icon
icon
icon
icon

Parkda «ədəbi disput»

       Şəhərin hörmətli ziyalılarından biri olan Ədhəm müəllim söhbət həvəskarı idi. Amma bir müddət idi ki, o, auditoriyasız qalmışdı. Şura hökuməti dağılandan sonra heç yerə dəvət almırdı. Onun söhbətlərinin müştağı olan zavodlar, fabriklər, kolxoz-sovxozlar dağılmış, kitabxana, mədəniyyət sarayları isə maddi çətinliklərin caynağında çabalayırdı. Məktəblərdən isə heç danışmağa dəyməzdi. Bazar iqtisadiyyəti hər yeri bazara çevirmişdi. Bir vaxtlar yazıçılar ittifaqı, bilik cəmiyyəti xətti ilə ədəbi görüşlərə, təntənəli mərasimlərə ezam olunardı. İllahda rayonlara göndəriləndə Ədhəm müəllimin könlü gül kimi açılırdı. Şair demişkən, bir qaraquş kimi uçan xəyalı, vətən torpağını seyrə çıxırdı. Bulaq başında doyunca yeyib-içəndən sonra Ədhəm müəllim düşürdü kolxozçuların canına. De ki, deyəsən. Kişinin sinəsi dolu idi, söz fantanı səngimək bilmirdi. 

« - Ax, hanı o dövran! Adam özünü adam hiss edirdi. - deyə Ədhəm müəllim gözünü yumub xəyala gedərdi…, və açanda reallıq onu kədərləndirərdi. - İndi kimə lazımsan,  ay Ədhəm? Dil tərpədən kimi, vururlar adamın ağzından. Bəs, müəllim, sus, bu sən girən kol deyil.»

       Danışmaq azarı Ədhəm müəllimin ürəyini üzürdü. Həmişə çənəsinin altına salmağa adam gəzirdi. Axır vaxtlar işlədiyi yerdə otaq yoldaşları üzə durdu. Şöbə rəisinə şikayət elədilər:

-     Bizi işdən qovsan da, bu adamla bir otaqda oturmayacağıq.

        Rəis təəccüblə:

-     Ədhəm müəllim sizə neyləyir? Axı, o, mədəni, savadlı bir adamdır. İşini

də əla bilir.

-     Ay rəis, bu adam səkkiz saat dil boğaza qoymur. Dərdimiz-çorumuz

azmış, bu da bir yandan başlayır keçən günlərdən danışmağa. O qədər danışır ki, adam az qalır özünü assın.

        Rəis işçiləri sakitləşdirib yola saldı. Ədhəm müəllimi yanına çağırdı, bir xeyli danladı, sonra ondan iltizam aldı ki, daha xamuş dolanacaq. İş yoldaşlarından qəlbi sınmış Ədhəm müəllim qurdunu öldürmək üçün qonşu otaqlara ayaq açdı. Amma o biri şöbələrin cavanları hörmət-izzət bilmirdilər. Onun hər sözünü lağa qoyurdular. Ədhəm müəllim də abrına qısılıb qonşu şöbələri gəzmək adətini  tərgitdi.  

       Bazar günü lap darıxdı. Evdəkiləri öz söhbəti ilə bezdirəndən sonra geyinib bayıra çıxdı. Həyətdə domino oynayan qonşular onu görən kimi dərhal dağılışdılar. Bilirdilər ki, ona baş qoşsalar bazar gününü haram eləyəcək. Ədhəm müəllim ah çəkdi. Bağçaya tərəf irəlilədi. Oralarda həmişə həmsöhbət tapmaq olardı. Hava ayaz olduğundan bağçada seyrəklikdi. Təmiz havanı köksünə çəkən Ədhəm müəllim oturacaqlardan birinə yanını verdi.Bir az keçdi.Parkın kimsəsizliyindən darıxdı,durub getmək istədi. Birdən iki nəfərin peyda olması onu sevindirdi. Amma bu adamlardan gözü su içmədi. Onlar bərkdən danışır, dirəşə-dirəşə gəlirdilər. Deyirdin, indi yıxılacaqlar. Ədhəm müəllimlə üzbəüz oturacaqda qərar tutduqda, məlum oldu ki, ikisi də dəmdi. Arağın iyi gül kimi havanı dərhal bulandırdı.           

     Ədhəm müəllimin könlü bu qonşuluqdan açılmadı. Çünki  bunlar söhbət adamı deyildilər. Yerini dəyişməyi isə şəxsiyyətinə sığışdırmadı. Əlini-qolunu ölçə-ölçə danışan pəzəvəng kişi arıq yoldaşına deyirdi:

-    Qəm eləmə, lələşin sənin xəcalətindən çıxacaq. Mən həmişə deyirəm

ki, Əlibala kişi adamdı. Mərdlikdə tayı-bərabəri yoxdu. Mənim canım sənə qurbandı, Əlibala! Sən mənim gözümün işığısan, Əlibala!

      Onun xırıltılı səsindən ağaca qonmuş quşlar pırıltı ilə uçdular. Ədhəm müəllim dözmədi, səsi bağçanı başına götürən pəzəvəng kişiyə irad tutdu: 

-    Ay vətəndaş, sakit danışsana!

      Pəzəvəng kişi sözünü yarımçıq kəsib ona çəpəki bir nəzər saldı, deyəsən, Ədhəmin cılız görkəmi onda heç bir hörmət hissi oyatmadı. Arıq yoldaşından soruşdu:

-    Sən bu kişini tanıyırsan?

-    Yox.

-    Mən də tanımıram. Bəs, niyə söhbətimizə müdaxilə edir?

Əlibala deyilən kişi hıçqırdı:

-    Bilmirəm, - dedi və gümanla. - Bəlkə, o, bizi tanıyr?

-    Tanıdı, tanımadı, mənə vətəndaş niyə deyir?

     Əlibala da təəccübləndi:

- Doğrudan ha, - dedi və yenə gümanla.- Bəlkə, vəzifə adamıdır, adət

eləyib?

      Pəzəvəng dilini nırçıldatdı:

      -Vəzifə adamının parkda nə işi? Onların başı rüşvətdən ayılmır. - dedi.

      Əlibala barışdırıcılıqla:

      -İşin yoxdur,vətəndaş deməyində bir qəbahət yoxdur…-dedi.

    Pəzəvəng ona qulaq asmadı, ayağa durub Ədhəm müəllimin qarşısında dayandı və əlini onun çiyninə qoydu:

-    Vətənin daşına qurban olum! Vətənin qumuna qurban olum! Amma niyə

mənə vətəndaş deyirsən? Sənə neyləmişəm?

      Ədhəm müəllim çaşıb qaldı, bilmədi bu sözün müqabilində nə desin. Əlibala yoldaşına züy tutdu:

-  Doğurdan ha, vətəndaş sözü beş il qabaqkı məhkəməni yadıma salır.

«-Vətəndaş müttəhim, siz özünüzü günahkar sayırsınızmı?» « - Yox,  vətəndaş, hakim.» Doğrudan da, hakim vətən daşı idi. Haqqını alandan sonra günahkarı buraxdı, məni türməyə saldı. İki il iş kəsdi mənə.

Pəzəvəng ona çımxırdı:

-    Yaxşı, yaxşı, köhnə palan içi tökmə, - dedi. - Mənim bayırda çəkdiyimi

sən içəridə çəkmədin! İnan Allaha, sənin halını fikirləşəndə könlüm qubar eləyirdi. Bu işi bir tutmuşduq, gərək, cəzanı da bir çəkəydik.

        Söhbət çox maraqlı olsa da şəxsiyyətinə göstərilən etinasızlıq Ədhəm müəllimi qəti təmin eləmirdi. Pəzəvəngin əli zindan kimi ağır idi. Bu vəziyyətdə söhbətdən ləzzət almaq olmazdı. Ədhəm müəllim səbrlə dilləndi:

-    Ay yoldaş, olmaz ki, əlini çəkəsən?

Pəzəvəng əlini çəkmədi:

-    Yoldaş, yoldaş, - deyə təkrar elədi. - Bu söz də işimizə yaramır.

Düşüncəsi ayrı, dünyagörüşü fərqli olan yad adamları, nəinki, birləşdirmir, hətta, ayırır. Bu söz tarixin arxivinə keçib. Elə deyil, Əlibala?

      Əlibala dərhal dilləndi:

-    Əlbəttə, amma bir qeydim var. Haçansa varlıların, əsilzadələrin fəhləyə

yoldaş deməyi fəhlə sinfinin böyük qələbəsi idi. İnqilab etmiş zəhmət adamının özünü təsdiqi idi. Yəni, ay bəy, ay xan, ay varlı səni hakimlikdən salmışam, varını-dövlətini əlindən almışam, özümə bərabər etmişəm, özümə yoldaş etmişəm! 

Pəzəvəng əl çaldı:

-  Əla, - dedi. - Yox, həqiqətən də türmə sənə düşüb. Lap filosof olmusan,

ay gözünə dönüm. Davam elə.

Bundan ruhlanan Əlibala:

-    Amma, kommunizim ideyaları bir xəyala çevriləndən sonra bu müraciət

mənasını itirdi. Bəy yenə bəy oldu, varlı yenə varlı oldu. Deməli, biz eyni yolun daşları ola bilmədik.

       Pəzəvəng bir də əl çaldı, Ədhəm müəllimin şlyapasına bir yağlı çırtma vurdu, şit-şit güldü:

-    Anladınmı?

      Ədhəm müəllim düşdüyü axmaq vəziyyətə mat qaldı. Hələ də sülh yolu ilə canını qurtarmaq fikrində idi. Şlyapasını düzəldib:

-    Dostum, bu hərəkətin gülməli deyil, - dedi. - Mən də hərdən içirəm,

amma kimsəyə dolaşmıram. Sizsə şitini çıxarırsınız. Yol verin, mən gedirəm.

Pəzəvəng Əlibalanın sərxoş qəhqəhələri altında Ədhəm müəllimi

oturacaqdan   qalxmağa qoymadı:

-    Hara? Söhbətimizi yarımçıqdır hələ. Otur. Bir də  haçan rastlaşacağıq? -

dedi. -İndicə mənə dost dedin. Çox səfeh müraciətdir. Sözün özü gözəldir. Dost! Adamın könlü açılır. Bax, bu Əlibala  ilə bir xalvar çörək kəsmişəm, neçə illər bir  yerdə işləmişəm, gəliş-gedişimiz var. Yaxşı pullar qazanmışıq. Daha zavodda alümin-mis qalmadı satmayaq. Bir manatını da onsuz yemirdim. Hələ də bir-birimizə dost deyə bilmirik.

Əlibala heç gözlənilmədən bomba kimi partladı. Ayağa sıçradı, hiddətlə:

-    Sənin kimi dostu olana düşmən lazım deyil, - dedi və sərxoş çılğınlıqla -

Mən sənin kəramətindən türməyə düşdüm.Dəfələrlə sənə dedim ki,bəsdir,tamahını saxla, qulaq asmadın. Axırı da belə oldu. Dost dosta can  qurban edər, sən isə məni dünya malına satdın,hər şeyi belimə yüklədin. Dedin, Əlibala, hamısını boynuna al, mən qıraqda olsam adam tapıb səni çıxarmaq asan olacaq. Mən axmaq da razılaşdım. İki il güpladılar böyrümə. Budur dostluq?

       Pəzəvəng kişi cücə kimi büzüşdü və boğuq səslə Ədhəmə:

-  Eşitdinmi?  Əlibala bayaq dediyimə qüvvət verdi. Haqq sözə nə deyəsən?

- dedi və Ədhəmin yaxasını boşladı, dönüb Əlibalanı qucaqladı. - Sənə mənim canım qurban, Əlibala! Amma o dünya malını tək yemədim, sənin ailənlə bölüşdüm, valideyinlərinə əl tutdum, qoymadım onlar korluq çəksinlər. Bunu niyə demirsən? Yad adamın yanında niyə məni xəcil edirsən? Elə bilər mən xəspuşun biriyəm.     

       Ədhəm müəllim bir-birinə sarılmış bu iki sərxoşun yanından sivişib aradan çıxmağı fikirləşirdi ki, pəzəvəng ona tərəf döndü:

-    Sən de, mən pis adamam?

Ədhəm müəllim könülsüz halda:

-    Qardaş, niyə pis olursan ki?-dedi.

Pəzəvəng küt-küt ona baxdı, mızıldandı:

-    Mənə qardaş deyəndə qonşumuzun bir sözü yadıma düşür: « - Atamın bir

arvadı, anamın bir əri, sən hardan çıxdın?»

     Əlibala ürəyini boşaldandan sonra deyəsən yumşalmışdı, pəzəvəngə bir dürtmə vurdu, pis-pis güldü:

-    Bəlkə, dədənin əskərlik günahlarıdır? - dedi.

 Pəzəvəng boynunun ardını qaşıdı, diqqətlə Ədhəmin üzünə baxdı, başını

buladı:

-    Yox, bu kişinin sifətində dədəmdən bircə nişanə də yoxdur.

Ədhəm bayaqdan birinci dəfə güldü:

-    Ə, sən lap fantan eləyirsən ki! - dedi.

Pəzəvəng ona nəsihətlə:

-    «Ə» müraciətini kənddə-kəsəkdə işlədirlər. İsmin tək halıdır. Biz

mədəni insanlarıq,  ədəbiyyatımızın min ildən çox tarixi var, - dedi. - İnsan isə cəmi yaranmışların əşrəfidir. Bu əşrəf cəm halında müraciətə layiqdir. Məsələn, ingilislərdə tək hal yerli-dibli yoxdur.

       Əlibala  səbirsiz halda:

-    Gəl, çıxıb gedək, işim var, - dedi. - Bura sənin üçün ədəbiyyat dərnəyi

deyil ki.

      Ədhəm müəllimin dili dinc durmadı:

-    Söhbətimiz çox maraqldır, - dedi. - Bəlkə, davam eləyək?

Pəzəvəng kişi tərs-tərs ona baxdı:

-    Yeri, adə, - dedi. - Əlibala, sən öl, bu da bizi dolayır.

Ədhəm müəllim bal şirinliyi ilə:

-  «Adə» bakılıların sevimli ifadəsidir. Onun Şirvan variantı «a adə»-dir.

Demək olar ki,  müraciətin cəm halıdır. Bir az lorudur. Ermənilərin «ara» müraciətinə oxşayır.

      Pəzəvəng  qeyzləndi:

-    Yum, ağzını, - dedi. - Erməni özünsən. Salaram təpiyimin altına ağlın

başına gələr…

Əlibala şaqqıltı ilə güldü:

-    İşin yoxdur, mən ölüm, - dedi.- Ayə, bu bizim adamdır.

Ədhəm müəllim davam etdi:

-    «Ayə» deyimi Qazaxda, Borçalıda tez-tez işlənilir. Gəncəlilər «alə»

deyir, muğanlılar «ədə» deyir, Salyanlılar «ələ» deyir…

Pəzəvəng quruyub qalmışdı, Əlibala isə uğunub özündən gedirdi:

-  Əkişi, bu lap dəsgah imiş ki! Xalq qaynaqlarını əzbər bilir.

-    «Əkişi» də fərli müraciət deyil. Təhqirli heç bir şey yoxdur, amma

naqolay səslənir, - deyə Ədhəm müəllim dərhal dilləndi.

 Pəzəvəng kişi sinirli halda əlini sinəsinə qoydu:

-    Ay müəllim, qurtar. Yeri, yolunla get. Qoy, dərdimizi çəkək.

Ədhəm müəllim istehza ilə vaysılandı:

 - Vay-vay-vay! İndi «müəllim» sözü lap hörmətdən düşüb. Adam eşidəndə

xəcalət çəkir.

Əlibala qarnını tutdu:

-    Ha, ha, ha, əmioğlu, qurtar, sən Allah, - dedi. - Daha məndə can

qalmadı.

     Ədhəm müəllimsə özünü heç cür saxlaya bilmirdi, yaman qızışmışdı:

-  Elə demə, qadan alım,əmioğlu müraciətini eşidəndə adam özünü Maştağa

kəndində hiss edir.Vallah, polyaklar yaxşı edir, kişilərə «pan», qadınlara «pani» deyə müraciət edir.  Almanlap «her», «frau» deyir. İngilislər «mister», «missis» deyir. Fransızlar «müsyö», «madam» deyir. Bircə biz yazıqlar, bir müraciət forması tapa bilmirik.

Əlibala heyrətlə:

-    Bu lap dərya imiş ki!

Pəzəvəng  birdən özündən çıxdı:

-    Bu dəryalardı da bizi bu günə qoyan. Dünyanın hər yerindən xəbər

verirlər, yaxşını pisdən ayırırlar, amma camaata bir gün ağlamırlar. Belələrini dünya işığına gərək həsrət qoyasan ağlları başlarına gəlsin. Bax, belə…

      O, gözlənilmədən Ədhəm müəllimin şlyapasının yanlarından tutub var gücü ilə çəkdi  aşağı. Ədhəm müəllim çənəsinə qədər pərçimlənmiş şlyapanı səhmana salınca onlar hırıldaşa-hırıldaşa uzaqlaşdılar.

      Bu «ədəbi disput» Ədhəm müəllimə dərs oldu. Onu çənə vurmaq azarından xilas etdi. Tanış-biliş nə illah elədisə bunun səbəbini öyrənə bilmədi. Bu bir sirr olaraq qaldı.   

İdarə zarafatları.

      Kompüter şöbəsi geniş pəncərələri lazımsız əşyalarla qalaqlanmış dəhlizin lap axırında yerləşirdi. Belə məlum olurdu ki, bu idarədə müasir texnika hələ lazımi qiymətini almayıb. Amma belə deyildi. Bir neçə işçinin çalışdığı geniş otaqdakı avaldanlıq təzə idi, parıldayırdı. İçəridə bir nizam, sahman vardı. Monitor və prosessorların yüngül uğultusundan savayı bir hənir eşidilmirdi. Bu sərdabə sakitliyini küncdəki masanın arxasında qurdalanan texnikin işlətdiyi elketrik alətlərinin səsi arada pozsa da hərə öz işi ilə məşğuldu, kimsənin cınqırı çıxmırdı. Qonşu şöbənin əməkdaşları dəhlizdə saatlarla deyib-gülür, siqaret çəkir, qeybət qırır, idmandan-siyasətdən mırt vurardılar. Kompüter şöbəsinin işçiləri isə səhər otağa girər, bir də axşam oranı tərk edərdilər.

            Şöbədə ağsaqqal Qədim kişidən savayı daha üç nəfər çalışırdı. Biri bütün məhəbbətini işə sərf elədiyindən qarıyıb qalmış Rəfiqə xanımdı.Geyim-gecimi, oturuş-duruşu çox qadına nümunə ola bilərdi. Amma bəzənməyi, düzənməyi kimin üçün idi, məlum deyildi. İkincisi, tündməcazlığı ilə xeyirxahlarını da özünə düşmən eləyən Rəvandı. Onun solğun üzündən həmişə zəhrimar damırdı. Üçüncüsü bir sərək rus balası idi, çilingər işlərini yerinə yetirirdi. Onun gözü kompüterlərdə idi. Biri boşalan kimi arxasına keçir, internetə girir, saytları mənasız yerə veyillənirdi. Şöbədə bir nəfər də vardı, amma onun təsvirinə bu hekayədə ehtiyyac görmürük. Çünki, hadisə vaqe olanda həmin şəxs  xəstəxanada idi.

            İşçilər bir-birini təhəmmül eləyirdilər. Dinməz yola gedirdilər. Hətta Bağır müəllim də özünü müdir kimi aparmırdı, dartıb dağ başına qoymurdu. Onlarla bərabər fərdi kompüterində çalışır, onlarla bir yerdə çay içir, nahar eləyirdi. Müdirin dedi-qodudan zəhləsi gedirdi. Bu əməl sahibləri ilə arası yox idi. Şöbənin əməkdaşları da onun xasiyyətini götürmüşdülər.

            Axır vaxtlar vəziyyət dəyişmişdi. İdarəyə xeyli təzə texnika gətirilmişdi. Şöbənin işi artmışdı. Texnikanı quraşdırmaq, əyər-əskiyini düzəltmək, əməliyyatçıları hazırlamaq, proqram təminatı vaxt və adam istəyirdi. Baş qaşımağa macal eləmirdilər. Bağır müəllimin təkrar  xahişindən sonra şöbəyə göndərilən cavan mühəndislər onu məyus eləmişdi. Bu gənclərin dovtələbliyinə söz ola bilməzdi. Bağır müəllim bir neçə sualla onların kəmsavadlığını üzə çıxaranda belə cavanlar xəcalət çəkmirdilər. Arsız-arsız gülürdülər. Onları işdən çox maaş cədvəli maraqlandırırdı. Kompüter arxasında oturmaqdan qarnı belinə yapışan şöbə müdiri təbdən çıxırdı. Dilinin ucunda dolanan latayırı zorla udurdu. Əslinədə, heç tərbiyyəsi də bu lüğətdən istifadə eləməyə yol vermirdi. Hövsələsini zorla basıb şöbə əməkdaşlarının qulağını yağır eləmiş məşhur kəlamlarını təkrarlayırdı:

            - Sizin aldığınız ali məktəb diplomu ilə savadınız əks mütənasibdir. Amma biz sizə kömək eləməyə hazırıq. Kompüterə yiyələnmək lazımdır. Bu, dünyanın bir saylı sənətidir, hər şeyin açarıdır. Biz cavan olanda  deyirdilər ki, əsrimiz kosmos əsridir. Bax, həmən kosmos əsrinin lokomotivi kompüterdir. Kompüteri bilsəniz gələcəkdə hər şeyiniz olacaq.

             Zəmanə cavanlarını belə şirin vədlər cəlb eləmirdi. Bir-iki həftədən sonra aradan çıxırdılar. Bu, Bağır müəllimi çox da kədərləndirmirdi. Bilirdi ki, belə bivec mühəndislərin yerini idarənin kadr şöbəsi yaxşı bilir. Amma belə olmadı. Yazdığı növbəti xidməti məlumatdan xeyli vaxt  xəbər çıxmadı.Bir gün idarə rəisi onu yanına çağırdı. Müqəddiməsiz dedi:

            - Bağır müəllim, deyirlər sən cavan mütəxəssizləri yola vermirsən? Bir yandan adam tələb eləyirsən, bir yandan da gələnləri top-tüfənglə qarşılayırsan. Bu nə işdir?

            Rəislə münasibəti xoş olsa da heç vaxt sərvaxtlığını itirməyən Bağır müəllim onunla  mübahisə eləməzdi. İndi də mülayimliklə özündən on yaş kiçik olan həmsöhbətinə baxdı, gülümsədi:

            - Ay rəis, mən qovmuram, özləri qaçırlar. Mənim nə günahım var?  - dedi və hələb-həlbət geri çəkilməyə yer elədi. - Vallah, bilmirəm, kadrlar şöbəsi bu bisavadları haradan tapıb göndərir?

            Rəis şümal yanağını qaşıdı, kürsüyə yayxandı. Cavanlığına yaraşmayan xaşal qarnı çalxalandı. İstehza ilə məsləhət gördü:

            - Neynək, onun göndərdikləri xoşuna gəlmir, özün tap gətir. Ölkədə kompüteri  bilən yoxdur bəyəm?- deyə soruşdu.

            Bağır müəllim yüngül bir istehza ilə:

            - Bizə baxmayın, rəis, biz öyrəncəliyik. İndi otuz-qırx «şirvan»a mütəxəssis tapmaq mümkün deyil. - dedi. - Heç kim havayı hamballıq eləmək istəmir. 

            Rəisin yaraşıqlı sifəti əyildi:

            - Ay kişi, nə danışırsan? - dedi. - İdarədə ən böyük maaşı sənin işçilərin alır, yenə narazısan?

            Bağır müəllim xəyalpərvərliklə:

            -    Ay rəis, xaricdə kompüter mühəndisinə ayda dörd-beş min ABŞ dolları verirlər ey! - dedi. - Haçan bizdə də belə olacaq?

            Rəis ona şübhə ilə baxdı, ağır bədənini yüngülcə kürsüdən qaldırdı. Dəyişmiş səslə:

            - Xaricdə küçələri də şampunla yuyurlar… - dedi. - İndi bundan bizə nə? Deyəsən kompüter başını xarab eləyib. Yeri get, qanımı qaraltma.

            Bağır müəllim pərt olmadan soruşdu:

            - Rəis, bəs, işçi məsələsi nə yerdə qaldı? Vallah, çatdırmırıq.

            Rəis başdansovdu:

            - Sənə adam verəcəyəm, amma  hünərin var onları  yola vermə,- dedi

            Bu söhbətdən bir-neçə gün keçməmişdi ki, şöbəyə iki nəfər gəldi. Hər ikisi ali məktəbi təzə qurtarmışdı. Bağır müəllim içində qırıla-qarıla qaldı. Rəislə söhbətini yada salıb yeni işçilər üçün mizan-tərəzi qurmadı. Bilirdi ki, bu ona baha oturacaq. Müxtəsər tanışlıqdan sonra dərhal onları yerbəyer elədi. Bu qərarı ilə şöbə əməkdaşlarını çaşdırdı.

           Təzə mühəndislərdən biri qız idi. Adı Gülşəndi. Bu zalım qızının yanında fotomodellər yalandı. O qədər gözəl idi ki, içəri girəndə otaq işıqlanırdı. Təndürüst boy-buxununda bir mütənasiblik vardı. Adətən gözəllərin ağlı dabanında olar deyərlər. Amma bu qız səfeh deyildi, gözlərindən hiyləgərdik yağırdı. Bir neçə gündən sonra məlum oldu ki, Gülşən  Allahın bəlasıdır, dilinə dil çatdırmaq mahal işdir.

            O biri cavanın adı Coşqun idi. Deyib-gülən, lağlağı sevən bir oğlan idi. Eybi bir bu olsaydı keçinmək olardı. Tezliklə onun daha bir çatışmayan cəhəti üzə çıxdı. Şöbədəki həmkarlarından fərqli olarıq Coşqun qonşu otaqları gəzir, burdan vurub ordan çıxırdı. Sakit oturmaqla arası yox idi, civə kimi hərəkətdə idi. Onun sayəsində idarənin dedi-qodusü  tezliklə şöbəyə ayaq açdı.

            Otağın sakitliyi pozulmuşdu. Gülşənlə Coşqunun öcəşməsi bitib-tükənmirdi. Qızın yağlı  atmacalarını  oğlan  sərrast cavabları  ilə dəf eləyirdi,  hamını güldürürdü.  

            Bir gün Coşğun səhər şöbəyə girəndə salamlaşmaq əvəzinə bərkdən dedi:

            - Dərvişlərə eşq olsun!

             Onun sözünə Gülşən şaqqıltı ilə güldü. O biriləri isə donub qaldı. Haçandan-haçana Qədim kişi boğazını arıtladı, yerinə adlayan Coşqundan soruşdu:

            - Oğlum, bizə təzə ad qoymusan? - dedi  və başını buladı. - Bərəkallah! İndiki cavanlara nə deyəsən! Nə böyük bilirlər, nə kiçik.

            Coşqun burnunu çəkdi:

            - İncimə, ağsaqqal, sizə bu adı mən yox, qonşularınız qoyub, - dedi  və təəccüblə - Doğrudanmı  xəbəriniz yoxdur?

            Məlum oldu ki, şöbədə bu ləqəbdən heç kimin xəbəri yoxdur. Coşqun istehza ilə:

            - Hamı sizə lağ eləyir, ələ salır, sizin isə heç nədən xəbəriniz yoxdu. - dedi. - Niyə belə xanənişin olmusunuz? Deyin, gülün, əylənin, həmişə işlə məşğul olmazlar ki!

            Qədim kişi vaxtından qabaq  ağarmış bığlarını sığalladı, qımışdı:

            - Oğlum, hələ ağzın isti yerdədir. Eybi yox, bir az keçər işə başın qarışar, sən də əylənməyə vaxt tapmayacaqsan, - dedi. - Gör, sənə nə deyirəm, bala, qıçlarına yazığın gəlsin! Ədə, nə mərtəbələri sayırsan, otur, oxu, öyrən, özünə bir gün ağla…   

             Rəvan acıdilliklə söz atdı:

            - Qədim kişi, indiki cavanların yazıq  yeri  qıçları   deyil, başlarıdır.

            Rəvanın təzəlikdə cavan arvadı rəhmətə getmişdi. Otuz beş yaşında dul qalmışdı. Qaraqabaq, kəmhövsələ bir kişi idi. İşi yaxşı bildiyindən həmkarları ona çox şeyi keçirdilər. Cavan mütəxəssizlərin şöbəyə gəlişi Rəvanın durğun həyatını pozmuşdu. Əvvəllər başını işdən ayırmayan kişini elə bil dəyişimişdilər. Qızdırmalı adamlar kimi yerində qərar tutmurdu.

              Coşqunun Gülşənlə öcəşməsi şöbənin hüzünlü havasına bir şuxluq gətirmişdi. Rəfiqə xanımın dodaqlarından təbəssüm əskilmirdi. Gülşən anlamadığını təkrar-təkrar Qədim kişidən soruşanda onun bu həvəsinə kompüter oyunlarından başqa heç nə ilə maraqlanmayan Coşqun lağ eləyirdi:

            - Ay qız, kişidən əl çək, onsuz da səndən  işləyən çıxmaz. - deyirdi.- Bir də bu sər-sifətlə sənə sənətmi  qəhtdir?  Məsləhətimə qulaq as…

           Bir dəfə Rəfiqə xanım  zarafatla soruşdu:

           - Ay Coşqun , Gülşənə  nə sənəti  məsləhət görürsən, axı?

           Coşqun  uğundu:

           - Bu  qızdan bir  yaxşı model, bir də yaxşı  məşuqə çıxar! O isə vaxtını burda bica yerə  havaya sovurur,-dedi  və söhbətə qulaq asan Gülşəni çağırdı- Ay qız, bura gəl, köməyin lazımdır.

           Gülşən  hirslə ona yaxınlaşdı:

           - Ağzına gələni danışırsan ha!-dedi  -Nə olub?  

            Coşqun dedi:

            - Yaxşı, hirslənmə, zarafatdır da edirik. Ay qız, bu oyun zəhləmi töküb, kömək elə başqasına keçim, - dedi.

            İş onda idi ki, bu neçə ayda Coşqun kompüteri açıb-bağlamağı belə əməlli öyrənə bilməmişdi. Gülşən qondarma bir mehribanlıqla dedi:

            - Ay Coşqun, ay Allahın mağmını, belə sadə şeyləri də yadda saxlaya bilmirsən. Bu nə işdir?  Anadan belə doğulmusan, ya dörd il  aldığın  ali təhsil səni belə kütləşdirib?

            Rəfiqə xanım ürəkdən şaqqıldadı:

            - Ha, ha, ha! Allah səni sevindirsin Gülşən! Mağıl bu neçə ildə məni doyunca güldürən tapıldı.

            Qədim kişi həmişə kədərli olan Rəfiqə xanımın şənlənməyinə sevindi. Söz atdı:

            - Ay Rəfiqə xanım, sən güləndə tələbəlik vaxtlarım yadıma düşür. Deyəsən, təzə gələnlərin ayağı sayalıdır. 

             Rus balası da dirçəlmişdi. Həmyaş olduğlarından  Coşqunun böyründən  əl çəkmirdi.Tez-tez :»-Qoşqun!Qoşqun!»- deyə Coşqunu səsləyir, hamını güldürürdü.  

            Rəvan  üzə vurmasa da təzə gələn oğlandan acığı gəlirdi. Müdirin tapşırığına baxmayaraq ona təhkim olunmuş Coşqunla heç məşğul olmurdu. Necəki adları bir-biri ilə təzadda idi, eləcə xasiyyətləri də müxtəlifdi. Gülşən bunu məsxərəyə çevirirdi: «- Rəvan belə dedi, Coşqun elə dedi! Rəvan gəldi, Coşqun getdi!». Qız ikisinə də eyni gözlə baxır, zarafatından qalmırdı. Amma rəqabət hissi Rəvanla Coşqunun arasını lap soyutmuşdu.

            Qədim kişinin sayəsində Gülşən operator kimi az-çox işləyə bilirdi. Amma tez-tez rəisin qəbul otağına qaçırdı. İşdən yayınmağa bəhanə axtarırdı. Rəisin katibəsi olan xalası ona müxtəlif kənar tapşırıqlar verirdi. Qədim kişi heyfisilənirdi:

            - Rəfiqə, deyəsən, zəhmətim batıb gedəcək - deyə deyinirdi. - Qız şöbədə uzun müddət qalana oxşamır.

            Bu gün çay dəsgahına Coşqun baxırdı. Otaq üzrə növbətçi idi. Hazırlıq görəndən sonra hamıya çay süzdü. Hərə fincanını gəlib götürdü. Coşqun da yerinə keçdi. Bir neçə qurtumdan sonra  Rəvan birdən hirslə  dedi:

            - Çay duzludur!

            Coşqun istehza ilə:

            -  Nə duzudur?! - dedi. - Rəvan müəllim, hələ təyin edə bilməmisənsə, axıra qədər iç!

            Rəvan yerindən sıçradı, onun üstünə yeridikdə Qədim kişi tez araya girdi:

            - Çayda duz nə gəzir? - dedi - Biz də içirik. Bəlkə naharda yediyin duzlu balığın tamıdır damağında qalıb?!

            Rəvan hikkə ilə:

            - Sən bilmirsən, ağsaqqal,  bu südəmər uşaq mənə ilişir, yəqin çayıma duz qatıb. Mən bunu belə qoymaram, onun başına oyun açacağam.

            Coşqun ona borclu qalmadı, eyni dovtələbliklə:

            - Görək kim kimin başına oyun açacaq. Onsuz da canımı boğazıma yığmısan.

            Onları zorla aralaşdırdılar. İşdən sonra Qədim kişi yubandı, şüşəli arakəsmənin dalında oturmuş müdirin yanına girdi. Müqəddiməsiz başladı:

            - Bağır müəllim,  Rəvanla təzə gələn oğlan heç bir-biri ilə yola getmirlər. Başımıza bəla açmasalar yaxşıdır.

            Şöbə müdiri eynəyini qırağa qoydu, kompüterin ekranını söndürdü. Fikirli halda:

            - Rəvan  Coşqunla heç  məşğul olmur, axı, - dedi.

            Qədim kişi narazı halda:

            - Rəvan başına nə kül töksün ey, - dedi. - Bizə iş bilən lazımdır. Daha ali məktəbi dünən bitirən yox. Bir də Coşqunu öyrətmək mümkün deyil. Riyaziyyatı bilməyən adama proqramlaşdırmanı nə təhər öyrətmək olar? Bilmirəm, bunları hardan tapıb  gətirmisən…

            Müdir bezgin halda:

            - Rəhmətliyin oğlu, boğazıma zorla keçiriblər, məndən soruşurlar bəyəm?  Coşqun rəisin qohumudur, Gülşən də onun katibəsinin. Görmədin təntənə ilə ştat açdılar, iclas zalından masa, kürsü gətirdilər? - dedi və könülsüz soruşdu.  - Nə olub yenə?

            Qədim kişi əhvalatı danışdı:

            - Gülşən şöbəyə gələndən sonra Rəvan lap dəymədüşər olub, işini rahat görə bilmir. Saatlarla xəyala dalır. Coşqun da ki it oynadanın biri, Gülşənlə birləşib onu cinlədir.

            Bağır müəllim dərindən köksünü ötürdü:

            - Ay Qədim kişi, sənə demək artıqdır, çalış yola ver. Bir bəladır da gəlib düşüb şöbəyə. Görək, bü xamır nə qədər su aparacaq. Biz idarənin rəisi ilə üz-göz ola bilmərik, axı, - dedi və sözü çevirdi.  -  Gərək ki, Gülşən pis deyil. Yaddaşı da yaxşıdır, özü də çalışqandır.

            Qədim kişi narazılıqla:

            - Yaddaşın bura nə dəxli var? Onun fikri-zikri başqa yerdədir. Bundan əlavə, xalası onu tez-tez yanına çağırır, iş tapşırır, öz yerində oturdur. Yəqin ki, xəbəriniz var.

            Bağır müəllim başını tərpətdi və heyrətlə:

            - Deyirəm, ay Qədim kişi, indiki cavanların gələcəyi nə olacaq? Elə Gülşəni götür. Dünya gözəlidir, bir evin yaraşığıdır, amma quşbeyindir. Elə dingildəyir.

            Qədim kişi güldü:

            - Elə ən böyük eybi gözəlliyidir də! Kifir olsaydı biliyə, sənətə vaxt ayırardı.

            Bağır müəllim yüngül bir istehza ilə:

            - Qədim kişi, qocalırsan ha! Gözəlliyi daha eyib sayırsan.

            Qədim kişi çaşdı:

            - Əşi, söz gəlişi dedim də, - dedi və xahiş elədi. - Coşqun üçun  bir kənar  iş fikirləş, nə qədər boş-bekar gəzəcək? Girir-çıxır, girir-çıxır, lap dəng olmuşuq.

            Bağır müəllim köksünü ötürdü:

            - Özün bilirsən ki, iş tapşırmalı adam deyil. Kompüteri bilmir, proqramlardan başı çıxmır, təmir işindən danışmağa dəyməz, - dedi və birdən gülümsədi. - O deyildi monitora televizor deyən?

        Qədim kişi bığlarını tumarladı:

            - Hə, o, idi,  - dedi - Hələ bu nədir, Coşqun altını yeddiyə vurmaq üçün kalkulyatordan istifadə edir. 

        Rəis başını buladı:

            - Vallah, hərdən bir mat qalıram, o, ali məktəbi nə təhər qurtarıb? Zəmanə lap xarab olub. Amma neyləyəsən, yola vermək lazımdır. Çibanı deşmək bizə qalmayıb ki. 

            Qədim kişi rəisi yaxşı başa düşürdü. Bağır müəllimin  qırx yaşı olmasına baxmayaraq çox müdrik adam idi. Bacarığı, işgüzarlığı ilə şöbə müdiri olmuşdu. İdarədə ondaq başqa vəzifədə olanların hamısı rəisin qohum-əqrabası idi. Həşarat kimi daraşmışdılar. Bunlarla  dil tapmaq hər kişinin hünəri deyildi.

        Bir neçə vaxtdı idarədə söz gəzirdi ki, maaşlar artacaq. Gözləməkdən hamının gözünün kökü saraldı. Artımdan hələ də bir xəbər yox idi. Bu barədə ən çox danışan Bağır müəllimin işçiləri idi. Neyləsinlər?.İdarədə bircə bunlar quru maaşa baxırdılar. O biri bölmələrin əməkdaşları sahələrə çıxır camaatdan beş-on «şirvan» qırtırdılar. Bir şöbənin işçiləri borcu olanlardan, o biri şöbənin işçiləri  qanunsuz işıq çəkənlərdən,  sayğacsız işləyənlərdən zor-xoş nəsə alırdılar. Başqa şöbə kabellərin  və sayğacların təmiri ilə məşğul idi. Hamının  əli pulnan oynayırdı, bircə Bağır müəllimin işçiləri  barmağlarını sorurdu. 

        Bağır müəllim bu gün səhər yarım saat yubanmışdı. Şöbəyə girəndə otaqda bir şənlik hiss elədi. Hamının üzü gülürdü, bircə Rəvana çırtma vursaydılar qanı çıxardı. Rəisi görən kimi işçilər özlərini yığışdırdılar. Hərə öz masasına tərəf tələsdi. Bağır müəllim salamlaşdı, arakəsmənin arxasına keçəndə:

-     Qədim kişi, dünənki hesabatı  kimə tapşırmışdın? - Soruşdu.

Şöbənin ağsaqqalı ayağa durmadan:

-     Rəvan məşğul olur, -  dedi.

Rəis başını çevirmədən:

-     Hazırdısa qoy, gətirsin, tələsirəm, -dedi.

Nəsə yadına düşdü, geri döndü:

-     Gülşən hardadır?

Rəfiqə xanım başını ekrandan ayırdı:

-     Xalası xəstələnib, onu əvəz eləyəcək, - dedi. 

     Bağır müəllim yerinə adladı, bir xeyli gözlədi, saatına baxıb başını buladı. Hirslə səsləndi: 

-     Ay Rəvan, nə oldun?

            Rəvan içəri girdi, müdirin qabağına bir kağız qoydu. Bağır müəllim onun hirsli sifətinə baxdı, gözünün ucu ilə verilən kağızı nəzərdən keçirtdi.

-     Sən işdən çıxmaq istəyirsən? Ərizə yazmısan?

-     Hə.

-     Niyə, nə olub ki?

-     Səninlə işləmək istəmirəm.

-     Nədir aşığın alçı durub?

-   Mən küçədə  aşıq-aşıq oynamamışam. Sizin dediyinizi də başa düşmürəm.

Bağır müəllim səbrlə:

-     Rəvan, başın xarab olub? Sənin ərizənə qol çəkən deyiləm. Sən bizə lazımsan.     

-     Yaman da lazımam.  Məndən başqa hamının maaşını artırırsan.

Bağır müəllim təəccüblə:

-     Maaş artırmaq nədir? Kimin maaşı artıb?

            - Hamının. Ərizəmin üstünü yaz, mən gedirəm. Sizin kimi ədalətsiz adamla mən daha bircə gün də işləmək  istəmirəm.       

            Bağır müəllim daha hövsələsini saxlaya bilmədi:

-     Neynək, etiraz etmirəm, - dedi və ərizənin üstünü yazdı. - Get, hesabını  al.

            Rəvan ərizəsini qapıb kabinetdən güllə kimi çıxdı. Aynalı qapı nə cür çırpıldısa, şüşələr yerə töküldü. Bağır müəllim ümumi otağa keçdi. Soruşdu:

-     Buna nə olub?

        Rəfiqə xanım eynəyini çıxartdı, gözünü ovdu:

-     Bilmirik.

Bağır müəllim:

            - Bəs, kim biləcək? Bunun başına hava gəlib? - dedi və deyindi. -  Elə deyir, mənim maaşımı artırmamısan. Kimin maaşı artıb ki, onun da maaşı artsın?

-     Bağır müəllim, - deyə Qədim kişi qaşlarını çatdı. -  Xəbəriniz yoxdur?

-     Nədən?

            -    Əmr çıxıb. Elan lövhəsinə vurulub. Rəvandan başqa hamının maaşı iki dəfə artırılıb. Bayaq qırğın salmışdı:« - Mən bunu belə qoymayacağam! - Qışqırırdı. - Bağır müəllimə uşaq-muşaq lazımdı! Qoy, onlarla da işləsin.» Coşqun zarafatla söz atdı ki, işləyənlərin maaşı artıb. Rəvan da az qaldı onunla əlbəyaxa olsun, «Bu hamısı sənin əməllərindir - deyirdi. - Allah sənin bəlanı versin»

        Bağır müəllim Coşquna baxdı. O, özünü itirmiş halda:

            - Bağır müəllim, vallah, mənim heç nədən xəbərim yoxdur. Bilmirəm onun ağlına belə şeylər hardan gəlir, - dedi. - Onun maaşının artıb-artmamasının mənə nə ziyanı var?

Bağır müəllim köksünü ötürdü:

            - Yəqin, idarə rəisi bizə sürpriz edib. Neçə vaxtdır söz verirdi, amma niyə məndən

xəbərsiz bu işi görüb, məlum deyil, - dedi və  Rəfiqə xanıma çevrildi. - Bacımsan, bu şüşələri yığışdır, mən bir rəisə dəyim.

        Müdir otaqdan çıxdı, elan taxtasına yapışdırılmış əmrin qarşısında bir anlıq ayaq saxladı. Başını buladı, mühasibata yolandı. Deyinə-deyinə fikirləşdi ki, çox qəribə işdir, maaşlar şöbə müdirindən xəbərsiz nə təhər arta bilər? İkinci mərtəbəyə qalxanda pilləkənlərdə operativ şöbənin müdiri ilə rastlaşdı. Müxtəsər kef-əhvaldan sonra həmkarı dilləndi:

-     O nədir eləmisən?

Bağır müəllim başa düşmədi:

-     Nəyi deyirsən, Ənvər müəllim?

-     Deyirlər, Rəvanı işdən çıxartmısan.

Bağır müəllim çiyinlərini çəkdi:

-     Özü ərizəsini yazıb, mən çıxartmamışam.

Həmkarı gülümsədi:

            -   İşdən başqa cür də çıxarırlar? - dedi.- Gözlə ha, Rəvan köhnə işçidir, bu işi belə qoymayacaq. Aləmi qatacaq bir-birinə. Həm də işləyəndir. Sənin başına bəla açmasa, yaxşıdır. Xatirini istədiyimdən deyirəm, ey! Sən, axı,  mənim kadrım olmusan.

        Bağır bir müddət onun şöbəsində işləmişdi. Ali məktəbdən birbaşa Ənvər müəllimin əlinin altına düşmüşdü. Özü kimi kənək, pulagir adam çətin tapılaydı. Bağıra vəzifə təklif edəndə Ənvər müəllim onu xeyli dilə tutdu ki, razı olmasın. Halbuki, şöbədə it-pişik kimi dolanırdılar. «Ay yuyulmamış çömçə, deyən lazımdır, sən Rəvanın vəkili-zadı deyilsən ki?» - Bağır fikirləşdi, amma düşündüklərini ürəyində saxladı. Vəzifə onu püxtələşdirmişdi:   

   -  Görək də, neyləyirik, Ənvər müəllim, -  deyə saxta hörmətlə dilləndi.

           -  Ay sağ ol, cibindən getmir ki! Hamının maaşını artırmısan, onun da maaşını artır. Beş-on  «şirvan»la idarəyə nə ziyan dəyəcək.

         Bu yerdə Bağır müəllim hirsləndi:

            - Əh, bu da deyir, artır! - dedi və özü öz hirslənməyinə güldü. - Ay canım, mən maaş artıranam?  İdarə rəisinin əmrindən  heç mənim də xəbərim olmayıb.

Ənvər müəllim burnunu çəkdi:

            -  Qardaş, indi özünü mənə tanıtmayacaqsan ki? Müdirdən xəbərsiz maaş artırırlar? Kimə  nağıl danışırsan?

         Söhbətin bu yerində Ənvər müəllimi telefona çağırdılar. O, Bağır müəllimə ağzını açmağa macal vermədi:

            -   Cavanlığına salma, Rəvanla işin olmasın. Başın ağrıyacaq. Təzə gələnlərin maaşını

artırdığın kimi, onun da maaşını artır. Şöbənin işini aparır, düşmənin deyil, iki uşağı var… Bir az kəmhövsələdi. Amma bacarığına, biliyinə söz ola bilməz. Başım vəzifədə ağarıb, bilirəm deyirəm.  Bir də çörəyi çörəkçiyə verərlər. İndi tələsirəm, məni gözləyirlər, sonra söhbət edərik.

         Bağır müəllim aralanmaq istəyən həmkarının qolundan tutdu:

            - Ay Ənvər müəllim, belə işçi qədri bilənsən,  niyə Rəvanı neçə il bundan irəli şöbəndən didərgin saldın? Yazığın başına turp əkirdin ki, ay zalım. İndi sənə pənah gətirib, neynək, götür yanına!

            O, qızarıb-bozaran Ənvər müəllimin cavabını gözləmədi, hirslə ondan aralandı. Mühasibatın qapısında Firuzəyə rast gəldi. Bir yerdə ali məktəbi qurtarmışdılar. Firuzə sahə müfəttişi işləyirdi. Qarabuğdayı, dildən pərtöv  bir qız idi. Onunla hər barədə söhbət eləmək olardı. Bağır müəllim hərdən bir onunla dərdləşirdi.

-     Hə, köhnə dost, hardasan? Çoxdandır görünmürsən? Vəzifəyə keçəni  dost- tanışı

unutmusan.

Bağır müəlli sevindi:

-     Səni görməyimə şadam, Firuzə? Pul təhvil verirsən?

-     Hə, - Firuzə başını tərpətdi. - Sonra yanına düşəcəkdim, səninlə davam var.

            -  Baaa! İşimiz düzəlib ki! Dostlar da davaya gəlirsə  düşmənlərə nə deyəsən. Nə işin vardı ki? - deyə Bağır müəllim maraqlandı. 

        Firuzə hiylə ilə dilləndi:

-     Maşallah, zövqünə söz yoxdur, - dedi. - O, fotomodeli hardan tapıb işə götürmüsən?

Bağır müəllim ona diqqətlə baxdı:

            - Özgəsinin işinə burununu soxmaqdan əl çəkmədin də! İnistitutda da belə idin ha. Heç dəyişməmisən. 

Firuzə onun ağrıyan yerini tapdığını görüb:

            - Ha, ha, ha, - Güldü. -  Deyəsən, aranı xəlvət görmüsən? Elə bilirsən arvad dekretdədir, xəbər verən tapılmaz? Elə günü bu gün  bu xəbəri qoyacağam onun ovcuna.

-     Gecikmisən, artıq çatdırıblar.

-     Doğrudan?

-     Vallah.

-     Atışmadan- filandan?

            - O yerə çatmadı. İzahat yazdım, sülhlə hər şeyi həll elədik. Dedim, zorla keçirdiblər boğazıma.

-     İnandımı?

-     Əlbətdə, amma gücnən yola gətirdim.

Firuzə birdən şit-şit güldü:

-     Amma, deyirlər ki, fotomodelin daha iki namizədi var, - dedi və tələbəlik  yoldaşının

üzündə nə gördüsə üzürxahlıqla. - Vallah, eşitdiyimi deyirəm.

Bağır müəllim bilmədi gülsün, ya hirslənsin:

            -   Camaat  dedi-qodu ilə məşğul olmaqdan  ləzzət alır da! - dedi. - Təsadüfən bilmirsən ki, idarədə bunları kim toqquşdurur? 

-     İndi deyəcəksən, Rəvanı başqa şeyə görə işdən çıxartmısan?

Bağır müəllim doğrudan acıqlandı:

-     Boş-boş danışma, ay qız, yoxsa aramız dəyəcək.

Firuzə qaşlarını çatdı:

            -  Sənin xeyrinə danışıram. Rəvan qardaşım deyil, qohumum deyil. Abırsız adamdır, orda-burda timsah kimi göz yaşı tökür, səni rüsvay edir. Sən ki, onun şakərini bilirsən. Bayaq müavinin kabinetindən çıxırdı. Bilirsən ki, müavin də sənə ilişməyə bəhanə axtarır.

          Bağır müəllim fikirli halda ondan aralandı, mühasibata girməkdən vaz keçdi. Birbaşa rəisin kabinetinə yollandı. Amma tərslikdən o, hələ gəlməmişdi. Müavinin katibəsi onu görüb sevindi. Dedi ki, Vəli müəllim səni təcili axtarır. Bağır müəllim könülsüz halda müavinin yanına girməli oldu. Onunla əvvəldən düz gəlməmişdi. Vəli müəllim dəvə kimi kinli idi. İki il qabaq iclasda kompüterin xeyrindən naqqallıq eləyəndə Bağır müəllim təcrübəsizliyindən  hirslənmişdi. Guya, nəyisə sübut edirmiş kimi ayağa qalxıb  populyar bir nitq irad etmişdi. Təzə şöbə müdirinin bu dilavərliyi müavinin xoşuna gəlməmişdi. O, iclasdakılarla gözləşib    atmaca atmışdı: «Baş alıb hara gedirsən, ay kişi? Kompüter üzrə mühəndis olduğunu bilirik də!» Bağır müəllim hazırcavablıq  eləmişdi: «Əlbətdə, bircə müavin olmaq üçün mühəndis olmaq lazım deyil.» Müavin bunu heç vaxt unutmurdu. Bağır müəllimin şöbəsi ilə əlaqədar bütün məsələlərin həllini uzadırdı. İndi də müavin  onu görəndə soyuq halda:

-     Keç, otur, - dedi. - İşlərin necədir?

Bağır müəllim ehtiyatla cavab verdi:

-     Pis deyil.

          -     Mən elə deməzdim. - Müavin istehza ilə qımışdı. - Bura bax, səni ona görə şöbə müdiri təyin etməmişik ki, sən idarənin köhnə işçilərini didərgin salasan. Şöbə sənin şəxsi mülkiyyətin deyil, xoşun gəlməyini çıxarasan, asıb-kəsəsən.

Bağır müəllim əsəbi halda:

-       Olmaya Rəvandan söhbət gedir? - soruşdu. - Vallah, özü ərizəsini yazıb.

Vəli müəllim yüksək pafosla:

            - Yaxşı işçinin şıltaqlığına dözmək lazımdır, cavan oğlan, - dedi. - Biz ki, sənin yekəxanalığına dözürük. Deyirsən, özü yazıb ərizəsini! Aydındır, adamı dəli eləməyə nə var ki? Dünən gələnin maaşını artırırsan, onun da maaşını artır. Başa düşürəm, biri qohumdur, biri dostdur, amma  hər şeyin  əndazəsi var da…

        Bağır müəlli daha dözməyib ayağa qalxdı:

            - Mənim  idarədə qohumum yoxdur. Maaşı da mən  artırmıram. Bu idarə rəisinin səlahiyyətidir. Sualınız varsa ona verin, - dedi. - Başqa bir sözünüz yoxdursa, mən gedirəm.

        İdarə rəisinin adı gələndə müavin duruxdu. Bağır müəllim də onun susmağından istifadə edib kabinetdən cəld çıxdı. Hirsindən şöbəyə nə cür çatdığını bilmədi. İçəridə bayaqkı şənlikdən əsər-əlamət qalmamışdı. Hamı peşiman-peşiman boylanırdı. Bağır müəllim təəccübləndi:

            - Siz kefinizin də heç ortaq məxrəci yoxdur ha! Ya sevinirsiniz, ya da qaş-qabağınızı tökürsünüz. İndi nə olub?

Qədim kişi başını bulaya-bulaya:

-     Mən dedim, axı, bu təzə gələnlər başımıza oyun açacaq, - dedi.

Bağır müəllimin rəngi ağardı:

-     İndi nə baş verib?

            - Bayaqkını deyirəm də. Rəisin əmri qəlp çıxdı. Demə, bu  Gülşənin zarafatları imiş. Dünən  xalasını əvəz eləyəndə idarənin blankında bir yalançı əmr yazıb, gətirib asıb bizim elan taxtamıza. Məlum oldu ki, bütün qalmaqalın səbəbkarı bu qız imiş.

        Bu hadisədən sonra Bağır müəllim bir müddət özünə gələ bilmədi. Düzdür, Rəvan da öz yerinə qayıtdı, ondan  üzr də istədi, günahkar da cəzasını aldı, amma Bağır müəllimin ürəyi həmişə səksəkəli  qaldı. Şöbəyə göndərilən təzə işçiləri görəndə isə onu lap əsmə tuturdu.     

 Uşaq zarafatları

Haqqında söylənən rəvayətlərə görə Bəydadaş  bu ikimərtəbəli qəsəbənin vurub-yıxan cayıllarından olub. Başına özü kimi dörd-beş dəli-dolu cavanı yığıb qəribə işlərdən çıxırmış. Mizan-tərəzi qurur,   qərar verirmiş. Cavanlığına baxmayaraq sözü ötürdü. Deyilənə görə ədalətsizliyə yol vermirdi. Elə bu səbəbdəndi ki, qəsəbədə qurdla qoyun yanaşı otlayardı. Bir kişi, ya qadın  ayağını qırağa qoydumu Bəydadaşın hökmü ilə rastlaşırdı. Başqa vaxt kimsəyə dəyib-dolaşmazdı, amma hamı onun hökmünü hiss edirdi. Bəydadaş qeyrətli cayıl idi. Qız-gəlinlərin  geyim-gecimi, oturuş-duruşu gözündən yayınmırdı. Biri əndazədən çıxan kimi  kəsirdi  valideyinlərinin başının üstünü. Onun bu təəssübkeşliyi  çox adamın xoşuna gəlirdi. Atalar oğullarına, analar qızlarına onu nümunə göstərirdi. Amma Bəydadaş  tutulanda  hamı rahat nəfəs aldı. Bu da insanların naşükürlüyünə dəlalət eləyirdi. Nahaq deməyiblər ki, yaxşı igidin adını eşit, sözünü dinlə, amma üzünü görmə. Odur ki, onun türmədən çıxması qonşuları sevindirmədi. Hamı istəyirdi ki, Bəydadaş  rəvayət kimi, əfsanə kimi qalsın. Real Bəydadaş kimsəyə lazım deyildi. Bəli,  həyat  dillemmalarla doludur.

 İndi  heç Bəydadaş da əvvəlki  Bəydadaş deyildi

Beş - altı il  yediyi  hökumət çörəyində nə illah vardısa Bəydadaş  türmədən çıxandan

sonra da dadı damağından çəkilmirdi. Azadlıqda  günü səksəkədə keçirdi, suyu üfürə-üfürə içirdi. Ona-buna o qədər badalaq vurmuşdu ki, indi sərvaxtlığını itirə bilməzdi. Ürək qızdırmağa adam tapmırdı. Elə bil qəribliyə düşmüşdü. Köhnə dostlarıının üzü dönmüşdü. Əvvəllər  ətrafında fırlanmağı özünə fəxr bilən cavanların bir qismi məhəllədən köçmüşdü, qalanları da onunla rastlaşanda candərdi əhvallaşır, tez də aralanqırdılar. Bu ona bir elə də təsir eləmirdi. Bir halda ki, Məmmədlə Məhiş ona ayaqüstü dəymişdi , başqalarından nə gözləyəsən. Əslində, köhnə dostları  da ona lazım deyildi. Başqa cür yaşamaq istəyirdi. Hər şeyi unutmq istəyirdi. Nə  zəmanə o zəmanə idi, nə  adamlar da o adamlar. Özü  da dəyişilmişdi. Qürrəli, özündən razı ,  bazburutlu cavan ahıl kişidən seçilmirdi. Başı ağarmışdı, belinin donqarı çıxmışdı.

        Evlərinin də  işığı azalmışdı. Ağsaqqal atası günahkar halda saatlarla susurdu. Həbsxana yollarında canını  qoymuş anasının üzü gülmürdü. Ailənin Bəydadaşla bağlı ümüdləri  puça çıxmışdı. O,  evin  yasxana havasına dözmədi. Türmədən çıxandan sonra dincəlmədi, təklif olunan birinci işdən ikiəlli yapışdı. Dəyirmana yükçü  düzəldi. İş ağır  olsa da məvacibi pis deyildi.  Dolanmaq olardı. Bir neçə ay keçdi. İndi Bəydadaş iri kisələrə güc vurduqca, xıltı  durulur, hikkəsi keçirdi. Canı əzikləndikcə mülayimləşirdi. Amma bayır-bacaqda görünəndə qonum-qonşu ehtiyyatla kənara çəkilirdi. Deməli, köhnə əməlləri hələ yaddaşlardan silinməmişdi. Bu da Bəydadaşı çox kədərləndirirdi.

      Bir  məsələ onu narahat eləyirdi. Kiçik qardaşı  Bəydadaş azadlığa buraxılan günü evi tərk

eləmişdi,  ilim-ilim itmişdi. Bir müddət sorağını verən tapılmadı, elə bil yerə batmışdı. Kiçik qardaşı  anadangəlmə şikəst idi. Bir ayağını  çəkirdi. Sısqalığına baxmayaraq çox kinli idi. Bəydadaş  onu sevirdi ,başına pərvanə kimi fırlanırdı, pasibanlıq eləyirdi. Amma kiçik qardaşı  beş ildə bircə dəfə də böyük qardaşının görüşünə gəlmədi. Bundan  Bəydadaş sındı, yaman sındı.  Həyatı gözündən düşdü.

         Bir müddət  keçdi. Axır ki, kiçik qardaşından  xəbər çıxdı.  Məlum oldu ki, qəsəbəyə

qayıdıb. Özü də adı pisliyə çıxmış bir qadınla yaşayır. Onun bu əməli  ata-anasını xəcil elədi.     

Atası bazar günü dünənki söhbəti  təzələdi, çəkinə-çəkinə:

- Bəlkə mənimlə yol yoldaşı olasan? - dedi .- Qorxuram sözümü yerə salsın. Sifariş

yollayıb ki, gözümə görünməyin. Deyirəm, bəlkə, səni eşitdi, evə qayıtdı.

 Bəydada atasının sözünü çevirmədi, durub geyindi, qapıda onu gözləyən atasının yanına

düşdü. Dinməz aşağı düşdülər. Qonşu blokuun qabağından keçəndə ikinci  mərtəbədən dörd-beş pomidor atdılar. Dəyməyinə dəymədi, amma Bəydadaşının atasının üst-başı yaman günə qoydu. Bu təsadüfü işə oxşamırdı. Kişi dəsmalla üzünü sildi, qeyzlə yuxarı boylandı:

          - Bu Bilalın qırılmışlarının işidir. Sırağa gün də üstümə çirkab su atdılar. Bu gün də belə!

Lotuluq eləyirlər. Çıxaq  yuxarı … - dedi.

Bəydadaş üstündəki pomidor sıçrantısını etinasızlıqla çırtmaladı, qeyzdən əsən cüssəsiz

atasının  qoluna toxundu:

          - Boşla, dədə, uşaq zarafatlarına baş qoşmağına dəyməz…- dedi.

Oğlunun sakit səsindən kişi lap özündən çıxdı, neçə vaxt ürəyində saxladığını  onun

üzünə vurdu:

          - Türmədən çıxandan sonra lap xoşqeyrət olmusan ha! - dedi .- Sən belə deyildin ,axı!

Bəydadaş istehza ilə irişdi:

          - Düz deyirsən, belə deyildim. Yadındadır, uşaqlıqda  nə hoqqalardan çıxırdım. Bəyəm

eyvandan az pomidor, qarpız atmışam? Mənə görə sənin üstünə şikayyətə az gəlirdilər?

Bağçanın tərbiyyəçiləri, məktəbin müəllimləri, həyətin adamları əlimdən dad çəkirdilər. Sən

isə üzdə məni danlayır, üzürxahlıq eləyirdin: «-Uşaqdır,qanmır, tənbehini  çəkərəm!»-deyirdin,

arxada başımısığallayırdın, deyirdin: « - Mənim qorxmaz oğlum! Mənim ürəkli oğlum.»

Yadındadır, dədə? - dedi və  onun qəribə mühakimələrindən çaşıb qalmış atasına təklif elədi:

Qayıt evə, bu üst-başla hara gedəcəksən ki? Qardaşımla özüm danışaram…

Bəydadaş  qəsəbənin kənarında təzəlikdə peyda olmuş « gecəqondularda»  soruşa- soruşa

axtardığı daxmanı tapdı. Tələm-tələsik yapılmış bu dam evədən  çox tövləyə  oxşayırdı.Sınıq-salxaq qapııdan qabağına çıxan kiçik qardaşına yazığı gəldi. O  əvvəlkindən daha çox axsıyırdı. Üzü qaxac armud kimi büzüşmüşdü. Yalnız kinli gözləri  əvvəlki kimi parıldayırdı. Bəydadaş  mülayimliklə:                     

- Salam, qardaş, bu  nə işdir? Adam da valideyinlərini unudar? - deyə soruşdu.

         Bəydadaşın zoruna-hökmünə uşaqlıqda səcdə eləyən kiçik qardaşı indi  onun əyilmiş belinə, yazıq görkəminə razılıqla baxdı, dodaqları  xəbisliklə qaçdı.Elə  bil  neçə ildi  bu günü gözləyirdi :

- Valideyin qədri bilənə bax! - dedi - Barı sən bu sözü dilinə gətirmə! Onları o günə qoyan

sənin əməllərin deyilmi? Sənin qoçuluğun deyilmi? Yazıqlar türmə yollarında qocaldılar. Onlar həmişə səninlə nəfəs alırdılar. Mən  onlar üçün bir heç idim. Şikəst oğul kimə lazımdır? Amma sən sən idin! Sən də onları yaman yarıtdın! Ağ günə çıxartdın! İndi də gəlib başıma ağıl  qoymaq istəyirsən! Xəbərin varmı,sənin əvəzində məhlədə döyülən də mən idim,söyülən də! Deyirdilər: «-Bu çolax filankəsin qardaşıdır ! Vurun! Qardaşı məhləyə qan uddururdu, biz də əvəzini  bu çolaxdan çıxaq!» Cani qardaşı olmağı  allah heç kimə göstərməsin!

Əvvəllər yanında dil tərpətməyən kiçik qardaşının dilavərliyi Bəydadaşı heyrətləndirdi.

Aciz-aciz dedi:

            -  Qardaş,  sən yaxşı bilirsən ki ,mən cani deyiləm ,adam öldürməmişəm, ev

yarmamışam,məhəllənin qeyrətini çəkmişəm. Gədanın birisi bizim qız-gəlinə sataşanda sakit

dura bilməzdim  axı!

           Kiçik qardaş  yana baxıb mızıldandı:

- Bir-iki şillə çəkəydin də! Daha  niyə qanına-qəltan eləyirdin?

Bəydadaş köhnələri yada salıb yana-yana dedi:

- Vallah-billah, mən ona heç şillə də vurmadım. Ona çox dedim, çıx get, xəta-bəlannı

bizdən uzaq elə, eşitmədi, üstümə hücum çəkdi. Məmməd də, Məhiş də Allahın şahidir! Mən də onu yüngülcə itələdim. Nə biləydim  belə olacaq, bədbəxt yerə yıxılacaq,daşa dəyəcək, başı qarpız kimi partlayacaq. Hələ Allah  üzümə baxdı, ölmədi, ancaq şikəst oldu. Kim mənim yerimdə olsaydı belə eləyərdi. Elə sən də..

Kiçik qardaşı  kinli bir qətiyyətlə:

- Hər kəs öz yerinə layiqdir. - dedi - Sən bir o hadisənin yox, cəmi əməllərinin cəzasını

çəkirsən. Get, daha gözymə görünmə…

- Dayan,qardaş! Tutalım günahım vardı,  cəzasını da  çəkmişəm,  daha nə istəyirsən?

Mənə bir də məhkəmə qurulmalıdır?

Bəydadaş sözünü bitirə bilmədi, qardaşı salxaq qapını  onun üzünə bağlamışdı. Bağlı

qapını isə döyməyinə dəyməzdi. Bəydadaşın başı hərləndi. Keçən həyatını  götür-qoy eləməyə  belə heyi qalmadı. Necə geri döndüyünü deyə bilməzdi. Yaşadığı ikimərtəbəli binanın tininə çatanda payız günəşi  günorta yerinə qalxmışdı. Yarpaqları saralmış ağacın altında  dayanmış maşina fikir vermədi. Keçib getmişdi ki, arxadan onu səslədilər:

- Ay kişi, bu binada olansan?

Bəydadaş səsə çevrildi, arxasında bitmiş polis zabitini görəndə istəmədən devikdi. Amma

dərhal özünü ələ alıb başını tərpətdi. Zabit tələbkarlıqla soruşdu:

- Bu binada yaşayan Bəydadaşı tanıyırsan?

Bəydadaşın başına elə bil soyuq su tökdülər, tutulmuş səslə:

- Bəydadaş mənəm, - dedi - Nə işdir ki?

Polis zabiti çəkinmədən yekəpər və donqar kişinin qolundan yapışdı:

- Eləsə maşina otur! - dedi - Bölməyə gedəcəyik. Bax ha, müqavimət göstərmək fikrinə

düşmə, işin pis olacaq.

Bədadaş  özünü topladı, mümkün qədər mülayimliklə:

 - Hara deyirsiniz  gedərəm. Amma qolumu buraxın , tanış-biliş yanında məni xəcil

eləməyin. 

Polis zabiti  xahişi yerinə yetirdi, lakin  onun müqavimətsiz tabe olacağına şübhə ilə işarə

elədi. Maşından daha iki polis nəfəri düşdü. Bəydadaş dinməz maşina mindi. Beş illik təcrübəsindən bilirdi ki, mübahisə eləməyin mənası yoxdur. Tərpəndilər. Bir müddət dinməz getdilər. Maşını idarə  eləyən  şən polis zabiti  darıxdı, geri baxmadan istehza ilə soruşdu:

 - Kişi, heç soruşmursan səni bölməyə niyə aparırıq?

Arxada iki polis nəfərinin arasında oturmuş Bəydadaş  laqeyd halda:

 - Nə xeyri var? - dedi - Soruşsam , deyəcəksiniz, orada bilərsən…

Polis zabiti məzələnməyində idi:

- Bəlkə polisə aparılmağının səbəni  də bilmirsən?

Bəydadaş  köksünü ötürdü:

- Polisə adamı bica yerə aparmırlar ki! Yəqin bir səbəbi  var da…-dedi və susdu.

          Polis zabiti əyləci basdı, maraqla Bəydadaşa baxdı:

          - Söhbətcil adama oxşamırsan, sözü səndən kəlbətinlə çəkirik…-dedi.

 Bəydadaş gülümsədi:

 - Susmaqdan gözəl nə var ki! Artıq-əskik danışaram, salarsız təpiyinizin  altına. Sizin bu

saat əliniz-ayağınız geyişir…

Onun bu dərrakəli cavabı  içəridəkilərin xoşuna gəldi. Bir polis nəfəri ürəkdən güldü:

- Əmioğlu  dərsini əzbər bilir ha! - dedi - Güman ki, təcrübəsi var…

Bölməyə çatdılar. Bəydadaşı növbətçi polis çavuşuna təhvil verəndə hələb-həlbət

tapşırdı:

- Bunu da o iki nəfərin yanına sal, amma ehtiyyatlı  ol! Bir təhər adama oxşayır. Rəisə də məlumat ver, daha mənim vaxtım yoxdur. Siyahıda bir neçə nəfər də var. Görək onları da tapırıqmı…Yoxsa təzə rəisin yanında üzü qara qalarıq.

            Növbətçi küncdə dayanmış Bəydadaşa  maraqla baxdı:

            - Bəs, bunu nə üstə tutmusunuz? - Soruşdu.

Polis zabiti çiyinlərini  çəkdli:

- Allah bilir! Əməliyyata rəis özü başçılıq eləyir…Daha biz getdik.

Növbətçi onu əylədi:

 - Dayan görüm! - dedi -  Saxlanma barədə yenə akt  olmayacaq? 

Polis zabiti  çevrilib ona pis-pis baxdı:

- Nə böyük zibildirlər ki, onlara kağız məsrəf olunsun! Bas getsin, rəisin əmridir…- dedi

və tələsik aralandı .

Növbətçi narazı halda  dəmir barmaqlıqlı qapını açdı. Bəydadaşı zəif işıqlandırılmış  bir

otağa itələdi. Dalınca da qapını şaqqıltı ilə örtdü.

Bəydadaşın gözü  toranlığa alışana qədər bir neçə dəqiqə keçdi. İçəridə divar boyu

düzülmüş taxta oturacaqların birində iki nəfər yanaşı oturmuşdu. Qapının səsinə başlarını qaldırmışdılar. İçəri girəni görüb hövllə qalxdılar. Heyrətlə çığrışdılar. Bəydadaş otağın ortasında quruyub qaldı. Uşaqlıq dostları Məmmədlə Məhişi  burada görüb  təmkinini itirdi. Onlarla polis təcridxanasında rastlaşacağıına ağlına gətirməzdi. Yaxınlaşanda uşaqlıq dostlarının görkəmi onun könlünü açdı. Polislər, deyəsən tənbəllik eləməmişdilər, ikisinə də yaxşıca əl gəzdirmişdilər. Ağız-burun, baş - göz   qoymamışdılar. Köynə dostlar  inciklikləri unudub qucaqlaşdılar. Başqa cür ola da bilməzdi. Elə bu başdan xarab Məmmədi  götür. Bəydadaş onuunla on il bir partada otuurmuşdu. Öl desə  ölərdi, qall desə  qalardı . Bir az fitə gedənliyi vardı. Hər deyilənə inanardı. Məhiş isə başqa xasiyyətdə idi. Nadinclikdə onlardan geri qalmasa da hiyləgərliyinə söz ola bilməzdi. Onlardan bir sinif aşağıda oxuyurdu, amma vaxtını  dostları ilə keçirirdi.

Xoş-beşdən sonra oturdular.Məmməd şadlıqla Bəydadaşa   sığındı:

- Səni ğörməyimə  çox şadam, qardaş!-dedi.

Bəydadaş istehza ilə qımışdı:

- Elə mən də sizi burada görməyimə  şadam…- dedi.

Məmməd onun sözünün gizli mənasına varmadan  davam elədi:

- Lap yetim günündə idik. Nə yaxşı oldu! - dedi - Sən hara, bura hara?

 Bəydadaş  eyni istehza ilə:

- Mənim burada olmağımda  təəccüblü  nə var ki! Oylaq mənim oylağımdır. Deyin görüm

sizin buralarda nə itiniz azıb? Danışın görüm.

Onun hazırcavablığı  dostlarının keini açdı. Məmməd hələ də qan gələn  burnunu

dəsmalla silib dedi:

-Vallah , lap günahsız yerə məni bura qatıblar. Belə şey olar? Belə qanunsuzluq olar? Belə

insafsızlıq olar?

Bəybala  üzünü turşutdu:

- Bəsdir ,sıtqadın!-dedi - Qayda ilə danış.

-  Oturmuşdum çayxanamda, müştərilərlə məşğul idim. Sən görməmisən, Məhiş  görüb.

Xudmani bir çayxanam var. Yüz minnətlə yer alıb tikmişəm, kür-kürlə başımı dolandırıram, mərdimazar uşağı tökülüşdü üstümə. Çay payladığım yerdə qamarladılar məni. Stəkan-nəlbəki töküldü sındı. Mən də onları söydüm. Polislər elə bil bunu gözləyirdilər, düşdülər üstümə, döy ki döyəsən. Soruşuram, günahım nədir axı , deyirlər biz bilmərik , rəis bilər…

Məhiş tələsik dilləndi:

- Mənə də elə dedilər…- dedi - Məni marşurutdan hop götürüblər. Məmməd bilir, bir

mikroavtobusum var, qonşumla şərikli işlədirəm. O, pul yığır , mən  sükandayam.   Keçən ay bir iş düşdü, tuutub vəsiqəmi aldılar. İndi maşını qonşum sürür, mən pul yığır və müştəri çağırıram. Günorta polislər maşını əylədilər, adımı  deyən kimi  hamının gözü qabağında  qolumu burdular. Qiryət mənə güc gəldi, müqavimət göstərdim. Dərhal düşdülər üstümə. Onlar çox, mən tək! Qol-qabırğa qoymadılar məndə…Neynəmişəm heç özüm də bilmirəm…

Məmməd lap uşaq kimi:

- Bəydadaş, sənin başın həmişə yaxşı işləyirdi. Sən bilən bizi bura niyə qatıblar? -

Soruşdu.

Bəydadaş  olanlardan baş açmasa da dostlarının təlaşından həzz alaraq ciddi halda:

- Qorxmayın! -dedi  -  Məmməd,  sizi mənim xahişimlə bura gətiriblər.

Məmmədin gözü kəlləsinə çıxdı:

- Həəə!?   Niyə?

-  Məmməd, gördüm  neçə ilin dostları məndən uzaq qaçır , yaman günümdə   əl tutmur ,

bu yola əl atdım. Gördüm öz xoşunuza gəlmirsiz də…Neynəyim? Beş il türmədə sizin üçün burnumun ucu  göynəyirdi, gəlmədiz! Dedim, türmədən çıxaram, yaxşı olacaq. Türmədən çıxandan sonra da yenə də gül üzünüzə həsrət qaldım …, gəlmədiniz. Bu yola əl atdım. Narahat olmayın, söhbətimi qurtaran kimi  deyərəm sizi  buraxacaqlar …

           Məmməd  sərək-sərək ona baxırdı. Gözləri yaşardı, riqqətlə  dedi:

- Bəydadaş, yanında üzüqarayıq, bağışla!  Gəlməyə utanırdıq, necə olsa  o hadisədə

bizim də günahımız vardı, amma cəzaını tək sən çəkdin.  Gərək bizi üzürlü sayasan.  Köhnə vaxtlar üçün lap burnumun ucu göynəyirdi, Bəydadaş! Yaxşı  eləyib bizi bir yerə yığmısan! Amma gərək bizi polisə yox, restorana yığaydın.

Bayaqdan mısmırığını sallamış Məhiş  Məmmədin səfehliyinə hirsləndi:

- Yum ağzını , səfeh! Heç ağlın artmadıı da! - dedi - Bəydadaş zarafat eləyir…

Məmməd küt-küt onlara baxıb burnunu çəkəndə Bəydadaş illərdən bəri birinci dəfə

ürəkdən güldü:

- Ha-ha-ha! Qanmır da, Məhiş! Yadında deyi , onun səfehliyindən necə bəlalara

düşürdük? Zalım ağıllanmaq bilmirdi! Doqquzda oxuyanda  zarafatla dedim ki, bizi bağaja qoyan Ənvərin başını əkmək lazımdır. Bir gün dərsdən çıxıb evlərimizə dağlışdıq. Bir neçə saatdaan sonra Məmməd tənginəfəs bizə gəldi. Dedi, tapşırığını yerinə yetirdim. Deyirəm, hansını? Dedi ki, Ənvəri aldadıb məktəbin zirzəmisinə salmışam, başına torba keçirib əl-qolunu  bağlamışam, gedək işini bitirək ! Yadındadır? Ha-ha-ha!

Məhişin də üzü güldü:

- Necə yadımda deyil? Sən gələnə qədər  Ənvərin  işini bitirmək istəyirdi. Mən

qoymadım.Dedim  sənin icazən olmadan bunu eləmək olmaz- dedi  və yadına saldı - Gərək ki, o oğlan  bizim  məktəbdən çıxdı , axı?

Bəydadaş ağarmış saçlarını sığalladı:

- Elədir , başqa məktəbə keçdi. - dedi - Bilirsən , zirzəmidən onu çıxarand  bərk yazığım

gəldi. Yalvarırdı ki, onu öldürməyək! Deyirdim ki, səni öldürən yoxdur, Məmməd zarafat eləyir. Yazıq inanmırdı. Gücnən  sakitləşdirib evə yola saldım. Əgər şikayyət eləsəydi üçümüz də  dəsxoşa gedərdik. Yazığın günahı  elə də böyük deyildi…

Məmməd arsız-arsız güldü:

- Yaman da yazıq idi! -dedi - Satqının biri idi. Sinifdə kim neynədi, necə oturdu , necə

durdu, dərhal qaçıb qoyurdu direktorun ovcuna.  Rəhmətlik atamı  iki gündən bir  məktəbə çağırırdılar . O da evə qayıdan kimi  eləmirdi tənbəllik, salırdı qayışın  altına. Sən də başlamısan…

Söhbətin bu yerində qapı açıldı. Bir yaşlı kişini içəri ötürdülər. Dostlar donuxdular. Bu

dülgər Rəcəb idi. Onlara əməkdən dərs verirdi. Hamı ona ancaq üzdə müəllim deyirdi. Bəydadaşla arası kök idi. Rəcəb müəllim lap qocalmışdı, daha donqarı çıxmışdı. Salamlaşıb özünü onların yanına verdi. Deyəsən, Bəydadaşı tanımadı. Dostlar onun oturmağını gözlədilər. Tanışlıq verib söhbətləşməyə macal eləmədilər. Qapı yenidən  açıldı. İçəri bir dəstə polis girdi. Qabaqda cavan, yaraşıqlı bir  polis mayoru gəlirdi. Forma onu elə tuturdu ki, elə bil  hökumət libasında doğulmuşdu. Mayoru müşayiyyət eləyən  tanış polis zabiti və polis nəfərlərinin nizamlı sırasını  bölmə üzrə növbətçi  tamamlayırdı. Mayor siqaretini ağzından çıxarmadan dedi:

- İşıq verin!

Növbətçi  dərhal onun əmrini yerinə yetirdi. İçəri çıraqban oldu. Mayor   içəridəkiləri

gözdən keçirib başını buladı:

-  Elə bu? Bəs, qalanları hanı? - deyə tənə ilə soruşdu.

Polis zabiti günahkar halda irəli çıxdı:

- Əlimizə düşən bunlardı, rəis! İnşallah, sabah o birilərini də taparıq. - dedi - İki nəfərin

yaşadığı ev nəzarətdədir, üç nəfərin  yeni ünvanını dəqiqləşdirmək üçün  rayon pasport şöbəsinə müraciət eləmişik, sonra canım  sənə desin…

Rəis əlinin  hərəkəti  ilə onun sözünü yarıda kəsdi, onlar içəri girəndən ayağa qalxmış

dörd nəfəri  təşəxxüslə süzdü, bığaltı güldü və polis zabitinə döndü:

- Bölmənin hasarı üçün bizə neçə maşın daş lazımdır? Dünən saymışdın, axı… - Soruşdu.

Polis zabiti dərhal dəftərçəsini çıxartdı :

- İyirmi maşın daş olsa  gen -bol çatar, rəis…

Rəis toppuş  əllərini sanballı qarnının üstündə çarpazladı:

- Eləsə sənədləri hazırla , qoy, hərəsinə  on beş sutka iş versinlər. Göndərək bunları

Nardaran daş karxanasına… - dedi və siqaretin kötüyünü yerə atdı .

Məhiş cücə kimi büzüşdü , dostlarından utanmadan yalvardı:

- Rəis, başına dönüm, mənim bir çətən külfətim var. Çevir məni onların başına, burax

gedim.Vallah, bir günahım yoxdur. Heç bilmirəm bu mərdimazar uşağı niyə məni tutub gətirib? Puldan-paradan nəyim var sizə qurbandır…

Məmməd isə başladı səfehləməyə:

- İxtiyarınız yoxdur! Mən şikayyət eləyəcəyəm… Polislər mənim əmlakımı sındırıb. Nə

ixtiyarla məni tutub saxlayırsınız? Elə bilirsən biz adamsızıq?- deyə haray saldı.

Rəis birinin yalvarışından, o birinin çığırtısından  ləzzət  alaraq  polis zabitinə  döndü:

- Bu zırramaya əl gəzdirməmisən? Gör, necə bağırır…

Zabitin işarəsi ilə polis nəfərləri  Məmmədin üstünə yeridilər. O, qorxaraq səsini kəsdi ,

köməksiz halda dostlarına baxdı. Amma onlardan səs çıxmadı , hərə öz hayında idi. Bircə Rəcəb müəllim  dilləndi:

- Ay rəis, bu sinni yaşımda məni niyə gətirmisən bura? Müəllim babayam, kimin

toyuğuna daş  atmışam ? Günahım nədir?

Rəis ona çəp-çəp bvxdı:

- Günahın yekəsi sənin kimilərdədir, qoca! Cavanları tərbiyyə eləmək olar, səni yox!

Özün də haranın müəllimi oldun ki! Dülgər Rəcəb deyilsən? Özünü mənə tanıdacaqsan?...

Bəydadaş bayaqdan dinmirdi, rəisin toppuş əllərinə baxırdı. Handan hana onu tanıdıqda

rahatlıqla köksünü ötürdü. Rəisin sözünü kəsdi:

- Uşaqlar, gözünüz aydın , rəis bizim sinif yoldaşımız Ənvərdir, - dedi  və yüngül bir

istehzailə əlavə elədi   - Məktəbimizdən gör necə böyük admalar çıxır… 

  Hamı quruyub qaldı.

  Rəis tanındığını görüb  qılafından çıxdı. Uşaq kimi sevinə-sevinə:

 - Əlbəttə ,Ənvərəm ! -dedi  - Sənin yaddaşına söz ola bilməz!  Heç mənim də yaddaşım

pis deyil. Məktəbdəki oyunlarınız yaxşı yadımdadır. Girinc eləmişdiz məni. Evdən alma gətirirdim , almamı əlimdən alırdınız.Bufetdən bulki alırdım , bulkimi yeyirdiniz. Çantamdan bir fərli qələm çıxarırdım , əlüstü yoxa çıxırdı. Qorxudan səsimi çıxara bilmirdim , xəlvətə salıb qappazlayırdınız.  Hətta bu cüvəllağı əmək müəllimi də mənə gün verir, işıq vermirdi. O da sizə qoşulmuşdu. Məktəbin bütün qapı-pəncərəsini mənə qaşıtdırır, sonra da rənglətdirirdi. Belə şeylər yaddan çıxmır! Zirzəmidə çəkdiyim qorxu indi də yuxuma girir. Hə, əvəzini ödəmək zamanı gəlib. Sizi on beş gün döyəcək, söyəcək ,təpikləyəcəklər. Bundan sonra bəlkə, canımdakı köhnə ağrılar çıxdı…

      Bəydadaş  mülayimliklə dilləndi:

      - Ənvər qardaşım , sən haqlısan!-dedi - Bizi söy, döy , təpiklə! Bu sənin haqqındır! Amma uşaqlıq zarafatlarına  görə adamı  türməyə salmazlar, axı!

       Rəis  şaqqıltı ilə güldü:

       -  Deyirsən, onlar hamısı uşaq zarafatları idi? - dedi  -Düzdür, indi uşaq deyilik, amma heç  qocalmamışıq da! Bir də elə mən də sizinlə uşaq zarafatı eləyəcəyəm. Siz o cür bacarırdınız , mən də belə bacarıram. O vaxt imkan sizin əlinizdə idi, indii mənim əlimdədir. Mən zarafatlarınıza dözürdüm! Siz də dözün! Mən heç kimi satmadım! Siz də kişi olun, dözün!

       Rəis tələsmədən qapıya getdi. Dostlar uğunan  polislərə baxa-baxa qaldılar. Heç birinin bu zarafata gülməyi gəlmirdi.

Mübahisəliburun

 

     Torpaqları müxtəlif  yerdən götürülsə də Məmmədəli bəylə Zərəfşan xanımın nikahı zamanın sınağına tab gətirdi, çat vermədi. Bir-birindən xasiyyətcə fərqlənən ər-arvad xoşbəxt yaşayırdı. Əlbəttə, xırda-para narazılıqlardan heç bir ailə sığortalanmayıb. Fikir ayrılığı da, umu-küsü də olurdu, həyatdır da,amma atışmaya heç biri yol vermirdi. Bir tərəfdən Zərəfşan xanımın anadangəlmə ciddiliyi, o biri tərəfdən Məmmədəli bəyin  südnən gələn qeyri-ciddiliyi qanqaraçılığa sipər çəkirdi. Məntiqə qalsa günləri dalaşmada keçməli idi. Lakin belə deyildi. Ərinin ayar zarafatlarını dinməz  təhəmmül eləyən arvadın  səbrinə söz ola bilməzdi. Eləcə də arvadının mənasız iddialarını lağlağıya çevirən kişinin bacarığı da tərifə layiq idi. 

      Bu belə.

      İndi də qəhrəmanlarımzın cizgilərini çəkək.

      Məmmədəli bəyin  boyu orta, başı balaca, gözləri xırda, üzü də sızanaqlıdır. O, fiziki qüsurlarına qarşı etinasız idi. Əksinə, qüsurlarına özü lağ eləyirdi. Bununla da ona sataşanların silahını əlindən alırdı.

      Zərəfşan xanım  isə güzgüdən qaçırdı, çünki surəti onu fərəhləndirmirdi. Allah-təala ona Quba alması kimi toppuş yanaqlar, qələmlə çəkilmiş qaş-göz əta  eləmişdi, hələ hamını valeh eləyən bir cüt zənəxtanı demirəm! Amma xanım  burun sarıdan yarımamışdı, burnu qırğı dimdiyi kimi əyri idi. İllər keçdikcə burnunun üstündəki sümük böyüyürdü, Zərəfşan xanımın ürəyini sıxırdı.

      Bu da belə. Söhbətin məğzinə varaq.

      Əllini xırdalayan Məmmədəli bəyin heç bir işi düz deyildi. Hara əl atırdı bir əmma çıxırdı. Şura hökuməti ömrünü ona tapşırandan sona işləri bir az da korlandı.İllərlə işlədiyi zavod bağlanandan sona xeyli vurnuxdu,amma murad hasil olmadı. Xahiş-minnətdən sonra sərəncamla yer aldı, evinin tinində bir xırda köşk qoydu, başladı hamı kimi  çərçiliyə. Başqaları irəli getdi,pul sahibi oldu, Məmmədəli bəysə nə artırdı, nə də azalırdı.Üzüuumşaqlığından nisyələr onu yıxdı. Amma necə olsa da balalarının çörəyini çıxarırdı. Tale bunu da ona çox gördü. Küçə ticarəti ilə mübarizə adı altında onu da çoxları kimi çörəksiz qoydular. Nümunəvi şəhər yaradan məmurlar qaldırıcı kranla onun da köşkünü qaldırıb uzaq bir zibilliyə atdılar. Məmmədəli bəyə bazarda yer verdilər. İki metrəlik piştaxtaya möhtac elədilər. Kim olsaydı başına hava gələrdi,həyatından bezikərdi, amma Məmmədəli bəy kənək qoz kimi idi,sınana oxşamırdı.Nə deyib-gülməyindən qalırdı, nə dolaq-zarafatından.

    Çöldə - bayırda necə idisə evdə də elə idi. Məmmədəli bəy  özüilə  şadlıq gətirirdi. Qapıdan girən kimi on yaşlı Nərmin böyrünü kəsdirirdi. On  beş yaşlı Arifin üzündə şeytanlar peyda olurdu. Məmmədəli bəy çöpə gülən qızından arxayıın idi. Oğlunun sakit, yuxulu görkəmindən ehtiyyatlanırdı. Uşağın mimikasından baməzəlik yağırdı. Birini yamsılayanda, ya təqlidini çıxaranda adamda can qalmırdı. Hazır məzhəkə ustası idi. Məmmədəli bəy  anlaşılmaz bir arzu ilə oğlunun işləklərinə rəvac verəndə Zərəfşan xanım kəmiltifatlıqla susurdu. Təklikdə isə Arifi danlayırdı:

      - Ay allahın mağmını, şüvül kimi uzanırsan, amma ağlın artmır. Bu oyunbazlıqları burax getsin, dərslərinə fikir ver. Oxu, adam arasına çıx, bizim kimi əziyyət çəkmə. Onun - bunun ağzını əyməkdən nə çıxar? Lağlağı ilə  necə baş dolandıracaqsan?

     Axırıncı hadisədən məlum oldu ki,Zərəfşan xanım haqlıdır.

    Səhər mətbəx masası arxasında oturmuş ata-oğul allah verəndən yesələr də qulaqları səsdə idi. Evin xanımı onlara dinməz qulluq eləyirdi. Arif zərbənin haradan dəyəcəyini bilirdi. Məmmədəli bəy isə işdən hali olmasa da arvadının tərpənişindən hiss eləmişdi ki, nəsə olub. Loxmasını ötürüb söz atdı:

     - Çinədanını boşaltsana! - dedi - Görürəm sözlüsən…

   Zərəfşan xanım hirsini boğub mülayimliklə:

   - Axşam daha yorğun gəlmişdin,başını ağrıtmadım.-dedi-Sənin bu yerəbaxan oğlun bir yekə hoqqa çıxarıb. Məktəbə getmək lazımdır. Onu litsey sinfindən adi sinifə keçiriblər. Get, gör, nə məsələdir…Vallah, bütün günahlar səndədir.Başını sığallaya-sığallaya  başımıza çıxarmısan.Bu da axırı…

    Məmmədəli bəy təəccüblə:

    -Neynəyib ki? Kimin gözünə torpaq atıb? - deyə soruşdu - Gedib aydınlaşdıraydın da…

    Zərəfşan xanım oğluna hirslə baxdı:

    -Getməyə ehtiyyac qalmadı. Zəng elədim , öyrəndim..

    Zərəfşan  xanım qohum-əqrabadan savayı heç kimlə münasibət qurmurdu. Naqisliyinə görə bayıra-bacağa az çıxırdı. Məmmədəli bəy buna istehza ilə:

     -Hə…, zənglə nə aydınlaşdırdın? - deyə soruşdu.

     -Öurəndim ki, Arif direktorun təqlidini çıxarıb. O da acığa düşüb belə eləyib.

      Məmmədəli bəy ürəkdən güldü:

      -Ha, ha, ha! Nə böyük işimiş! - dedi - Məşhur artistlərin, nazirlərin, hətta prezidentlərin  təqlidini  çıxarırlar. Nə olar ki? Yalnız müqəddəs şəxsiyyətlər toxunulmazdır. Məktəb direktoru isə övliya deyil ki!

      Zərəfşan xanım həmrəyliklə atasına baxan oğluna göz ağartdı:

      - İndi hər nədir! İxtiyar onun əlindədir! -dedi.

      Məmmədəli bəy Arifə tərəf çevrildi:

      - Anan düz deyir, ay şuluq kişi! - dedi - İşin-gücün qurtarıb?Hamıdan qurtardın direktora keçdin? Qaşınmayan yerdən qan çıxarırsan? Danış görüm…

      Arif atasının mülayim danlağından  tərlədi:

      -Bir işdi oldu da! Məktəb klubunda tamaşa verirdik,səhnədə bir-iki gülməli monoloq dedim, bir-iki pontomima göstərdim. Birdən şeytan məni yoldan çıxartdı, direktorun da hərəkətlərini, yerişini təqlid elədim. O qədər əl çaldılar ki…

      Məmmədəli bəy yerindən qalxdı:

      - Yaxşı,indi məktəbə gedərəm, görüm nə deyirlər.-dedi.

      - Bəs işin?

      - Bazar bir-iki saat mənsiz də keçinər, - deyə Məmmədəli bəy arvadına cavab  verdi və qaşqabağlı arvadına sataşmaqdan özünü saxlaya bilmədi - Ay xanım, hirslənmə,burnun yenə xoruz pipiyi kimi qızaracaq.

       Arif irişdi:

       -Ata, işləri korladın. Zərəfşan xanım yenə bizi dindirməyəcək. Burundan lap nahaq söz saldın…

       Evin xanımı  həmrəy kişilərə qəzəblə baxdı,heç nə demədən mətbəxdən güllə kimi çıxdı

      Axşam Məmmədəli bəy bazardan evə gec qayıtdı. Zərəfşan xanım qapıda maraqlandı:

-     Nə oldu, getdin? -  deyə soruşdu-Bir şey elədin?

-     Getmişdim, alınmadı, - Məmmədəli bəy ayağını soyuna-soyuna cavab verdi. - Direktor

dedi ki, daha əmr vermişəm, gələn rüb qaytararam öz sinifinə.

Zərəfşan xanım tənə ilə:

-     Əli boş getmişdin?

-     İş əndazədən çıxıb, əli dolu da getsəydim xeyri yox idi. Direktor dedi, ara soyusun bir

də dəyərsən, həll edərəm.

-     Vallah, adam yarıdan deyilsən. Sulu çaydan  da susuz qayıdırsan.

Məmmədəli keçib divanda yerini rahatladı:

-     Boşla, ay xanım, - dedi - Nə böyük işdir ki? Oğlunu  doqquz «a» - dan doqquz «b» - yə

keçiriblər. Az nadinclik eləsin. Bundan sonra hər addımını ölçər.

        Zərəfşan xanım yanğı ilə:    

-     Elə olar da, nə tökərsən aşına, o da çıxar qaşığına.  Üşaqların da özün kimidir.

      Məmmədəli qızının gətirdiyi çayı qabağına çəkdi, tam  ciddi:

-     Bilirsən, nə var, arvad?

        Zərəfşan xanım ərinin ciddi görkəminə aldanmadı,daha onuun cikini də bilirdi, bikini də. Mübahisəni səbəbkarı da qaşqabaqlı halda qapıdan boylandı. Məmmədəli bəy müdrük görkəm aldı, böyründə oturmuş on  yaşlı qızını qucaqladı, ağzını açacaqdı ki, Zərəfşan xanım onu qabaqladı:

       - Bilirəm , lap yaxşı bilirəm - dedi və  gözlənilmədən Məmmədəli bəyi təqlidən davam elədi - Vallah, kişi, mənim burnum düzəlməsə, bizim işlərimiz düzələnə oxşamır. Gəl, sən daşı ətəyindən tök,məni həkimə apar. Qoy burnumun  artıq- urtuğunu kəsib səhmana salsınlar,bəlkə bəxtimiz  açıldı. Hə, belə demək istəyirdin?

       Uşaqlar uğundular. Məmmədəli bəy çaşıb qaldı.Zərəfşan xanım nadir hallarda zarafat eləyərdi. Məmmədəli bəy  özünə gəlib xanımını təriflədi:

        - Afərin!-dedi- Sən də bizim adam  oldun,yoxsa zarafat eləyən kimi qaşqabağını tökürdün… 

         Zərəfşan xanım onun sözünü kəsdi:

 

         - Sən araya söz qatma! - dedi - Bu gün həkimə getmişdim. Dedi ki, vaxtıdır , kəsmək olar,sonra gec olacaq.

         Məmmədəli bəy durub gəzişdi, qayıdıb yerinə keçdi:

        - Yox, mən buna razı ola bilmərəm! - dedi. - Məni qızıla da tutsalar səni bıçaq altına göndərə bilmərəm.

        - Sən canın razı ol. Deyirlər, beş uüz dollara başa gələcək.- Zərəfşan xanım xahiş elədi - Adam lap xəcalət çəkir. Zəhrimar  sümük elə hey  böyüyür.

        - Ay xanım, buna bir ətək pul lazımdır,  axı! Bəyəm havayıdır?Neçə paçka «şirvan» lazımdır.

       Zərəfşan xanım burnunun hörgücünə barmağını toxundurdu:

        - Məndə nə var ki! Bir burundur. Camaatın arvadları az qala butün əzalarını dəyişdirir, yenisini tikdirir. O gün televizorda deyirdilər ki…Adı nədir o aktrisanın…, hə…,beş min dollarlıq plastik əməliyyat elətdirib. Sən isə mənə beş yüz dollar  xərcləmək istəmirsən…

          Məmmədəli bəy  ciddiləşən söhbəti lağlağıya çevirməyə çalışdı:

         - Bilirsən, ay xanım ,mən səni o donqar burnuna görə yüz qızın içindən seçmişəm. Sən isə onu kəsdirib  məni bu zövqdən məhrum eləmək istəyirsən. - dedi və uşaqlara baxdı.                                                                                              

         Onun bu məzəsinə heç biri gülmədi. Məmmədəli bəy köksünü ötürdü:

         - Mən qarnınıza çörəyi gücnən qazanıram,ay xanım,sən bahalı plastik əməliyyatdan dəm vurursan. Sənə neçə dəfə deyərlər ki, indi buna gücüm çatmır.   Allah imkan verər burnuna da əncam çəkərik. Səbr elə  

         Arif  qapının çərçivəsindən aralanmadan göznəlilmədən dilləndi:

       - Mamanın burnu Qinnes kitabına düşməsə  ata tərpənməyəcək,-dedi.

        Yerində edilmiş bu qeyd  hamını  güldürdü. Məmmədəli  bəy təslim oldu:

        -Yaxşı , yaxşı , gələn ay bu işlə məşğul olarıq. Bir az alacağım var…-dedi   və onun  əlehinə gedən oğlunu zarafatla hədələdi-Səninlə isə, ay şuluq kişi, bir azdan söhbət edərik.

        Məmmədəli bəy şam yeməyinə girişdi. Doyandan sonra divanın yastığına yaslandı, televizora gözünü dikdi. Bütün günü ayaq üstə olduğundan yorğun idi. Oğlunun tənbehini sonraya saxlaldı. Saat on olmazdı ki, onu yuxu basdı. Gözünün acısını almamışdı ki, çığırtıya dik atıldı. Başının üstündə dayanmış oğluna acıqlandı:

       -Nə olub? - Soruşdu -Zəlzələdir?

       Arif dili topuq vura-vura dedi:

       -Ata, ata! Mamanın burnu sıınıb! Qan sel kimi axır…

       Məmmədəli bəy qeyzlə ayağa durdu:

       -Axmaqlama, dəyyus! Başqa zarafat tapmırsan!?

       Arif and içdi:

       -Vallah, zarafat eləmirəm. Hamamxanadan çıxanda mamanın ayağı sürüşüb,üzü divara dəyib.

        Məmmədəli bəy başılovlu dəhlizə çıxdı. Həmişə mübahisələrə səbəb olan burun, doğurdan da,  sınmışdı. Zərəfşan xanımın boyun-boğazı qan içində idi. Dəhlizdəki xırda kürsüdə başını geri atıb ağrıdan zıqqıldayırdı. Qorxudan özünü itirmiş Nərmin böyründə durub bilmirdi ki, neyləsin.  Məmmədəli bəy  xanımın dərini deşib sallanan burun sümüyünə baxdı, bilmədi gülsün, ya ağlasın. Arvad yaman gündə idi. Daha durmaq vaxtı deyildi. Köhnə maşınını işə salmaq üçün aşağı qaçanda oğluna tapşırdı ki, anasının qoluna girib aşağı düşürsün. Kişi mərkəzi xəstəxanaya çatana qədər ürəyini yedi. Ömründə birinci dəfə idi ki, zarafat eləmək yadına düşmürdü. Zərəfşan xanıma tərəf baxmağa qorxurdu. Xəstəxanaya çatdılar. «- Bura bütün ölkəyə xidmət eləyən yeganə şəfaxanadır ki,gecə də oyaqdır , gündüz də.» - deyə qapıçı onu məlumatlandırdı. Məlum oldu ki,  sümük udanların, qulağına qurd-quş dolanların, ilan çalanların, quduz it qapanların yolu burdan keçir.

         Yuxulu şəfqət bacısı zərərdidənin qoluna girib oturtdu,  həkimin  yuxulu gözləri alnına qaldırılmış gücləndiricinin altında itdi. Onun ləngliyində nə vardısa    Məmmədəli bəy əlini cibinə atdı , olan pulunu həkimin xalatının cibinə dürtdü. Bundan sonra otaq hərəkətə gəldi.

         Bir azdan Zərəfşan xanım cərrah masasında tir-tap uzanmışdı.Ailənin, qohumların xəlvəti məzə yerinə çevrilmiş burun yuxudan kal durmuş yekəpər həkimin cənginə keçmişdi.O, necə kobud tərpənirdisə xəstənin çığırtısı otağı başına götürmüşdü.Məmmədəli bəyin ürəyinin başına od düşdü,gözlərindən gildir-gildir yaş axdı,amma əli qoynunda dayanmaqdan savayı bir şey eləyə bilmirdi.Həkim hər dəfə yarım arşınlıq dəmir millə zədəli burnu eşəndə Zərəfşan xanım zarıldayırdı.Sonra  cərrah əlini saxladı, qonşu otağa keçdi, tez də qayıtdı.Rezin əlcəklərini çıxarıb  hirslə zibil yeşiyinə atdı.Girişdə divara söykənmiş Məmmədəli bəyə yanaşdı.Narazılıqla dilləndi:

         - Ay elli, verdiyin qəpiq-quruşdur  ki! - dedi.

         Məmmədəli bəy təəccüblə:

         - Ay rəhmətliyin oğlu, on beş «şirvan» azdır? Yenə pul istəyirsən? - dedi.

         Həkim  inadla:

         - Sən gəl haqqımızı kəsmə,bir eylə də əlavə elə. Tibb bacısına da, baş həkimə də bir şey çatsın…

         Məmmədəli bəy heyrətlə:

         - Bərəkallah, həkim!-dedi-İki daşın arasında, bu gecə yarı baş həkim hardan yadına düşdü?!

         Həkim burnunu çəkdi:

           - Eh, ay elli, sən bilmirsən, xəstəxananın qapısından girən  haqqında baş həkimə məruzə edirlər. Haqqı çatmasa ciyərimi  çıxaracaq.

      Zərəfşan xanımın iniltisi artdı. Məmmədəli bəy xahiş elədi:

      - Başına dönüm, həkim, tez elə ,yazıq daha ağrıya dözə bilmir.

      Həkim şirin-şirin gülümsədi:

      - Elli, narahat olma! Xanımınıza heç nə olmayacaq. Əməliyyatı yüksək səviyyədə keçirəcəyəm. İynə vurmuşam, indi keyiyəcək. - dedi və bayaqkı söhbətə bir də nərdivan qoydu - Əlavə bir şey verəcəksən?

     Məmmədəli bəy istehza ilə hər iki cibini çevirdi. Həkim onun bu hərəkətindən narazı qaldı. Başını buladı. Zıqqıltısı get-gedə azalan xəstəyə yan aldı. Yenə yarım arşınlıq mili götürüb Zərəfşan xanımın burnunu qurdaladı. Xəstə inildədikdə Məmmədəli bəyi yenə ağlamaq tutdu. Həkim çevrilib ona baxdı. Kişinin kövrəldiyini görüb istehza ilə:

·         Vay, vay, lap xıncım-xıncım olub e! - dedi. - Ay elli, sən xanımı nə yaman vurmusan?!

Heç insafın yoxdur?

Məmmədəli bəy heyrətlə:

-    Həkim, mən heç adam döyənə oxşayıram? İçəri girən kimi səni başa saldım, axı! Arvad

əlində vedrə hamamxanadan çıxanda ayağı sürüşüb, üzü üstə qabağındakı divara dəyib. Uşaqlarım allahın şahididir, - dedi və xahiş etdi. -  Sən Allah, işinlə məşğul ol! Müstəntiq deyilsən ki?

      Həkim:

·         Hirslənmə, elli,mən elə işimlə məşğulam - dedi -  Keyiməsə heç nə edə bilmərəm.

Ölkədə hamı yatır, ey,elli! Bir mənəm gecə yarısı əməliyyat aparan. Hələ narazısan da.   

    Məmmədəli:

·         Bəs, haçan keyiyəcək? Yazıq elə zarıyır.-deyə soruşdu.

     Həkim tibb bacısına baxıb şaqqıltı ilə güldü:

·         Verdiyin pula müqabil ağrıkəsici vurulub da. Yaxşı  pul ver, bahalı keyidici vurum, tez

keyisin.

Bu söhbət əsnasında xəstənin iniltisi kəsildi. Həkim dərhal qollarını çırmayıb işə başladı. Xəstənin

burnunu dinməzcə bir xeyli əlləşdirdi. Gah masanın o tərəfinə keçdi, gah bu tərəfinə keçdi. Başdansovdu bir tikiş vurdu. İşindən razı halda Məmmədəli bəyi çağırdı:

·         Gəl bax, gör necədir? Belə idi? Oxşayır?

Məmmədəli yaxına gəldi diqqətlə tikiş qoşulmuş buruna baxdı , sözün düzünü dedi:

·         Oxşamır, həkim, düzü,  arvadım burundan  yarımayıb. Əvvəl qırğı dimdiyi kimi əyri idi,hörgücü

vardı, indi isə düppədüzdür.

Həkim başını qaşıdı:

- Belə saxlasaq necə olar? O hörgüc dediyin sümüyü  çıxarıb atmışam. Onsuz da kəsilməli

idi. Lap vaxtında sınıb. Belə yaxşıdır. Bəyəm, burun  düz olsa işə yaramaz?

      Məmmədəli bəy etiraz etdi:

·         Qoy, əvvəlki kimi qalsın. Açığı, gözümüz alışıb, huşu üstündə olsaydı heç özü də razı

olmazdı.   

     Həkim bir az da xəstəni incidəndən sonra təəsüflə dedi:

·         Yox, əvvəlki formanı verə bilmirəm. Sümüklər xıncım-xıncımdır. Qoy, belə qalsın.

Sınmış sümüyü yerinə tikə bilmərəm ki!

Məmmədəli bəyin damarı tərpəndi. Məzə ilə inad elədi:

·         Olmaz, ay həkim. Mən onu elə əyri burnuna görə yüz qızın içində seçib bəyənmişəm.

Heç razı ola bilmərəm ki, o buruna  xələl toxunsun.Arvadımın burnunu necə var elə də saxla.

Yekəpər cərrah yavaş-yavaş əsəbləşirdi:

·         Nə fərqi var, axı? Burun, burundur da, əyri, ya düz. Təzədən sındırıb yığmalıyam?

Zəhmətimə hayfın gəlmir?

      Məmmədəli, nəhayət, həkimin ağrıyan yerini tapdığına sevindi, tam ciddiliklə başladı onu dolamağa:

·         Ə, sən nə  təhər cərrahsan ki, bir işi axıracan görə bilmirsən? - dedi. -  Sənə deyirlər

arvadımın burnunu necə var, o cür də yığ. Yoxsa, orda-burda danışaram səni hörmətdən salaram.

      Həkim peşəkarlığına şübhə ilə yanaşan Məmmədəli  bəyin üstünə çığırdı:

·         Balam, o əyri burun sənin nəyinə gərəkdir, axı?Nə yapışmısan ondan?

Məmmədəli bəy barmağını qaldırdı:

·         Əşi, arvad mənim deyil? Qoy burnu əyri    qalsın!

Həkim onun qoluna girib qırağa çəkdi:

·         Ay qardaş, yenidən kəsib-tikməkdən xəstəyə əziyyət olar!  Qəl sən bu daşı ətəyindən

tök, razı ol, - deyə xahiş elədi.

       Məmmədəli bəy ürəyində sevinə-sevinə, üzdən isə narazılıqla:

      - Ay həkim, sən bilmirsən… - deyə köksünü ötürdü.

- Nə inad adamsan! - Həkim heyrətləndi.-Nəyi bilmirəm ki?

- Həkim, inadımın səbəbi var. Qonum-qonşu elə bilər ki, daha pullanmışam, arvadın üstünə

maya qoyuram, plastik əməliyyatlara pul xərləyirəm.

·         Lap yaxşı, bunun nəyi pisdir ki. Qoy, istəməyənlər  paxıllıqdan partlasınlar.

·         Eh, həkim, dərdim böyükdür, borc aldığım adamlar bir himə bənddirlər. Dərhal

tökülüşüb gələcəklər ki, bəs, daha pullanmısan, borcumuzu ver.

        Həkim onu xeyli dilə tutandan sonra, nəhayət, razı saldı. O, yavaş-yavaş huşu özünə gələn Zərəfşan xanıma yaxınlaşdı. Cəld işə başladı. Bu əvvəlki adam deyildi, əllərini görmək olmurdu. Həkim  axırda bir neçə arşın binti xəstənin burnunun deşiklərinə təpdi. İynəsinin keyi keçmiş Zərəfşan xanımı tibb bacısının köməyi ilə masadan düşürtdü və incik-incik başını tərpətdi, sualedici nəzərlərlə Məmmədəli bəyə baxdı. Amma xəstənin sahibindən səs çıxmadıqda mızıldandı:

      -Yaxşı,-dedi -Qoy belə olsun. Özün peşiman olacaqsan…

      Məmmədəli bəy bu hədəni eyninə almadı, özündən razı halda Zərəfşan xanımı xəstəxanadan çıxartdı. Maşina oturdub  tez onu evə çatdırdı. Xəstəni təzə yerbəyer eləmişdilər ki, qapı   döyüldü. Açıb gördü ki, bir polis zabitidir. Soruşdu:

·         Nə lazımdır, qardaş?

     Polis özünü təqdim edib, içəri keçdi.

-  Bizə xəstəxanadan məlumat daxil olub ki, bu ünvanda dalaşıblar, ər arvadın burnunu

sındırıb, aradan çıxıb. Zərərçəkən ölümcül halda xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım alıb, həyatı xilas olunub.  

Məmmədəli bütün bunları bir nəfəsə deyən polis zabitinin  hökmü qarşısında aciz-aciz

məzələndi:  

·         Polis qardaş, sizə düz məlumat verməyiblər. Dalaşan olmayıb, bədbəxt hadisə baş verib,

arvad yıxılıb, burnunu sındırıb. Ər də heç yerə qaçmayıb.

     Polis soruşdu:

·         Siz onun nəyisiniz?

·         Həyat yoldaşıyam.

·         Zərərçəkən hardadır?

·         Yataqdadır.

·         Hadisə necə olub? Nə üstə dalaşmısınız? - deyə polis zabiti eyni hökmlə soruşdu.

·         Dedim ki, dalaşmamışıq, arvadım  yıxılıb burnunu sındırıb.

·         Kişi,inandırıcı bir şey fikirləşə bilmirsən? Adam yıxılanda qolu sınar, qıçı sınar. Day,

burnu sınmaz ki.

     Məmmədəli:

·         İndi olub da, -dedi. - Mən də xəbər tutanda elə sənin kimi fikirləşdim. Adamın da burnu

sınar?

      Polis Məmmədəli bəyin baməzəliyi qarşısında az qala öz zabitəsini itirəcəkdi. Qaşqabağını tökdü:

·         Məni dolamısan?  -Soruşdu. - Yığış, zərərçəkəni də götür,  şöbəyə gedəcəyik. Orda

izahat yazılmalıdır.

Məmmədəli istehza ilə:

-  Zərərdidənin getməyə təhəri var  ki?

Polis zabiti inadla dedi:

·         Mən bilmərəm, - dedi. - Qanun belə tələb edir. Zərərçəkən dindirilməli, protokol tərtib

edilməlidir, hadisə qeydə alınıb iş açılmalıdır..  Hanı zərərdidə? Yataq otağındadır? İcazə verirsən? Bir-iki sualım olacaq…                                                                                                       

     O, Məmmədəli bəyin razılığını gözləmədən yataq otağının açıq qapısından boylandı. Soruşdu:

·         Bacı, mən polisdənəm. Danışa bilirsən?

Zərəfşan xanım gözünü açmadan:

·         Hə, - dedi.

·         Lap yaxşı, bacı, səni kim döyüb, burnunu kim sındırıb? Şikayətin kimdəndir?

Zərəfşan xanım ağır-ağır:

·         Yıxılmışam, qardaş, kimdən şikayət eləycəyəm?

Polis onu dilə tutdu:

·         Qorxma, bacı, qorxma. Qanun sənin tərəfindədir. Qadına əl qaldıranın canını alcağıq.-

dedi və ev sahibinə tərəf döndü - Hadisəni gecə ilə də olsa araşdıracağıq. Yığışın, gedək.

  Məmmədəli bəy isteza ilə:

 - Ora getsək sənə heç nə çatmayacaq ha! - dedi. - Nəzirdən-niyazdan verəcəkdim, indii

özün bil…

Polis zabiti işarəni anlayıb boğazını arıtladı, ipək kimi yumşaldı:

      - Bu başqa məsələ! - dedi - Qəzanın şahidləri kimdir?

      - Oğlumla qızımdır.

      Poli zabiti atasının arxasında dinməz dayanan Arifdən soruşdu:

      - Oğlum, ananın burnu doğurdan divara dəyib sınıb?

      Arif zorla gizlətdiyi istehza ilə:

      - Doğurdan,polis əmi,- dedi. - Amma mamamın burnu sınmalı burun idi, atam hələ səbrli kişidir, bu işi qəza-qədərin umuduna qoymuşdu.

      Polis zabiti oğlanın hazırcavablığına heyran qaldı. Daha işi uzatmadı, anasının burnuna yağ damızdıran Nərmindən soruşdu:

       - Sən də təsdiq eləyirsən,qızım?

       Uşaq başını  tərpətdi. Hadisə qıza necə təsir eləmişdisə üzü gülmürdü.

        Polis zabiti dəftərinə nəsə yazdı. Umacaqla ev sahibinə baxdı. Məmmədəli bəy  onun ümüdini doğrultdu, əlini qoltuğ cibinə atıb  axırıncı əlli minliyini çıxarıb zabitin cibinə basdı. Polisin üzü güldü, dilləndi:

     -  Yaxşı da, sabah şöbəyə gələrsən. Bacıya əziyyət vermə daha. Özün kifayətsən. Gələndə pasportlarınızı da gətirərsən. Gecəniz xeyrə.

      Məmmədəli onu yola salandan sonra, yataq otağına keçdi:

·         Arvad, sonra elə bilmə ha, burnun havayı düzəlir. Bir ətək pul xərcləyirəm, - dedi 

döşünə döydü - Mən dediyimi yerinə yetirən oğlanam. Axır ki, əyri burnunu sahmana saldıq. İndii  görək, əyilən işlərimiz haçan düzələcəkmi? 

     Zərəfşan xanımın dodağı qaçdıqda  uşaqların da üzü güldü.

 

 

Torpaq aşiqi.

                                                                                                                                                                                                                                              

       Namaz kişi təmənnasız bir adamdı. Şükranlıq hissi qanında idi. Gec ailə qurmuşdu. Təqaüdə çıxanda böyük oğlunun heç iyirmi yaşı yox idi. Şura hökumətinin dağılmağına az qalmış mənzil növbəsinin çatacağına gümanını itirmiş Namaz kişi altı sotluq bir torpaq sahəsi götürmüşdü. Kirayənişin qalmaqdan, yataqxanalarda çürüməkdən canını qurtarmışdı. Bir xırda ev tikmişdi, balalarını başına yığmışdı. Namaz kişi torpağı, yaşıllığı sevirdi. Həyətində ağac əlindən tərpənmək mümkün deyildi. On beş «şirvan»lıq təqaüdü gen-bol yaşamağa imkan vermirdi, amma böyük oğlunun əli daha pula çatmışdı. Bəlkə də Namaz kişi şükranlıq hissi ilə bu dünyada yaşayıb və onu tərk edəcəkdi.

Zəmanə dəyişmişdi. Əldən-ayaqdan uzaq, şəhərin kənarında yerləşən qəsəbənin ətrafında qəribə işlər baş verirdi. Elə bil, adamlar dəli olmuşdular.  Hamı torpaq alırdı, torpaq satırdı. Daş hasarlar yenilməz addımlarla qəsəbəyə yaxınlaşırdı. Bir-iki il də belə getsəydi ətrafda paya çalmağa bir qarış torpaq qalmayacaqdın. Namaz kişi qanunpərəst adam idi. Ölçülüb ona verilmiş altı sotdan bir metrə də qırağa çıxmamışdı. Amma övladları böyüdükcə həyəti onu sıxırdı. Qonşusu Məhəmmədlə bir zavodda işləmişdi. İşi çətinə düşəndə həmişə ona gənəşirdi. Məhəmməd bacarıqlı kişi idi. Əlindəki altı sotluq sərancamla az qala bir hektar yeri hasarlamışdı. Vəzifə sahibləri ilə tez dil tapırdı. Namaz kişi ona üz tutdu. Qonşusu ona qulaq asıb dedi:

- Ay maymaqsan ha! Sənə o vaxt demirdim ki, qorxma, hasarla getsin. Demirdim ki, çöllü-biyabandır, kimdir arayıb-axtaran…

Namaz kişi ağ saqqalını qaşıdı:

- Ay qardaş, kimin ağlına gələrdi ki, bir belə yeri satarlarlar, hasarlayarlar. Fikirləşirdim, oğlanlarım böyüyər özlərinə qanunla torpaq götürüb ev tikərlər. Deyirdim, bu altı sot da, ölümə də bəsdir, dirimə də.

Məhəmməd istehza ilə:

- Bə, nə oldu?

- Nə olacaq ki! O gün getmişdim bələdiyyəyə. Dedim,torpaq sahəsi  istəyirəm. Elə bir qiymət oxudular ki, tüstüm təpəmdən çıxdı.

Məhəmməd güldü. Torpağın qiymətindən onun xəbəri var idi. Bir az fikirləşib ona məsləhət elədi:

- Sən belə elə… - dedi və torpaq sahəsini genişləndirməyin yeni üsulunu ona başa saldı.

Qonşusunun  məsləhəti  ilə Namaz kişi hasarın bayır tərəfinə ağac əkir, bir ildən sonra hasarı sökür, yenidən tikirdi,  beləliliklə, həyəti bir ağaclıq genişləndirirdi.  Bir-iki ilə altı sotluq  torpaq sahəsi ətə-qana gəldi, xeyli artdı.  Amma kişinin iştahası artmışdı.İmkanlı və  vəzifəli  adamlar  hektarla  əkin yerini , agaclıqları , qədim bağ yerlərini  hasarladıqca  Namaz kişi varından yox olurdu. «- Allah kasıblığın evini yıxsın!»-deyə  yanıb-yaxılırdı.

Qəsəbənin bəxti gətirmişdi. Ətrafında doqquz mərtəbəli binalar ucaldılırdı. Bəndənin də, Allahın da unutduğu bu qəsəbə get-gedə canlanırdı.

         Ətrafda tikilən doqquz mərtəbələrin tikinti tullantıları, bünövrəsi qoyulanda çıxarılan iri daşlar Namaz kişinin həyətinin dalındakı dərəyə atılırdı. Bu lazımsız torpaq sahəsi Namaz kişini valeh edirdi. O, addım-addım həyəti genişləndirməkdən bezikmişdi. İstəyirdi birdəfəlik  o daşlığı hasara alsın, sahmana salıb əkib-becərsin. Amma  axır vaxtlar torpağın o qədər sahibi çıxmışdı ki, bilmirdi bu barədə  kiminlə  söhbət eləsin. İcra hakimiyyəti bir yandan, bələdiyyə o yandan, polis sahə müvəkkili o biri yandan, deyirdi ki, məni görməlisən. Bu daşlıq da nə matah şeydi ki, bir belə adamın bığının altından keçəsən.

      Məhəmməddən savayı daha  bir-iki müdrük qonşu ilə məsləhətləşəndən sonra Namaz kişi qərara gəldi ki, bu işi  elə sahə müvəkkili Əliquludan aşırsa ucuz başa gələcək . Amma qorxduğu şey də elə bu idi . Cibində siçanlar oynayırdı. Yaxşı bilirdi, Əliqulu karlı pul almasa onun arzusunu gözündə qoyacaq. Zəmanə pis zəmanə idi. Zəhrimar pul, lar daşdan çıxırdı. Əliqulu da baş kəsənin biri idi. Qonum-qonşuda biri daşı daş üstə qoyan kimi dərhal  xəbər tuturdu, özünü yetirirdi.  Vay, o yazığın halına!  Polis müvəkkili arxasız, yazıq adamların  qənimi idi. İstədiyini almamış əl çəkmirdi. Qəsəbə kasıb qəsəbə idi. Arxalının, pullunun bu Allahın unutduğu qəsəbədə nə ölümü vardı ki!

       Namaz kişi çar-naçar qərara gəldi ki, Əliqulunun yanına getsin. Amma yolda eşitdi ki, sahə müvəkkilinin maşını qəzaya düşüb, canını tapşırıb qəsəbə camaatına. Hamı sevinsə də, Namaz kişi bu sevincə şərik ola bilmədi. Fikirləşdi ki, torpaq məsələsi qaldı böyrü üstə. Axşam çay içə-içə böyük oğlu Ələmdara dedi:     

-     Bizim hər işimiz belədir.  İşə başlayanda   pişik asqırır.

İşdən  yenicə qayıtmış Ələmdar  təəccüblə:

-     Nə olub ki?

-      Əliqulunu deyirəm  də!Mərdimazar oğlu, deyirəm, ölməyə vaxt tapdı da!

Ələmdar təklif etdi:

-     Bəlkə, bütün qaydası ilə eləyək? Ərizə yazaq, sərancamla yer ayırsınlar…

Namaz kişi başını buladı:

-     Sərəncama  bir  paçka «dollar»  istəyirlər. Hardan tapaq? - dedi və yanğı ilə-

Bələdiyyə səninçün Şura hökuməti deyil ki, havayı torpaq versin! Ay gidi, dünya! Bu məmurlar ölkəni talan eləyəcək.  

        Süfrədən qıraqda oturmuş ortancıl oğlu Muxtar qayıtdı:

·         Rəhmətliyin oğlu, bizi bu torpaq söhbəti ilə lap çərlətdin. Sən razılıq ver, bu işə mən

əncam çəkim. Təzə sahə müvəkkili ilə danışıb yoluna qoymaq mənim əlimdə nədir ki!  Sən o daşlığın yarısını istəyirsən, mən onun hamısını hasarlayım!- dedi.

Namaz kişi əməlli-başlı ağarmış saqqalını sığalladı, tərs-tərs ona baxdı, Ələmdara

müraciət elədi:

·         Bu qırışmalı görürsən? Elə bilir dünya hərki-hərkilikdir. Yox, bu sən bacaran iş

deyil. Aləmi qarışdıracaqsan, sonra gəl  onun altından çıx.

       Muxtar elə bil qələmlə çəkilmiş enli bığlarını gaşıdı. İnadla dedi:

·         Bircə sən qarışma, gör nə cür yoluna qoyuram.

Namaz kişi kiçik oğlunun inadkarlığından zövq alsa da etiraz etdi:

·         Sənlik deyil, bala. Sən get bir özünə iş tap, kəsbkarlığını elə. Bir ay burda, iki ay

orda işləməkdən bir şey çıxmaz. Cibində siçanlar oynayır. O boyda kişisən, bütün ciblərini axtarsam heç on «şirvan» pul tapmaram.

Muxtar atasının sözündən bərk alındı. Daha dinmədi. Ələmdar mülayim halda dedi:

·         Dədə, o zəmanə uşağıdır, yəqin bir şey bilir ki, deyir. İmkan ver, qoy özü hər şeyi

yoluna qoysun. Bir-iki il polisdə işləyib. Nə olsun qovublar! Lalın dilini anası bilər.

       Namaz kişi çar-naçar razı oldu:

·         Qoy siz deyən olsun, - dedi və barmağını onların üstünə silkələdi. - Daha hoqqa

çıxartmayın. Hər şeyi xoşluqla həll edin  ki, daha adımızı hallandırmasınlar.

Bu söhbətdən heç bir gün keçmədi ki, Muxtar  bir neçə maşın  köhnə-külə daş -torpaq,

sement tökdü. Namaz kişi təəccübləndi :

  -Ay zırrama, məndən təzə daşın pulunu  alıb köhnə daş gətirtmisən ki…

Muxtar  təbəssümlə:

  -Qorxma, dədə, sənin qəpiyin də itməyəcək. Axırda sənə hesabat verəcəyəm, indi  Mane

olma…-dedi.

O, bir usta, iki fəhlə tutdu. Gecəynən hasarı çəkdi, daşlığın yarısını zəpt elədi. Hörgünü

əhənglədi. Gömgöy ağacları köklü-köməcli çıxartdı, hasarın hər iki tərəfinə əkdi. Bu görk üçün idi. Yayın cırhacırında əkilən ağac onsuz da əmələ gəlmyəcəkdi.

       Sübh tezdən  yerindən qalxmış Namaz kişi genişlənmiş həyətinə razılıqla baxdı. Amma ağacların başına gətirilən oyunu görəndə bərk hirsləndi. Yuxusuzluqdan gözünü ovuşdura-ovuşdura həyəti dolanan Muxtara çımxırdı:

·         Bunları niyə zay etmisən, ay zırrama? İndi ağac tutar?

Muxtar hırıldadı:

·         Dədə, danışmışıq, axı,  qarışmayacaqsan, - dedi. -Bir də həyətdə ağac əlindən

tərpənmək olmurdu. Bir az seyrəltmişəm, dünya dağılmaz.

        Yerində deyilmiş söz Namaz kişini tutdu. Hirslə əlini yellətdi:

·         Bircə ağac da əkməyən adamdan daha nə gözləyəsən?! - dedi və yarıkönül - Afərin,

açıqlıqdan adamın  könlü açılır . Amma deyirdin, o daşlığın hamısını hasarlayacaqsan. Bəs nə oldu? Eh, hər işin yarımçıqdır da.

Muxtar atasının sözündn incimədən  zarafat elədi:

·         Ay dədə, mən sənə sərancamsız-filansız on sot yer düzəltmişəm, hələ narazısan…  Bir

də dünyanın axırı deyil ki!  Qoy,gələn dəfəyə də   bir şey qalsın da!

       Namaz kişi əlini yellətdi, ona tapşırdı::

·         Gedərsən elə bu gün sahə müvəkkilini  görərsən! Daha uzatma ha!

Muxtar:

-  Yaxşı,  - dedi və yorğun olduğundan yatmağa getdi. 

Namaz kişi kiçik oğlunun ardınca mehribanlıqla baxdı. Muxtarın  özündən müştəbehliyinə 

söz ola bilməzdi. Amma dilinə görə dilçəyi də vardı.

Axşama yaxın bir qanqaraldan əhvalat oldu. Ailə tut ağacının kölgəsində oturub çay

içirdi. Qonşusu Məhəmməd də burada idi. Muxtarı tərifləyirdi:

       -Oğulsan ha! Neçə illərdir atanı başa sala bilmirəm ki, vəzifəlilərdən hər şeyi zorla almaq lazımdır, öz xoşüna bir damcı su da verməzlər.

       Darvazanın şaxşaxı vuruldu.Hamı susdu. Altmış yaşlı Bikə arvad «evin kiçiyi» olduğundan kişilərin yerindən tərpənmədiyini görüb  qapıya getdi. Əsə-əsə qayıtdı:

·         Kişi, məhəlləmizə polis gəlib, səni istəyir, - dedi. - Deyir, təzə sahə müvəkkiliyəm.

       Muxtar Məhəmməddən soruşdu:

        -    Bunun haqqında nə deyirlər?

       Məhəmmd kişi başını buladı:

       -     Qardaşoğlu, deyirlər, bu o rəhmətlik Əliquludan da  pulagirdir.

Namaz kişi işin mayası olan Muxtarın üstünə düşdü:

·         Hamısı sənin zibilindir. Dedim sənə, axı, get vaxtında haqqını ver. Elə eləsəydin

qapımızı polis tanımazdı. Bundan sonra onlar əl çəkməyəcəklər.

           Muxtar böyük qardaşı ilə gözləşib irişdi:

·         Əşi, dədə, adamdır da, Əzrayil deyil ki? İndi yoluna qoyarıq. -dedi -Bircə qarışma,                                

hər şey nəzarət altındadır.              

Ələmdar Muxtarın sözünə pıqqıldadı. Namaz kişi təmiz hövsələdən çıxdı:

·         Çəkilin gözümün qabağından. Nə cür bu həngamıni açmısınız, elə də gedin axırına

çıxın, - dedi. - Ədə, mənə deyən gərəkdir, gözün doymur, o daşlıq  nəyinə gərəkdir? 

       Namaz kişi deyinə-deyinə eyvana qalxdı. Ələmdar təklif etdi:

·         Bəlkə, mən də səninlə gəlim?

Muxtar darvazaya tərəf gedə-gedə çevrilmədən cavab verdi:                 

·         Ehtiyyac yoxdur. Nə böyük işdir ki, ikimiz də gedək, özüm həll eləyərəm.

·         Qardaşoğlu, mənim köməyim lazım olanda , utanma, çağır-deyə Məhəmməd də

dilləndi.- Mən  ölməmişəm ki!

      Muxtar  inamla gülümsədi , amma cavab vermədi., möhkəm addımlarla darvazaya getdi.

O, bayırda təzə əkilmiş ağacın altında kepkası ilə üzünü yellədən sahə müvəkkilini

şaddlıqla salamladı:

·         Xoş gördük, rəis. Nə təhərsən? Ayağın sayalı olsun.

·          Salam - deyə polis kapitanı toxtaq halda cavab verdi. - Bizə məlumat daxil olub ki,

siz qanunsuz tikinti ilə məşğulsunuz, hökumətin yerini zəbt  eləyib hasara almısınız.

     Muxtar şirin-şirin gülümsədi:

·         Rəis, sənə məlumatı gec çatdırıblar. Tikinti dünənin işi deyil. Hasar çoxdan

çəkilib,  hətta ağaclar da böyüyüb. Nə eləmişik, Əliqulu rəhmətliyin razılığı ilə eləmişik. Özbaşına heç nə eləməmişik.

Sahə müvəkkili bir az karıxmışdı. Doğrudan da, bu hasar təzə hasara oxşamırdı. Hasar

boyu  qalxmış ağaclar göz oxşayırdı. Dəftərçəsini çıxardıb diqqətlə varaqladı.:

·         Bura Namaz kişinin həyəti deyil? - Soruşdu.

·         Əlbəttə, - deyə Muxtar onu sözünü təstiqlədi. - Mən də onun ortancıl oğluyam.

Əliqulu ilə də haqq-hesabı özüm çəkmişəm. Pulunu köz kimi ovcuna saymışam.

Sahə müvəkkili duruxdu:

·         Qardaş, belə şeyi adam bərkdən deməz, axı. O rəhmətlik sənə etibar eləyib…

Muxtar xırda-xırda doğrayıb tökdü:

·         Sən daha başqası deyilsən, rəis. İşin içindəsən. Bir də özgə yerdə demirəm ki! Həm də

Əliqulu indi haqq dünyadadır. Nədən qorxacaq ki? - dedi və cibindən iki dənə əlli minlik çıxartdı. - Bilirəm, vəzifəyə təzə keçmisən, özün də birinci dəfədir qapımızı açırsan. Al, bunu, qoy, cibinə. Şirinlik verirəm. 

      Sahə müvəkkili onun əlini havada tutdu, özündən kənarlaşdırdı:

·         Yox, yox, bu azdır!

Muxtar pulu  onun cibinə zorla basdı:

·         Az deyil, - dedi. - Mən özgəsi deyiləm, bir müddət polisdə işləmişəm. 

Sahə müvəkkili onun hökmü qarşısında təslim olmalı oldu:

·         Bəs, niyə çıxdın ki?

·         Özüm çıxmamışam, mitilimi bayıra atıblar, - deyə Muxtar irişdi.

Sahə müvəkkili maraqlandı:

·         Nə səbəbə çıxarıblar?

Muxtar lağla dedi:

·         Rəis, artıq tamahlığımın badına getmişəm. Aza qane olsaydım, yəqin ki, hələ

işləyirdim.

Sahə müvəkkili onun atmacasına rəng verib, rəng aldı. Birdən xoşluqla gülümsədi:

·         Allah bərəkət versin, - dedi və hiylə ilə əlavə etdi. -  İçəridə təzə tikinti aparanda

görək nə deyirsən.

       Muxtar saxta ciddiyyətlə:

·         Rəis, narahat olma. Biz istənilən işin haqqını qabaqcadan veririk,- dedi. 

Sahə müvəkkili  daha yubanmadı. Gedər ayaq əlavə elədi:

·         Yaxşı, soruşan olsa, deyərsən ki, təzə sahə müvəkkilinin xəbəri var.

Muxtarla geri qayıtdı. Eyvanda narahatlıqla var-gəl eləyən Namaz kişi uzaqdan soruşdu:             

·         Nə oldu, ədə?

·         Yola saldım.

·         Nə təhər, ədə? - dedi. - Pulsuz-pənəhsiz nə təhər yola saldın?

·         Cibimdə on «şirvan» var idi, verdim ona.

·         Nə danışırsan? Ola bilməz? - Namaz  kişi  təəccübləndi.-«On şirvana»la  razılaşdı?

Muxtar Ələmdara baxıb gülümsədi:

·         On «şirvan», bəyəm, pud deyil, ay dədə?

Namaz kişi oğlunun atmacasını qulaq ardına vurdu, təəssüflə dedi:

·         Gərək yerin qalanınıda hasara salaydın. Hayıf!

Muxtarla Ələmdar bu yerdə özlərini saxlaya bilməyib uğundular. Məhəmməd kişi  Namaz

kişidə yaranan  tamahkarlığa heyrət elədi. Gör belə təmənnasız kişini  zəmanə necə dəyişdirmişdi.

 

Bədbəxt kələkbaz

 

          Onlar ailəvi dost idilər. Əhmədin gen-bol həyəti tez-tez iki ailənin yığıncaqlarının şahidi olurdu. Əvəzin doqquzmərtəbəli binadakı mənzili dar idi, belə işlərə yarımırdı. Avqustun axırı idi. Təqvimlə yayın cırhacır vədəsi çıxsa da günəşin şaxı yatmamışdı, bürküdən nəfəs almaq olmurdu. Əvəzin gəlişi Əhmədi sevindirdi. Dostu sərinlənəndən sonra süfrə arxasına keçdi. Əhməd gördü ki, Əvəz yediyini-içdiyini bilmir. Ev sahibi onu sözlü görüb söhbətə nərdivan qoydu, soruşdu:

·          Dostum, uşaqları niyə gətirməmisən? Yəqin ki , şəhərdə istidən bişirlər.

Əvəz əlini yellətdi:

·         Bişməzlər, - dedi və başını süfrədən qaldırmadı.

Əhməd ona diqqətlə baxdı: 

·         Dostum, səni narahat görürəm. Özün də sözlü adama oxşayırsan.

Əvəz əl dəsmalı ilə dodaqlarını sildi, bir siqaret odladı, dedi:

·         Daha Allahdan gizli deyil, səndən nə gizlədim, qardaş, mənim maymaq oğlum

məni işə salıb.

Əhməd təəccüblə:

·         Maymaq niyə olur? Uşaq zəhmət çəkib,  inistituta girib, sənsə onu maymaq

sayırsan.

·         Girib ey, girməyinə, - Əvəz dilini sürüdü. - Amma pulluya düşüb.

Əhməd razılıqla:

·         Sağ əli bizim uşaqların başına, - dedi və ona ürək-dirək verdi. - Əsas odur girib,

pulunu xırda-xırda verərsən də!  Olacağa çarə yoxdur.

         Əvəz köksünü ötürdü:

·         İş ondadır ki, pulu dərhal ödəməlisən. Yoxsa, heç sənədləri qəbul eləmirlər.

Əlimdə yüz «şirvan» var, iki yüz də lazımdır. Güman yerim sənsən. Gərək mənə borc verəsən.

Əhmədlə Əvəz uzun müddət zavodda bir yerdə işləmişdilər. Həmişə bir-birinə əl

yetirirdilər. Əhməd əllərini yana açdı, dedi:

·         Düzələn şeydir. Bir-iki gün dözə bilərsən?

Əvəz gülümsədi:

·         Nədi, banka qoymusan?

Əhməd təəssüflə:

-      Nəyim var borc vermişəm. Üstümdə bir qara qəpik də yoxdur. 

         Əvəz heyrətlə:

·         Sən hara, borc verdi hara? Xasiyyətinə bələdəm, axı!  Sən hər adama etibar eləyən

deyilsən!

Əhmədin xırda gözləri üzündə itdi:

-     Şeytan məni yoldan çıxartdı, - dedi və acı-acı  güldü. 

·         Kimə borc vermisən?

·         Səftərə.  

·         Hansı Səftərə?

Əhməd lağla:

·         Salaməleyk! İndi məni də tanımayacaqsan? Cəmi on ildir zavod xaraba qalıb.

Adamları nə tez yaddan çıxartdın?

Qəsəbə iri bir zavodun ətrafında salınmışdı. Tikilmiş evlər, bağçalar, məktəblər

zavodun hesabına yaşayırdı. Şura hökuməti dağılandan sonra, beşilliyin nəhəngi də sısqa bir emalatxanaya dönmüşdü. Yeddi-səkkiz min işçi, onların ailə üzvləri çörəksiz qalmışdı. İndi hamı ora-bura qaçır, birtəhər başını dolandırırdı. Əvəz yadına saldı:

·         Hə, o tullantılar sexinin rəisini deyirsən?

Əhməd razı halda:

·           Onu deyirəm, - dedi və ona göz vurdu. - Yadındadır , bir papaq yerə soxan arvadı

vardı. Adıda, gərək ki, Sürrəyya idi. Direktorun katibəsi idi , Səftər də onun hesabına sex rəisi oldu.

        Əvəz lap təəccübləndi:

·         Sən ona etibar eləyib, borc vermisən? Bəs, qorxmursan sənə atar? Onun arvadını 

çox hiyləgər qadın deyirdilər.

Əhməd burnunu çəkdi:

·         Heç elə şey yoxdur, - dedi. -  Hələki pulumun faizini verir. Bir həftəyə də

borcumun vədəsi tamam olur. Üç aylıq vermişdim.

        Əvəz maraqla:

·         Nə qədər vermisən?

Əhməd qədərini demədi. Əlini yellətdi:

·         Fərqi nədir, indi gözləyə bilsən, sənə kömək edərəm. Bu gün-sabah pul məndə

olacaq.

Əvəzin birdən yadına düşdü:

·         Hələ bir dayan. Axı, eşitdiyimə görə, Səftər çox adamdan borc alıb. Bizim keçmiş

direktor müavini var idi ha, o da Səftərə xeyli  pul borc verib. Deyirlər, qaytarmır. Kişi gedib-gəlməkdən əldən düşüb.

Əhmədin üzü tutuldu, amma özünü o yerə qoymadı:

·         Yox, əşi, Səftərin kefi kökdür. Arvadı burdan vurur, Dubaydan çıxır. Mal gətirir,

Səftər də yerbəyer edir. Əşi, onlar pula, pul demirlər. Elə şey ola bilməz, yalan deyirlər. Hamısı paxıllıqdandır.

         Əvəz dayanıb-dayanıb birdən əlini dizinə çırpdı:

·         Pah, atonnan! Qardaş, adamın gərək bəxti olsun. Mən Dubaya nədir, heç Biləcəriyə

getməyə pul tapmıram. Neçə il zavodda işlədim, plan verdim, partbilet gəzdirdim, vəzifə sahibi oldum. Bu da axırı! Oturmuşam «tolkuçka»da «pol» dalında. Alver yox, xərc çox, çörəkdə ki daşdan çıxır.

Əhməd ona şərik oldu:

·         Day demə! Elə mən də sənin günündəyəm. Bazarda göyərti satmaqnan  ailə

dolandırmaq çox çətindir. Hayıf deyildi Şura hökuməti! Adamı oxudurdu, iş verirdi, maaş verirdi. Əsas odur ki, sabaha gümanımız var idi, - dedi və yenə ona ürək dirək verdi. - Bu gün döz, hər şey yaxşı olacaq. Sabah həll eləyərik.

          Əvəz ümüdlə Əhməddən ayrıldı.  Səhər işə getdi. Amma fikri-zikri Əhmədin yanında idi. Fikirləşirdi, görəsən, borcunu aldı, ya yox? Axşamüstü işdən birbaşa Əhmədgilə döndü, amma dostunun arvadı onu ağlar qarşıladı. Əvəz qorxdu:

·         Nə olub, bacı? Uşaqların başında işmi var?

Əhmədin arvadı dedi:

·         Uşaqlar salamatdır. Əhmədi apardılar.       

·         Kim apardı, hara apardı?

·         Polislər apardı.

·         Haçan?

·         Üç-dörd saat olar.

·         Nə üstə?

·         Bilmirəm. Maşina basıb apardılar. Üç nəfər gəlmişdi. İndi neçə saatdır ondan bir

xəbər yoxdur.

         -     Neyləyib ki?

         -     Demədilər. Qolunu burub maşina oturtdular.

Əvəz başılovlu qapıya getdi:

·         İndi polisə gedəcəyəm, - dedi. - Sən darıxma, Əhməd heç qarışqanı da incitməz.

Yəqin səhv eləyiblər.

         Elə darvazadan bir az aralanmışdı ki, Əhməd avtobusdan düşdü. Amma elə bir gündə idi ki, tanımaq olmurdu. Ağzı-burnu şişmişdi. Əvəzin ona ürəyi yandı:

·         Bu nə işdir sənin başına gəlib? - dedi. - Sən hara, polis hara?

Əhməd sıxıla-sıxıla:

·         Bu da mənə azdır, - dedi və hasarın yanındakı daşın üstünə çökdü. - Mənə deyən

gərək, a köpəkoğlu, pulun var, otur onu xərclə də, itə-qurda niyə verirsən? Kül başına Əhməd, nə var, nə var, beş manat qabaq olacaqsan. Ay oldun ha! İndi it də getdi, ip də.

Əvəz də onun yanında oturdu:

·         Nə olub ki?

·         Səftər özünü asıb.

·         Nə danışırsan? Səhər-səhər onu «tolkuçka»da gördüm ki. Arvadı da yanında.

Əhməd bezgin halda:

·         Sən səhər görmüsənsə, mən onunla günorta iki saat söhbət eləmişəm.

·         Nə söhbət?

Əhməd yana-yana dilləndi:

·         Axır vaxtlar özüm də şübhələnmişdim. Dünənki söhbətdən sonra ürəyim düşdü.

Borcun vədəsi çoxdan keçmişdi. Neçə dəfə Səftərin üstünə getmişdim. Hər dəfə bir bəhanə gətirird. Bu gün günorta evlərinə getdim. Dedim, Səftər, pulumu qaytar, faizi də lazım deyil. Dedi ki, yoxumdur, pul malın üstündədir. Gözlə verərəm, qaçmıram ki! Onunla bir az mübahisə elədik. Axırda dedim ki, sabah gələcəyəm, pulu verməsən, sənin başına oyun açacağam. Qayıtdım bazara. Axşam evə dönəndə, darvazadan təzə girmişdim ki, polislər tökülüşdülər, elə bir yerin altından çıxdılar. Qolumu burmaq istəyəndə müqavimət göstərdim, onlar da acığa düşdülər, bölmədə o ki var məni döydülər. Hal-qəziyyə belədir.

       Əvəz   təəccüblə:

·         Səndən nə istəyirlər, axı? Özü özünü asıb da, sənin nə günahın var?

·         Onun çərhəya arvadı polisdə deyib ki, Əhməd ərimi hədələyirdi. Səftər də, guya,

qorxudan  özünü asıb.

·         Ə, gicdəmə! Polisin  bəyəm, başı işləmir? Bir arvadın sözü ilə adamı tutarlar?

·         Elə mən də sənin kimi fikirləşirdim. Demə, kim-kimədir. Polisə bir bəhanə

lazımdır, - deyə Əhməd gülümsədi. - Hələ bu nədir, məndən başqa beş nəfəri də gətirmişdilər. Hamı Səftərə borc verənlərdir. Orda ürəyim bir az üstümə gəldi. Heç demə ən az borc verən mən imişəm. Üç min dollar verən kim, beş min dollar verən kim. Hamısı batdı, getdi. Sürəyya heç kimə pul qaytarmaz. 

          Əvəz dərindən köksünü ötürdü:

           - Uşağın məktəbi qaldı. İndi hardan mən pul tapım?!

          Əhməd ağrıyan çənəsini sığalladı, amma dinmədi. 

 

 

 

Məzənnə

 

        Onlar az qala, bir qərinə idi  ki, canbirqəlbdə yaşayırdılar. Belə mehriban ər-arvad çətin tapılaydı. Əlbətdə, həftədə-ayda araya düşən qanqaralıq hesabdan deyil. Ələlxüsus, Qılman bəy dükan-bazardan qayıdanda şirin ovqatları pozulurdu. Araya mübahisə düşürdü. Kimin haqlı, kimin haqsız olduğunu ayırd eləmək çətindi. Yalnız onu demək olardı ki, bütün mübahisələrdən həmişə evin kişisi qalib çıxırdı. Başqa cür ola da bilməzdi.

       Bu gün də Qılman bəyin ömür-gün yoldaşı Hürü xanım uzun qollarını ölçə-ölçə səsini başına atmışdı:

       -Əkişi, sən necə adamsan?! ! Allahın bazarlığını sən havaxt əməlli eləyəcəksən?! Ay Allahsız, mal alanda tərəziyə bax da! Gözün hardadır? Daha cahıl uşaq deyilsən, axı, deyim, düzələcək, hələ yaşı azdır. Göz görəsi sənin aldadırlar! Ağsaqqal kişisən, axı!

       Qılman bəyin əlli yaşı vardı. Amma bığ-saqqalında bir dənə də ağ tük tapmazdın.  Nəsilliknən belə idilər. Səksən yaşında Allah rəhmətinə getmiş atasının da başında dövlət tükündən savayı bir  ağ tük yox idi.

       Hürü xanım indi «ağsaqqal» kəlməsini sözgəlişi deyirdi. Hirsi başına vurmuşdu, nə danışdığını bilmirdi. Məgər, o, razı olardı ki, Qılman bəyin bığ-saqqalına dən düşsün, yəni qocalsın?! Dünyasında razı olmazdı. Çünki, arada otuz illik məhəbbət vardı. Bu da xırda məsələ deyildi. Bəlkə də lap qədim məhəbbət macəraları ilə bir sırada dayanmağa layiqdi. Bir az dərinə getsək, görərik ki, hələ onlara dov da gələrdi. İşdir, tərəzinin bir gözünə Hürü-Qılman məhəbbətini, o biri gözünə, cəmi Əsli-Kərəm, Leyli-Məcnun, Şahsənəm-Qərib məhbbətlərini qoysadın hansının ağır gələcəyini indidən deymək çətindi. Otuz il onların canbir qəlbdə yaşamaları çox şey deyirdi. Əgər Əsli və Kərəm, ya da Leyli və  Məcnun bir belə birgə yaşasaydı, dörd uşaq dünyaya gətirsəydi, onları ərsəyə çatdırsaydı, vallah , şairlərin dönə-dönə vəsf elədikləri məhəbbət  dastanlarından əsər-əlamət qalmazdı.

        Qərəz, indi söhbət başqa şeydən gedəcək. Onların məhəbbət tarixçəsinin bu işdə bizə köməyi dəyə bilməz. Şənbə günü oldüğündan,Qılman bəy həmişəki kimi , yolüstü bazarlıq eləmişdi. Hürü xanımın səhər-səhər tapşırdıqlarını bir-bir almışdı ki, daha istirahət günü  onu dəng eləməsin. Hər bazar başına yığılan övladları və nəvələri ilə yeyib-içsin, deyib-gülsün , söhbətlərindən feyziyab olsun.

        İndii bazarlığı arvadına təhvil verib  masanın arxasına keçdmişdi.

        Gavanlığında mağazada bir müddət  satıcı işləmiş Hürü xanımın al-verdə səriştəsi vardı O, hər dəfə Qılman bəyin elədiyi bazarlığı təftiş eləməsəydi, polietilen zənbillərdəki malları bir-bir çəkməsəydi, əyər-əskiyinə baxmasaydı, gözünə yuxu getməzdi. İndii də tərəzinin qarmağından asdığı zənbili boyu bərabərinə qaldırmış Hürü xanım mətbəxin ortasında dayanmışdı ,  qanlı-qanlı ərinə baxırdı. Amma dinmirdi. Gözləyirdi ki, Qılman bəy  çevrilsin. Evin kişisi isə üstünü almış tufanı boynunun ardı ilə hiss eləyirdi. Çayını tələsmədən axıra çıxdı. Fincanı nəlbəkiyə qoyub başını qaldırdı , tənbəl-tənbəl :

-     Yorulmadın?  O vaxtlar bilsəydim al-verə belə həvəsin var , səni işdən ayırıb

ev xanımı eləməzdim. Yəqin tacirlik qanınızdadır . Babanın baqqal dükanını Şura hökuməti əlindən almasaydı, indi nəsliniz milyonçu idi. Atan rəhmətlik ömrünün axırına kimi bazardan ayağını çəkmədi…. Yaxşı, yaxşı, hirslənmə. Qan olmadı ki! Zarafat eləyirəm də, - dedi və çənəsi ilə tərəziyə işarə elədi. - Hə, cehizlik tərəzin nə deyir, axı?

       Bu yerdə Hürü xanım elə odlandı ki, gözləri az qala hədəqqəsindən çıxsın. Atası doğrudan da, ona bir köhnə dəbli , qulplu tərəzi cehiz vermişdi. Qılman tərəfin adamları  uzun müddət bunu yaddan çıxarmadılar. Yeri düşdü-düşmədi  xatırlayır şirin-şirin gülürdülər. Hikkəli Hürü xanım da içində qırıla-qırıla qalırdı. Qılman bəyin  köhnə palan içi töküb  çoxdan unudulan əhvalatı yada salması  xanımın xoşuna gəlmədi. Əvvələn, tərəzi təzə idi, hətta əqrəbi də var idi, görünüşündən məlum olurdu ki, lap müasir cihazdır. İkincisi, araya tərəzi gələndə lağlağıya hacət qalmırdı. Odur ki, Hürü xanım batqın səslə  çımxırdı:

-     Gözlərin tutulub? Yoxsa məni danışdırırsan? 

       Qılman bəy mətbəxin geniş aynasından bayırda puçur-puçur tumurcuqlayan ağacları gözdolusu seyr eləyirdi . Hürü xanımın çımxırtısına döndü , kərpic bığlarını ağır-ağır sığalladı, cavanlıqdan qalma bir mehribanlıqla onun ağzından vurdu:

        -Ağzını dağıtma, axmağın qızı! Durub sümüklərini əziklərəm, ha! - dedi, sonra həlim-həlim soruşdu. - Hə, tərəzi nə deyir, axı?

      Hürü xanım əndazəni aşdığını söz ağzından çıxanda anlamışdı, amma dilinin dilçəyini basmağa macal eləməmişdi. Qılman bəyin söyüşündən rəncidə olmadan gülümsədi:

         - Sən canın, incimə! Bir az hirsləndim. Hə, buyur, düyü  iki yüz qram əskikdir. Buna necə sakit baxasan?! - dedi və döşlüyünün ətəyini qaldırdı, mətbəxin istisindən nəmçimiş üz-gözünü sildi.

        Qılman bəy oturuşunu dəyişmədən yerində dikəldi:

-     Yox, əşi, belə çox? -deyə sruşdu.

        -   Bayaqdan nəyin söhbətini eləyirəm, - Hürü xanım məzəmmətlə deyindi. - Allah bilir fikrin haralardadır. Hansı dükandan almısan?

-     Mən Ələsgərin dükanından savayı hansı yerə getmişəm ki? Bu təzə marketlərlə

mənim aram yoxdur, - deyə  Qılman bəy Hürü xanıma çəp-çəp baxdı, nəsə demək istəyən arvadına lağ elədi. - Rəhmətliyin qızı, əlindəkini yerə qoy da, qaçıb eləyər, bəyəm? - deyə onun tərəzini yerə qoyub kətildə qərar tutmasını gözlədi. - Deyirəm, bəlkə sənin tərəzin çərən-pərən vurur?

       Hürü başını buladı:

-     Elə şey yoxdur. Dünən kartof alanda yoxlamışam . Birdə ki, çəki daşları evdədir. Bu

saat gətirim yoxlayaq .

-     Hə, hə, gətir görək. Ələsgərdən çıxmayan iş! Bir-birimizin müştərisiyik. Mən onun

məzənnəsini bilirəm, o da mənim. 

Qılman bəy razılığını bildirəm kimi, Hürü xanım qalxdı, çəki daşlarını mətbəx

dolabından götürüb masanın üstünə düzdü.

-     Keçən bazarlıq nə cür idi?  - deyə  Qılman bəy soruşdu.

Hürü xanım dilini sürüdü:

-     Belə də, aldığının hamısı əlli qram- əlli qram əskik gəlirdi.

Qılman razılıqla:

-     Hə, bu insafdnandır.

Hürü xanım əlini saxladı:

-     Allah onun insaf evini xaraba qoysun! - deyə üzünü turşutdu. - Bu canı yanmış

Ələsgər camaatın qazancına şərikdir də! Olaydı Şura hökuməti, hər qrama görə ona bir il iş kəsərdi, ağlı başına gələrdi.

        Qılman bəy əlini qaldırdı:  

-     Daha baş alıb getmə. İşində ol, - dedi.

Hürü xanım çəki daşlarından dörd kilo düzəldib atdı zənbilə, qulpunu keçirtdi tərəzinin

qarmağına. Əqrəbin dayanaqlı vəziyyətini gözlədi, razılıqla dedi:

-     Görürsən  ?  Tərəzi düzdür!

Qılman bəy fikir içində mızıldandı:

-     Bir kərəmlik iki yüz qram?! Heç belə şey olmamışdı.

Hürü xanım onun yadına saldı:

       -    İki ay bundan irəlidə belə bir iş olmuşdu. Hardasa dəftərin qırağına yazmışam. Yadına düşdümü?

       Qılman bəy tələsik dilləndi:

-     Yox, yox o hesabdan deyil, - deyə istehza ilə qımışdı. - Ələsgər onda oğlu üçün toy

eləyirdi, əli aşağı idi. İndiki toyların xərci daha bir aləmdi də. Üç uşaq evləndirmişəm, bilirəm. Dayan, dayan bəs oğlun hardadır? Yenə harda veyillənir?

Qılman bəy iki qızını köçürtmüşdü. Böyük oğlunu evləndirib ayırmışdı. Evin kiçiyi isə

ali məktəbdə oxuyurdu, axırıncı kursda idi. Hürü xanım qələmlə çəkilmiş qaşlarını sığalladı:

-       Nə bilim, ey! Onun işindən baş açmaq olmur. Deyir, diplom işi yazıram, - dedi, sonra

əvvəlki söhbətin üstünə qayıtdı.- Ondan qabaqki ay da belə olmuşdu. Nə tez yadından çıxartdın?

-     Qarışdırma, ay xanım, - deyə Qılman bəy yerindən qalxdı. - Onda Ələskər yazığın

başına iş gəlmişdi. Maşını qəzaya düşmüşdü. Əyər-əskiyini düzəltməliydi, ya yox? Baxma bizim «Jiquli»yə, xarici maşının xərci böyükdür.

Hürü xanım heç cür sakit ola bilmirdi:

-     Bəs, ondan qabaqkı ay?

-     Bah, sənin heç nədən xəbərin yoxdur ki? Onda vergi müfəttişi Ələsgərin pişiyini

ağaca dırmaşdırmışdı, - deyə Qılman bəy bir siqaret odladı. - Vallah, Ələsgər pis oğlan deyil, iki gündən bir dəlləkxanadadır. Oğlanları da müştərimdir. Atası hambal Cəbiş dəlləkxana-filan tanımazdı , bu isə köhnə bəylər kimi yaşayır . İstəməyənin gözü çıxsın!  Bir şeyə mat qalıram. Bu adam məzənnəni  niyə qaldırıb? Toy elədi, ev tikdi, maşın aldı, bağ saldı, indi nəyi çatmır?

        Hürü xanım yana-yana əlini yellətdi:

-     Elə danışırsan adamın cızdığı çıxır. Durub səninlə əlbəyaxa olmaq istəyirəm.

Rəhmətliyin oğlu, günün günorta çağı malına şərik çıxırlar, heç vecinə də deyil.

Qılman bəy qəhqəhə çəkdi:

-     Vallah, dəlisən, arvad! Kefimi niyə pozmalıyam! Nə var, nə var, Ələsgər məzənnəni

dəyişib? Qoy olsun. Sabah mən də çomağın başını çevirərəm, məzənnəni dəyişərəm. Bir üz- bir baş üçün alırdım bir «şirvan» , indi alaram bir «şirvan» yarım. Olarıq onunla başabaş.

      Adlı-sanlı dəllək olan Qılman bəyin şənliyi Hürü xanımın da kefini açdı.  

-     Birdən vermədilər?

-     Oynaya-oynaya verəcəklər, - Qılman bəy barmağını ox kimi yuxarı tuşladı. - Bir də-

fə verməz, ikinci dəfə üzünü küt balta ilə qırxaram, anasından əmdiyi süd burnundan gələcək.Onda ağlı başına gələcək. Mən öz işimi yaxşı bilirəm, arvad, indiyə qədər zərər eləməmişəm.

Hürü xanım dərindən ah çəkdi:

-     Bir bunlardan soruşan yoxdur, bu nə çəkidir, bu nə qiymətlərdir? Hərki-hərkilikdir?

Şura hökuməti olsaydı bir soruşardı…

Qılman başını buladı:

-     Ay rəhmətliyin qızı, indi sorğu-sual edən daha çoxdur. Ticarətçiləri  qınamaq olmur.

Vergi gedir, milçək həkimi gəlir, yanğınsöndürə yandıra-yandıra gəlir, polis gəlir, icradan gəlir, bələdiyyədən gəlir… Ələsgər bir belə adamdan pul saldırıb başını dolandırırsa böyük adamdır. Məni bircə şey maraqlandırır, məzənnəsi niyə qalxıb?

         Hürü xanım mütəfəkkir görkəm almış Qılman bəyin köməyinə gəldi:

-     O günləri dərzidə idim, Ələsgərin arvadı da orda idi. Deyirdi ki, qaynatası üçün

ehsan verəcək, qəbrinin üstünü də qara mərmərdən götürəcəklər. Dərzi Sənubər də az aşın duzu deyil, axı. Qayıtdı ki, ay qız, yazıq kişini on il qabaq döyə-döyə öldürdün, indi nə şirin düşüb, bu boyda xərc çəkirsiz? Ələskərin arvadı   çox pərt oldu.

Qılman bəy barmağını dişlədi:

-     Həə, deməli məzənnə qara mərmərə görə artıbmış.

Qılman yenə nəsə demək istəyirdi ki, Hürü xanım gülə-gülə:

-     Sabah Ələsgər atasının mərmərdən heykəlini qayırtdırmaq fikrinə düşsə, məzənnəni

bir də qaldırsa, onda nə edəcəksən?

Qılman bəy çırtıq çaldı:

-     Onda mən də məzənnəmi artıracığam. Elərəm bir baş-bir üzü iki «şirvan».

Hürü xanımın daha sözü qalmadı ki, desin. Axır söz həmişəki kimi Qılman bəyin idi.

Namərd zəmanə

               

           Maşın ustası Əbi kişinin əyalı  Heyran bacı ağrı çəkirdi.Qadın  mənzili fır-fıra kimi fırlanırdı ,canına yer tapmırdı.Camış kimi arvad ağrıdan, göz görəsi, şam kimi əriyirdi. Təcili yardım maşını isə gəlib çıxmaq bilmirdi.

           Axırıncı on ildə işi heç düz gətirməyən Əbi kişi yana-yana necənci dəfə idi ki, təkrar eləyirdi: 

       -  Əsəd kişinin  qızı, döz, bizim işimiz haçan düz olub ki, indi də düz olsun. On dəfə zəng eləmişəm, hər dəfə də deyirlər, maşın çıxıb, gözləyin.

      Qəflətən ağrıları azalmış Heyran bacı ərinin boş-boş danışmağına hirsləndi. Qeyzlə:

      -  Sən də zəhləmi tökmə daha, - dedi. - Bir saatdır döz-döz, deyirsən. Mağıl, vaxtında qoymadın öz ayağımla gedim xəstəxanaya.

 Vurnuxan Əbi kişi bir də təkrar elədi:

      Sənə dedim döz, Əsəd kişinin qızı, namərd zəmanədir. Çörəyimiz onsuz da daşda

çıxır, sən də bir yandan qanımı qaraltma.     

        Tini düz olanda haqq-nahaq zəmanənin qarasınca deyinən Əbi kişi hər şeydən gileyli idi. Amma hiyləgərlik eləyirdi. Yağ-bal içində üzməsə də, şikayətlənməyi də  yersiz idi. Sənəti, gün-güzaranı pis deyildi. Maşın ustası idi. İş olanda əlinə puldan-paradan gəlirdi. Di gəl ki, içkiyə aludə olduğundan əlindəkini saxlaya bilmirdi, heçə-puça xərcləyirdi. Sərxoş olanda heç kimin sözünü eşitmirdi. İşdi , içkini tərgitsəydi lap bəy kimi dolanardı.

       Heyran bacının çatma qaşları çatıldı, qeyzlə deyindi: 

      Hamısı sənin günahlarının ucbatındandır. Heç tövbəli adam da içkiyə əl vurar? İndi

sənin cəzanın , budur, mən çəkirəm.

Əbi kişi həmişə ipək kimi yumuşaq arvadının dilavərliyindən çaşdı. Şübhə ilə soruşdu:

    Əsəd kişinin qızı, ağrıdan ağlın çaşmayıb ki? Tövbənin bura nə dəxli var?

      Heyran zarıya-zarıya deyindi:

         -   Nə qazanırsan aparıb verirsən arağa. Gözündən gəlsin, özünü də biabır eləyirsən, məni də. Sorağın daha haralardan gəlmir?! Adam kimi içə də bilmirsən, dilinə dəyən kimi şirə-nərə dönürsən. Camaata sataşırsan, qalmaqal salırsan. Ya döyürsən, ya döyülürsən. İki gündən bir sorağın polisdən gəlir. Dədəm yazıq neçə dəfə gələr sənin dalınca! İndi bəyəm Şura vaxtıdır? Əvvəl yazığın sözü keçirdi, indi kimdi ona qulaq asan. Bir də ağsaqqal kişinin qapılarda boynu bükülü dayanan vaxtıdır?

        Əbi kişi yetimçiliklə böyümüşdü. Atasının dostu Əsəd kişi olmasaydı lap itib-batardı. O, həddi-buluğa çatandan sonra da Əsəd kişi  qayğısını ondan əsirgəmədi. Onu şəhərə apardı, yaxşı işə düzəltdi. İki-üç ildən sonra yetim oğlanı tanımaq olmurdu. Üst-başını sahmana salmışdı. Axır vaxtlar tez-tez kəndə baş çəkirdi. Bir gün xəbər çıxdı ki, Əbi Əsəd kişinin  qızı Heyranı qaçırıb. Yetimin bu nəmərdliyinə  hamı heyran qaldı. Əsəd kişi bilirdi ki, qızı Heyran Əbinin dəli-divanəsidir. Yəni adam kimi elçi göndərsəydi, qızı istəsəydi, əlbəttə, Əsəd kişi müzayiqə eləməzdi, bəlkə lap şadlıqla razılaşardı. Əbinin əməli ağsaqqal kişini yandırıb-yaxsa da tezliklə olacaqla barışdı.    

        Kəndin sayılan kişilərindən birinin qızını alandan sonra Əbinin vəziyyəti tamam düzəldi. Qaynatasının köməyi ilə şəhərdə ev-eşik düzəltdi. Amma Şura hökumətinin dağılmağı Əbini yıxdı. Bütün ümüdləri heç-puç oldu. İşlədiyi zavod bağlandı. Avtomobildən başı çıxdığından çilingər sexi açdı. İndii on il idi ki, çabalayırdı. Yaşı qırxı ötsə də, işlərinin düzələcəyinə ümid qalmamışdı. Sinədən gələn xırıltılı səsi var idi. Adi həqiqətləri o qədər ürəkdən danışardı ki, qulaq asan ona valeh olardı. Axır vaxtlar badə yoldaşlarının sayı artımışdı. Bir dəfə o qədər içmişdi ki, evə nə cür gəldiyi yadına düşmürdü. Yaşadığı doqquzmərtəbəli evin qabağındakı zibil yeşiklərinin arasında səhərə qədər yatmışdı. Sübh ayazı onu oyatmışdı. Özü də halına nifrət eləmişdi. İməkliyə-iməkliyə evə qalxmışdı, gözüyaşlı Heyrana demişdi: « - Əsəd kişinin qızı, içki ilə qurtardım. Tövbə eləyəcəyəm.»

       Nə cür demişdi, elə də eləmişdi. Səhərisi hamamlanıb məscidə getmişdi. Məscidin cavan axundu onun gəlişinin səbəbini öyrənib razılıqla demişdi:

       -   Qardaşım, Allahın dərgahı günahkar bəndələrinin üzünə həmişə açıqdır. Sən düz yoldasan. Bil və agah ol! Tövbə qapıları həmişə üzünə  açıqdır…

        Axundun qabağında diz üstə oturmuş Əbi onun möizəsinə səbirsizliklə qulaq asırdı. Təsəvvür eləyəndə ki, bir də əlinə badə ala bilməyəcək özünü çox narahat hiss elədi. Axundun sözünü kəsdi:

- Axund, tövbə eləsəm daha içə bilmərəm ki?

- Əlbəttə, qardaşım,- deyə axund başını tərpətdi. - Bu böyük günah olar.

Əbi tərəddüdlə qurcuxdu:

- Bəlkə, axund, mən altı aylıq tövbə eləyim? Baxım görüm, səbrim çatırmı?

Axund özündən çıxdı:

- Küfr danışma! Allahla al-ver olar?

Əbi çəkinə-çəkinə:

- Bağışla, axund, söz gəlişi dedim. Keç günahımdan.Başla,axund.

Əbinin tövbəsi qəsəbədə zərb-məsələ çevrilmişdi. Amma, uzun çəkmədi. O, təzədən içkiyə qurşandı. Heyran bacı da bunu deyirdi.  

       Təcili yardım maşını bir az da gec gəlsə idi zahını qibləyə çevirmək olardı. Əbi onu xəstəxanaya yola salıb qazı- işığı söndürdü. Qapıda dayanmış qonşuya dedi:

       -   Güllü bacı, başına dönüm, bizim gədə indi məktəbdən gələcək. Al açarı,onu yerbəyer elə. Mən də gedim görüm, arvad ölmüş necədir.

      Qonşu arvad barmağını ağzına apardı:

    Qardaş, elə niyə deyirsən? Arvad yazıq, neyləsin? Allahın işidir də - dedi.

  Əbi deyintili səslə:

    Sən bilmirsən, bacı, -  dedi. - Əsəd kişinin qızına çox dedim, ikinci uşaq  bizə lazım

deyil. Biri bəsimizdir. Qaxıl, yerində otur. Elə dedi:-«-Uşaq.» Dedim, ay tünbətünün qızı, ölərsən. Yenə dedi: - «Uşaq.» Dedim, uşaq mən. Mənə yaxşı bax, bəsimdir. 

      Güllü bacı təəccübləndi:

    Aaa, Əbi qardaş, sənə, bəyəm, pis baxırdı? Yazıq gəlin sənin nazınla oynayırdı ki, -

dedi.

Əbi etiraz etmədi:

      -  Elə olmağına, bacı, elədir ey. Amma zəmanə namərd zəmanədir. Gərək, yorğanına görə ayağını uzadasan. O isə sözə qulaq asmadı, atası Əsəd kişi kimi tərsdir.

      Güllü bacı yenə nəsə demək istəyirdi ki, Əbi macal vermədi. Qapını bağladı, açarı onun ovcuna basdı, pilləkənləri tələsik düşdü. Xəstəxana yaxında idi. Amma Əbi özünü tez ora çatdırmaq üçün yolda dayanan taksiyə mindi.

           Başılovlu xəstəxananın doğum şöbəsinə qalxdı. Arvadı dəhlizdəki xərəkdə görüb ayağı bir-birinə dolaşa-dolaşa irəli tələsdi. Ətrafda bir ins-cins yox idi.  Boş dəhlizdə onun səsi şimşək kimi çaxdı:

-   Əsəd kişinin qızı, necəsən? -deyə soruşdu, -Ağrıların azılıb? Həkim nə deyir?

     Ərini görəndə uşaq kimi sevinən Heyran bacı şikayətləndi:

      Özün görürsən də, - dedi. - Ay Əbi, hələ bir adam soruşmayıb ki, dərdin nədir.

Necə gətirib atıblar, hələ də burdayam. Maşında vurulan iynədən başqa bir əlac eləməyiblər. Allahın bir qurtum suyunu da verməyiblər. Yaxşı ki, ağrılarım kəsilib.

 Əbi cin atına mindi, bağırdı:

    Bə nə bilmişdin? Bura sənə Şura xəstəxanasıdır bəyəm? Dərdinə qalsınlar,  ha­lına

yansınlar, - dedi. -  İndi hər şey pulnandır. Ay namərd zəmanə!

      Pulun adı çəkilən kimi bir ağ xalatlı həkim peyda oldu. Elə bil yerin altından çıxdı. Əbi onun üstünə cumdu:

-   Ay həkim, yazıq arvad ölür, axı, - dedi. - Niyə ona bir baxan yoxdur?

Həkim mülayim halda:

    Allah eləməsin ölsün, vətəndaş! Ağzını xeyirliyə aç, -  dedi. - İndi yerbəyer edərik,

darıxma. Bura doğum evidir, işimizin adı nədir? Xəstə haqqında məlumatımız var. Bizdə qeydiyyatdadır. Cərrahiyyə əməliyyatı keçirilməlidir, yoxsa uşaq tələf olacar.

      Əbi tələsik:

-   Bə nəyi gözləyirsiniz? - dedi. - Əlinizi tutan var?

Həkim barmaqlarını bir-birinə sürtdü, adda-budda ağarmış bığlarının altından mızıldandı:

    Hər şey xəstənin sahibindən asılıdır.

 Əbi kişi sözün hara gətirələcəyini bildiyindən əsəbi halda:

    Xəstənin sahibinin başına bir yekə daş düşsün. Ondan asılı nə var ki? -  dedi.

     Həkim Əbinin qanmazlığından narahat halda açıq danışdı:

    Qardaş, yüz əlli «şirvan» xərcin çıxacaq. Razısansa  əməliyyata başlayaq.  

      Məbləği eşidən  Əbinin tükləri qabardı:

- Nə? İnsafın olsun, ay həkim. Bu qədər pul məndə hardandır? 

Həkim əllərini yana açdı:

    İnsafın bura nə dəxli var? - dedi. - Dəva-dərman, tənzif-pambıq bəyəm salavatla

alınır? Biz də hamısının maliyyətinə pul veririk də!

     Əbi qeyzlə:

    Bura hökumət xəstəxanasdır, ya yox!? 

    Qardaş, xəstəxana, əlbəttə, hökumət xəstəxanasıdır. Amma xəstəxananını indi nəyi

var ki? Dörd divardır, bir də quru çarpayılar. O Şura hökuməti idi, dərman da verirdi, tənzif də verirdi, hələ həkimə maaş da verirdi. Bizim də borcumuz müalicə eləmək idi. İndi o vaxtlar keçdi. Hay-küy salmağın da mənası yoxdur. Altı-yeddi həkim, neçə tibb bacısı  zəhmət çəkəcək, risk edəcək.

       Əbi onun sakit səsindən oda atılmış şabalıd kimi partladı.

    Pulum yoxdur, deyənə, xəstəm yıxılıb ölməlidir?

Həkim dinmədi.  Əbi  daha böyük qeyzlə onu hədələdi:

-  Həkim, Əsəd kişinin qızına bir şey olsa, aləmi dağıdacağam. Gör nə vaxtdandır

gətiriblər, hələ də onu rahatlamayıblar. Sabah Əsəd kişi gələcək, ona cavab verə biləcəksən?

Həkim bu adı eşidib donuxdu.

Bu vaxt zahı əlini mələfənin altından qabaran qarnına çəkdi:

    Əbi, ölürəm, gör neyləyirsən, - dedi. - Yenə başladı, daha ağrıya dözə bilmirəm. 

 Əbi əlacsızlıqdan az qala ağlasın:

     -  Ay Əsəd kişinin qızı, zarıma, özü yıxılan ağlamaz, - dedi. -  Əsəd kişi gələnə qədər döz, hər şey yaxşı olacaq.

Həkim duruxa-duruxa soruşdu:

-  Qardaş, bu Əsəd kişi kimdir?

 Əbi əlini yellətdi:

-  Bu ölmüşün atasıdır, - dedi. - Nədir, həkim, anket doldurursan? Darıxma, harda olsa

indi gələcək. Onda ona cavab verərsiz. 

Həkim bir də soruşdu:

-  Nazirlik də işləyir?

 Əbi bir də əlini yellətdi:

    Əşi, yox.

    Baş idarədə işləyir?

  Əbi qaşqabağını tökdü:

    Əşi, hardandır məndə o bəxt. Qaynatam nazirlikdə, ya baş idarədə işləsin, - dedi. -

Əsəd kişi o dağılmış Şura hökuməti vaxtı kolxozun baş çobanı idi. Döşündə  qatar-qatar ordeni var. Bir vaxtlar hara getsəydi bir sözünü iki eləmirdilər. Ordenləri işə keçməyəndə çomağını işə salırdı.

Həkim dayanıb-dayanıb şaqqıltı ilə güldü:

    Ay sənin canın yanmasın, hələ məni belə güldürən olmamışdı, -- dedi və dəhlizdə

görünən tibb bacılarına əmr etdi. - Xəstəni cərrahiyyə otağına aparın. Özüm əməliyyatı keçirəcəyəm. Əsəd kişinin qızından muğayıt olmaq lazımdır.

 Əbi kişi həkimin bu alicənablığından vəcdə gəldi:

    Heç demə, namərd zəmanədə də mərd adamlar tapılarmış, - dedi və inildiyən

arvadına qışqırdı.  - Əsəd kişinin qızı, sən daha ölməyəcəksən.

        Həkim  Əbinin sadəlövhlüyünə heyrətlə irişdi.

Yapışqan

        Təzə şöbədə yeddi-səkkizmühəndis çalışırdı. Hamısı cavanidi. Otaqoqədərgenişdiki, rəqsmeydançasını xatırladırdı. Masalarbir-birindən çoxaralı qoyulmuşdu. Qapıdansağda, küncdə yerləşdirilmiş irimasanın üstündəkitelefonlarınsayındanməlumolurduki, bura şöbə müdirininiqamətgahıdır. Ammao, otaqda çoxnadirhallardatapılırdı, gələnkimi  dərhaldayoxa çıxırdı. İşçilərə lazımolandaiddialı cavanmüdiri  yarəisin, yadamüavinlərinqəbulotağındaasanlıqlatapırdılar. Kişimövqeseçməkdə ustaidi. Vəzifə pillələrinisürətlə qalxırdı.

       Güntəzə başlamışdı. İşçilərotağınortasındatoplaşıb əhvallaşırdılar. Xadimə Aliyə bacı otaı hələ yığışdırıbqurtarmamışdı. Elektrik çaydanı isə qaynamışdı,bircə dəmlənməyiqalırdı. Nəhayət, xadimə masaların üstünə qaldırdığı yüngülkürsüləridöşəməyə endirdi. Hamı tələsə-tələsə yerinə keçdi, fincanlardolablardan çıxdı. Birazdan çaydəsgahı başladı. Telefonunzəngibu şirinbüsatasuqatdı. Hamı başını   qaldırdı. Şöbə müdirininmüavini Əlimüəllimyerindənqalxıbmüdirinmasasınayanaldı, dəstəyiqaldırdı. Bir az qulaq asıb üzünü xadiməyə çevirdi:

·         Aliyə bacı, səni oğlun istəyir. Uşaq nəsə həyacanlıdır. Tez elə, gəl!

Aliyə bacı tozsoranı əlindən yerə qoydu. Tələsik telefona yanaşdı. Həyəcanla dilləndi:

·         Hə, Orxan, nə olub?…

Qulaq asdıqca tədricən həyacan Aliyə bacının üzündən çəkildi, acıqla dedi:

·         Əşi, belə şeyə görə də adamı narahat eləyərlər? Yekə oğlansan, axşamdan

deyəydin də. Gözləyirsən, gözləyirsən, mən işdə olanda bütün dərdlərin yadına düşür. Yaxşı, məsələnin şərtini de. Dayan, əlimin altında yazmağa bir şey yoxdur…-dedi  və xahiş elədi - Əli qardaş, kağız-qələm verə bilərsənmi?

        Əli müəllim onun xahişini yerinə yetirdi. Aliyə bacı telefona “hə, hə” deyə-deyə, başladı yazmağa. Axırda :

·         Quzu bala, yazdım. Bir azdan sənə zəng eləyərəm. Hələ məktəbə getməyinə iki

saat var, çatdırarsan, qorxma.-dedi  və dəsdəyi qoyb üzrxahlıqla  - Uşağa məsələ veriblər, həll eləyə bilmir, ona  görə zəng eləmişdi. Görün neynəyirsiniz…

          Şöbə bir haya bənd idi. İşçilər çayı yarımçıq qoyub Aliyə bacının ətrafına yığışdılar.  Əli müəllim soruşdu:

·         Aliyə bacı, nə məsələdir elə?

    Aliyə bacı kağızı ona uzatdı. Əli müəllim nahamvar yazını gözünə yaxınlaşdırdı.Cavanlığına baxmayaraq yetikliyi ilə şöbənin qadınlarından seçilən Sevinc ərklə kağızı  müavinin əlindən dartıb aldı. Dedi:

·         Sən Aliyə bacının xəttini oxuya bilməzsən. Onun qara-qurasından ancaq mən baş

çıxarıram. Məsələyə özüm baxacağam…

Əli müəllim etiraz etmədi. O, mülayim bir istehza ilə:

·         Şöbənin məsələlərini onsuz da sən həll eləyirsən. Nə olar, buyur həll elə.-deyib

hamını güldürdü.

Sevinc atmacanı qulaq ardına vurdu, vəsməli qaşlarını oynadaraq, başladı bərkdən

oxumağa:

·         Yüz qram kazeyin yapışqanı hazırlamaq üçün on bir hissə su, beş hissə  naşatır

spirti, dörd hissə kazeyin lazımdır. Əgər naşatır spirti sudan on qram az olsa nə qədər yapışqan alınar?

           On il mühəndislik təcrübəsi olan Validə xanım dərhal eynyini alnına qaldırdı:

·         Bunu həll eləməyə nə var ki! - dedi. - Bircə kazeyinin nə olduğunu mən başa

düşmədim.

Sevinc əlini yellətdi:

·         Onu bilməsək də olar. Onsuz da hər şey aydındır. Suyu “iks”, naşatır spirtini

“iqrek”, kazeyini də “zet” adlandıraq, alarıq üç məchullu tənlik. Elədirmi, Aliyə bacı?

Xadimə qadın  arıq çiyinlərini yazıq-yazıq çəkdi:

·         Qadan alım, sən yaxşı bilərsən - dedi. - Mənim elə bir savadım yoxdur. Mən nə

bilim «ikis» nədir, «iğrik» nədir.

       Lap arxada dayanmış Bilal tıntın və gur səslə dilləndi:

·         Ay savad müdərrisi, belə olmaz - dedi.

Qadınlar onun səsindən diksindilər. Sevinc dodaqaltı mızıldandı:

·         Bu kətçiyə bir ildir böyürə-böyüpə danışmağı tərgidə bilmədim də! - dedi. - Hər

dəfə bunun səsi bizi ürək qopmaya salır. Elə bil boğazını lomla deşiblər.

        Bilal çox savadlı mühəndis idi. Şöbədə işi çətinə düşən onun üstünə qaçırdı. O da heç kimə «yox» deməzdi. Hamı xatirini istəyirdi. Bircə əli böyüklərin ətəyində olan Sevinc onunla yola getmirdi.

         Aliyə bacı pərt olmuş Bilalın köməyinə gəldi:

·         Qardaş, bəlkə sən də məsələyə baxasan…

Bilal yekə burnunu çəkdi. Ona uzadılan kağıza göz gəzdirdi. Mümkün qədər asta

danışmağa çallışsa da səsi yenə gumbuldadı:

·         Bacı, uşaq neçənci sinifdə oxuyur?  - Soruşdu.

·         Üçüncü sinifdə, Bilal qardaş.

Bilal barmağını qaldırdı:

·         Hə.. , eləsə, məchulların sayı birdən artıq olmamalıdır.

Sevinc ərklə onun üstünə çığırdı:

·         Adə, məchulu nə təhər azaldacaqsan? Məsələ rezindən deyil ki?

Bilal ona baxmadan çəkinə-çəknə bir daha burnunu çəkdi, dedi:

·         Bunu bu saat fikirləşərik.Əgər bir məchulla işarələsək, belə olar…

Amma onun dediyini heç kim qəbul eləmədi. Mübahisə qızışdı.

Başları məsələyə qarışmış işçilər, şöbə müdürünün gəlişini hiss eləmədilər. O,

hökümlü səslə:

·         Bu nədir yığışmısınız? -Soruşdu. - İşiniz-gücünüz yoxdur?

Qadınlar diksindilər. Müavin söz atdı:

·         Ay rəis, köhnə şakərindən  əl çəkmirsən ha? Yenə xəlvəti qulaq asırsan?

         Sevinc rəisin qızarıb-bozarmağının mübahisəyə çevriləcəyini hiss edib araya söz qatdı:

·         Rəis, məsələ həll edirik. Daha özünü dartma. Gəl, bizə kömək elə.

Rəis müavinin atmacasını içəri verib laqeyd halda:

·         O nə məsələdir ki, bir sürü mühəndis, başda Əli müəllim olmaqla onu həll edə

bilmir? Hətta mənim də köməyim lazımdır! Yaxşı, məsələnin şərtini de.

         Mübahisə yenidən qızışdı. Biri təklif etdi ki, törəmə alma yolu ilə həll edək. Onu hoydu-hoyduya götürdülər. O biri dedi ki, bu məsələ ya induksiya metodu ilə həll olunacaq, ya da deduksiya. Rəis də məsələni bir-iki dəfə oxuyandan sonra, qəflətən təklif etdi:

·         Əşi, buna baş sındırmağına dəyməz. Gəlin hesablama mərkəzinə zəng edək. Orda

işləyənlər daha Əli müəllim kimi geydirmə mühəndis deyillər, hamısı riyaziyyatçıdır. Ay qız, telefonu bəri elə.

       Rəis nömrəni yığdı, salamlaşandan sonra məsələnin şərtini oxudu. Əlini qaldırdı:

·         Səs salmayın görüm, nə deyirlər?

Hamı susdu.

      … - Atam balası,  bu üçüncü sinfin məsələsidir…Əlbəttə! …Proqramlaşdıracaqsınız? Neynək, nə istəyirsiniz edin, öz məsləhətinizə baxın… Qəribə söz deyirsiniz! …Necə yəni hansı dildə proqramlaşdırasınız?  Nə bilim ey,elə həll edin azərbaycanca başa düşmək olsun… Daha niyə gülürsünüz?…Mən nə bilim sizin maşının öz dili var. …Olsun lap dünya dili…Nə danışırsız, e?… Sizə bir gün vaxt lazımdır?… Uşaq iki saatdan sonra məktəbə getməlidir… Lap səfehləmisiniz e! Nə?  Dəlixananın bura nə dəxli var?

          Rəis dütdüldəyən telefona tərs-tərs baxıb  dəstəyi qoydu yerinə.

·         Əşi, elə onların da adı var. Demə bizim gündədirlər. Məsələni həll eləyəbilmirlər.

Yüz bəhanə gətirirlər. İndi isə yerinizə dağılışın. İdarədə yoxlama var…

         İşçilər yerlərini tutdular. Hərə bir qovluq çəkdi qabağına. Otağa sakitlik çökdü.

Aliyə bacı astadan mızıldandı:   

·         İndi mən uşağa nə deyim? - dedi. - Deyim, bir belə mühəndis bir uşaqməsəlini

həll edə bilmir? Vallah,  mənə güləcək.

         Onun bu mızıltısını çoxu eşitdi, amma dinən olmadı. Rəis içəridə olanda hamı quzu kimi sakit  otururdu.

 

Qorxulu məktub

 

    Bazar günü Məryəm xalanını hövsələsi daraldı .  Sobanın üstündəki dəm çaydanını gözdən  qaçırtdığına görə mətbəxdə qurdalanan iki ortancıl qızınının  birini acıladı , deyib-güldüyünə görə  o birinin abrını ətəyinə bükdü, pəncərələrin polietilen örtüyünü yazın oğlan çağında açmayan əri ilə ağızlaşdı, kiçik qızının güzgü önündə  bəzənməyinə  necə darıldısa hay-həşir saldı.Bir sözlə , beş otaqlı  mənzil qalmaqal  yumağına döndü. Məryəm xala doyunca dalaşandan sonra hamıdan küsülü qonaq otağına çəkildi. Telefon aparatını yanına alıb kürsüdə bardaş qurdu, gözünü yumdu.

      O, bacısı oğlu Əlinin zəngini gözləyirdi. Ondan icazəsiz telefona heç kim  yaxın düşə bilməzdi. Kimsə gözünü təsadüfən oğurlasaydı , o da gəlib üstünə çıxsaydı , günahkar dərhal cəzasını  alırdı. Telefonu nəzarətdə saxlayırdı  ki, Əli rahat zəng eləsin , Məryəm xalanın Sibirdə işləyən oğlundan səhih soraq versin.

        Məryəm xala oğlunun ğürbət səfərinə əvvəldən razı deyildi. Amma onun dəlilləri  qarşısında  geri çəkilmişdi.»-Ana, bacılarımı adam kimi köçürmək istəyirəm! Buna pul lazımdır. Mənim işimdən bir şey çıxmır! Bakıda pul qazanmaq iynə ilə gor qazımaqdır. Sibirdə isə vəziyyət yaxşıdır. Məni yanına çağıran oğlanla da neçə il dostluq eləmişəm. İndi ona adam lazımdır, getməsəm  sonra bu imkan əlimdən çıxacaq!Deyir, tikintidə yaxşı pul verirlər.Ana, qoy, bir-iki illiyə gedim. Həmişəlik getmirəm ki !» Məryəm xala da  qızlarını gözünün qabağına gətirib razılaşmışdı. İndii bunun peşimançılığını çəkirdi.

     İki ortancıl qız  sükut çökmüş evdə oturmaqdan bezikib yığışıb binanın qonşu blokunda yaşayan xalası gilə getdi. Ailənin kişisi aranı tünlük görüb astaca geyindi, qapıdan çıxdı. Fikirləşdi ki, axşama kimi gözə görünməsə yaxşıdı. Kişi  düz də elədi. Məryəm xala , mübaliğə təriqi ilə desək,  yarmağa baş axtarırdı.

      … Məryəm xala keçən həftə Əlini uzun müddət dilə tutdu:

      - Bala, aman-zaman bir oğlum var,ürəyim əsir.Kömək elə, bala, mənim səndən başqa kimim var ki?Məktubunu oxuyandan sonra özümə yer tapa bilmirəm.Yol xərcindən də qorxma, səni əliboş yola salmayacağam.

       Əlinin  Binə bazarında  bir xırda köşkü vardı. Alverlə başını dolandırırdı. Təzə-təzə əlinə pul gəlirdi. Əvvəllər bir-iki dəfə malını «yandırmışdı». İndi olan-qalanını satıcıya tapşırmaqdan qorxurdu.

Könülsüz dedi:

         - Ay xala, nə verib bu uşaqdan ala bilmirsən? Burada yazığa gün-dirilik vermirdin, ay onu eləmə,ay bunu eləmə,ay ora getmə , ay bura getmə . Salmışdın o boyda cayılı qoz qabığına. Xaloğu daha kişiləşib, qoy , pul qazansın. Bir də özün buraxmısan ki! İndi oturmusan bikar, qurdalayıb özünə dərd-çor tapırsan… 

         Məryəm xala məktubu ona uzatdı:

         - Eləsə bunu oxu! -dedi və hirslə - Bərkdən oxu !

         Əli yekə burnunu çəkib gülümsədi:

          -Ay xala, yaddaşın korlanıb ha! Məktubu dünən oxumadımmı?-dedi- Bu bir parça kağızı adama neçə dəfə oxudarlar?…

          Məryəm xala inadla təkrar elədi:

           - Sən  o  quş  ğoyduğum yerləri oxu…Bərkədən oxu!           

           - Vallah , mat qalmışam sənə! Dünən sevinirdin, bu gün isə qan-yaş tökürsən…-deyə Əli məktubu könülsüz  aldı.- Ver görüm.

           Xaloğlunun məktubundakı salam-kalamı,əhvalpürsanlığı  buraxdı,xalasının qırmızı qələmlə cızladığı cümlələri qayım səslə oxudu:

          - … « Ana ,məndən sarı darıxıb eləmə! Kefim kök, damağım çağ, canım-başım sağ! »-Bu yerdə Əli atmacasını saxlaya bilmədi- Zalımın qafiyyə tutmağına baxırsanmı?-dedi və sonra yenə də davam elədi «-Hər yer ağaclıq, meşəlikdir. Yaz gələli olduğumuz yerlər cənnətə dönür. Gül gülü çağırır! Axşamlar gəzməyə çıxıram. Otlar dizə çıxır, sanki məxmər üstə gəzirsən. Meh əsəndə meşəyə qulaqoxşayan xışıltı düşür,  elə bil ağaclar dil açıb adamla danışmaq istəyir. Ay çıxanda buralarda olasan! Adamın könlü açılır. Bir sözlə , ana, Sibirin adı pis çıxıb,  nağıllarda deyildiyi kimi, buralar lap ölüb-qalası yerdir. Heç darıxma…»

           Məktubun bu yerində Məryəm xala ağlımsındı, şalının ucunu gözünə sıxdı, ah-zarla dedi:

           - Gördünmü? Ay başına dönüm, gördünmü?

            Əli təəccüblə:

            - Nəyi, xala?-dedi - Sən canın ,ağlama!

            -Bala, tərifləyir ey , tərifləyir…Vay-vay-vay!

            Əli dizini şappıldadan xalasına mat-mat baxırdı:

            - Bah! Nolar , tərifləyəndə? Sənə ürək-dirək verir də ! Onun yazısında nə şeytan əməli gördün ki, özünə əl qatmısan?

             Məryyəm xala dikəldi, Əlinin izahatını dinləmədən qətiyyətlə dedi:

           - Bala…, bala, sən bilmirsən! Adam durduğu yerdə yad elləri tərifləməz! Burda qız barmağı var! Sən məni bir əlli tutma, heç özün də uşaq deyilsən! Onun meşədə nə iti azıb? Soruşmaq ayıb olmasın, tək adamın meşədə nə azarı var?Hə ?

         Kənarda oturub söhbətə müdaxilə eləməyən qızlar xısın-xızın gülürdülər. Küyçü analarını yaxşı tanıyırdılar. Amma Əli xalanın  dəmir məntiqi qarşısında təslim oldu. Gur saçlarını geri sığalladı:

         -Gör ha!Afərin ,xala! Səndən yaxşı müstəntiq çıxar! Heç ağlıma gəlməzdi…- dedi və qımışdı  - Tutalım ki, dediyin düzdür. Daha niyə qan-yaş tökürsən?Sevin də!-deyə heysiz oturmuş xalasını qıdıqladı -- Başla tədarükə! Bir də gördün ki , xaloğlu hazır gəlir. Var dövlətinin gəlhagəlidir, xala, daha yasxana açma. Ha-ha-ha!

          Məryəm xala inildədi:

          -Ürəyimi partlatma , bala! -dedi - Yola hazırlaş. Ürəyim narahatdır…

          Əli təslim  oldu:

          - Yaxşı , xala!Gedirəm,üç gündən sonra xaloğlunu o meşəlikdən çıxaracağam,danışıq məntəqəsinə gətirəcəyəm, qoy sənə zəng eləsin, özü hər şeyi sənə başa salsın. --dedi  və söz atdı -- Bir də qəm eləmə, məlumdur ki, yaxşı igid dayısına oxşar , xala…

           Məryəm xalanın dodaqları əsdi:

           - Yaralarımı təzələmə , ay saqqalı ağarmış…- dedi  və dəsmalı gözünə sıxdı.- O qırışmalı qaytar evə , qoyma  arzum ürəyimdə qalsın…

            …Bu söhbətdən bir həftə keçmişdi. Amma Əlidən  xəbər çıxmırdı.Elə buna görə də

Məryəm xalanın hövsələsi bir tikə olmuşdu. İndi tənha oturmuşdu qonaq otağında .Gözünü

yumsa da məktub dizinin üstündə idi. Bir xeyli vaxt ötdü. Əvvəl evin böyük qızı , sonra kiçiyi

içəri girdi, hərəsi evin bir küncündə oturdu. 

                       Kiçik qız ailənin sevimlisi idi.Şirin  dilinə görə çox şeyi ona keçirdilər. İndi də bacısı ilə himləşib  ehtiyyatla anasına sataşdı:

                      - Ay ana, qaqaşın məktubu roman-filan deyil ki, qurtara bilmirsən!

          Məryəm xala dinmədi.O məktubu əzbər bilirdi. Ürəyindən qanlar axırdı:»- Gör necə ağız bahəm eləyir? Cənnət? Axx! Hayıf ki , əlim yaxana yetmir!  Mən sənə cənnətlə cəhənnəmin fərqini göstərərdim.Ölüb-qalası yer tapıbsan! Ağzımı boza verməyinə bax! Aldada bilməzsən ! Yəqin yerini isti salmısan, böyrünə-başına dolanan tapmısan! Əvvəl darıxırdın, şikayyətlənirdin, indi nə oldu?»

     Onun gözü qorxmuşdu. İyirmi il qabaq Xarkov şəhərində əskərlik çəkən kiçik qardaşı da  əvvəl-əvvəl şikayyətlənirdi. Yazırdı ki, buranın  havası  mənə düşmür, oynaqlarım sızıldayır. Evdəkiləri əndişəyə salmışdı. İki il ötdü. Əskər qardaşın məktublaarındakı ab-hava dəyişdi. Daha  Xarkovu vəsv eləyirdi. Hamının ürəyi sakitləşdi. Qəflətən məktub gəldi. Kiçik qardaşı yazırdı ki, mən qalası oldum. Bəs, evlənmişəm, hələ gələ bilmərəm, arvadım boyludur, azad olar, bir yerdə gələrik. O gələn on il sonra gəldi. Anasının yeddisinə özünü zornan çatdırdı.

      Səhərdən  susan telefonun cingiltisi Məryəm xalanın fikirlərini dağıtdı. Amma o, dəstəyi qaldırmadı. Gözlədiyi telefonun şəhərlərarası  kəsik zəngi idi.

      Kiçik qız susmaq bilməyən telefona işarə ilə:

      -Ana , az mələt onu, qaldır , görək kimdir…-dedi.

      -Çalar , çalar, yorular! Yenə lotu-potudur..-deyə Məryəm xala mızıldandı.

      Qəsəbəyə telefon təzə çəkilmişdi. Bir ara uşaq-muşaq onları girinc eləmişdi.Zənglər səngiyənə qədər ana qızlarına  əyri-əyri baxmışdı.

       Cihaz susdu. Məryəm xala köksünü ötürdü:

        - Elə mən deyəndir. Avaralar köhnə şakərlərindən əl götürməyiblər.

        Kiçik qız  etiraz elədi:

        - Daha telefonu niyə çəkdirirdik ki?

        Böyük qız kiçik bacısını iynələdi:

         - Nə əl-ayağa düşmüsən? Yoxsa zəng eləyənin var?

         Kiçik qız qızardı, qalxdı, televizoru yandırdı, kürsünü fırladıb arxası bacısına  tərəf oturdu.

          Məryəm xala sözaltı mənasını anladığı bu gizli atışmaya müdaxilə eləmədi. Kiçik qızın  on səkkiz yaşı vardı. Ali məktəbdə oxuyurdu. Ay parçası idi. Elçilərin ayağı qapıdan üzülmürdü. Məryəm xala hamını əliboş yola salırdı, böyükləri qala-qala kiçiyini verməyə ürəyi gəlmirdi. Onların burunlaşmağını eşidib köksünü ötürdü:»-Baxırsan kifir deyillər, hərə bir sənətin sahibidir,amma bəxtləri bağlanıb.Köpək oğlanları gedib iti-qurdu gətirib arvad eləyirlər, halal süd əmmişlərimiz qalır başına döyə -döyə…Yox, yox, kiçiyini vermək lazımdır. Yazıq o birilərinin gününə düşməsin…»

            Böyük qız anasına ürək-dirək verdi:

             -Özünü üzmə , ana, hər şey yaxşı olacaq…

             Məryəm xala ah çəkdi:

-     Bala, dayın yadıma düşür, damarlarımda qanım donur. Qorxuram qardaşın da

başımıza oyun açsın…

             Kiçik qız geri çevrilmədən:

              - Day-day yaxşı elədi Xarkovda qaldı.Maşallah ev-eşiyi , şəhərdən kənarda bağı, altında maşını, gül kimi balaları… 

              Məryəm xala ona boğma çıxartdı:

              - Kiri, azz, kiri! Yazığ  qardaşımı  dərd götürüb, sən isə gör nə çərənləyirsən.Keçən ilki gəlişi bica yerə deyildi ki! «-Bacı ,- deyirdi - nə qədər cavandım, qolumda gücüm vardı, ailənin ipini yığışdıra bilirdim. İndi arvad da,  uşaqlar da sözümə qulaq asmır». Elə olar da! Oğlu ondan icazəsiz evlənib! Nə tökərsən aşına, o da çıxar qaşığına…

             Kiçik qız dayısını müdafiə elədi:

             - Onda nə günah vardı!  -dedi - Bura qayıtsaydı  indiki dava-mərəkənin iştirakçısılarından biri olacaqdı. Beş qardaş kiçik ata mülkünə sığışmayacaqdılar. Görmürsən ,  dayılarım  necə didişirlər? Heç biri ata mülkünü tərk eləmək istəmir. Bir də çıxıb hara getsinlər , axı? Hər gün mərəkə, dava-şava, saç yoldu...

               Məryəm xala istər-istəməz razılaşdı:

                - Bala, düz deyirsən ey! Amma sözün nədir, hamımız qaçaq ölkədən , Azərbaycanı  kimin ümidinə qoyaq? …

                Telefonun kəsik zəngi onun sözünü yarıda qoydu. Məryəm xalanın rəngi qaçdı. Əlləri əsə-əsə dəstəyi qaldırdı, qulağına apardı:

                -Əloo?

                Telefonçu qızın kobud səsi  mikrofondan kənarda eşidildi:

                -Kamalovların  mənzilidir?

                - Bəli, bəli!

            …- Sizi şəhərlərarası telefonla calaşdırıram! Danışın…

               Xəttin o başında əvvəl gülüşmə , sonra xırıltılı qız səsi eşidildi. Məryəm xala elə bildi telefonçu qızdır.

            …- Alo, tet Maryam, zdrastvuy!

               Məryəm xala diksindi, ağlına nə gəldisə inildədi. Xəttin o başında yenə kimsə güldü.

               - Tı kto , devuşka?-soruşdu.

             …- Gəlnindi də, tanımadın?-deyə səs istehza elədi- Dəstəyi oğluna verirəm…

               Məryəm xala axırıncı sözlərin təmiz azərbaycanca deyilməyinin fərqinə varmadan əlini dizinə vurdu:

              - Məryəmin başına daş düşsün! Evim yıxıldı! Ürəyimə dammışdı elə…Gəlin də bu yandan çıxdı…

               Bütün bunllar dəstəyə deyildiyindən xəttin o başında uğundular . Bir səs acıqla dedi:

           …-Əşi , ver bura! Arvadın ürəyini partladarsan…

           Anlaşılmaz səs-küydən sonra Məryəm xala oğlunun tanış səsini eşitdi:

          …- Salam, ay ana! Necəsən?

          Məryəm xalanın üzü işıqlandı:

          - Can bala!Səsinə qurban olum!-dedi - Məndə can qalmadı ki! Niyə zəng eləmirdin?

          …- Tayqada idik! Sən darıxma , əlimizdəki işi qurtaran kimi gələcəyəm! Uzağı iki aya yanındayam…

           -Gəldiyin yollara qurban olaram, oğul! Amma başına dönüm, tək gəl, yanına quyruq  bağlama, mənim arzumu gözümdə qoyma…Yanındakını azdır getsin…

            Xəttin o başında güldülər:

               - Qorxma , yanımda xaloğlu Əlidən başqa kimsə yoxdur. Genə şitdiyi tutub, səninlə qız səsi ilə danışan o idi. Bu saat dəstəyi ona verəcəyəm.

           Məryəm xalaya sanki dünyanı bağışladılar:

           - Yalan demirsən ki!?Şükür Allaha!-dedi - Dəstəyi  ver, o qırışmala!

          …- Hə, xala, ürəyin gəldimi üstünə? Az qala inanmışdın ha! Gördün urus gəlnin necə səninlə azərbaycanca danışır?Ha-ha-ha!

          Məryəm xala sevinə-sevinə:

          - Dayan bir! Qulaqlarını qoparacağam!Axx! Allah köməyin olsun, Əli, bu nə qəmədiyyədir çıxarırsan? Demirsən qoca xalovun ürəyi partlar? …

          Sonra oğlu bacıları ilə danışdı. Məryəm xala dəstəyi bir də əlinə alanda əlaqə kəsildi. Şadlıqdan ev işıqlandı.

          Bir az arxayınlaşmış Məryəm xala telefonu aparıb dəhlizdəki dolabın üstünə , həmişəki yerinə qoydu. Amma ürəyindəki şübhələr tamam çəkilmədi: « - Çox da deyir ! Bir də gördün ləçərin birinə ilişdi, o da vurdu qoltuğuna gətirdi! Onda başıma nə çarə qılacağam?»

                  

            

 

                                                                  Dədə, mənə arvad al.

 

Əfsər axır vaxtlar atasının qılığına yaman girirdi. Kişi ağzını açmağa macal eləmirdi, oğlu onun  istədiyini gözündən oxuyub dərhal yerinə yetirirdi. Kran su axıdırdı, - Əfsər  alətlər əlində  hazır dayanırdı; ütü işləmirdi, - Əfsər  dərhal onu söküb- yığırdı; qapı cırıldayırdı, - Əfsər  onu yağlayırdı; qərəz, evdə elə bir  iş olmazdı ki, Əfsər onun yanından ötsün, ağsaqqal atasının narazılığına səbəb olsun.

 Kişi  oğlunun qılığına şübhə ilə baxırdı, amma  özünü o yerə qoymurdu, işin axırını gözləyirdi.

Əfsərin yaşı qırxı haxlasa da, üzündə bircə qırış da tapmazdın. Seyrəlmiş saçları  qap-qara idi. Həmişə gülən göy gözlərini görən deyərdi ki, bu  adam  dərd-sərdən  xəbərsizdi.    

Qohum-əqraba, bacıları əvvəllər onu evləndirməyə çalışsa da heç biri Əfsəri yola gətirə bilmədi. On il bu minvalla  keçəndən  sonra hamı ondan əlini üzdü. Hərənin öz dərdi özünə bəs eləyirdi. Zəmanə çövr olandan sonra isə  cəmi canıyananlar da qınına çəkilmiş, daha Əfsərlə işi olan yoxdu. 

          Anası Güllü arvad lap əldən düşmüşdü, nasazdı. Tez-tez xəstələnir, yorğan-döşəkdən qalxmırdı. Atası Əbli  kişi yaşına görə gümrah idi, amma oğlunun  fikir-xəyalı  ona köksdolusu  nəfəs almağa imkan vermirdi.

Əfsər Əbli kişi ilə Güllü arvadın tək oğlu idi. Uşaqlıqdan ki, aman-zaman  olmuuşdu, özünü işə verməklə arası yoxdu. Nə qədər ki, Şura hökuməti vardı, Əfsərin  aldığı mühəndis maaşına ailənin  ehtiyacı yox idi. Güllü arvadla Əbli kişi qızlarını köçürəndən sonra  aldıqları   təqaüdlə lap padşah kimi dolanırdılar. Elə ki dövran dəyişdi, əldə-ovucdakı  heç puç oldu, ehtiyyac başladı qapını cırmaqlamağa. Əfsər isə hərəkətə gələnə oxşamırdı. Hələ də beş-on «şirvan» maaşa köhnə iş yerində mühəndislik  edirdi. Taleyindən razı halda gedirdi işə, gəlirdi  işdən. Təvazö ilə yaşayırdı. Siqaret çəkmirdi, arağ içmirdi, qumar oynamırdı, bir sözlə, cayıllıq eləmirdi. İndiki zəmandə bu tapılmayan keyfiyyətdi. Elə buna görə də işçilərinin  doxsan faizi ixtisara salınmış  zavodda ona toxunan yoxdu.

Əfsər bu gün evə tez gəlmişdi. Atası kiçik bağçasına quluq eləyirdi, ağacları sulayırdı. Oğlunu görən kimi əlindəki beli zərblə torpağa çaxdı, işi yarımçıq qoyub uzaqdan dedi:

          -  Bala,  qalx,  dincini  al, sonra başımı sahmana salacaqsan.

          - Dinclik nədir , əşi, daş daşımaqdan qayıtmıram ki…Keç evə, başını  islat, gəlirəm…

        Eyvandakı taxtda bardaş quruub oturmuş  Güllü arvad  özünü günə  vierirdi. Ata-oğulun mükaliməsinə  mürgülü-mürgülü  müdaxilə elədi :                                       

           - Macal  ver , uşaq çörək yesin, dincəlsin. Yanğına tələsmirsən ki! 

          Əbli kişi  güldü:

           - Oğlun daş karxanasında işləmir ki, yorulsun ! Bu gün uzaq başı beş  varaq kağızı  o üz- bu  üzə çevirib. Düzdür, bala?             

          Əfsər  burnunu qırışdırdı:                                   

        - Dədə, gözün aydın, o qədər  işimə lağ elədin ki, deyəsən, o da əldən  çıxacaq. Məni də ixtisara salırlar, zavodumuz bağlanır.        

         Kişi  əllərini göyə qaldırdı:

         - Allha çox şükür - dedi  və eyvana qalxa-qalxa sözünü bitirdi  - Yaxşı oldu! O zavod  bağlanmasa sən özünə bir gün ağlamayacaqsan.

         Əfsər  ülgüc-sabun gətirdi,  mətbəxə keçib qaba ilığ su tökdü, fırçanı   sabuna  üç-dörd dəfə çəkib köpükləndirdi. Adətgərdə bir  hərəkətlə kətildə oturmuş atasının başını  sabunladı. Kişi  siqaretini  çəkib qurtarmağa heç macal tapmamışdı ki, onun  başıının  tükünü  qaşıyıb tökdü.   

        Əbili kişi  başını  sığallayıb  razı  halda  dedi:

        - Allah sənin canına dəyməsin. Canım rahatlandı. Maşallah, lap əməlli usta olmusan. Əvvəllər gec qurtarırdın.

       Əfsər dişini ağartdı, amma  dinmədi. Güllü arvad  yerində dikəldi , oğlunun ürəyindən keçəni  dedi:

       - Əşi, əvvəllər başında tük vardı, vaxt aparırdı. İndi  başın boranı kimi tər-təmizdir. Onu qırxmağa nə var ki. 

        Əbili kişi  yerində deyilmiş sözə ürəkdən güldü:

        - Ha-ha-ha! Arvad, belə yaxşıdır, axmaq tükün ağıllı başda qalmağına hacət yoxdur. 

         Əfsər  qabları yığıdırmaq  istəyirdi ki, anası hıqqıltı ilə  taxtdan  düşdü:

        - İşin yoxdur, özüm edərəm, - deyindi - Allah evinizi tiksin, mənə heç yazığınız gəlmir.  Dəllək küçənin o başında, siz evdə dəlləkxana açırsız. Sinni yaşımda, xəstə-xəstə  gərək dalınızca döşəmə yığışdırım. Bir köməyim yox, bir  yandan da siz.  Rahat ölməyə də qoymayacaqsınız.

       Əbili kişi  divanda yerini rahatladı, oğluna göz elədi:

       - Neynək, arvad,- dedi - Günah özündədir də!

     Güllü arvadın süpürgəsi havada qaldı:

       - Bıy, köməksiz qalmağımın günahı məndədir  indi ? - Soruşdu.

     Ərinin baməzəliyini bilə-bilə yenə onun toruna düşürdü. Əbili kişi  dedi:

      -  İcazə ver, arvad, günü sabah sənə bir bacılıq gətrim, sənin də canın rahatlansın , mənim də. Hə, necə fikirdir ?

     Ata-oğul çaşqın-çaşqın qalmış Güllü arvada baxıb şaqqıltı ilə güldülər. Güllü arvad hikkə ilə ərinə  boğma göstərdi:

     - Ala e! - dedi. - Məndən betər ayaq üstə dayana bilmir, arvad almaq eşqinə düşüb. Odur, oğlunun saqqalı ağarıb, hələ subaydır, onun dərdini çəkməkdənsə başlamısan lağlağıya.

     Kişi  yalançı qeyzlə  Əfsərə tərəf çevrildi:

      -  Əfəl oğlu əfəl! Sənin tənəni mənə edirlər - dedi - Evlənmədin ki, bu arvadın söz-söhbəti qurtarsın.

     Əfsər nə fikirləşdisə, qımışa-qımışa dedi:

      - Neynək, razıyam , dədə!

      Əbili kişi  laqeyd halda:

       - Nəyə razısan, ay qırışmal? Dediyimdə  nə var ki, qanovuz parça kimi qırçınlanırsan? - dedi.

       Əfsər halını dəyişmədən  yenə də qımışdı:

       - Deyirəm ki, gedin mənə arvad alın…Daha razıyam.

     Əbili oturduğu yerdə, Güllü arvad durduğu yerdə quruyub qaldı. Handan-hana birağızdan dilləndilər:

     - Doğru sözündür, bala? - Soruşdular. 

      Əfsər başını tərpətdikdə Güllü arvad şübhə ilə:

    - Yoxsa  yenə keçənlərdəki oynu oynamaq istəyirsən? Elçi gedən günü dəbbələyəcəksən?

  Əfsər dişini ağartdı:

    -  Əşi, doğru sözümdür - dedi.

    Güllü arvad süpürgəni qoyub  özünü Əfsərin üstünə atdı. Onun boynunu qucaqlayıb üz-gözündən öpdü.

      - Oğul,- dedi - Gözümün işığı  oğul, ömrümü çürüdən oğul, axır səsimi eşitdin. Allah ürəyinə rəhm saldı. Ölmüşdüm, dirildim daha.

       Əbili kişi onun şadlığına şərik olmaq fikrində deyildi. Başını kədərlə bulayırdı. Az qala çırtıq çalıb oynayan Güllü arvadın nə xəstəliyindən, nə halsızlığından əsər qalmamışdı. Gəldi oturdu Əbili kişinin qənşərində:

    -Kişi, niyə ağzına su alıb oturmusan? Qalx, gedək, elçiliyə. Bilmirsən ki, oğlun hərdəmxəyaldır? Nə qədər fikrindən dönməyib əl-ayağını bağlayaq.

     Əbili kişi səbirlə dedi:

      - Dayan, arvad, bir hövsələni bas. Götür-qoy eləyək, görək  kimn qızına elçi düşəyik.

        Güllü arvad qızdırmalı adamlar kimi dilləndi:

    -  Necə kimin qızına? - dedi -  Odey, İbrahimin yeddi qızından beşi evdədir.    Hansını istəsək onu da verəcək. Dur, geyin, elçi  gedək

        Əbili kişi çığırdı:

    - Axmağın qızı -dedi və səsi mis kimi cingildədi - «Elçi gedək, elçi gedək.» deyib bizi dəng eləmə. Hələ bir de görüm nəylə toy etmək istəyirsən? Buna pul lazımdır, para lazımdır. Bir salavat çəkməklə  bu işi aşırmaq olmaz ki.

      Güllü arvadın sevincdən parlayan üzü tutuldu.    Xaldan düşmüş səslə dedi:

     -Allah kərimdir, kişi, elə demə. Çətini işi başlamaqdır, sonrası asandır.

     Əbili kişi daha özünü saxlaya bilmədi:

        -Yum ağzını ,səfeh arvad! - deyə  bağırdı.- Qocaldıqca ağlın azır. Macal ver oğlunla söhbət eləyim.

        Güllü arvad təslim oldu:

       - Hirslənmə, kişi, yenə təzyiqin qalxar. - dedi.- Mən susdum.

        Əfsər söhbətə, nəhayət, müdaxilə eləməyə macal tapdı:

     -Ay dədə, utanıram da deməyə, açıq danışa bilmirəm- dedi və üzünü çevirdi.

     Əbili kişinin hirsi soyudu. Keçdi baməzəliyə:

      - Utanma, bala, utanma. Day ikimizin də saqqalı ağarıb, tay-tuşa oxşayırıq.

      - Yaxşı, özün demirdin evlən?

      - Deyirdim, bala.

       - Bə indi niyə çığır-bağır salırsan?

       Əbili kişi uzun-uzadı oğluna baxdı, boğazını arıtladı:

      -  Mən sənə haçan demişəm evlən? Dünən? Bildir? Yox, bala! Yadındadırsa mən sənə on  il bundan qabaq hər gün deyirdim ki ,  evlənginən. Nə qədər Şura hökuməti vardı, mən səni ayda iki dəfə evləndirə bilərdim. Az qala ayağına düşüb yalvarırdıq. Sənsə daş atıb başını tuturdun. Sonra hər şey kəllə-mayallaq oldu. Hətda «qoz ağacları» əkilən ili də gec deyildi . « Qaynana yolu» salınanda da tərpənmək olardı. Onda da əlimizdə-ovucumuzda bir şey vardı. Sənin kimi beş oğula   toy çaldıra bilərdim. İndii isə bir həsi, bir Məmmədnəsirik!

     Güllü arvad dözmədi:

   -  İndi nə təklifin var, kişi?

   - Bilmirəm, arvad. Bir güman yerim qalmayıb. Zəmanə dəyişib, kimin qapısına gedəsən, deyəsən əl yetir, toy eləyirəm?!

   Güllü arvad fikirli halda dedi:

   - Axtarıb eləsin tapmaq lazımdır ki, toysuz-mağarsız gəlməyə razılaşsın.

    Əbili kişinin ağzı yenə əyildi:

   -  Məni cin atına mindirmə,- dedi- Səni yerə yıxıb qabırğalarını sındıraram! Tutalım gəlini toysuz gətirdin, gərəkməz ki, onu dolandırasan? Əfsərin məvacibi bir dənizqırağı başmaq seyrinə bəs eləməz.Bununla ailə saxlamaqmı olar? Bizim təqaüdümüz isə  qənd-çayımıza, nəvələrinin saqqızına zornan çatır…

      Əfsər söhbətə müdaxilə elədi:

      - Əşi, qurtarın bu qalmaqalı! Bir qələtdi elədim. Mən arvad almaq arzumdan vaz keçirəm…

      Gülllü arvad kədərlə vayslandı:

       - Vay-vay-vay! Elə belə subay qalacaqsan?Bizi oğul toyuna həsrət qoyacaqsan?

      Əfsər ondan gözlənilməyən  bir istehza ilə:

      - Deyəsən , Şura hökumətinin gəlişini gözləməli olacaqsınız…-dedi və o biri otağa adladı.

      Ata və ana  küsülülər  kimi  bir-birindən üz döndərdilər. Güllü arvadın ağrıları yadına düşdü, taxta tərəf tələsdi. Əbili kişi başını qatmaq üçün həyətə düşdü, beli götürdü.