icon
icon
icon
icon

Üç hekayə

                                       

                                            MƏZƏNNƏ

                                             

       Molla Fəti vədəni ötürmədi, orucluğun elə birinci günü telefon açdı. Vərdişkarlıqla uzun-uzadı əhvallaşdı:     

      -Nə var, nə yox, müəllim? Alver necədi, müəllim? Evdə-eşikdə salamatlıqdımı? Orucluq əziyyət vermir ki?

       Dərdayıl ali təhsilli riyaziyyat müəllimi idi, həmişə uzunçuluqdan qaçırdı, mollanın bütün suallarını cəmləyib  qısa bir cavab verdi:

        -Hər şey yaxşıdı.

        -İstilərlə neynəyirsən? Bağa köçmürsən?

       -Bağ? -Vəziyyət  Dərdayılı elə sıxmışdı ki, bağ yadına düşmürdü.- Görək, inşallah!

          Molla əl çəkmək fikrində deyildi, biliciliklə:

          -Müəllim, manat yaman büdrədi ha! Amma Allah üzümüzə baxdı, yaxşı qurtardıq, yıxılmadı! -dedi, sonra gümanla soruşdu- Sən bilən əvvəlki məzənnəsinə qayıdacaqmı?

             Dərdayıl müəllim könülsüz:

              -Çətin söhbətdi!-dedi                            

              Molla, nəhayət, mətləbə gəldi: 

              -Müəllim, sənin rəhmətlik valideyinlərinin ruhunun səlamətliyi üçün “Quran” oxuyuram. İnşallah, beş günə -bir həftəyə  xətm elərəm,-dedi.- Məclisimizi  haçana salaq?

              Dərdayıl müıllimin əli pula çatandan sonra, hər il, cavan yaşında Allah rəhmətinə getmiş valideyinlərinə ramazan ayında “Quran”oxutdurur, ehsan süfrəsi açırdı. Bu il durumu yaxşı deyildi, molla demişkən manat büdrəmişdi, üzləşdiyi maliyyə çətinlikləri artıq özünü büruza verirdi. Mal sahibləri pulunu dollarla tələb edirdilər. Amma Dərdayıl müəllim  bu il də ənənəni pozmadı. Hər dəfə ehsanın vaxtını  mollanın öhdəsinə buraxırdığından , indi də:

          -Öz məsləhətinə bax, molla əmi!-dedi.-Yaxşısını sən bilərsən!

         -Ramazan ayının birinci həftəsi necədi?

          Dərdayıl müəllim bir az təəccübləndi:

          - Molla əmi, biz həmişə mərasimi orucluğun üçüncü həftəsinə salırdıq, axı!-dedi, sonra nə fikirləşdisə istehzasını saxlaya bilmədi-Tələsməyindən məlum olur ki, əlin aşağıdı.Güman ki,  manatın büdrəməyi səni də silkələyib!

          Dərdayılın istehzası dəstəkdən gələn hənirtinin rəvanını dəyişildi. Xəttin o başından mollanın utancaq səsli gəldi:

          -Düz tapmısan, müəllim, neçə aydı quraqlıqdı! Bu qrizis nə pis şeymiş! Gör, iş nə yerdədi ki, insanlar, qrizisin qorxusundan ölməyi də tərgidiblər! Həəə, əlqərəz, uzunçuluq eləyib  lap başağrısı verdim! Həəə!   Mənə elə gəlir ki, ramazan ayının birinci şənbəsi yaxşı gündü, müəllim!-dedi, cavab gözləmədən  fikrini  əsaslandırmağa tələsdi. -Hamı bizim kimi boş- bekar deyil! Hökumət işində, şirkətlərdə çalışanlar var. Asudə vaxta salıram ki, sənin adamların arxayın toplaşa bilsinlər.

          Dərdayıl müəllim daha uzatmadı, təkliflə razılaşdı.

          Mollanın elə bir savadı yox idi, amma gəlirini-çıxarını  yaxşı bilir,  külfətini dolandırmaq üçün dəridən-qabıqdan çıxırdı. Cavan olsa da ailəsi  böyükdü, səkkiz qızı, bir oğlu vardı. Artıq dördmü, ya beşmi qızını köçürtmüşdü. Dərdayılı bir övladı vardı. Amma mollanın bütün toy məclislərində iştirak eləyir, karlı nəmər salırdı. Onlar bağ qonşusu idilər. Molla xahiş-minnət gözləmədən hər yaz hasardan aşır, onun talvara qaldırılmış meynələrini kəsirdi.Yaydan yaya bağa köçən müəllimin ev-eşiyinə il ərzində göz olur, sahibsiz qoymurdu.

          Dərdayılın var-dövləti başından aşmasa da imkanlı idi, şəhərin lap mərkəzində, metronun yaxınlığında  xudmanı bir xəm-xurd dükanı  açmışdı. Dostu hacı Məşti ilə icarəyə götürdükləri  yarımzirzəmidə on beş ildi kəsbkarlıq edirdilər.  Gen-bol yaşamasalar da kefləri yaxşı idi, çörəkləri  başlarının altında idi. Axır vaxtlara qədər həmişə qazancda olduqlarından, icarəni də vaxtlı-vaxtında verirdilər, özlərinə də bir şey qalırdı.

        Şəriki hacı Məşti ağır adamdı,  sızanaqlı üzü gülməzdi. Keçənlərdə bir yol Dərdayıl müəllimi qınamışdı:

         -Dostum, qazancını heçə-puça nahaq xərcləyirsən. Bilirsən ki, mən də “Qurandan” çıxmışam. İstəsən məclislərini də yola verərəm, rəhmətə gedənlərinə də “Quran” oxuyaram.- Onun molla Fətidən acığı gəlirdi- Nə deyirsən? Həm mollanın laqqırtısından canın qurtarar, həm də pulun cibində qalar.

         Dərdayıl razı olmadı:

         -Hacı, molla Fəti yazıqdı, bir çətən külfəti var,  çörəyinə bais ola bilmərəm.-dedi, sonra dostunu inandırmağa çalışdı.- Vallah, pis adam deyil, həyət-bacama göz olur, meynələrmi kəsir, yayda qonaq-qara gələndə əl yetirir...

          Hacı Məşti qaşının üstündəki iri xalı qaşıdı, birdən qətiyyətlə:

           -Müəllim, bu molla tayfası ki var, İslamın birinci düşmənidir! Hamını dini-imandan pisikdirən onlardı!-dedi, ürək yanğısı ilə deyindi-  Əşi,“Quranı” da pulnan oxuyarlar!? Bu hansı kitabda yazılıb, axı!?         

          Dərdayıl müəllim istehza ilə gülümsədi:

          -Yerlimizdi də, daha neynəmək olar!-dedi, şərikinə hörmət eləsə də fikrindən dönmədi.-Bir eldən, bir obadanıq.

          -Bu qırılmışların hansı bizim eldən deyil, axı? -Hacı deyindi, amma daha inad eləmədi.

          Onların hər üçü, doğurdan da, Azərbaycanın Cənub bölgəsindən idilər.         

           Bu il isə vəziyyət gözlənilmədən  dəyişmişdi, alverləri rəvanlığını itirmişdi. Ayın axırı gələndə hər ikisinin  qanı qaralırdı. Zirzəminin sahibi ağızdan yava bir qadın idi, icarə haqqını yarım saat gecikdirəndə gül ağzını açırdı, başlayırdı pis-pis söylənməyə.

          Bu il Dərdayıl müəllim çox adam çağırmadı. Ehsan məclisində yalnız ailə üzvləri, yaxınları, bir də hacı Məşti xanımı ilə iştirak edirdi.

          “Quran” tapşırılan gün, iftara yarım saat qalmış maşını qoşdu,  mollanı yanına oturdub qəbr üstə getdilər. Qəbristanlıq yaxında, gölün sahilindəki təpədə idi. Ətrafın həzin  mənzərəsi insanın könlünə neştər kimi işləyirdi. Qəbristanlığa çökən toranlıq  kədər gətirirdi. Molla  “Yasin” surəsini oxuyana qədər kədərlənmiş  Dərdayıl məzarın ətrafına əl gəzdirdi. Sonra molla ilə bir yerdə həmdi-surənini oxudu, salavat çevirdi, övladlıq borcunu yerinə yetirib xeyli yüngülləşdi. Qəbrstanlığı tərk eləyəndə mollaya dil-ağız elədi:

            -Oxuduğun “Quran”  sənə kömək olsun!.   

            Evə qayıdanda artıq təamlar masaya  düzülmüşdü. Qadınlar üçün qonşu otaqda süfrə salındığından içəridə ancaq kişilər idi.  Kondisionerin xoş sərinliyində  iftarı bütün qaydası ilə açdılar. Əvvəl  qaynanmış su, sonra duru yemək, sonra da plov verildi.  Yeməkdən sonra molla tərpənmədi. Dərdayıl təəccübünü büruza vermədi.

           Qonaqlar bir az da oturub dağılışdılar. Otaqda hacı Məşti, molla Fəti, Dərdayıl müəllim qaldı. Ev sahibi köynəyinin döş cibindən çıxartdığı  əlli manatlığı mollanın qabağına qoydu:

           -Allah imanını kamil eləsin, molla əmi!-dedi.-Bu pulu azda olsa, çox bil.

           Molla tərəddüdlə  pulu ev sahibinə tərəf itələdi:

           -Utanıram da deməyə, müəllim.-dedi-Ya bu əlliliyin  üstünü düzəlt,  ya da əlli dollar ver.

            Dərdayıl müəllim molladan bunu gözləmədiyindən tutuldu, bilmədi nə desin. Hacı Məşti öskürüb təsbehini çıxartdısa da çevirmədi, əsəbiliklə qaytardı çibinə. Bir az acıqla şərikinə müraciət elədi:

             -Buyur, molla manatdan imtina edirsə, deməli,  bir azdan əhli-qübur da daha manatı bəyənməyəcək! -dedi, sonra üzünü mollaya tutdu.-Rəhmətliyin oğlu,  azərbaycanlının azərbaycanlı ölüsünə Azərbaycanda “Quran” oxuyursan, dollar istəyirsən!  Amerikada yaşamırsan ki!

             Molla dili dolaşa-dolaşa:

             -Hacı, bilirsən ki, dollara nisbətdə manat dəyərini yarıbıyarı itirib. Bazar-dükan od tutub yanır...Mən də gözümü buna dikmişəm...

             -Ay oxuduğun sənə qənim olsun! Biz, bəyəmləri, malımızı dollarla satırıq ki, sənə də dollarla verək?- deyə hacı Məşti səsini ucaltdı.

              Molla Fəti başını aşağı saldıqda hacı Məşti Dərdayıl müəllimə dedi:

              -Dərdayıl müəllim, gələn il orucluqda “Quranı” özüm oxuyacağam, daha molla Fətiyə əziyyət verməzsən.

              Molla, deyəsən, səhv elədiyini anladı. Pulu masadan götürüb  dəhlizə adladı. Nimdaş ayaqqabılarını tərs-avand ayağına çəkdiyinə  fərqinə varmadan qapıdan çıxdı.

 

   

                                         

                                          Ədəbiyyatın lətafəti

 

               Yaşlı şairlərdən birinin, adını çəkməyəcəyik, həm yaradıcılıq  gecəsi keçirilirdi, həm də yeddi cildlik küllüyatının təqdimatı idi.  Kiçik salon dolmuşdu. Belə tədbirlərin , səbəbkarını tanıdı, ya tanımadı, bircəciyini də buraxmayan satirik yazıçı Həşim Güllü  bu dəfə gecikdiyindən  qabaqda oturmağa yer tapmayıb boylandı. Arxa sıradakılar  sıxlaşıb ona yer elədilər.  Model kimi açıq-saçıq geyinmiş cavan  xanımla yanbayan oturdu. Yazıçı qəzetlərin,  internet saytlarının əməkdaşlarını tanıyırdı, amma bu qadını tanımadı. “-Yəqin təzə işə başlayanlardandı!”-deyə fikirləşdi.   

             Ədəbi mühitin bütün görkəmli simaları iri dəyirmi masanın ətrafında əyləşmişdilər. Səbəbkarın ədəbiyyatdakı  xidmətləri danılmaz olduğundan deyilən təriflər heç tənqidçilərdə də  şübhə doğurmurdu. Məclisi idarə edən vəzifəli şəxs qarşısında çinlənmiş küllüyata toxunaraq:

                -Bu kitablar, ədəbiyyat tacının  cıqqasına çevriləcək kitablardır. -dedi, yeni natiqə söz veməzdən əvvəl  çıxışının bünövrə daşını qoydu- Buyurun, müəllim! Hörmətli qələm yoldaşımız böyük şair haqqında görək nə deyəcək...

               Səksən yaşlı şairin, adını çəkməyəcəyik, təriflərə aludəçiliyi hamıya məlum idi.  Natiqlərin ağzından gözünü çəkmirdi,  onları baxışları ilə daha dolğun təriflərə ruhlandırırdı.

                Həşım Güllü deyilənləri irişə-irişə dinləyir, yumorlu hekayələrinə mövzu axtarırdı, amma fikirlərini toplaya bilmirdi. Cavan qadın bütün bədəni ilə ona sığınmışdı. Onun ətri-rahiyyəsi  Həşim Güllünü həyəcana gətirmişdi. Bir sözlə, altmış yaşlı kişi hayıl-mayıl olmuşdu. Qadınla tanış olmaq eşqinə düşdü.

                -Xanım qız, yerinizi dar eləmədim ki?

               Qadın ətrafda eşidiləcəyindən çəkinmədən bərkdən:

                -Bütün ömrüm boyu belə dar yer arzulamırammı!-dedi, sonra müsahibinə tərəf əyildi, astadan,  gülümsəyərək səbəbkara işarə ilə  qeyd elədi -Əcəb böyük şairdi! Səksən yaşı var, yeddi cild kitab yazıb. Bir belə yaşayan şairin yetmiş cild kitabı olmalı idi.

             Ədəbi gecənin səbəbkarını sevməsə belə Həşim Güllü qadının istehzasından xoşlanmadı. Ona yanakı baxdı. Qadının toppuş yanaqları işım-işım işıldayırdı, ənlik-kirşansızdi. Həşim Güllünün döşünə yatan qadınlardan olduğundan müsahibini acılamaqdan  çəkindi. Mülayimliklə soruşdu:

            -Neçə yaşınız var, xanım qız?

            Qadın, nədənsə, hikkələndi:

            -Otuz yaşım var. Nədi ki? Söz demək yaşım çatmayıb?

           Həşim Güllü mübahisədən qaçdı:

            - Heç kim sizin söz demək hüququnuzu əlinizdən almaq istəmir, xanım! Sadəcə, demək istəyirəm ki, adama döyüş uzaqdan asan gəlir. Lağ elədiyin  səksən yaşlı şair Sovet dövründə dövlət mükafatı almışdı.

             Qadın onu dinləmədi, çantasında eşələndi, bir qutu siqaret çıxartdı, gözlənilmədən təklif elədi:

              -Bəlkə mənimlə foyeyə çıxasınız? Tanışlığın bünövrəsini qoyarıq...-dedi, cavab gözləmədən qalxıb döşəməni taqqıldadaraq bayra çıxdı.

             Həşim Güllüyə maraq üstün gəldi, bir az yubandı, sonra yanındakıların təəccüblü baxışları altında  qadının dalınca getdi. Ayaqyolunun qarşısında divara söykənib siqaretini tüstülədən qadın cazibədar bir gülüşlə astadan soruşdu:

               -Siz də yazıçısınız?

               Bu sual Həşim Güllüyə güllə kimi dəydi. Çallaşmış gur saçlarını  əsəbiliklə geri sığalladı.  O, kifayət qədər tanınmış yazıçı idi, tez-tez  TV-nin ekranlarında görünürdü. Ədəbiyyat aləmində tənqidi məqalələri ilə məşhur idi.  Elə bildi onu ələ salırlar. Diqqətlə baxandan sonra əmin oldu ki, qadın tam ciddi soruşur. Könülsüz halda başını tərpətdi, ağızucu:

            -Yazıçı- tənqidçiyəm.

            Qadın əl çəkmək fikrində deyildi:

               -Neçə kitabınız var?-Soruşdu.

              Həşim Güllü çap olunmuş kitablarının sayını dedi. Qadın qəribə bir həqarətlə:

              -Beş? Niyə belə az?-Soruşdu-Yəqin istedadınız azdı ki, belə az yazmısınız.

                Həşim Güllü vurğunluqla qadına baxıb izah elədi ki, bir az tənbəlliyim , bir az da maddi problemlərim var.

                -Kitabı da məlumdur ki, lopuxa nəşr eləmirlər!-Güldü.-Yoxsa yazmağa nə var ki! Əlimdə bu saat iki kitablıq  yazım var, sandıqda yatır!

            Müsahibi onun nədən yazdığını bilmək istədi. Həşim Güllü başdansovdu dedi:

            -Satira və yumorla məşğulam, arada tənqidi məqalələr də  yazıram. -Qadın üçün anlaşıqlı olsun deyə əlavə elədi- Yəni lağlağı yazıram.

          -Təəccüblü deyil ki, sizi heç kim tanımır. Lağlağı kimə lazımdı.

         Həşim Güllü qadına baş qoşduğuna görə peşiman oldu. Həvəssiz halda:

          -Bəs, nədən yazmaq lazımdı? Bəlkə məsləhət verəsiniz! Yol göstərəsiniz!

         Yazıçının zəhərli istehzasını qadın eyninə almadı: 

          -Gecdi, bu yaşda sənə məsləhət də  kömək etməyəcək!-dedi- Gərək məhəbbətdən-sevigidən yazaydın! Əbədi mövzudu, hamını cəlb edir.

         Həşim Güllü hirsləndi. Qadınla tanışlıqdan vaz keçdi,  onunla yuxarıdan aşağı danışan gözəlçəni yerinə oturtmaq fikrinə düşdü:

         -Ay qız, get, bozbaşını bişir! Məsləhətçimə bax! Özün bir şey yazginən, sonra ona-buna vedrə bağla. Bəlkə deyəsən, hansı divar qəzetində cızma-qara edirsən!?

        Qadın siqaretini çırtma ilə zibbil yeşiyinə göndərib təzəsini odladı.

       -Mən də yazıçıyam!-dedi-Bu günə kimi on dör kitabım çıxıb.

       Həşim Güllü quruyub qaldı. Təkrar soruşduqda qadın istehza ilə:

      - Düz eşitmisən!-dedi- Yeddi şeir, səkkiz nəsr kitabım var. Yaxınlarda daha iki romanım çıxacaq, nəşriyyatdadı.

     -Maşallah! Bir belə kitabı nəynən buraxırsınız?

     -Sponsorum var! -deyə qadın dişini ağartdı, foyedə gəzişən kəlpeysərə tərəf əlini uzatdı- Gördüyün kişi sponsorumdu! İstəsən səninlə tanış eləyə bilərəm.

        Yazıçı qadının dediyi tərəfə baxdı. Kəlpeysərin görkəmindən ürəyi düşdü, bu yaşda yumruq-təpiyə dözəsi canı yox idi.                      

         - İstəməz!-dedi, amma marağı qorxusuna dov gəldi- Ədəbiyyat jurnallarında, qəzetlərində çap olunursuz?

          -Yox!- Qadın pıqqıldadı.- Kimə lazımdı sizin səfsətə ilə dolu qəzet- jurnallarınız?

           -İmzanızı söyləyə bilərsinizmi?

           Qadın birdən  hiddətləndi, gözəl üzü dəyişdi:

           -Guya bilmirsən? Haqqımda məqalə yazırsan, amma tanımırsan!-dedi, sonra istehza ilə irişdi- Yazdığın məqalə başına dəysin! Adım Lətif Lətafətdir.

               -Nə???

               -Nənə!-Qadın açıqla  çımxırdı- Ağzını Allah yolunda qoymusan, iş bilmişəm, tənqidçiyəm! “Ədəbiyyatımızın  Lətafətsiz günləri”ni yazmaqla nə demək istəyirsən, axı!? Onu dolayırsan, bunu doluyursan, sənə nə, xalx nə təhər yazır. Şairəm, şair deyiləm, yazıçıyam, yazıçı deyiləm, özüm bilərəm! Sənə nə borc! Yadında qalsın, bir də cızmaqaralarında adımı çəksən özündən küs! Deyərəm, qol-qabırğanı sındarlar, qoca dəyyus!

            Qadın Həşim Güllünün məqaləsi dərc olunmuş qəzeti çantasından çıxarıb yerə atdı. Ayaqqabılarını ona yaxşı-yaxşı silib  dabanlarını taqqıldadaraq  foyedə gəzişən kəlpeysərə yanaşdı, qoluna girdi.Onlar deyə-gülə uzaqlaşdılar.

            Həşim Güllü  durduğu yerdə səntirlədi,  ayaqları sözünə baxmırdı, qadının tapdaladığı qəzetin üstünə çökdü. Pıçıldadı:”Şükür, yaxşı qurtardım!”-dedi, sonra qəzetin  baş redaktorunun dalınca deyindi-Əlin quruyaydı o kitabı mənə verdiyin yerdə! Dilin quruyaydı, bundan bir şey yaz, dediyin yerdə! Ədəbiyyatın lətafətini dadmaq elə mənə qalıb!”     

 

                                            Müdrik buqələmun.

       

          Satirik yazıçı Həşim Güllü ahıl yaşında mala-mülk qədri bilən olmuşdu.  İyirmi il qabaq hökumətin ona müftə-müsəlləm verdiyi torpaq sahəsindən möhkəm yapışmışdı. Daha neynəməli idi ki? Təqaüdə çıxandan sonra bilmişdi ki,  olan-qalanı, var-dövləti  elə budu.  Bağ yeri Subənddə  idi. Keşən illər ərzində torpaq sahəsini hasara almaqla, bir-iki ağac əkməklə kifayətlənmişdi, gücü elə buna çatmışdı. Təzəlikdə qədr-qiymətə minmiş bağına  qeydiyyat sənədi almaq fikrinə düşmüşdü. Uzun get-gəl bir nəticə vermirdi, sənədləşmə dalana dirənmişdi.  Əvvəldən üzləşəcəyi çətinliklərdən agah olsaydı heç barmağını da tərpətməzdi. Daha iş işdən keçmişdi, başladığı  əməli yarımçıq qoya bilməsdi, sona çatdırmalı idi.

          Sənədlər yerli-yerində olsa da çəpərləmədə kənaraçıxma var idi. Ayrılmış on sot torpaq sahəsi iyirmi ildə artıb iyirmi sot olmuşdu. Həşim Güllü gülərək  bundan xəbərsiz olduğunu söyləsə də, inanan yox idi.   Ünsiyyət qurduğu məmurların heç biri  zəpt olunmuş sahənin sənədləşməsini boynuna götürmürdü, dinməz-söyləməz kağızlarını qoltuğuna verirdilər.

           Həşim Güllü bir neçə ay ayaq döyəndən sonra saxlanclarını eşələdi, amma tapdığı qəpik-quruşa yaxın duran olmadı. Qeydiyat  idarəsinin ətrafında var-gəl edən dəllallar  ağızlarının dadını bilirdilər. Həşim Güllüdən  artıq sahənin bazar qiymətini qırtmaq istəyirdilər.

          Eləmədi tənbəllik, ora zəng elədi , bura zəng elədi, bir şey çıxmadı. Karlı vəzifəsi olan tanışlarının hamısının ağzını aradı, yenə bir şey çıxmadı.

          Bir gün bulvara hava almağa çıxmışdı, köhnə tanışlarından biri ilə təsadüfən rastlaşanda şox sevindi. Haçansa qəzetdə bir yerdə çalışmışdılar. İşlədikləri müddətdə yaxın ünsiyyətləri olmamışdı. Tanışı tezliklə  qəzetdən uzaqlaşmışdı. Həşim Güllü onun adını xatırlamağa çalışdı, yadına sala bilməyib soruşmaq istədi, amma soruşmağa utandı. Bunu aydınladırmağı sonra saxlayıb söhbətə nərdivan qoydu. Onsuz da vaxtını öldürməyə, laqqırtı vurmağa adam axtarırdı.   

          Ordan-burdan xeyli  mırt vurdular, keşmiş həmkarlarını yada saldılar.  Həşim Güllü bekarçılıqdan başına gələnləri ona danışdıqda köhnə tanışı birdən qəh-qəhə çəkdi. Həşim Güllü incidi:

         -Qardaşım, başqasının dərdinə gülməzlər!

         Tanışı gülməkdən yaşarmış gözlərini sildi:

         -Bağışla, Həşim müəllim, sənin sadəlövhlüyünə heyranam! Heç dəyişməmisən!-dedi, sonra ciddiləşdi-Yaxşı pul verməsən, çətin ki, bu işi başa çatdırasan!

         Həşim Güllü inanmadı, nəsə yadına düşdü, güldü:

         -Xatırımdadı, qəzetdə işləyəndə də özündən toqquşdurmağı xoşlayırdın. Hətta, bir dəfə...

         Həmkarı Həşim Güllünün köhnə palan içi tökməyinə imkan vermədi:

          -...Müəllim,  qəzetdən gedəndən sonra  həmin idarədə işləmişəm. Bir neçə il mətbuat xidmətində çalışmışam.

         -Bəs, sonra nə oldu?

         Tanışı Həşim Güllünün diqqətli baxışları altında boynuna aldı:

          -Vəziyyətim əla idi, pula pul demirdim,-dedi-Sonra dalımdan dəydilər! Onları qınamıram, günah özümdə idi! Burnumu hər yerə soxmağım rəislərin xoşuna gəlmirdi. Bir sözlə, qəzetçilik vərdişim başıma bəla oldu! Danışmalı deyil...

         Həşim Güllü ümidlə ona baxdı:

         -Hər halda idarədə köhnə tanışlarından qalmamış olmaz! İstəsən yəqin ki, kömək edərlər.

         Tanışı başını buladı:

         -İnanmıram!-dedi-Bu idarədə pulsuz heç kimi yaxına buraxmırlar! Hər şey rəis müavinin əlindədir. Çox qansız adamdı.             

         Həşim müəllim inanmadı:

         - Mənə müdrik adam təsiri bağışladı,-dedi-Sabah təkrar qəbuluna yazılmışam.

         Həmsöhbətti başını buladı, yana-yana:               

          -Həqiqətdə baş kəsənin biridi!-dedi-Sən bilmirsən, bu adam buqələmundur, dondan dona girir. Bu adamın gözü doymur! Şəhərdə onlarla obyekti, mənzili, adını çəkdiyin  Subənd yolunda hektarla torpağı var. Başqa-başqa adamların adına sənədləşdirib. Elə bilir heç kim bilmir! Maşınının nömrəsi nəyə desən dəyər! Bütün doqquzları yığıb.

         -Sən hardan bilirsən?

         -Bayaq dedim, axı, qəzetçinin gözündən heç nə yayınmır. Elə marağım başıma bəla açdı. Torba tikib mitilimi bayra atdılar. Tuturdular, Allahın rəhmi gəldi, yaxamdan əl çəkdilər.       

          Bu əsnada həmkarının telefonuna zəng gəldi. O, qulaq asıb ayağa qalxdı:

          -Bağışla müəllim, getməliyəm! Yazıçı adamsan, müavinin qəbuluna gedəndə kitablarını götür.  Kisəsinin başı dolubsa kömək eləyəcək!-dedi, yenə qəh-qəhə çəkdi- Düzdür, inanmıram, amma həyatda möcüzə baş verəndə verir də!

          ...Səhərisi  Həşim Güllü qəbula nagüman grtdi.  Rəis müavini  cavan olsa da başı ağappaq ağarmışdı. Arxası pəncərəyə tərəf qoyulmuş masanın arxasında oturmuşdu. Pəncərədən düşən işıq onun ağ saçlarına bir müqəddəs çalar verirdi. Bu, Həşim Güllünün ürəyini kövrəldi. Asta addımlatla onun masasına yaxınlaşdı, kitablarını müavinin qabağına qoyub oturdu, gəlişinin məqsədini söylədi.

          Kabinetin qüdrətli sahibi kitablar üçün təşəkkür elədi, birini laqeydliklə varaqlayıb soruşdu:

          -Neçə yaşın var, şair?

          Həşim Güllü gəldiyi məsələyə aidiyyəti olmasa da yaşını söylədi. Müavin başını buladı:

          -Ay rəhmətliyin oğlu, dövlət sənə on sot havayı yer verib, sənə kifayət eləmir, əlavə on sot da zəpt edirsən. İndi də düşmüsən qapılara onu özəlləşdirmək istəyirsən.

        Həşim Güllünün üzündə şeytanlar  oynadı

         -Günahkaram, rəis!- dedi, amma dərhal dilini dişlədi, yadına düşdü ki, bura mübahisəyə gəlməyib.

        Rəis ağ saçlarına sığal çəkib əda ilə:      

         -Neynəyirsən bir belə torpağı, şair, özünlə aparacaqsan?-Soruşdu, sonra qondarma bir mehribanlıqla-Dünya görmüş adamsan, şair, görəsən insanın gözü haçan doyacaq? İnsan övladı haçansa tamahına “hət” deyə biləcəkmi?

         Həşim Güllü daha özünü saxlaya bilmədi, şirin dillə dedi:

        -Rəis, tamahıma necə “hət” deyim, axı? O gün minmişdim maşına getmişdim Biləcəriyə tərəf. Sağ tikilib, sol tikilib, Sumqayıta qədər yüz hektarla ərazil hasara alınıb. Bunu görəndə adamın ağzı sulanır, tamahı cümbüşə gəlir! O biri gün gedirəm Qaradağa tərəf,  Salyana qədər torpaqlar çəpərlənib. Adamın gözü həsəddən qaralır, tamahı oyur-oyur oynayır!

           Rəis müavini çoxbilmiş bir istehza ilə:

           -Yəni yazacağın felyeton belə başlayacaq?

          Həşim Güllü rəis müavinin dərrakəsinə heyranlıqla təsdiqlədi:

          -Düz tapmısan!-dedi, sonra yarımçıq qalmış monoloqunu bitirməyə çalışdı- Hə, minirəm maşına gedirəm Subənddəki bağıma. Bəh-bəh-bəh! Yolun solu tutulub, sağı tutulub, qabağı tutulub, arxası tutulub...Hə, öz aramızda qalsın, sizin maşınınızı da hərdən oralarda görürəm. Doqquzların sayından tanıyıram.

           Bu yerdə  rəis müavinin nəinki üzünün , hətta ağ saçlarının rəngi bozardı. O, boğuq səslə onun sözünü kəsdi:

           -Görürəm, hazırlıqlı gəlmisən...

          Həşim Güllü eşitmirmiş kimi:

          - Həəə,  futbol meydançası kimi nəhəng istilikxanalar bir deyi, iki deyil, üç deyil ...

           -Qurtar, ay kişi, palan içi tökmə. O yerlər sənədli-sübutlu yerlərdi...

          Həşim Güllü onun ağrıyan yerini tapdığına sevindi, amma sevincini büruzə vermədi, qondarma laqeydliklə:

           -Əslində, məni nə hektarla hasarlanmış yerlər, nə də istilikxanalar maraqlandırır! Öz totpağım mənə bəs eləyər. Artığı lazım deyil, bir ayağım burdadı, bir ayağım gordadı...-dedi-Düzmü deyirəm?

           Rəis müavini ağarmış başını qaldırmadan:

          -Sənədlərini qoy, qalsın...Görüm, neynəmək olar..-dedi.-Sabah gələrsən.

        Həşim Güllü  qeydiyat sənədini alacağına əminliklə fikirləşdi ki, rəis müavini buqələmun olmağına buqələmundu, amma müdrik buqələmundu. Saçları havayı yerə ağarmayıb.

 

 

 

 

 

 

 

 

       

 

           

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                            Linda

       Dostu iti ona pay verirdi. Nə qədər elədisə, pul götürmədi. Həyətinə baxan keşikçi ilə getmişdi. Uzaqdan itə baxan kimi onu bəyəndi. Zəncirdə atılıb-düşür, ağzından tüpürcəq sıçradaraq hürürdü. Gözlərindəki vəhşi parıltıdan adamın zəhri yarılırdı.

         -Bunu necə aparacağıq?

         -Çox asan! Zəncirini sənə verən kimi səni sahibi kimi tanıyacaq.

        -Belə asan?

        -Daha nə olacaq ki?

        -Ovçarkadı?

        -Təmiz cins deyil!

        Dostu iti zəncirdən açdı, boynundakı xaltadan tutub yaxın gətirdi:

        -Xaltasından tut!

       Onu dişləmək istəyən itin xaltasını əlinə alan kimi itin gözlərindəki vəhşi parıltı söndü, qart mırıltısının çeşidi dəyişildi,  sonra tamam kəsildi. Mən bağbanı yaxına çağırdım. Ona mırıldayan itin xaltasından yapışdı, yenidən it sakitləşdi.