icon
icon
icon
icon

Qohumların əsiri

   QƏNİ  CAMALZADƏ
               

 

                                                        QOHUMLARIN ƏSİRİ

                                                            

 

 

                                                             Satirik hekayələr                  

      

 

 

                   Redktoru       Ə.Xanməmmədli

                   Rəssamı         Elvin     
                                                                  

 

 
Anatasiya  :    Bu kitab yazıçının oxuçularla kitab halında dördüncü görüşüdür.

                       Onun hekayələri həm düşündürür, həm də güldürür. Müəllif ince

                        yumor, kəskin sarkazmla real həyat həqiqətlərini təsvir edir.

 

 

 

 

 

               “ Əbilov, Zeynalov və oöulları “ İTK mətbəəsi.       Baki  -     2002-ci il.     

 

 

 

 

 
Mən, necə böyük adam olmaq istədim

 

 

 

 

       Bir müddət idi ki, bir sağalmaz azara mübtəla olmuşdum. Başbilənlərə gənəşdim, məsləhət istədim, dedilər, sənin azarının çarəsi yoxdur. Özün ovsarlıya bildin, xoşbəxt olacaqsan, yoxsa başın daşdan-daşa dəyəcək.  

        Allah-təala, mənə boy-buxun vermişdi, gözəllik vermişdi, ağıldan da kəsad deyildim. Bunlar hamısı bihudə yerə məsrəf olurdu. Gecəni gündüzə qatasan, qiymət kitabçasında hər işarəyə görə müəllimlərlə az qala əlbəyaxa olasan, ali məktəbi qırmızı diplomla qurtarasan, gəlib layihə bürosunda cizgi çəkəsən! Böyük dərddir. Şura hökuməti dağılandan bəri, bir xoş gün görmədim. Böyük ümüdlərim çərən-pərən olmuşdu. Layihə bürosunun rəis qarışıq vur-tut on iki  əməkdaşı var idi. İş yox, güc yox, səhərdən axşama qədər ağ kağıza bir cız çəkməyəsən, adam özü-özündən xoflanırdı. Görəsən dünya belə gəlib, belə də gedəcək? O, qurban olduğum, deyəsən, xoş saatda yaratdığını lap unutmuşdu.

       Nahar fasiləsində qəzetə bükülmüş kotlet-çörəyi çəkdim qabağıma, nuş eləyəndən sonra, üstündən üzbəüz oturmuş Səlimənin dəmlədiyi çaydan içdim. Bir dəli yuxu gəldi mənə. Başımı qovluqların üstünə qoydum, yatmağımla oyanmağam arsında nə qədər müddət keçdiyini demək çətin idi. Dik qalxdım ayağa, elə bil üstümə qaynar su tökmüşdülər. Bir yerdə qərar tuta bilmirdim. O qədər otağa girib-çıxdım ki, Səlimə dözmədi, qabağındakı güzgüdə üz-gözünü yöndəmə salmaqdan əl çəkib, dedi:

–    Əsgər, yumurtası tərs gəlmiş toyuq kimi nə fır-fır fırlanırsan? Macal ver,

fasiləmizi dincələk də!

      Özüm özümə lağ elədim:

–    Fikrimi  qarışdırma, Səlimə. Böyük arzularla yaşayan adamı xırda adamlar

başa düşməz. Dərd məni götürüb.     

       O, xoş bir istehza ilə:  

       - Sənin nə dərdin ola bilər, ay Əsgər? - dedi. - Maşallah, kino artistlərinə oxşayırsan. Qızlar ətrafında ləlöy döyürlər. Oğlanlar səninlə dostluq eləməyə sinov gedirlər. Savadın, biliyin hamını valeh edir. Ağzını açanda hamı qulaq kəsilir. Zarafatın yaxşısını sən edirsən, sözün yaxşısını sən deyirsən. Gülüşün idarəmizi nurlandırır. Hamı sənə həsəd aparır. Sən də deyirsən, dərdim var.

       Bunları bilirdim. Məni yandırıb-yaxan da bu idi. Belə mədhiyyələri hər gün eşitdiyimdən elə, ürəyimdə axmaq-axmaq fikirlər kök salırdı. Son vaxtlar Səlimə beynimi doldururdu, qəribə-qəribə təkliflər eləyirdi.  

O, iki il idi ki idarəmizdə peyda olmuşdu. Rəislə qohum idilər deyənə, işdə bir

sözü iki deyildi. Allahdan  küskün idi. Sər-sifətdən yarımamışdı. Amma bu mağmınlığına baxmayaraq günümü qara eləmişdi, göz verib, işıq vermirdi.. Gündə bir neçə dəfə mənə eşq elan edirdi. Az qalırdı özü özünə elçilik etsin. Deyirdi:

–    Əsgər, sənsiz bir günümüz olmasın. Sənə ərə gedən qız dünyanın xoşbəxti-

dir. Ay allahsız, haçan bizi də bir şad edəcəksən?

Düzü, ətrafımda elə qız-gəlinlər fırlanırdı ki, Səlimə onların əlinə su tökməyə

də yaramazdı. Təəccüblü bu idi ki, özü də ayıbını bilirdi, amma usanmırdı. Keçən il Səlimə yoxa çıxdı. Yerini deyən olmadı. Bir aydan sonra gəldi. Qızı tanımaq olmurdu. Demə, Türkiyədə plastik əməliyyat elətdirib, üzünü səhmana saldırıb. Hamı deyirdi ki, bıçaq altına sənə görə girib. O, hər addımımı izləməyindən əl çəkmirdi. Rəisimizin katibəsi gözəl Zərifə ilə təzəcə gözləşirdik. Heç alışıb-verişməyə macalımız olmamışdı. Səlimə bundan xəbər tutub, bir şivən saldı ki, hamı mat qaldı. Bir eylə camaatın içində cığırdı:

–    Əsgər, mən səni Zərifəyə verməyəcəyəm. Ölsən torpağın, qalsan

mənimsən. Bunu sırğa elə, qulağından as.

Həmin gün işin axırında rəisimiz məni yanına çağırdı. Mehribanlıqla yer gös-

tərdi:

- Oğlum, bilirsən ki, sənin xətrini nə qədər istəyirəm, - dedi. -  Xahiş edirəm,

Səliməni incitmə. Ağlın olsun, bala, onu  alsan, işlərin yağ kimi gedəcək. Atası razı, anası razı, qardaşları razı. Daha nə istəyirsən? Beş otaqlı mənzili, dədəsinin vəzifəsi, hörməti, pulu-parası hamısı sənin olacaq. Ay səfeh, maşınları cib dəsmalı kimi dəyişəcəksən. Çim yağ içində üzəcəksən.

Nəyi desən gözləyirdim, ancaq, ağsaqqal rəisimizin elçi düşəcəyinə inanmaz-

dım. Söhbəti uzatmamaq üçün kəsəsinə dedim:

–    Rəis, mən onu sevmirəm, özünə də demişəm. Yaxşı olar ki, bu işə qarışma-

yasınız.

Bu söhbətdən sonra Səlimə məndən əl çəkdi. Daha məni izləmirdi. Hətta,

dostlaşdıq da.

      … Hələ də yuxuda gördüklərimin təsiri altında idim. Qorxdum ki, fikirimi dəyişəm. Odur birnəfəsə dedim:

-   Səlimə, mən sən deyənə razıyam.

Səlimə sevindi:

-   Əla! Sənə gör, havaxtdır deyirəm, amma tərpənmirsən. Sən bir razılığını  

ver, qalanı ilə işin yoxdur, - dedi.  

       Səlimə neçə illər idi ki, məntəqə seçki komissiyalarında iştirak edirdi. Onun nadir yaddaşı, gözəl xətti var idi. Bir oxunuşa on səhifə yazını yadda saxlayırdı. Məntəqə komissiyasının sədrinə kompüter-filan lazım deyildi, bir Səlimə bəs eləyirdi. Sirrlərə bələd olduğundan Əsgərə tez-tez deyirdi:

       - Elə adamlar deputatlığa namizədliyini verirlər ki, adam lap mat qalır. İşlədiyi idarəni çalıb-talıyan milyonları altına yığan, nə danışmağa dili, nə deməyə sözü olmayanlar indi vəkil olmaq istəyirlər. Daha, nə cür olacaq? Yığdığı pulu qorumaq lazımdır. Belə adamlardan xalq nə gözləsin? Sən isə fil qulağında yatmısan. Nizami deyir ki, böyümək istəsən böyüklərlə durub-oturmalısan.

     Hərçənd, Nizami başqa cür demişdi, amma Səlimənin sözlərində haqq var idi. Fikirləşdim ki, nə olar, olar. Tilsim qırılmalıydı.

İşçilər bir-bir nahar fasiləsindən qayıdırdı. Bizim  pıçhapıçımıza mane olan

yox idi. Hərə öz işində idi. Biri qəzet oxuyurdu, biri dedi-qodu ilə məşğul idi. Dəhlizdən isə aralarına mübahisə düşmüş kişilərin səsi gəlirdi. Yəqin ki, futboldan söz düşmüşdü. Burda da hamı özünü bilici hesab edirdi.

–    Yaxşı da, Səlimə, onda sən arvadları yığ, mən də kişiləri. Bir iclas keçirək,

Protokol yazaq, sonrasına baxarıq.

 Camaatı bir yerə cəm eləmək, elə də asan iş deyilmiş. Zalım uşağı yerindən

tərpənmək istəmirdi. Mən şirnikləndirmə metoduna əl atdım. Həsənə bir qutu «Marlbora» siqareti boyun oldum, yazığın bir çətən külfəti vardı, filtirsiz siqaret çəkməkdən dişləri kömür kimi qaralmışdı, mənim subaylığıma həmişə həsəd aparardı. Deyirdi ki, Əsgər  xoşbəxt adamsan, evlənib eləmə, on «şirvan»la bala saxlamaq bir kişi işi deyil. Əhlimana söz verdim ki, oğluna kirvəlik edəcəyəm. Uşaq doğulandan məni dilə tuturdu, indi oğlunun az qala yeddi yaşı vardı. Hələ də sünnət eləməmişdi. Deyirdi ki, Əsgər, razı olmasan, uşağı elə elədə saxlayacağam, qoy, günahı sənin boynunda qalsın. Səlimənin dilə tuta bilmədiyi tərs Kübranı bir kosmetika dəsti ilə həvəsə saldım. Zalım qızı, üz-gözünə o qədər yaxırdı ki, bayram tortuna oxşayırdı. Mənim atmacalarım işçilərimizə ləzzət versə də, Kübraya toxunurdu. Bir dəfə məni qırağa çəkib, demişdi: - « Ay Əsgər, surətinlə xislətin bir-birinə tərs mütənasibdir.Sənin mənim ənlik-kirşanımla  nə işin var? Dul arvadın könlünə dəyməzlər. Məhəmməd peyğəmbər əleyhissalam deyib ki, dul arvadların könlünü şad edin. Sənin dilindən isə bir xoş söz eşitmədim!» Yerində edilmiş bu tənədən bərk utandım, daha bir də Kübra xanıma dolaşmadım. Fikirləşdim ki, özü bilər, can onun, cənnət Allahın.

       Səlimə, doğrudan da, işbilən imiş. Masaların birini ortaya çəkmişdi. İki daşın arasında bir qırmızı şilə tapmışdı. Masanın üstünə bir-iki şüşə su qoymuşdu.  Bir sözlə, işçilərimiz vacib məsələ üçün toplaşdıqlarını anlamışdılar. Amma işin məğzindən heç kimin xəbəri yox idi. Rəis olmayanda onsuz da Səlimə onu əvəz edirdi. İşçilər onun hökmlə danışmağına alışmışdılar. Hamı intizarla bizə baxırdı. Səlimə sözü mənə verdi. Dedim:

- Qardaşlarım, bacılarım, burda özgəsi yoxdur. Deyirəm, biz kimdən əskiyik?

Bizim idarədən deputatlığa namizəd yoxdur. Biz niyə geri qalaq? Şükür allaha, kollektivimizə nə olub? Şilik, şikəstik, ya deməyə sözümüz yoxdur?

 Hamı quruyub qaldı. Söz onlara çatandan sonra başladılar məzələnməyə:

- Vallah,  Əsgər bizi qıracaq, ha, ha, ha!

-  Ə, mən də can qalmadı, hi, hi, hi!     

-  Vallah, Əsgər olmasa adamın bağrı çatlayar.

–    Mən elə Əsgərə görə burda işləyirəm. O, getsə bir gün də burda qalmaram,

ha, ha, ha!

Mən bu atmacalara səbrlə dözdüm. Səlimə stolu qələmlə taqqıldatdı, hamının

 diqqətini bir yerə cəm elədi:

–    Başqa bir adam yoxdursa, mən deputatlığa Əsgərin namizədliyini təklif

edirəm. Bu ciddi məsələdir. Söz demək istəyən varsa, buyursun.

Layihə bürosunun ən qocaman işçisi Qurbanəli müəllim yerindən qalxmadan

üzünü mənə tutdu:

–    Bala, bizim sənə böyük hörmətimiz var, amma, vallah, ağlın çaşıb. Kimdir

bizim seçdiyimiz adamı adam yerinə qoyan? Səni inandırım ki, bu bihudə zəhmətdir. Nə özünü incit, nə də bizi. Eşidən bilən, bizi hoydu-hoyduya qoyacaq.

Çox haqqlı söz idi. Amma mən qərarımdan dönən deyildim.

–    Sizin nə borcunuza qalıb? - dedim. - Siz razılığınızı verin, qalanı ilə işiniz

yoxdur. Çörək istəmirəm, su istəmirəm, bir quru kağız istəyirəm.

       Əhliman soruşdu:

- Rəis bu məsələyə necə baxır?

Səlimə dərhal cavab verdi:

      -  Rəis etiraz etmir.  

Həsən yerindən dilləndi:

-  Biz razı ola bilmərik, - dedi.

Mən təəccübləndim:

–    Niyə, Həsən, sənə nə pisliyim keçib?

Həsən pıqqıldadı:

-  Deyirəm deputat oldun işdən çıxacaqsan. İdarəmiz sənsiz batar ki!

Qadınlardan hansısa güldü:

-  Bu camaatın könlünü hərdənbir açırsan, - dedi. - Sənsiz biz neyləyərik?

Səlimə zarafatların qızışdığını görüb, iclasa yekun vurdu:

–    Lağlağı yeri deyil, səsə qoyuram. Kim Əsgərin deputatlığa namizədliyinə

razıdır?

Hamı bir nəfər kimi əlini qaldırdı. Səlimə hazır protokolu gəzdirdi, işçilərə

bir-bir qol çəkdirdi.

İş bitəndən sonra Səliməni qırağa çəkib təşvişlə soruşdum:

- Sonra neyləyəcəyik?  

O , arxayınlıqla  dilləndi:

      - Sən narahat olma, hər şey nəzarət altındadır. Bugün saat beşdə mədəniyyət sarayında deputatlığa namizədlərlə rayon əməkçilərinin görüşü olacaq.  Vaxtında orda olmaq lazımdır. Gedək, bir azdan başlayacaq.

      Özümüzü mədəniyyət sarayanı çatdırdıq. Bizi heç içəri buraxmaq istəmirdilər. Dedilər ki, giriş dəvətnamə ilədir. Mən qapıda dayanan oğlanı dilə tutdum, prtokolu göstərdim. Bu da ona təsir etmədi. Səlimə gülümsəyib, qapıçının qulağına nə dedisə o, kənara çəkildi, daha bizim içəri girməyimizə etiraz etmədi.

- Az, sən ona nə dedin?

Səlimə qımışdı:

–    Heç nə, - dedi. - Namizədlərin qeydiyyat nömrəsini dedim. Bilirdim mən

deyənə gələcəksən.  Sənin adını qabaqcadan  kitaba yazmışdım.

      Macal dar olmasaydı, mübahisə edəcəkdim. İndi isə yeri deyildi.

      İçəridə hamının başı qarışmışdı. Rəyasət heyətində hamının tanıdığı bir adam oturmuşdu və tribunaya qalxmadan platformasını danışırdı. O, rayonun balaca «padşahlarından» biri idi. Neçə illər Şura hökumətinə qulluq eləməyinə baxmayaraq, indi deyirdi:

- … imkanlarımız çoxdur, camaatın rifahı üçün çox iş görmək olar. Şura vaxtı

bir iş görmək üçün əlli yerdən icazə almaq lazım idi.. Mən sizin vəkiliniz olsam, bütün imkanlarımdan istifadə eləyib camaatın mənafeyini qoruyacağam, iş yeri açacağam, yol çəkəcəyəm, su problemini  həll edəcəyəm, qaz problemini həll edəcəyəm, işıq sarıdan isə heç narahat olmayın. Çünkü o sahədə qohumlarım işləyir, ha, ha, ha!

Namizəd öz sözünə birinci özü güldü, sonra rəyasət heyəti, daha sonra

toplaşanlar. İclasın sədri onunla pıçıldaşandan sonra zala müraciət elədi:

-  Sualı olan varmı? - soruşdu.

      Səlimə məni dürtmələdi. Cəld ayağa qalxdım, başda oturanlar eşitsin deyə, çığırdım:  

-  Söz istəyirəm.

     Sədrin razılığını gözləmədən irəli cumdum, tribunanı fəth elədim. Rəyasət heyətində hamı bir-birinə heyrətlə baxdı. Məni burda tanıyan tapılmadı. Sədr candərdi dilləndi:

- Deputata nə sözün var, oğlum?

Atam yerində kişinin tikanlı müraciəti mənim könlümü açmadı. Tribunanın

qıraqlarından möhkəm yapışdım, yerimi rahatladım. Birdən məni burdan zorla düşürtmək fikrinə düşsələr, müqavimət göstərəcəkdim.  

-  Oğlum, özünü təqdim elə, görüm, hansı təşkilatdansan?

Sədrin bu xahişini dərhal yerinə yetirdim:

-  Layihə bürosunun əməkdaşıyam.

Sədr salonda qabaq sırada oturmuş rəisimizə sual dolu baxışlarla baxdı. Rəis

yerində qurcalandı, deyəsən hələ bir az rəngi də ağardı. Sədrə dedi:

- Bizim işçidir. Amma onu bura mən çağırmamışam, özü gəlib.

Sədr rəncidə halda əlini yellətdi:

      - Cavan oğlan, sözünü de, vaxtımız yoxdur. Nə sualın var, ver, - dedi.

Mən udqundum, gözünü mənə dikmiş salonun vahiməsindən çıxmaq üçün

əlimdəki protokolu yellətdim:

–    Bura sual verməyə gəlməmişəm. İdarəmiz deputatlığa namizədliyimi təklif

edir. Bu da protokol.

      Zal bir anlığa susdu. Birdən küy qalxdı. Rəyasət heyətində oturanlar ayağa durdular. Təfərrüatı yadımda deyil. Bircə yadımda qalan bunlardır. Biri deyirdi:

- Düş aşağı, oyunbazlıq eləmə.

       O biri deyirdi:

- İşiniz yoxdur, qoy, danışsın.

Bir başqası  qışqırdı:

- Bu məzhəkəyə baxmağına dəyər.

Dördüncüsünün yoğun səsi hamının səsini batırdı:

- Hanı sənin vəkilin? Qoy, səni təqdim etsin.

Mən imkan tapıb çığıra-çığıra dedim:

- Vəkilim yoxdur. Özüm öz tərcumeyi halımı danışacağam. İcazə verirsiniz?

İclasın sədri, deputatlığa namizədin cangüdəni idimi, vəkili idimi, bilmirəm,

tribunaya cumdu. Mikrafonu əlimən aldılar.

Biri o qolumdan, biri bu qlumdan tutub başladılar dartışdırmağa.

-  Özünü biabır eləmə, bala, keç yerində otur.

Sədrin bu sözünü beynimə yeritmək üçün bazburtlu kişi bir dürtmə ilişdirdi

böyrümə:
      - Oyunbazlıq edirsən, ha, amma bura yeri deyil. Nə qədər qol qabırğan sınmayıb, düş get!-  dedi.

       Salon əməlli-başlı şənləndi. Camaat deyib-gülürdü. Rəyasət heyətindəki çaxnaşma zorla bura gətirilmiş camaatın könlünü açmışdı. Ağsaqqal bir kişi ayağa durub, qayim səslə dedi:

–    Camaat, mən bu oğlanı tanımıram, amma bu ki bizi bir belə güldürdü, icazə

 verək sözünü desin. Qoy, görək nə deyir? Razısınız?

Zal razılıqla əl çaldı. Məni dartışdıran əllər boşaldı. Onlar özlərini itirmiş

halda yerlərinə qayıtdılar. Sədr yerini rahatlayıb, könülsüz halda mikrafona:

-  Yaxşı, qoy, siz deyən olsun, - dedi və üzünü mənə tutdu - Buyur!

Mən rahat nəfəs alıb başladım:

–    Camaat, otuz yaşım var. İşlədiyim yeri bildiniz, adım Əsgərdir. Soyadım

Əsgərlidir, dədəmin adı Əsgərdir. Bir ailə rəvayətinə görə, atam əsgərlikdə olanda anadan olduğuma görə, adımı Əsgər qoyublar. Atam da atası əsgərlikdə olanda doğulduğundan ona da Əsgər adı qoyublar. Babamın adının Əsgər olmasının səbəbini bilmirəm. Amma belə deyirlər ki,…

      Yerdən biri xoş bir gülüşlə söz atdı:

- Əşi, babanı deputat təklif edirsən, ya özünü?

Mən dərhal dilləndim:

–    Özümü, özümü, - dedim. - Amma yeddi arxa dönənimi sadalamasam, tanıt-

masam necə deputat ola bilərəm? Bəlkə, nəslimizdə eləsi olub ki, camaata ziyan vurub, kiminsə malını, pulunu yeyib, ona zülm eləyib? Bəlkə, babam xalq düşməni olub? Mənim namizədliyim onda keçərmi?

      Zalın kefi açılmışdı:

-  Keçməz, - dedilər.

-  Keçsə də, uzağa getməz.

-  Əşi, danış, amma qısa elə.

Fürsətdən istifadə eləyib birnəfəsə yeddi arxa dönənimi adbaad sadaladım. Zal

gürültu ilə əl çaldı. Biri yerindən həyacanla qalxdı:

-  Afərin, qardaş, sən nümunə götürülməli adamsan.

Zal yenə əl çaldı. Mən özümü sudakı balıq kimi  hiss edirdim. Böyük ruhla da-

vam etdim:

- On yeddi yaşımda orta, iyirmi iki yaşımda ali məktəbi bitirmişəm. Oxuyanda

müəllimlərlə, işləyəndə rəislərlə cəngi-cidada olmuşam. Bu da mənim tərcümeyi-halım. Əgər deputat olsam, yenə dinc oturmayacağam. Sizin arzularınız uğrunda mübarizə edəcəyəm. Heç kimin pulunu yeməyəcəyəm, malına tamah salmayacağam, villa tikdirməyəcəyəm.

      Zalın uğultusu səsimi batırdı.

- Qoy, Əsgər bala deputat olsun.

- Əşi, pul istəmirsən, mal istəmirsən, villa istəmirsən, deputatlığı neyləyirsən?

Deputatlığa namizəd hirslə nəsə dedi. İclasın sədri dərhal  mikrafona qışqırdı:

- Ona qulaq asmayın, bu avantüristdir. Bilə-bilə şuluqluq salır. Çox yaxşı bilir

ki, ondan deputat çıxmaz. Yuxarıların razılığı ilə deputat Məmişov olmalıdır. Bu saldat oğlu saldatdan sizə deputat olar?                               

      Zal tələbkarlıqla uğuldadı:

- Niyə olmur?

- Deputatın buynuzu olur?

- Səbəbini göstər.

İclasın sədri yanındakına nəsə dedi. Həmin adam qaça-qaça səhnədən çıxdı.

Sədr əlini qaldırıb, zala təmkinlə dedi:

–    Çox səbəbləri var. Birinci, bu adam namizəd kimi qeydə alınmayıb, ikinci,

hələ uşaqdır, uşaqdan vəkil çıxmaz, üçüncü…

Elə sədr üçüncü deyəndə işıqlar söndü. Qaranlığa qərq olmuş zala çaxnaşma

düşdü.Tribunadan düşmək istəyirdim ki, iki tərəfdən məni qamarladılar. Çabalamağıma baxmayaraq, onların əlindən çıxa bilmədim. «Buraxın məni…» - demək istəyirdim ki, arxadan bir kök qapaz saldılar başıma. Ağrıdan nəfəsim kəsildi. Sürüyə-sürüyə məni apardılar. İşığa çıxanda gördüm ki, mədəniyyət sarayının arxasındayıq. Bura tünnük idi. Bir ins-cins yox idi ki, harayçılıq eləsin. Mənə bir-iki yumruq çəkəndən sonra, deputatlığa namizədin pəzəvəng  «vəkili» dedi:

–    Bir də yolumuzun üstünə çıxsan, qabırğalarını sındıracağam, qurumsaq!

Sənə neçə dəfə deyərlər, düş aşağı. Camaat pul xərcləyir, maya qoyur, deputat olmaq istəyir, sən isə təlxək kimi düşmüsən ortaya. Səni bura göndərənlərə deyərsən ki, səndən ağıllısını tapsınlar. Sənin kimilər Məmişova mane  ola bilməyəcəklər. İtil burdan.

Dalımdan vurulan təpikdən  üzü üstə gölməçəyə yıxıldım. Onlar hırıldaşa-

hırıldaşa içəri girdilər, qapını bağladılar.

     Elə bir gündə idim ki, Səlimənin qəflətən peyda olması heç məni təəccüblən dirmədi.

     İməkləyə-iməkləyə gölməçədən çıxdım. Bir qurbağa vaqqıltı ilə ayağımın altından suya hoppandı. Səlimə bədxah bir gülüşlə söz atdı:

-  Hə, Əsgər bala, deyəsən, qurbağalara rəfiq olmusan?

-  Ay Səlimə, başıma bu işləri niyə açdın?

-  Qisasımı alıram da, Əskər bala. Bir sözümü iki eləyən hələ olmayıb. Sən isə

hamının yanında məni xəcalətli etdin. Bu da əvəzi.

     Mənim deməyə sözüm yox idi. Söz deməyə heç halım da yox idi.  Böyüklük azarı kimi pis azar yoxdur. Allah hamını ondan qorusun. Amin!  

 

 

                                                                                                         2002-ci il.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Usta İbişin  Məmiş dostu

 

                                                           «Zırrama» hekayəsinin müəllifini yada salaq.

 

       Axır vaxtlar İbişin çəkməçi köşkünə bir nəfər də ayaq açmışdı. Özü də elə-belə gəlməmişdi, zorən girmişdi. Heç belə şey görünməmişdi, adama gəlib desinlər ki, mən səninlə dostluq eləyəcəm. Bu adamın başqa qəribəlikləri də sonra üzə çıxdı.

       Qəzetdə işləyən Əliqulu İbişlə lap qədimdən tanış idi. Get-gəlləri var idi. Son illər lap dostlaşmışdılar. İbişin söhbətləri çox adamı valeh edirdi. Bir az ədəbiyyatdan, bir az siyasətdən, bir az dünyanın övzayından xəbərdar idi. Eşitdiklərini, gördüklərini elə məharətlə nəql edərdi ki, adam özünü o hadisələrin iştirakçısı sanardı. Şəhərdə olan zəlzələnin təsvirindən sonra Əliqulu ona dedi:

-  Ay usta, bir özünü yazıçılıqda sına. Bunları qələmə alsan, aləm hekayə çı-

xar.

       Çəkməçi İbiş çəkici zərblə mıxa vurub, ayaqqabını qəlibdən çıxartdı, səliqə

ilə rəfə  qoydu. Mülayim bir istehza ilə:

       -  Rəhmətliyin oğlu, yazan azdır, bəyəm? Mən də əlimə qələm alsam ölkənin halı yaxşımı olacaq? - dedi. - Sən yazırsan da, mövzunu bağışlayıram sənə, halal-xoşun olsun.

       Əliqulu ürəkdən güldü:

        - Yox, usta, gərək, özümlə diqtafon gəzdirim. Sənin danışdıqlarını olduğu ki-

mi yazım.Yoxsa, heç nə çıxmaz. Sən onu bir də danış, nə təhər olub?

        Əliquludan savayı, bir nəfər də onun söhbətlərinin müştağı idi. Bu, şəhərdə çoxdan kök salmış bir ərəb idi. Adı Hidan idi. İki gündən bir əlində bir-iki şüşə pivə ilə gəlirdi. Küncdəki oturacaqda qərar tutar, asta-asta pivəsini içər, usta İbişə həmsöhbət olardı.

         İndi usta İbiş söhbətə dinməz-söyləməz qulaq asan ərəbə söz atdı:

-   Adə, ərəb qardaş, müsəlman hara, pivə hara? Elə hey lüm-lüm udursan ha.

Bəs, bilmirsən ki, şəriətdə içmək haramdır?

       Ərəb söz altında qalmadı:

        -  Hacının dükanından almışam, - dedi. -  O, qurumsaq satmasın, mən də içməyim.

       Usta İbiş onun səlist ibarələrinə valeh oldu:

       -   Ay gözünə dönüm, nə dedin. - dedi və yadına düşmüşkən soruşdu. - Bəs,

eşitmişəm vətənə dönmək istəyirsən?

      Ərəb ağ dişlərini göstərdi:

       -   İstəyirdim, fikrimi dəyişdim, - dedi. - Bura yaxşıdır. On beş ildir yaşayı-

ram, üzüm üzünüzə alışıb.

      Usta İbiş başladı məzələnməyə:

  -   Nədir, div qurbağaya vurulan kimi sən də bizim ölkəyə vurulmusan? Ya

orda pivə tapılmır?

      Ərəb qıvrım başını sığallayıb, boynuna aldı:

–    Keçən yay getmişdim vətənə. Atam buraxmırdı, amma bir-iki gündən son-

ra elə darıxdım ki, onlardan izinsiz qayıtdım. Burda yaxşı işim, pul qazanmağa imkanlarım, yaxşı dolanışığım var. Pivə də ki, öz yerində.

      Əliqulu bir də xahiş etdi:

      -  Sən canın, o zəlzələ söhbətini bir də elə, qoy, dostumuz də eşitsin.

      Söhbətin əvvəlini eşitməmiş ərəb maraqlandı:

       -  Usta, o, nə söhbətdir?             

       Usta İbiş işini görə-görə, özünü naza qoymadan söhbətə başladı. Onsuz da vaxt çox idi. Hələ nə qədər sifarişi yerinə yetirməliydi.        

       -  İş belə oldu. Heç biriniz həmin günü gəlməmişdiniz. Ərəb bağa getmişdi,

səni də işdən harasa göndərmişdilər. Köşkü tez bağladım. Saat on radələrində evə çatdım. Qapının üstündə təbaşirlə şəkil çəkilmişdi. Bu, mənim qonşumun qırışmallarının işi idi. Hər gün qapımı bu cür bəzəyirlər. Mən də dəsmalı çıxardıb təbaşiri sildim, qoydum cibimə, öz açarımla qapını açıb, girdim içəri. Arvad məni görüb, çay-çörək tədarükü ilə məşğul oldu. Oğlum dəhlizdə telefonla danışırdı. Mən birbaşa hamam otağına girdim. Üstümdən rəng iyi gəlirdi. Yaxşı-yaxşı yuyunmasam, özümün-özümdən acığım gəlir. Bir vedrə hazır, ilıq suyu tez-bazar üstümə tökdüm. Qurulanıb, ev paltarını geyindim. Allahdan gizli deyil, sizdən nə gizlədim, mən evdə qısa idman tumanında gəzirəm. Əlbəttə, bu geyimdə bayıra çıxmaq ayıbdır. Amma evdə olar.Televizorun qabağındakı kürsüdə yerimi rahatladım, elə təzəcə çay fincanını əlimə almışdım ki, kürsü dəbərdi. Elə bildim altımda pişik qalıb. Sizə demişəm, axı, bir dənə lap adam dili bilən pişiyimiz var. Birdə görürsən, yorğan-döşəyə girir. Adam onu nagah tapdalamaqdan qorxur. Bir-iki dəfə çığırtısını çıxartmışam. Yorğun adamam, yatanda ölü kimi düşürəm. İndi də elə bildim ki, pişik altımda qalıb. Gördüm çilçıraq da gedir-gəlir, televizor tumbası da hərəkət eləyir. İldırım kimi beynimdən keçdi: Zəlzələdir. Özümü dəhlizə atdım, mətbəxdən çıxan arvadın qolundan tutdum, telefonla danışan oğlumu qoltuğuma vurdum. Qapıdan nə cür çıxdığımı bilmirəm. Pilləkənlərin üstündə oğlum çığırdı ki, dədə, mən uşaq deyiləm, burax, özüm düşüm. Bina titrəyirdi. İki mərtəbəni aşağı düşənə qədər məndə can qalmadı. Həyətə tökülüşmüş camaat həyacanlı idi. Biri uşağını axtarırdı, biri arvadını axtarırdı, biri ərini axtarırdı. Aləm qarışmışdı bir-birinə. Ürəyi getmiş bir gəlini yerdən qaldıran yox idi. Elə yaxın getmək istəyirdim ki, arvadım arxadan qışqırdı: «Ay kişi, qısa tumanla çıxmısan?» Üstümə baxdım, o qədər utandım ki, qaça-qaça zəlzələdən hələ də titrəyən binaya girdim. İndicə qorxub, qaçdığım binaya! Can şirin şeydir, axı, yuxarı qalxıb, şarvarımı geyinməyə qorxurdum, bayıra çıxmağa da utanırdım.

       Bu söhbət əsnasında köşkün qabağında bir xarici maşın dayandı. Usta maşının modelini təyin eləyə bilmədi. Qapılar səssiz açıldı. Bir nəfər yekəpər kişi maşından düşdü. Əlindəki bağlamanı yellədə-yellədə, köşkün qapısını kəsdirdi. Üçü də maraqla qarnı özündən irəlidə gələn kişiyə baxdı. O, arxayın-arxayın salamlaşıb, bağlını ustanın qabağına qoydu:

        -  Usta İbiş, bunları təmir edırsənmi? - soruşdu.  

       Usta İbiş hər işi səliqə ilə görürdü. Dilinə görə dilçəyi də vardı. Səhmana sal-dığı köhnə-külə ayaqqabılar, müştərinin canını bir müddət ayqqabı almaqdan xilas edirdi. Yamağı, tikişi çox səliqə ilə qoyurdu. Buna görə də yaxından, uzaqdan sorağını eşidən adamlar onun yanına gəlirdi. Müştərisi əskik deyildi. İşə yarımayan ayaqqabı gətirən müştərinin, bəzi çəkməçilər kimi, könlünə dəymirdi. Şirin dillə yola salırdı. İndi də bağlını açıb, bir cüt başmağın ora-burasına baxdı.  Bunların hayhayı gedib, vayvayı qalmışdı. Usta İbiş başını buladı:

-   Qardaş, bundan bir şey çıxmaz. Təmir etməyinə edərəm, amma bir günə,

para günə, yenə açılacaq. Havayı işdir.

       Çoxu çəkməçi İbişin məsləhətlərinə dayanardı. Amma yekəpər kişi  onun dediyini qəbul eləmədi, qımışıb yekə-yekə dedi:

-   Ay usta, sənin nə borcuna. Sən yamağını vur, pulunu al. Açılacaq, açılma-

yacaq, özüm bilərəm.

Usta İbişi  söz tutdu, amma müştərini acılamadı:

-  Qardaş, mən hər pulu yeyənə oxşayıram? - dedi. - Mənim elə zəhmətim-

dən çox, sənin puluna hayfım gəlir.

       Köntöy müştəri üzə durdu:

       -   Puluma belə heyfin gəlirsə, neynək, pulsuz elə.

       Usta İbiş dilinin bəlasına düşmüşdü. Amma, sözündən geri çəkilmədi:

-   Pulsuz deyirsən, pulsuz edərəm, - dedi. - Sabah gəlib, götürərsən.

       Köşkün qabağında usta İbiş bir kətil qoymuşdu, üstünə də hazır malları yığardı.  Yekəpər kişi kətili altına çəkib, oturdu:

       -   Usta, bu vacib sifarişdir, - dedi. -  İki qat, üç qat, dörd qat qiymətə də olsa,

gərək, başqa işləri qırağa qoyub,  məni tez yola salasan. Sabahı gözləyə bilmərəm, ayaqyalın  qalmışam …

        Usta İbiş udqundu, deyəsən, mərəkə axtaran müştərinin ayağına baxdı. Onun

ayaqqabıları timsah dərisindən idi, par-par parıldayırdı. Usta mal tanıyan idi. Onların qiymətini yaxşı bilirdı. Nəsə demək istəyən Əliquluya işarə etdi ki, dinməsin. İynəsini, bizini əlinə alıb, dinməz işə başladı. Müştərinin gözünün qabağında ayaqqabıları təmir etdi, uzatdı ona. Müştəri cibindən pul çıxardanda çəkməçi dedi:

-  Yox, qardaş, pul götürməyəcəyəm. Söz danışıqdan keçər. Mən bu işə pul

ala bilmərəm.

       Yekəpər kişi inadla:

       -  Əşi, pulunu götür, -  dedi. - İş görmüsən, haqqını al.

       İbiş mülayim halda dedi:

        -  Gəl, belə eləyək. Apar, bu ayaqqabıları, gey, ayağında bir ay dözsə, gətirib zəhmət haqqımı verərsən. Dözmədi, heç nə lazım deyil, öz zəhmətimi sənə halal edirəm.

       Usta İbişin bu əliaçıqlığından sonra yekəpər kişinin davakar çöhrəsi dəyişildi. Xoş bir təbəssümlə:

       -  Afərin, usta, - dedi. - Elə deyilmişcən varsan. Deyirdilər, inanmırdım. De-

mə tərifə layiq bir kişi imişsən. Səninlə biz dost olacağıq. O başmaqları da at, getsin. Onlar mənim işimə yarıyan deyil. Elə-belə səni sınayırdım. Mənim adım Məmməddir. Dost arası mənə Məmiş desən, incimərəm.

Usta İbiş səhər yeddidən iş başında olardı. Ətəkləri topuğuna qədər sallanan

meşin döşlüyünü əyninə çəkib, köşkün ətafını süpürüb, ağacları sulayardı. İçərinin təmizliyinə bir alayı cür baxardı. Köşkə girən onun səliqəsinə mat qalardı. Qazandığı çörəyi şükranlıqla yeyərdi. Bu kiçik çəkməçi köşkünə yanğın söndürən də gəlirldi, siçan-pişik həkimi də gəlirdi. Hələ mən ticarət departamentini demirəm, hələ mən bələdiyyəni demirəm, daha kimlər gəlmirdi. Ayın axırına kimi o qədər  adam onun qazandığı «şirvan»lara şərik çıxırdı ki, hərdən, özü də bu qədər pulun onun əlinə gəlib-getməsinə heyrət edirdi. Usta hər cür adam görmüşdü, amma birinci dəfə idi ki, beləsinə rast gəlirdi. Bu orijinal təklif ərəbin çox xoşuna gəldi:

       -  Biz dedik, sən davaya gəlmisən, - dedi.

       Əliqulu bir az şübhə ilə gülümsədi:

       -  Əgər, siz dost olsanız, bu tarixi dostluq olacaq.

       O gündən Məmiş köşkə ayaq açdı. Hökm eləməyə alışdığından, Əliqulu ilə

ərəbə arabir buyururdu. Harda işlədiyi məlum deyildi. Amma yaxşı qazandığı göz önündə idi. Hərdən bir aylarla yoxa çıxırdı. Sorağını verən olmurdu. Amma hər gəlişində dostlarını yığıb, restorana aparırdı. Usta İbiş onun çəkdiyi xərcə heç cür razı olmasa da, o bildiyini edirdi. Heç kimi əlini cibinə atmağa qoymazdı:

-  Əşi, sizin qazancınız qəpik-quruşdur. Əliqulu gözünü dikib redaktorun əli-

nə, cibində də həmişə siçanlar oynaşır. Ərəb Hidan da ki, ölkəmizin qonağıdır, onun pul xərcləməyinə heç cür razı olmaram. Usta, qaldın bir sən, bir də mən. De görüm, bu gün nə qazanmısan? Sənin çaldığın hər mıxa bu gün nə qədər pul veriblər?

       Usta İbiş onun ifadəsinin konkretliyinə güldü:

       -   Dostum Məmiş, hər çaldığım mıxa pul versəydilər indi köşkümün divarları da qızıldan idi. Rəhmətliyin oğlu, müştəridən təmir olunan ayaqqabının haqqını ala bilmirəm, nəyi qoyub, nə axtarırsan?  Hamısı nisyədir. Ya çatar, ya batar.

       Məmiş əlini onun kürəyinə vurdu:

       -   Ay yaşa, usta, - dedi. - Elə buna görə də hesabı mən verməliyəm.

       Hələ bu nə idi. Məmiş ad gününü keçirdəndə, lap fantan elədi. Onları dəniz

qırağına dəvət etdi. Subasarda süfrə açdı. İki nəfər kababçı manqal qurub, bişirir-düşürür, onlara qulluq eləyirdi. Ləpələr qonaqların yalın ayaqlarını oxşayırdı. Yemək masası suda qurulmuşdu. Təzə balığın kababından doymaq olmurdu. Dostlar özlərini göyün yeddinci qatında hiss edirdilər. Məmməd içib, dəmlənmiş Əliqulunu qucaqladı:

       -   Ay bifər yazıçı, işlər necədir? - soruşdu.

       Əliqulu içkidən sonra yağ kimi əriyirdi. Dərdləri açıldı:

       -  İş nədir, dostum, acından günorta dururam. Pul yox, uşaqlar böyük, ehtiyac-

dan göz açmıram.

      Məmiş ona ürək-dirək verdi:

       -  Qardaşın ölüb bəyəm? Haçan, nə lazımdır qulluğunda hazıram.

       -  Sağ ol, ay Məmiş, - Əliqulu dua-səna elədi. - Allah səni bizə çox

görməsin. Hərdənbir könlümüzü açırsan.

       Məmiş qürrələndi:

        -   Hələ bu nədir, - dedi. - Mən dostluqda möhkəm adamam. Məxsusi sənin üçün qəzet açacağam, səni də baş redaktor qoyacağam. Bacararsan?

       Əliqulunun gözünə işıq gəldi:

-  Bacararsan da sözdür, lap canını da alaram. İyirmi ildir ki, qələm çalıram.

Gəl, onu da bacarmayım, - dedi.

      Məmiş sağlıq demədən, bir qədəh araq içib:

      -  Lap yaxşı, - dedi.

      Əliqulu hövsələsiz halda:

       -   Bu xeyir işi haçan görürsən?  - soruşdu.  

      Məmiş inamla:

       -  Darıxma, lap bu yaxınlarda, - dedi və onların söhbətinə qulaq asan usta İbi-

şə tərəf çevrildi. - Usta, sənin köşkünü böyütsək necə olar? Yanında bir mağaza da tikək. Sən qorxma, sərəncamını özüm alaram. Mənim əlim böyüklərin ətəyindədir. Onların yanında bir sözüm iki deyil. Hə, necə baxırsan buna?

        Usta İbiş hallansa da, dərrakəsi üstündə idi. Məmişin təklifinə mülayim cavab verdi:

        -  O cındır köşkə heç nə yaraşmaz, özünü incitmə. Mən mağaza-filan işlədə

bilmərəm. Əlilliyimə görə bir köşk yeri veriblər, allah ölənlərini rəhmət eləsin. Verməsəydilər neyləyərdim?

       -  Sən müharibə əlili deyilsən? - Məmiş soruşdu.

       Usta başını tərpətdikdə, Məmiş qayim səslə dedi:

      - Usta, əfəl olma, yenə nəsə qoparda bilərsən. Bəsdir, hər şeyi pulnan satdılar.

Bir ərizə yaz, ver mənə, şəhərin başçısına çatdırım. Sabah onunla görüşüm var.

       Usta İbiş onun könlünə dəyməmək üçün yalançı bir razılıqla başını tərpətdi. Badə arxasındı deyilmiş heç bir sözə inamı yox idi.

        Bir müddət idi ki, Məmiş görünmürdü.  Usta İbiş Məmişin kiçik qızını köşkün qabağından keçən gördü. Soruşdu:

-  Bala, Məmiş hardadır?

Uşaq elə Məmiş kimi yekə-yekə:

–    Mənim atam Məmiş deyil Məmməddir. Həm də sənin tay-tuşun deyil, -

dedi və ustanın yağdan, rəngdən qaralmış əllərinə istehza ilə baxdı, keçib, getdi.

       Usta uşağın bu cavabına heyrət etdi.

       Əliqulu bir dəfə üçlükdə olanda dedi:

       -   Əşi, bu Məmiş yəqin, pul kəsəndir. Onun cibindən əskinas əskik olmur,

gəlsə idi bir gedib, başımızı açardıq, bir doyunca vurardıq.

Usta İbiş gülümsədi:

-  Zalım, yaman sirr saxlayandır, işlədiyi yeri bizdən gizlədir, - dedi. - Hələ,

adını da dost deyir.

Ərəb həmişə əlinin altında olan pivədən bir qurtum aldı, başını buladı:

-  Ay usta, sənin heç nədən xəbərin yoxdur. Sən elə  bilirsən, o səninlə dost

olmaq üçün bura gəlib?

İkisi də təəccübləndi:

-  Bə, niyə gəlmişdi ki?

Ərəb əlini yellətdi:

-   O, bura mənimlə tanış olmağa gəlmişdi, - dedi. - Mənim biznesim onu ma-

raqlandırırdı.

Usta İbişlə Əliqulu heç vaxt ərəb Hidanın nə işlə məşğul olduğunu soruşmaz-

dılar. O da işindən-gücündən söhbət eləməzdi. Usta İbiş maraqlandı:

-  Sənin biznesin nə böyük şeydir ki, Məmiş kimi bir varlı-hallı adam onunla

maraqlansın?

Ərəb onun  sualını qulaq ardına vurdu, sözünü davam etdi:

-  O günü Məmiş yanıma gəlmişdi. Dedi ki, məni özünə şərik götürsən, xeyli

pul qazanarasan. Soruşdum ki, necə?. Dedi ki, bütün vəzifəli adamlar mənim tanışımdır: Sifariş ala bilərəm, kredit götürə bilərəm. Bundan həm sən qazanarsan, həm də mən…

-  Bəs, sən nə dedin? - Əliqulu heyrətlə soruşdu. - Razı oldun?

Ərəb əyri-əyri güldü:

-  Axmağam bəyəm? Məmiş heç kimdir. Buyruq quludur. Özünü dartmağına

baxma. Usta İbişin biznesi onun gördüyü işdən daha böyük işdir. Həm də öz ka- nallarımla yoxlamışam, onu işdən çıxardıblar.

       Usta İbiş soruşdu:

       -  Bilmədin nə üstə?

       -  Nə üstə olacaq? Yəqin, şirkətin sahibinə atıb. Görmürdün, neçə vaxtdır pu-

lu sola-sağa xərcləyirdi? Ev təmir elətdirir, maşın alır, timsah dərisindən ayaqqabı geyinir. Daha nələr eləmirdi.

Əliqulu onun sözünə qüvvət verdi:

-  Lap elədir ki, - dedi. - Zalım, savadlı adamlar kimi, cibində qızıl Parker qə-

ləm gəzdirirdi.

Onun bu qeydi hamını güldürdü. Doğrudan da Məmiş çox bisavad adam idi.

Puldan başqa onu heç nə maraqlandırmırdı. Usta İbiş fikrə getdi, yuxarı qaldırdığı çəkic havada asılı qaldı. Əliqulu şübhə ilə soruşdu:

       -  Usta, deyəsən, sən dostlarından nəsə gizlədirsən?

Usta İbiş utana-utana dedi:

-  Allahdan gizli deyil, sizdən nə gizlədim. Demək istəmirdim, indi söz  dü-

şüb, deyirəm. Məmiş bir-iki ay bundan qabaq məndən pul istədi. Dedi ki, bankdan pul çıxara bilmirəm, yüz «şirvan» mənə borc ver, bir-iki günə qaytaracağam.  Zalım, elə bil əli ilə qoymuşdu. Qırtıb-qırtıb dala, bir yüz «şirvan» atmışdım. Basaratım bağlandı, gətirib, verdim ona. İndi  üstündən üç ay keçib, Məmiş də neçə vaxtdır gözə dəymir. Fikir məni götürüb.

       Əliqulu məkrli bir şadlıqla:

       -  Batdı sənin pulların, usta. Deyəsən, bir də üzünü görməyəcəksən, - dedi.    

       Bu yerdə ərəb ürəkdən güldü:

-   Usta İbiş, çox da özünə dərd eləmə, - dedi. - O  nə puldur ki?  Dostumuz

Məmiş məndən beş yüz «şirvan» borc götürüb. Neçə vaxtdır mən də onu axtarıram. Ordan-burdan iyləyib-çüyləmişəm,  demə çox adama atıb. Daha sizə demirdim ki, elə bilərsiz qeybət qırıram.  Dostluqda bu yaxşı şey deyil.

       Onlar Məmişin yolunu çox gözlədilər. Ondan bir xəbər çıxmadı. Bir gün eşit-

dilər ki, Məmiş evini satıb, köçüb, gedib. Əliqulu demişkən, bu tarixi dostluq belə bitdi.

 

 

                                                                                         2002-ci il.

 
Yamaq

 

       Satirik yazıçı Həşim Güllü və şair Zahid Yolçu qəlyanaltıdan qolboyun çıxanda onlardan yüngül spirt iyi gəlirdi. Şairin dərəcəsi bir az artıq düşdüyündən dili boğaza qoymurdu:

       -  …dostum, bir belə rəzil personaj hardandır sənin üçün? Bir belə yaltağı, bir

belə kütü, nacinsi hardan tapırsan? Səncə ədəbiyyat budur? Boşla canım, sənin yazdığın həyat niyə olur? Olsa, olsa həyata bir yamaqdır… Ədəbiyyat insanı saflığa, igidliyə səsləməlidir…

       Həşim Güllü şairin alov çıxan yekə ağzına istehza ilə baxdı. Nəsə deyəcəkdi ki, yoldan ötən bir kişi onu qamarladı:

   -  Xoş gördük, Həşim müəllim! Köhnə dostlarını yad eləmirsən daha!Şöhrətə

çatdın, bizi unutdun! - dedi.

      Onu sıxcalayan bu şaqqalı kişinin qucağından zorla çıxan Həşim Güllü ufultu ilə deyindi:

–    Şəmi, allah evini tiksin, məndə qol-qabırğa qoymadın ki! Beş-on manat ta-

pıb, maya qoymuşdum üstümə, haram elədin…, - dedi və şairə tərəf çevrildi. - Şəmilə bir yerdə işləmişik. Keçən il ədəbi gecəyə getdiyimiz zavod yadındadır da?

  Şəmi şairə danışmağa macal vermədi:

–    Həşim müəllim, düz bir ildir bizim tərəflərə gəlmirsən, bizi unutmusan.

Söz vermişdin: - «Şəmi, sənin haqqında hekayə yazacağam, səni məşhur edəcəyəm.» Hanı, bəs? Gözümüzün kökü saraldı ki.

  Şəmi hündürboy, yaraşıqlı bir kişi idi. Aktyor Rasim Balayevə oxşayırdı. Hazır

kino-modeldi, batıb gedirdi. Zahid Yolçu Şəmini yada sala bilmədi, amma ürək yanğısı ilə dedi:

 -  Şəmi, qardaş, özünə yazığın gəlsin! Sən bu Həşim müəllimdən uzaq qaç!

O, sənin haqqında yazsa, dost-aşnanı demirəm, heç doğma anan da səni kandardan içəri qoymayacaq…

  Şəmi inadla dedi:

   -  Nə yazsa, mənə xoşdur! Təki yazı olsun!

  Həşim Güllü bu sədaqətdən riqqətə gəldi:

  -   Sağ ol, Şəmi, sağ ol! Amma, şair, vallah, düz deyir! - dedi. - Bir də qəzetə-

kitaba düşmək nəyinə gərəkdir.

  Şəmi hırıldadı:

   -  Qardaş, anası ölmüş Şəmi adam deyil? Qəzetlər məndən başqa hamıdan ya-

zır... Qohum-qardaşını dağ başına çıxaran kim, rəislərini pir edən kim… Sən Şəmidən bir-iki yazı yaz, gör analar necə oğul doğub… Ümüd yerim sənsən, Həşim müəllim!

       Şəminin mühakimələri Həşimi heyrətləndirdi:

   -  Yaxşı dedin, dostum, amma başa düş, mənimki satiradır, yumordur. Bu tövr

yazılar sənin işinə yarımaz. Gəl, sən bundan vaz keç!

   Şəmi yoldan ötənlərə fikir vermədən öküz kimi böyürdü:

   - Qəbulumdur, Həşim müəllim, qəbulumdur. Mən…, - dedi və birdən sözünü

yarımçıq qoydu, qarşıdan gələn bir kişinin üstünə cumdu, yüz ilin həsrətlisi kimi onu qucaqladı: - Ay səni xoş gördük, İlham müəllim! Kef-hal? Evdə-eşikdə? Can-baş? O günü oğlunuzla rastlaşdıq. Maşallah, yekə kişi olub. Boyda-buxunda lap sizə oxşayır… İlham müəllim, qardaşına bir gün ağlayaydın da! Lap əldən düşmüşəm…

       Kişi təbəssümlə əlini Şəminin kürəyinə vurdu, sonra onu yolundan kənarlaşdırdı, gedə-gedə dedi:

   -   Gələn həftə yanıma gələrsən! Yoluna qoyarıq… - və tələsmədən aralandı.

  Şəmi üzündə xoşbəxt bir təbəssümlə, həmsöhbətlərinə tərəf döndü:

   -  Bizim köhnə şöbə rəisidir… Bah, yaman həşəratdır. Bir vaxtlar məni

gözümçıxdıya salmışdı! Deyirdi, şöbədən getməlisən. Getdim yanına, yalvardım-yaxardım, sözündən dönmədiki, dönmədi. Adam saldırdım üstünə, razı olmadı. Məni işdən çıxartdı. Sonralar aramız düzəldi…

   Şair lağla:

  -  Elə bildik yüz ilin dostusunuz! - dedi və başını buladı. - Sənə pislik edənlə

belə mehribanlıq?! Ay, səni, Şəmi…

   Şəmi gözünü döydü:

–    Pislik deyəndə ki, şöbə rəisi, ya İlham müəllim olmalı idi, ya da mən. Baş-

ladım ona badalaq vurmağa. Bir-iki yerdə nalını qoydum oda, amma hərifə bata bilmədim. O da vəzifəyə keçən kimi dalımdan dəydi. Bu gün-sabah direktorumuz olacaq. Lap səhih yerdən xəbər tutmuşam. Kişinin karlı dayısı var da! Məni də bir çörəkli yerə dürtsəydi, işim olardı çim yağ…

      Üçü də susdu. Şəmi gələcək direktorunun keçdiyi tərəfə baxdı, birdən tələsdi:

  -  Daha məni bağışlayın, işim var, - dedi. - Həşim müəllim, sən allah, mənim

haqqımda təsirli bir şey yaz! Vallah, xəcalətindən çıxacağam…

  Şəminin adamlara qarışmağı ilə gözdən itməyi bir oldu.

  Həşim Güllü gülə-gülə şairi qucaqladı:

  -  İndi buna nə deyirsən, dostum…? Bu əhvalat da həyat deyil? Deyirsən, Şə-

mini igidliyə səsləməklə, o, igid olacaq? Yox, dostum, həyat elə yamaq içindədir. Sən də ilham pərisinin qanadlarından yerə ensən, gözünü yaxşı-yaxşı silsən, bu alabəzək, rəngbərəng yamaqları görərsən…

      Ya qəlyanaltının havası keçmişdi, ya payızın soyuğu təsir etmişdi, məlum deyildir, amma içəndən-içənə ürəyi açılan şairdən daha səs çıxmadı.

 

 

                                                                                                       1998-ci il.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Şura həsrəti

 

      Kiçik baqqal dükanının şəriksiz sahibi İsminin ah-naləsi satıcı Gülnisəni mat qoydu. Müfəttişi yola salandan küncdəki dəftərxana dəftəri boyda masanın dalında büzüşüb oturmuş müdir çal başını qaldırmadan deyirdi:

  - ... hanı Şura hökuməti? Hanı cəmi əlsiz-ayaqsızların pasibanı? Oturub indi

mühəndisliyimi edirdim, maaşımı alırdım, üç balamı bəy balası kimi dolandırırdım… Axx! Günümə bax! Haçan canımız bu bəladan qurtulacaq, Allah! Axx! Allahın var günü, on dörd saat ayaq döyəsən, yükləyəsən, boşaldasan, alasan, satasan…, pul cibinə girməmiş, qapıdan girən hər qoltuğu papkalı dılğır, tuta əlindən ala! Belə də dərd olar…?!

     Dükan tikiləndən İsmi kişi ilə işləyən Gülnisə arvad onu belə təbdən çıxan  

görməmişdi. Bu yarımyaş, astagəl kişi səbirli idi. Sovet ticarətində bişmiş Gülnisə üçün belə xırda dükanda işləmək çətin deyildi. Alver o vaxtlar da başıqapazlı idi. Amma, indi, gedib-gələnlərin sayı üzü-üzlər görmüş Gülnisəni də vahiməyə salırdı. İsminin halına ürəyi yandı, vəsməli qaşları çatıldı, çəkinə-çəkinə dedi:

-  İsmi qardaş, dünya malıdır da, özünü üzmə, dözümlü ol! Allah yetirər, yenə qazanarsan…

Özünə gəlmiş İsmi kədərlə gülümsədi:

–    Bacı, məndən dözümlü adam çətin tapılar! Amma, daha dözə bilmirəm. Bu

on iki metrə yeri mənə satanın qolu qələm olaydı! Sağ verməyəydi! Alver yox, pul yox, istəyən çox! Gələn deyir: «Ver!» Ayı bağlamaq olmur… Elektrik gələcək, yanğınsöndürən gələcək, həkim gələcək, üç növbə polis gələcək,… Axx! Bilmədik Şura hökumətinin qədrini, bilmədik… Fuu! Bacı, bu toz hardan gəlir?

  Gülnisə arvad qapıdan boylandı:

–    Ədil kişidir, - dedi. - Boynu sınmışın küçə süpürməyinə bax da! Düz bir saat

bizi toza tutacaq. Çox tərs adamdır. Söz eşitmir, harda dükan görür, zir-zibili aparır kürüyür qabağına. Onun da umacağı var.

İsmi inamsız güldü:

–    Deyəsən, başın xarab olur, axı! - dedi. - Süpürgəçinin məndən nə umacağı?

Gülnisənin cavabını gözləmədən bayıra çıxdı, süpürgəçiyə müraciət etdi:

–    Ağsaqqal, belə küçə süpürməzlər…Öhö! Öhö!

    Ədil kişi çalğını şövqlə yellədirdi. Səsə çevrildi, asqıran İsmiyə qart səslə güldü:

–    Qadan alım, bəs, necə süpürərlər?

İsmi hövsələ ilə:

–    Tozu deyirəm, - dedi. - Aləmi başına götürdü.

Süpürgəçi bir də şaqqıltı ilə güldü:

–    Süpürməyin təzə üsulu tapılıb, deyirsən? - soruşdu. - Verim çalğını əlinə,

toz qaldırmadan süpürməyi öyrət mənə!

İsminin əsəbləri gərildi:

–    Nə höcət adamsan! - dedi. - Ya adam kimi işini gör, ya da çıx get…

Ədil kişi ona çəp-çəp baxdı. Sarı rəngli döşlüyünün cibindən bir siqaret çıxar-

dıb odladı. Tüstünü İsmiyə tərəf üfürdü:

–    Sən get öz  on iki kvadratlıq dükanında hökm elə! - dedi. - Elə ki, küçəni

özəlləşdirdin, onda mənə əmr edə bilərsən.

İsmi bu çəlimsiz kişinin dilavərliyindən çaşdı:

–    A kişi, demaqoqluq eləmə.

Ədil kişi boynunu bükdü:

–    Qadan alım, nə edim, ehtiyac məcbur edir.

İsmi qeyzlə:

–    İndi sənin ehtiyacını görə biz məhv olmalıyıq, - soruşdu.

Ədil kişi burnunu çəkdi:

–    Allah eləməsin, - dedi. -  Mən vəzifəmi yerinə yetirirəm. Qırağa dur, üst

başın batar.

İsmi bir addım qabağa atdı, onun qolundan tutdu:

–    Qardaş,…

Ədil kişini elə bil ilan sancdı, geri sıçradı, hirslə dedi:

–    Toxunma, mənə! Sənin kimi istismarçıdan mənə qardaş olmaz. Mən bir fəh-

lə babayam, itirəcək bir şeyim yox! Deyirlər: - « Zibil daşı.» Daşıyıram. Deyirlər: - « Get, küçəni süpür.» Süpürürəm. Rəis bu küçəni mənə həvalə edib. Deyib: « - Ədil kişi, küçənin eni də, uzunu da sənin ixtiyarındadır. Maaş yoxdur, get, dolan.» Belə baxanda, mən hökumət qulluqçusuyam. Daha sənin kimi istismarçı deyiləm. Olaydı indi Şura hökuməti, göstərərdim sənə. Salardım səni də, dükanını da çalğının qabağını…. Bax, bax belə! Bax, bax belə!

 Özündən çıxmış süpürgəçi məşhur əmək alətini ildırım kimi işlədirdi. Toz  bu-

rum-burum göyə dikəlirdi. Döyükə-döyükə qalmış İsmini Gülnisə kənara çəkdi:

–    İsmi qardaş, Ədil kişiyə həftədə iki «məmməd» verməsən, hər gün bu

hoqqanı çıxardacaq. Səndən başqa hamı verir.

İsmi təəccüblə:

–    Ona da pul? - soruşdu.

Gülnisə başını tərpətdi:

–    Əşi, verdiklərinin müqabilində iki «məmməd» nə puldur, ay İsmi qardaş?

…Vay-vay, toz malları kor qoydu… - dedi və süpürgəçiyə acıqlandı. - Ədil kişi, əl saxla görüm.

Ədil kişi dərhal dayandı, üzünü o yana tutub bir siqaret də odladı. İsmi ah çəkdi:

–    Bacı, deyəsən, dünyanın axırıdır, axı, - dedi. - Bir süpürgəçi qalmışdı dükan-

dan haqq aparmasın…. Ay Şura hökuməti…

Gülnisə arvad ürəkdən güldü:

-  Ədil kişi, elə arzuladığın Şura hökumətinin nümayəndəsidir. Heç şikayətlən-

mə. Haa! Haa!

İsmini bu istehza tərk-silah elədi, və o, əlini cibinə atdı.

Bir azdan Ədil kişinin dua-sənası göylərə ucaldı. İçəri keçmiş İsminin dalınca

deyirdi:

–    Allah bu dükanı sənə çox görməsin, qardaş! Allah ruzini əskik etməsin,

qardaş! Allah başından töksün, qardaş! Allah səni mərdimazardan qorusun!…

 

 

                                                                                        1998-ci il.

 

 

 
 
Vaxtsız qonaq

 

       Çox hörmətli ədib Əliş Əlişoğlu gecə yarısı döyülmüş qapıya ehtiyatla çıxdı. « - Görəsən, bu çağırılmamış qonaq kimdir?» fikirləşdi.  Şələ bığlarının tükləri gərildi. Amma, dostu şair Nəsir Neyi görüb xofu keçdi. Ağzını açmaq istəyirdi ki, çağrılmamış qonaq barmağını dodaqlarına apardı, salamsız-kəlamsız, pıçıltı ilə:

       -    Evdə kim var? - soruşdu.

  Əlişoğlu onun əyilmiş şümal üzünə nəzər saldı, eyni pıçıltı ilə dedi:

   -   Özümüzünkülərdir.

   Nəsir Ney astadan mızıldandı:

    -   Əyninə bir şey gey, düş aşağı. Heç kimə də gəlişimi demə. Bağda səni

gözləyirəm, - dedi və cavab gözləmədən pişik kimi səssiz addımlarla aşağı düşdü.

        Ə.Əlişoğlu  matı-qutu qurumuş halda içəri girdi, arvadının sorğu-sualına cavab vermədən, idman gödəkçəsini əyninə keçirdib, “işim  var” deyib, evdən çıxdı.

        Nəsir Ney bir il idi ki, görünmürdü. Axırıncı dəfə təzə çıxmış kitabı ilə gəlmişdi. Üstünü yazıb, Əlişoğluna bağışladı. Hələ zarafat da elədi: «- Bu kitabı  başının üstündən as, sənə uğur gətirəcək.» Əlişoğlu şaqqıldayıb güldü, Nəsir Ney qızğın halda: «- Gülmə, dostum, həqiqi sözümdür. Gör, qaqaşın nələr yaradıb.» - dedi. Əlişoğlu bir də şaqqıldayanda Nəsir Ney özündən çıxmışdı:

 «- Sən millətə şəbədə qoşmağı tərgit, dostum. Lağlağıdan ədəbiyyat çıxmaz.» Əlişoğlu ciddiləşdi, onu təbrik etdi, söz verdi ki, kitab haqqında öz qeydlərini qəzetlərin birində dərc etdirəcək.

        Amma sözünə xilaf çıxmışdı. Düzü, şerlər onu açmamışdı. Nəsir Ney, bəlkə də, elə bu səbəbdən tez-tez gəldiyi evdən ayağını çəkmişdi.  

        Çoxmərtəbəli binaların arasındakı bağçada ins-cins yox idi. Nəsir Ney də gözə dəymirdi. Əlişoğlu boylana-boylana qaldı. Payız gecəsinin sərinliyi hadisənin vahiməsi ilə canına doldu. Qəflətən onu qamarlayıb ağacların altına çəkdilər. Əlişoğlunun az qala, ürəyi düşsün. Bu, onun dostu N.Ney idi. Əlişoğlunun dili, bir ara, söz tutmadı, haçandan-haçana astadan:

    -   Ay allah evini tiksin, sən məni çildaqlıq elədin ki! - dedi. - Bu nə hənga-

mədir çıxardırsan?

    Nəsir kötüyün üstündə yerini rahatlayıb:

    -  Daha arxayın danışa bilərsən, - dedi. -  Ətrafı yoxlamışam, bizi izləyən

yoxdur.

    Əlişoğlu qorxu qarışıq bir qeyzlə çımxırdı:

   -  Gicdəmə, ay dost, biz kimə lazımıq ki, bizi güdsünlər! -  dedi. -  Bəyəm,

iş adamıyıq, ya siyasətçiyik? Yazıçı babayıq, bizi arayıb, axtaran kimdir ki?

   Nəsir onun vahiməyə düşməyindən ləzzət aldı:

   -  Səni bilmirəm, məni xeyli müddətdir izləyirlər,  - dedi. - İndi sənə bir sirr

açacağam, amma, söz gərək, aramızda qalsın.

     Əlişoğlu acıqdan bığlarını didişdiri:

 -   Ay rəhmətliyin oğlu, sözünü telefonla deyəydin də, nə düşmüşdü gecənin

bu vaxtı məni isti evimdən eləmisən? Bu soyuqda bağda nə işimiz?

      Nəsir ah çəksə də, amma gizli bir qürurla dedi:

  -  Mümkün deyil. Mənim telefonuma qulaq asırlar. Sənə zəng eləsəm, sənin

telefonunu da nəzarətə götürəcəklər.

  Əlişoğlu heyrətlə:

  -  Hardan bildin ki, qulaq asırlar?

  Nəsir Ney gərnəşdi:

  -  Uzun söhbətdir. Bircə onu deyə bilərəm ki, mən dəstəyi əlimə alan kimi,

xəttə bir çıqqıltı eşidilir, elə bir nəsə qoşulur. Hətta bir dəfə biri o birinə deyirdi ki: “Bu dılğır haçan dinc oturacaq”.

   -   Neyləmisən, axı, sən?

   -  Özüm də bilmirəm, - Nəsir Ney çiyinlərini çəkdi. - Deyirəm, bəlkə, kitabı-

ma görədir.

  Əlişoğlu istehza ilə:

–    Kiri, - dedi. - On beş varaqlıq bir şer kitabı nəmənədir ki, ona görə adamı

güdsünlər? İnanmıram.

      Şair birdən hirsləndi:

  -  İnanmırsan? - dedi. - Bəs, məni niyə işdən çıxardıblar?

  -  Haçan səni işdən çıxardıblar?

  -  Üç-dörd ay olar.

      -   Bəs,  gəlib, deyəydin də. Səni ora mən calaşdırmışam. Yenə kömək edər-

dim.

  Nəsir Ney tərəddüdlə:

   -   Nə bilim, - dedi. - Fikirləşdim ki, yəqin, səhv ediblər, təzədən qaytaracaq-

lar yerimə. Amma qaytarmadılar. İndi bekar gəzirəm.

       Əlişoğlu diqqətlə ona baxdı:

   -  Elə səbəbsiz-filansız çıxartdılar? - soruşdu.

   Nəsir Ney nagüman halda:

   -  Hamısı kitabdan sonra başladı, - dedi.

  Əlişoğlu yenə istehza ilə:

  -  Dostum, ay toxuyursan özündən ha? - dedi. - Sənin kitabında nə görüblər,

axı?

      Şair inadla təkrar etdi:

  -  Bilmirəm, - dedi. - Bəlkə, kitabı əlimdən almaq istəyirlər.

  Əlişoğlunun kefi kökəldi, gülməkdən qarnını tutdu:

  -  Ay sənin canın yansın, - dedi, - gecənin bu vaxtı gülməkdən öldürdün ki.

  Nəsir Ney kədərlə dedi:

  -  Mənimsə gülməyə halım yoxdur, dostum. İki ay olar, arvadımı da işdən çı-

xardıblar.

  Küçə lampalarının zəif  işığı çılpaq budaqların arasından Nəsirin üzünə düş-

müşdü. Onun mükəddər görkəmi Əlişoğlunu çaşdırdı. Çəkinə-çəkinə dilləndi:

  -  Nə danışırsan? Səkkiz “şirvan” lıq maaşa baxan müəlliməni işdən çıxar-

darlar?

  -  İndi ki, çıxardıblar.

  -   Elə səbəbsiz-filansız?

  -  Direktor on beş il təcrübəsi olan müəlliməyə deyib ki, sən ixtisasını zəif

bilirsən.

      Əlişoğlunun qıçları yer tutmadı. Ağacın altındakı daşın üstünə çökdü. Heyrətlə:

   -   Nə danışırsan? - dedi. - Onu da sənin kitabına görə çıxardıblar?

   Nəsir Ney onu eşitmirmiş kimi, eyni kədərlə dedi:

   -   İndi növbə uşaqlarımındır. Böyüyünün üç kəsiri var. Sabah dördüncü

imtahandır, bundan da kəsilsə, ali məktəbdən çıxardacaqlar.

   Əlişoğlu heyrətlə:

–    Əşi, o ki, orta məktəbdə də əlaçı idi, ali məktəbdə də yaxşı oxuyurdu.

İndi birdən-birə nə oldu?

       Nəsir Ney:

   -  Qardaş, bilmirəm, - dedi. - Deyiblər, dədənə yazmağı tərgidəcəyik.

      Əlişoğlu onun kitabını oxumuşdu. Yaddaşına güc elədi, amma orda elə bir şey yox idi ki, ona görə adamı asıb-kəssinlər. Həyacanlı olduğundan açıq danışdı:

  -  Vallah, mən sənin şerlərini canımı dişimə tutub oxumuşam, orda bir

cinayət tərkibi yoxdu, axı?

      Nəsir Ney  gülməli hekayələri ilə tanınan Əlişoğlunun sözündən incimədi. Bilirdi ki, onun müasir poeziya ilə arası yoxdur, aşıq şerlərinin həvəskarıdır. Saatlarla əzbər deyərdi. Nəsir Ney soyuqdan büzüşdü:

  -  Sənə elə gəlir, - dedi. - Bu həngəmədən məlum olur ki, mənim kitabım

çox dəyərli kitabdır.

  Əlişoğlu onunla mübahisə eləmədi. Soyuq onu da tutmuşdu. Ayağa durdu:

–    Yaxşı dağılışaq evimizə. Sabah bir şey fikirləşərik. Soyuq kələyimi kəs-

di, - dedi.

  Nəsir Ney yerindən tərpənmədi.

  -  Evə gedə bilmərəm. Binamızın o tinində də bir maşın dayanıb, bu tinində

də. Məni gözləyirlər.

       Əlişoğlu şübhə ilə:

   -  Qulaq as, dostum, sən nəyisə gizlədirsən. Nə hoqqa çıxartmısan ki, səninlə

belə rəftar edirlər? İzləyirlər, güdürlər, işdən çıxrdırlar… Deyirsən, bunlar hamısı kitaba görədir?

   -   Başqa nə ola bilər? Məni tanımırsan? - Nəsir Ney ondan incidi. - Adam

öldürməmişəm, bir kişinin toyuğuna “kiş” deməmişəm. Müxalifətdə deyiləm. Qəzetdə işləmirəm, jurnalda çalışmıram. Kəsibkarlığımı edirdim.

  -    İndi nə təhər olsun? Küçədə qalacaqsan? - Əlişoğlu təəccübləndi.

  Nəsir Ney ağlar səslə dedi:

  -  Əlacım nədir? Getsəm, tutub, soxarlar qoduqluğa. Türmədən yaman qorxu-

ram, qardaş. Deyirlər, orda adamın başına oyun açırlar.

      Əlişoğlu canına dolmuş qorxudan özü də bezikdi. Onun qolundan tutub, dedi:

 -  Gedəcəyik bizə. Mən dostumu çöldə qoya bilmərəm.

 Nəsir Ney ayağını dirədi:

  -  Olmaz, başına bəla açacaqsan.

  Əlişoğlu inadla:

   -  Sənin işin deyil, - dedi. - Gecəni səhər edək, sabah bir nəfər var, ona deyə-

rəm. O, hər şeyi sahmana salacaq.

       Nəsir Ney inamsız halda:

   -   O, adam kimdir? - soruşdu. - Harda işləyir?  

   Əlişoğlu güldü:

–    Sənin nə borcun, harda işləyir, - dedi və barmağını qaldırdı. - Yeri yaxşı-

dır. Elə bir şey yoxdur ki, onun xəbəri olmasın.

  Əlişoğlu Nəsir Neyi yarıxoş, yarızor çəkib, özü ilə evə apardı. Evin xanımı

oyaq idi, uşaqlar yatmışdı. Əlişoğlu şairi mətbəxə itələdi, arvadına dedi:

  -   Buna bir isti çay ver, xörək qızdır. Yazıq əldən gedir. Mən bir zəng elə-

yim.  

  Nəsir Ney daha müqavimət göstərmədi. Ayağını soyunmadan mətbəxə keçdi,

evin xanımı həmişə deyib-gülən şairin halına mat qalmışdı:

   -   Bu nə gündür düşmüsən, ay Vəliqulu qardaş?

  Nəsir Ney Vəliqulu Vəliquluyevin şairlik təxəllüsü idi. Öz əsl adından zəhləsi

gedirdi. Həmişə valideynlərinin dalınca deyinirdi ki, rəhmətliklər, bir fərli ad tapıb qoya bilməyiblər, bu adla hara çıxmaq olar? Adamı hoydu-hoyduya götürürlər. Şerlərini təxəllüslə dərc elətdirirdi.

  Nəsir Ney öz otağına keçən Əlişoğlunun dalınca ümüdlə baxıb, ev sahibəsinə

 cavab verdi:

  -   Hə, bacı, işim xarabdır.

  -  Uşaqlar necədir? Cəmilə bacı səni gecənin bu vaxtı niyə bayıra buraxıb?

Sən ki, onsuz bir addım atan deyilsən.

   -  Danışmalı deyil, bacı. Gözümə arvad-uşaq görünmür. Başım qaldadır.

  Nəsir Ney çay içə-içə, başına gələnləri ordan-burdan ona danışdı. Evin xanımı

qulaq asdıqca, hər dəfə dizinə vurub, vaysılanırdı. Axşamdan qalan dolmanı az qala gözünə təpən Nəsir Neyə yazığı gəldi. Əlişoğludan bir xəbər çıxmadı. Nəsir Ney narahat halda tikəsini yarımçıq qoydu:

   -  Bacı, kişi hara yoxa çıxdı?

  Əlişoğlu mətbəxin qapısında göründü:

   -  Ə, burdayam, qorxma, - dedi.

       İntizarla ona baxan Nəsir Neyin halına ürəkdən güldü. Şair uğunub gedən Əlişoğluya qorxa-qorxa baxdı. Ev sahibi özünü daha saxlaya bilmədi:

   -  Ay fərsiz şair, sənin ünvanın necədir?

       Nəsir Ney çaşqın halda:

-  Guya bilmirsən? - dedi. - Sülh küçəsi, 1v, mənzil 100. Neyləyirsən, məktub

yazacaqsan?

  Əlişoğlu gözünün yaşını silə-silə:

  - Vəliqulusan ki, Vəliqulu! Bilirsən, sənin başına nə iş gəlib? - dedi. - Demə,

sülh küçəsi 1 b, mənzil 100-də də bir Vəliqulu yaşayır.

  -  Mən adda bir adam da var? Heç inanmazdım. Doğru deyirsən?

  Əlişoğlu əlini yuxarı qaldırdı:

  -  Ən qəribəsi odur ki, soyadı da elə sənin soyadındır. Adaşın bir xarici şirkət-

də çalışır. Deyəsən, dinc oturmur. Nəyisə, uzun sözün qısası, iqtisadi çapqınla məşğuldur. Onun dalınca düşüblər, amma ünvanı səhv salıblar. Səninlə heç kimin işi yoxdur. Yaşa özünçün.

   Nəsir Ney dərindən nəfəs aldı. Tez soruşdu:

  -  İşimə qaytaracaqlar?

  -  Əlbəttə.

  -  Arvadı da işə bərpa edəcəklər?

  Əlişoğlu kəmhövsələ halda dedi:

  -  Əlbəttə. Başa düş, səhv olub. Kimin ağlına gələrdi ki, Vəliqulu Vəliquluyev

adında bir adam səninlə bir küçədə, qonşu evdə yaşayacaq. Zəng elədiyim adam çox pərt oldu. Dedi ki, şairdən üzr istə, qoy şerlərini  yazsın.

   Nəsir Ney güdülmədiyini biləndən sonra rəngi üstünə gəldi. Amma içində bir

 boşluq duydu. Əlişoğlu onun halına lağ elədi.

  -  Sənə deyirdim, axı, ay dost, biz heç kimə lazım deyilik. Bizim fərsiz yazıla-

rımıza görə, bizə güdükçü qoymazlar.

      Evin xanımı təbəssümünü gizlətmək üçün üzünü yana tutdu. Çağrılmamış qonaq başını aşağı saldı.

           

 

                                                                                     2002-ci il.
Qohumların əsiri

 

       Əliməmməd özü yetimçilik çəkdiyindən çox arzulayırdı ki, ailəsi qohum-əqrabalı olsun. Arzusuna da çatdı. Amma, uzun illərin təcrübəsindən əldə etdiyi nəticə ürək oxşayan deyildi. Demə, kişinin bəxti arvad aldığı tərəfin köksüzlüyündə imiş. Amma, bunu anlayanda gec idi, iş işdən keçmişdi. Nə böyük dərd imiş, Allah, bir sürü qaynın, bir sürü bacanağın ola. Hər biri də gözünü dikə sənin əlinə!

       Əliməmməd hərdən baş götürüb, bu şəhərdən ilim-ilim itmək istəyirdi, amma üzüyumşaqlığından tərpənə bilmirdi. Üç qaynının, dörd bacanağının əlindən hara qaçacaqdır ki? O üz ki onlarda vardı, lap qəbrə də girsə, gəlib tapacaqlar.

      Nə qədər ki, yetimin  bir əli, bir başı idi, onu sayan yox idi. Qulağı eşidə-eşidə qeybətini qırır, lağ edir, şəbədə qoşurdular:

 -  Deyirəm, Gülzar kimi qız , gör, kimə qismət oldu. Bir yetim  hoqqara! Da-

ğılasan, dünya!

 Gülzar isə ərindən çox razı idi. Əqraba arasında heç vaxt onu ayağa verməz-

di. Xoşxasiyyətdi deyənə, atmaca atana gülə-gülə deyərdi:

 -  Çox da göynən getməyin, bir gün bu yetimin əlinə baxacaqsıınız

      Əliməmməd Şura hökuməti dağılandan sonra, özünü tutmuşdu, alverdə əli gətirmişdi. Axır vaxtlar isə əməlli-başlı qazanırdı. Bədxərc olmadığından, Allah-təala başından tökürdü. Amma, bir əmma vardı ki, pul cibinə girməmiş qohumlardan birinin başına bir qəza gəlirdi. O da ehtiyacı ilə Əliməmmədin qapısını kəsdirirdi. İndi ona lağ eləmirdilər, yetim demirdilər, «- Əliməmməd qədeş, kömək elə.» deyirdilər.   

       Evlənməyinin iyirmi  ili tamam olanda Əliməmməd papağını qoydu qabağına, götür-qoy elədi, özünə söz verdi ki, daha qazandığını ailəsinə xərcləyəcək. «- İyir- mi ildir qohumlarıma uzunqulaqlıq edirəm. Daha bəsdir!» fikirləşdi. « - Bunlar məni minməkdən yorulmadılar.»  

      O, gündüz evdə tapılmadığından qohumlar qapını axşamlar döyürdülər. Dincliyi yox idi. Kiçik bacanağını yola salıb, ev paltarını təzə geyinmişdi. Deyinə-deyinə kürsüdə qərar tutmuşdu:

 - Zalım balası, iki gündən bir qaça-qaça gəlir ki, bəs, borc ver. Elə bil, xəzinə

üstə oturmuşam. İmkanım yoxdur, sözünə də inanmırlar. Elə deyirlər, ver!   

      Gülzar onun deyintisinə gülümsədi:

 -  Əşi, əsəblərinə hayfın gəlmir? Vermə, qurtardı getdi. Nə özündən çıxırsan?

Guya, birinci dəfədir, - dedi.

       Əliməmməd bir hovur dincəlmişdi ki, qapı döyüldü. Gələn kiçik qaynı idi, Əliməmmədin ürəyi düşdü. Üzüyola bacanağı birtəhər əliboş yola salmışdı. Kiçik qaynı isə qır-saqqız idi. İstədiyini almasa, əl çəkən deyildi. Əliməmməd onunla təmənləşəndən sonra mətbəxə qışqırdı:

 -   Ay qız, gəl, gör kim gəlib, - dedi. - Yeməyi bol elə.

       Arvadı sevincək gəldi, qardaşı ilə görüşdü. Kiçik qayın  ayağını soyuna-soyuna elə dəhlizdəcə mətləbə keçdi:

 -  Qədeş, elə bir işə düşmüşəm ki, heç bir qurtum su da boğazımdan keçmir.

Allah zəmanənin üzünü qara eləsin, səni əziyyətə salmaqdan özüm də bezikmişəm. Amma səndən başqa bir ümid yerim yoxdur.    

       Əliməmməd proloqdan bildi ki, işlər şuluqdur. Dərindən ah çəkdi.

       Onlar qonaq otağına keçəndə arvadı mətbəxə tələsdi. Bilirdi ki, qardaşı yeyib-içmək  xəstəsidir. Doyunca yeməsə, süfrədən durmayacaq.

       Əliməmməd mehribanlıq edirdi. Köhnə havalar qaynının başında olduğundan yekə-yekə danışırdı:

 -  Qohum, başıma bir iş gəlib. Lap müsibətdir.

Əliməmməd qızının gətirdiyi çayı onun qabağına səliqə ilə qoydu, amma din-

mədi. Qaynı bir də təkrarladı:

 -  Vallah, mənimki heç gətirmir. Hara əl atıram, qəmbərqulu çıxır.

 Əliməmməd yenə dinmədi. Qənddanı qaynına yaxın qoydu. Qaynı onun  sus-

qunluğundan bir az duruxdu. Fikirli-fikirli fincanı götürüb bir qurtuma boşaltdı. Əliməmməd onun duruxmağından istifadə etdi:

 - Qohum, bu istilər mənə od qoydu, hələ də özümə gələ bilmirəm, - dedi. -

Amma, yavaş-yavaş  sərinlər düşür.

 Kiçik qaynı ərköyünlüklə çımxırdı:

 -  Qədeş, ağzımı boza verirsən ha! Mənim başıma iş gəlib, heç soruşmursan,

başlamısan isti-soyuqdan danışmağa.

 Əliməmməd istehza ilə güldü:

–    Qohum, sənin başına iş gəlməyinə biz alışmışıq. Burda təəccüblü nə var

ki?

       -  Əşi, deyirəm, başıma iş gəlib!

 Kiçik qayın bir də təkrar edəndə Əliməmməd bozardı:

 -  Allah evini tiksin, ancaq bəd xəbərlə gəlirsən, bir xoş gününü görmədik, -

dedi.

 Əliməmmədin tikanlı danışığı kiçik qaynını ayıltdı. Qapıda dayanıb söhbətə

qulaq asan bacısının qırımından bildi ki, vəziyyət dəyişilib. Onun pısı yatdı. Bildi ki, hökümlü danışmaq vaxtları daha keçib. İndi gərək pişim-pişimlə danışasan. Az qala yalvara-yalvara dedi:

- Qohum, qohum-qohuma nə gündə lazım olur. Gəlmişəm yanına əl yetirəsən,

 sən isə ağzımdan vurursan.

      Əliməmməd onun yalvarışından yumşaldı. Səbrlə soruşdu:

 -  Söhbət elə görüm, nə işdir?

–    Bu gün evin divarlarını sökmüşəm, təzədən tikmək istəyirəm. Bu yandan

da mənim üçün iş çıxıb, dam çökdü. Sütunlar dözmədi. Əlimdə olanı xərclədim, pulum qurtarıb. Bir az əlborcu versən, işimi qurtararam. Soyuqlar başlasa mən neyləyərəm?

 Əliməmməd heyrətləndi:

 -  Evi niyə sökürdün ki? Zəlzələ olub?

 -  Əşi, yox. Arvad dedi ki, uşaqlar böyüyüb, evi genişləndir. Mən də sökdüm.

 -  Bəs, pulun yoxdursa, niyə evi sökürdün? Qaça-qaç deyil ki, sənin uşaqların

hələ birinci sinifə gedir. Üç otaq bəs eləmirdi?

 Kiçik qayın sırtıq-sırtıq dedi:

-  Özün üç baş ailə ilə beş otaqlı mənzildə yaşayırsan. Mən dörd uşaqla üç

otaqda qalım?

Əliməmməd ona qəribə nəzərlə baxdı:

-  Olmaz ki, ayağını yorğanına görə uzadasan? - dedi. - Qohum, kəsbkarlığını

elə. Sən pulluların yerişini niyə yeriyirsən?

       Qaynı indiyə qədər belə müqavimət görməmişdi. Əliməmmədə şübhə ilə baxdı.

 -  Qohum, içib eləməmisən ki? - dedi. - Qəribə danışırsan e! Əvvəllər ağzımı

açan kimi  əlini cibinə atırdın, indi adamın üzünə dayanırsan.

Əliməmməd güldü:

–    O vaxtlar keçdi. İndi hərə öz hesabına yaşayacaq. Qohum da olsaq, cibimiz

ayrıdır.

 Kiçik qayın bu sözdən sonra bacısının açdığı süfrəyə həsrətlə baxdı, soruşdu:

 -  Bacı, ərin nə deyir?

 Bacısı Əliməmmədə qahmar çıxdı:

- Amma dediyi ağla batandır, qardaş. Evi sökməmiş adam bir cibinə gənəşər.

 Nə düşmüşdü sənə, çöldə qalmamışdın ki?

 Bu söz kiçik qayını necə tutdusa, o, dik qalxdı, ayaqqabılarını ayağına qaşıqsız

çəkdi,  xudahafizləşmədən qapıdan çıxdı. Arxasıyca örtülən dəmir qapının zərbindən doqquzmərtəbəli bina titrədi. Əliməmməd arvadından soruşdu:

      -  Görəsən, o, bu qapını bir də açacaq?

Arvadı gülümsədi:

-  Hikkəsinə baxma, əlindən bir şey gələn deyil, - dedi. - İki gündən sonra

mum kimi yumşalıb gələcək. Pirimin kəramətini bilirəm.

 Əliməmməd onu xəbərdar elədi:

  -  Bax ha, inciyib eləmə, nə cür danışmışıq elə də eləyirəm.

 Bu işdən sonra qohum arasında xəbər yayıldı ki, Əliməmməd daha heç kimə

kömək eləmir. Gələnin bircə kəlməsi ilə əlini cibinə atan kişi, yüz səksən dərəcə dəyişmişdi. Amma qohumlar da az aşın duzu deyildilər. Pul çəkməyin yeni üsullarını axtarıb, tapırdılar. Əliməmmədin əlinə axan puldan kim tamahını çəkə bilərdi? Onlar belə südlü inəyin təpiyinə dözməyə hazır idilər.

 Kiçik bacanaq heç bir həftə keçməmişdi ki, qapını döydü. Xoş-beşdən sonra

Əliməmməd soruşdu:

–    Ay bacanaq, yenə nə olub?

Bacanaq:

 -  İlişmişəm, qədeş, - dedi. - Bu dəfə həqiqətən başıma iş gəlib.

      Əliməmməd güldü:

- Kişinin başına iş gələr də, - dedi. - Daha, qaşqabağını niyə tökmüsən?

      Bacanaq əlini boğazına apardı:

       -  Mən ölüm, zarafat yeri deyil, - dedi. - Əliməmməd qədeş, işim polisdədir.

 Əliməmməd qohumların felinə alışdığından yenə güldü:

–    Neyləmisən ki? - dedi. - Ay canı yanmış, yenə kimin evini talamısan, ba-

şını yarmısan?

 Boyu metrə yarım olan kiçik bacanaq sual kimi əyilmiş, zəif bir kişi idi. Nə ev

yarana, nə adam vurana oxşamırdı. Həmişə üst-başında yağ ləkəsi olurdu. Sənəti maşınıların yağını dəyişmək idi. İşi çirkli də olsa, pis qazanmırdı, ailəsinin dolanacağını çıxarırdı.

       Kiçik bacanaq Əliməmmədin gülüşündən pisiksə də dilləndi:

       -  İş belə oldu. Bir nəfər beş kanistr maşın yağı gətirdi. Dedi, satıram. Qiymə-

tini soruşdum, elə bir qiymət dedi ki, su ondan baha idi. Tamah elədim, götürdüm. Demə, bu bədbəxt, neft mədənində kompressorlara baxan imiş. Yağı da oğurlayıb. Pulunu verib, götürdüm. Onun dalınca da polislər gəldi və məni qapazlayıb apardılar bölməyə. Çox danışıqdan sonra, yazıqları gəlib, möhlət verdilər. Ya gərək onların dediyi pulu aparım verim, ya da işi sənədləşdirib verəcəklər məhkəməyə.

Əliməmməd pul adı gələndə bomba kimi partladı:

-  Ə, sizin başınızda ağıl yoxdur? - dedi. - Bir iş görəndə axırını niyə fikirləş-

mirsiniz? Keçən il belə şeylərin üstündə polisə düşmədin? Düşdün! Gəlib səni ordan çıxartmadım? Çıxartdım! Demədim ki, bu axırıncı dəfə olsun? Dedim! Sən yenə bildiyini eləyirsən?

      Kiçik bacanaq burnunu çəkdi:

-  Qədeş, bu, axırıncı dəfədir, - dedi. -  Daha, bir də elə qələt eləmərəm. Sən

Allah, kömək elə.

      Əliməmməd başını buladı:

 -  Yox, sənin kimilərini ancaq barmaqlıq ağıllandıracaq, - dedi. - Məni bu işə

qatma. Oğurluq mal satmısan, get, cavabını ver.

 Kiçik bacanaq suyu süzülə-süzülə getdi. Əliməmməd bir neçə gün narahatlıq

keçirtdi. Bilmədi düzgün hərəkət eləyib, ya yox. Sonra başı qarışdı, bacanaq yaddan çıxdı. Elə bu arada xəbər gəldi ki, böyük baldızı yaman haldadır. Gülzar   başılovlu ora getdi. İşdən qayıdan Əliməmməd arvadının yolunu çox gözlədi. Axırda deyinə-deyinə geyindi, gecə ilə maşını qoşub baldızıgilə getdi. İçəri girəndə, üzüqapıya qoyulmuş çarpayıdan baldızı  inilti ilə dedi:

 -  Anamın əziz damadı, hardasan, daha ölüm ayağındayam. Gəl halallaşaq.

 Əliməmmədin ürəyi düşdü:

 -  Elə demə, səni istəməyənlər ölsün, - dedi və üzünü əli qoynunda dayanmış

bacanağına tutdu. - Arvadı niyə öldürürsən? Hanı həkim? Hanı onun dava-dərmanı?

Bacanağı qəmli-qəmli dedi:

 -  Həkim çağırmışam, indicə getdi. Dedi ki, dava-dərmanlıq deyil, təcili kəsil-

məlidi. Yoxsa, arvad əldən gedəcək.

Əliməmməd hirslə:

 -  Bəs, nəyi gözləyirsən? Apar, elətdir də, - dedi.

 Bacanağı mızıldandı:

 -   Apırmışdım da! - dedi. -  Həkimlər yığıldı, biri dedi, bu qədər verəcəksən,

o biri dedi, bu qədər verəcəksən, tibb bacısı dedi, bu qədər verəcəksən. Gördüm, gücüm çatan iş deyil, qaytardım evə. Ölər, qoy, evdə ölsün.

      Əliməmməd telefona əl atdı. Tez təcili yardıma zəng etdi. Üzünü inildiyən baldızına tutdu:

 -  Darıxma, indi hər şeyi həll edərəm. Qoymaram öləsən.

      Otaq canlandı. Ah-nalə kəsildi. Əliməmmdə bir dəstə «şirvan» çıxardıb qoydu xəstənin başının altına. Bacanağına dedi:

 -  Bəs eləməsə, deyərsən.

      Bir gündən sonra məlum oldu ki, əməliyyata ehtiyac yoxdur. Baldızının mədəsindəki ağrılara səbəb yediyi duzlu badımcan şorabası imiş. Əliməmməd evə qayıtmış xəstəyə baş çəkdi. Baldızı dua-səna ilə onu qarşıladı:

–     Allah ömrünü uzun eləsin, Əliməmməd. Sən həmişə bizə ata əvəzi olmu-

san, qardaş əvəzi olmusan. Sənsiz biz neyləyərdik? Səni neynim deyən görməyim. Həmişə Allah başından töksun.

       Əliməmməd çox oturmadı. Baldızından arxayınlaşıb qalxdı, bacanağına ürək-dirək veridi:

 -  Mənim baldızıma yaxşı bax. Yoxsa, o dünyada qaynanamız yaxamdan yapı-

şacaq. Çünkü, öləndə qızları mənə tapşırıb.

      Bacanağı başını tərpətdi, əyri-əyri gülümsədi, göy gözlərini yerə dikdi.

Əliməmməd yol boyu bu əyri gülüşü götür-qoy elədi. Bir nəticəyə gələ bilmə-

di. Evdə arvadı onu işdən hali edəndə, əlini dizinə vurdu:

 -  Pah, atonnan, belə də fırıldaq olar? Gör, başlarını nəyə işlədirlər. Səhnə qu-

rurlar, oyun çıxardırlar, əməlli-başlı senari yazırlar. Nə var, nə var maşın alacaq- lar. Mənim daha sözüm yoxdur.

 Arvadı şaqqıldayıb, güldü:

 -  Bə, nə bilmisən? O göy göz haramzada az aşın duzu deyil. Bacımı yoldan

çıxardan odur, yoxsa, saya bir qızdır, o nə bilir ki, senari nədir, tamaşa nədir.

 -  Bəs, bunu bilirdinsə, mənə niyə demirdin?

 -  Hardan, a kişi, mən də sənin kimi aldanmışam da. Elə bilirdim, o, doğrudan

xəstədir.

 Əliməmməd söz verdi:

 -  Bundan sonra görsəm, lap tir-tap uzanıb ölürlər, yenə də inanmaram. Qoy,

bu mənə dərs olsun.

       Bu, doğrudan da, ona dərs oldu. Bir müddət, xırda-para bəhanələrlə üstünə gələnin ah-zarına baxmadan, boş yola saldı. Qohum-əqrabadan minnətə gələnlərin ayağı yığışdı. Daha onu təngə gətirmirdilər.

       Ürəyinə yatan adam ortancıl bacanağı idi. Kişi canını dişinə tutub, kəsbkarlığını edirdi. İndiyə qədər bircə dəfə də minnətə gəlməmişdi. Əliməmməd də əlindən gələni onun ailəsi üçün edirdi. Hər bir uşağının ad gününü bayram kimi keçirdirdi. Gül-çiçəyi, dəyərli hədiyyələri, pulu-paranı əskik etməzdi. Ortancıl bacanağının buna acığı tuturdu:

 -  Ay, Əliməmməd, bu nə bədxərclikdir edirsən? Allah başından töksün, bilir-

rəm varındır, amma mənim ehtiyacım yoxdur. Hədiyyələri, gül-çiçəyi başa düşdüm. Uşağı niyə korlayırsan, onun cibinə o qədər pulu niyə qoyursan?

      Əliməmməd seyrək bığlarını sığıllayıb:

       -  Kiri, mən özgəsiyəm bəyəm? - deyirdi. - Uşaq, qoy ürəkli böyüsün. Bilsin

ki, arxasız  deyil.  

      Ortancıl bacanaq  kəmhövsələ idi. Amma, Əliməmməd hər işi ürəkdən gördüyündən, dinə bilmirdi.

      Əliməmməd bir gün ona təklif etdi:

       -  Bəsdir, ona-buna can çürütdün, gəl, mənim yanımda işlə.

      Ortancıl bacanaq daş atıb, başını tutdu:

 -  İstəmirəm. Qohum qohumdan nə qədər uzaq olsa, o qədər yaxşıdır.

      Əliməmməd onu dilə tutdu:

 -  Canım üçün, sən mənə lazımsan, -  dedi - İşlədiyin yerdə sənə nə qədər

maaş verirlər?

 -  Bir iyirmi-otuz  «şirvan» alıram da.

 -  Mən isə sənə, yüz «şirvan» verəcəyəm.

Ortancıl bacanaq inad elədi:

 - Dedim, istəmirəm, - dedi. - Məmmədi apar, işsizdir, Əlini apar, səninlə işlə-

məyə ürəyi gedir.

      Əliməmməd qızğın halda dedi:

 -  Əh, danışdın da. Onlara mal-pul etibar eləmək olmaz. Əliəyridilər.

 Bir xeyli ortancıl bacanağı bişirəndən sonra, axır ki, onun saqqızını oğurladı.

Əliməmməd onu yanına çəkdi.

       Qohumlar bir müddət Əliməmmədə toxunmadılar. Elə bil, sözləşmişdilər. Bu tufandan qabaq sakitlik kimi bir şey idi. Əliməmməd bu sakitlikdən bir az xoflandığından imkan düşən kimi, ehtiyacı olana əlaltdan beş-on manat kömək edirdi. Çağrılan yerlərə əlidolu gedirdi. Hədiyyə verirdi, səbəbkarın cibinə xərclik qoyurdu. Bayramlarda qohumlarını unutmurdu. Çalışırdı ki, heç kim bir parça çörəyə möhtac qalmasın.

      Bir gün evə gec gəldi. İçəri girəndə, dəhlizdəki başmaqların sayından bildi ki, qonaqları var. Kiçik qaynının ailəsi onlarda idi. Xoş-beşdən sonra zarafat etdi:

 -  Bacı, kişi hardadır? Onu niyə gətirməmisiniz? - soruşdu.

 Kiçik qaynının arvadı istehza ilə:

 -  Divarları sökülmüş evə keşik çəkir, - dedi.

      Ortaya yemək gəldi. Qonaqlar elə bil aclıqdan çıxmışdılar, doymaq bilmirdilər. Gecə yarı oldu. Əliməmməd onların qırımından başa düşdü ki, gecəni burada qalacaqlar. Buna etiraz etmək olmazdı. Qohumdur da! Səhər sübhdən işə getdi, axşam evə dönəndə qonaqları yenə evdə gördü. Arvadını kənara çəkdi:

 -  Az, qonaqların hələ getməyib?

 Arvadı səssizcə uğundu:

 -  Deyəsən, heç getməyəcəklər, - dedi. - Həmişəlik gələnə oxşayırlar.

 Əliməmməd heyrətləndi:

 -  Az, gicdəmə! Evləri - eşikləri  yoxdur, bəyəm? - soruşdu.

 -  Nə ev? Evlərini söküblər də. İndi haçan tikiləcək, onda da gedəcəklər.

 -  Məni hirsləndirmə, onları tez yola sal.

 Arvad başını buladı:

–    Mən qardaşımın balalarını evdən qovmayacağam, - dedi. - Özün də yetim-

liyinə salma. Qardaşın qədrini bilmək lazımdır.

 Əliməmməd bu sözdən tutuldu. Dinməzcə öz otağına keçdi. Arvadı da onun

susmasını razılıq kimi qəbul elədi. Düzdür, bu məcburi razılıq idi, amma, belə şəraitdə bu da keçərdi.

       Ev qaynı uşaqlarının səs-küyündən az qala yeriyirdi. Genişliyə çıxmış uşaqlar otaqlarda at çapırdılar. Əliməmməd qulaqlarını pampıqlayıb yatağına uzandı.

       Səhər arvadının üzünə baxmadan bir stəkan çay içib dinməz qapıdan çıxdı. Gülzar onu nə qədər danışdırmaq istəsə də, o, incik halda susurdu. Amma bununla hər şey qurtarmadı.

      Axşam evə gələndə, onu yeni bir sürpriz gözləyirdi. Kiçik bacanağının ailəsi də qonaq gəlmişdi. Əliməmməd özünü lap itirdi. Evdə adam əlindən tərpənmək mümkün olmadığından arvadını eyvana çağırdı:

       -  Ay qız, Gülzar, bunlar da bizdə qalacaqlar?  

 Gülzar bezgin halda:

–    Bacımdır da, qova bilmərəm ki, - dedi. - İndi onun da uşaqları bizdə qala-

caq. Daha neyləyim?! Yeznəyə altı ay iş veriblər. Bacımın gözünün yaşı qurumur. Ona mən nə təhər deyim, get evinə.

      Əliməmməd bilmədi gülsün, ya ağlasın. Ayaqları bir-birinə dolaşa-dolaşa öz

otağına girdi. Bir o başa,bir bu başa getdi. Arvadını harayladı:

       -  Gülzar, Gülzar, gəl bura.

 Həmişə astadan danışan Əliməmmədin səsi o qədər vahiməli çıxmışdı ki, ar-

vadı başılovlu özünü ona çatdırdı:

 -  Nə olub, kişi? Sənə bir şeymi olub? - soruşdu.

       Əliməmməd seyrək saçlarını dartışdırdı:

 -  Mənə olan iyirmi il qabaq olub. Daş düşəydi o günə, sənə elçi düşdüm. De-

dim, yetiməm böyük ailəm olsun. Ata əvəzi qaynatam, ana əvəzi qaynanam, bacı-qardaş əvəzi qayınlarım, baldızlarım olsun. İndi onların əlində əsir-yesirəm. Dincliyim yox, günüm-diriliyim yox, ömrüm-günüm yox…

 Gülzar onun monoloqunu yarıda kəsdi:

 -  Bunları eşitmişəm. İndi gecdir, məni arvadlıqdan çıxarda bilməyəcəksən,

onları da qohumluqdan. Elə bilirsən, mənə asandır? Başım fırlanır. Bu boyda evdə özümə yer tapa bilmirəm. Qız da səs-küydən qaçıb, gedib ortancıl bacanaqgilə. Deyir, atama deyərsən ki, bu səs-küydə imtahana hazırlaşa bilmirəm.

      Əliməmməd susdu, susdu, birdən barmağını yuxarı qaldırdı:

 -   Onda belə eləyək, - dedi. -  O arvad-uşağı yığ, de ki, evlərinə dağılışsınlar.

Bundan sonra onların bütün ehtiyaclarını ödəyəcəyəm. Ev tikmək istəyənə ev tikəcəyəm, türməyə düşəni türmədən çıxaracağam, çörək istəyənə çörək verəcəyəm. Mən bilirəm, ömrümün axırına qədər bu ailənin qara quluyam, əsiriyəm, yesiriyəm…

 Gülzar elə bu sözə bənd imiş kimi sevinə-sevinə otağı tərk etdi, qonaqların

yanına tələsdi. Əliməmməd arvadının onlara nə deyib, demədiyini bilmədi, birdən «ura» səsindən mənzil lərzəyə gəldi. Bu qalibiyyət çıxırtısına oxşayırdı. Amma

Əliməmməd məğlubiyyətinə çox da kədərlənmədi.

 

 

                                                                                   2002-ci il.

 

 
Ağıla sığmayan hadisə…

 

-  Əziz həmkarlarım! Vaxtınızı çox almayacağam. Bilirəm, uşaqlarla çənə döy-

məkdən çənənizin çüyü çıxıb. Amma, baş verən hadisə o qədər qəribə, o qədər əcayibdir ki, vadar olub sizi məsləhətə yığmışam… Öhö! Hamınız övladım yerindəsiniz! Bilirsiniz ki, mən bu məktəbdə baş ağardıb, diş tökmüşəm. Xalidə balamız, ali məktəbi keçən il bitirib. Dünən hamımızın sevimli şagirdi idi, bu gün həmkarımızdır. Savadı, biliyi, mərifəti, bacarığı lap yetərincədir. Məktəbin ən sanballı sinfini ona həvalə etmişəm. Boynuma alıram ki, tərəfgirlik etmişəm. Amma, haqq tərəfi, o da zəhmətimizi itirmir. Nə tapşırıq verirsən, o, can-başla yerinə yetirir. Deyirdim: «--Siniflər ağardılmalı və rənglənməlidi!» Söz ağzımdan çıxmamış Xalidə müəllimə işə başlayır, hamıdan tez məlumat verir ki, bəs, işi tamamlayıb. Deyirdim: «- Bayramqabağı siniflərin pərdələri təzələnməlidi…» Xalidə müəllimə yenə fərqlənirdi. Deyirdim: «-Qışqabağı pəncərələrə polietilen pliyonka çəkilməlidi…» Xalidə müəllimə yenə həmkarlarını qabaqlayırdı. Valeh olmuşdum bu qıza! Cavanlarda belə işgüzarlıq az tapılan keyfiyyətdir… Bəli, ogünki yağışdan sonra halım pis idi. Sinifləri su almışdı ağzına. Özümü çox yerlərə vurdum, hər yerdən boş qayıtdım. Dama qır salmağa pul tapmadım ki, tapmadım. Məcbur olub yenə sizi yığdım, sözümü dedim. Hamı dağılışandan sonra Xalidə müəllimə qaldı. Bilirsiniz, utana-utana mənə nə dedi? Hə, Xalidə müəllimə dedi: «- Xalid müəllim, daha məvacibimdən heç nə qalmayıb. Təmir üçün verməyə pulum yoxdur. Maaşa qədər gözləyə bilərsiniz?» Matım qurudu. Belə məlum oldu ki, cavan həmkarımız öz sinfinin təmirinə, səliqə-səhmanına çəkilən xərci öz cibindən ödəyirmiş! Öhö! Öhö! Bəsdi, güldüyünüz, yetər! Macal verin sözümü deyim! Bəli, kimin ağlına gələrdi ki, müəllimə belə türkəsayadır!… Bu gülməli deyil, ağlamalıdır… Nə? Boş-boş danışma,  mənim balam. Əlbəttə, pul sinifdən yığılmalı idi! Hamı necə, sən də elə! Məktəbin pulu yoxdur, təhsil idarəsinin cibi boşdur. Neynəməli?! Keçid dövrünün öz çətinlikləri var da! Nə?… Xalidə, mən sənə dərs deyəndə başqa dövr idi! Mən həmin adamam, ey, zəmanə çövr olub, zəmanə!  O vaxt elə demək lazım idi, elə deyirdim. İndi belə demək lazımdır, belə deyirəm! Bəli, Xalidə müəllimə, uşaqlardan pul toplamaq cinayətdir, amma, onların sağlamlığına dəyən zərbə ondan da böyük cinayətdir! Sənin sinfin varlı-karlı sinifdir, qızım! Ordan yığılan vəsaitlə, bir sinfi yox, bütün məktəbi təmir etmək olar. Şagirdlərinin şəxsi işi ilə tanış olsaydın indi belə deməzdin! Sinifdəki yeddi uşağın atası vəzifəli şəxsdir. Biri polisdədir, biri icradadır, biri vergidədir, biri…onu deməyəcəyəm… Onları təmir işlərinə cəlb etmək vacib lazımdır. Üç uşağın valideyni ticarətçidir. Nahaq mahnı qoşmayıblar ki, kef də ticarətdədir, pul da ticarətdədir! İmkanları var! Beş uşağın valideynləri ziyalıdır! Onlardan da bir şey qopartmaq olar. Altısı köçkündür … Onlarla işimiz yoxdur… Dördünün atasının iş yeri məlum deyil! Amma, sənin şagirdlərindən   birini məktəbdən bir tin aralı, o adı nədir, hə, «600»lük  Mersedesdən düşən görmüşəm. Düşünməyə dəyərmi?! Əlbəttə! Buyur, belə maliyyə imkanı olan sinfin rəhbəri gör, neyləyir! Dilənçi maaşını məktəbin təmirinə xərcləyir! Nə?! Otur, bala, qanımı qaraltma! Bu belə! Bir məsələmiz qaldı! Bizə təhsil idarəsindən bir bağlama kitab göndəriblər! Aranızda bölüşdürün, pulunu təcili toplayın, yollayaq getsin… Hə, indi azadsınız…  

 

                                                                                         1998-ci il.

                                        

 

 

 

 

 
Havayı hamballıq

 

       Qardaş, səni tanıya bilmədim! Vallah, yaman gündəsən! Vaxt var idi, boyunu-sumbağını görən tamaşandan doymurdu. Sənə nə oldu belə?! Nə? Əmək birjasındasan? Allah, Allah! O, «qul bazarı» deyilən yerə gedirsən? O boyda tədqiqat laboratoriyasının müdiri indi günəmuzd iş axtarır… Elmlər namizədi qul bazarında!! Dəhşətdir, qardaş, dəhşət! Gorun çatlasın, ay Qarbaçov!

     …Vaxtında tərpənmədin, bir budka yeri də sən almadın, elə ilişib qaldın institutda! Sözümə qulaq asmadın. İndi də gecdir. Satılan satıldı, bölünən bölündü! «Bəylərdən» qışda buz almaq olurdu, «yoldaşlardan» heç onu da almaq olmur, oki ola şəhərdə dükan yeri.

     … Hə də, iki doqquzmərtəbə bina arasındakı yastı-yapalaq dükan mənimkidir. Özüm tikmişəm. İcazəsini zulumla almışam, qardaş, zulumla! Daha qapı qalmadı kəndarını dağıtmayım, adam qalmadı ağız ıçmayım. Axır insafa gəldilər. Necə olsa müharibə veteranıyam. Hə, başladım ticarətə. Fikirləşdim, alim olduq, adam olmadıq, bəlkə alver bizi adam elədi, adamların sırasına çıxartdı. O da belə! Demə, elə quru adı varmış. Qardaşım, ticarət yaman sənətdir. Bolşeviklər nahaq yerə alverçilərlə cəng etmirdilər ki? Belə sənət olar?! Alırsan, satırsan və rüşvət verirsən. Satırsan, yenə alırsan, yenə rüşvət verirsən. Bu işin binası belə qoyulub. Adamın öz əli, öz başı olsa, nə var ki! Dolanarsan da! Aman vermirlər… Şair Kamil Sərbəndi nahaq demirdi ki, «xeyrinə lənət ola, alver sənin!» Kişi hələ o vaxtlar deyirdi. Gündə biri, əlində qovluq, çalağan kimi şığıyır bu yastı-yapalaq dükana! Bəs, yoxlamadır. Bir deyil, iki deyil, iyirmi iki idarədən gəlib akt yaza bilərlər. Əşi, əmma tapmağa nə var ki!

     … Sayım, eşit! Milçək həkimini əliboş yola salan günü ölkədəki cəmi yara-xoranın səbəbkarı bu dükan olacaq. Yanğınsöndürənə beşdən-ondan veməsən, sənin canına elə bir od salacaq ki, heç bir su ilə söndürmək olmayacaq. Çiynipaqonlunun ən fərsiziylə, hünərin var zarafat elə! Məhəllənin lotu-potusunu sənin dükanında axtaracaq. Özünü də salacaq get-gələ. Onda ölünü qoy, dirini ağla. İşıqçı, yazıq, bir lampanın pulunu istəyir də, necə verməyəsən. Vergidən gələnə zaval yoxdur, onlarla yola getməyən başını gora çətin ki, salamat aparsın. Yenə sadalayım, ya bəs edər? Ticarət, inan, qardaşım, zəlalətdir, rəzalətdir, bataqlıqdır… həsəd aparılası sənət deyil. Havayı hamballıqdır. Bizdə alver deyil, ver-verdir. Hərdən fikirləşirəm, yaxşı işi sən görürsən! Vallah, qul bazarı yaxşıdır, dilənçilik yaxşıdır. Heç kimin səninlə işi yoxdur. Belə getsə bağlayacağam dükanı, gələcəyəm qul bazarına. Onda görüm, bu gələnlər kimdən alırlar, nə qədər alırlar.…

 

                                                                                              12. 1998.

 

 
Usta bacanaq

 

       Şəhər yolunun üstündə bir məşhur təkər təmiri köşkü var idi. Burda iki usta çalışırdı. Birinin adı Güləli, o birisinin adı Zülfəli idi. Onlar ki, bir-birinə bacanaq deyirdilər, müştərilər də onları bu adla çağırırdılar. Bunun tarixçəsi belə idi.

       İş elə gətirmişdi ki, Güləli ilə Zülfəli bacanaq olmuşdular. Dost, yoldaş idilər, indi olmuşdular qohum, lap bir evli. Qonşuda yaşayan iki əkiz bacının hərəsini biri  almışdı. Necə ki,əkizlər bir-birindən ayrı dura bilmirdilər, bacanaqlar da indi bir-birindən ayrı qala bilmirdilər. Bu iki ailənin oturmaqları, durmaqları, yeməkləri, içməkləri bir idi. Utanmasaydılar, elə yatmağı da bir evdə edərdilər.

       Bir də görürdün Güləli deyir:

   -- Bacanaq…,

   Zülfəli dərhal hay verirdi:

       - Can bacanaq!

       Güləli xoş arzulardan işıldayan gözlərini uzağa dikib, təklif edirdi:

       -  Bacanaq, istəyirəm bir məclis quram.

       Zülfəlinin könlü açılırdı:

       -  Pis olmazdı, bacanaq, - deyirdi.

       Güləli barmaqlarını ləzzətlə şaqqıldada-şaqqıldada sözünə nərdivan qoyurdu:

   -  Bir əmlik quzu alım, uşaqları yığaq, tut ağacının altında bir kabab çəkək.

Başımızı açaq, araqdan vurub kef edək.

        Zülfəli dirçəlirdi:

        -   Arağın var, ya almaq lazımdır?  - soruşurdu.

       Güləli dilini nırçıldadıb:

       - Dükan arağına ehtiyac yoxdur, - deyirdi. - Bir-iki şüşə tut arağım var, pay

veriblər.

   Zülfəlinin razılıqla:

       -  Etirazım yoxdur. Amma, bacanaq, daha özünü xərcə salma. Quzu kəsmək-

dənsə beş-altı kilo təzə ət al, bəsimizdir.

       Güləli tərslik edirdi:

        - Yox, bacanaq, quzu nədir lap yekə erkək kəsəcəm. Sən mənim canım-ci-

yərimsən, gözümün işığısan. Lap, ata əvəzisən, boynumda haqqın çoxdur. Üz

vurma, gərək, erkək kəsim.

   Zülfəli diqqətini toplayırdı:

   -  Qalsın gələn dəfəyə, bacanaq, - deyirdi.

–    Elə demə, bacanaq. Mənim səndən başqa kimim var? Varım-yoxum sənə

 qurbandır. Adına cöngə də kəssəm azdır.

       Zülfəli çox sadəlövh bir kişi idi. Hiylə, yalanla işi yoxdu. Söz bir az ona gec çatırdı. Nəhayət, Güləlinin dolağını anlayanda çımxırdı:

        -  Ay sənin boynunu yerə soxum. Niyə məni çərlədirsən? -  dedi. - Adam kimi deyə bilmirsən ki, get, beş-altı kilo qoyun əti al, gətir kabab vuraq? Başlamısan, bağ belə, bostan belə…  

   Güləli özündən razı halda uğunurdu. Başını bulayan Zülfəli də yenə onun

toruna düşdüyünə gülürdü. Həmişə belə olurdu.

   Zülfəli ət dalınca bazara gedirdi. Güləli isə  həyətə düşürdü. Bir az pamidor,

 bir az badımcan dərirdi, göydən, göyərtidən yığırdı. Arvadını səsləyirdi:

       -  Ağəz, Xanım, soğan gətir, istiot gətir, - deyirdi.

       Arvadı Xanım qımaşa-qımışa eyvandan soruşurdu:

       -  Yenə nə tədarük görürsən?

       Güləli guya narazı halda:

       -   Əşi, işə düşmüşəm, - deyirdi. - Bacanaq yenə də dinc dayanmır, könlü ka-

bab  istəyir. Ara yerdə yenə xərcə mən düşəcəyəm.
   Xanım da Güləli kimi bicənginin biri idi. Dərhal bilirdi ki, yenə əri Zülfəlini

xərcə salıb. Bıçaqları, tası tut ağacının altına düşürürdü. İkisi də bilirdi ki, Zülfəli beş kilo ət deyibsə on alacaq, ailəsini də yaddan çıxartmayacaq. Gələndə çolma-çocuğunu da qatıb qabağına gətirəcək.

       Elə də olurdu.

  Uşaqlar da bir-biri ilə mehriban idilər. Neçə ilin ayrılısı kimi görüşürdülər.

Onlar qol-boyun olub, iki bacanağın kabab hazırlığına tamaşa edirdi. Güləli əti cəld doğrayır, duzlayır, istiotunu, soğanını qatırdı. Zülfəli tasın qapağını qoyub, üstünə köhnə bir adyal atırdı. Onların hər ikisi yemək-içmək  həvəskarıydı. Teatrları da, kinoları da bu idi.

       Zülfəli özünü tutmuşdu, işi yaxşı idi. Evindən bir az aralı şossenin kənarında bir təkər təmir edən köşk qoymuşdu. Qarabağ savaşında iştirak etdiyindən səlahiyyətli məmurlardan, uzun get-gəldən sonra, bir məccani sərancam qopartmışdı. İndi gündəlik çörəyi başının altında idi. Daha özgələrinə möhtac deyildi. Müştərisi olanda beş-on manat dar günə də atırdı. Amma get-gedə lap insafsızlaşan nəzarət məmurlarından pul saldırmaq çətinləşirdi. Yerindən duran haqq istəyirdi.

      Güləli isə əbədi sərgərdan idi. Bir yerə kül töküb, oturan deyildi. Dözümü yox idi, iş yerini cib dəsmalı kimi dəyişirdi, bir yerdə qərar tuta bilmirdi. Bir də  görürdün sərnişin avtobusu sürür, gahdan taksiyə keçirdi, ya da «xozeyin» maşını sükanını fırladırdı. İşi bəd gətirəndə çilingərlik edirdi. Maşını mühər- rikinə qədər söküb-yığmaq onun üçün problem deyildi. Əlindən gəlməyən iş

tapılmazdı. Amma, tapdığını basıb yeyər, ağlına gələni edər, sabah lap vəlvələ ola, vecinə almazdı. Dişi ağara-ağara, lağlağı ilə yaşayırdı.

       Güləlinin arvadı Xanım da xasiyyətdə ərinə oxşayırdı. Bacısı Xatın isə key-külahın biri idi, vur qapazı, al çörəyini əlindən. Bir də gördün Xanım şirin-şirin deyirdi:

    -  Bacılı, ay bacılı, kofta satırlar, ey!

       Xatın laqeyd:

    -  Eh, nəyimə gərək - deyirdi. - Varımdır.

   Xanım əl çəkmirdi:

    -  Az, bilirsən necə gözəldir. Yaxası tirməli, ətəyi qırçınlı, lap adamın ağlını

alır, - deyirdi. - Sənin qara paltarına elə yaraşar, elə yaraşar...

    -  Nə vacib düşüb e, istəmirəm. Gözün tutubsa, özün al.

   Xanım əlini dizinə vururdu

   -  Nəynən az? Güləli anası ölmüş, fərli iş tapır ki, əlinə bir pul gəlsin, mən

də verim pal-paltara.

   Xatınun ürəyi dözmürdü:

       -  Koftanı götür, pulunu mən verərəm,  - deyirdi. - İmkanınız olanda qaytarar-

san.

    Xanım sevinclə deyirdi:

   - Sən canın, doğru sözündür?

   -  Az, həri.

   -  Ağrını alaram e, bacı - Xanım cəld şkafdan koftanı çıxardıb, üstünə tutub

soruşurdu. - Necədir, mənə yaraşır?

   Xatın da onun sevincinə qoşulurdu:

   - Lap əladır, səni qiyamət tutur. Tuf-tuf, göz dəyməsin.

       Güləlinin həyəti geniş, bağlı-bağatlı idi. İki ailə yığıncaqlarını burda keçirtməyə alışmışdı. O günü yenə Zülfəlinin hesabına manqal salınmış, tut ağacının altında süfrə açılmışdı. Bacanaqlar yeyir-içir, bacılar dərdləşir, kababdan doymuş uşaqlar yerə salınmış palazın üstündə oynayırdılar.

    Dolmuş qədəhləri qaldıranda Güləli əlini saxladı, Zülfəli təəccübləndi:

    -  Nədir, daha getmir? - soruşdu.

    Güləli dilini sürüdü:

- Yox, bacanaq, - dedi. - Deməyə də utanıram, vəziyyətim pisdir. Yemək-

içmək boğazımdan keçmir.

    Zülfəli lap təəccübləndi:

    -  Bah, xəstələnmisən?

    Güləli mızıldandı:

    -  Yox e…, işdən çıxarıblar.

    Zülfəli şaqqıltı ilə güldü:

–     Ha, ha, ha, nə böyük dərd imiş - dedi. - Belə şeylərə sən ki, öyrəncəlisən.

 Həftə yeddi, mən səkkiz işdən çıxırsan, işə girirsən.

    -   Bu dəfə, bacanaq, iş başqa cürdür.

    -   Adə, üzmə bizi macəranı danış.

    Güləli kədərlə dilləndi:

    -  Belə, sürücülük vəsiqəmi də alıblar, ey! - dedi. -  İki il onun üzünü görmə-

yəcəyəm. Nə qədər ki, kompüter yox idi, təzədən oxuyub vəsiqə almaq olardı. İndi isə heç yaxın qoymayacaqlar.

    Zülfəli badəni yerə qoyub əllərini bir-birinə sürtdü:

    -   Bax, bu oldu əla, - dedi. - Sən ki, o cür maşın sürürdün, axır ki, ilişməli

idin. Dilə tutaydın da, ay əfəl.

    -  Bacanaq, lap ilan dili çıxartdım, müfəttiş yola gəlmədi ki, gəlmədi. Deyi-

rəm, adə, götür bu bir-iki «şirvan»ı apar ye, haramın olsun. Deyir, yox, qırmızı işığa keçmisən, bunun haqqı yüz dollardır. Deyirəm, ay dollar çıxardanın atası tünbətün olsun, mən onu heç yuxuda da görməmişəm. O dedi, mən dedim, o dedi, mən dedim,  iş yoğunladı.

    Zülfəli dedi:

    -  Sənin hər işin belədir. Xəstəxanaya gedirsən qalmaqal salırsan ki, mən pul

verməyəcəm. Pasport almağa gedirsən üç «şirvan»a görə aləmi qatırsan bir-birinə. Elə bil zəmanə adamı deyilsən.

       Güləli ah çəkdi:

    -   Hələ bu harasıdır, - dedi. - Müfəttişin qolundan tutdum ki, pratakol yaz-

masın. Tutub apardılar məni şöbəyə. Dedilər, sən polisə müqavimət göstərmisən. Malcan döydülər. İndiyəcən özümə gələ bilmirəm.

       Bu sözdən sonra daha Zülfəlidə can qalmadı. O ki var güldü. Güləli onun bu

şadlığından incidi:

    - Yaman əbləhsən ha, bacanaq, belə şeyə gülərlər? Döyülməyimə lağ edir-

sən?

       Zülfəli gözünü sildi:

    -  Adə, ağzını allah yolunda qoyma, - dedi. -  Oturub ağlasam, işin düzələ-

cək?

       Güləli birdən arsız-arsız dişini ağartdı:

   - İndi bir söz deyəcəyəm, bacanaq, səni doğrudan da ağlamaq tutacaq, - dedi.

    Zülfəli özünü yığışdırdı:

    -  Niyə, balam, günahım nədir? Səni döyənləri ağladaydın da. Elə gücün

mənə çatır? - dedi.

      Güləli əndişəyə düşmüş Zülfəlini istehza ilə süzdü:

   -   Bacanaq, istəyirəm səninlə şərikli işləyim.

      Zülfəli çeçədi, gözləri yaşardı. Onun bu halı bacanağı ürəkdən güldürdü:

   -  Gördün, ağlatdım səni.

      Zülfəli mızıldandı:

   -  Bacanaq, axı biz yola gedə bilmərik?

   Güləli əlinin tinini masaya vurdu:

   -  Yola verərsən, yola gedərik!

   Zülfəli heç cür razı olmurdu.

   -  Bacanaq, gəl bu daşı tök ətəyindən. Bir yerdə işləməyimiz çox çətin olacaq.

      Güləli arvadlara tərəf göz basdı:

   -  Xeyri yoxdur, bacanaq, qərarım qətidir. Öz xoşunla razı ol, yoxsa uşaqları

gətirib qoyacağam qapında, özüm də gedəcəyəm Rusyətə.

   Zülfəli onların söhbətinə bayaqdan müdaxilə etməyən bacıların qırımından

anladı ki, Güləli onlarla məsləhətləşib, bu işin razılığını alıb. Bircə artıq kəlməsi kifayətdi ki, baldızı ağır artilleriyanı işə salsın. Gəl, onda onun qabağında dayan görüm, necə dayanırsan. Deyəsən, arvadı Xatınun da saqqızını oğurlayıblar. Razı olmaqdan savayı çarə qalmırdı. Köksünü ötürdü:

    -  Qoy, bacanaq,  sən deyən olsun, - dedi. - Amma, şərtimizi şumda kəsək,

sonradan yabalaşmayaq. Mən səninçün o-bu deyiləm, canını alacağam.  

       Güləli qalib bir razılıqla irişdi:

–    Bacanaq, öl dedin, bil, ölmüşəm, qal dedin, bil, qalmışam, - dedi. - Axır

söz sənindir.

    -  Bacılar işin bu minvalla həllindən razı halda masadan aralandılar. Bacanaq-

lar, bu dəfə, badələri şərikli işin şərəfinə cingildətdilər.

       … Güləlinin ayağı yüngül oldu. Heç bir ay keçməmişdi ki,  Zülfəli müştəri əlindən göz açmağa macal tapmırdı. Dincliyi yox idi. Səhər sübhdən gecə keçənə qədər sexin qabağı boşalmaq bilmirdi. Yaxında yaşadığından gecə də qapını döyürdülər. O da heç kimi naümid qaytarmırdı. Yorğun-arğın geyinir, gedib sexi açır, yolda qalmış maşının çarxını səhmana salırdı. Qazancı o qədər artmışdı ki, Zülfli böyük arzularla yaşayırdı. İş artdığından bir nəfər də köməkçi götürdü. Amma, Zülfəlinin əsəbləri  tarım idi. Güləlinin, heç demə, bayırlığı yox imiş. Bu adam, adam deyildi. Zülfəliyə aydın oldu ki, niyə onu hər dəfə  işdən qovurlar. Çünki, Güləlinin əlinə bir az pul gələn kimi, onun paxırı açılırdı. Özü kimi tənbəl adam çətin tapılardı.  

       Zülfəlinin bir şakəri var idi. Təkərdən çıxan dəmir parçalarını, mıxı, mismarı, iynəni səliqə ilə dəmir küpəyə yığırdı. Soruşsaydın, bunları neyləyəcəksən, cavab verə bilməyəcəkdi. Axır vaxtlar çıxan mıxların oxşarlığına diqqət etsə də, fikir vermirdi. Açığı, bu, papağı köhnə bir qəpiklik boyda olan mıxlardan bircəsi də maşın təkərindən yan ötməzdi. Bunlar  maşınların qənimi idi. Fikirləşdi ki, yəqin mismar yüklü maşın yoldan keçəndə, dağılıb. Bu iş, arabir, yadına düşür, Güləli ilə məsləhətləşmək istəyir, sonra yenə yadından çıxırdı.

      O gün Zülfəli nasaz idi. Tərs kimi köməkçisi də harasa öz işinin dalınca getmişdi. Bu yandan da iki yük maşını sexin qabağında « lövbər» salmışdı. Köhnə kürsüdə xumarlanan Güləli yerindən tərpənmirdi. Zülfəli onu hayladı:

   -  Bacanaq, tərpən, camaatı yubandırma!

   Güləli mızıldandı:

      - Bacanaq, mənimki yekə maşınlarla tutmur, özün bu işlə məşğul ol, - dedi.
      Zülfəli qanlı-qanlı ona baxdı. Daha müştərilərin yanında onunla mübahisə

eləmədi. Tez girdi sexə, paltarını dəyişdi. Kombinezonu əyninə çəkməyi ilə çıxmağı bir oldu. Sürücülərin köməyi ilə domkratı vurdu maşınların altına. Təkərləri çıxartdı, çəmbəri sökdü, kameri ayırıb yamadı, basdı isti məngənənin altına. Maşınları yola salana qədər bir vedrə tər tökdü. Yorğun-arğın özünü sexin qabağındakı ağacın altına yıxdı.

    -  Bacanaq, - dedi - tənbəllik basıb ha, səni! - dedi. - Bu pulu yarı bölürük,

Maşının nə böyüyü, nə kiçiyi. Hər işi görmək lazımdır, mən tək çatdırmıram, axı.

    Güləli gərnəşib, istehza ilə dedi:

    - Bacanaq, deyinmə, təki iş olsun. Əvvəl iş tapmırdın, darıxırdın. Mən gələn-

dən müştərilərinin sayı on dəfə artıb, sənsə deyinirsən.

   Zülfəli hirslə:

   -   Bəli də, müştərilər ancaq sənin adına gəlir! - dedi. - Rəhmətliyin oğlu, çö-

rəyi də, müştərini də Allah verir e, Allah. Sən nə karəsən ki?

   Güləli mızıldandı:

   -  Kül ağlına, mən olmasaydım  elə həmin Zülfəli idin ki, varıydın. Daha təzə

«jiquli» eşqinə düşməzdin, - dedi. - Evinə, həyət-bacana əl gəzdirməzdin. Hamısı nəyin hesabına? Burdan götürdüyün pulun hesabına.

       Zülfəli lap təəccübləndi:

    -   Mən sənə minnət qoymaqdansa, sən mənə minnət qoyursan? - dedi.

   Güləli hirsləndi:

    -   Mən minnətli çörək yemərəm. Öz çörəyimi yeyirəm.

    Zülfəli onun həyasızlığına mat qaldı:

    -   Mən sənin qazancına şərik olmuşam, ya sən mənim?

    Güləli barmağını qaldırdı:

    -  O müştərilər mənim hesabıma bura gəlirlər. İnanmırsan? Bu saat sənə  

sübut edərəm.

       Güləli kürsüdən cəld sıçradı, əlini cibinə salıb bir ovuc mıx çıxartdı və səpdi onun qabağına. Zülfəli əvvəl heç nə başa düşmədi. Bir mıxlara baxdı, bir Güləliyə. Handan- hana anladı və rəngi ağardı, çünki bu mıxlar neçə aydan bəri təkərlərdən çıxartdığı mıxlarla eyni idi. Güləli onun donuxmağından ləzzət aldı:

–    Hə, indi bildin müştərilərin niyə çoxalıb? - dedi. - On kilometrlərlə payi-

piyada gedib yollara mıx səpirəm. Sən də başlamısan ki, tənbəllik eləyirsən. Elə vaxt olur qılçalarım ağrıdan yer tutmur.

   Zülfəli az qala ağlasın:

   -   Ay, Allah evini dağıtsın, ay, Allah evini başına uçurtsun! Ay, Allah səni

zəlil eləsin! Mənim çörəyimə niyə haram qatırsan? Allahın qəzəbindən qorxmursan, haramxorluq edirsən? - dedi.

   Güləli tərs-tərs ona baxdı:

       - Haram niyə olur, ay qurumsaq? Bu yol dəniz qırağına gedir. Ordakı villalardan, cah-cəlallı bağlardan sənin xəbərin yoxdur? Kasıbın bu yolda nə işi var? Gedib-gələnin hamısı varlı-hallı oğlanlardır. Elə hey «Mersedes», «Volva», «Passat» daha nə bilim nə şütüyür. Nədi, onlar bunu halallıqla qazanıblar? Haramxorun yekəsi onlardır. Onlardan beş-on manat qopartmaqla dünya dağılacaq? Hara gedirsən qanımızı sorurlar. Yıxılıb ölsən də, bir köpək oğlu sənə yaxın durmaz. Biri nöyütün üstündə oturub, deyir, mənimdir, biri zavodları, fabrikləri satır, deyir, mənimdir. Biri  yolları kəsib, deyir, yol mənimdir. Bir parça kağızı pulsuz sənə verməzlər. Haramxorluq budur.

       Zülfəli mətin səslə dedi:

    -   Sən mənə nağıl danışma. Bundan sonra mən səninlə şəriklik edə bilmə-rəm. Bacanaq, çıx, get. Daha gözümə görünmə. Səndən adam çıxmaz.  

   Bacanaqların şərikliyi bununla da bitdi.

   Zülfəli indi tək işləyir. Qazancı əvvəlki qədər olmasa da, yediyi-içdiyi canına

sinirdi.  

 

                                                                                2002-ci il.

                                      

                                   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
               
 
 
 

 
Fərasətli məmur

 

       Cəmil müəllim kondisionerin soyutduğu kabinetdə geyimli-kecimli işləyirdi. Allaha yalvarırdı ki, yuxarılardan onu çağıran olmasın. Yayın cəhənnəm istisinə çıxmağa halı yox idi. Rəisliyin bu işi onun heç xoşuna gəlmirdi. Telefon səslənəndə yanğınsöndürən kimi tələsmək lazım gəlirdi. Dəftərxana müdiri qol çəkilən sənədlərə möhür vurur, qovluğa yığırdı. O, ən etibarlı işçi olduğundan, Cəmil müəllim onun əlini güdmürdü. Qapı aralı qaldığından, dəhlizdən gələn qalmaqal səslər rəisi narahat elədi. O, əlini saxladı, qələmi atdı masanın üstünə, daxili telefonu qaldırdı:

 -   Məlik müəllim, zəhmət çək, yanıma gəl, -  dedi və dəstəyi qoydu.

 Heç iki dəqiqə çəkmədi ki, müavini Məlik müəllim təngnəfəs özünü içəri

saldı. Onun əlli yaşı olardı. Arıq, hoqqarı çıxmış bir kişi idi. Elə bil aldığı məvaciblə dolanırdı. Rəis bığaltı güldü, həmişəki kimi ona söz atdı:

  -  Ay Allahın bədbəxti, qazandığından bir yeməyinə də xərclə də. Yığıb, go-

runa aparacaqsan? - dedi. -  Gün-gündən geri gedirsən. Kənardan elə bilərlər ki, rəis yeyir, müavini ac saxlayır.

  Məlik müəllim otursa da, hələ də tövşüyürdü. Amma cavabının möhkəmli-

yindən məlum olurdu ki, bu təngnəfəslik qondarmadır.

  -  Rəis, Allah məni bu cür yaradıb, sizi də o cür,  -  dedi.

 Dəftərxana müdiri Gülşən xanım söhbətə zarafatla müdaxilə etdi:

–    Cəmil müəllim, sizin kəramətinizdən bu adam gündə üç nəfərin yeməyini

yeyir, içməyini içir, amma, əmələ  gəlmir ki, gəlmir.  

        Rəis sanballı qarnını sığalladı, qəribə bir maraqla:

  -  Ay qız, onun yeməyini sən hardan görmüsən? - soruşdu.

 Gülşən xanım şaqqıltı ilə güldü:

 -  Necə yəni hardan, - dedi. -  Gümanınız özgə yerə getməsin, rəis, bu canı

yanmış qohumumdur. O qədər toyda, nişanda, ad günlərində onu süfrə arxasında görmüşəm ki… Zalım, dələ kimi üyüdür.

       Rəis:

 - Belə de! - deyə uzatdı . - Bəs, bu bir ildə mən sizin qohumluğunuzu niyə

bilməmişəm?

Gülşən xanım nazla:

-  Daha söz gəldi, gərək deyəsən  -  dedi. - Məlik qohumum suyu da üfürə-

üfürə içir. Qohumluğumuzu gizlətmək onun ideyasıdı. Deyir ki, bilərlər, düşər-düşməzi olar.

 Rəis Məlik müəllimə baxdı:

 - Düz deyir? - soruşdu.

 Müavinin üzündəki ifadə dəyişmədi:

 -  Əlbəttə, düz deyir - dedi. - Burda nə var ki, Gülşən xanım yalan desin.

İdarənin yarısı bir-birinə qohumdur. Yarısı da bir-birinin dost-aşnasıdır. Bizdə  yad adam yoxdur. Məsələn, idarədə sizin səkkiz qohumunuz işləyir. Adlarını sadalamaqdan vaz keçirəm. Özünüz yaxşı bilirsiniz.

       Rəis diksindi:

 -  Bah! Bunları hardan bilirsən? -  deyə heyrətlə soruşdu.

       Məlik müəllim rəisin ağrıyan yerindən tutduğunu bilirdi, amma, dərinə getmədi. Yumşaq halda dedi:

-  Cəmil müəllim bunun bir eybi yoxdur. İndi belə şeylərə heç kim fikir ver-

mir. Qohumlar da bir yerdə işləməlidirlər, ya yox?

      Rəis pis-pis ona baxdı:

      - Kiri, ə, başqa yerdə deyərsən, bizi dilə-dişə salarsan.

Müavin əlini döşünə qoydu:

      -   Mənim sinəm sirrlər yatağıdır, rəis, qorxma, - dedi.

Rəis bir az arxayınlaşdı,  sözü cəld çevirdi:

-   Dəhlizdə nə səs idi? - soruşdu.

Müavin burnunu çəkdi:

-   Heç nə, yoluna qoydum. - dedi. - Sülh küçəsindəki minimarketin sahibi

idi. Yanınıza gəlmək istəyirdi.

- Nə məsələ idi?

- Fərasət ondan akt yazıb.

Rəis tutuldu, gülər üzü əyildi.  Adı çəkilməyən qohumlarından biri Fərasət

idi:

-  Bəyəm sülh küçəsi onun sahəsidir? - deyə soruşdu.

Məlik müəllim ehtiyatla:

-  Dünən özünüz tapşırmışdınız, axı,  - dedi. - Mən də əmrə saldım.

Rəis bozardı:

- Ə, özünü anlamazlığa qoyma, - dedi. - Dedim, Fərasətə bir sakit yer tap,

deməmişdim ki, onu qalmaqallı sahəyə göndər.

Müavin əllərini yana açdı:

-  Ay rəis, Gülşən xanım özgəsi deyil, - dedi. - Vallah, Fərasətə iş bəyəndir-

mək mümkün deyil, axı. Bazar yanını təklif elədim, bəyənmədi. Toyxanaları ona vermək istədim, bəyənmədi. Aşxanaları ona tapşırmaq istədim, bəyənmədi. « Məni Sülh küçəsinə göndər,» deyib inad elədi.

Rəis yerindən qalxıb hirslə kabineti dolandı, sənədləri yığıb, çıxmaq

istəyən Gülşən xanıma dedi:

-   Zəhmət olmasa, onu tapdır, göndər yanıma.

Gülşən xanım gedəndən sonra müavin gülümsədi:

-  Rəis, çox da ürəyinə salma, cavandır da, təcrübəsi artdıqca ağlı başına gələ-

cək. Daha cərimə aktı yazılıb. Minimarket üçün qırx «şirvan» nə puldur? Verər, dünya dağılmaz. Hay-küy salmağına səbəb başqa şeydir. Fərasət ona vəsiqəsini göstərəndə, o, çıxarıb on «şirvan» müfəttişin cibinə basıb. Fərasət  götürməyib, deyib ki, iyirmi «şirvan» ver. O da qayıdıb ki, «şirvan» ağacda yarpaq yerinə bitmir, onu qazanmaq lazımdır. Mən bu ayın haqqını vermişəm, deyib. Fərasət  də götürüb nömrəli akt yazıb…  

 Rəis yerinə adladı, mütəfəkkir görkəm aldı:

        -  Qardaş, adam gərək tamahını saxlamağı bacarsın. Bu zalım balası pulun ölüsüdür də. İndiki cavanlar bir günün içində varlanmaq istəyirlər. Baxanda, o sahibkarın günahı nədir? Vaxtında vergisini ödəyir, bizim haqqımızı verir, haçan ona sifariş göndərsən, əli dolu gəlir. Gərəkməz ki, biz də o kişini az narahat eləyək?

       Müavin onunla razılaşdı:

       -  Əlbəttə, rəis, -  dedi. - Şura vaxtı xalq nəzarətində işləyirdim.

Mağazalara ayda bir dəfə gedirdim, haqqımı alırdım. İkinci dəfə ora ayaq bassaydım, adamı hoydu-hoyduya götürərdilər.

       Rəis gülümsədi

 -   Şura vaxtı mən raykomda təlimatçı idim. O dövrün öz ləzzəti var idi, -

dedi və təəccüblə qeyd etdi. - Bu qırışmal, o cür ehtiyatlı kişiyə nə təhər akt yazıb e? Hələ Şura vaxtından o kişini tanıyıram. Həmişə ticarətlə məşğul olub.

Məlik də gülümsədi:

·         Elə onu de də! - dedi. -  Yəqin Fərasət öz məşhur metodundan istifadə

edib. Çox fərasətli müfəttişdir. Qohumun olduğuna görə demirəm.

Rəis qaşqabağla:

-  Ə, o, nə metoddur? Ali məktəbi dünən bitirmiş bir məmurun nə metodu

ola bilər?

-  Oho, rəis, o uşaq çox qabağa gedəcək.  - deyə müavin təriflədi. - Fərasət  

adına layiq oğlandır. Bilir ki, küçədə görünən kimi bütün mağazaların  nəzarət kassa aparatları şaqqıltı ilə işləyəcək, bir alıcını da çeksiz buraxmayacaq. Onun işıq idarəsində bir dostu var. Küçənin işığını söndürtdürür, onunla razılaşmayan mağazaya cumur. Əlbəttə, işıq yoxdur, aparat işləmir, kitab çıxana qədər, ora yazılana qədər, bir neçə alıcı çeksiz çıxa bilər. Bax, elə onda Fərasət kəsir satıcının başının üstünü…

 Rəis təəssüflə:

-  Bu ki, lap insafsızlıqdır - dedi.

Müavin xımır-xımır güldü:

-  Fərasətin  at işləməz yollarından danışsam, ürəyin gedər, rəis. Bir-iki dəfə

onunla reyddə olmuşam. Elə hoqqalardan çıxır ki, heç yüz ilin müfəttişi də ondan baş çıxartmaz. Onunla işləyəndə adam cibidolu qayıdır.

       Rəis hiddətlə:

       -  Ə, o, uşaqdır, insafını unudub, sən, axı, yarımyaş adamsan, - dedi. - O cür gələn pulları sinirmək olmaz, axı.

      Məlik tənbehdən başını aşağı saldı, mızıldandı:

 -  Mən əlimə gələn pulun bir manatını da tək yeməmişəm, - dedi.

Rəis bu deyimin sözaltı mənasını başa düşdü. Barıt çəlləyi kimi  partlayacaqdı

ki, qapı açıldı, bir cavan oğlan içəri girdi. Rəis hirsini boğdu, mülayim halda:

-  Fərasət, gəl görüm, - dedi.

Fərasət onun arvadının bacısı oğluydu. Bu yaxında ali məktəb qurtarmışdı.

Rəis arvadının tapşırığı ilə Fərasəti işə götürmüşdü. Bilirdi ki, onun başından bir tük əskik olsa, evdə günü qara olacaq. Fərasət laqeydliklə:

-  Eşidirəm, qohum, - dedi.

Rəis qayğı ilə dilləndi:

-  Oğlum, bizim vəzifəmiz vergi yığmaqdır, qanunları qorumaqdır. Bizim haq-

sızlıq eləməyə haqqımız yoxdur, - dedi. - Yenə nə hoqqadır çıxartmısan?

      Fərasət eyni laqeydliklə:

      -- İndi nə günah işlətmişəm? -  deyə soruşdu.

      Rəis qayım səslə:

-  Hələ bir üzün də var danışmağa? - dedi. - Kompüterə qoydum, bir faylı aç-

maq üçün sahibkarlardan pul yığdın, bizi biabır elədin. Bəyannamə bölməsinə keçirtdim, qəbula gələnlərə qan uddurdun. Beş « şirvan» almamış sənədlərə qol çəkmirdin. Aləmi qarışdırdın bir-birinə. Keçirtdik səni sahələrə nəzarətə, buyur, yenə də qalmaqal.

      Fərasət ərköyünlüklə kürsülərdən birinə yayxandı. Rəisə baxmadan:

-  Ay qohum, nə pis iş görmüşəm e? - dedi.

Rəis bezgin halda:

- Ə, sənə neçə dəfə demişəm mənə «qohum» demə!

- Bəs nə deyim?

- Əmi desən, dayı desən dilinmi lal olar?

Fərasət hırıldadı:

- A qohum, haçan sən mənə dayılıq elədin, əmilik elədin? - dedi. - Bir dənə

cındır vəzifə vermisən, hər gün çağırıb uşaq kimi danlayırsan.  

Rəis bu sözdən tutuldu. Nəsə demək istəyirdi ki, Fərasət aman vermədi:

-  Mən yazıq, bu istidə ləhləyə-ləhləyə küçələrə düşmüşəm, sizin üçün pul

yığıram, bu da mənim mükafatım, - dedi. -  Allah şahiddir ki, əlimə gələni qəpiyinə qədər gətirib Məlik müəllimə verirəm. Payıma düşəni özü verir. Oturmusan sərin yerdə, elə bilirsən, pul yığmaq asandır. Hansı mağazaya girirsən, dəsmal götürüb ağlayırlar. Öz xoşu ilə nə verirlərki? Buna görə də qalmaqal da olur, hay-küy də olur, arada hoqqa da çıxır. Neyniyim, hamını yola vermək olmur, axı.

      Fərasət danışdıqca qızışırdı. Rəisin hövsələsi tükəndi:

-  Kəs səsini, qırışmal! Mən sənə demişəm, get xalqa şər at, onu soy? -  deyə

qışqırdı.

      Fərasət duruxdu. Astadan mızıldandı:

-  Sən deməmisən, Məlik müəllim deyib. Səhər çağırdı, dedi, « - Fərasət, ida-

rəyə pul lazımdır. Rəisin tapşırığıdır.» Mən də düşdüm küçələrə,… - dedi və qoltuğundan bir qom pul çıxarıb atdı masanın üstünə.

Rəis dik atıldı:.

-  Sənin yığdığın pul başına dəysin. Sənə görə mən xalqın yanında başaşağımı

olmalıyam? - dedi. - İtil gözümdən. Sən daha işləmirsən. Məlik müəllim, bunun əmrini hazırla.

Fərasət qohumunu heç belə hirsli görməmişdi. Bayaqkı yekəxanalığından əsər

qalmadı. Suyu süzülə-süzülə kabinetdən çıxdı.  

 İndiyə qədər arxayın oturan Məlik müəllim ayağa durdu. Sual kimi rəisin

qabağında dayandı. Çəkinə-çəkinə dilləndi:

 -  Rəis, pul yığmağın başqa yolu yoxdur, axı, - dedi. -  Ara yerdə o cür müfət-

tişi işdən çıxardırsan. Təki hamı Fərasət kimi olaydı, indi dirəyimiz də qızıldan idi.

      Rəis fikrə getdi..  

 

                                                        2002-ci il.

 

 
Xəbərçi
                                                                               

       Hamı bilirdi ki, Fail işverəndir. Xalq arasında xəbərçilərə belə deyirlər. Bu

arıq, sısqa kişi o qədər mülayim, o qədər üzügülərdi ki, buna heç kimin inanmağı gəlmirdi. Səliqə-səhmanlı geyinir, ölçülü-biçili danışırdı. Onun nə sevinən, nə də kədərli vaxtını görən olmamışdı. Oğul-uşaqdan, ata-anadan, bacı-qardaşdan nəyi var idi, nəyi yox idi, heç kim bilməzdi. Bu adam bağlı boxça idi.

     İdarənin əməkdaşları söz-söhbətlərini elə qururdular ki, daha  Fail ora-bura heç nə çatdıra bilməsin. Hamı oturuşuna-duruşuna fikir verirdi. O, idarədə görünən də yeriyən yerişini, gülən gülüşünü, danışan danışığını itirirdi.

       İşə təzə girmiş bir gəlinə idarənin əməkdaşları Failin əməllərindən o ki, var demişdilər. Başını elə doldurmuşdular ki, yazıq qız yerindən tərpənməyə qorxurdu. Onunla üzbəüz oturmuş Qətibə lağ eləyirdi:

      - Az, bu Fail əzrayıl deyil ki! Hərdən dəhlizə çıx, havanı dəyiş, qonşu  şöbələri gəz, söhbətləş, - dedi. -- Nə bitib qalmısan?

      Gəlin başını buladı:

      - Yox, bacı, mən buna ürək eləyə bilmərəm, - dedi. - Yüz minnətlə işə götürüblər. Çıxardarlar, qalaram avara, xərcim də batar.

      Qətibə ürəkdən gülürdü. O, Faildən çəkinmirdi. Onu görən kimi bərkdən deyirdi:

       -  Bəzi adamlar özlərinə sənət tapıblar da.  Söz  gəzdirməklə, ara vurmaqla baş dolandırırlar. Özgə vaxt kişilikdən danışırlar. Amma, arvad kimi hülqumları yoxdur. Nə bəndədən qorxurlar, nə də Allahın qəzəbindən.

      Bir dəfə şöbə müdiri Əli müəllim Qətibəni yanına çağırdı. Ordan-burdan söhbət edib sonra mətləbə keçdi:

       -  Ay Qətibə xanım, mənim sənə böyük hörmətim var, - dedi. - Vəzifəni yaxşı bilirsən, özün də çox savadlı qadınsan. Amma, dilinin dilçəyi yoxdur. Sənin nə borcuna, rəisin qızı nə geyinir, nə geyinmir. Tayın-tuşundur? Lağ eləməyə adam tapmırsan?

      Dilli-dilavər Qətibənin matı qurudu:

      -  Əli müəllim, bunu sizə nə tez çatdırdılar? - dedi. - Heç bir saat deyil mən o sözü demişəm. Kimdir bu adam, axı?

     Əli müəllim rəncidə halda ağ saçlarını sığalladı:

      -   Bu adamın kimliyi sənə gərək deyil, Qətibə xanım. Çatdıran, çatdırır da, - dedi. - Başını aşağı sal, işini gör. Baxmaram dostumun bacısısan. Çıxardaram, ataram bayıra.

       Qətibə dilini yenə də saxlamadı:

      -   Əli müəllim, olmaz ki,  dedi-qodu ilə məşğul olanı atasan bayıra? -dedi. - İndi nə zamandır, şöbədə casus saxlayırsız?

      Əli müəllim  onunula çənə-boğaz eləməyi artıq saydı, sakitcə dedi:

      -   Qətibə xanım, qurtardıq. Yadında qalsın, divarların da qulağı var.

      Şöbə müdirinin otağından çıxan Qətibə bulud kimi tutulmuş yerinə adladı. Sağ tərəfindəki masanın arxasında oturmuş Məzahirə qeyzlə dedi:

       -  O söz gəzdirəni tapsaydım, inan ki, didərdim. Zalım balası, günümüzü qara eləyib də. Ağzımızı açmığa macal vermir.  

       Məzahir pıçıltı ilə dedi:

      -   Az, səsini kəs. Görmürsən Fail otaqdadır.

      Qətibə eşitmirmiş kimi daha bərkdən dedi:

       -  Onu-bunu qaralamaqla çörək qazanırlar. Allah kəssin elə çörəyi.

      Məzahir yerindən durdu, tez dəhlizə çıxdı. Fail ilə münasibəti xoş olsa da, ondan bir az çəkinirdi. İnsandı da, fikirləşdi, olmadı elə, oldu belə, bir şey tapıb, apardı qoydu müdirin ovcuna. Onda ölünü qoy, dirini ağla. Əli müəllimlə Məzahirinki tutmurdu. Həftə yeddi, mən səkkiz, deyişirdilər. Əlinə bəhanə vermək olmazdı. Keçənlərdə Məzahirin Failə yaxşılığı dəymişdi. Aralarında salam-əleyk var idi. Fail də bir neçə dəfə Məzahirə kömək eləmişdi. Failin əli böyüklərin ətəyində idi.     

     Bir siqaret odladı. Qətibənin onun haqqında dediklərinə inanırdı, amma bunu müzakirə eləməyə həvəsi yox idi. Kölgə kimi arxasında bitmiş Faili görüb alışqanı əlindən saldı. Boğuq səslə:

–    Allah evini tiksin, qorxutdun ki, məni, - dedi. - Az qala ürəyim düşsün.

Fail asta səslə:

–    İndi elə bir şey deyəcəyəm, ürəyin doğrudan düşəcək, - dedi. - Sənin

adını hallandırırdılar. Özünü gözlə.

    Məzahirin rəngi ağardı:

     -   Harda?

     Failin üzü bir az da büzüşdü:

      -  Müavinin kabinetində, -- dedi. -  İclas idi. Bizim Əli müəllim də orda idi. Ən çox canfəşanlığı müavin edirdi.

     Məzahir mat qaldı:

     -  Balam, mən ona heç nə eləməmişəm, axı, - dedi. - Nə tapşırıq verir, yerinə yetirirəm, hörmətini saxlayıram. O, mənə niyə düşmən kəsilib?

    Fail çiynini çəkdi:

     - Əli müəllimdən soruşdu ki, Məzahir hələ də orda işləyir? Müdirimiz qayıtdı ki, bəlkə dəyməyək, yazıqdır, bir çətən külfəti var, işləməyinə də söz yoxdur. Getdiyi yerdən boş qayıtmır. Müavin hirsləndi, dedi ki, dikbaşın biridir, qov, getsin.  

     Məzahir təlaşla:

     -  Bəs, bizim Əli müəllim nə dedi? - soruşdu.

     Failin nazik dodaqları əyildi. Bu onun gülüşü idi:

      -  Müdirimizi tanımırsan? Başını ağır-ağır tərpətdi. Müavin cin atına mindi, onun üstünə çımxırdı: « O boş başını tərpətməkdənsə sözümü yerinə yetir, yoxsa, rəisin yanında səni daha müdafiə etməyəcəyəm.» Əli müəllim qızardı, kabinetdən çıxanda «baş üstə» dedi.

     Məzahir əlini əlinə vurdu:

      -  Ay namərd! - dedi. -  Mən Əli müəllimi kişi bilirdim. Demə, əskiymiş.

     Fail ona etiraz etdi:

      -  Elə demə, müdirimiz mərd adamdır, - dedi. -  Hər deyiləni yerinə yetirən deyil. «Baş üstə» deməyinə baxma, öz bildiyini edəcək.

      Məzahir Failə razılığını bildirdi. Narahat halda şöbəyə girdi. Makinaçı qız barmağı ilə müdirin otağını göstərdi:

       - Səni istəyir, - dedi.

      Otaqda hamı başını aşağı salıb, işlə məşğul idi. Guya, müdirin çağırışı heç kimi maraqlandırmırdı. Amma, Məzahir bilirdi ki, hamı qulağını şəkləyib gözləyir.

      Müdir onu çox mehriban qarşıladı. Yer göstərib, dedi:

      - Dostum, biz neçə illərdi bir yerdə işləyirik. Arabir atışmağımıza baxma, mən, səndən razıyam. Amma, rəis müavininə neynəmisənsə, deyir ki, iti görüm, qurdu görüm, onu görməyim.

       Məzahir müdirin bu mehribanlığından az qaldı qəhərlənsin:

       - Əli müəllim, keçən il belə bir iş olub. Qohum-əqrabasına cərimə yazmışam. Bəlkə, ona görə belə eləyir?

      Müdir maraqlandı:

       -  Nə üstə cərimələmişdin?

      Məzahir köhnələri yada saldı:

       - Qaydaya görə bütün obyektlər bizimlə müqavilə bağlamalıdır. Tullantıları, tör-töküntüləri biz yığışdırmalıyıq, onlar da hər ay haqq ödəməlidirlər. Müavinin qohumunun mağazası var. Tullantıların yığışdırılması haqqında müqavalə bağlamalı idik. O da müavinə güvənib, razı olmurdu. Mən də akt bağladım, sənədləri hazırladım, göndərdim məhkəməyə. Tutub ciyərini çıxartdılar. Ondan sonra gəldi, müqavilə bağladı.

      Əli müəllim təəssüflə:

       - Başa salaydın, məsələ bu mərtəbəyə qalxmayaydı, - dedi.

       Məzahir and içdi:

       -  Əli müəllim, canım üçün, düz bir həftə onun obyektinə ayaq döymüşəm. Hər üzünə söhbət eləmişəm. Başa düşmədi. Deyirdi ki, sizin bu zibil idarəniz məni dəng elədi.

      Şöbə müdiri təəccüblə:

      - Bizim komunal təsərrüfat idarəmizə zibil idarəsi deyirdi? Qohumu da rəis müavin ola-ola?

      Məzahir əllərini yana açdı:

       - Nə cür deyirdi, elə də deyirəm: «Zibil idarəsi» Bir neçə latayır söz də dedi, daha onları təkrar eləmirəm, - dedi.

      Əli müəllim yanağını qaşıdı:

       -  O cüvəllağını mən yaxşı tanıyıram, - dedi. -Daha nə deyib? Gizlətmə.

      Məzahir dilini sürüdü:

      -  Deyirdi ki, siz də sənət tapmısız? Kişi də zibildən çörək qazanar?

      Əli müəllimin sifəti bir az da dəyişildi. Məzahirə dedi:

      - Yaxşı, get, hər şey aydın oldu. Elə bil aramızda bu söhbət olmayıb. Necə var, elə də işlə.

     Məzahir kabinetdən çıxandan sonra ürəyi yerinə gəldi. Şöbə müdiri ilə həmrəylik yaranmışdı. Qalırdı müavinin dərsini vermək. Fikirləşdi ki, bunun yolunu Fail bilər. Ondan xahiş etdi ki, işdən sonra bir az yubansın, söhbəti var.

     Fail ona şübhə ilə baxdı. Məzahir ümidlə dilləndi:

- Mənə sənin köməyin lazımdır.

      Fail soyuq-soyuq:

     - Elədim də, - dedi. - Daha nə istəyirsən?

     Məzahir sıxıla-sıxıla fikirini axıra çatdırdı:

     -- Sən…, sən rəisin yanınıda tez-tez olursan.  

     Fail bir müddət susdu. Məzahir onun ştatda olmayan işindən söhbət edən birinci adam idi. Haçandan-haçana dilləndi:

     - Tutalım ki, oluram.

     Məzahir utana-utana dedi:

     - Elə elə ki, zirzəmilərin icarə sənədlərini yoxlatdırmaq üçün komissiya yaradılsın.. Müavin onları sənədsiz icarəyə verib. Zirzəmilərdə gör nə qədər obyekt var. Onlardan icarə pulu hara gedir, məlum deyil.  Bunu rəisimizə söz gəlişi çatdıra bilərsən?

Fail  gülümsədi:

      - Afərin! - dedi. - Bunu özün fikirləşibsən, yoxsa, məsləhət görüblər?

Məzahir də güldü:

      - Bütün sənədlər əlimin altındadır da, - dedi. - Mənimlə işi olmasaydı, mənim də onunla işim olmazdı.

      Fail başını buladı:

      -   Söz vermirəm, - dedi, - imkan düşdü, deyərəm.

     Bir həftədən sonra müavin kürsüsündə başqa adam otururdu. Məzahir asudə  nəfəs aldı. Xəbərçi Faildən də xeyir görmək olarmış.

 

 

 

 

 
Qiymət
                         
      Vəziyyət xarab idi. Amma heç kim özünü o yerə qoymurdu, deyib-gülürdü.

Gözəl tələbəlik illərinin qara gününü mətin qarşılamaq istəyirdilər. Hamının

«küpəgirən» adlandırdığı Səmayə xanım elektrik nəzəriyyəsindən onlara «zaçot»

yazmırdı. Dörd dost səbrlə Vilayəti gözləyirdi. O, söz vermişdi ki, çarə tapacaq.

Dostlar inanmasalar da, batan saman çöpündən yapışan kimi sözdən yapışmışdılar.

Vilayət də gəlib çıxmaq bilmirdi.

      Yataqxana imtahan qabağı çaxnaşmaya düşmüşdü. Hər şey, hər kəs hərəkətə

gəlmişdi. Hətta qarşıdakı bağçanın ağacları da elə bil bir yerdə dayanmırdı, dingildəyirdi. Yaz günəşi xoş bir hərarətlə göyün ortasında sallanıb, dayanmışdı.

      Danışıb-danışıb, yoruldular. Əndişədən dördünün də gözü yol çəkdi. Amma

qüssəli oturmaq Elxanın işi deyildi. Ağacın altındakı oturacaqda qərar tutmuş Turacın əlindən tutdu.

      - Başına dönüm, ay Turac, bə deyirdin nənəm falçı olub, sən də bir az bu elm-

dən halisən! - dedi. -  Cadu-piti eləyib canımızı bu «küpəgirən» dən qurtarsana!

       Sərrast atmacaları ilə həmişə hamını güldürən qız batqın səslə dedi:

       -  Şittəmə, yoxsa, könlündən şapalaq keçir?

      Hamı yenidən dirçəldi. Turacın solunda oturmuş Məhiş təəccübləndi:

       -  Uşaqlar, siz bilən Səmayə xanım bizimlə niyə düşünüşüb? - dedi. - Bizdən

nə istəyir? Pul almır, zəncə durmur, söz eşitmir, bəs, istədiyi nədir? Niyə bizdən

zəhləsi gedir?

      Elxan sarı saçlarını sığalladı, güldü:

      -  O, bizi sevir. Bizsiz dayana bilmir, ona görə də hər gün bizi çağırtdırır.

      Məhiş qara bığlarının altından qımışdı:

–    Yaman sevgidir. Bir həftədir bizi süründürür. Axırımıza çıxmasa əl çəkmə-

yəcək. Sevgiyə bax, a.

      Elxan inadla:

      -  Sevgidir e, amma qəddar sevgidir.

      Turac ürəkdən güldü:

      -   Bunu hardan çıxartdın? - dedi. - Ay özündən toqquşdurursan ha.

      Elxan təslim olmadı:

–    Qarımış qızların xasiyyətidir. Onların girinə biri keçdi, vay halına. Bu da

bizim payımıza düşüb. Nə yaxşı ki, dörd nəfərik. Tək olsaydıq halımız lap ağır

olardı.

      Bir xeyli güldülər. Keyfi kökəlmiş Turac:

      -  Ə, sən bunları hardan bilirsən? Dünənin uşağısan.

      -  Bilirəm də.

      Bayaqdan susan Məhiş tıntın səslə dedi:

      -   Biliciyə bax da. Elə bil bütün ömrü boyu qarımış qızlarla oturub-durub.

      Elxan fikrini tamamlamağa macal tapdı:

       -  Ə, bəs Turac nədir?

       -  Turac bacının bura nə dəxli var? - Məhiş təəccübləndi.

       -  O, da qarımış qızdır da, iyirmi dörd yaşı var, - deyə Elxan təmtəraqlı

səslə qeyd etdi.

       Yenə də gülüşdülər. Bayaqdan susan Məmməd asta-asta dilləndi:

       -  Bilirsiz, uşaqlar, Səmayə xanım hər axşam parka gəzməyə çıxır. Bir saat,

saat yarım orda vaxt keçirir…

       -   Qoca arvaddır da, tənha yaşayır, evdə darıxır, çıxır parkı gəzir, - deyə   

Məhiş çiyinlərini çəkdi. - Nə olsun?

       Məmməd eyni asta səslə davam etdi:

      - Parkın işıqları da zəif yanır, adam da çox olmur. Evləriynən parkın arasın-

dakı küçə dolanbacdır, həm də qaranlıqdır.

       Elxan qəribə bir maraqla ona baxdı:

       -  Olmaya vurulmusan ona? Gecələr o tərəflərdə neynirdin ki? - dedi.

       Məmməd qayım səslə davam etdi:

       -  Uşaqlar, sizə bir sirr də açım. Heç demə, Səmayə xanım pişikdən qorxur.

İndi, - dedi, - təsəvvür edin, qaranlıq küçədən keçirsən, üstünə pişik atılır, halın

necə olar?

       Məhiş yerindən dik qalxdı:

        -  Bura bax, belə söhbətləri burax. Baxmaram dostuq, ha, səni möhkəm

əzişdirərəm- dedi.

       Turacla Elxan təəccüblə:

       -   Sizə nə olub?

       Məhiş əlini yellətdi:

 -   Heç nə, - dedi. - Bu çölçü təklif edir ki, Səmayə xanımı gecə gəzintisi

vaxtı qorxudaq, bağrını çatladaq. Bayaqdan deyir, deyir, fikrini indi başa düşürəm.

       Məmməd utana- utana boynuna aldı:

       -  Bə neyniyək, axı? - dedi. - Əl çəkmir yaxamızdan. «Zaçot»u verməsək

imtahanlara da buraxmayacaqlar.

      Məhişin hirsi bir az soyudu:

       -  Allah evini tiksin, bir «zaçot»a görə, deyirsən, adam öldürək?

       Məmməd dilini nırçıldatdı:

       -  Əşi, niyə ölür e, üzü bərk arvaddır, qorxmayın. Hə, razısız?

       Məhiş əlinin dalı ilə havanı kəsdi:

       -   Boşla, dedim, sənə! - dedi. - Bu söhbəti qurtardıq.

       Elxan xəyala qapılaraq:

       - Amma, nə yaxşı olardı, - dedi. - Bir balaca qorxsaydı, bir balaca xəstələn-

səydi, dərhal yerinə bir başqa müəllim təyin edərdilər, biz də «zaçot»umuzu

alardıq. Biz ki, fənni bu cür bilirik, lap Əflatuna da imtahan verə bilərik. Uşaqlar, gəlsənə bir az qorxudaq?

       Turac Elxana təpindi:

       -  Bəsdir, heç lağlağı yeridir! - dedi və Məmmədə tərəf çevrildi. - Qoca  

arvaddır, bir haya bənddir. Sənin kimi ürəyiyumşaq oğlanda belə əzazillik har-

dandı? Heç belə bilməzdim?

       Məmməd ah çəkdi:

        -  Gül kimi plan çızmışdım. Hayıf ki, xoşunuza gəlmədi.

 Elxan ona təsəlli verdi:

         -  Ürəyini sıxma, uzaq başı institutdan qovacaqlar. Ölüm deyil ki! Qayıdar-

san kəndə.

       Məmməd yanğı ilə dedi:

        -  Sizə nə var e? Dərd mənim dərdimdir. Atam xəbər tutsa kəsilmişəm, gələ-

cək şəhərə, qatıb qabağına aparacaq kəndə. Gələndə şərt kəsmişik , axı.

Kəsirim oldu, onunla qoyuna gedirəm. Kişi tərsdir, dediyini eləyəcək.

        Məhiş onun könlünü almaq üçün:

–    Mən isə, Allahdan istəyirəm qovsunlar. Qutarıb neyləyəcəyik e? İş yox,

güc yox. Qalır arvad almaq,- dedi.

       Elxan istehza ilə:

       - Bə arvadı kim saxlayacaq? Atan?

       Məhiş ruh yüksəkliyi ilə:

       -  Elə niyə? - dedi. - O qədər qız var ki, evi də var, eşiyi də var. Hətta ma-

şını da var.

       Məmməd ondan gözlənilməyən bir ifadə ilə qeyd etdi:

       -  Onda, yanıbalalı al. Daha zəhmət çəkib, uşaq əkməyəsən.

      Ürəkdən güldülər. Arxadan yaxınlaşan Vilayət onları şad-xürrəm görüb, ba-

şını buladı:

       -  Maşallah, kefiniz kökdür ki! - dedi.

       Dostlar onun gəlişinə lap sevindilər:

        -  Gəl, çıx da. Harda batmışdın, ay ağsaqqal? -deyə Turac çığırdı.

       Vilayət günahkar halda:

        -   İşim vardı, - dedi və təklif etdi. - Onsuz da vaxtımız var, gedək çaydan

çörəydən yeyək, həm də söhbət edək.

       Onlar öcəşə-öcəşə yataqxananın həyətindəki, kafeyə girdilər. Sifariş verdilər.

Vilayətin iyirmi yeddi yaşı vardı. Hamı ona ağsaqqal deyirdi. Gəlib düşmüşdü

özündən beş-altı yaş kiçiklərlə bir qrupa. Bu, bərkə-boşa düşməmiş uşaqlara ürəyi yanırdı. Turac qəmli-qəmli dedi:

         -  Uşaqlar, hamı bilir ki, ağsaqqal kimi yaxşı oğlan, nəinki bizim qrupda heç

bütün kursda da yoxdur. Onun xatirini istəməyəni tanımıram.

        Vilayət dikəldi:

           -  Ay Turac, proloqsuz söz deyə bilmirsən?

        Turac onu eşitmirmiş kimi sözünü davam etdi:

         -  Bu adam qızıldır, gözümüzün işığı, qrupumuzun yaraşığıdır.

         Elxan Turacı hamıdın yaxşı tanıyırdı. Ona vagirə tutudu:

         -  Turac, üzmə bizi, - dedi.- Bunu bilirik.

        Turac ona göz vurdu:

         -   Elxan, ağsaqqal istəsə daha yaxşı oğlan ola bilər.

         Elxan yalançı bir maraqla:

         -   Nə təhər? Necə?

        Turac barmağını yuxarı qaldırdı:

         -   Ancaq savab işlərlə.

        Vilayət əllərini yana açdı:

 -  «Zaçot»unuzu verən günü sizə bir qonaqlıq verəcəyəm. Razı qaldız? -

dedi.

         Turac əlini yellətdi:

          -  Yox, bu nəzirdir, savab iş başqa şeydir.

        Vilayət təəccüblə:

        -  Hansı savab işdən söhbət gedir?

       Turac, nəhayət, onun tilova düşdüyünü görüb, pıqqıldadı:

 -  Ay dilbilməz, Səmayə xanımı alsan, olur savab iş. Həm onun bəxti açılır,

həm də bizim.

       Vilayət qıpqırmızı qızardı:

       -   Ay qız, insafın yoxdur? O hara, mən hara.

       Turac başladı məzələnməyə:

       -   Nə olar, evi, eşiyi, bankda hesabı! Bir az yaşı çoxdur.

       Elxan özünü itirmiş Vilayətin əvəzində, guya, cavab verdi:

       -   Yaxşı, aldım, sabah yıxılıb öldü, qaldım dul, mənə kim gələcək?

       Turac gülüşdən boğula-boğula:

       -  Qoy canımızı bu semester onun əlindən qurtarsın, dul qalan günün səhəri yeddi xalamın hansını istəsə ona verərəm.

       Daha onlarda gülməkdən can qalmadı. Vilayət özünü itirmiş halda:

       -  Uşaq-muşaq əlində qalmışam! Heç lağlağının yeridir? Mənə deyən gərək nə işinə qalıb, qoy canları çıxsın özləri öz dərdlərinə çarə qılsınlar, - dedi və hələ də pıqqıldayan Turacın üstünə düşdü. - Sənə deyirdim, axı, az gül, az dola bu arvadı. Deyirdin, ağsaqqal əxlaq müdərrisi olub. İndi buyur, ayın otuzudur, axırıncı gündür, hələ də qiymət kitabçası əlində gəzirsən.

        Doğrudan da, Turac Səmayə xanımla belə şeylərin üstündə atışmışdı.  Müha-

zirələrdə özünü çox sərbəst aparırdı. İyirmi dörd oğlanın arasında baş dolandırmaq hər qızın işi deyildir. Səmayə xanım onun oğlansayağı hərəkətlərindən bezikib, demişdi ki, ay qız, sən niyə qoşulmusan bunlara, sənin ərə gedən, uşaq bəsləyən vaxtındır, sənsə dingildəyirsən. Turac onu hoyduya qoymağa hazırlaşan oğlanların ümidünü gözündə qoymuşdu, Səmayə xanımın cavabını vermişdi: - « Müəllimə, bu nəsihətdən vaxtında özünüzə etsəydiniz, indi mənim boyda nəvəniz vardı.» - demişdi, bununla da münaqişənin əsası qoyulmuşdu.

      Onların sifarişi, nəhayət, gəldi. Çay, şirin kökə, dönər uşaqları susdurdu.

Hərə payını çəkdi qabağına. Vilayət Turacın süzdüyü çaydan bir qurtum içib,

dedi:

       -   Sözümə qulaq assanız, Səmayə xanımı yola gətirəcəyəm.

       Məmməd hövsələ eləmədi, tikəni udmamış soruşdu:

        -  Nə təhər, ə? Haçan, ə? İki saatdan sonra «zaçot»dur e, haçan yola gətirəcəksən?

       Tikəsi boğazında qaldı, Məhiş bir-iki dəfə onun kürəyinə vurdu.

        -  Qulaq as, bala, yeyəndə danışmazlar. Qoyunların pambıq tarlasına girməyib ki!

       Vilayət barmağını qaldırdı:

        -  Susun, lağlağı qurtardı, - dedi və üzünü Elxana çevirdi. - Sən şirin dilini işə

sal, sonrası mənim boynuma. Onun gözəl oğlanlardan xoşu gəlir. Özünü elə apar

ki, guya, o da kursun qızlarından biridir, guya bişirirsən.

       Elxanın ağzı getdi qulağının dibinə:

       -  Baho! Sən də Turac kimi danışırsan ki.

       Vilayət əllərini yana açdı:

       -  Başqa çarə yoxdur.

       Elxanın yaddaşı yaxşı idi. Özünə zəhmət verib mühazirə-filan yazmazdı.

Səmayə xanım belə şeyə dözməzdi. Acıqla soruşmuşdu ki, balam, niyə yazmırsan,

 imtahana nə təhər hazırlaşacaqsan? Elxan da qayıtmışdı ki, Səmayə xanım, Mə-

hişlə bir otaq da qalıram, alıb oxuyaram. Səmayə xanım da hirslə demişdi ki, neynək, imtahanı da Məhişə verərsən. Bununla da qara günləri başlamışdı.

       Vilayət üzünü Məmmədə çevirdi. Başladı onu diqqətlə nəzərdən keçirtməyə.

Birdən gülümsədi:

       -   Ayə, Məmməd, yenə çaxır içirsənmi? - soruşdu.

       Məmməd yerində qurcuxdu. Turac heyrətlə dedi:

       -    Məməd çaxır içir? Vay-vay, yəqin, dərd onu yıxıb.

       Məmməd uşaqların gülüşünə etina etmədən:

       - Heç kimin ağsaqqalın yanında əyri işi olmasın, adam biyabır edəndir, - dedi.

- Keçən il kirayə qaldığım evə qonaq gəlmişdi. Yemək hazırladım. Bir dənə də

çaxır aldım. Bir yerdə içdik. Bu, mənim qonaqpərvərliyim, bu da onun çoxsağolu!

      Vilayətin fikri iti işləyirdi:

       -  Üzün tüklü, saçların pərişan, gözlərin də qızarıb! Əladır! - dedi.

       Məmməd başa düşmədi:

       -   Göz qızarar da! - dedi. - Səhərə qədər mühazirə oxumuşam.

      Vilayət əllərini bir-birinə sürtdü:

       -    Sənin işin düzələcək.

       Məmmədin solmuş yanaqlarına qan gəldi:

       -    Ağsaqqal,  bu işi görsən, sənə iman gətirəcəyəm.

       Vilayət ona tapşırdı:

       -    Köntöylüyü burax, işləri korlama, hər şey yaxşı olacaq.

       Məmməd zavala başqa səbəbə görə gəlmişdi. Səmayə xanım bəzən mühazi-

rəni saxlayır, sual verirdi. Qaldırdığı tələbədən düzgün cavab almadıqda, yaxınla-

şıb başına çırtma vururdu, deyirdi: « - Necə də kütsən, ay bala! Bu biliklə mühən-

dis olmaq istəyirsən?».  Məmmədin də başına belə bir əhvalat gəlmişdi.Səmayə

xanımın onun başına çırtma vurmağa hazırlaşan əlini tutub, masanın üstünə qoy-

muşdu. Demişdi: « Başımın, müəllimə, heç bir günahı yoxdur. Onunla işiniz olmasın». Səmayə xanım hesabı vermişdi içəri.

       Vilayət  Məhişə tərəf çevrildi:

        -   Dayın Səmayə xanıma neyləyib ki, o, belə kin saxlayır?

        Məhiş dilini sürüdü:

        -   Deyirlər, bir on il qabaq dayım Səmayə xanımdan qiymət alanda, fırıldaq

işlədib.

        Vilayət çox maraqla:

        -   Yox, canım! Nə təhər olub? - soruşdu. - Bunu təfsilatı ilə danış görüm.

        Məhiş ləzzətlə başladı:

        -    Əhvalat belə olub. Dayımın alimliyinə baxmayın, cavanlıqda lotu olub.

Başı kefə qarışır, bir də ayılır, sabah imtahandır. Çox fikirləşəndən sonra, qoyur

qabağına on üçüncü bileti, yaxşıca əzbərləyir. Səhərisi imtahana girir, şəstlə bi-

let çəkir…

       Bu yerdə hamı birağızdan dedi:

        -  On üçüncü bilet!

        Məhiş güldü:

        -  Tökülmüşdü, - dedi. - dayım biletə baxan kimi, cəld onu masanın üstün-

dəki, o biri biletlərə qarışdırır. Səmayə xanım dik atılır: «- Ə, neynirsən?»

       Dayım deyir: «- Müəllimə, on üçüncü bilet düşmüşdü, nəhsdir. Qoy başqasını

çəkim.» Səmayə xanımın gözü az qalır kəlləsinə çıxsın: «- Dəli olmusan? Nə dü-

şüb onu da danışacaqsan.» Özü öz əli ilə on üçüncü bileti axtarıb, tapır verir dayı-

ma. Dayım yalandan bir az yalvar-yaxar eləyir, sonra onun hökmünə tabe olur…

Bir dənə kök beş alır.

       Vilayət:

       -   Bəs, müəllimə aldandığını bilmir?

       -  Sonradan bilib.  Bəs eşitmirsən, deyir ki, bütün kursu bilməyənə aman yoxdur. Kələklə bir tələbəm məndən qiymət alıb, o da indi alimdir. Elə ki, bildi mən onun bacısı oğluyam, Səmayə xanım mənimlə düşmən oldu.

       Vilayət tüklü üzünü qaşıdı:

        -  İşıq yeri var, narahat olma - dedi.- Atan necədir?

        Məhiş narahat halda:

        -    Canı ağrıyırdı, işə gedə bilmir. Gərək bu axşam özüm durum yerində.

Keşikçilikdən əl çəkmir. Deyirəm, əşi təqaüddəsən, nəyinə gərəkdir? Gülür deyir,

bala, bəlkə lazım oldu. İnstitutu qurtaranlara iş verən kimdir ki, gələrsən, durarsan mənim yerimdə.

       Vilayət başını tərpətdi, bayaqdan fikrə dalmış Turaca tərəf döndü:

        -   Hə, ay qrupumuzun ağbirçəyi, nə fikrə getmisən?

       Turac narazılıqla:

        -  Bu nə sorğu-sualdır ey? - dedi. - İş-gücün yoxdur? Bizi niyə avara  edirsən?

       Vilayət onu eşitmirmiş kimi təklif etdi:

        -  Sən qrupun ağbirçəyi, mən ağsaqqalı, gəlsənə müvəqqəti kəbinimizi kəsdirək?

       Uşaqlar yenə şənləndilər. Turac bezgin halda:

       -  Uşaqlarla durub-oturduqca, sən də uşaqlaşırsan a, heç belə zarafatın yeridir? -dedi.

       Vilayət ayağa durdu:

       -   Qorxmayın, hər şey yaxşı olacaq,- dedi. - Mən sizdən qabaq institutda ola-

cağam. Siz bir az gecikin. Görüm Səmayə xanımı bişirə bilirəm.

       Uşaqlar heç nə başa düşmədilər, amma ağsaqqalın dalınca ümüdlə baxdılar.

 Bir azdan tərpəndilər.

       On dəqiqəyə instituta çatdılar. Onlar auditoriyaya girəndə Səmayə xanım Vi-

layətlə şirin-şirin söhbət edirdilər. Onun əlli, əlli beş yaşı olardı. Xasiyyəti Xəzri kimi dəyişkəndi. Qocalığın möhrü dəyməyən bircə səsiydi, cingiltili və xoş idi.

       Uşaqları görüb, müəllimə tez ciddiləşdi, onları hərbə-zorba ilə qarşıladı:

       -  Hə, belə quzuya dönərsiniz! Bilmirdiniz, hər aydınlığın bir qaranlığı var?

Bilmirdiniz, dünya qapalı dövrədir? Oturun! - dedi və onların yanyana oturmaqla-

rını müşahidə etdi.

       Vilayət gülümsəyirdi. Səmayə xanım Məmmədə diqqətlə baxıb çığırdı:

       -  Bu nə üst- başdır? Səndən nə mühəndis çıxacaq? Üzünü qırxa bilmirsən?

       Məmməd çaşqın-çaşqın:

       -   Səmayə xanım, toya gəlməmişəm ki? - dedi.

       Səmayə xanım istehza ilə:

       -  Bala, heç yasa da gəlməmisən, axı? - dedi. - Üzü tüklü, saçları pırpız, gözü qızarmış imtahana gələrlər?

      Məmməd ağzını açmaq istəyirdi. Vilayət ona göz vurdu ki, dinmə, Səmayə

xanıma astadan dedi:

      -  Müəllimə, onun dərdi böyükdür.

       Səmayə xanım maraqlandı:

       -  Nə olub ki?

      Vilayət kədərlə dilləndi:

       -  Məmmədin kirayə qaldığı evin sahibəsi, heç demə,içki düşkünüdür. Bu yazığa da gün vermir, məcbur edir ki, içsin.

      Səmayə xanımın gözü kəlləsinə çıxdı:

       -  Nə danışırsan?

       -  Düzü belədir, Səmayə xanım, - Vilayət qondarma kədərlə dedi. - Yazıq ev

sahibəsinin əlindən dərs oxuya bilmir.

       -  Çıxsın ordan…

       -  Belə ucuz ev tapmaq elə bilirsiz asandır?

       - Əşi, nağıl danışma, - Səmayə xanım çığırdı. - İçkini boğazına zorla tökürlər, içməsin.

      Vilayət rəngləri lap tündləşdirdi:

       - Bəla ondadır da, - dedi. - Ev sahibəsi Məmmədi evdən qovmaqla hədələyir.  

       Səmayə xanım vaysılandı:

       -  Vay! Yazıq, institutu qurtarana qədər  kefli İskəndərə dönər ki!

       Bayaqdan mat-məhbut qulaq asan uşaqların qırışığı açılırdı. Bu yerdə Elxan

onu hamıya sevdirən məxsusi təbəssümü ilə söhbətə qarışdı:

       -   Səmayə xanım, yazığın iştahı küsüb, üzünü qırxmağa ərinir, həyatdan bezikib… Bu hamısı içkinin fəsadlarıdır.

      Səmayə xanımın alnı qırış-qırış oldu, Məmməddən soruşdu:

       -  Nə qədər içirsən, bala?

      Məmməd özünü lap itirmişdi, bilmədi nə cavab versin. Ağsaqqal onun kömə-

yinə gəldi:

       -  Müəllimə, hər gün iki şüşə boşaltmasa, ev sahibəsi ondan əl çəkmir, - dedi. - Bazar günləri isə lap dəhşətdir. Özüm şahidiyəm. Üç şüşə içirdir.

       -  Məmməd, niyə belə edirsən? - Səmayə xanımın gözləri yaşarmışdı. - Canına yazığın gəlsin,bala. Tüpür o evə, çıx get ordan, şikəst olarsan. Qiymət kitabçasını ver bura, - dedi və Məmmədin qorxa-qorxa uzatdığı kitabçanı aldı, məqbul yazdı, özünə qaytardı. - Get, amma söz ver ki, tezliklə o evdən çıxacaqsan.

       Məmməd mızıldana-mızıldana qalxdı, dal-dalı qapıdan çıxdı. Hamı bir yün-

güllük hiss elədi. Səmayə xanım xəyala dalıb ürəyini açdı:

       -  Müharibə təzə qurtarmışdı. Moskvada oxuyurdum. Bir qarın ac, bir qarın tox mühazirələrə gedirdim. Bir də görürdüm akademik Ağabəyov deyirdi:  «Cənublular mənimlə gedəcək. Onlar çətinlik çəkirlər, evdə məşğul olacağam.» Biz də dörd nəfər idik. Sizin kimi: üç oğlan, bir qız. Akademikin arvadı süfrə açırdı, bizi möhkəm yedirdirdi… Eh, belə müəllimlər olub.

Elxan böyük bir ilhamla dedi:

–    Səmayə xanım, akademik Ağabəyovun da kitabını oxumuşam, sizin

mühazirələrinizi də. Üzünüzə demək olmasın, sizin mühazirələr daha güclüdür, daha anlaşıqlıdır, daha sanballıdır…

       Səmayə xanım əl-qolunu yellətdi:

       -  Kəs səsini! - dedi. - Qırışmalın dediyinə bax ha! Mən hara, akademik hara?

       Vilayət Elxanın köməyinə gəldi:

       -  Düzü, Səmayə xanım, mən Elxanla şərikəm. Tələbə müəllimindən irəli getməsə inkişaf ola bilməz, axı. Nahaq təvazökarlıq edirsiniz.

       Elxan  ağsaqqalın göz basmasından bir az da ruhlandı:

       -  Mən də onu deyirəm də, - dedi. - Səmayə xanımın mühazirələrini bədii kitab kimi oxuyuram.

       Müəllimə mum kimi yumşalmışdı. Tərifdən solğun yanaqlarına qan gəldi.

Amma, hələm-hələm kürəyini yerə qoymadı. Növrəstə qız səsi ilə çığırdı:

       -  Ay cüvəllağı, - dedi, - mühazirələrimi yazırdın ki, oxuyaydın da?

       Elxan qoltuğundan bir dəftər çıxartdı. Qoydu Səmayə xanımın qabağına. Dəf-

tər tamaşa idi. Vərəqlər elə bil şəkildi, üzə gülürdü, sərlövhələr bir rəngdə, abzas-

lar bir ayrı rəngdə, çıxarış və nəticələr bir-birindən gözəl yazılmışdı. Elektrik

sxemləri, elə bil, rəsm əsəri idi. Elxan bu işə iki gün nahaq yerə vaxt sərf

eləməmişdi ki? Səmayə xanımın sözü qalmadı. Dedi:

       - Dəftər məndə qalacaq. Qiymət kitabçanı ver.

       Elxanı da yola salandan sonra Vilayət bir az rahatlanmışdı. Səmayə xanım bir-

dən hirslə ayağa qalxdı:

       -  Daha vaxt itirməyək,- dedi və Turacla Məhişə  baxmadan, - Vilayət, nə bu qıza, nə də  alimi-biəməlin bacısı oğluna qiymət yazan deyiləm.

       Vilayətin ürəyi düşdü. Hövüllə dedi:

       -  Müəllimə,…

       Səmayə xanım onun ağzından vurdu:

       -   Qırx ildir müəlliməyəm! - dedi. - Mən sözümü dedim.

       Vilayət  Turaca işarə elədi. Qız dinməz-söyləməz yerindən qalxdı, qapıya

getdi. Ağsaqqal kədərlə dedi:   

        -  Rəhmətliyin qızı, mən bu qıza görə bu yaşımda gəlib ali məktəbə girmişəm.

       Səmayə xanımın çənəsi təəccübdən sallandı və oturdu:

       - Nə? - dedi. - Belə de!

       Vilayət ah çəkdi. Zalım balası rola yaman girmişdi. Dediklərinə özü də inanır-

dı:

       -  Turac kursda qalsa, ali məktəbi atacaq, qayıdıcaq rayona, mən də onun dalınca getməli olcağam. Müəllimə, mənimki həyatda gətirmir. Hər işim belədir.

       Səmayə xanım çar-naçar:

       -  Zəvzək-zəvzək danışma, adam kişi olar, - dedi. - Get onun da kitabçasını gətir.

       Vilayət utana-utana dedi:

       -  Kitabçası məndədir…

       Səmayə xanım bu kitabçanı da yazandan sonra, yenə qalxmaq istədi, Vilayət

macal vermədi:

       -  Müəllimə, Məhiş, vallah, yaxşı oğlandır,  - dedi.    

       Səmayə xanım fəryad elədi:

–    Lap qızıl da olsa, ona qiymət yazmayacam, - dedi. - Ta onun kələkbaz

dayısı gəlib ayağıma düşməsə, üzr istəməsə, xeyri yoxdur.

–    Dayısının Məhişə dəxli yoxdur, Səmayə xanım. İki ailə bir-birinə düşmən-

dir.

       Səmayə xanım sakitləşdi:

       -  Bu da təzə çıxdı?

       Vilayət başladı özündən toqquşdurmağa:

        -   Məhişin atası Məhişin anasını götürüb qaçıb. Aradan iyirmi il keçsə də

hələ barışmayıblar. Onun tarixçəsini məndən yaxşı bilən yoxdur. Atası şikəstdir,

təqaüd alır, imkanları yoxdur. Dayılarının acığına Məhişi oxudurlar. O da qeyrət-

li oğuldur, gecələr keşikçilik edir, qazandığını geyiminə verir ki, dayısı uşaqların-

dan geri qalmasın. Utandığından yazıq bunları heç kimə deyə bilmir.

       Səmayə xanım başını buladı:

       -   Məhiş, bala, bunları mənə deyə bilməzdin? - dedi. - Hər şeyin öz yeri var.

Səni kəsmək günahdır, axı… Ver kitabçanı…

       Məhiş kitabçanı götürüb çıxdı bayıra. Səmayə xanım dəftər-kitabını yığışdır-

dı, Vilayətin müşayiəti ilə auditoriyadan çıxdı. Dəhlizdə dayanan tələbələrə diq-

qətlə baxdı, kafedranın  qapısından içəri girdi. Uşaqlar hay-küylə ağsaqqalın üstü-

nə cumdular. Vulkan kimi püskürən sevincdən az qalırdı, bina yerindən qopsun.

Birdən qapı açıldı. Səmayə xanım bayıra çıxdı və hiyləgər bir təbəssümlə dingil-

dəşən tələbələrə:

       -  Pis deyildi, canınızı əlimdən yaxşı qurtardınız. Bu senarinin müəllifi istəni-

lən melodramanı yaza bilər. Afərin ona! Görək imtahanda neyləyəcəksiniz? - dedi

və qayıtdı içəri.

       Səmayə xanım içəri girəndən sonra beş tələbə heykəl kimi quruyub qaldı.

       Senaridə bu cür sonluq nəzərdə tutulmamışdı.

 

                                                                                      1995-ci il.     

 

 
Bir məktəbin  qiyamı

 
  Çox heyif ki, daha səlnamələr yazılmır. Tərəqqi bu gözəl adəti müasirlərimizə
tərgidib. Çox heyif! Halbuki, ətrafımızda salnamələrə düşməyə layiq elə dürlü-dürlü, sirrli-sirrli əhvalatlar baş verir ki, qələmə alınsaydı, kitab bağlansaydı, gələcək nəsillər salnaməçiyə heykəl qoyardı. İşdi, heykəl də qoymasaydılar, ruhuna rəhmət oxuyardılar. Çox heyif, biz nə heyklə, nə də rəhmətə layiq bu işi görmürük. Heyif ki, hamının tanıdığı məktəbdə baş verənlərdən nəvə-nəticələrimiz bixəbər qalacaq. Tarixdən məlum olan «Çay üsyanı», «Mis qiyamı» «Duz ixtişaşı»  ilə müqayisədə, aşağıda təsvir olunan hadisə min dəfə örnəklidir.

Nəsillərin yaddaşında qalmağa layiqdir. Bu, bəndənin şəxsi fikridir. Nəql edərəm,

özünüz də qiymətini verərsiniz.

      İş belə olmuşdu. Quzu kimi sakit məktəb gözlənilmədən vəlvələyə düşmüşdü.

Müəllimlər Xalıqovu qabaqlarını qatmışdılar. Karandaş, dəftər, qələm yağmuru

altında geri çəkilən direktoru tərəfdarları meydanda tək qoymuşdular, katibə qarı-

şıq düşmən tərəfə keçmişdilər.

     O, keçmişdə ağırlıq qaldıran olmuşdu.İdmanı tərk edəndən azca sonra məktəbə

direktor göndərmişdilər. Elə ilk gündən asaram-kəsərəmlə işə başlamışdı. İndi,

köhnə zamanları yada salaraq, bir dəli nərə çəkdi, hucumun qabağını saxlamağa

cəhd etdi. Amma, qiyamın rəhbəri dərhal taktikanı dəyişdi. Hərbi bicliyə əl atdı.

Qiyamın rəhbərinin hiyləgərliyinə söz ola bilməzdi. Direktordan yanıqlı qadın  

bölməsini döyüşə yeritdi. Onlar da ən yaxşı silahlarını - gecə-gündüz cilalanan,

pardaqlanan caynaqlarını işə saldılar. Direktor bunlara davam gətirdikdə,

«Stringer» raketləri - dikdaban ayaqqabılar işə düşdü. İki qadın isə döyüşün qəbul

edilmiş qaydasını pozub, saç yoldu fəndinə əl atanda, Xalıqov sındı. Əzilmiş,

yolunmuş  qaz kimi gerilədi. Fizika kabinetinin qarşısından keçəndə qapı açıldı, lazer topu şagirdlərin köməyilə dəhlizə çıxarıldı və Xalıqova tuşlandı. Balacaboy, arıq Fətulla müəllim qışqırdı:

        -  Uşaqlar, məktəbin axırıncı despotunu bir yaylım atəşinə qonaq edin!

       Bu, əlbəttə, lazer cihazının maketi idi, atəş-filan açan zibil deyildi, amma to-

pun ona tuşlanması faktı çox şey deyirdi.

       Xalıqov ürəyini tutdu. Açılmayan atəş kişinin sinəsini yaraladı. Başa düşdü ki,

daha müqavimət göstərmək havayı işdir. Əllərini qaldırdı:

        -   Qoy, siz deyən olsun, gedirəm, - dedi.

        Bu onu xilas etdi. Qiyamın başçısı boğazını yırtdı:

        -  Ay camaat, qan tökməyin. Biz ədalət tərəfdarıyıq. Ədalətsizliyə yol verə

bilmərik.

        Bu çağırış aranı soyutmaqdansa daha da qızışdırdı. Xalıqov onlarla müəllimin zərbələri altında qapıya sıxışdırıldı. O, çalxalanmış şampan şüşəsinin tıxacı kimi bayıra atıldı. Sərin hava qiyamçıları ayıltdı. «Qaçanı qovmazlar» məsəlini xatırlayıb, daha Xalıqovu təqib etmədilər.

        O, axsaya-axsaya rayon təhsil şöbəsinə tələsəndə dalısıyca qapı siyirtmələri-

nin çəkildiyini də eşitdi. Təhsil şöbəsi məktəbdən bir bina aralı idi. Xalıqov müdi-

rin qəbul otağında özünə gəldi. Pəjmürdə, rəng-ruhu qaçmış məktəb direktorunu

katibə qız adəti üzrə: « - Olmaz, məşğuldur.»  çımxırtısı ilə qarşıladı. Sal qaya ki-

mi qapını kəsdi. On ballıq zəlzələ də, deyəsən, onu yerindən dəbərdə bilməzdi.

Bütün məktəb direktorlarına məlum idi ki, bu qız katibəlik elminin ən yüksək

zirvələrini fəth eləyib. Amma, Xalıqovun indi heyrətlənməyə və katibənin qiymə-

tini verməyə macalı yox idi. Onu qırağa itələyib pardaqlı qapını şaqqıltı ilə açdı və

yaralı ayı kimi içəri təpildi. Kabinetdəkilər basqından diksindilər. Xalıqovun üzü-

nün ifadəsi, üst-başı onları vahiməyə saldı. Katibənin  qeyzdən əsən qaməti  

kandarda dikəldi. O, töhməti gözünün altına almışdı. Ciyiltili səslə:

       - Qərib müəllim, bu adam icazəsiz girdi, - dedi.  

       Kabinetin sahibi əlini yellətdi və katibə qəflətən göründüyü kimi də yox oldu,

elə bil havada əridi. Təhsil şöbəsinin müdiri ortada bitib qalmış Xalıqova dedi:

       -  Hə, cənab direktor, danış görək, zəlzələdən qaçmısan, ya vəlvələdən?

      Xalıqov danışa bilmədi udqundu. Müdirin ona yazığı gəldi, ağızucu güldü:

       - Keç, otur. Söhbətin şirin yerində gələn erməni kimi qapıda durma. Keç otur,

 dərdini danış.

       Xalıqov az qala yıxıla-yıxıla özünü kürsüyə çatdırdı. Uşaq kimi kövrəlib bur-

nunu çəkdi:

       -   Qərib müəllim, məni direktorluqdan çıxartdılar. Kömək edin, - dedi.

       Qərib müəllim orta boylu, arıq bir adamdı. Pəzəvəng Xalıqova, ürəyinin dərin

guşələrində gizlədilən bir hörməti vardı. Kəlpeysər, hündür, hər əmrinə «baş üs-

tə» deyən bir kişinin az qala ağlamasına mat qaldı. And-aman elədi:

        -  Vallah, billah, səni çıxartmamışam. Bu hardan ağlına gəlib. Heç altı ay de-

yil səni vəzifəyə qoymuşam, - dedi və otaqdakıları şahid çəkdi. - Buyur, qohum-

larından soruş.

         Xalıqov əlini gözünə çəkdi:

         -  Məni…məktəbin müəllimləri işdən çıxartdılar.

        Qərib müəllim qurudu qaldı. Söz, nəhayət, ona gəlib çatanda çığırdı:

         - Necə? - soruşdu və inamsızlıqla güldü. - Deyəsən, sənin başın xarab olur.

Mənə deyən gərək, ştanq qaldırandan da məktəb direktoru olar? Əli müəllim, ha-

mısının günahı səndədir. Hər diplomlu adamdan müəllim çıxar?

        Müdir müavini Əli müəllim darılmış halda əlini qohumunun üstünə silkələdi:

        -  Yeri get, kişinin vaxtını alma, - dedi və hədə ilə - Səninlə söhbətimiz qal-

sın başqa vaxta.

        Xalıqov həmkarlar təşkilatının sədri Ənnağının yanında oturmuşdu. Onun

həssas burnu dərhal spirt iyini almışdı. Özünü saxlaya bilməyib güldü:

        -    Yox, canım, başı xarab olmayıb, arağın qüdrətindəndir, ha, ha, ha.

        Ənnağının səsi gücləndirici qoşulmuş radionun səsi kimi çıxdı. Hamı qulağını

tutdu.

        Qərib müəllim ona acıqlandı:

        -    Yekə kişisən, deməmişəm mənim kabinetimdə at kimi kişnəmə. Sənin

səsindən sonra qulaqlarım bir həftə cingildəyir, - dedi və Xalıqova döndü. - İçki-

lisənsə, get ayıl gələrsən.

       Xalıqov bu xoş münasibətdən lap kövrəldi:

       -    Qərib müəllim, vallah, sərxoş deyiləm. Müəllimlər qiyam qaldırıb. Az

qalmışdı məni öldürsünlər. Canımı gücnən qurtarmışam, sizə pənah gətirmişəm.

      Rayonun hörmətli məktəblərindən birinin direktoru qocaman Nizam müəllim

də həmkarının bu halına daha dözə bilmədi:

       -  Səfeh-səfeh danışma, - dedi. -  Müəlim nədir, qiyam qaldırdı nədir?

       Elə bu dəm Qərib müəllimin meydança boyda olan masasının üstündəki

selektorun lampası yandı. Müdir mikrafona döndü, düyməni basdı:

       -  Hə?  -mızıldandı.

       Məktəb direktorları onun telefonla etinasız danışmığına adət etmişdilər.  

       … -  Qəribovdur? …

       Mikrafondan otağa dolan kobud səs naqolay şapalaq kimi Qərib müəllimi tut-

du. Üzü ləkə-ləkə oldu. Telefondakının sabahkı gününü təsəvvür edib kabinetdə-

kilər qulaqlarını şəklədilər. Qəribovla bu dildə danışan igidin kimliyi hamını bərk maraqlandırdı. Müdirin gözlərində ildırım çaxırdı. Elə bil naməlum müsahibini külə döndərəcəkdi:

       -  Bu nə səfeh sualdır? Məndən başqa burda kim ola bilər?  

       … - Hi, hi , hi! Hərif hirslənib… -  gülüş və xısıltıdan sonra gur səs elan etdi.

-   Bu saat səninlə məktəbimizin təzə direktoru danışacaq.

       Qəribovu hirsdən əsməcə tutdu:

       -   Nə? - bağırdı.

      … - Boğazını yırtma, qulaq as,  -  qısa fasilədən sonra kimsə boğazını arıtladı.

 -  Öh, öh! Hörmətli Qəribov,  məktəb kolektivinin iradəsini yerinə yetirib, əziz-

giramınız Xalıqovu direktorluqdan kənarlaşdırmışıq. Bizim tələblər yerinə yetiril-

məyincə, heç sizi də tanımırıq.

      Qəribov çaşqın halda soruşdu:

       -   Axı, sən kimsən? Adın nədir? - dedi və səsi qırıldı.

      … -   Tələsməyin , adımı da biləcəksiniz, tələblərimizi də, - deyə naməlum

adam ona guya ürək-dirək verdi.

      Qəribov zəhmli görkəmini get-gedə itirirdi:

      -    Bu hərki-hərkilik, dərəbəylik sizə baha oturacaq.

     …  -  Çox qanmaz adamdır, gəlsənə bunu da Xalıqovun dalınca göndərək? -

Kobud səs  eşidildi. Deyəsən, müraciət etdiyi adam onun ağzını tutdu. Mülayim-

liklə dilləndi, - Qəribov, həyəcanlanma. Bu dərəbəylik deyil, dərəbəyliklə müba-

rizədir, bu bir. Bu iş bizə nə qədər baha otursa, bir o qədər də sizə baha satılacaq,

bu iki. Qanuni tələblərimiz yerinə yetirilənə qədər biz rayon təhsil şöbəsini tanı-

mırıq, bu da üç.

        Qəribovun sinəsi körükləndi, təngnəfəs çığırdı:

         -  Bu saat polis çağıraram.

        … - Məsləhət görmürəm. - Naməlum adam bunu gözləyirmiş kimi ölçülü

biçili səslə dilləndi. - İşi bu mərtəbəyə çatdırsanız sizin üçün pis olacaq. Açarıq

sandığı, tökərik pambığı.

         Qəribov bir az həsdədi:

          -  Boş-boş danışma. O, nə pambıqdır elə?

         … - Baş kəsən pambıqdan söhbət gedir, ay Qəribov. On ildir canımızı boğa-

zımıza yığmısan, daha dözməyə taqətimiz yoxdur. Şair demişkən, dolan bulud bo-

şalacaq, bu, hökmüdür təbiətin.

          Qəribov özünü lap itirdi:

          -  Hansı şair, ə, olmaya bizim şairi deyirsən?     

          Naməlum adam şaqqıltı ilə güldü:

          … - Elə sizin şair də… ha, ha, ha. Aləmsən, ay Qəribov, aləm.

         Qəzetlərdə arabir şeirləri çıxan bir müəllim var idi. Bayramqabağı iclaslarda,

yığıncaqlarda yazılarını oxuyurdu. Qəribova ithaf etdiyi bu cızmaqaraların ona  

xeyri dəymişdi. Kişi indi məktəb direktoru idi. Belə çıxırdı ki, indi, o da bu qiyam-

çılarla əlbir olub. Qəribov yazıq günə qalmışdı. Dili daha söz tutmurdu. Müavini

onun köməyinə gəldi. Mikrafonu özünə tərəf fırlatdı:

        -   Ay, adı bilinməz direktor, artıq söz lazım deyil. Tələblərini, de.

        … -   Baa! Əli müəllim, pampıqla baş kəsən Əli müəllim, darıxma, tələbləri-

mizi yazılı şəkildə çatdıracağıq. Elçimizi gözləyin.

         Ənnağı müəllim mikrafona yaxın gəlmədən, bağırdı:

          -  Bu da təzə çıxdı? Elçi nədir e?

          … - Ay Ənnağı müəllim, sənə Qəribov deməyib ki, kabinetdə ağzını açma?

Bax, tapşırıram ha, elçimizi hörmətlə qarşılayın.  

         Qəribovun dili söz tutdu:

         -  Yaxşı,  adamınızı göndərin, - dedi.

        Əlaqə kəsildi. Xalıqov dərhal ayağa qalxdı:

         -    Gördünüz, Qərib müəllim, mən sizə deyəndə...

        Qəribov hirsini onun üstünə tökdü:

         -   Zəhrimar deyəndə, çor deyəndə, - qışqırdı. - Əcəb direktorsan! Qulağının dibində bu  boyda həngamə düzəldirlər, qiyam qaldırırlar, bizimsə xəbərimiz yoxdur. Əfəlin biri!  

        Xalıqov çəkinə-çəkinə onun yadına saldı:

–    Keçən həftə sizə siyahı vermişdim, axı. Demədimmi, bu müəllimlər aranı

qarışdırırlar, söz eşitmirlər. Amma, qulaqardına vurdunuz, dediniz, get, ştanqını

qaldır, kadr məsələsi sənin işin deyil. Bu da axırı.

       Qəribovun yadına düşdü və susdu. Ənnağı müəllim başını buladı, yanan ocağa

yağ tökdü:

       -  Ay fərsiz direktor, uşaq-uşaq danışma. Bu, bir həftənin, on günün işi deyil. Boynuna al ki, məktəbi başlı-başına buraxmısan. Onlar da yaxş hazırlaşıblar, - dedi.

      Qəribovu yenidən od götürdü, amma Əli müəllim onu qabaqlayaraq Xalıqovun

üstünə düşdü:

        -    Sənin kimi qohumun başı batsın. Məni hər yerdə biabır edirsən. Səndən

direktor çıxmaz…- dedi.  

       Xalıqovun boğazı qurudu:

       -   Qohum, başına dönüm…- deyə mızıldandı.

Qəribov yumşaldı, dili topuq çalan Xalıqova yazığı gəldi:

       -  Yaxşı, olan olub da, - dedi. - Xalıqov, hələlik gözümə görünmə. Vəziyyətdən çıxaq, sənə yer taparam.

      Ənnağı müəllim qalxmaq istəyən Xalıqovu saxladı:

       -   Dayan görüm, - dedi. - Qərib müəllim, qoy, qalsın, bəlkə, bizə lazım oldu.

Bu qiyam onun günahından baş verib. İti öldürənə sürütdədərlər, ha, ha, ha.

       Qəribov özünə gəlmişdi, yenə ona acıqlandı:

       -    A kişi, yavaş da! Yanına çuvaldız soxmayıblar ki?  

       Sözün bu yerində katibənin qorxmuş qaməti qapıda bitdi:

       -    Qərib müəllim, iki nəfər yanınıza girmək istəyir. Deyirlər, elçidirlər.

       Müdür hirslə:

        -   Burax, - dedi.

      Allahqulu müəllimlə laborant Səfurə taybatay açılmış qapıdan içəri şəstlə qə-

dəm qoyanda Qəribovun gözlərinə qaranlıq çökdü. Məlum oldu ki, qiyamın baş-

çısı hər kimdisə, çox püxtə adamdır, təhsil şöbəsinin cikini də bilir, bikini də.  Qəribov daş dəymiş ayı kimi dodaqlarının altında donquldandı:

        -  Kül başına, ay Qəribov. Gör kimlərin əlində qalmısan.

       Bu,  həmən Səfurə idi ki, hər dəfə əlindən baş götürüb Azərbaycanın müxtə-

lif şəhərlərinə qaçan ərini tapdırıb zorla evə qaytarırdı. Kişi onun əlində əsir-yesir idi. Axırda, Səfurənin zülmünə dözməyib, baş alıb Rusiyaya getmişdi. Səfurə, az qala orda da onu haqlayacaqdı. Amma kişi zirək tərpənmişdi, özünü vermişdi Çinə. Səfurə ərinin izini itirəndən sonra düşmüşdü başqa kişilərin canına, hayfını onlardan alırdı. İşlədiyi məktəbdə, qonum-qonşuda, çöl-bayırda gözünə bir naxoş kişi dəyən kimi  başlayırdı müharibəyə. Allahqulu müəllimdən bir az çəkinirdi. Çünki, o da özünə görə ad çıxartmışdı. İdmandan dərs deyirdi. Amma qələminə adlı-sanlı ədəbiyyat müəllimləri də həsəd aparırdı. Məktub yazmadığı, şikayət etmədiyi yüksək mərtəbə qalmamışdı. Hər məktubu sənət əsəri idi. Bu işdə səriştə sahibi olduğundan yanına məsləhətə gələn çox olurdu.

         «Elçilərin» bu şöhrəti Qəribovun dilini damağına yapışdırmışdı. Əli müəllim

onun dinmədiyini görüb kabinetdəki gərginliyi azaltmaq üçün mülayim halda:

        -  Gəlin, oturun, - dedi. - Rəhbərliklə qiyam başçılarının birgə iclasını açıq elan edirəm. Söz sizindir.

      Allahqulu müəllim əyri-əyri baxdı. Əslində onun düz, ya əyri baxdığını demək

çətin idi. Kişinin baxışı belə idi. Gözündə bir az çəplik var idi. O, oturmadı, cibindən çıxartdığı kağızdan oxudu. Amma, səsindən məlum olurdu ki, oxumur, kağızda yazılanı əzbər bilir.

        -  Biz bütün müəllim, şagird heyəti adından vəkil edilmişik ki, aşağıdakı tə-

ləbləri nəzərinizə çatdıraq.

      Qəribov onun bir hovur nəfəs dərməyindən istifadə etdi:

      -  Məktəbdə qırx nəfər müəllim işləyir, - dedi. -  Hamı sizə vəkalətnamə ve-

rib?

       Allahqulu müəllim hazırcavablıqla onun istehzasını dəf etdi:

       -    Sizi necə? Tutduğunuz vəzifəyə müəllimlərin vəkaləti ilə qoyublar?

       Yerində deyilmiş söz Qəribovun çənəsinə yenə kilid vurdu. Elçi təbəssümlə:

        -   İncimə, Qəribov, hətərən sualın, pətərən cavabı olur. Öz günahındır. Həə!

Mətləbdən uzaq düşməyək…, nəzərinizə çatdıraq. Birinci, Xalıqov günü bu gün-

dən vəzifəsindən azad edilsin. Səbəbi, acgözdür, pulagirdir, müəllimləri şagirdlər-

dən pul yığmağa məcbur edir, kobuddur, bir sözlə nadandır. İkinci, məktəb direk-

toru seçki yolu ilə təyin edilsin. Üçüncü, məktəbin işinə təhsil şöbəsi qarışmasın.

Dördüncü, müəllimlərin maaşları artırılsın. Beşinci, …

        Qəribovun səbri tükəndi. Bağırdı:

        -  Daha nə? Bəlkə, məktəbinizi ayrıca respublika elan eləyək?  

         Səfurə bu yerdə beşaçılan kimi açıldı:

          -  A kişi ey, ağzını dağıtma. Bura səninlə çənə-boğaz etməyə gəlməmişik.

Adam kimi qulaq as.

         Əli müəllim aranı sakitləşdirmək istədi:

         - Yaxşı, yaxşı, sakit olun, - dedi və təklif etdi. - Dörd tələb kifayət deyilmi?

         Səfurə onun da ağzından vurdu:

         -   Sən mumla. Yuyulmamış çömçə kimi araya girmə. Adə, Allahqulu, döşə

getsin, - dedi.

         Allahqulu boğazını arıtladı:

         -    Beşinci, bu, əsas və sonuncu tələbdir. Dediyimiz yerinə yetirilməzsə,

məktəbi bağlayacağıq, - dedi və yüksək pafosla sözünə yekun vurdu. - Bu kollek-

tivin iradəsidir. Cavab üçün sizə bir saat vaxt veririk. Əks-təqdirdə rayonun qalan

məktəblərini də, ayağa qaldıracağıq.

        Hər iki elçi qürürla başını sağa və sola tərpədib, qapıdan çıxdı.

        Otağa ağır sükut çökdü. Əli müəllim birdən pıqqıldadı:

         -   Ha, ha, ha!   Kinodur, vallah! Ha, ha, ha!

        Qəribov tənə ilə deyindi:

        -   Evin tikilsin, heç gülmək yeridir. Ağlamalı günümüzdür ey, sən isə bozbaş

qazanı kimi pıqqıldayırsan.

        Əli müəllim gülə-gülə:

        -  Qərib müəllim, sən canın özündən çıxma.

        -  A kişi, bəsdir, - deyə müdür qaşlarını çatdı. - Polis çağırıb hamısını damla-

maq lazımdır.  

       Ənnağı mümkün qədər astadan dilləndi:

       -  Vay, vay, vay, belə eləməyək. Bütün şəhərə səs düşəcək, biabır olarıq.

       Qəribov boynunun ardını qaşıdı:

       -  Bəlkə, hamısının əmrini verim, çıxardım işdən?

       Əli müəlli hiyləgər bir təbəssümlə:

       -   Vay, vay, vay! - deyə Ənnağının ağzını əydi. - Polis olmasın, işdən çıxart-

dı olmasın, biabır olarıq.

      Qəribovun gözü hirsdən qızardı və yumruğunu masaya endirdi:

       -   Lağ edirsiz! - dedi. - Onların gözü qızıb, rəhbər saymırlar, hörmət qanmır-

lar, başları xarab olub. Buna dözməkmi olar?

       Bayaqdan ağzına su alıb susan məktəb direktoru Nizam müəllim dilləndi:

        -    Qərib müəllim, mənə elə gəlir ki, kütlə ilə bir ayaqda getmək lazımdır.

İndi köhnə vaxtlardakı kimi yumruqla iş aşmır,  burda gərək baş işlədəsən.

       Qəribov od dəymiş şabalıd kimi partladı:

–    İşlət də! Əlindən tutan var? Neçə ilin direktorusan, təhsil şöbəsi gözünün

yağını sənə yedirir. Nə istəmisən sənə verməmişik? Kompüter istədin, verdik, in-

ternetə qoşduq, məktəbini təmir etdik , mebeli dəyişdik… Gərəkməz ki, bunun

əvəzində sən də başını işlədəsən? Özün də, bir müddət o məktəbdə direktor

olmusan.

        Nizam müəllim onun monoloqunu qulaqardına vurub, sözünü davam etdi:

        -    Bu işi şişirtmək özümüzə ziyandır. Elədirmi?

        Əli müəllim istehza ilə:

        -    O, nə təhər olur? Qiyam edən onlar, ziyanı çəkən biz?

        Nizam müəllim ağarmış başını sığalladı:

        -    Elə bilirsən xəbər tutsalar başımızı tumarlayacaqlar? - dedi. - Yoxlama

üstünə yoxlama gələcək, uşaq kimi qabaqlarına qoyub, o ki var danlayacaqlar,

öyüd-nəsihət verəcəklər, hələ desən, bir yağlı töhmət də guplayacaqlar. Elədirmi?

        Qəribov yanıqlı-yanıqlı, kövrək səslə:

         -   Bu başıpozuqluğa dözək, deyirsən? Allahqulu ilə dəli Səfurənin sözü ilə

durub-oturaq?

        Ənnağı müəllim söhbətə müdaxilə etdi:

        -   İnanmıram bu işin mayası Allahqulu ilə Səfurə olsun. Mən o məktəbə bir-

iki dəfə getmişəm. Elə deyil, Nizam müəllim?

        Nizam müəllim təqdirlə başını tərpətdi:

         -    Əlbəttə, onlar şahmat piyadalarıdır. Onları öyrədən var. Bax, bunu tap-

maq lazımdır. Yoxsa, Allahqulu ilə Səfurənin dalınca kim gedər ki?

        Ənnağı təklif etdi:

         -   Mənim bir məsləhətim var. Deyirəm, düşmən cəbhəsinə kəşfiyyatçı gön-

dərək. Müharibə deyil? Görək qiyamın başçısı kimdir, direktorluğa namizəd kim-

dir?

        Otaqdakılar canlandılar. Əli müəllim Çapayev haqqında köhnə lətifəni yada

salıb, həvəslə dedi:

         -    Qərib müəllim, gəlsənə, sənin  gözəl katibəni göndərək kəşfiyyata? Bir

baxışı ilə neçəsini yaralayacaq…

        Qəribov zarafata ürəkdən güldü:

        -  Yox, bu kişi işidir. Ənnağını göndərək, - dedi. - Həmkarlar təşkilatı nədir?

Müəllimlərin atası. Ata da övladını çətin gündə unudar?

        Ənnağı müəllim yanağındakı xalı qaşıdı:

        -    Qorxuram məni də Xalıqovun gününə salsınlar, - dedi və durdu ayağa.

        Küncdə oturmuş Xalıqov çəkinə-çəkinə dedi:

        -   Ənnağı müəllim, özündən muğayat ol. Dal qapının açarları məndədir. Gö-

tür özünlə, iş çətinə düşsə aradan çıxarsan.

        Qəribovun məhvedici baxışlarından Xalıqov büzüşdü.

         -    Mumla, Xalıqov. Sənə söz düşmür.

        Ənnağı müəllim daha durmadı. İri addımlarla otaqdan çıxdı. Kabinetdə bir

müddət dinən olmadı. Katibənin verdiyi qəhvə fincanlarda buğlanırdı. İntizardan

hamının gözü yol çəkirdi. Vaxt ağır gedirdi. Yarım saat keçməmişdi ki, Ənnağı

müəllim təngnəfəs içəri girdi:

        -   Bu da mən! - dedi və fəxrlə sinəsinə vurdu. - Gördünüz, gəldim.

Əli müəllim ona lağ elədi:

        -    Qəhrəman Ənnağı, səni sağ görəcəyimizə ümidimiz yox idi.

        Qəribov müavininə tərs-tərs baxıb Ənnağıdan soruşdu:

        -   Həə, danış görüm, bu qoyun-quzunun qabağında gedən keçi kimdir?

        Ənnağı müəllim sözə başladı:

        -   Əvvəl heç içəri buraxmaq istəmədilər. Başladım dilə tutmağa…

        Qəribov ona təpindi:

        -   Əşi, uzatma. Qiyamın başçısı kimdir?

        Ənnağı müəllim pərt oldu:

       -   Qısası budur ki, qiyamın mayası direktorun təsərrüfat üzrə müavini Qədir-

dir.

       Qəribov dik atıldı:

        -     Necə? Ay elədiyim yaxşılıqlar onun gözündən gəlsin, - dedi. - Keçən il

məktəbin masalarını satdığı yerdə polis onu yaxalayanda, nahaq işə qarışdım. Qə-

diri bəladan qurtardım. İndi türmələrdə çürüyürdü. Deməli, direktor olmaq istəyir?

       Ənnağı güldü:

        -    İstəyir, amma alınmır.

       Qəribov maraqla:

       -    Bə, niyə alınmır?

       Ənnağı çırtıq çaldı:

       -     Qərib müəllim, direktorluğa ondan başqa da beş-altı namizəd var. Öz

aralarında didişirlər.

        Əli müəllim az qala qol götürüb oynasın:

         -   Ay can, ay can işlər deyəsən, düzəlir,- dedi.

       Qəribovun işlərin belə asanlıqla düzəlməyinə gümanı yox idi:

        -     Dayan görüm, dayan. Arxı hoppanmamış bərəkallah qışqırmazlar, düşər-

düşməzi olar. - dedi və Ənnağı müəllimə çevrildi. - Kəşfiyyatçı qardaş, ordakı

vəziyyəti nə cür gördün.

       Ənnağı barmağını yuxarı qaldırdı:

       Vəziyyəti bir-iki kəlmə ilə ifadə etmək olar. İt yiyəsini tanımır.

       Xalıqovun bir az ağlı olsaydı, bu hay-küy də olmazdı.

       Müdir:

        -   Xalıqov neyləyib ki? - soruşdu.

       Ənnağı müəllim dilini sürüdü:

       - Qoy, özü desin.

       -   Mən səndən soruşuram, - deyə Qəribov bozardı.

       -    Heç demə, Xalıqov məktəbin canını boğaza yığıbmış. Gah süpürgə pulu

yığdırırmış, gah təmir pulu yığdırırmış, gah kitab satdırırmış. İşə gecikən müəlli-

məni təhqir edirmiş. Onun əlindən nə çay içən, çay içirmiş, nə siqaret çəkən, siqa-

ret çəkirmiş.

        Xalıqov bu yerdə özünü müdafiə etdi:

        -   Nizam-intizam hamı üçündür də, - dedi.

        Qərib müəllim ona acıqlandı:

         -  Kiri, on beş «şirvan»lıq müəllimdən nə istəyirsən. Elə evdən çıxıb məktə-

bə gəlirlərsə, igid adamdırlar. Mən o maaşa heç evdən bayıra çıxmaram.  

        Əli müəllim işi yekunlaşdırmaq üçün:

        - Yaxşı, hər şey aydındır. Mənə elə gəlir qoyunları saymaq vaxtıdır.  

        -  Sayaq da, - deyə Ənnağı müəllim razılaşdı. - Direktor seçmək istəmirlər,

qoy seçsinlər.  

        Qəribov inamsızlıqla:

        -  Hələ bir dayan, olmadı elə, oldu belə,- dedi. - Bəlkə, yuxarılarla məsləhət-

ləşək?

        Ənnağı müəllim:

        -   Elə bilirsən gəlib, başımızı sığallayacaqlar? Belə şeylərə görə «afərin»

demirlər. Bir də burda nə var ki? Müəllimlər məktəb direktoru seçirlər.

        Əli müəllim Ənnağı müəllimə tərəfdar çıxdı:

        -  Qərib müəllim, qorxma, o beş-altı namizəd arasında elə mərəkə qopacaq

ki, şeytan əməli onun yanında yalan olacaq.

        Qəribov tərəddüdlə:

        -   Deyirsən, seçkiyə razı olaq?

        -   Əlbəttə. - Ənnağı müəllim güldü. - Hələ bir namizəd da biz irəli

sürəcəyik.

        -   Fikrində kimi tutmusan?

       Ənnağı müəllim uğuna-uğuna Xalıqovu göstərdi:

        -  Bu işin səbəbkarını.    

       Səlnamələrə layiq bu qiyamın nə ilə qurtardığını deməyə utanıram. Amma

neyləyəsən? Tarix həqiqəti sevir. Həmin məktəbin müəllimləri hələ də özlərinə

direktor seçə bilməyiblər. Həftənin əvvəlindən başlayaraq hər gün iclas etməkdən

bezikmiş müəllimlər şənbə günü Qəribovdan xahiş etdilər ki, müdiriyyətin

zövqünə uyğun bir direktor göndərsin. O da, bu xahişi məmnuniyyətlə yerinə

yetirdi - Xalıqovu ora göndərdi.

 

                                                                                2002-ci il.