icon
icon
icon
icon

Xeyirlə Şərin "Karxana" döyüşü

Bu günlərdə “Əli və Nino” mağazalar şəbəkəsində Azərbaycanın tanınmış yazıçısı Qəni Camalzadənin yeni, “Karxana” adlı kitabının təqdimatı olub.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəni Camalzadənin “Karxana” kitabının təqdimat mərasimi keçirilib. “Karxana” yazıçının oxucularla yeddinci görüşüdür. Kitaba müəllifin “Karxana” romanı və hekayələri daxil edilib. Əsərdə xeyirlə şərin mübarizəsindən bəhs edilir. Hekayələr isə yumor və satira nümunələridir.

Kitabın redaktoru görkəmli yazıçı Məmməd Orucdur.

Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı bu əsərdə ötən yüzillikdə Azərbaycan tarixində baş vermiş mühüm hadisələri kiçik bir Karxana adlı yaşayış məntəqəsində baş verən hadisələrin timsalında əks etdirməyə çalışır.

Kitaba daxil edilmiş roman 2014-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. “Karxana” romanında əsas mövzu xeyir və şər arasında mübarizədən bəhs edir.

Q.Camalzadənin fikrincə, ən ədalətli cəmiyyətlərdə də haqsızlıqlar olur: “Onları islah eləmək həm də ədəbiyyatın vəzifəsidir. 40 ildə yazı prosesi ilə məşğul olsam da, birinci dəfədir kitabımın təqdimat mərasimi keçirilir. Əlbəttə, oxucuların kitaba marağı sevindirici hadisədir. Kitablarımın mövzusu satira və yumordur".

Q.Camalzadənin “Yaxşı oğlanın dayısı” adlı ilk kitabı sovet hakimiyyəti dövründə çapdan çıxıb.

Daha sonra hekayələr kitabı toplu şəkildə dərc edilib. Əsasən satirik janrda yazan Qəni Camalzadə gündəlik həyatımızda, məişətdə üzləşdiyimiz naqisliklərə yumoristik formada yanaşır, cəmiyyətin durumunu gülərək təsvir edir.  

Kitab “Qanun” nəşriyyatında çap olunub. Kitabı şəhərin kitab mağazalarından əldə etmək olar. Kitab yaxın günlərdə ingilis dilində də tərcümə olunacaq.

 

modern.az