icon
icon
icon
icon

Qızıl xotuğ

(roman və hekayələr)

 

«MAARİF» nəşriyyatı

BAKI-2007-ci il.

 

 

-1-                                             

         Yaşı yüz otuzu haxlayanda, pasportunda belə yazılmışdı, Ehsan babanı əcəl girlədi, ona  daha aman vermək istəmədi. Əcəlin göndərdiyi azar kişinin yaxasından zəli kimi yapışmışdı, qopmaq bilmirdi. Yazdan bəri qocanın gün-diriliyi yönü sərvaxtlıqla qibləyə salınmış yorğan-döşəkdə keçirdi. Amma hər dəfə nəfəsi gedəndə ehsanat həvəsi ilə tökülüşüb gələn kənd ağsaqqal-ağbirçəyinin arzu-murazı gözündə qalırdı. Ehsan baba yenidən dirilirdi. O, dərvişlikdən qalma xırıltılı səslə: « - Ya huu! Ya Həqq! Ya Mədət!» - deyə çığıraraq gözünü açırdı:

           - Oğlanlarımı  görmək  istəyirəm!

          Üzü-üzlər görmüş əcəl qocanın çoxbilmişliyinə heyran qalmışdı. Miruri-zamandı can alırdı, amma beləsinə rast gəlməmişdi. İnsanlar səksəni ötəndən sonra ölümü Allahın böyük hədiyyəsi  kimi qarşılayırdı.Bu qoca isə ölürdü, yenə dirilirdi, ölürdü, yenə dirilirdi.., əcələ can tapşırmaq istəmirdi. Vaxtı çatmış iş isə görülməli idi. Odur ki, əcəl daha möhləti  uzatmaq fikrində deyildi, Ehsan babanın yaşamaq arzusuna heç cürə qol qoya bilmirdi. Anlayırdı ki, oğlanlarının yanında ona bata bilməyəcək. Yenə gözləməli olacaq. Bəs necə?! Bu adamı yaxşı tanıyırdı. Əlli ildi Ehsan babanı marıtlayıb dalınca fırlanırdı. Ha əlləşirdi, ha çalışırdı  kişinin  kürəyini yerə vura bilmirdi. Düzü, əvvəllər  qocadan xoşu gəlirdi. Onu çox da sıxma-boğmaya salmırdı. Hərdən yanından ötsə də bərkindən yapışmırdı. Yetmiş yaşında övlad arzulayan qocanın həvəsinə mat qalmışdı. Məzələnə-məzələnə gözləyirdi ki, Ehsan baba istəyinə çatsın, daha bir bəhanısi qalmasın. Qoca sinni yaşında üç oğul, bir  qız atası oldu. Gözü doymadı. Onları ərsəyə çatdırdı, böyük-böyük şəhərlərə göndərdi, oxutdurdu, evləndirdi. Amma yenə gözü doymadı. Nəvə sahibi oldu! Yenə gözü dünyada idi. Əcəl gördü ki, bu kişi usanana oxşamır. Hələ də yaşamaq istəyir. Əcəl yanıb töküldü. Az qala Ehsan babaya yalvaracaqdı ki, məni əldən salma, bu cındır dünyadan ikiəlli yapışma, sümüklərin əpriyib, qəlbin şan-şandır, bəşər övladının əbədi olmadığını qana-qana cığallıq eləmə, uzan, canını alım. Amma bunları babaya deyə bilmirdi. Əcəl insan yaranandan oynanılan əbədi  oynun dəyişilməz qaydalarını pozmaqda acizdi. İndi macal tapmışdı, fəndgir şikarını üstələyəcəkdi ki, Ehsan babanın oğlanlarının üçü də özünü yetirdi. Əcəl mırtıldana-mırtıldana geri çəkilməli oldu.

       İldə-əyyamda bir dəfə kəndə baş çəkən oğlanlarının gəlişi bayrama çevrildi. Kişiyə elə bir təpər gəldi ki, gəl görəsən. O, rahat nəfəs aldı, durub yerinin içində oturdu.  Elə bil ölən bu adam deyildi.

      Cəmo ilə Cümü çox qalmadılır. Gilə nənəni qırağa çəkib xeyli sorğu-suala tutdular. Həmişəki kimi öz aralarında deyişdilər. Əkizlər bir-biri ilə uşaqlıqdan yola getmirdilər. Kişinin halını yaxşı görüb gəldikləri günün səhəri Bakıya döndülər.

      Böyük qardaşlarından həmişə aralı gəzən Əbi isə geri dönməyə tələsmirdi. Elə uşqlıqdan az danışan olduğundan heç indi də səsi çıxmırdı. Gilə nənə bu əfəl və maymaq oğlunu sevmirdi. Bekarçılıqdan həyəti-evi addım-addım dolanan Əbiyə acıqlanda:

       -   Ədə, nə meydan suluyursan! Keç kişinin yanında otur da!  - dedi və deyindi - Qardaşlarınca da olmadın! Onlar oxudu alim oldu, sən isə o boyda şəhərdə fəhləlik eləməkdən başqa bir iş tapmadın…

        Əbi könülsüz güldü:

        - Neynək, ay nənə, mənim də alnıma belə yazılıb! - dedi və cibindən bir metrə çıxartdı.

        Gilə nənə şübhə ilə:

        - Neynəmək istəyirsən?

        Əbi mızıldandı:

        - Evi təmir eləmək istəyirəm. Allah eləməsin, kişi ölər, gələn-gedən olar,bizə sərki vurarlar. Buraları sahmana salmaq lazımdır. Əvvəl çürük pərdiləri, sonra damın kirəmidlərini dəyişəcəyəm.

         Gilə barmağını dişlədi:

         - Səndə o qədər pul haradandı?  

         Əbi istehza ilə:

        - Sənin sevimli əkizlərindən mən çox qazanırım, ay nənə! - dedi - Puluma nə gəlib?! İstəsəm Cümü və Cəmo kimi on alimi cibimdə gəzdirərəm.

         O, səhər rayon mərkəzinə getdi.Günorta bir yekə yük maşını tikinti materialı ilə qayıtdı. Kənddən özünə iki-üç köməkçi seçdi. On-on beş günə qədim həyət sahmana düşdü. Dəmirdən dam salındı, divarlara əl gəzdirildi, döşəmə-tavan rəngləndi. Əbi təndirin yanında hamam tikdi. Daş dayaqların üstünə yekə çən qaldırdı. Bulaq başına qoyduğu əl nasosu ilə ora su vurdu.

          Əbinin belə əl-ayağa düşməsi Ehsan babanı heç açmırdı. Hərdən ayaq üstə qalxsa da bərk ağrıyırdı, dünya gözündə deyildi. Yaraşığa minmiş həyət-baca onu hirsləndirirdi. Eyvanda salınmış xalçanın üstündə mütəkkəyə söykənmişdi. Qarşısında oturmuş Əbini danlayırdı:

           - Ay maymaq, özünü niyə həlak eləyirsən?1 Canına yazığın gəlmir, gəlmir, barı puluna hayfın gəlsin. Bu nə həngamədir açmısan?

            Əbi xoşluqla izah elədi:

             -  Baba, isətəyirəm siz şəhər rahatlığında yaşayasınız. Pul üçün özünü darıxdırma, yenə varımdır. Kef elə, baba!

           Ehsan baba nıqqıldadı. Yanında bardaş qurub oturmuş, hər gün ona baş çəkməyə gələn Qardi əmiyə çevrildi:

          -   Görəsən, bu qırışmal hansı kefdən danışır? - dedi - Bir ayağım gordadır.

            Kəndin əcəl ilə çilincağac oynayanlarından biri də Qardi əmi idi. Onun da yaşı səksəni ötmüşdü, amma ayağını torpağa elə dirəmişdi ki, heç «ÇTZ» traktoru da onu bu  işıqlı dünyadan ayıra bilməzdi. Xəstənin sözünə gülümsədi:   

         - Ayağının gorda olmağından söhbət getmir, baba, - dedi - Mənə elə gəlir ki, onun başqa fikri var…. Kəndə qayıdacaq….  - dedi.

            Baba şübhə ilə oğluna baxdı.  Əbi utana-utana boynuna aldı:

          -   Hə, belə bir fikrim var! Amma hələ qərara gəlməmişəm, baba!

            Qardi əmi fəxrlə ona baxdı:

          - Beləsə Ehsan babanın çörəyi halal olsun sənə! - dedi -  Əlbəttə ata yurdu boş qalmamalıdır…..

            Ehsan baba əlini yellətdi:

           - Boş-boş danışma, Qardi. Onun yayda belə deməyinə baxma, qış gəldi, qaçacaq. Palçığı-zığı gördü,  şəhər yadına düşəcək, çıxacaq aradan.

         Əbi etiraz elədi:

          - Palçığın-zığın bura nə dəxli var, ay baba!

        Qardi əmi də babanın sözünə vagirə tutdu:

         - Düz deyir, oğlum, nə qədər qış qapını döyməyib qayıt şəhərə!  Sonra çaydan keçə bilməzsən. Bir mələxə körpümüz var, keçənləri əsmə tutur. Çürük taxtaları cırıldıyır. Bu il dovşan da çoxdur - deyə ona söz atdı.

        Əbi inamla:

         - Qardi əmi, çox da  qorxutma məni! Mən uşaqlıqda gördüyün adam deyiləm, dovşandan qorxam!Yol da eynimə deyil, lazım gəlsə körpü tikərəm...

          Qardi əmi yenə nəsə deyəcəkdi ki, Ehsan babanın halı xarablaşdı. Köməkləşib onu evə apardılır, yerinə uzatdılar.

          Əbi bir-iki gün də qaldı. Kişini üzübəri görüb arxayınlaşdı, şəhərə qayıtdı.

- 2 -

            Soyuq-çiskinli payızdan sonra qış girdi. Böyük Çilə boran-tufanla başladı. O qədər qar yağdı ki, dağlar hamarlandı , yol-riz bağlandı. Kəndin telefonu susdu. Dirəkləri çovğun aşırmışdı. Gündə bir saatlıq verilən elektrik enerjisi kəsildi. İndi rayon mərkəzi nədir, qonşu kəndə gedib-gəlmək olmurdu.

       Azuqə sarıdan qocaların narahatlığı yox idi. Vay xəbərinə gələn oğlanları o qədər ərzaq gətirmişdilər ki, yekə ailəni bir il dolandırmaq olardı. Əbi isə gedən ayaq cibindən bir dəstə əlliminlik çıxarıb Gilə nənənin döşlüyünün cibinə basmışdı. Pul görməmiş qarı elə bilmişdi  min manatlıqdır, dinməmişdi. Səhvini gec anladı, yoxsa bu qədər pulu götürməzdi.

             Gah ölən, gah dirilən Ehsan babaya qulluq eləyən vardı. Qız nəvəsi Gülnaz Gilə nənənin buyruqlarına həmişə hazır idi. Özgə iki nəfər də xəstənin yastığından aralanmırdı. Kişiyə qulaq yoldaşı idilər. Bunlardan biri adlı-sanlı Qardi əmi idi.Rəhmətlik atasının siğə qardaşlığını yaman ayaqda tək qoymurdu. Gününü yanında keçirirdi.Bir bundan məlum olurdu  ki, Qardi əmi dostluqda möhkəm  adamdı.

             O birisi ağsaq bir kişi idi. İrandan gəlmişdi. Bu yay kənddə peyda olmuşdu. Belə baxanda yad adam deyildi, Qızyurdu dağının o biri tərəfindən idi. Şura hökuməti onları ayırmışdı. Havaxtsa bir el, bir oba idilər. Bənd-bərə bağlanandan sonra yadlaşmışdılar.  İndi o  tərəf İran, bu tərəf isə Azərbaycandı. Ağsaq kişi yaxşı Quran oxuyur, gündə beş dəfə namaz qılırdı. Məhərrəmlik ayı girəndə, o, xoş avazı ilə kəndi fəth eləmişdi. Rozaxanlığı, mərsiyələri Aşurə günlərinin rövnəqi idi. Adı Balamirza olsa da, Qardi əminin xoş niyyəti ilə hamı onu molla Bala çağırırdı. Əvvəl o, çəkinə-çəkinə etiraz eləmişdi:

              -  Ağsaqqal, bu rütbəni qəbul eləyə bilmərəm! Təbrizdə bilsələr məni daş-qalaq eləyərlər.

             Köhnə bolşevik olan Qardi əmi belə şeyləri vecinə almırdı. Hiylə ilə ona ürək-dirək verirdi:

              - Ağ ciyər olma, molla Bala! Özünə gəl, bura İran deyil, Azərbaycandır! Hələ də kiril əlifbası ilə Yasin oxuyan mollalarımız var!  Sən onların yanında lap üləmasan!

              Molla Bala təzə adı qəbul etməli oldu.

            Ehsan baba Əzrayıl kənara çəkiləndən sonra daha yanına gəlib-gedənlə maraqlanırdı. Molla Balanın kimliyini soruşdu. Biləndə ki, bu adam dərviş Pişanın nəvəsidir,  dünyanın gərdişinə valeh oldu. Əminlik üçün onu xeyli sorğu-suala tutdu.

         Əbi gedəndən sonra molla Bala Gilə nənənin sağ əli oldu. O, babanı pəşəkarlıqla çimdirir, təmizliyinə baxırdı. Otlardan dava-dərman hazırlayırdı. Türkəçarədən, deyəsən, başı çıxırdı. Müalicəsi babaya yaxşı təsir eləyirdi. Ehsan baba onun bu qulluqdarlğına heyran qalmışdı, halı üstündə olan vaxt soruşdu:

         - Ədə, molla Bala, nə umacağın var ki, belə canfəşanlıq eləyirsən?

         Həmin gün Qardi əmi gözə dəymirdi. Molla Bala aranı xəlvət görüb, nəhayət, ürəyini açdı:

          - Baba dərviş, İrandan bura səfərimin məqsədi var! - dedi.

           Aylarla canı ilə əlləşən Ehsan baba marağını gizlədə bilmədi. Ağrıdan nıqqıldasa da zarafatından qalmadı:

          - Qırımından bəllidir! - dedi. - Sözünü de!

           Molla Bala tərəddüdlə:

          - Bəlkə sonraya qalsın?! - dedi - Canın-başın tamam sağalsın....

           Ehsan baba söz atdı:

         -  Mən yaşda adamın tamam sağalmağını gözləmək ağılsızlıqdır, bala! - dedi - Sən isə axmaq adama oxşamırsan. Sözünü de!

         Molla Bala qərara gəldi:

         - Yaxşı, baba dərviş! Mən bura babam dərviş Pişanın vəsiyyətinə görə gəlmişəm. Mənə sənin köməyin lazımdır, baba dərviş…

        Ehsan baba yerində dikəldi:

        -   Belə de! - dedi - Neynək, bala, əlimdən gələni əsirgəmərəm.  Düzdür, Pişan yoldaşlıqda naxələf çıxdı, amma mən çörək itirən adam deyiləm.

          Molla Bala belə başladı:

          - Allaha çox şükür ki, baba dərviş, indi üzü bərisən! Səni sağ-salamat görməyimə çox şadam. Axı, mən sənin sorağına gəlmişəm. Allahın məsləhəti ili Təbrizdə Qardi əminin nəvəsi  ilə tanış oldum. Bilirsən ki, onun işi ticarətdir. Burda alır, orda satır, orda alır, burda xırıd eləyir. Söz sözü çəkdi, elə ki, öyrəndim əsli Talış mahalındandır, çox sevindim. Soruşdum ki, Ehsan baba adında bir dərviş var, tanıyırsan? Qardi əminin nəvəsinin barmağı ağzına getdi. Dedi ki, sən hara, Ehsan baba hara? Mən onun marağını təmin elədim. Hələ də diri olduğunu biləndə şadlandım. Qardi əminin nəvəsi ilə dostlaşdıq. O, işini qurtarıb Bakıya dönəndə, mən də ona qoşuldum, Azərbaycana gəldim. Qardi əminin nəvəsi dedi ki, işim çoxdur, kəndə gedə bilməyəcəyəm. Bir kağız yazdı, verdi mənə. Dedi ki, kəndimizə getsən Qardi babamın evində qalarsan....

        Ehsan baba hövsələsiz halda:  

        - Ay zalım, bunları bilirəm..., mətləbə keç! - dedi - Bir də gördün halım qarışdı. Dərviş Pişandan danış...

            Molla Bala isə müsahibinin marağından məmnun halda davam elədi:

            - Babam, söyləyirdi: «Məşrutədən sonra üç yoldaşımla dərbədər düşdük. Səttar xanla yaxın idik. Düşmənlərimiz hər yerdə bizii axtarırdılar. Qorxudan dərviş libası geyindik, cəlayi-vətən olduq. Gah Talış dağlarının o tərəfinə keçirdik, gah bu tərəfinə. Qızyurdunun ətəyində bir mağarada gizlənirdik. Bir gün yoldaşlarımı aşağı kəndlərə göndərdim. Azuqəmiz qurtarırdı. Mağarada tək qalmışdım. Narahatlıqdan boş yerə var-gəl eləyirdim. Mağaranın ortasında ayağıma ilişən daş məni maraqlandırdı. Onu çıxarmaq fikrinə düşdüm. Qazdım, qazdım, gördüm daşdan yonulmuş qoşa qoç heykəlidir. Üstündə də qəribə yazılar vardı. Qəbirə oxşayırdı. Sonra sinə daşının üstünü açdım. Ayaq tərəfdə bir saxsı at heykəli dururdu.Sinə daşını  kənara çəkənə qədər qan-tərə batdım. Nə görsəm yaxşıdır.!? Allah, Allah, ağzım açıla qaldı. Burada nələr yox idi. Qalxan, qılınc, xəncər, sərkərdə qolçağı, sinəbənd, zinət əşyaları, boşqab, kasa, sürahı, kuzə, avtafa, maşa, sini, ləyən…, Hamısı da qızıldandı! Bala, tamah mənə güc gəldi, tez üstünü örtdüm. Bir azdan yoldaşlarım lov xəbəri ilə gəldilər. Demə, ajanlar yerimizi bələdləyiblər. Can şirin şeydir, aradan çıxmaq lazımdı. Ələ keçsəydik asacaqdılar…  Tez tərpəndik. Meşədən keçən cığırda bir cavan uşağa rast gəldik. Söhbətimiz xoşuna gəldi,   bizə qoşulmaq istədi. Etiraz eləmədik. Cavanın adı Ehsan idi. Qısa müddətdə anladım ki, bu uşaq çoxbilmişdir, hər şeylə maraqlanır. Fələk bizi haralara atmadı! Dincliyimiz yox idi.  Amma mənim fikrim xəzinənin yanında idi. Yoldaşlarımın başını əkib geri qayıtmaq istəyirdim. Onlardan birini Əfqanıstanda quldurlara satdım, birini Hindistanda ingilislər dar ağacından asdı, birin də Hind dənizində öz əlimlə boğdum. Ehsana dəymədim, cavanlığına bağışladım, öldürmədim. İt kimi vəfalı idi. Yatalağa tutulanda hamı məndən üz döndərdi, bircə Ehsan qorxmadı, qulluğumda durdu, məni ölümdən qurtardı. Düz bir həftə qızdırmadan yanırdım, huşumu itirirdim, çabalayırdım. Ehsan olmasaydı, ölmüşdüm. Amma mənə şahid lazım deyildi. Ehsanı yolda azdırdım. Geri qayıtdım. Özümü dağlara verdim. Əfsus ki, Şura hökuməti bənd-bərəni bağlamışdı, keçmək olmurdu. İşdi, yolun o tərəflərə düşsə Ehsanı axtararsan. Əgər sağdırsa, adımı verərsən, sirri ona açarsan. Qoy səni Qızyurduna aparsın. Xəzinə ikinizə də bəs eləyər. Dünyanın ən varlı kişiləri  olarsınız. Məni yada salıb bir Yasin oxuyarsınız! Əgər, işdi Ehsan xəzinəni tapıbsa payıma düşəni alarsan. Qorxuram ki, yatalaqdan huşsuz düşəndə sayıqlıyıb sirri ona açmışam. Amma Ehsan düz adamdır, səni aldatmaz…»

       Söhbətin bu yerində Ehsan baba özünü saxlaya bilmədi, xısın-xısın güldü. İstehza ilə:

        -  Ay sənin nənənin xoruzu ölsün, molla Bala! Könlüm açıldı, - dedi.

        Molla Bala ondan gözlənilməyən bir dikbaşlıqla:

        - Baba dərviş, babamın vəsiyyətində gülməli nə var ki?  - soruşdu.

         Ehsan baba gözünü əlinin dalı ilə sildi:

        - Bala, o gopçu Pişan səninlə zarafat eləyib! - dedi -  Bu dağlardakı bütün mağaraları beş barmağım kimi tanıyıram. Hətta dediyin qoşa qoç heykəlli məzarı da tapmışam. Düzdür, silah-əsləhə olub, amma hamısı dəmirdəndi, tuncdandı, qızıldan deyildi.

        Molla Balanın üzü tutuldu. Şübhə ilə soruşdu:

        - Deyirsən, ölüm ayağında olan babam yalan deyib?! - dedi - Ola  bilməz!

         Qoca kişi bir az fikrə getdi, sonra özündən çıxdı:

         - Ədə, Pişanı mənə tanıdacaqsan?! O rəhmətliklə on il bir yerdə dərvişlik eləmişəm.  Nağılbazlığına söz ola bilməzdi! Amma xisləti çirkindi. Tamahkar idi. Ay-hay! Mağarada qızıl ola, Pişan onu orada saxlaya?! İnanan daşa dönsün! Onun bircə düz sözü də yox idi. Nəfəsi yalanla gəlirdi. Hesabını ondan götür ki, nə Əfqanıstanda öldürülənimiz oldu, nə Hindistanda asılanımız! Hamımız sağ-salamat geri döndük. Onu da deyim ki, Hindistanın Heydərabad şəhərində Pişan başımıza bəla açdı. Budda məbədini ziyarət eləyirdik. Onun əli dinc durmadı, heykəlin boynundakı boyunbağını çırpışdırdı. Şüşə muncuqları ləl-cəvahir bilmişdi.  Xəbər tutdular, aləm qarışdı. Hamımızı yaxaladılar. Tonqala atacaqdılar, sonra yazıqları gəldi, yaxşıca kötəkləyib buraxdılar. Biz də canımızı qurtarandan sonra Pişanı dəstəmizdən qovduq. Söylədiyindən, bircə yatalığa tutulmağı həqiqətdir. Yoldaşlarımız onu atıb gedirdilər. Mənim ürəyim dözmədi, yazığım gəldi, Pişan sağalana qədər əziyyətini çəkdim. Hey sayıqlayırdı: « - Qızyurdu! Qızyurdu!  Mağara! Hamısı mənimdir! Xəzinə mənimdir!» Amma onu yaxşı tanıdığımdan, inanmadım. Doğrusu budur, molla Bala!

            Molla Bala gözünü yayındıraraq astadan dedi:

            - Baba dərviş, bəlkəm tapdığın mağara bir başqasıdır?! Heç Pişan babamın dediyi mağara deyil?!

            Ehsan baba dinmədi, handan-hana pıçıldadı:

            - Bəlkə də! Amma məzarın üstündəki qoşa qoç heykəldən, ayaq tərəfində saxsı at heykəlindən belə məlum olur ki, Pişan da həmin mağara da olub.

            - Bəlkə…

            Ehsan baba müsahibinin sözünü kəsdi:

            - Bəlkəsi-məlkəsi yoxdur, bala! Orada qızıl yox idi. Olubsa da məndən qabaq aparıblar. Sərdabədəki şeylərin pərakəndəliyindən belə anladım ki, bura çox adam burnunu soxub, məzarı ələk-vələk eləmişdilər. - dedi. - Qəbrin bu kökə düşməsi məni qəmləndirdi…     

            Molla Bala köksünü ötürüb zarafat elədi:

            - Baba dərviş, qızıldan əlin çıxdığına kədərlənirdin?

            Qoca yerindən dikəldi, müsahibinə mükəddər baxdı:

            - Mən səni ağıllı adam bilirdim, molla Bala… - dedi. - Özün fikirləş, dünya malı bu yaşımda mənə lazımdırmı? Yox, bala, yox! Cavanlıqda da ondan qaçmışam.Qızıl həmişə bədbəxtlik gətirir... Kədərimə səbəb başqa şeydir.Deyərəm sənə… Açığı, mağaranı tapmağım belə oldu. Yonmağa pəmbək daş axtarırdım. Daş-qayanı çəkiclə döyəcləyirdim. Ustalıqla gizlədilmiş girişlə rastlaşdım. İçərini bir neçə məşəl işığında tədqiq elədim, gördüm, zi-qiymət xəzinəyə düşmüşəm. Əhvalatı vəzifə sahiblərinə çatdırdım. Heç kimin tükü də tərpənmədi. Güdə Bağıya gənəşdim. O, atası ilə dostluğumuzu müdarə elədi. Rayondan iki nəfər çağırdı. Onlar məni dinləyib Qızyurduna qalxmağa razı oldular. Amma yarı yolda fikirlərini dəyişdilər. Sıldırımlardan keçən cığıra ayaq basmağa ürək eləmədilər. Güdə Bağı ilə ikimiz qalxdıq. Mağaradan gücümüz çatanı aşağı endirdik. Ulaqlara çatdıq, rayondan gələnlərə təhvil verdik. Dedilər, bir-iki günə qayıdacaq, qalanlarını aparacaqlar. Amma heç kim gəlmədi. Zəmanə xarab olub, bala, heç kim keçmişinə məhəl qoymur. Hamını pul, qızıl maraqlandırır.Kədərimə səbəb budur, bala.

            Molla Bala həqiqi maraqla:

            - Sonra nə oldu?! - soruşdu.

            - Sonra gördüm maraqlanan yoxdur, özüm tək getdim. Gücüm çatanı aşağı daşıdım, ulağa yükləyib rayona apardım, müzeyə verdim. Bir yol da qəbirdəki saxsı heykəlcikləri,  xəncər-qılıncı torbaya yığdım, apardım. Rayon mərkəzində mənə güldülər, dedilər ki, baba, deyəsən, qızılların dalına keçmisən, bizim də başımızı saxsı oyuncaqlarla aldadırsan. Nahaq söz adamı yandırır. «Lənətullahu əla-əl qövmi-kafərin» - deyib aralandım. Bu işdən əl çəkməyəcəkdim. Amma axırıncı dəfə mağaradan təzə aralanmışdım ki, yer tərpəndi, dağlar oyuncaq kimi cünbüşə gəldi. Kömürgöydən tökülən daşlar yolu-rizi bağladı. Mağara daş qalağının altında qaldı. Fəhmlə yerini tapa bilərəm, amma mağaraya düşmək üçün bir aləm daş torpaq eşmək lazımdır.

            - Baba dərviş, qəbrə heykəlcik niyə qoyurmuşlar?  - deyə molla Bala soruşdu.

            - Bala, mən dünyanı gəşt eləmişəm. Belə şeylər görmüşəm. Yəqin qədimdə qayda imiş, ölənin əqrabasının, əyyan-əşrəfinin, nökər-naibinin, hətta heyvanatının heykəlini qayırıb yanına qoyurmuşlar. Belə çıxır ki, onlar axirətə inanırmışlar. Hə, mən bildiyimi sənə danışdım…

            Molla Balanın daha şübhəsi qalmadı. Üzürxahlıqla:

            - İnandım, baba dərviş! - dedi. - Gərək ki, doqqazın böyründəki qoç heykəllərini də mağaradan gətirmisən?

            - Yox, ay bala, özüm yonmuşam. Mağaradakı qoçları gətirməyə hünər lazımdır. Ağırdırlar. Amma saxsı atı xurcuna qoyub gətirdim. Sən deyən bir yaraşığı yoxdur, amma qədim sənətdir, dedim, payimal olar. Baxmaq istəyirsənsə, tövlədədir…

            Molla Bala laqeyd halda:

            - Baba, qədim qəbirlərin üstündə belə heykəllər çoxdur. Nəyinə gərəkdi ki?

            - Nə bilim, ay bala, fikirləşdim surətini daşdan yonaram.  - deyə baba da könülsüz cavab verdi. - Baxmaq istəyirsənsə tövlədə axurun içindədir.

            Moll Bala həvəssiz halda başını buladı:

            -   Nəyimə gərəkdir, baba dərviş! - dedi və gülümsədi. - Amma sağalandan sonra məni o dağlara apararsan. Qoy, babamın ruhu şad olsun.          

            Soyuq sobaya söykənmiş molla Bala ümüdləri puç olmuş adamlar kimi danışırdı. Ehsan baba onun ürəyini kitab kimi oxudu. Dodağı qaçdı, başdansovdu cavab verdi:

            - Əcəl macal versə… - dedi və sorğu-sualdan yayınmaq üçün gözlərini yumdu.

                                                - 3 -                        -

            …  - Baba dərviş, yatdın?! - deyə molla Bala soruşdu.

            Qocadan cavab çıxmadı. Qonaq bir az oturdu, sonra otağı tərk elədi. Ehsan baba gözünü açdı, dikəlib yerində oturdu. Çubuğunu tənbəki ilə doldurdu. Yandırıb bir-iki qullab vurdu. Nəhrə kimi çalxalanan fikirləri tədricən sahmana düşdü.

            Beş-altı il bundan öncə mağaradakı məzarın üstünü açan Ehsan baba özü də təəccüblənmişdi. Bir neçə gün hazırlıq görmüşdü. Məşəllərin işığında böyük sərdabəni qarış-qarış tədqiq eləmişdi. Məzardakı əşyaları səliqə ilə yığmışdı, toz-torpaqdan ayırmışdı, gətirib mağaranın ağzına toplamışdı. Sərdabənin kasıblığına mat qalmışdı. Görünür, sümüyü sürmə olmuş mərhumun axirət evi çoxdan yağmalanmışdı. Qiymətli heç nə saxlamamışdılar.

            Ehsan babadan savayı bu dağları bir-neçə adam yaxşı tanıyırdı. Onların da sağ qalanı azdı. O vaxtlar şübhələr qocanı narahat eləsə də gümanı heç kimə getməmişdi. Dərviş Pişanın törəməsinin peyda olması hər şeyi yerinə qoydu. Yarım əsr qabaqkı olayları xatırlayan Ehsan baba çubuğa dəm verdi. Onda baba ikinci dəfə evlənmişdi. Bu qəribə nikah dillərdə dastan olacaqdı kı , Talış mahalına İkinci Cahan müharibəsindən də betər bəla gəldi. Camaatın başı özünə qarışdı. Şura hökuməti sərhəd kəndlərini bir-bir boşaldır, əhalisini zorla köçürürdü. Dağlardan payi-piyada rayon mərkəzinə gətirilmiş adamları arabalara, yük maşınlarına doldururdular. Əyin-başdan, yatacaqdan başqa heç nə aparmağa icazə vermirdilər. Xalqın şəxsi mal-qarası, qoyun-quzusu, toyuq-cücəsi, müxəlləfatı əlindən alınmışdı. Əmrə dinməz boyun əyənləri qızmar Muğan düzünə, səsini çıxaranları xalq düşməni kimi Qazaxıstan çöllərinə sürürdülər. Sovet hökuməti İrandan bu tərəfə adlayan imperializm agentlərinin qabağını bu yolla almaq istəyirdi.

            Həmin il rayon ərazisində əskər-milis əlindən tərpənmək olmurdu. Bu qoşunkeşlik pədərşahlıq dövründən çox da uzaqlşmamış mahalı vahiməyə salmışdı. Camaat milisdən çox «mən ölüm, sən ölüm» qanmayan rus əskərlərindən qorxurdu. Kafir uşağı boşalan evləri sahiblərinin gözü qabağında odlayırdı. Adamların geri qayıtma ümidi birdəfəlik kəsilirdi.

            Dağlarda qaçaqlar peyda oldu. Zülmə dözməyən bu dəliqanlıları dənləmək üçün qonşu rayonlardan da milis dəstələri çağrıldı.

            Qardi müharibədən qayıdandan sonra da milisdə işləyirdi. Xırda dəstələrdən birinə başçılıq eləyirdi. Dağlara bələd idi. Uşaqlıqda tez-tez Ehsan babaya qoşulardu. Ondan çox şey öyrənmişdi. Qardinin tabeliyinə iki əskər, bir milis vermişdilər. Onun suvari dəstəsi burdan vurub, ordan çıxırdı. Qısa vaxtda iki qaçağı tərkisilah elədi, Lənkəran Qalasına göndərdi. O, sərhədçilərin sağ əlinə çevrildi. Zastava komandiri ilə bərk dostlaşdı. Bu rus zabiti Qardidən məsləhətsiz bir addım da atmırdı. Arada dincəlmək üçün kəndə enən dəstəyə qoşulan zastava komandiri Qardinin hörmətli qonağı idi. Rus dilində anlaşıqlı danışan ev sahibi isə etibarlı adam idi.

            Həmin vaxtlar Ehsan baba bir ağaclıq məsafədə, qəlbidə yerləşən qonşu obaya yolanda. Uzunqulağına bir tay buğda yükləmişdi, kartofa dəyişəcəkdi. Nədənsə, bu bitki Zuvandda bol məhsul verirdi. Dadına da söz ola bilməzdi, doymaq olmurdu. Ehsan baba çoxdan rəhmətə getmiş dostunun nəvəsinə  qonaq oldu. Mahalın adlı-sanlı ağsaqqalının xoşgəldisinə obanan ağsaqqal-qarasaqqalı gəldi.Şadyanalıqdan söhbət ola bilməzdi, hamı narahat idi. Köçürmənin onlardan yan ötməyəcəyini bilirdilər. Kənd sərhədə yaxın idi. Heç dərdləşməyə macal eləmədilər. Milis-əskər dəstələri obanı həlqə-mərəkəyə aldı. Dörd-beş kəl arabısının cırıltısına camaat komalarından bayıra tökülüşdü. Bu bəlanı çoxdan gözləyirdilər. Kənd hərəkətə gəldi. Əli avtomatlı əskərlər evlərə soxulur, hamını arabalara tərəf qovurdular.

            Ehsan baba dostunun qoca qarısını gözünün qabağında arabaya zorla mindirən milis nəfərinə acıqlandı:

            - Bala, heç yəcuc-məcuc da belə eləməz! Heç nemsə də belə eləməz,…

            Amma qoca sözünü bitirmədi, dərhal iki əskər avtomatın lüləsini onun böyrünə dirədi. Dürtməliyə-dürtməliyə başqa bir arabaya tərəf apardılar. Arxadan eşitdi ki, dostunun qarısı zil səslə nifrin deyir:

            - Ay xanimanınız başınıza uçsun! Niyə ocağımızı dağıdırsınız?! Biz nə günahın sahibiyik?! Bu zülmü Allah qəbul eləməz, axı!

            Milis nəfəri onu dilə tuturdu:

            - Ay nənə, qarğıma, hökumət əmridir! Vallah, sizi bundan da yaxşı yerə köçürürlər.

            Qarı ağlar səslə:

            - Haradır o yaxşı yer? - deyə soruşdu.

            - Sizi Muğana, Puşkin rayonuna göndərirlər

            - Hara?

            - Puşkinə, nənə, Puşkinə, - deyə milis bərkdən təkrar etdi.

            Avam qadın üzünü cırdı:

            - Allah cəzanızı versin! Hökumətə neyləmişik ki, bizi «pis günə» yollayır?

            Ehsan babanın köçürülənlərə qatıb aparacaqdılar. Qardi gəlib çıxdı, qanının arasına girdi. Əskərlərə bir-iki kəlmə dedi,dərhal onu azad elədilər. Qardi Ehsan babanı ulağına mindirdi, kəndin qırağına qədər ötürdü. Sarsılmış qoca ayrılanda mızıldandı:

            - Niyə urusa qoşulub talışın evini yıxırsan, bala?! Sən ki, belə deyildin?1

            Müharibənin mərhumiyyətlərindən, aldığı kontuziyalardan codlaşmış Qardi babanın danlağından uşaq kimi kövrəldi:

            - Dərdimi təzələmə, baba! Mən hökumətlə hökumətlik eləyə bilmərəm! Gücüm çatmaz. Gücüm ona çatır ki, bir neçə kəndi, o cümlədən, bizim kəndi urus dostumun köməyi ilə köçürmə siyahısından çıxartmışam, - dedi və tez geri döndü.

            Bir-neçə ay keçdi, köçürmə başa çatdı. Bir gün xəbər gəldi ki, Qardini tutublar. Məlum oldu ki, dəstəsindəki adamları qaçaqlar qırıb. Rəisləri də bu səhlənkarlığı ona bağışlaya bilmirdilər. Qardini çox çək-çevirə saldılar, amma axırı yaxşı qurtardı. Zastava komandirinin köməyi ilə işini  xitam  elədilər, hətta ona zabit rütbəsi verdilər. Daha sonra baş verən vaqeyələr artıq ağla sığmırdı. Qardinin rus dostunun da rütbəsi artdı, bir azdan vəzifəsini böyüdüb Bakıya göndərdilər. O, Qardini də özü ilə apardı. Beş-altı il keçdi. Qardi mayor rütbəsində rayona qayıtdı. Milis rəisi təyin olundu. Bu vəzifədə xeyli işlədi. Kənddə gen-bol mülk tikdi. Qonaq-qaralı olduğundan süfrəsi həmişə açıq idi. Bu adamın həyatı bağlı boğça idi. Öküz qüyruğu övkələyən bir rəncbərin sürətli yüksəlişi, rayonda hökmfərma sahibinə çevrilməsi sirri-xuda idi. Rütbəli adamlarla durub-oturan Qardinin kənddə yaşaması yerlilərini riqqətə gətirirdi. İldə bir neçə dəfə Bakıdan gələn rus dostu ilə məclis qurur, yeyir-içir, ova çıxırdı. Artıq general olan rus zabitinin qəzaya düşüb ölməsi Qardinin belini əydi. Təsirləndiyindən istefaya çıxdi. Özünə qapıldı, xanənişin oldu. Bir də kəndi tərk eləmədi.

            Qardinin ailəsi böyük idi. Arvadı bir sürü qız doğmuşdu. O, ailəsini vəzifədə olanda nə Bakıya, nə rayon mərkəzinə aparmadı. Kənddə saxlayırdı. Qızları üzə çıxarılmalı deyildilər. Hamısı kifir və qüsurlu idilər. Qarıyıb evdə qalmışdılar. Yalnız azca gözəgəlimli kiçik qızı bir dul kişiyə ərə getdi. Bu da çox çəkmədi. Əri öləndən sonra ərinin birinci arvadından qalmış oğlunu da özü ilə götürüb dədəsi evinə qayıtdı. Qardi bu fərasətli uşağa mehrini salmışdı. Oğlan oxudu, məktəbi qurtarıb əskərliyə getdi,daha kəndə qayıtmadı. Bakıda məskən saldı. Sovet hökuməti dağılandan sonra Qardinin köməyi ilə biznez aləminə atıldı. Qısa zamanda var-dövlət sahibinə çevrildi. İndi sorağı gah İrandan, gah Türkiyədən, gah da Ərəb Əmirliklərindən gəlirdi. Bu neçə vaxtda bircə dəfə kəndə gəlmişdi. Ögey anasını başa çıxmışdı. Amma həmişə əzizləndiyi evdə çox qalmamışdı. Qan qana qaynamırdı. Qardinin sanballı düyünçəsindən isə imtina eləməmişdi. Qızılları həvəslə cibinə qoyub Bakıya üz tutmuşdu.

            Qardinin oturub-durduğu yeganə adam Ehsan baba idi. Düzdür, xeyir-şərdən qalmırdı, özünü sakit aparırdı, amma kənddə hamı ondan əvvəlki kimi çəkinirdi. Camaat arasında bir sözü iki deyildi. Həmişə özünü tox tutan Qardi hərdən Ehsan babaya şikayətlənirdi:

            - Baba, bir sürü zənən xeylağı ilə bir damın altında qalmışam. Allah məni belə qarğıyıb. Çırağımı yandıran tapılmayacaq.  

            Ehsan baba Qardinin cah-cəlalına həmişə mat qalırdı. Əvvəl məvacib, indi təqaüd alan kişinin pulu qurtarmaq bilmirdi. Milis rəisi olanda rüşvət də almamışdı. Qardi gözütoxluğu ilə məhşur idi.

            Ehsan baba ona ürək-dirək verirdi:

            - Elə demə, Allah sənə o cür oğul əvəzi nəvə göndərib.

            Qardi razılaşmırdı:

            - Sən bilmirsən, baba, mən günahlarımın cəzasını çəkirəm. Sən bilmirsən… - deyirdi.

            … Ehsan baba bunları yada salıb dərindən nəfəs aldı. Mızıldana-mızıldana gözünü yumdu:

            - Ölmədim, bunu da bildim! - deyə arxayınlıqla yuxuya getdi.

- 4 -

                Belə qışı heç Ehsan baba da yadına sala bilmirdi. Qar adama boy verirdi. Qarışqa kimi hərəkətdə olan kənd camaatı evlərinə çəkilmişdi. Ehsan babanı ağsaqqallar arabir yada salırdı, baş çəkirdilər. Xeyli yaxşılaşmış xəstənin halı arada yenə də qarışırdı. Bu gün də elə oldu, kişinin rəngi birdən-birə kömür kimi qaraldı. Cavan gllin kimi babanın qulluğunda dayanan Gilə nənə təşvişə düşdü. Avazla «Quran» oxuyan molla Bala susdu.

         - Görəsən Bakıya nə təhər xəbər eləmək olar?  A Qardi?

         Ehsan baba gözünü açdı, zorla dikəldi, əlini uzatdı:

        -  Xamuş otur, a Gilə! - dedi - Uşaqları dəng eləmə, yenə aləmi bura yığma. Sənə bunu neçə kərəm demişəm?! Gördün canım boğazımdan çıxıb, yenə tələsmə! Bir-iki saat səbr elə, sonra haray sal ki, Ehsan baba öldü!

        Gilə nənə yalvarışla:

        - Ay baba, oğlanların gəlsə yaxşıdır, vəsiyyətini eləyərsən…

        Ehsan baba nəfəsi dirəşə-dirəşə onun sözünü kəsdi:

        -  Səfsət-səfsət danışma! Yetmişi adlayandan sonra mən hər gün vəsiyyətimi eləyirəm. - dedi - Uşaqları dinc qoy...

        -  Elə danışma, baba, - dedi Gilə nənə onun üstünü düzəltdi. - Övladın borcu valideynlərinin qulluğunda durmaqdır…

            Bu yerdə Ehsan babanın ağ saqqalının tükləri dim-dik durdu. Arvadını acıladı:

            - Ay durdular ha! - dedi - Ay yetim, doğduqlarında  bir kəramət yoxdur, mən neyləyim! Gəlirlər, dit eləyib qaçırlar şəhərə…

            Döşəyin ayaq tərəfində gəbənin üstündə qərar tutmuş Gilə nənənin «yetim» müraciətindən heç xoşu gəlmədi.  Bu ona qəmli keçmişini xatırladırdı. Babanın üzünə qayıtdı:

             - Öz əkdiklərindir də, gözümə niyə torpaq atırsan?! - dedi  və yanğı ilə - Bir də onlar neyləsinlər?! Günah özündə deyilmi?

             Ehsan baba ağır-ağır soruşdu:

            - Nədi mənim günahım,  ay Gilə?

             Gilə nənə hikkə ilə çımxırdı:

             - Adam kimi ölə bilmirsən! Budur sənin günahın! Yaşıdlarının sümüyü çoxdan sürmə olub, sənsə  hələ də nəfəs alırsan! Haçan öləcəksən, ay tünbətün nəvəsi?

           İpək kimi arvadın birdən-birə coşması molla Balanı çaşdırdı. Qardi əmi ilə Xudu kişi heyrətlənmədi. Yaşlı adamlar Gilə nənəni yaxşı tanıyırdılar. O elə cavanlıqdan belə idi. Tutması vardı, birdən özündən çıxır, ağzına gələni deyir, qışqır-bığır salır, sonra sakitləşirdi, elə bil heç həmin adam deyildi. İndi isə qocalmışdı. Yəqin olan-qalan ağlını da itirmişdi. Qardi əmi Xudu kişi ilə gözləşib  mülayim halda dedi

             - Katta qızı, elə demə, günahdır! İnsanın öldü-qaldısını bir Allahdan başqa  kim bilə bilər?!

             Qardi əmi onun zəif damarını tutmuşdu. Gilə nənə bir zamanlar, doğrudan da, kəndin kəndxudası olmuş atasını yada salıb göz yaşı tökdü, mum kimi yumşaldı, astadan mızıldandı:

             -  Mən babanın ölümünü heç istəyərəmmi?! Qoy, nə qədər könlü istəyir yaşasın…

            Ehsan baba birdən alnına yeriyən tərdən xeyli yüngünləşdi, qaim səslə çağırdı:

             -  Ya huu! Ya həqq! Ya Mədət! - dedi - Heç ölmək fikrim də yoxdur…

            Sobanın sağ tərəfində oturmuş Qardi əmi babanın yanında uşaq da olsa, hərdən onunla zarafat eləyirdi. İndi də üsür təsbehini çevirərək söz atdı:

             - Sənin gözünə dönüm, baba, kimdi ölümünü istəyən?! Yaşa nə qədər istəyirsən! Amma vaxtın çatanda daha şitlik eləmə! Allaha naxoş gedər. Macal ver, yazıq Əzrayıl işini görsün…

            Ehsan baba saqqalını altdan yuxarı sığalladı, qımışan Qardi əmiyə gözünü ağartdı:

             - Oğlum Qardi, elə dədən kimi çuğulçusan ha! - dedi və dodaqları qaçdı. - Allah onu rəhmət eləsin, bir vaxtlar çekistləri kəndə yaman dadandırmışdı. Gündə bir hampanı güdaza verirdi. Sən də onun yolu ilə gedirsən, indi məni Əzrayıla çuğullayırsan?

            Molla bala «Quran»ı bağladı, öpüb yanına qoydu. Ağsaqqalların deyişməyindən məmnun halda boğazını arıtladı, söz üçün rüsxət istədi. Ehsan baba istehza ilə:

            - Buyur, molla, buyur! - dedi -  Həlbət ki, Əzrayıl gəlməmiş də söz sənindir, gələndən sonra  da…

            Molla Bala babanın atmacasını eyninə almadan şirin-şirin:

            - Baba dərviş, bu neçə ayda məlum olur ki, Əzrayıl səndən ötrü gəlməyib. Səhv eləyib! - dedi. - Amma allahın mələyini boş qaytarmaq da olmaz, günahdır. Əyəmləri Qardi əmi dostluqda baqidirsə…

            Qardi əmi onun sözünü yarıda qoydu:

            - Tutalım mən razı, Əzrayıl da aldı canımı! Bəs, mən öləndən sonra Ehsan baba kimi bir adamın sənin kimi uşaq-muşağın umuduna qalmağına necə razı olursan?!

            Ehsan baba gülümsədi. Xudu kişi isə özünü saxlaya bilmədi, qaqqıldadı:

            - Hahaha! Molla Bala, Qardi əmi köhnənin çekistidir! Sən ona söz çatdıra bilməzsən! - dedi və uşaq kimi qızardı, yetmiş yaşı olmasına baxmayaraq yaşlılardın üzr istədi. - Bağışla, ay baba, yaman pis güldüm, mən həmişə sizin kiçiyinizəm…

             Qardi əmi ötəri bir istehza ilə ona ürək-dirək verdi:

             - Eybi yoxdur, heç qəm eləmə, böyüyərsən daha səhv eləməzsən… - dedi.

            Ehsan baba barmağını qaldırdı, Qardi əmi sözünü yarıda saxladı. Döşəmənin altından gələn tappıltı aydın eşidildi. Baba qarısına xitabən:           

            - A Gilə, uzunqulaq niyə narahatdır?! Tövləni dağıtdı ki, çər dəymiş. Suyunu-yemini vermisənmi?

            Bayaqdan susan Gilə nənə gümanla dilləndi:

            - Bəlkə ikicanlıdır ona görə narahatdır! - dedi. -  Səhər yemləmişəm. İndi düşüb baxaram.

            Gilə nənə bayıra çıxandan sonra kişilər sərbəst nəfəs aldılar. Qarının zəhmi hamını basırdı. Qardi söz atdı:

            - Ay baba, can üstəsən, uzunqulağını yaddan çıxarmırsan... - dedi və qəribə bir maraqla.  -  Sənin bu qart eşşəyin qısırdı, axı!  İndi niyə balalamaq fikrinə düşüb?

            Ehsan babanın gen-bol tövləsi neçə illərdi ki, boş qalmışdı. O, mal-qara, qoyun-quzu saxlamırdı. Otuzuncu illərin kolxozlaşması gözünü qorxutmuşdu. Amma həmişə bir uzunqulağ saxlayırdı. Kişinin bütün işi bu heyvanlardan keçirdi. Uzunqulağı həm minirdi, həm odun daşıyırdı, həm də dəyirmana sürürdü. Hətta dağların qart daşları da bu uzunqulağın belində  həyətə gəlib çıxırdı. Ehsan babanın əlinin altından çox uzunqulaq keçmişdi, amma indiki eşşəyini bir ilxı ata dəyişməzdi. Heyvan dil bilirdi. İndi bu qısır uzunqulaq dişləri ovulan vaxt gönü suya vermişdi, döl tutmuşdu.

            Ehsan baba Qardi əmiyə acıqlandı:

            - Arsız-arsız danışma! - dedi və güldü - Bu hamısı o Höccətin eşşəklərinin işidir. Payızda Əbi Höccəti meşəyə göndərmişdi. İki gün bizə odun daşıdı. Höccət mənim uzunqulağımı da öz uzunqulaqlarına qatıb aparmışdı. Heyvan, yəqin, o vaxt döllənib.

            Qardi əmi Gilə nənəni uzaqda görüb zarafatından qalmırdı:

             - Əşi, ay baba, gərək sən Höccətlə heç eşşək qohumluğuna da razılıq verməyəydin... - dedi və yadına nə düşdüsə qondarma bir ciddiyətlə  Xudu kişiyə gənəşdi. - Bunun axırı nə olacaq, Xudu? Sənin ağlın nə kəsir?

            Xudu kişinin seyrək tük bitmiş üzü qırmızı idi. Yetmiş yaşında cavan oğlana oxşayırdı. Kənddə bu fağır, sadəlövh kişini uşaqdan böyüyə hamı məsxərəyə qoyurdu. O, Qardi əminin məqsədini anlamadan  dedi:

            - Baba, Qardi əmi düz deyir! Bu Höccət çox pis kişidir. Keçənlərdə mənim də başıma belə bir iş gəldi. Uzunqulağım onun eşşəkləri ilə iynəşdi. Qoduq doğulanda Höccət qapımı kəsdi ki, bəs, təzə doğulan qoduğun bir payı mənimdir, - dedi və susdu.

             Ehsan baba özünü zorla saxlayırdı. Molla Bala dodağını dişlədi. Qardi əmi isə çox ciddi halda:

            -  Sonra nə oldu, a Xudu? - deyə soruşdu.

            Xudu kişi ah çəkdi:     

            -  Gördüm cəncəl oğlu əl çəkmir, qoduğu verdim ona! Dedim, apar,haramın olsun. İndi, ay baba, özünü gözlə, Höccət yaman kəmfürsət adamdır. Bilsə, qoduğu səndən zorla alacaq.

             Bu sözdən sonra içəridəkilərdə can qalmadı. Doyunca güldülər. Maymaq-maymaq gözünü döyən  Xudu kişi gah onun, gah bunun üzünə baxırdı. Xəstə birdən dodaqlarında gülüş halsızlıqla gözünü yumduqda Qardi əmi təşvişə düşdü:

            - Kişi gülə-gülə öldü ki?

            Molla Bala qabağa əyildi, babanın nəfəsini dinləyib intizarla baxan ağsaqqallara dedi:

            - Yox, ölməyib! - dedi - Gümrah yuxudur! Qoy, yatsın....

- 5 -

            Novruz deyilən İd bayramına bir ay qalmış kiçik Buğ hərəkətə gəldi, torpağı oyatdı, qar örtüyünü addım-addım izlədi, kənddən uzaqlaşdırdı. Böyük Buğun zəfər yürüşünə bir şey qalmamışdı. Yaz qapını inadla döyürdü.

            Ehsan baba İd bayramına sağ çıxdı. Məlum oldu ki, kişi daha ölmək fikrində deyil. Gümrahlaşmışdı. Qarısından icazəsiz həyətə düşdü. Günorta idi. Qonşudan qayıdan Gilə nənə doqqazın yanında yığılmış iri daşlardan birini taxta məngənəyə salıb yonan Ehsan babaya acıqlandı:

            - Buy..., başıma xeyir! - dedi. - Ay baba, azarlı-azarlı nə işdi görürsən?! Yenə o daşlardan yapışmısan! Səni bu günə qoyan onlar olmadımı?

            Ehsan baba  çevrilmədən:

            -  Qoysana başımı qatım! - dedi.

            Gilə nənə əl çəkmək fikrində deyildi:

            - Əşi, bir ayağın gordadaır, baltadan əl çək! - dedi. - Qalx evə, uzan, nə vacib düşüb, axı?!

            - Macal ver, qurtarıram...

            -  Axı, nə yonursan?

            Ehsan baba baltanı yerə atdı, alnını tərini əlinin dalı ilə sildi, çiynindəki kürkü düzəldib dedi:

            - Başdaşı yonuram, a Gilə! Mane olma...

            Gilə nənə yaxşı eşitmədi, yaxın gəldi, əlini qulağının dibinə qoydu:

            - Hay?! Eşitmədim nə dedin!  -  deyə soruşdu.

            Ehsan baba onun könlünü qırmadı, bayaqkı sözünü bərkdən təkrar elədi. Gilə nənə diksindi. Qarı ölümdən bərk qorxurdu. Heç yas məclislərində də  çox oturmazdı. İndi əsə-əsə soruşdu:

            - Kimə, ay baba?

            - Sənə, a Gilə, sənə!

            Gilə nənə heç belə hirslənməmişdi. Qışqırdı:

            - Özünə başdaşı yon!  - dedi. - Bəlkəm, sən hələ xırda uşaqsan!

            Ehsan baba etinasız halda:

            - Düzdür, xırda uşaq deyiləm, amma ölməyə həvəsim də yoxdu! - dedi. - Dünyadan şikayyətli sənsən, elə deyinirsən.

            Ağaca bağlanmış ikicanlı uzunqulaq səs-küyə qulaqlarını şəkləmişdi. Tut ağacının tumurcuqlanmış şivələrini gəvələyirdi. Nə fikir elədisə yekə başını yuxarı qovzayıb anqırdı. Gilə nənə babanın sözündən elə pisikdi ki dili tutuldu, hiddətlə susdu. Uzunqulağın anqırtısına diksindi, nitqi açıldı. Boğuq səslə babanın üzünə qayıtdı:

            - Vallah-billah, baba, o kürən eşşək qədər ağlın qalmayıb!  - dedi,  - Gündə neçə yol adamı öldürərlər?!  Allah heç rəva görər ki, səni yüz otuz yaşında saxlasın, məni yetmiş yaşında öldürsün?!

            Qarısının əl-ayağa düşməyindən Ehsan baba həzz aldı:

            - A Gilə, Əzrayıl yaşa baxmır, aparanda cavanı da aparır, lap elə uşağı da! - dedi və şirin-şirin əlavə elədi. - Bir də sənin haran cavandır ki?!

            Gilə nənə lap odlandı, səsi zilə qalxdı:

            - Nəə?! Mənəm qoca?! İndi belə oldu?! Yoxsa məni öldürüb cavan arvad almaq istəyirsən? Ağ saqqalından utanmırsan? Deyirəm, axı! Sorağın keçən il Xudunun dul qızının qapısından gəlirdi! Eşitdiyimə görə, onun üçün odun yarırmışsan! Həmin gün evə də şər qarışandan sonra qayıtdın. Elə bilirdin xəbər tutmayacağam?

            Ehsan baba qızışmış qarısına daha baş qoşmadı,  demisini çıxarıb odladı. İri kötüklərdən birinin üstündə qərar tutub kürəyini  yaz günəşinə çevirdi.

             Gilə nənə danışdıqca məngənədəki daşa diqqətlə baxırdı. Bunun baş daşı yox, at fiquru olduğunun fərqinə varanda həsdədi. Yumşaldı:

            - Buki at heykəlidir, baba, baş daşı deyil. Bəs, niyə məni çaşdırırsan? Bilmirsən ki, ölüm adı eşidəndə ağlım başımdan çıxır?! - deyə soruşdu.

            Ehsan baba ona nəzər salmadan:

            - Elə bilirsən at heykəlini baş daşı yerinə qoymaq olmaz? - deyə soruşdu.

            Gilə nənə bir az baxdı, onun sənətkarlığını belə qiymətləndirdi:

            - Sənin qayırdığın at lap eşşəyə oxşayır, axı! - deyə sərək-sərək güldü.  - O tövlədə ki saxsı atın tayıdırkı…

            Ehsan baba onun işinə lağ eləyən qarıdan incidi:

            - Yaman da qanansan ha! - dedi. - Dayan hələ, qurtarandan sonra baxarsan.

            Gilə nənə başını buladı:

            - İki qoç heykəli yonmusan, indi də at heykəli yonursan! Bəh-bəh-bəh! Həyəti heyvanxanaya döndərəcəksən. Vallah, baba, xəstələnəndən sonra olan-qalan ağlını da itirmisən.

            Baba həqiqətən qeyzləndi, papağını başından alıb qarıya tərəf tollazladı.:

            - Kəs səsini, - dedi. - Məni cin atına mindirmə! Canını alaram!

            Gilə nənənin qulağı kişinin səsində əvvəlki mis cingiltisini alacağın, quzuya döndü. Ayağı altına düşmüş papağı dinməz qaldırdı, çırpdı, gətirib babanın əski təsəkli başına keçirtdi. Ağlamsındı:

            - Ayağının altında ölüm, baba, bu cinni Giləni oğlanlarına bağışlı, - dedi.

            Qarısının göz yaşından yumşalan baba köksünü ötürdü:

            - Yaxşı, ay katta qızı, bir çay dəmlə, oturaq dərdləşək.

            Gilə nənə babanın arzusunu yerinə yetirməyə tələsdi. Həyətdə əmin-amanlıq bərpa oldu.                 

- 6 -

            Qocaların yaşadıqları evin bir tərəfi ikimərtəbə, o biri tərəfi bir mərtəbə idi. Bənna yerin vəziyyətindən istifadə edib enişdə çay daşından səliqəli bir tikili qurmuşdu. Uzun eyvanın bir başı təpəyə dirənirdi, o biri başı tövlənin üstündə idi. Dağ kəndlərində  belə evlərlə tez-tez rastlaşmaq olur. Təəccüblü başqa şeydi. Evin yaşı yüz əllini ötmüşdü. Ehsan baba gözünü bu evdə açmışdı. O, varlı-hallı ailənin sonbeşiyi idi. Atasının tövləyə sığmayan mal-qarası, pəyə-pəyə qoyun-quzusu vardı. Gen-bol yaşayırdılar. Ehsanın böyük qardaşlırı Lənkəranın Böyük Bazarına yağ-pendir, Astraxanbazara qoyun-quzu çıxarırdılır. Alış-verişdən gələn pula təsərrüfata, evə lazım olanı alırdılar. Ehsanı isə oxutdururdular. Uşaq zehinli idi. Az vaxtda «Quran»ı başa çıxdı. Amma o, ailənin ümidini puç elədi. Bir gün qonşu kəndə molla yanına gedib-gələn Ehsan geri dönmədi.  Deyirdilər ki, hardansa azıb gələn dərvişlərə qoşulub. Atası, qardaşları onu çox axtardılar, amma Ehsan tapılmadı. On beş yaşlı oğlan  bir parça əppək  olub qeybə çıxdı.

            Hamı Ehsanı öldü bildi. Anası sonbeşiyinin dərdindən yatağa düşdü, daha durmadı. İyirmi il ondan xəbər çıxmadı. Amma Şura hökuməti qurulan ili Ehsan qəflətən peyda oldu.

            Doğmaları onu zorla tanıdı. Saç-saqqalı ağarmış, çəkdiyi məşəqqətlərdən üzü kobudlaşmış, uzun saçları çiyninə tökülmüş bu yad kişinin gəlişi  hələ də pədərşahlıq dövründə yaşayan kəndi təlatümə gətirdi. Əynindəki cırıq dərviş xirqəsi, çiynində tısbağa çanağından olan kəşkülü, düyünlü yekə çomağı görənin canını vahimə salırdı. « Ya Hu», «Ya Mədət», «Ya Həqq» çağıranda körpə uşaqları ağlamaq, boylu qadınları ağrı tuturdu.

            Şura hökumətinin gəlişi bu ailəyə düşmədi. Ehsanın qardaşlarından biri ayağına çıxan bəd şişdən, o birisi ov vaxtı qayadan yıxılıb öldü. Onların uşaqları da naməlum xəstəlikdən qırıldı. Varlı-hallı ailə göz görəsi kasıbladı. Ehsanın atası taleyin zərbələrindən başını itirmişdi. Dərviş oğlundan zəhləsi getsə də  əlacsızlıqdan gözünü ona dikmişdi. Yeganə ümid yeriydi. Ehsanın isə dünya malında gözü yox idi. İllərlə dərvişlərlə oturub-durmuş adamdan nə gözləyəsən?! Günü dağda-daşda keçən Ehsan əkin-biçinlə, təsərrüfatla maraqlanmırdı. Xəstə, ahıl atası yanıb-tökülürdü.

           Otuzuncu illərdə Ehsan ailəni lap quru yerdə qoydu. Kəndə hay düşmüşdü ki, kolxoz qurulur. Aşağı kəndlərdən qayıdan Ehsan dərhal bütün mal-qaranı, qoyun-quzunu, atı-eşşəyi qatdı qabağına. Başı gora titrəyən atası ah-zarla soruşdu:

            - Bala, heyvanı hara aparırsan?

            Ehsan laqeydliklə dedi:

            - Kolxoza verəcəyəm…

            Qoca kişi heyrətlə:

            - Mən, axı, kolxoz olmaq istəmirəm! - dedi. - Kolxoz xoşluqla deyilmi?

            Ehsan səsini qaldırmadan izah elədi:              

            - Nə xoşluq bazlıqdır, dədə?! - dedi - Yaxşısı budur səsini çıxarma.

            Kişi şivən qaldırdı:

            - Mən dişimlə-dırnağımla mal-dövlət yığmışam, zəhmət çəkmişəm…, mən istəmirəm…

            Ehsan bir də onu başa salmaq istədi:

            - Ay dədə, eşitməmisən aşağı kəndlərdə varlıları divara söykəyirlər? Güllələyirlər? Eşitməmisən?

            Qoca kişi inadla dedi:

            - Mənim malım gedəndən sonra yaşamağımın nə xeyri?! Qoy güllələsinlər!

            - Öz xoşumuzla verməsək də əlimizdən alacaqlar. Bu həna, dədə, o hənadan deyil.

            Qoca kişi özündən çıxdı, yaxasını cırdı:

            - Əl vurma mal-dövlətimə, dəyyus, bunları sən qazanmısan sahiblik eləyirsən?

            Ehsan daha dədəsinin haray-həşirinə fikir vermədi, naxırı-sürünü kənd meydanına çəkdi. Qırmızı şilə ilə örtülmüş masanın arxasındakı hökumət nümayəndələrinə təhvil verdi.

            - Olanımız budur,  qəbul eləyin! - dedi - Dərviş babayam, var-dövlət mənə gərək deyil. Hamısını  kolxoza verirəm…

            Onun çirkli xirqəsi, düyünlü çomağı qəza mərkəzindən gələn yoldaşların xoşuna gəldi. Belə adama inanmaq olardı. Ehsanı xeyli təriflədilər. Hətta təhvil verdiyi heyvanlardan bir uzunqulaq ayırıb özünə qaytardılar ki, piyada gəzməsin. Bakıda neft mədənlərində fəhlə işləmiş kolxoz sədri Ağabala naqanı belində düzəldib durub onu qucaqladı:

            - Ehsan kişi, sən əsl proletarsan! Halal olsun! Sənin ki belə geniş ürəyin var, qoymaram sənin gözünə filəsinlər.

            Bu əhvalat ailənin canını qurtardı. Heç bir il keçməmişdi ki, qır-çatlasın başladı. Şura hökuməti varlılırla siçan-pişik oynamaqdan bezikdi. Kəndlərə tuthatut düşdü. Əlini qısan, küncdə-bucaqda mırıldayan hampaları bir gecənin içində yığdılar. Kimini güllələdilər, kimini Lənkəran türməsinə saldılar, kimini sürgün elədilər.

            Ehsan baba yenə sərvaxt tərpəndi, kolxoz sədrinə yan aldı.

            - Ay sədr, mənim evlərim genişdir! - dedi. - Eşitmişəm məktəb üçün yer gəzirsiniz...

            Sədr Ağabala dərvişin dərrakəsinə heyranlıqla:

            - Afərin, dərviş! - dedi və güldü. - Bəs, özün harada yaşayacaqsan? Qardaşlarının dul  arvadlarını neyləyəcəksən?

            - Narahat olma. Biz yer taparıq, sədr. Tövləmiz genişdir. Sahmana salıb yaşayarıq. - deyə Ehsan onu dilə tutdu. - Təki balalarımız oxusun.  

            Sovet sədri də, Ağabala da Ehsanın siyasi savadına heyran qalmışdı. Hər yerdə onu misal çəkirdilər. Düzdür, məktəb üçün başqa hampa evini məsləhət bildilər, amma Ehsanın adı qolçomaqların siyahısından bir dəfəlik silindi.

            Bu minvalla Şura hökuməti ilə işləri sahmana salan Ehsanın bir narahatlığı vardı.  Dədəsi yeni qurluşla heç cür barışa bilmirdi. Var-dövlətinin əlindən çıxması kişini yandırıb-tökürdü. Dərddən ürəyi hövllənmişdi. Kolxozun naxırı hər gün onların doqqazının qabağından keçirdi. Kişi seçmə heyvanlarını uzaqdan tanıyırdı.

            Ehsan ah-ufla oturub-duran dədəsinə istehza ilə baxırdı. Ata isə dərviş oğlunu qarğımaqdan yorulmurdu. Canı ağzından çıxana qədər onunla barışmadı. Acıqdan vəsiyyət belə eləmədi. Gizlətdiyi qızılların yerini oğluna demədi. Bu sirri özü ilə qəbrə apardı… Ehsan bilirdi ki, kişinin karlı qızılı var. Amma neyləyəsən?! Hamısı batıb getdi.

- 7 -

        Əkin yerləri, mal-qarası, qoyun-quzusu əldən çıxandan sonra Ehsan başını dolandırmaq üçün könlünü daşlara saldı. Gecə-gündüz dağlarda itib-batırdı. Daş yonmaqda əməlli ustalaşdı. Bir dəfə kolxoz sədrinin xahişi ilə su dəyirmanının sınmış daşını yondu, yerinə bərkitdi. Bu onun birinci böyük işi idi. Amma pis alınmadı. Kənddə hamı azdanışan Ehsandan aralı gəzirdi. Hətta qardaşlarının dul arvadları da hərdəmxəyal qayınları ilə bir dam altında yaşamaqdan qorxurdular. Evin olan-qalanını da onlar yığışdırıb aradan çıxdılar. Biri atası evinə qayıtdı, o birisi aşağı kəndlərdən gəlmiş  bir çərçiyə qoşulub getdi. Ehsan suyu sovulmuş dəyirmana dönmüş mülkdə tənha qaldı. Təklikdən bezikib evlənməli oldu. Dərhal əyin-başı səliqəyə düşdü, amma dərvişlikdən qalma sərsəri yaşayışdan  əl çəkmirdi. Günü meşədə-dağda keçirdi. Hər evə qayıdanda uzunqulağı yüklü olurdu. Ehsan daş daşıyırdı. Kənd camaatı onun qəribəliklərinə adət elədiyindən fikir verən olmurdu.

            Ehsan zəhləsi getdiyi kolxoz işinə də gedirdi. Boş vaxtlarını isə yeni sənətinə sərf eləyirdi. Qart daşlar əlində muma dönürdü. Taxta məngənəyə salır, yonurdu və istədiyi formanı verirdi. Əvvəl evinin ətrafına, sonra isə bütün həyətə daş döşədi. Bununla iş qurtarmadı. Ehsan doqqazdan bayıra çıxdı. Həyətinə gələn yollara da daş düzdü. Qar əriyəndə, göydən leysan töküləndə belə palçıq-zığa batmazdın. Su daşların arasından keçib evin altındakı dərəyə axırdı. Hamı onun əməlinə mat qalmışdı. Qonşu kənddən  kolxoz sədri ilə sovet sədri də tamaşaya gəldi. Onun işinə uzun-uzadı baxan Ağabala vəcdlə dedi:

            - Afərin, dərviş! Heç Bakıda belə mostovoy yoxdur. Bəli, əsl Şura kəndi belə olmalıdır. - dedi. - Yaxşı nümunədir.

            Sovet sədri isə işə başqa tərəfdən yanaşdı:

            - Söz yox səliqəli işdir! - dedi və ağzını büzdü. - Amma xüsusiçilik iyi gəlir! Bu da qorxulu xəstəlikdir...

            Ehsan baba fəhmlə bildi ki, sovet sədri hara əyir. Dərhal etiraz elədi.

            - Elə demə, ay hökumət, mənim malım-mülküm Şura hökumətinə qurbandır.

            Sovet sədri onun sözünü kəsdi:

            - Sözdür də deyirsən! - dedi - Köhnə hava başından çıxmır! Çıxsaydı əvvəl-əvvəl kolxoz meydanına daş düzərdin, həyətinə yox.

            Ehsan naçar halda:

            - O boyda iş tək adamın hünəri deyil, ay hökumət!

            Ağabalanın dərvişə yazığı gəldi. Onun canını sovet sədrinin əlindən qurtarmaq üçün təklif elədi:

            - Adə, dərviş, bu işi boynuna götür! - dedi. - Qorxma, sənə köməkçi verərəm. Özün görürsən bu siyasi məsələdir.

            Ehsan razılaşmaqdan başqa yol tapmadı:

            - Yaxşı, amma məni tələsdirməyin… - dedi.

            Sovet sədri yenə mız qoydu:

            - Tələsdirmirik! - dedi. - Amma qabaqda Azərbaycanda Şura hökumətinin on beş illiyi gəlir. O vaxta, meydan hazır olmalıdır. Yoxsa siyasi don geydirərlər, işin xarab olacaq.

            Ehsan zora boyun əydi. O, Nikolay padşahın  dövründə yaşamışdı. Məşrutənin təlatümə gətirdiyi İranda olmuşdu. Xanların dərəbəyliyinin şahidi olmuşdu. Əfqanıstanda tayfaların müharibələrini görmüşdü. Hindistanda ingilis hökmranlığı ilə rastlaşmışdı. Heç yerdə Şura hökuməti kimi hökumət görməmişdi. Adamın axırıncı tikəsini boğazından çıxarır, bir yerə yığır, sonra da başlayırdı onu bölməyə. Baş çıxarılası hökumət deyildi.

            Ehsanın kolxoz meydanında gördüyü iş kəndə hay saldı. Camaat ondan ibrət götürdü. Həyətlər, yollar daşla örtüldü. Bir neçə ildən sonra kəndi tanımaq olmurdu. Palçığa batmadın Alaşa çayının üstündəki körpüyə qədər gedib çıxmaq olurdu.

            Şura hökuməti əhalini siyahıya alırdı. Ehsan əllini haqlamışdı. Amma nə başında, nə üzündə bircə qara tük qalmamışdı. Hətta qaşları da ağarmışdı. Qapı-qapı gəzən iki qadın Ehsanın yaşını soruşanda o, gülümsədi:            

            -   Ay bala, kim bilir ki, mənim neçə yaşım var?! - dedi.

            Qadınlar məsləhətləşdilər. Biri o birinə dedi:

            - Yetmiş yaşı olar?! Ya olmaz?! - dedi və siyahını çıxartdı. - Olar, baba?

            Ehsan onların xoş məramı ilə həm baba oldu, həm də iyirmi il qocaldı. Pasport alanda da yaşını yetmiş qeyd elədilər. Ehsan buna etiraz eləmədi. O, daha adlı-sanlı kolxozçu idi. Məsləhətinə dayanırdılar. Kolxozda söz sahibinə çevrilmişdi. Hətta yetmiş yaşı da buna imkan verirdi. Ehsanın adı sədr Ağabalanın dilindən düşmürdü. O, dərvişə vurulmuşdu. Bir dəfə onu yanına çağırdı. Səsini qısaraq xəbərdar elədi:

            - Dərviş baba, zəmanə elədir ki, gərək başını çox qaldırmayasan. Mən bilirəm, sən mərd kişisən. Amma keçmişinə görə nalını oda qoyan tapılacaq. Ehtiyyatlı ol! - dedi və onunla halal-hümmət elədi. - Mən tezliklə Bakıya qayıdıram. Vəzifəmi sovet sədrinə tapşırırlar. Özündən muğayət ol!

            Elə də oldu. Ağabala gedəndən sonra Ehsanın qara günləri başladı. Kənd soveti sədri, təzə kolxoz sədri ondan əl çəkmirdi. Sahə müvəkkili də daraşmışdı canına. Atasının qızıllarını Ehsandan istəyirdilər. Bir gün də əl-qolunu bağlayıb rayon mərkəzinə apardılar. Köhnə çekist olan milis rəisi:

            - Özünü gicdiyə qoyma kişi! - dedi və onun and-amanına qulaq asmadan bağırdı. - Saqqalının ağlığına baxmaram, Sibirə göndərərəm! Qızılların yerini de! Xoşluqla təhvil versən, səni buraxacağam...

            Ehsan babanı bir gün səhərdən axşama qədər döydülər. Əzab-əziyyətlərdə bərkimiş canı dözsə də o, gedər-gəlməz yolları gözünün altına aldı. Amma səhər aləm bir-birinə dəydi. Onu buraxdılar. Müharibə qanının arasına girdi. Almanlar dünya savaşının istiqamətini dəyişmişdilər. Qorxudan başını itirmiş Ehsan baba səfərbərliyə çağrılmış camaata qoşuldu, hərbi komissarlığa gəlib çıxdı. Ağlına nə gəldisə müharibəyə getmək arzusuna düşdü. Bir meşin pencəkli kişiyə yaxınlaşdı. Aldığı saysız-hesabsız göstərişlərdən başını itirmiş rayon komissarı Ehsan babanı başa düşmədi. Kal səslə əmrlər verirdi. Səfərbərliyə çağrılmış, hır-zır qanmayan yüzlərlə naxırçıya və çobana heç olmazsa sağ-solu öyrətmək istəyirdi.Buna nail ola bilmədiyindən hirslənmişdi.Saata baxdı. Yola salma mərasiminin vaxtı çatırdı. Onun arxasınca gəzən Ehsan babaya acıqlandı:

            - Ağsaqqal, əl-ayağa dolaşma!

            Ehsan baba əl çəkmədi:

            - Mən müharibəyə getmək istəyirəm.

            Komissar onun istəyini biləndən sonra xeyli güldü. Kimliyni eşidib mülayim halda dedi:

            - Dərviş baba, get işinlə məşğul ol! İndi növbə cavanlarındır! Gördük nemesə bata bilmirik, səni çağırarıq! - dedi və nə fikirləşdisə Ehsan babanın qoluna girib özü ilə eyvana çıxartdı. - Ağsaqqal kimi cavanlarımıza xeyir-dua verərsən…

            Komissar qısa çıxış eləmək istəsə də:

            - Bizim vaxtımız yoxdur, yağı düşmən Vətənimizə hucum eləyib! Müqəddəs sərhədlərimizi pozub! Onun cəzası verilməlidir! Bu elə-belə müharibə deyil, ölüm-dirim müharibəsidir… - deyə xeyli danışdı, sonra yorulub sözü Ehsan babaya verdi - Buyur, baba, cavanlara öyüd ver!

            Ehsan baba susub-susub birdən çığırdı:

            -  Ya Hu! Ya Həqq! Ya Mədət! Sizi o bir olan Allaha tapşırıram! Salamat gedin, salamat qayıdın! Allah nemesə nəhlət eləsin! Balalarım qorxmayın, elə bir ovsun duası oxuyacağam ki, heç birinizə xətər yetişməyəcək.

            Ehsan baba dodağının altında mırtıldına-mırtıldana yekə çomağının ətrafında fırlanırdı. Kişinin ağ saqqalı yelləndikcə işıq saçırdı. Komissar bunu gözləmirdi, Ehsan babanı kənara itələyib dərhal qayım səslə əmr verdi:

            - Vətən yolunda düzlən! Farağat!  Addımla marş…

            Komissar əfsun duasına mane olsa da Ehsan baba işini görmüşdü. Deyilənə görə,  həmin gün yola salınmış yüzdən çox cavan müharibədən salamat qayıtdı. Birinin də burnu qanamadı. Bu səfərbərliyin iştirakçısı olan Qardi əmi hər dəfə söz düşəndə əllərini göyə qaldırırdı:

            - Bir Allah şahiddir ki, beş il sərasər güllələr o tərəfimdən də keçirdi, bu tərəfimdən də keçirdi, biri də dəymirdi. Sağımda ölürdülər, solumda ölürdülər, bircə mən sağ qalırdım....

 

- 8 -

            Ehsan babanın çıxışı əfsanəyə çevrildi. Onu belə mərasimlərə daha dəvət eləməsələr də, xeyri oldu. Ehsan babadan əl çəkdilər. Müharibə isə qurtarmaq bilmirdi. Camaat əziyyət içində idi. Şura hökuməti kasıb-varlı bilmədən evlərə soxulur, xalça-palazı, mis qab-qacağı, yun yorğan-döşəyi aparırdı.Yetişən  hər dən buğda hesabda idi.Adamlar ot-əncər yeyirdi. Kənddə başıpapaqlı qalmamışdı. Evlər yas içində idi. Müharibənin qurtarmağı da Ehsan babanı sevindirmədi. Arvadı rəhmətə getmişdi. İndi tənha qalmış kişiyə Gilə baxırdı.

            Bu qızın atası kəndin hampalarından idi. Sən deyən varı da yox idi. Kolxozlaşma vaxtı dilini dinc qoymadı, adı qara dəftərə düşdü. Otuz yeddinci ildə Gilənin ailəsini qolçomaq adı ilə Sibirə göndərdilər. Qış vaxtı idi. Anası xəstələnmiş Giləni Ehsan babaya tapşırdı:»-Bu boyda kənddə bir kişi tapmadım ki,ölüm ayağında olan uşağıma pasibanlıq eləsin. Ümüdim sənədir .»-dedi  və məğmun-məğmun baxdı. Ehsan baba qeyrətə boğulub uşağı aldı, amma qorxudan onu  evə gətirmədi. Bir müddət samanlıqda saxladı. Bundan xəbər tutan vəzifə sahibləri Ehsan babanı çox çək-çevirə saldılar. Deyirdilər ki, xalq düşməninin uşağına baxdığına görə səni cəzalandırmaq lazımdır…  Kolxoz sədri Ağabala ona qahmar çıxdı:

            - İşiniz yoxdur! - dedi. - Şura hökuməti kişilərlə mübarizə eləyir, qız uşaqları ilə yox!

            Müharibə vaxtı vəziyyət dəyişdi. Ehsan babanı rahat buraxdılar. O, Giləni evə gətirdi. Qız it kimi sədaqətli çıxdı. Ailənin hər işinə yarıyırdı. Yorulmaq bilmirdi. Amma bir eybi vardı ki, hərdən dəliliyi tuturdu, ağzına gələni danışırdı. Kənddə bu xasiyyətinə görə ona cinni Gilə deyirdilər.

            Ehsan babanın arvadının ölümündən bir neçə il keçmişdi. Bir gün qonşu kəndə getmiş Gilə molla ilə qayıtdı. Özünü itirmiş Ehsan babanı göstərib dedi:

            -  Molla, bu kişi məni ölümdən qurtarıb! Axırıncı tikəsini mənə verib. Mənim kəbinimi ona kəs! İstəyirəm ömrümün axırına kimi ona qulluq eləyim.

            Ehsan babanı elə bil ildırım vurdu. Dil-dodağı əsdi:

            - Gilə, bala, xalqı mənə güldürmə! - dedi. -  Mən səni ala bilmərəm…

            Gilənin dəliliyi tutdu, qırğın-qiyamət saldı. Qalmaqala düşmüş molla aradan çıxmaq istədi. Gilə qeyzlə onun saqqalından yapışdı:

            - Hara gedirsən?! Kəbinimizi kəs! - deyə qışqırdı. - Dediyimi eləməsən, özümü öldürüb qanımı üstünə tökəcəyəm…

            Ehsan baba çar-naçar razı oldu. Molla onların kəbinini kəsdi.

            Yenidən evlənəndən sonra baba cavanlaşdı, əyilmiş beli düzəldi. Gilə onunla müqayisədə uşaq idi. Ehsan baba cavan arvadı ilə elə uşaq kimi də rəftar eləyirdi. Birinci övrətindən zürriyyəti olmamışdı. Arvadı qısır çıxmışdı. Ehsan sonsuzluğun səbəbini özündə görürdü. Giləni alandan sonra fikri dəyişdi. Ehsan ağsaqqal yaşında hamını heyran elədi. Yaman dillər bağlandı. Gilə dalbadal üç oğul, bir qız dünyaya gətirdi. Bu qəribə nigah dillər dastanı oldu. Görünməmiş işdi.

            Oğlanlarının ikisi əkizdi. Üçüncü oğlan böyük qardaşlarından bir yaş kiçikdi, həm də zəifdi. Amma məktəbə onlarla bir getdi. Uşaqlar ataları kimi tərki-dünya idilər. Adama yovuşmurdular, fikirləri-zikirləri oxumaq idi. Baba onlara korluq çəkdirmirdi. Kəşkülündə gizlətdiyi bir neçə qızıl bacaqlını oğlanlarının yolunda xərclədi.

            Kəndlərində orta məktəb yox idi. Oxumaq istəyən sovetliyin mərkəzinə gedirdi. Orada orta məktəb var idi. Ehsan babanın oğlanları  qara-yağışa, isti-soyuğa baxmadan hər gün bu uzaq yolu ölçürdülər. Bir gün də məktəbdən qalmırdılar. Dəvə kimi dözümlü idilər. Ehsan baba isə onların qulağını doldurmaqdan yorulmurdu. Hər gün təkrarlayırdı: « Balalarım, Şura hökuməti var-dövlətin düşmənidir, vəfasızdır, ipinin üstünə odun yığmaq mümkün deyil! Dərslərinizə fikir verin, biliyinizi artırın, vəzifə sahibi olun!» Sonra əlavə eləyirdi: « - Bu Allahın da, bəndənin də unutduğu kənddən uzaq qaçın. Pərvazlandınız, bir də buralara üz çevirməyin, böyük şəhərlədə yaşayın. Mən günümü keçirtmişəm, mənə yazığınız gəlməsin! Sizin xoşbəxtliyiniz mənə bəs eləyər!» Daha sonra deyirdi: « - Dünyanı gəzin, həyatınızdan ləzzət alın! Məni əlsiz-ayaqsız sanıb dizimin dibini kəsdirməyin! Ev buzovundan buğa çıxmaz!» Lap axırda son sözünü deyirdi: « - Eşitsəniz, bilsəniz, ölmüşəm, durmayın gəlin! Meyidimi yerdə qoymayın, kəmali-ədəblə torpağa tapşırın. Düzdür, məndən olsa sizə belə zəhmət verməzdim. Amma bunu eləməsəniz camaat sizə pis baxar. Odur ki, dediyimə əməl edin!»

            Oğlanları babanın ümidini doğrultdu. Üçü də Bakıya getdi, ali məktəbə girdi. Oxudular, həmişə yaxşı soraqları gəldi. Kişini bircə dəfə də narahat eləmədilər. Əkizlərdən birinin sədası lap uzaqlardan eşidilirdi. Böyük alim olmuşdu. Deyilənə görə, Firəngistanın yolunu su yoluna döndərmişdi. Əkizlərin o biri tayı da pis deyildi. Bakıda xudmani vəzifəsi vardı, alimliyi də bəhrə vermişdi. Kiçik oğlu Əbi ali məktəbi atsa da vəziyyəti yaxşı idi. Tikinti də fəhləlik eləyirdi.     

- 9 -

             Ehsan baba çubuğunun külünü böyründəki daşın dibinə boşaltdı. Kötüyün üstündəki sinidən çayı aldı.  Bayaqdan deyinən, övladlarının gedişindən şikayətlənən, gəlişini arzulayan Gilə nənə yaxına gəldi. Sakitcə dil-ağız elədi:

            - Qabağında ölüm, baba, günahımdan keç, üzünə ağ oldum. Vallah, hirslənmişdim, - dedi.

            Ehsan baba narazılıqla:

            - Mən bağışladım, Allah bağışlasın! - dedi. - Sən daha adətgərdəsən də…, südnən gəlib sümüklə çıxacaq.

            Gilə nənə yenə ahı-zarla dilləndi:

            - Uşaqlar yadıma düşür, baba, özümə yer tapa bilmirəm. - dedi - Hamısı sənin günahındır. Onların beynini xarab elədin, didərgin saldın. Onlar uşaqlıqda belə deyildilər. İndi bayquş kimi tək qalmışıq damın altında …

            Ehsan baba istehza ilə:

            - Paçandan tutub qalası deyildilər ki! - dedi və xoşluqla əlavə elədi. - Ay Gilə, oğlanların maşallah, ağ günə çıxıblar da! Nəyi pisdir?!

            Gilə nənə razılaşdı:

            - Elə olmağına, baba, elədir ey! Amma daha təkliyə tabım yoxdur…

            Ehsan babanın yazığı gəldi, ona ürək-dirək verdi:

            - Allah kərimdir! Əbi deyirdi ki, tamam köçüb gəlmək istəyir.

            Gilə nənə inanmadı:

            - Sözdür də deyir! Onlar şəhəri atıb gələn deyillər…

            Qocaların söhbətinə eşşəyin iniltisi mane oldu. Gilə nənə zənn ilə heyvana baxdı. Keçib eşşəyin ipini ağacdan açdı. Heyvan tövlənin qapısından içəri keçənə qədər dalınca baxdı. Sonra sərək-sərək güldü:

            - Yetir ha, yetirdədir…

            Baba dinmədi. Gilə nənə eyni sərəkliklə yenə dedi:

            - Mat qalmalı işdir, baba, bu dişləri ovulmuş eşşəyin ağlına doğmaq haradan gəldi?!

            Baba da könülsüz gülümsədi:

            - Deyirsən qoca at arpa yeməz?!

            Gilə nənə qart səslə qəhqəhə çəkdi:

            - Düz deyiblər mal yiyəsinə oxşamasa haramdır…

            Baba məsələyə başqa tərəfdən yanaşdı. Eyhamla:

            - Gilə, görk götürülməli işə lağ eləməzlər.

            Gilə nənə çarqatının ucu ilə yaşarmış gözlərini silib:

            - Sənin tənəni anlayıram, baba! - dedi. - Amma bu uzunşulağa baxdığın kimi mənə də baxsaydın sənə daha üç oğul doğardım.

            Ehsan baba, doğrudan da, uzunqulağına yaxşı baxırdı. Keçən yaz, yatağa düşməzdən öncə, böyük zəhmətlə tövləni sahmana salmışdı. Daşlaşmış peyini kürümüşdü, axurları təmir eləmişdi. Qızyurdu dağından bir kisə gil gətirmişdi. Gilə nənə deyinəndə ki, dünyanın o başından sürüyüb gətirdiyin matahdan elə qapımızda da var, Ehsan baba cavab vermişdi: « - Gilə, bu gilin yerini heç bir gil verməz, möhkəm şeydir, suvağı hələm-hələm tökülmür. Yazdan məlum olur ki, qış bəd gələcək! Bir uzunqulağımız var, əlimdən-ayağımdan tutur, yazıqdır, qoy yeri rahat olsun!» - deyə Ehsan baba həmin yaz həyət-bacaya da əl gəzdirdi. Çəpəri təzələdi. Dərəyə qədər enən bağında çalışmaqdan yorulmadı. Bu canfəşanlıq kişiyə düşmədi. Bərk azarladı. Kisədəki gil axurda, tövlə də suvanmamış qaldı.

 

- 10 -

            Yazın erkən çağı havalar soyuq keçirdi. Gün batan kimi ayaz adamın iliyinə işləyirdi. Lampa işığından bezikən Ehsan baba sobaya bir kötük atdı, soyunub yerinə girdi. Heç çimirini almamışdı ki, oyandı. Eşşəyin qırıq anqırtısı, tappıltısı tövləni başına götürmüşdü. Baba kürkünü çiyninə atdı. Sobanın o biri tərəfində yun kələfi kimi yumurlanmış Gilə nənə yuxulu-yuxulu dilləndi:

            - Nədi, baba, bir yerinmi ağrıyır?

            - Yox, ağrımıram. Düşüb uzunqulağa baş çəkmək istəyirəm…

            - Əşi, yıxıl yat! İsti yerindən qalxmısan, soyuq dəyər, xəstələnərsən! Bir azdan özüm çıxaram…

            Ehsan babanın hövsələsi təngidi:

            - Ay katta qızı, mafar ver tərpənim də! - dedi. - Soyuq dəyər, xəstələnərsən… Başqa sözün yoxdur?!

             Gilə nənə yumşaqlıqlı:

            - Baba, hirslənmə… - dedi. - Dediyim odur ki, o qart eşşək nəmənə şeydir ki, ondan ötrü əl-ayağa düşəsən?

            Qarının axır vaxtlar hər işinə qarışması Ehsan babanı təbdən çıxarırdı. Xəstəliyi kişinin əvvəlki zəhmini əlindən almışdı. O, şeytana lənət deyib köhnə çəkmələrini ayağına keçirtdi. Qapıdan çıxdı. Pillələri tələsmədən endi. Tövləyə girdi. Ayın işığı açıq qapıdan içəri doldu. Gördü uzunqulaq fırfıra kimi fırlanır, başını axura döyür, bədəni rəşə ilə titrəyir. Qarnı da sallanıb yerə dəyir. Axurda mürgüləyən it uzunqulağın iniltisinə bir ağız hürdü, tənbəl-tənbəl yerindən qalxdı, axur boyu gəzişdi. Babanın gəlişindən sevinmiş halda zingildədi, sonra təcrübəsiz mamaçalalar kimi yerinə çəkildi. Ehsan baba bir az durdu, ayaz alt paltarından keçib bədəninə işlədikdə kürkünə büründü, ağrı çəkən uzunqulağa nə kömək eləcəyini bilmədən geri döndü.

            Gilə nənə yenə oyandı, mürgülü-mürgülü soruşdu:

            -      Nə oldu, baba?! Eşşək doğubmu?

            Baba deyindi:

            - Çər dəymiş hələ gücənir… Amma bir şey alınmır. Axmaq heyvan elə gücənir ki, elə bil mənə qızılbaş qoduq doğacaq.

            Gilə nənənin yuxusu «qızılbaş qotuq» sözündən tamam qaçdı. Yerində oturdu, səfeh-səfeh güldü:

            -  Baba, birdən eşşək qızılbaş qotuq doğsa neynəyərsən?!

            Ehsan baba çaşdı, qarının gözlərinin parıltısından xoşu gəlmədi:

            - Lap xərifləyirsən ha! - dedi.

            Gilə nənə əl çəkmədi:

            - Birdən oldu da! Hə? Neynəyəcəksən?!

            Baba bilmədi nə desin, fikirli halda:

            - Elə bir möcüzə olsa hökumətə xəbər vermək lazımdır! - dedi və qarının axmaq sözündən fikrə getməyinə acığı tutdu. - Çırağın piltəsini endir, yat, ay yetim, yuxu başına vurub sayır-bayır danışırsan...

            Gilə nənə «yetim» sözündən yenə odlandı, amma yuxulu olduğundan piltəni aşağı saldı və başını yastığa atıb deyinməklə kifayyətləndi:

            - Tünbətün nəvəsi katta dədəmə sataşmasa sakitləşmir də… Nə verib ala bilmir, başım çıxmır…

            Ehsan baba qarısının hirslənməyinə sevindi. Buna nail olandan sonra başını yastığa atdı,  dərin yuxuya getdi. İndi top da atsaydın oyanmazdı. Gilə nənə isə o üzə çevrildi, bu üzə çevrildi, gördü yuxusu ərşə çəkilib, durub oturdu. Uzunqulağın qalib anqırtısı  eşidildi. Qarı yerindən qalxdı, şalını çiyninə saldı. Yatanda həmişə uyuşan qıçlarına çox da etibar eləmədi, divardan tutu-tuta eyvana, oradan da həyətə düşdü. Aylı gecənin gözəlliyinə adətgərdə olduğundan başını qaldırmadan irəlilədi. Tövlənin qapısını araladı. Gördüyü mənzərədən canına lərzə düşdü:

            - Aman Allah! Bu nədir?! - deyə çığırdı.

            Uzunqulağın ayaqları altında iki işıq saçan qoduq vardı. Biri tərpənirdi, o birisi tərpənmirdi. Tərpənən gümüşü işıq saçırdı, tərpənməyən qoduq qızıl kimi parıldayırdı. Qarı «bismillah» deyə-deyə qabağa əyildi, irəliləməyə qorxurdu. Köpək də axurdan yerə hoppandı. Amma uzunqulaq onu yaxına buraxmaq fikrində deyildi, dərhal şıllağa qalxdı. İt geri sıçradı. Gilə nənə daş kimi ağırlaşmış ayaqlarını götürüb qoydu, zorla bir addım atdı. Tərpənən qoduq ayağa durmağa çalışırdı. O birisi isə böyrü üstə qalmışdı. Qarı qorxa-qorxa əlini uzatdı tərpənən qoduğa toxundu, və cəld çəkdi. Qaranlıqda əli parıldadı. Bu möcüzəyə donuxmuş halda ayaqlarına yalmanan köpəyi vurub tövlədən çıxartdı. O biri qoduğa əlini uzatdı. Bu soyuq idi.  Qapını ehtiyyatla bağladı. İçəridən uzunqulağın fınxırtısı, sonra marçıltı səsi eşidildi. Yəqin sakitləşmiş heyvan balasının əmməsinə daha mane olmurdu. Gilə nənə nə fikirləşdisə qapının dalına bir daş qoydu ki, köpək içəri girməsin. Beynində aləm bir-birinə qarışmışdı. Ağır-ağır yerə çökdü. İt zingildədi. O, bərk qorxdu. Böyrünə qısılmış köpəyin üstünə çökmüşdü. Qarının dili açıldı:

            - Aman Allah! Bu nədir?! Bu nə möcüzədir?! Olmaya qoduğun biri gümüşdəndi, o birisi qızıldan?! Olmuya havalanıram?! - deyə mızıldandı. - Qızıl yumurta qoyan toyuq eşitmişdim., qızıl-gümüş xotuğ doğan uzunquluq eşitməmişdim…

            Qarı ayaz iliyinə işləyənə qədər yerindən tərpənmədi. Sonra səntirləyə-səntirləyə həyəti dolandı. Evin yolunu unutmuş adamlar kimi kölgə tək eyvana qalxdı. İçəri girdi, neft çırağının zəif ziyasına bir az tamaşa elədi. Əl havasına taxçadan qıfılı götürdü. Ehsan babanı oyatmaqdan ehtiyyat elədiyindən barmaqlarının ucunda yeriyirdi. Amma tumanının ətəyi sobanın böyründə yığılmış yarmaçalara ilişdi. Baba səsə dikəldi, acıqlandı:

            - A Gilə, həyula kimi gəzirsən! Yıxılıb yatsana!

            Gilə nənə key-key dilləndi:

            - Tövlənin sovxa qıfılını götürürdüm… - dedi.

            Ehsan baba yerində oturdu, heyrətlə:

            - Qıfılı neyləyirsən? - dedi.

            - Tövləni kilidləyəcəm!

            Ehsan baba qarısının dəlisovluğunu bildiyindən mülayimliklə mızıldandı:

            - İşin qurtarıb?! - dedi. - Tövlədə nəyimiz var ki?! Elə dişi tökülmüş uzunqulağımıza qıfıl yaraşır! Boşla, ay qarı! Özün deyirdin ki, üstündə pul da versən aparan olmaz…

            Gilə nənə əyilib pıçıltı ilə dedi:

            -   Yavaş danış, baba, uzunqulağımız əkiz doğub… Bir cüt xotuğumuz var. Xotuğlar, xotuğlar…

            Ehsan baba dili dolaşan qarısına ehtiyyatla lağ elədi:

            - Nədir, xotuğların başı qızıldandır? - deyə soruşdu və güldü. - Ha, ha, ha!  Hə?!  

            Gilə nənə gülmədi, lap astadan pıçıldadı:

            - Hə də, baba, xotuğun biri qızıldandır, o birisi gümüşdən. Vallahi, biri qızıl kimi, o birisi gümüş kimi parıldayır.

            Ehsan baba uğundu:

            - Ha, ha, ha! Ay yetim, az aşın duzu deyilsən ha! Axır vaxtlar sən də zarafata başlamısan! - dedi və başını mütəkkəyə atdı. - Neynəyirsən elə, daha məni oyatma! Qoy, gözümün acısını alım...

            Gilə nənə rahat nəfəs aldı. Tövləyə tələsdi. Qapının ağzında yumurlanmış köpəyə fikir vermədən cəftəni saldı, qapını qıfılladı. Açarı boynundan asdığı pul kisəsinə qoydu. Həyəti ayaqdan düşənə qədər gəzdi. Geri qayıdıb yerinə girəndə yatağı buz kimi soyumuşdu. Şirin xorna çəkən babanın hənirtisinə qulaq asa-asa səhəri açdı. Xoruzların birinci banı qarı ayağa qalxdı. Heyvan örüşə hoylanan vaxt idi. Xoruzların ikinci banı qarı doqqazı kəsdirdi. Qaranlıqda qonşunun onunla salamlaşan kiçik oğlunu yaxına çağırdı. Çubuqla inək-camışını tələsdirən uşaq qaça-qaça gəldi.

            - Gilə nənə, sənə nə düşüb sübhdən durmusan? - dedi və bic-bic güldü - Olmuya Ehsan babanın kürən eşşəyini örüşə çıxarırsan?

            Gilə nənə oğlanın dolağına belə cavab verdi:

            - Haramzadəlikdə kimə oxşamısan, a bala?! - dedi və xahiş elədi. - Balamsan, Gülzara çatdır mənə baş çəksin! Vacib işim var…

            Oğlan başını tərpətdi, çəpərə özünü sürtən camışı çubuqladı:

            - Hooo! - deyə uzaqlaşdı.

            Gülzar babası yaxşılaşandan sonra da gündə bir neçə dəfə qocalara baş çəkirdi. Rəhmətə getmiş anasının vəsiyyətini unutmurdu: « - Dayıların uzaqlardadır, qızım, qocaları yaddan çıxartma! Onları sənə tapşırıram!» - deyə gözünü yummuşdu.  İndi sübh tezdən göndərilmiş ismarıcdan həyəcanlandı. Əlüstü özünü çatdırdı. Daranmağa, əl-üzünü yumağa macalı olmamışdı. Doqqazdan salamlaşdı. Gilə nənəyə yaxınlaşdı:

·         Babanın halı xarabdır, nənə?!  - deyə tələsik soruşdu.

Gilə nənə başını buladı, nəvəsinin qoluna girdi. Eyvandankeçirib qonaq otağına saldı.

Həyətə açılan pəncərələrin pərdəsini araladı. Səhərin işığı otağa doldu. Bura meydan kimi geniş bir otaqdı. Əbinin təmirindən sonra qədim mənzil yeni yöndəm almışdı. Döşəməsi-divarı xalı-xalçalı idi. Soyuducu qapının dalında, telivizor qapı ilə üzbəüz divara söykənmiş masanın üstündə dayanırdı. İşıq dünyanın düz vaxtı cirə ilə verildiyindən bu avdanlıq elə görk üçün idi. Yorğan-döşək yükü enli divarın içində yerləşdirilmişdi. Pəncərənin önündəki yazı masası yetim-yetim boylanırdı. Üstü boş idi.

            Gilə nənə pıçıltı ilə soruşdu:

·         Qızım, ağzın möhkəmdirmi?! - dedi və Gülzarı yazı masasının arxasındakı kətilə

tərəf  apardı. - Otur! Soruşuram ağızdan necəsən?!

            Gülzarın on beş yaşı vardı. Qocaldıqca lap xərifləyən nənəsinin qəribəliklərinə alışsa da ondan qorxurdu. Candərdi gülümsədi:

·         Ağzımın möhkəmliyini neyləyirsən, nənə?

Gilə nənə donuq səslə bir də soruşdu:

·         Bala, sirr saxlaya bilərsən?!

·         Həlbəttə! Balaca deyiləm ki!

Gilə nənə tərəddüdlə nəvəsinə baxdı, bir də onu sınağa çəkdi:

·         Gərək and içəsən! - dedi. - And iç ki, burada eşitdiyini  heç kimə deməyəcəksən…

Gülzar ləçəyini düzəltdi. O, qarını heç belə ciddi görməmişdi.

·         Eşitdiyimi birinə desəm allah canımı alsın... - dedi.

·         Eləsə mizin dolabından qələm-kağız götür, indi dayılarına məktub yazacağıq. - deyə

qarı əmr elədi və işıqdan düşmüş gözlərini onun üstünə ağartdı. - Amma bir daş altda, bir daş üstdə… Bir də and iç…

Gülzar qorxa-qorxa qarıya baxdı, naçar halda:

·         Dayılarımın canına and olsun…

·         Eləsə yaz! - deyə qarı əlini onun çiyninə qoydu.

          Qız təcrübəsindən bilirdi ki, məktubların sayı üç olacaq. İkisi Bakıya, biri isə Sumqayıta göndəriləcək. Məktubların məzmunu adətən eyni olurdu. Nənəsinin nə diqtə eləyəcəyini Gülzar əzbər bilirdi. Yerini düzəldib Gilə nənəni gözləmədən bir abzas yazdı. Qarı özündən çıxdı:

·         Ay canı yanmış, mən ağzımı açmamış sən nə yazırsan?!

Gülzar gülümsədi:

·         Salam-dua yazıram, nənə - deyə onu sakitləşdirdi.

·         Həə?!

·         Hə, nənə, indi başla, mən də yazım…

           Gilə nənə belə başladı: « - …, oğlum, gözümün işığı oğlum! Gəldiyin yollara qurban olum! Gözüm havaxtdır yollardadır! Neçə aydır gəlmirsən, bizi lap yaddan çıxartmısan! Sən bu səbrin yiyəsi deyildin, axı! Babanla bayquş kimi bir damın altında tək qalmışıq. Mülk başlı-başına qalıb. Qurban olum sənə, daha əldən düşmüşük. Baban lap xarab olub, xəstəlikdən sonra heç düzəlmir… Sənə bir şad xəbər verəcəyəm, kürən uzunqulağımız bir cüt qoduğ doğub. Desəm inanmazsan, oğlum, katta dədəmin ərvahına and olsun ki, qoduğun biri gümüşdəndir, biri isə qızıldandır. Gözümlə gördüyümü deyirəm, oğlum, qoduqlar par-par parıldayır, işıq saçırlar. Tez özünü yetir, qorxuram əldən çıxa. Ehsan babana etibar eləmək olmaz. Bilirsən ki, dərvişdir, dünya malında gözü yoxdur. Olanını əlində saxlaya bilmir. Biri gəlib axırıncı köynəyini istəsə, çıxarıb verər. O vaxt sürülərini, naxırını Şura hökumətinin kolxozuna vermədimi?! Ailəni quru yerdə qoymadımı?! Babanın qoduğlardan hələ  xəbəri yoxdur, yoxsa çoxdan hökumət adamlarını bura yığmışdı. Bir sözlə, oğlum, özünü yetir… Sağ-salamatlığını arzulayan anan Gilə!»

            Üçüncü məktubdan sonra Gülzarın gözündən gildir-gildir yaş gəldi. Qızın üzündəki bayaqkı ürkək təbəssümdən əsər qalmamışdı. Fikrindən bunlar keçdi: « - Vay, vay! Yazıq Gilə nənə! Başı lap xarab olub ki!» O, məktubları zərfə qoydu, üstünü yazdı. Burnunu çəkəndə qarı şübhələndi:

·         Niyə ağlayırsan?! - deyə soruşdu.

·         Dodom yadıma düşdü…

Gülzar anasını «dodo» çağırırdı. Sorğu-sualdan çəkinib nənəsini azdırmaq üçün araya

söz qatdı:

·         Nənə, məktubları nə təhər göndərəcəksən? - Soruşdu.

·         Məktəbə gedəndə apararsan sovetlikdə poşta salarsan…

·         Ay nənə, bəs bilmirsən biz bir həftədir məktəbə getmirik?! - deyə qız məzəmmətlə

dilləndi - Körpü lap əyilib, keçməyə heç kim ürək eləmir. Çay yatağından çıxıb, zəmiləri basıb.

            Qışda qar-çovğun Alaşaçayın belindəki mələxə körpünü dəbərtmişdi, Allaha amanat dözürdü. Yazağzı isə vəziyyəti lap xarablaşmışdı. Sel-su qalxıb körpünün taxtalarına döyəcləyirdi. Kəndin guman yeri olan bu piyada körpü də dağılsaydı kənd təbiətin mühasirəsinə düşürdü. İndi onun titrəyən taxtalarının üstünə çıxmaq adamdan ürək  istəyirdi.

            Gilə nənə bunları lap unutmuşdu. O, ah çəkdi:

            - Neynək, bala, Allah kərimdir. - dedi. - Kağızları mizin dolabına qoy, get, dərsə gecikərsən…

            Gülzar nənəsinin sərsəm mızıltısına astadan dedi:

·         Dedim, axı, bir həftədir məktəbə getmirik…

Orta məktəbə uşaqlar qonşu kəndə gedirdilər. Gülzar nənəsinin küt baxışlarından

qorxdu, dinməz evdən çıxdı. Nəvəsi gedəndən sonra qarı keçib şalını tapdı, çiyninə saldı, məhəllədən çıxdı. Kənardan baxan olsaydı Gilə nənənin hərəkətlərində qəribəliyi dərhal görərdi. Elə fikirləri də çalpaşıq idi: « - Hər şey Allahın məsləhətiynəndir, istəsə çayı da dayandırar! Məsləhət görsə şəhərə gedən də tapılacaq. Katta dədəmin goruna and olsun, bu belədir.» - deyə təkrar-təkrar mızılıdanırdı.

                                                           - 11 -

             Ehsan baba yuxudan gec oyandı. Yaz günəşi fəqan eləyirdi, ağacların, otların yaşıl libasına yeni rənglər vururdu. Babanın gözü qamaşdı. O, bulaq üstünə endi. Əl-üzünü yudu. Bulaq daşla hörülmüşdü. Su bir səviyyədə qalırdı. Pıqqa-pıqla qaynasa da nə artırdı, nə azalırdı. Bu da bir sirr idi. Baba həyəti dolandı, bağ aşağı dərəyə qədər endi, amma qarısına rast gəlmədi. Deyinə-deyinə evə qalxdı, sobanın üstündəki isti xəşildən bir qab çəkdi. Dişləri kardan düşmüşdü deyənə yediyi yumşaq xörəklər idi. Doqqasın altını bərkidəndən sonra çubuğunu doldurub tüstülədə-tüstülədə həyətə düşdü. Uzunqulağa baş çəkmək fikrində idi. Amma tövləni qıfıllı görüb donuxdu:

·         Bu yetim lap xərifləyib ha! - deyə mızıldandı.

            Çəpərin dibində uzanmış köpək boğuq səslə mırıldandı. O tanış adam görəndə hürmürdü. Ehsan baba səsə başını qaldırdı, doqqazda molla Balanı görüb ona tərəf getdi. Təmənləşdilər. Kef-əhvaldan sonra qonaq dedi:

·         Baba dərviş, gəldim salamatlaşım! Bakıya səfərim var…             

Ehsan baba başını buladı:

            - Dediyindən əl çəkmirsən ha, molla Bala. Dünən Qardi əmin də, mən də səni başa saldıq. İndi körpünü keçmək qorxuludur, uçub eləyər, sel-su səni aparar… Gözlə su azalsın, aşağıdan, çay yatağının dayaz yerindən keçərsən.

            Molla Bala könülsüz halda bir də izah elədi:

- Mümkün deyil, baba dərviş! Vizamın vaxtı bitir, İran elçiliyinə dəyməliyəm. Qanunu poza bilmərəm…

Ehsan baba hövsələsiz halda çımxırdı:

- Mən viza-tiza bilmirəm! - dedi. - Dediyim odur ki, məhv olarsan…

Molla Bala tərəddüdlə gülümsədi.

 - Allah kərimdir! - dedi və əlavə elədi. - Dünən çayın sahilində idim. Gördüm, bir təhər keçmək olar. Hələki körpü salamatdır… Körpünü sel aparsa, qorxuram bir neçə ay ilişim qalım bu dağlarda.

Ehsan baba istehza ilə:

- Bah! Burada qorxmalı nə var ki?! - dedi. - Qardi əminin qarımış qızlarından birini alarıq səninçün, yaşayarsan da!

Molla Bala başını buladı:

- Təbrizdəki  arvad-uşağı neyləyim, baba dərviş?! Fikrin köhnə vaxtlara getməsin ey, iki arvad, iki ev dolandırmaq çətin sənətdir…

- Neynək, bala, yaxşı yol! Madam ki, səni arvadla da yoldan çıxartmaq olmur, deməli işin çox vacibdir…

Molla Bala dərindən köksünü ötürdü, birdən bic-bic güldü:

- Baba dərviş, bir təmənnam var. Rüsxət versən deyərəm…

Ehsan baba maraqla:

- Nədi, elə?!

- Mən gələnə qədər ölmək fikrinə düşmə! - deyə mola Bala onun qoluna toxundu. - Söz vermisən, gərək o dağlara məni çıxarasan...

Ehsan baba arxayanlıqla:

- Ürəyini buz kimi saxla! - dedi. - Əzrayılla müqavilə bağlamışıq. Bir neçə il mənimlə işi yoxdu… Sən özündən muğayət ol.

Molla Bala axsıya-axsıya doqqaza getdi. Qanı qara qayıdan Gilə nənə qonağın salamını başı ilə alıb eyvana tələsdi. Molla Bala bu dəlisov qarıdan çəkinirdi. Qorxa-qorxa dedi:

- Gilə nənə, Bakıya gedirəm! Bəlkə bir sifarişin var?!

Qarını elə bil ildırım vurdu. Yerə mıxlandı. Sonra ahıl adamlara yaraşmayan bir cəldliklə molla Balanın üstünə gəldi:

- Bakıya gedirsən?! - deyə cavan qız kimi haray saldı. - Ay sənin Bakıya gedən qədəmlərinə qurban olum! Allah necə də mərhəmətlidir, axır sədamı eşitdi! Uşaqlara məktub yazmışam. Onları apararsanmı, bala?!

Molla Bala özünü itirmiş halda əlini gözünün üstünə qoydu:

- Bəçeşm, nənə, ver bura! - dedi.

Qarı onun hərəkətlərinə uzaqdan təəccüblə baxan Ehsan babaya fikir vermədən qoynundan çıxartdığı zərfləri qonağa verdi. Bərk-bərk tapışırdı:

- Həlbət-həlbət çatdır, vacib məsələdir…

Molla Bala başını tərpətdi:

- Lap arxayın ol, nənə! - dedi. - Başqa sifarişin yoxdursa mən gedim. Gərək şəhərə gedən avtobusa özümü çatdırım.

O, həyətdən çıxdıqda Gilə nənə eyvana cumdu. Mətbəxdən bir çölmək su alıb gedənin ardınca atdı. Ehsan baba onun bu caniyanıqlığına heyrət elədi:

- A Gilə, mollaya verdiyin nə idi?

Gilə nənə ona baxmadan çımxırdı:

- Nə borcuna, baba, - dedi və mətbəxə çəkildi.

Ehsan baba qarısının qırımından bildi ki, onu dindirməsə yaxşıdır.

 

- 12 -

 

Əsvər qoyun-quzunu sürüyə, inək-camışını ellik naxıra qatdı. Bu gün nobata çıxmış Höccətlə çəpləşdi. Qonşusu heyvanı düşmən malı kimi çubuqlayırdı. Əsvər uzunqulağını yedəyinə alıb qanı qara halda sahəsinə qalxdı. Buğda təzə cücərmişdi. Amma zəmisində heyvan ləpirləri görüb qanı lap qaraldı. Həvəssiz bir az qurdalandı, günortaya yaxın evə döndü.

            Gülzar Həzərin onunla yaşıd qızı ilə həyətdə pıçıldaşırdı. Əsvər qanı qara olduğundan hirsini tökməyə adam axtarırdı. Amma hövsələsini basdı. Ayağını soyunub evə keçdi. Arvadı rəhmətə gedəndən sonra hər şey ona naqolay gəlirdi. Bu kifir, qozbel qadınla evinin bərəkəti də çəkilmişdi. Səs-səsə verib evi başına götürmüş əkiz qızlarına acıqlandı. Onlar yükün dalına çəkildilər. Arvadına daha doğmaq olmazdı. Bu əkiz qız onun axırına çıxdı. Əsvər isə oğul istəyirdi.

            Gülzar tələsik içəri girdi. Yaylığının ucu ilə gözlərini qurudaraq atasına yemək tədarük elədi. Əsvər bardaş qurub hirslə ona baxırdı. Astadan soruşdu:

            - Nə xəbərdir?!

            Gülzar süfrə sala-sala dedi:

            - Heç! - dedi

Əsvər özündən çıxdı:

- Bəs, niyə ağlayırdın?

Gülzar doluxsundu:

- Səhər nənəm dalımca xəbər göndərmişdi….

Əfsər sakitləşdi, istehza ilə:

- Ona görə yasxana qurmazlar ki! Getdin, nə oldu?

- Getdim… - deyə Gülzar hönkürdü.

- Əşi, dayan görüm! - deyə Əsvər tikəsini yerə qoydu. - Hansı ölüb? Nənən, ya baban?

- Heç biri…

- Lap yaxşı, daha niyə şivən salmısan?

- Nənəmin başına, deyəsən, hava gəlib.

Əsvər məkrlə güldü:

- Təzə söhbət elə, bala! - dedi. - Sənin nənənin başı həmişə havalı olub. İyirmi yaşında qoca bir kişiyə ərə gedəndən nə gözləyəsən?! Ona «cinni» Gilə nahaq demirlər ki!... İndi neynəyib?

Gülzarın dolu yanaqları solmuşdu. Pıçıldadı:

- Dədə, daha arvad sayır-bayır söyləyir. Deyir ki, Ehsan babanın uzunqulağı iki qoduğ doğub, biri qızıldandır, o biri gümüşdən. Adamın ona lap yazığı gəlir, dədə…

Əsvəp ürəkdən güldü:

-  Xa, xa, xa! Nənən lap ipləmədir ki! Qoduğ da qızıldan olar? Qoduğ da gümüşdən olar?

Gulzar atasının mis rəngində olan üzündəki sevincdən incidi:

- Dədə, heç gülməyin yeridir? - deyə məzəmmət elədi.

Əsvərin kefi elə kökəlmişdi ki, qızının yekəbaşlığını eyninə almadı:

- Yaxşı, yaxşı, burnunu sallama. - dedi və maraqla soruşdu. - Nənən daha nə dedi?

- Dayılarıma məktub yazdırdı. Onları kəndə çağırır.

Əsvərin üzündəki təbəssüm qurudu, beynində çaxnaşma düşdü: « - Paho! Qızıl?! Gümüş?! Oğlanlarına məktub yazıb?! Yox, deyəsən, iş başqadır. Yəqin dərviş qaynatam dədəsinin qızıllarını tapıb. Xotuğ-filan boş şeydir. Bəs necə?! Neçə illərdir həyəti qazıq-qazıq eləyirdi. Əbəs deyilmiş… İndi oğlanlarını duyuq salır, üstüörtülü məktub yazır ki, tez gəlsinlər…»

O, yerindən dik qalxdı, süfrənin üstündən adlayıb kandardakı çəkmələrini ayağına çəkdi. Yükün dalından boylanan əkizlərinə gözünü ağartdı. Gülzara bərk-bərk tapşırdı:

            - Daha ağzını ayırıb bu xəbəri aləmə yayma! - dedi. - Camaatı bizə güldürərsən! Qoca arvaddır da! Heç qoduğ da qızıldan, ya gümüşdən olar?!

 

- 13 -

           Kənddə Ninioğlu kimi tanınan Əsvərin həyatdən ağzı acı idi. Əsil-nəcabət sarıdan yarımamışdı. Nə atası Məmi, nə anası Nini bir könülaçan əməl sahibi olmamışdılar. Zəhmətkeş Əsvər taleyin bu damğasından can qurtara bilmirdi. Elə atası Məmini götürək! Qıraqdan baxan onu maymaq, iddiasız, əlsiz-ayaqsız bilirdi. Amma elə deyildi, Məminin buynuzları içəridə idi. Axırıncı dünya müharibəsindən bir az qabaq aclıq çəkən arandan baş götürüb gəlmişdi, bu kəndə sığınmışdı. Üst-başı it kökündə olsa da, başı saat kimi işləyirdi. Zəmanənin övzayını tez  tutdu. Vəzifə sahiblərinin qabağında qolubağlı qul kimi dayanırdı, nə iş buyursalar boyun qaçırmırdı. Onun-bunun nalını elə məharətlə oda qoyurdu ki, üzü üzlər görmüş sovet sədri də mat qalırdı. Şura hökuməti belə şəxsiyyətsiz adamlara pasibanlıq eləyirdi. Ehsan babanın geniş dədə-baba həyətindən bir parça ayırıb Məmiyə verdilər ki, yetim daha onun-bunun samanlığında küllənməsin, güzaranını qursun. Kənd camaatı bu işdə ona kömək elədi. Yığılıb Məmiyə bir koma tikdilər. Ev sahibi olandan sonra qalırdı evlənmək! Amma Məmiyə kənddən qız verən tapılmadı. Müharibə araya düşdü. Məmi nə hoqqalardan çıxmadı, vəzifə sahiblərinin ayağına düşdü, köməyi olmadı, onu davaya apardılar. Altı-yeddi il Məmini gördüm deyən tapılmadı. Onun yoxluğu heç kimi kədərləndirmədi, gəlişi də heç kimi sevindirmədi, amma təəccübləndirdi. Maymaq Məmi arvadı ilə kəndə varid olmuşdu. Dünya gözəli olan bu qadın boylu idi. Ağır ayaqlığına baxmayaraq gəlinin gözləri qaynaşırdı. Xasiyyətində nə vardısa kənd camaatı ona Nini adını qoydu. Məminin arvadı yükünü yerə qoymamış dingildəyirdi. Bir oğlan uşağı dünyaya gətirdi. Adını Əsvər qoydular. Amma Məminin sevinci uzun sürmədi. Vəzifə sahibləri onun komasına ayaq açdılar. Yarım ilə, bir ilə Nininin adı dillər əzbəri oldu.

            Ağlı kəsəndən valideynlərinə görə xəcalət çəkən Əsvərin qara günləri qabaqda idi. Məmi davada aldığı yaralardan tezliklə kəlləsini yerə qoydu. Kiçik Əsvər bilirdi ki, atasını nə müharibənin mərhumiyyətləri, nə də aldığı yaraların çirki-irini öldürdü. Kişini Nininin  dingiltisi məhv eləmişdi. Əri ölmüş arvadın əl-qolu lap açıldı, daha özünə heç korluq vermədi. Müharibənin seyrəltdiyi kənddə başıpapaqlı barmaqla sayılırdı. Nini əlinə düşəndən imtina eləmirdi. Qardi əmi, Ehsan baba kimi əməlisaleh adamları isə yoldan çıxarmaq mümkün deyildi. Nini aşağı kəndlərə ayaq açdı, zinadan əməli gələn  iki xırda oğlunu da özü ilə apardı. Yeniyetmə Əsvər anası ilə getmədi, Məminin komasında tək qaldı. Əvvəl-əvvəl Nininin sorağı gəlirdi, sonra kəsildi. Deyəsən, mahalı sahmana salıb iri şəhərlərə üz tutmuşdu.

            Əsvər çalışqan cavandı. Kolxozda əlləşirdi. Əskərliyini çəkib yenə kəndə qayıtdı. Evlənməyə tələsmirdi. Gözü uşaqlıqda bir yerdə böyüdüyü Dododa ,  Ehsan babanın qızında idi. Qardaşları uşaqlıqdan onu Dodo, yəni «bacı» çağırdıqlarından adı elə də qalmışdı. Qız kifir və qozbeldi. Yaşı da iyirmi beşi ötmüşdü. Amma nə Ehsan baba, nə Gilə nənə Dodonu Əsvərə vermək fikrində deyildi. Bu zatıqırıqla qohumluq ailəni açmırdı. Amma nə qız, nə də oğlan bir-birindən əl çəkmirdi. Dodonu başa düşmək olurdu. Bu sir-sifətlə padşah balasına ərə getməyəcəkdi ki! Ehsan baba axırda yola gəldi.

            Əsvər kifir arvadını çox istəyirdi. Onun gözəl qadınları görməyə gözü yox idi. Anası Nini yadına düşürdü. Birinci övladından sonra məlum oldu ki, Dodo sağalmaz xəstəliyə tutulub. Amma arvad evin işini yola verirdi, yatağa düşməmişdi. İlkini Gülnaz idi. Əsvər oğul arzulayırdı. Dodo öləcəyini gözünün altına alıb hamilə qaldı. Əkiz qız doğdu. Uşaq üstə də canını tapşırdı.

             Gilə nənə  Əsvəri qızının qanlısı sayırdı. Kandardan içəri qoymurdu.

            Dodo öləndən sonra qayınlarının da üzü döndü. Əvvəl bir sözünü iki eləmirdilər. Əsvər hər şəhərə gedəndə əli dolu qayıdırdı. Gilə nənə də əvvəl əlinə düşəni qızının evinə daşıyırdı. Əsvər komasının yerində xudmani bir ev tikmişdi. Arvadı rəhmətə gedəndən sonra hər şey dəyişdi. Daha onu yaxın qoymurdular. Əsvər yanıb-tökülürdü:  « - Mən onların çölə atılası qızlarını aldım, özümə arvad elədim,  nazı ilə oturub-durdum, onlar isə başıma gör nə oyun açırlar! Elə bil Dodonu mən öldürmüşəm!»

            Əsvər ayağını qaynatasının məhəlləsindən kəsdi. Anasız qalmış uşaqlarını tək böyüdürdü. Daha evlənmədi. Gilə nənə bir az yumşaldı. Nəvələrini evə buraxdı. Ehsan baba xəstələnəndə kürəkəni də haraya gələn camaatın arasında idi. Qaynatası Əsvərlə kəlmə kəssə də Gilə nənə onunla danışmırdı.  

 

- 14-

 

            Əsvər çaxnaşmaya düşmüş fikirlərini heç cür cəmləyə bilmirdi. İndiyə qədər qohumları ilə küsü saxladığına görə özü-özünü söyürdü: « - Ay əbləh, heç incimək yeridir?! Deyirdilər, axı, dərvişin bir dolu bardaq qızılı var. Elə gizlədib ki, heç Şura hökumətinin çekistləri tapa bilməyiblər. İnanmırdın! İndi yan, cızdağın çıxsın! Aparıb hamısını vercək oğlanlarına! Kürəkənini yada salmayacaq! Elə olar da! Nə qədər qızları sağ idi, başıma dolanırdılar. İndi rəhmətə gedib, məni it yerinə qoymurlar. Mənə qızıl verərlər?! Ay hay! Amma beş-on bacaqlı mənə versəydilər, işlərimi səhmana salardım. Sahəmə su çəkərdim, bir balaca traktor alardım…»

            Ehsan babanın qızılları haqqında kəndi dolaşan əfsanə çoxlarının yuxusuna haram qatırdı. İnanan da var idi, inanmayan da! Əfsanə isə qar topası kimi dığırlanır, böyüyürdü. Dildən-dilə keçdikcə Ehsan babanın xəzinəsi artırdı. Beş-on bacaqlı bir bardaq olmuşdu. Ehsan babanın sirli gülüşü bu əfsanənin yaşamasına rəvac verirdi.

            Əsvər neçə vaxtdan bəri ayaq basmadığı həyətə çəkinə-çəkinə girdi. Ehsan babanı tək görüb ürəkləndi, ərklə dilləndi:

            - Salam, baba!

            Ehsan baba tumurcuqlanmış tut ağacının altında oturmuşdu. Çəkib qurtardığı cırt çubuğunu altındakı kötüyə döyəcləyirdi ki, təmizlənsin. Səsə başını qaldırmadan hay verdi:

            - Ay səni salam saxlasın!

            Qoca bayaqdan odun yarırdı. Qabağında xeyli yarmaça qalaqlanmışdı. Axırıncı dəfə baltanı qart kötüyə necə çalmışdısa daha balta kötükdən ayrılmamışdı. Ehsan baba: « - Ay köpəyoğlunun qocalığı!» deyib işi yarımçıq saxlamışdı, küskün halda çubuğa dəm vermişdi. İndi başını qaldırıb qarşısında dimdik dayanmış kürəkənini görəndə qocanın boğazından qəribə bir səs çıxdı:

            - Ixxı!

            Ninioğlu Əsvərin gözləri oyur-oyur oynayırdı, həyəti dörd dolanırdı. Kepkası təpəsinə dikəlmişdi. Həmişə səliqəli geyinən adamın çəkmələri palçıqlı idi. O, babanın təəccübünü eyninə almadın şirin-şirin düdülədi:

            - Başına dönüm, baba, bu nə işdir tutursan? Məni niyə xəcalətli  eləyirsən?! Görən-bilən mənə nə deyər?!

            Ehsan baba narahat halda:

            - Nə xəcalətli iş görmüşəm, bala? -  deyə soruşdu.

            Əsvər bir addım qabağa keçdi:

            - Bəyəm mən ölmüşəm sən odun yarırsan?! Mənə xəbər eləyə bilmirsən, baba?! Dost var, düşmən var! Başımızı niyə yerə soxursan, baba?! - deyə yalmanmağa başladı. - Camaat bizə nə deyər?! Oğlanların uzaqdadır, onları xalq başa düşər, bəs, mən camaata nə deyim? Mən də sənin oğlunam da!

            Ehsan babanın ağarmış qaşları çatıldı, buxarı papağını yuxarı dikəltdi. Fikrindən keçdi: « - Pah atannan! Lap atası gorbagor Məmidir ki var! Elə bil pırt eləyib burnundan düşüb! Yekə burnunuda da, göy gözlərini də, asta yerişini də Məmidən borc alıb. Vay, vay, vay!  Beləsinə qız verərlər?! Hamısının günahı rəhmətlikdə idi. Sümüyümüzü it sümüyünə caladı. İndi görəsən nə işi düşüb?! Elə belə gələnə oxşamır. Dil tökməyinə bax! Küyə basmağına bax!»

            Əsvər Ehsan babadan bir az aralı oturdu. Təndirin yanında doğranmamış kötüklərindən birini altına çəkmişdi. Gözünü ac pişik kimi babaya dikmişdi.

            - Yəni doğrudur? - deyə soruşdu.  

            Ehsan baba çubuğu tənbəki kisəsinə salmışdı ki, doldursun. Əlini saxladı:

            - Nəyi deyirsən, bala?! - deyə   təəccübləndi.

            Əsvər qeyri-müəyyən bir hərəkətlə əl-qolunu tərpətdi:

            - Onu deyirəm də…

            Ehsan baba kürəkəninin qeyri-müəyyənliyindən bir şey anlamadı, başını qovzadı:

            - Açıq danış, bala! - dedi. - Nəyi deyirsən?

            Əsvər oğrun-oğrun ətrafa baxdı. Bilmədi nə təhər başlasın. Həyacandan titrəyən səsini endirdi:

            - Qorxma, baba, mən özgə deyiləm ki!

            Ehsan baba uzunçuluqdan xoşlanmayan bir adamdı. Əsvərə acıqlandı:

            - Uzatma, ədə, sözünü de! - dedi. - Nə palçığa düşmüş eşşək kimi ayağını götürüb-qoyursan….

            Əsvər babanın müqayisəsindən incimədən sevinclə dedi:

            - Elə onu deyirəm də… - dedi və hiyləgərliklə. - Uzunqulağı deyirəm də...

            - Kimin uzunqulağından söhbət gedir, bala?

            -Sənin, baba…

            - Mənim uzunqulağıma nə olub ki?! - deyə baba özünü itirdi.

            Əsvərin boğazından xırıltılı bir səs çıxdı, boğula-boğula pıçıldadı:

            - Gözün aydın, baba! Axır ki, tapdın! Şadlığımdan özümə gələ bilmirəm.

            Ehsan baba diksindi:

            - Bu nəyin gözaydınlığıdır, bala? Başa düşə bilmirəm…

            Əsvər qocanın sirr saxlamağından bir az incidi, burnunu qaşıdı:

            - Məndən gizlətməyin nə mənası var, baba? - dedi. - Mən arif adamam! Uzunqulağınının doğmağını eşidəndə bildim ki, söhbət nədən gedir… Dərhal, gəldim ki…

            Ehsan baba qeyzlə onun sözünü kəsdi:

            - Hə?! Deməli, qoduğun gözaydınlığını verirsən?! Tüff, sənin zatına! Lap dədən Məmi kimi vələdüzinasan! - deyə səsini qaldırdı. - Yaxşı deyirlər, armud ağacından uzağa düşməz! Tüff!

            Əsvərin rəngi ağardı:

            - Baba, mən nə dedim ki!?

            Qocanı dayandırmaq olmurdu:

            - Zəhrimar baba, çor baba! Məni dolamısan? Bəlkə xonça tutaydın?! Rədd ol qapımdan!  - deyə yarmaçanı əlinə alıb ayağa qalxdı, Əsvərin üstünə yeridi.

            Əsvər geri çəkilsə də qaçmadı. Yaxasını dartıb cırdı, təndirin külxanasının böyründə zərblə özünü yerə çırpdı. Kül bulud kimi göyə qalxdı, ağlar səslə dedi:

            - Baba, vur öldür, amma qoy sözümü deyim…

           Dünya Ehsan babanın başına dolandı, heyrətdən yarmaça əlindən düşdü, çaşqın halda:

            - Elə eləmə, bala! Elə eləmə! Sözünə haçan qadağa qoymuşam?!  - dedi və qorxa-qorxa əlavə elədi. - Sözünü de, daha küllükdə eşələnmə…

            Əsvər başladı sayıqlamağa:

- Başına dönüm, ay baba, qurbanın olum, ay baba! Nəvələrinə yazığın gəlsin! Onlar da sənin balanın balalarıdır da! Onların payını kəsmə! Oğlanların tökülüşüb gələndən sonra bilirəm ki, mənə heç nə çatmayacaq. Qabağında ölüm, Ehsan baba, o qızıllardan beş-on dənə mənə ver. Sözümü yerə salma, ya əlimi kəs, ya ətəyini…

            Ehsan baba küllükdə dizin-dizin sürünən kürəkəninin halından tir-tir titrədi, salavat çevirdi:

            - Bismillahir rahmanir rəhim!  La İlahə İlləllah! - dedi.

            Əsvər yalvarmağında idi:

            - Bilirəm, baba, dikbaşlıq eləmişəm, səni saymamışam! Keç günahımdan! Qul xətasız olmaz, ağa kərəmsiz!

            Ehsan baba canına dolan üşütmədən büküldü. Kürkünə büründü, zorla oturdu. Qıçları sözünə baxmırdı. Əsvərin küldən bozırmış üz-gözünə, üst-başına göz gəzdirib halsız halda:

            - Bala, dəli olma, məndə qızıl nə gəzir?!  - dedi.- Uzunqulağa gözün düşüb, verirəm, təzə doğulan qoduğu istəyirsən, apar. Amma məndə qızıl yoxdur…

            Əsvər sərsəmləməyində idi:

            - Baba sənin ki, dünya malında gözün yoxdur. Dərviş babasan, bir eylə qızıl nəyinə gərəkdir? Mənimsə əlli yaşım var, bir ağ gün görməmişəm, evim də yarımçıqdır. Vallah on ildir tikirəm, qurtara bilmirəm. Axırı da görünmür. Kəlləmi qoysam yerə, əkizlərim neyləyəcək? Hələ Gülnazı demirəm! Yekə qızdır…  Bu yandan da kolxoz dağıldı, mağıl başımı girləyirdim. İndi torpaq veriblər, guya bizi ağ günə çıxarıblar. Ay bu torpaq verənin gözünü torpaq örtsün! Torpağı nəynən əkəsən, nəynən biçəsən? Bir yandan da uşaqların üst-başı tökülüb, Allahın rezin çəkməsini onlara ala bilmirəm. O qızıldan bir ovuc mənə versən bəs eləyər, qalanlarını oğlanlarına verərsən. Mən dovtələb deyiləm, kəm-kəm dolanaram. Baba, başına dönüm…

            Əsvər qollarını açıb ayağa qalxdı, Ehsan babanın üstünə yeridi. Qoca yerindən dərhal sıçradı, dala çəkilə-çəkilə mızıldandı.: « - Vallah, dəli olub! Bir zibil deyildi, ağlını itirsə uşaqlar başsız qalacaq!» Əsvərin alaclanmış gözlərini görüb:

            - Yaxın gəlmə! - dedi. - Dayan!

            Əsvər məğmun halda dayandı:

            - Söz ver, baba, payımı verəcəksən!   

            Ehsan babanın nəfəsi tıncıxdı:

            - Halım pisdir! Səni başa düşmürəm! Sonra gələrsən…

            Əsvər kötüyün üstünə təzədən çökmüş qocaya yaxınlaşmağa cəsarət eləmirdi:

            - Gedirəm, amma nəvələrini unutma… - dedi.

            - Çıx get!

            - Baş üstə, baba!

            Əsvər dal-dalı doqqazdan çıxdı. Baba alnına gələn soyuq tərdən halsızlaşdı.           Kürəkənindən zəhləsi gedən Gilə nənə onun həyətə gəlişindən sonra eyvana çəkilmişdi. Biş-düşlə başını qatmışdı. Təndirin külxanasının ətrafınada baş verənləri isə eyvandan görmək mümkün deyildi. Gilə nənə Əsvər həyətdən çıxandan sonra tələsik yarıbükülü oturmuş babaya yaxınlaşdı. Onun rəng-rufunu görüb qışqırdı:

            - Vay, baba, baba…

            Ehsan baba başını qaldırıb ona acıqlandı:

            - Səsin özünə xoş gəlir? Niyə bağırırsan?!

            Gilə nənə həyacanla:

            - Elə bildim ölmüsən… - dedi.

            - Yox, ölməmişəm, amma yarımcanam…

            Qarı kişinin hətta zarafat elədiyini görüb sakitləşdi. Soruşdu:

            - Məminin törəməsi nə işə gəlmişdi?

            Ehsan baba sadəcə dedi:

            - Qızıl istəyirdi…

            Gilə nənə diksindi:

            - Səndə qızıl nə gəzir?!

            Ehsan baba ağrıdan büzüşdü:

            - Mən də ona elə sənin kimi dedim. Məndə qızıl nə gəzir?!

            Gilə nənə şübhə ilə soruşdu:

            - Bəlkə məndən gizlədirsən?! Dədənin qızıllarını tapmısan?

            Qoca ağrıya-ağrıya ayağa durdu, evə tərəf gedə-gedə mızıldandı:

            - Elə sən də Əsvər ağıldasan…. Yetmiş ildə tapa bilmədiyimin söhbəti kimə lazımdır, axı! Gəl, yerimi sal, yenə ağrıyıram.

 

- 15 -

         Əsvər fikirləşdikcə yanıb-yaxılırdı: « - Bu qoca dəyyusun sirr saxlamağını görürsən? Qızılı tapmısan, lap yaxşı, payımı ver də! Burdan şəhərə məktub yazır, çəpərin o tərəfində məni unudur…Belə şeymi olar?  Qızılların başına daş salmasa yaxşıdır... Yüz otuz yaşında qocadan nə ağıl umasan! Hayıf eləyəcək! Hamısının başına daş salacaq! Deyirlər, cavanlıqda da bu ağılda olub! Dədəsinin var-dövlətini kolxoza verib. Qızılların da başına bu oyunu açmasa yaxşıdır! Aparıb verəcək hökumətə! Heç ağıl yoxdur da! Belə eləsə adamın başına hava gələr, ha!... Yox, hiyləgər qocadır. Elə eləməyəcək! Qoymaram elə eləsin! Yox, yox, payımı almasam əl çəkən deyiləm!»

            Məhəlləsinə necə çatdığını bilmədi. Çəpərə hörüklənmiş atı görəndə ürəyi düşdü. Dili ağzında acı zəqqətuna döndü. Bu Həzərin atı idi. Yəqin sahibi onu həyətdə gözləyirdi. Aradan çıxmaq fikri ilə dal-dalı gerilədi. Çəpərin der-deşiyindən onu görən Həzər yerindən qalxmadan bərkdən güldü:

            - Ha! ha! Qonşu, gəl görüm, - dedi. - Aradan çıxmaqla iş bitmir ki!

            Əsvər tabe oldu. Həyətə girdi. Təmənləşəndən sonra özünü itirmiş ev sahibi boynunu bükdü:

            - Qonşu, yanında xəcalətliyəm, bilirəm… - dedi

            Həzər onun ağzını əydi:

            - Qonşu! Qonşu! Qonşuya bax! Ədə, məndən haçana kimi qaçacaqsan? Borcunun vədəsi keçir, axı. Səbr eləməkdən yorulmuşam.

            Əsvər başını qaldırmadan mızıldandı:

            - Haqlısan, qonşu, vurub öldürsən də yeri var…

            Həzər cin atına mindi:

            - Kəs səsini! Mən adam öldürənəm?! - dedi. - Bir də ölməklə canını qurtara bilməyəcəksən! Pulumu qaytar! Gor qonşusuyuq, pula görə niyə aramız dəysin?

            Əsvər yalvarışla:

            - Bir az döz, vallah, verəcəyəm. - dedi. - Buğda əkmişəm, sataram, verərəm.

            Həzər bir az dayandı, birdən təklif elədi:

            - Bəlkə torpağının bir hissəsini verəsən?!

            Əsvər bu təklifdən ağlamsındı:

            - Bəs, mən balalarımı nəynən dolandıracağam?! - dedi. - İnsafın olsun, qonşu.

            Həzər yumşaldı, eyhamla dedi:

            - Nədi, qaynatanın qızıl xotuğlarından  sənə pay düşməyəcək?

            Əsvər quruyub qaldı, handan-hana dili dolaşa-dolaşa mızıldandı:

            - Sən bunu hardan bilirsən?! Hə…, yəqin canıyanmış Gülnaz qızına deyib. Səhər pıçıldaşırdılar. - dedi və başını buladı. - Uşaq sözünü təkrarlayırsan, qonşu, elə şey yoxdur. Qoca arvaddır da, ağzına gələni deyib, baş qoşmağına dəyməz… Boş söhbətdir…

            Həzər dinməz doqqazdan çıxdı, atı çəpərdən açdı. Cavan oğlan kimi belinə qalxdı:

            - Ninioğlu, özün bil, borcunu qaytarmasan torpağını əlindən alacağam. Qonşuyuq, düzdür, amma kisəmiz ayrıdır, - dedi.

            Əsvər bu hədədən büzüşdü. Həzər isə ata bir qamçı çəkdi. Ağrıdan dəhnəni çeynəyən heyvanın başını buraxdı. Yorğalayan atın belində fikirləri nizama düşdü: « - Yava arvad oğlunun sirr saxlamağına bax da! Boş söhbətdirsə niyə neçə illər açmadığın qapıya qaçırsan?! Yox, bu  işin kökünə yenmək lazımdır! Gedim Qardinin ağzını arayım, o, görüm buna necə baxır…»

- 16 -

Qardi əmi ata mülkünü qardaşının ixtiyarına buraxıb kəndin qəlbi yerində məhəllə salmışdı. Həyəti üç tərəfdən sıldırıma söykənirdi, dördüncü tərəfdən isə çaylaq daşından ucaldılmış hasara alınmışdı. Evi kənardan qalaçaya oxşayırdı. Vəzifədən aralanandan sonra o, bir-neçə acıqlı çoban iti alıb həyətə buraxmışdı. Bununla kifayyətlənməyib açılanını da hər gün silib yağlayır, əlinin altında hazır saxlayırdı. Ehtiyyatını nahaq tutmurdu. İyirmi beş il milisdə işləmişdi. Şura hökumətinə can-dildən qulluq eləmişdi, düşmənlərinə güllə atmışdı, tutduğuna aman verməmişdi, qolubağlı Lənkəran qalasına göndərmişdi. Köçürmə vaxtı camaatı yerindən-yurdundan didərgin salmışdı, mövhumatla mübarizə zamanı ziyarətgahlar dağıtmışdı, ocaqlar söndürmüşdü. Milis mayoru rütbəsinə elə-belə çatmamışdı ki! Yaxşı əməlləri də olmuşdu, amma özü də bilirdi ki, qəbahətləri daha böyükdür. Belə bir günaha köçürmənin axırında batmışdı. Qaçaqlarla qaçdı-qovduda idilər. Dəstəsi girişi mamırla örtülmüş mağaranın üstünə çıxmışdı. Sərdabədəki qızıllar Qardinin gözünü qamaşdırdı. Bu işin şahidlərini soyuqqanlıqla aradan qaldıran zastava komandirinə mane olmadı. « - Odur ha, Allah-Təalanın qəzəbinə gəldim!» - deyə Qardi əmi bunları yada salıb mızıldandı, amma peşmançılıq hissi keçirmədi.          Qardinin gen-bol evinin eyvanından kəndin bütün həyətləri ovucunun içi kimi aydın görünürdü. Hətta girib-çıxanı da seçmək olurdu. Qardi əmi peşəkar sərvaxtlıqla kəndi müşahidə altında saxlayırdı. Düzdür, axır vaxtlar gözləri korşalmışdı, əvvəlki itiliyini itirmişdi. İndi köməyinə rus dostunun bağışladığı ordu durbini gəlirdi. Kənddə baş verənlərdən dərhal xəbər tuturdu. Bu durbindən bixəbər camaat isə Qardinin hər şeydən haliliyinə mat qalırdı.

O, yenə həmişəki kimi sübh tezdən qalxmışdı. Onsuz da yuxusu yox idi. Bir az təsərrüfatı ilə başını qatdı, heyvanı örüşə ötürdü. Gecələr açıq buraxdığı itləri zəncirlədi, yalaqlarını yalla doldurdu. Səhər toranlığı çəkiləndə eyvana qalxdı, ştativə bərkidilmiş durbini gah o həyətə, gah bu həyətə tuşladı. Gilə nənənin doqqazda var-gəl eləməyinə xeyli təəccübləndi. Qarının qonşu uşağına dediyini eşitməsə də, oğlanın Əsvərin qapısında dayanmağı Qardi əminin marağına səbəb oldu. Bir az keçdi. Əsvərin qapısından çıxan qızın qaça-qaça Ehsan baba gilə getdiyini müşahidə elədi. O, daha durbindən gözünü çəkmədi. « - Görəsən nə baş verir?!» - deyə fikirləşdi.  

Onunla yuxudan bir qalxan qızları hərə öz işində idi. Toyuq-cücəyə dən səpənin, mətbəxdə yemək hazırlayanın, pal-paltar yuyanın, dirrikdə çalışanın hər birinə Qardinin əlli beş yaşlı böyük qızı başçılıq eləyirdi. Bu qadının sifəti ağac koxuşuna oxşayırdı, hətta evdə də yaşmaqda dolanırdı.

Kiçik qızı dinməzcə süfrə açdı. Qardi əmi durbindən ayrıldı, alətin örtüyünü üstünə saldı, dinməz masanın arxasına keçdi. Bu evdə heç kim bir-biri ilə danışmağa çalışmırdı. Ehtiyyac olmadan heç kimin səsi çıxmırdı, bir-birini dindirməyə həvəs göstərmirdi. Hələ də palıd kimi möhkəm Qardi əminin arvadı rəhmətə gedəndən sonra bir sevinci vardı. O da süfrə arxasında oturmaqdı. Qardi əmi yeməkdən daha çox yemək dəstgahından ləzzət alırdı. İllərlə yaman gözlərdən qoruduğu bu diləklər, doğurdan da, tamaşa idi. O, hər dəfə qızıl sinidə qabağına qoyulmuş qızıl boşqabdakı yeməklərə əl uzadanda ürəyi dağa dönürdü, ömrü uzanırdı. İndi də qızıl masquralardakı yağ-balı qızıl qaşıqla qaşıqladı. Motal pendirindən dürmək tutdu. Qızıl fincandakı çayına şirni tökdü. Dəstəyi qızıdan olan kiçik xəncərlə yaxmanı bir neçə yerə böldü. Tikəni sarı metallı ənginin altına saldı. Elədiyi qəbahətlər yadından çıxdı. O, bu əntiq şeylərin üstünə qədim sənətkarların döydüyü müharibə, məhəbbət, məişət səhnələrini, nəbati və həndəsi naxışları görmürdü.

Arada durbin də bekar qalmırdı, kəndi dolaşırdı. Qardi birdən səsləndi:

- Tez qabları yığın, - dedi.

Kiçik qızı süfrəni yığdı. Həzərin gəlişi gözlənilməz deyildi. Özgə vaxt olsaydı onu qapıdan qaytarardı. İndi isə qardaşı ona lazım idi. Ehsan babanın həyətində baş verənləri bilmək istədi. Həzərin atdan düşməyini, heyvanı ağaca bağlamağını gözlədi, sonra həyətə düşdü. Həzər əvvəlcə əmilərinin gəlişinə çox da sevinməyən qardaşının kifir qızları ilə bir-bir görüşdü, amma dindirmədi, bilirdi ki, kəndin xeyrinə-şərinə yarımayan qızlardan cavab eşitməyəcək.

Qardi əmi qardaşının iç üzünü tanıyırdı. Bilirdi ki, Həzər ona büt kimi tapınır. Onu da bilirdi ki, qarşısında köməyə möhtac uşaq kimi dayanan qardaşı ona həsəd aparır, mal-dövlətinə yerikləyir. Hətta onu da bilirdi ki, Həzər onun ölümünü səbirsizliklə gözləyir. Bunları bilə-bilə Qardi qardaşına həmişə kömək eləyirdi, amma onu bir dirsəklik məsafədə saxlayırdı, kandarından içəri buraxmırdı. Axır vaxtlar hər dəfə Həzəri görəndə qəribə bir azarkeşliklə fikirləşirdi: « - Həə, görək kim kimin bozbaşını yeyəcək?!»

İndi də onu evə dəvət eləmədi, elə ayaq üstə qarşıladı. Həzər qardaşının iltifatsızlığına öyrəşdiyindən xoş-hal elədiklən sonra ordan-burdan söz saldı. Qardi əmi dinməz qulaq asırdı. Sonra onun sözünü kəsdi:

- Əsvərlə sübh tezdən nəyin gapını eləyirdin?

Həzər də Qardinin durbinindən bixəbər idi. Qardaşına qorxa-qorxa baxdı:

- Sən bunu hardan bilirsən, əmi?

Qardi əmi çiyinindəki sərhədçi zabitlərə məxsus kürkü düzəltdi, dinmədən təsbehini çevirdi. Həzər cavab gözləmədən mətləb üstünə gəldi. Qardi əmi heyrətini bildirmədi. Sadəcə soruşdu:

- Sən də inandın?

- Yox, əmi, inanmadım. Amma fikrimə başqa şey gəldi.

- …

Həzər  qardaşının sözsüz sualına belə cavab verdi:

- Deyirəm, bəlkə, Ehsan dədəsinin qızıllarını tapıb?! Deyilənə görə onun atasının bardaq-bardaq qızılı olub, axı!

Qardi əmi dodağını büzdü:

- Boş-boş danışma. Əvvələn, Ehsan babanın dədəsi elə də varlı adam deyildi. Qoyun-quzu, yağ-pendir satmaqla bardaqla qızıl yığmırlar. Beş-on bacaqlısı olardı, ya olmazdı…

Həzər təslim olmadı:

- Bəs, niyə məktub yazıb oğlanlarını çağırır?

Qardi əmi üzünü hər gün, başını həftədə bir dəfə təraş qırxdırırdı. Həmişə üzü tüklü Həzərlə müqayisədə cavan oğlana oxşayırdı. Daha dinmədi. Həzər bir də gümanla:

- Deyirəm, bəlkə, onun tapdığı mağaranın kəraməti indi üzə çıxır? …

Qardi əminin alnındakı qırışların sayı artdı, mızıldandı:

- Boş sözdür…

Həzər inanmadı. Qardi əminin mağara adı eşidəndə diksinməyi onu fikrə saldı. Daha heç nə soruşa bilmədi. Qardi əmi arxasını ona çevirmişdi. Bu söhbətin bitdiyinə işarə idi. Həzər gedəndə qardaşının idbar qızları ilə görüşməyə özündə güc tapmadı.

- 17  -

             Ehsan babanın yatağına girməyi ilə çıxmağı bir saat çəkmədi. Belindən rezinlə boğulmuş boz  şalvarının enli balağını toxunma yun corabına saldı, boyunluqsuz qalın köynəyinin üstündən nazik qayışı bağladı. Papağı qırxılmış başına keçirtdi, kürkünə bürünüb çıxdı. Evin dalında toyuqları yemləyən Gilə nənə işini qurtarıb bulaqdan su gətirirdi. Əbinin quraşdırdığı əl nasosundan qarının başı çıxmadığından çən çoxdan boşalmışdı. Su yenə mətbəxə dədə-baba qaydası ilə çıxırdı.  Babanın həyətdə var-gəl elədiyini görüb başladı deyinməyə:

            - Ay rəhmətliyin oğlu, hara çırmanmısan? Qaxıl yerində otur da! Yenə axşam olacaq ağrıdan şikayətin ərşə dirənəcək…

Ehsan bab tövləyə tərəf gedə-gedə:

- Yox, ay Gilə, bədnəzərdən iraq, bu gün pis deyiləm. - dedi. - Gəl, bu kilidi aç, təzə doğulmuş qoduğlara baxım…

Gilə nənə gözlənilmədən dəyişildi, qiyyə çəkdi:

- Ay qoydum ha! Tövləyə yaxın getmə! Heyvanlara özüm qulluq eləyəcəyəm.

Ehsan baba yerə mıxlandı, qorxa-qorxa çöndü, qarısının gözləri şüşə kimi parıldayırdı. Gilə nənənin tutması belə gəlirldi. Baba dərhal razılaşdı:

- Sakit ol, katta qızı, hirslənmə! - dedi. - Qoy, sən deyən olsun. Tövləyə yaxın gedənin cəddi-əqrabası tünbətün olsun…

Araya qanqaraçılıq düşəcəkdi ki, küçədə at kişnərtisi eşidildi. İkisi də boylandı. Gələn Həzər idi…

- 18-

Həzər otuz il briqadirlik eləmişdi. Kəndin cikini də bilirdi, bikini də. Dörd sinif təhsili olsa da başı bundan da böyük vəzifələrə yaraşırdı. Amma bəxti gətirməmişdi. Belə baxanda briqadirlik balaca sənət deyildi. Həzər dərrakə ilə maneələri dəf eləyirdi. Kolxoz sədrləri bu neçə ildə dəfələrlə dəyişilmişdi, o isə vəzifəsində idi. Heç kim onu yerindən dəbərdə bilmirdi. Rəhbər işçilər onsuz da, bu dağ kəndində az görünürdülər. Palçıq, qar-yağış, yaman yollar imkan vermirdi. Bir sözlə, Şura hökuməti kənddə Həzərin timsalında qərar tutmuşdu. O, malikanəsini yaxşı idarə eləyirdi.

Həzər kolxoz dağılandan sonra da bekar qalmadı, bələdiyyə sədri oldu. Kimsə buna etiraz eləmədi. Ortaboy, potaraq Həzər işləyən adamdı, yorulmaq bilmirdi. Kənddə ona ehtiyyatla yanaşırdılar.  Bu kişinin əməllərindən şeytan da baş çıxarmazdı. Torpaq bölgüsü vaxtı camaat vəlvələyə düşmüşdü. Püşkatmaya rayondan bir dəstə adam çağırdılar. Bəzi üzdəniraq çörəkitirənlər dəridən-qabıqdan çıxdılar, amma xeyri olmadı, subasardakı torpaqlar Həzərin payına düşdü. Baxanda belə də olmalı idi. Torpağın dilini Həzərdən yaxşı bilən yox idi. O, təsərrüfatdan yaxşı gəlir götürürdü. Çox çəkmədi ki, kənd camaatının çoxu onun borclusuna çevrildi. Birinə toxumluq vermişdi, birinin yerini şəxsi traktoru ilə şumlamışdı, pul istəyənə kömək eləmişdi… Bir sözlə, vəziyyəti əvvəlkindən də yaxşı idi. Amma bir xasiyyəti vardı, borclularını heç vaxt tələsdirmirdi, boğazına çökmürdü, sıxma-bağmaya salmırdı. Amma hamı bilirdi ki, Həzər ayağını tapdalayana hələm-hələm toxunmur, vədəsi çatanda isə zəhərinə zərdab tapılmayan koramal kimi çalır.

 O, Ehsan babanın sayəsində bu mərtəbəyə çatmışdı. İş belə olmuşdu.

 Davadan bir az qabaq rəhmətə getmiş dostunun balalarına nasibanlıq edən Ehsan babanın Qardinin bu kiçik qardaşından xoşu gəlirdi. Həzərin çoxbilmişliyi onu valeh eləyirdi. Müharibədən qabaq da, elə indi də milisdə işləyən Qardi hələ kəndin sayılan kişilərindən deyildi. Şan-şöhrətə sonra mindi. Bir gün Ehsan babanı yanlayıb qardaşının xahişini elədi, Ağsaqqalın rayını aldı. Qardi ildə-əyyamda kəndə bir dəfə gələn kolxoz sədrini qonaq çağırdı. Ehsan babadan başqa bir neçə ağsaqqalı da dəvət elədi. Yanı qırqovullu döşəmə plovdan sonra ortaya çay gəldi, söhbət qızışdı. Kolxoz sədri mətləbə keçdi:

·                   Gəlişimin məqsədi var. Deyirəm, briqadiriniz öz kəndinizdən olsa yaxşıdır. Kimi məsləhət görürsünüz?

Dinən olmadı. Kolxoz sədrini yaxşı tanıyırdılar. O, məsləhətə dayanan adam deyildi.

Kolxoz sədri hamını gözdən keçirib Ehsan babanın üstündə dayandı:

·                   Söz sənindir, dərviş baba! Kimi təklif eləyirsən? - deyə soruşdu.

Ehsan baba boyun qaçırtdı:

·                   Özün bilən yaxşıdır…

Kolxoz sədri razılaşdı:

·                   Elə olmağına elədir! Amma indi zəmanə başqadır, - dedi və hiyləgərliklə. - Məsələn, Qardi kişi qardaşı Həzəri briqadir görmək istəyir… Sən bilən bacararmı?!

Ehsan baba köksünü ötürdü. Ev sahibinə xitabən:

·                   Qardi, oğlum, zəhmət çəkmisən, süfrə açmısan! Qırqovullu plovuna söz ola bilməz! Halal elə! Amma gərək inciməyəsən, qardaşından briqadir çıxmaz…

Kolxoz sədrinin eyni açıldı, qəsdən dedi:

·                   Dərviş baba, elə demə! Cavandır, əskərliyini çəkib, neçə ildir kolxozda işləyir… Niyə yarımır ki?!

Ehsan baba kökündən vurdu:

·                   Həzər qansız uşaqdır, sədr, eləsinə kəndi etibar eləməzlər. Hamının canını alacaq. Bizə bir ürəyi yanan adam lazımdır…

Kolxoz sədri fikrə getdi, sonra söhbəti dəyişdi. Bir azdan atlanıb sovetliyə çapdı.

          Ehsan babanın hərəkətindən rəncidə olan kəndə ağsaqqalları da sağollaşıb getdilər. Qardi əminin dili açıldı. Yana-yana dedi:

·                   Baba, Həzərin sənə nə pisliyi keçib ki, onun haqqında hədyan danışdın? Bəyəm, səni bunun üçünmü çağırmışdım? - dedi. - Belə də ağsaqqallıq olar,  elədin? Belə iş düzəldərlər?!

Ehsan baba gülümsədi:

            - Bu ağılla hələ milisdə işləyirsən…. -  dedi.  -  Güman var ki, iş düzələcək.

Qardi əmi özündən çıxdı:

·                   Bundan sonra?! - deyə çımxırdı.

Ehsan baba arxayanlıqla:

·                   Belə danışmaq lazım idi, oğul, - dedi. - Sədrimiz elə köpəyoğlu adamdır ki, tərifli adamı vəzifəyə qoymaz. Ona özündən köpəyoğlusu lazımdır. Köhnə canavardır. Sənin xəbərin yoxdur, davada idin. O vaxtlar camaatın axırıncı tikəsini əlindən alıb cəbhəyə göndərirdi ki, döşündən medal assınlar,  onu davaya göndərməsinlər. On beş yaşlı uşaqların doğum şəhadətnaməsini dəyişirdi, yaşını artırırdı, göndərirdi gedər-gəlməzə. Sədrimiz belə adamdır. Qorxma, Həzəri briqadir qoyacaq!!!

Qardi inanmadı. Amma Ehsan babanın gümanı doğru çıxdı. Həzər briqadir oldu. Kənd camaatı rahat nəfəs aldı. Ehsan baba da seçimindən razı idi. Beş-on il keçdi. Hər işdə babanın məsləhətinə duran Həzər axır vaxtlar gözə dəymirdi. Kənddən vurub sovetlikdən çıxırdı. Sovetlikdən vurub rayon mərkəzindən çıxırdı. Ehsan babanı lap əsəbləşdirirdi. Gah onun yaşı ilə, gah keçmişi ilə, gah da Şura hökuməti qurulana qədər haralarda olması ilə maraqlanırdı.

            Bir gün baba xəbər tutdu ki, onu kolxozdan çıxarırlır. Demə, Həzər sovetlikdə kolxoz iclasında təklif eləyib ki, təsərrüfatda əmək günü qazanmayan adamları kolxozdan qovmaq lazımdır. İdarə heyəti də qərar çıxarıb, rayon mərkəzinə yollayıb. Ehsan babanın adı isə siyahıda lap birincilərdən idi.

            Hamı Həzərin bu namərdliyindən danışırdı. Ehsan baba isə özünə yer tapa bilmirdi. Ürəyi hövl eləyirdi. Bir neçə gündən sonra Həzər qocaya baş çəkdi. Hirsindən dodaqlarını gəmirən qocanı heç nə olmamış kimi salamladı:

·                   Məsləhətə gəlmişəm… - dedi.

        Ehsan baba belə arsızlığa mat halda bağırdı:

·                   Çörəyim gözünü tutsun! Bu nə oyundur başıma açırsan? Oğlanlarımı uzaqda görmüsən?

Həzər qəribə bir arxayınlıqla onun yanında bardaş qurdu:      

·                   Heç özündən çıxma, baba! Sənin qoyduğun yolla gedirəm… - dedi və qocanın iltifatsızlığını vecinə almadan davam elədi. -  Birləşib səninlə bir iş görməliyik. Yoxsa bu təzə sədr lap zayın biridir. Əlindən heç nə gəlmir.

            Ehsan baba Həzərin qəribə danışığından bir az çaşsa da kəmhövsəliliklə dedi:

·                   Nədir, kolxoz sədri olmaq istəyirsən…?

            Həzər onun istehzasına məhəl qoymadan:

·                   Pis olmazdı! - dedi. - Amma indi başqa işə gəlmişəm...

Baba nə hiss elədisə səbrini basdı. Maraqla:

·                   De görüm! - dedi. - Tənbehini sonra eləyərəm…

Həzər onun axırıncı sözünü qulaq ardına vurdu:

·                   Baba, kəndimizə hayfım gəlir. Hamı şəhərə qaçır. İşığımız yox, telefonumuz yox, körpümüz o gündə. Yamamaqdan bezikmişəm. Gərək bunları sahmana salaq…

·                   Sal da! Əlindən tutan var!

·                   Sənin köməyin lazımdır, baba.

·                   Get o yana, qırışmal! Mən kiməm ki, işıq çəkəm, körpü tikəm…

Həzər əlini qaldırdı:

- Sən böyük adamsan, baba, sadəcə qiymətini bilmirsən! - dedi və ağzı açıla qalmış qocanın qoluna toxundu. -Məlumdur ki, Talış mahalı uzunömürlülər vətənidir.Bilirsən ki, Mahmud baba əlli doqquzda rəhmətə gedəndən sonra Şirəli baba ortaya çıxdı. İndi on ildir Şirəli baba rəhmətə gedib…

Ehsan baba diksindi:

·                   Kəs, haramzadə! Mənim rəhmətə getmək fikrim yoxdur… Yaşamaq istəyirəm…

Həzər onun belə əl-ayağa düşməyindən fərəhləndi:

·                   Elə mənə də sənin yaşamağın lazımdır. - dedi. - İndi vilayətimizin ən yaşlı adamı sənsən! Bütün həngamə onun üçün idi ki, rəhbərliyə sənin varlığını tanıdım. İndi qabağa düşmək vaxtıdır. Gecikmək olmaz.

Ehsan baba işin mahiyyətini başa düşüb sakitləşdi. Birdən hiyləgərliklə:       

·                   Hə, doğrudan da, mənim yolumla gedirsən! - dedi. - Amma tələsmisən…

Həzər boynunun ardını qaşıdı:

·                   Tələsmək nədir, baba, lap vaxtıdır.

Ehsan baba başını buladı:

·                   Bala, Mahmud Eyvazovun  yüz əlli, Şirəli Müslümovun yüz altmış beş yaşı vardı. Mən hələ o yaşa çatmamışam. Cəmi yüz iyirmi yaşım var. İndi gözləməli olacaqsan. Haçan yaşım onların yaşına çatdı, söhbət eləyərik….

Həzər ürəkdən güldü:

·                   Baba, dərvişliyi burax. Kəndimiz o qədər gözləyə bilməz. - dedi və izah elədi. - - Sabah səni rayona çağırırlar. Bəlkə ordan da Bakıya yollandın. Hazırlaş! Mən də gedim üst-başımı düzəldim, səninlə gedirəm.

               Ehsan babanın kefi düzəlmişdi, başladı məzələnməyə:

·                   Sən mənim nəyimə lazımsan?! Özüm gedərəm…

Həzər hiylə ilə:

·                   Yox, baba, səni tək buraxmaq olmaz…

·                   Niyə ki?!

·                   Başımıza oyun açarsan…

Ehsan baba başa düşmədi:

·                   Ədə, uşaq deyiləm ki?! - dedi - Dünyanı gəşt eləmişəm!

Həzər qəhqəhə ilə güldü:

·                   Elə bilirsən Şirəli Müslümov uşaq idi?! Mərkəzi Komitənin katibləri başına dolanırdılar. Ondan soruşanda ki, baba, nə istəyirsən?! Gözünə döndüyüm  Şirəli baba da qayıdıb demişdi ki, rəhmətlik Mahmud Eyvazovun papağından istəyirəm, mənə başqa şey lazım deyil! Katıb onun arzusunu dərhal yerinə yetirmişdi. Bir neçə gündən sonra görənlər- eşidənlər söyləyirdilər ki, raykom katibinin nəriltisi rayonu başına götürmüşdü. Bakıdan qayıtmış Şirəli Müslümovu uşaq kimi danlayırdı. Deyirdi, sənə papaq lazımdı deyəydin mənə, qoca, sənə bir maşın papaq gətirərdim. Bəyəm, səni onunçun təntənə ilə Bakıya yola salmışdım?! Kərrat ilə səni başa salmadım ki, rayona fabrik lazımdır, zavod lazımdır, yol lazımdır…, sən isə bir buxara papaqla qayıtmısan üstümə.

            Ehsan baba bu əhvalatdan hali idi. Amma Həzərin sözünü kəsmirdi. Susurdu. Həzər danışmaqdan yorulduqda baba söz atdı:

·                   Şirəli baba papaq istəməkdə səhv eləməyib…. Səhv başqa şeydə idi.

Həzər anlamadı:

·                   Qanmadım, baba!

·                   O, bir özünə yox, gərək rayon kişilərinin hamısına papaq istəyəydi, - dedi və heyrətlənən Həzərə lağ elədi. - Ələbaxımlığa öyrəşmisiz ey! Bakı sənin üçün neyləməlidir?! Fabrik tikmək lazımdır, tik. Zavod tikmək lazımdır, tik! Yol salmaq lazımdır, sal! Əlinizdən tutan var?! Papağı olan kəs öz kəndi üçün, öz vilayəti üçün çalışmalıdır da! Qoyub qaçmaqla iş düzəmir ki!

Həzər belə yanaşmaya etiraz eləmədi.

            Az keçmədi Ehsan babanın səfərləri başladı. Daha kənddə az tapılırdı. Tez-tez  rayon mərkəzindən təntənəli yığıncaqlara dəvət alırdı. Bir-iki dəfə geyindirib-gecindirib Bakıya apardılar. Məktəblərdə keçirilən görüşlərə gedirdi. Yaxın rayonlardan da dalınca adamlar gəlirdi. Haqqında qəzetlər yazırdı. Bu səmərəsiz get-gəl, sorğu-sual kişini əldən salırda. Düzdür, kəndə işıq, telefon çəkdilər, amma Alaşanın üstündəki körpünü bu gün-sabaha saldılar. Əvəzində rayon mərkəzində bir çaxır zavodu inşa elədilər. Bununla cavanların ayağını yığmaq istəyirdilər. Amma bir şey çıxmadı. Yenə bığ yeri tərləyən oğlanlar böyük şəhərlərə üz tuturdu, qalanları isə çaxıra girişmişdi.

            Hər görüşdən sonra Ehsan babanı pay-puşla yola salırdılar. Rayon rəhbərləri katibin göstərişi ilə onun cibinə xərclik qoyurdular. Babanın etirazlarını eşitmək belə istəmirdilər.

            Həzər babanın hesabına adam arasına çıxdı, hörmətə mindi. Hər yerə babanı müşayiyət eləyirdi. Qocanın kölgəsinə dönmüşdü. Amma bu çox çəkmədi. Şura hökumətinin qürubu yaxınlaşırdı. Qartımış Şura başçıları ölməkdə bir-biri ilə bəhsə girişmişdilər. Baş qarışdı.Heç kimdə yüz iyirmi  yaşlı ağsaqqalı dinləməyə həvəs qalmadı. Dəvətlər səngidi.

            Bu Həzərin kədərinə səbəb olsa da Ehsan babanı məmnun elədi. Axmaq-axmaq suallardan canı boğazına yığılmışdı. Hamıdan zəhləsi gedirdi. Başına ağıl qoymağa çalışan Həzəri evindən qovdu. Təbiət onu özünə çəkirdi. Uzunqulağının həmdəmliyinə arxayın halda dağlarda dolaşırdı.

            Həzər babanın saymazlığından küsdü, daha onu narahat eləmədi. Ehsan baba Qızyurdundakı mağaraların birində qədim bir məzarlıq aşkar eləyəndən sonra ondan lap möhkəm incidi. Bəs necə?! Bir ayağı gorda olan qocanın hoqqası Həzəri yandırıb-yaxırdı. Ehsan baba gizlicə, xəbərsiz, onunla məsləhətləşmədən məzardakı silah-əsləhəni uzunqulaqlara yükləyib birbaşa rayon mərkəzinə aparmışdı. Muzeyə təhvil vermişdi. O vaxtdan Həzərin ürəyinə qara-qura dolmuşdu. Toyda-yasda görüşsələr də bir-birindən kənar gəzirdilər. Neçə ildən bəri idi ki, onun qapısını açmırdı. Ehsan babanın vay xəbərinə də gəlməmişdi. Demişdi ki, bu qoca hələ ölən deyil, dəmirğacı kimi möhkəmdir, inanmıram ki, Əzrayıla can etibar eləsin.

            İndi Həzər atdan düşdü, tələsmədən yaxınlaşdı:

·                   Salam, baba! - deyə ərklə salamlaşdı. - Canın-başın necədir?

Ehsan baba ehtiyyatla dilləndi:

·                   Əleykəssalm! - dedi və gileylə əlavə elədi - Sən soruşalı pis deyiləm…

Həzər onu sancdı:

·                   Özün elədin, baba, mənlik bir iş yoxdur! Bütün arzularımı puç elədin…

Ehsan baba sözü dəyişdi:

·                   Hardan belə?! - dedi və özünü saxlaya bilmədi. - Yoxsa yenə təzə fikrə düşmüsən?

Həzər köksünü ötürdü, onun axırıncı sualına cavab vermədi. Kənardan başladı:

- Subasara düşmüşdüm. Yerimə baş çəkdim. Su taxılımı yuyub aparıb. Gərək təzədən traktor salıb sürdürüm.

- Körpü dururmu?  - deyə baba tələsik soruşdu.

Həzər başını buladı:

- Körpü nə gəzir, baba, sel-su bayaq körpünü gözümün qabağında qov kimi  aldı ağuşuna .          Gilə nənə həyacanla soruşdu:

- Molla Bala səhər Bakıya gedirdi.  - dedi. - Keçdimi?

 Həzər də bütün kənd əhli kimi Gilə nənədən bir az çəkinirdi. Dərhal dilləndi:

- Katta qızı, elə o molla qurumsaq keçəndə su başladı qalxmağa! - dedi və Ehsan babaya döndü. -  Vallah, baba, bu mollanın ayağı ağırmış! O, kənddə peyda olandan sonra hər işimiz  tərs məssəbdir! Qışda qar-çovğun, yazda sel-su…

Ehsan baba onun sözünü kəsdi:

- Sənin mələxə körpünə molla neyləsin?! Nuh əyyamından qalmışdı, axır dağılmalı idi də….

Həzər barışdırıcı tərzdə:

- Zarafat elədim, - dedi və söhbətə dinməz qulaq asan Gilə nənəni başından eləmək üçün - Katta qızı, bəlkə çayın ola?

Gilə nənənin cavanlıqda buğdayı olan üzü indi kömür kimi qaralmışdı. Hirslənəndə bəbəkləri itirdi, gözünün ağı adamı vahiməyə salırdı. Lakin Həzərin xahişini yerə salmadı, eyvana tərəf getdi, amma qulağı onların yanında idi.

Ehsan baba Həzərin qırımından başa düşdü:

- Ədə, deyəsən, işin düşüb? - dedi  - Mətləbini de…

Həzər diqqətlə ona baxdı:

- Gözündən heç nə yayınmır! - dedi və şirin-şirin əlavə elədi. - Başına dönüm, baba, yanına xahişə gəlmişəm. Məni əliboş qaytarma…

- Ədə, uzun danışma, sözünü de!

Həzər mətləbə keçdi:

- Baba, daha mən də qocalmışam! Yaşım altmışa çatıb! Daha at minə bilmirəm. - dedi və ehtiyyatla əlavə elədi. - Sən bir köhnə kişisən! Diş dalında söz saxlayansan…

Bu yerdə Ehsan babanın dodağı qaçdı:

- Yaman bədzad şeysən ha! - dedi. - Dişim qalıb ki, dalında söz də saxlayım?! Amma ürəyini buz kimi saxla, sənin söhbətin yanımda qalacaq.                

Həzər dilini sürüdü:

- Baba, sənin heyvanatdan yaxşı başın çıxır! Qapında həmişə cins miniklər olub. Mən bir cins uzunqulaq almaq istəyirəm.

Ehsan baba arxayın halda:

- Oğlum, ünvanı səhv salmısan! - dedi. - Mənim satdıq uzunqulağım yoxdur. Bir qartımış uzunqulağım var, onu sənə verə bilmərəm, özümə də lazımdır.

Həzər onun sakitliyindən çaşdı:

- Həə?! Bəlkə təzə doğulan qoduğlardan birini  satasan mənə…

Ehsan baba diksindi, belini dikəltdi, kürkü bir çiynindən sürüşdü, onu düzəldə-düzəldə mızıldandı:

- Bu da qoduqdan başladı?! - dedi və qeyzlə - Allahu Əkbər! İşə düşmədik?

Həzər babanın hirslənəcəyini gözləyirdi. Kepkasını tərləmiş alnından yuxarı qaldırdı:

- Mən nə pis söz dedim ki, hirslənirsən, baba?! Qoduğu havayı istəmirəm ki!

Ehsan baba şübhə ilə:

-  Deyirəm, bicəngi uşaqsan, bəlkə məni ələ salırsan?

Həzər əl-ayağa düşüb dil tökdü:

- Mən qələt eləyərəm! Ələ salmaq nədir? Deyirəm, iki qoduq sənin nəyinə gərəkdir?! Uzunqulağın var da! Qoduğun birini mənə sat! Neçə deyərsən, pulunu sayaram… Xahiş eləyirəm...

Ehsan baba demisini doldura-doldura dedi:

- Xahişə ehtiyac yoxdur! - dedi. - Bala, madam ki, könlündən qoduq keçir, verirəm sənə! Havayı verirəm, pul nədir?! Dünya malı dünyada qalacaq. Dədəmin bardaqla qızılı olub, hanı onlar?! Tövlə dolusu mal-hevanı olub, hanı onlar?!

Həzər sevincindən az qala çırtıq çalıb oynayacaqdı: « - Axır ki, qızıllardan söz saldı!» - fikirləşdi və gülümsədi:

- Yox, havayı istəmirəm! Mən bütün ömrüm boyu sənin çörəyini yemişəm. Cibinə pul qoyurdular, mənimlə yarı bölürdün. Pay-puş verirdilər, çoxunu mənə verirdin ki, sənin ailən böyükdü. - dedi. - Qoduğa yüz «şirvan» verirəm… Düşək tövləyə, baba, mala baxmaq istəyirəm.

Ehsan babanın çubuğu əlindən düşdü, heyrətlə:

- Bala, dəli olma! Bir qoduğa bu qədər pul verməzlər…

Həzər qətiyyətlə:

- Sözüm sözdür… - dedi.

Ehsan baba quruyub qalmışdı, Həzər səbirsizliklə:

- Hə, nə fikrə getdin, baba?!

- Oğul, fikir eləməlidir də… Yüz «şirvan»lıq alver eləyirik…

- İndi çox fikirləşəcəksən?!

Ehsan babanın alnından tər gəldi:

- Bala, bir azdan gələrsən, başım fırlanır…

Həzər razılaşdı:

- Yaxşı, baba, amma icazə versən qoduğa baxardım... - dedi və tövləyə tərəf gedəndə dayanmalı oldu.

Eyvandan söhbəti adda-budda eşidən Gilə nənə bomba kimi partladı. Yenə bəbəkləri yoxa çıxmışdı, gözünün ağı parıldayırdı:

- Dayan görüm, hara gedirsən?! Bəyəm mən ölmüşəm sən tövləyə girəsən?! Öz heyvanın-malın, atın-ulağın sənə azlıq eləyir, gözünü bizim ikicə qoduğumuza dikmisən?! Ağsaqqal kişini aldadırsan, axırıncı qaraltını da əlindən almaq istəyirsən?! Kişinin hesabına adam oldun, çörəyinə şərik oldun, yenə ondan əl çəkmək istəmirsən?! Şura hökumətini yedin, doymadın?! İtil burdan! Qələc, tut onu! Tut!

            Həzər ağzını ayırıb qarıya qulaq asırdı. Külxanada eşələnən Qələc yerindən qopub onun üstünə şığıyanda özünə gəldi, daha durmadı, doqqaza tərəf qaçdı. Atın belinə sıçradı.

             Qələc atın əlrafında atılıb-düşürdü. Həzər yüyəni zorla saxlayırdı. Ehsan baba üzürxahlıqla:

            - Oğul, incimə, Gilənin yenə cinləri cünbüşə gəlib! - dedi-  Deyəsən, qoduq alverimiz baş tutmayacaq, arvad razı deyil…

            - Əmi, sən arvad sözü ilə durub-oturan kişi deyildin, axı! - deyə Həzər söz atdı. - Sənə belə nə oldu?!

            - Ay oğul, qocalıq kişidə bir kişilik saxlamır! Yaşıma çatarsan bilərsən, sən hələ uşaqsan!

           Həzər Ehsan babanın  bığaltı gülüşündən alındı, atın yüyənini buraxdı, çaparaq uzaqlaşdı.

Ehsan baba rahat nəfəs aldı, qarısını ürəkdən təriflədi:

            - Katta dədənin çörəyi sənə halal olsun, a Gilə! Canımı bu  haramzadənin əlindən qurtardın. Girinc eləmişdi məni…

            Həmişə katta dədəsi xoş sözlə yada salınanda Gilə nənə pambıq kimi yumşalardı. Bu dəfə isə qarının hikkəsi keçmədi. Uzaqdan-uzağa barmağını babanın üstünə silkələdi:

            - Bəsdir, qoca! Daha bu eşşək-qoduq söhbətini burax! Tövləyə ancaq meyidimin üstündən keçəcəksən!  Mənə cinni Gilə deyərlər. Xamuş dayan, yoxsa saqqalını yolaram…

            Ehsan baba bu hökmə heyran qaldı. Qarısı heç cavan vaxtlarında da onunla belə danışmazdı. Dodaqları titrədi, sulanan gözlərini sildi: « - Hə, bu da mənim axırım! Deyəsən, başım xarab olur. Qarım da üzümə qayıdır. Bu nə işdir?! Biri gəlir, biri gedir… Elə bil bir-birinin ağzına tüpürüblər… Gah nala, gah mıxa vururlar. Gilə ölmüş də qoduqlardan söz düşən kimi özündən çıxır. Yəni hamının başı xarab olub?! Yox, yox… Hər nədisə özümdədir! Yüz otuz yaş az deyil, dərviş, dünyanı tutub yaşamayacaqsan ki!» - deyə fikirləşən baba dinməz eyvana qalxdı. Gözlərindən ildırım çaxan qarısından çəkinə-çəkinə evə keçdi. Soyunub yerinə girdi: « - Hardasan, gəl!» - deyə əcəli hayladı.

 

-  19 -  

             Cəmo Parisdən vurulmuş teleqramı alandan rahatlığını itirmişdi. Professor Morel qızı Janetlə Bakıya gəlirdi. Qonaqların təşrifinə üç gün qalmışdı.

            O, mühazirələri fikri dağınıq oxudu. Xırda-para işlərini könülsüz, başdansovdu yoluna qoydu. Vəzifə aşiqi olmasa da rektorun təklif elədiyi kafedra müdirliyindən keçən il imtina eləməmişdi. Cəmodan müəllimlər razı idi. O, sadəliyi ilə seçilirdi. Sözünü hökmlə yeritmirdi. Tələbələrə münasibətində isə həddən artıq səmimi idi. Umacağı olmayan müəllim az tapıldığından tələbələrin də Cəmoya münasibəti xoş idi. Bu keyfiyyət bir ara onun başına bəla oldu, sonra həmkarları Cəmo müəllimin xasiyyətindəki kənaraçıxmalarla barışdılar. O, həqiqətən zərərsiz adamdı. Lap tıxsız balıqdı. Kimsənin işinə qarışmırdı, yüksək materiya haqqında moizə oxumurdu, əksinə, imkanı daxilində köməyini əsirgəmirdi.

            Cəmo əkiz qardaşı Cümüdən fərqli alaraq ata tərəfinə çəkmişdi. Sümüyü iridi, boyu hündürdü, kəl kimi güclü idi. O, biri qardaşlarından daha tərkidünyadı. Qardaşların üçü də adamyovuşmazdı. Kimsəyə qaynayıb-qarışmazdılar. Ən qəribəsi o idi ki, qardaşlar bir-birilərindən də uzaq gəzirdilər. Qan qana qaynamırdı. Eyni vaxtda şəhərə gəlsələr də ayrı-ayrı ali məktəblərə sənəd verdilər. Cümü hikkəli idi, Əbi isə kağız kimi saya idi, yaşda bir il kiçik olmağına baxmayaraq qardaşlarını bir yerə yığmağı cəhd elədi. Amma bir şey çıxmadı. Zaman keçdikcə Əbi bu arzusundan vaz keçdi.

            Cəmo aldığı təqaüdlə dolanırdı. Əbi özünü oda-közə vururdu, gündüz oxuyur, gecə işləyirdi. Arada Cümüyə kömək eləyirdi. Cəmo isə kitabxanalardan çıxmırdı. Aclığa-susuzluğa dəvə kimi dözümlü idi. Əbinin təklif elədiyi puldan boyun qaçırırdı.

            Cəmonun elmdə uğurları tələbəlikdən başladı. Arabir jurnal-qəzetlərdə məqalələri çıxırdı. Bitirdiyi ali məktəbdə qaldı. Sovet hökumətinin gurhagur vaxtı idi. Cəmonun xaricdə çap olunan məqalələri ali məktəbi lərzəyə saldı. Dövlətin təhlükəsizlik xidmət maşınları işə düşdü. Böyüdücü şüşə altında Cəmonun məqalələri öyrənildi. Amma gənc alimin zərərsiz fransız filologiyası ilə məşğuliyyəitndə cinayət tərkibi tapılmadı. Cəmo elmlər namizədi, sonra elmlər doktoru oldu, amma xaricdən aldığı dəvətlərə hay verə bilmirdi. Pasport işi, viza məsələsi tilsimə düşmüşdü. Hər dəfə bir qəmbərqulu çıxırdı. Əvvəl Bakıda, sonra Moskvada çıxan kitabçaları da kömək eləmədi. Sovet hökuməti başını yerə qoyan kimi hər şey düzəldi, yollar üzünə açıldı. Paris şəhərinə bir neçə dəfə səfər elədi. Ali məktəblərdə, konfranslarda mühazirələr oxudu, fransız dilində bir xırda kitabçası çap olundu. Ən uğurlu addımını keçən il atdı. İri həcmli kitabının nəşri ilə bağlı müqavilə bağladı. Bu işdə professor Morelin xeyirxahlığı əvəzsiz rol oynadı.

            Professor Morel çox qəribə məxluqdu. Cəmo ilə Sovet dövründən yazışırdı. O vaxtlar yenicə təsis elədiyi jurnalda gənc alimin məqalələrini dərc eləmişdi. Sonralar müsyö Morel ali məktəb rektoru oldu. Amma Cəmonu yenə unutmurdu. Keçən ay bağlanmış müqavilə də onun sayəsində baş tutmuşdu. Cəmo birdən birə iyirmi beş min amerika dolları qonorar almışdı.

            Qonaqları yüksək səviyyədə qarşılamaq lazımdı. Birinci, bu Cəmonun insanlıq borcu idi, ikinci, ölkənin adını batırmaq olmazdı, üçüncü, heç dilə gətiriləsi deyildi… Rəhbərliklə bu məsələni saatlarla müzakirə elədi, hamının razılığını aldı. Rektor isə daha uzaqlara baxırdı, dəyərli fikirlərini Cəmo ilə bölüşdü. Bu həmrəylikdən Cəmo xeyli yüngüllük duydu. Qalırdı məişət problemləri. Rektorun göstərişi ilə ən yaxşı mehmanxanalara zəng vurdular. Məlum oldu ki, burada da çətinlik yoxdur. Yer pulunu ver, yaşa özünçün. Mehmanxana barədə Bakı Parisdən geri qalmırdı…

            Cəmo gündəlik işlərini qismən yoluna qoydu. Nahara çıxdı. Köhnə «Jiquli»sinə mindi, evə tələsdi. İçəri girəndə mənzilinə yeni gözlə baxdı. Otaqların görünüşündən xəcalət çəkdi. Buranı fransız professorunun villası ilə müqayisə eləmək belə gülüncdü. Qonaq qarşılamağa hazır deyildi. Barı, əl gəzdirilsəydi, bir təhər ötüşmək olardı.

            Qərb ölçülərini kənara qoyanda Cəmonun mənzili pis mənzil deyildi. Otaqları Stalin dövründə inşa edilmiş binanın dördüqcü mərtəbəsində yerləşirdi. Şəhərin mərkəzi idi. Dənizə pəncərələrdən xoş mənzərə açılırdı. Otaqlar hündür, işıqlı və genişdi. Qaynatasının zövqünə söz ola bilməzdi. Onun kəraməti səyəsində mənzil Cəmoya verilmişdi. Qaynatanın yaxşı vaxtları idi. Karlı vəzifə sahibi idi. Qızını yanında görmək istəyirdi. İmkan düşən kimi yaşadığı binanın qonşu blokundakı mənzili əldən buraxmadı. Sovet bölgü sistemini yaxşı tanıyırdı. Dərhal əlaqələrini işə saldı. Alim kürəkəni də əldə-ayaqda qalmamışdı. İşlədiyi ali məktəbin rəhbərliyi ilə yola gedirdi. Qaynata və kürəkən imkanlarını birləşdirdi, Cəmo canını kirayənişinlikdən qurtardı.

            Amma izdivac Cəmoya başağrısından savayı heç nə vermədi. Xanımı çox ərköyün böyümüşdü, ipə-sapa yatmırdı, dovtələbdi. Bir dam altında yaşanan on illik ömür də qadını  dəyişmədi. Ər-arvad heç cür uyuşmurdu. Cəmonun öyrənmək istəyi bitib-tükənmirdi. Yemək-içmək, geyim-gecim gözündə deyildi. Beş il geydiyi kostyumda toya da gedirdi, yasa da. Xanımı isə aza qane olan qadınlardan deyildi. Fikri-zikri kitabxanasında olan, axırıncı qəpiyini kitaba xərcləyən ərindən narazı idi. Cəmonun kitabxanasına isə söz ola bilməzdi. Otaqlardan birində tavana qədər üç sıra rəflər qoyulmuşdu. Bu nadir kitablar, əlazmalar Cəmonu var-dövlətdən çox maraqlandırırdı.

            Ev sahibi bir siqaret yandırdı. Otaqları qayğılı dolandı. Kitabxanasına girdi. Rahat kürsüsündə qərar tutdu. Pəncərə önündə qoyulmuş iri yazı masasına dirsəkləndi. Qalaqlanmış əlyazmalarını qırağa itələdi. Cəmo yalnız bu otaqda özünü əmin-arxayan hiss eləyirdi, könlü açılırdı. Məişət problemlərindən qorxduğundan onlardan zəhləsi gedirdi. İndi isə buna vaxt sərf eləməli idi. Siqaretini acıqla külqabıya basdı, dodaqaltı: « - Lənət sənə şeytan! Necə məni yoldan çıxartdı?! - dedi. - Görəsən, fransızı Bakıya çağıranda mənim ağlım harada idi?! İndi onları nə təhər qarşılayım ki, biabır olmayım?!  Ev-eşiyim bu! Sərdabə kimi boşdur. Gülər canıyanmış elə düz deyirdi də! Vallah, yontalanmamış çölçüyəm də. İnciməyinə dəyməzmiş… Haqq sözə nə deyəsən! Yox, yox, üç günə buraları sahmana salmaq mənim hünərim deyil! Xalça-palaz, taxta-tuxta almaq olar, təmir isə vaxt aparacaq. Yenə Gülər olsaydı… Gülər!»

            Cəmo tərəddüd eləmədən cib telefonunu çıxartdı, Gülərə zəng elədi. Bir az qulaq asdı, «Azersell»dən xəbər gəldi ki, telefon ya söndürülüb, ya əhatə dairəsi xaricindədir. Cəmo nifrətlə dodaqlarını büzdü. Qaynanasına zəng elədi. Cəmo bir ildi onları arayıb-axtarmırdı. Amma qaynanası kürəkəni ilə sakit əhvallaşdı, deyəsən, təəccübünü gizlədirdi.

            Cəmo Güləri istəyəndə arvadın səsi batdı. Haçandan-haçana dedi ki, evdə yoxdur. Cəmo xahiş elədi ki, Gülər ona dəysin. Qaynanası əlaqəni kəsməkdən başqa, deyəsən, əlac tapmadı. Cəmo istehza ilə güldü. Bilirdi ki, qaynanası divara dırmaşsa da Gülər onun xahişini eşidən kimi gələcək. O, arvadını onun valideynlərindən yaxşı tanıyırdı.

- 20 -

            Gülər Cəmonun tələbələrindən idi. Auditoriyadakı qız-gəlinə laqeyd münasibət bəsləyən müəllimin diqqətini cəlb eləməyə çalışanlar çox idi. İri, şaqqalı, subay Cəmoya eşq elan eləyən qızlar da vardı. Amma başı elmi işlərə qarışmış müəllimi yoldan çıxarmaq mümkün deyildi.

             Bir gün Cəmonun doktorluq işinə başçılıq eləyən elmi rəhbəri onu yanına çağırmışdı. Ağsaqqal alim gözünü masadan qaldırmadan ordan-burdan danışırdı. Sonra kafedranın küncündə siçan kimi səssiz oturmuş solğun, sısqa qızı Cəmoya təqdim eləmişdi:

            -  Bu xanım bizim aspirantımızdır. Keçən il ali məktəbi qurtarıb. Sənin tələbələrindəndir. Adı Gülərdir. Soyadını deməyə ehtiyac görmürəm, bilməmiş olmazsan. Sən onun elmi rəhbəri olacaqsan… - dedi.

Dövlət çevrilib laqeyd halda qıza baxdı. Təəccübləndi. Bu qız nəinki fransız dilində, heç

doğma dilində fərli danışa bilmirdi. Zənglərlə ali məktəbi qurtarmışdı. Amma sözünü uddu.. Qızdan çəkinmədən dirənə-dirənə danışan elmi rəhbərindən soruşdu:

·         Onun elmi işini mən yazmalıyam?

Elmi rəhbər Cəmonun üzüyolalığından xoşhallandı. Utanmağı buraxıb:

            - Deyəsən, elədir, axı! - deyə gülümsəyib Cəmoya ürək-dirək verdi. - Belə lazımdır. Bir də birinci dəfə deyil ki!

            Cəmo olunacaq təzyiqləri gözləmədən qısa müddətdə Gülərin elmi işini yazdı. Bu cansız müqəvvadan canını tez qurtarmaq istəyirdi. Bu müddət ərzində yanına arabir gələn Gülərlə saymaz rəftar eləyirdi. Qırxı haqlasa da qız-gəlinə məhəl qoymurdu. Arxasınca deyilənlərə də fikir vermirdi. Kənd-kəsəyin ab-havası canından çıxmaq bilmirdi.

            Gülər isə Sovet əsilzadəsi ailəsində böyümüşdü. Uşaqlıqdan epilepsiyası vardı. Yüngül qıcolmalar ondan əl çəkmirdi. Onun bu halı valideyinlərini vahimədə saxlayırdı. Tək uşağın bütün şıltaqlıqlarına boyun əyirdilər. Həkim, dava-dərman da kömək eləmirdi. Gülər yaşa dolduqdan sonra xəstəliyi səngidi, amma ətə-qana gəlmədi. Ali məktəbi bitirsə də yeniyetmə uşaqlardan seçilmirdi. Arıq və sısqa idi. Atasının əli uzun idi, hər yerə çatırdı. O, maraqsız yaşayan qızının alim olmaq istəyi ilə razılaşmışdı.

            Cəmo ilə ünsiyyətin Gülərə yaxşı təsiri oldu. Qız göz görəsi dəyişilirdi. Hamı bunu görsə də elmi rəhbəri fərqinə varmırdı. Cəmo yetirməsinin müdafiəsində də iştirak eləmədi. Gülərin atasının təşkil etdiyi ziyafətlərin heç birinə getmədi. Başı doktorluq işinə qarışmışdı. Bir ildən sonra müdafiəsi oldu. Onu təbrik eləyənlərin içində Gülər də var idi. Cəmo Güləri tanıya bilmədi. Qız dəyişilmişdi. Əməlli-başlı xanım olmuşdu.

            Onların izdivacı sürətlə baş tutdu. Gülərin ata-anasının narazılığı belə maneçilik törətmədi. Qız hökmünü yeritməyə alışmışdı. Cəmonun dəli-divanəsi idi. Bir-iki il keçdi. Ər-arvad bir-birindən soyudu. Sonsuzluq buna təkan verdi. Tədricən uzaqlaşdılar. Ən qəribəsi bu idi ki, arada nə söz-sov, nə umu-küsü vardı. Günlərini atası evində keçirən Güləri Cəmo axtarmırdı. İşi ilə məşğuldu. Gülər çox vaxt, gecələr də gəlmirdi. Cəmonu xəbərdar eləməklə kifayətlənirdi. Keçən qışda ayrılmaq istəyini bildirdi. Cəmo diqqətlə onu dinləyib sakitcə dilə tutdu. Amma gətirilmiş dəlil-sübüt Güləri qane eləmədiyindən qadın inadından dönmədi. Cəmo cavan arvadını dilə tutmaqdan əl çəkdi, razı oldu. Fransaya ezamiyyətə hazırlaşdığından xahiş elədi ki, məhkəməyə müraciəti sonraya saxlasınlar. Arvadı ilə razılığa gəldilər. Gülər Cəmo ilə mənzil-əmlak davası da salmadı. Bir günün içində gətirdiyi cer-cehizi yığışdırdı, atasının gen-bol mənzilinə köçdü. Gedəndə ürəyini boşaltdı, Cəmonu heyrətə saldı: «- Cəmo müəllim, olan oldu, keçən keçdi. Mənasız da olsa gərək deyim, yoxsa ürəyim partlayar. - dedi. - Deyirəm, Cəmo müəllim, yemək-içəmk gözündə deyil, geyimin elə, yaşayışın elə! Axı, sən hansı günə yaşayırsan?! Saatlarla gözünün nurunu əridirsən?! Mat qalmalı məxluqsan! Soveq hökuməti sənə məvacib verirdi, ədalətdən danışmağa yerin vardı. İndi bunlar mümkün deyil, axı?! Alim də belə yaşayar?! Həmkarlarımıza bax, gör, necə dolannırlar?! Professor Aliyə xanım düz deyirdi ki, Gülər, ağlını başına yığ, bu çölçüdən sənə ər olmaz, hələ yontalanmayıb. Vallah düz deyirmiş…»

            Cəmo laqeydliklə cavab vermişdi ki, iqtibası gələn dəfə başqasından gətirərsən, Gülər xanım, adını çəkdiyin Aliyə xanımın doktorluq işinin ağız-burnunu yığışdırınca bir köynək tər tökmüşəm… Sonra isə ağzı açıla qalmış arvadının dalınca qapını örtmüşdü.

- 21 -
            O, yeməyə əl vurmadan qalxdı. Anası Cəmonun sözünü ona çatdırandan sonra qan yanaqlarına vurdu. Solğun bənizi təravətləndi. Belə sürətli dəyişiklik anasını qorxutdu. Soruşdu:

-  Hara gedirsən?

Gülər dinmədən geyindi. Anası hirslə başını buladı:

            -  Nə izzət-nəfssiz qızsan! - dedi. - O çölçü barmağını tərpədən kimi qaçırsan yanına! Belə eləmisən ki, başına mindirmisən də!

            Gülər çantasını götürdü, qapıya getdi. Axır aylar evdə səsi çıxmırdı. Xiffət eləyirdi. Anasının qızına yazığı gəlirdi. Gülərin qabağını kəsdi.

·         Qızım, getmə, ayıbdır…

Gülər ondan gözlənilməyən bir dikbaşlıqla:

·         Zalım ana, halal ərimin çağırışına getməyim? - deyə soruşdu və özünü itirmiş

anasının halına güldü. - Məhkəməyə qədər hələ ər-arvadıq da!!

            Anasının barmağı ağzına getdi:

·         Bala, sən nə yaman sırtılmısan?!

            Tənələrdən bezikmiş Gülər tələsdi. Beş-altı il yaşadığı mənzilə çatana qədər azından on dəfə geri dönmək istədi. Amma ürəyi ilə bacarmırdı. Doğma ocağı onu özünə çəkirdi. Qapının zəngini basmadı. O, gedəndən xarab idi. Bilirdi usta çağırmaq Cəmonun yadına düşməz. Dəmir qapını bir neçə dəfə taqqıldatdı. Hay verən olmadı. Geri qayıtmaq istədi, hirslə qapıya bir təpik vurdu. Qapı aralandı. Gülərin ürəyinə xof düşdü. Tez içəri girdi. Kürsüdə yanpörtü düşmüş Cəmonu gözü aldı. Haray çəkdi:

                        - Vay, başıma kül oldu, Cəmo!

           Güləri gözləməkdən yorulmuş Cəmo kürsüdə mürgüləyirdi. Çığırtıya diksindi. Gözləri alaclanmış arvadının həyacanına lağ elədi.

           - Heç həşir salma! Məncə, dul arvad adı boşanmış arvad adından daha hörmətlidir…

           Gülər fövrən dəyişdi:

           -   Zarafatların da özün kimi yöndəmsizdir… - dedi. - Ürəyim düşdü ki…

           Cəmo köksünü ötürdü:

           - Qapını özüm açıq qoydum ki, birdən məni yuxu tutar, qayıdarsan…

           Gülər soyuq haldı:

           -  Nə xəbərdir?! - soruşdu. - Əl telefonuma zəng eləyəydin də…

           Cəmo könülsüz zarafat elədi:

           - Nəsə, qaynanamın səsi üçün darıxmışdım! - dedi.

           Gülər yavaş-yavaş hirslənirdi:

           - Uzatma, sözünü de, gedirəm.

           - Yaxşı, hirslənmə! - deyə Cəmo dilləndi. - Bir vacib iş çıxıb. Məsləhətin lazımdır.

           - Bah! Gün hayandan çıxıb? - deyə Gülər acıqla dilləndi. - Şöhrətli alimin arvad məsləhətinə ehtiyyacı var?

           Cəmo arvadının istehzasını qulaq ardına vurdu, barışdırıcı tərzdə yanındakı kürsünü göstərdi:

           -  Zəhmət olmazsa, otur! - dedi və qadının əyləşməyini gözlədi. - Gülər xanım, Fransadan qonaqlarım gəlir. Adını eşitdiyin professor Moreli deyirəm. Xaricə səfərlərimin səbəbkarı bu adamdır. Yəqin ki, mehmanxanada qalacaq, amma istəyirəm evə də dəvət eləyim. Özüm də onun qonaqpərvərliyindən bir neçə dəfə istifadə eləmişəm.

           Gülər mızıldandı:

            - Özün bilərsən. Dəvət elə də…

            Cəmo onun dediklərinə qulaq asmadan:

            - Düzü, xaricdəkilərin yaşayışını görəndən sonra bir az çaşmışam. Vallah, bizim ev karvansaraya oxşayır. Heç bilmirəm neynəyim…

            Gülərin nəcib sifəti  əyildi, onun sözünü kəsdi:

            - Mən sənə bunu demirdimmi? Demirdim ki, sən yaşamaq nə olduğunu bilmirsən?! Elmlər doktorusan, kafedra müdirisən, otuz-qırx şirvanla ailə dolandırmaq istəyirsən!

            Yaşa dolduqdan sonra əməlli-başlı qadına çevrilmiş Gülərin uşaq kimi hirslənməyi Cəmonun təbəssümünə səbəb oldu:

            - Deyirəm, belə eləyək! - dedi və qoltuq cibindən bir dəstə ABŞ dolları çıxardıb masanın qırağına qoydu. - Burada on mindir. Götür, karvansaramızın görkəmini dəyiş. Mebel, xalça, qab-qacaq al. Təki xaricilərin yanında adımızı-sanımızı qoruyaq…

            Gülərin gözü qaraldı:

                        - Cəmo müəllim, bu qədər pul hardandı səninçün?! - deyə soruşdu.

           - Parisdə çıxacaq kitabımın qonorarıdır. İyirmi beş min dollar avans veriblər. Kitab satışa buraxılanda, inşallah, bir belə də verəcəklər…

            Gülər nitqini itirdi. Cəmo dikəlib barmağını onun burnuna toxundurdu:

            - Səni ildırım vurmadı ki! - dedi və köksünü ötürdü. - İndi bildin pulu nə təhər qazanmaq lazımdır?! Mən bir dərviş babanın oğluyam, halal-haram haqqında öz fikrim var. Mən o yazıq tələbələrin cibinə girmədən yaşamaq istəyirəm… Haram boğazımdan keçmir də, zor deyil ki?!

            Gülər məğlubiyyətini qəbul elədi:

                        -  Yaxşı, mən təslim! - dedi. - Aydındır. Professor dostun tək gəlir?

                        -  Yox, qızı ilə gəlir…

                        -  Parisdən onu tanıyırsan?!

            -  Əlbəttə! Bir ay professorun malikanəsində yaşamışam. Maliyyə çətinliklərimi bilirdi. Qızını da mənə bələdçi vermişdi. Arxivlərə, kitabxanalara məni aparırdı. Professorun köməyi olmadan o boyda işi görə bilməzdim. Düzdür, əvəzində onun kitabını redaktə elədim. Amma bu nədir ki?!

             Gülər şıltaqlıqla söz atdı:

                        -  Cəmo müəllim, hər şey aydındır…

            Cəmonun qanı qaraldı, iri qaşları çatıldı:

                        - Məhz nə aydındır?!

            Gülər qızardı, amma dilini saxlamadı:

                        - Hər şey! - dedi. - Toyuna çağırmağı unutma! Şad olaram…

            Cəmo onu acıladı:

                        - Ay səfehsən ha! - dedi. - Birincisi, mən hələ səninlə qanuni kəbindəyəm! İkincisi, sən o qızı görsən, onu mənə rəva görməzsən! Üçüncü,…

            Gülər əllərini qaldırdı:

                        - Daha baş alıb getmə! Auditoriyada deyilsən! - dedi və dərhal mətləbə keçdi. - Yaxşı, buranı sahmana salmağı boynuma götürürəm. Amma dükan-bazara tək gedəcəyəm. Səninlə bir addım da atmaram. Başlayacaqsan hər şeyə mız qoymağa… Şərtimi qəbul eləyirsən?!

           Cəmo başını tərpətdi. Gülər burnunu qırışdırdı:

                        -  Neçə gün vaxtımız var?!

                        -  İki gün…

                        -   Divarlar qaldı. İki günə bu mümkün deyil.

           Cəmo ayağa durdu, Gülər də qalxdı. Bu yaxınlıqdan ikisi də xumarlandı. Cəmo başı çənəsinə çatan Güləri ehtiyatla qucaqladı. Qadın geri çəkilmədi.

           Cəmo minnətdarlıqla:

           - Sağ ol ki, harayıma gəldin. - dedi.

           Gülər altdan-yuxarı baxdı:

           - Bu lazımdır?! - dedi. - Bütün olanlardan sonra?

           Cəmo onun baxışlarını tutdu:

           - Biz səhv eləmişik! - dedi. - Bizim səhvimizi bizdən başqa kim düzəldə bilər?!

           Gülər sualı cavabsız qoydu, kənara çəkildi, var-gəl elədi. Birdən gülümsədi:

           - Deyirəm, heç bahalı mebel almağına dəyməz. Qonaqlar gedəndən sonra otaqlara əl gəzdirməliyik. Korlanacaq. Ucuz bir şey alsaq yaxşıdır.

           Cəmo onu yamsılayaraq:

           - Mən deyirəm, mebel almaqdansa cehizlik taxta-tuxtanı geri qaytarsam yaxşıdır. - dedi və gülümsədi. - Lap türkəsayasan ha! Bunu sənə mən deməliyəm?

           Gülər özünü itirdi:

           - Evdə nə deyərlər mənə?! Camaat nə deyər?

           Cəmo qəhqəhə çəkdi:

           - Soruşana deyərsən ki, mebelini kirayə verirsən! Hahaha! - dedi və yaşarmış gözlərni sildi. - Ay zalım, onları hansı günə saxlayırsan?! Tutalım boşandın, təzədən ərə gedəndə köhnə mebellərini aparacaqsan?!

           İşin bu tərəfi Güləri də güldürdü:

           - Cəmo müəllim, xaricə ayaq açandan sonra yaman dilin açılıb! - dedi. - Əvvəl səndən söz çəkmək müşkül məsələ idi. Yaxşı, qoy sən deyən olsun. Görünür, doğrudan da, mebel almağa ehtiyyac yoxdur…

           Cəmonun üzü güldü. Gülər hiyləgərliklə baxırdı. Bir yerdə yaşadıqları illər əbəs keçməmişdi. Cəmonun ürəyindən keçənləri oxudu.  

           - Çox da sevinmə, Cəmo müəllim! - dedi. - Bu on mindən sənə bir sent də qaytaran deyiləm.

           Cəmo qondarma acıqla:

           - Nə?! Səni xarab eləməyəcək ki? - soruşdu.

           Gülər ona dilini göstərdi:

           - Xarab eləməz, ürəyini sıxma! - dedi və qəhqəhə çəkdi.

           - Qoy sən deyən olsun! Amma hara xərcləmək istəyirsən?

           - Xərcləməyə yer taparam! İllərlə maaşa baxan adamın arzuları böyük olur. İndi, Cəmo müəllm, puldan gözünü çək. Belə hesab elə kirayə götürdüyün mebelin haqqıdır…

           Cəmo bu məntiq önündə təslim oldu. Nəsə deyəcəkdi ki, telefon qırıq-qırıq zəng çaldı. Şəhərlərarası əlaqəyə oxşayırdı. Gülər dəhlizə çıxdı, dəstəyi qaldırdı:

           - Bəli… salam…Ataxan müəllim? …. Evdədir, gözləyin… - dedi və dəstəyi kənara qoydu.

           Cəmo telefona ləng yanaşdı. Ataxan tələbəlik dostlarından idi. O, çox vəzifəpərəst adamdı. Mənsəbə çatmaq üçün dəridən-qabıqdan çıxırdı. İndi nazirlikdə işləyirdi. Əvvəl tez-tez görüşürdülər. Axır aylar gözə dəymirdi. Cəmonun da başı qarışdığından onu arayıb axtarmırdı:

           «- Salam dost! Niyə bizi unutmusan? ... Deməli, xəbərdarsan! Lap yaxşı… Ezamiyyətim pis keçmədi, Parisdə kitabım nəşr olunur… Sağ ol, sağ ol…. Zənginə şadam… bəs nə! Sən mənə hava-su kimi lazımsan!... Qonaqlarım gəlir. Sənin də qonaq qarşılamaqda, yola salmaqda təcrübən var! Köməyin lazımdır…. Nə danışırsan?!... Sən hara, o dağlar hara?! İndi rayonumuzun icra başçısan?!... Afərin! Sənə daha sözüm yoxdur!... İşlərin yaxşıdır? Bacarırsan?!... Yox, yaydan çıxanam! Vaxt eləyib gələ bilmirəm… Ehsan baba, Gilə nənə səni görməyinə şad olar… Maraqlan gör necədirlər. Kəndin telefonu neçə vaxtdır susur… Başqa bir sözün var?!... Hə, oğlunun işi düzələcək. Elə bir problem yoxdur… Deməyin artıqdır, sən oldun, ya olmadın, onun aspirantura məsələsini boynuma götürmüşəm, axırına da çıxaram.. Xəcalət nədir?! Ayıbdır… Qocalarıma baş çəkməyi unutma… Sağ ol!»

           Gülər ərinin dəstəyi qoymağını səbirsizliklə gözləyirdi:

           - Yaman dostun var ha! «Cəbhəçilər» gələndə atama kömək eləmədi. Sənin xahişini də eşitmədi.

           Cəmo razılaşmadı:

           - Elə deyil! - dedi. - Qaynatam düz mövqe seçməmişdi. Ataxan gücünü vurdu, bir şey çıxmadı. Yox, onun günahı yoxdu.

           Gülər mübahisə eləmədi, utana-utana:

           - Evə gedirəm…

           Cəmo onun qolundan tutdu:

           - Boş-boş danışma! Sənin evin buradır… Zəng elə, anana de ki, qalırsan.

           Gülər inad eləmədi.

- 22 -

Molla Bala Bakıya üz tutmuş sərnişin avtobusunda altı saat yol elədi, amma körpüdən adlayanda çəkdiyi qorxu canından çıxmadı. Şəhərə çatanda ürəyi hələ də əsirdi. Beynindən keçən olmazın hədyanların ən yüngülü belə idi: « - Gorun çatlasın Pişan baba! Bu nə işdir başıma gətirdin?! Sənə çəkdiyim əziyyətlər gözündən gəlsin! Haramın olsun! Allah, Allah! Göz görəsi sel məni aparırdı! Bir az da yubansaydım körpü qarışıq girdaba düşəcəkdim! Allahın rəhmi üstümdə imiş!»

  Molla Balanın uşaqlığı Pişan babasına qulluq eləməklə keçmişdi. Onun yerini yığırdı, çimdirirdi, yedirdirdi. Yeddi qıfıl asılmış yekə sandığın üstündə salınmış yorğan-döşəkdə uzanan, qıçlarından iflic olan Pişan babanın qocalığı rahat keçirdi. Kasıb ailənin gözü onun iri sandığında idi. Gördüyü məşəqqətlərdən, başına gələn macəralardan axır nəfəsinə kimi həvəslə danışırdı. Çənədən pərgar idi. Əfqanıstanda quldur əlinə düşən karvanlardan, Hindistanda racələrin ləl-cavahiratından, İran şahlarının xəzinələrindən söhbət eləməkdən yorulmurdu. Sandığına isə heç kimi yaxın qoymurdu. Axşamlar başına cəm olmuş oğul-uşağına hər dəfə deyirdi ki, mən öləndən sonra açarsınız, sandıqdakı varidatımı öz aranızda insafla bölərsiniz! Ona qulluq eləyən nəvəsinə isə başqa sirr açmışdı. Ölümündən bir gün qabaq qulağına pıçıldamışdı: « - Balamirzə, mənim zəhmətimi çox çəkmisən. Səni dünya malından qəni eləyəcəyəm. Eşit! Qızyurdu dağında bir mağara var. Mənim xəzinəm oradadır. Sandıq boşdur. Həə… Hayıf ki, indi o yerlər Şuravidir. İmkan tapsan yoluvu oralara sal, dağın ətəyindəki kənddə Ehsan adında bir dərviş yoldaşım yaşayır. Onu taparsan. Ehsan dağları, gədikləri beş barmağı kimi tanıyır. Qoy, səni ora aparsın. Xəzinəni  onunla bölərsən. İkiniz də dünyanın ən varlı adamı olarsınız…» Bu sirr Molla Balanın beynində möhkəm ilişib qaldı. Hətta babası canını tapşırandan sonra açılmış sandığın içindəkilər də onun şübhələrini dağıtmadı. Dərviş Pişanın oğul-uşağı böyük kədər içində idi. Yeddi qıfıllı sandıq zir-zibillə dolu idi. Balina dişləri, meymun kəllələri, balıqqulağılar, rəngli daşlar, muncuqlardan başqa orada bir şey yox idi. Molla Bala şikəst idi. Ayağını çəkə-çəkə yeriyirdi. Atası kasıb ailənin xərcini azaltmaq üçün on beş yaşlı Balanı Təbrizə apardı. Bir tanış tacirə tapşırdı. Molla Balanın işi dükanın qabağında oturub bərkdən müştəri çağırmaq idi. İyirmi beş yaşında bu sənəti buraxdı. Alış-verişə girişdi. Amma sərmayəsi az olduğundan qazancı qarnına güclə çatırdı. Evlənməsəydi bir təhər başını dolandırardı. Amma uşaqlarının sayı artdıqca vəziyyəti lap xarablaşırdı. Təsadüfən Şüravidən gəlmiş bir adamla tanışlıq həyatının rövnəqini pozdu. Bu Qardi əminin nəvəsi idi. Şura hökuməti çökdüyündən yollar açıq idi. Molla Balanın uşaqlıq xatirələri oyandı, əlli yaşlı kişini yerindən oynatdı. Sənədlərini düzəltdi. Olan-qalanını satdı, evdə bir az xərclik qoydu, Qardi əminin nəvəsinə qoşuldu, amma sərhesablıqdan sirrini ona açmadı.

… « - Cəzamdır, çəkirəm! Sənə deyən lazımdır, ay ağsaq kişi, nə işin  var bu dağlarda ki, sel səni aparsın!» - deyə Molla Bala fikrindən keçirtdi. Bilirdi ki, bir də bu tərəflərə üz çevirməyəcək. Zərfləri cibindən çıxartdı, cırıb atmaq istədi, nədənsə əlini saxladı. Ehsan babanın çörəyi qabağını kəsdi. Əlinə keçən birinci zərfi avtovağzaldakı taksi sürücülərindən birinə göstərdi:

- Bəradər, məni bu ünvana apar…

- 23 -

            Cümü xırda sümüklü olsa da canı buz baltası kimi idi. Qırx yeddi yaşı vardı. Seyrək saçları onu yaşından cavan göstərirdi. O, elmlər namizədi idi. Ali məktəbdə dekan işləyirdi. Cəmonun ondan qabaq elmlər doktoru olması onu darıxdırırdı. Ailə vəziyyəti isə pis deyildi. Evində bir xoş övqat hökm sürürdü. Bircə elmi işi onu əldən salırdı. Dəvənin quyruğu kimi nə artırdı, nə azalırdı. Heç cür axırına çıxa bilmirdi.

            Cümü müəllimin maddi çətinlikləri Şura hökuməti dağılandan sonra başladı. Vəzifənin də əvvəlki rövnəqi qalmamışdı. İki yol ayırıcında qalmışdı. Ya ehtiyyac içində yaşamağı qəbul eləməli, ya da hamının getdiyi tərəfə getməliydi. Cümü ikinci yolu seçdi. Maddi vəziyyəti də düzəldi, ailənin rifahı da. Gözüqıpıq yaşamağa adət elədi.  Hərdən bu naqislikdən sıxılırdı, Cəmoya, Əbiyə həsəd aparırdı. Bilirdi ki, onlar başqa cür yaşayırlar…      Amma bu gün kefi fındıqça çalırdı. Xeyirxah bir iş görmüşdü. Rektordan iki tələbənin xahişini eləmişdi. Bu uşaqlar  onun həmyerliləri idi. Qonşu kənddən idilər. Birinci kursda oxuyurdular. İnformatikanın əsasları fənnindən kəsilmişdilər. Boynu buruq yanına gəlmişdilər. « - Cümü müəllim, Ehsan babanın xatirinə bizə əl yetir, ali məktəbdən qovurlar..» - demişdilər. O, bu andın qabağında mum kiimi yumşalmışdı. Kömək eləməyə söz vermişdi. İnformatika müəllimi kənək adamdı, yapışdığından hələm-hələm qopmurdu. Ali məktəbdə ad çıxarmışdı. Qəpiksiz heç kimə qiymət yazmazdı. Bunu bildiyindən Cümü müəllim qorxurdu ki, informatika müəlliminə söz desə sözü yerə düşsün. Birbaşa özünü rektorun kabinetinə verdi. Cümü müəllim bir neçə dekanın yanında xahişini elədi:

- Akademik, bu informatika müəllimi lap ağ eləyib. Birinci kurs tələbələrinin başına oyun açır. Yaxşı tanıdığım iki hazırlıqlı tələbəni get-gələ salıb, qiymət yazmır…

            Qocaman alim eynəyini çıxarıb sildi, zamanın övzayından narazılıqla başını buladı.:

- Cümü müəllim, sənki qaydaları bilənsən, başqalarının işinə qarışmasan yaxşıdır.

            Cümü müəllim hörmətlə razılaşdı:

           - Elə olmağına elədir, akademik! - dedi - Amma bu tələbələr dağ kəndlərindəndir. Kasıbdırlar. İmkanları yoxdur…

           Rektor birdən əsəbiləşdi:

           - Cümü müəllim, kasıbın canı çıxsın oxusun da! Varlıların yerişini yeriməsin!

           Cümü müəllim qocaman alimin inadından incimədən gülümsədi:

           - Akademik, lap xarab olmusunuz ha! - dedi - Kənd uşağı kompüter nə bilir, axı… Düzdür, zəmanə tələb eləyir, amma rayon uşaqlarını müdarə eləməliyik də… Şəraitə uyğunlaşandan sonra kompüteri də biləcəklər, hələ  o yana da keçəcəklər…

Rektor inad elədi:

            -  Mən müəllimə heç nə deyə bilmərəm… - dedi. - Oxusunlar….

         Cümü müəllim həmkarlarının içəridə olmasından istifadə eləyib tarixi kəlamını söylədi:

            - Akademik, vallah Talış dağlarının başında diş qurdalamağa bircə  kompüter tapılsa mən barmağımı kəsərəm. Rəhmətliyin oğlu, elektrik enerjisi cirə ilə verilir. Komputer nə gəzir?! Bu tələbələri ali məktəbdən qovmaqla işlərimiz düzələcəksə, qovaq…, heç sözüm yoxdur.

            Qocaman alim məntiq qarşısında dura bilmədi, gülümsədi, daxili telefonla göstəriş verdi. Qəribə bir maraqla Cümü müəllimə baxdı:

            - Sənki yerlilərinə tərəfkeşlik eləyən deyildin, indi bu inad hardandır səndə? -  deyə soruşdu.

Cümü müəllim yerindən qalxa-qalxa:

            - Yəqin haqq yoluna qayıdıram,  - dedi və özünə lağ elədi. -  Yaşla əlaqədar zəiflikdir, akademik…

            Axşamüstü evə qayıdanda da xoş övqatı keçməmişdi. Göz bəbəyi kimi qoruduğu xarici markalı maşını astaca binanın qabağında saxladı. Daha həyətdəki qarajına salmadı.

            Qapını arvadı Qəmər açdı. Amma oğlu da, qızı da dəhlizdə idi. Bu ona qəribə gəldi. Özünü o yerə qoymadan soyuna-soyuna salamlaşdı. Keçib ev kostyumunu geyindi. Əl-üzünü yudu. Qonaq otağındakı kürsü onu ahənrüba kimi çəkirdi. Televizorun qarşısında yerini rahatladı. Jurnal masasınındakı zərfi götürdü. Döş cibindən eynəyini çıxartdı: « - Yəqin kənddəndir - deyə fikirləşdi. - Daha haradan olacaqdır?! Qocalar görəsən necədirlər? Macal eləyib getmədim ey…» Köksünü ötürüb açıq zərfdən məktubu çıxartdı. Bir əvvəlinə bir axırına baxıb təəccüblə başının üstündə dayanan Qəmər xanıma dedi:

·         Bu gün yazılan məktub elə bu gün də gəlib? Yəni poçt belə yaxşı işləyir?

Qəmər xanımın sallaq buxağı  titrədi, dəhlizdən çəkilməyən uşaqlarla gözləşdi:

- Poçtluq burda bir şey yoxdur! - dedi. - Bir nəfər molla gətirdi. Sizin kənddəndi.

- Molla?!

- Elə dedi?!

Cümü müəllim əsəbiləşdi:

            - Ay qız, boş-boş danışma! Kəndimizdə molla yoxdur… - dedi - Necə adamdı?

Qəmər yadına saldı:

            - Top qarasaqqal, hündür papaq, axsaq bir kişi idi. Dedi ki, Cümü müəllim məni tanıyır…

Cümü müəllim glümsədi:

            - Həəə! O İranlı imiş…Belə de! - dedi. - Tanıyıram. Babanın vay xəbərinə kəndə gedəndə görmüşəm. Nə işdisə qocanın yastığından aralanmırdı.

Qəmər xanım inanmadı:

            - Ay özündən toqquşdurursan ha! - dedi. - İranlının o dağın başında nə iti azıb?!  Kəndinizin adamlarına oxşayırdı. Elə sənin kimi danışırdı…

            Cümü müəllim arvadına heç nə izah eləmək fikrində deyildi. Molla Balanın bir belə kəndlərində qalması onu düşündürdü. Qəmər xanım onu tələsdirdi:

            -  Sən məktubu oxu, ay kişi! Görək nə yazırlar… - dedi və yenə uşaqlarla gözləşib mətbəxə tələsdi.  

            Cümü müəllim məktubdan gözünü ayıra bilmirdi. Oxuyurdu, oxuyurdu, amma bir şey qana bilmirdi. Heyrətlə çığırmaqdan özünü saxlaya bilmədi:

            - Əşi, belə şey olar?!

            Cümü müəllimin qızının on iki yaşı vardı. Özünü uşaq kimi aparırdı. Dəhlizdə dayanmaqdan yorulub atasının üstünə atılda, boynunu qucaqladı:

            - Ata, haçan kəndə gedirik?! - deyə soruşdu.

            Başını kağızdan ayıra bilməyən Cümü müəllim onu kənar elədi:

            - Qızım, dayan görüm…

            Qız əl çəkmədi:

            - Ata, tətildə məni də kəndə apar da! - dedi. - Ömrümdə nə qızıl qoduq görmüşəm, nə də gümüş…

            Cümü müəllim əyri-əyri ona baxdı:

            - Səni inandırıram ki, heç mən də görməmişəm… - dedi və başını aşağı saldı.

            Qız qırsaqız olub yapışmışdı:

            - Ata, görəsən,  qızıl qoduğun hər yeri qızıldır?

            - …

            - Ata, görəsən tükləri də qızıldandır?

            Qız atasının dinmədiyini görüb aralandı. Evin xanımı zərli xalatını yellədə-yellədə Cümüyə yanaşdı. Dodaqlarını kip sıxmışdı. Gülüşünü zorla saxlayırdı. Mülayim haldı:

            - Şam hazırdır…

            - İstəmirəm…

            - Niyə? Nə olub ki?

            - Guya oxumamısan?!

            Qəmər xanım boynuna aldı:

            - Oxumuşam! - dedi. - Qızın da, oğlun da oxuyub… Uşaqlar qonaqlığa gedirdilər, fikirlərini dəyişdilər. Bayaqdan səni gözləyirlər.

            Cümü müəllim seyrək saçlarını sığalladı:

            - Yaxşı, bu işə sən nə deyirsən? - deyə soruşdu.

            Qəmər xanım bir az duruxdu. Sonra gözünü yayındırıb mızıldandı:

            - Deyirəm, ikisi də qocalıb da! Gilə nənə Ehsan babadan cavan da olsa lap əldən düşüb. Başı da, o söz…

            Cümü müəllim masanın üstündən ayaqlarını yerə saldı:

            - Ağzına gələni danışırsan ha! - dedi. - Nə bilmək olar?! Bəlkə…

            Qəmər xanım ərinin boz üzünü tanıyırdı. Amma incikliyini gizlətmədi:

            - Təki sən deyən olsun! - dedi. - Qoy Ehsan babanın eşşəyi gümş qoduq doğsun, qızıl qoduq doğsun! Lap almaz qoduğ doğsun. İstəməyənin gözü çıxsın! Üç qardaşsınız, böləndə sənə də bir pay çatacaq, barı ağ günə çıxarıq! Quyruğundan, mırtığından… Qızıldan-gümüşdən kim keçər ki?!

            Bayaqdan dəhlizdən keçməyən tələbə oğul söz atdı:

            - Ay ata, gümüş heç, sən deyən qiymətli şey deyil! Hətta qızıl qoduğun əyyarı doqquz yüz doğsan altı deyilsə o dağlara çıxmağına dəyməz… - dedi.

Cümü müəllim dinmədi. Qəmər xanım xoş bir gülüşlə:

-     Mənciyəz dovtələb deyiləm! - dedi. - Təki qızıl olsun, təki gümüş olsun!

            Tələbə oğul keçib divanda oturdu. Təzə tərləmiş bığ yerini sığalladı, qaqqıltısını saxlaya bilmədi:

- Hahaha! Ata, bilirəm, payını mənə verəcəksən. Bundan sonra oxumaq nəyimə

lazımdır?!

            Qəmər xanım da qapının ağzındakı kürsüyə yaslandı. Uğuna-uğuna:

            - Səfehləmə, bala! - dedi. - Atanın doktorluq işi yarımçıqdır. Əlində mayası olsaydı bu işi çoxdan bitirmişdi. Hahaha! İndi Allah yetirib…

            Cümü müəllim yerindən qalxdı, tərs-tərs ana-balaya baxdı. Söhbətə belə yekun vurdu:

            - Yorulmadız?! - dedi və deyinə-deyinə hamama keçdi. - Ya qocaların başı xarab olub, ya mən dünyanın işlərindən geri qalmışam…

            Daha heç kim danışmağa cəsarət eləmədi. Ailə təcrübədən bilirdi ki,  deyilən bircə mənalı, ya mənasız sözdən Cümü şabalıd kimi partlayacaq. Evin kişisinin arxasınca qapı bağlandı. Qızı gəlib Qəmər xanımın qucağına girdi. Ev sahibəsi gözünü uzaqlara dikdi, şövqlə dedi:

            - Adam gedib görəydi ki, doğrudan da, babanın eşşəyi bir gümüş, bir qızıl qoduq doğub. Üç yerə böləndən sonra da xeyli qızıl-gümüş eləyir ha! Hər işimiz qaydaya düşərdi. Dörd gözlü «Mersedes» alardıq , sizə mənzil alardıq. Bağda villa tikdirərdik.

            Tələbə oğul reallıqdan kənar arzulara düşmüş anasını göylərdən yerə endirdi:

            - Mənə elə gəlir ki, qoduğları indi  bölməkdənsə gözləmək lazımdır. - dedi və tam ciddiliklə susdu.

            Qəmər xanım:

            - Niyə, oğlum?! Dədə malından hər qardaşa bir pay düşməlidir,  ya yox? - dedi.

            Tələbə oğul güldü:

            - Ay ma, qoduğları zay eləməkdənsə gözləyək böyüsün, eşşək olsun, payımıza düşən qızıl-gümüşün qədəri də artsın… hahaha…

- 24 -

            Molla Bala iki ünvana dəyəndən sonra axşam tədarükünə başladı. Yad şəhərdə küçədə qalmayacaqdı ki?! Qardi əminin nəvəsinə zəng elədi. Molla Balanın Bakıya gəlişinə sevinən dostu onunla saat yeddiyə vədələşdi. Söz verdi ki, işini qurtaran kimi qulluğunda hazırdır. Molla Bala bir az arxayınlaşdı. Cibindən yüz Amerika dolları çıxarıb xırdaladı. Qalan əskinasları isə elə yerdə gizlətmişdi ki, onları çıxarmaq üçün xeyli əlləşməli idi. Mehmanxanada qalmaqdan söhbət ola bilməzdi. Bilirdi ki, xərcini çatdırmağa gücü çatmaz. Öz gününə yanmaqdan başqa çarə tapmırdı: « - Xəzinə dalınca gələnə bax! Olan-qalanımı da çöllərə tökdüm. Düz deyirlər, çox istəyən, azdan da olur… Təbrizdə kəsbkarlığımı eləyirdim də! Gorbagor Pişan babanın vəsiyyəti hardan yadıma düşdü?!»  - deyə fikirləşdi.

            Bütün bunlar ona taksi tutub Sumqayıta yollanmağa mane olmadı. Onsuz da Qardi əminin nəvəsi ilə  görüşünə xeyli vaxt vardı. Yolun yorğunluğu, fikir-xəyal molla Balanı əldən salmışdı. Aclığını rəf eləmək üçün yolüstü qəlyanaltının qabağında maşını  saxlatdırdı. Sürücü bu adamyovuşmaz, saqqallı kişinin təklifini qəbul eləmədi, tox olduğunu bildirdi. Bircə bunu xahiş elədi ki, müştərisi tələssin.

            Molla Bala yaz havasına aldanmadı, tumurcuqlanmış ağacların altındakı masanın arxasında oturmaqdan imtina elədi, içəri keçdi. İçəridə müştəri yox idi. Masalardan birinin arxasında yerləşdi. Bir oğlan uşağı yaxınlaşdı. Sifarişi dinlədi. Bildirdi ki, kababdan başqa bir şey yoxdur. Molla Bala süfrəyə düzülən göy-göyərtiyə, şorabalara etiraz eləmədi. Kababı gözləmədən soyuq yeməyə girişdi. Doyunca yeyəndən sonra gözünə işıq gəldi. Dəsmal çıxaranda əli məktuba toxundu. Çıxarıb gördü ki, zərf  yarıya qədər açıqdır. Deyəsən yapışqanı az düşmüşdü. Şeytan ürəyinə girdi: « - Görəsən dəlisov qarı nə yazır?! Zərf onsuz da açıqdır… Hayıf ki, bu hürufatı oxuya bilmirəm…» - deyə fikirləşdi. Birdən ağlına nə gəldisə süfrəyə qulluq edən oğlanı əliylə çağırdı. Uşaq yaxınlaşdı:

            - Eynəksizəm, oğlum, bu kağızı mənə bərkdən oxuyarsanmı?! -  deyə soruşdu.

            Kağızı oğlana uzatdı. Uşaq cəld kağızı ondan aldı, başladı oxumağa. Məktub yarıya çatanda molla Bala dik qalxdı. Oxuduğunun məzmunundan onsuz da heyrətlənmiş oğlanın əlindən dartıb kağızı aldı. Həyəcanla:

            - Borcum nədir?! - deyə soruşdu. - Cəld ol, tələsirəm…

            - Hələ kabab hazır deyil, axı?!!

            - Eybi yoxdur, kababı da hesaba daxil elə! Cəld ol.

            Molla Bala çaşmış oğlanla hesablaşıb, tələsdiyindən daha çox axsıyaraq dişarı çıxdı. Özünü maşının qabaq oturacağına yıxdı. Sakit müştərisinin əl-ayağa düşməyinə mat qalmış sürücünün mürgüsü qaçdı. Ağzını açmağa macal eləmədi, molla qaim səslə dedi:

            - Tez ol, məni Sumqayıta çatdır. Bir «şirvan»da əlavə verəcəyəm…

            Bütün yol boyu sürücünü müştərisinin anlaşılmaz mızıltısı narahat elədi, amma bir şey başa düşmədi. Molla Bala pıçıldayırdı: « - Demə, dərviş məni aldadırmış… Sənədləri sahmana salan kimi geri qayıtmaq lazımdır.»

 

- 25 -

 

             Sovet hökumətinin ocağı söndükdən sonra tüstüsündən, iyindən hamının dad çəkdiyi zavodlar dayanmışdı. Sumqayıt rahat nəfəs alırdı. İndi təmiz havadan başqa bir şey tapmayan şəhər əhli naşükürlükdən qismətinə düşən xoşbəxtliyi anlamırdı. İşsiz qalmış minlərlə adamın güzəranı pozulmuşdu. Hərə başını bir cür dolandırırdı.

            Əkiz qardaşlarından fərqli olaraq Əbinin elmlə arası yox idi. Hətta inistitutu da yarımçıq saxlamışdı. Özünü Sumqayıta vermişdi. Tikintidə işləyirdi. Bəy kimi dolanırdı. Sovet hökumətinin dağılmağı da növrağını pozmadı. Bənnalıq eləyəirdi, rəngsazlıq əlindən gəlirdi, qaynaqçılıqda isə ad çıxarmışdı. Bir sözlə usta adamdı, pis dolanmırdı. Oğlanları orduda idi. Əskərin halını bildiyindən tez-tez onlara baş çəkirdi. Uşaqlarının yeməyini, xərcliyini əskik eləmirdi. Hər dəfə hissəyə gedəndə komandirlərinə də görüm-baxım eləyirdi. Bilirdi ki, qarnı tox olmayan zabit ermənidən pisdir, uşaqları sıxma-boğmaya sala bilər.

            Əbi xasiyyətdə Ehsan babaya çəkmişdi. Dünya malına etinasızlıq, deyəsən, qanla gəlmişdi. Şəhər həyatından zövq almırdı. Arzusu doğulduğu kəndə qayıtmaq idi. Söz düşəndə deyirdi ki, uşaqları ayaqüstə qoyan kimi qayıdacağam.

            Usta kimi ad çıxarmışdı. Başqaları günəmuzd iş axtarırdı. Onu isə iş özü tapırdı. Zəhmət haqqı üstündə çənə-boğaz eləmirdi. Əl işini görən onun haqqını kəsməyə utanırdı. Novruzdan sonra böyük sifariş almışdı. Bu iş tək adamın hünəri deyildi. İş bazarına çıxıb tanıdığı iki bənnanı özünə köməkçi götürmüşdü. Yoldaşları həvəslə razılaşdılar. Əbi bərəkətli adamdı.

            Bu gün işi müştərisinə təhvil vermişdi. Axşama yaxın evə yorğun qayıdırdı. Qapıda açarı çıxarıb qıfıla saldı. Gördü açıqdır. Az qala ağlı başından çıxsın. Arvadı həmişə bu vaxtlar işdə olurdu. Özünü içəri atdı, dəhlizdən qışqırdı:

            - Kim var evdə?!  

            Mətbəxdən qab-qaşıq səsi gəldi, Gülbahar döşlükdə boylandı:

            - Eyvandan gəldiyini görüb qapını açıq qoydum.  - dedi. - Haray salma.

            Əbinin rəngi üstünə gəldi, tələsik mətbəxə girdi.

            - Nə olub ki? - soruşdu. - Salamatlıqdır?

            Gülbahar mülayimliklə:

            - Salamatlıqdır… - dedi və dodağının üstündəki xal titrədi. - A kişi, soyun da…

            Əbi özündən çıxdı:

            - Bəs niyə evdəsən?!

            Gülbahar çaydanın səsinə sobaya yaxınlaşdı, deyindi:

            - Qəribə adamdır ha! - dedi və çevrilib izah elədi. - Evdə olanda nə olar? Başım ağrıyırdı, məktəbə getmədim. Onsuz da ikinci növbə iki dərsim vardı. Zəng elədim, dedilər yola verərik… Soyun gəl, xörək çəkirəm…

            Əbi hamama keçdi, soyunub-yuyundu, paltarını dəyişdi. Cəld mətbəxdə açılmış süfrənin arxasına keçdi. Tələsik xörəyini yedi. Bilirdi ki, arvadı evdə qalmağının səbəbini hələ deməyib. Həmişə Əbini yedirib-içirib sonra əsas məsələyə keçirdi. O, Gülbaharın bu xasiyyətinə birgə yaşadıqları on səkkiz ildə öyrəşmişdi. Arvad deyildi, xəzinə idi, səbri ilə kimi desən ram eləyərdi. Gülbahar müəllimə ilə işlədiyi məktəbdə də hesablaşırdılar.

            Əbi çayını birnəfəsə hortdadı, başını arvadına çevirdi:

            - Hə?!

            Gülbahar onu intizarda qoymadı:

            - Rayondan məktub gəlib…

            Əbi səbirsiz halda:

            - Nə yazırlar?! - deyə soruşdu və arvadının astagəlliyinə hirsləndi. - Vallah, səndə fil səbri var ha! Danış da…

            Gülbahar müqayisədən incidi:

            - Məni fil də elədin! - dedi.  - Mənim burda ürəyim partlayır, sən isə adamın könlünə dəyirsən. Dünya vecinə deyil. Bir qoca arvadla qoca kişini qoymusan dağların başında…

            Əbi qaşqabağını salladı, istehza ilə:

            - Ata-ana mənim deyil? Sən niyə qan-yaş tökürsən?! - deyə soruşdu. - Qaynana-gəlin davası həsrətindəsən?!

            Gülbahar yaşaran gözlərini döşlüyünün ətəyi ilə sildi:

            - Boşla, sən Allah! - dedi. - Mənim kimim var ki?! Onlar elə mənim də atam-anam deyilmi?! Hamısının günahı səndədir. Məni bu neçə ildə iki-üç dəfə aparmısan kəndə. Ay Allah, Gilə nənə necə başıma dolanırdı,  duz kimi yalayırdı. Sən isə buz kimisən…

            Yeməkdən sonra ağırlaşmış Əbi tənbəl-tənbəl dazlaşmış başını sığalladı, sakitcə xahiş elədi:

            - Arvad, sən ölənlərinin goru, qısa elə! - dedi. - Qocalar nə yazır ki?

            - Gilə nənə yazır ki, Ehsan babanın uzunqulağı bir cüt qoduğ doğub… - deyə Gülbahar hönkürdü, gözündən gildir-gildir yaş gəldi.

            Əbi arvadının halından qorxdu:

            - Ağlama görüm! - dedi. - Uzunqulaq doğub, doğub da! Daha niyə ağlayırsan? Düzdür, uzunqulaq bir az qartımışdı. Amma təbiətin işidir də…

            Gülbahar özünü saxlaya bilməyib çılğınlıqla dedi:

            - Əbi, sənin ürəyin daşdandır! Hamınız rahat şəhərlərdə yaşayırsınız, onları yanınıza gətirmirsiniz. Onlar da dərddən gör, nə yazırlar?!  Yazıq Gilə nənə! Gör nə yazır?! Yazır ki, durmayın gəlin, təzə doğulan qoduğlardan biri  qızıldandır, biri gümüşdən.

            Əbinin gözləri kəlləsinə çıxdı:

            - Nə danışırsan?!  - dedi. -  Dəli olmusan?! Qoduq da metaldan olar?!

Gülbahar məktubu qoynundan çıxartdı:

- İnanmırsan?! Özün oxu!  Gör dünya gözündə qaralırmı?!

Əbi məktubu aldı, barmağını dodağına apardı:

- Kiri, arvad, yavaş danış! Panel evdir, qonşular eşidər… Camaatı bizə güldürmə…

Gülbahar da səsini endirdi, pıçıltı ilə:

- Qəmər də zəng eləmişdi. - dedi. - Onlar da məktub alıblar. Buna nə deyirsən?!  Deyəsən, kəndə gedəcəklər…

Əbi dinməz məktubu açdı. Oxudu, bir də oxudu, kədərdən qəhərləndi: « - Yazıq nənəm tənhalıqdan dəli olub! Vay-vay! Günah kimdədir, axı?! Neçə dəfə yanıma gətirmək istəmişəm, razı olmayıblar. Keçən yay çox yalvardım, bir şey çıxmadı…» - deyə fikirləşdi. Haçandan-haçana başını qaldırdı:

- Deyirsən, Cümügil kəndə hazırlaşırlar?!

Gülbahar başını tərpətdi:

- Qardaşının arvadını tanımırsan?! - dedi. - Harda aş, orda başdır! Vallah, əgər qoduqlar doğrudan da, gümüşdən, ya qızıldandırsa biz gedib ora çatana qədər Qəmər onların dalından elə dəyəcək ki, tüklərinə həsrət qalacağıq!

Əbi arvadının yana-yana söylənməsinə güldü:

- Yaman səfehsən ha! - dedi. - Elə danışırsan ki, elə bil qoduğların qızıldan, ya gümüşdən  olması həqiqətdir…

Gülbaharın çatma qışları quş qanadı kimi çırpındı. Utandığından qızardı:

- Sənin canın üçün, Qəmərdən söz düşəndə fikirlərim qarışır! Ondan elə acığım gəlir ki, adı çəkiləndə ürəyimə ilan-qurbağa dolur…

Əbi bunu bilirdi. Zərfi o üzə, bu üzə çevirdi:

- Bəs, poçtun möhürü hanı?!

- Əldə gətiriblər.

- Kim idi?! Tanımadın?!

Gülbahar çiyinlərini çəkdi:

- Saqqallı bir kişi idi! Adını soruşdum. Dedi ki, mənə molla Bala deyərlər, amma molla deyiləm. Əbi qardaş məni tanıyır.

Əbinin dodağı  qaçdı:

- Hə, o İranlı imiş! Yayda kənddə görmüşəm. Qəribə adamdır, o dağlarda  nə itirib, anlaya bilmirəm.

Gülbahar inamsız halda:

- İranlı-filanlı deyildi. Elə sənin kimi danışırdı. Talış idi…

Əbi onu lağa qoydu:

- Hələ ali savadlı müəlliməsən! İranda bəyəm talış azdır?! - dedi və maraqlandı. - Yollar necədir? Gediş-gəliş rahatdırmı? Soruşmadın?

- Soruşmağa macal eləmədim. Tələsirdi. Dediklərindən bircə bunu anladım ki, kəndin körpüsünü sel aparıb…

Əbi hövllə ayağa qalxdı:

- Nə danışırsan?! Körpü uçubsa çayı keçmək çətin olacaq. Yazda Alaşanın üzünü görmə…

Gülbahar bir-iki dəfə olduğu kəndin yollarını yada salmağa çalışdı:

- Bəyəm kəndə başqa yol yoxdur?!

Əbi köksünü ötürüb gəzişdi:

- Yoxdur, - dedi. - Rayon mərkəzindən kəndə dağ yolları ilə getmək qorxuludur. Azıb qalaram. Bir də hər adam o dağlardan keçə bilməz! - dedi. - Hayıf körpüdən! Nəslimizin yadigarı idi…

Gülbahar heyrətləndi:

  - Körpünü Ehsan baba tikib?!

Əbi həvəsə gəldi:

- Bilirsən, arvad, - dedi. - Subasardankı torpaqlar babamın olub. Çayın o tərəfində də mülkümüz olub, bu tərəfində də. Körpü də həmişə dədə-babamın zəhməti hesabına tikilib. Hətta Şura hökuməti vaxtı da çürümüş körpünü yenidən quranda babamın subasardakı tövlələrinin pərdilərindən istifadə eləyiblər. Ehsan baba söyləyirdi ki, bu on iki metrəlik tirlər dəmir ağacından idi. Deyirdi, özüm kəllərə qoşub təpəyə qaldırmışam. Elə buna görə də yetmiş ildi dözürdü. Dəmirağacı hələm-hələm çürümək bilmir… Körpünün adını Qədəpard nahaq qoyulmayıb ki!

Gülbahar başa düşmədi:

- Bu addan nə olsun?!

Əbi uşaq kimi kövrəlmişdi:

- O olsun ki, mənim dördüncü babamın adı Qədəmerd olub. Körpü də onun adı ilə bağlıdır…

Gülbaharın yadına düşdü:

- Hə… Elə buna görə həmişə deyirdin ki, körpünü yenə bizə tikdirəcəklər. Amma körpü tikmək zarafat deyil, axı?!

Əbi güldü:

- Əşi, o körpünü tikmək heç nədir. Üç ədəd on beş metrəlik beton panel, bir az metal, bir-iki ton sement, bir qaynaq aparatı, bir qaldırıcı kran lazımdır…

Gülbahar şübhə ilə:

- Əbi, bu hökumət işidir, sənə aidiyyatı yoxdur… - dedi.

Əbi onun sadəlövhlüyünə başını buladı:

- Arvad, o kəndimizdə cəmi iyirmi ev ola, ya olmuya! Hökumətə belə kəndlər çox lazımdır! Kolxoz vaxtı yenə bir hərəkət eləyirdilər, indi oralar kimə lazımdır ki! Cavanlar kənddən qaçır, əlsiz-ayaqsız qocalar qalır. Yox, gərək bu işə özüm əncam çəkim. Evdə olan pul-paranı çıxart görüm.

            Gülbahar tərpənmədi:

            - Əbi, həmişə belə eləyirsən. Uşaqlar əskərlikdən gələndən sonra neyləyəcəyik? - dedi və narazılıqla. - Neçə illərdir kəndin yollarını ölçürsən, qocalara əl tutursan. Heç görmədim ki, qardaşların qabağa düşsünlər. Həmişə ortada yeyib, qıraqda gəzirlər. Xərcə düşən isə sən olursan.

            Əbi əlini yellətdi:

           - Boşla, ay qız, boşla, - dedi. - Daha kim qabağa düşməlidir ki?! Cümü simicin biridir, əlində olsa da, xərcləyən deyil, Cəmo isə maaşla dolanan adamdır. Düzdür, böyük alimdir, adı var, amma cibi boşdur. Mən isə həmişə qazanmışam. Sovet dövründə də, helə indi də. Dur görüm, əlini qısma, inşallah Allah yetirəcək.

- 26 -

            Gülər mebelin evə daşınmasına nəzarət eləyirdi. Cer-cehizi qurtarmaq bilmirdi. Bir neçə yükçü qan-tər içində işləyirdi. Qalxırdılar-düşürdülər. Hər şeyi yerbəyer eləyəndən sonra Gülər onların haqqını verib yola saldı. Pərdələri, xalça-gəbəni salan qonşu qadınlar da işini qurtarandan sonra o, rahat nəfəs aldı. Otaqlar qonaq qarşılamağa hazır idi. İki gün idi ki, ayaq üstə idi, puçu burulmuş gəlincik kimi dayanmaq bilmirdi. Amma yorğunluq hiss eləmirdi. Könlündə bir əmin-amanlıq qərar tutmuşdu. Gülər anasının narazılığına baxmayaraq Cəmo ilə barışmışdı. Atası, həmişəki kimi, qızının tərəfini saxlamışdı. Demişdi, qızım, çalış həyatda səhv eləmə, Cəmo pis adam deyil, sülhlə yaşayın.

            Anası hikkəsindən qızını yola salmağa belə çıxmadı. Hətta bu da Gülərin kefini poza bilmədi. İndi dodaqaltı zümzümə eləyərək otaqları gəzir, avadanlığın səliqəsindən zövq alırdı. Güzgünün üstündəki yağlı ləkəni görüb əlini dəsmal üçün xələtinin cibinə saldı. Barmaqlarına toxunan zərfi çıxarıb dolabın üstünə qoydu. Bayaq bir kişi vermişdi. Başı qarışıq olduğundan məktub gətirənin sifətinə əməlli baxmamışdı.

            Cəmo səhərdən evdən çıxandı. Arabir zəng eləyir, Gülərdən hazırlığın hesabatını istəyirdi. Hər dəfə də soruşurdu ki, kömək lazımdırmı? Gülər axırda bezikib demişdi ki, mənə köməyin lazım deyil, mane olma. Cəmo da acığa düşüb artıq bir-neçə saat idi ki, zəng eləmirdi. Gülər gözləməkdən darıxdı. Bir tərəfdən də məktub onu özünə ahənrüba kimi çəkirdi. Bilirdi ki, özgə məktubunu oxumaq ədəbsizlikdir. Amma özünə bəraət tapmağa çətinlik çəkmədi:

            - Özgə niyə olur e! Halalca ərim deyil? - deyə mızıldandı.

            Məktubu oxumaq vaxt aparmadı. Amma Gülərin gic gülüşü uzun çəkdi. Könlü ömründə belə xoşnud olmamışdı. Şaqqıldayıb gülürdü, pıqqıldayıb gülürdü, heç cür özünü saxlaya bilmirdi. O, qisasçılıqla düşünürdü: « - Vallah, Cəmo müəllimin gəlhagəlidir. Bir yandan Paris səfərləri, bir yandan o boyda kitabının nəşri, aldığa qonarar, indi də atasının bir yandan qızıl qoduğu, bir yandan gümüş qoduğu! Zalım oğlununku gətirir də! Can ay, Cəmo müəllim!»

            Ayrı yaşadığı bir ili ərinə bağışlaya bilmirdi. Barışsa da ürəyndə boyat bir küdurət qalmışdı.

            Cəmo müəllim axşama yaxın gəldi. Üst başını dəyişə-dəyişə arvadına hesabat verdi. Məlum oldu ki, kişi vaxtı səmərəli keçirib. Fransız professorunun səfərini təşkil eləmək üçün dəridən-qabıqdan çıxıb, hər şeyi düzüb-qoşub, ali məktəbin rəhbərliyini səfərbər eləyib. İndi aeroporta yollanmaq qalırdı.

            Cəmo müəllim Gülərin işinə valeh oldu. Otaqların səliqəsini xeyli təriflədi. Amma arvadının həddən artıq şənliyi Cəmonu çaşdırdı. Heyrətini gizlədib minnətdarlıqla dedi:

            - Od parçasısan, Gülər!

            Gülər qıyqacı baxdı, təzədən yapışdırdığı zərfi ona uzatdı:

            - Kənddən bu gün gətiriblər,  - dedi.

            Cəmonun sevinci yoxa çıxdı:

            - Neçə aydır qocalar yadımdan çıxıb, - dedi. -  Nə yazırlar ki?

            Gülər burnunu qırışdırdı:

            - Mən sənin poçtunu açmıram, - dedi. -  Özün oxu, görək nə yazırlar.

            Cəmo saata baxdı:

            - Yox, getməliyəm, təyyarə indi yerə enəcək. Yolda oxuyaram.

            Gülər tələsik soruşdu:

            - Öz maşınında gedirsən?

            Cəmo qapıdan çıxa-çıxa:

            - Nə danışırsan? Mənim arabam üzə çıxarılası deyil. Rektor şəxsi «CIP»ni şəxsi sürücüsü ilə sərəncamıma verib - dedi.

- 27-

            O, aeroporta çatanda təyyarə yerə enmişdi. Hava limanı qaynaşırdı. Qarşılayanlar sərnişinlərdən çox idi. Adam ayaq qoymağa yer tapmırdı. Cəmo çıxışda çox gözlədi. Müsyö Morelin haça saqqalı gözünə sataşana qədər xeyli çəkdi. Madmuazel Janet alabəzək paltarda idi. Professor isə həmişəki kimi köhnə dəbdə geyinmişdi. Cəmo adamları yararaq qonaqlarına tərəf irəlilədi. Əlindəki gül dəstəsini fransız qızına təqdim elədi, professorla köhnə dost kimi qucaqlaşdı. Onları qulaq döyənək eləyən ibarələrlə salamlamaqdan başqa bir şey ağlına gəlmədi:

            - Müsyö! Madmuazel! Qədim Bakıya xoş gəlmisiniz.

            Professor onun qoluna girdi, eynəyini düzəldərək:

            - Müsyö Jam, mən elə bilirdim Bakı qədim Şərq şəhəridir, - dedi və haça saqqalı heyrətdən titrədi. - Demə bura Avropa imiş. Aeroportunuz isə lap müasirdir. Kiçik də olsa, bəd deyil.  

            Cəmo bu tərifə daha çox qonaqpərvərlikdən gülümsədi. Cavab verməyə macal eləmədi. Madmuazel Janet nəzakətlə söz atdı:

            - Ooo! Müsyö Jan, sizin də üzünüz gülərmiş, - dedi. - Parisdə qaş-qabağınız açılmırdı.

            Cəmo bu atmacanın cavabını sonraya saxladı, onları basırıqdan çıxartdı. Bilirdi ki, qonaqların baqajı tezliklə verilməyəcək, gözləməli olacaqlar.  Arxadan gələn bir nəfərə diqqət yetirdi. Madmuazel Janet Cəmonun sözsüz sualını görüb həmin adamı çağırıb təqdim elədi:   

            - Müsyö Jam, bu müsyö Jandır. Parisli jurnalistdir. Bakıda çalışıcaq. O həm də ailəmizin dostudur. Güman eləyirəm ki, dostlaşacaqsınız. Sizi qiyabi tanıyır. Haqqınızda ona  çox danışmışam.

            Cəmo başını tərpətdi. Bir-iki kəlmə gəlişi xoş söz dedi, bundan sonra daha jurnalistə vaxt sərf eləmədi. Professora tərəf döndü. Baqaj gələnə qədər müsyö Morelin mühazirələrindən, Parisdə nəşr olunan yeni elmi jurnalardan söhbət elədilər. Bir addım aralıda Janla boş şeylərdən laqqırtı vuran Janet ciddi söhbətlərdən xoşlanmırdı. Bu fransız qızı cilalanmış heykəlcik kimi incə olsa da, Allahi-Təala onu xoş gündə yaratmamışdı, gözəllik sarıdan məğmun eləmişdi. Amma Janetin şənliyi hamını valeh edirdi. Gözündən heç nə yayınmırdı. Hər şeylə maraqlanırdı. İndi də Janın sözünü yarımçıq kəsib Cəmoya müraciət elədi:

            - Müsyö Jam, sizin akademik fransızcanızı dinlədikdə mən kədərlənirəm.

            Cəmo onun hiyləgərliyinə bələd olduğundan ehtiyatla soruşdu:

            - Madmuazel,  sizi məhz nə kədərləndirir?

            Janet Janla gözləşib şirin-şirin dedi:

            - Müsyö, öz bayağı nitqimdən kədərlənirəm! - dedi. - Sizin nitqinizə həsəd aparıram.

            Cəmo eyni incəliklə onun bostanına atılan daşı geri ötürdü:

            -  Madmuazel, sizin çox rəngarəng diliniz var. Hər bir adam öz təbiətinə uyğun danışıq tərzi seçə bilir, - dedi. - Mənə həsəd aparmayın, sadəcə elm haqqında bayağı danışmaq mümkün deyil.

            Janet kürəyini yerə qoymadı:

            - Elədir, müsyö, amma siz düz bir əsr geri qaldığınızı hiss eləmirsiniz. Dilin inkişafda olduğunu qəbul etsəniz bir qədər bayağılıq onu korlamaz.

            Jurnalist Jan tərəfkeşliklə əl çaldı. Hətta dəftərçəsini çıxardıb qeydlər elədi. Professora isə qızına həmrəylik göstərmədi, Cəmonu müdafiə elədi:

            -  Əzizim,  müsyö Jamın fransız dilinə dair araşdırmalarının böyük elmi əhəmiyyəti var. Hətta fransızca danışmasaydı belə, bunu ona irad tutmaq olmazdı.

            Baqajın verilməsi söhbəti yarımçıq qoydu. Cəmo dərhal arabaçı çağırdı. Baqaj yükləndi. Cəmo arabanın qabağına düşüb yol göstərirdi. Dayanacaqdakı maşına yaxınlaşdılar. Yükçü sürücünün köməyi ilə qonaqların baqajını «Cip»ə yerləşdirdi. Baqajı bir çantadan ibarət olan Jan onlardan ayrılaraq dedi:

            - Müsyö Jam, tanış olmağımıza şadam. Ümid eləyirəm görüşərik.

            Cəmo nə fikiriləşdisə cibindən vizit kartını çıxardıb jurnalistə verdi. Dedi:

            - Köməyə ehtiyyacınız olsa mənə zəng edin. Qulluğunuzda həmişə hazıram.

            Jurnalist təşəkkür elədi, artıq maşina minmiş Janetə və professora xitabən:

            - Sizinlə əlaqə saxlayaram, - dedi.

            Cəmo uzaqlaşan jurnalistin dalınca baxıb maşina oturdu. «Cip» yerindən tərpəndi. Sürücünün yanında oturmuş Cəmo arada geri çevrilib Bakı şəhəri haqqında qonaqlara məlumat verirdi. Yetmiş yaşlı professor yol yorğunu idi. Rahat maşın yelləndikcə mürgülədi. Fransız qızı isə dil boğaza qoymürdu. Cəmo bir siqaret çıxartdı. Məktub əlinə toxunanda yadına düşdü ki, hələ oxumayıb. Zərfi alıb açdı. Bir az şübhələndi, məktub zorla açılırdı, elə bil zərf təzədən yapışdırılmışdı. « - Yəqin, Gülərin işidir - deyə fikirləşdi. - Köhnə şakərindən əl çəkmir.» Bakının gözəlliklərindən heyrətlə danışan Janetdən üzr istədi:

            - Bağışlayın, məktub almışam, hələ oxumamışam, icazənizlə… - dedi və Janetin razılığını gözləmədən gözünü kağıza dikdi. Bir-neçə dəqiqədəq sonra bərkdən güldü. Heç cür özünü saxlaya bilmədi.

            - Hoo, ho, hoo, - deyə güldü.

            Sürücü vəzifədə olanlarla işləməyə vərdiş eləmişdi. Onların heç bir işinə qarışmızdı. Qaraqabaq alimdən belə hərəkət gözləmirdi. Tərs-tərs ona baxdı, gözünü yenə yola dikdi. Qonaqlar da mat qalmışdı. Tanışlıqları müddətdə Cəmonun dodağı arada qaçırdı, amma belə boğula-boğula güldüyünü birinci dəfə görürdülər. Professorun mürgüsü keçdi, nəsə demək istədi, amma Janet macal vermədi:

            - O,  müsyö Jam, sizi təbrik eləyirəm.

            Cəmo yaşarmış gözünü sildi. Fransız qızının ikimərtəbəli atmacalarına alışdığından soruşdu:

            - Nə münasibətlə, xanım?

            Janet xırda dişlərini ağartdı:

            - Şad xəbər almağınız münasibəti ilə, müsyö, - dedi. - Məktubda nə yazırlar?

            Cəmo onun fikrini yayıdırmaq üçün:

            - Boş şeydir.

            Janet əl çəkmədi:

            - Müsyö Jam, əgər sirr deyilsə nə yazırlar?

            Cəmo dilini sürüdü. Yalan danışa bilmirdi, olanı da deməyə ehtiyat eləyirdi. Professorun diqqətli baxışları altında mızıldandı:

            - Madmuazel, aldığım məktub valideynlərimdəndir. Yazırlar ki, bizim qoca uzunqulağımız əkiz qoduq doğub, - deyə yenə güldü. - Ha ha ha.

            Janet yalnız nəzakət xatirinə gülümsədi. Bu xəbərdə gülməli heç nə görmədi. Professor isə saqqalı titrəyə-titrəyə uğundu:

            - Hm hm hm! Müsyö, nə zarafatcıl valideynləriniz var!

            Janet bir də soruşdu:

            - Daha nə yazırlar, müsyö Jam?

            Cəmo müəllim fransız ifadələrini seçərək astadan dedi:

            - Yazırlar ki, qoduqlardan biri  qızıldandır, biri gümüşdən…

            Fransız qızı çaşdı:

            - Müsyö, sizi anlamadım.

            Cəmo müəllim çiyinlərini çəkdi:

            - Elə mən də sizin kimi anlamıram, madmuazel, - dedi. - Ona görə də gülürəm.

            Janet çantasından siqaret sıxardıb alışqanla odladı. Tüstüsünü açıq şüşədən bayra üfürdü:

            - Müsyö, belə şey ola bilməz, axı! Bu mümkün deyil!

            Cəmo müəllim onunla razılaşdı:

            - Elədir, ancaq məktubda belə yazılıb.

            Professor uşaq kimi şənlənmişdi, çığırdı:

            - Qızım, bura Şərqdir, hər şey ola bilər, - dedi və Cəmodan soruşdu. - Müsyö, valideynlərinizin neçə yaşı var?

            Cəmo yenə sözün düzünü dedi:

            - Professor, anam cavandır, amma atamın yüz otuz yaşı var.

            Janet heyrətlə:

            - Ooo! Yüz otuz!

            Professor eynəyini silib, yekə burnunun üstünə dikəltdi:

            - Gördün, qızım, mən deyəndir. O yaşda adam yalan danışar? - deyə razılıqla əlini yuxar qaldırdı. - Bura sirli Şərqdir.

            Janet qəflətən:

            - Yaxşı qəzet materialıdır, - dedi - Gop da olsa maraqlıdır.  

            Cəmo müəllimin qanı üzünə vurdu:

            - Nə danışırsınız, xanım. Xahiş edirəm ki, eşitdiyinizi başqa yerdə təkrar eləmyəsiniz, - dedi. - Dünyanı bizə güldürərsiniz. Yəqin bu bir zarafatdır. Bilirsiniz, çoxdan kənddən çıxmışam, qocaları yaddan çıxrmışam. Valideynlərim darıxır. Olsun, belə yazırlar ki, kənndə gedək.  

            Fransız qızının cilalanmış üzündə bir hiyləgər təbəssüm gəzdi, amma dinmədi.

            Onlar çatmışdılır. Cəmo sürücünün köməyi ilə qonaqların baqajını dördüncü mərtəbəyə qaldırdı. Zəngi basmağa macal eləmədi. Eyvandan qonaqların gəlişini görmüş Gülər qapıları taybatay açdı. Professor qızı ilə içəri keçdi. Ev sahibəsi ilə görüşdülər. Janet Cəmonun zövcəsinin görkəminə valeh oldu:

            - Müsyö Jam, necə gözəl xanımınız var! - dedi. - Parisdə özünüzü tox tutmağınızın səbəbini indi anlayıram.

            Gülər fransız qızının sir-sifətini görəndən sonra narahatlığı tamam keçdi. Cəmo hara, belə qadın hara! Qısqanclığa ehtiyac qalmamışdı. Dərhal mehribanlıqla Janetin qoluna girdi:

            - Xoş gəlmisiniz! Bakı xoşunuza gəldimi? - dedi  və ərinə qıyqacı baxdı. - Cəmo müəllim, düz dedim?!

            Cəmo söz atdı:

            - Pis deyil! - dedi. - Amma vaxtında sözümə qulaq assaydın daha yaxşı olardı.

            Madmuazel Janet heyrətdən eynəyni silən atasına baxdı. Gülərin fransızca bilməsi onlara lap qəribə gəldi. Janet mızıldandı:

            - Bu da sənə vəhşi Şərq. - dedi və ixtiyarsız dilindən çıxan sözə görə xəcalət çəkdi. - Müsyö Jam, biz belə düşünmürük. Adi adamlar belə deyirlər, bağışlayın.

            Professor da üzürxahlıq eləd:

            - Müsyö, Avropada belə bir fikir formalaşıb. Bu bizim günahımız deyil.

            Cəmo müəllim onlara yuxarıdan aşağı baxdı, mərhəmətlə gülümsədi:

            - Professor, biz bunu bilirik. Madmuazeli də heç nədə günahlandırmıram. Mən bilirəm ki, siz Şərqi sevirsiniz, onun dostusunuz!

            Gülər söhbəti yaxşı anlamasa da «vəhşi Şərq» ifadəsindən bərk incidi. Qonaqları dəhlizdə qoyub dinməz mətbəxə çəkildi. Cəmo onun bu hərəkətini yumşaltmaq üçün qonaqları otağa dəvət elədi. Professor razılıqla ətrafa boylanır arabir saqqalını sığallayırdı. Janet səhv buraxmamaq üçün daha dinmirdi. Cəmo qonaqları məşğul eləmək üçün kitabxanasını apardı. Professorun nitqi tutuldu. Eynəyini həyacanla bir neçə dəfə çıxarıb yenidən taxdı:

            - Oho, müsyö Jam, nə zəngin kitabxananız var! Siz deyirdiniz, mən inanmırdım.

             Janet həvəslə əlini kitablara vururdu. Rəflərin birində fransız dilinə dair kitabı professora göstərdi:

            - Siz bu kitabı axtarırdınız…

            Professor başını tərpətdi:

            - Müsyö Jamın köməyi ilə vaxtında lazımı məlumatı aldım. Daha kitaba ehtiyac qalmadı, - dedi.

            Janet təəccüblə:

            - Bu kitabların hamısı fransızcadır? - dedi. - Bütün rəflər?

            Cəmo müəllim izah elədi:

            - Xeyr, Azəbaycan və rus dillərində də var, - dedi. - Onlar yuxarı rəflərdədir.

            Cəmo müəllimi mətbəxdən səslədilər. O, qonaqlardan üzr istəyib:

            - Bir dəqiqəliyə sizi tərk edəcəyəm, - dedi.

            Gün ərzində mətbəxə keçməyən Cəmo burdakı dəyişikliyə mat qaldı. Bir-neçə təzə avadanlıq da alınmışdı. Cəmo zarafatla:

            - Gülər xanım, burda bir kərəmlik kök salana oxşayırsan! Deyəsən, daha qaçmaq fikrin yoxdur.

            Gülər ərinin zarafatına atmaca ilə cavab verdi:

            - Mən səni o  gözəl fransız qızı ilə tək qoya biməzdim ki! - dedi. -  Xəta çıxararsan, Cəmo müəllim.

            Cəmo müəllim ona öcəşdi:

            - Məncə səbəb başqa şeydədir…

            Gülər Cəmoun deyib-gülməyinə uşaq kimi sevindi:

            - Yenə nə kəşf eləmisən?

            Cəmo cibindən zərfi çıxartdı:

            - Oxumusan? - deyə yalançı qeyzlə ayağını yerə vurdu. - Boynuna al! Onsuz da bilirəm. Zərf yenidən yapışdırılmışdı.

            Gülər uşaq kimi inad elədi:

            - Oxumamışam. Mən özgə məktublarına əl vurmuram.

            Cəmo müəllim başını buladı:

            -  Gülər xanım, sən köhnə şakərlərindən əl çəkənə oxşamırsan. Oxumusan, axı!

            Gülər birdən şit-şit güldü:

            - Lap elə oxumuşam, - dedi. -  Nə olsun? Doğma qaynanamın məktubunu oxumağa ixtiyarım çatmır?!

            Cəmo məmnun halda söz atdı:

            - Aha, elə buna görə köklü-köməcli köçmüsən də!

            Gülər söz altında qalmadı:

            - Bəs nə bilmisən, bir cüt qiymətli qoduqdan kim imtina eləyə bilər?

            Onlar deyə-gülə süfrə açdılar. Gülərə yeməyi qonaq otağına daşımaqda kömək eləyəndən sonra Cəmo qonaqları masaya dəvət elədi. Şərq mətbəxinin ləziz xörəklərindən sonra qonaqlar kürsüdə yerlərini rahatladılar. Qəhvədən bir qurtum alan professor narahatlıqla:

            - Müsyö Jam, siz valideynlərinizə baş çəkmək istəyirsinizsə, gedin. Bizim üçün narahat olmayın. Biz gözəl xanımınızla şəhərinizi gəzməyə çıxarıq.

            Cəmo gülümsədi:

            - Müsyö, mənim validenlərim uzaqda yaşayır. Onlara baş çəkmək üçün mənə üç gün vaxt lazımdır.

            Professor təəssüfləndi:

            - Namünasib gəlişimizə görə üzr istəyirik, - dedi. - Çalışarıq səfərimiz uzanmasın.

            Cəmo onları arxayın elədi:

            - Narahatlığa lüzum yoxdur, - dedi və xanımlardan üzr istəyib professorla səfərin gündəliyini müzakirəyə başladı. Oxunacaq mühazirələrin, iki ali məktəb arasında bağlanacaq müqavilələrin vaxtını dəqiqləşdirdilər. Lap axırda professora fəxri doktor diplomunun təqdimat mərasimindən söhbət elədilər. Cəmo söz arası qeyd elədi:

            - Sizə mehmanxanada yer sifariş eləmişik, - dedi. - Amma istəsəniz mənim evimdə də qala bilərsiniz.

            Janetin narazılığına baxmayaraq professor mehmanxananı seçdi. Fransız qızı şıltaqlıqla dedi:

            - Müsyö Jam, amma bir şərtlə, - dedi.

            Cəmo məsələnin onun istəyincə həll olunmasından məmnun halda:

            - Buyur, madmuazel, - dedi.

            - Biz səfər müddətində qonaqpərvərliyinizdən sui-istifadə edəcəyik. Mehmanxaqaya yalnız yatmağa gedəcəyik.

            Ev sahibləri razılıqla gülümsədilər. Bu qərardan sonra Gülər Cəmodan soruşdu:

            - Bəs kəndə getməyəcəksən?

            Cəmo fikirli cavab verdi:

            - Qonaqları tək qoya bilmərəm, axı. Bir həftədən sonra gedərik.

            Gülər qəflətən dedi:

            - Deyirəm, qonaqları da aparsan qiyamət olar ha!

            Cəmonun ağzı açıla qaldı:

            - Ay qız, nə danışırsan? Bilirsən bunun xərci hara vuracaq?

            Gülərin dodaqları qaçdı:

            - Əşi, simicliyi burax. Bu əcnəbinin köməyi ilə kitab buraxdırmısan, bir ətək pul qazanmısan. Niyə qızırqanırsan?! - dedi və ürəkdən güldü. - Hələ mən qızıl-gümüş qoduqların tamaşasını  demirəm. Onların da bir payı sənin deyilmi? Ha ha ha.

            Cəmo da Gülərə qoşulub güldü. Onların şənliyi professoru maraqlandırdı. Soruşdu:

            - Müsyö, əgər sirr deyilsə söhbət nədən gedir?

            Cəmo arvadı ilə aralarında olan mükaliməni olduğu kimi tərcümə elədi. Madmuazel Janetin ağzı qulağının dibinə getdi. Sevinclə:

            - Məmnuniyyətlə gedərdim, - dedi.

            Professor da razılaşdı:

            - Pis olmazdı, - dedi. - Amma hər şey sizdən asılıdır.

            Cəmo onları fikrindən döndərmək üçün:

            - Professor, kəndimiz dağlardadır. Oralara çıxmaq sizi əldən salacaq, - dedi. - Yollarımız da bərbaddır.

            Janet inadla dedi:

            - Müsyö Jam, atam üçün narahat olmayın. O da əyalətdəndir. Çətinliklərdən qorxan deyil.

            Cəmo çəkəcəyi xərclə barışmalı oldu:

            - Neynək, - dedi. - Mən razı. İşimizi qurtarandan sonra yola çıxarıq.

            Janet qəribə bir maraqla soruşdu:

            - Müsyö Jam, hansı əyalətdənsiniz, kəndinizin adı nədir? Bu barədə bir az məlumat verin. Biz demək olar ki, sizi tanımırıq.

            Cəmo onun arzusunu yerinə yetirdi. Kənddən-kəsəkdən danışanda həmişə həvəsə gələn ərinin sözünü Gülər kəsməsəydi o, dayanmayacaqdı:

            - Cəmo müəllim, yaxşısı budur ki, qonaqları apar şəhərdə gəzdir. Axşam düşür, mən də şam hazırlığını rahat görüm, - dedi.

 

- 28 -

            Bir neçə ay bundan irəli Ataxan müəllim nazirlikdəki işini tərk elədi. Sevindiyindən ayağı yer tutmurdu. İcra başçısı təyin olunmuşdu. Əldən-ayaqdan uzaq dağ rayonundakı vəzifə ahənrüba kimi onu çəkirdi. Kökü bu mahaldan idi, amma vəzifəyə arvad qohumlarının köməyi ilə göndərilmişdi. Qayınlarının məsləhəti belə olmuşdu. Demişdilər ki, bir il dözsən, tamahını saxlasan, intriqalara baş qoşmasan, paytaxtda yerin hazırdır…

            İndi o, işinin xatirinə özünü hərəkətsizliyə məhkum eləmişdi. Hər addımını ölçülü-biçili atırdı. Günlərlə kabinetdən çıxmırdı. Tapşırıq verir, nəticəsini yoxlayırdı. Köhnə başçıdan miras qalmış kadrlara dəymirdi. Umacaqsız başçı görməyən işçilər Ataxan müəllimin səsi gələndə siçan deşiyini satın alırdılar. Hamı yerindən qorxduğundan axmaq arzulara düşən yox idi. Camaat rahatlıqla nəfəs alırdı. Ataxan müəllim vəzifəsindən zövq almaqla kifayətlənərək günlərini sayırdı. Amma vaxtını bihudə keçirmirdi. Rayon məmurları haqqında məlumat toplayırdı. Bunlardan hali olanların canını vahimə almışdı. Amma göy guruldasa da, ildırım çaxmırdı ki, çaxmırdı.

            Ataxan müəllim kasıb ailədə böyüsə də çox iddialı idi. Üzdə deyib-gülür, şənlənir, içərisini isə rəyasət həvəsi didib-parçalayırdı. İmkan düşəndə fürsəti fota vermədi. Onda hələ ali məktəbdə oxuyurdu. Gözlənilmədən evləndi. Aldığı qız birinci kursda oxuyurdu. Onun şəcərəsindən xəbər tutan kimi Ataxan yubanmadı. Düzdür, qız kifir, həm də çəpgöz idi, bir gözü Aladağa, o biri gözü Qaradağa baxırdı. Yaraşıqlı, tay-tuşları arasında seçilən bir cavanın namünasib izdivacı hamının istehzasına səbəb oldu. Yoldaşlarının lağlağısı bitib tükənmirdi. Bircə Cəmonun Ataxana münasibəti dəyişmədi. Yataqxanada bir otaqda qalırdılar. Başı kitablara qarışmış Cəmo Ataxana ürək-dirək verirdi. Dostunun həyat məramnaməsini qəbul eləməsə də mühakimə də eləmirdi. Tezliklə Ataxan yataqxanadan köçdü. Qayınatası cavanlara ev almışdı.

            Nazir köməkçisinin qızına evlənməyi Ataxanın qol-qanadını açdı. Ali məktəbdən sonra vəzifə pillələrini sürətlə qalxdı. Arzuları çin olurdu. Cüvəllağılığına baxmayaraq zəmanənin övzayı onu tamam korlaya bilmədi. Ürəyi dözmürdü, arada kömək üçün müraciət eləyən keçmiş tələbə yoldaşlarına əl yetirirdi, amma onları dirsək məsafəsində saxlayırdı, yaxınlaşmağa imkan vermirdi. Bircə Cəmo ilə dostluğunu saxlayırdı. Ağır vaxtlarında harayına yetirdi. Bir vaxtlar Cəmonun əskisi tüstülüydü. Məqalələri xarici jurnallarda çap olunanda boğazı xüsusi xidmət orqanlarının cənginə keçmişdi. Ataxanın qaynatası bu işə qarışmasaydı kim bilir, nələr olacaqdı.

            Ataxan müəllim ailəsini rayona gətirməmişdi. Arvad-uşağı işindən-gücündən ayırmağa dəyməzdi. Paytaxtla əlaqə saxlayır, ailənin gündəlik qayğılarına uzaqdan əncam çəkirdi. Axır vaxtlar işi başdan aşırdı. Qarlı qışdan sonra yağışlı-yağmurlu yaz girmişdi. Dağ rayonunun problemləri qurtarmaq bilmirdi. Bir neçə gündən sonra Cəmonun xahişi yadına düşdü. Özünü naqolay hiss elədi. Tez katibini çağırdı. Onun verdiyi məlumatla kifayətlənməyib, müavinlərini sorğu-suala tutdu. Ataxan müəllim aldığı cavablardan razı qalmadı. Tək qalandan sonra dodaqaltı deyindi:

            - Bunların yanında mən lap mələyəm ki! Gör, necə naqis xislətləri var!

            Tələsmədən kabinetindən çıxdı. İdarənin qapısında hazır dayanmış maşına mindi. Pəncərələrdən boylanan müavinlərinin sifətləri uzanmışdı. Başçının xəbərdarlıqsız gedişi yaxşı heç nə vəd eləmirdi.

            Sürücü boylanıb soruşdu:

            - Hara gedirik, Ataxan müəllim?!

            Sürücü rayonu əzbər tanıyırdı. Gedəcəyi kəndin adını eşidib donuxdu. Ağsaqqal sürücü neçə raykom katibi ilə işləmişdi, iki başçı dəyişmişdi, hələ rayonun birinci şəxsinin ayağı o kəndə dəyməmişdi. Astadan dedi:

            - Ataxan müəllim, o kəndə maşın işləmir…, piyada getməliyik.

            Ataxan müəllim əlini yellədi:

            - Eşitmişəm, sür gedək! - dedi. -  Sovetliyin mərkəzindən atdan-eşşəkdən tapıb gedərik.

            Sürücü maşını qoşdu, amma tərpənmədi:

            - Sovetliyin yolları da bərbaddır! Torpaq yoldur, sel-su yuyub aparıb… Vacib deyilsə…

            Başçı onun sözünü kəsdi:

            - Vacibdiir! - dedi. - Ehsan babanı yoluxmalıyam…

            Sürücü Ehsan babanın adını eşidib gülümsədi:

            - Ehsan babaya nə olasıdır ki?! Yüz otuz il yaşayıb, güman var ki, bir eylədə yaşayacaq..- dedi. - Yer qurusun, gedərsiniz…

            Ataxan müəllimin hövsələsi daraldı:

            - Dünyagörmüş kişisən, gör nə danışırsan?! Bir-birinizə qarşı niyə belə laqeydsiz?! Ehsan baba respublikanın ən yaşlı sakinidir. Onun öldüsündən-qaldısından rayon rəhbərlərinin xəbəri yoxdur. Dəhşətdir! Axı, o kişinin bircə adı bütün rayona bəsdir! Üzə çıxarılsa nələr eləmək olmaz?! Siz isə…

            Sürücü tənbehi üstünə götürməsə də pərt oldu. Kepkasını çal başından çıxardıb yanına qoydu. Arxada oturan başçının əmrini gözləmədən maşını yerindən tərpətdi. Ataxan müəllim astadan soruşdu:

            - Həmin ərazi kimindir?

            - Güdə Bağınındır…

            Bir neçə kilometrdən sonra asfalt yoldan çıxan maşın çala-çuxurlarda ləngər vura-vura sovetliyin mərkəzinə istiqamət aldı.

            Ataxan müəllim Güdə Bağı haqqında yığdığı məlumatları yadına saldı. Bu kişini bir-iki dəfə qəbulunda görmüşdü. Hələ də qalife şalvar, xrom çəkmə geyinən, belinə enli zabit toqqası bağlayan kişinin görünüşü əllinci illəri xatırladırdı. Güdə Bağı at minirdi, maşını bəyənmirdi. Uzun müddət kənd soveti sədri işləmişdi. Neçə raykom katibi dəyişmişdi, canında nə vardısa heç kim onu yerindən dəbərtməmişdi. İndi də başçının ərazi üzrə nümayəndəsi idi. Ataxan müəllim Güdə Bağının ağzını arayan kimi inanmışdı ki, yerində olan kadrdır. Bunu anlamayan köhnə başçı onu bir vaxtlar işindən çıxartsa da, sonradan yerinə qaytarmalı olmuşdu. Güdə Bağı anadangəlmə diplomat idi. Yersiz dil tərpətməzdi. Danışanda isə sözünə söz çatdırmaq müşküldü. Dərində gizlənmiş göy gözləri, iri qaşları, gur və ifadəsiz səsi vardı. Söhbət əsnasında onun düz, ya əyri, ciddi, ya lağlağı ilə danışdığını ayırd eləmək olmurdu.

            Başçının «Qaz»-31 markalı qara maşını dörd saat keçməmişdi ki, ərazi üzrə nümayəndəliyin qarşısında dayandı. Sürücü Ataxan müəllimə:

            - Deyəsən, Güdə Bağının qonağı var, - dedi və ağacın altında dayanmış «UAZ»a işarə elədi.

            Güdə Bağı sürahıya bağlanmış kəhər atını qaşovlayırdı. Tək deyildi. Əhatəsində olan üç nəfərlə söhbət eləsə də işindən qalmırdı. Yoldan təzə gəlmişdi. Kəhər at da başçının maşını kimi palçığa batmışdı. Güdə Bağı səsə çevrildi. Əlini üstünə sildi, adamların əhatəsindən çıxdı, başçını qarşılamağa tələsdi. Ataxan müəllimin gəlişi Güdə Bağını əhatə eləyən kişilərin arasına pərxaşlıq saldı. Başçını kəndlərdə görməyə adət eləməmişdilər. Bunlar rayon məmurları idi. Başçıya yaxınlaşmağa cəsarətləri çatmadı. Uzaqdan salamlaşdılar. Güdə Bağının Ataxan müəllimlə şəstlə görüşməyinə həsədlə baxırdılar. Maşından düşmüş başçı Güdə Bağıya söz atdı:

            - Ay kişi, bəyəm sənin vəzifən at qaşovlamaqdır?

            Güdə Bağı başçının sözünü cavabsız qoymadı. Sürücü ilə təmənləşərək:

            - Niyə ki, Ataxan müəllim, - dedi və qeyri-müəyyən bir işarə ilə başını tərpətdi. - Hamı bilir ki, hərdən dilxoşluq üçün uzunqulaqları da qaşovlayıram…

            Ataxan müəllim daşın atıldığı bostanı gözdən keçirib qımışdı:

            - Doğrudan ha, bunlar kimdir?! - Soruşdu və gümanla. - Rayon işçilərinə oxşayırlar.

            Güdə Bağı başını tərpətdi:

            - Elədir! - dedi. - Biri işıq idarəsindəndir. O birisi vergidəndir. Üçüncüsü rayon bələdiyyəsindəndir…

            - İstədikləri nədir?!

            Güdə Bağı narazılığını gizlətmədi:

            - Baxırsan heç nə! Sadəcə qanımı qaraldırlar! - dedi. - İşıqçı vermədiyi işığın pulunu istəyir. Vergi müfəttişi vergiyə cəlb olunmalı adamların siyahısını istəyir. Bələdiyyə torpaq icarəsini toplamağa gəlib. Qış idi, gözə görünmürdülər. İndi yaz gəlib, üzə çıxıblar! Belələrini mindirəsən eşşəyə, quyruğunun altına da bir tikan qoyasan, buraxasan dağdan aşağa.

            Söhbəti eşidən məmurlar hərəkətə gəldilər. Narazılıqlarını bildirmədən getməyə icazə istədilər. Ataxan müəllim çiyinlərini çəkdi, bununla da onlara ehtiyac olmadığını bildirdi. Məmurlar ağacın altında duran «UAZ»a doluşdular. Maşın dərhal tərpəndi. Başçı Güdə Bağının qolundan tutdu. Təbəssümlə:

            - Madam ki, at-eşşək üzrə belə ixtisaslaşmısan mənə bir rahat eşşək tap.

            Güdə Bağı diqqətlə başçıya baxdı. Ataxan müəllimin təraş üzündəki təbəssümdən sakitləşdi:

            - Eşşəyi neyləyirsiniz, Ataxan müəllim?

            - Minəcəyəm…

            Güdə Bağının qaşları alnına qalxdı, göy gözləri göründü:

            - Aləmi bizə güldürməyin, Ataxan müəllim, - dedi. - Atlarımıza nə olub? İki saz ürgəm var. İkisi də sizə qurbandır.

            Ataxan müəllim ürəkdən güldü:

            - Allah evini tiksin, onu istəyirsən ki, yıxılıb qol-qıçımı sındırım?  - dedi. - Ata özün minərsən, mənə uzunqulaq tap.  

            - Hara gedəcəyik ki?

            - Ehsan babanın hüzuruna gedirik, - deyə Ataxan müəllim yaşarmış gözlərini sildi. - Yoxsa, sən də Ehsan babanı tanımırsan?

            Güdə bağı başçının məramını bilib özünü itirdi:

            - Necə tanımırım?! - dedi. - Ehsan baba bu dağların ağsaqqalıdır. Rəhmətlik atamın dostudur. Tez-tez ona baş çəkirəm. Xəstəlikdən sonra bir az sınıxıb, amma, maşallah, yaşına görə qovraqdır. Keçən həftə yanına gedəcəkdim, körpü zəhrimar sıradan çıxdı. İndi yollar bağlıdır. Alaşa çay da elə qudurub ki, yatağına sığmır.

            Başçının üzü tutuldu:

            - Körpü uçub? - deyə soruşdu. - Bu barədə rayona məlumat vermisən?

            Güdə Bağı üzünü yana çevirdi, astadan dedi:

            - Xeyr, rayona məlumat verməmişəm.

            Başça zabitə ilə:

            - Niyə? - Soruşdu və yaraşıqlı üzü bozardı.

            Güdə Bağı asta, ifadəsiz bir səslə başladı:

            - Ay Ataxan müəllim, təcrübəmdən bilirəm ki, məlumat verməyin bir xeyri yoxdur. Rayondan gəlib bizə körpü tikəsi deyillər ki? Mən indiyə qədər çox məlumatlar vermişəm, nəticəsi olmayıb. Bax elə, keçənlərdə zəlzələ camaatın evlərini dağıtdı, dərhal xəbər verdim. Nəticəsi nə oldu? Heç nə… Dolu taxılı məhv elədi, neçə ailə güzaransız qaldı, gəlib kömək elədilər? Yox. Ellik qoyun sürüsünü sel apardı, tez məlumat verdim. Camaata əl yetirən tapıldımı? Ay tövbə! Özümüz bir təhər vəziyyətdən çıxırıq... İndi körpüdür dağılıb, neynək, canımız çıxar düzəldərik. On beş metrəlik şalbanlar lazımdır, meşədən kəsib gətirmişik. Sabaha yonarıq, körpünü bərpa eləyərik. Narahat olmağa dəyməz, Ataxan müəllim.

            Güdə Bağının haqqlı olduğunu başçı bilirdi. Mülayimliklə:

            - Bağı kişi, mən Ehsan babanın oğlu Cəmo müəllimlə dostam. O gün zəng eləyib atasını soruşdu. Mən də söz vermişəm. İndi Ehsan babaya baş çəkməliyəm. Yoxsa Cəmo müəllimin yanında yalançı çıxıram, axı.   

            Güdə Bağı onu arxayın elədi:

            - Narahatlığa dəyməz. - dedi. - Siz rayona qayıdın, axşama mən Ehsan babadan sizə xəbər çatdıracağam… Onsuz da o taya keçib camaatı körpünün üstünə yığmalıydım.

            Başçı maşina tərəf gedə-gedə ona sataşdı:

            - Nədir, qanad açıb çayı adlayacaqsan?

            Güdə Bağa inamla:

            - Lazım gəlsə, qanad da açacağam, - dedi və əlavə elədi. - Ataxan müəllim, bəs bu rayonun hazır yeyənlərini neyləyim? Lap adamı çərlədirlər. İstilər düşəni gündə gəlirlər. Əsir-yesir olmuşam onların əlində.

            Başçı maşina minmişdi. Ondan cavab gözləyən Güdə Bağıya istehza ilə dedi:

            - Bağı kişi, eşitmişəm sən torba tikməkdə ustasan. Niyə şikayət eləyirsən? Ayıb deyil? - dedi və gülə-gülə üzünü sürücüyə tutdu. - Sür.

 

- 29 -

 

            Kənd bələdiyyəsinin qabağında dörd-beş nəfər yığışmışdı. Güdə Bağının meydanda görünməsi hamının sevincinə səbəb oldu. Camaat körpünün düzəldiyini güman elədi. Amma tez məyus oldular. Məlum oldu ki, Güdə Bağı çayı çətinliklə keçib. Məşhur atı qançır olmuşdu. Güdə Bağı isə lap yoluq cücəyə dönmüşdü. Başçıya söz verdiyinə peşiman olmuşdu. İndi atdan çuval kimi aşırıldı. Cavan uşaqlardan birisinə dedi:

            -  Atı gəzdir, bala, yazıq tərlidir.

            Ayağına durmuş camaatla görüşdü. Xoş-beşdən sonra içəridən gətirilmiş kətili altına çəkdi. Dilavərliyi ilə tanınan Höccət kişi kürəyini ağacın gövdəsinə söykəyib yerdə oturmuşdu.  Acı-acı dedi:

            - Ay hökumət, kafirlər aya-ulduza uçur, sən bir körpü qayıra bilmirsən. Necə gündür kəndin yolları bağlanıb, bir tədbir tökmürsən!

            Güdə Bağının araqarışdıranlardan zəhləsi gedirdi. Belələrini yerinə oturtmaqda tədbirli idi. Amma çayı keçəndə çəkdiyi qorxu, qurşağına yerimiş buzlu su onu hövsələdən çıxırmışdı:        - Ağzın isti yerdədir! - deyindi. - Sobanın qırağında oturub məsləhət verməyə nə var ki.! Hünərin var sən də o buzlu suya gir. Gör, körpü qayırmağın ləzzəti necədir! Bir də bələdiyyəniz var, düşsəydi qabağa körpünü çoxdan tikmişdi.

            Höccət yenə dilini saxlamadı:

            - Bələdiyyəni suya girmək üçün seçmişik, bəyəm? - dedi. - Biz onu bəsləyirik…

            Yenə nəsə demək istəyirdi ki, minarə boylu İsmi kişi ona acıqlandı:

            - Kiri, ədə, kişi bura səninlə çənəbazarına çıxmağa gəlməyib ki! - dedi və Güdə Bağıya üzrxahlıq elədi. - Adamlar qınanmalı deyil, sədr, neyləsinlər? Körpüsüz işimiz aşmır, gedən yox, gələn yox. Qalmışıq bu dağların arasında bayquş kimi. İndi tədbiriniz nədir?

            Güdə Bağı gün dəydikcə buğlanan üst-başına əl gəzdirdi:

            - Hazırlığını görmüşəm. Beş-altı uzun şalban tapmışam. Taxta-tuxta var, sabah başlamaq olar… - dedi.

            Höccətin atmacasını zorla udmuş Həzər soruşdu:

            - Alaşanı nə təhər keçmisən? Qorxmadın?

            Güdə Bağı könülsüz halda:

            - Yadıma salma! Sel az qala at qarışıq məni aparırdı! Allah üzümə baxdı.

            Höccət yenə dinc qalmadı:

            - Bəs geri nə təhər qayıdacaqsan, ay hökumət?! - dedi.

            Güdə Bağı ona etina eləmədən Həzərə dedi:

            - Sabah camaatı çayın qırağına yığarsan. Hərə bir qoşqu versə bəs eləyər.

            Həzər:

            - Mən hazır, - dedi. - Siyahı tutaq, qol çəkdirək, yoxsa heç kim gəlməyəcək.  Höccətin dilinə baxma.

            Güdə Bağının gəlişi kəndə hay salmışdı. Eşidən-bilən yığışdı. Güdə Bağı siyahı tutdu. Höccət deyindi.

            - Ehsan baba görünmür! - dedi. - Onun əvəzinə kim işləyəcək?! O, bu kəndin adamı deyil?

            Həzər onu acıladı:

            - Boş-boş danışma! Ehsan baba sənin tayın-tuşun deyil.

            Höccət həyasızlığına saldı:

            - Elə şey yoxdur! - dedi. - Onun oğlanları əyriplanla kəndə gələcək? Körpüdən keçməyəcək?! Hər ev bir adam, bir qoşqu verirsə, Ehsan baba da verməlidir.

            Xudu kişi Qardi əminin yanında səkidə oturmuşdu. Höccətin meymunçuluq eləməyinə lağ elədi:

            - Höccət ki, Höccət! Heç düzəlmədin də! - dedi. - Ay gözündən gəlsin, Ehsanın babalarının saldığı körpüdən illərlə keçmirsənmi?

            Güdə Bağı hələ sakitləşmək bilməyən Höccətə dedi:

            - Yaxşı, deyərəm Ehsan baba da bir qoşqu verər… - dedi və camaatdan xahiş elədi. - Sabah gecikməyin ha, hamı orda olsun. Şalbanları kəndirə bağlayacağıq, siz gərək dartıb bu üzə keçirəsiniz. Əlimizdən çıxsa, zəhmətimiz hayıf olacaq…

            Güdə Bağı dağılışan camaatın dalınca atına mindi. Həzər yüyəndən tutdu:

            - Nahaq söz verdin, Bağı, Ehsan baba qoşqu verməyəcək. - dedi. -  Səni heç tövləsinin həndəvərinə buraxmayacaq.Yazıq kişinin  qoşqu adında bir eşşəyi var, göz bəbəyi kimi qoruyur.

            Güdə Bağı yuxarıdan aşağı baxdı. Bir vaxtlar əl-ələ verdiyi Həzərdən bir müddət idi ki, kənar gəzirdi. Bu adam Ehsan babanın hesabına rayonda şöhrət tapmışdı. Böyük arzulara düşmüşdü. Vəzifədə olanları burunlayırdı. Heç kimi saymırdı. Qocanı hər yerə müşayiət eləyirdi. Rayon rəhbərləri ilə durub-otururdu. Paytaxta ayaq açmışdı. Ehsan babanın üzü dönməsəydi, bezib dağlara çəkilməsəydi, yəqin ki, arzusuna çatardı. Babanın xanənişinliyi, bir də Şura hökumətinin çökməyi Həzərin artan ümidlərini puç eləmişdi.

            Güdə Bağı ehtiyyatla soruşdu:

            - Niyə?

            Həzər gülə-gülə dedi:

            - Ehsan babanın eşşəyi elə-belə eşşək deyil, sənə versin! Deyirlər bu eşşək bir qızıl, bir gümüş qoduğ doğub…

            Güdə Bağı Həzərin Ehsan babadan yanıqlı olduğunu bilirdi. Başını buladı:

            - Həzər kişi, beş-on bayram məndən yaşda böyük olarsan. Ehsan babadan niyə əl çəkmirsən? Çörəyi gözünü tutar, axı! Ehsan babanı məsxərəyə qoyursan? Sənə nə pisliyi keçib?

            Həzər bu töhməti eyninə almadı:

            - Ədə, məsxərə nədi?! - dedi. - Allaha and olsun, baba oğlanlarına məktub yazıb. Bəs, gəlin, eşşəyim bir qızıl, bir gümüş qoduğ doğub.

            Güdə Bağı Həzərin sözündən çaşdı:

            - Lap elə yazıb? - deyə soruşdu. - Sən də inandın?

            Həzərin yekə dodaqları üzünə yayıldı:

            - Əlbəttə yox! - dedi. - Amma tövlədə qızıl gizlətdiyinə şübhəm yoxdur.

            Güdə Bağı kənddə möhkəm kök salmış əfsanəni xatırlayıb:

            - Həə! - dedi. - Ehsan babanın dədəsinin qızıllarını deyirsənsə…

            Həzər papağını alnından yuxarı qaldırdı:

            - Ay hay, onun dədəsinin nə qızılı vardı ki?! Qardi əminin sözü olmasın, qoyun-quzu, yağ-pendir satmaqla nə qızıl yığmaq olar ki !

            Güdə Bağı təəccüblə:

            - Bə nədən söhbət gedir?!

            Həzər onu fikrə düşməyindən ləzzət aldı:

            - Həə, gəlirəm mətləbə! - dedi. - Yadındadır Ehsan baba Qızyurdunda bir mağara tapmışdı?!

            Güdə Bağı başını tərpətdi. Həzər onun nitqinin tutulmağından xoşlandı:

            - Beş ilin söhbətidir!  Amma yadımdan çıxmır. Ehsan baba mağarada tapdığı paslı dəmir-dümürü, paxırlı misi aparıb rayona təhvil verdi, aləmə küy saldılar. Rayonda muzey yaratdılar. Dedilər, filan padşahın filan sərkərdəsinin qəbridir. Bir soruşan olmadı bu sərkərdə yetim olub?  Hanı onun qızıl dəbilqəsi, hanı onun qızıl bazubəndləri, hanı onun qızıl qolçaqları?! Mis kasada çay içirdi? Dəmir aftafa gəzdirirdi?! Lap kasıb idi? Kasıbın da heç olmasa bir qızıl əşyası olur da!

            Güdə Bağının göy gözləri iri-iri açıldı, amma yüngülcə etiraz elədi:

            - Boşla, ədə, özüm orada olmuşam. Belə şeylər yox idi.

            Həzər çoxbilmişliklə barmağını qaldırdı:

            - Yaman saya adamsan ha! - dedi. - Ehsan baba qızılları gizlədəndən sonra səni çağırıb da…

            Güdə Bağı yenə inanmadı:

            - Əşi, nağıl danışma. - dedi. - Sən hardan bilirsən?!

            Həzər əlini alnına vurdu:

            - Burdan! - dedi. - Yaxşı, sən bilən o İranlı molla bu dağlara boş yerə gəlmişdi?

            Güdə Bağı məhərrəmlik ayında təziyədə rozaxanlıq eləyən adamı xatırladı:

            - Onun Ehsan babaya nə dəxli vardı ki?! - dedi. - O ki, sənin qardaşın Qardinin evinə düşmüşdü. Onun nəvəsinin dostudur...  

            Həzər nədənsə özündən çıxdı:

            - Səndən hökumət adamı çıxmaz! - dedi. - Yatmısan ey! Bəs bilmirsən, o qurumsaq molla dərviş Pişanan nəvəsidir?! Bəs bilmirsən, Pişan Ehsanın dərvişlik dostu olub?! Qaçaq düşmüş Pişan Qızyurdunda gün keçirirdi. Nəvəsinin atıla-atıla bura gəlməsi səni heç düşündürmür?! Yəqin ki, Pişanın mağaradakı xəzinədən xəbəri varmış. Sirri də nəvəsinə açıbmış…

            Güdə Bağı Həzərin bu məntiqi qarşısında daxilən təslim oldu. Amma üzdə Ehsan babanın tərəfini vermədi:

            - Ay toqquşdurursan ha! - dedi. - İndidən ağlın çaşıb, ay kişi, Ehsan baba qədər yaşasan nə olacaq?

            Dincini almış atını tərpədən Güdə Bağı geri baxmadan Həzərdən aralandı.

- 30 -

            Körpünü sel aparan günü, axşama yaxın, Ehsan babanın canına bir vicvicə düşdü. Əvvəl Əsvərin, sonra da Həzərin qəribə minnəti kişini hövsələdən çıxartdı. Bir yandan da Gilə nənənin anlaşılmaz inadı, və tövlənin qıfıllaması Ehsan babada öz ağlına qarşı şübhə oyatdı. Qarısının təkidi ilə yatağa girdi. Amma gözünə yuxu getmədi. Ehsan baba Əzrayılı arzuladı:

            - Xudaya, mələyini göndər canımı alsın, amma ağlımı əlimdən alma. Ad-san sahibiyəm, adlı-sanlı oğlanlırım var. Nə məni, nə onları el içində xəcil eləmə, - deyə pıçıldadı və başını mütəkkəyə atdı.

            Səbrlə gözləyirdi, amma Əzrayıl gəlib çıxmaq bilmirdi.

            Gilə nənə axır günlər lap hirsli idi. Səmt olmasa da heyvanı örüşə onların doqqazının qabağından ötürən Əsvərlə Həzərin əməlindən əsəbləşirdi. Axşamlar sərvaxt yatırdı. Dəfələrlə eyvana çıxırdı. Keçən gecə itin mırıltısına oyandı, cəld qapını araladı. Ay işığından gördüyü kölgədən qorxmadı. Tez geri çəkildi. Divar xalçasının üstündə dərviş kəşkülündən savayı bir berdanka da asılmışdı. Gilə nənə tərəddüd eləmədən tüfəngi alıb açıq qapıdan alatoranlığa tuşladı:

            - Ay adam, kimsən? - deyə qışqırdı. - Odlaram ha! Əlimdəki, vallah, açılandır.

            Gilə nənənin səsindən ruhlanan köpək özünü dağıdırdı. Kölgə dərhal yox oldu. Qarı əlindəki tüfəngi aşağı salmaq fikrində deyildi. İt sakitləşənə qədər gözlədi. Sonra içəri keçdi. Gün işığında berdankanı görən bunun bir zaman atəş açdığına inanmazdı. Bu qundağı çatlamış, lüləsi paslanmış tüfəng Ehsan babaya dədəsindən qalmışdı. Dərvişliyinə yaraşmayan bu diləyi kəşkülünün yanında asırdı. Düzü, atmağa heyfi gəlirdi. Heç Şura hökuməti də camaatdan odlu silahları yığanda bu silaha sahib durmamışdı. Ehsan baba onu yadigar kimi saxlayırdı. İndi qarısının səsinə oyandı. Soruşdu:

            - A Gilə, kim idi ki?

            Gilə nənə astadan mızıldandı:

            - Baba, məhləmizə oğru gəlmişdi.

            Ehsan baba nıqqıldadı:

            - Ay axmaqsan ha! - dedi. - Məhəlləmizdə oğurlanmalı nə var ki? Yəqin gözünə görünüb.

            Gilə nənə çırağın işığını lap azıldıb, astadan dedi:

            - Bilirsən, baba, keçən gecə də gəlmişdi, itin səsinə qaçdı. İtin mırıltısından belə məlum olur ki, məhləyə gələn tanış adamdır. Tövlənin ətrafında fırlanırdı.

            Baba kədərlə mızıldandı:

            - Allah! Allah! Yenə bu yetimin ağlı çaşıb.

            Yetim sözünü qulağa alan qarı şabalıd kimi partladı:

            - Öl ey, tünbətün nəvəsi! Gecə vaxtı ağzımı açacaq! - deyə deyinə-deyinə yerinə girdi, yorğanı üstünə çəkdi.

       Yaz gələli evdə soba qalanmırdı. Gecələr isə ayaz keçirdi.

- 31 -

            Gilə nənə babaya baş çəkməyə gələnləri doqqazdan geri qaytarırdı. Qəribə bəhanələr gətirirdi. Hətta Qardi əmini də eyvana qalxmağa qoymadı:

            -  A Qardi, kişinin başı ağrayır. Danışmağa halı yoxdur… - dedi.

            Hər gün durbinlə kəndi müşahidə eləyən Qardi qarıya inanmadı. Ehsan babanı görməyə cəhd elədi.

            - Katta qızı, baba mənsiz darıxar, axı!

            Gilə nənənin Qardi əmidən heç xoşu gəlmirdi. Onun valideynlərini qulaqlayıb Sibirə göndərən paqon sahiblərindən acığı gəlirdi. Astadan dedi:

            - A Qardi, ölüm ayağında adamın həmsöhbəti mələklər olsa yaxşıdır… Sən hələ o qəlibə düşmürsən. Kişini rahat burax…

            Qardi əmi onu iblislə müqayisə eləyən qarının qırımından qorxdu. Geri çəkilməli oldu.

            Qarı nəvəsi Gülzarın ağzıçırığlığından lap hirslənmişdi. Həmişəki kimi onlara tez-tez baş çəkən qızı indi dindirmirdi, sualına cavab vermirdi. Gülzar da incidiyindən daha gəlmirdi.

            Qarı, əlbəttə, səhvini anlamışdı. Amma məktublar yazılmış, daha əlindən çıxmışdı, geri qaytarmaq mümkün deyildi. Belə baxanda Gilə nənə peşmançılığa hacət görmürdü. İndi oğlanlarının gəlişi lap vacib idi. Sirri Ehsan babaya açmağa qorxurdu. Təcrübəsindən bilirdi ki, var-dövlət məsələsində qocaya bel bağlamaq olmaz. Qarı axır günlər qızdırmalı adamlar kimi dolanırdı. Gah nala vururdu, gah mıxa. Ehsan babanın gününü göy əskiyə bükmüşdü. Ağlını başından çıxaran əhvalatdan bir neçə gün keçmişdi. Tövləyə yaxın getməyə çəkinirdi, amma məcbur idi. Heyvanın yemini-suyunu verməli idi. Uzunqulaq narahat idi. Anqırtısı aləmi başına götürmüşdü. Gilə nənə canını dişinə tutub qıfılı açdı, içəri girdi. Əsə-əsə tövləyə göz gəzdirdi. Gündüz işığında gördüyünə həm sevindi, həm kədərləndi. Neçə günlük vahiməsi keçdi. Qoduğun biri anasını əmməyə cəhd eləyirdi, gündüz parıldamırdı. Qızıl qoduq isə cansız bir heykəl idi. Saxsı parçalarının arasında düşüb qalmışdı. Körpə quzu boyda idi. Ehsan babanın mağaradan gətirib axurda saxladığı at heykəlinin yerdəki parçalarını o üzə-bu üzə çevirən qarı gec də olsa mətləbi anladı. Yəqin doğuşu ağır keçən heyvan axurun taxtalarını laxlatmış, heykəl də  yerə düşüb sınmışdı. Qarı mızıldandı:

            - Nə çoxbilmiş qocadır!  Gör, qızılı harada gizlədirmiş! - dedi, sonra özü-özünə etiraz elədi.  - Yox, babanın bundan xəbri yoxdur. Həə…, elə bilməsə yaxşıdır, bilsə başımıza cəncəl açar. Həə…, görən bu kimin əməlidir?  

            Gilə nənə bundan ötrü çox da baş sındırmadı. Onu işin əməli tərəfi daha çox maraqlandırırdı. «Qızıl qoduğ»u qaldırdı. Heykəlin altındakı yarıqdan xeyli taxta ovuntusu töküldü. «Qızıl qoluğ»u vəzinlədi, heykəl bir girvəngə gələrdi. Qarı diqqətlə nəzərdən keçirib gördü ki, bu heç qoduq yox, at heykəlidir. Fiqurun başı, bədəni çox dəqiqliklə yerinə yetirilmişdi. Hətta, yəhər-yüyəni də seçmək olurdu. Alt hissəsi isə bütöv idi, atın ayaqları elə bil altına yığılmışdı. Yüngüllüyündən məlum olurduki heykəl nazik qızıl təbəqədən hazırlanıb. Ayrı-ayrı hissələr bir-birinə gümüş mıxlarla bərkidilmişdi. Heykəlin içindən tökülən toz da, güman ki, qurd yemiş taxta maketinin ovuntusu idi.

            Gilə nənə daha yubanmadı, gen baharısının ətəyini qaldırdı. «Qızıl qoduğ»u qoltuğunda gizlətdi, tövlədən çıxdı. Hikkə qarışıq bir şadlıqla güldü:

            - Köpək oğlanları! Daha məni yaddan çıxara bilməzsiniz! Canınız əlimdədir. Belə şey olar?! Gəlmirlər, getmirlər… İndi görüm necə gəlmirlər. İndi lap quzu kimi gələcəklər. Vay, vay, vay! Belə oğulluq olar?! Belə övladlıq olar? Elə bil bunları mən doğmamışam. Elə bil bunlar itin qarnından çıxıblar. Vay, vay, vay!

            Gilə nənə həyəti dörd dolanır «qızıl qoduğ»u gizlətməyə yer axtarırdı. Boş samanlığa baş vurdu. Hini gözdən keçirtdi. Bir-neçə dəfə tövləyə girdi-çıxdı. Deyinə-deyinə, dərdi çözələnə-çözələnə «qızıl qoduğ»u gizlətdi. Bu işi görəndən sonra arxayınlaşdı, cavan gəlinlər kimi dingildiyə-dingildiyə eyvana qalxdı.

- 32 -

                 Ehsan baba canında bir ağrı hiss eləmirdi. Daha rahat nəfəs alırdı.Amma qarısının sözündən çıxmırdı, dediyini dinməz yerinə yetirirdi.  Bilirdi ki, sözə qulaq asmasa günü göy əskiyə büküləcək. Onun üst paltarlarını, kürkünü sandığa basıb gizlətmiş qarı axır vaxlar yaman hökmlü olmuşdu. Özü də çəpiş kimi cəldləşmişdi.  Bir yerdə dayanmırdı, fırfıra kimi fırlanırdı. Baba altdan-altdan ona baxır, hirslənirdi: « - Bu yetimçəyə bax ha! Lap küpəgirən qarıya dönüb! Bircə süpürgəsi çatmır ki, minsin havaya qalxsın! - deyə fikirləşirdi. - Məni yorğan-döşəkdən qalxmağa qoymur. Özü də bütün günü susur. Bilmirəm, fikrində nə tutub… Onu başımdan eləsəydim düşüb həyəti dolaşardım. Lap bağrım çatlayır. Bu yorğan-döşək axırıma çıxmasa yaxşıdır!»

            Ehsan baba yalançı mehribanlıqla dedi:

            - A Gilə, Xudu kişidən bir az tənbəki alsaydın, nə olardı! Sinəm lap qovrulur. Öz tütünüm barıt kimidir, çəkə bilmirəm.

            Gilə nənə babanın xahişini yerə salmadı. Közədiyi pal-paltarı əlindən yerə qoydu, qalxıb qaloşlarını ayağına çəkdi:

            - Yaxşı, baba, indi gəlirəm, amma üstünü açma, soyuq dəyər, - dedi.

            Elə ki, qarı doqqazdan aralandı Ehsan baba cəld yerindən durdu. Sandığın mayıf qıfılını dartıb qırdı. Paltarlarını geyindi, kürkünü çiyninə atdı, aşağı düşdü. Yaz Günəşinin hərarəti canına yağ-bal kimi yayıldı: « - Məsləhətinə çox şükür, Allah! Dirildim! Bir az da gec çıxsaydım bağrım çatlayacaqdı. Bu yetimçə gör başıma nə oyun açır?! - deyə fikirləşirdi ki, nal səsinə başını qaldırdı. Bir atlı miniyindən düşüb doqqazda göründü. Ehsan baba gələni tanıyıb şadlandı. Güdə Bağını oğlanlarından az istəmirdi.

            - Ay hökumət, Allahın da, bəndənin də unutduğu kəndə xoş gəlmisən!

            Bağı qoltuğunda dəri çantası yeyin addımlarlda yaxınlaşdı. Baba ilə təmənləşdi.

            - Oğlum, çantanı möhkəm saxla, əlindən alarlar, xanəxərab olarıq - deyə baba ona söz atdı.

            Bağının çantası ətraf kəndlərdə məşhur idi. İyirmi ildi qoltuğunda gəzdirirdi. Yəhər-yüyən ustası Bexan tərəfindən sökülən tikişləri iki-üç ildən bir təzələnirdi. Çanta sovetlikdə o qədər tanınmışdı ki, birdən Bağısız da gəzməyə çıxsaydı kimsə təəccüblənməzdi.

            Bağı ağsaqqalın atmacasını eyninə almadan onunla ikiəlli görüşdü:  

            - Xoş gördük, Ehsan baba! Maşallah qovraqsan! Bir toy eləsən, heç kim səni qınamaz…

            Ehsan baba saqqalını əlləşdirib papağını təpəsinə dikəltdi. Ona kötüyün üstündə yer göstərdi, özü də oturdu. İstehza ilə güldü:

            - Ədə, xalası göyçək, nənən dururmu? Sağdırsa,…

            Bağı çantaya böyründə yer elədi, qoymadı baba sözünü bitirsin:

            - Sağdır, Ehsan baba, amma yazıq arvad sənin yolunu gözləməkdən iki gözündən olub, beli yay kimi əyilib. İsmarıcı budur ki, baba fikrini dəyişməyibsə mən hazıram.

            Baba onu qabaqlayan Bağıya:

            - Yaman cüvəllağısan ha! Məni üstələdin! - dedi və demisini çıxardıb doldurdu, maraqla soruşdu. - Hansı sel-su səni bizm tərəfə gətirib? Hə? Alaşa çayı keçmisənsə igid adamsan! Amma onu da deyim ki, nənənə ər axtarmaq fikri ilə gəlmisənsə, məndən vaz keç! Kəhər atını da üstündə versən çətin razı olam…

            Ehsan baba dünyagörmüş kişi idi. Təəccübünü zarafatın altında gizlədirdi. Bağı sözə uzaqdan başladı:

            - Baba, bu körpü məsələsi ilə məşğulam. Sazaq düşəndən Alaşanın suyu azalıb. O tərfdə hazırlıq gedir. İndi sizin camaatın köməyi lazımdır. Hər ev bir qoşqu, bir adam verməlidir. Səhər hamı bir nəfər kimi körpünün üstündə olacaq. Ev-ev dolanmışam bir sən qalmısan…

            Ehsan baba demisini yandırmışdı. Dərin bir qullab alıb, tüstünü buraxdı. Bağıya güldü:

            - Oğlum, yavaş-yavaş ağlın azır ha! - dedi. - Məndən körpü salan çıxar? Bir ayağım gordadır…

            Bağı izah elədi:

            - Baba, səni körpüyə göndərən kimdir?! Deyirəm, xala xətrin qalmasın bir qoşqu versən bəsdir…

            Ehsan baba əlini yellətdi:

            - Mən də heyvan nə gəzir, a kişi? - dedi. -  Kolxoz olandan sonra bu həyətdə heyvan saxlanılmayıb
            Bağı gülümsədi:

            - Elə niyə, baba?! Eşşəyin yoxdur?

            Baba demisinin müştüyünü cəld dodaqlarından araladı:

            - Bax, onu verə bilmərəm!

            - Niyə?

            - Çünki qocadır! Tikintidə bir gün işlətsən canı çaxacaq. Mənimsə əlimdən tutur, işimə yarıyır…

            Bağı işə başqa tərəfdən yanaşdı:

            - Ay baba, dədə-baba qonağına bir uzunqulaq qıymırsan?! - dedi.

            Ehsan baba alındı, mülayim halda:

            - Mənim, oğlum, yüz iyirmi yaşım var. Hərçənd, başbiletimdə yüz otuz yazılıb. Amma dediyim kimidir. Baban Kəblə Vəli ilə dost olmuşuq. Atan Əli doğulanda məni çağırmışdı. Demişdi ki, gərək oğlumun adını sən qoyasan dostluğumuz bagi olsun! İndi üç qərinədir nəsillərimiz dostluq eləyir. Sənə bir uzunqulaq nədir, bir ilxı at versəm yenə də yeri var.Ancaq sənin bu eşşək söhbətindən heç xoşum gəlmədi. Ayıbdır, axı…

            Bağı Ehsan babanın «eşşək söhbəti» sözünü hansı mənada dediyini soruşmadı, hesabını götürdü. Müsahibinə baxmadan mızıldandı:

            - Deyirlər, eşşəyin qoşa qoduq doğub! - dedi. - Deməli, uzunqulaq sən dediyin qədər də qoca deyil. Camaatın dilini bağlamaq üçün onu mənə versəydin....

            Baba tərs-tərs ona baxdı:

            - Nə olsun, doğub? - dedi. - Sən də eşşəkləri siyahıya alıb vergi tutursan?

            Bağı könülsüz halda:

            - Yox, ağsaqqal, vergi yığmaqla məşğul olmuram. Belə işlərə vergi müfəttişləri baxır.

            - Bəs, qoduqdan niyə söz salmısan?

            Bağı çaşıb qaldı:

            - Heç, bilmək istəyirdim, qoduqları neyləyəcəksən? İcazə versən tövləyə girib baxırdım…

            Ehsan babanın səbri tükəndi:

            - Əşi, neçə vaxtdır bir-birimizi görmürük, adam söhbəti başına qəhətdir? Nə yapışmısan uzunqulaq-qoduq quyruğundan?! - dedi və əliylə tövləni göstərdi. - Gilə nənən tövləni bağlayıb, hayıf! Yoxsa qoduğların ikisini də verərdim qoltuğuna, görüm daha nə umacağın qalırdı?

            Bağı axır ki, mətləb üstünə gəlməyə imkan tapdı:

            - Baba, bağışla, hardan başlayacağımı bilmirdim. Sən demişkən, hələ bu eşşək söhbətini qırağa qoyaq. Yanına özgə işə gəlmişəm. - dedi və əlini çantasına salıb bir kitab çıxartdı. - Bilirsən ki, mən hökumət adamıyam. Bu kitab da Azərbaycan Respublikasının qanunlar məcəlləsidir. Bir maraqlı maddəni oxuyuram «Ölkə ərazisində yaşayan bütün vətəndaşlar xəzinə tapdıqda, dövlətə təhvil verdikdə, xəzinənin qiymətinin iyirmi beş faizi xəzinə tapana mükafat şəklində verilir…»

            Ehsan baba maraqla qabağa əyildi:                 

            - Dayan, oğlum, dayan mültəfit olmadım. Hansı xəzinədən söhbət gedir? Şah xəzinəsindən, ya hamam xəzinəsindən?! -  deyə soruşdu.

            Bağı qaşlarını çatdı:

            - Baba, heç zarafat yeridir?  - dedi. - İndi loru dildə deyirəm. Əyərləri sən yüz qızıl tapmısansa, aparıb hökumətə təhvil verirsənsə, iyirmi beş qızılı özünə qaytaracaqlar. Tapdığını hökumətdən gizlətsən, onu əlindən alıb özünə də iş kəsəcəklər…

            Ehsan baba heyrətlə:

            - Hə? İndi anladım! Kənddə xəzinə tapan kimdir ki?! - soruşdu.

            Bağı bığlarını sığalladı:

            - İndi mətləbə gələcəyəm. - dedi və birdən devikdi. - Vallah, bilmirəm nə təhər deyim. Sən mənə bir eşşək qıymırsan, səninlə nə təhər açıq danışım?

            Ehsan baba dik qalxdı ayağa:

            - Yenə yapışdı eşşəkdən! Allahu əkbər! - dedi. - Əldən düşmüş  eşşəyimdən nə istəyirsən? Sabah oduna, ya dəyirmana gedəndə Gilə nənənin minməliyəm? Qəribə adamdır ha! Bu ağılnan sən nə təhər hökumətlik eləyirsən?! Deyir, o bir eşşəyini də mənə ver. Heç Şura hökuməti belə eləmədi. İndi doğma hökumətimiz bir eşşəyi mənə çox görür?

            Bağı səbrlə qocanın inadını qırmaq istəyirdi:

            - Baba, sən bilirsən ki, söhbət eşşəkdən getmir! İstəsən sənə bir sürü eşşək bağışlaram…

            Ehsan baba özündən çıxdı:

            - Bala, məni dəng eləmə! Səninki səndə, mənimki məndə! - deyə bağırdı.

            Bağı bunu gözləmirdi. O da ayağa durdu. Bir də onu dilə tutmağa çalışdı:

            - Sən gəl məni incitmə, baba! Hökumət adamıyam! Babamın ərvahına and olsun, özgəsi olsaydı verərdim polislərin əlinə! Mağaradan tapdığın xəzinəni təhvil ver! Başa düş, qanun belədir. Eşitmişəm, tövlədə gizlədirsən! Aç oranı, ver!

            Ehsan babanın canına vəlvələ düşdü: « - Lənət sənə kor şeytan! Bunlar mənə nə verib ala bilmirlər! Neçənci adamdır gəlib qoduğdan başlayır, qızılda dayanır.  Yüz iyirmi il yaşamaq da bir şey deyil! Başım lap xarab olub… - fikirləşdi.  - Bu da Əsvər deyil ki, qapıdan qovum! Hökumət adamıdır! Hardasan, ay Gilə?!»

            Elə bu arada Gilə nənə doqqazdan qəzəbli girdi:

            - Baba, sənə deməmişəm, azarlısan, bayıra çıxma! - dedi. - Məni tənbəki dalınca göndərirsən, başımı aldadırsan? Vay, vay! Keç evə,  yenə soyuqlayarsan, axı!

            Bağı  mehribanlıqla qarını salamladı:

            - Ay Gilə nənə, xoş gördük! Necəsən?! - dedi və ona sataşdı. - Kişini yaman əzizləyirsən ha!

            Qarı  onu tanıyıb, yaxına gəldi,  mehribanlıqla görüşdü:

            - Ay kəblə Vəlinin nəvəsi, bu kişinin başına bir ağıl qoy, məni lap təbdən çıxarır. Azarlı- azarlı həyətə düşür… - dedi və birdən şübhə ilə, - Sən nə əcəb bizi yad eləmisən?

            Ehsan baba Bağını qabaqladı:

            - Gəlib məndən xəzinə tələb edir! - dedi.

            Gilə nənənin rəngi kömür kimi qaraldı:

            - Nə xəzinə, baba?

            - Yəqin, qızıl-gümüş xəzinəsi olar da. Deyir, tövlədə gizlətmisən!

            Gilə nənə fövrən dəyişdi, boğuq səslə:

            - Nə? - deyə çımxırdı, üzünü itə çevirdi. - Qələc, tut onu!

            Bayaqdan qonağı marıtlamış it şığıdı. İşin belə çevriləcəyini gözləməyən Bağı daha durmadı. Çantasını qapıb doqqaza cumdu.

            Ehsan baba Bağının dalınca qışqırdı:

            - Ay hökumət, xəzinənin açarı Gilə nənədədir, hara tələsirsən?

            Bağı cəld ata mindi. İt doqqazdan o yana keçmədi. Qart səslə atlını yola saldı.

- 33 -

            Əbi köpüklənən çayın iki qaya arasında boğulduğu yeri göstərdi:

            - Gör, ora verə bilərsən! - dedi. - Ehtiyyatlı ol, yer yumşaqdır, həm də gillidir.

            Sürücü yekəpər, köklükdən fısıldayan bir cavan idi. Üzdən qaraqabaq görünsə də yolboyu uşaq kimi məzələnirdi. Əbinin hər işdən başı çıxdığını görüb onu «usta» çağırırdı. İyirmi saatdır yol gəlirdilər. Əməlli-başlı dostlaşmışdılar. O, yekə «Kamaz»ı məharatlə, yüngül maşın kimi idarə eləyirdi.  

            Əbinin ehtiyatkarlığını vecinə almadan onun göstərdiyi enişi gözdən keçirib maşını çınqıl döşənmiş yoldan çıxartdı. Kamaz nərildəyərək irəli şığıdı. Saqqız kimi təkərlərə yapışan gilli torpaq maşının sürətinə təsir eləsə də, maşın dayanmadı.                     

        Əbi təlaşla:

            - Batacağıq, - dedi. - Deyəsən, traktor lazım olacaq.

            Sürücü gözlərini irəlidən çəkmədən:

            - Usta, mərc gəlirəm ki, batmayacağıq! - dedi və əlini yana uzatdı. - Bir quzu kababından! Razısan?                      

            Əbi uzadılmış əli sıxdı:

            - Mən razı! - dedi. - Amma ehtiyyatlı ol, maşın sürüşsə, vay halımıza! Düz yarğana düşəcəyik, quzu kababı boğazında qalacaq…

            Sürücü tələsmədən işində idi. Maşın dağılmış körpünün yaxınlağında dayananda Əbi özünə gəldi. Cəld yerə düşdü. Burda bir xeyli taxta-şalban yığılmışdı. Belə məlum olurdu ki, körpünü bununla tikmək istəyirlər. Əbi başını buladı.

            Sürücü qapını açıb yerə hoppandı. Təkərləri yarıya qədər gilə oturmuş maşina hörmətlə baxdı:

            - Maşın deyil ey, yıxılı evin dirəyidir. - dedi. - Usta, sən uduzdun ha!

            Əbi papağını çıxarıb tərləmiş daz başını sığallayaraq güldü:

            - Udan mənəm ey, xəbərin yoxdur! - dedi. - Gərək başqa şeydən mərc gələydin.

            Sürücünün dolu sifəti tutuldu:

            - Elə niyə? - dedi. - Deyəsən, cığallıq eləyirsən, axı! Uduzduğun kababdan qaçırsan?

            Əbi çiyinləri atıla-atıla güldü:

            - Ay əfəlsən ha! Kabab onsuz da sənə veriləcəkdi də! Kənd yerində daha nə olur ki!

            Sürücü anlayıb özü də güldü:

            - Sən hələ kəndinə çat, sonra kabab verərsən!

            Əbi çayın o biri tərəfində, dağın döşündəki kəndi göstərdi:

            - Kəndimizdir. Daha çatmışıq…

            Sürücü heyrətlə:

            - Adə, heç on beş ev olmaz ki! Nə balaca kənddir…

            Əbi köksünü ötürdü:

            -  Elədir, balacadır, amma problemləri böyükdür. - dedi və nəsə demək isətəyən sürücünü susdurdu. - Dayan görüm! Ora bax!

            Çayın o biri tərəfində bir atlı sahilə enirdi. Suya çatanda tərəddüdlə dayandı. Sonra atı nərildəyən, köpüklənən çaya saldı.

            Əbi mızıldandı:

            - Vay, vay! Bu adam canından keçib! Vallah, batacaq! Alaşanı mən tanıyıram. Yazda yaxın getməli deyil…

            Sürücü dərhal əlini ona tərəf uzatdı:

            - Gəl, mərc gələk! Mən deyirəm batmayacaq! - dedi. - Sumqayıtda bir qonaqlıqdan!

            Əbi onun əlini itələdi:

            - Allah evini tiksin! Elə qarnının hayındasan! Kişi batır ey!

            Atlı doğrudan da çayın ortasında çabalayırdı. Deyəsən, selin gətirdiyi qaya parçası ata  toxunmuşdu. Atın başı suda gah görünürdü, gah da itirdi. Atlı üzürdü, cilovu əlindən buraxmırdı. Heyvanı çıxarmaq istəyirdi. Sonra davam gətirməyib cilovu buraxdı, sahilə üzdü.

            Sürücü oturacağın üstünə saldığı adyalı götürüb üzgüçüyə tərəf qaçdı. Əbi də termosu qoltuğuna vurub onun dalınca getdi. Sahilə çıxmış atlı yaman gündə idi. Sürücü gödəkçəsini çıxarmaqda ona kömək elədi, isti yun adyala bürüdü. Əbi termosun qapağına çay süzüb ona uzatdı. Atlı başını qaldırdı. Dişləri bir-birinə dəyirdi. Qorxudan, buzlu sudan göm-göy göyərmşdi. Amma Əbini tanıdı:

            - Əbi! Sən burda neyləyirsən?!

            Əbi də eyni təəccüblə:

            - Bağı, qardaş! Bu nə işdir?

            Onlar qucaqlaşdılar. Bir xeyli bir-birini silkələdilər. Sonra Bağı çay içib qızışdı. Elə hava da yaxşı idi. Batmaqda olan yaz günəşi adamın canını hələ qızdırırdı. Yaşıl çəmən, təzə yarpaqlanmış ağaclar adamın könlünü açırdı. Böyrü üstə otlaqda uzanmış sürücü onlara mane olmadan qulaq asırdı.

            Əbi Bağı ilə zarafatlaşırdı:

            - A kişi, deyəsən, canını hökumət yolunda qoymusan! - dedi və təpədəki taxta-şalbanı göstərdi. - Bununla körpü tikəcəkdin?

            Bağı utandı:

            - Daha neyləyim, axı?! Adam camaatın üzünə baxmaqdan xəcalət çəkir! Neçə gündür yol bağlanıb… - dedi. - Rayonun da imkanı yoxdur. Mənim də əlimdən bu gəlir… Əbi, maşındakı nədir?

            Əbi ürəklə:

            - Ürəyini sıxma, hər şey gətirmişəm! Panel, uqolnik, şveller, hətta dizel qaynaq aparatı da var. Kömək eləsən iki-üç günə körpünü tikib qurtararıq.

            - Maşın da keçə biləcək?

            - Maşın nədir, hətta traktor da keçəcək.

            Bağının nitqi tutuldu. Haçandan haçana:

            - Halal olsun Ehsan babanın çörəyi sənə! Sən nə yaxşı iş görmüsən, Əbi. Bir belə pulu el yolunda heç kim xərcləməzdi, sən xərcləyirsən. Doğrudan da,  Qədəmerdin nəslindənsən, - dedi və birdən şübhə ilə. - Dayan, dayan bu əliaçıqlığının səbəbi nədəndir? Olmaya, babanın qızıl qoduğlarının sorağına gəlmisən?

            Əbi heyrətləndi:

            - Bunu sən də bilirsən? - dedi. -  Məktubdan sənin də xəbərin var?

            Bağı əlini yellətdi:

            - Bir mənim yox, çox adamın xəbəri var. - dedi.

            Əbi tərs-tərs ona baxdı:

            - Sən də inandın?

            Bağı yarımüəmmalı dedi:

            - İnandım, ya inanmadım, söhbət gəzir də.     

            Əbi diqqətlə ona baxıb sözü dəyişdi:

            - Kənddən gəlirsən, özlərini gördünmü? Nə təhərdilər?

            Bağı başını tərpətdi:

            - Yaxşıdılar, - dedi və ağzını doldurub başına gələni ona danışmaq istəyirdi ki,  sürücü macal vermədi.

            Soruşdu:

            - Usta, maşını boşaltmaq haqqında heç fikirləşirsən? Yolum uzaqdır, axı.

            Əbi  ayağa qalxdı. Bağı hələ də guruldayan çaya acıqla baxdı, sürücüyə dedi:

            -  Gedim, adamları yığım gətirim, maşını boşaldaq, - dedi və heyfisləndi. - İndi piyada qaldım. Atım hayıf oldu. Zəhrimar sel qayanı nə təhər ata çırpdısa, at dərhal çayın təkinə getdi.

            Əbi ona lağ elədi:

            - Eldən qazanmışdın, el yolunda da getib. Niyə dərd çəkirsən? - dedi. - Qaldı maşını boşaltmaq məsələsi. Yox, kransız işimiz aşmayacaq. Panelləri əllə qaldıra bilmərik. Lap qaldırsaq da yerə salıb sındırarıq…, kran lazımdır. - dedi və sürücünü dilə tutdu. - Ürəyini sıxma, bir-iki günə gedərsən.

            Sürücü ağzı açıla qaldı:

            - Nə deyirsən, usta?!

            Əbi bir də ona ürək-dirək verdi:

            - Qorxma, sənə hər gün kabab yedirəcəyəm. Sumqayıtdan bir yeşik araq gətirmişəm. Nə işin var şəhərdə. Elə bil kurorta gəlmisən.

            Bağı fikirli halda:

            - Elə bilirsən kran tapmaq asandır?! - dedi. - Gedək rayona zəng eləyək. Başçıya məlumat verməliyəm. Həm də sürücünü yerbəyer eləyək, yedirək, yoldan gəlib.

            Sürücü təəccüblə:

            - Maşını başlı-başına qoyaq?

            Bağı onu arxayın elədi:

            - Əşi, narahat olma. Maşınına toxunan olmayacaq… Gedək…

- 34 -

             Onların rayon mərkəzində peyda olması şəhərciyə çaxnaşma saldı. Erkən səhər idi. Günəş gecənin şəbnəmini hələ qurutmamışdı. Jurnalist Jan alabəzək geyimi ilə tropik ölkələrdən gətirilmiş tutuquşuya bənzəyirdi. Çiyninə tökülmüş saçlarından, boynundan asılmış fotoaparıtlardan məlum olurdu ki, bu adam əcnəbidir. Yanındakı cavan haqqında isə bunu demək mümkün deyildi. Geyimindən şəhər adamına oxşasa da, yad deyildi, özümüzünkü idi. Cavan müsyö Janın tərcüməçisi idi. Adı Fərhad idi.

            Kiçik avtovağzalda gün keçirən yerli veyillər, avtobus gözləyən sərnişinlər hərəkətə gəldi. Hamını maraq götürmüşdü.

            Maşında uzun yol gəlmiş jurnalist camaatın gözü qabağında keyimiş sümüklərini açmaqdan ötrü əl-qolunu oynadır, oturub-dururdu. Bu yığılanların şənliyinə səbəb oldu. Jurnalistin üzü üzlər görmüşdü. Bundan qətiyyən pərt olmadan tərcüməçisinə nəsə dedi. Tərcüməçi başını tərpətdi. Paytaxdan gəldikləri taksiyə yaxınlaşdı. Sürücüyə dedi:

            - Qardaş, gör dediyimiz  kəndə necə gedəcəyik! Yolu öyrən, tərpənək.

            Sürücü maşından düşdü. Rayon mərkəzinə qədər yolun haqqını yaxşı ödəmiş müştərisinin istəyini dərhal yerinə yetirdi. Adamlara yanaşdı. Bir azdan geri qayıtdı.

            - Qardaş, gərək məni məzur tutasan! - deyə təəssüfləndi. - Sizi o kəndə apara bilmərəm. Deyirlər, dünyanın düz vaxtında ora «UAZ» maşınından başqa maşın çıxmır. İndi yolları su basıb! Həm də neçə gündür bir taxta körpüləri var, o da uçub, yol tamam bağlanıb.

            Fərhad qaşqabağını tökdü, inamsız haldı:

            - Yəni ora başqa yol yoxdur?! - Soruşdu. - Deyirsən, burda qalaq, ya geri qayıdaq?

            Sürücü laqeydliklə:

            - Təklifinizə baxın. - dedi. - Deyirlər ki, körpü tikilir. Sabahda-zadda qurtaracaqlar. Bəlkə gözləyəsiniz?

            Fərhad ondan xahiş elədi:

            - Qayıt, həmkarlarınla məsləhətləş! Gör bizi ora aparan bir minik tapırsanmı?! - dedi. - Jurnalist gözləyə bilməz, tələsir.

            Sürücü yarıkönül kənarda dayanmış avtobusa tərəf getdi. Tərcüməçi müsyö Jana tərəf çevrildi və eşitdiklərini ona anlatdı. Müsyö Jan səbirsizliklə onun dediklərinə qulaq asıb bərkdən çığırdı:

            - Geri dönmək nədir?! Biz birbaşa o kəndə getməliyik. Baş redaktorumuz məndən təcili reportaj istəyir. Yerinə yetirməsəm işdən qovacaq.

            Fərhad müsyö Janın yelbeyinliyinə mat qalmışdı. Otuz beş yaşın ola, özünü uşaq kimi aparasan! Odur ki, ondan yaşda xeyli böyük olan jurnalistə lağ elədi:

            - Müsyö, cəzandır çəkirsən də, - dedi. - Yoxlanılmamış məlumatı o boyda qəzetə niyə göndərirdin, axı?

            Müsyö Jan şənliklə güldü:

            - Şeytan məni yoldan çıxartdı. Hamısının günahı madmuazel Janetdədir. Onunla Parisdən tanışam. Sənə o qızdan söhbət eləmişəm, kifir də olsa əsl bəladır! Zəng eləyib, dedi ki, bir məlumatım var, gör işinə yarıyır. Xəbər məni tutdu, eləmədim tənbəllik bir reportaj hazırladım, faksla göndərdim. Baş redaktorumuz da Şərqdən aldığı ekzotik məlumatların ölüsüdür. Dərhal qəzetdə yerləşdirib reportajımı. Hər şey ötəcəkmiş, amma belə olmayıb. Təsadüfən qəzetin həmin sayı təsisçinin gözünə sataşır. Çağırır baş redaktorun abrını alır. Deyib, həmin yazının müəllifi ya bu yazını təsdiq edən dəlillər tapmalıdır, ya da işdən qovulmalıdır.

            Tərcüməçi istehza ilə:

            - Müsyö, qəzetinizin sahibi çox ürəyiyumşaq adamdır!  Mən sizi bir gün də işdə saxlamazdım! Qoduq da qızıldan olar?! Ya gümüşdən olar? Hansı ağılla bunu yazmısan, axı?! - dedi. - Bu boyda Azərbaycanda daha yazmalı bir şey tapmadın?

            Jurnalist Fərhadın tənəsindən incimədi:

            - Qəzet işinin incəliklərini bilsəydin belə danışmazdın. Sən oxucularımızı tanımırsan. Onlar Şərqdən həmişə qəribə xəbərlər gözləyirlər. Əgər yazsam ki, Bakı Avropa şəhərlərindən seçilmir, müasir aeroportu var, gözəl küçələri var, arxitekturasını təsvir eləsəm, mənə inanmayacaqlar. Amma desəm, bu Şərq ölkəsində uzunqulaqlar qoşa  qızıl qoduq doğurlar, hətta qoduqlar uçurlar, buna inanacaqlar! - dedi və birdən ayağını yerə döydü, çılğınlıqla, - Sənin vəzifən məni tezliklə, yubanmadan hadisə yerinə çatdırmaqdır. Bildin?! Mehmanxananı unut, geri dönməyi fikrindən çıxart! Nəhayət, sənə pulu nə üçün verirəm?!

            Fərhadın iyirmi beş yaşı vardı. Müsyö Jan onu yanına işə götürmüşdü. Ayda iki yüz amerika dolları maaş vəd eləmişdi. Jurnalistin Bakıya hansı müddətə gəldiyi məlum deyildi. Amma ali məktəbi bitirəndən sonra ixtisası üzrə iş tapmayan Fərhad bu təklifə sevinclə razı olmuşdu. Yol xərci əcnəbinin boynunda olduğundun, onunla hara desən getməyə hazırdı. İndi Fərhad müsyö Janın çığırtısından incimədi: « -  Məndən nə gedir ki?!» - deyə fikirləşdi.

            Sürücü Bakıdan gətirdiyi müştərilərdən canını qurtarmaq üçün canfəşanlıqla vağzalda gah ona, gah buna yanaşırdı. Bir azdan iki ələngə at qoşulmuş araba ilə qayıtdı. Fərhada arabaçını göstərdi:

            - Bu kişi sizi o kəndə çatdırmağı boynuna götürür… - dedi.

            Fərhad ona acıqlandı:

            - Dolamısan bizi, - dedi. - İyirmi birinci əsrdir ey! Deyirsən, arabaya minək?!

            Sürücü and-aman elədi:

            - Vallah, ora gedən maşın tapmadım. Hamı deyir körpünü sel aparıb, çayı keçmək olmur. Bu kişi isə deyir ki, mən onları aparacağam…

            Müsyö Jan tərcüməsiz də hər şeyi başa düşdü. Böyük ruh yüksəkliyi ilə:

            - Müsyö Fərhad, hirslənmə, araba da nəqliyyatdır! - dedi. - Mən razıyam. Səfərimizin təsvirini oxuyan oxucularımız əməlli-başlı əylənəcəklər.

            Fərhad jurnalistin sözündən sonra sakitləşdi, arabaçıya dedi:

            - Qardaş, amandı, arabanı yoxla, bizi yolda qoymasın daha!

            Arabaçı tüklü üzünü qaşıdı. Pambıq sırıqlısını çıxartdı. Hava isti idi. Gülümsədi:

            - Biz ora araba ilə getməyəcəyik!- dedi.

            Fərhadın ağzı açıla qaldı:

            - Bəs, nə ilə gedəcəyik? -Soruşdu.

            - Mən sizi dağ cığırları ilə aparacağam!Yolun bir hissəsini piyada gedəcəyik, arada ,istəsəniz,  ata da minərsiniz.

            Fərhadın rəngi qaçdı:

            - Qardaş, mən şəhərdə böyümüşəm, at-eşşək minməmişəm. Yıxılıb qol-qıçımı sındıracağam.  

            Orta yaşlı arabıçı nırçıldadı:

            - Ay qonaq, qorxma, mənim atlarım dinc  heyvanlardır… - dedi. - Getdiyiniz kəndin kişilərini mən adbaad tanıyırım. Kimə qonaq gedirsiniz?

            Fərhad çiyinlərini çəkdi:

            - Fransız bilir. Deyir, bu sirdir, kəndə çatanda deyəcəyəm.

            Arabaçı laqeyd halda:

            - Özünüz bilərsiniz, - dedi. - O kənddə iki cüt, bir tək adam yaşayır, nə sirbazlıqdır…  

            Fərhad yeni təklifi jurnalistə çatdıranda fransız sevincindən özünü itirdi. Dili dolaşa-dolaşa:

            - Müsyö, mən…, mən…, bu təklifə şadlıqla razı oluram… - dedi. - Reportajım daha rəngarəng alınacaq.

            Fərhad taksi sürücüsü ilə sağollaşdı. Jurnalistin iri çantasını maşından alıb arabaya yüklədi. Müsyö Jan dərhal arabaçının yanına qalxdı. Uşaq kimi sevinirdi. Cəld yüyəni əlinə aldı. Ətrafdakı adamların hoydu-hoydusundan çəkinən Fərhad isə utana-utana arabaya mindi. Samanın üstündə oturdu. Təbəssümlə buna tamaşa edən adamlar gülmürdülər. Fərhad sakitləşdi. Dedi:

            - Gedək, qardaş…

            Arabaçı bir-neçə nəfərin araba ətrafına toplaşmasını gözlədi. Fərhada tərəf çevrildi. Dərrakə ilə gülümsədi, barmaqlarını bir-birinə sürtdü:

            - Şəhərli qonaq, mənim muzdum nə olacaq? - Soruşdu.

            Tərcüməçi jurnalistlə məsləhətləşmədən dedi:

            - Bir on «şirvan» verərik, ürəyini sıxma!

            Arabaçı burnunu sırıqlısının qolu ilə sildi:

            - Azdır! - dedi. - Mən bu pula gedən deyiləm.

            Tərcüməçi sövdələşmədən arabaya mindiyinə peşiman halda:

            - Yaxşı, iyirmi «şirvan» verərik, - dedi. - Sür, gedək!

            Arabaçı yerliləri ilə baxışıb başını buladı:

            - Azdır! - dedi.

            Onun bu cavabı yerlilərinin atmacısına səbəb oldu. Biri dedi:

            - İstam ağa, jəqo məkə!

            O biri qışqırdı:

            -İstəm ağa, ıştı xıdo ni!

            Bir başqası dedi:

            - Kə xərob, ə qədə puli tı çiç kardedər?

            Tərcüməçi heç nə başa düşmədi, soruşdu:

            - Camaat nə deyir?

            Arabaçı həqiqəti dedi:

            - Deyirlər, insafsızlıq eləyirsən.

            Tərcüməçi ətrafa boylanıb baş əydi, razılıqla:

            - Sağ olun, - dedi və arabaçıya xitabən. - Aldatmadığına görə haqqını beş «şirvan»da artırıram.

            Arabaçı başını buladı:

            - Azdır!

            Bu söz onun ağzından çıxmışdı ki, vağzala vəlvələ düşdü. Hərənin ağzından bir avaz gəldi. Arabaçı yerlilərinə gözünü ağartdı. Hamı səsini kəsdi. Tərcüməçi özünü itirmiş halda:

            - Nə danışırsan, a kişi? Az niyə olur?! - dedi. - Bakıdan bura beş yüz kilometrdir, əlli «şirvan»a gəlmişik. Rayon mərkəzindən ora neçə kilometrdir, axı?

            Arabaçı dilini nırçıldatdı:

            - Yalan danışa bilmərəm, - dedi. - Kəsə yolnan on kilometr olar. Düz yol ondan bir az uzundur, amma körpünü sel aparıb. Mən sizi dağ cığırları ilə aparacam. Xatalı işdir, qardaş.

            Tərcümüçi mübahisə eləməyi artıq saydı, soruşdu:

            - Yaxşı, de görüm, nə qədər istəyirsən?

            Arabaçı qısaca dedi:

            - Yüz əlli dollar istəyirəm.

            Fərhadın heyrətdən az qala ağlı başından çıxsın:

            - Yüz əlli dollar? - deyə çığırdı. - Əşi, sən dollar nə qanırsan?

            Arabaçı istehza ilə:

            - Qonaq, yadında qalsın, dollar Afrikada da dollardır, Talış dağlarında da! Nədir üstümüzü unlu görmüsən? Deyirsən, şəhər-filan görməmişik? - dedi və mülayimliklə. - Bir də, ay müsəlman qardaş, nə özünə əl qatmısan? Sənin cibindən getmir ki? Əcnəbilər hər şeyimizə sahib çıxıblar. Bu dağlarda da bizi rahat qoymürlar.Götürək sənin alabəzək əcnəbini, yəqin bir  xeyri var ki, gəlib də! Onun üçün yüz əlli dollar nə puldur ki?!  Həm də pulu bəri başdan alacağam !Bunlara çox da etibar eləmək olmaz…

            Arabaçının bu çıxışını onun yerliləri dinməz razılıqla qarşıladılar. Tərcüməçi isə pərt oldu. Müsyö Jan narazılıqla gözləyirdi. Fərhad bir-neçə kəlmə ilə söhbətin məğzini ona anlatdı. Əcnəbi özündən çıxdı:

            - Müsyö Fərhad, mən iyirmi dörd saat ərzində qəzetə məlumat çatdırmalıyam. Karyeram bundan asılıdır. Sən isə hərrac açmısan! Ona de, mən razıyam. - dedi və cibindən iki əskinas çıxartdı.

            Arabaçı səbirsizliklə gözləyirdi. Tərcüməçinin ağzından söz çıxan kimi başını tamaşıçılara çevirdi. Baş barmağını yuxarı qaldırdı, sonra atları çubuqladı:

            - Tərpənin görək, - dedi və ona uzadılmış pulu aldı, qoynunda gizlətdi.  

            Araba dağın döşündəki həyətə çatdı. Arabaçı atları açdı, çulladı, başlarına yüyən saldı. Qonaqların çantalarına xurcuntayı bağlayıb atlardan birinə çatdı. Sonra təklif elədi:

            -  Şəhərli qardaş, min, - deyə atlardan birini hündür daşa yaxın çəkdi.

            Fərhad özünü itirdi:

            - Qardaş, qorxuram, axı, - dedi və gülə-gülə müsyö Jana tərəf çevrildi. - Müsyö, məni yaman bəlaya salmısan, birinci özün minəcəksən.

            Fransız gözlənilmədən həvəslə razılşdı. Daşın üstünə ayağını qoymağı ilə yabının üstünə qalxmağı bir oldu. Arabaçı İstamın könlü açıldı:

            - Ay maşallah, firəng, - dedi və Fərhada qınaqla baxdı. - Ay yerlim, bu əcnəbi səndən ürəkli imiş ki! Gör, atın belində necə şax dayanıb. Gəl, sən də min. Bizi biabır eləmə.

            Fərhad çantalar yüklənmiş yabıya mindi. İkiəlli atın yalından yapışdı. Arabaçı İstam qabağa düşdü. Heyvanlar yalnız bundan sonra tərpəndilər.    

- 35 -

            Jurnalist yol boyu dil boğaza qoymurdu. Fotoaparatı da aramsız çıqqıldayırdı. İmkanı olsaydı hər daşın, hər ağacın şəklini çəkərdi.

            - Müsyö, nə gözəl dağlarınız var!

            Şəhərdə böyümüş, bərkə-boşa düşməmiş tərcüməçinin silkələnməkdən ürəyi qalxırdı. Üz-gözündən zəhrimar yağırdı. Arabaçı soruşanda ki:

            - Bu əcnəbi nə qırıldayır?

            Yanağı səyriyən Fərhad acıqla dedi:

            - Axmaq kişi deyir, buralar gözəldir. Ay hay! Mənim silkələnməkdən içalatım tökülür., onunsa vecinə deyil. Bu dağ-daşda nə gözəllik tapıb bilmirəm.

            İstam alicənablıqla onunla razılaşdı:

            - Düz deyirsən, yerlim, - dedi. -  Səni qınamıram, öyrəşməyən adam üçün burda yaşamaq çətindir.

            Jurnalist Jan isə işində idi, boş dayanmırdı. Atdan tez-tez düşür, bələdçinin, Fərhadın şəklini çəkirdi. Ayağının altından sıçrayan tülkünü obyektivə sala bilmədiyinə isə  yaman dilxor oldu. Uzun müddət deyindi.

            Bələdçi onları sıx meşədən keçirtdi. O, sıldırım qayaların arasında uzanan cığırları məharətlə seçərək irəliləyirdi. Gün düşməyən yerlərdə qalın qar var  idi. Bələdçi dincəlmədən gedirdi. Əlindəki uzun çomağı ilə yolu yoxlayırdı.

            Bir azdan eniş başladı. Dibi görünməyən bir dərənin yanından ötəndə birdən Fərhadın mindiyi atın ayağı sürüşdü. Az qala minik qarışıq sıldırıma düşəcəkdi. Bələdçi vaxtında yüyəndən yapışdı. Dal ayaqları dərəyə sallanmış atı köməyə gəlmiş Janla zorla çıxartdı. Qorxudan bayılmış Fərhadı yəhərdən alıb, yerə uzatdılar. Jan başını itirmişdi. Bələdçi bir azdan özünə gəlmiş Fərhada dedi:

            - Yerlim, indi bildin niyə yüz əlli dollar istəyirdim? Görürsən, bu yollar necə xatalıdır…Allah üzümüzə baxdı.

             Tərcüməçi başını qaldırdı, qorxa-qorxa dərəyə baxdı:

            - Qardaş, qayıtsaq yaxşıdır. - dedi. - Halım pisdir.

            Bələdçi güldü:

            - Qayıtmaq nədir, ay zalım, bir azdan çatırıq, - dedi və mehribanlıqla -  Dur, gedək, yolçu yolda gərək! Bir də gör, bu əcnəbi nə deyir! Doğrayıb tökür, mən də başa düşmürəm…

            Fransız tez-tez danışırdı. Həyəcanı hələ də keçməmişdi. Fərhad ayağa durdu, hirslə nəsə dedi. Bələdçi gördü ki, əcnəbi cücə kimi büzüşdü. Yol boyu daha səsi çıxmadı. Atını çəkə-çəkə gedirdi. Təzədən yoxuş başladı. Bələdçi yorulmuş müsafirlərini gözləyə-gözləyə qalxırdı. O, yoxuşu fəth eləyəndən sonra yollandıqları kəndə çatacaqlarına ümüdini itirmiş Fərhada dedi:

            - Bu da arzuladığınız kənd! - dedi.

            Fərhad adda-budda görünən evlərə baxdı:

            - Nə kiçik kənddir! - deyə təəccübləndi.

            Bələdçi köksünü ötürdü:

            - Dağ kəndidir də...  - dedi və soruşdu. - Kim gilə düşəcəksiniz?

            Fərhad bu sualı Jana verdi. O, qoltuq cibindən dəftərçəsini çıxartdı, soruşdu:

            - Ehsan babanın evi hansıdır?!

            Bələdçi,  doğrudan, heyrətləndi:

            - Siz hara, Ehsan baba hara?!

            Fərhad mızıldandı:

            - Fransız bilər. - dedi. - Allah onun bəlasını versin…

            Kəndin daş döşənmiş küçələri qonaqları valeh eləmişdi. Fərhad heyrətlə:

            - Qardaş, bura şəhərdi ki! - dedi və qürurla fransız jurnalistilə söhbətə girişdi. Bayaqkı acığını unutmuşdu.

            Bələdçi boylandı. Gözünə ins-cins dəymədi. Mızıldandı:

            - Bu kəndin camaatı hardadır?

            Qarşılarına bir qız çıxdı. Əlində boğça vardı. Yad adamların yanından başını qaldırmadan keçəndə bələdçi dilləndi:

            - Salam, qızım, - dedi. - Kəndin adamları hanı? Gözə dəyən yoxdur…

            Qız Gülnaz idi. O, başını qaldırmadan astadan dedi:

            - Camaat körpü üstündədir. Deyirlər, bu gün yolu açacaqlar. Hamı ordadır. Siz körpüdən keçməmisiniz?

            Bələdçi əlini qaldırdı:

            - Biz dağdan keçib gəlmişik…

            Qız inamsız halda:

            - Həə?! - dedi. - Ola bilməz!

            Bələdçi qızı inandırmaq fikrində deyildi:

            - İnanmırsansa, özün bil! - dedi. - Mən Ehsan babanın qonaqlarını gətirmişəm. Ağsaqqal evdədir , ya o da körpü tikməyə gedib?

            Bələdçinin zarafatı qızın acığına gəldi:

            - Onun körpü tikən yaşı keçib! - dedi. - Evdədir. Gedək, mən də ora gedirəm.

 

- 36 -

            Gilə nənə Ehsan babanı gözdən qoymurdu. Körpə uşaq kimi qoruyurdu. Kişini əsir-yesir eləmişdi. Dəmlədiyi müxtəlif otların suyunu ona içirir, öz hazırladığı məhlullarla kürəyini-sinəsini tez-tez ovuşdururdu. Ehsan babanın yanına heç kimi qoymurdu. Ağsaqqalın özü də kimsəni görmək istəmirdi. Keçən həftə kürəkəninin çıxartdığı hoqqa, Həzərin və Bağının qəribə söhbətləri babanı yaman həyacanlandırmışdı. Bir sözlə, Ehsan baba tamam xanənişin olmuşdu. Heç körpünün tikintisi ilə də maraqlanmırdı. Əbinin sorağını alanda bir az sevinmişdi. Qarısı ilə baş-başa verib oğlanlarından xeyli şikayətlənmişdilər. Ehsan baba arada qarısından soruşurdu:

            - A Gilə, uzunqulağı yemləmisənmi? Təzə doğulan xotuqları nə təhərdir?

            Gilə nənə başdansovdu cavab verirdi:

            - Ay baba, səninki uzunqulaqlıq deyil. Sənə yaxşı həkim lazımdır. İnşallah, yollar açılsın…

            Baba bu cavabla çox vaxt kifayətlənirdi. Bu gün uzanmaqdan darıxıb:

            - Havaya çıxmaq istəyirəm, - dedi.

            Gilə nənə eyvanda kətil qoydu, üstünə döşəkcə atdı. Babanın qolundan tutub bayıra çıxartdı. Yalxı köynəkdə olan qocanın kürkünü gətirib onun çiyninə saldı. Sonra aralanıb yemək hazırlığına başladı. Günortaya qalmış bayırdakı sobanın yanında qurdalanan qarı səsə başını qaldırdı. Gülnaz tələsik ona yaxınlaşdı:

            - Nənə, nənə, babanın şəhərli qonaqları gəlib.

            Qarı doqqazdakı yad adamları gördü. Nəvəsinin əlindəki boxçanı ala-ala:

            - Bunlar kimdir, a bala? - dedi və təəccübdən boxçanı yerə saldı, babanın tər-təmiz yuyulmuş alt paltarlarını yerdən yığana qədər qonaqlar eyvana çatdılar.

             Nəvəsinin zil səsinə xəyaldan ayılan baba sevindi. Təəccüblənmədən yerindən:

            -  Xoş gəlmisiniz, yuxarı qalxın. Mənim aşağı düşməyə halım yoxdur, - dedi. - A bala, atları təndirin yanındakı otlağa burax. Əl-üzünüzü yumaq istəyirsinizsə elə orada bulaq var. Qızım, dəsmal ver qonaqlara.

            Gülnaz bir mərhəba çıxartdı. Qaça-qaça aparıb bulağın yanında toplaşmış qonaqlara verdi. Baba bir də buyurdu:

            - Qızım, keç qonaq otağını səhmana sal, - dedi. - A Gilə, day quruyub qalma. Çay-çörək tədarükü gör, qonaqlar yoldan gəliblər, yəqin acdırlar.

            Bir azdan eyvanda görünən qonaqlarının ayağına durmuş Ehsan baba onlarla təmənləşib qonaq otağının qapısını göstərdi:

            -  Nə niyyətlə gəlmisiniz, bilmirəm, xoş gəlmisiniz.

            Gələnlərin yerdə xalça üstə oturmalarını gözlədi. Özü də ağır-ağır yanını yerə verdi. Fərhad onların gəlişinin səbəbini soruşmadan evə dəvət eləyən qocanın səbrinə mat qaldı. Fransız civə kimi qaynayırdı. Oturmağı ilə dizi üstə durmağı bir oldu və gödəkçəsinin cibindən çıxartdığı qəzeti göstərdi. Fərhad jurnalistin ətəyindən çəkib oturtdu. Onu tələsməməyə çağırdı. Ehsan baba yad danışığa heyrət eləmədən:

            - Başa düşmədim, qonaq, - dedi və gülümsədi. - İnqilissiz?

            Fərhad ağsaqqal qocanın fəhminə mat qaldı:

            - Yox, baba, fransızdır, Parisdən gəlib - dedi və maraqla. -  Siz ingilisi harda görmüsünüz? Nədi bu dağlara ingilis gəlib çıxıb?  

            Ehsan baba dərinə varmadan qısaca dedi:

            - Hindistanda görmüşəm. - Və soruşdu. - Bəs, firəngin bu dağlarda nə işi var?

            Fərhad izah elədi:

            - Ehsan baba, yanımda oturan kişi jurnalistdir, yəni qəzetçidir. Mən görməmişəm, amma o deyir ki, Paris qəzetlərinin birində sizin haqqınızda məqalə çıxıb. Aydınlaşdırmağa gəlib.

            Baba cavanın qısa bığlarına, şümal yanaqlarına baxdı:

            - Oğlum, sən deyəsən, özümüzünküsən, axı? - dedi.

            - Elədir, baba. Bakıdanam - deyə Fərhad cəld cavab verdi. - Mən bu firəngin dilmancıyam.

            Bu arada Gülnaz çay sinisi ilə içəri girdi.  Bələdçi dərhal yerindən qalxdı. Qızın qolunun üstünə atdığı süfrəni alıb saldı. Çayları düzdü. Ehsan baba üst-başından kənd adamına oxşayan bələdçiyə işarə ilə Fərhada dedi:

            - Bəs, bu kimdir? Əcnəbi deyil ki?

            Ağsaqqalın zarafatı hamının könlünü açdı. Bələdçi sırıqlısını əynindən çıxarıb  yanına qoydu. Gülümsədi:

            - Xeyr, baba, əcnəbi deyiləm, xalis talışam. Rayonda olanam, - dedi. - Qonaqlarını dağlardan keçirib gətirmişəm.

            Ehsan baba bu yerdə heyrətləndi:

            - Nə danışırsan? Mən elə bildim körpü açılıb, siz də aşağı yolla gəlmisiniz. Camaat bir həftədir əlləşir. Körpü gah bu gün açılacaq deyirlər, gah sabah, - dedi. - Deməli, sən bu adamları o sıldırımlardan keçirmisən?

             Bələdçi başını tərpətdi. Baba tənə ilə:

            - Bəs, qorxmadın?

            Bələdçi izah elədi:

            - Ay baba, qonaqlar əl çəkmədi…

            Ehsan baba onun sözünü kəsdi:

            - Bəs, onları tələf eləsəydin nə cavab verərdin? - dedi və istehza ilə. - Bu dərrakədə olan kişi kimlərdəndir?

            - Nağdı ağanın nəslindənəm, - dedi. - Adım da İstamdır.

            Ehsan baba diksindi:

            - Həə? Deməli o nəsildən də sağ qalan varmış… Şükür Xudaya! Müharibədən qabaq sənin babanı köklü-köməcli Sibirə sürgün elədilər.

            Bələdçi ah çəkdi:

            - Elədir, hamı yolda  qırılıb. Bircə atam sağ qalıb. O, Vətənə qayıdan da mən kiçik idim. Nəsildən qalan bir mənəm, atam da rəhmətə gedib. - dedi. - Qonaqlarınla məşğul ol, ay baba, mən də çıxım nənəyə əl yetirim.

            Ehsan baba kədərlənmiş bələdçinin arxasınca baxdı. Sonra Fərhada döndü:

            - Bala, bayaqdan vəravürd eləyirəm, nəsə ağlıma batmır. Mən hara Firəngistan hara, yatsam yuxuma da girməz. Adım oranın qəzetəsinə niyə düşsün, axı?

            Fərhad bayaqdan onu səbirsizliklə dürtmələyən jurnalistə baxmadan çayını içirdi. Babanın sözündən sonra Jandan aldığı qəzeti ona uzatdı:

            - Bu həqiqətdir, baba. - dedi və qəzeti gözünə yaxınlaşdırdı. -  Bax, qəzet əlimdədir, tərcümə eləyirəm. «… kəndinin sakini yüz otuz yaşlı Ehsan baba adında bir kişinin eşşəyi doğub. Ən qəribəsi… - dedi.

            Hirsdən Ehsan babanın az qala ağsaqqalı da qaralsın! Buxarı papağı çıxarıb dizinə çırpdı. Əlinin dalı ilə qəzeti yana itələdi:

            - Bu da deyir, eşşək! Kəs səsini, cüvəllağı. Adam dolamısan? Durun kürünün burdan. - deyə çığırdı.

            Fərhadın rəngi ağardı:

            - Baba, sən Allah, hirslənmə. Biz sənin qonağınıq. Günahımız varsa,  bağışla.

            Ehsan babanı qonaq kəlməsi girdən saldı. Hirsini boğdu, astadan:

            - Allah şeytana nəhlət eləsin! - dedi. - Bala, axı, hirslənməyim neyləyim?! O boyda yolu atıla-atıla gəlmisiz ki, sənin eşşəyin doğub. Başınıza at təpib?! Eşşək nəmənə şeydir ki, sorağı Firəngistanda çıxa? Söhbəti dəyişin, baxmaram qonaqsınız, sizi iti qovan kimi qovaram.

             Fərhad qocanın təhqirini dinmədən udub fransızı da anlatdı. Bir az məsləhətləşdilər. Jan axırda dedi:

            - Yaxşı, madam belədir, söhbəti dəyiş, yaşından söhbət elə.

            Baba indi də onun yaşının doğrudan da yüz otuz olması ilə maraqlanan jurnalistə şübhə ilə baxdı. Narazılıqla Fərhaddan soruşdu:

            - Yaşımın qədərinə də inanmır?

            Fərhad qocanı sakitləşdirmək üçün dedi:

            - Baba, jurnalistdir də, sənəti belə şeyləri dəqiqləşdirməkdir. Burda könülə toxunun bir şey yoxdur.

            Baba ağızucu dedi:

            - Əslində mənim yüz iyirmi yaşım var. Amma başbiletimdə yaşım yüz otuz yazılıb.

             Fransız nəsə dedi. Fərhad tərcümə elədi:

            - Sizə baxanda buna inanmaq olmur. Çox cavan görünürsünüz.

             Fərhad, deyəsən, qocanın zəif damarını tapmışdı. Ehsan baba xoşhallandı. İstehza ilə güldü:

            - Ədə, xalası göyçək, deyirsən, yaşımı artırıram? - dedi. - Mən qəzetçilərə alışmış kişiyəm. Soruş, amma axmaq suallar vermə.

            - Firəng deyir ki, yaşının bu qədər olduğunu baba nə ilə sübut eləyə bilər?

            Baba ürəkdən güldü:

            - Ay Allahın mağmını, özüm-özümə nəyi sübut eləyim? - dedi. - Şüra hökuməti gələndə qırx yaşım vardı. Fitilbörkdə ağ padşah öldürülən ili anadan olmuşam. Sübutum budur.

            Fransız Fərhadla söhbətdən «Fitilbörkün» Peterburq olduğunu, «ağ padşahın» rus imperatoru  I Aleksandr olduğunu aydınlaşdırıb soruşdu:

            - Bu neçənci ildə olub?  

            Baba daha dözə bilməyib Gilə nənənin qadağasını unudub tənbəki çubuğunu çıxartdı, doldurub yandırdı, bir qullab aldı. Tüstüsünü yana üflədi:

            - Bu firəng lap piyada imiş ki! Tarix-filan bilmir, - dedi və tərcüməçinin onunla razılaşmağından ruhlanıb əlavə elədi. - Bala, keçənlərdə rayondan bir nəfər qəzetçi gəlmişdi. O da yaşımla maraqlanırdı. Deyən kimi oturub hesabladı. Qayıtdı ki, Ehsan baba sənin yaşın yüz iyirmidən çoxdur. İndi siz də savadlı adamlarsınız, oturun hesablayın.

            Jurnalist inamsız halda Fərhada qulaq asdı. Bir-neçə söz dedi. Tərcüməçi tərəddüd elədi, sonra peşəkarlıq borcunu yerinə yetirdi.  

            - Baba, müsyö Jan deyir ki, adamın inanmağı gəlmir, - dedi və üzürxahlıqla. - Bağışla, baba, əcnəbidir də sözünün başına ip salıb hirslənmə.

            Ehsan baba köksünü ötürdü, mülayimliklə dedi:

            - İnandı, ya inanmadı,  mənə isti-soyuğu yoxdur.

            - Özünüzü necə hiss edirsiniz, baba, canınızdan şikayyətiniz yoxdur ki?

            Ehsan baba qısaca dedi:

            - Əlhəmdülillah!

            - Cavabınızı fransıza nə təhər tərcümə eləyim, ay baba?

            - De ki, xəstə-filan deyiləm, - deyə baba deyindi. - Necə bəd-niyabət adamlara rast gəlmişəm, ey!

            Fərhad gülümsədi:

            - Fransız jurnalisti sizdən üzr istəyir. Deyir, səhvi varsa gərək baba bağışlasın, o bura xoş məramla gəlib.

             Ehsan baba mütəkkəni dirsəyinin altına çəkdi. Tərcüməçiyə göz vurdu:

            - Ədə, sənin bu firəngin lap adam kimi dil bilirmiş ki!

             Gilə nənənin içəri girməyi söhbətə ara verdi. Qarı şübhə ilə qonaqlara baxdı:

            - Qurtarmadız, baba, məşqulatınız nə uzun çəkdi, - dedi və əlavə elədi. - Əşi, qonağon vəşi məhaşt, qıno bə-kardej. Çımo harde hozıye…

            Qonaqların gəlişi, deyəsən, babaya düşmüşdü. Əvvəlki baməzəliyi qayıtmışdı. Qonaqlara dedi:

            - Sual-cavabı sonraya saxlayırıq. İndi qarı Allah verəndən gətirsin, biz də toqqamızın altını bərkidək.

            Gilə nənənin otaqdan çıxmağı ilə İstam ağanın girməyi bir oldu. Dərhal bilinirdi ki, o, xeyr-şər görmüş adamlardandır. Stəkan-nəlbəkini cəld yığdı, Gülnazın sinidə gətirdiyi yeməkləri süfrəyə düzdü. Gilə nənə qonaq-qaralı arvad olduğundan ehtiyyatda nəyi vardısa qonaqlar üçün göndərmişdi. Fərhadla Jan əvvəl utana-utana sonra ürəklə yeməyə girişdilər. İstam ağa da özünü babanın yanına vermişdi. Çığırtmadan, qayğanaqdan, yağdan-pendirdən sonra ortaya yenə çay gəldi. Qonaqlar aclığını rəf eləyəndən sonra öz aralarında söhbətləşirdilər. Müsyö Jan tərcüməçidən nəsə xahiş eləyirdi. Fərhad isə boyun qaçırırdı. Yalnız süfrə yığılandan sonra o çəkinə-çəkinə dedi:

            - Baba, bu əcnəbi bizim qayda-qanunları  bilmir. Məndən əl çəkmir, gərək onun dediyini tərcümə edim, vəzifəm belədir. İcazə versəydin bir sual verərdim…

            Ehsan baba xoşhallıqla:

            - Firəngin inqilisini görmüşəm, onların həyasızlığına bələdəm. Soruş görüm.

            - Arvadınız dururmu?  

            - Bayaq gördüyün qarı mənim arvadımdır, bala.

            - Deyəsən, nənə səndən cavandır, axı?

            Baba güldü:

            - Əlbəttə, cavandır. Dünənin uşağıdır. Cəmi-cümlətanı yetmiş yaşı ola, ya olmaya…

            Fransız heyrətlə çığırdı:

            - O lya-lya! - dedi və tez-tez doğrayıb-tökdü.

            Tərcüməçi bircə cümlə ilə onun həyacanlı nitqini ifadə elədi:

            - Nənə neçənci arvadınızdır?

            - İkinci övrətimdir, bala, - deyə baba könülsüz cavab verdi. - Birinci arvadım rəhmətə gedəndən sonra almışam.

            - Oğuldan-uşaqdan nəyiniz var?

            Baba dirçəldi:

            - Üç oğlum var, - dedi və ah çəkərək əlavə elədi. - Bir qızım da vardı. Bildir uşaq üstə rəhmətə getdi.

            - Fransız deyir ki, bir oğlunuzu tanıyır. Deyir, böyük alimdir, Parisdə kitabları çıxır. Özü də tez-tez Fransada səfərdə olur. Oğlunuz müsyö Jamla Bakıda tanış olub.

            Ehsan baba etiraz elədi:

            - Bu firəng yalan deyir. Oğlum alim olmağına alimdir, amma o adda mənim oğlum yoxdur.

            Fərhad jurnalistin verdiyi vizit kartına diqqətlə baxıb sevinclə:

            - Baba, bağılşla, oğlunuzun adı Cəmodur. Əcnəbi öz ləfzinə uyğunlaşdırır - dedi. - Cəmo müəllim mənim də müəllimim olub. Demək, oğlunuzdur…Mən Cəmo müəllimi yaxşı tanıyıram.

            Ehsan babanın üzü güldü:

            - Ay sizə qurban olum, bayaqdan belə deyin də, - dedi. - Cəmo balamın dost-tanışına canım qurbandır. Bundan sonra nə istəyirsiniz soruşun, sizə zaval yoxdur… İstam ağa…,

            İstam ağa bütün söhbətə dinməz qulaq asırdı:

            - Buyur, baba,

            - Oğlum, kənd içinə çıx, bir toğlu gətir. Kimə adımı versən, verərlər. Sonra özüm haqq-hesab çəkərəm.  Əziz qonaqlarımın başını çığırtma ilə aldatmışam, ayıbdır.

            İstam sırıqlısını götürüb otaqdan çıxdı. Fərhad etiraz elədi:

            - Baba, nə zəhmət çəkirsən, özünü xərcə salma, - dedi.

            Ehsan babanın ağ qaşları alnına qalxdı:

            - Biz çağrılmamış qonağı da adımıza-sanımıza layığ qarşılamalıyıq. Elin adəti belədir, - dedi və başını buladı.- Bir də bir toğlu nədir ki, adamı xərcə salsın.

            Müsyö Jan olanları tərcümə eləməyən Fərhada narazılığını bildirdi:

            - Müsyö Fərhad, belə olmaz, axı, nə baş verir?  Anlat görüm.

            Fərhad hər şeyi qısaca jurnalistə izah elədi. Jan babanın qonaqpərvərliyindən vəcdə gəldi. Həyacanla düdüləyib tökdü. Tərcüməçi zorla çatdırırdı:

            - Firəng təşəkkürünü bildirir, baba. Və soruşur ki, o biri oğlanların nə işlə məşğuldurlar?

            Ehsan baba həvəslə dedi:

            - Böyük oğlanlarımın ikisi də alimdir, o birisi Sumqayıtda yaşayır. Zavodda işləyir. Usta adamdır. Əlindən hər iş gəlir. Sizə qulluq eləyən qız uşağı rəhmətə gedən qızımın balasıdır.

            Fərhad dəqiqləşdirmək üçün:

            - Bir halda ki, sizin yüz otuz yaşınız var. Onda böyük oğlanlarınızın yüz yaşı olmalıydı ki? - deyə soruşdu və əlavə elədi. - Amma Cəmo müəllim çox cavandır, axı. Heç əlli yaşı olmaz.

            Baba saqqalını qaşıdı:

            - Övladlarım mən ikinci dəfə evlənəndən sonra doğulublar. Mənim onda yetmiş yaşım vardı.

            Fransız dəli kimi əl-qolunu yellətdi, ağzı köpüklənə-köpüklənə danışdı, yekə burnu qızardı, gödəkçəsinin yaxasını açdı. Ehsan baba təəccüblə tərcüməçidən soruşdu:

            - Bu firəngə birdən-birə nə oldu? Yaxasını niyə cırır?

            Tərcüməçi babaya rəğbətlə baxdı:

            - Firəngi sənin məlumatın dəli eləyib, baba!- dedi. - Deyir, siz xoşbəxt kişisiniz.

            Baba onların heyrətlənməyindən zövq ala-ala:

            - Hələ bu harasıdır!

            Fərhad fransıza qulaq asmadın özü sual-cavaba başladı:

            - Başına dönüm, a baba, yetmiş yaşında evlənəndə zövcənizin neçə yaşı vardı?

            Baba bic-bic güldü. Sözün hara çıxacağını əvvəldən bilirmiş kimi:

            - Arvadımın onda iyirmi yaşı vardı.

            Fərhad alicənab qocadan ərklə soruşdu:

            - Ay baba, arsızlıq eləyirəm, amma gərək soruşum. Sən yetmiş yaşında qoca kişi cavan qız alanda nə fikirləşirdin?

            Ehsan baba köhnələri yada salıb güldü:

            - Evlisən, bala?

            Fərhad əlüstü dilləndi:

            - Evliyəm, baba, keçən il evləndiriblər.

            - Evlənəndə neçə yaşın vardı?

            - İyirmi üç.

            Baba aşkar bir hiyləgərliklə:

            - Bala, sən iyirmi üç yaşında evlənəndə nə fikirləşirdinsə, mən lə yetmiş yaşında evlənəndə onu fikirləşirdim. İndi özün hesabını götür!

            Qocanın fəndgir cavabı Fərhada ləzzət elədi. Bayaqdan onun böyrünü dürtmələyən jurnalistə mükaliməni qısaca anlatdı. Əcnəbi də gülümsədi. Dedi:

            - Qocadan soruş, gör, uşaqların hamısı onundur?

            Fərhad tərcümənin axıra çatdıranda sözün təhqiramizliyini anladı, amma gec idi. Qorxa-qorxa babanın cavabını gözlədi. Qocanın rəngi qaraldı:

            - Bala, bu firəng oğraşdan soruş görüm, anası varmı? - deyə qayim səslə soruşdu.

            Fərhad onun dediyini yerinə yetirdi.

            - Müsyö Jan deyir ki, anası var. Parisdə yox, əyalətdə yaşayır. Əlli yaşı var.

            Ehsan baba böyük hiddətlə:

            - Firəng kişiliyimə inanmırsa, qoy anasını versin mənə. Bu yaşımda da onunçun bir dağlı qardaş əkməsəm, pis kişiyəm.

            Qocanın sərt cavabı jurnalistin şənliyinə səbəb oldu.

            - Baba, əcnəbi deyir ki, zarafat elədim. Qoy, məni bağışlasın. Deyir, sənin təklifini anasına çatdıracaq. Yəqin ki, o,  Ehsan babanın təklifindən imtina eləməz.

            Qonağının bu arsızlığını görən qocanın hirsi keçdi.

            - Əşi, bunlar nə mütrüf xalqdır! - dedi. - Firəngistanda kişi sarıdan, yəqin ki, korluq çəkirlər. Cavan olsaydım verərdim özümü o tərəflərə.

            Qocanan sərrast cavabı Fərhada yenə ləzzət elədi. Jan isə heç nə olmamış kimi sözü dəyişdi:

            - Yaşayışınız necədir, baba?

            Baba ağzıucu cavab verdi:

            - Pis deyil.

            Jurnalist əl çəkmədi:

            - Kəndiniz abad da olsa, yollarınız bərbaddır. Görürəm  işığınız yoxdur, qazınız yoxdur…

            Baba yenə başdansovdu cavab verdi:

            - Buna da min şükür.

            - Baba, firəng soruşur, Sovet vaxtı yaxşı idi, ya indi?  

            Baba ehtiyyatla cavab verdi:

            - Şura hökuməti dağılmasaydı yaxşı olardı, - dedi. - Amma heç indi də pis deyil.

            - Bəs Sovet hökuməti qurulmamışdan qabaq? Onda necə idi?

             Ehsan baba dikəldi. Otuzuncu illərin qorxusu hələ də canından çıxmadığından başladı nala-mıxa vurmağa:

            - Nə deyim, bala? - dedi. - Nikolay vaxtı kəndin torpaqlarının bir hissəsi bizim dədə-baba mülkümüz olub. Əkin yerimiz, otlaqımız, meşəmiz vardı. Sürü ilə qoyun, naxırla mal-qara, ilxı ilə at saxlayırdıq. Onda da pis deyildi.

            Fərhad kişinin ağrıyan yernə toxunduğunu anladı. Dəqiqləşdirmək üçün soruşdu:

            - Bəs, sonra nə oldu?

            Baba gümrahlıqla gülümsədi:

            - Sonrası da yaxşı oldu, - dedi. - Mal-mülkümü kolxoza verdim.

            Jurnalist təəccübləndi:

             - Hamısını?

             - Hamısını.

             - Özün verdin, ya aldılar? - deyə Jan şübhə ilə soruşdu.

             - Özüm verdim.

         -  Bəs peşiman olmadın?

            Bu yerdə baba bic-bic güldü:

            - Peşiman olana Şura hökuməti Sibirdə ağac qırdırırdı.  - dedi və üzünü tərcüməçiyə tutdu. - Bu zırrama səksən illik yaralarımın közünü qopartdı. Qoy, sözü dəyişsin…

            Fərhad bunu jurnalistə çatdırdı. O, qeydlər elədi, kasseti qurtarmış diktafonun kasetini dəyişdirdi. Fikri dağınıq soruşdu:

             - Oğlanların səni niyə yanlarına aparmırlır? Onlardan narazı deyilsən ki?

            - Mən oğlanlarımdan razıyam. Bizi Bakıya aparmışdılar, amma şəhərdə yaşaya bilmədik. Bu ev-eşiyi də onlar səhmana salıblar, - dedi və qürurla əlavə elədi. - Odur ey, kiçik oğlum körpünün xərcini tək çəkib.

            Jurnalist yenə nəsə mızıldandı. Deyəsən, tərcüməçini dilə tuturdu. Fərhad heç cür yola gəlmirdi. Nəhayət, o, yarıkönül razı oldu. Yalvarışla babaya dedi:

            - Baba, başına dönüm, bu heyvan oğlu yaxamdan əl çəkmir. Yenə eşşəklə maraqlanır.

            Baba dərindən köksünü ötürdü:

            - Heyif ki, Cəmonun adı ilə gəlib. Yoxsa, ona elə bir düdəmeyi-hindi gələrdim ki, doğulduğuna peşiman olardı, - dedi və mümkün qədər mülayimliklə: - Oğlum, sən əcnəbini başa sal. Eşşək nə olan şeydir ki, onun söhbətini eləyəsən? Başına söz qəhətdir? Öz aramızdır, bakılı balası, elə sən də firəng ağıldasan ha!

            Fərhadın dolu yanaqları qızardı:

            - Baba, keç günahımdan, - dedi. - Vallah, sənin dediklərini ona demişəm. Amma əl çəkmir, deyir ki, mən elə bu eşşəkdən ötrü bura gəlmişəm. Deyir, dəqiq məlumat yazmasam, məni işdən qovacaqlar.

            Bir az fikirləşəndən sonra baba çar-naçar dilləndi:

            - Yaxşı, bala, ona de ki, mənim bir qart eşşəyim var. Doğrudan da, yaz qabağı, mən xəstə olanda bir cüt qoduq doğub. Hə, razı qaldımı?

            Jurnalist sevinclə dilləndi:

            - Deyilənə görə, eşşəyin balalarından biri qızıldandır, o birisi gümüşdən! Bu doğrudur?!

            Ehsan baba diksindi, istehza ilə:

            - Qoduq da qızıldan olar? Səfeh-səfeh danışma, bala! - dedi və deyindi. - Nə görməmiş əcnəbidir? Mən firəngin inqlisini görmüşəm. Onları çox ağıllı millət deyirdilər. Bu firəng lap səfehdir ki. Yəqin bu da dağlarımızın kəramətindəndir. Bizim yerlərə firəngin də  ən axmağı gəlib çıxır.

            Fərhad jurnalistin dümsüyünü gözləmədən babanın dediklərini ona ləzzətlə tərcümə elədi. Pərt olmuş Jana söz atdı:

            - Al payını, müsyö Jan! - dedi.  

            Amma fransız da az aşın duzu deyildi, təslim olmurdu:

            - Qocadan soruş gör, eşşəyi haçan doğüb? - dedi. -  Həmin günü oldüğü kimi təsvir eləyə bilər?

            Hətta belə sadə sual da babanın xoşuna gəlmədi:

            - Nədi, qoduğa başbilet yazacaq? - dedi və başını buladı. - Eşidin, bilin, ay qonaqlar, eşşək Novruzdan on gün sonra balalayıb.  Həmin gecə nasazdım. Tövləyə qarım düşmüşdü. Gəlib dedi ki, eşşək əkiz qoduğ doğdu. Bununla da iş bitdi. İndi on gün keçib. Bu firəng kimi bir neçə əbləh də kəndimiz də var. Onlar da eşşəklə maraqlanırdılar, məni hirsləndirirdilər. Mən o çər dəymiş qoduğları heç görməmişəm. İndi deyirsiz qızıldandı, qoy elə də olsun. Deyirsiz, gümüşdəndir, qoy elə olsun.            

            Fərhad eşşəyə başbilet yazmaq ifadəsinə bir xeyli güldü, dedi:

            - Ay baba, deyirsən sən təzə doğulmuş qoduğları görməmisən?

            Ehsan baba həqiqi bir bezginliklə:

            - Görməmişəm, bala. - dedi. - Qoduqdu da, gedib onun nəyini görüm?

            - Baba, icazə versən biz gedib qoduğlara baxardıq.  

            Baba dərhal əllərini yerə dayaq verib qalxdı. Qonaqlar da durdular:

            - Gedək, bala, - dedi. - Ay bakılı balası, elə sən də bu firəngdən geri qalmırsan ha! Qoduq da qızıldan, ya gümüşdən olar? Bu harada görünüb, axı?

            Fərhad dinmədi. Jurnalist qapının yanında qoyduğu çantadan fotoaparatı çıxartdı, boynundan asdı.

            Ehsan baba şübhə ilə:

            - O  nədir, elə? - dedi. -  Ona de, diləyini özünə yük eləməsin, mənim evimdə onun şeylərinə toxunan olmayacaq. .

            Fərhad izah elədi:

            - Bununla şəkil çəkirlər, baba.

            - Kimin şəklini çəkmək istəyir bu firəng?

            -  Baba, əcnəbi deyir ki, sənin şəklini qoduqlarla yanaşı çəkəcək, Parisə göndərəcək.

            Ehsan baba qeyzləndi, tənbəki çubuğunu xəncəl kimi irəli uzatdı. Fərhad geri atıldı:

            - Məni qoduqlarla yanaşı? Ay köpəkloğlu!!

            - Baba, baba,…

            - Zəhrimar baba, çor baba! Getsin cəddi-əqrabasının şəklini eşşəklə yanaşı çəksin. Mən yüz otuz il yaşamışam, hələ gülüş yeri olmamışım. İtilin burdan!

            Fransızla tərcüməçi arasında mübahisə düşdü. Fərhad gödəkçəsinin cibindən bir dəstə pul çıxartdı. Bu ona verilmiş zəhmət haqqı idi. Pulları hirslə fransıza uzatdı:

            - Müsyö, sənin boş təhdidlərin məni cana yığıb, - dedi. - Al, verdiyin pulu. Mən ağsaqqal kişini bihörmət eləyən deyiləm.

            Fransız quzu kimi yumşaldı. Fərhadı xeyli dilə tutandan sonra, axır ki, onu pulu yenidən cibinə qoymağa razı saldı. Sonra tərcüməçi onların didişməsinə maraqla baxan Ehsan babaya dedi:

            - Baba, mən hər ikimizin əvəzində üzr istəyirəm. Əcnəbi təklifini geri götürür. Deyir ki, babanın könlünə dəydiyinə peşimandır. Deyir ki, mən sizin qaydaları bilmirəm. Buna görə günahımdan keçsin.

            Ehsan baba köksünü ötürdü:

            - Belə ha, - dedi. - Sıpəzuə, hə bəke, az bəke! Imən sıxane?!

            Fərhad yalvarışla:

            - İndi icazə versən, tövləyə düşüb qoduğlara baxardıq.

            Ehsan baba mızıldandı:

            - Ay görməmişlər! - dedi və qabağa düşdü. - Əcəb zəmanədir, Firəngistandan dur, atıla-atıla gəl, çıx bu dağlara, nə var, nə var, qoduğa baxacağam…

            Qonaqların gözünün odunu alan baba eyvana çıxdı. Gilə nənə sobanın yanında qurdalanırdı. Babanın ayaqqabı geydiyini görüb:

            - Hara, inşallah? - dedi və xəbərdar elədi. - Xəstəsən, axı.

            Qonaqlar gələndən sonra dirçəlmiş baba kükrədi:

            - Başqa sözün yoxdur? O qədər xəstə-xəstə deyirsən xəstəlik canımdan çıxmır, - dedi.

            Bu ərköyünlük keçmədi, qarının üzü dönmüşdü. O, gözünü ağartdıqda baba dərhal üzüyolalıqla əlavə elədi.

             - Ay Gilə, qonaqlar darıxırdı, dedim, bir az onları gəzdirim. Qoy, həyət-bacaya, bağa-baxçaya baxsınlır. Şəhər adamlarıdır, hər şeylə maraqlanırlar. O tövlənin də açarını gətir.

            Glə nənə tövlə sözünə belini cəld qaldırdı. Sobanın tüstüsündən qızarmış üzündə gözləri köz kimi alışdı. Onların qabağını kəsdi. Əlindəki yarmaçanı qaldırdı, çığırdı:

            - Tövləyə heç kimi qoymaram. O üç oğlumun canına, o bir qızımın qəbrinə and olsun, kimsəni ora yaxın buraxmaram, - dedi və ağzı hirsdən köpükləndi. -  Bu da dədə-baba var dövlətidir bəyəm, heç-puç eləyəsən?

            Ehsan babanı qarının halı qorxutdu:

            - Vay, vay! Yenə sayır-bayır danışırsan? - dedi. - Tövlədə nə var ki, mən onu heç-puç eləyim? Şəhərli qonaqlar eşşəyə-qoduğa baxmaq istəyirlər. Məni xəcalətli eləmə, qoy keçək.  Qonaq Allah qonağıdır, sözünü yerə sala bilmərəm.

            Gilə nənənin cinni qışqırığı həyəti başına götürdü:

            - Qoymaram, çəkil! Mən qonaq-filan bilmirəm! - dedi və birdən gözündən yaş selləndi, yalvardı. - Baba, başına dönüm, oğlanlarına yazığın gəlsin. Onları quru yerdə qoyma!

            Nənənin dəli çığırtısı qonaqları vahiməyə salmışdı. Bilmirdilər neyləsinlər. Fransız, deyəsən, hər şeyi başa düşmüşdü. Fərhadın tərcüməsini gözləmədən həyacanla ona dedi:

            -   Qoca madama de ki, biz onların əlindən heç nəyi almaq istəmirik. Biz ancaq baxmaq istəyirik. Qoy, ağlamasın.

            Ehsan baba Fərhada qulaq asıb, qonaqların qolundan tutub geri çəkdi. Ehtiyatlanırdı ki, qarısı yarmaçanı işə salar:

            - Yaxşı, ay Gilə, sakit ol. Necə desən elə də olacaq, - dedi və hirsini qonaqların üstünə tökdü. - Nə bəd-niyabət adamlarsız, qarımın yenə də dəliliyi tutdu. Qoduğlara baxmaq fikrindən vaz keçin.

            Fərhad babanın sözündən incimədən tez razılaşdı:

            - Yaxşı, baba, əcnəbi özü də fikrindən daşınıb. Amma nənəyə de, daha ağlamasın.

            Baba qonaqların yanında onun sözünü yerə salan qarısına kədərlə müraciət etdi:

            - Ay Gilə, Allah üzünü qara eləsin. Məni xəcil elədin, - dedi. - Yeri, çay göndər. Daha gözünün qorasını tökmə.

            Gilə nənə əlindəki yarmaçanı yerə atıb hirslə sobanın üstündə pıqqapıqla qaynayan çaydana yanaşdı. Gözlərini ətəyi ilə sildi. Nənəsinin dəliliyini görüb küncə sıxılmış nəvəsini əli ilə çağırdı. Amma eyvanda ayağını götürüb-qoyan qonaqlar çay içməyə macal eləmədilər. Onların bələdçisi doqqazda göründü. İstam ağa yekə bir qoçun buynuzundan çəkərək həyətə saldı. Ehsan baba bayaqkı qanıqaralığı yaddan çıxardıb eyvandan səsləndi:

            - Bala, kəsib-soymağa adam gətirmədin? - dedi və həyətə düşdü. - Allah qocalığın evini yıxsın, qolumda gir qoymadı. Bunu indi kim kəssin? Əlindən gəlir?

            Qarının yanından qorxa-qorxa keçib aşağı düşmüş qonaqlara baxan İstam ağa gülümsədi. Sırıqlısını soyundu:  

            -  Ay baba, kişi deyilik?  Qoyun kəsmək nə çətin şeydir? - dedi və qoltuğundan bir qəmə çıxartdı.

            Ehsan baba qonaqlarını irəli dəvət elədi:

            - Gəlin, bala, hərçənd, hətərən-pətərən iş üçün gəlmisiz, amma oğlum Cəmonun tanışlarısız. Gərək, ayağınızın altında toğlu kəsəm.

            Qonaqlar etirazlarını bildirənə qədər İstam ağa  yerə yıxıb üzü Qibləyə çevirdi qoçun başını bədənindən ayırdı. Qəməsini Gülnazın qaça-qaça gətirdiyi su ilə yudu. Ev sahibinin təkidi ilə qonaqlar hələ də rəşə ilə titrəyən cəmdəyin üstündən adlamalı oldular. Ehsan baba zarafat da elədi:

            - Qoy, qada-bala sizdən uzaq olsun, - dedi, amma ürəyindən keçəni gizlətmədi. - Balalarım, sizin kimi iki səfehi bu dağlarda görməyimə şadam. Hərçənd sizin kimi səfehlər bizdə də kifayət eləyir.

            Babanın zarafatına Fərhadın qırışı açıldı. Nədənsə kədərlənmiş jurnalistə xalqın adət-ənənəsi barədə nitq söylədi. Babanın bu görünməmiş qonaqpərvərliyindən Janın gözləri doldu. Nəsə deyəcəkdi ki, İstam ağa toğlunun dərisini soya-saya dedi:

            - Baba, körpünü qurtarıblar, gözün aydın. İndilər də yol açılacaq.

            Ehsan baba uşaq kimi sevindi:

            - Nə danışırsan, bala, ay səni xoş xəbər olasan. Kimdən eşitdin?

            - Əşi, kənd meydanında arvad-uşaq əlindən tərpənmək olmur. Hamı bundan danışır. - deyə İstam güldü. - İndi maşınlar kənddən əskik olmayacaq.

            Ehsan baba əlini göyə qaldırdı:

            - Şükür Xudaya, neçə vaxtdır qalmışdıq belə. Qonaqlarımızın ayağı sayalı imiş.

             Fərhad bunu eşidib xahiş elədi:

            - Baba, icazə versəydin əcnəbi ilə kəndə çıxardıq, bir az gəzərdik.

            Ehsan baba etiraz eləmədi:

            - Buyur, oğlum. Özüm sizinlə gedə bilmərəm, ayaqdan naxələfəm. - dedi və zarafat elədi. - Kəndimizdə eşşək çoxdur, onlara tamaşa eləsəz, bəs eləyər. Eşşək eşşəkdir də.

            Bu istehza qonaqların da təbəssümünə səbəb oldu.

- 37 -

            Qonaqlar gedəndən sonra İstam ağa qoyunu soyub qurtardı. İçalatını ayırdı, cəmdəyi şaqqaladı, əti mis tabağa yığdı. Ətrafında atılıb-düşən köpəyə bir sümük atdı. Tabağı qaldırıb eyvana apardı. Gilə nənənin saldığı köhnə palazın üstündə bardaş qurub işini davam elədi. Kətildə yerini rahatlamış babadan soruşdu:

            - Qonaqların nə işə gəliblər, ağsaqqal?

            Ehsan baba qəribə bir şübhə ilə ona baxdı:

            - Neçə saatdır onlarla yol gəlirsən, bilmirsən nə işə gəliblər?

            İstam ağa:

            - Yox, ay baba, - dedi. - Soruşdum, demədilər. Əslində  kəndə girənə qədər kimin qapısında düşəcəklərini də bilmirdim.

            Ehsan babanın şübhəsi qalsa da özünü o yerə qoymadı:

            - Bala, desəm inanmazsan, qonaqları mənim eşşəyim maraqlandırırdı.

            İstam ağa heyrətdən barmağını biçağın ağzına verdi.

            - Ola bilməz, - dedi. - Eşşəyinə nə olub ki?  Buynuz çıxardıb?

            Baba sadəlövhlüklə:

            - Yox, doğub.

            İstam ağa heç nə başa düşmədi:

            - Nə olsun?

            Ehsan baba bayaqdan səsi çıxmayan qarısına tərəf baxdı. O eşitməsin deyənə astadan dedi:

            - Bala, qonaqlar deyirlər ki, sənin eşşəyin bir gümüş, bir qızıl qoduq doğub. Gəlmişik ona baxmağa.

            Xeyli yaşı olan qocanın xərifləməsi aydın oldu. İstam ağanın buna şübhəsi qalmadı. Elə belə dedi:

            - Aparıb göstərəydin də, ay baba.

             Ehsan baba mızıldandı:

            - Gilə ölmüş qoydu bəyəm? Bir qan saldı ki, gəl görəsən. Qoymadı qonaqlar qoduqlara baxsınlar.

            İstam ağa tez əlindəki işi qurtardı. Əlini yumaq bəhanəsi ilə eyvandan düşdü. Gedə-gedə fikirləşdi: « - Ay yazıq Ehsan baba, bir belə yaşamaq da bir şey deyilmiş, - deyə ah çəkdi. - Bu dağların ağsaqqalı da ağlını itirdi.Hayıf!»

- 38 -

            Başı qonaqlarına qarışsa da Cəmo müəllim aldığı məktubu yaddan çıxara bilmirdi. Bir neçə dəfə rayon mərkəzinə zəng elədi. Öyrəndi ki, kəndlə, nəinki, telefon əlaqəsi yoxdur, hətta yol da kəsilib. Daşqınlar körpünü aparıb. Ali məktəbdə də işlər nəzərdə tutduğu kimi getmirdi. Rektor sözünün üstündə durmurdu. Müxtəlif bəhanələr gətirirdi. Professorun fəxri diplomla təltifi mərasimi gecikirdi. Axır ki, razılığa gəldilər. Bu iş baş tutdu. Cəmo arxayın halda Cümüyə zəng elədi:

            - Mən sabah çıxırım.

       … - Yol açılıb ki?

            Cəmo Cümünün laqeydliyini bildiyindən gülümsədi:

            - Heç nə ilə maraqlanmırsan ha. - dedi. -  Mən sənin yanında uyarlıyam ki. Rayon mərkəzinə zəng eləmişdim. Deyirlər, sabah yol açılmalıdır.

            Cümünün səsi lap ləng çıxdı:

       …  - Səninlə eyni vaxtda çıxa bilmərəm.

            Cəmo karıxdı:

            - Bah! Danışmışdıq, axı, - dedi. - Rektordan üç-dörd günlük icazə ala bilmirsən?

            Cümünün qırıq gülüşü eşidildi:

       … - Rektorun nə sözü ola bilər? Məsələ bir az başqa cürdür. Ali məktəbə qəbul imtahanlarından söhbət gedir. Onu həll eləməmiş hara gedirəm. Biz də gözümüzü ona dikmişik də.

            Cəmo söz atdı:

            - Ay qardaş, hər il qəbullara düşmürsən, bəyəm? Bəs eləmədi?

       … - Hmm! Özünə baxma, burdan verub Parisdən çıxırsan. Kitab çıxardırsan, qonorar alırsan. Özün də tək adamsan. Mənim ehtiyaclarımın isə sayı-hesabı yoxdur, - deyə Cümü dərhal cavab verdi. - Yeri gəlmişkən, sirr deyilsə, ikinci kitabın üçün nə qədər pul aldın?

          Cəmo könülsüz halda:

          - Hələ avans veriblər.

         Cümü əl çəkmirdi:

   …  - Əşi, qədərini de də! Əlindən almıram ki!

- İyirmi beş min almışam. Bu müqavilənin əlli faizi eləyir.

    … - Müqaviləni neçə minə bağlamısan ki?

         - Əlli minə.

         Bundan sonra Cümünün səsi batqın çıxdı:

    … - Əlli min nə?

          Cəmo telefona tərs-tərs baxdı:

         - Dollardan söhbət gedir, ay qardaş, - dedi. - Fransada bizim danqa manat işləmir ki.

         Cümü həsədlə soruşdu:                             

    … - Paho! O qədər pulu neyləyəcəksən?

         Cəmonu pul söhbəti bezdirdi. Amma Cümünün küsəyənliyini bildiyindən mülayimliklə:

          - Xərcləməyə yer  taparam, - dedi və sözü çevirdi. - Bu qızıllı-gümüşlü qoduq əhvalatından ağlın nə kəsir?

         Cümü xəttin o başında yanıqlı bir ah çəkdi. Cəmo gülümsədi. Qardaşının af-ofunun səbəbini yaxşı bilirdi. Amma Cümü başqa cür danışdı:

    … -  İki əlsiz-ayaqsız qocanı o dağlarda tək qoyanda elə olar da. İmkanım olsaydı ikisini də gətirərdim yanıma. Amma mənzilim dardır.

         Cəmo onun eyhamını cavabsız qoymadı:

         - Mən yanıma gətirmişdin də, yadında deyil, qaldılar bəyəm? - deyə hirsləndi.

    … - Yaxşı, hirslənmə, - deyə Cümü Cəmonun hirslənməyinə sevinərək soruşdu. - Əbidən nə xəbər var? O da gedir?

         Cəmo təəccübləndi:

         - Xəbərin yoxdur? Əbi çoxdan rayondadır. Körpünün tikintisini boynuna götürüb.

        Cümünün səsi lar elə bil quyunun dibindən gəldi:

   … - Haçan gedib ki?

        Cəmo qardaşının iynələrini özünə qatarmaqdan ləzzət aldı:

        - O, bizdən qeyrətlidir. Bir həftədir ordadır.

      Cümünün sonrakı sualından məlum oldu ki, onu işin maddi tərəfi daha çox maraqlandırır.

  … - Körpü tikməyə o qədər pul hardan tapıb? Nədir o da kitab buraxıb? Qonorar alıb?

       Cəmo Cümünün atmacasına baş qoşmadı:

      -  Əbi dedi ki, elə bir xərci çıxmayıb. Əvvəl işlədiyi zavod bir-neçə beton panel, bir xeyli lazımsız metal verib. Sement alıb, bir də yola xərci çıxıb. Qaynaq aparatıdır, alətlərdi özündə var. Daha usta adamdır da! Həm də kənd camaatı da kömək eləyir, axı.       

       Cümü incik halda:

   …- Sənə zəng eləyir, məni heç saymır.

       Cəmoya belə şeylər az təsir eləyirdi:

      - Guya mənə saydığından zəng eləyib? Ay tövbə! İşi düşmüşdü.

       Cümü dərhal dilləndi:

 … - Pul istəyirdi? Bəlkə, aldığın qonorardan xəbər tutub?

      Cəmo narahat halda etiraz elədi:

      -  Əşi, sən də bu qonorardan əd çək də! - dedi. - Əbi xahiş elədi ki, icra başçısına zəng edim, kömək eləsin. Tikintiyə qaldırıcı kran, taraktor lazım idi. Mən də zəng eləyib yoluna qoydum.

    … - Sən bizim  rayonun icra başçısını hardan tanıyırsan?

        Cəmo könülsüz halda:

        - Bir yerdə oxumuşuq, - dedi. - Sağ olsun, sözümü yerə salmadı.

        Cümü nədənsə hirsləndi:

  …  - Əbiyə bax ha! Həmişə özünü gözə soxur. Elə bil pulu artıq düşüb? Nədi o rayonda hökumət yoxdur? Niyə başqasının işini görür?

        Cəmo razılaşmadı:

        - Düz danışmırsan, Cümü, - dedi. - Əbi demişkən, körpü bizim nəslin işidir.

        Cümünün istehzalı səsi eşidildi:

  … - Deyirsən, körpüyə Əbinin adını verək? Əyalət şöhrətpərəstliyi onun canındadır da.

      Cəmo söhbəti davam eləməyə daha həvəs göstərmədi. Laqeyd halda sağollaşdılar.

- 39  -

       Qadınlarla səfərin narahatlığına dözmək kişilərdən səbr istəyirdi. Maşın nə qədər rahat olsa da, yol onları yormuşdu. Cəmo bir-neçə dəfə dayanmalı oldu. Abşeronun boz və xəsis çöllərindən sonra yaz yaşıllığına bürünmüş cənub əyalətləri adamın könlünü açırdı.

        Qadınlar arxada oturmuşdular. Fransız qızının çənəsi, deyəsən, dəmirdən idi. Zalım qızı dil boğaza qoymurdu. Onun dediklərinin yalnız üçdən birini başa düşən Gülər heç ondan birinə də səlis cavab verə bilmirdi. Tez-tez ərinə müraciət eləməli olurdu.

       Cəmo bir-neçə gün professoru, onun qızını bu səfərdən daşındırmaq istədi. Amma buna nail ola bilmədi. Madmuazel Janet tərs eşşək kimi fikrindən dönmürdü. Gülərin qılığına necə girmişdisə, o da fransız qızının tərəfini saxlayırdı. Müsyö Morelin isə bitərəf mövqeyində bir tərfkeşlik vardı. Cəmo daha başqa bəhanə tapmayıb qonaqların xahişini yerinə yetirdi. Onları da özü ilə kəndə apardı.

      Gülər xanım özünü çox arxayın hiss eləyirdi. Fransız qızında rəqabətə səbəb bir hüsn-camal yox idi. Amma Gülərin qara-qura fikirlərinə Cəmo arabir lağ eləyəndə o hirslənirdi. Barışandan sonra ikisi də dəyişilmişdi. Janetin uzun-uzadı ifadələrini anlamayanda şıltaqlıqla sükan arxasında oturmuş Cəmonu köməyə çağırırdı:

       - Bu canı yanmışdan canım haçan qurtaracaq, Cəmo müəllim? - deyirdi. - Yenə nə doğrayıb-tökür?   

       Qabaqda oturmuş professorla şirin söhbətə başı qarışmış Cəmo geri çevrilmədən söz atdı:

         - Vaxtında dil öyrənmək lazım idi, Gülər xanım, - dedi və Janetə müraciətlə. - Madmuazel, xahiş edirəm nitqinizdə asan sözlərdən istifadə edəsiniz. Xanımım sizi anlamır.

       Madmuazel Janet Güləri qucaqlayıb hiyləgərliklə dedi:

       - Müsyö Jam, xanımınız fransızca lap yaxşı bilir. Darıxdığından belə deyir. Bayaq deyirdi ki, bir dəqiqə də sizsiz yaşaya bilməz.

      Gülər qızarıb fransız qızını yüngülcə itələdi:

         - Cəmo müəllim, ona inanma, yalan deyir. Vallah, bu köpək qızı məni lap biabır elədi! - dedi və Janeti danladı. - Mən daha sənə heç nə deməyəcəyəm, sən sirr saxlaya bilmirsən.      

         Fransız qızı onu qucuqlayıb güldü. Öz aralarında pıçıldaşdılar. Cəmo arxaya boylandı, amma dinmədi. Professorla söhbətinə qayıtdı:

         - Müsyö, siz bizim rəhbərliyi qınamayın. Onları başa düşmək lazımdır. Əlbəttə, sizinlə ünsiyyətdə olmaq mənə xoşdur. Parisə ezamiyyətdən kim imtina eləyə bilər? Amma məhz rektorun səfəri hər iki ali məktəb üçün sərfəlidir. Mən elmi baxımdan demirəm, gələcək əlaqələr zəminində bu yaxşıdır. Rektorun mühazirələri daha vacibdir. - dedi və fransızsayağı bir istehza ilə əlavə elədi. - Alacağı beş-on frank onun büdcəsinə kömək eləyəcək.

        Professor Morel gülümsədi:

        - Əziz müsyö Jam, düzdür, biz artıq müqavilə bağlamışıq. Rektorunuzun Parisə səfəri artıq reallıqdır. Mən onu rəsmi dəvət elədim. Düzdür, bizim ali məktəb üçün bir neçə frank bu işə xərcləmək problem deyil. Amma söhbət başqa şeydən gedir. Rektorunuz filoloq deyil, marksizim-leninizim  fəlsəfəsi üzrə doktordur… Onun mühazirələrinin mənasızlığı göz  önündədir. Yıxılmış kommunizm sisteminin fəlsəfəsi kimə lazımdır, axı? Mənim tələbələrimə?

        Cəmo məsələnin bu cür qoyuluşundan razı qalmadı:

        - Professor, hər halda kommunizmin çökməsinin səbəbləri maraqlıdır, deyilmi?

        Professor razılaşdı:

        - Mühazirə bu kontekstdə olsa pis olmazdı.

        Cəmo söz verdi:

       - Onun mühazirələri bu səpgidə olacaq. İnanın mənə, - dedi. - Rektor tərcüməçi kimi məni nəzərdə tutub. Professor, mən isə nə deyəcəyimi bilirəm. Hətta onun demədiklərini də tərcümə eləmək mümkündür.

       Professor boğuq bir gülüşlə:

       - Eləsə etirazım yoxdur, - dedi və əlavə etdi - Sizin belə hiyləgər olduğunuzu bilmirdim, müsyö Jam.                                                                                         

       Cəmo «Jip» markalı maşını asfaltdan torpaq yola saldı. Arxaya çevrilmədən xəbərdar elədi:

        - Madmuazel, bir azdan söhbət eləmək arzusundan vaz keçəcəksiniz.

        Janet təəccüblə:

        - Niyə, müsyö Jam?

        - Çünki, biz daha torpaq yolla gedəcəyik. Atılıb-düşməkdən içalatınız töküləcək.

        «Jip» yeri cırmaqlıya-cırmaqlıya araba yolu ilə irəliləyirdi. Rektor minnətdarlıq əlaməti olarıq öz şəxsi maşınını Cəmonun ixtiyarına vermişdi. Demişdi ki, bu fransız professorunu yaxşı qoru, hazır xəzinədir əlimizə düşüb. Dərə-təpə dağ yolu da madmuazel Janeti usandırmadı. Gülərdən əl çəkib Cəmonun canına daraşdı:

         - Kəndinizə haçan çatacağıq, müsyö?

         - Az qalıb.

         - Müsyö Jam, siz qızıl-gümüş payınızı neyləyəcəksiniz?

        Cəmo təəccüblə:

        - Hansı qızıl-gümüşdən söhbət gedir, xanım? - deyə soruşdu.

        - Özünüz deyirdiniz ki, atanızın eşşəyi bir  qızıl, bir gümüş bala doğub.

        Cəmo mızıldandı:

        - Siz belə zarafatlara inanırsınızsa çox sadəlövhsünüz, xanım, - dedi.

        Madmuazed Janet Cəmonun kobudluğundan incimədən:

        - Fərz eləyin ki, bu bir həqiqətdir.

        Cəmo könülsüz halda:

         - Mən xəyalpərəst deyiləm, xanım, fəzalarda uçmuram. Heç sizə də məsləhət görmürəm.

         Madmuazel Janet Gülərlə gözləşib:

         - Pardon, müsyö, pardon, - deyib təbiətin az qala pəncərədən içəri zorla təpilən gözəlliklərinin tamaşasına daldı.

- 40 -

        Belə xırda tikinti  Əbinin əlində boş şey idi. Kombinezonunu əyninə çəkəndən sonra onu tanımaq olmurdu. Ölçülü-biçili hərəkətləri Güdə Bağının kəndlərdən yığıb gətirdiyi ustalara ləzzət verirdi. Hamı onun göstərişlərini danışıqsız yerinə yetirirdi. Hətta iyirmi il vəzifədə olan  Güdə Bağı da Əbinin cazibəsindən çıxa bilmirdi. Uşaqlıq yoldaşı indi başqa bir adamdı. Zəvzək oğlan uşağı yoxa çıxmışdı. Yerində polad iradəli bir adam peyda olmuşdu. Uşaqlıqda Əbi arıq, cüssəsiz, kifir bir oğlandı. Sinifin gülüş və qapaz yeri idi. Hamı ona dolaşmağı özünə borc bilirdi. Düzdür, qardaşların üçü də bir sinifdə oxuyurdu. Amma sovetliyin mərkəzinə orta məktəbə gələn uşaqlar, nəinki hamıdan, hətta bir-birlərindən də kənar gəzirdilər. Çox biganə idilər. Hikkəli Cümü yaxşı oxuyurdu. Həmişə lovğa-lovğa susurdu. Qaraqabaq Cəmonun cüssəsi, gücü qarşısında kimsə dura bilmirdi. Əbinin döyülməyinə-söyülməyinə qardaşların heç biri fikir vermirdi. Yalnız bircə dəfə Cəmo özündən çıxdı.Bu belə oldu. Bir gün müəllimlərdən biri xəstələnmişdi. Sinif məktəbin yanandakı böyürtikanlığa daraşmışdı. Özünü qolu zorlu sayan üç oğlan Əbinin dəmir küpəyə yığdığı böyürtikanı əlindən aldı. O, səsini çıxardanda biri ona bir təpik vurdu. O birisi də başına bir qapaz endirdi. Biri də onu söydü: « - Ay dədəsi dərviş, nənəsi cinni! Kəndimizdə oxuduğun bəs deyil, böyürtikənimizi də yeyirsən?» Uşaqlar onları araya alıb gülüşürdülər. Cəmo gözlənilmədən onaların üstünə yeridi. Əbiyə sataşan oğlanların üçünü də birdən qamarladı, qaldırıb böyürtikənliyə basdı.  

         Bundan sonra məktəbdə Əbiyə yaxın gedən olmadı. Hamı qorxurdu. Hesabı içəri verən Cəmo hamının gözünün odunu almışdı. Bundan sonra da qardaşlar bir-birindən kənar gəzirdilər. Amma daha heç kim onları təkləmək fikrinə düşmürdü.

          … Əbinin göstərişi ilə hər iki sahildə bünövrə qazılırdı. Teodlolitlə ölçüb-biçən Əbinin dediklərini qışqıra-qaşqıra çayın o biri tərəfində işləyənlərə çatdıran Güdə Bağının boğazı göynəyirdi. Suyun qıjıltısı, dərənin əks-sədası imkan vermirdi.

         - Əbi, qardaş, belə getsə boğazım cırılacaq. Bir əlac elə, dediyimi eşitmirlər, - deyə Güdə Bağı şikayətləndi.

         Əbi dəbilqəsini çıxarıb başını qaşıdı. Bir az fikirdən sonra əlini cibinə salıb dəftər-qələm çıxartdı. Bünovrənin cizgisini çəkdi, qısa bir izahat da yazdı. Büküb daşa bağladı, verdi ona:

         - Bir sapand tap,  at getsin, - dedi.

         Bundan sonra işlər yağ kimi getdi. Kosmos əsrinə bərabər bir əlaqə yaradıldı. Axşama yaxın rayon mərkəzindən göndərilmiş qaldırıcı kran gəlib çıxdı. Yük maşınını boşaltdılar. Kabab yeməkdən bezikmiş sürücü dərhad aradan çıxdı. Gedəndə axır sözü bu oldu ki, bir də kababdan mərc gəlməyəcəyəm, lap gözümdən düşdü. Qaldırıcı kranın sürücüsü panelləri çayın üstünə qaldırmağı boynuna götürmədi. Dedi ki, gücü çatmayacaq, maşın dərəyə yuvarlanacaq. Güdə Bağı bərk hirsləndi. Kranın sürücüsü ilə az qaldı ki, tutaşsın. Əbi onları zorla ayırdı. Güdə Bağı sakitləşəndən sonra baş-başa verib xeyli götür-qoy elədilər. Cəmo müəllimə zəng eləməli oldular. Başı telefona qarışmış Əbi Güdə Bağının nümayəndəliyin texniki tərəfindən bayıra çağırdığına fikir vermədi. Güdə Bağı soruşdu:

           - Nə olub?

          - Rayondan vergi müfttişləri gəlib. Səni görmək istəyirlər. Deyirlər, qanunsuz sahibkarlıqla məşğul olanların siyahısını versin.

         Güdə Bağı hirsindən dil-dodağını çeynədi. Birdən ağlına nə gəldisə texnikə:

          -  Bir nəfər taparsan, qoy, onların qulağına pıçıldasın ki, Ehsan baba adında bir kişi xəzinə tapıb. Özlərini ora versinlər, - dedi.  - Məni bir də soruşsalar deyərsən, başı qarışıqdır, Ataxan müəllimin tapşırığını yerinə yetirir. Körpünün tikintisi ilə məşğuldur.                      

          Texnik Güdə Bağı ilə kənd soveti dövründə bir yerdə işləyirdi. Onun mənasız söz danışdığını görməmişdi. Dinməz, ağacın altında çay içən adamlara yaxınlaşdı. Güdə Bağı sevinə-sevinə geri qayıtdı. Əbi telefondan əl çəkmirdi. Axır Bakı ilə əlaqə yaratdı. Səhərisi gün Ataxan müəllim işə qarışdı. Amma qolu uzun, güclü qaldırıcı kran rayonda tapılmadı. Üç gündən sonra qonşu rayondan lazım olan texnika gəlib çıxdı. İcra başçısı Güdə Bağıdan hər gün məlumat tələb eləyirdi. Bütün rayona səs düşmüşdü ki, icra başçısı körpü saldırır. Güclü kran gələndən sonra Əbi dərhal işə başladı. Özü ilə şəhərdən gətirdiyi dəmir səbətə qaynaq elədiyi polad özülü, sement kisələrini yığdı. Özü də oturdu. Kran dəmir səbəti qaldırdı, çayın o biri üzünə keçirtdi. Girdabın üstündən sallana-sallana adlaması camaatı mat qoydu. Yerliləri onu alqışla qarşıladılar. Ayağı torpağa dəyəndən sonra Əbi qucaqdan qucağa keçdi. O, Ehsan babadan, Gilə nənədən xəbər tutdu. Salamatlıqlarını bilib daha vaxt itirmədi.  Onun göstərişi ilə dəmir özül qazılmış və yanları tikilmiş çalaya salındı. Sement, qum və çınqıl horrası hazırlandı. Əbi özülün doldurulmağını gözləmədi. Tapşırıq verib dəmir səbətlə geri qayıtdı. Bu tərəfdə də hazırlıq görənə qədər axşam düşdü. Panellərin qaldırılmasını sabaha saxladılar.   

- 41 -

         Körpünün Əbi tərəfindən tikilməsi kənd camaatını həyacanlandırmışdı. Hətta dildən pərgar olan Höccət də danışmağa söz tapmırdı. İki nəfərin yerinə işləyir, susurdu. Höccətin qonşusu Şahbaz başladı onu dolamağa:

       - Ədə, səsini alıblar, özgə vaxt dil-dil ötürdün? İndi niyə danışmırsan? -  deyə onu qızışdırmaq istədi.

     Höccət peşmançılıqla dedi:

     - Yox, qonşu, dərvişin oğlanları, doğrudan da qeyrətli imişlər. Sağ olsunlar, başımızı uca elədilər.

        Yekəpər İsmi məzəmmətlə:

         - Bəs, mən sənə nə deyirdim? - dedi. - Yoxsa, tutmusan Ehsan babanın yaxasından ki, gərək sən də işləyəsən.

        Həzər danışanlara acıqlandı:

        - Əşi, əngə verməkdənsə, qolunuza güc verin. Axşam oldu ki! - dedi və beli yerə vurub bir siqaret yandırdı.

       Əsvər dinməz işləyirdi. Əbini görəndən sonra başında aləm bir-birinə dəymişdi. Həzər ona yan alıb pıçıldıdı:

        -  Aşna, buna nə deyirsən?

        Əsvər başını qaldırmadan mızıldandı:

        - Əşi, sən niyə əl-ayağa düşmüsən?

        Həzər çaşqın halda:

        - Deyirəm, bəlkə mənə də bir şey düşdü.

       Əsvər beli yerə qoyub onu hirslə qırağa çəkdi:

       - Nədir, Ehsan babanın varisisən? Doğma kürəkəni burda qala-qala sənə niyə bir şey düşsün, axı?

       Həzər qımışdı:

       - Axtarsan, biz Ehsan baba ilə bir nəsildənik. Babalarımız əminəvəsi olub. Sən isə təmiz yadsan. Atan Məmi əlli il bundan qabaq kəndə köçüb də!

        Əsvər ona qəribə nəzərlərlə baxdı:

        - İndi məlum oldu, - dedi.

       Həzər başa düşmədi:

       - Nəyi deyirsən, qonşu?

       Əsvər gözünü qaçırtdı:

       - Heç! Dünən gecə bir nəfəri Ehsan babanın çəpərindən aşan gördüm. Sənə oxşatdım.

       Həzərin barmaqları arasından siqaret yerə düşdü:

       - Səhv eləmisən, qonşu, mən onda şirin yuxuda idim.

       Əsvər ona qulaq asmadan dedi:

       - Gözünə döndüyüm Gilə nənə onu yaman qorxutdu.

       Həzər özünə gəlib, istehza ilə:

       - Belə məlum olur ki, gecə yatmayan bir mən deyiləmmiş, - dedi və əlavə etdi. - Elə olar da, qızıl-gümüş xotuğların eşqi hətta körpü tikdirir adama.

       Əsvər daha dinmədi, qayıdıb beli götürdü.

       

- 42 -

      O biri gün panellərin çayın üstünə qaldırılması günortaya çəkdi. Əbi qaynaq aparatını qoşdu, dizel generatorunun səsindən ağız deyəni qulaq eşitmirdi. Qaynaq işlərini tez qurtardı. Hazır məhəccəriləri bərkitdi. Üç metrə enində, on beş metrə uzunluğunda körpü hazır oldu. Hamı sevinirdi. Əbi Güdə Bağıya sataşdı:

        - Bizim camaat azdır, amma  səninkilərdən cəld işləyir.

       Güdə Bağı güldü:

       - Körpü kimə lazımdır? Bizə, ya sizə?

       Əbi boynunun ardını qaşıdı:

       - Deyəsən, bizə.

       Güdə Bağı onları əhatə eləmiş həmkəndlilərinə göz vurdu:

       - Onda daha danışma.

       Buldozerçi Əbiyə yanaşdı:

        - Usta, özülün ətrafını doldurdum. Mən azadam?

       Əbi başını buladı:

       - Çayın o biri tərəfində də torpaq işləri görmək lazımdır. Sür ora.

        Buldozerçi geri çəkildi:

       - Yox, mən o körpünün üstünə çıxmağa qorxuram.

       Əbi buldozerə tərf gedə-gedə dedi:

       - Neynək, körpünü özüm sınaqdan keçirəcəyəm.

         Güdə Bağı Əbinin buldozerə qalxdığını görüb tez özünü yetirdi. O biri qapıdan özünü içəri saldı. Əbi güldü:

         - A kişi, qorxmursan?

       Güdə Bağıya belə söz demək olardı, dərhal cavabını verdi:

       - Allaha bir can borcluyuq, sür! - dedi və Əbiyə sataşdı. - Ehsan baba deyiləm ki, yüz otuz il yaşayım. Ay camaat, elə deyil?

       Əbi gülüşənlərə çəp-çəp baxdı. Buldozeri qoşdu. Dərhal yerindən tərpətdi. Asta-asta körpüyə çıxdı. Adamlar kənara çəkildi. Əbi səbirsizliklə yolun açılmağını gözləyən adamlara nəzər saldı. Burda daha kimlər yox idi. Əbinin onlara yazığı gəldi. On gündü, yol dağılmışdı. Orta məktəbin yuxarı sinif şagirdlərinin sevinci yerə-göyə sığmırdı. Sovetliyin mərkəzində qohum evində qalmaqdan bezikmişdilər. Rayon mərkəzindən mal gətirməyə getmiş və ilişib qalmış kənd dükanının sahibi lap bağrıqan idi. Bilmirdi ki, onun əvəzində al-ver eləyən arvadı nəyi, neçəyə satıb. Kənd feldşeri də çantasını bərk-bərk tutub mürgüləyirdi. Əbi körpünün ortasına çatanda sürəti artırdı. Bir azdan maşın o biri tərəfə keçdi. Hər iki tərəfdən alqış sədaları eşidildi. Sərnişin avtobusu  da körpünü adladı. Sürücü sevindiyindən başını pəncərədən çıxarıb dedi:

       - Camaat, minin, sizi kəndə müftə aparacağam.

       Camaat onun təklifini hoydu-hoyduya götürdü:

       - Bəs, bu atı-ulağı neyləyək? Onları da avtobusa mindirək?

       - Ho, ho, ho! Mənimki qoşa kəldir.

       - Rəhmətliyin oğlu, bu üst-başla hara minək?

       - Get, ədə, xoruz yox idi səhər açılmırdı? İki verst yoldur, piyada gedərik…

       Atmacalar salbalanmış ağacdan tökülən qoz kimi sürücüyə dəyirdi. O tutuldu, deyinə-deyinə başını içəri çəkdi, hirslə qazı basdı. Əbi buldozeri sahibinə təhvil verdi:

       - İndi işini gör. Geri qayıtmaq istəyəndə qorxsan məni çağırarsan, - deyə onu utandırdı.

      Camaat dağılışırdı. Güdə Bağı Əbini tələsdirdi:

       - Gedək üst-başını dəyiş, səni Ehsan babaya özüm təhvil verəcəyəm. Alətlər qalsın burda. Sonra arabadan-zaddan tapıb apararıq.

         Əbi yorğun halda körpünün məhəccərinə söykəndi:

           - Üst-baş gözümə görünmür, ay qardaş? - dedi və buldozerə işarə ilə, - İşini görsün, alətləri yedəyinə qoşub kəndə aparacağam. Əsas generatordur, köməkləşib yedəyə qaldırmaq lazımdır. O mənə vacib lazzımdır. Neçə aydır kənd işığa həsrətdir. Mən Ehsan babanın işıqlarını bu gun yandıracağam. Bir boçka salyarkam qalıb. Neçə ay bəs eləyər. İşığa öyrəşmiş adamam, lampa işığında bağrım çatlayacaq

       Güdə Bağı təəccüblə:

       - Sən kənddə qalacaqsan?

      Əbi başını tərpətdi:

      - Həmişəlik gəlmişəm. Qocalarımızı daha tək qoya bilmərəm.

      Güdə Bağı şübhə ilə:

      - Zarafat eləmirsən ki?

      Əbi başını buladı. Bağı lap heyrətləndi:

      - Bəs, arvad-uşaq nə olsun?

      - Oğlanlarım əskərlikdədir. Gələrlər özləri qərar verərlər. Arvadım isə istəyər gələr, istəməz şəhərdə qalar.

      Güdə Bağı hirsləndi:

      - A kişi, nə danışırsan? Camaat şəhərə qaçır, sən kəndə? Şəhərdəki evin-eşiyin, bağın-bağçan kimə qalacaq?

       Əbi köpüklənən sulardan gözünü çəkmədən:

        - Mənim evim də, bağım-bağçam da buradır… - dedi.

       Güdə Bağının nitqi tutuldu: « - Pah atannan! Doğrudan dərviş oğlu imiş! - deyə fikirləşdi və dərhal da öz düşüncələrinə güldü. - Heç elə şey yoxdur. Əbi çox güman ki, qızıl-gümüş sədasına gəlib. Deyəsən, doğrudan da ortada nəsə var!»

 

- 43 -

         Cəmo bu gedişlə gecəyə düşəcəklərini gözünün altına almışdı. Qadınların şıltaqlığı onu bezdirirdi. Bu narahat məxluqlar çox dözümsüz idilər. Yol boyu onların nazı ilə oynamaq gərəkdir. Cəmo bir-neçə dəfə maşını yolun qırağına verdi. Yaşıl çəməndə süfrə saldılar. Professor da özünü uşaq kimi aparırdı. Axırda bildir di ki, mən əməlli-başlı nahar eləmək istəyirəm. Cəmo müəllim yol kənarında olan yeməkxanalardan birinin qarşısında maşını əylədi. Xeyli oturdular. Qonaqların yabançı görünüşü camaatın marağına səbəb oldu. Bərkdən, lüğətdən kənar qeydlər edib gülüşürdülər. Cəmo müəllim tamaşaya çıxmış yeməkxana əhlini bir-iki kəlmə ilə yerində oturtdu:

         -  Şıma kə xərob bıbo! - bərkdən dedi. - Iştə qəvi təmiz bıhaşton.

         Cəmonun bu iki cümləsi yeməkxanadakılara yaman təsir elədi. Gözünü onlara tərəf daha qaldıran olmadı. Hətta yeməkxana sahibi də yaxınlaşıb üzr istədi. Bu kiçik hadisə professorun gözündən yayınmadı. Soruşdu:

          - Nə olub, müsyö Jam?

          Cəmo dərinə varmalan onu başa saldı. Professor gülümsədi:

         - Hirslənməyinə dəyməz, mən çox ölkələrdə olmuşam, belə şeylərə tez-tez rast gəlmişəm.

          Cəmo başı söhbətə qarışmış xanımları dedi:

          - İcazə versəz, tərpənərik, axşam düşür.

          Qadınlar etiraz eləmədilər. Cəmonun bütün fikri yolda idi. Ehtiyyatı əldən vermirdi. Dolanbac dağ yolları başdan-başa xəta idi. Gün batdığından ağacların çətiri altında qalan yol alatoranlıq idi. Keçdikləri bu ərazi professoru valeh eləmişdi. Tez-tez həyacanla deyirdi:

           - Bu tamaşadır!

           Cəmo gülümsəyib maşını çaylaq daşı ilə hasarlanmış yerin qarşısında saxladı. Bu məşhur Bobogil ocağı idi. Gülərə dedi:

          - Ziyarət eləmək istəyirsən?

          Gülər həvəslə:

         - Əlbəttə, istəyirsən də sözdür?! - dedi - Lap sinov gedirəm..

         - Onda ürəyində bir şey tut, gedək.

         Gülər ürəklə dedi:

         - Çoxdan tutmuşam.

          Cəmo onun arzusunu bilirdi. Üzünü professora tutdu:

          - Müsyö, bizimlə müqəddəs yeri ziyarət eləyəcəksiniz?

          - Əlbəttə.

           - Müsyö, ürəyinizdə bir arzu tutun, - deyə Cəmo ona təklif etdi. - Sizi inandırıram ki, yerinə yetəcək.

           Professor təəccübləndi:

           - Sizin kimi böyük bir alimin belə şeylərə inanması heyrətlidir, müsyö Jam, - dedi.

           Cəmo uzaqdan başladı:

          - Professor, müzbahisə eləməyəcəyəm. Bu ocağın qüdrətini bilirəm. Xırda uşaq idim, üzümü, əllərimi ziyil basmışdı. Anam məni özü ilə bura gətirdi. Ziyarət eləyəndən sonra ocaqdan çıxdıq. Mənə inanın, evə çatana qədər gözüm görə-görə əlimdəki ziyillər çatlayırdı, ovulurdu. Bundan sonra necə inanmayım? Neçə illərdir ki, burdan keçəndə mən bu ziyarətgahı dolanmasam, ötmürəm. Bir də burda yatan kişi mənim ulu babalarımdandır, axı.

         Professor maraqla:

          - Aha, belə deyin, - dedi. - Xanımınız da gedəcək?

         Cəmo başını tərpətdi:

         - Bəli, müsyö, onun da diləyi var.

         Madmuazel Janet Cəmodan xahiş elədi:

         - Müsyö, məni də özünüzlə aparın, mənim də bir arzum var.

         Gülər xanım ona sataşdı:

         - Janet xanım, arzunuz sirr deyilsə bizə də deyin.

         Madmuazel arsız-arsız güldü:

         - Yox, sirr deyil. Yanağımdakı qırmızı ləkə zəhləmi töküb. Kosmetika da kömək eləmir. Kənardan baxan elə bilir yaradır.

          Professor mızıldandı:

        - Görəsən, ziyarət eləsəm tənginəfəsliyim keçəcək?

        Cəmo əlini göyə qaldırdı:

        - Buna Allahdan başqa kimi bilər, - dedi. - Amma ziyarətin ziyanı da olmayacaq.

         Maşından düşdülər. Cəmonun ardınca kiçik qapıdan içəri girdilər. Onları qarşılayan ağsaqqal kişinin müşayiəti ilə sərdabədəki qəbrin ətrafında dolandılar. Cəmo taxçadakı daşlara əlini sürtdü. Qonaqlar da onun hərəkətini təkrarlayırdılar. Qapıda dayanmış mücavir nəziri alıb xeyr-dua verirdi. Professor pul qabını çıxartdı:

          - Müsyö Jam, frankla verim, ya dollarla? Burda hansı valyutanı yaxşı qarşılayırlar? Nə qədər vermək lazımdır?

         Mücavirin gözləri parıldayırdı. Bu Cəmonun gözündən qaçmadı. Gülüşünü gizlədib ciddi halda:

         - Professor bu kişinin geyiminə baxmayın, o bütün xarici valyutaları tanıyır. Nəzirin qədəri yoxdur, könlünüzdən keçəni verin.

        Gülər Janetin daşı təkrar-təkrar üzünə sürtməyinə heyranlıqla baxırdı. Sərdabənin vahiməsi onları basmışdı. Kişilərin dalınca ocaqdan çıxanda dərindən nəfəs aldılar. Amma dinən olmadı. Maşina sakitcə mindilər. «Cip» dolana-dolana irəliləyirdi. Nəhayət, Janetin dili açıldı:

        - Mən bir şey hiss eləmədim…

       Professorun isə saqqalı titrəli:

       - Mən isə hiss elədim, - dedi. - Qızım, elə bil maqnit sahəsindən keçmişəm. Bu ziyarətgahda həqiqətən bir qüvvə var.Elədirmi ,müsyo Jam?

       Cəmo müzakirədən yayındı. Bu haqda danışmaq istəmirdi. Janet bir də ağzını büzdü:

       - Hoqqabazlığa oxşayır.

       Professor hirsləndi:

       - Sən uşaqlıqdan inadkarsan. Adi həqiqətləri də qəbul eləmək istəmirsən, əzizim, - dedi. - Qəbrin daşları da isti idi. Bir-neçə dəfə əlimi sürtmüşəm. Buna nə deyirsən?

        Janet heç kimə baxmadan mızıldandı:

        - Yəqin, sərdabənin gizli isitmə sistemi var.

       Cəmo ilə Gülər gözləşib gülümsədilər. Professor səsini ucaltdı:

       - Qızım, mən indi rahat nəfəs alıram, tənginəfəsliyim azalıb. Buna nə deyirsən?

       Janet inadla:

       - Sizin tənginəfəsliyinizə təmiz dağ havası təsir eləyir, sərdabə yox, - dedi.

       Professor üzünü qızından çevirdi, ümidsiz halda əlini yellətdi:

       - Yox, səninlə mübahisə eləmək mənasızdır.

       Janet borclu qalmadı:

      -  Müsyö, sən məni eşşəyin bir cüt qızıl bala doğduğuna inandıra bilərsən, bu daşların qüdrətinə yox, - dedi və incik halda üzünü çevirdi.

     Cəmo ilə Gülər ata ilə balanın mübahisəsinin belə sonluğuna güldülər. Professor da onlara qoşuldu. Janetin sərrast qeydi hamına şənləndirmişdi. Qaranlıq düşürdü.     

 

- 44 -

        Əbi buldozerin yedəyinə alətlərini, dizel generatorunu yüklədi. Özü də keçib sürücünün yanında oturdu. Maşın kəndə tərəf hərəkət elədi. Camaat dağılışmışdı. Yalnız Əsvər uzunqulağını meşəlikdə axtarırdı. Heyvan yoxa çıxmışdı. Ona yoldaşlıq eləyən Həzər qışqırdı:

        - Əşi, gəl, gedək, eşşəyinə nə olacaq ki?!

        Əsvər dərəyə enə-enə:

        - Kasıbın işi belədir də! Gözlə gəlirəm. Yəqin dərədədir - dedi.

       Həzər bir də söz atdı:

       -  Bir eşşək nədir, əl-ayağa düşmüsən? Orda qaynatanın qızıl qoduğları səni gözləyir.

       Əsvər daha ona qulaq asmadı. Kolluğa girdi. Bir xeyli keçəndən sonra eşşəyi yedəyində qayıtdı. Həzərə dedi:

        - Gedək, səni də yubatdım. Axşam düşdü.

       Həzər narazı halda beli-külüngü atına yüklədi. Yola çıxdılar. Nəsə demək istəyirdi ki, körpüdəki gur işığa çevrildi. Bir xarici maşın asta-asta onların yanından ötdü. Əsvər heyrətlə:

       - Bu kim ola?

      Həzər yaşına baxmayaraq gözdən iti idi. Sükan arxasındakı adamı tanımışdı. Dedi:

      - Sənin qaynın idi, Cəmonu deyirəm. - Və istehza ilə əlavə elədi. - Qızıl qoduqlardan gərək gözünü çəkəsən. Əbi ürəyiyumşaqdır, bəlkə sənə bir şey verəcəkdi. Bu əkiz qayınlarından isə qışda buz da ala bilməzsən.

       Əsvər qızdırmalı adamlar kimi:

       - Hə? Düz deyirsən, - dedi. - Maşında adam çox idi, axı.

       Həzər gümanla:

       - Yəqin, Cümüdür. Deyəsən, arvadlarını da gətiriblər.     

       Onlar daha danışmadan kəndə yol aldılar. Əsvər ulağını bizləməkdən yorulmadı. Həzər isə yorğun atının böyürlərini dabanı ilə deşirdi. İkisi də yuyunub, rahatlanmaq, palçıqlı geyimlərini dəyişmək istəyirdi. Amma kənd meydanında raslaşdıqları həngamə onları yubatdı. Uşaqlar iki yad adamın ətrafına toplaşmışdılar. Onların çığırtısı, gülüşü uzaqdan eşidilirdi. Yaxınlaşdılar. Yad kişilərdən birinin qəribə hərəkəti onları çaşdırdı. Köhnə kolxoz anbarının qabağında keşikçi Fəti kişinin dirəyə bağlanmış qoduğu soncuqlayırdı. Yad adam isə fotoaparatla onun şəklini çəkirdi, uşaqlar da hırıldaşırdılar. Bu qəribə adam birdən başını qaldırıb Əsvərin mindiyi eşşəyi gördü. Sevinclə çığırdı. Qoduğu boşlayıb fotoaparatı eşşəyə və onun miniyinə tuşladı. Uşaqlar yaşlıları görüb gülüşlərini gizlətdilər. Hamı qırağa çəkildi. Həzər Əsvərin eşşəyinin şəklini çəkən yad adamı görüb güldü:

         - Ədə, qonşu, görürsən, at eşşəkdən necə qiymətlidir? Şəklini çəkirlər, ha, ha, ha.

         Yad adam müsyö Jan idi. Bir neçə dəfə: «- Pardon, pardon!» - deyib eşşəyin ətrafına fırlandı, fotoaparatı çıqqıldatdı. Kəndin məsxərəsinə çevrilməkdən qorxan Əsvər qeyzlə çığırdı:

         - A kişi, düşüb canını alacağam. Get, işinlə məşğul ol. Eşşəkdən kənar ol.

         İkinci yad adam Fərhad idi. O, işin qəlizləşəcəyini görüb müdaxilə elədi:

        - Həmyerli, bu adam əcnəbidir. Bizim dili başa düşmür, - dedi.- Hirslənmə, qonaqdır.

        Əsvərin ağzı açıla qaldı:

        - Əcnəbidir? - soruşdu. - Hardan gəlib?

        - Fransadan gədib. Jurnalistdir.   

        Əsvər heyrətdən az qala eşşəkdən yıxıla:

        - Nə boş-boş danışırsan? Firəngistandan bura gəlib ki, eşşək şəkli çəksin?

        Həzər atdan yerə endi, yaxınlaşa-yaxınlaşa:

        - Yəqin, ölkələrində eşşək yoxdur. Burda nə var ki? - deyə söz atdı. - Sən də firəngsən?

        Fərhad mülayimliklə dedi:

        - Mən Bakıdan. Onun dilmancıyam.

        - Haçan gəlmisiz?

        - Bu gün günorta.

        Həzər barmağını onun üstünə silkələdi:

        - Yalan danışma, bala, körpü indi açılıb.

        Fərhad izah elədi:

        - Yalan demirəm, bizi dağ yolu ilə bələdçi gətirib.

        Əsvər şübhə ilə:

        - Bu firəng kim gilə düşüb?

       Fərhad aparatını çıqqıldadan jurnalistə işarə ilə:

        - Ehsan babanın qonağıdır, - dedi.

        - Ehsan baba hara, Firəngistan hara?!

        - Firəng Cəmo müəllimin tanışıdır.

         - Həə?

         - Həə?

        Əsvərlə Həzər bir ağızdan heyrətləndilər. Az qala onların ağzına girən uşaqlara acıqlandılar:

        - Qaçın burdan, tünbətün nəvələri. Macal verin söhbət eləyək də.

       Uşaqlar qaraquş görmüş sərçə kimi ətrafa səpələndilər, amma uzağa getmədilər. Əsvər udquna-udquna soruşdu:

        - Ehsan babanın da eşşəyinin şəklini çəkmisiz?

           Fərhad başını buladı:

           - Yox, həmyerli, alınmadı! Düzdür, babanın bir etirazı yox idi. Amma arvadı bizi tövləyə yaxın qoymadı.

          Həzər işin kökünü bilmək üçün Əsvərin ətəyini çəkdi:

          - Dayan görüm, - dedi və soruşdu. - Axı, gəlişinizin məqsədi nədir? Fransız jurnalistinə bizim kənddə nə lazımdır?

          Fərhad sorğu-sualdan bezdi:

          - Əşi, deyirlər, Ehsan babanın eşşəyi bir cüt qoduğ doğub. Biri qızıldandır, biri də gümüşdən!  Gəlmişdik aydınlaşdıraq, bu nə məsələdir. Xəbəriniz yoxdur?

         Həzər yenə nəsə soruşacaqdıki Fəti kişinin qoduğu dingildəyib payadan açıldı. Başladı meydanda qaçmağa. Jurnalist Fərhada onu göstərib uğundu.  Fotoaparatını üzünə qaldırıb onun dalınca düşdü. Tez-tez çıqqıldayan aparat aramsız işıq saçırdı. Fərhad da onun dalınca düşdü. Əsvər əlini yanına çırpdı:

         - Ay qonşu, bu həngamənin sorağı gör, hara gedib çıxıb? Əgər bu xəbər səhihdirsə, mən lap gecikmişəm. Qayınlarımın əlindən heç nə qopara bilməyəcəyəm.

        Həzər Əsvərə yalandan ürək-dirək verdi.

        - Özünə əl qatma,  güman var ki, sənə də bir şey çatacaq. - dedi və lağlağı eləməkdən özünü saxlaya bilmədi. - Mırtığından-quyruğundan bir şey verərlər də! Necə olsa kürəkənisən! Bax, mənə heç nə çatmayacaq, bunu bilirəm…

         Əsvər eşşəyini mindi. Həzərin alatoranlıqda ala-bulaya çalan gözləri heç xoşuna gəlmədi. Dinmədən evlərinə tərəf yol aldı.    

- 45 -

        Jurnalist Jan kəndin bütün at-eşşəyinin, it-pişiyinin şəklini çəkib qurtara bilmirdi. Frahad mənasız saydığı bu gəzintidən bezmişdi. Arxasınca düşmüş kənd uşaqlarının suallarına həvəssiz cavab verirdi. Onun narazılığını görən Jan:

        - Müsyö, indi gedərik. Qoy, uşaqların da şəklini bir-bir çəkim. Gör, necə xahiş eləyirlər. - dedi və qolunu dartışdıran uşağı göstərdi. - Bu nə deyir?

        - O istəyir ki, onun şəklini çəkib ona göndərəsən.

       - Müsyö, bu mümkün deyil, axı!

       - Bəs, onda niyə onların başını aldadıb ümid verirsən? - deyə Fərhad hirsləndi.

      Jurnalist Jan bu haqlı iraddan pərt oldu. Obyektivin qapağını bağladı. Dodağının altında mızıldandı:

       - Sənin sözündən belə çıxır ki, şəklini çəkdiyim eşşəklərə də şəkil göndərməliyəm?

       Jurnalistin gözlənilməz hazırcavablığı Fərhadı güldürdü, kefi düzəldi. Bu vaxt İstam ağa onlara yaxınlaşdı:

        - Harda qalmısız? Baba sizdən sarı narahatdır. Mənə dedi ki, get, qonaqlırı çağır, başlırına bir iş gələr peşimançılıq olar.

        Fərhad onun gəlişinə sevindi və özünə bəraətlə deyindi:

        - Bu zalım oğlu it-pişikdən əl çəkir ki! Yorğunam, qıçlarım qırılır, o isə uşaq kimi məzələnir... Müsyö Jan, gedək bizi gözləyirlər.

       Jurnalist dinməz onların arxasınca düşdü. Hiss olunurdu ki, o da yorulub. Fərhad İstam ağadan soruşdu:

        - Ehsan baba bizi neyləyir? Nədir, fransız üçün darıxıb?

       İstam ağa güldü:

        - Yox, babanın darıxmağa vaxtı yoxdur. Qonaqları gəlib.

       Fərhad maraqla:

       - Kimdir ki?

       - Oğlanlarıdır. Bir də bir fransız alimi ilə qızı gəlib.

       Jürnalist Fərhadın dediyini dinləyib tələsdi.

       Ehsan babanın sakit məhəlləsi arı pətəyi kimi qaynaşırdı. Oğlanlarının gəlişi qocaları dirçəltmişdi. Ehsan babanın tanımaq olmurdu. Cavan oğlana dönmüşdü. Beli dikəlmişdi, səsi mis kimi cingildəyirdi.  

       İki qonşu qadın həyətdə biş-düşlə məşğul idi. Gilə nənənin tapşırıqlarını yerinə yetirirdilər. Ehsan baba qonaqlarının sayının artdığını görüb Qardi əmidən iki toğlu istədi. Bir azdan heyvanları gətirdilər. Amma kəsmədilər, ağaclığa buraxdılar.

        Əbinin qoşduğu generator evin arxasında guruldayırdı. Amma səsi eyvanda çox da eşidilmirdi. Cəmo doqqazda görünəndə işıqlar verilmişdi. Qoşulmuş əlavə lampalar həyəti çıraqban eləmişdi. Cəmonun gəldiyi maşın isə bütün kəndi ayağa qaldırdı. Hamı tamaşasına tökülüşmüşdü.

       Eyvanda salınmış xalça-gəbənin üstündə bardaş qurub oturmuş adamlar körpünün açılışından, Əbinin savab işindən danışırdılar. Qardi əmi Ehsan babanın böyrundə mütəkkəyə dirsəklənmişdi. Ağsaqqalların atmacaları hamını güldürürdü. Ehsan baba dil boğaza qoymurdu. Qarşısında oturmuş Cəmoya deyirdi:

       - Oğlum, bu keçi saqqal kişini hardan tapıb gətirmisən?

       Cəmo ayaqlarını altına yığa bilməyən professora baxmadan gülümsədi:

       - Dostumdur, böyük alimdir, Fransadan gəlib.

       Baba ətrafına boylandı:

       - Bəs, bizim firəngimiz harda qaldı? İstam ağa harada qaldı?  

       -Baba, hələ gəlməyib…

      Bunu sürahının dalından Gülzar dedi. O aşağıda dayanmışdı. Sonra qız Cəmonun qulağına dedi:

        - Ay dayı, səni istəyirlər.

        Cəmo tələsmədən aşağı düşdü. Eyvanın o biri kəlləsində yığışmış kənd qadınları gözləri ilə şəhərdən gələn qadınları yeyirdilər. Gülər Janetin qolundan tutub Cəmonun qabağına getdi. Fransız qızı çığırdı:

         - Müsyö Jam, kəndinizin arvadları hər yerimi yoxladılar. Elə bil heç adam görməyiblər.

        Cəmo gülümsədi:

         - Məni bura belə qiymətli fikirlərinizi bölüşməyə çağırmısınız?! - dedi. - Ya bir işiniz  var?

        Gülər şıltaqlıqla:

        - Oturmaqdan yorulmuşuq. Bir az dincəlmək istəyirik. İcazə versən, çıxıb bir az gəzərdik.

        Cəmo Gülzarı yaxına çığırdı:

        - Bacıqızı, apar bunları gəzdir.

        - Dayday, evimizə də apara bilərəmmi?

        - Yaxşı olar, amma özünlə fanar götür. Yollar qaranlıqdır. Söhbət elə, başlarını qat…

        Gülzar yetik-yetik dedi:

        - Ay dayı, bu müqəvva ilə mən nə danışam, nə söhbət eləyim? Nə o, məni başa düşür, nə mən onu.

            - İstədiyini de, Gülər tərcümə eləsin.

            - Gülər dayıdostu da fransızca elə mənim kimi bilir!

            Gülər Gülzarın dilavərliyindən incimədən güldü. Cəmo sözü üzə dəyən bacısı qızına barmağını silkələdi:

         - Ay əfəlsən ha! Əl-qolla başa sala bilmirsən?

        Gülzar gülə-gülə Gülərlə Janetin qoluna girdi. Doqqaza getdilər. Aylı bir axşam idi. Fanara ehtiyyac yox idi. Gilə nənə Cəmoya yanaşdı. Arvad qırğı kimi cəldləşmişdi:

        - Ay oğul, əyil üzündən öpüm. Yaman darıxmışam.

         Cəmo onun arzusunu yerinə yetirdi.

        - Oxxay, dirildim, oğul. Sizi görəndən elə bil dünya mənimdir.

        Cəmo gülümsəyib anasını qucaqladı. Əbi təndirin dalından çirkli əllərini əskiyə silə-silə çıxdı:

         - Ay nənə, deyəsən, əziz oğlunu tapmısan, axı? Məni haçan belə qucaqlayacaqsan? Mən də sənin oğlunam, axı.

        Gilə nənə Əbini də qucaqladı. Bir müddət başını onun sinəsindən ayırmadı. Cəmo istehza ilə:

        - Dilini dinc saxlaya bilmirsən də? Uşaqlıqda az döyülmüsən? Hələ adam olmamısan?

        Əbi eyni istehza ilə:

        - Döyülməklə adam olurlar? - dedi və sözü çevirdi. - Çənə su vururdum. Elektrik nasosu gətirmişəm. Əl nasosundan bir şey çıxmaz. Hamamı sahmana salmışam. Sobanı yandırdım bəlkə, sənin qonaqlarına lazım oldu. Daha deməsinlər ki, Afrikaya düşmüşük. Adam olmaq budursa, onda adam olmuşam da.

        Cəmo minnətdarlıqla ona baxdı. Dediyi sözdən peşmançılıq çəkdi:

        - Bağışla, zarafat elədim, - dedi. - Sağ ol, başımızı fransızın yanında uca elədin. Bir bu işığı çəkməklə sən bütün günahlarına yudun. Bakıdan çıxanda dərd məni götürmüşdü.

        Əbi işgüzarlıqla eyvandakı adamları göstərdi. Gilə nənəyə dedi:

        - Ay nənə, burda bir toyluq adam var. Yeməyin çatarmı?

       Gilə nənə arxayınlıqla:

       - Narahat olma, bala, bir çörək çatmayacaq. Onu da indi Qardinin qızları gətirəcək. Onlar bu gün təndir salmışdılar. Sabah bişirib, qaytararam.

        Əbi Gilə nənə ilə söhbət eləyə-eləyə sobalara tərəf getdi. Cəmo yuxarı çıxmağa macal eləmədi. Doqqazdan içəri girən yad adamları görüb dayandı. Bunlar kənd adamlarına oxşamırdılar. Onlara tərəf getdi. Fransız jurnalistini asanlıqla tanıdı. Onun burda peyda olmasına o qədər heyrətləndi ki, çığırdı:

        - Müsyö, sən bu dağlarda neyləyirsən?

       Müsyö Jan eşitdiyi təmiz fransız nitqindən zövq aldı:

        - Müsyö Jam, xoş gördük. Bu dağlar sirlər məskənidir. Mən də sirr xiridarıyam. Tanış ol, müsyö Fərhad mənim tərcüməçimdir, sənin tələbələrindəndir.

        Ehsan baba eyvandan İstam ağanı görüb bərkdən dedi:

        - Ağa, o şəhərli qonağı da, firəngi də götür, qalx bura.

       İstam ağa Fərhadla eyvana qalxdı. Müsyö Janı isə Cəmo tutub saxladı:

       - Gəlişinizin məqsədi nədir, müsyö Jan?

       Müsyö Jan Cəmonun möhkəm əlindən qolunu çıxara bilmədi. Həqiqəti deməli oldu:

       - Müsyö, mən eşşəyin balalarının sorağına gəlmişəm.

       Heyrətdən Cəmonun əli boşaldı:

       - Nə? Sən bunu hardan bilirsən?

       Müsyö Jan başladı nala-mıxa vurmağa:

       - Bizim qəzetlər yazır.

       - Müsyö, sənin başın lap xarabdır ki! Sizin qəzetlər hardan xəbər tutub?!

       Müsyö Jan boynuna aldı:

        - Mən yazmışam.

       - Bu məlumatı sənə kim verib, axı?

       - Madmuazel Janet deyib.

        Eyvandan Ehsan baba yenə də fransızı yuxarı çağırdı. Cəmo eşitdiyi xəbərdən qəzəblənmiş halda jurnalistin dalınca düşdü. Amma camaatın yanında onu sorğu-suala çəkmədi. Yeri deyildi.

       Müsyö Jan babanın təklif elədiyi yerdə bardaş qurdu. O, yerli adətləri fövrən qəbul eləyirdi. Deyirlər, çox görən çox bilər.

       - Müsyö Jan, siz də burdasınız? - deyə professor tərcüməçisiz danışmağa adam tapdığına sevindi. - Müsyö Jam sizi də dəvət eləyib? Qəribədir, mənim heç xəbərim yoxdur.

       Jurnalist Cəmo tərəfindən danlandığından professorla rastlaşmağına sevinmədi. Kədərlə dedi:

        - Bonjur, müsyö Morel, gəlişim barədə sonra söhbət eləyərik.

        Cəmo professorun yanında oturdu. Ehsan baba oğlunun qəzəbli sifətindən gözünü ayırmadan dedi:

         - Oğlum, bu camaatın yanında deyirəm, bu firəng qəzetçisinin ayağı sayalıdır. Gəlişindən bir şey keçməyib, körpü açılıb, siz gəlmisiniz, üzünü bir dəfə gördüyüm gəlinim gəlib, hətta işığımız yanır. Firəng olanda nə olar, lap kafir də olsa ayağı düşərlidir.

       Qardi əmi hövsələsiz halda:

       - Ay baba, sən bu firəngi lap dağ başına qaldırdın ki?

       Ehsan baba ona yanakı baxdı:

       - Oğlum, darqursaq olma, qulaq as…

       Professora atasının nitqini tərcümə eləyən Cəmo duruxdu. Müsyö Morel hıçqıra-hıçqıra uğunurdu. Cəmo hələ hirsi soyumadığından kobudluqla:

       - Müsyö, gülməli nə var ki? - deyə soruşdu.

       Professor üzr istədi:

       - Pardon, müsyö Jam, bir ağsaqqalın o biri ağsaqqala oğlum deməsi məni  şənləndirdi.

            Ehsan baba qonaqlarının deyib-gülməyindən çaşmadan davam elədi:

            - Cəmo, bala, bu kafirlərə de, sözümü kəsməsinlər. Söhbət firəng qəzetçisindəndir. Deyəsən, ağıldan seyrək kişidir. Firəngistandan durub gəlib ki, sənin eşşəyinin balalarına baxmaq istəyirəm. Qalmışam mat! Bilmirəm gülüm, ya ağlıyım! Elə firəng firəng deyirlər, həmişə onları özümüzdən ağıllı bilmişik! Demə, adları çıxıb! Səfehlikdə bizim səfehlərdən geri qalmırlar. Bəlkə, deyirəm, bizim torpağımızın suyundandır, havasındandır?  Bura ayağı dəyən ipini itirir. Ya da firəngistandan bura ən səfehləri gəlib çıxır? Eşşək görmək üçün o boyda yol gəlməzlər ki!

            Yekəpər İsmi söz atdı:

            - Ay baba, sən firəngcə bilmirsən, axı? Bəlkə, onun dediyini başa düşməmisən? Bəlkə, firəng başqa mətləbə gəlib?

               Ehsan baba İsmi kişiyə acıqlandı:

            - Kəs, ay uşaq,  elə də türkəsaya deyiləm! - dedi. - Firəng qəzetçisi dilmancla gəlib. Bu adam qarşınızdadır. Özü də bizimkilərdəndir. Deyirəm, bəlkə o, firəngcə yaxşı bilmir, hətərən-pətərən deyir? Cəmo, oğlum, onu bir imtahan elə.

            Cəmo Fərhada təbəssümlə baxdı:

            - Baba, bu cavan neyləyib ki?

            Ehsan baba döşəkçəsinin altından bir qəzet çıxarıb ona uzatdı:

            - Deyir, firəngistanda çıxıb, mənim eşşəyimdən yazıblar. Bir oxu! Gör, deyilənlər düzdür?

            Cəmo dikəlib qəzeti aldı. Oxudu. Qıpqırmızı oldu, başını aşağı salıb susan müsyö Jana hiddətlə baxdı. Atasından soruşdu:

            - Ay baba, jurnalist nə istəyirdi, axı?

            Ehsan baba hövsələsiz halda:

            - Sən qəzeti oxu. Mənə anlat görüm, bu şəhərli balası düz deyir, ya yox? Bəlkə goplayır? Alim adamsan, oxu!

            Cəmo çar-naçar başladı qəzeti oxuyub, tərcümə eləməyə:

            - Şərqin Azərbaycan adlı ölkəsi nefti ilə məşhurdur… və ilaxır… Bu ölkədə Ehsan baba adlı yüz otuz yaşlı bir kişi yaşayır. Yaxınlarda onun eşşəyi əkiz doğub. Ən qəribəsi budur ki, eşşəyin balalarının biri  qızıldandır, biri gümüşdən…

            Ehsan baba onun sözünü kəsdi:

            - Elə belə də yazılıb? Deməli, şəhərli balası qəzeti düz çevirib?

            Fərhad uşaq kimi incik halda:

            - Ay baba, burda mənim günahım yoxdur! Firəng nə deyirdi, onu da tərcümə eləyirdim.

            Həzər Güdə Bağı ilə yanaşı oturmuşdu. Dinməz qulaq asırdılar. Məsələnin nə ilə bitəcəyini maraqla gözləyirdilər.

            Qıraqda büzüşmüş Əsvər daha özünü saxlaya bilmədi:

            - Baba, sən bu kafiri tövləyə apardınmı? - deyə soruşdu.              

           Ehsan baba kürəkəninə fikir vermədi, ətrafına heyrətlə baxırdı:

            - Demək, düz imiş? Mənim adım firəng qəzetinə düşüb. Pah atannan! Bu boyda yalan kimə lazımdır?! Kimin işidir?! Mənimlə qərəzi olan kimdir?! İndi də NKVD yoxdur ki, deyim, onların işidir…

            Əsvər çılğınlıqla:

            - Əşi, baba, firəngə tövləni göstərdinmi? - dedi. - Rəhmətliyin oğlu, bağrımızı çatlatdın ki! Cavab ver də!

            Ehsan baba kürəkənini çəp-çəp nəzərdən keçirtdi. Köksünü ötürdü:

            - Yox, bala, Gilə nənən qoymadı. Mən istəyirdim…

            Cəmo təklif elədi:

            - Baba, gəl gedək, tövləni də, qoduqları da camaata göstər. Bir dəfəlik məsələ həll olunsun! - dedi və başını buladı. - Ay rəhmətliyin oğlu, bu şayiyə nəyinə gərəkdir, axı?! Qoduq da qızıldan olar, qoduq da gümüşdən olar,? Aləmə car çəkmisiz…

            Ehsan baba bu danlaqdan  qeyzləndi, ağ saqqalı titrədi:

            - Axmaq-axmaq, danışma! Baxmaram böyük alimsən! Salaram təpiyimin altına! Mən kimə nə demişəm ki?! - dedi və birdən əlini Əsvərin üstünə silkələdi. - Bu Ninioğlunun işidir! Birinci qapıya o gəlib! Atası kimi araqarışdırandır. Məni kənddə biabır eləmək istəyir…

            Əsvər barmağını onun üstünə silkələyən qocadan qorxdu:

            - Yox, baba, bu iş mənlik deyil! - dedi. - Gilə nənə Gülzara məktub yazdırıb, Bakıya göndərib. Öz nəvəndir, yalan danışmaz…

            Cəmo məsələni aydınlaşdırmaq üçün astadan soruşdu:

            - Baba, sənin bizə göndərilmiş məktublardan xəbərin yoxdur?

            Ehsan baba donuxdu:

            - Yox, bala! - dedi. - Mənim məktubdan xəbərim xəbərim var, amma içindəkilərdən  hali deyiləm. Gilə ölmüşun işidir. Nə yazıb ki?

            Cəmo dirənə-dirənə dedi:

            - Məktubda yazılıb ki, babanın eşşəyinin doğduğu qoduğun biri qızıldandır, biri gümüşdən.

            Ehsan baba dünyanın işlərinə mat qaldı:

            - Elə belə də yazılıb?

            Cəmo başını tərpətdi. Əbi də başını tərpətdi. Ehsan baba uzun-uzadı onlara baxdı, sonra ayağa qalxdı. Eyvanın o başında biş-düşlə məşğul olan Gilə qarını səslədi:

            - Ay Gilə, bir bura zəhmət çək… - dedi.

            Arvadların əhatəsindən çıxıb kişilərin yığışdığı yerə gələn Gilə nənənin görünüşündə nə vardısa Ehsan baba dilinə gələni uddu. Xəstəlikdən sonra kişi, doğrudan da, qarıdan qorxurdu.

            - Nədir, baba? - deyə Gilə nənə sakitcə soruşdu.

            - Tövlənin açarını ver - deyə baba əlini uzatdı.

            - İndi yemək verəcəyəm! - deyə qarı döndü. - Tövlə nəyinə lazımdır?

            Ehsan baba daha özünü saxlaya bilmədi:

            - Tünbətün qızı, bu nə işdir mənim başıma açırsan?!  Bu nə kağızdır uşaqlara yazmısan? Heç eşşək də qızıl-gumuş doğar?! Başın xarab olub? Dəli olmusan?

            Gilə nənə bu tənbehə dözdü. O, qərarını vermişdi. Diri ilan da boynundan assaydılar «qızıl qoduğ»un yerini heç kimə deməyəcəkdi. Bir belə adamın içində evin ağsaqqalı ilə mübahisə eləmədi. Mızıldandı:

            - Ay baba, övlad həsrətindən adamın başı da xarab olar, hələ o yana da keçər. Dedim, nə qədər ölməmişəm, onların üzünü görüm… Üç oğlun ola, tənha qalasan, adamın başına hava gələr də…

            Arvadın sözü ağzında qaldı. Doqqazda maşın səsi eşidildi. Hamı boylandı. Maşından düşən Cümü hündürdən dedi:

            - Ay baba, ay nənə, salam! Bu nədir bir toyluq adam yığmısız?!

            Ehsan baba hər şeyi unudub onu qarşılamağa tələsdi. Camaat da hərəkətə gəldi. Arxa oturacaqdan düşən  Qəmər xanım özünü Cümüdən qabaq babaya yetirdi. Sevinə-sevinə soruşdu:

            - Ay baba, bizim payımız dururmu? Başqasına verməmisən?!

            Ehsan baba gəlinini qucaqladı. Sonra Cümü ilə qucaqlaşdı. Qəmər xanımdan soruşdu:

            -  Hansı paydan söhbət gedir, ay qızım? Qurbanlıq payınızı deyirsənsə, hazır toğlumuz var, bu saat kəsərik.

            Qəmər xanım Gilə nənənin qucağından çıxdı:

            - Toğlu nədir, baba?! - dedi - Sən qızıldan danış? Vallah, Gilə nənənin məktubunu alan kimi gələcəkdik, dedilər, yollar bağlıdır. İndi payımızı alan kimi geri qayıtmalıyıq. Cümüyə böyük vəzifə verirlər. Sabah Bakıda olmalıdır...

            Baba qımışdı, istehza ilə Cümünün kürəyinə əlini vurdu:

            - Deməli, sən də qızıl xotuğların sədasına gəlmisən?! - dedi və başını buladı. - Sən ki, şəkkakın birisən! Bu şayiyəyə nə təhər inanmısan?

            Cümü utandı. Taraş üzünü qaşıdı:

            - Ay baba, nə bilirsən inanmışam? - dedi. - Amma ağlıma başqa şeylər gəldi. Fikirləşdim ki…

            Ehsan baba günahkar halda gözünü döyən Gilə nənəyə göz ağartdı, oğlunun sözünü kəsdi, hirslə dedi:

            - Ay başı batmış, keç özün tövlənin qapısını aç. Daha bir bəhanən qalmadı. Cümü də gəldi! Gör nə həngamə açmısan! Firəngistandan bu yana aləmi bir-birinə qatmısan…

            Gilə nənə boynundan asdığı açarı çıxartdı. Tövləyə tərəf irəlilədi. Hamı onun dalınca düşdü. Möcüzə həvəsi ilə gəlmiş adamların marağı hələ çəkilməmişdi. Gilə nənə qapını açıb qırağa çəkildi.

            Qaranlıq tövlənin ortasında parıldayan bir qoduq zəif ayaqları üstə zorla durmuşdu. Səsə devikdi, anasının altına təpildi. Uzunqulaq başını qaldırdı, qapıdan boylanan adamların marağını təmin elədi, ürəkdən anqırdı. Birdən o soncuqladı. Kiçik tövləni hirslə dolandı. Hər dəfə ayaqları arasına özünü atan parıldayan varlığa bir qoşa şıllaq ilişdirdi. Qoduq top kimi qapının ağzına düşdü. Daha tərpənmədi. Hamı mat qalmışdı, danışan yox idi. Bircə Jan jurnalist sərvaxtlığı ilə fotoaparatını çıqqıldadırdı. Ehsan baba  bismillah çəkdi. Hər şeylə maraqlanan Jan quruyub qalmış adamları kənar eləyib özünü irəli verdi. Əlini parıldayan qoduğun dərisinə sürtdü, iylədi, güldü, fransızca nəsə dedi. İşıldayan əlini yellətdi. Baba Cəmodan soruşdu:

            -  Nə deyir, bala?                                       

            - Jurnalist deyir ki, bu fosfordur.

            Əbi maraqla:

            - Burda fosfor nə gəzir?

            Cəmo tövlənin küncünü göstərdi:

            - Baba, o tövlənin küncündəki parıldayan nədir?

            Ehsan baba əlini yellətdi:

            - Heç nə, ay oğul, keçən il dağdan bir tay torpaq gətirmişdim. Qaranlıqda işıldayırdı. Suynan qarışdıranda quruyub daş kimi möhkəm olduğunu gördüm. Odda yandırılanda şüşə kimi şirlənirdi. Bir tay gətirdim, dedim, lazım olar. Xəstələndim, qaldı elə. Bu axmaq eşşək də o torpağa dadanmışdı. Əməlli-başlı yeyirdi. Qalan elə o küncdəkidir, deyəsən, hamısını yeyib…  

            Cəmo bunları qonaqlarına tərcümə elədi. Janla aralarında mübahisə düşdü. Amma indi onlar sakit danışırdılar. Jurnalistin axır sözü bu oldu:

            - Eşşək balasının parıldaması fosforlu torpağın təsirindəndir. Bala ana bətnində onunla qidalanıb, ona görə də parıldayırmış. Amma, mənə elə gəlir ki, bu müvəqqəti haldır. Yəqin ki, keçib gedərdi, hayıf ki, eşşək balası öldü. - dedi və tərcüməçisinə şikayətləndi.  - Müsyö Fərhad, boş yerə gəlmişik. Məni işdən qovacaqlar.  

            Qardi əmi müdaxilə elədi:

            - Cəmo, oğlum, bu firəng qırışmal elə bilir ki, bütün dünya firəngcə başa düşür. Sənə nə olub? Bizim dildə danışsana! Bizi də anlatsana! - dedi və Cəmonun izahatını dinləyəndən sonra söz atdı. - Yaxşı, gümüş qoduğun taleyi məlum oldu, bəs, qızıl qoduğ hanı? Katta qızı onu harda gizlədib?

            Gilə nənə ona tərs-tərs baxdı. Söylənə-söylənə camaatdan aralandıqda molla Bala doqqazla göründü. Qardi əmi nəvəsinin dostuna lağ elədi:

            - Ədə, molla Bala, nə üzlü adamsan, - dedi və əlavə elədi. - Bu molla tayfası belədir də!  Ölü düşən kimi özünü yetirir.         

            Ehsan baba zənn ilə baxdı:

            - Deyirsən, molla Bala da qızıl qoduğun sorağını alıb gəlib?

            Qardi əmi təsdiq elədi:

            - Elə olar da. Yoxsa, bu dağlarda nə iti azıb?!

            Molla Bala əvvəlkindən də bərk axsayırdı. O, sıxıla-sıxıla yaxınlaşana qədər çəpərin böyründə bir maşın da dayandı. Bir cavan adam özünü yerə atdı. Az qala qaça-qaça həyətə daxil oldu. Qara kostyum-qalstukundan bilinirdi ki, gələn rayon məmurlarındandır. O, çıraqban həyətə yığılan bir belə adamı görüb duruxdu.

            Güdə Bağı onu tanıyıb qabağına yeridi:

            - Ay müəllim, sən buralarda neyləyirsən? - deyə onunla görüşdü.

            Cavan kişi panamasını çıxardıb ümumi salam verdi:

            - Ehsan babanın ayağına gəlmişəm.

            Bu adam rayon muzeyinin təzə direktoru idi. Alimlik dərəcəsi vardı. Əvvəl sakitcə müəllimlik eləyirdi. Vəzifəyə keçəndən sonra yaman əl-ayaq açmişdi. Qısa vaxtda muzeyin binasını təmir elətdirmişdi. Eksponatları artırmışdı. Güdə Bağının onunla zarafatı vardı. Ehsan babaya xitabən:  

            - Baba, bu müəllim xatalı kişidir ha! Əlinə keçəni zor-xoş alıb müzeyə qatır. Pıspısa kimidir, rastına çıxan daş-dəmiri dığırlada-dığırlada rayona aparır, nömrələyir. Deyir, tarixi eksponatdır. Başçını girinc eləyib ki, muzeyə yeni bina ayırsın…

            Muzey direktoru Güdə Bağını sərrast bir kəlmə ilə yerində oturtdu:

            - Deyirdilər, Güdə Bağı yerin altını da bilir, üstünü də! Demə, yalan imiş, - dedi.

            Ehsan babanın təzə qonağın  sərrast sözündəq xoşu gəldi. Ona tərəf getdi:

            - Xoş gəlmisən, oğul! Rayondakıları bu kəndə traktorla gətirmək olmur. Səndən nə əcəb?

            Muzey direktoru udqundu:

            - Deyilənə görə, Qızyurdundakı sərdabəni sən tapmısan. Mağaranın yerini-yurdunu yaxşı bilirsən. Gəlmişəm, sabah məni ora aparasan.

            Ehsan baba təəccüblə:

            - Nə tez ayılmısınız, - dedi. - Bu vaxta qədər heç maraqlanan yox idi.

            Direktor tələsik dilləndi:

            - Mən təzə adamam, baba, köhnə direktorun işlərinə cavabdeh deyiləm. Mən mağaranı yenidən tədqiq eləməliyəm.

            Ehsan baba başını buladı:

            - Gecikmisən, bala, zəlzələdən sonra mağaranın yeri itib. İndi onu tapmaq mahal işdir.

            Muzey direktoru əlini dizinə vurdu:

            - Hayıf, - dedi. - Hər şey məhv oldu.

            Ehsan baba maraqla:

            - Başa sal görüm, oğlum, nə məhv oldu?

            Muzey direktoru köksünü ötürdü:

            - Baba, sənin muzeyə verdiyin gil heykəlciklər, gil xəncər-qılınclar qızıldandır. Demə, əvvəl qızıldan hazırlayıb sonra üstünü gillə örtüblər. Eşitdiyimə görə, orda gil qalxanlar, qab-qacaq var imiş… - dedi və susdu.

            Gənc alim izah eləmədi ki, bu qədim kahinlərin əməlidir. Mağaradakı məzar sahibi, çox güman ki, vacib bir şəxs imiş. Onu xəlvəti bir yerdə, əlçatmaz dağ mağarasında dəfn eləməklə kifayətlənməmişlər. Mərhumun bir zaman ölüm yuxusundan qalxacağına inanaraq xüsusi tədbirlər tökmüşlər. Kahinlər bunun qeydinə qalmışdılar. Mərhumun silah-əsləhəsi, əşyaları məzara qoyulmuşdu. Arvad-uşağının, qul-qaravaşının, yaxın adamlarının heykəlcikləri də unudulmamışdı. Onu qaranlıq dünyadan işıqlı dünyaya heykəli yonulmuş qoçlar çıxaracaqdı. Həmişə mindiyi at əlinin altında olacaqdı. Bunu hamı bilir, igid atsız qanadsız quş kimidir. Qədim insanlar isə ata tapınırdılar. Heykəllərin, əşyaların gilə tutulub bişirilməsi kahinlərin uzaqgörənliyindən irəli gəlirdi. Onlar kurqanların talandığını, məzarlırın açıldığını nəzərə almışdılar. İşdir, belə bir hadisə baş versə, hər şey qəsb edilsə də, qiymətsiz gil və daş heykəllər qalacaqdı. İgid yuxusunu alandan sonra qoçlar onu işıqlı dünyaya çıxaracaq, o atına minəcək, gil altında gizlədilmiş silah-əsləhəsini, əşyalarını, arvad-uşağını, yaxınlarını yanında görəcəkdi.

            Gənc alim bildiyini adamlara söyləmək fikrində deyildi.

             Ehsan baba vaysılandı:

            -  Vay-vay! Gör ha! Açığı, fikrimdə tutmuşdum ki, orda nə var hamısını asta-asta gətirim. Rayondakıların qeyrətini görəndən sonra hirsləndim. Bu işdən əl çəkdim. Sonra mən fikrimi dəyişəndə gec idi. Zəlzələdən dağlar bir-birinə qovuşmuşdu, mağara yoxa çıxmışdı. Axırıncı dəfə bir saxsı at heykəli gətirdim… İndi tövlədə axurdadır… Deyirsən…?

            Muzey direktoru sevinclə:

            - Hə! Hə! Gedək baxaq…

            Ehsan baba başını qaldırıb eyvanda tənha dayanmış Gilə nənəyə dedi:

            - Katta qızı, heykəl axurda gözümə dəymir, hara qoymusan?

            Gilə nənə laqeyd halda:

            - Uzunqulaq vurub sındırmışdı. Tikə-parası qalmışdı. Mən də saxsıları yığıb atdım.

            Muzey direktoru ümidlə:

            - İçindən heç nə çıxmamışdı?

            Gilə nənə əsəbi halda:

            - Ədə, canlı at deyildi ki, balalayaydı… Boş idi. - dedi və mətbəxə tərəf getdi.

            İş bununla bitəcəkdi. Amma daha iki nəfər həyətdə peyda oldu. Güdə Bağı onları da tanıyıb Ehsan babanın qulağına pıçıldadı:

            - Baba, sənin işin xarabdır… - dedi. - Gələnlər hökumət  adamıdır.

            Ehsan baba hündürdən:

            - Hər kimdir  Allah qonağıdır ,bala! Elə demə.-dedi.

            Güdə Bağı şaqqıltı ilə güldü:

            - Baba, bunlar vergi müfəttişləridir. Yəqin eşidiblər ki, sən icazəsiz sahibkarlıqla məşğul olursan, qızıl qoduq yetişdirirsən, gəliblər vergisini almağa … ha, ha, ha!

            Həyətdəkilərin buzu açıldı, hamı hərəkətə gəldi, hamının dili açıldı.