Xasay! Janından pul çıxar?» - fikirləşdi  və qəflətən də bu fikrin özü ona qəribə gəldi. - Niyə verməlidir? Hardan verməlidir?» Amma təjrübəsindən bilirdi ki, alırlar da, verirlər də. Mülayimliklə:

      -Gərək üç-dörd yüz ataydın ağızlarına, - dedi.

      -Qələt eləyirlər… - Xasay qeyzləndi, - halal evimdir, illərlə növbəyə durub almışam… Buna da pul?

      Ələmdar başını  buladı:

      -Elə olmağına elədir ey! Amma təzə mənzilin bu keçən yağışlarda damdımı?

      Xasay diksindi, yerində dikəldi:

      -Damdı…

      -İki otağının divarı nəm çəkirmi? - Ələmdar ağır-ağır soruşdu.

      -Çəkir… - Xasay alnını övkələdi. -Hardan bilirsən?

      Ələmdar istehza ilə ona ürək-dirək verdi:

      -Ürəyinə salma, yeznə, beşinji mərtəbədəki mənzillərin əksəriyyəti belədir… İllah da, birinji, ya axırınjı bloklarda… Paneldir də. Aralarından su sızır…

      Xasay çaşqın-çaşqın güldü, tələsik dilləndi:

      -Mərtəbəni də bilirsən? - dedi -Yox! Bu kov deyil. Yəqin bajın zəng edib deyib… İndi də məni doluyursan?

      Ələmdar yeznəsinin elmdən savayı hər şeydə vejsizliyinə qəti inandı:

      -Adə, yox ey! Ev aldığını bu səhər bilmişəm… Hə, təəjüblənmə, mən də öz işimin alimiyəm də! Order alanda ki, bir müxtəsər xərj çəkməmisən, mə‘lumdur da, salıblar belə mənzilə… Qayda belədir…

      Xasayın rəngi dəyişdi:

      -Hə, deməli sizin qaydanız belədir? Deməli…

      Ələmdar imkan vermədi ki, yeznəsi yenə ujundan tutub, ujuzluğa getsin. Xoşluqla:

      -Burda hirslənməyin lap nahaqdır, - dedi. - Vaxtında mənə xəbər etsəydin belə olmazdı. İndi suyun da ölə-ölə gələjək, qızdırıjıların da qızdırmayajaq. O yandan hamamın bərbad , vannan sınıq, malaaltı keçən tok məftilləri yanıb… Deyəsən, müvəqqəti işıq çəkmisən…

      Xasay səmimi bir heyrətlə:

      Ələmdar özünü çəkdi:

      -Danışdın, da! Telepat! İnşaatda saç ağartmışam ey! İstəyirsən deyim niyə gəlmisən üstümə?!

      Xasay inamsızlıqla güldü:

      -Ay tapdın ha! - dedi, - Şerlok Holms deyilsən ki!

      -Tapsam nə olsun?

      -Tapsan… sənə iman gətirərəm… Həmişəlik…

      -Beləsə… - Ələmdar pıqqıldadı. - Qohum, sənə ya qapı lazımdır, ya da…

      Xasayın təmiz qırxılmış bığ yerini tər basdı:

      -Daha sənə sözüm yoxdur! -dedi. - Bu neçə ildə mən səni nejə olub tanımamışam?

      Ələmdar ona lağ elədi:

      -Başını kitablardan qaldırmağa  majal eləyirdin ki?! Gözün ayağının altını görürdü ki, adam da tanıyasan? - dedi və dərhal da jiddiləşdi. - Qapına nə olub?

      -Sınıb! - Xasay nağıl etdi. - Tələsirdim. Qapını açdım, örtmək istəyəndə əlimdən çıxdı. Mənzil yol çəkir də. Zərblə örtüldü. Bir də onu gördüm ki, çərçivə qarışıq yerdədir. Kartondan olan xonçaları da töküldü. Bajın indi oturub, evin keşiyini çəkir. Mənim də bu gün bir tikə vaxtım yoxdur, saat on ikiyə laboratoriyama vajib adamlar gələjək… Bu da qapının ölçüləridir, çıxarmışam ki…

      Ələmdar əl-ayağa düşdü:

      -Bayaqdan de də! - dedi, - hazır qapım var. Dəmirdəndi. Əntiqə şeydir. Onsuz da indiki mənzillərin qapıları standartdır, ölçünü neynəyirəm. Adam da verim, maşın da, apar.

      Xasay əli ilə rədd elədi:

      -Yox-yox! Dəmir qapı istəmirəm…

      -Bay! - Ələmdar təəjjübləndi. - Jamaat yalvarır,bu istəmir. O günləri bir zavmaq bir saat dil töküb, bu qapını onun sifarişi ilə qayırtdırmışam… Kişi haqqını da əvvəldən sanayıb…Dörd yüz… Bu istəmir… Bazarkom Əli də, qaişnik Jəfər də, sanballı kişilərin hamısı bu qapıdan düzəltdirir… Sən onlardan əskik kişi-zad deyilsən ki!

      Xasay istehza ilə javab verdi:

      -Əskik dedin qoydun! Onlarla tərəziyə girməyə məndə qüdrət hanı?! Bir yarımçıq aliməm… O kişilərinsə altı da doludur, üstü də! Onlar bir qapıya  dörd-beş yüz maya qoyarlar da!

      Ələmdar qalxdı, əlini onun çiyninə qoydu:

      -Səndən pul istəyən var?! - çımxırdı. - Təzə mənzilinin hədiyyəsidi də… İxtiyarım yoxdur?

      -İxtiyarından söhbət getmir, ey! - Xasay darıxdı. - Amma başa düş.  Onlar qorxurlar ki, evlərinə oğru girər, var-dövlətlərinə süpürgə çəkər, ondan ötrü də dəmr qapı qoyurlar… Mən nədən qorxmalıyam? - Xasay birdən şirin-şirin güldü. - Dediyimdən bir şey qandınmı, qohum? Ya xırdalayım?!

      Ələmdar əlini onun çiynindən götürdü. Xasayın təhər-töhrünə baxdı, təklifinin  yersizliyinə özü də inandı. Yerinə qayıtdı. Boynunun ardını qaşıdı:

      -Yaxşı da, dəmirdən istəmirsən istəmə. Bir dekorativ qapı var, Başdan-başa naxışlıdır. Lap apar muzeyə qoy... Bir artist üçün düxəldirəm. Demə sorağımı professor Qəmərzadədən alıb… Tanıyırsan… Professorun qapısı da mənim əməyimdir axı! Beləsi işinə yarayarmı?

      Xasay saatına baxıb ufuldadı:

      -Sən janın, zəhmətinə hayfın gəlsin… Mən hara, dekorativ qapı hara! Yazıq deyiləmmi…?

      Ələmdar başladı onu dolamağa:

      -Niyə, adə? - dedi, - Bu gün-sabah professorsan da…

      Xasay onu dayandırdı:

      -Hələ bir dayan! - dedi, - dekorativ qapının ağrısı lap ağırdır. Kənddən-kəsəkdən minnətə gələnlərin sayı kirayə qalanda yığışılmırdı… Nə var,  nə var alim olmuşam. Əvvəl heç yadlarına düşmürdüm…Bu qapını qoysam, batdım ki! Deyərlər Xasay böyük adamdır…

      -Sən lap ağ elədin ha! - Ələmdar əllərini yana açdı. - Bəlkə o preslənmiş yonqardan qayrılmış qapı istəyirsən?!  Hə?!

      -Lap elə də yox! - Xasay ayağa durdu. - Qapımın açılıb-örtülməyə tabı olsa, kifayətdir… Qayın, daha yubana bilmərəm…

      Ələmdar razılaşdı:

      -Hə, sən get, bu gün həl-həlbət  qapını düzəldəjəyəm. Narahat olma… Ünvanı de…

      Ələmdar yeznəsini yola salandan sonra nə fikirləşdisə başını pənjərədən çıxardıb qışqırdı:

      -Adə, Əhməd, Əhməd! Bir qalx bura!

      Bir azdan Əhməd içəri girdi. Ələmdar qoymadı ona ağzını açsın.

      -Belə elə! - dedi və gözünü qaçırda-qaçırda davam etdi. - Gördün o qapı-pənjərə çərçivələri lap məsrəfsizdir, qoy qırağa. Akt bağlayıb, kombinata qaytarajağıq… Hə, bir də skladçik bajanağına de ki, kif atmış aboyların siyahısını, miqdarını yazıb gətirsin… Görək onunçün neynəyərik…

      Əhmədin qaşqabaqlı üzü açılmışdı. Gözləri şirin-şirin qırpılırdı. Ələmdar ona bir nəzər salıb qımışdı:

      -Hə! Sən deyəndir elə! Bina bir, ya ikimərtəbəli olsaydı, yenə dərd yarı idi. Maşallah, beş mərtəbədir, səkkiz blok! Bir belə adamın ağzını  aşqa-aşqa ilə bağlamaq olmaz! Hər mənzildə bir yol söysələr, ölənlərimiz qəbirdən xortdarlar… Daha dişini ağartma… Yeri get…

      Briqadir qaça-qaça otaqdan çıxdı. Ələmdar birdən Xasayın dalınja deyindi: «Bu zalım bizi də özünə tay edəjək!»

 

PAPAQÇI  OĞLU

 

      Bajıoğlu, nahaq başını itirmisən, dünyanı yöndəmə sən salmayajaqsan ki! Rəng-rufun xoşuma gəlmir, gözlərin qızarıb, saçların bir-birinə qarışıb. Səhərdən axşamadək iş olar?! Labaratoriyada bir belə batıb qalırsan, elə bilirsən, sənə heykəl qoyajaqlar?! O qədər sənin kimi adi elm fədailəri var ki, adları heç it dəftərinə də düşməyəjək. Hə? Məsəl də göstərə bilərəm. Eşitmisənsə əgər, lazerlə məşqul olanlardan biri azərbayjanlı Əli Javandır… İlk ixtiraçılardan biridir. Bunu bilməmək ayıbdır, bajıoğlu. O, Təbrizlidir, Amerikada yaşayır, Taunsun labaratoriyasında işləyir. Lazerə görə Tauns Nobel mükafatını aldı, Əli Javana quru zəhmət qaldı… Bu faktdır. Odur, elə işləmək lazımdır ki, jan sağlığına xələl gəlməsin. Gözünə su ver, məndən nümunə götür, keçən yay beş pud idim, indisə beş pud yarımam. Güjlü olmaq lazımdır. Bunun üçün çox şey gərək deyil, curnalist dostum Sirus demişkən: «İdman eləmək lazımdır» … Bah, nejə yə‘ni, xəbərdən xəbərin yoxdur?! Bala, elə demə, sən keçənləri  biz də keçmişik. Biz də javan olmuşuq, biz də kitab üzü görmüşük, biz də institut qurtarmışıq. Uzağı yox, sən oxuyan institutu. Nə olsun ki, pivəxanada işləyirik! Eh, bajıoğlu, sən hələ böyük Nyutonu başına düşən alma ilə başqa alimlərdən ayırdığın vaxtlar mən diplom almışam. Bir neçə il mühəndislik də etmişəm, amma vaxtında ayıldım, daşını atdım. Şükür allaha, indi beş kişinin biriyəm. Pivəm də ki, bu yaxınlarda adladır.

      Boçka hər dolub-boşalanda pul pivə köpüyü kimi tökülür jibimə. İnsana bundan artıq nə lazımdır?!

      …Diplom işin nə yerdədəir? Mövzusu təzədir deyirsən? Hm, inanma, bajıoğlu, inanma! Əgər elm aləmində sahə olsaydı, mən pivəxanaya gəlib çıxmazdım… Niyə olmur? Daimi müştərimçün hər şey olar. Pivəni iç, mən də bura düşməyimin tarixini danışım.

      …Heç bilmirəm, nə ili idi mən qurtaran il. Nə üstə təhvil olmuşdu? Dovşan üstəmi, şir üstəmi, bilmirəm. Birjə bu yadımdadır ki, çox sevinirdim. Bəs, nə! Bizim nəsildən oxuyan olmayıb. Tajir olub, sürüjü olub, amma mühəndis olmayıb. Bu mənim ürəyimi qürurla doldururdu. Diplom işlərinin mövzusu divara vurulmuşdu. Baxdım, baxdım, axır birinin üstünə əlimi qoydum. «Bu mənim» - dedim. Kafedra müdiri fikrimi bəyəndi: « - Ə‘la!» - dedi - «Bu mövzu heç labaratoriya şəraitində də tədqiq olumayıb. Şamama kimi tərdir, hələ tağdan dərilməyib.»

      «Bəh-bəhlə» göndəriş yazıb, məni bir zavoda göndərdilər. Diplom işimi orda yazmalı idim. Qol-qoltuğu getdim həmin zavoda. Məni axtardığım şö‘bəyə ötürdülər.Şö‘bənin aparıjı mühəndisini nişan verdilər: « - Sənin elmi rəhbərin odur! - dedilər. - Çox başlı adamdır.İndiyə qədər yüzdən çox ixtira edib, səmərələşdiriji təklif verib». Elmi rəhbərim başını qaldırıb, bir altdan yuxarı baxdı, bir üstdən aşağı. Onda belə başheybət deyildim, arıq bir uşaqdım, traktor altına düşsəydim, salamat çıxardım. Hə… o, əlini könülsüz uzatdı. Elə bildim görüşmək istəyir. Jəld əlimi uzatdım. O, gulumsədi, barmaqlarını barmaqlarına toxundurdu. Kağızlarımı istədi, verdim. Yamanja pərt oldum. Qıpqırmızı pörtdüyümü hiss elədim… O, indi də zavodda işləyir. Şö‘bə müdiridir. Yoldaşları  ilə, hərdənbir, bura pivə içməyə gəlir. Köhnə elmi rəhbərim mehriban-mehriban kefimi soruşsa da, onun dolçasını həmişə yarımçıq verirəm. O, da yazıq-yazıq baxır, amma dinə bilmir. Kəsilə-kəsilə qalır, bu da mənə ləzzət verir.

      -Hə, sözüm onda yox. Soruşdu:

      -Haralısan, ə?

      Dedim.

      -Atan nejədir?

      Dedim. O, hırıldadı:

      -Papaqçılıq hara, elektronika şara? - dedi və məsləhət gördü: - Gedəydin dədə-baba sənətinin dalınja da!

      Dinmədim. O, başqa sual verdi:

      -İşinin adı nədir? - Və javab gözləmədən kağızlarımı çəkdi qabağına.

      Gülümsədi. Fikirləşdim: « - Deyəsən, yaman ağırından yapışmışam». Soruşdum:

      -Çox çətin mövzudur?!

      -Sənin kimi igidlər üçün nə çətinliyi?! - Lağ elədi.

      -Bəlkə köhnədir, məndən qabaq maraqlanan olub?

      -Gejikmisən! - dedi, - haçansa bu mövzuda mən də diplom işi yazmışam…

      «Haçansanı» elə uzatdı ki, elə bil on-on beş ildən yox, bir qərinədən söhbət gedirdi.

      -Budur! - dedi və siyirtməni açdı, - sənin layihə edəjəyin jihaz. Bunu bizim zavod buraxır, bütün sənədlər odur, şəffavdır… Əldən itisən? Yazmaqla aran nejədir?

      -Özümdən?! - Gözüm kəlləmə çıxdı.

      -Əşi, yox, köçürməkdən söhbət gedir… Al, diplom işinə aid nə lazımsa, bu qovlularda var… İki gün vaxt verirəm, köçürərsən, gətirərsən, sonra jizgilərini verərəm üzünü çıxararsan…

      Təəjjübüm hələ keçməmişdi:

      -Deməli, bu jihaz sizin ixtiranızdır?!

      O, üz-gözünü turşutdu:

      -Yox, janım! - dedi, - mənim diplom işim anjaq tədqiqat idi. Bə‘zi əlavələr eləmişəm… Jihaz qabaqlar da vardı…

      Daha işləmək nədir, həsablamaq nədir, bilmədim. Aldım, köçürdüm. Diplom işim oldu hazır. Müdafiəsin də elədim. Amma ondan sonra hər şeyə həvəsim söndü. Söz verdim ki, ata-baba sənətinə qayıdım, papaqçı olum, jamaatın başına qulluq edim. Bir gün, bir gejə atamla mübahisə etdim, kişi fikrimi dəyişdirdi. Onun bir sözü indi də qulağımdadır: « - Bala, adamlar indi başdan çox qarınlarına maya qoyurlar! Tərslik eləmə, qarın başdan irəlidir!» Mən də pivəxana açdım. Bu da mənim tarixim.. Yenə süzümmü? Yox? Onda yaxşı yol…

      …Ey, bajıoğlu, bir dayan, heç demədin, axı, diplom işin nədəndir?! «AA» - açarları»? Yox, əşi? Adə, mən yazan diplom işinin də adı belə idi, axı! Gör ey, dünyada hər şey nejə də təkrar olur!

 

QOY  DOLANSILAR

 

      Dəllək Əliş işdən yorğun gəlib, özünü yıxmışdı divana və istidən tövşüyürdü. Qapı-pənjərəni təmiz açmışdı ki, bəlkə gün batandan sonra evə bir sərinlik düşdü. Bir azdan meh qalxdı, onu mürgü basdı, amma arvadının deyintisi aman vermədi ki, gözünə yuxu getsin.

      -Bu da evdir, bu da dolanajaqdır? Ağjaqanad əlindən tərpənmək olmur. Adamı yeyib tökdülər… Neçə yol deyirsən, istilər yatana qədər, ağjaqanadın kökü kəsilənə qədər apar məni qoy atamın xarabasına, tərpənmirsən. Yüz yol de, gör, heç vejinədir? Buyur, ayaqlarını uzadıb, xorna  çəkir. Elə bil daş-divarla danışıram…

      Bir dedi, iki dedi, Əliş gördü arvad əl çəkmir, elə bir ujdan döşəyir onun qabırğasına. Təjrübədən bilirdi ki, bunun dalı pis gələjək. İndidən qabağını almaq lazımdı ki, arvadının deyintisi mübahisəyə çevrilməsin.

      -Heç bilmirəm bu xarabanın nəyinə aşiq olub, tərpənmir. Yay gəlir, istidən bişirik, qış gəlir, soyuqdan donuruq. Barı bu ağjaqanad olmayaydı, yenə birtəhər dözmək olardı…

      Əliş dikəlib oturdu:

      -Ay qız, indi bir ağjaqanad dişləməklə sənə nə oldu, axı, evi başına götürmüsən? - soruşdu.

      Arvad gəlib onun başının üstünü kəsdirdi, hirslə dedi:

      -Görmürsən, qolum nə boyda qızarıb?

      -Az, yaxşı, jamaatı bizə güldürmə, maşallah, göz dəyməsin, minarə boydasan, ağjaqanad dişləməklə nə olajaq sənə?

      -Yeri ağrıdır ey, dişləməyi üçün demirəm, sonra yara olur…

      Əliş tənbəl-tənbəl əsnədi, əlini göynəyinin yaxasından içəri salıb sinəsini qaşıdı?

      -İndi nə olsun? - dedi. - Ağjaqanad da yazıq deyilmi? Səni dişləməsin, məni dişləməsin, qonşuya dəyməsin, ajındanmı ölsün? Xa-xa…

      Arvad Əlişin gülməyindən daha bərk ajıqlandı:

      -Belə onlara ürəyin yanırsa, çağır, qoy səni dişləsinlər!

      -Eh, arvad, sənin heç insafın yoxmuş ki! Allah onları yaradıb ki, səndən-məndən dolnsılar da. Bir özün fikirləş, ağjaqanadın atası yox, anası yox, jibinə pul qoyanı yox. Bəs, bu yazıqlar nejə keçinsinlər?

      Əliş arvadının zəif yerini tapmışdı. Elə ki, qalmaqal qoxusunu alırdı, tez aralığa bir fəlsəfi söhbət salırdı. Bir il institutda oxumağı hədər getməmişdi. Bu gün də elə oldu. Arvadının evi başına götürən deyintisi kəsildi, o, gülümsədi:

      -Əliş, lap radioda danışanlar kimi danışırsan ha. Nə deyirəm bir qulp qoyursan… O günləri deyirəm ki, dükançı Sədrəddin kilo əvəzinə səkkz yüz qram çəkir, deyirsən, qoy dolansın. Deyirəm, zalım oğlu, az qala, çay-qəndi də altdan satır. Deyirsən, üstdən satsa, o yazığa nə qalajaq? Altmış-yetmiş manatla nejə maşın alajaq, ev tikdirəjək, bağ saldırajaq? Doğrudan sənə bunlar tə‘sir etmir, ya məni ələ salırsan?

      Əliş onun daha yumşaldığını görüb gülümsədi:

      -Bəlkə keçən bazar yolda maşınımızı  sazlayan qaişnik Jəfəri də deyəsən? Saxlayan kimi düşüb jibinə bir kök onluq basdım ha, onu deyirəm… Onda da bir saat deyinidin.

      Bu yerdə arvadı od götürdü:

      -Onu da deyəjəyəm, hələ on beş manat bu «sestraya», beş o «sestraya» , on su verənə, çay gətirənə, iyirmi beş uşağı tutana, üç qapıçıya verdiyini də deyəjəyəm…

      -Ay qız, kiri, kiri! Sən lap dədən Xası kimi hər şeyi çötkəyə salanlardansan ha. Elə bil hər gün doğum evinə gedir. Əyyamda-ildə olan işdir də. Ürəyinə niyə salırsan, axı?

      Arvad yana-yana ona baxdı:

      -Belə edirsən. Dadandırırsan da. Elə sənin kimiləridir də bizi bu günlərə qoyan, - dedi və birdən yadına düşdü. - Elə dünənkini götür, idarənin çilingəridir, gəlib qazı-suyu tə‘mir edir, sənə nə düşüb, hər dəfə onun jibinə üçdən-beşdən qoyursan?

      Əlişin yuxusu təmiz qaçdı. Ujuz ətir-sabun iyi gələn əlləri ilə üzünü övkələdi. Qalxdı ayağa:

      -Arvad, daha sən məni dəng elədin? - dedi və əllərini ölçdü. - Bu işin binasını mən qoymamışam ki, kökünü mən də kəsim. Hamı dolanmalıdır, hamı yaşamalıdır. Götür, məni. Axı, özüm də ondan-bundan dolanıram. Allahdan gizli deyil, səndən nə gizlədim, mən də dəlləkliyimi elə bunların başında öyrənmişəm. İndiyə qədər də işləyirəm. Bir adam da narazılıq etməyib. Sabah, sabah olmasa da, biri gün, elə bu sadaladıqların gələjəklər yanıma, bir baş, bir üz, üçjə manat. Qırxıram… Hünəri var verməsin, gələn dəfə başını küt balta ilə qırxaram. Qoy dolansınlar. Ağjaqanadlar da, qanadsızlar da, elə o saydıqların da. Qoy dolansınlar…

 

 

YALANÇI    OĞUL

 

      Onlar sözləşdikləri kimi düz ayın otuzunda Həsənin gen-bol mənzilinə yığışmışdılar. Zarafatın, şirin söhbətin sonu görünmürdü. Düz iyirmi üç gündür ki, ayrılmışdılar. Bir-biri üçün darıxmıdılar.

      Həsənin arvadı işdə idi, on yaşlı oğlu mətbəxdə maqnitafon oxudurdu.

      Masanın üstündə bir qutu «Çinar» şokoladı, iki şüşə konyak vardı. Pənjərədən içəri dolan yaz günəşinin şüaları içki qədər xoş idi. Şüşənin biri boşalmışdı, dibində bir qədəhlik qala,. ya qalmaya. O birisi dolu idi. Yaşda hamıdan kiçik olan Elxan saqilik edirdi, qədəhləri doldururdu.

      Atabala boğazını arıtladı, əlinin dalı ilə qədəhini kənara sürüşdürdü. Lopa bığlarını sığalladı. Pardaxlı masaya ləpələnmiş qədəhdən sıçrayan bir neçə damla konyakı Atabala jibindən çıxartdığı dəsmalla sildi. Başını qaldırdı. Hamının diqqətini jəmlədiyinə arxayın olanda sonra sözə başladı:

      -Bu qədəhi toqquşdurmazdan qabaq gəlin aydınlaşdıraq. Vağzala kim gedəjək? Yoxsa konyakın birini boşaltmışıq, hələ də qərara gəlməmişik…

      Dinən olmadı. Dördünün də gözü qızıl mayeli  qədəhə dikilmişdi. Atabala neçə ilin briqadiri idi. Bilirdi ki, belə işləri həmişə məsləhətlə yoluna qoyarlar, zordan bir şey çıxmaz.

      -Keçən ay mən getmişdim…

      Həsən astadan, burnunun altında dedi. Atabala ev sahibi ilə yanaşı oturmuşdu. Ona baxmaq üçün boynunu doxsan dərəjə  döndərməli oldu, amma bir söz demədi, üzünü çevirdi. Həsənin haqlı olduğunu Atabaoa yaxşı bilirdi. Heç özü də onu göndərmək fikrində deyildi.

      Səlim utana-utana gülümsədi:

      -Janınızçün, gedərdim, amma qorxuram  yenə sizi pis vəziyyətə salam. Adama yaxınlaşan kimi dil-dodağım təpiyir. Keçən dəfə də elə oldu. Yaxşı ki, briqadirimiz vağzalda idi. Deyəsən, kimisə yola salırdı… Tez dadıma çatdı… Ona görə ki…

      Elxan qoymadı Səlim sözünü bitirsin, əlini  şümal yanağına şappıldatdı:

      -Bunu qəbrə qoyasız, bu dünyada səndən maymağı yoxdur. Evi tikilmiş, - dedi və gözlərini bərəltdi, - Sibirdə olanda az qalmışdı məni o dünyaya göndərəsən… Sizin xəbəriniz yoxdur, söz açıldı, qoy deyim. Adə, girmişəm dəzgahın dalına, elektron şkafında yanmış məftilləri izolə edirəm. Deyirəm, nə var ki, gərginliyi keçirtmişəm də… Bu maymaq xəbərdarlıq eləmədən açarı qoşur… Allah üzümə baxıb, ayağımın altına rezin atmışdım… Elə orda qalardım…

      Həsən ona sataşdı:

      -Ay səfehsən ha. Qalaydın da. Pis yerdi bəyəm? Nataşa da hər gün qəbrini ziyarət edərdi, yoxsa qoydun yazığı gözüyaşlı, çıxıb gəldin…

      Atabala qəhqəhə çəkdi. Qalanları da ona qoşuldu. Həsən həsədlə davam etdi:

      -Zalım qızı Elxanın başına fırfıra kimi dolanırdı. Elə hey bunu dilə tuturdu ki, getmə Bakıya, qal burda. atam səni profilaktoriyada  işə düzəldir… Elxan da özünü ay tox tuturdu ha. Elə bil qız onun kənizidi. Səlim yazıq lap yanıb tökülürdü.

      -Paxıllıqdan az qalmışdı kişini xosumvay etsin, - Atabala söz atdı.

      Səlim bu yerdə dözmədi, səmimi bir gülüşlə e‘tiraz etdi!

      -Burda korladız da, - dedi, - Yüz elə qız qurbandı Elxana. Amma bu uşağın burnunu hər yerə dürtməyi müsibətdir lap. De ki, ay allahın heyvanı, elektriksən, elektronika şkafında sənin nə işin var? Həmişə əl-ayağa dolaşır da… Mən də hardan biləydim ki! Nejə…

      Gülmirzə öz tın-tın səsi ilə onu tamamlayıb, yoldaşlarını bir də güldürdü.

      -…Nejə vurmuşdusa başına Nataşanın məhəbbəti, gərginliyi qoşdun…hə? - dedi və sözü çevirdi. - Amma haqq tərəfi, briqadirimiz od-alovudur… Axı, sən nejə elədin ki, e‘zamiyyət vərəqlərinə möhür vurdurdun, amma tarixi qoydurmadın?

      Atabala onların hamısından yaşlı idi. Gülmirzə erkən yaz girən kimi başını qırxdırmış, indi neçə gündü ki, timov gəzirdi. Briqadir onun işıldayan başını sığalladı:

      -Uşaqsan ki… - dedi və zarfatyana bir xəjalətlə boynunu bükdü. - Bu ağsaqqal vaxtımda günaha batırdınız da məni. Ümumi şö‘bədəki arvadı yola gətirənə qədər mənimki mənə oldu. Genə bir fərli şey olaydı…

      Atabalanın turşumuş üzünə baxan Elxan hırıldadıqda, briqadir ona bir dürtmə vurdu:

      -Ay qırışmal, gülərsən də… - dedi və javanların məjlisi üçün hazır saxladığı əhvalatı danışdı. - Mən qojanı itələdiz qabağa, özünüz çəkildiz qırağa. Hansınıza dedim, girişin, heç biriniz boyun olmadız. Özüm hüjuma keçməli oldum. Arvad da sağ olsun, borjlu qalmadı, möhür vurdu, tarix qoymadı.

      Həsən yanağındakı xalı didişdirə-didişdirə güldü:

      -Sən insafsız da kağızları alan kimi sivişquluya dəm verdin, heç xudahafizləşməyə də getmədin…

      Gülmirzə sözü çevirdi:

      -Amma teleqram alanda qanımız yaman qaralmışdı ha. «Sizin göndərdiyiniz dəzgah işləmir nöqtə, tə‘jili  tə‘mir briqadası göndərin nöqtə, əks təqdirdə yuxarı təşkilatlara mürajiət ediləjək nöqtə» Baş mühəndisimiz də birjə gündə qoparağımızı götürdü.

      -E‘zamiyyət yaxşı şeydi, amma belə tez olanda adam bezikir. Ev-eşikdən olur adam… - Elxan fikrini tamamlamağa məjal eləmədi, Səlimin əlinə  onu dolamağa imkan düşdü:

      -Bah, əliuşaqlının yekəsi burada imiş ki… Subay-salıq oğlansan, bizim kimi ailəli deyilsən ki, şikayətlənirsən.

      Həsənin oğlu qaça-qaça içəri girdi:

      -Ata, olar düşüm həyətə? Oynamaq istəyirəm ey… - dedi.

      Atabala qalxdı ayağa, başının üstündəki nəfəsliyi açdı, küçədə oynayan uşaqların səs-küyü içəri doldu.

      Həsən diqqətlə oğlunu süzdü:         

      -Riyaziyyatı eləmisən?

      -Hə…

      -Gətir dəftərini. Əmilərə göstər. Atabala, oğlum çox zehinli uşaqdır.

      Uşaq tutuldu, sonra qızara-pərtə dedi:

      -Ata, məsələnin javabını  hələ dəftərə yazmamışam, axı.

      -Hardadır, bəs?

      -Başımda… Axşam yazaram…

      Qonaqlar gülüşdülər.

      Həsən hirslə qalxdı, uşağın qulağından yapışdı:

      -Ay dəyyus, yenə yalan deyirsən? Bunun üstündə səni o günləri kötəkləmədim? Hə?

      Uşağın çığırtısını telefonun zənği tamamladı.

      Həsən əlini boşaltdı. Dolabçanın üstündə qoyulmuş telefona əlini uzatdı. Oğluna işarə etdi, dəstəyi qaldırıb, ona uzatdı:

      -Qonşumuz Əhməd olsa, de ki, atam evdə yoxdur. Nərdtaxtanı istəsə, de ki, yerini bilmirəm.

      -…Kimdir? Əhməd əmi? Yox, atam evdə yoxdur. Bilmirəm hara qoyub… Sağ olun…

      Həsən  dəstəyi onun əlindən qapıb aparatın üstünə çırpdı, deyindi:

      -Zalım oğlu! Belə həvəskarısan al dükandan da.. İki gündən bir nərdtaxtanı istəyir… - dedi və oğlunun üstünə barmağını silkələdi.  - Yaxşı, get oyna… Amma bir də yalan danışma, yoxsa qulağını qopararam.

      Atabala onun sözünə qüvvət verdi:

      -Bala, atan düz deyir, kişi yalan danışmaz… - dedi.

      Uşaq başını təpətdi, dəhlizə sivişdi. Bir an sonra qapı onun dalınja örtüldü.

      Atabala jiddiləşdi:

      -Uşaqlar, birazdan Rostovdan gələn qatar Bakıda olajaq. Vağzala kim getsin? Hərəmizə bir bilet lazımdır, - dedi.

      Beş uşağı olan Gülmirzə daim qayğılı olurdu. İndi də nəinsə fikrini çəkə-çəkə təklif etdi:

      -Bəlkə bir həftə də dinjələk? İş-güjümüz var… - dedi.

      Atabala qəti rədd etdi:

      -Həvəsdi, bəsdi. İnsaf da dinin yarısıdır. Bir də e‘zamiyyət aydan çox çəkəndə sutoçnı  yarıbıyarı azalır…

      -Gəlsənə, təyyarə bileti tapaq? Onun qiyməti bahadır…

      Hamı Elxana istehza ilə baxdı. O, jəmi üç aydı onların briqadasında işləyirdi. Çox şeydə naşı idi. Briqada zavodun göndərdiyi dəzgahların yerində bərpası ilə məşğul olurdu. Ölkənin neçə-neçə şəhərində olmuşdular. Bu işlərin hər yolunu bilirdilər. İndi Elxanın birdən-birə təkliflə irəli atılması onlara xoş gəlmədi.

      -Təyyarə biletinə familiyə yazılır… - Briqadir başını bulaya-bulaya izah etdi. - Gərək bunu biləydin…

      Elxan təslim olmadı:

      -Nə  olar? Pozub düzəldərik…

      -Yox. Geydirmə sənədin axırı yoxdur…                                                                                                                                                                                                  

      Gülmirzə bir də soruşdu:

      -Briqadir, Rostovda qatara minəndə sən provodnika pul verdin, ya yox?

      -Yox, janım. Məhəllə uşaqlarındandı. Pul götürmədi. Eybi yox, inşallah, rastıma düşər, xəjalətindən çıxaram…

      -Tanış çıxmasaydı da, beşdən-ondan verib, gəlib çıxardıq. Həmişəki kimi… - Həsən araya dedi.

      Briqadir təstiq etdi:

      -Əlbəttə, - dedi, - hesablayanda mə‘lum olur ki, pis alver deyil. İyirmi üç gündür dinjəlirik, iki manat altmış qəpikdən də sutoçnı gəlir. Bu elədi altmış manat. Manatdan mehmanxana. Bu da həştad manat. Hərəmizə bir bilet də alsaq olar düz yüz manat. Allah bərəkət versin. Maaşımız da göz kimi durur kassada.

      Elxan heyrətlə soruşdu:

      -Bəs, mühasibatda şübhələnmirlər?

      Atabala narahat halda qurjalandı.

      -Niyə də şübhələnməlidirlər, axı? - dedi və hamıya dərin bir nəzər saldı. - Bir də şübhə hələ əsas deyil…

      Gülmirzə əlini qədəhə atdı, ayağa durdu:

      -Gəlin, bu badəni bizim briqadirimiz, başbilənimiz Atabalanın sağlığına içək, - dedi. - O kişinin sayəsində biz pis dolanmırıq… İçək…

      Atabala e‘tiraz etdi:

      -Yox, yox… Axırınjı badəni bu gün vağzala gedənin sağlığına içəjəyik… Hə, qeyrətə gəlin, uşaqlar…

      Elxan qalxdı, əlini sinəsinə qoydu. Hamı dərindən nəfəs aldı. Büllur qədəhlər bir-birinə dəydi, havada görünməyən bir qövs jızıb, boşaldılar…

 

 

ŞORBA

 

      Yarım saatdan sonra nahar verilməli idi. Firəngiz xala tələsirdi. Elə tələsdiyindəndi ki, iri şorba qazanını sobadan endirəndə dağırtdı. Ümidi şorbaya idi, nahara başqa xörək bişirməmişdi. Bağça müdirəsi ilə səhər götür-qoy edəndə belə qərara almışdılar ki, uşaqlar bu gün ikinci xörək olmadan da ötüşərlər. Firəngiz xala da şorbanı çox eləmişdi. Daha suya qızırqanmayacaqdı ki. Balalar nə qədər istəsəydilər, veriləcəkdi. Bu da belə oldu.

      Firəngiz xala yaman qorxmuşdu. Əgər qaynar qazan üstünə dağılsaydı, yanıb pörşələnəcəyinə söz yoxdu. Doxsan kilo ağırlığında arvad yoluq cücə  kimi büzüşmüşdü.

      Müdirə mətbəxin qapısından içəri boylandı. Firəngiz xala inildədi, amma yerindən qalxmağa halı yoxdu:

      -Az, yanını niyə yerə vermisən? - deyə müdirə təəccübləndi və mətbəxə göz gəzdirəndən sonra vayslandı: - Vay-vay… Bu nədir?

      Firəngiz xala uşaq kimi doluxsundu.

      -Ay başına dönüm, gör, başıma nə gəldi? Əhə… - dedi. - Şorbanı dağıtdım, balaları yenə ac qoydum…

      Müdirə bacı otuz yaşında xanım-xatın bir qadındı. Qaş, göz, gərdən, bir sözlə, hər şeyi yerli-yerində idi. İki il əvvəl, burda təzəcə işləməyə başlayanda isə arıq, bekarə bir gəlindi.

      İndi isə işım-işım işıldayırdı. Tərbiyəçilər də ondan tük salırdı. O, diqqətlə hisli əllərini yanağına çəkdiyindən ala-bula çalan Firəngiz xalaya baxdı, şaqqanaq çəkdi.

      -Ha-ha… Ay canı yanmış, - dedi, - gözlə, bir gün qazana düşərsən. Gör, neçə dəfədir bu iş başına gəlir…

      Firəngiz xala müdirədən halına həmdəmlik görməyib bir az soyudu, içini çəkə-çəkə söyləndi:

      -Heç səni dərdə yarıyan görmədim də, - dedi.  - Məni fikir alıb, sənsə lağlağından qalmırsan. İndi colma-cocuğun qarnını nəylə dolduracağam? Qoymadın səhər, yoxsa ikincini hazırlayacağdım…

      Müdirə sözün hardan çözələndiyini dərhal başa düşdü, onun ağzından vurdu:

      -Guya bir mənə qalır? - dedi və dərhal sözü çevirdi. -  Sakit ol, görüm. Bəlkə dünəndən qalma bir şey var?

      Firəngiz xala bir an fikirdən sonra sevinclə dedi:

      -Doğrudan ey… Dünəndən yüz əlli yağlı kökə qalıb, axı. Necə də yadımdan çıxmışdı…

      Müdirənin ağzı əyildi, qaşqabağını tökdü:

      -Yüz əlli? Belə niyə çox bişirmişdin ki? -dedi və tə‘nə ilə başını buladı.  - Bircə gün işdə olmamışam, yeməyi dağırdısınız. Belə edirsən ki, yağı-yağa çatdıra bilmirik… Bir də sənə nə var ki, at özgənin, örkən özgənin…

      Firəngiz xala əl-ayağa düşdü:

      -Müdirə bacı, elə niyə deyirsən? - dedi.  - Dünən uşaqları bir sıyıqaşı ilə yola vermişəm. Kökələr bir az yanmışdı. Fikrim qalmışdı o ölmüş Xanımın paltarında. Vermədim uşaqlara, dedim, qarın ağrısına düşərlər. Yığdım qazana, dedim, Bikə arvad aparar  heyvanları üçün. O da hələ gəlib çıxmayıb.

      Müdirənin ağız-burnu bir balaca düzəldi. Mülayimliklə:

      -Barı yemək olarmı? - soruşdu.

      Firəngiz cəld yerindən qalxdı, küncdəki alümin qazanın qapağını qaldırdı, bir dənə kökə götürdü, uzatdı ona:

     -Sən allah, al, bir dad, gör, yeməlidirmi? - dedi.

     Müdirə hikkə ilə onun əlini  yana itələdi:

     -Ay sən öləsən. Özün dad, -  dedi və lağ elədi. -  Bizim mahir aşpazın bişirdiyi kökəyə baxın. Qapqara, kəsəv kimi. Zalım qızı hər gün bir qazan xörəyi xarab edir. Elə bil əl-ayağını pişik yeyib…

     Firəngiz xala aşpazlığına lağ edən adamlardan bərk acığı gəlirdi. İndi də yekə ağzı getdi qulağının dibinə.

    -Aşpazlığıma lağ edirsən, bəs, bu neçə ili mən deyiləm səni dolandıran? Bir qazan suya görə məni danlayırsan. Bəyəm bu şorba idi? Əti yox, yağı yox, harası şorbadır bunun? Dağılıb, belə finnarə dağılsın. Sözbaşı bunu de, xeyir apararsan, inşalah. Bütün zibilinizi mən ört-basdır edirəm. Əti, yağı, düyünü, kartofunu daşıyıb aparırsan, mənə deyirsən, uşaqlara xörək bişir… İndi bir işdir olub, yol göstərməkdənsə, başlamısan köhnə palan içi tökməyə…

     -Sən aparmırsan? - müdirə onu acıladı.

     -Mən də aparıram… - Firəngiz xala boynuna aldı. - Amma sənin kimi daha danışmıram…

     Müdirə üzürhaqlıla dedi:

     -Yaxşı, yaxşı, heç zarafat-zad qanmıırsan ha. Bir sözdü dedim də… - Sonra Firəngiz xalanın hələ də əlində tutduğu kökəyə işarə etdi.  - Deyirsən yeməlidir?

     Firəngiz xala kökədən bir dişdəm aldı, bir az çeynədi, zibil vedrəsinə tüpürdü. Onun cavabını səbirlə gözləyən müdirəyə dedi:

     -Bir az qurudur, amma yemək olar. Eybi yox, hər payın üstünə bir qaşıq sous da tökərəm, olar əntiqə. Amma tərbiyəçilərə tapşır, daha burda mənimlə çənəbazarına çıxmasınlar…

     -Onunçün narahat olma, az,  -  deyə müdirə qapıdan çəkildi…

     -Bir azdan Firəngiz xala mətbəxdə işini qurtardı. Kökələr paylanmışdı, çaylar süzülmüşdü, hətta arvadın nazik ürəyi dözməmişdi, hər uşağa bir peçenye də əlavə etmişdi. Nəfəsini dərmək üçün bayıra çıxdı. İkimərtəbəli uşaq baxçasının pəncərələrindən qabqaşıq səsi gəlirdi.  Tərbiyəçilərdən hansısa ucadan soruşurdu:

     -Uşaqlar, deyin görüm, siz bu gün çoxlu oynamaq istəyirsiniz, ya birinci  xörəyi  yemək?

     Uşaqlar xorla cavab verdilər. Səsdən az qalmışdı Firəngiz xalanın qulağı batsın.

     -Oynamaq istəyirik, müəllimə, oynamaq…

     -Eləsə… - tərbiyəçi eyni uca səslə davam etdi.  - Kökələrinizi yeyin, çayınızı için, peçenyelərinizi də götürün gedək bayıra. Tez olun…

     Firəngiz xala rahat nəfəs aldı.

      

 

XƏZİNƏ

     

      Nahar fasiləsi qurtarırdı. Bir ağaclıqdan göz çıxaran nəhəng elektron lövhə bu gün havadaistiliyin müsbət iyirmi beş dərəcə, təzyiqin yeddi yüz altmış atmosfer olduğunu xırda rəqəmlərlə, amma vaxtı, yalançılar sözü, bir arşınlıq rəqəmlərlə, həm də saniyəsinə kimi göstərirdi.

      Zavodun giriş qapısında kadrlar şö‘bəsinin  rəisi, bir-iki ictimai nəzarətçi əllərində dəftər-qələm hazır dayanmışdılar. Onlar gah qol saatlarına, gah da elektron lövhəsinə nəzər salırdılar.

      Nəzarətçilərin əllərindəki  dəftər «qara»   dəftər idi. Girə keçənlərin adı  yarım saatdan sonra zavod radio qovşağından  gur-gur səslənəcəkdi:  «Bizim kollektivi bu gün biabır edən aşağıdakı işçilərdir. Birinci. Filankəsov  Filankəs  -  Filan sexin işçisi.   İkincisi, Bəhmənkəsov Bəhmənkəs  - bəhmən sexin işçisi…  və i. a.»

      «Simsiz teleqraf» reyd keçirildiyini, deyəsən, camaata xəbər vemişdi. Zavoddan xeyli aralı olan yeməkxanada  gecikənlər baş qapıya tərəf yox, hasarın xəlvəti yerinə tərəf üz tutmuşdular. Əlbəttə, hasardan aşmağın xatası vardı, amma neynəyəsən, adın qara dəftərə düşməyi ondan da betərdi.

      Yeməkxanadan təzə çıxmış usta Səlim elektron saata nəzər salan kimi özünü itirdi. Bu vaxt indicə yediyinin-içdiyinin adını soruşsaydın, yadına sala bilməzdi.  Bir istədi cavanlığını xatırlasın, qaçsın hasara tərəf, amma qorxdu aşa bilməsin. Çünki yaş o yaş deyildi. O, bir o yana baxdı, bir bu yana baxdı, gördü çarə yoxdur. Nahardan on dəqiqə keçmişdi. Usta Səlim qapıya tərəf irəlilədi. Xəlvətə çəkilmiş əli dəftərlilərin əlinə düşdü. Kadrlar şö‘bəsi rəisinin ağzı getdi qulağının dibinə Təəccüblə:

      -Usta, səndəmi?! -dedi.

      Onun heyrətinin böyüklüyünü ancaq yaxın silahdaşı Brutu qəstçilər arasında görmüş Yuli Sezarın heyrəti ilə müqayisə etmək olardı. Rəis cavan oğlandı, bir az da artistliyi  vardı

       Kişi incəsənət institutunu qurtarmışdı. Bir vaxtlar qəsəbə klubunda teatr-filan çıxarırdı. Zavoda gəlib çıxmağı taleyin sirri olduğundan izah etməyəcəyik. O, səhnəvari bir pafosla davam etdi:

       -Daha sənə sözüm yoxdur, usta Səlim! Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış! - Rəis bir xeyli atılıb-düşəndən sonra məsələnin lirik tərəfini yoluna qoyub, nəhayət, adam kimi soruşdu:  -  Vacib işinmi vardı?!  Yoxsa sən hara, gecikdi hara?

       Usta Səlim onu intizarda qoymadı, mərd-mərdanə dedi:

       -İş günü  nə vacib iş ola ola bilər! - dedi.  - Nahardan gəlirəm.

       Rəis onun şax cavabından alındı, başını buulayıb, mızıldandı:

       -Başına dönüm, usta, intizam, axı, hamı üçündür… - dedi və ictimai  nəzarətçilərlə gözləşib, birdən partladı.  - Elə bilirsən sənin adını dəftərə salmayacağam? Elə bilirsən onu Səlimənin dilindən eşitməyəcəksən?

       Səlimə zavod radio qovşağının diktoru idi. Qara dəftərdəki adları-familiyiları elə şirin bir səslə oxuyurdu ki, hər kəlməsi adamın yeddi qatından keçirdi.

       Usta Səlim çiyinlərini atdı, laqeyd-laqeyd dedi:

       -Boşla sən allah! Araya qan düşməyib ki, hay-küy salmısan!

       Onun sakit səsindən rəis odlandı:

       -Nəəə? Bir də de! - bağırdı.

       Usta Səlim onun arzusunu yerinə yetirdi, gulə-gülə:

       -Deyirəm ki, qan düşməyib ha! Gecikəndə nə olar!? - dedi.

       Rəisin yanaqları lalə kimi allanmışdı, hirsdən bilmirdi nə eləsin:

       -Daha sənə nə deyəsən? Sağ ol, usta! Başımızı uca elədin, - dedi və köksünü  ötürdü. - Zavod boyda ad-sanı olan fəhlə belə edəndə daha uşaq-muşaqdan nə gözləyəsən?!… Usta, bir oturub fikirləşmisən heç zavodun altı min işçisi var… Hərəsi də, çox yox, on dəqiqə geciksə, bilirsən bu hara vurar?! Min saat! - deyə rəis barmağını yuxarı qaldırdı və əlüstü hesablamağından mə‘lum olurdu ki, o, bu məsəli tez-tez çəkir. -Yə‘ni  yüz iyirmi  beş iş günü! Belə ha! Zavoda hər gün bir xəzinə zərər dəyir. Budur bizim evimizi yıxan! Budur…

       Usta Səlimin onsuz da çəp olan gözləri bir az da çəpləşdi. Mat qalmışdı. Hesabın bu üzünü nəzərə almamışdı. Haçandan-haçana özünə gəldi, bir siqaret yandırdı, tüstünü ağzından buraxa-buraxa dedi:

       -Bah, bu da deyir xəzinə tapmışam!  Yüz iyirmi beş iş günü nə böyük şeymiş! Mən bundan yekəsinin yerini bilirəm…

       Rəisin səsi batdı:

       -…

       Usta Səlim onun nə dediyini eşitməsə də, çənəsinin atılıb-düşməyindən bildi ki, deyir: «-Harda?»

       -Gedək bizim sexə!  - Usta Səlim onun qolundan tutdu: - Əsəbləşmə, bala, cana ziyandır. Mənim xəzinəm üçün də bir az hövsələ saxla. Burdakı heç, ordakını görsən, ürəyin gedəcək…

       Rəis özünü itirdi, şübhə ilə:

       -O nə xəzinədir elə? - soruşdu.

       -Əşi, gedib orda görərsən də!

       -Usta, yaşda məndən böyüksən, amma mən dolamalı adam deyiləm ha! - deyə rəis qaşlarını çatıb onu sakitcə xəbərdar elədi.

       Usta Səlim onu dilə tutdu:

       -Dolamaq nədir, oğul, - dedi, - iki addım yoldur da. Nə olar ki? Xəncərinin qaşı düşər sexə getsək?! Elə orda, söz verirəm, gecikməyimin səbəbini də sənə deyəcəyəm…

       Rəis yarıkönül onun dalınca getdi. İctimai nəzarətçilər də onların dalınca tərpəndilər. Sexə girdilər.

       Dəzgahlar dayandırılmış, işləyən gözə dəymirdi. İşçilər orda-burda yığılıb, şirin-şirin domino, nərd vurudular. Kadrlar şö‘bəsinin rəisinin ağzı  bu gün neçənci dəfə idi ki, gedirdi qulağının dibinə. Dinmək istədi, amma bu dəfə ağız geri, yerinə qayıtmaq istəmirdi. Pəltəklədi:

        -Bunlar… niyə… işləmirlər? - soruşdu. - Nahar yarım saatdır qurtarıb!…

       Usta Səlim istehza ilə:

        -On gündür biz  belə işləyirik, - dedi. - Bir misqal da material yoxdur zavodda! Ayın iyirmisi oldu, gətirib tökəcəklər… Onda başlayacaq verhaver…

        Rəis qəzəblə:

        -Bəs belə de! - dedi.  -  Bəs, sexin o başıbatmış rəisi hara baxır?

        Usta Səlim lağ elədi:

        -Hamının baxdığı yerə!  - dedi.

        -Yə‘ni…?

        -Rəhmətliyin oğlu, yə‘ni saata! - Usta Səlim iri divar saatına işarə etdi. - O da gözləyir ki, haçan iş qurtaracaq….

        -Bəs, bunu diroktora niyə demir? - Rəis boynunu naçar dolandırdı. - Axı… axı, bu biabırçılıqdır.

        Usta Səlim onunla razılaşdı:

        -Biabırçılıq olmasına söz yoxdur, - dedi, - amma nə bilirsən ki, direktorun bundan xəbəri yoxdur?!

        Şö‘bə  rəisinin deməyə sözü qalmadı, elə-belə soruşdu:

        -Rəisiniz indi hardadır?

        -Kabinetində…

        -Niyə görünmür, bəs?

        -Bizdən utanır! Yaxşı adamdır… -  deyə usta Səlim ürəkdən güldü, - ha-ha-ha! Bir çoxları kimi üzü patoşdan deyil ki! Qapını kəsdirib, nitq irad eləməklə məşğul olsun…

        Rəisi bu söz necə götürdüsə, dabanı üstə fırlandı, istədi sexdən çıxsın, usta onun qolundan tutub saxladı:

        -Bircə dəqiqə! - dedi. - Şərtimiz, deyəsən, yadından çıxıb…

        -Nə şərt?

        -Sən adamı siyahıdan silirsən, mən də xəzinəmi  sayıram sənə.

        -Rəis başını dəftər tutmuş qıza yellətdi. O da qələmi usta Səlimin adının üstündən çəkdi.

        -Ay sağ ol! - deyə usta Səlim razılıq etdi. - Elə qarala ki, daha oxumaq olmasın. Yoxsa mən hara, gecikdi hara. İndi keçək hesaba! Yaxşı bilirsən ki, bizim sexdə azından yüz adam işləyir… On gündür işimiz domino vurmaqdır. Yüzü ona vuranda edər min! Min iş günü! Min saat hara, min iş günü hara? İndi, de görüm, ay xalası göyçək, kimin xəzinəsi böyükdür? İstəyirsən, gəl, dəyişək! Vallah, aldatdı demərəm.

       

 

                                                                

HESAB

 

       Xıdır bazarlıq edib qayıtmışdı evə. İndi mətbəxdə oturub çay içirdi. Ləhləyə-ləhləyə zənbilləri beşinci mərtəbəyə qaldırmaq kişini birtəhər etmişdi. İkinci fincandan sonra yavaş-yavaş özünə gəlirdi. Yanğısı keçdikcə divanda şaquli vəziyyət  almaq həvəsi ahənruba kimi onu özünə çəkirdi. Amma Səlimə hələ yır-yığışı qurtarmamışdı, otaqlar tör-töküntülü idi. Deyinə-deyinə səhərdən əlləşirdi. O, həmişəki kimi şənbə-bazar çıxaranı söyə-söyə süpürgəni qoyub, döşəməsilən taxtadan yapışırdı. Lap yəqindi ki, ərinin divana keçmək arzusunu alqışlamayacaqdı, əksinə, bu, onu olsa-olsa hövsələdən çıxaracaqdı. Xıdır on altı illik təcrübəsindən bunu bildiyindən ürəyinin dərin guşəsində cücərməkdə olan həvəsini boğmalı oldu. Qalxdı. Sayğacı və dükan-bazar xərcləri qeyd olunan dəftəri divardan aldı, qoydu qabağına. Başladı bazarlığını hesablamağa. Aşıqlar millərdə şütüyüb bir-birinə dəydikcə Xıdırın yorğunluğu qaçırdı. Arabir arvadının deyintisini qulağı alsa da, gün ərzində xərclədiyini dəftərə salmağından qalmırdı. Bu quru rəqəmlər çox şeylər deyirdi. Mühasibatın bütün qayda-qanunları ilə qurulmuş dəftərdə məxaric bölməsi mədaxil bölməsini həmişə üstələyirdi. Xıdır ah çəkdi:”- Bəli, heç o yan-bu yanı yoxdur. Sabahkı məclisə hazırlıq mükafata olan bütün ümidlərimi puça çıxartdı. Bəli…” - pıçıldadı. Dünən aldığı otuz manat mədaxil bölməsinə yazılmışdı. Məxaric bölməsində onun necə əridiyinə tamaşa etmək Xıdıra əsl əzab idi.

       Dığırlanan aşıqlar deyirdi ki, bu anlaşılmazlıqdır, belə ola bilməz. Onun ciblərinin künc-bucağında dörd-beş manat qalmalıdır. Amma Xıdırın diqqətlə apardığı axtarış göstərirdi ki, elə şey yoxdur, cibləri bom-boşdur. O, bir də hesabladı, sayğac dediyindən dönmürdü, elə inadla təkrarlayırdı ki, qalmalıdır, vəssalam. Xıdır bezikib yerindən qalxdı. Dəftəri və sayğacı yerinə asdı. Mühasib olduğundan bilirdi ki, dəftərlə sayğac heç vaxt bir-biri ilə düz deməyiblər. Onu qəmləndirən, əlbəttə, bu deyildi, başqa şeydi. “- Gərək ayaqqabılarımı tə‘mirə verim, - fikirləşirdi. - Lap zayı çıxıb. Təzə ayaqqabıdan vaz keçmək lazımdır… Gözümü bu mükafata dikmişdim, o da belə getdi…”

       Bu naxoş düşüncələrdən onu oğlu Əkbərin tappıltı ilə mətbəxə girməsi ayırdı. Uşaq çantasını soyuducunun üstünə atdıqda Xıdır çəp-çəp ona baxdı, yana daradığı seyrək saçları gözünə töküldü, yerində qurcalandı. Sayğacda saldığı hesabdan onsuz da kişinin halı qarışmışdı. Hirsini tökməyə bəhanə axtarırdı. Qayım səslə dedi:

       -Adə, gündəliyini bəri ver görüm.

       Əkbər hər şənbə onun məktəbdəki müvəffəqiyyətləri ilə maraqlanan atasının adətinə alışdığından, dərhal qayışının altından gündəliyini çıxartdı, şəstlə masanın qırağına qoydu, amma hər ehtimala qarşı bir addım geri çəkildi, qapının ağzında durdu. İşdir, atası gündəlikdə xoşuna gəlməyən bir şey tapsa, əlini tərpədənə kimi aradan çıxmaq olsun. O, burnunu qarışdırdı:” - Böyüklərin işini nə bilmək olur? Bir də gördün boş yerə çıxdılar özündən…” - fikirləşdi…

       Xıdır oğlunun sərvatlığını bəyəndi, amma gündəliyi sə‘ylə varaqlamağından qalmadı. Danlaq yeri lazımdı… Birdən o, sevinclə nərildədi:

       -Ahə… - dedi və metal dişlərini qıcıdı, - hesabdan yenə üç almısan? Havaxta qədər, adə? O qızlarcan da deyilsən? Ə‘laçıdırlar, ey, ə‘laçı… Bəs, sən? … Ay məndən olub mənə oxşamayan, sən niyə belə avara çıxdın? Mən uşaq olanda  məsələ-misalı gözüyumulu həll edirdim… Bəs, sən kimə çəkdin, axı?

       Əkbər evin kiçiyi idi. On yaşı vardı. Dördüncüdə oxuyurdu. Xıdırın ondan savayı iki qızı da vardı. Böyüyünün on beş yaşı sabah tamam olurdu. Bu günkü hazırlıq da bu  münasibətlə idi. Xıdır hər il ad günü keçirməyin əleyhinə olsa da, on beş yaşı qeyd eləməyi lazım bilmişdi.

       Əkbər gözaltı ətrafına baxdı. Aradan çıxmağa hər cür imkan olduğuna əmin olandan sonra cavab gözləyən atasına tərəf çevrildi:

       -Ata, vallah, - dedi və yekə-yekə davam etdi. - Bizim hesab sizin uşaqlıqda keçdiyiniz hesabdan deyil. Bu riyaziyyatdır ey, riyaziyyat! O günləri özün gördün ki? Bir məsələni neçə saat həll elədin, elədin, amma gavab düz alınmadı…

       Xıdır oğlunun dərrakəli sözündən tutuldu. Onun masadan bir qarış hündürə qalxmış boy-buxununa diqqətlə  baxıb, bilmədi nə desin. Öskürüb mızıldandı:

       -Avaranın danışığına bax, ey, - dedi və yenidən gündəliyin üstünə əyildi, xeyli varaqladı, amma orada tənbehə layiq başqa bir bəhanə tapmayıb, qayıtdı hesabın üstünə… - Adə, hesabı bilmək lazımdır, o bütün elmlərin  açarıdır… harda olsan, nə olsan, fərqi yoxdur, vurma-çıxmasız keçinə bilməzsən… Dostun Elçin də sənin tayındır?

       Əkbər başını aşağı saldı:

       -Yox, Elçin hesabdan beş alır, qalan dərslərdənsə üç… Ata, bir də o, dostum-zadım deyil, - dedi və qaşqabağını tökdü. - Eləcənə bir partada otururuq… Özü də çox pis oğlandır. Fors edir. Nə var, nə var, atası onu hər gün məktəbə «Volqada» gətirir… Bu günsə məni aldadıb…

       Xıdır maraqlandı:

       -Aldadıb? - soruşdu və qarşısındakı kətilə işarə etdi. - Otur, görüm… Bu necə oldu, adə?

       Əkbər otumağına oturdu, amma birdən inad elədi:

       -Yox danışmayacağam, - dedi.  -  Sonra gülərsən mənə…

       Xıdır onu inandırdı ki, gülməyəcək… Əkbər yarıkönül sözə başladı:

       -Bax ha, ata, indi ki, söz verirsən, danışaram. Gülüb-eləsən bir də sənə heç nə sənə danışmayacağam… - dedi. - Bu gün Elçin sinfə iki şar gətirmişdi. Dedim. «- Birini mənə ver, dost deyilikmi?» O, dedi ki, şarlar satlıqdır, pulunu ver, verim. Qiymətini soruşdum. Dedi!  “ - Biri on beş qəpikdir”. Deyirəm ona: “ - Elçin, biri beş qəpikdən dükanlar doludur ki? Belə baha niyə?” Dedi ki, bunları əmim xaricdən gətirib, heç vaxt partlamırlar. Anam bulka almaqdan ötrü mənə bir abbası vermişdi. O pula şarın birini aldım. Tənəffüzdə şarı  doldurmağımı gördüm…

       Əkbər susdu. Xıdır həqiqi bir səbirsizliklə:

       -Hə, sonra? - soruşdu.

       -Sonra nə olacaqdı ki… Şar partladı. Tez Elçini axtardım. Bufetdə idi. Qutab yeyirdi. Dedim ki, pulumu ver, şar partladı. Güldü! « -Mənə nə partladı? Almayaydın. Zornan satmamışam ki. Pulunu isə budur ey, yeyirəm…» Dalaşdıq onunla…

       Əkbər axırıncı sözləri qəhərlə dedi. Xıdır oğluna nə isə demək istəyirdi ki, Səlimənin içəri girməyi mane oldu. Onun qolları çirməkliydi, başına bağladığı yaylığının altından saçları pırtdayıb çıxmışdı. Çöhrəsindən acıq yağırdı. O, süpürgəni divara söykəyib, astadan, amma qeyzlə dedi:

       -Ay-hay! Mənim orda canım çıxır, bunlar burda veriblər baş-başa… şirin-şirin söhbət edirlər…

       Xıdır istehza ilə soruşdu:

       -Bəlkə biz iki kişi durub sənə döşəmə yuyaq? Hə?

       Səliməni od götürdü:

       -Hə, nə olar ki? Nəyin artıqdır məndən? Şükür, vəzifəmiz bir, sənətimiz bir, maaşımız bir, təhsilimiz bir. Səkkiz saat sən sayğac çəkirsən, səkkiz saat mən. Evdə isə əlini ağdan-qaraya vurmursan… Heç insafdandır?

       Xıdır oğluna göz elədi. Səlimənin sevimli mövzusuna ailədə hamı yaxşı bələddi. Ər-arvad neçə illərdi ki, bir zavodda, bir şö‘bədə işləyirdilər. Hər ikisi mühasibdi. İnstitutu da qoşa qurtarmışdılar. Xıdırın alacağı Səliməninkindən on beş manat artıqdı. Övladları böyüdükcə vəziyyət çətinləşirdi. Xıdır hərdənbir qızların pal-paltarını sayğaca salanda başından ağrı qopurdu. Ömür yarı olmuşdu, sayğacdansa, murad hasil olmurdu.

       Əkbər birdən qamışdı:

       -Ata, deyəsən, mamam sənə iş tapşıracaq, - dedi,  - ona görə də hay-küy salır.

       Ata-oğul bir-birinə baxıb uğundular. Səlimə bir az çaşdı. Kələyinin keçmədiyini görüb Əkbərə acıqlandı:

       -Sən mumla, - dedi və mülayimliklə dilləndi: - Xıdır, vallah, lap yadımdan çıxıb, sənə deyim ki, beş-altı «Badamlı» al! Bir də iki qaymaq, dörd şüşə də qatıq al. Düşüb alsan, qızlar gələndən sonra başlardıq biş-düşə…

       -Bundan başlayaydın da. - Xıdır gülməkdən yaşarmış gözlərini sildi, qalxdı. - Yaxşı, ordan pul ver, görüm…

       Səlimənin iri gözləri daha da iriləndi, içini çəkdi:

       -Aaa. Nə pul? - soruşdu. - Otuz manatın axırına çıxdın bəyəm?

       -Nədir, arvad, Əkbər kimi, deyəsən, sən də hesabdan zəifləmisən… Xərclədiyim dəftərdədir, inanmırsan, otur sal çötkəyə…

       Səlimə fikirli halda deyindi:

       -Heç bilmirəm sən bu pulları necə xərcləyirsən… Hər ay on-on beş manat izsiz-tozsuz yox olur. Belə baxanda maaşımız mə‘lum, alınan şeylər mə‘lum, yediyimiz-geydiyimiz göz qabağında, di gəl, sayğaca salanda, qalırsan məəttəl…

       Xıdır ona necə bir nəzər saldısa, Səlimə sözü çevirdi:

       -Əh, cəhənnəm olsun hesab da, dəftər də, - dedi və köksünü ötürdü. - İndi daxıldan on manat verərəm. Onsuz da qabaqdan yay gəlir, mənim paltom hələ gözləyə bilər…

       Səlimə mətbəxin qapısından çəkildi.

       «Daxıl» ər-arvadın ayda on-on beş manat kənara atdıqları mücrü idi. Səlimə onu yeddi qıfıl altında saxlamasa da, evdə heç kəsin ora əl atmağa ixtiyarı yoxdu. «İki mühasibin bölünməz fondu» - deyə Xıdır həmişə arvadına lağ edirdi. Palto kimi «dəyərli» şeylərə dörd-beş ay, bə‘zən illərlə pul yığırlar, nəhayət, alınırdı.

       Xıdır dəhlizə keçdi. Ayaqqabılarını geyinmək üçün əyildikdə Əkbər daldan dilləndi:

       -Ata, məni də apar da…

       Xıdır başını qaldırmadan mızıldandı:

       -Dükanda sənin nə işin var ey? Oturub dərslərinə baxsaydın daha yaxşı olardı. İlin axırına nə qalıb ki? Hesabdan üçü düzəltmək lazımdır, ya yox?

       Yalın ayaqlarına keçirtdiyi yaş sürütmələrini şappıldada-şappıldada otaqdan çıxan Səlimə oğluna qahmar çıxdı:

       -Əşi, qoy, getsin… - dedi və onluğu Xıdıra uzatdı. - Şeyşüy almağa həmişə biz getməyəcəyik ki? Böyük oğlandır, qoy, öyrənsin…

       Söz Xıdırın ağlına batdı. Dükan-bazardan canı qurtaracaq deyənə razılıq verdi. Onlar qapıdan çıxdılar.

       Dükan yaxında idi. Evlərindən bir tin aralıda. Günün bu vaxtı həmişə adam az olurdu. Satıcı Xıdırı görüb dərhal yaxınlaşdı.

       Xıdır ərklə soruşdu:

       -Nə var, nə yox, Əziz?

       -Sağlığın… - Əziz dilini sürüdü.

       -Kefin yoxdu?

       Əziz elə bil bunu gözləyirdi, dərdləri açıldı:

       -Kefimzi bəyəm özbaşına qoyurlar ki? Hərə bir tərəfdən söykəyib lövbərini… Qoyurlar adam  başını dolandırsın? Müdir gedir, revizor gəlir, revizor gedir, müxbir gəlir. Bunları birtəhər yola verirsən, tək gəlirlər. Tək adamı yoldan eləməyə nə var? Pul köpəkoğlu şeydir… İndi də xəbər yayılıb ki, rayonun mağazalarını xalq nəzarəti yoxlayır. Bir həftədir dörd göz olub ətrafımıza baxırıq… Allah saxlasın! Onlar da bir deyillər, iki deyillər… Bir sürüdürlər… Hərəsi də bir dərədən… Hansına yan alasan? Özləri bir-birindən qorxurlar. Eh… bir dəfə elə onların oduna yanmışam… - Əziz köksünü ötürdü. - Hə? Nə alacaqsan?

       Xıdır sadaladı.

       Əziz belinə yapışan qarnını qayışla möhkəm çəkdiyindən, deyirdin, hər əyilib-qalxanda bu saat beli ortadan ayrılacaq. Yaxası açıq, çirkli xalatının ətəklərini yellədə-yellədə o tərəf-bu tərəfə şütüyüb, Xıdırın dediklərini piştaxtanın üstünə düzdü, sayğacı yaxına çəkdi. Aşıqlar oyuncaq tapanca kimi çıqqıldadı, sonra onluğu qamarlayıb daxıla atdı. Qalığını qaytardı.

       Xıdır neçə ilin mühasibi idi. Bilirdi ki, sayğacda hesab belə salınmır. Satıcı fikrində hər şeyi hesablayıb, qurtarıb. Sayğacı xala-xətrin qalmasın çaqqıldadır.

       Amma Xıdır belə şeylərə alışmışdı. Aldığını çantaya yığdı, başqa alıcıya yanaşmış Əzizə başını tərpətdi, qapıya getdi. Əkbər onun qoluna toxundu:

       -Ata, dükançı sənə nə qədər pul qaytardı? Beş manat qırx qəpik?

       Xıdır ayaq saxlamadan  ona acıqlandı:

       -Adə, sənə nə? - dedi, - sonra ovcundakı pullara baxdı, başını çevirdi. - Yox, beş manat on qəpik qaytarıb…

       Əkbər çığırdı:

       -Ata, dükançı səni aldadıb…

       Xıdır diksindi, dayandı. Dükandakıların səsə çevrilib  onlara baxdıqlarını görüb qızardı. Əlinin dalı ilə oğlunun ağzını qapadı, hirslə pıçıldadı.

       -Kəs səsini, səfeh, - dedi və bərkdən əlavə etdi. - Düzdür… lap düzdür.

       -Yox, yox, üz deyil… - Əkbər boğula-boğula çığırdı.

       İçəridə olanlar qamışdılar. Əziz qanlı-qanlı ata-oğula baxıb, mal gətirmək bəhanəsi ilə tez dal otağa adladı. Xıdır pərt halda oğlunu dükandan sürüyüb eşiyə saldı. Divara söykənib, alnının tərini sildi:

       -Üzün qara olsun, belə oğul, məni biabır elədin ki. Mən bundan sonra Əzizin dükanına necə girəcəyəm? - deyindi və acığından güldü. - Bu da mənə hesab bilən olub. Hardan bilirsən, adə, mənə pulu düz verməyib?

       -Hesabla da, çətin deyil ki…

       -Dayan bir, evə çataq, dərsini verərəm… - Xıdır barmağını onun üstünə silkələdi, amma uşağın inadını görüb fikrində götür-qoy etdi, vurdu-çıxdı, birdən boynunun ardını qaşıdı. - Boy… Əkbər, deyəsən, sən haxlısan, axı…

       Əkbər dirçəldi, incikliyi keçdi, qalibiyyətlə çığırdı:

       -Bəs, mən sənə nə deyirdim? - dedi. - Hələ inanmırdın…

       Xıdır bir əlcə uşağın üstünlüyündən alındı. Siqaret çıxarıb odladı. Tüstünü sinəsinə çəkib, gözünü  qıydı və oğlunun qalibiyyət çələngindən xoşhallanmağına imkan vermədi:

       -Nə olsun, ey? Qəpik-quruşa görə, deyirsən, qaraqışqırıq salaq? Otuz qəpik nə puldur ki. Onunla tacir olacağıq? Böyük iş gördün. Guya özüm hesablaya bilməzdim…

       Əkbər onun zəhmətini yerə vuran atasının üzünə qabardı:

       -Elə belə edirsən də… Anam düz deyir ki, pulların başına daş salırsan. Hər dükana gedəndə otuz qəpik az verirlər, yığılır olur manat…

       Oğlunun sözündən Xıdır tutuldu. Siqareti yerə atdı, ayağı ilə əzdi. Mülayimliklə onu başa saldı:

       -Oğlum, elə bilirsən hesablamaqla iş düzəlir? Əlbəttə, yox… Keçənlərdə çox təcrübə eləmişəm. Lap elə Əzizin otuz qəpik az verdiyini bildim, nə deyim ona? Necə deyim? Axı, adam utanır. Bir özün fikirləş, o boyda kişiyə deyirsən ki, sən beş-on qəpik az vermisən… Onun üzündə su yoxdur, mənə nə gəlib? - dedi və fikrə daldı. Bir azdan Əkbərin uşaq olduğunu yaddan çıxarıb erkən yaz günəşinin şüaları altında xumarlana-xumarlana davam etdi. - Sən hələ balacasan, belə şeyləri qanmazsan, bala. İnşallah, böyüyərsən, görərsən ki, hər yerdə belədir. Elə bir dükan yoxdur ki, orada çəkidə, ya qəpik-quruşda adamları aldatmasınlar. Birində az, birində çox… Fərq ancaq bundadır. Eh… Bir mən deyiləm ki… Bu oyunu hamının başına gətirirlər də… getdik…

       Xıdır əyilib çantanı götürdü, yola düzəldi. Əkbər ona çatıb soruşdu:

       -Deyirsən, heç kim dinmir? Heç bircə nəfər də?

       -Niyə ki, dinən də olur… - Xıdır könülsüz dilləndi. - Amma xeyri nədir? Çoxumuz ki, dinmirik. Eh, başqa cür mümkün deyil, axı. Gündə bunlarla üz-üzə gəlirik… Hər gün söyüşsək, hirslənsək, əsəblərimizi korlasaq, bir də görərsən, ürəyimiz partladı. Can şirin şeydir, bala, o beş-on qəpikdənsə, salamatlığımız irəlidir… Əşi, qan bahası kimi bir şeydir də o qəpiklər. Veririk ki, qazandığımızı könül xoşluğu ilə nuş edək, burnumuzdan gətirməsinlər. Bir sözlə, oğul, böyüyərsən, gündə belə şeylərlə rastlaşarsan, sən də alışarsan. Daha deməyəcəksən ki, vay, qəpiyimiz getdi… - dedi və gülümsədi.

       Atasının uzun nitqindən yorulan Əkbər onun gülümsədiyini görüb şənləndi, söz atdı:

       -Ata, deyirəm, bəlkə dükançılar hesabı pis bilirlər… Aparaq bizim müəllimin yanına, qoy, öyrətsin onları…

       Xıdır uşağın dolağına ayaq saxladı. İstehza ilə:

       -Deyirsən də, - dedi, - onlar sənin müəlliminin müəlliminə hesabdan dərs deyərlər. Nəyi-nəyi, bu elmi onlar çox dürüst bilirlər. Alverin qaydası belədir. Elçin səni aldatmadımı? Şarı sıramadımı sənə? Dükanda da belədir…

       Əkbər dişini ağartdı:

       -Yaxşı yadıma saldın, ata, Elçin bu dükançının oğludur da… - dedi.

       -Ay qırışmalsan ha. - Xıdır da güldü. - Dediyin nədir? Oğlu səni aldadıb, atası da məni? Hə?

       -Olduq səninlə heç-heçə, ata. - Elçin əl çaldı. - Daha uşaqlıqda aldığın beşlərdən danışma… Onsuz da beş alan da aldanır, üç alan da… Fərqi nə imiş?

       Xıdır nə‘şə ilə oğlunun saçı dibindən qırxılmış başına bir çırtma vurdu:

       -Ay zalım, elə gücün mənə çatır… - dedi. - Nə olaydı bizi aldadanlara heç-heçə edəsən…

       Əkbər uğunan atasına baxıb qəhqəhə çəkdi. İkisinin də kefi kökəldi. Həmişə belə olur. Uğursuzluq insanları həmrəy edir…

 

 

ZƏİF  DAMAR

 

       Geniş tələbat malları sexinin çilingəri  usta Ağasafa əlinin altında çalışan cavan oğlanı səslədi:

       -A bala, qaç, Əhmədağanı çağır gəlsin, qayçılarımızı qəbul etsin. Ayın axırıdır, axı, naryadlarımız bağlanmalıdır.

       Oğlan iri əllərini əskiyə silə-silə yaxınlaşdı. Usta Ağasafa bir xeyli qayçı qalanmış masaya dirsəklənmişdi, «Primanı» müştüyə keçirirdi.

       -Bunlarmı?! - deyə oğlan domba gözlərini bərəltdi.

       Ağasafa kibrit çəkə-çəkə başını yellətdi.

       -Usta, axı, Əhmədağa o günləri bunları çıxdaş eləmişdi. Dedi ki, qəbul eləməyəcəyəm, hamısı zaydır.

       Ayın axırıdır, bala, - Ağasafa onu könülsüz başa saldı, - qəbul edəcək. Onun qaydasıdır, bir az naz edir, sonra insafa gəlir. Bir də, onun istəyi bir cüt qayçı idi, verdim o günləri…

       Oğlan boynunun ardını qaşıdı:

       -Çətin! - dedi, - qayçılar da, qayçıdır ha! Allahın kağızını kəsmirlər… İki yüzündən biri də fərli deyil…

       Ağasafa sözü uzadan adamdan xoşu gəlməzdi. İndi də daha nəsə demək istəyən oğlana tərs-tərs baxdı. O, dərhal başını aşağı salıb, sexin nəzarətçilər oturan bucağına tələsdi.

       Ağasafa par-par parıldayan qayçıları bir də silməyə başladı. Bir neçə dəqiqədən sonra yekəpər bir kişi olan Əhmədağa gəlib çıxdı. Onun bu məşğuliyyətinə lağ elədi:

       -Hə, Ağasafa , elə bilirsən qayçının ora-burasını silməklə keyfiyyəti də artacaq?!

       Usta Ağasafa nəzarətçinin istehzasını qulaqardına vurdu. Zarafatları vardı, amma indi araya qənbərqulu çıxmasın deyə dinmədi, hesabı içəri verdi. Nəzarətçi isə ondan səs çıxmadığını görüb bir də sancdı:    

       -Nə olaydı, Ağasafa, bu qayçıdan birini dükandan alaydın. Harasa qonaqlığa tələsəydin, üzünü qırxaydın, ətirlənəydin, birdən güzgüdə görəydin ki, bığlarım uzundur. Ora qayçı, bura qayçı, birdən özünün qayırdığın qayçı əlinə keçəydi. Ha çıqqıldadaydın, şaqqıldadaydın, amma kəsməyəydi… ha-ha-ha!

       Usta Ağasafa nəzarətçidən xahiş etdi:

       -Sən canın, boşla, işim var, - dedi, - gül kimi məhsuldur, nəyi xoşuna gəlmir, axı!

       -Gül! Adə, gül! - deyə Əhmədağa bir də uğundu.  - Belə sənət əsəri desənə! Hər birini VDNX-aya göndərmək olar desənə! Ha-ha-ha!

       Əhmədağa doyunca lağlağı edib, xeyli çənə-bazardan sonra iki yüz qayçının yüz doxsanını qəbul elədi. Cibindən çıxartdığı xırda möhürlə onları bir-bir möhürlədi. Sonra dişini ağarda-ağarda iş alətini pambığa büküb, cibində gizlədib, bir də söz atdı:

       -Nə olar ki, Ağasafa, bu ay da kef elə! - dedi. - Amma gələn aydan qara günlərini qablaşdır. Bir azdan zavodda dövlət qəbulu olacaq. Onda görək kim dadına çatacaq? Ata görməmişdin, elə bilirdin Şahqulu da atadır! Məni nə var ki, yola gətirməyə? Buyur, bir cüt saz qayçı ilə başımı piylədin, bir belə zay qayçını xirid elədin, indi dayan, gör dövlət qəbulu olanda başına nə oyunlar gələcək!

       Ağasafa qıraqda dayanıb tamaşa edən əlaltısını çağırdı:

       -Bala, bu qayçıları apar anbara təhvil ver, mənim bir-iki sözüm var Əhmədağaya… - dedi və gözlədi oğlan qayçıları yeşiyə yığıb uzaqlaşsın. - Adə, beş il qabaq sexə gəldiyin vaxt yadındadır?! Təzəcə səni nəzarətçi qoymuşdular ha!

       Əhmədağa diqqətlə Ağasafanın tütündən saralmış bığlarına baxdı, başını tərpətdi:

       -Yadımdadır… Nə olub ki, belə keçmişlərə əl atırsan? - deyə onu iynələmək istədi…

       Ağasafa imkan vermədi:

       -Eləsə, o vaxtlara bir də qayıdaq… - dedi. - Allah, necə asıb-kəsirdin, necə basıb-bağlayırdın?!  Girinc eləmişdin sexi. Məhsullar tığ vurmuşdu masaların üstündə, qəbul eləmirdin ki, eləmirdin! İkicə aydan sonra necə oldu? Yelini yatırdılarmı? Yatırdılar! Yumşaltdılarmı! Yumşaltdılar! İndi çox da dövlət qəbulu, dövlət qəbulu demə, orda da sənin  kimi, ya mənim kimi adamlar işləyəcək. Nə dəyişilib, axı?! Sex rəisi həmən, direktor həmən, işçilər də həmən! Qəbul edən də öz aramızdan olacaq, daha aydan-zaddan gəlməyəcəkki?! Bir ay-iki ay başağrısı olacaq, sonra hər şey yoluna düşəcək. Hərənin bir zəif damarı var, çətini onu tutmaqdır… Məsələn, səninki bir cüt qayçılıqdır, onunku bəlkə bir az artıq oldu, ya da, bəlkə allahın köməyi ilə, əskik oldu. Belə-belə işlər… Əhmədağa…

 

                                                         

DÜZ  XƏTT

 

       Hümmət müəllim ikinci qırx beş dəqiqə idi ki, lövhə  qarşısında tər tökürdü. Payız günəşi iri aynalardan qucaq-qucaq auditoriyaya dolurdu. İçəri hamam kimi isti idi. Müəllimin boyu alçaq olduğundan pəncələri üstə qalxır, lövhənin yuxarısını yaxıb doldururdu. Çal saçları alnına dağılmışdı. Koşi teoremini isbat edirdi

       O, nəfəsini dərmək üçün hərdən fasilə verir, lövhədən aralanır, açıq pəncərəyə yaxnlaşırdı. Şəhəri seyr edirdi. İnstitut binası ilə yanaşı, yolun o tayında ət dükanı vardı. Şüşə qapıları mühazirə salonundan aydın görünürdü. Hümmət müəllim dükanın qarşısında həmişə növbə olduğunun şahidi idi. Elə hey ət şaqqalanır, çəkilir, ötürülürdü. Pəncərəyə yaxın partalarda oturan tələbələrin diqqətini mühazirədən çox bu şaqqalanma-çəkilmə-ötürülmə hadisələri cəlb etdiyindən, Hümmət müəllim onlara söz atardı: « - Ay uşaq, mən mühəndis hazırlayıram, qəssab yox!» Tələbələr də  özlərini yığışdırdılar.

       Bu gün hələ ki, dükanın önündə heç kim yoxdu. Hümmət müəllim « - Gecikir qəssab Baləmi. Gün-günorta yerinə qalxıb hələ ət gətirməyib. Görəsən, nə olub?!» - fikirləşdi və tələsmədən lövhəyə yaxınlaşdı.

       Qəssab otuz-otuz beş yaşında bir oğlan idi. Kösmərək bədənini ət doğrayan kötükdən ayırmaq olmurdu. Oxşarlıqları göz önündə idi. Hümmət müəllimlə salam-kəlamı vardı. Heç vaxt onu yubatmaz, növbədənkənar yola salardı. Hümmət müəllim də hər dəfə: « - Ay dəyənək qulaqdır ha! Beləsinin qulağından ancaq çarığ tikəsən!» - fikirləşsə də, ona edilən bu hörmət-izzətdən boyun qaçırmazdı. Bu gün də o, mühazirədən sonra ət dükanına dəyəcəkdi. Evdə qonaqları olacaqdı. Hazırlıq görmək lazımdı.

       Hümmət müəllim əlini təbaşirə uzatdı və tələbələrə sarı döndü:

       -Uşaqlar, bu teoremin isbatını qulağınızdan sırğa edin asın! Gərəyiniz olacaq. Ali cəbri bundan belə iki il  də keçəcəksiniz. Hə?! Hamınız köçürdübsə, pozuram ha…  Bəlkə başa düşməyən var, sual verin…

       Başa düşən də, düşməyən də yer-yerdən dedi ki, başa düşdük. Hümmət müəllim silgini əlinə aldı, lövhənin bir kənarını sildi. Qulağı səsdə idi. Qeysin dillənməyini gözləyirdi. Hər mühazirənin axırında belə olurdu.

       Qeys lap qabaqda oturmuşdu. Müəllim onun üzünə yayılmış yastı burnuna, çil-çil yanaqlarına, qıyıq kimi xırda gözlərinə baxanda daxilində nəsə qaynayırdı. O, danışanda sağ qulağı tərpənirdi. Hümmət müəllim düşünürdü: « - Nə barmaq arasına yerləşən qulağı var?! Bu saat dillənəcək…» Amma auditoriyadan səs çıxmadı. Qeys sakitcə köçürürdü. « - Ola bilməz ki, bir söz deməsin! - Hümmət müəllim öz-özünə güldü. - Bağrı çatlayar! Heç belə yekəxana tələbəm olmamışdı. Birinci kurslar arasında bu cür kənək uşaq?! Təəccüblüdür! Nadir nüsxədir. Dayan, qoy, imtahanlar gəlsin, görüm, onda da belə dil-dil ötürsənmi?!

       O, çıxarışı axıra çatdırmamışdı ki, Qeysin səsini eşitdi:

       -Ay müəllim, olarmı bir söz deyim?!

       Hümmət müəllim dərhal çevrildi, Qeysin üzündə elə bir ifadə vardı ki, əl-qolu boşaldı, bilmədi acıqlansın, ya gülsün. Çar-naçar söz atdı:

       -Ə Qeys, bir sözlə dərdin düzələrsə, de! Amma artıq olmasın ha! - dedi.

       Qeys ayağa durdu:

       -Ay müəllim, lazımdımı?! - soruşdu.

       -Nə lazımdı?! - Hümmət müəllim başa düşmədi.

       -Siz dediz bir söz, mən də bir söz dedim… - Qeys güldü. - İndi icazənizlə bir neçə söz deyim ki, aydın olsun… Olar?

       Hümmət müəllim bu atışmaya qulaq asan tələbələrin yanında məğlub olmaq istəmədi:

       -Bu başqa məsələ! Bir neçə sözlə nəsə izah edə bilərsən! De!

       Qeys astadan dilləndi:

       -Müəllim, bütün bunlar nəyimizə lazımdır?!

       Bunu elə bir faciənə səslə dedi ki, hırıltı auditoriyanı başına aldı. Hümmət müəllim hər nə desən gözləyirdi, bircə bunu yox! Quruyub qaldı.

       -Deyirsən nəyinə lazımdır?! - təkrar etdi.

       Qeys gülüşən uşaqlara tərs-tərs baxdı:

       -Ə, adamsınız, axı! Bir dayanın da! - dedi, - hə də, ay müəllim, biz institutu qurtarandan sonra kimin nəyinə lazımdır ki, bu Koşi yazıq nə deyib. Deyib, deyib də! Onun da yə‘qin yüz dərdi olub, o da başlayıb deməyə. Oğul-uşaq dərdi, çörək dərdi, maşın dərdi… yox, bu yalan oldu; onda maşın yoxdu; fayton idi. O da başlayıb deməyə.

       Hümmət müəllimin səsi batdı. Gözü girdələndi:

       -Oğul, - dedikdə boğazından xırıltı çıxdı, - oğul, bilmirəm, instituta necə gəlib çıxmısan, hansı yolla tələbə bileti almısan, amma yadda saxla ki, elm ocağı ilə insan arasında bir düz xətt durur. İki nöqtədən necə ki, bir düz xətt keçir…

       Qeys onun sözünü istehza ilə kəsdi:

       -Səhviniz var, müəllim, elm ocağı ilə insan arasında kefiniz istəyən qədər düz xətt keçirmək olar, - dedi.

       Bu sözdən Hümmət müəllimin çal saçları biz-biz durdu:

       -Bala, ağlını azmısan, nədir?! - dedi. - Evkliddən bu yana hamı deyir ki, iki nöqtədən bir düz xətt keçirmək olar… sən isə… onlardan ağıllımı çıxdın?1 Bu gün kimi aydın şeydir, daha isbatı gərək deyil. Misalçün iki nöqtə götür, harda istəyirsən, fərqi yoxdur, - dedi və birdən əlini pəncərəyə uzatdı. - O ət dükanını görürsənmi?1 Çox yaxşı. Bax, o ət kötüyünün üstündə bir nöqtə götür. Bu otaqda da birini. Aradan neçə xətt keçir?! Hə?!

       Qeys dayanıb-dayanıb birdən qəhqəhə çəkdi:

       -Müəllim, iş ki o ət kötüyünə çatdı, daha pis. Mənim iynəmə sap saldız. Heç bilirsiniz o kötükdən bizim instituta neçə xətt çəkmək olar?! İstənilən qədər… Deyimmi neçə?!

       Zəng çalındı. Tələbələr isə yerindən tərpənmədilər. Hümmət müəllim auditoriyaya baxdı. Daha heç kimin üzündə təbəssüm yoxdu. Hamı ağzını ayırıb qulaq asırdı.

       -Deyimmi, ay müəllim?! - Qeys bir də soruşdu.

       -De, bala! - Hümmət müəllim köksünü ötürdü. - De!

       -Deyim də! - Qeys başladı barmağlarını bir-bir bükməyə. - O qəssab qurtardımı bizim institutu?! Qurtarıb. Bacısı oxuyurmu bizdə?! Oxuyur. Arvadını, deyirlər, bildir ali məktəbə qoyub. Evlənən kimi. Arvadının fikri vardı qaynanasını da bizim fakültəyə düzəltsin, amma arvadın yaşı aman vermədi. Belə mə‘lum olur ki, çox əqrabası ət kötüyünün kəramətindən bəhrələnəcək. Bu hələ harasıdır? İnstitutun həyətindənki çayxanadan da bura istənilən qədər düz xətt çəkmək olar… Deyimmi, ya lazıım deyil? Qorxuram, təkrar olsun…

       Hümmət müəllim dinmədi, dinmədi, birdən qapıya tələsdi. Çıxhaçıxda qanrılıb qayım səslə dedi:

       -Elə bilirsən iki nöqtə arasında həmişə bir belə xətt keçəcək7! Şübhəm var. Bir gün gələcək iki nöqtədən ancaq bir xətt keçəcək… Gec-tezi var…

       Qeysin ona cavab verəcəyindən çəkinib tez aradan çıxdı.

 

AYIN  AXIRINCI  CÜMƏSİ

 

       Həmişə belədir, elə ki, tələsirsən, ortaya mütləq bir əngəl çıxır. Səhər usta Ağabala yuxudan oyananda radioda səhər konserti gedirdi. Sazda «Dilqəmi» çalınırdı. O, hövlnak saata baxdı, vaxtdan keçdiyini gördü, bərk hirsləndi. Elə «dilqəmi» üstündə arvadın ölüsünü dirisinə qatdı. Bir az da buna vaxt itirdi. Sonra cəld əl-üzünü yudu. Ayaq üstə bir tikə çörək yedi, bir stəkan çay içdi, evdən çıxdı.

       Usta Ağabala özünü verdi avtobus dayanacağına, gördü yaman basabasdır. Başa düşdü ki, yuxuya qalan bircə o deyil. Bundan ürəyi bir az sakitləşdi. Bir-iki maşın qarın vura-vura ötdü. Tünlükdə dayandığından usta Ağabalanı ora itələdilər, bura itələdilər, axır ki, o özünü avtobuslardan birinin içində gördü. Yüz oyun gəldi başına. Ayağını tapdaladılar, düyməsini qopardılar, papğını gözünə basdılar. Usta Ağabala borclu qalan kişilərdən deyildi. Düşəndə o da ayaq tapdaladı, düymə qopardı, hələ desən, dirsəyi ilə göz də çıxartdı. Özünə zavoda saldıqda rahat nəfəs aldı. Gecikməmişdi, dəqiqəsinə söz ola bilməzdi. Onun dalınca keçid bağlandı, kadr şö‘bəsinin Ağabala ilə dabanbasdı gələn işçiləri gecikənlərin siyahısına yazdılar.

       O, tələsmədən sexə girdi. Qapıda sex rəisi ilə üz-üzə gəldi. Rəis bir sütül  uşaqla söhbət edirdi. Usta Ağabalanı görüb uşağı ona tərəf itələdi:

       -Bu da sənin ustan! Zavodun ən yaxşı tornaçısıdır, - dedi və əl verdi, Ağabala ilə görüşdü. - Təhvil al, təzə şagirdindir… Bu gündən işləyir…

       Usta Ağabalanın səhərdən gərilmiş əsəbləri dözmədi, hövsələdən çıxdı:

       -İstəmirəm! - dedi və bığlarını didişdirdi. - Nədir, zavodda məndən savayı tornaçı yoxdur? Ver, onlara da.

       Rəis ondan bunu gözəmirdi:

       -Hələ bir dayan… a kişi, sakit ol… - dedi.

       -Boğazımdan diri ilan da salsan razı olmayacağam. Neçəsin öyrətmək olar?! - Usta Ağabala ayağını möhkəm dirədi.

       -Bunun nəyi pisdir, axı? - Rəis təəccübləndi. - Səni də öyrədiblər də! Ananın qarnından hazır usta çıxmamısan ki?!

       Rəisin sözü tərs şapalaq kimi Ağabalanı tutdu, o, lə‘nət şeytana, -  deyib səbrini basdı. İzah elədi:

       -Vallah, zəhmətimə, vaxtıma heyfim gəlir, - dedi. - Bir ucdan öyrədirəm, dərəcə alırlar, altı ay işləməmiş qaçırlar instituta ya texnikuma. Heç kim sənət dalınca getmir. Üç ildə yeddi şagirdim olub, sexdə biri qalıb, o da tornaçılığın daşını atıb, sürücülük oxumağa gedəcək! Adamı yandırıb tökən də budur da...

       -Daha keçib, bu uşağı da sınaqdan çıxar… - Sex rəisi gülümsədi!

       Usta Ağabalanın qolları boşladı, təslim oldu. Uşağa başı ilə işarə edib, getdi soyunmağa. İş paltarında  qayıdıb, küncdə dayanan dəzgahına yanaşdı. Yox, onunku bu gün gətirmirdi.

       Əhməd on-on beş hissəni yontalayıb qoymuşdu yan-yana. Usta bunu görüb gözü çıxdı kəlləsinə. Yanında gələn təzə şagirdini unutdu, qışqıra-qışqıra qaçdı:

       -Əhməd, bala, əl saxla! Əl saxla!  - dedi və tövşüyə-tövşüyə çatıb soruşdu. - Bu oxları sənmi hazırlamısan?

       Əhmədin dişləri sevinclə ağardı:

       -Əlbəttə! - dedi. - Bir saat tez gəlmişəm ki, bu gün rekord vuraq.

       O, peşə məktəbini qurtarmışdı. Bir aylığa usta Ağabalanın hamiliyinə verilmişdi. Gələn aydan müstəqil işləyəcəkdi. Ustanın beli büküldü, alnını övkələdi, inildədi. Əhməd bunu görüb qorxdu:

       -Nə oldu sənə, usta? - soruşdu. - Başın ağrıyır?

       -Ay zalım, sən mənim ciyərimi pörşələtmisən, soruşursan «nə olub!»

       -Əhməd daha bərk qorxdu. Yazıq uşaq yuxusuna haram qatıb gəlib işləməmişdi ki, ustasını sevindirsin, o isə…

       -Axı, nə olub? - soruşdu.

       -A bala, bəs bilmirsən, bu gün cümədir?

       -Bilirəm! - Əhməd çəkinə-çəkinə dilləndi. - Cümədir də! Həftənin beşinci günüdür…

       -Bəs, bilə-bilə cümədir, bu nə hoqqadır çıxarırsan? - Usta Ağabala ona hirsli-hirsli baxdı. - Belə də iş görərlər?

       Əhməd and-aman elədi:

       -Ay usta, vallah, hər günkü kimi işləmişəm. Nəyi pisdir, axı? - dedi və əlini hissələrə çırpdı. - Bax, bu dünənki hissədir, sən hazırlamısan, bu da bugünkü. Bunları adam bir-birindən ayıra bilmir.

       Usta ah çəkdi:

       -Əhməd, bala, - dedi, - dunənki dunəndə qaldı, sən bu gündən danış. Əslində, qaydaya görə, hissə yonulanda hər keçiddə sulanmalıdır, yağlanmalıdır, sən bunu etməmisən. Kəski hər keçiddən sonra itilənməlidir, sən itiləməmisən. Daha onu demirəm ki, bu cür böyük sür‘ətlə işləmək olmaz. Bu səninçün yumşaq metal deyil, titan qarışığıdır…

       Əhməd əlacsız qalıb əllərini yana açdı:

       -Nə bilim, usta. - Dedi. - Mən gələni bir aydır, həmişə necə işləmişik, bu gün də elə… İndi nə olsun, axı?

       -Evin tikilsin, oğul yiyəsi! - deyə usta bağırdı. - Ə, bu niyə qanmır! Bu gün ayın axırıncı cüməsidir…

       Əhməd birdən özündən çıxdı. Tanımadığı bir adamın yanında onun üstünə qışqıran ustasına bozardı:

       -Əşi, olsun da, qoy cümə olsun! - dedi və iti burnu xoruz pipiyi kimi qızardı. - Mənim günahım nədir, axı, söyüb-söylənirsən?

       Usta Ağabala səsi qırıla-qırla dedi:

       -Bala, hər ayın axırıncı cüməsi sexdə keyfiyyət günü keçirilir. Keyfiyyət günü, bala, yadda saxla! Belə gündə keyfiyətsiz məhsul vermək lap biabırçılıqdır. Vicdan da yaxşı şeydir, axı! İndi gör, sən neynəmisən! Söylənməyim, nə edim?! Günaha batırdın məni!

       Əhmədin ağzı açılı qaldı.

 

«QƏRƏNFİL-2»

 

       Kərkiyev düz iyirmi ildi ki, sürücülüyün daşını atıb avtomobil müfəttişi işləyirdi. İste‘faya çıxmağına beş il qalırdı. Dörd övladını ayaq-baş etmişdi, qalırdı axırıncısı, onu da iste‘faya çıxana qədər ev-eşik sahibi edəcəyinə gümanı vardı. Bu ümidlə günəş çırtdamamış yerindən qalxır, motosikletinə minir, işə yollanırdı.

       Bu gün onu saat doqquzda idarəyə çağırmışdılar. Rəis qanını qaraltmışdı. Gün günorta yerinə qalxsa da, hələ də Kərkiyev özünə gələ bilmirdi.

       -…Serjant, qadası, - deyə rəis qapıdan içəri girən Kərkiyevə baxmadan demişdi. - İki ildir dözürəm, götür-qoy edirəm, axır belə bir qənaətə gəlmişəm ki, səninlə bizimki çətin tutsun…

       İyirmi səkkiz yaşlı rəisin qarşısında mil dayanan qırx səkkiz yaşlı Kərkiyevin uzun çənəsi getdi kitelinin dik yaxalığına.

       -Başına dönüm, yoldaş rəis, - deyə kəkələdi, - nə günahın sahibiyəm? İşə vaxtında gəlirəm,  vaxtında gedirəm, söz gəzdirmirəm. İnsafla iş görürəm, sahəmdə bir kişi məndən narazı deyil. Bir adamın toyuğuna kiş demirəm, bir…

       Rəis qızılgül kimi təravətli üzünü bozartdı:

       -Kəs, a kişi! Bir kişinin toyuğuna kiş demirəm! - deyə onun ağzını əydi. - Evi tikilmiş, sən nəinki toyuğa, hətti sahibinə də kiş deməlisən də! Bu sənin vəzifə borcundur. İyirmi ilin müfəttişisən, bircə sürücünün də vəsiqəsini almamısan! Bir adam da səndən şikayət etmir ki, sən onun talonunu deşmisən! Bu harda görünüb, axı! Şö‘bənin bütün müfəttişlərindən şikayət var, bir səndən başqa. Ayda on-on beş manat cərimə edirsən. Başqaları üç-dörd yüz cərimə talonunu bir həftədə təhvil verir… Belə də işləmək olar?!

       Kərkiyev bu cərimə söhbəti altında nə gizləndiyini yaxşı bildiyindən başını aşağı saldı. O, yaxın ətrafda rəhmli müfəttiş kimi ad çıxartmışdı. Rəis daha qayım səslə yekun vurdu:

       -Serjant, belə mə‘lum olur ki, ya düzgün qulluq eləmirsən, ya da əlindən bir iş gəlmir, yə‘ni bacarıqsızsan. Hər iki halda xudahafizləşməməli olacağıq. Əlbəttə, bir-iki həftəyə düzəlsən heç, qalırsan…

       Kərkiyev astadan pıçıldadı:

       -Yoldaş rəis, mən axı, bu yollarda baş ağartmışam.

       Rəis eyni pıçıltı ilə məhrəm bir səslə:

       -Serjant, əzizim, bəs mən nə deyirəm?! - dedi. - Biz səninlə bu yollarda can qoyuruq… yol qaydalarını pozanların heç vecinə deyil. İyirmi ilin müfəttişisən, sənin kimisinə cip-cip öyrətməyəcəyəm ki! Dünən idarəmizdə işləməyə başlayan cahıl-cuhul, yola çıxan kimi şoferlərin canına vəlvələ salır. Kimini cərimə edir, kiminin vəsiqəsini alır, kiminin talonunu deşir. Həm bizim başımızı rəislərin yanında uca edir, həm də öz başını! Get, papağını qoyarsan qabağına dediklərimi götür-qoy edərsən… Yollar hərəkət qaydalarını pozanlarla doludur… Qarnını doldurub oturular sükan arxasına…

       …Kərkiyev motosikletini şosenin ortası ilə sürürdü. Rəislə söhbətdən sonra başında dünya-aləm bir-birinə qarışmışdı. Asta-asta irəliləyirdi, yanından o üz-bu üz ötüşən maşınlara fikir vermirdi. Onsuz da, uzaqdan sarı motosikleti görən şoferlər mələk qılafı taxır, onun yanından bütün avtomobil müfəttişlərini heyrətə salacaq nizamla keçirdilər. Nə bir fit verən vardı, nə bir ötüşən. Hamı da qayış bağlamışdı.

       Arabir yağış çiləyirdi. Payız qapını haqlayırdı. Kərkiyevi dərd götürdü. Evin kiçiyi üçün yer götürmüşdü, ev tikdirirdi. Dünən axşam gətirilən sement kisələri bayırda qalmışdı. İslanacaqdı. İstədi qayıdıb evə getsin, sonra əlini yellədi:

       «- Cəhənnəmə ki! Müftə gələn şeyin axırı belədir də! Nə olar olar!» - fikirləşdi və kefi duruldu. Dünən sement aparan bir maşını saxlayıb on kisə sement istəmişdi. Şofer də əlüstü aparıb boşaltmışdı. Kərkiyev soruşanda ki, bunun haqqı nədir? Şofer gülümsəyib sürüb getmişdi. Hər ikisi bilirdi ki, bu havayı söhbətdir. Onların haqq-hesabı axır-zamana qalır. Bu da uzaq gələcəyin işiydi. Yaxın vaxtlarda isə şoferin mənfəəti o idi ki, daha bir kişi bu həndəvərdə onun maşınını saxlamayacaqdı… Bu, hər ikisini razı salırdı…

       Birdən qəbuledici xışıldadı, asqırdı, öskürdü, anlaşılmaz səslər yığınından sonra aydınca bağırdı:

       -Mən «Qərənfil- Birəm». Mən «Qərənfil-Birəm». Qəbul!

       -Eşidirəm «Qərənfil-1». Mən «Qərənfil-İkiyəm». Qəbul!

       -Həştad beş altmış… aqa nömrəli qırmızı rəngli… «Jiqulini» dayandırın…

       Kərkiyev sür‘əti azaltdı, diqqətini topladı:

       -Hansı?! Hansı?! Həştad beş altmış altı?! - soruşdu.

       Amma əlaqə kəsilmişdi. Kərkiyev yenidən «Qərənfil-Biri» çağırmağa macal eləmədi. Qarşıdan qırmızı rəngli bir «Jiquli» gəlirdi. Nömrəsinə baxdı: 85-66 idi. Dərhal mikrofonu qoşdu:

       -85-66, maşını dayandırın…

       «Jiqulinin» sürücüsü müfəttişi görən kimi qazdan çəkdiyi ayağını əyləcə basdı. Maşını yolun qırağına verdi, aşağı düşdü. Kərkiyev motosikletini hərləyib onun arxasında saxladı, əlini papağına apardı, təntənə ilə dedi:

       -Yol hərkəti təhlükəsizliyi müfəttişi Kərkiyev!

       «Jiqulinin» sürücüsü də artistsayağı əlini gicgahına atdı:

       -Xırdavat mallar mağazasının müdiri Ağagül! - dedi və gözünə tökülən yumşaq saçlarını geri daraqladı.

       -Sənədlərini görüm! - Kərkiyev qaşqabağını tökdü.

       -Buyur! - Ağagül qoltuq cibindən çıxartdığı sənədləri ona uzatdı. - Günahımı desənə…

       Kərkiyev sənədləri plaşının cibinə dürtdü:

       -Postdan keçəndə neynəmisən?! - soruşdu.

       Ağagül qəhqəhə çəkdi:

       -İnspektor, lap fontan edirsən ha! Burdan postu necə gördün?!

       -Radio ilə xəbər veriblər! Yəqin qaydanı pozmusan da…

       -Ola bilər! - deyə Ağagül dərhal razılaşdı və cibindən bir qırmızı onlq çıxartdı. - Cərimə elə, Kərkiyev, bir də eləmərəm… Amma tez ol, tələsirəm…

       Kərkiyev onun əlini rədd elədi və qəbuledicini qoşdu:

       -«Qərənfil-Bir», «Qərənfil-Bir». Mən «Qərənfil-ikiyəm». Qəbul…

       -Eşidirəm! «Qərənfil-Bir» eşidir.

       -Dediyin həştad beş altmış altını saxlamışam. Neynəyib?

       -Ə, Kərkiyev! - deyə postdan ona acıqlandılar. - Qulaqdan, deyəsən, o söz! Sənə həştad beş altmış yeddini demişəm. Altmış altını yox?! Qandınmı?! Qəbul!

       -Qandım… Sağ ol!

       Kərkiyev danlaqdan tərləmişdi. Qulaqlığı yerinə qoydu, hirslə xırdavat malları mağazasının müdirinə çığırdı:

       -Dolamısan məni?! - dedi. - Deyir, qaydanı pozan sən deyilsən. Tutuquşu kimi «Ola bilər, ola bilər»  salmısan elə…

       -Bəs, nə deyəydim, a kişi?! - Ağagül soruşdu.

       -Günahsız gərək desin: «Günahsızam!» Bildin?

       Ağagül təbəssümlə başını buladı:

       -Harda görünüb, axı, sürücü müfəttiş deyənin əksini desin?! Mübahisə düşəcək, talon deşiləcək! Kimə lazımdır?! Yaxşısı budur, qanqaralıqsız işi yöndəmə salasan. Bax, indiki kimi!

       Kərkiyev bu məntiqin qarşısında yumşaldı:

       -Az aşın duzu deyilsən ha! - dedi. - Deyirsən, qaydanı pozmamısan?! Bu gün elə düz gedib, düz gəlmisən?!

       Ağagül diqqətlə ona baxdı:

       -Adə, sən deyənə zaval yoxdur, - dedi. - Axır söz sənindir. Sənədlərim cibində, yaxam əlində, hara desən getməliyəm! Çünki ixtiyar sahibisən. Qaydanı pozmusan deyirsən, deməli, pozmuşam. Sən boyda kişi ilə çənə bazarına çıxmayacağam ki: - deyə oğlan istehza ilə qımışdı. - Al bu pulu, cərimə elə, çıxım gedim. Qalığın qaytarmasan da olar…

       Kərkiyevin içərisində nəsə tərpəndi, sənədləri oğlanın üstünə vızıldatdı:

       -Qoy pulunu cibinə, qırışmal, - deyə bağırdı, - basaram əlli-ayaqlı gedərsən! Öyrəşmisiz hər əlini qaldıran müfəttişi «yağlamağa». Aləmi kor qoyursuz, orda-burda da dalımızca danışırsınız. Kişisən, axı! Günahın yoxdursa, mübahisə elə, haqqını qoru…

       Xırdavat mallar mağazasının müdiri dal-dalı maşınına sarı getdi. Üzündə arsız təbəssümün yerində bir təəccüb donmuşdu.

       Kərkiyev uzaqlaşan maşının arxasınca baxa-baxa mızıldandı:

       -Elə deyir, talon deş, vəsiqə al, cərimə elə! Niyə, axı? Düşmən ha deyillər ki, bu sürücülər! Adamdırlar da! Elə bu xırdavatçını götür! Gəda olmağına gədadır, amma qaydanı ki, pozmayıb. Adamın insafı heç qəbul edərmi beləsinin talonunu deşəsən, vəsiqəsini alasan, ya da cərimə edəsən?!

       O, kiminsə qarasınca deyinə-deyinə motosikletinə mindi, işə saldı və şosenin ortasına çıxdı.

 

 

ABŞERON   BAĞLARININ   GECƏLƏRİ

 

       Dostu Məhəmmədi yaxşı qarşılamışdı. Möhkəm yeyib içəndən sonra uzun əhvallaşma, otağı başına götürən «yadındamı» sədaları altında yada salınan köhnə tanışların qeybəti gecə saat birə qədər çəkmişdi. Məhəmmədi bu otağa ötürən ev sahibi ayaqları bir-birinə dolaşa-dolaşa çıxıb gedəndən sonra o, tək qaldı. Soyundu, yorğun halda özünü çarpayıya saldı. Ağır yuxuya getdi. Məhəmməd hələm-hələm gecələr oyanmazdı. İndi isə bir az da içmişdi. Gecənin bir aləmində o dik atıldı. Pəncərə zərblə döyülürdü, « - Ay Məsmi» - harayını elə bil qulağının dibində çəkirdilər. Qonaq ayaqlarını çarpayıdan salladı, masaüstü lampanın zəif işığında döyükdü. Ürəyinə dolan qara-quradan bilmədi neynəsin. « - bu nə işdir? - Məhəmməd tüklü sinəsini xarta xart qaşıdı. Kimdir pəncərəni döyən? Bay, bay! Sındı ki! Açım, ya açmayım? Bir az da belə getsə, şüşələr tab gətirməyəcək… Dostumun gəlhagəlidir, qonağı gəlir… Deyəsən, bu məndən də üzlüdür, hır-zır qanmır…» - fikirləşdi. Daha dözmədi, qalxdı, pəncərənin bir layını açdı, burnunu dəmir barmaqlığa söykədi, gözünü ala-toranlığa dikdi. İki addımlıqda dayanan adam aydın seçilirdi. Səksəkə ilə soruşdu:

       -Ay adam, kimsən?

       -Salam, qədeş. - Ala-toranlığda dayananın dişləri ağardı.

       -Nə? Hə… Salam.

       Məhəmməd bir az sakitləşdi. Dəm də olsa başa düşürdü ki, ona salamatlıq arzulayandan qorxmağı əbəsdir. Mülayimliklə soruşdu:

       -Qapını qoyub, pəncərəni niyə döyürsən?

       -Qədeş, o bir balamın ölmüşü, qapını yarım saat döymüşəm. Gördüm, səsə çıxan yoxdur, başladım pəncərəni tıqqıldatmağa…

       Səhərin ayazı yavaş-yavaş Məhəmmədin dəmini-mürgüsünü dağıdırdı.

       -Kim lazımdır? - soruşdu.

       -Yuxuva daha haram qatmışam da, zəhmət olmazsa, iki araq ver, çıxım gedim… Qonaqlarım bağda tək qalıblar.

       -Nə? Araq? - Məhəmməd quruyub qaldı.

       -Hə də! - Bayırdan eşitdi. - Mənim çaxırdan zəhləm gedir, konyakdan isə taxtabiti iyi gəlir. Yenə can qurban arağa.

       -Bu evdə araq satılır? Səhv eləmirsən? - Məhəmməd bunu ondan soruşanda fikri yüz yerə getdi.

       -Yox, qədeş, bu boyda səhv olmaz. Qəsəbədə bircə alabəzək qapı var, o da budur. Elə bilirsən kefliyəm, hə! Canınçun, yox! İçmişəm, amma kefli deyiləm. Sən canın, məni əliboş qaytarma, sorağını eşidib gəlmişəm… - Ala-toranlıqda dayananın kefi, doğrudan da, əla dağda olsa da, çox sərrast danışırdı.

       Məhəmməd pis-pis fikirləri rədd elədi başından: « - Yox, canım, dostum hara, araq alveri hara?!» Üzünü ovuşdurdu, səsini qaldırdı:

       -Səhv edirsən, burda araq satılmır, - dedi.

       -Daha mənə yox da! - Həmsöhbəti xırıltılı səslə danışsa da, cavan olduğu bilinirdi. Yalnız bu yaşda adam belə inad olur. - Deyirlər, beşdən sonra hamı arağı burdan alır, indi nə oldu, bizə çatanda, Kürün çeşməsi qurudu?

       Məhəmməd işi sakitliklə yöndəmə salmağa çalışdı. Gülə-gülə:

       -Qardaş, o söz, bir az içmisənmi? - soruşdu.

       -Elədir, üstünü düzəltsəm pis olmazdı…

       -Bir az da mən içmişəm… Daha içdiyimizi burnumuzdan gətirmə də, yeri get, evdəkiləri də narahat eləmə. Həvəsdi bəsdi! Bu qapı axtardığın qapı deyil…

       -Yaxşı da! - Həmsöhbəti onu dilə tutdu. - Şüşəsin yeddi manata vermirsən? Buyur, iyirmi manat, iki araq ver…

       Oğlan yavaş-yavaş təbdən çıxan Məhəmmədə dovtələbliklə baxdı, bir addım atıb onunla burun-buruna dayandı və araq qoxuyan nəfəsini Məhəmmədin üzünə verə-verə düdüləyib tökdü:

       -Adə, qorxma, özgəsi deyiləm, stansiyadan bir az aralıdakı bağda oluram. Bəlkə eşitmisən, professorun bağı? Bax, ordan. Keçənlərdə professor ailəsi ilə gəlirdi, indi bağı bağışlayıb qızına, qızı da olub arvadım… Professora nə var ki! Bir bağı da Bilgəhdədəir. Hə, bu gün axşamüstü qonağım gəlib. Bir-iki şüşə varımdı. İçmişik, yenə istədilər. Özgəsi olsaydı salardım qapıdan bayıra, dalından da bir təpik! Amma bu rəisimdir, gələcəyim ondan asılıdır. İki cüvanazən də yanında. Kişi ərk eləyib kefə gəlib. Arvadım inciyib, girib otağına, çıxmır bayıra: « - Sən buranı nəxanaya çevirmək istəyirsən?!» - deyinir. Axmaq qızı ağlına vurmur ki, bu rəisdir, cəmi işlərim ondan asılıdır. İndi kabab soyuyur, Məclisə su ələnir, sən də qoymusan özünü naza… Al iyirmibeşliyi, iki araq ver, gedim…

       Məhəmməd bu uzun əhvalatdan bir şey qanmadı, amma söhbət təzədən arağın üstünə gələndə şabalıd kimi partladı:

       -Evin tikilsin, annamaz! Dedim…

       -Annamaz özünsən! - Gecənin araq ölüsü də səbrini itirdi.

       -Aralan pəncərədən, örtürəm! - Məhəmməd qeyzləndi.

       -Ay örtdün ha! - Araq ölüsü əlini dayadı çərçivəyə. - Çopur haramzadə! Allah bilib elə, sənə arvad adı qismət edib! Məsmi!

       Məhəmməd özünü itirdi. Bu dəmkeş oğlan ala-toranlıqda onun çopurlarını necə gördü?1 Gecənin araq ölüsü bilmirdi ki, qabağında dayananın ən ağır yeri üzüdür. Qırx ildi bundan əzab çəkirdi. Ev sahibi bir tuman-köynəkdə özünü içəri salmasaydı, kim bilirdi, özündən çıxmış Məhəmməd neynəyəcəkdi.

       -Məhəmməd, nə olub? - soruşdu.

       -Nə bilim, əşi, biri qəmiş olub ki, araq ver. Deyirəm… Ev sahibi cəld pəncərəyə yanaşdı:

       -Əmioğlu, darvazanı döy, araq onlardadır… - dedi.

       -Bu…bu Məsminin evi deyil?! - Səsindən mə‘lum oldu ki, bayırda dayanan da pərt olub.

       -Yox ey, yox! Darvazanı döy! - Ev sahibi səbirlə dilləndi.

       -Döyürəm də, açan yoxdur, axı!

       -İndi mən günahkaram açmırlar? - Ev sahibi çımxırdı.

       -Bağışla, qədeş. - Araq ölüsü üzrxahlıq elədi. - Hay-küyə görə bağışla. Günah bu dilbilməzdədir, bayaqdan desəydi səhvsən…

       -O da sənin kimi qonaqdır, incimə, bu aradakıları tanımır… Gecən xeyrə!

       Ev sahibi pəncərəni örtdü. Məhəmmədin dili açıldı:

       -Bu nə işdir, qardaş? - soruşdu.

       -Yat, səhər danışaram…

       -Onsuz da yuxum qaçıb. Danış.

       Ev sahibi qonağın arzusunu yerinə yetirdi. Yanını çarpayının qırağına qoydu, başladı:

       -Məhəmməd, qəsəbəmiz kiçikdir, bircə mağazası var. Saat beş oldu bağlanır. Qışda bu yerlərdə adam az olur. Camaat da öyrəncəlidir, nə lazımsa ertədən alır… Yay gələndəsə, iş dəyişir. Bu yanlar Abşeronun gözüdür, hər tərəf bağlardır. Təmiz havası, günəşi can dərmanıdır, torpağı da qızıldır. Ətrafımızda xeyli bağ var. Yay gələndə burda adam əlindən tərpənmək olmur.

       -Dost, baş alıb hara getdin? Sən Məsmi xanımdan danış! - Məhəmməd onun yadına saldı.

       -Elə onun üstünə gəlirəm… Evimiz onda yıxıldı ki, bir xoş şənbə günü Məsmi öz oğluna toy elədi. Məclis üçün aldığı arağın əllisi artıq qaldı. Səhəri bazar günü idi, mağaza bağlıydı, araqları qaytara bilmədi. Qonum-qonşunun cahıl-cuhulu, qonaq-qarası olan daha uzağa getmədi, Məsmiyə üz tutdular. Sonra arvad and içirdi ki, bir gün bir axşama əlli araq satıldı… Öz qiymətinə. Bu təcrübədən sonra mənim qara günlərim başladı. Onun evi döndü növbətçi dükana. Məsmi arağı öz qiymətinə alır, iki manat artığına satır… Bağlardan tökülüb gələnlər isə, hərdənbir, bu axşamkı kimi, bizə konsert də verir… Məsminin bayır qapısı pəncərəmizin tuşundadır, tanımayan səhv salır. Baş-beynimiz gedir. Şikayət edəsən, necə edəsən! Davaya çıxasan, necə çıxasan?! Arvaddır.…

       …Məhəmməd bir neçə vaxtdan sonra dostunu yada saldı, məktub yazdı. O, əhvalatı yada salıb dostuna sataşmışdı: « - Qonşun Məsminin arağı yenə boldumu?!» Cavab məktubunu alanda xeyli güldü. Dostu yazırdı: « - Məsminin alveri daha da rəvac tapıb! İndi qovrulmuş günəbaxan tumu da satır! «Məsmi» - harayından qulağımız batır…»

 

 

NAĞIL  GECƏSİ

 

       Qəsəbədə bircə kombinat vardı. Onun da darvazasının keçidini Əyyub dayısız təsəvvür eləmək çətindi. Çox adamın ona işi düşdüyündən yaxın ətrafda onu tanımayan yoxdu. Sehrli qapılar ixxtiyarında olduğundan bir adam yanından salam-kəlamsız ötməzdi. Kombinatın direktoru da onunla ikiəlli görüşərdi. Amma bu məhşurluqdan Əyyub dayının qoltuğunun altı qarpızlanmışdı. E‘tibar olunan işi sərrast görürdü. Bircə dəqiqə də kombinatdan aralanmazdı. Axır vaxtlar arvadının da, qızının da adı keşikçi yazıldığından kombinat keçmişdi Əyyub dayının ixtiyarına, kişi gecə-gündüz qapıda olardı.

       Amma keçən həftə rəis onu fikrə saldı. Əyyub dayını kənara çəkdi, dedi: « - Dayı, həvəsdi bəsdi, gərək bir keşikçi yerindən vaz keçəsən! Bir nəfər adam var, işə götürmək istəyirəm. Necə baxırsan? Məsləhətin nədir?» Əyyub dayı uşaq deyildi. Rəisin qırımından  başa düşdü ki, ona məsləhət-filan qandırmaq mümkün deyil, mübahisə etmədən razılaşmaq lazımdır. Bircə bunu soruşmuşdu ki, kimdir o adam, e‘tibar etmək olarmı? Rəis də bircə kəlmə ilə: « Qohumdur!» - cavabını vermişdi. Əyyub dayının çiçəyi çırtdamışdı: « Arxayın ol, nəçənnik, ürəyini buz kimi saxla! Sənin qohumun - gözümün işığı! Kefin istəyən kimi ona hər şeyi başa salacağam. Bu mənim borcumdur. Havayı yerə altmış beş il ömür eləməmişəm ki! Bildiyimi də qəbrə aparası deyiləm. Gərək cavanlarımızı öyrədək də…!» Keşik rəisi razılıqla gülümsəmişdi.

       Saat altıda deyilən adam gəldi. Əyyub dayı taxtda yerini rahladı, keşik otağının qapısı ağzında quruyub qalmış oğlanı eynəyinin altından süzdü, astadan dedi:

       -Gəl keç, həmkar! Utanma daha!

       Oğlan irəli keçdi. Sobanın yanındakı kətili çəkib oturdu. Əyyub onun adını soruşdu. Oğlan dedi. Qoca dikəldi, əlini qulağının dibinə qoyub:

       -Eşitmədim, - dedi, - bərkdən desənə!

       Oğlan var səsi ilə çığırdı:

       -Adım Alxandır, Alxan!

       Əyyub dayı başını geri atdı, tərs-tərs oğlana baxdı, hirslə:

       -Daha niyə bağırırsan ki?! Şükür allaha, kar-zad deyiləm ki! Düzdür, bir az ağır eşidirəm, bu da qocalıqdandır. Mənim yaşıma çatarsan, onda bilərsən! - dedi.

       Alxanın alnını tər basdı, utana-utana:

       -Bağışla, ay dayı, - dedi.

       Əyyub dayı yumşaldı, hıqqıldayıb təzədən böyrünü yastığa dayadı. Kişinin altmış beş yaşı vardı. Təqaüdə çıxana qədər daş karxanasında yükçü işləmişdi. Söz düşəndə deyirdi ki, o qədər otuz iki kiloluq «kubik» kəsmişəm, o qədər o daşlardan  yükləmişəm, üstündən on il keçsə də gözümə sataşanda göbəyimin altına dolur. Amma yalan deyirdi, bu neçə vaxt keşikçiliklə ev-eşiyini qaydaya salandan sonra canının ağrısı keçmişdi. İnstitutda oxuyan ekiz oğlanlarının hərəsinə bir maşın alıb bağışlayandan sonra isə kişi gözkərəsi cavanlaşmışdı, yükçülük vaxtı əyilmiş beli dikəlmişdi. İndi yanaqları «Qızıl Əhməd» alması kimi işım-işım parıldayırdı. Düzdür, dörd qızını köçürəndə bir şeyi yoxdu ki, onlara verəydi, amma oğlanları üçün ayrı-ayrı kooperativ ev tikdirirdi. Bilirdi ki, ali məktəbi qurtarandan sonra yazıqlar aldıqları yüz iyirmi manatla yerlə-göy arasında qalacaqlar, o ölüb, gedəndən sonra haraylarına çatan da olmaz.

       Qoca Alxana buyurdu:

       -Zəhmət çək, o sobaya bir az xod ver, nəmişlik olan kimi başlayır ayaqlarım sızıldamağa.

       Alxan əlini uzatdı, açarı burdu. Qaz sobası başladı nağara kimi dumbuldamağa. Əyyub dayı ətrafına göz gəzdirdi, deyindi:

       -Bilmirəm, bu sovxa müştüyü hara qoymuşam… Sinəm lap qovşurulur…

       Alxan daha təbəssümünü saxlaya bilmədi, qalxıb dolabçanın üstündəki müştüyü götürdü, dinmədən qocaya uzatdı. Sonra da yerini dəyişdi. Sobanın istisinə daha dözə bilmədi. İçəri bürkü idi. Əyyub dayı isə «Prima» nı müştüyə taxıb, bir dərin qullab vurdu, toxtaq səslə başladı danışmağa:

       -Tələbəsənmi, bala?

       Alxan başını tərpətdi.

       -Yaxşı edirsən oxuyursan… Mənim də iki kiçik oğlum tələbədir. Gündüz?

       Alxan başı ilə təstiq elədi.

       -Bizdə, axı iş sutka ilədir?

       -Rəis dedi ki, sizinlə danışım, razılığınızı alım. Siz gündüz, mən gecələr keşik çəkim. - Alxan gülümsədi. - Dedi ki, Əyyub dayı qızıl kimi bir adamdır, ürəyi yumşaqdır. Hər şeyi ona danışsan razı olar…

       Əyyub dayının bığının altı güldü:

       -Yaxşı tapmısız kövrək damarımı! - dedi. - Yaxşı, danışdıq! Bala, bildiyimi mən qəbrə aparmayacağam. Necə ki keşik rəisinə demişəm, işimizin çik-bikini sənə yerli-yerində öyrədəcəyəm. Gərək elə edəm ki, ali məktəbi qurtarana kimi səni yola verim. Eybi yoxdur, bala, bir az döz, yuxuna haram qat, pul əlinə sel kimi axacaq… Qorxuram, bir-iki ildən sonra keşikçiliyə elə alışasan ki, məktəbi qurtarandan sonra  çıxıb getmək istəməyəsən… İndi isə dur gedək, sənə kombinatı göstərim…

       Saat yeddi idi. Payız təzə girmişdi, havalar sərin keçirdi. Xırda-xırda yağış çiləyirdi.

       Kombinatın işıqları hələ yandırılmamışdı, toranlıqda ətraf yaxşı görünmürdü. Alxan bir az Əyyub dayının ardınca irəlilədi. Sonra ağlına vurdu ki, qocanın gözləri pis görür, yıxılıb-eləyər, onu ötdü. İki-üç addım atmamışdı ki, Əyyub dayı onun qolundan tutdu:

       -Bala, yıxılarsan! - dedi. - Bu arada taxta yığılıb.

       Alxan yerində qurudu, doğrudan da az qala taxta qalağının üstünə çıxsın. İxtiyarsız dilləndi:

       -Dayı, demə lap nahaqdan gözlərindən şikayətlənirsn. Qırğı kimi görürsən…

       Əyyub dayı nıqqıldadı:

       -Hardan, bala, - dedi, - gündüzlər az-çox seçirəm. Axşamlar elə qarasına gedirəm.

       Alxan inanmadı:

       -Bəs, taxta qalağını necə gördün?

       Əyyub dayı pıqqıldadı:

       -Eh, ay bala, bəs, yaddaş nəyə lazımdır?! - dedi. -Gündüz sex rəisinin bunları bura yığdırdığını görmüşdüm. Elə-belə taxta deyil, mebel hissələridir. Azından beş altı şifonerlikdir.

       Əyyub dayı sonra geniş həyətin ortasında dayanıb, gözü artıq toranlığa alışmış Alxana göstərdi:

       -Bu mebel yığma sexidir. O yandakı tikili - preslənmə sexidir. Taxta yonqarlarını burada presləyib, üzləyirlər, laklayırlar. Ondan da o yanda şifer sexidir, qaralır. Plastik şiferlər var ha, ondan qayırırlar. Yaxşı şeydir, evdə-eşikdə istifadə eləmək olmur. Rənglidir, satışda yoxdur, bir verstlikdən gözə dəyir. Bu mexaniki sexdir. Dəzgahları tə‘mir edirlər. Bu güzgü sexidir. İnşallah, toy eləyəndə, bir yekəsini sifariş edərsn… Bu şirpotreb sexidir… Nərdtaxta, çörək qabı, nə bilim daha nə, xırda-mırda şeylər düzəldirlər. Hədiyyə vermək istəsən, utanmadan yaxınlaşarsan oranın rəisinə, verər.

       Onlar kombinatı xeyli dolanandan sonra qayıtdılar. Əyyub dayı taxta uzandı, pəncərənin qabağından bir kitab götürdü, başladı oxumağa. İki varaqdan sonra onun xorultusu gəldi. Alxan Əyyub dayının sinəsi üstünə düşmüş kitabı götürdü, gördü «Min bir gecə» nağıllarıdır. Bekarçılıqdan başladı mütaliə eləməyə.

       Bir saat keçdi. Darıxdı. Kitabı qatladı. Çıxdı eşiyə. Kombinatın işıqları yanırdı. Ətraf  aydınlıqdı. Yağış da dayanmışdı. Həyəti dolanmağa başladı. Birdən uzaqdan mebel sexinin həndəvərində iki nəfərin arabada nəsə apardığını gördü. Sinə-sinə yaxınlaşdı. Arabanın hasara tərəf irəlilədiyinə diqqət verdi. Alxan bilmədi neynəsin. Hasarın dalından maşın motorunun səsi gəldi. Dərhal da kəsildi. Hasarın üstünə iki nəfər qalxırdı. Alxan birdən əlini atıb yerdən bir taxta götürdü:

       -Ey, kimsiniz?! - qışqırdı.

       Onlar dayandılar. Biri əl arabasından aralandı, binanın kölgəsindən çıxan Alxanın çaydaq cüssəsinə diqqətlə baxdı:

       -Biz bizik! - güldü. - Bəs, sən kimsən?

       -Mən keşikçiyəm… - Alxan özünü itirmiş halda dedi.

       Enlikürəkli kişi təəccübləndi:

       -Yox, əşi?! - dedi. - Bəs, Əyyub dayı hanı?

       -Otaqda yatır…

       Kişi bərkdən güldü:

       -Eləsə, sən də get yat! Bizi Ələmdar göndərib. Əyyub dayının hər şeydən xəbəri var. İşinizdə olun, adə.

       Axırıncı söz arabanı aparıb, hasara söykəyənə aid idi. Alxan bir anlıq bilmədi nə eləsin. Hasarın üstündə dayananlar aşağıdan ötürülən mebel hissələrini o yana verirdilər. Belə mə‘lum olurdu ki, onlar dörd deyil, beşdilər. Birdən hirs vurdu Alxanın başına:

       -Dayanın! - çığırdı, - mən qoymaram kombinatı qarət edəsiniz!

       Yekəpər kişi yarı yoldan qayıtdı, qeyzlə:

       -Kəs səsini, dılğır! - dedi. - Kimdir qarətçi?! Bu saat boğazını cücə kimi üzərəm.

       Alxanın üstünə yeridikdə arxadan Əyyub dayının səsi gəldi:

       -Dayan, a kişi, - dedi, - bu bizim təzə keşikçidir. Nə hay-küy salmısan?!

       Yekəpər kişi dayandı:

       -Əyyub dayı?! - dedi, - əşi, gəl çıx da! Avara eləyib bizi!

       -Yaxşı edir! - Əyyub dayı yaxınlaşdı, Alxanın qolundan tutdu. - Niyə indiyə qədər gecikmisiniz?! Saat altıya danışmışdıq, axı! Yaxşı, biz gedirik, daha yubanmayın!

       Əyyub dayı yekəpərin cavabını gözləmədən Alxanı çəkə-çəkə apardı. Alxan birdən ayağını yerə dirədi:

       -Deyirsən, ay dayı, oğurluğa göz yumaq? - soruşdu.

       -Nə oğru-oğru salmısan ey?! - Əyyub dayı deyindi. - Öz işçiləmizdir. Sex rəisinin də, direktorun da xəbəri var. Qoy işlərini görsünlər. Bir də kombinatın keşikçisi hələ ki, sən deyilsən. Bax öyrən! Öyrənmək istəmirsən, get, keşik rəisinə de  ki, işləmək istəmirəm…

       Alxan pərt oldu. Keşik otağına girəndən sonra birdən Əyyub dayının ona yazığı gəldi. Mülayim səslə dedi:

       -Bala, keşikçi lazım gələndə gözünü də ymmalıdır, qulağını da bağlamalıdır. Hər şeyin dalınca qaçmaq olmaz, axı! Bizim işimiz bu gördüyün qapıdır. Sexlərin ağzı möhürlü olandan sonra nə dərdimizə qalıb kim aparır, kim çapır. Özləri cavab verərlər.

       Alxan mızıldandı:

       -Sənə nə var ki, ay dayı! - dedi, - onsuz da gözün pis görür, qulağın ağır eşidir, çətinliklə də yeriyirsən! Mən başıma nə kül töküm?! Gözüm fənər kimidir, qulağım darı dəlir, ayaqdan da zirəngəm. Özümü necə məcbur edim, axı?!

       -Bala, cavanlığımda mən də sənin kimi idim! Təqaüdə çıxandan sonra başa düşdüm ki, nahaqmış hər şey! Aparan aparır, sökən sökür, bir həsir bir Məmmədnəsir qalan mənəm! Bala, məndən sənə əmanət: nə qədər cavansan özünə bir gün ağla! Yoxsa çox yanarsan, tüstün özünü kor edər…

       -Axı, belə keşikçilik olmaz?!

       -Bala, on beş verst hasardır, biz istəsək də onu qoruya bilmərik. Belə də heç olmazsa, gəlib deyib aparırlar.

       -Bəs, indi neynəyək?!

       Əyyub dayı qocayanı bir səslə güldü:

       -Heç nə! - dedi, - Otur «Min bir gecə» nağıllarını oxu! Yoruldun, yıxıl yat! Odur, orda yığma çarpayı var…

       Alxan ağır-ağır çevrildi, dolabəççanın üstündəki «Min bir gecə» kitabına baxdı. Nağıldan heç belə zəhləsi getməmişdi. Gecənin özündə həzin bir nağıl vardı. Bu saat kitab artıq şeydi.

 

EL  YOLUNDA

             

       Piri kişinin gedən yeri vardı. O, axşamı, bürkünün yatmağını gözləmədi, gün günorta yerini bir qədəm keçmişdi ki, ağacları sulamaq fikrinə düşdü. Kəsik-kəsik rezin boruları bir-birinə bənd eləyib, ümumi su kranına qoşdu, darta-darta dalınca çəkdi.

       Kiçik qəsəbədən dəmiryol dayanacağına qədər beş yüz metr ola, ya olmaya. Qışın axırında el yolunu asfaltladılar. Yazda da iki sıra çinar, küknar tingləri vuruldu. Torpaq nəm olduğundan pöhrələr tezliklə tumurcuqladılar. El yolu yazın axırında adamın üzünə gülürdü. İməcilik günü əkilmiş tinglər yarpaqlanmış, qəsəbənin yaşıllığa batmış həyətləri ilə bəhsə girmişdilər. Yay gəldi, Abşeronun qumlu torpağıının nəmişliyi çəkildi, ağaclar soluxdular.

       Suçu Piri birdən qeyrətə gəldi, hər gün nasosu qoşub qəsəbənin üstündəki ümumi su çənini doldurandan sonra bu soluxmuş tingləri də suladı… Bir həftədən sonra ağaclar dirçəlidi.

       İndi də təzə işə başlamışdı ki, gözü ağaclığa daraşmış qoyunlara sataşdı. Cin vurdu Pirinin təpəsinə.

       Heyvanlar İbrahim kişinindi. Özgəninki olsaydı Piriyə bir elə yer eləməzdi. Keçən ay İbirahim ona dağ çəkmişdi. Düz hasarının dalında ondan icazəsiz qaraj tikmişdi. Kirvə idilər deyə Piri səsini çıxarmamışdı, amma küdurət ürəyində düyün salmışdı. Bir bəhanə gəzirdi ki, İbrahimlə açılışsın.

       Pirinin nəzərləri ətrafı dörd gəzdi, cəld tinglərdən birinin altına çalınmış quru payanı dartıb çıxartdı, qoyunların üstünə hücum çəkdi. Birinə bir paya, o birinə iki paya, heyvanların içinə mələşmə düşdü.

       İbrahim kişi səsə həyətinin dalındakı təpədə göründü, uzaqdan hay basdı:

       -Adə, Piri! Piri! Qoyunlar mənimkidir…

       Piri əlini saxladı, bərkdən çımxırdı:

       -Belə gözüm aydın! - dedi. - Səninkilər göydən enməyiblər şa! Görmürsən, kor qoyurlar buraları?

       -El yoludur da! Həyətinin ağacıdır?! - İbrahim təəccübləndi.

       -El yolu olanda nə olar?! - Pirinin gözləri alacalandı. - Hər gün sulayıram, dibini atıram, barı, zəhmətimə qiymət qoysana! - O, yaşıl şüvülü ağzına salıb, şirin-şirin çeynəyən quyruqlu qoça hirslə baxdı, payanı qaldırdı. - Bax! Bax! Sən allah, gəl, apar qoyunlarını. Təzə əkmişik, heyfdir. Yol da səninçün-mənimçündür. Kölgədə getsək, pismi olar?!

       İbrahim təpədən endi, gəldi durdu qoyunlarla Pirinin arasında. Boğazını arıtladı, iri gözlərini bərəltdi:

       -Adə, de görüm neçə ildir bu yolun qırağı əkilir? Hə? - soruşdu.

       -Burda kök salandan, hər il… On ildir-on beş ildir… - Piri İbrahimin yekəxana hıqqıltısından çiyrənsə də cavab verdi.

       -Atan rəhmətlik! - İbirahim çal saçlarını geri sığalladı. - İndi bircə ağac göstər ki, iki yaşı olsun…

       Piri kişinin boynu getdi köynəyinin yaxasına, deməyə söz tapmadı.

       İbrahim kişi sinəsini qəlibcəsinə bir də arıtladı, istehza ilə güldü:

       -Susursan?! - dedi. - özün bilirsən, o yandakı yoncalıq yanımızdakı fermanındır… Yay girəndən sonra, Abşeronda heyvan dişinə dəyən bir şey qalmayanda naxırı yoncalığa sürürlər. Oraya da bir yol var, o da gəlib burdan keçir. Naxırın da ayağı tingliyə dəydimi, qurtardı getdi, bu ağaclardan sağ-islahat qoymayacaq. Neçə ildir şahidik də! Onda neynəyəcəksən?! Hıy?

       -Evlər müdiri deyir ki, ya yol boyu daş hasar çəkdirəcək, ya da ferma müdriyyəti ilə danışacaq, onlar da heyvanı qəsəbənin o tərəfindən otlağa aparacaqlar. - Piri kişi inamsız dilləndi.

       -Piri, yekə kişisən, bu gün-sabah baba olacaqsan, uşaq sözü danışırsan! - İbrahim başını buladı. - Evlər müdiri hər iməcilikdə bu sözü demirdi?

       Piri kişi haqq sözdən daha da hirsləndi:

       -İndi nə deyirsən ey?! - soruşdu.

       -Heyvanlarla işin yoxdur, qoy, yesinlər…

       -Elə şey yoxdur! - Piri kişinin ürəyindəki küdurəti vurdu başına. - Çıxart heyvanlarını, yoxsa qıçlarını qıraram!

       -Dəyyusun danışığına bax ey! - İbrahimin hirsdən əlləri əsdi. - Əlindəki payanı alıb özünə tutuzduraram, onda qanarsan! Gödək haramzadə!

       -Kəs səsini, keçəl qurumsaq!  Bu  da hasarımın dalını çəpərləmək deyil ey, gözünü ovaram!

       Piri hərlənib yenidən pöhrəliyə daraşmış qoyunlardan birini payaya tutdu. İbrahim onun üstünə yeridi, hirslə çığırdı:

       -Mənim qoyunumu vurusan? Hə? Hə?

       Suçu Piri də qoyunları boşlayıb dava mövqeyi tutdu. Onlar süpürləşdilər.

       Qəsəbə camaatı işdə-gücdə idi. Bekar olanlar da istidən çəkilmişdi evlərinə. Harayçılıq etməyə yaxında bir kimsənə yox idi. Dava səbəbkarları isə öz işlərindəydilər.

       İbrahim hündür adamdı, Piriyə qapazı qapaz üstündən endirirdi. O da macal tapan kimi kəllə vururdu. Dava uzanırdı. Pirinin burnundan çıxan qan, qoyun sahibinin cırılmış yaxası aranı bir az da qızışdırdı. İndi qana qan çıxmayınca, yaxaya yaxa cırılmayınca onlar bir-birindən əl çəkməyəcəkdilər.

       Günəş «müharibə» edənləri yandırıb yaxırdı, toz bulud kimi qalxırdı, tər sel kimi axırdı. Birdən uzaqdan naxırçıların harayı, inəklərin mələrtisi, tappıltısı ətrafa yayıldı. Fermanın naxırı tinglikdən keçirdi, qoruqçuların göz bəbəyi kimi qoruduğu yoncalığa gedirdi. Piri qabırğasına döşənən  dürtmələrə daha cavab vermirdi, gözünü dikmişdi ağacları ayaqlayan mal-qaraya… İbrahim ona bir-iki cavabsız yumruq çəkəndən sonra əl çəkdi, tövşüyə-tövşüyə dedi:

       -Görürsənmi? Qoyma da! Ver əlini qabağa, qoyma da! Elə mənə gücün çatır…

       Piri İbrahimin canından çətin ki, əl çəkəydi, Mələbxanalar naxırı vaxtında otlağa sürürdülər…

 

                                                    

                                                    

PAZ

 

       Xalıq yeddi il mühəndisliyi ərzində səkkiz iş yeri dəyişmişdi. Bu sür‘ətlə getsəydi, yə‘qin ki, təqaüdə çıxana qədər şəhərin bütün idarələrini dişinə vuracaqdı. Görürdün, yerini qızdırmayıb hələ, il yarı olmayıb, onun qurdları, budur ha, tərpəndi, hövsələ qazanı pıqqapıqla qaynayır, il başa çatmağa az qalmış müharibəyə qalxırdı. Vaxtın çatdığını kişi daxilən hiss edirdi. İşdən çıxmağını yubatmazdı, bəlkə də lap səbirsizliklə gözləyirdi. Xalıq hər ehtimala qarşı cibində səliqə ilə gəzdirdiyi ərizəni işə girdiyi günün səhəri yazardı. O, həmişə bu işdə hamını qabaqlayardı. Qapını ona göstərilməyəni sevmirdi… Hə, elə ki müharibə qızışırdı, hövsələ qazanı daşırdı, «…məni öz xahişimlə azad edəsəniz» sözləri ilə bitən mə‘um ərizəni qoyurdu birbaşa rəisinin masasının üstünə, və gözünü yumub, ağzını açırdı. Ürəyində bir il ərzində yığılanı tökürdü ortaya, döşəyirdi rəisinin qabırğasına. Gözünü açanda görürdü ki, hay-küyə çox adam yığılıb, hamı da ona təəccüblə baxır. Bir ildə ləb tərpədib, kəlmə kəsməyən Xalıqın belə dil-dil ötməsi lap mö‘ёcüzəyə oxşayırdı.

       O, papağını qoyurdu başına, hesabını, əmək kitabçasını alırdı, üz tuturdu tanımadığı idarələrə tərəf. Belə ki, haçansa baş vurduğu yerlərdə onu, çətin ki, işə götürəydilər.

       Onun qəribə bir şakəri vardı. İşdən çıxan gün hesabına düşən puldan bir təzə kepka alırdı, keçirirdi başına, köhnəsini vururdu qoltuğuna qayıdırdı evə. Kepkalar müxtəlif rəngdə olardı. Birinci dəfə aldığı bozdu, üçüncü dəfə isə qəhvəyi idi. Səkkiz yer dəyişdiyindən evdə bir xeyli kepka yığılmışdı. Üçotağlı mənzilinin bir otağı onundu. Divara vurduğu mıxlardan asdığı bu rəngbərəng kepkalar içəri girəni mat qoyurdu. Arvadına hərdən elə gəlirdi ki, bu rənglər nəsə deyir. Amma nə?! Baş aça bilmirdi. Axırncı dəfə aldığı kepka yaşıl parçadandı.

       Hamı ilə cəng-cidalda olan Xalıq arvadı Əslinigardan bir az çəkinirdi. Evdə həmişə başıaşağı, mülayim dolanırdı. Siqaret çəkməzdi, araqdan zəhləsi gedirdi, pis-pis yoldaşlarla durub-oturmazdı. Belə baxanda Əslinigar Xalıqdan narazılıq edə bilməzdi, amma kişisinin belə qırdı-qaçdılığı, iş yerini tez-tez dəyişməyi ona dərd olmuşdu. Hər dəfə ərinin dikbaşlığının sorağını alanda təəccüblənirdi. Evdə quzu kimi dolanan Xalıqdan başlayırdı çəkinməyə. Amma onun sözəbaxanlığına alışdığından, həmişə hökmlə danışar, ora-bura buyurar, qəribə də olsa sözü yerə düşməzdi. Bir dəfə könlündən keçdi ki, ərinə döşəmə süpürtdürsün, görüm e‘tiraz etməyəcək ki! Amma ürəyi gəlmədi. Qorxdu.

       Xalıq Əslinigarla altı il qabaq tanış olmuşdu. Növbəti iş yerini dəyişirdi. Bu əsl faldı. Avtobusda durub, yer verdiyi qızın dalınca düşmüş, onun qapısından içəri girdiyi zavodda işə düzəlmişdi. Onda Xalıqın iyirmi beş yaşı vardı. Ali məktəbi təzə qurtarmışdı. Beş-altı aydan sonra toyları olmuşdu. Gərdəkdən çıxmaqları ilə iş yerini dəyişməyə bir vaxta düşdü. Təzə gəlin səbəbini soruşmuşdu. Xalıq da astadan izah etmişdi ki, ərlə-arvadın bir idarədə çalışmağının əleyhinədir. Biz də bir şö‘bədə işləyirik. Sözbaz adam az deyil, məndən sənə, səndən mənə deyəcəklər, aramızı vurarlar. Əslinigar da Xalıqın bu dərrakəli cavabından xoşhallanmışdı, qarşısı alınmalı bir əməlini qarşısını almamışdı.

       …O, bu gün qapıya çathaçatda təzə kepkanı başından götürdü, bir anlığa bilmədi onu hara dürtsün. İstəmirdi arvadı elə kəndarda vay-şivən salsın. Əvvəlcədən bunu  gözünün altına almışdı. Sonra qoltuğundakı köhnə kepkanın üstünə qoyub, sol əlinə keçirdi, arxasında gizlətdi. Öz açarı ilə qapını açdı, içəri keçdi. Ayaqlarını xeyli vaxt yaş ayaqaltıya sildi. İşdən bir az qabaq gəlmiş Əslinigar Mətbəxdən başını çıxartdı, qeyzlə:

       -Əşi, beş dəqiqədir girmisən xarabaya, - dedi, - qapını bağlasana.

       Xalıq arvadın hökmünü yerinə yetirdi. Qapını çəkdi, amma dəhlizdən ayağını götürüb-qoymaqdan usanmadı. Mətbəxdə işini qurtaran Əslinigar əllərini döşlüyünün ətəyinə silə-silə ona yaxınlaşdı. Ərinin hələ də qapı ağzında dayanmağından ürəyi düşdü:

       -Nə olub, adə?! - soruşdu. - Əlini dalında niyə tutmusan?! Göstər görüm nədir elə?!

       Xalıq günahkar bir təbəssümlə kepkaları üzə çıxartdı. Əslinigarın dolğun yanaqları payız alması kimi saraldı. Hiddət qarışıq bir inilti ilə pıçıldadı:

       -Aman allah, yenə! Aman allah, yenə başladı! Mağıl bir ildi qulağımız dincdi… Uuuu!

       Xalıq qorxa-qorxa onun qoluna toxundu:

       -Ay qız, bir dayan! Ay qız! - dedisə də Əslinigar onu eşitmirdi.

       -Bağrım çatladı, ay allah! Ərə getdiyim günə daş düşəydi, od tbküləydi, allah… Uuuu!

       -Əsli, sən iki oğlunun canı, özünü üzmə…

       Əslinigar tövbə edirmiş kimi əllərini qoynuna qoyub, gözlərini tikmişdi tavana, oxşayırdı:

       -Beş ildir bu başıbatmışla yaşayıram, allah, bir xoş gün görmədim, bir üzüm gülmədi. Necə gözüm bağlandı, necə basaratım bağlandı, buna «hə» dedim. Bu sözü deyən yerdə, ay allah, niyə məni lal eləmədin?! İki uşaqla canım çıxır, adamların üzünə baxa bilmirəm. Elə gün olur ki, pul ancaq çörək-çaya çatır. Bir mənim aldığım yüz iyrmi manata dolanmaqmı olar?! Bir yandan da qohumların danlaq-tə‘nəsi. Aman allah! Bir çığırıb soruşsana bu zalımdan, niyə işdən çıxırsan?! Niyə bir yerdə başını aşağı salıb dolanmırsan?! Biliyi biliyindən, ağlı ağlından, cəsarəti cəsarətindən qat-qat olan adamlar kimi rahat çörək yemirsən?!

       Xalığı gülmək tutdu, divara söykəndi, kepkaları möhkəm-möhkəm sıxdı və əllərini tavana qaldırdı, arvadı kimi oxşaya-oxşaya onun cavabını verdi:

       -Ay allah, sən arvadıma bir az ağıl ver! - dedi. - İndiyə qədər şahidsən ki, o, məndən güldən ağır söz eşitməyib. Vallah, bunu başa salmaq müsibətdir, neynəyim, axı?! Allahın ustası işləyirəm. Dünən direktor girdi sexə. Məni çağırdı. Deyir: « - Planı ayın axırına çıxartmalısan!» deyirəm ki, ay yoldaş direktor, mümkün deyil, hissələr bu gün gəlib çıxıb, ayın iyirmi yeddisində! Heç cür çatdırmarıq. Deyir: « - Canın çıxsın, gecə yatma, fəhlələri də saxla, planı ver!» Sex rəisi də bir qıraqda oturmuşdu. Elə bil  bütün bunların ona dəxli yoxdur, gündə düşürlər mənim üstümə! Direktorun sözü mənə bərk yer elədi, gülə-gülə dedim: « - Dılğır-dılğır danışma! Canı çıxmalı adam özünsən! Plan vermək istəyirsən, buyur, qolunu çirmələ işlə! Mənsə gedirəm! Bu da mənim ərizəm!» Özün de, ay allah, düzmü eləmişəm?!

       Əslinigar Xalıqın söhbəti lağlağıya döndərməsindən çaşdı, batqın səslə dedi:

       -Bəsdir, sən canın! - dedi. - Sex rəisi də işləmisən də, niyə qoyub qaçdın? Hə?

       Xalıq əlini yellədi:

       -Birini bilirsən, birini yox! - dedi. - Onda da baş mühəndis mənimlə düz sırımırdı. İstəyirdi mən elə bir şeyə qol çəkim ki, sonra dalımdan dəysin, həmdə özü pul qazansın! Səmərəli təklif vermişdi, guya iki ölü dəzgahı bununla diriltmək olar. Sonra da akt gətirib qoydu qabağıma, guya bu dəzgahlar işləyir. Ona beş min mükafat verilməli idi, bircə mənim qolum çatşmırdı, çünki dəzgahlar bizim sexdə idi. Hirs vurdu təpəmə…

       Əslinigar bir də şivən saldı:

       -Ay canı yanmış, eləsə getdiyin konstruktor bürosunda axıra qədər işləyəydin də! Başını aşağı salıb, cizgini çəkəydin! Orda nə plan vardı, nə alan vardı, nə verən?! Rəisin də qızıl kimi bir adamdı. Oranı da qoyub qaçdın…

       Xalıq boynunu bükdü:

       -Arvad, o iki balamın ölmüşü, yalan demirəm, bir il orda işlədim, az qala bağrım çatlayacaqdı. İş yox, güc yox, səhərdən-axşama qədər laqqırtı vurmaqdan adamın çənəsinin çüyü çıxırdı. Çay içməkdən az qala qarnımızda çay ağacı bitsin!  Tab  gətirmədim…

       Hər əlində bir kepkanı oynadan Xalıqa uzun-uzadı baxandan sonra Əslinigarın dodağı qaçdı. Mülayim bir səslə soruşdu:

       -Barı özünə iş yeri tapmısanmı?! Yoxsa yenə aylarla veyillənəcəksən?!

       Xalıq birinci dəfə arvadına şəstlə cavab verdi:

       -Tapmışam da, girmişəm də!

       -Yox, əşi?! - Əslinigar təəccübləndi. - Harda?!

       -Sən işləyən zavodda.

       -Bay! Nə əcəb səni bizdə işə götürüblər?!

       -Bilmirəm…

       Əslinigar fikrə getmiş ərinə diqqətlə baxdı:

       -Belə şey ola bilməz, axı?! - dedi. - Bəlkə tanımayıblar səni?!

       -Danışdın da! - Xalıq başını buladı. - Baş mühəndis özü məni direktorun yanına apardı. Yolda ona deyirəm: « - Sizinlə mübahisəmiz olmuşdu. Sizə «başıboş» mühəndis demişdim». Deyir: « - Yadımdadır, eybi yox!  Deyirəm: « - Mən dikbaşam, sözgötürən deyiləm!» Deyir: « - Axtardığımız adamsan ki!» Deyirəm: « - haqsızlıq görən kimi hara gəldi şikayət edəcəyəm!» Deyir ki, qəbulumuzdu, dözərik. Gördüm, nə deyirəm, tə‘sir eləmir, daha dinmədim. Razı oldum.

       -Demədilər nə işinə götürürlər…

       -Şö‘bə rəisliyinə…

       -Hansına?

       -On beşinci şö‘bəyə…

       Əslinigar barmağını dişlədi:

       -Deyirəm, axı… - dedi, - bilirsən hara gedirsən?!

       Xalıq özünü itirdi:

       -Pis yerdir? Bacarmaram?

       -Nə bilim vallah?! - Amma onu deyə bilərəm ki, o şö‘bəyə zavodda nə qədər narazı, dovtələb, kənək mühəndis varsa, hamısını ora yığıblar. Cərimə batalyonu kimi bir şeydir. O şö‘bədə rəislər papaq kimi dəyişilir. Üç aydan bir! Heç kim onlarla bacarmır. Xasiyyətləri düz sənin xasiyyətindir ki var. Səninki onlarla tutar… Ha! Ha!

       Xalıq kepkaları əlində atıb-tutdu, var-gəl elədi:

       -Bəlkə e‘tiraz edim?!

       -Elə şey yoxdur! - Əslinigar dik çənəsini şax tutdu. - Get işlə! Onlar istəyirlər ki, pazı pazla çıxartsınlar. Bacarsan o şö‘bə ilə bircə sən bacararsan!

       -Deməli, indi də paz olduq!

       -Daha nə ilə səni müqayisə edim ki?! - Əslinigar qəhqəhə çəkdi. - Ay başında qoz sındıracaqlar ha! Bir balaca ayağını düz atmasan, şö‘bədən şikayət şikayət üstündən axacaq! Sözünə baxmayacaqlar. Onları bütün zavod tanıyır…

       -Əşi, qorxutma məni! - Xalıq inamla dilləndi. - Şikayət edəcəklər! Böyük şeymiş!  Mən də edəcəyəm! Mən də yazacağam! Əlimi pişik yeməyib ki!

       Ay-hay! - Əslinigar ona lağ elədi. - Kimdən şikayət edəcəksən? Öz işçilərindən?! Deməzlər sənə ki, utanmırsan?!

       -…

       Xalıqın boğazı qurudu. Arvadının sözü araya vurulmuş paz kimi fikirlərini haçaladı. Qaldı iki suyun ortasında, bilmədi özünü hansına vursun!

 

YOL

      

       Qapının zəngi çalınanda Aslan cizgi taxtasının dalından təzə qalxmışdı, pərdələri aralanmış pəncərənin qabağında dayanıb, aramsız əyilir-qalxır, əl-qolunun kəskin hərəkətləri ilə eymənmiş sümüklərini açırdı. Arabir əməyinin bəhrəsi olan cizgiyə istehza ilə baxır, fikirləşirdi: « - Vallah, öləndə gərək vəsiyyət edəm, başdaşı əvəzinə qəbrimin üstünə bu taxtanı dikəltsinlər, əlimə də karandaş-pozan verməyi unutmasınlar… İşdir, qiyamət günü İsrafil zurnasını çalan kimi ayağa durub, başlayım işləməyə…» Zəngin səsi bu yerdə onun muncuq kimi sııralanan xoş düşüncələrini haqladı. Əlindən yerə qoymadığı karandaşı qulağının ardına keçirdi, köynəyini çiyninə atdı. On beş illik oturaq işdən ağırlaşmış yerişinə haram qatmadan qapıya getdi.

       Şənbə günü idi. Arvadı Xanım mətbəxdə çalışırdı. Qab-qacağın aramsız dınqıltısı, günəbaxan yağında qızardılan balığın tavada cızıltısı, suyun şırıltısından mə‘lum olurdu ki, o, tələsir. Gedəcəkdi. Yaxınlığdakı texnikumda laborant işləyirdi.

       Aslan qapıya çatanda zəng üçüncü dəfə idi ki, çalınırdı. Gələn Elxan idi. Qapını açmadan Aslan bunu tə‘yin etdi. Zəngi səbirsizliklə mələdən həmişə o, olurdu. İki böyüyünün dərsdən gəlməyinə hələ vardı. Onlar onuncuda oxuyurdular.

       Aslan cəftəni qaldırdı, oğlunu buraxdı içəri. Elxan evin kiçiyi idi. On iki yaşı bu yay tamam olacaqdı. Dördüncüdə oxuyurdu. Göz-qaşda, oturuş-duruşda atası idi ki vardı. Atası ona tək-tək əl qaldırardı, bir az ərkəsöyündü. Aslan indi onun qaşqabaqlı üzünə baxıb, ürəyində deyindi: « - Gör nə ağız-burun edib, qırışmal! Elə bil daş daşımaqdan gəlir… Heç adamı saymır…»

       Elxan ayaqqabısının bağını açmadan necə gəldi çıxartdı. Çantasını sinəsinə sıxdı, sol əlini dalında gizləyə-gizləyə otağa sivişmək istəyirdi ki, Aslan onun yaxasından yapışdı.

       -Əlindəkini görüm… - dedi. - O nədir elə?

       Elxan işin üstünü açılmış görüb, qaşqabağını bir az da salladı. Əlindəkini üzə çıxartdı:

       -Tütəkdir… - dedi.

       -Hardandır səninçün, adə?

       -Tapmışam.

       Bu başdansovdu cavab Aslanı açmadı, saçı seyrəlmiş təpəsini sığalladı:

       -Hmm! Nəyinə lazımdır? - soruşdu və əlavə etdi. - At getsin.

       Elxan mızıldandı:

       -Heç… Elə belə…

       Aslan indicə «İsrafilin zurnası» haqqında fikirləşdiyini yada salıb, pıqqıldadı.

       -Bəli də! Bir tütəyimiz çatmırdı! - dedi. - Bəlkə başa salasan, oğlum?

       Elxan yaxasını onun əlindən çıxartdı, bir addım geri çəkildi:

       -Nəyi başa salım ey! - dedi. - Tütəkdir də! Çalacağam…

       Aslan lağ elədi:

       -Bəh! Bəh! Bu  da deyir oğulam! Hamı gedir quş gətirir, Şahqulu bayquş! - dedi. - Adə, ay evi tikilmiş, sən ki çalmağı bilmirsən…

       Elxan yekə başını inadla dala atdı:

       -Nolsun? Öyrənərəm də! Çox çətindi bəgəm?!

       Aslan oğlunun yekəxanalığından zövq ala-ala başladı onunla əylənməyə:

       -Oğul, başına dönüm, kim deyir çətindir?! Bu dünyada mümkün olmayan şey yoxdur. Sənin də bacarığına inanıram. Bilirəm ki, gələcəkdə məhşur adam olacaqsan… Dediyim odur ki, zurnaçılıq kimi bir məşğuliyyətə vaxt sərf etməyə dəyərmi?! Bir özün götür-qoy elə…

       Elxan qoymadı atası sözünü bitirsin, kəskin bir səslə:

       -Dəyər! - deyir.

       Belə qəti cavabı gözləməyən Aslan qulağının ardını qaşıdıqda karandaş düşdü. Əyilib onu yerdən götürənə qədər Elxan bu çarpaz istintaqdan can qurtarmağa macal elədi. Otağa girib qapını dalınca örtdü. Aslan onun ardınca bir-iki addım atıb dayandı, əlini yellədi: « - Danışmağın indi yeri deyil, - fikirləşdi, - bir azdan hər şey aydın olacaq. Məndən inciyib, bu mə‘lum! Amma niyə acığı tutub, bu qırışmalın yenə?! Çox kinli uşaqdır ha!» Elxan onsuz da gündə bir hoqqadan çıxırdı. Evdə onun işləklərinə hamı alışmışdı, bircə Xanım hirslənirdi. Aslansa belə şeylərə barmaqarası baxırdı. Deyirdi ki, oğlan uşağı elə bir az kənək olmalıdır, yontalamağın mə‘nası yoxdur. « Ev buzovundan buğa olmaz! Özümdən bilirəm». Ona görə də ekizlərin ipini boş buraxmışdı. Dəli-dolu böyüdürdü. «Maşallah, böyüdükcə ağıllandılar. Bu gün-sabah onuncunu qurtarırlar… Görək, başımıza nə gəlir!»

       Bir azdan qonşu otaqdan tütəyin dütdültüsü eşidildikdə Aslanın cizgi taxtası arxasında oturmaq həvəsi tamam qaçdı. Ürəyindən keçdi ki, çıxsın eyvana, yerini rahatlasın, qabağında çay, qıçı-qıçı üstündə, damağında siqaret, ikinci mərtəbənin imkan verdiyi bir hündürlükdən ətrafın tamaşasına dalsın. Qübbələri pəncərələrinə qədər qalxan çinarların erkən yaz günəşinin şüaları altında parıldayan təzətər yarpaqlarının xəfif yeldən xışıldamağına qulaq assın. Bu istəyin həyata keçirtməyə macal eləmədi. Xanım otağa girdi, başının üstündə dayandı.

       -Hə, nədir, tənbəllik basdı səni? - dedi və döşlüyünün ətəyi ilə mətbəxin istisindən nəmçimiş boyun-boğazını sildi. - Sabaha qurtarırsan bu diplom işlərini, ya yox?!

       Aslan koramal kimi fısıldadı, ona tərəf çevrilmədən bozardı:

       -Allah eləməsin bir adamın ixtiyarı əlinə keçsin! Yaman kəmfürsətsən ha! - dedi, - zalım qızı qoymur adam nəfəsini dərsin. Nə qədər « qurtarırsan? Qurtarırsan?» soruşarlar. Keçən həftə gətirməmisənmi?! O yana keçir, deyir, bu yana keçir, deyir! Pah atonnan! Adama sözü neçə kərəm deyərlər! Başa düş, gələn üçüncü gündən tez olmayacaq, iş çoxdur, çatdırmaq olmur!

       Xanım əlini onun çiyninə vurdu, əndişə ilə gülümsədi:

       -Sən allah, hirslənmə! - dedi. - Neynəyim, axı, istəyirəm tez qurtarasan, aparım verim sahibinə, pulunu alım. Odur, əkizlər onuncunu qurtarırlar, heç birinin bir fərli üst-başı yoxdur. Bu üç yüz manat isə lap göydəndüşmədir…, nəsə eləmək olar. Sənə də söz demək olmur, vurusan adamın ağzından. Elə bil dədəmə verəcəyəm… Öz balalarınındı da!

       Aslan dərdi təzələnmiş arvadına baxdı, dərhal sakitləşdi:

       -Qanıram ey, arvad, qanıram! Amma daha vatmana, cizgi taxtasana, karandaşa qarasına baxa bilmirəm, hamısı zəhləmi töküb! Bütün günü işdə çəkirəm, sonra da gəlib evdə… Gah kurs işi, gah diplom layihəsi, gah da nə bilim nə… İl uzunu belimi dikəltməyə macal eləmirəm… Bir ləhzə dincliyim yoxdur. Sən də daşımaqdan yorulmursan. Bunu elə, onu elə, bunu çək, onu çək… bunu hesabla, onu hesabla.

       Xanım da hirsləndi:

       -Əh! Ağzımı açacaq ha! Yüz altmış sən alırsan, yüz iyirmi də mən! Bununla ailə dolandırmaq olar?! Hələ allahına şükür elə ki, texnikumda işləyirəm, rəfiqələrim kömək edir, tələbələrini göndərirlər üstümə. Dədəsinin hesabına texnikuma, instituta girənlər olmasaydı nə edərdin?! - dedi və barmaqlarını başladı bükməyə. - Əlindən nə gəlir? Heç nə! Barı bu yolla beş-on manat qazanırsan, nəyi pisdir, axı?! Hesablamışam, ildə beş-altı yüz pul çıxır. Özün bil, istəmirsən, eləmə. Görüm sabah oğlanlarının gözünə necə baxacaqsan. Mən heç, dinmərəm, qanıram səndə günah yoxdur! Yaxşı kostruktor, bilikli mühəndis olmağına şübhəm yoxdur! Sənin işlədiyin diplom işlərini bir müəllim də qaytara bilmir. Amma nə olsun?! Uşaqlara bunu necə izah edəsən? Bir gün desələr ki, iki ali təhsilli valideyn bizi dolandıra bilmir, onlara nə cavab verək?! Hansı üzlə onlara deyərik ki, bala oxuyun, institut qurtarın, elm dalınca gedin… Dayan görüm, bu nə səsdir?! Qonşudan gəlir?

       Aslan oğlunun otağından gələn qarışıq dütdültüyə bir an qulaq asıb, ürəkdən qəhqəhə çəkdi:

       -Gözün aydın, sonbeşik haqqın yolunu tapıb! - dedi.

       -Neynəyir ki?!

       -Elxan zurnaçılıq öyrənir də!

       Xanım bir an susdu, birdən partladı:

       -Daha dişini niyə ağardırsan? - dedi və əl-qolunu ölçdü. - Ağlamaq lazımdır… Buna görə deyirdim ey! Uşağı özbaşına qoysan, zurnaçı olacaq da! Quru sözdən nə çıxar. Gərək sözü yedirdəsən, içirdəsən, geyindirəsən. Bununçün də pul lazımdır. Sən də başlyırsan, ay belim ağrıyır, gözüm qaralır. Buyur, bu da nəticəsi! Yaxşı ata oğluna nümunə olar… Hardan əşi, səndən nə gördülər ki, nə də götürsünlər…

       Aslan istehza ilə qeyd elədi:

       -Bizim nəsildə zurnaçı yoxdur…

       Xanım diqqətini topladı, qara gözləri parıldadı:

       -Sözün nədir…

       -Heç ay Xanım, yaxşı igid dayısına oxşar, deyirlər…

       -…Get özünə lağ elə!

       Xanım dabanı üstə fırlandı, otaqdan güllə kimi çıxdı.

       Aslan kiçik qaynını yada salıb gülümsədi. Xanımın qardaşı toylarda tamadalıq edirdi. Ayar adamdı, qırx yaşı vardı, oyunbazlığından qalmırdı. Aslanın onu görməyə gözü yoxdu. Qaynı isə heç nəyi vecinə almaz, gələr-gedərdi. Hər dəfə də yeznəsinin qanını zarafatları ilə qaraldardı. Axırıncı dəfə araları təmiz pozulmuşdu, Aslan onu evdən bayıra çıxartmışdı. Bu belə oldu. Qayın hırıldıya-hırıldıya soruşmuşdu: « - Aslan, atan deyəsən yerölçən olub!» Yeznə badalağı hiss etməyib, təstiq etmişdi: « - Hə, rəhmətlik rayonlarımızı qarış-qarış gəzmişdi. Az qala mərzlərin, sərhədlərin onda birini o qoymuşdu. Bir yerdə iki kolxoz arasında, ya iki rayon arasında mərz davası düşəndə onu çağırardılar. Onun sözü qanundu! İşinin akademiki idi, amma texnikumu qurtarmışdı…» Qaynı hırıldamışdı: « - Yaxşı, atan sənə ölçdüyü yerlərdən, torpaqdan bir parça qoya bilməzdi? On ildir bu iki otaqlıda çürüyürsən. « Aslana elə bil od vurmuşdular. Odu-budu qaynını tanımaq istəmirdi. Hər yerdə də dalınca lağ edirdi.

       «Deyəsən, sonbeşik bu avara dayısına oxşayıb. Onun kimi yekəxanadır, danışanda da dodaqlarını onun kimi büzür, gülüşü də ona oxşayır! Tütəkçalan… Bəh, bəh! İşimiz var da!» Bu fikirlər Aslanı elə məşğul etmişdi ki, cizgi taxtasının arxasına keçməyi unutmuşdu. Diplom işlərini o, çox səliqə ilə çəkirdi. Neçə illərdi ki, mühəndis konstruktordu, karandaş əlindən düşmürdü. Beş il üçüncü kateqoriya ilə, beş il ikinci, səkkiz ildi birinci kteqoriya ilə işləyirdi. Daha yerində sayırdı. Yüz yetmişə qane olmaqdan başqa əlacı yoxdu. İndi oturacağa yayxanıb, oğlunun tütəyinin dütdültüsünə qulaq kəsilib, bunları götür-qoy etməkdən özünü saxlaya bilmirdi. Bir dəfə, beş dəfə, axırda bu inamsız səslərdən bezikdi. Amma yerindən qalxmağa ərinirdi. Xanım içəri boylandı:

       -Dur, o uşağı susdur, - dedi. - Bu səsdən adam dəli olar…

       -Özün deməyə qorxursan?

       -Mən desəm onunçün pis keçəcək! - Xanım sakitcə xəbərdarlıq elədi. - Onsuz da əlindən yığılmışam! Müəlliməsinə o günləri yolda rast gəlmişəm, şikayətlənirdi. Deyir, Elxan axır vaxtlar dərslərinə baxmır, sözə qulaq asmır… hamısı sənin günahındır. «Sonbeşik» deyə-deyə qudurtmusan! Mən gedirəm geyinməyə, daha vaxtım yoxdur… Yeməyiniz hazırdı…

       Aslan tələsmədən yerindən qalxdı, bığlarını sığalladı, daha nəsə demək istəyən arvadının yanından keçib, oğlunun otağının qapısını taqqıldatdı, içəri keçdi, tütəyi dodağından ayırmış oğluna yanaşdı. Qarşısında çarpayıya yanını qoydu:

       -Necədir, oğul, bir şey alınırmı? - soruşdu.

       Elxan gözünü tütəkdən ayırmadan dedi:

       -Axır alınar da!

       Aslan əlini çənəsinə dayadı:

       -Əlbəttə! - dedi. - Amma dərslərini oxusaydın daha yaxşı olardı. Yoxsa özünə məşğuliyyət tapmısan da! Düt-düt-düt! Dəng edirsən bizi…

       Elxan dodaqlarını büzdü, gözlərində oynayan istehzanı qalın qaşları altında gizlədən atasına tərs-tərs baxdı:

       -Elə hamı «düt-düt-düt» - dedi və atasının ağzını əydi, - eləyə-eləyə öyrənir də… Guya klarnet çalan Əşrəf Əşrəfzadə klarneti əlinə alan kimi «Simayi-Şəms» çalıb! Axır-əvvəl o da dütdüldəyib də…

       Aslan oğlunun dərrakəli cavabından razı qaldı:

       -Elə olmağına elədir ey, amma sən ki zurnaçı olmayacaqsan!

       -Kim bilir, - Elxan fikrə getdi, - bəlkə oldum.

       -Paho! - Aslan fit çaldı. - Nə tez fikrini dəyişirsən! Bəs, üç ay qabaq deyirdin, mühəndis olacağam.

       Uşaq qızardı.

       -Yox, ata, - dedi, - daha fikrimi dəyişmişəm. Çalançı olacağam. Qoy böyük qardaşlarım instituta getsinlər. Mən əvvəl tütək, sonra balaban, lap sonra klarnet çalacağam. Toylara gedəcəyəm. Çoxlu-çoxlu pulum olandan sonra daha toylara getməyəcəyəm. Radioda, lap televizorda çalacağam…

       -Pis deyil, fantaziyana söz yoxdu! -Aslan gülümsədi, - Məmmədbağır da elə gəlib xanəndə oldu. Musiqi dalınca getmək olar, amma çox «pul-pul» deyirsən ha! Xoşa gəlməyən budur. Niyə gül kimi  mühəndisliyi  gözdən salırsan, başım çıxmır…

       -Mühəndisliyin nəyi yaxşıdır ey? Həmişə şikayətlənirsən ki, on beş il oxumusan, iyirmi ildi işləyirsən, hələ də xeyrini görmürsən… Öz dediyin də!

       Aslan uşağın onu yaman yerdə tutduğunu görüb, dəbbələməyə bəhanə axtardı. Uzaqdan başladı:

       -Bala, adam hirslənəndə çox söz deyər. Mən sənətimdən çox razıyam. Neynək, sənin könlündən deyilsə, məcbur eləmirəm, başqa sənət seçərsən. Oxumaq lazımdır. Gedib, müəllim olarsan, həkim olarsan, aqronom olarsan! Yüzlərlə ali məktəb var! Bütün bunlarçün oxumaq ki vacibdir…

       Elxan birdən sıçradı yerindən, az qala ağlaya-ağlaya çığırdı:

       -Oxumayacağam, dedim, oxumayacağam! - Gözlərindən yaş axa-axa davam etdi! - Çox lazımdır! Siz oxumusunuz da! İki ildir bir velosiped istəyirəm, hələ də almamısınız. Mamama deyirəm, deyir atana de. Sənə deyirəm, deyirsən mamana de. İkiniz bir yerdə olanda deyirəm, lağ edirsiz, deyirsiz pul olanda alarıq, hələ gözlə. Nə qədər gözləmək olar? Bığım çıxanda alacaqsız?! Axı, mən indi istəyirəm…

       Aslan başını buladı:

       -Utanım yerinə! Yekə kişisən, adə, kişi də ağlayar? Özü də nə üçün, nə üçün, velosiped üçün! - dedi. - Axır alarıq da!

       -Haçan ey?! - Elxan əlinin dalı ilə gözünü sildi. - Klarnetçalan Əbiş oğluna maşın alıb ey, maşın! Doğruçu maşın! Ələkbər məndən iki sinif yuxarı oxuyur da… Səninsə bir velosipedə gücün çatmır… Yox, oxumayacağam, dördüncünü qurtaran kimi daha məktəbə getməyəcəyəm…

       Aslan qaraqışqırığın mə‘nasız olduğunu görüb, istehzaya keçdi:

       -Ay mən deyən! Bəyəm Əbiş məktəbə getməyib? Oxumayıb?

       -Oxuyub! - Elxan birdən xırıldadı. - Amma dördüncü sinfə qədər. Daha sənin kimi on beş il oxumayıb. Ələkbər də deyir ki, böyüyəndə mən də atam kimi çalançı olacağam. İndidən toylara gedir atasıynan. Balabanda ona züy tutur…

       Aslan Ələkbərin kim olduğunu soruşmadı, Əbişin oğlunu bir neçə toyda görmüşdü. Bir anlıq fikirdən sonra Elxanı düşündürə biləcək dəlili tapdı. Ah çəkdi, qollarını sinəsində çarpazladı:

       -Ay bivec övlad, bivec oğul! - dedi. - Ələkbər səndən min pay ağıllıdır!

       Ellxan incidi:

       -Niyə bivecəm ki?! - soruşdu. - Sən mənə klarnet al, gör bir aya çalmağı öyrənirəm, ya yox! Onda deyərsən.

       -Adə, ay qanmaz, Əbişin oğlu atasının yolu ilə gedir, çünki babası da zurnaçılıq edirdi. Demək Əbiş də atasının yolu ilə gedir… Bəs sən?! Niyə ata-babanın yolu ilə getməyəsən?!

       Elxan özünü itirdi:

       -Ata, özün deyirdin də… mühəndisliyin bir hörməti qalmayıb… Daha niyə yolunla gedim?!

       Aslan uşağın yavaş-yavaş döndüyünü görüb, əlini onun çiyninə qoydu.

       -Oğlum, elə bilirsən zurnaçılıq həmişə hörmətli olub? Yox! Elə bilirsən Əbişin dədəsi milyonerdi? Yox! Amma onlar yollarından dönməyiblər. Sənsə, çətinlik görən kimi yüz həştad dərəcə dönürsən! Bu da kişilikdəndi?!

       Elxan fikrə getdi, sonra masanın üstündən tütəyi götürdü, çarpayının üstünə atdı. Atasına baxmadan soruşdu:

       -Ata, doğru deyirsən? Aldatmırsan ki?

       Aslan yanağını şappıldatdı:

       -Kişi sözü deyirəm, oğlum! Gec-tez mühəndislik də qədir-qiymətə minəcək… fikirləş, oğlum!

       Elxan və‘d elədi:

       -Yaxşı, ata, - dedi, - fikirləşərəm…

       Bu vaxt Xanımın səsi gəldi:

       -Elxan, gəl, çörəyini ye! Saat birdir, səhər yediyinin üstündəsən!

       Elxan hər şeyi unudub, mətbəxə tələsdi. Aslan başını bulaya-bulaya otaqdan çıxdı, dəhlizdəki bədənnüma güzgünün qabağında geyimli-keçimli dayanmış xanımın təbəssümündən bildi ki, ata-oğul söhbətini axıra qədər dinləyib.

       -Deyəsən, xəlvəti qulaq asmaq xasiiyətini tərk edə bilmirsən? - Aslan gəlib onunla yanaşı durdu.

       -Day demə! - Xanım güldü. - Səbrinə mat qalmışam da! Qulağının dibinə bir dəfə ilişdirəydin də! Nə qədər danışmaq olar?!

       Aslan e‘iraz etdi:

       -Olmaz, arvad olmaz! - dedi. - Mübahisə vaxtı şillə əsas deyil… Mən onu inandırdım… Amma o da məni inandırdı. Gərək bir velosiped alaq onunçün…

       Xanım əyin-başını qaydaya saldı, çevrildi:

       -Alaq da! - dedi və ah çəkdi. - Qabaqdan qış gəlmir ki! Mənə çəkməni bir-iki ay gec də almaq olar. Yoxsa uşağın gözündən düşmüşük. Allahın zurnaçısı olub idealı. Sən canın işə bax ey! Ata-ana olmağımız bir yana, biz axı, ali təhsilli yekə adamlarıq! Yə‘ni belə çıxır ki, təqlid olunmalı, nümunə olacaq heç nəyimiz yoxdur?!                 

        Aslan düdüləyib tökən arvadının halını başa düşdü:

        -Yaxşı, yaxşı! - dedi. - Görürəm paltonun məhəbbətini ürəyindən çıxarmaq istəmirsən! Neynək, bir diplom işi də gətirərsən! Canım çıxar elərəm…

        Xanımın rəngi açıldı:

        -Ay sənin qadanı alım! - dedi və birdən şübhə ilə, - bəlkə…

        -Daha bəlkəsi-məlkəsi yoxdur! - Aslan onun sözünü kəsdi. - Daha mühəndisliyin-müəllimliyin daşını atası deyilik ki! Zurnaçılıq öyrənmək də gecdir. Yaş qırxı keçib… Neynək, allah verən sənətdir də…

        Başını aşağı salmış ərinə baxan Xanım birdən onu zurna püləyən təssəvvür edib uğundu. Aslan, gec də olsa, arvadına qoşuldu.

 

YAZMAĞIN    XEYRİ

 

       Top qarabığ, top qaraş, qırmızıyanaq, dünyasında bir kimsədən qorxmayan Məmi, Hidayətin bir üfurümlük cüssəsini görəndə bığları sallanır, qaşları əsir, yanaqları saralırdı: “ -Yaza-yaza axırıma çıxacaq bu zalım! - deyə ah çəkirdi. - Bilmirəm nə verib mənə ala bilmir! Ayağımı sola atıram - yazır, sağa atıram - yenə yazır. Pah atonnan!”

       Hidayətin sexdə bircə çilingər Muxtarla arası vardı. Başqaları ilə quru salaməleyk də eləmirdi. Hamıdan zəhləsi gedirdi. Məmi hərdənbir onun muxtarla şirin söhbət etdiyini görüb, bir az təəccüblənirdi. Bu gün xeyli götür-qoy etdi. Katibəni göndərdi, Muxtarı yanına çağırtdırdı.

       O, əllərini əskiyə silə-silə kabinetə girdi. Məmi saata baxıb:

       -Səni çox yubatmayacağam, - dedi. - Muxtar, bir sözümə mərd-mərdanə cavab ver. Neçə ildir bir yerdə işləyirik. Mən necə sex rəisiyəm?

       Muxtarın siqaretindən qaralmış dişləri göründü:

       -Yaxşı-pis rəissən də! Beş ildir işləyirik, hələ desən iki bu qədər də işləyə bilərik… Buynuz çıxarmasan əgər… ha-ha-ha.

       Məmi onun zarafatına qoşulmadı. Muxtar özünü yığışdırdı:

       -Yenə nə olub axı, qanın qaradır?! - soruşdu.

       -Qoyur mərdimazar uşağı! - deyə Məmi sexə işarə etdi. - Hidayətin məktubu gəlib. Yazır ki, sex rəisi mənə pul qazanmağa imkan vermir. Qoymuram ev alsın! Zavkomun sədri çığırıb məni danlayır. Deyirəm: “ - Başına gönüm, mən ev verən olsaydım nə dərdim vardı ki! Özüm hələ də atamın qoltuğu altında oluram. Onun ağlına nə gəldi yazacaq, siz də məni çək-çevirə salacaqsınız?” Sözüm hamının ağlına batsa da, yenə də hər məktub gələndə yığılıb, məni danlayırlar ki, yola vermirsən. Bir töhmət də bu gün yapışdırıblar…

       Muxtar başını aşağı saldı, o, Hidayəti yaxşı tanıyırdı.

       -Mənnik nə var ki?! - soruşdu. - Neynəyim?

       -Qadan alım, otur bir gün onu dilə tut, başa sal. Nə yapışıb, axı, yaxamdan?! İstəyirsə, ona başqa sexdə yer tapım, ərizəsini yazsın, keçirdim ora. Deyərsənmi?

       Muxtara elə bil od uzatdılar. Qalxdı yerindən, dal-dalı qapıya getdi. Gözünü ona dikmiş Məmiyə dedi:

       -Yox, yox, mən ona bu sözü deyə bilmərəm…

       Məmi təəccübləndi:

       -Nə olar, əşi, - Niyə belə edirsən?

       Muxtar əl-qolunu ölçdü:

       -Qardaş, sən onu yaxşı tanımırsan! - dedi. - Bu sözü ona deyən kimi götürüb məndən də yazacaq…

       Məmini gülmək tutdu:

       -Ay səni! - dedi. - Adə, yazsın da! Gəlib əlindən çəkic-açarını almayacaqlar ki! İyirmi ilin çilingərisən, uşaq-uşaq danışırsan!

       -Ay-hay! - Muxtar əlini yellətdi. - Baxma, Hidayət yazmağa şey tapar. Odur icazəsiz qaraj tikmişəm, yazacaq, başlayacaqlar maraqlanmağa. Onda evim yıxıldı…

       Məmi ah çəkdi, başını aşağı saldı. Muxtarın ona yazığı gəldi, müəllimliklə məsləhət gördü:

       -Əşi, ürəyinə salma, dedi. - İt hürər, karvan keçər deyiblər… Bir yandan baxanda o da qınamalı deyil. Dörd uşaqla qalıb ailələr yataqxanasının bir otağında. Onun yerində sən də olsan yazarsan! Direktordan da yazarsan, zavkomundan da…

       Məmi hirslə çımxırdı:

       -Daha belə yox da! - dedi. - Elə bilirsən mən yazmamışam?! Mən də yazmışam… Bir on il qabağın söhbətidir. Qonşu zavodda işləyidim. Düzü şö`bə müdirim məni yola vermirdi. Lap xirtdəyə yığmışdı. Götürüb, bir saz məktub yazdım…

       Muxtar yüngül bir lağla maraqlandı:

       -Hə, bir xeyri oldumu?

       -Hardan, əşi? - Məmi könülsüz güldü. - Tökülmüşdü elə! Şö`bə müdiri idi, böyüdüb direktor müavini elədilər… bu da yazmağımın xeyri…

       Muxtar uğundu:

       -Ha-ha-ha! - deyə hər «ha» dan sonra qarnı atılıb-düşdü. - Bir az döz, ay Məmi! Bəlkə səni də direktor müavini elədilər…

       Telefon zəngi onların söhbətini yarıda qoydu. Sex rəisini yerli komitəyə çağırırdılar.

       …Məmi sexə iki saatdan sonra qayıtdı, yerli komitədə qabırğasına o qədər döşəmişdilər ki, onun top bığlarının hər tükü bir nizəyə dönmüşdü. Katibə kabinetdən gələn nərilti-iniltidən çaşıb qalmışdı. Muxtar içəri girəndə Məminin halına dəsmal çıxarıb ağlayan lazımdı.

       -…Yenə?!

       -Hə… - Məmi qara bığlarının nizələrini didişdirdi. - Bu dəfə Hidayətin mərkəzə yazdığı məktubun müzakirəsi idi…

       Muxtar açıq qapıda dayanana işarə etdi. Hidayət içəri girdi. Məmi onu görən kimi qalxdı ayağa, hülqumu qalxdı-endi. Yanaqları rəngdən-rəngə düşdü. Muxtar vaxtında göz vurdu. Cəld Hidayətin əlindəki kağızı aldı, gətirib qoydu Məminin qarşısına.

       Rəis  oturdu, oxudu, gözünə işıq gəldi, əlləri əsə-əsə dərkənar qoydu. Hidayət qonşu sexə keçmək haqqında ərizə yazmışdı.

       Hidayət kağızı alıb, rəisin boğuq rəngindən qorxmuş halda qapıdan çıxdı. Elə ki kabinetdə ikisi qaldı, Məmi yerindən qalxıb, gəlib Muxtarı qucaqladı.

       -Ölənə qədər duaçınam… - dedi. - Sən onu necə razı saldın?

       -Muxtar kürsülərdən birini çəkdi altına, yayxandı, özündən razı halda dedi:

       -Burdan çıxan kimi onu sexin ortasında tutdum. Dedim: «-Qardaş, özünü gözlə, heç demə, Məmi də yazanmış! Başlayıb o da… o söz…» Hidayətin gözü kəlləsinə çıxdı…

       Məminin boğazı qurudu:

       -Mən ondan yazmışam?! Kimə? Haçan? Qarışdırma görüm…

       -…Dalına qulaq as, sözümü kəsmə, deyirəm: « - Sən Məminin eləliyinə baxma, yaza-yaza çox adamın evini yıxıb!» Hidayətin rəngi oldu təbaşir kimi. « Sənin əlindən də o qədər yığıb ki, deyir, onu mən zavoddan çıxartdıracağam, özünü də məhkəməyə verdirəcəyəm…» Hidayət başladı yalvarmağa ki, get Məmini dilə tut, qoysun çıxım gedim başqa sexə. Deyirəm: « Onu dilə tutmaq asan iş deyil! Amma dostluğumuz xatarinə çalışaram. Amma sən dinib-danışmazan ha! Yoxsa işləri korlarsan…» Sonrası da mə`lumdur da…

       Məmi neçə vaxtdı belə ürəkdən gülməmişdi:

       -Məmi də yazandır… Demə, ay Muxtar, yazmağın da xeyri varmış… ha-ha-ha! İşə bax ha, gör harda dadıma çatdı.

 

İTİK   İMPULS

 

     Mühəndis Cavad Cavadov neçə gündü ki, dünyada vardan-yoxdan nəsibi bir olan başını da itirmişdi. Yazdığı elektron sxeminə təkrar-təkrar verdiyi min impulsun biri çıxışa çatmamış dirigözlü yoxa çıxırdı. Nəzarət ölçü cihazlarına qoşulmuş naqillərin toxunmadığı yer qalmamışdı. İtik impuls tapılmırdı ki, tapılmırdı. Təcrübəni təkrar edirdi. Nəticə əvvəlkindən fərqlənmirdi. İş onun başını elə qatmışdı ki, az qala yorğan-döşəyini də gətirib labaratoriyada salsın. Həmkarları Caavdı səhər-axşam otaqda görməyə alışmışdılar. Arabir zarafat edirdilər: « - Bu adamı daha nömrələmək lazımdır, çünki o, şö`bənin əsaslı inventarına çevrilib».

       İşdə onun yaxşı hörməti vardı. Hamı Cavadın ildən ilə təpəsinə doğru genişlənən alnını, kürsü ayağına oxşar yekə burnuna təbəssümlə baxsa da, hesabatlarda, ölçmələrdə çətinə düşən onun üstünə qaçırdı.

       Bu gün labarotoriyada ağız deyəni qulaq eşitmirdi. İşçilər tətqiqat institutundan bir az aralı, tindəki ət dükanında işləyən qəssabın başına yığışmışdılar. O, hərdən dostu, labaratoriya müdirinin yanına gəlirdi. Zarafatcıl, kara gələn bir oğlandı. Dostunun işçiləri dükana gələndə əlindən gələn hörməti edirdi. Ətin yaxşı yerindən kəsirdi, daha sür-sümük qoymurdu. İndi dəftərçəsini qabağına qoyub, qızların sifarişini yazırdı:

       -Sənə iki kilo kabablıq… Yazdım. Sənə beş kilo dolmalıq. Yazdım… Yağlı yerindən… Baş üstə.

       Cavad cihazlarla, kitablarla qalaqlanmış masanın arxasında elə bil iynə üstündə oturmuşdu. Birdən səbri tükəndi, lehmləyicini qalaydana çırpdı, çığırdı:

       -Balam, belə səs-küydə impuls yox, heç yüklü dəvə də tapmaq olmaz… İnsafınız olsun da, bu nə bazardır?!

       O, yerindən qalxdı onlara yanaşdı.

       Cavadın axtarışlarından xəbərdar yoldaşlarından biri söz atdı:

       -Qəssab qardaş, yaz, Cavad üçün dəvə əti!

       Hırıltı otağı başına aldı. Bircə qəssab gözlərini döyə-döyə qalmışdı. Zarafatın duzu ona çatmamışdı. Qəssab:

       -O impuls dediyin nəmənədir, Cavad qardaş? - soruşdu.

       Qəhqəhə otağı başın götürdü. Qəssabın səkkiz sinif təhsili vardı. Otuz beş varaq kitab oxumamışdı. İndi hərə bir atmaca atırdı:

       -İmpuls ətin bir növüdür…

       -Afrikadan gətirilmə import ətdir…

       -Əşi, yox zubr ətidir…

       Otaqdakılar doyunca güləndən sonra sakitləşdilər. Cavad onlara acıqlandı:

       -Adamsınız, axı! İndi bilmir də, nə olar ki! - Qəssaba çevrildi. - Bunlardan incimə, qardaş…

       Qəssab çöndərdi gülümsədi, dəftərçəsini cibinə qoydu:

       -Doğrudan ey, bu impuls nədir, axı?! - maraqlandı.

       -Necə başa salım?! - Cavad qulağının ardını qaşıdı və gözünü pıqqıldamaq istəyən qızlara ağartdı. - Elektrik siqnaldır…

       -Bahalıdırmı?! - Qəssab pərt olmadan soruşdu.

       -Vallah, nə deyim? - Cavad doğrudan da duruxdu. - Belə şeyə hələ qiymət qoymayıblar. Məsəlçün, sən onun mininə bir qəpik verməzsən, mənim üçünsə qiymətsizdir…

       -Eh, mən də deyirəm nə olub? - Qəssab əlini yellətdi. - Bu nə itkidir ki!

       Laborant qızlardan biri pıqqıldayanda qəssab cəld ona tərəf  çevrildi:

       -Gülmə, ay qız, gülmə! Sizə bir əhvalat danışım, onda bilərsiniz itki necə olur. - O, söhbətə başladı: - Dünən bazadan mal almışam… On qoyun, dörd mal cəmdəyi. Yoldan bir maşın tutdum, tələsirdim. Yüklətdirdim, düzəldim yola. Gəlib çatdım dükana. Bir mal cəmdəyi, iki qoyun cəmdəyi əskik gəlir. Başı alovlu cumdum bazaya, dedilər, biz düz vermişik. Maşını axtardım, tapmadım, nömrəsini də bilmirdim. Harayım hara çatacaqdı ki! Azından beş-altı yüz manat zibilə düşdüm. Sən bundan danış! Yoxsa mini bir qəpiyə dəyməyən nəmənədən nə olacaqmış?!

       Cavad onun cavabını səbirsizliklə gözləyən iş yoldaşlarına baxdı, bir şaqqanaq çəkdi. Söhbətə qəssabsayaq başladı:

       -Qəssab qardaş, sənə nə var ki! O əskik gələn ətin pulunu ikicə həftəyə çıxaracaqsan! Könlünə dəyməsin, vallah, çıxaracaqsan. Bir belə müştəri gəlir dükana, hərəsindən beş-on qram qırtsan işin düzələcək. Dərd mənim dərdimidir. Mən yazıq bu itik impulsu kimin qabırğasından çıxaracağam ki, aylıq mükafatımı kəsməsinlər?! Kimin qulağından kəsəcəyəm bilmirəm… Sən bundan danış…

       Cavadla qəssab arasında gedən bu elmi mübahisəni labaratoriya müdirinin içəri girməsi kəsdi.

 

 

QİSAS   GÜNÜ

 

       Beydulla çox hövsələli adamdı. Yüz götürüb bir qoyandı. Amma bir gün səbr kasasının daşacağını yaxşı bilirdi. Beydulla evə qayıdırdı. Erkən yay günəşi batmağa üz qoymuşdu. Darvazanın qarşısında, yolun üstünə tökülmüş qapqara laxtalanmış qanı görəndə kişinin ürəyi düşdü. Hövlnak atıldı içəri, qaça-qaça həyətdən keçdi, özünü evə saldı. Dünya başına dolanırdı, qan onu yaman qorxutmuşdu. Beydulla bir az toxdadı. Tələsik soruşdu:

       -Nə olub?! O nə qandır?!

       -Heç! - Arvadı qaşqabağını tökdü. - İslamın maşını itimizi basıb… Heyvan elə yerindəcə qaldı…

       -Bu iş haçan olub?

       -Səhər saat onda… Sən işə gedəndən bir az sonra…

       Beydulla dil-dodağını gəmirdi. Bircə bunu soruşdu ki, İslam kişi gəlib bir söz-filan deyib-eləməyib ki?! Amma arvadının qırımından başa düşdü ki, gəlməyib. Daha nəsə demək istədi, vaxtında özünü saxladı. Başa düşdü ki, arvadının gül ağzı açılacaq, sonra onu dayandırmaq da olmayacaq. “İslam fir‘onluq edəcək, sən də buna dözürsən… Bir o qalıb ki, onun əlindən baş götürüb kənddən-məhlədən köçəsən. Daha qonum-qonşu arasına utandığımdan çıxa da bilmirəm. Abrımız getdi axı. Elə hamı deyir ki, Beydulla İslamdan qorxur. Baxanda elə də çıxır da. Buyur, tamaşa elə. İti vurub gəbərtdi. Qapıdan baş uzadıb bir quru üzrxahlıq da eləmədi. Nə üçün? Çünki səni saymır, adam yerinə qoymur. Sənə o da azdır. Sənin kimi kişinin itini də öldürərlər, hələ o yana da keçərlər…”

       Beydulla xeyli vaxt eyvanda var-gəl elədi. Televizorda futbol gedirdi. Beş oğlunun beşi də oturub tamaşa edirdilər. Arabir eyvana boylansalar da, heç birindən səs çıxmırdı. Hamını bir sual məşğul edirdi: - Nə edək?!

       Beydulla birdən yerindən qopdu, tələsmədən həyətə düşdü. Axtarıb lomu tapdı. Hasara yaxınlaşdı. Bir, iki, üç… Otuz iki kiloluq daşlar bir-bir hasarın o üzünə, yola töküldü.

       Batmaqda olan günəş toz içində əlləşən Beydullanı yandırsa da, o, məşğuliyyətindən qalmırdı. Hər dəfə lomu qaldırıb-endirəndə hıqqıltıdan savayı bunu da eşitmək olurdu:

       -Məni mərdimazar elədilər. Mən belə deyildim, hıx! On ildi dözürdüm, daha mümkün olmadı, hıx! Allah pis adama nəhlət eləsin, hıx!

       Beydullanın yaşı əllini ötmüşdü. Boydan cüssəsizdi, xırda sümüklü bədəni şiv kimi nazikdi, şümal üzü qırışsız, dolu yanaqlarının dərisi dəf kimi tarım-pardaxlı idi. Uzaqdan baxan onu məhəllə yeniyetmələrindən ayıra bilməzdi. Kişi lazımlı adamdı. Görürdün, məhəllənin xeyir-şər yığnaqlarının irili-xırdalı apar-gətir işlərini, Beydulla elə səliqə ilə, elə xoşluqla, elə dillə ətrafında fırlanan yeniyetmələrin boynuna qoyurdu ki, birinin də cınqırı çıxmazdı. Ayaqçısı olduğu məclislər həmişə səhmanlı keçirdi. Yığnaq sovuşanda məclis sahibləri Beydullanın atasına rəhmət oxumaqla kifayətlənməyib, puldan-paradan da cibinə basırdılar. Əvvələr o, pul götürmürdü. Qonum-qonşunun işi irəli olsun deyə çalışırdı. Yaşa dolandan sonra cibinə zornan basılan əlliliklərdən, yüzlüklərdən daha imtina eləmirdi. “Bax, götürməsən, inciyərəm!” “- Sən oğlanlarının canı”, “-Halal olmaz mənə!” and-amanından bezikmişdi. Kənd böyük idi, iyirmi min əhalisi vardı. Beydulla isə ən şöhrətli ayaqçı idi. Yay başlar-başlamaz qapısını kəsdirərdilər. Kişini ildə azından yüz toya çağırardılar. O da kimsəni, imkan olan yerdə, naümid qaytarmazdı, haqqına minnət gedib işini görərdi.

       Sözü ülgüc kimi adamı kəsirdi. Yəqin elə buna görə də heç kim onunla ağız-ağıza verməzdi. Bircə hasarbir qonşusu İslamdan yan gəzirdi. On ildi ki gediş-gəlişləri yoxdu.

       İslam kişi yekəpər, davakar, hirsli bir adamdı. Qolları metrə yarımdan bir az qısa olardı. Üstünə gələndə elə bilirdin qol-budaqlı bir ağac yerindən qopub. Allah ona yeddi qız vermişdi. Qalib gələnə qədər irəliləmək istəsə də, daha qocalmışdı, mümkün edə bilməmişdi. Deyəsən, Məlikheydər nəsli oğul görməyəcəkdi.

       Aralarının soyumasına bir səbəb olmamışdı. Əvvələr mehriban dolanırdılar. Beydullanın dilindən çıxan xoş bir söz qonşuları Araz çayı kimi ayırmışdı. Bu da belə olmuşdu.

       Beşinci oğlu təzəcə doğulmuşdu. Beydullanı təbrik edənlərdən biri demişdi:

       -Bəxtəvər başına, ay Beydulla, oğlanların dalbadal gəlir, gəlinlərin də hasarın o üzündə hazır dayanıblar.Deyirlər, dalı da gəlir…

       Həmin günlərdə İslamın arvadı altıncı qızı qoymuşdu yerə. İşarə də buna idi.

       Beydulla bığını qürurla sığallayıb demişdi:

       -Bəs necə! Gəlinlərim, maşallah, şəkil kimi dayanıblar hasarın dalında. Bircəciyini də əldən buraxmayacağam. Hamısını oğlanlarıma alacağam…

       Feldşer Həşim söhbətə qarışmışdı:

       -Nəbadə, oğlanların beşinə də İslamın qızlarını alasan ha!

       -Elə niyə? - Beydulla təəccüblənmişdi.

       -Təbabət elmi deyir ki, gərək qan təzələnsin. Qohumlar arasında ərə getmə-evlənmə nəsli cırlaşdırır …

       Başqa bir qonşu da söz atmışdı:

       -Həşim düz deyir də! - gülmüşdü. - Bir də gördün ki, nəvələrinin hamısı qızdır. Əgər nəslinizdə çıraq yandıran görmək istəyirsənsə, oğlanlarının, heç olmazsa, birini başqa yerdən evləndir.

       Bu mükalimələr ağızdan-ağıza keçir, bəzənir-düzənir, qoyulur İslamın ovcuna. Guya Beydulla deyibmiş ki, İslamdan qız almaq düzgün deyil, allah o nəslə oğulu cirə ili verir. Araları o vaxtdan dəydi.

       İslam kişi başladı arabir Beydullaya sataşmağa. On ildi sancırdı, əlindən nə pisliklər gəlirdisə edirdi, amma ürəyi soyumurdu. Sonbeşiyi də qız doğulandan sonra kişi lap dəli olmuşdu. Beydullanın qarasına da nifrət edirdi. Elə bil onu oğulsuz qoyan o idi. Beydulla ona baş qoşmurdu. Nə deyirdisə dözürdü. Qonşusundan çəkindiyini açıqda boynuna almasa da, ürəyinin dərin guşəsində bir xof gizlənirdi. Bilirdi ki, bir gün üzləşəcəklər, yumruq davasına çıxmalı olacaqlar. Bu da Beydullanı  heç açmırdı. Onunku söz idi. İslama isə hər söz tə‘sir eləmirdi, qalın adamdı.

       Yaxınlarda İslam kişi borc-xərc bir qırmızı «Jiquli» almışdı. Naşı olduğundan yavaş-yavaş, ikinci sür‘ətlə sürülən maşının səsi məhəlləni başına götürürdü. Gündə adam neçə dəfə kəndi o baş-bu baş dolanarmış! İslam kişi sükanın arxasından düşmürdü. Feldşer Həşim şəbədə qoşmaqda usta olduğundan demişdi ki, bir azdan İslam subaşına da maşınla çıxacaq.

       Beydullanın evi kəndin qırağında idi. İslam kişi də qarajını elə tikmişdi ki, hər gün yolu onun darvazasının qarşısından keçsin. Cahıl uşaqlar kimi hər dəfə də uzun-uzadı fit verir, belədən-eləyə, elədən-beləyə şütüyürdü. Bir də görürdün ki, o, maşını qonşunun hasarının dalında saxlayıb ayağını gah qaza, gah da əyləcə basır, təkərlər torpağı vıjıltı ilə eşir, motorun səsi ərşə dayanırdı. Bu vaxtları Beydulla oğlanlarının qarşısını gücnən alırdı.

       …Beydullanın zərbələri altında daşlar küçə uşağının ağzından çıxan gunəbaxan tumunun qabıqları kimi yolun eninə də, uzununa da səpələnirdi. Yarım saatın içində hasarın bir qanadını dağıtmışdı. Daşlar yolun ortasında qalaqlanmışdı. Bir-ikisi də dərəyə dığırlanmışdı.

       Kişinin alnından tər sel kimi axırdı. O, hələ də lomu hərləyir, hıqqıldayır, deyirdi:

       -Hıx! Hampaçılıqdırsa, belə eləməzlər! Hıx! Kişilikdirsə, belə eləməzlər! Hıx!

       -Adə, neynəyirsən orda! Dəli olmusan?! Hasarla nə işin?

       Beydulla arvadının səsinə çevrildi, lomu ağaca söykədi, əlinin dalı tərini sildi:

       -Dinmə, arvad! - dedi. - İslamdan qisasımı alıram…

       Arvad ona boğma çıxartdı:

       -Ala ey! - dedi. - Evi dağılmışın oğlu, harda görünüb ki, özgəsinin acığına adam öz evini xaraba qoysun?!

       Beydulla sakitcə işarə etdi ki, çıxıb getsin. Amma qulaq asmadı.

       -Elə dədən Alı kimi səfehsən ha! - dedi. - Dəli olmamışam, ağlım başımdadır… Deyirəm, qisas alıram, deməli qisas alıram… İslamın sevər yerini mən yaxşı bilirəm… - Nəsə demək istəyən arvadının sözünü kəsdi. - Daha məni dəng eləmə, bu kişi işidir, çıx get…

       -Necə, mənim işim deyil?! - Arvad bu sözdən lap odlandı. - Bəs indi həyət-baca açıq qalacaq?! Yoldan keçən boylanacaq… Yüz göz baxacaq…

       -Eh! Axmağın qızı, ağzımı açacaq ha! - Beydulla ona qışqırdı. - Rədd ol, mitilin biri! Yüz göz yox, min göz baxsın, zərin tökülməyəcək ki! Kimin nəyinə lazımsan?!

       Bu vaxt mağazanın tinindən çıxan qırmızı «Jiquli» daş qalağının qarşısında əyləndi. Beydulla arvadı ilə "şirin" söhbəti yarımçılıq qoymalı oldu. O, açıq pəncərədən İslamın irilənmiş gözlərini görüb, daxili bir rahatlıqla köksünü ötürdü. Lomu hər ehtimala qarşı əlinə aldı, çıxdı daş qalağının üstünə. Nəzərləri bir anlığa uzaqda dayanmış, harayçılığa çıxmış məhəllə camaatının üstündə dayandı, təəccübləndi. Heç bilmək olmurdu, bir belə adam hardan bilmişdi ki, Beydulla bu gün İslamla haqq-hesabını üzəcək.

       İslam boylana-boylana maşından düşdü.

       Beydullanın beş oğlunun daş qalağını əhatə etməyi bir oldu.

       Qonşular bir-birinə baxdılar. Birinci İslam dillənməli oldu:

       -Bu nədir, adə?! - qeyzlə soruşdu. - Niyə yolumu kəsmisən?

       Beydullanın dodağı qaçdı, istehza ilə dilləndi:

       -Qonşu, birincisi, salam verərlər! İkincisi, işləyənə «allah qüvvət versin» deyərlər. Axırıncısı da budur ki, yol haçandan sənin oldu? Nə yoğurdum, nə yapdım… Əcəb! Buraları əbəs edən mən, asfalt saldıran mən, yol sənin! Nə yaxşı şeymiş!

       Camaat güldü. İslam kişi pərt halda bir xal aşağı enməli oldu:

       -Yaxşı, qoy ikimizin olsun! - dedi.

       -Yox, qonşu, bizim yolumuz həmişə ayrı olub!

       -Neynək, - deyə İslam ah çəkdi, yumruqları düyünlədi. - Neynək! Bu hasarına nə olmuşdu ki, söküb qoymusan?

       -Pis qonşulardan həzər! - deyə Beydulla siqaret çıxartdı. - O qədər əyri-əyri baxdılar ki, düz hasarıma, hasar əyilmişdi. Təzədən tikəcəyəm…

       -Haçan, inşallah?! - İslam kişi içəridən partlayırdı, amma Beydullanın qaşqabaqla dayanmış beş oğlunu görəndən sonra qeyzini boğmuşdu, ondan gözlənilməyən bir mehribanlıqla danışırdı. - Bəlkə, kömək eləyim, bir-iki saata hasarı qaldıraq?!

       -Yox, yox, sən zəhmət çəkmə! Payızda qurtararam, inşallah!

       İslamın alnındakı damarlar şişib oldu qol yoğunluğunda:

       -Nə? Payızda? - soruşdu. Bəs, mən maşını qaraja necə salacağam?!

       Beydulla çiyinlərini çəkdi:

       -Özün bilən yaxşıdır?! - dedi. - Qarajı hasarımın dalında tikəndə bunu fikirləşəydin də! Bəs bilmirdin, özgə atına minən tez düşər! Yolunu o yandan sal!

       İslamın iri yumruqları düyünləndi, amma Beydullanın başının beş keşikçisi vardı, güman yeri yenə öz başı oldu. Vurdu təpəsinə:

       -Onda evim yıxıldı ki! - dedi. - O yol dolanbac, dardır. Heç usta şoferlər ordan maşın keçirə bilməzlər, o ki olam mən! Beydulla, bir yol elə keçim, maşın hayıfdır…

       Beydulla gözün yumub başını buladı:

       -Üz vurma, İslam kişi, sənə yol verməyəcəyəm! Çünki çox kəmfürsət, yolsuz adamsan! Çox yaxşılıqlar eləmişəm, xeyri olmayıb. Qonşuluqda nə arzulamısan yerinə yetirmişəm. Yadındadırmı, beş-altı il qabaq orta hasarın yanında peç qoymuşdum, uşaqlar yayda biş-düş edirdilər, dedin, külək tüstünü evimə qovur, dəyişdir yerini. Dedim: « - Baş üstə, qonşu!» Dəyişdirdim. Dörd il qabaqsa qol-budaqlı tut ağacını kəsdirdin mənə, dedin, yarpaqları, meyvəsi həyətimi zibilləyir. Cızdağım çıxa-çıxa kəsdim! Toyuq hinimiz həyətin bir küncündə idi, hay saldın ki, iydən boğulduq. Dəyişdirdim yerini. Daha nə istəyirsən. Bəlkə köçüm bu məhəllədən?! Utanma, könlundən keçirsə, de!

       Camaat yer-yerdə dedi ki, düz deyir. İslam kişi də xeyli götür-qoydan sonra boynuna aldı ki, Beydulla haqdır. Köksünü ötürdü:

       -Olan olub, keçən keçib! - dedi. - Beydulla, gəl olmuşların üstündən xətt çəkək!

       -İslam, çox xətt çəkmişəm, daha qələm quruyub, mürəkkəbi qurtarıb! - deyə Beydulla inadla dilləndi. - Məni mərdimazar sən elədin! İndi cəzandır çək!

       -Əşi, biri od olanda, biri su olar! - deyə feldşer Həşim uzaqdan dilləndi. - Gor qonşususunuz, bir-birinizi yola verin.

       -Cammat, birəlli əl çalmazlar! Mən çox əlləşmişəm, bir şey çıxmayıb! - deyə Beydulla başını aşağı salmış İslama baxmadan davam etdi. - Qonşuluqdu, niyə qoymadı ki, həyətindən su çəkim. Özü ki, Həşim kişi, səndən götürmüşdü. O vaxt mənə dediyi söz yadınızdadır da?! Dedi ki, suyumun təzyiqi azalar! Çox dedim, az eşitdi. Əlacım kəsildi, bir ətək pul tökdüm, borc-xərc turba aldım, usta tutdum, az qala iki kilometrdən həyətimə su çəkdim. Budur qonşuluq?!

       İslam kişi dinməz qayıtdı, oturdu maşina, dala sürdü. Cammat da dağılışdı.

       Bir saatdan sonra məhəlləyə hay düşdü ki, İslam kişi Əliqulunun dalanında maşını ilişdirib divara, sağ qanadını möhkəm əzib.

       Beydulla sevinmədi.

 

                                                        

 

 

TELEQRAM

 

       Evin sonbeşiyi BAM-dan gəlirdi, teleqram vurmuşdu. Elə bil zəlzələ olmuşdu. Bir-birinə dəymiş ev köçürülmə məntəqəsinə oxşayırdı.

       Əmisinin gəlmək xəbərini eşidəndən sonra Orxan daha oynamağa yığılan qonşu qızlarına fikir vermirdi. Təzə paltarını zorrama geydirib, səhərdən axşama qədər darvaza önündə, əlləri cibində, var-gəl edir, ona: «- Qaç, evə!» - deyən ev adamına tərs-tərs baxır, yekə-yekə cavab qaytarırdı:

       -Getmirəm! Mən əmimi gözləyəcəm.

       Orxan əmisinin üzünü görməmişdi, çünki beş yaşı hələ yayda tamam olacaqdı.

       Bibiləri onu danışdırmaqdan ləzzət aldıqlarından deyirdilər:

       -Baban onsuz da əmini evə qoymayacaq…

       Orxan qaşlarını çatırdı:

       -Yox, qoyacaq! Mən deyirəm, qoyacaq! - deyirdi. - Gələr ona toy edərik! Axı, o, Nataşa ilə gəlir!

       Bibiləri xısın-xısın gülür, atalarının kölgəsini görən kimi susurdular. Kişi «primanı» «primanın» oduna yandırır, həyəti qara bulud kimi dolanırdı. Teleqram onu əymişdi. İki gündü heç kimi dindirmirdi. Küsülü kimi dolanır, arabir dodaqları səssiz rərpənir, qarpız qaşları altında qəzəblə parlayan gözlərini həyətin o başındakı evə dikirdi. Teleqram gələn gündən böyük oğlu gözünə dəymirdi. Deyəsən, qorxudan bayır-bacağa da çıxmırdı. Atasının saqqızını o oğurlamışdı. Beş il qabaq kişini dilə tutmuqdu: « - Qoy, getsin, ay dədə - demişdi. - Orada işlər, özünə pul qazanar, qayıdar ev-eşik salar, toyunu edər. Bu saat oralarda pulu lapatkə ilə kürüyürlər. Qoy, getsin, mane olma! Görmürsən, neçə ildi tər tökürəm, daş üstə daş qoyuram, hələ də evimi bir tərəfə çıxara bilmirəm. Niyə? Çünki pulum yoxdur. Mühəndis maaşı ilə dolanmaq belədir də! Evin binasını Kamal doğulanda qoymuşam, indi uşağın on beş yaşı var, əsgərlik yaşına çatıb, hələ də qurtara bilmirəm. Vallah, dədə, bir əlim bir başım olsaydı, baş alıb gedərdim bu xaraba şəhərdən…»

       Kişi də yarıkönül əsgərlikdən yenicə qayıtmış oğluna BAM-a getməyə izn vermişdi. « -Amma iki şərtlə, - demidi. - Birincisi, oğul, sənə Rusiyyətdə beş ildən artıq qalmağı qadağan edirəm. Və‘də tamam oldu, gördün dirəyin qızıldandı, yenə daşını atıb, gəlməlisən. İkincisi, demişdi…» Burda kişi kitaba yazılmayan biədəb bir söz işlətmişdi. Qardaşın ikisi də qızarmışdı. Bu sözün mə‘nası belə idi ki, oğul, nəbadə oralarda «ilişib» qalasan. « - Mənə kişi kimi söz versən, - demişdi. - Yol sənindir, amma fikirləş ha!» Kiçik oğul da, müxtəsər fasilədən sonra, kişi kimi söz vermişdi. O gedən beş il keçmişdi.

       Kişi həyəti addım-addım dolanırdı, ürək yanğısı ilə deyiinirdi: « - Buyur, bu da onun kişi sözü! Dəyyus oğlu dəyyus! Gör, necə yoğunlayıb ki, utanmaz-utanmaz tel də vurur, bə mən arvadım Nataşa ilə gəlirəm. Qarşılayın! Tfu, sənin zatına! Bircə ocağımızın başında urus qızı çatmırdı.»

       Nəvəsi Orxan ondan üzülmürdü. Dalınca hərlənən uşaq fikrini dağıtdı. Orxan nəsə üyüdüb-tökürdü. Kişi dilavər nəvəsinə çəp-çəp baxdı, amma acıqlana bilmədi. Ayaq üstə durmaqdan qıçları ağrıyırdı, keçib tut ağacının altında oturdu. Gəlib dizinin dibini kəsdirmiş Orxana hasarın yanında oynayan qızları göstərdi:

       -Gedib oynasana, balası, - dedi. - Nə pıtrağ kimi yapışmısan yaxama!

       Qəsəbədə dörd-beş dənə üç mərtəbə ev vardı. Camaat arasında bunlar «neftçi evləri» kimi məşhurdu. Adından mə‘lum olurdu ki, bunlar neft mə‘dənlərində çalışan fəhlə-qulluqçular üçün tikilib. Üçmərtəbənin biri kişinin gen-bol həyətinə yaxındı. İvanovun dul qalmış arvadı orda yaşayırdı. Kişi təqaüdə çıxana qədər onun əri ilə işləmişdi. İvanov keçən il qəzaya düşüb tələf olmuşdu. İki xırda qızı qalmışdı. Onlar mehrini bura salmışdılar, hər gün gəlir, kişinin nəvələri ilə oynayırdılar. Hasarbir qonşunun Sevinc adında qızı da onlara qoşulurdu. İvanovun yeddi yaşlı qızının adı Nataşa idi.

       Orxan babasına qulaq asmadı, gəlib girdi qucağına. Kişi daha dinmədi. Uşaq isə durub-durub birdən dedi:

       -Baba, ay baba?!

       -Hıy…

       -Mənə toy elə də!

       Kişi diksindi, kənara çırt atıb, deyindi:

       -Bəli də! Əmindən bal tutub barmaq yaladıq, arzu-kama yetdik, hindi növbə sənindi!

       Orxan başa düşmədi, yalvardı:

       -Qurban olum, baba elə də, nolar?!

       Kişinin çal qaşları alnına yeridi:

       -Nədi, təntimisən?! - soruşdu, uşağın başa düşməyib gözlərini döydüyünü görüb, köksünü ötürdü: - Yaxşı bala deyirəm atana gələn il sənə kiçik toy vursun. Razı qaldınmı?

       Orxan ayağını yerə vurdu:

       -Yox! Yox! - dedi, - kiçik toy istəmirəm. Kiçik toy pisdir!

       Kişinin eyni açıldı:

       -Bə! - deyə qımışdı. - Toy toydu da! Kiçik toyun nəyi pisdi?!

       -Pisdi, onda adamı ağrıdırlar. Odey Sevincin qaqaşı üçün eləmişdilər. Şalvar geyə bilmirdi, yaylıq bağlayırdı… - Orxan barmağını babasının üstünə silkələdi - Aldada bilməzsən! Mən böyük toy istəyirəm. Əmimçün də elə, mənimçün də! Sonra da gəlin gətir!

       Kişinin kefi açıldı, bir «prima» çıxardıb müştüyə keçirtdi, nəvəsi ilə başladı məzələnməyə:

       -Belə də! - dedi - Böyük toy deyirsən, elərik! Hələ əmini qoyaq bir qırağa, de görüm, sənə kimi alaq?! Deyiklin varmı?

       Orxan fikrə getdi, birdən bağırdı:

       -Baba, mənə də Nataşa al! Əmim kimi!

       Kişinin dodağı qaçdı:

       -Öhö! Öhö! Öhö! Ay bəzzat! - dedi və sinəsini bir də arıtladı. - Bə əvvələr deyirdin Sevinci alacam! Noldu fikrini dəyişdin?

       Orxan babasından aralandı, bir ayağı üstə hoppana-hoppana dedi:

       -Yox, Nataşa yaxşıdı, Sevinc pisdi. Ona deyirəm, get, üzünü yu, deyir, sudan qorxuram. Bax, bu Nataşanı almasan, gedəcəm Məskoya, orda Nataşa çoxdu, ordan gətirərəm.

       Kişi bu yerdə daha heç cür özünü saxlaya bilmədi, için-için güldü:

       -Ay gözünə dönüm! - dedi. - Avara əminlə haqqın yolunu tapıbsız! Ay pıtrağ, Nataşa nəyinə lazımdı? Səndən böyükdü, döyəcək səni!

       Orxan əllərini saldı cibinə, babasının önündə şax dayandı:

       -Hı! Mən elə bu boyda qalacam?! Böyüyərəm də! Odey, səhər iki boşqab sıyıq yemişəm. Mamam deyir, kim çox sıyıq yesə, tez böyüyər…

       Kişi daha ağzı sıyıq kəsən nəvəsinin diribaşlığından məmnun halda başqa bir bəhanə gətirdi:

       -Sənki rusca bilmirsən! - dedi. - Nataşa ilə necə danışacaqsan?

       Orxan cingiltili səslə güldü:

       -Ha! Gör nə boydasan, bunu da bilmirsən! - dedi. - Əlnən danışacağıq, lallar kimi… Televizorda görməmisən?!

       Kişi doyunca güldü:

       -Sənə day sözüm yoxdu! - dedi və yaşaran gözlərini sildi.

       Qalxıb nəvəsini qucağına götürdü, təzədən yerə qoydu və dalından vurdu:

       -Yaxşı, day, bəsdi! - dedi. - Sən, qaç, qızlarla oyna! Odey, Nataşa səni çağırır, Yəqin darıxıb səniçün! Yeri!

       Orxan qaça-qaça uzaqlaşdı. Qızlara qarışdı. Baba dərindən köksünü ötürdü: « - Bir qamçı boyu var, danışmağına bax!» - düşündü. Başını qaldırıb onlara baxdı. Gördü Nataşa Orxanı qucaqlayıb, Sevincsə çirkli əllərini yanına salıb, tamaşa edir. Kişi bu səhnəni seyr edib, istehza ilə gülümsədi: « -Bu oğlan da kisəmizdən getdi!» - dedi.

 

HƏMZƏNİN   NAĞILI

 

       …Qəbula gələnlər qapının ağzında basabas salmışdılar. Biri qabağa keçdi:

       -Həmzə müəllim, - dedi, - məni Bolu qağa hüzürüna göndərib. Dedi ki, o kişinin ayağı biləni bizim başımız bilmir. Get onun yanına, sənə qulluq versə, razı ol, təki başını dolandırasan…

       O birisi ona macal vermədi, çəkib qapıdan uzaqlaşdırdı, özü onun yerinə keçdi:

       -Qədeş, mən Dona xanımın xalasının yaxın qohumuyam. Bu da xalanın zəmanət kağızı… Deyirlər, sən daha böyük adam olmusan, mənə bir pullu iş düzəlt! Dovtələb adam deyiləm, qarovulçuluğa da razıyam…

       -Sən hələ dayan! - Bir başqası ona acıqlandı, irəli atıldı. - Həmzə qağa, Həsən paşa buyurub ki, birbaşa sənin yanına gəlim. Dedi, adımı verən kimi Həmzə sənə bir karlı yer verəcək. Sən də, dedi, başını dolandırırsan. Amma, qağa, qayınatan lap kardan düşüb, səndən də yaman gileylidir… Hamısı istədiyindəndir. Bir Həmzə deyəndə, beşi də ağzından tökülür…

       Həmzə bir saata, bir də əlləri onun ətəyində olan qohumlara baxdı, gözünü yumdu, bir azdan açdı, gördü yox olmurlar. Dərddən əlini təpəsinə atdı, amma yolmalı bir şey tapmadı. Müdir işləyəni tə‘mirdən sonra tüklənmiş başında diş qurdalamağa da tük tapmazdın. O, ağlar səslə yalvardı:

       -A qohumlar, a başınıza dönüm, - dedi, - vurun öldürün məni! Belə qarovulçu yerimiz boş deyil! Vallah, billah, boş deyil! Başqa nə iş istəyirsiniz, gözüm üstə yeriniz var. Necə, qohum, mənə hərbə-zorba gəlirsən? Qabağa soxulma! İndi ki, belə oldu, basın bayıra. Qurumsaq uşağı!

       Birdən hamı yox oldu. Həmzə dərindən nəfəs aldı, sevincək yerindən qalxdı, qapını bağlamaq istəyirdi ki, kəndarda yaraqlı-yasaqlı bir pəzəvəng kişi peyda oldu. Həmzə zoruna salıb onu da bayıra salmaq istədi. Bir güc elədi, iki güc elədi, gördü, yox, pəzəvəng kişi geri dəbərmir ki, dəbərmir. Elə bil lay divardı, dayanmışdı qabağında. Həmzə qəbula gələnlərdən belə üzlüsünə rast gəlməmişdi. Bir də onu itələdikdə pəzəvəng kişi silkələndi, əlini bekaraca yellətdi, Həmzəyə bir dürtmə dəydi.

       -A keçal, mənə dov gəlmək istəyirsən?! - nərildədi.

       Həmzə dürtmədən iki dəfə mayallaq aşıb, kürsüyə düşməyindən daha çox, qədim ləqəbini eşitməyinə heyrətləndi, zorla qalxdı:

       -Bəh! - yanını ovuşdura-ovuşdura çığırdı. - Kimsən, ay adam? Səsin-zorun tanış gəlir, amma anışdıra bilmirəm…

       Yaraqlı-yasaqlı kişi bir də nərildədi:

       -Çörək gözünü tutsun, a keçəl! - dedi. - Belə artmısan ki, indi Qoç Koroğlunu tanımırsan?!

       Həmzə ağrı-acını unutdu, özünü atdı Koroğlunun üstünə, onu qucaqladı, o üz-bu üzündən öpdü.

       -Ay səni xoş gördük, Qoç Koroğlu! - dedi. - Gör, nə vaxtdandır ki, rastlaşmırıq! Elə deyirdim, bir imkan düşəydi, o kişinin xəcalətindən çıxaydım…

       -Başım qarışıqdı, macal eləyib dost-aşnaya baş çəkə bilmirdim. - Koroğlu üzrxahlıq elədi.

       -Canın sağ olsun! - Həmzə onu çəkib qabağındakı masanın arxasında oturtdu. - De, görüm.  sən hara, bizim tərəflər hara?!

       Koroğlu yerini rahatlayandan sonra bığlarını eşdi:

       -O günləri Qıratın dəliliyi tutmuşdu, necə götürüldüsə, başını daha saxlaya bilməzdim. At yerimirdi, quş kimi uçurdu. Huşumu itirmişəm. Gözümü açanda, özümü sizin şəhərdə gördüm…

       -Qəribə adamsan ha! Xəbərsiz-ətərsiz durub gəlirsən! Barı bir teldən-zaddan verəydin, hazırlaşaydıq, pişvazına çıxardıq. - Həmzə bəri başdan ona yalmandı! - Sahibsiz it günündəyəm, Qoç Koroğlu, yaxşı özünü yetirmisən. Bəlkə yuxarılarda bir dil yetirdin mənimçün, yaxşı vəzifə verdilər.

       -Dayan, keçəl, bu söhbətin yeri deyil. Qərib şəhərdir, başımı itirmişəm. Atdan enən kimi paşadan-xandan soraq istədim, gülüb dedilər ki, cəmi kasıb-kusub yığışıb axırına çıxıblar. Dedim: « - Heç padşahınız yoxdur?! Hərcmərclikdir?! Dedilər, sən deyən anarxyadır, bizim öz hökümətimiz var. Başçımız da bir ağıllı kasıbdır…» Bu doğrudurmu, keçəl?

       -Əlbəttə! - Həmzə təstiq etdi. - Sevin də, ömrün boyu bunun üçün vuruşmusan ki!

       -Düzü, əvvəl şad oldum, sonra qəmgin… Köhnə vaxtlar olsaydı paşadan-xandan qırıb-çatar, bac-xərac alar, qarnımı doydurardım… Onların da kökünü kəsiblər. İndi qalmışam belə, neçə gündür ağzıma bircə loxma çörək də almamışam.

       -Bizdə işləməyən dişləməz, Qoç Koroğlu!

       Koroğlu yerində qurcuxdu:

       -Eləsə, qulluqdan-zaddan mənə tap, işləyim. Həm qarnımı doyduraram, həm də bəysiz-xansız bir-iki ay yaşayaram. Canınçün, dava-dalaşdan daha bezmişəm…

       Həmzə şirin dilini işə saldı:

       -Qulluq? - soruşdu. - Əlimin altındakı qulluqların hamısı sənə qurbandır, Qoç Koroğlu! Əmək kitabçanı bəri elə…

       -Mültəfit olmadım? - Koroğlu qabağa əyildi. - Əyə, keçəl, sən ölənlərinin goru, qarğadili danışma! Əmək kitabı nədir?

       Həmzə səbrlə izah elədi:

       -Qoç Koroğlu, əmək kitabı sənəddir, ora iş stajın yazılır, hansı sənətin sahibi olduğunu göstərir…

       -Yoxumdur… - Koroğlu özünü itirdi.

       -Yox, əşi?! Elə-belə səni işə götürməyə ixtiyarım yoxdur. - Həmzə təəssüfləndi. - Bəlkə səni köhnə iş yerindən maddə ilə çıxarıblar?! Nədir, qəlp işin olub?!

       -Əyə, başına at təpib, nədir?! Nə qəlp iş? Mən Qoç Koroğluyam!

       -Bilirik də, - Həmzə onun ağzından vurdu, - Köhnə xidmətlərini gözümüzə soxma daha! Yaxşı, indiyə kimi işləməmisənsə, gərək yaşadığın yerdən arayış gətirəsən…

       -İndi Çənlibelə qayıdıb, arayış alım?

       -Əlbəttə! Oranın böyüyü kimdirsə, deyərsən girdə möhürü vursun kağızın üstünə.

       -Əyə, səfehləmə, özüm-özümə arayış yazmayacağam ki?!

       Həmzə çaşqın-çaşqın ona baxdı:

       -Doğrudan ha! - dedi. - Amma, vallah, arayış olmalıdır. Biz bilməliyik axı, sən bu yaşına  kimi kimin himayəsində yaşamısan…

       -Hə? Qoç Koroğlu himayədə yaşayıb?! - Koroğlu hədə ilə dilləndi. - Gözünü aç, mənə sərrast bax ha!

       -Qədeş, hirslənmə, mən ölüm! Məsəlçün deyirəm də! Başqa kağız gətirsən, nə sözüm var?

       -Deyəsən, sən məni dolamısan, axı! - Koroğlu hirsləndi. - Keçəl, mənim Koroğluluğuma hörmət eləmirsən eləmə, yaşıma bir nəzər yetir. Həm də xotkarın yalan-doğru kürəkəniyəm axı.

       Bu yerdə Həmzə də hirsləndi:

       -Danışdı da! Belə mən də Həsən paşanın dost-doğma kürəkəniyəm, amma sənətim var, bir palazqulaq diplomum var.

       Koroğlu bir az həsdədi:

       -Bala, oğul Həmzə, dava demirik ki! Bir iş ver, dolandıraq da başımızı! Bu diyardan yaman xoşum var, beş-on gün dolanmaq, gəşt eləmək istəyirəm. Paşadan-xandan olsaydı, daha sənin kimisinə işim düşməzdi. Çəkərdim qılıncımı… Yaman yerdə axşamlamışıq…

       Həmzə mızıldandı:

       -Yığdığını ona-buna paylamazdın, - dedi, - harda ac görürdün, çörəkləyirdin, harda yalın görürdün, geyindirirdin. Dar gününə də saxlayaydın da!

       Koroğlu təəccübləndi:

       -Ayə, keçəl, sən nə yaman dilçəklənmisən! Mən xalq qəhrəmanıyam, adım dillərdə dolaşır, şə‘nimə dastanlar qoşulub, mahnılar deyilir, sən məni öyrədirsən?!

       -Lap yaxşı, - Həmzənin hövsələsi daraldı, - qardaş, sənədsiz sən nə ilə sübüt edəcəksən ki, sən həmən Qoç Koroğlusan?! Hə? Bəlkə o kişinin adını özünə çıxan bir şarlatansan?

       -Sən, axı, məni tanıyırsan?!

       -Nə olsun ki?! Kağız olmazsa, özüm də keçəl Həmzəliyimi demirəm, heç keçəlliyimi də sübut edə bilmərəm, baxmayaraq ki, göz görür, başımda bircə tük də yoxdur.

       Koroğlu dərin fikrə getdi, haçandan haçana sevincək qışqırdı:

       -Tapdım! - dedi və qoltuq cibindən əzik bir kağız çıxartdı. - Gör bu keçər? Xotkar özü qol qoyub! Möhür basıb! Sənətlərim də cabəca yazılıb. Fərmandır, xotkardan cıra-cıra almışam…

       Həmzə ağzını büzdü, əli ilə rədd elədi:

       -Eh, Xotkar nə kişidir ki, onun verdiyi fərman bu zamanda işə keçə! Sən də, Qoç Koroğlu, heç utanmadın düşmənin bir parça kağızından yapışmısan?!

       Koroğlu hiylə çətirini çəkdi başına:

       -Bala, xalq deyir, kişinin igidliyini düşmənindən soruş. Sənin kimi dost-aşna mən boyda kişini tanımaq istəməyəndə mən də düşmən kağızın qoyaram da ortaya, - dedi.

       Həmzə bu sözdən utandı, çar-naçar dedi:

       -Yaxşı da ver, görüm xotkar nə yazır. - Əlini uzatdı, kağızı aldı. Başladı oxumağa.

       Fəmanda deyilirdi:

       «Ya allah!

       Yüksək Fərman o səbəbdən intişar olunur ki, igid, qorxmaz, at minən, qılınc vuran, şeşpər atan, gürz çalan, bir yumruğa qırxın əzən, neçə-neçə paşadan bac alan, bəydən-xandan xərac alan, nərəsindən dağ oynayan, işi tuş olanda, ya yaş olanda söz deyən, saz çalan, yeddi qazan aşı bir oturuma yeyən, üç aylıq yolu üç gün gedən (bəşərtü, altında Qırat ola), müftə  yeyib-içməyin ustası, boyu məsçid minarəsi, bığı bir arşın, kəlpeysər, allı- güllü Çənlibelli, Qıratlı-Düratlı, dalında durub yeddi yüz yetmiş yeddi dəli, Kor Alı bəyin göz işığı ( bəyliyi öləndən sonra ona biz əta etmişik ), kürəkənim, həm təsəllim Qoç Koroğlu ( Allah onun qılıncını başımızın üstündən əskik eləməsin ) istədiyi yerdə gül töküb, kök sala bilər…

       Mübarək möhür.                                                   İmza: Xotkar.»

       Həmzə fərmanın tarixini seçə bilmədi. Kağızı qoydu pardaxlı masanın bir qırağına. Dilini nırçıldatdı:

       -Yarımağına yarıyar, amma işə tikmək olmaz - dedi. - Eybi yox, tanışlıqla səni işə götürəcəyəm, babalın boynuma.

       -Ay sağ ol, keçəl, indi səni kişi gördüm.

       -Hələ dayan, Qoç Koroğlu. - Həmzə onun sevincinə soyuq su qatdı. - Sənin sənətin yoxdur, axı. Mən səni nə qulluğa qoyum? Bəlkə usta şagirdi götürək? Hə?

       -Nə? Qoç Koroğlu şəyird? Bu yaşımda?

       -Nə olar, adə? Səndən yekələri də bu yolu keçməyibmi? Nahaq yerə yüz il yaşa, yüz il öyrən deməyiblər ki! Əlin işə yatar, öyrənərsən, üç aydan sonra da dərəcə verərik… - Həmzə sözünün dalını gətirmədi. Koroğlunun gözləri hirsdən ala-bula çalırdı. - Yaxşı, yaxşı, qan olmadı ki! İstəmirsən istəmə də… Bəs, əlindən nə gəlir?

       -İndicə fərmanı oxudun ki! - Koroğlu narazılıqla ona gözünü ağartdı. - De görüm, qılıncçalan işinə yarayarmı?!

       -Yox, canım!

       -Niyə?

       -Bizə lazım deyil də! - Həmzə başını qaşıdı. - Amma «Dinamo» idman cəmiyyəti qılınçalan axtarır…

       -O haradır, keçəl? - Koroğlu maraqlandı.

       -«Dinamo»? Səni necə başa salım… köhnə hesabla ora zorxanadır…

       -Rədd elə! - Koroğlu əlini yellətdi. - Zorxanaya dolu qarınla girərlər. Bir də bu yaşımda harama yaraşar?!

       -İndi özün bil!

       -Gürz vuran, şeşpər atan necə?!

       -Balam, bu sənətlər indi işə keçmir ey, işə keçmir. Daha nə qılınclanmalı, nə də şeşpərlənməli bir adam qalmayıb. Nə ki havayı yeyən vardı bir azın sən qırdın, qalanlarının da axırına sənsiz çıxdılar, hamısını o dünyalıq ediblər.

       -A keçəl…

       -Dayan, Qoç Koroğlu, daha mənə «keçəl» demə, inciyərəm, mən ölüm! İndiki həkimlərə nə gəlib! Düzdür, əllərinə xəstə düşsən, dirilməyin getdi fələyin yerə qarın vurmağına, amma keçəlimi yaxşı tə‘mir etdilər. İpək kimi tük gəlmişdi. Vəzifəyə qoyandan sonra töküldü. Əşi, axmaq tüklərdir də, imkan tapan kimi bir-bir aradan çıxıblar…

       -Ayə, Kaloğlan…

       -Can Koroğlu, elə də demə! - Həmzə əlini boğazına apardı. - Bir az biədəb çıxır. Mən ki, yetkin, işıqlı gələcəyi olan bir gəncəm…

       -Bəs, səni necə çağırım ,  ay qurumsaq? - Koroğlu hirsləndi.

       -Hamı mənə «Həmzə müəllim» deyir, sən də elə de!

       -Müəllim? Elə niyə?

       -Belə hörmətli çıxır. İşin düşdüyü, tabeliyində olduğun adama «Müəllim» deyəndə onun canına yağ kimi yayılır.

       -Qıratın nalları tökülüb, indi nalbənd yanına getməliyəm. Gərək ona «Nalbənd müəllim» deyim? -Koroqlu təəccübləndi.

       -Elə ha! Dəlləyə işin düşsə «Dəllək müəllim» deməyi unutma. Yoxsa üzünü küt ülgüclə qırxar ha!

       -Onda işim çim yağdır ki! Yeddi yüz altmış dəlimə tapşıracağam ki, mənə «Koroğlu müəllim» desinlər. Necə səslənir, keçəl?

       -Ə‘ladır, Qoç Koroğlu, gözgərəsi inkişaf edirsən. - Həmzə razılıqla gülümsədi.

       Koroğlu uğundu:

       -Ha…ha…ha! Dədənin toyu olsun, a keçəl Bağışla, Həmzə müəllim! - dedi. - Məni yaman güldürdün… Söhbətdən uzaq düşdük. Həmzə müəllim, özün bilirsən ki, əzəldən ayaqdan zirəngəm… Üç aylıq yolu üç günə gedirəm. Mənim Bağdad, İstanbul səfərlərimə dastanlar qoşulub! Çapardan-zaddan götürsən, peşman olmazsan…

       Həmzə başını buladı:

       -Yox, qardaş, keçməz, - dedi. - İndi adamlar üç aylıq yolu üç saata gedir, deyirlər: gecikdik. Sənin apardığın xəbər üç günə boyat bozbaşa dönəcəksə, kimə lazımdır?

       Koroğlu ümidsizləşdi:

       -Daha bu olmadı ki! - dedi. - Mən boyda kişi səninlə çənə döyməkdən yoruldum… Dəyirmançı lazım deyil ki?! Keçənlərdə sən ki Qıratı apardın, güzarım düşmüşdü dəyirmana. Biraz təcrübəm var…

       -Hə? Hansı növ dəyirmanda işləmisən?! - Həmzə soruşdu.

       -Deyəsən, məni imtahana çəkirsən, axı? - Koroğlu özünü tox tutdu. - Nov deyəndə ki, əlbəttə, su dəyirmanının novu da var, daşı da, pəri də! Sən lap üstümü unlu görmüsən ha!

       -Eh, rəhmətliyin oğlu, növ deyirəm, növ! Sən görən dəyirman su dəyirmanıdır, onları çoxdan su aparıb, danışmağa nə həcət…

       Koroğlu uzun ömrünə bir də nəzər salıb həvəslə dilləndi:

       -Neynək, qardaş, bəlkə elə bir adam var ki, ilxısı olsun? Biz, axı, dədə-babadan ilxıçıyıq… Atdan başım çıxır. Elə ayğırlar bəsləyim ki, Qırat onların yanında yalan olsun…

       Həmzə ah çəkdi:

       -İlxı nə gəzir, əşi! Fikrin gedib köhnələrə. İndi, gör, nümunə üçün at tapırsan ki, ilxıdan söhbət edirsən?

       -Nə pis oldu? - Koroğlu heyfsləndi.- Daha neynək, çobanlığa da razıyam. Bir qoyun sürüsü tapşır mənə…

       -Can Koroğlu, qoyun-quzu saxlamaq sənin işin deyil.

       -Güldürmə məni. - Koroğlu əlini yellətdi. - Çobanlığa nə var ki! Səhər hayla örüşə, axşam huyla pəyəyə…

       -Ağrımayan başına dəsmal bağlama, Qoç Koroğlu. Bizdə yüz doğar qoyundan iki yüz bala alan çobanlar var. Onlarla ayaqlaşa bilirsənsə, buyur, qolunu çırmala…

       -Nə danışırsan, əyə! Qoyundu da! Doğmadı ekiz, aldım hər qoyundan bir bala? Onda nə olsun? Yox, qardaş, əl vermədi. Uşaq-muşağın biri yüz qoyundan iki yüz bala alacaq, mən, adlı-sanlı Qoç Koroğlu, bunu edə bilməsəm biabır olacağam. Onda baş qovzayıb, camaat arasına mən necə çıxacağam?!

       -Deyirəm də, Qoç Koroğlu, bu, sənin işin deyil…

       Həmzə qəmli-qəmli oturmuş Koroğluya baxdı. Ürəyi bir tikə oldu. Keçəl olduğu vaxtlar yadına düşdü. Bu kişinin qapısında çox çörəklər yemişdi. İndi heç insafdan deyildi ki, onu naümid qaytarsın. Əlinin altında olan ən yaxşı iş keşikçilik idi. Bir həftədi adamlar o yerin həvəsi ilə gəlirdilər, gedirdilər…

       -İstəyirəm sənə bir yaxşılıq edim…

       -Ayə, hanı səndə o kişilik?!

       -Qoç Koroğlu, bizim kombinatda işə girmək zəmanətlədir. Tanışlıqla sənə qulluq yeri verirəm, bu da sənin çox sağolundur?! - Həmzə incidi.

       -Yaxşı, ayə, burnunu sallama, sözdü dedim də, keçəlinə söymədim ki!

       -Kombinata səni qarovulçu qoysam necədir?! Üç gün evdə, bir gün işdə. Padşah sənətidir, razısan?

       -Lap elə razı oldum. Mənim alacağım nə olacaq? Bu qürbəttə özümü dolandıra bilərəmmi?!

       Həmzə qarovulçunun maaşını dedi. Koroğlu fikrə getdi.

       -Bu pula neçə pud düyü almaq olar? - soruşdu.

       -Düyü?! - Həmzə fikrində cəld hesabladı. - Yeddi pud.

       -Yox, əl verməz. - Koroğlu ah çəkdi. - Mənim iştahıma bələdsən ki! Yadındadırmı toyunda yeddi qazan aşı necə aşırdığım? Bu maaş mənə çatmaz…

       Həmzə onun xamlığına güldü:

       -Ayə, sən elə o vaxtlar da bir az gec qanan idin, indi bir az da üstünə gəlib. Mən olmasaydım onda Qırat da dəsxoşa getmişdi. Belə başa düş, alacağın ancaq çay puludur, qalanları sənin bacarığından asılıdır. Əlinin altında bütün kombinat olacaq. Şükür allaha, bizdə də nə desən var. Taxta, şalban, dəmir, şüşə, kafel-hər cürəsindən, masa, oturacaq, gül, balıq, kasa, daha nə bilim nə! Çətini bir həftə olacaq, sonra işin xod gedəcək. Öz müştərilərin, öz adamların… Bala-bala satarsan, dilxoşluq edərsən özünçün. Acgözlük eləməsən heç nə olmaz. Bizim kombinat dəryadır, qurtaran deyil. Sənin gələcək həmkarlarından biri çopur Cəfərdir. Bir ilə, para ilə özünə, qonşularına, gör nə cəlal yaradıb. Zalım oğlunun alt-üst evlərinə baxanda adamın ağlı gedir… Daha Səfəri demirəm. Gecə də satır, gündüz də. Kombinatın axırına çıxsa, bax, o çıxacaq. Əlbəttə, bizə də görüm-baxım edir, daha səndən nə gizlədim, amma hərdən mənə yaman kəf gəlir. İstəyirəm onu çıxarım, yerinə özümünkiləri qoyum. Biri sən olarsan, necə olsa, səninlə bir parça çörək kəsmişik…

       -Yox, keçəl, məni mə‘zur tut…

       -Niyə, qədeş?!

       -Mənim haça-küçə işlərlə aram yoxdur. İran şahı düşmənim idi, amma onun xəzinəsinə yaran oğruları tutub özünə təslim etdim. İndi, deyirsən kasıb-kusub padşahlığında mən oğurluq edim?! Gör, mənə nəyi layiq bilirsən. Ay səni, keçəl! Yaxşı, görürəm səndən murad hasil olmur, gedim başqa yerdə bəxtimi sınayım. - Koroğlu ayağa durdu.

       Həmzə Koroğlunun sözündən bir az dilgir olsa da, fikirləşdi « - Mən mərdəm, gərək öz borcumu axıra qədər yerinə yetirim».

       -Dayan, bir məsləhətim də var, döşünə yatdı, yatdı, yatmadı onda məni qədirbilməzlikdə taxsırlandırma.

       Koroğlu ayaq saxladı:

       -De gəlsin, ayə.

       -Sən köhnələrdə yaxşı saz çalır, söz deyirdin. İndi də bacarırsanmı?

       -Bala, söz deyib-saz çalmaq vergidir mənə verilib. Onu kim əlimdən ala bilər?! Bəlkə sizin şəhərdə kimin xatiri istəyir söz də deyir, saz da çalır?! Ay-hay, istəməklədir, bəyəm?

       -Boşla, sən allah! - Həmzə üz-gözünü turşutdu. - Lap zəmanədən geri qalmısan ha! Vergi nədir, zad nədir, Qoç Koroğlu. İndi yerindən duran əlinə qoyur qulağının dibinə, başlayır oxumağa. Nə qoyub, nə axtarırsan, rəhmətliyin oğlu! Bəlkə köhnələrdə söz deyib, saz çalmaq allah vergisi idi. İndi musiqi məktəbi var, istəyən təhsil alır, olur söz deyən, ya da saz çalan! Xatirin istədi-istəmədi, məcbursan qulaq asasan…

       -Elə şeymi olar?

       -Bu geri qalma fikirləri başından çıxar, qədeş! Demək, çalmaq da bilirsən, oxumaq da?

       -Ayə, nə mıs-mıs edirsən? Sözünü de! Yoxsa salaram təpiyimin altına, cəcənəyini çıxaracağam…

       -Sözümün Mustafası budur ki, gəl, bir çalançılar dəstəsi yaradaq. Toylarda məclis aparaq. Sən sözlə-sazla, mən də nağaradan-dümbəkdən dınqıldadaram, kos-kosa oyunu da öz yerində. Bir dənə zurnaçı da tapmaq mənim boynuma. Çalıb-çağırarıq, toyu yola verərik. İndiki, toylarda qazan-qazan aş olmasa da, qovurmadan-bozbaşdan bir şey olur. Həm sənin qarnın doyar, həm pul alarsan. Amma gərək bir az nəfsini saxlayasan, toy qazanlarını xəlvətə salıb, qarnına təpməyəsən. Bu sənə paşa-xan toyu deyil, kasıb toyudur. Tükünü didərlər… Hə, necədir? Döşünə yatırmı təklifim?!

       Koroğlunu gülmək tutdu. Həmzə ona bir dürtmə ilişdirdi:

       -Ay lotu, işin düzəlib deyənə bığının altı gülür!

       -Ha…Ha…Ha! Ayə, keçəl, yaman nərə vurmağım gəlir.

       Həmzənin rəngi qaçdı:

       -Amanın bir günüdür, Qoç Koroğlu, özünü bir az saxla. Qoy, daldaya çəkilim. Yoxsa o dünyalıq olaram, balalarım var, yetim qalarlar… Sən canın, dayan, dayan!

       Koroğlu bir-balaca gücəndisə də, özünü saxlaya bilmədi, bir dəli nərə çəkdi.

       …Həmzə yuxudan dik atıldı. Başı seyfin dəstəyinə dəydi. Hövlnak saata baxdı, gözünə inanmadı, saat üçə işləyirdi. Nahar fasiləsi qurtarmışdı. Bayırdan gələn bağırtılar da qəbula gələnlərin bağırtıları idi. Acığından qapını açmadı:

       -«O şələbığ kişinin səsinə oxşayır… Mənim canımı boğazıma yığıb. Bu adam üçün nə qədər dost-tanış minnətə gələr. Zalımın boynu supa boynuna oxşayır, qarovulçuluq istəyir. Yəqin qulağına səs dəyib ki, qarovulçular qaz vurur, qazan doldurur. Daha bilmir ki, o yerin sahibi var. Haqqı da çatıb. Qurumsaq uşağı!»

       Həmzə oturdu, yerini rahatladı. Yenə onu mürgü basdı. Yenə yuxu  görürdü. İndi də, deyəsən, Koroğlunun dəliləri iş üçün Həmzənin qəbuluna gəlmişdilər.

 

 

TAXTA  QAPININ  ÜSYANI

 

       Biri vardı, biri yoxdu, keçən keçdi, qalan qaldı, «var» yox oldu, «yox» var oldu. Belə də olmalıdır. Bu nağıldır.

       Bir vaxtlar «Dəmir qapı» ilə «Taxta qapı» küçəbir qonşu idi. Biri yolun bu üzündə, biri bu üzündə dururdu. Onların gözü həmişə bir-birində idi.

       «Dəmir qapı» arxasında yonulu daşdan bir imarət ucalırdı. Bina ikimərtəbəli idi, eyvanları meydan kimi genişdi. Daha heç nə görünmürdü. Hasar çox hündürdü. Quş quşluğu ilə səkə bilməzdi.

       «Taxta qapı» arxasında da bir ev dururdu. Ev köhnə idi, alçaq hasardan da zorla görünürdü. «Taxta qapı» sübhdən açılırdı. Çox açılırdı, bir dəfə, iki dəfə… beş dəfə açılırdı. Ordan çanta ilə çıxırdılar, çörək ətirli bağlama ilə çıxırdılar.

       «Dəmir qapı» günəş çeşt yerinə qalxanda aralanırdı. Gurultu ilə, qala qapısı kimi. Bircə yol.

       Axşam «Taxta qapı» hay-küylə, gülüşlə taqqıldayırdı. Hasarın dalındakı ev də əvvəlki kimi kiçik görünmürdü.

       «Dəmir qapı» səssiz açılırdı. Qucağı dolu sahibini içəri buraxırdı. Astaca, qısıla-qısıla örtülürdü. Sonra da qorxa-qorxa ətrafa baxırdı: « - Aman allah, görən olmadı ki?!» - fikirləşirdi. Bir müddət özünə gəlməzdi. Haçandan-haçana içəridən işıq yanar, qab-qacaq səsi eşidilir, «Dəmir qapının» rəng-rufu üstünə gələrdi… Amma evin çilçıraqları uzun müddət ehtiyatla parıldayırdı.

       …Bir vaxtlar «Taxta qapı»nın «Dəmir qapıya» çox yaxşılıqları keçmişdi. Dar gündə həyanı olmuşdu, çörəyin qıt vaxtı tikəsini onunla yarı bölmüşdü. Dünyanın kəshakəs və‘dəsində özünü qabağa vermiş, sinəsini ona sipər etmişdi. Özü kəsilmişdi də, sınmışdı da, «Dəmir qapını» kəsilməyə, sınmağa qoymamışdı. «Taxta qapı» dostluqda möhkəmdi. Onda «Dəmir qapı»- da dəmirdən deyildi, taxtadan idi. Dabanı üstə zorla fırlanırdı.

       İllər keçdi. «Dəmir qapının» arxından gur su axdı. Onda hələ dəmirdən olmayan «Dəmir qapı» suya dolça ilə yox, vedrə ilə girişdi. Var-dövlət başından aşdı, gözü ayağının altını görmədi. Yaxşı-yaman nə vardı, unutdu. İllər keçdi o, zireh gətirdi.

       Onun bircə çəkinəcəyi vardısa, o da «Taxta qapı» idi. Köhnə qonşusundan üz döndərməyə bəhanə gəzirdi. «Taxta qapı» bir yol qapılar məclisində haqq-sayı unutmuş «Dəmir qapıya» irad tutdu, onu halal yola çağırdı. Dedi ki, haramdan hələ kimsə bəhrələnməyib. O gündən «Dəmir qapı» «Taxta qapıya» düşmən kəsildi. Daha onu görməyə gözü yoxdu. O qədər qudurmuşdu ki, ayda, on beşdə «Taxta qapıdan» acıq çıxırdı. Görürdün, gecənin bir çağı yerindən qopub, qaça-qaça hücum çəkir «Taxta qapıya», bir namərd kəllə vurur, sonra da yerinə qayıdırdı.

       «Taxta qapı» dözürdü. Düzü qorxurdu. «Dəmir qapının» zirehi onun canına vəlvələ salırdı. Əlbəttə, dəmir hara! «Taxta qapı» tüstüsü cızdağından çıxa-çıxa fikirləşirdi: « - Yəqin bu dünyada haqq-ədalət yoxdur! Belə gəlib, belə də gedəcək! Dinməyim, bəlkə usandı! İndi «Dəmir qapılar» zəmanəsidir! Dinərsən, dah pis olacaq.»

       «Dəmir qapı»sa usanmırdı. Üzünə ələk tutub bildiyini edirdi. Güc, var-dövlət gözünü örtmüşdü.

       Bir belə, beş belə… on beş belə! Hər şeyin bir sonu var, axı!

       Bayram axşamı idi. Al çəkmiş «Dəmir qapı» yaxşı yeməkdən, yaxşı içməkdən dingildəyirdi. Hamının yatmağını gözlədi. Gecənin bir və‘dəsində durduğu yerdən tərpəndi. Kefi kökdü. Valay vururdu. Bir az gülmək üçün «Taxta qapıya» yan aldı. Ona bir balaca toxundu. Uğuna-uğuna yerinə qayıtdı.

       «Taxta qapının» ağlı başından çıxdı. «- Şər vaxtı şərə lə‘nət!» - çığırdı. Kasıb bayram süfrəsini yarımçıq qoydu, yerindən sıçradı, bir həmlədə özünü «Dəmir qapıya» çatdırdı. Bircə zərbə. Göy guruldadı elə bil!

       «Dəmir qapı» bayaq ha, arxası üstə yıxıldı. Demə, elə adı varmış bunun, rəngmiş başdan başa. Pas yemiş zirehi, qurd daraşmış taxtası ovum-ovum yerə töküldü.

       Sonra, gör, nə oldu.

       «Dəmir qapı» arxasında duran qoşa maşın qapıdan çıxdı, ilim-ilim itdi, şüşə istilikxana cilikləndi, töküldü yerə. İstilikxananın qırmızı gülləri qana döndü, ağ gülləri ağuya. Mərmər hovuzun balıqları yoxa çıxdı, suyu qurudu, elə bil heç yoxmuş.

       Sonra, gör, nə oldu!

       «Dəmir qapının» sahibi də qolunda qandal getdi.

       Özü öz gücünə mat qalmış «taxta qapı» dünyada ədalətin zoruna inandı. İndi o, səhərlər daha tez-tez açılırdı. Orta məktəbə açıldı, ali məktəbə açıldı, tikintiyə açıldı. Onun arxasındakı ev də əvvəl bir boy atdı, sonra boyaboy qalxdı.

       «Taxta qapı» zaman keçəndən sonra qocaldı, sahibi onu qızıla tutdu. «Taxta qapı» əslini unutmadı, yenə sübhdən açılırdı-örtülürdü, örtülürdü-açılırdı…

                                                   

TAMAH

 

       Rayonun kooperativlər ittifaqının sədri tamah dişi düşmüş və ya heç çıxmamış, işində bişmiş, sənətində püxtə bir adam axtarırdı ki, baş anbarın anbardarı qoysun. Neçə anbardar gəlib-getmişdi, heç biri onu yarıtmamışdı. İnsafsızlar anbarı elə boşaltmışdılar, elə boşaltmışdılar, heç dilə gətiriləsi deyil. Odur ki, rəis qəzetə bir qarış uzunluqda bir e‘lan verdi. Dərhal idarənin qabağında böyük bir növbə düzəldi. Elə bil uşaqlara rəngbərəng bayram yumurtaları paylanırdı.

       Rəis də bu rəngbərəng adamları yumurta kimi dişinə vurub, hərədən, «laxdı» - deyib bir eyib tapırdı, ötürürdü üzü o yana. Axırıncı «yumurtanı» dişinə vuranda gecə yarıdan keçmişdi. Rəis yorğun-yorğun sual verdi:

       -Gündəlik yeməyin?!

       -Bir fincan süd!

       -Vəssalam?

       Rəis dikəlib « - Əsil mən deyəndir!» - fikirləşdi.

       -Sənətin?

       -Satıcı.

       «Yarayar» - Rəis pıçıldadı. Onu bir həftəlik sınaq müddəti ilə işə qəbul edib, baş anbarın açarını verdi, getdi evinə. Səhər gəlib gördü nə?! Gündüz kremplindən, yapon lavsanından, daha nə bilim nəmənədən, qarın vuran qəfəslər süpürgələnib, arıq anbardarsa dönüb kolxoz xəsilliyində bağlanmış cins cəngəyə.

       Rəis dərddən təpəsindəki olan-qalan saçlarını cəngələdi:

       -İçdiyin süd sənə haram olsun, kişi! Dur, sürüş burdan.

       Rəis qaldı yenə əlamanda. Fikirləşib anbarı doldurdu. Eni-uzunu bir qarış olan e‘lanın enini bir çörək, uzununu bir qarış uzadıb verdi qəzetə. Yenə növbə yarandı.

       Rəisin quşu aerodrom kepkası hər iki tərəfdən fil qulağı tək sallanan cayıla qondu.

       -Gündəlik yeməyin?

       -Tüstü ilə dolanıram!

       -Bah!

       -Əlbəttə! Gündə on qutu «Tu», bir qutu da doldurma «Kazbek» çəkirəm…

       -Vəssalam?

       -Vəssalam.

       -Sənətin?

       -Birdi, ikidi bəyəm? Hansını deyim…

       -Alverdə səriştən varmı?

       -Day necə! Maştağa, Mərdəkan gülləri kimin əlindən keçir?! Mən Ağaminin! İldə beş kərəm moskvaya, üç kərəm Leninqrada, bir kərəm Vlvdivastoka gül aparan kimdir?! Mən Ağami! Daha biz nəsillikcə alverçiyik də!

       Rəis şad olub açarları ona tapşırıb getdi. Bir neçə gündən sonra gəlib gördü ki, anbar suyu sovulmuş dəyirman kimi bom-boşdur, lə‘nət yalançıya, çaşdım, tamam boş deyil, tüstü ilə doludur… Rəis özünü itirmədi.

       «Axtarış qurban tələb edir» - fikirləşdi, anbarı malla doldurdu. E‘lanı bir çörək də uzadıb verdi qəzetə. Ancaq iddiaçılar gözü çıxmış qardaşlarından ibrət alıb daha gözə görünmürdülər. Odur ki, rəis e‘landan beş gün sonra gələn birinci iddiaçının pişvazına özü çıxdı və ayaq üstəcə sualını verdi:

       -Yeməyiniz?

       -Doqquz kitab…

       -Yeyirsiniz…

       -Yox, oxuyuram! Üçünü səhər, ikisini axşam, dördünü də günorta.

       Rəis təəccüb etmədi:

       -Siyasi, elmi, bədii?!

       -Siyasət və məcəra!

       -Bunların ki əlaqəsi yoxdur…

       -Çox əcəb əlaqəsi var…

       -Sənətiniz?

       -Kitabxanaçılıq…

       Rəis peysərini qaşıdı, onun əvvəldən kitab adamları ilə arası yoxdu, odur ki, bu kitab həvəskarını başdan eləmək üçün dedi:

       -Gedin, lazım olsanız çağıraram…

       Daha başınızı nə ağrıdım, rəis bilmədi təpəsinə haranın külünü töksün ki, bir nəfsi küt anbardar tapsın. «Dünya xəbərləri» qəzetinə bir arşın eni, bir arşın uzunu olan e‘lan verib. Əvvəl-axır küçəsi ilə qalxırdı.

       Günəşli bir gün idi. Hər iki əli ilə havanı ovuclayıb ağzına aparan cavanla rastlaşdı. Bu halətə çox mat qalıb yaxınlaşdı.

       -A bala, neynədiyindir?

       -Təəccüblənməyin, mənim dolanışığım hava ilədir, indi naharımı edirəm.

       Rəis sevindiyindən bir boy atıldı.

       -Ay sənin gözünü yeyim! Əsil mənə lazım olan adamsan! Sənin kimisini göydə axtarırdım, yerdə əlimə düşmüsən! Gedək!

       Əlqərəz, oğlanı həmin gün anbardar tə‘yin etdi. Səhərisi gəlib gördü hər şey yerli-yerindədir. Bir gün də elə, o biri gün də elə… rəis rahat oldu.

       -Elə əsil mən deyəndir! Dedi.

       Üç ay keçdi. Qəza-qədərdən cavan oğlan bərk xəstələndi. Tə‘cili yardım maşını onu «Kəsərəm-tikərəm» xəstəxanasına yetirdi. Həkimlər baxıb dedilər:

       -Kəsilməlidir! Kor bağırsaqla zarafat olmaz!

       Dedilər də, kəsdilər də. Salamatlıq sizdən uzaq olmasın, hər şey yaxşı qurtardı. Cavan oğlan bir həftə keçməmiş xəstəxanadan çıxdı. Rəis onu şad-xürrəm qarşıladı, açarları qaytardı. Altı ay anbara ayaq basmadı. Bir gün şəhərə çıxmışdı. Fikirləşdi: « - Gedim anbardarın kefini xəbər alım, çoxdandır onu görməmişəm».

       Getdi, gördü nə? Baş anbar da, ətrafındakı bala anbarlar da quldur əlinə düşmüş mücrü kimi talanıb. Anbardar isə bir dəstə yar-yoldaşı ilə yeyir-içir, şadlıq edir.

       Rəis qışqırmaq istədi, səsi çıxmadı. Elə bil naşı çoban qəflətən canavar görmüşdü. Qalstukunu boşaldıb kəkələdi:

       -Adə…Bəs de… deyirdin hava ilə dolanıram?!

       Cavan oğlan ağzına qoyduğu tikəni udub dedi:

       -Sənin canınçün, rəis, yalan deməmişəm! Amma əpirəsiyədən sonra görürəm yeməsəm olmur. İndiki həkimləri tanımırsanmı?! Bilmirəm, nə illət ediblərsə, dam-daşa da tamah salıram!…

 

                                                 

HUMA  QUŞU

 

       Neçə vaxdı böyük meşə qalmışdı başsız. Fərli bir baş axtarırdılar, arayırdılar. Di gəl ki, tapa bilmirdilər. Huma quşunu uçurdular ki, uyarlı bir başa qonsun, qonmurdu. Qonanda da elə başa qonurdu ki, o başdansa böyük meşənin başsız qalması məsləhətdi. Elə gün olurdu ki, huma quşunu on yol buraxırdılar. Quş uçub ya daşa qonurdu, ya da daha pis gəndalaşa. Daşa qonması heç, gəndalaşa qonması lap biabırçılıq idi.

       Üstündən xeyli keçdi. Böyük meşə başsız qalmaqdan təngə gəldi. Bir gün huma quşunu o qədər uçurtdular ki, yazıq quş əldən-dildən düşdü. Axırıncı dəfə onu isti yerindən perikdirdilər. Quş da acığa hərlənirdi, fırlanırdı, yekə-yekə başların heç birinə qonmurdu ki, qonmurdu.

       Böyük meşədəkilərin gözünün kökü gözləməkdən saraldı. Hamını elə ayaq üstə yuxu tutdu. Quş da haçandan haçana yorğun-arğın, gecədən xeyli keçmiş özünü yerə saldı. Heç bilmədi necə oturdu, hara oturdu, huşa getdi.

       Səhər yuxudan oyananın barmağı ağzına getdi. Huma quşu Zürafənin başında qərar tutub, şirin-şirin yatırdı. Elə bil meşə arı pətəyi idi, çöplənmişdi. Pıçhapıç (Bu pıçhapıç çox başları başsız qoymuşdu) düşdü ki, bəs, huma quşu zalım balası, deyəsən, kəkliyini azdırıb. Nədir, qonmağa daha baş tapmırdı?! Qalmaqal başladı.

       Bu hay-küyə huma oyandı. Ətrafına göz gəzdirirdi. Qınaqlı baxışlar ona dikilmişdi. O, pərt oldu. Amma iş işdən keçmişdi. Böyük meşədəkilər də fikirləşdilər ki, zürafənin başı da yaxşı-pis başdır, daşdansa, ya gəndalaşdansa bu əfzəldir.

       Zürafə huma quşu başında gəştə çıxdı ki, tamam böyük meşə onu görsün, tanısın. Özgə vaxt yeddi gün, yeddi gecəyə gedəcəyi yolu sevindiyindən bir günortaya, acqarına getdi. Böyük meşəni baş çıxdı, öz yerinə, başa keçdi.

       Dost-tanış, yaxın-uzaq toplaşdı, dəsgah-mərəkə açıldı. O günü bayramla başa-baş keçirtdilər.

       Ona uzunboy Zürafə, ola belə böyük meşə, bir-birini elə möhkəm tuturdular ki, görən deyirdi zəmanə onları biri-biri üçün yaradıb. Tamaşaçısı iki göz də borc istəyirdi. Zürafə başa keçəndən sonra yumruq boyda olan başı odur ha, yeddi qat göydə bənd almışdı.

       Elə o gün özü boyda, özü başda bir sürü qohum-qardaşı Zürafəni həlqə-mərəkə etdi. «Başına dönüm, bəs, mən? Bəs, mən qaldım, axı?!» - deyən bir deyildi, iki deyildi. Zürafə onların hərəsini bir yağlı yerə dürtdü. Özünə Sağbaş, Solbaş seçdi. (Yazıq naşı idi, görməmişdi. Əlinə keçən atı bilmirdi, hayandan minsin. Odur ki, minməmiş səyirtmişdi).

       Böyük meşəni deyinti başına aldı. «Bu olmadı ki! - dedilər - gəldiyi bir gün, bir günorta deyil, yeddi arxa dönənini gətirib çıxartdı başımıza. Elə bil huma quşu bir onun yox, bütün qohum-qardaşının başına qonub.»

       Zürafə qorxuya düşdü. Tez huma quşuna minnət elədi, « Mən ölüm» vurdu, bəs, vəzifəyə qoyduqlarının başına da qonsun, bu ağzıgöyçəklərin ağzı bağlansın. Amma quş heç onu saya salmadı. Zürafə usta tərpəndi, cəld Sağbaşın başını qətranladı, huma quşunu zorla oturtdu ora. Quş çırpınırdı, dayanmırdı. Zürafə hirsləndi, bütün haqqı-sayı unudub ondan bir dəstə lələk çəkdi. Quşdan adına yaraşmayan bir cükkültü çıxdı və susdu. Ah çəkib düşündü: « - Öz cəzamdır çəkirəm! Dinmə, görüm, dalı necə olur!»

       Sağbaş huma başında böyük meşəni dolandı. Hamı sakitləşdi.

       Solbaş da beləcə gəzdi. Bundan sonra Zürafə hansı yerə nəyi məsləhət bilirdisə, həmin böyük meşə övladı başını bəri başdan qətranlayıb gəlirdi.

       Huma quşu gördü, yox, bu gedişlə günün axırına meşədə qətranbaş əlindən tərpənmək olmaz. Fürsət gözləyirdi ki, əkilsin. Amma Zürafə onu bir dəqiqə də başından yerə qoymurdu. Ağnamaq istəyəndə də tutub onu qatırdı bir koğuşa, koğuşun ağzına da bir yekə daş basırdı. Elə ki, işini qurtarırdı, başını qətranlayıb quşu qovzayırdı təpəsinə. Olmuşdu huma quşu ilə canbir qəlbdə. Hardansa Zürafə bilmişdi ki, huma quşu əldən getdimi, onun başı - çaylaq daşı, heç fərqi yoxdur. Başlar başı yediyindən onu yedirirdi, içdiyindən onu içirirdi, amma quş göz-görəsi geri gedirdi. Günün axırına bu adda, bu sanda quş lümək fərədən seçilmirdi. Daha elə olar da. Hər e‘tiraz huma quşuna bir dəstə lələk bahasına başa gəlirdi. İş bu minvalla getsəydi Zürafə bədbəxt quşda nişan üçün bircə lələk qoymayacaqdı. Amma o, hələ dözürdü.

       Solbaşla Sağbaşın sözü elə əvvəldən çəp gəlirdi. Biri deyirdi:

       -Birinci baş mənəm!

       O biri deyirdi:

       -Yox, mənəm!

       İş çıxırdı qapazlaşmağa. O vururdu, bu vururdu. Zürafənin kefi kök olanda baxıb ləzzət alırdı. Dilxor vaxtında qapazın yekəsini onların başına özü salırdı. Beləcə günü başa vurdu.

       Başa keçməyinin ikinci günü idi. Zürafə eyvana çıxmışdı. Gözünü dolandırıb hər yana baxdı. Gördü, meşə yumsa yumruğunda, açsa ovcundadır. Hara baxdı var-dövlət gördü. Ayı potaları armudla «beşdaş» oynayırdılar. Dələlər qoz-qoz, fındıq-fındıq oynayırdılar. Zürafənin könlü tel-tel oldu. «Bu sərvəti birə beş artırmasam - fikirləşdi - bu boy mənə haram olsun!» Başını bir o yana, bir bu yana çevirdi. Kəhildədi. Sağbaşla Solbaş, əlüstü, hazır oldular. Zürafə arzusunu bildirdi. Soruşdu:

       -Nədən başlayım? Tez, mənə tədbir! - dedi.

       Onun çöpqoyanları baş-başa verib sidq ilə getdilər fikrə. Birinin gözü yerdə idi, birininki göydə. Biri yerlə əlləşirdi, biri də göylə. Haçandan-haçana Sağbaş Solbaşa, Solbaş Sağbaşa baxdı. Gördülər fikir minbir olsa da, yol birdir. Onların məsləhəti qısa oldu:

       -Bizim böyük meşədə böyük təmizlik lazımdır! - dedilər.

       Zürafə təəccübləndi:

       -Gör ey! - dedi. - Necə də bu öz ağlıma gəlməyib?!

       Cəld Huma quşundan bir lələk çəkdi. Əlüstü fərman yazdı ki, bəs, cümə günü, yə‘ni o gün - hamam günü e‘lan olunsun.

       Onun çöpqoyanları bir başına, bir dizinə vurdular, bəs, biz belə deməmişdik. « - söz yox, - dedilər. - Bu təmizlik də yaxşı şeydir, amma biz bir ayrı təmizlikdən danışırıq».

       Zürafə bir boy da dikəlib gözünü döydü.

       -Eləsə, o təmizlik nə olan şeydir? - soruşdu.

       Sağbaş baş işlədib barmaq bükdü:

       -Birincisi, qartalı meşədən rədd elə, yerinə şənliyində can-didən çalışan qara qarğanı qoy. İkincisi, boz sərçəyə cükküldəməyi qadağan kt, bu da olsun o günü bozluğunun əvəzi…

       Solbaş da bir əlavə etdi, bir piltə qoydu. Zürafə gördü onların sözündən işıq gəlir, cəld qətranlı başını qaşıdı.

       -Başa düşdüm! - dedi və əl-qolunu çirmədi.

       Bir halda Zürafə başa düşdü, dünyada düşməyən başmı qalar?

       Huma quşu onu ağla gətirmək üçün dimdiyini işə saldı, qətranla başını aşsüzənə döndərdi, amma Zürafənin təpəsinə dəyən zərbələr elə bil palıd kötüyünə dəyirdi, heç tə‘sir etmirdi.O, bildiyin edirdi, böyük meşədə əkməlini əkirdi, biçməlini biçirdi. Başlar başı elə başları dərbədər saldı ki, heç yüz başsız da bu işi görə bilməzdi. Başlar getdi, hər biri əsrlik palıd kötüyü boyda, başlar getdi, sənə baş deyirəm, daha qarğa yuvası yox - dalında aslan kölgələnirdi!

       Günün axırına hara baxırdınsa qətranbaş görürdün. Bu Zürafənin çox xoşuna gəldi. Soruşdu:

       -Daha dəbərdilməli bir şey qalmadı ki?

       Onun çöpqoyanları neçə-neçə kol tərpətdilər, neçə-neçə ağac salbaladılar, axır ki, bir qətransız başa rast gəldilər. Bu baş kimin ola, kimin olmaya - böyük meşə qoruqçusu pələng lələnin ola! Zürafə heç fikirləşmədən dilləndi:

       -Onu kiminlə əvəz edək? - soruşdu və çeçədi.

       Sonradan anladı ki, deyəsən, bir balaca səhv elədi, amma ağızdan çıxan söz quş kimi şeydir, geri qaytarmaq müşkül işdir. Kor kor, gör gördü, çərtmişdi daha, qan da çıxmışdı.

       Sağbaş ilk dəfə baş işlətdi, dedi:

       -Ey başlar başı! Onu saxlayaq. Pələng lələnin sayəsində başımız bədənimizin üstündə durur…

       Zürafə razı oldu:

       -Yaxşı, - dedi. - Qətranlayın başını, yanıma gətirin!

       Söz getdi pələngə çatdı, az qaldı ağlı başından çıxsın. Xəbər göndərirdi ki, mənim başım pələng başıdır, zürafə başı deyil. Elə qətransız da hamı onu görür.

       Pələng baş götürüb böyük meşədən getdi, ilim-ilim itdi. Qonşu meşələrin qurd -quşu doluşdu böyük meşəyə. Bu sifarişdən Zürafənin başından ağrı qopdu. Başladı fikirləşməyə. Anadan olandan bəri birinci dəfə idi ki, hiss edirdi çiyinlərinin üstündə nəsə var. Di gəl ki, bir ömür yaşamışdı, hələ də bilmirdi başı hayandadır. Nə qədər ağrı keçməmişdi ağlına dahiyənə bir fikir  gəldi.

       Carçı quşlar həmin gün meşənin hər tərəfinə uçdular, meşə sakinlərini Zürafənin şərtindən xəbərdar etdilər.

       Zürafənin başa keçməyinin üçüncü günü idi. Səhər açıldı. Əlində alma tutan Zürafə və onun çöpqoyanları eyvana çıxdılar. Əvvəl sakitlik idi. Elə ki, Zürafə boy göstərdi, aşağıda bir hay-küy başladı ki, daha nə cür!  Meşə sakinləri meydanda dəstə-dəstə, tək-tək hərə bacardığını nümayiş edirdi. Baş-başa qarışmışdı.

       Tülkü quyruq üstə nəlbəki gəzdirirdi. Qara qarğa elə qarıldayırdı ki, adamın tükü biz-biz dururdu. Ağacdələn nağarasını unutduğundan əlinə düşən kötükləri məharətlə taqqıldadırdı. Şirin ağzı açılanda yekə başı çərtilmiş qarpızı andırırdı…

       Zürafə isə əlindəki almanı atmağa hələ də layiqli baş axtarırdı. Sağbaşın ürəyi çürük idi. Gizlətsə də, ürəyin də huma quşunun haçansa öz xahişi ilə onun başına qonacağını düşünürdü. Başlar başı mərtəbəsinə çoxdan yerikləyirdi. Xımır-xımır iş görürdü. Ətrafına özünə bab olanları yığırdı. Dedi:

       -Ey başlar başı, almanı şirə atın!

       Zürafə boylandı, gözünə şirin yekə başı dəydi, ürəyi qorxudan ağzına gəldi. Elə bil canına bir sürü dovşan doldurdular. « - Yox, bunu yaxına qoymaq olmaz, bu boyda başın sahibi bir gün başımı yeyəcək» - fikirləşdi.

       Zürafə daha ustalaşmışdı, daha hər ağızla milçək tutmurdu. Odur ki, ürəyindəkini yox, dilindəkini dedi:

       -Çöpə güləndir! - e‘tiraz etdi. - Başı da yekədir! Mə‘lumdur ki, yekə başın da ağrısı yekə olur…

       Solbaş Sağbaşa rəqibi kimi baxırdı. İmkanı olsa başını üzərdi. Elə ki, gördü, onun sözü Zürafənin yanında iki quruşluqdur, çiçəyi çırtdadı. Tülkünü göstərdi:

       -O daha məsləhətdir! - dedi. - Başı da nəcibdir… Pələngin vəzifəsi elə onun boyuna biçilib…

       Zürafənin ağzı əyildi:

       -Tülkünün nəyini, axı?! - soruşdu. - Quşbazın biridir. Odur ha, huma quşunu marıtlayıb. Yəqin pis-pis fikirləri var…

       Elə ki, söz gəlib bu çilləyə mindi Sağbaş Solbaşla qaldı məəttəl.

       -Yaxşı, bəs, meşə qoruqcusu kim olsun?! - soruşdular. Zürafə bir ağacın altındakı deşiyi göstərdi:

       Məndən olsa, qoy, köstəbək olsun! - dedi. - Zalım balası yerin altını da bilir, üstünü də! Onun haqqı hələ də boynumdadır.

       -Daha nəyi gözləyirik ki? - dedilər. - Qətranlayıb huma quşunu qovzayaq başına, qurtarsın getsin də!

       Zürafə şad oldu:

       -Yaxşı! - dedi. - Axır ki, köstəbəyin xəcalətindən  çıxacağam. Məndən qabaqkı başlar başı onun qazdığı quyuya düşməsəydi indi kim bilir haralarda ot otlayırdım, baş külləyirdim. Daha yubanmayın, başını qətranlayın, yanıma gətirin! - Əmr etdi.

       Bu yerdə huma quşu daha dözə bilmədi, qəzəblə hayqırdı:

       -Ay zalım, axı, sən haranla fikirləşirsən?!

       Zürafənin başına elə bir dimdik çaldı ki, koğuş boyda deşik açıldı. Baş bomboş idi, demə, elə gərk üçün imiş zalımın başı.

       Quş iki gün qabaq görülməli işi gördü. Lümək qanadlarını tərpətdi, havaya qalxdı.

       Bircə anda ruzigar dəyişdi, yer titrədi, göy guruldadı, ildırım çaxdı, yağış yağdı. Sel-su dünyanı başına aldı. Bu yağış çox rəngləri apardı, çox başların qətranlarını yudu. Elə ki, hava ayazıdı, böyük meşə bir az əvvəl başda duranlara baxır, gözünə inanmırdı. Onların çiyinləri üstündə baş əvəzində kiçik bir çıxıntı gözə dəyirdi.

       Təəccüblü bu idi ki, başlar başı da başsız idi. Əvvəl bir ağaclıqdan gözə dəyən baş indi bir addımdan görünmürdü, çünki yox idi. Böyük meşə övladları fikirləşirdilər:

       -Yaxşı, baş vardısa necə oldu?! Yox idisə, bu neçə günü huma quşu hara oturmuşdu?! Bu quş da bica yerə oturmaz, oturduğu yer də həmişə başdır…

       Böyük meşəlilər dərin fikirdə olsunlar, indi xəbər verək huma quşundan. Zürafənin başından qalxandan sonra o, hələ də uçurdu. Bir dəfə səhv etdiyindən inadla layiqli baş axtarırdı ki, qonsun. Bilirdi ki, gec-tez axtardığını tapacaq! Bu ağlıma batmasa da, nağıllar da elə ağıla batmayan olur.

 

 

AĞQULAQ  XOTUĞ  SƏNƏTİNİ  DƏYİŞİR

 

       Qaraqulaq Eşşək Ağqulaq Xotuğu doğanda Tırkədi kəndinə yaz tezdən gəlmişdi. Həmin il ot-ələf dizdən idi, qanqallar boy verirdi, eşşəklərə gəl-gəl deyirdi. Günorta idi, qəflətən anqırtı kəndi başına aldı. Qaraqulaq Eşşəyin dırnaqları xırman yerini eşim-eşim eşirdi, toz duman kimi ətrafı bürümüşdü. Görən deyərdi ki, bu əzab-əziyyətin bəhrəsi əyyarı doqquzyüz doxsan doqquz olan qızıl külçəsidir. Qaraqulaq Eşşəyin necə fikirləşdiyini bilmirəm, amma ürəkdən anqırırdı da gücənirdi də. Xoşbəxtlikdənmi, ya bədbəxtlikdənmi, Qaraqulaq Eşşək qulağının bir tayı ağ, gözünün bir tayı çəp, yekəbaş bir xotuq doğdu. Haraya gəlmiş kəndin bir neçə başıbilən eşşəyi də elə onun yekə başına baxıb, bu xotuğun gələcəyini parlaq dedi.

       Ağqulaq Xotuğ yerə ayaq dirədiyi günü səhəri yekə başını dik tutub, anasının dalınca vaz ata-ata qaçırdı. O, aynan, günnən deyil, saatnan böyüyürdü. Üç aylığında elə dingildəyirdi ki, deyirdin, yemi cim kişmişdəndir, elə vazdayırdı ki, deyirdin, bu onun dünyaya birinci gəlişi deyil, ikinci gəlişidir. Dünyanın cikini-bikindən ayırırdı. Elə bu çoxbilmişliyindənldir ki, sahibi onu altı aylığından yük altına saldı.

       Qaraqulaq Eşşəyin ürəyi bir tikə oldu, amma üzüyola bir nəsildən olduğuna görə dinib-eləmədi.

       Ağqulaq Xotuğunsa qanmaz vaxtı idi, yüklənmək ona ləzzət verirdi. Ot deyirdin - ota gedirdi, odun deyirdin - oduna gedirdi. Yorğa gedirdi, sındıra-sındıra gedirdi. Toyda da işləyirdi., yasda da. Sahibi axır vaxtlar lap insafsızlıq edirdi, xotuğu yaxşıca yükləyəndən sonra özü də qalxıb otururdu yükün üstünə. Onda ki, Ağqulaq Xotuğun ayaqları səkkiz cızırdı, beli yay kimi əyilirdi, dünya-aləm başına dolanırdı…, sahibindən inciyirdi.

       Bir yaşında Ağqulaq Xotuğ sənətində püxtələşdi, hətta dəyirman yolunu da xəbər bilirdi. Bu hər eşşəyin işi deyildi. Dərz-dərz ot-ələf daşımışdı, xarman-xarman arpa-saman daşımışdı. Beli yağır olmuşdu. Arpa-buğda daşıyıb, qabağına saman atılanda Ağqulaq Xotuğ sahibindən inciyirdi.

       Daha eşşəklik eləməkdən yorulmuşdu. Yazıq Ağqulaq Xotuğ heç xotuğluq eləməmişdi, anadan elə bil eşşək doğulmuşdu. Bir tikəliyindən minilmişdi də, yüklənmişdi də. Ağqulaq Xotuğ bir yaşar xotuğ ağlı ilə dərk edirdi ki, eşşəklik bir sənət deyil, olan-qalan iste‘dadını da məhv edəcək.

       Bir gün çaydan keçirdi, üstündə oturmuş sahibi onun noxtasından çəkdi ki, əyilib su içsin, Ağqulaq Xotuğ bir müxtəsər iş elədi. Sahibi şallağı ilişdirdi onun yanına. Xotuğ bir müxtəsər işin bir belə günah olduğunu hardan biləydi. Ağrıdan vazdadı, büdrəyib dizi üstə gəldi, yükünü də suya verdi, sahibini də.

       İslanmış sahibi sahildə onun üçün divan qurdu, Ağqulaq Xotuğun beli şallaqdan zol-zol oldu. O, hər vuranda da deyirdi:

       -Eşşək ki, eşşək! Eşşək ki, eşşək!

       Ağqulaq Xotuğ aldığı şallaqlardan daha çox, «eşşək» sözündən incidi. Sahibi yoruldu, mindi, onun yumşaq yerini bizlədi. Ömründə birinci dəfə bizlənən Ağqulaq Xotuğ götürüldü.

       Sahib də arabir qışqırırdı:

       -Çoşşa, çoşşa, çər dəymiş!

       Hər «çoşşa» kəlməsi ox olub batırdı Ağqulaq Xotuğun ürəyinə.

       Axşam dərdini anasına danışdı:

       -Eşidirsən məni…? - səsləndi.

       Tövlə qaranlıq idi… Qapının arasından arabir ayın ziyası düşməsəydi göz-gözü görməzdi.

       -Bala, eşidirəm! - Qaraqulaq Eşşək hay verdi.

       Ağqulaq Xotuğ dedi:

       -Mən daha eşşəklik eləmək istəmirəm… Bəsdir daha! Dünyanın işini görürəm, yenə qədir-qiymətim yoxdur…

       Qaraqulaq Eşşək əsnədi:

       -Sənətimiz budur da, bala - dedi.

       Ağqulaq Xotuq hirsləndi:

       -Allah kəssin belə sənəti! - dedi. - Bir tikəliyimdən yüklənirəm. Bəlkə mən beli yüklənmiş doğulmuşam?!

       Qaraqulaq Eşşəyin dişləri qaranlıqda ağardı:

       -Yox, bala! - dedi. - Amma səni doğanda özüm yük altında idim.

       Xotuğ samanı burunladı, eşdi, damağına dadlı bir şey keçmədi, daha da hirsləndi:

       -Yox, çıxıb gedəcəyəm! - dedi. - Sahibimiz elə bircə şey bilir: yükləsin, sonra da qalxıb yükün üstündə otursun, «Çoşşa» desin. Elə bil eşşəyəm onunçün…

       Qaraqulaq Eşşək xeyli güldü:

       -Toyun olsun, bala! - dedi, - eşşək deyilsən, bəs, nəsən? Eşşəyin buynuzu olur?! Düzdür, hələ xotuğsan, amma eşşək olmağına nə qalıb ki?!

       Ağqulaq Xotuğ üsyan elədi:

       -Elə şey yoxdur - dedi. - Bəlkə mən böyüyəndən sonra heç eşşək olmayacağam… Kim deyir ki, bütün xotuğlar yekəlib eşşək olur?!

       Qaraqulaq Eşşək qəşş elədi:

       -Ai-ai-ai! Bala, - dedi. Başın-zadın xarab olmayıb ki?! Xotuğ böyüyüb eşşək olar da!

       -Bəs, niyə bizim ağıldan kəm sahibimiz adam olur, mən yox?! Ora bax, həftədə-ayda bir yol mindiyi atına arpa yedirir, bizə saman… Sabah gücdən düşsəm yıxılsam, belimdəki yükü özü aparacaq ha! Eşşəyin yekəsi özüdür, mənə deyir «eşşək», mənə deyir «çoşşa». Çıxıb gedəcəyəm.

       -Hara, axı?!

       -Hara oldu! - Ağqulaq qızışdı. - Belə eşşəyə eşşəklik eləməkdənsə ölüm yaxşıdır… Sahibsiz yaşayacağam…

       -Bala, bizim bu batmış sahibmiz sənə nə edib axı?!

       Ağqulaq Xotuğ şabalıd kimi partladı:

       -Daha neynəyəcək? - dedi. - Dədəmə söysəydi, inciməzdim… Mənə «çoşşa» deyəndə elə incidim… Eşitmişik «çoşşa» eşşəyə deyərlər…

       Bu yerdə Qaraqulaq Eşşək incidi:

       -Kəs səsini! - dedi Bəyəm eşşək pisdir?!

       -Pisdir… - Xotuğ başını aşağı saldı - Gedəcəyəm!

       Qaraqulaq bir az həsdədi. Gördü beyniqan cavandır, bərkini tutsa, o da tərs damarına salacaq… Keçdi nəsihətə:

       -A bala, eşşəkliyinə salma - dedi. - Bu əl-ayaq ki, bizdə var, hara getsək eşşəyik varıq. Bizimki daha belə gətirib. Dünya qədimdən belədir, yarananın biri o birinin belində gəzməlidir… Bizim bütün nəslimiz bu qapıda minilib, yüklənib, indi çıxıb gedib, başqa qapılarda minilsək şirinmi olar?!

       Ağqulaq Xotuğ incik-incik:

       -Yox, axı! - dedi. - Minilməyə sözüm yoxdur… Sahibin «çoşşa» deməyi məni yandırır… Axı, niyə «çoşşa» deyir?!

       Bütün gecəni Qaraqulaq Eşşək dedi, Ağqulaq Xotuğ qulaq asdı. Amma tərslikdə ikisi də bir-birinə dov gələrdi. Ağqulaq Xotuğ axşam eşitdiyini qara qulağından alıb ağ qulağından ötürdü. Sabahısı aranı xəlvət edib baş götürüb kənddən qaçdı. Özü ilə palanından başqa heç nə aparmadı.

       Bunun üstündən bir xeyli keçdi. Bala dərdi Qaraqulaq Eşşəyi şam kimi əridirdi. Amma harayı hara çatacaqdı ki?! Dözürdü. Sahibi səfərə hazırlaşırdı, Məkkəyə gedəcəkdi. Qaraqulaq Eşşək də sevinirdi ki, ayağı o müqəddəs torpağa dəyəcək, hacı olacaq… Kəndin baş eşşəyindən birinə çevriləcək. Qalırdı bircə bala dərdi…

       Səfər ərəfəsində Tırkədi kəndinin dəyirmanı işləmirdi. Qaraqulaq yükləndi, sahibinin kiçik oğlu da yük üstündə yol aldı Çətonrü kəndinə… Yük ağır idi, amma belə səyahət Qaraqulağa ləzzət verirdi. Onun gözü dörd olmuşdu. Yaşıl-yaşıl meşələrə baxırdı, otlaqlara baxırdı, yerə baxırdı, göyə baxırdı… yox, lə‘nət yalançıya, göyə baxa bilmirdi, düz boynunun kökündə sahibkar oğlu oturmuşdu, bir ucdan da yanını şallaqlayırdı. Sahibi tələsirdi:

       -Çoşşa, çoşşa! - deyirdi.

       Qaraqulaq Eşşək isə tələsmirdi, ağrıya dözürdü. Ürəyinə danmışdı ki, balası Ağqulaq Xotuğu görəcək. Dəyirmana çathaçatda qulağı arxadan səs aldı, gümrah bir anqırtı gəlirdi. Anqırtı eşşəklər arasında parol kimi bir şeydir. Dərhal cavab vermək lazımdı. Qaraqulaq Eşşək də addımlarını bir az da yavaşıdıb, qədim adətlə bir ağız anqırdı. Amma yükü ağırdı deyənə, səsi zəif çıxdı. Bu ara arxadan gələn həmcinsi özünü yetirdi və vurub onu keçdi. Elə ki, Qaraqulaq onun yükünü gördü, öz yükünə şükür elədi. Demə, sahibi çox da nainsaf deyilmiş. Həmcinsi elə yüklənmişdi ki, bircə qulaqlarının ucları görünürdü. Noxtasından da bir kürən oğlan çəkirdi.

       Qaraqulaq Eşşək dilləndi:

       -Yükün yüngül!

       -Səninlə belə!

       -Ağırdımı?!

       -Ağır da sözdür? - Çətonrülü eşşək dilləndi - Lap zindandır… Səninkindən bir iki dəfə ağır olar…

       Qaraqulaq Eşşək istehza ilə:

       -Bizim kənddə sahib yoxdur… Mən günəmuzd işləyirəm. Gündə biri üçün… İstəsəm işləmərəm… Dünən istirahət günüm idi.

       Qaraqulaq Eşşək birdən qulaqlarını şəklədi:

       -Həmkar, səsin tanış gəlir… Adın nədir?!

       -Sənin də səsin mənə tanış gəlir…

       -Mən bu kənddən deyiləm, Tırkədidənəm…

       -Hə?! Mənim də əslim ordandır ki!

       Qaraqulaq Eşşək sevindi:

       -Yox, əşi?! Kimlərdənsən?!

       Bu yerdə şallağın dəstəyindəki biz Qaraqulağın yanını od kimi dağladı. Başı söhbətə qarışdığından sahibi hirslənmişdi.

       -Çoşşa, çoşşa, tərpən ha! - qışqırdı.

       Kürən oğlansa noxtasından çəkdiyi eşşəkdən xahiş edirdi:

       -Dayı, başına dönüm, tərpən, gün günorta oldu!

       «Çoşşa»dan Qaraqulaq Eşşək nə qədər qəmə batdısa, «dayı»dan Çətonrülü eşşək o qədər sevindi. Quş kimi səkib sahibli eşşəyi arxada buraxdı. Dəyirmana birinci çatdı… Elə ki, yükdən azad oldular, başladılar rahatca əhvallaşmağa…

       Hərəsinin qabağına bir qom quru ot atılmışdı.

       Sahibsiz eşşək soruşdu:

       -Tırkədi kəndində Qarqulaq Eşşəyi tanıyırsanmı?

       Qaraqulaq Eşşək qulaqlarını qısdı:

       -Sən məni hardan tanıyırsan? - soruşdu. - O dediyin elə özüməm, axı!

       Sahibsiz eşşək heyrətdən bir ağız anqırdı:

       -Gör, illər bizi necə dəyişib ki, ana balanı tanımır!

       Ana-bala bərk sevindi. Dəyirmanın həyətini anqırtı başına aldı. Qaraqulaq Eşşəyin sahibi və oğlan eşiyə çıxdılar.

       -Çoşşa, çər dəymiş! - Qaraqulaq sahibindən şallaq payını aldı.

       Cavan oğlan isə:

       -«Dayı», meşədə deyilsən ki?! - dedi.

       Eşşəyin biri qorxudan, o biri utandığından səsini kəsdi: Ağqulaq Xotuğ astadan dedi:

       -Sənin günün elə əvvəlki kimidir… Elə həmin şallaqdır, bizdir. Elə həmin «çoşşa» - hayqırtısı… Heç nə dəyişməyib…

       Qaraqulaq Eşşək istehza ilə:

        -Sənin günün dəyişib! - dedi. - Məndən artıq yüklənirsən, yediyin yediyimdən, yollandığın yer dəyirman! Ay səni, Ağqulaq! A zalım, eşşəklik eşşəklikdir də! Fərqi nədir?! Mən Kərbəlaya getmişəm, bir köpəkoğlu mənə «kərbəlayi eşşək» deyirmi?! Yox! Çünki eşşək elə eşşəkdir də!

       Ağqulaq Xotuğ dodağını gəmirdi:

       -Elə deyil! - dedi. Bir var eşşəyə eşşəklik edəsən, bir də var öz kefin üçün! İndi  özüm öz sahibiməm! Qoy, bir sənət sahibi olum, eşşəkliyin daşını atacağam!

       Elə bu vaxt kürən oğlan dəyirmandan çıxdı:

       -Dayı, başına dönüm, dünəndən burda bir tay unum da qalıb, apararsanmı?! - soruşdu. - Muzdunda öz yerində!

       Ağqulaq Xotuğ əlüstü:

       -Əlbəttə, bacıoğlu! - dedi. - Ayıb deyilmi!

       Bir azdan Ağqulaq Xotuğ yükləndi. Qaraqulaq Eşşəyin yük altında qarın vuran balasına yazığı gəldi:

       -Gan bala, - dedi - belin sərpəcək!

        Bir yanıqlı səs çıxdı ondan ki, göydə quşlar da qanad saldı. Daha harayı hara çatırdı? Eşşəklərin taleyi belədir, dərddən də anqırırlar, sevincdən də. Ağqulaq Xotuğ yük altında hıqıldadı:

        -Öz dərdinə qal, - dedi. - Mənə heç olmazsa «dayı» deyirlər, sənsə elə əvvəlki kimi «çoşşa» sanki varsan!

        Bunu deyib yol aldı Çətonrü kəndinə sarı.

        Bu görüşdən sonra xeyli keçdi. Bala eşşək bala-bala eşşəkliyini edirdi. Bir gün Tırkədi kəndindən məktub aldı: Anası yazırdı: «- Gözümün işığı, Ağqulaq! Mən hələ sağ-salamatam, yaradana çox şükür ki, hələ anqırıram, anqırtımdan ləzzət də alıram. Amma daha qocalmışam, bir baxanım yoxdur. Bu gün-sabah sahibimiz məni meşəyə ötürəcək. Yük qaldıra bilməyən eşşək onun nəyinə lazımdır? Meşədə də ya qismət, neçə gün yaşayım! Canavar nə çox! Onda dədənin çırağı sönəcək. Gözümün işığı, qayıt gəl, kəndimizə. Sənə bir şad xəbər də verim. Daha bizim kəndə də sahibkarlar eşşəklərinə «dayı» deyirlər. İndi özün bil, gözlərim yoldadır, qayıdıb gəlsən, bəlkə, sahibimiz də insafa gəldi, məni canavara yem eləmədi. Sənin də yaşın daha o yaş deyil. Qəriblikdə nə görmüsən, axı? Cavanlığını çəkdin, indi qayıt gəl kəndimizə də!

       Qulağının o ağ tayından öpürəm.

       Gözü  yolda qalan Qaraqulaq Eşşək.

       Tıkədi kəndi.

       Qanqal ili.»

       Ağqulaq Xotuğ məktubu oxuyandan sonra fikrə getdi. Haçandan-haçana diksindi. Məktuba bir də baxıb, öz tarixi kəlamını dedi:

       -Deyəsən, biz eşşəklər dünyaya eşşək gəlib eşşək də gedəcəyik axı!

       Bu şübhə idi. Deyirlər, dahiliyə doğru atılan addım da elə dünyanın gəldi-gedərliyinə şübhədən başlayır…

 

                                                        

 

BALA  FİLİN  NAĞILI

 

       Qədimdən bəllidir ki, gözəllik başa bəladır. Yazıq sarı Bülbül yumurtadan təzə çıxmışdı. Hələ dimdiyinin sarısı üstündə idi ki, insafsız bir meymundandönmənin şərinə keçdi. Tutulub qəfəsə qatıldı.

       Düzdür, burda sarı bülbülün hər nazını çəkirdilər, canını can içində bəsləyirdilər, təki o, hərdənbir, cəh-cəh vursun. Nə qədər ki, sarı Bülbül kiçik idi, qanmaz idi, yeyirdi də, içirdi də, cəh-cəh də vururdu. Elə ki, ərsəyə çatdı, başladı darıxmağa. Yaşıl meşə üçün dimdiyinin ucu göynəyirdi.

       Günlərin bir günü sarı Bülbül qanad tərpətdi, dimdik sındırdı, dırnaq tökdü, balınc-balınc lələk saldı, qəfəsdən qurtuldu. Gecəni gündüzə qatdı, dərə keçdi, min bir əziyyətlə özünü yaşıl meşəyə yetirdi.

       Meşəyə hay düşdü. Gözü iynə ucu boyda işıq görənin gözü dikildi ona. Bir günortaya hamı oldu sarı Bülbülün gözəlliyinin əsir-yesiri. Quş da, bayquş da, sürünən də, sürünməyən də döndü onun qolu bağlı quluna. Sarı Bülbül elə acqarına yüz min dəfnə yarpağı aldı ki, hər yarpaq da bir aşiqin fəryadı. Sarı Bülbül isti-isti bir ikisinə cavab da yazdı. Sonra gördü, yox, heç oxumağa macal edə bilmir.

       Susamışdı. Özünü axtar-soraq «Yeddi bulaq» çeşməsinə yetirdi. Bulağın yeddi gözündən birinə dimdik salladı. Qoy, sarı Bülbül su içməyində olsun, sizə nədən deyim, Bala Fildən. Ona deyilməyinə Bala Fil deyirdilər, amma hələ ki, bazburtda dədəsidir, lap «fırt» edib onun xortumunun altından düşüb. Elə zorba idi ki, dədəsi belə, axır vaxtlar, onun qulağını qorxa-qorxa dişləyirdi. Bəli, həmin bu bala Fil sarı Bülbülün sorağını alıb tanımaza-bilməzə dərdindən divanə olmuşdu. Çıxmışdı «Yeddi budaq» başına məhəbbət atəşini su ilə söndürsün. Daha bu allahın naşısı nə biləydi ki, bu od o oddan deyil. Bir bulağın, iki bulağın suyu ilə sönəsi od deyil. Buna bir dərya lazımdır, amma qorxuram bu oddan dərya da odlana.

       Sözüm onda yox, bala Fildən danışaq. O, bulaqlardan üçünü qurutdu, ürəyi soyumadı, dördüncü bulağa xortum salladı.

       O yandan sarı Bülbül suya bir dimdik, iki dimdik, bayaq ha doydu. Daha elə olar da! Sarı Bülbül nə Fil deyildi, nə də məhəbbət təşnəsi deyildi. Elə ki, doydu başladı özünə sığal çəkməyə. Bulağın aynasındakı əksinə baxıb, gördü gözəldi. Hər qanad gərəndə elə bulağa bir dəstə alov dolur.

       Sonra sarı Bülbül ətrafa nəzər saldı. Elə bu vaxt bala Fili gördü. Və çox təəccüb etdi. O indiyə qədər belə canlıya rast gəlməmişdi. Qanad çaldı, bala Filin gah o yanına, gah bu yanına adladı. Ağlı bir şey kəsmədi. «Bunun başı harda, ayağı harda?! Baş bulağa sallanandısa, bəs onda olan o quyruq nədir?!» - fikirləşdi. Və uçub astaca bala Filin başına qondu:

       -Ey kimdir, qaşınmayan yeri qaşıyan?

       Sarı Bülbül səs gələn tərəfə əyildi. Bildi, baş elə budur ki, var. Dedi:

       -Bu mənəm, sarı Bülbül.

       Özgə aşiq olsaydı ürəyi getmişdi dabanına. Amma bala Filin əl-ayağı bir balaca əsdi, vəssalam:

       -Can sarı Bülbül - sevincdən böyürdü - gəldiyin yollara gül düzüm, nə bildin yolunu gözləyirəm?

       Sarı Bülbülün inanmağı gəlmədi:

       -Hardan-hara?! - soruşdu. - axı heç tanış deyilik.

       Bala Fil daha nə and-aman qalmadı ki, etməsin:

       -Vallah, dərdindən bir günortaya elə ərimişəm…, iynə deşiyindən keçərəm - dedi.- Sənə çaxılandan bəri… gözümə yuxu getmir.

       O, necə fikirləşirdisə, elə də danışırdı. Bunu qanmırdı ki, məhəbbət haqqında gərək xırda-xırda doğrayasan. Daha tatı-patı edib ortaya qoymazlar. Odur ki, sarı bülbül təəccüblə onun sözünü kəsdi:

       -Necə? Necə? - soruşdu.

       Fil təkrar etdi:

       -Belə bir kbnüldən min könülə sənə çaxılmışam. Yolunda özümü oda vuraram, suya vuraram - dedi - istəyirsən yeddi bulağın yeddisinin də suyunu içim, gözünü qurudum?

       Bülbül heyrətləndi:

       -Eh, nəyimə lazım?! - dedi.

       Fil davam etdi:

       -Neynək… - dedi  - istəyirsən - yaşıl meşənin ağaclarını köklü-kəməcli çıxarım?

       Bülbül bir heyrətli cəh-cəh də vurdu:

       -Eh, nəyimə lazım?! - dedi.

       Bala Fil qulağının ardını qaşıdı:

       -Can Bülbülüm, bəs, sən nə istəyirsən?…

       Söhbətin bu yerində sarı Bülbülün qarnı səsləndi. Qəfəsdə yediyinin üstündə idi. Yaşıl meşədə onun meyli çəkəcək bir şey yox idi. Qəfəsdə ona yağda qaynadılmış buğda verirdilər. Yadına düşdü, sarı Bülbülün ağzı sulandı. O, ah çəkdi: «Necə olsa qəfəs elə qəfəsdir», qarnı bir də səsləndi:

       -Ay Fil, - utana-utana dedi - axı mən acam.

       Böyürtü meşəni başına aldı. Fil gülürdü:

       -Can Bülbülüm! -dedi. - Könlündən nə keçir? Əmr elə. Maral əti istəyirsən?!

       Bülbül utandı:

       -Yox! -dedi.

       -Dovşan əti, ayı əti?! - Fil davam etdi.

       -Yox, yox - dedi sarı Bülbül - Mən ət yeyən quşlardan deyiləm.

       Bala Fil özünü itirdi:

       -Belə de! - sonra soruşdu. - Yaxşı, bəs, dolanışığın nə ilədir?!

       -Mənim yeməyim səhərlər üç buğdadır - Bülbül uçub onun qarşısında oturdu - şam zamanı beş, naharda on buğdadır.

       Fil çaşıb qaldı:

       -Can Bülbül! Hər şeyi başa düşdüm, bircə o buğdadan başqa! O nə olan şeydir? Hayanda olur?!

       -Buğda ancaq insandadır. Hayandadır deyə bilmərəm. Gələndə yol-riz hayında deyildim.

       Bala Fil ümidini itirmədi:

       -Yaxşı - dedi. - Sən yeri get gəz, mən də gedim dədəmnən məsləhətləşim. Buğdasız gəlmərəm… Yolumu gözlə…

       Sarı Bülbül uçdu getdi. Fil də bulaqdan aralandı.

       «Fil üstündə Bülbül» - sorağı yaşıl meşəyə yayıldı. İnanan da oldu, inanmayan da! Onu görən mübarəkbadlıq edirdi. Yaşıl meşə zurnabalabansız onları evləndirmişdi.

       Bu xəbər gedib, Fil nənəyə çatdı. Çuğulçu o ki var, çuğullamışdı. Odur ki, o, bala fili uzaqdan elə ki, gördü başladı:

       -Eşit! - dedi. - Evimə sarı Bülbülün ayağı dəyməyəcək.

       Bu sözdən bala Fil xeyli özünə gələ bilmədi:

       -Axı niyə? - soruşdu.

       Fil nənə xortumunu bir qatladı:

       -Əvvəlan, sarı Bülbül hiyləgərdir. Axı, alıb onunla nə edəcəksən?! - soruşdu. - Baxmaqdan savayı.

       Bala Fil utana-utana:

       -Elə buna görə?! - soruşdu.

       -Hələ harasıdır, qulaq as! - Fil nənə davam etdi - ikincisi, o sarıdır. Sarıdan da şər əskik deyil.

       -Elə bu?!

       -Üçüncüsü, - Fil nənə qışqıra-qışqıra bunu deyirdi.

       -Sarı Bülbülün üzü üzlər görüb, bir yol ərdə olub!

       Bu sözdən bala Filin üzü döndü, utancaqlığı qırağa qoydu:

       -Əvvələn, sarı Bülbül hiyləgər deyil, ağıllıdır. İkincisi, o sarı deyil, qızılıdır. Qaldı bir yol ərdə olması, mə‘lumdur ki, əyyarsız qızıl heç yerdə yoxdur. Vəssəlam!

       Balaca bala Fil  Fil nənəni barmağı ağzında qoyub getdi fil dədənin yanına, hal-qəziyyəni ona danışdı.

       Fil dədənin başı gora titrəyirdi, yaddaşı da cırıq cibə dönmüşdü. Asqırdı, öskürdü. Axır mə‘lum oldu ki, buğda olsa-olsa o meymundandönmədə olar. «G
 edərsən - Fil dədə dedi - mənim adımı ona verərsən, göz üstə səni qarşılayacaq. Çünki ona çox yaxşılığım keçib. Amma ona nəbadə «meymundandönmə» deyəsən. O, özünə «insan» deyir… Sən də elə de!».

       Bala Fil ayaq çırmadı, yola nərdivan qoydu. Az getdi, üz getdi, gecə ketdi, gündüz getdi. Gəlib insan oylağına çatdı. Uzaqdan gördü ki, bir dəstə meymundandönmə yeri qazıq-qazıq edir, tər də ki, sel kimi axır onlardan. Onların başı üstündə də bir meymundandbnmə dayanıb. Nəyisə başa salır, göstərir. Bala Fil gördü ki, göz qoyan boyda-buxunda babasının dediyi insana oxşayır. Özünü qəfildən verdi qabağa. Onu görən meymundandönmələr qorxuya düşüb, qaçışdılar. Amma bala Fil tez özünü nişan verdi, insan yaxınlaşdı:

       -A fil, allah sənə insaf versin, - dedi - bizdə ürək-göbək qoymadın! Xeyir ola?!

       Bala Fil utana-utana məhəbbətindən danışdı. İstəyini dedi:

       -Heç olmazsa, bir-iki günlük yeməyini ver, bu boyda yol gəlmişəm.

       İnsan o vaxtlar məhəbbət-filan qanmırdı. Hələ nə Qeys «Məcnun» olmuşdu, nə Fərhadın külüngünün səsi gəlirdi, nə də Kərəm bir bekarə düymənin əlində aciz qalmışdı. İnsan fikrə getdi: «Bəli, də, pişiyimiz oğlan doğub. Bala Fil aşiq olub! Zalım balası, özü bu boydadır, görəsən sevdiyi nə boydadır! Təsəvvür edirəm, indi bunun sevgilisinin bir oturumluq yeməyi neçə kisə buğda olacaq?!»

       -A fil! - insan dedi. - Düzdür, baban bir vaxtlar məni ölümdən quotarıb. Onun haqqını heç vaxt unuda bilmərəm. Amma pis vaxtda gəlmisən. Buğdamız ancaq dənliyə qalıb. Onu da götürüb sənə versək, gələn il ac qalacağıq. Əlbəttə, səni əliboş qaytarmayacağam, amma çox verə bilmərəm. Əvvəllər tək idim, dünya vecimə deyildi, indi oğul-uşaq bir yandan - tarlada işləyənləri göstərdi - bunlar da bir yandan.

       Bala Fil maraqlandı:

       -Doğrudan ha! Fil dədəm deyirdi ki, sən təksən. Amma indi görürəm yox, çoxsunuz.

       -Eh, a Fil - insan nağıl etdi - xeyli müddət tək yaşadım. Sonra gördüm həyansız mümkün deyil. Bunları bir-bir əvvəl olduğum meymun sürüsündən ayırıb gətirmişəm. Birini zorla, birini dillə, birini yemək adı ilə, qərəz, onları başıma toplayana qədər, min zülüm çəkmişəm. Fikrim var, onları da insan edəm. Amma, lap acığı, bu köpəkuşağının bir gözü hələ də meşədədir. Üzümü çevirsəm, dərhal qaçacaqlar. Bir az çətinə düşən kimi dişini qıcıyırlar üstümə. Deyirəm əşi, ay belə-belə olmuşlar, biz hələ cənnətdə yaşamırıq, bizdə işləməyən, dişləməz. Kimə deyirsən. Elə deyirlər ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

       Bala Fil bu cəfəngiyyatdan ağlı bir şey kəsməsə də, qulaq asırdı. Birdən sarı Bülbül yadına düşdü, ürəyinin başı göynədi. Böyürdü:

       -Tez elə, nə verirsən, ver, sevgilimi ac qoyub gəlmişəm.

       İnsan çox pərt oldu:

       -Oldu, Fil qardaş - dedi və özünə bəraət qazanmaq üçün əlavə etdi. - Qardaş, inan, bu meymundandönmələrə bir gün yemək çatdırmasam, qaçıb gedərlər, qalaram yenə bu çölün ortasında tək-tənha. Sən necə rəva görürsən? O tarlanı suvaranı görürsənmi? Qazandan çıxan bir fərli tikəni ona yox, oğluma verdiyimə görə çıxıb gedirdi. Gücnən dilə tutdum. Bir tərəfdən də, gecələr meşədən köhnə dost-tanışları gəlir. Pıçhapıç, pıçhapıç - bunları başdan edirlər. Özləri ilə cır qoz-fındıq  gətirirlər, bunlar da şirnikirlər ki, Böyük meşədə daha yel əsir, qoz tökülür.

       Bala Filin hirsi bir balaca yatdı. İnsanın ürəyində isə qara qanlar axırdı. Öz əməlindən utandı: «Heç adıma yaraşarmı, qapıma gələni əliboş qaytarım. Böyük Meşənin bütün insan olmuşlarını dolandıran mən, indi nə olub?! Əslinə qalsa, bütün heyvanların axır yolu mənim keçdiyim yoldur. Gec-tezi var. Kim bilir, bəlkə bu Fil də haçansa adam olacaq. Bunun sevgilisinin üç günlük yeməyini verib, yola salım, nə olar, olar!» - fikirləşdi.

       -A Fil, verməyinə sənə buğda verəcəyəm, amma bir şərtlə.

       -Nədir şərtin? Di, tez elə! - Fil səbirsiz halda deyindi.

       -Şərtim budur. Borcunu ətlə qaytarasan və gələcəkdə insan olmaq haqqında fikirləşəsən.

       -Razıyam - fil böyürdü. - Ət məndən! İnsan olmağa isə baxarıq. Söz vermirəm. Qorxuram burnum mane olsun.

       İnsan cəld iki parça təmiz ağac qabığı götürüb üstünü cızdı və dedi:

       -Bas barmağını bura!

       Fil təəccübləndi:

       -O nədir belə, ay insan?!

       -Buna müqavilənamə deyərlər, kömək haqqında. Kim insan olmaq istəyir, onunla bağlayıram. Ancaq bundan sonra borc verirəm. İndi belə axırıncı tikəmi də istəsən müzaiqə etmərəm. Balalarımdan kəsərəm, səndən əsirgəmərəm.

       Filin bəsaratını məhəbbət bağlamışdı. Naəlac qalıb:

       -Yaxşı da! - dedi və pəncəsini basdı müqaviləyə, bir nüsxəsini götürdü - əslinə qalsa, mənə insan olmaq vacibdir. Arvadı saxlamaq üçün sənin kimi çalışmalıyam, ya yox.

       İnsan razı halda:

       -İndi de, görüm, sənin sevgilin bir oturuma nə qədər buğda yeyir?

       Fil utana-utana:

       -Səhər yç, günorta beş, axşam on buğda yeyir -dedi.

       İnsan mat qaldı:

       -Nə danışırsan, Fil?! - dedi. - Sevdiyin bəyəm quş balasıdır?

       Bala Fil fəxrlə cavab verdi:

       -Mənim yarım sarı Bülbüldür!

       İnsan şaqqanaq çəkdi:

       -Bah! - birdən yadına nəsə düşdü, heyrətlə - Ayağında halqası yoxdur ki?

       -Var! Elə də ona yaraşırki!

       İnsan lap uğundu:

       -Onda biz qohum oluruq ki! - dedi. - O, mənim quşumdur, qaçıb gedib. Dost idik indi olduq lap birevli, qohum.

       İnsan tez bir tay buğdanı xurcuntayı edib aşırdı Filin belinə:

       -Apar - dedi. Bu da ona verdiyim cehiz olsun!

       Fil dünyanın işlərinə məəttəl yol aldı. Gecə getdi, gündüz getdi, axır özünü Yaşıl meşəyə çatdırdı. Sarı Bülbülü soraq elədi.

       Dedilər:

       -Sarı Bülbül özünə bab birini tapıb qoşuldu ona, uçub getdilər.

       Bala Fil başına döydü, amma harayı hara çatacaqdı ki?!

       Burada nağıl qurtardı. Xoş sonluq heç cür mümkün deyil… hətta nağılda da Bala Fili sarı Bülbülə evləndirmək mümkün deyil.