icon
icon
icon
icon

Yeni roman

Qəni CAMALZADƏ

 

KARXANA

 

Roman

 

Yadımdadır, qonum-qonşuda sözə baxmayan uşaqları onun adıyla qorxudurdular: Sözə baxmasan, Sanı gəlib səni aparacaq. Bu xofla da böyüdük. Böyüyəndən sonra da Sanı Abşeronski kimi tanınan qəhrəmanımı görmədim, amma günlərin birində hiss elədim ki, həm onun haqqında eşitdiklərim, həm də onunla münaqişədə olan insanların barəsində bildiklərim mənə rahatlıq vermir. Və bütün bunları ona görə yazıya aldım ki, Abşeron tarixinin çeşidli insan mənzərələri ilə zəngin bir zaman kəsiyi itməsin.

Onu da deyim ki, əhvalat çoxdan baş verib, yazdıqlarımın səhihliyinə zəmanət vermirəm. Bu hadisələrin baş verdiyi məkanın adını da rəsmilər bir neçə dəfə dəyişiblər, yalnız yaddaşlarda KARXANA kimi qalıb.

Müəllif

 

– I –

 

Ravillərin “aeroport əməliyyatı” uğurlu alındı, indi onlardan icazəsiz bircə qərənfil də təyyarəyə yüklənmirdi. Hava limanındakı yükçülərin hamısı öz adamları idi. Amma başladığı işləri birdən Sanı yarımçıq qoydu, Ravilləri yanına aldı, özünü Kürsümoğlunun dənizkənarı bağ evinə verdi, xanənişin oldu. Soyuqlar düşəndən bu tərəflər seyrəklik olurdu, ətrafda ins-cins gözə dəymirdi. Evin geniş otaqları Sanının xoşuna gəlmədi, gecələr qapı-pəncərədən içəri sızan nəmişlikdən sümükləri eymənirdi. Yaşamalı yer bağ evinin yarımzirzəmisi idi. Bura həm quru, həm isti, həm də kifayət qədər işıqlı idi. Kürsümoğlunun bağbanı arvadı ilə onların qulluğunda durur, biş-düşə baxırdılar.

Bir neçə gün keçəndən sonra süfrə arxasında Asta ləqəbli Ravil soruşdu:

-Qədeş, elə bilirsən burda bizi tapmazlar?

O, Bakı tatarlarından idi. Mehribanlıq yağan girdə sifətinə, tosqun cəmdəyinə, astagəlliyinə baxan deməzdi ki, bu adam peşəkar qatildir. O, heç vaxt zarafatından qalmırdı, hətta qətlləri də deyə-gülə başa çatdırırdı.

-Zona düşməzdən əvvəl bir az canımıza qulluq eləsək pis olmaz, - deyə Sanı da güldü. - Oğrunun evi türmə olsa da, azadlıq şirin şeydi...

Taxta ləqəbli Ravil heyifisləndi:

-Hayıf zəhmətimizə, batka!-dedi. - Hər şeyi düzüb-qoşmuşuq.

Bu Ravil Kazan tatarlarından idi. Dəvə kimi kinli, həddən ziyadə əzazildi. Can-cüssəsiz bir adamdı, tənini ikilik taxtadan ayırmaq olmurdu. Sanıya “batka” deyə müraciət eləyirdi. Onlar öz aralarında rus, Azərbaycan, tatar sözlərini bir-birinə qarışdıraraq danışırdılar.

-Hər halda, Məlikəjdərin kürkünə birə saldıq, -deyə Asta dilini nırçıldatdı. - Güldən gələn pullarına şərik olduq.

Taxta əlini oynatdı:

-Görünür, güldən gələn pul bizə qismət deyilmiş.

Sanı qətiyyətlə:

-Elə şey yoxdu, harda olsaq payımız çatacaq!-dedi. - Yükçülərin briqadiri etibarlı adamdı.

Asta əllərini bir-birinə sürtdü:

-Görərsiz, Məlikəjdər tezliklə dizini yerə qoyacaq.

Sanı razılaşmadı:

-Məlikəjdərin gücü balıqdadı. Hər dəfə gör, neçə qayıq salır suya! Bunu onun əlindən ala bilsəydik, kürəyini yerə qoyardıq...

Taxta laqeyd halda:

-Sən onu bizə tapşır, batka!

Bu deyimin altında nə gizləndiyini yaxşı bilən Sanı başını buladı:

-Olmaz! Deyərlər ki, Sanı övladi-peyğəmbəri öldürdü.

Bütün Bakı üstümüzə qalxar. Yoxsa nə vardı ki!-dedi, yenə nəsə demək istəyən Taxtaya məsləhət gördü: - Yaxşısı budu, yeməyinə bax, bir dəri-bir sümüksən, qabaqda bizi zon gözləyir.

Elə də oldu. Bir gün başlarının üstünü aldılar. Sanının gözləri dumanlandı, əlini yemək masasının altına atdı, tapançanın dəstəyindən yapışdı, amma zirzəmiyə doluşan milislərin sayı onu açmadı, tapançanı boşlayıb süfrədən bir duzlu xiyar götürüb dişinə çəkdi. Asta milislərə etinasızlıqla baxdı, özünü itirmədən axırıncı badəni qaldırdı, içməzdən qabaq:

-Adaş, iç, belə nemət yaxınlarda ələ düşən deyil!-deyə zarafat elədi.

Dəstəni qandallayıb istintaq təcridxanasına apardılar. Burda onları bir-birindən ayırdılar.

İttihamnamə Sanının gülüşünə səbəb olsa da, səsini çıxarmadı. Talançılıqda, qətl-qarətdə ad çıxarmış canini dələduzluqda günahlandırırdılar. Bu onu düşündürdü. İstintaq uzun çəkmədi. Müstəntiqin hər addımında bir ölçü-biçi gözə çarpırdı, dərinə getmədən, deyə-gülə sənədləri hazırlayırdı. Sanının cəzası yüngül oldu, cəmi iki il iş kəsdilər, amma, təəccüblü də olsa, hökm oxunandan sonra onu “zona” göndərmədilər, yenidən təcridxanaya qaytardılar.

Sanınən salındığı kiçik kamerada ondan başqa daha üç nəfər vardı. Biri köhnə cibgir idi, qalan ikisi isə, ilk baxışdan bilinirdi, cinayətdən uzaq adamlardı, həbsxanaya təsadüfən düşmüşdülər. Köhnə cibgir, az qala, Sanının başına dolanırdı. Həbsxana qaydalarını əzbər bildiyindən, kameradakı nizamı dəyişdi. Sanının taxtını ayaqyolundan aralı, qapının böyründə yerləşdirdi, ətrafına mələfə çəkdi, ayağının altına, haradan gətirdiyi məlum olmayan, yüngül bir xalça döşədi. Kameranın qalan iki sakini də qoyulan oğru qanunlarına dinməz boyun əydilər. Adına əfsanələr qoşulmuş qanuni oğru Sanı Abşeronskinın zəhmi hamını basmışdı.

Köhnə cibgir canlı ensiklopediya idi. Cinayət aləmində baş verənləri əzbər bilir, burda oturub “zon”lardan xəbər verirdi. Nəzarətçilərlə isə çox asanlıqla dil tapırdı. Sanıdan soruşdu:

-Bilmirsən, qədeş, səni hansı zona göndərəcəklər?

Sanı könülsüz dedi:

-Güman ki, Turşuluya, - dedi. - Bu maddə ilə ancaq ora göndərirlər.

Cibgir yara basmış üzünü qaşıdı:

-Turşulu yaxşı yerdi, - dedi. - Mən orda iki dəfə yatmışam. Nəzarətçiləri də insaflıdı, “obşakı” da zəngindi, maşallah, Lotu Faxı pul toplamağı bacarır.

Sanı onun sözünü kəsdi, hədələdi:

-Sən çərən-pərən danışma, bildiyini açıq de.

Cibgir dərhal mətləbin üstünə gəldi:

-İndi orada qarışıqlıqdı.

Sanı maraqla soruşdu:

-Müdiriyyətlə...?

-Yox, qardaşlarımızın arasına ikitirəlik düşüb.

Sanı cibgirdən öyrəndi ki, Turşulu zonda dustaqlar üç dəstəyə bölünüblər. Düşmənçilik eləyən iki dəstədi, üçüncü dəstə isə bitərəfdi. Əndazədən çıxmış qarşıdurmanın qabağını heç kim ala bilmir. Bu məlumatı alandan sonra Sanı həbsxanaya salınmağının səbəbini, təxmini də olsa, başa düşdü.

Səhərisi Ravilləri də onların kamerasına qatdılar. Əlaltılarına da oxşar maddələrlə hökm oxunmuşdu. Ravillərin gəlişi Sanını sevindirdi. Onların şərəfinə çay dəsgahının ətrafına təzəcə cəm olmuşdular ki, nəzarətçinin başı kameranın dəmir qapısındakı pəncərədə göründü.

-Sanı qardaş, rəis səni görmək istəyir.

Sanı çarpayıdan qalxmaq istəyəndə köhnə cibgir astadan dedi:

-Həbsxana qanunlarına görə oğrular rəislərlə təkbətək söhbət eləyə bilməz.

Sanının əvəzinə Asta Ravil dilləndi:

-Biz hələ ki, təcridxanadayıq, “zon”da deyilik.

Köhnə cibgir inadından dönmədi:

-Sizə artıq hökm oxunub!-dedi. - Harda saxlanmağınızdan asılı olmayaraq siz həbsxanadasınız.

-Yum ağzını! Bu da mənimçün qanun bilən olub!-deyə Taxta Ravil köhnə cibgirə acıqlandı.

Sanı mübahisəyə yekun vurdu:

-Qardaşımız haxlıdı, - dedi, sonra çarpayıda yerini təzədən rahatladı.

O, heç vaxt cinayət aləminin yazılmamış qaydalarını pozmazdı. İndi də həbsxana rəisinin çağırışına tək getmədi. Nəzarətçidən soruşdu:

-Özümlə neçə nəfər götürə bilərəm?

-Öz məsləhətinə bax, qardaş.

Sanı zarafatla:

-Kamerada məndən başqa beş nəfər var, - dedi. - Hamısını aparaqmı?

Nəzarətçi:

-Mənə elə gəlir ki, iki nəfər bəsdi, -dedi.

Sanı qalxdı, Ravillərə dedi:

-Mənimlə gedəcəksiz.

Ravillər dinməz ona qoşuldular. Üçü də kamera yoldaşlarının diqqətli baxışları altında cingilti ilə açılan dəmir qapıdan çıxdılar.

Tanış təcridxana rəisi yerində yox idi. Onun böyük kabinetində var-gəl eləyən mülki geyimli şəxsi Sanı dərhal tanıdı. Bu, təcridxana ilə yanaşı yerləşən Turşulu əmək-islah müəssisəsinin məşhur rəisi idi. Rütbəcə polkovnik olsa da özünü general kimi aparırdı. Dustaqların qarşısına mülki geyimdə çıxmağı xoşlayırdı.

O, keçib kürsüyə yayxandı. Ravillərə saymazyana baxdı, onlara küncdə, Sanıya isə üzbəüz yer göstərdi. Üç nəzarətçi qapıda hazır dayanmışdı. Rəis mehribanlıqla dedi:

- Sanı Abşeronski, uzatmayacağam, sənə işimiz düşüb. Sabah nə olacaq, bilmirəm, bu gün bizim sənin köməyinə ehtiyacımız var.

Sanı ehtiyatla:

-Eşidirəm, - dedi.

-Turşulu zonda dustaqlar arasına ikitirəlik düşüb, qarşıdurmada ölənlər var. Sən bizə kömək eləməlisən.!

-Bəs, niyə mən?

Polkovnik işgüzarlıqla:

-Birincisi, sənin bütün zonlarda nüfuzun var, avtoritetsən!

Sanı iltifatla:

-Məni qiymətləndirdiyinizə görə sağ olun. Amma Turşulu zonun Lotu Faxısı var. O məndən də nüfuzludu, məndən də...

Polkovnik onun sözünü kəsdi:

-Bizə sən lazımsan!-dedi. - Sən Turşuluda bir neçə dəfə oturmusan. Dəstə başçılarını yaxşı tanıyırsan, bəziləri sənin köhnə əlaltıların olub. Həm də tərcümeyi-halından məlumdu ki, sənin bir tərəfin azərbaycanlı, bir tərəfin ermənidir.

-Qarşıdurma, bəyəm, milli zəmindədi?

-Bəli, çəkişmə azərbaycanlılarla ermənilər arasında gedir. Səni hər iki tərəf özününkü sayır.

-Davaya səbəb nədi, axı?

Polkovnik çiyinlərini çəkdi:

-Kim bilir!-dedi. - Bitərəf qalanlar deyir ki, zona pərxaşlığı bir əcnəbi erməni salıb. O gələndən sonra dustaqlar arasına nifaq düşüb.

-Dediyin əcnəbi erməni hələ oradadı?

-Yox, onu başqa zona etap elədilər.

Polkovnik Sanının suallarını daha təhəmmül eləmədi, dustaq yenə nəsə demək istəyəndə səbirsizliklə onun sözünü kəsib soruşdu:

-Bizə kömək eləmək fikrin var, ya yox?

Sanı başını buladı:

-Sən bilirsən ki, oğru həbsxana rəisi ilə əlbir ola bilməz. Mən qardaşlarıma qarşı gedə bilmərəm, -dedi.

-Bu sənin axır sözündü?

Sanı dərindən nəfəs aldı:

-Bəli, axır sözümdü!-dedi və Ravillərə tərəf işarə elədi.

Polkovnik işarəni alan kimi qalxdı, qapıda dayanmış nəzarətçilərə dedi:

-Hər üçünü təkadamlıq kameraya salın. Görünür, bunları sözlə qandırmaq çətindi.

Çox keçmədi ki, Ravillər yıxıla-dura kameraya qayıtdılar. Onların halı cibgiri təşvişə saldı:

-Vay-vay!-dedi. - Bəs, Sanı qədeş hanı?

Taxta ağrıdan nıqqıldadı:

-Yəqin hələ çırpırlar... -dedi.

-Sizi nəyə görə döyürdülər ki?

Taxta qısaca izahat verdi. Cibgir mızıldandı:

-Sanı gərək razı olaydı.

Özünə gəlmiş Asta fısıldadı:

-Boş-boş danışma, Sanı nə elədiyini bilir.

Cibgir yekə-yekə dedi:

-Görünür, bilmir də!

Taxta hədə ilə:

-Sən bunu qanmazsan!-dedi. - Anladın?

Asta da qaydaları yaxşı bildiyindən:

-Cibgir ağa, hər iki tərəfin xahişi olmasa Sanı bu qarşıdurmaya girişə bilməz. Bilirsən ki, həbsxana rəisinin sözü ilə hərəkət eləsə, deyərlər, satqındı.

Cibgir üzünü qaşıdı. Soruşdu:

-Deməli, hər iki tərəfin xahişi lazımdı?

Asta başını tərpətdi:

-Hər iki tərəfin... -dedi.

 

- II -

 

87-ci ilin payızı idi. Günlər soyuq, solğun keçirdi. Axır vaxtlar Məlikəjdərin əndişəli əhvalı düzəlmirdi. Təbib qismində yanında fırlanan Səkil Qoçunun dəmlədiyi otlar da kömək eləmirdi. Həmişəki kimi Məlikəjdərin sol tərəfində bardaş qurub oturmuş Seyfəl dedi:

-Sonqulu da himayəmizə keçmək istəyir, ağa, -dedi.

Məlikəjdər məxmər kisədən çıxartdığı təsbehi əlinə alıb Seyfələ tərəf döndü:

- Deyirsən, Sonqulunun canına qorxu düşüb? -deyə soruşdu.

Söhbətin işgüzar istiqamətə dönməyindən Seyfəl razı qaldı, dərhal:

-Qorxu düşüb də sözdü, lap əsirdi, -deyə təsdiqlədi.

Məlikəjdər istehza ilə:

-Deyəydin ki, Sanı Abşeronski daha türmədədi, - dedi. - Əl-ayağa düşməyə lüzum yoxdu.

Seyfəl qımışdı:

-Dedim. Dedi ki, bu yaşımda ortada qalmaq istəmirəm.

Sanının adı çəkilən kimi onlardan bir az aralı yastıqlara yaslanmış Səkil Qoçu dodaqlarını marçıldatdı, gözünü açdı, mürgülü səslə:

-Siz yenə Sanını əldən buraxdız... -dedi, sonra yenə gözünü yumdu.

Məlikəjdər qocaya mehribanlıqla baxdı, amma qətiyyətlə dedi:

-Mən övladi-peyğəmbərəm, ocaq sahibiyəm, dədəm, qətlə rəvac verə bilmərəm.

Səkil Qoçu deyintili səslə:

-Mən Nazıoğlu Qulunun kökünün kəsilən günü görmək istəyirəm, ağa!-dedi.

Kifayət qədər ömür sürmüş Səkil Qoçu yalnız keçmişlə nəfəs alırdı, bu günlə, sabahla maraqlanmırdı. Dumanlı beynində aləm bir-birinə qarışmışdı. Bunu bilən Məlikəjdər ağsaqqalın sözünün başına ip salmadı.

Seyfəl təkrar soruşdu:

-Sonqulu kişiyə nə deyim, ağa?

-Qoy gözləsin, - deyə Məlikəjdər fikirli dilləndi. - Vaxtı çatanda özüm onu axtaracağam.

Seyfəl razılaşmadı:

-Ağa, lap vaxtıdı, - dedi. - Sonqulu danqa adamdı, nə qədər qorxu-ürkü içindədi, dizi üstə oturtmaq olar, elə ki qorxusu keçdi, quyruğunu belinə qaldırıb aradan çıxacaq.

-Qorxu altında ləbbeyk deyənləri neynəyirəm ki!-deyə Məlikəjdər başını buladı. - Hələ çox adam qorxudan üstümə qaçacaq, deyirsən, bu qorxaqların hamısını himayəmə almalıyam?

Seyfəl fikrini aydınlaşdırdı:

- Qızıl yumurta qoyan toyuğa hin tikməyə nə var ki!

Məlikəjdər qaşqabağını tökdü:

-Yaxşı bilirsən ki, himayədarlıqdan pay ummuram. Mənim adamlardan istəyim yalnız sədaqətdi, başqa bir umacağım yoxdu. Belə olub, bundan sonra da belə olacaq, - dedi. Və soruşdu:-Bayaq kim idi mənim yanıma gəlmək istəyən?

Seyfəlin cavabı kəsə oldu:

-Hambal oğlu Rahibdi.

Hambal oğlu Rahibi Məlikəjdər on il bundan qabaq özünə yaxınlaşdırmışdı. Aralarında qan qohumluğu yox idi. Bir zaman Sabunçu vağzalında hamballıq eləmiş Rəzzaqın, Məlikəjdərin əsgərlik yoldaşının oğlu idi. Hambal Rəzzaq uşaq evində Sanı ilə bir yerdə böyümüşdü, onun dəstəsinə qoşulmuşdu, amma bir yol türməyə düşüb-çıxandan sonra oğruya yaraşmayan bir işlə, hamballıqla məşğul olmağa başlamışdı. Elə buna görə də cinayət ortaqları ondan üz döndərmişdilər.

Rəzzaqın qəfil ölümü Məlikəjdəri kədərləndirsə də, dünya əzabından canını qurtarmış dostunun əvəzinə sevinmişdi. Onun kimsəsiz qalmış oğlunu qanadının altına almışdı.

Hambal oğlu Rahib atasına oxşamamışdı, od parçası idi. Ağaya məxsus alış-verişin böyük hissəsi onun əlundə cəmlənmişdi. İstilikxanaların qurulmağı, torpağın dərmanlanması, çilingənin yerə vurulması, gülün ərsəyə gəlməyi, məhsulun yığılması, kardon qutulara qablanması, Rusiyada satışına qədər Rahibin nəzarətində idi. Onun bir ayağı burda, bir ayağı Moskva-Leninqradda idi, yorulmaq bilmədən çalışırdı. Məlikəjdər seçimindən razı idi.

Amma bir-iki ay olardı ki, vəziyyət dəyişmişdi, güldən gələn gəlir azalmışdı. Məlikəjdər soruşdu:

-Qardaşoğlu, nə baş verir?

Bu ərəfədə ölkədəki qadağalar yumşalmışdı, iplər boşalmışdı, bir sözlə, dərəbəylik başlamışdı. Aeroportda peyda olmuş bir dəstə adam gül daşımalarına nəzarəti ələ almışdı. Bakıda maya dəyəri artmış qərənfili Moskvaya aparmaq daha sərf eləmirdi.

Məlikəjdər Rahibin qısa hesabatını dinləyib soruşdu:

-Dediyin yükçülər kimə tabedilər?

Rahib çiyinlərini çəkdi:

-Bilmək olmur, ağa! Nə milisdən, nə aeroportun rəhbərliyindən qorxuları yoxdu. Hər aparılan gülün üstündə iyirmi qəpik pul tələb eləyirlər.

Məlikəjdər bir müddət dinmədi. Rahib ehtiyatla soruşdu:

-Ağa, sən bilən yükçülərin dalında kim dayanır?

Məlikəjdər əlini təsbehə atdı. Otağa sakitlik çökdü, hamı sözünü uddu. Məlikəjdər handan-hana dedi:

-Yükçülərin arxasında, güman ki, Sanı dayanır.

- Sanı türmədədi, axı!

Məlikəjdər dinmədi.

Rahib cibindən siyahı cıxartdı:

-Burda iyirmi beş-otuz gülçünün adı var. Məni sənin yanına vəkil göndəriblər. Əgər ağa bu işə əncam çəksə, yaxşı qazancımız olacaq... Çox demirəm, hər gülün üstündə beş qəpik qazansaq, divarımız da qızıldan olacaq...

Məlikəjdər başını tərpətdi:

-Qardaşoğlu, təklifini eşitdim.

Rahib hələb-həlbət soruşdu:

-Gülçülərə nə deyim, ağa?

Məlikəjdər etinasız halda:

-Darıxma, tezliklə qərarımı bilərsən, - dedi. - Başqa bir sözün yoxdusa, gedə bilərsən.

 

- III -

 

... Qəsəbənin bünövrəsi təzə qoyulmuşdu. Məlikəjdər də ayaqyalın, başıaçıq kənd uşaqlarına qoşulub burda hər axşam düzənlənən rəqs məclislərinin tamaşasına gəlirdi. Ortaya düşüb oynayan gözəl Mariya yorulmaq bilmirdi. Fırlandıqca, çətir kimi açılan tumanı əsrarəngiz Abşeron gecələrini ehtizaza gətirir, erkən həddi-büluğa çatan kənd oğlanlarının canına od salırdı.

Məlikəjdər ilk gündən ona vurulmuşdu. Bəzən rəqs qecələri qurtarandan sonra da qəsəbədən getmirdi, Mariyanın yaşadığı barakın ətrafında vurnuxurdu. Boyu bir arşın bir qarış oğlanın hərəkətinə kənardan məna verən olmasa da Mariya nəsə duymuşdu. Rastlaşanda Məlikəjdərlə zarafatlaşırdı:

-Balaca kişi, haçan böyüyəcəksən?

Bacarıqlı kənd uşaqları qəsəbədə əncir-üzüm, göy-göyərti satırdılar, pul qazanırdılar. Məlikəjdər də bunu görüb həvəsləndi, xəstə anasını dilə tutub razılığını aldı, həyətlərindən əncir-üzüm yığdı, səbətlərə doldurub qəsəbəyə gətirdi. Alverdə əli olmadığından kim nə verirdi, ona da qane olurdu. Gözü toxluğu müştərilərinin sayını artırdı, tezliklə qəsəbə qadınlarının sevimlisinə çevrildi.

Mariyadan pul almırdı, əncir-üzümü ona havayı verirdi. Balaca oğlanın vurğunluğu gözəl qadını əyləndirirdi. Deyirdi:

-Balaca kişi, malını ona-buna havayı paylasan müflisləşərsən...

Məlikəjdər onun haqqında bəzi şeylər öyrənmişdi. Mariyanı tez-tez klub müdiri ilə görürdü. Bu cavanın adı Sanı idi. Özü də hündür, kəlpeysər şeydi.

Bir dəfə Mariya Məlikəjdərdən soruşdu:

-Sən Sanının nəyisən?

-Heç nəyi.

-Bir-birinizə yaman oxşayırsınız. Elə bil ki, sən Sanının burnundan düşmüsən.

Məlikəjdər dinmədi.

Məlikəjdərin uğuru kənd uşaqlarının xoşuna gəlmirdi. Onunla dalaşırdılar. Bir dəfə qalmaqalın üstünə çıxan Mariya harayçılıq elədi, dalaşqanları qovdu, üst-başı toz-torpağa batmış Məlikəjdərin qoluna girib barakına apardı. Tökülmüş düymələrini, cırılmış köynəyini tikdi. Sonra tasa su töküb üzündən qaysaqlanmış qanı yudu. Qurşağa qədər çılpaq olan Məlikəjdər bütün bu müddət ərzində susurdu. Birdən astadan pıçıldadı:

-Mən səni sevirəm, Mariya!

Mariya gülümsədi:

-Sən hələ körpəsən, - dedi. - Sevginin nə olduğunu hardan bilirsən?

Oğlan:

-Mənim on beş yaşım var, -deyə acıqla köynəyini əyninə çəkdi.

Mariya vədverici bir təbəssümlə gülümsədi:

-Böyüyərsən, bu barədə danışarıq, - dedi və əlini oğlanın çiyninə qoydu, yüngülcə dəhlizə itələdi. - İndi, get!

Birdən qapı açıldı, Sanı içəri girdi. O, möhkəm sərxoş idi. Bu səhnəni görüb hırıldadı:

-Mariya, indi də uşaqları tovlayırsan? -deyə soruşdu.

-Sanı, heç utanmırsan? - deyə Mariya incidi. - O ki, uşaqdı...

-Onun uşaq olduğunu mən də görürəm. Elə ona təəccüblənirəm ki, belə sütül oğlan sənə neynər?

Sanı bunu deyib bir də hırıldadı, Mariyanın belini qucaqladı, pərdənin arxasındakı çarpayıya tərəf sürüklədikdə Məlikəjdər qəzəblə onun üstünə atıldı. Sanı qadını buraxdı, üstünə cuman uşağın boynundan tutdu:

-Sürüş burdan, küçük!-dedi və özündən aralayıb dalından dizi ilə vurdu, barakın qapısından bayıra atdı.

Məlikəjdərin ilk sevgi macərası belə bitdi.

 

* * *

 

... Əsgərliyini çəkib gələndən sonra isə, Məlikəjdər tamam başqa səbəbə görə Mariyanın hər addımına göz qoyurdu.

Daş karxanasında çalışan Mariyaya bədbəxtlik üz vermişdi, ehtiyatsızlıqdan daş kəsən maşının altına düşmüşdü. Vaxtında xəstəxanaya çatdırılsa da hər iki ayağını itirmişdi. Dünənə qədər gözəlliyini itirməyən Mariya qəzadan sonra qocalmışdı, üzü qırışmışdı, saçları ağarmışdı.

Verilən təqaüd iynə-dərmanına çatmırdı. Ruhi xəstə olan qızı baxımsız qaldığından onu dəlixanaya yerləşdirmişdilər. Özünü də əlillər evinə göndərəcəkdilər ki, texnikumu təzə qurtarmış nəvəsi Səmayə razı olmadı.

-Qorxma, ay nənə, birtəhər başımızı dolandırarıq!-dedi.-Mən hələ əsas silahımı işə salmamışam.

Mariya Topal nəvəsinin nəyə işarə vurduğunu dərhal anladı və:

-Mən istəmirəm sən gözəlliyini bizə xərcləyəsən!-dedi. - Mən də gözəl idim, amma həyatımı məhv elədim. Sənə bunu rəva görmürəm.

Mariyanın bədbəxtliyi tanışlarını mütəəssir eləmədi. Onun qəsəbədə, qəsəbəətrafı kəndlərdə çox bədnam şöhrəti vardı. Hamı qadının düçar olduğu bəlanı Allahın haqlı cəzası sayırdı. Həmişə yaraşıqlı, həmişə şən Mariyanı əlil arabasında görənlər üzünü çevirir, kimsənin ona yazığı gəlmirdi.

 

* * *

 

Karxanada fəhlə təchizatındakı vəzifəsindən gedəndən sonra da qəsəbə ilə əlaqəsini kəsməyən Məlikəjdər toydan, yasdan qalmırdı. Uzun müddət təmasda olduğu adamları unutmurdu, vəziyyəti ağır olanlara azdan-çoxdan əl yetirirdi. Ağanın gəlişinə hamı sevinirdi. Mariyadan da köməyini əsirgəmədi. Bir gün də maşını onun qapısına sürdürdü. Seyfəl də onunla idi.

Mariya tək deyildi. Səmayə işdən gəlmişdi. O, qəsəbədən xeyli aralı olan sovxozda çalışırdı.

Qız çəld süfrə saldı, çay gətirdi. O, qonaqlardan gözünü ayırmırdı. Artıq haqqında əfsanələr dolaşan Məlikəjdərin bircə hərəkəti də nəzərindən yayınmırdı.

Qonaq Mariyanın balışının altına bir qom pul qoydu. Çarpayıda oturmuş qadın ağlamsındı, ona yaraşmayan kədərlə:

-Mən sənin bu yaxşılığının altından çıxa bilmərəm, ağa!-dedi, dərhal şənləndi: - Amma köhnə vaxtlar olsaydı, əvəzini natura ilə ödəyərdim.

Məlikəjdər gülümsədi:

-Heç dəyişməmisən, həmin Mariyasan ki, varsan!

Sağollaşıb gedəndə Mariya nəvəsi ilə himləşdi. Səmayə çəkinə-çəkinə ağanın əlindən tutub dedi:

-Mənə xeyir-dua ver, ağa! Mənə xoşbəxtlik dilə, ağa!

Məlikəjdər gözəl qızın arzusunu yerinə yetirdi. Əlini Səmayənin başına çəkib təsirlənmiş halda bayıra çıxanda Seyfəlin qulağına nəsə dedi.

-Hər ay? - deyə Seyfəl təəccübləndi.

Məlikəjdər qətiyyətlə:

-Hər ay!-dedi.

-Nə baş verir, ağa?

Məlikəjdər mümkün qədər laqeyd halda:

-Köhnə borclarımı qaytarıram. -dedi.

Seyfəl inamsız halda:

-Sənin də borcun olarmış!-dedi.

Məlikəjdər Seyfəlin çaşqınlığına güldü:

-Bu sən qanan borc deyil, bacınəvəsi, baş sındırma.

Bu səxavətin səbəbini Seyfəl sonralar da öyrənə bilmədi. Amma hər ay Mariyanın komasına gəlir, ağanın pul baratını əlil qadına əlbəəl çatdırır, əvəzində bol dua-səna aparırdı.

 

- IV -

 

Bir gün Səmayə özünü sevinclə içəri atdı:

-Nənə, sabah təzə evə köçürük!-deyə hay saldı.

Mariya otuz ildən çox yaşadığı sınıq-salxaq barakı lağla “sərdabə” adlandırırdı. Deyirdi ki, canım burda çıxacaq.

Hay-harayla gəlmiş nəvəsini başa düşmədi, soruşdu:

-Hansı evdən söhbət eləyirsən? -deyə gözünü Səmayəyə dikdi.

Səmayənin gözqamaşdırıcı gözəlliyi nəinki kişiləri, hətta qadınları da valeh eləyirdi. Qızın damarlarında bir-birinə qarışmış yad qanlar təbiətin süzgəcindən keçib möcüzə yaratmışdı. İndu qarı nəvəsinə baxdıqca fərəhlənirdi, cavanlığını xatırlayırdı. Nəvəsi ona çəkmişdi, amma nənəsindən fərqli hiyləgərdi, hətta şeytana da papış tikərdi. O, Mariyanı bir az intizarda saxlayıb sirrini açdı:

-Hatəm alıb!

-Nə Hatəm? Hansı Hatəm?

-Ağaoğlu Hatəmi deyirəm.

-Demək onu tora sala bildin?

Səmayə qürrə ilə gülümsədi:

-Özü məndən əl çəkmirdi!

Mariya onu yaxına çağırdı, məmnun halda üzündən öpdü, qayğılı dilləndi:

-Bəs, o evlidir, axı!

-Olsun da!

-Bəs, qorxmursan?

-Mən nədən qorxmalıyam, nənə? Mən səadət istəyirəm! Bu istəyimdə qorxulu nə var ki!

Mariya şübhə ilə:

-Ağa bilsə...

Səmayə onun sözünü kəsdi:

- Bilməz!-dedi, dərhal sözü dəyişdi: - Mən həmişə bilmək istəyirdim, nənə, ağanın bizə kömək eləməsinin səbəbi nədir?

Mariya köksünü ötürdü:

-Bu uzun söhbətdir, vaxt gələr, danışaram.

-Bəlkə elə indi danışasan?

Mariya gülümsədi:

-Müharibə başlayanda yeddi-səkkiz yaşım vardı, çox şeyi xatırlamıram, meşənin ortasında kiçik bir xutorda yaşayırdıq, almanlar gələndə arteli dağıtmadılar, xutoru bir nəfər inanılmış adamlarına tapşırdılar. Atam, gərək ki, almanlara qulluq eləyirdi, Benderovçulara qoşulmuşdu, qırx dördüncü ilin axırları onlar aradan çıxdılar, sovet ordusu qayıtdı, xutordakıların almanlara qulluq elədiyini dəqiqləşdirən kimi kişi qismində əllərinə keçəni güllələdilər. On altı yaşlı qardaşımı da divara söykədilər, amma atam qaçıb canını qurtardı, qırx beşinci ildə xutorun qadınlarını da əli avtomatlı əsgərlər mal kimi qabaqlarına qatıb apardılar.

Səmayə anlamağa çalışdı:

-Hara apardılar, nənə?

-Mən nə bilim, bala. -deyə Mariya kədərlə mızıldandı. - Bacımla anasız qaldıq, sonra qonşu xutorda yaşayan bir qarı bizi evinə apardı, orda bildik ki, uzaq qohumlarımızdandır. Qarı tək yaşayırdı, oğlanları müharibədə həlak olmuşdu deyənə hökumətdən qorxmurdu. Sonra kolxoz bərpa olundu, qarı qabağa düşdü, bizi də kolxoza götürdülər.

Qarı öləndən sonra artel sədri evimizə dadandı. Bacım yelbeyin idi, sədrin üzünə gülürdü, bir dəfə artel sədri bacımı gözümün qabağında zorladı. Gedəndə də bizi hədələdi:

“Dilinizi qarnınıza qoyun! Səsinizi çıxarsanız, ikinizi də Sibirə sürdürərəm. Satqın balalarına aman yoxdu.” Biz də qorxudan susurduq, bundan sonra artel sədri komamıza tez-tez gəlirdi. Artel sədrinin arvadı bu əlaqədən xəbər tutdu, xəlvətcə kəndə gəldi, qırğın-qiyamət saldı, bacımla məni maşına mindirib rayon mərkəzinə apardılar milis idarəsinin həyətində xeyli qız-gəlin vardı, hamısı bizim kimi siyasi cəhətdən etibarsız ailələrdən idi, buna baxmayaraq bizimlə mülayim rəftar eləyirdilər, deyilənə görə bizi sürgünə göndərmirdilər, yalnız yaşayış yerimizi dəyişirdilər, bunun fərqinə varmırdıq, hər halda söz verirdilər ki, göndərilən yerdə bizim həm iş yerimiz, həm də mənzilimiz olacaq. Bizi yük vaqonlarına mindirdilər, qatar tərpənəndən sonra vəziyyət dəyişdi, daxili qoşunların nəzarətçi əsgərləri gözəgəlimli qadınları əldən keçirirdilər, mən də bakirəliyimi bu çirkli-pasaxlı vaqonda itirdim, bacım məndən də gözəgəlimli, yaraşıqlı idi, ondan heç kim keçmirdi, ixtiyarı çatan bacımı gəlib aparırdı, bir gün onu qan içində gətirdilər, feldşeri çağırdılar, amma zavallıya heç nə kömək eləmədi, ölüsünü növbəti stansiyada vaqondan düşürtdülər, mən çox ağladım, çox dərd çəkdim. Amma nə faydası, bu çirkin həyatı yaşamaq lazım idi, nəhayət, Abşeron çöllərinə varid olduq, qırx-əlli çadır qurdular, yaxşı ki, yay idi, çadırlarda yaşayırdıq.

Səmayə qəflətən susmuş nənəsindən maraqla soruşdu:

-Bəs sonra?

Mariya Topal nədənsə acı-acı gülümsəyəndən sonra dilləndi:

- İki-üç buldozer, daşkəsən maşınlar gətirdilər, tozun-torpağın içində çalışırdıq, buldozerlər yeri təmizləyəndən sonra daş mədəni hazır olurdu, relslər qurulur, daş doğrayan maşınlar quraşdırılır, cərəyan verilirdi. Daşkəsən maşınları idarə eləmək çətin deyildi, bircə iri mişarların səsi ətimi tökürdü, ölçülü daşlar kəsirdik, axşam işdən qayıdırdıq, çimib qurulanırdıq, bir az dincəlirdik, sonra çadırların arasındakı kiçik meydançada qarmon sədaları altında rəqs eləyirdik, burada biz azad idik, başımızın üstündə əsgər dayanmırdı, amma həftədə bir dəfə qeydiyyata dururduq, bunun üçün «Komendantlıq» yazılmış çadırdan keçməli idik, bir azdan daş barakların bünövrəsi qoyuldu, tikintinin ustalığını özümüz eləyirdik, sementə qənaət olunurdu, məcburiyyət qarşısında daşı daş üstünə Abşeronda bol olan xakşirə ilə qoyurduq, taxta çox idi, hərbi hissədən böyük taxta qutular gətirmişdilər, dam bağladıq, komendant istifadə olunmuş şifer tapdı, onları qutulardan çıxarılmış mismarlarla mıxladıq, çalışmağımıza baxmayaraq qışı çadırlarda keçirtdik, baraklar yaza hazır oldu, hərəmizə bir otaq verdilər.

Səmayə soruşdu:

- Qəsəbə elə qadınlardan ibarət idi? Kişi yox idi?

Mariya Topalın alnı qırışdı:

- Kişilər də vardı, əsasən türmədən çıxanlar idi, onlarla müqayisədə bizim vəziyyətimiz yaxşı idi, o yazıqların günü lap qara idi, gündə iki dəfə qeydiyyatdan keçirdilər, sonralar qəsəbədə əsgərlikdən tərxis olunanlar da kök saldılar.

Səmayənin nənəsinə yazığı gəldi:

- Nənə, nə zülümlər çəkmisən!

Mariya Topal razılaşdı:

- Elədir! - dedi. - Amma xoş günlərim də olub.

Səmayə başını buladı:

- Hansı xoş gündən dəm vurursan, nənə?

Mariya Topal barmaqlarını bir-bir yumdu:

-Elə demə, bala! Anan bətnimə düşəndə sevindim. Fikirləşirdim ki, heç vaxt ana olmayacağam. Anan doğulanda sevindim. Böyüyəndə sevindim. Azdır bəyəm?

Səmayə üzünü turşutdu:

- İncimə, nənə, bunun harası xoş gün oldu? - deyə sözü çevirdi. - Bəs, doğulan uşağın atası kim idi? Yəni babam kim idi?

Mariya Topal köksünü ötürdü:

- Bilməsən yaxşıdı…-dedi.

Səmayə nənəsinin sirr saxlamağına güldü:

- Ay arvad, boşalt çinədanını!-dedi.

Mariya Topal dedi:

- Madam, təkid eləyirsən, deyərəm. Baban indi cinayət aləminin krallarından olan Sanı Abşeronskidir.

Səmayə heyrətləndi:

-Nə danışırsan?!

Mariya Topalı qəhər boğduğundan bir xeyli danışa bilmədi, sonra çətinliklə dilləndi:

- Əlli dördüncü ilin sonunda qəsəbə bir az da böyüdü, bir cavan oğlanı - klub müdiri qoydular, adı Sənan idi, amma hamı ona Sanı deyirdi, hündür, şaqqalı bir oğlandı, ətrafında iki yoldaşı fırlanırdı. Onlar gələn kimi qəsəbədə sahman yarandı, kənd cavanlarının əl-ayağı yığıldı, daha rəqs gecələri dava-dalaşsız ötüşürdü, qəsəbədə gözəl və gəzəyən qızlar çox idi, Sanı vaxtını onlarla keçirirdi, mən hər kişini özümə yaxın buraxmırdım, şortuluqdan qaçırdım, ola bilsin bu da Sanının diqqətini cəlb eləmişdi, başladı otağıma tez-tez gəlməyə, düzü, gizlətsəm də, mən ona vurulmuşdum, bütün həyatımı ona danışdım, altı ay ər-arvad kimi yaşadıq. Sanı birdən yoxa çıxdı, bir ay gözə görünmədi, qəflətən getdiyi kimi qəflətən də qayıtdı, münasibətimiz pozuldu, açığı özüm də ondan bezmişdim. Sanı qadınlardan doymurdu, onları cib dəsmalı kimi dəyişirdi, bir dəfə əməlli-başlı dalaşdıq, onu daha otağıma qoymadım, uşağa qaldığımı biləndə gec idi, mən bunu gözləmirdim.

Mariya Topal susub fikrə getdi. Səmayə onun əlinə toxundu:

- Bəs, ona demədin?

Mariya Topal mızıldandı:

-Çox gözüm atırdı!-dedi - Desəydim də inanmazdı, həm də Sanı ailəcanlı deyildi, qətl-qarətlə məşğul idi, bilirdim ki, beləsinin yeri bir gün türmədi, elə də oldu, bizim o komendantı vurub öldürdü, anan doğulanda onun məhkəməsi gedirdi.

Səmayə istehzasını saxlaya bilmədi:

- Mən də beləcə göydən düşmüşəm?

Mariya Topal nəvəsinin istehzasını qulaqardına vurdu:

- Doğma qızım da olsa, deməliyəm ki, anan mənə fərli övlad olmadı, mən qızımı xanım-xatın görmək istəyirdim, istəyirdim oxusun, adam arasına çıxsın, bizim kimi onun-bunun altında gün keçirməsin, amma belə olmadı, qəsəbə gün-gündən böyüyürdü. Moldaviyadan gələn qızların bəziləri ərə getmişdi, ev sahibi olmuşdu, qəsəbə get-gedə ətraf kəndlərlə qaynayıb-qarışırdı, İslam mühiti işini görürdü, daha qəsəbədə rəqs gecələri keçirilmirdi, daha kənd oğlanları buralara daraşmırdı, daha qadın-qız üstə bıçaqlanmalar olmurdu, səfehliklər arxada qalmışdı, qəsəbənin uşaqları qonşu kəndə məktəbə gedirdilər. Doqquzuncuda oxuyan anan canıyanmış özündən böyük bir cavana vurulmuşdu, bu cavan, eşitdiyimə görə, şulux işlərlə məşğul idi, amma ananın dərdindən divanə idi, hər gün onu məktəbdən evə qədər ötürürdü, çəpər dibində dayanıb saatlarla pıçıldaşırdılar, söz-söhbətləri qurtarmırdı, bunun axırını pis gördüyümdən ananı danladım, amma o, lap başını itirmişdi, söz eşitmirdi, oğlanın ailəsi bu izdivaca razı deyildi, ata-anası daş atıb başını tuturdu, kəndin hörmətli bir ailəsi anası şortuluqda ad çıxarmış bir qızı oğluna almaq istəmədi. Anan oğlana qoşulub qaçdı, bir müddət orda-burda kirədə qaldılar. Bir gün atanı tutdular, anan da uşaq qucağında üstümə qayıtdı, körpəsinə qıymadım, yoxsa evə qoymayacaqdım, amma anan ərinə sədaqətli çıxdı, türmə yollarında can çürütdü, atanı elə türmədə də öldürdülər, anan başqa kişiyə gözünün ucu ilə də baxmırdı, bəlkə elə buna görə də başı xarab oldu. Şikəsliyim olmasaydı, evdə saxlardım, amma mümkün olmadı, dəlixanaya qoydum, bu da bizim ailənin şəcərəsi.

Səmayə qalxdı ayağa:

- Hə, nənə, səni dinləyəndən sonra adam özünü asmaq istəyir!-dedi. - Mən gedim özümü asım!

Mariya Topal gülümsədi:

-Onda əvvəlcə məni as!

 

- V -

 

Xoş-beşdən sonra Kaştan kişi dərhal zarafatla Məlikəjdərə şikayətləndi:

-Ağa, sən yoxsan, məni çaya tutublar, acından öldürürlər, - dedi.

Mılikəjdər dərhal sözü dəyişdi:

- İndi səni başqa məsələdən ötrü çağırmışam, Kaştan kişi, - dedi.

Kaştan özünü yığışdırdı:

-Buyur, ağa!

-Mən generalla görüşməliyəm.

Kaştan tərəddüdlə:

-Ağa, nə sözün var, mənə deməlisən. Dediyini kəlmə-kəlmə ona çatdıracağıma söz verirəm. Sən ki, qaydaları bilirsən.

-Hərdən qaydaları pozmaq olar.

-Əlbəttə, ağa!-deyə Kaştan başını tərpətdi. - Amma zəmanə qarışıb, general istəmir ki, adı orda-burda hallansın, ağanın adı ilə yanaşı çəkilsin.

Seyfəl özündən çıxdı:

-Kaştan kişi, general adının Məlikəjdər ağa ilə yanaşı çəkilməyindən fəxr duymalıdı...

Məlikəjdər Seyfəlin sözünü yarıda qoydu:

-Bir hövsələn olsun, bacınəvəsi!-dedi, fikrini Kaştan kişiyə izah elədi: - Generala deyərsən ki, ağa damara düşüb, görüşmək lazımdı.

 

* * *

 

...Hərbi ticarət idarəsinin tabeliyində olan qəsəbə mağazası hissə komandirinin təminat üzrə müavininin nəzarətində idi. Kefi istədiyi oyunlardan çıxırdı. Müavin balacaboy, inadkar bir erməni idi. Məlikəjdər mağaza müdiri olsa da, səsini çıxara bilmirdi. Müavin əsgərlərin boğazından kəsdiyini mağazada satdırırdı, pulunu da cibinə qoyurdu. Əlbəttə, Məlikəjdər bilirdi ki, erməni özbaşına hərəkət eləmir, dalında hissə komandiri dayanır.

Dolaşıq idarəetmə sistemi idi. Qəsəbədə komendantlıq qurulmuşdu. Daş karxanasında ölkənin müxtəlif yerlərindən məcburi köçürülənlərlə yanaşı həm mülki adamlar, həm vaxtından qabaq türmədən azad olunmuşlar, həm də icbari əməyə cəlb olunmuşlar işləyirdi. Mülki adamlar sənəd üçün yaxınlıqdakı kənd sovetinə gedirdilər. Bu da onların azad vətəndaş olduğunu təsdiqləyirdi. Qalan əhali komendanta tabe idi.

Daş karxanalarından çıxarılan daş hərbi hissənin ehtiyaclarına sərf olunurdu, artığı mülki idarələrə satılırdı. Burada cüzi əməkhaqqı müqabilində azadlıqları məhdudlaşdırılmışların qul əməyindən istifadə olunurdu. Lazım olanda hərbi hissənin əsgərlərini də karxanaya basıb işlədirdilər.

Yetmişinci illər idi. Ölkədəki qorxu xofu azalırdı. Məlikəjdər rahatlığa can atırdı.

Belə bir imkan düşəndə əldən vermədi. Bu arada hərbi hissənin komandirini dəyişdirdilər. Mağazanı hərbi ticarətin tabeliyindən alıb fəhlə təchizatına verdilər. Ağa rahat nəfəs aldı.

Malı mağazaya gətirən gizir müdir ilə dostlaşmışdı. Soyadı Kaştanov olsa da, hamı onu Kaştan çağırırdı. Hissədəki dəyişikliklərdən xəbər tutan Məlikəjdər xeyli götür-qoydan sonra riskə getdi. Gətirilən malı qaytarıb gizirə dedi:

- Kaştan, hissə komandirinin müavininə deyərsən ki, mağaza müdiri daha qaiməsiz mal götürmür...

Zarafatcıl gizirin ağzı açıla qaldı. Soruşdu:

-Bəs, qorxmursan?

Məlikəjdər:

-Dediyim kimi çatdırarsan, - dedi.

Bir neçə gün keçdi. Podpolkovnik rütbəli təzə hissə komandiri Məlikəjdəri yanına çağırdı. O, mağaza müdirini danlamadı, bir müddət susdu, sonra mülayimliklə dedi:

- Sənin sifarişini aldım, - dedi. - Gəliri yarı bölsək işləyə bilərik?

Məlikəjdər gülümsədi:

-Bu ədalətli olardı, - dedi.

Podpolkovnik təbəssümlə:

-Danışdıq!-dedi. - Yenə bir sözün varmı?

Məlikəjdər onu əndişəyə salan məsələni axıra qədər çözməyə səy göstərdi:

- Podpolkovnik, bəlkə hissənin ərzaq təminatını Kaştanova tapşırasan? Gizir də olsa, kəlləli oğlandı. - dedi. - Qorxuram müavinin səni bada versin.

Podpolkovnik:

-Bunu da danışdıq!-deyə ayağa qalxdı, özünü saxlaya bilməyib çığırdı: -Balaca kişi, məni tanımadın? Adam komandirini də unudar?

Məlikəjdər İvanovu çətinliklə tanıdı. Bu onun əsgərlikdəki taqım komandiri idi. Keçən on beş il cavan leytenantı sanballı bir kişiyə çevirmişdi. Onlar qucaqlaşdılar.

- Bəs, məktubumu niyə çatdırmamısan, komandir? -deyə Məlikəjdər onu məşğul edən sualı verdi.

-Bağışla, əsgər, - deyə podpolkovnik günahkar halda boynunu bükdü - Macarıstandan gələn məlumatda sənin adını itkilərimizin siyahısında gördüm, məktubunu sevgilinə çatdırmağı mənasız saydım.

 

* * *

 

... Generalı gözləyirdilər.

O, rəsmi minik maşınında yox, köhnə bir səhra «UAZ»ında gəldi. Yəqin ki, gözə girməkdən çəkinirdi. Tək gəlməmişdi, nəvəsi də yanında idi. Bu beş yaşlı oğlan özünü böyük kimi aparırdı.

Nə sürücüsünün, nə cangüdəninin səsi çıxmırdı. Fikirləri generalın yanında idi, masanın arxasında narahat oturmuşdular. Bir ayaqları qaçaraq yeyirdilər.

Generalın qız nəvəsi qaraşın uşaq idi. Rus dilində sərrast, azərbaycanca isə dirənə-dirənə danışırdı. Məlikəjdər dedi:

-Dərhal bilinir ki, bizim bağın meyvəsidi.

Seyfəl təsdiqlədi:

- Elə bil fırt eləyib Şiriyevin burnundan düşüb.

General atmacaların tərcüməsini dinləyib gülümsədi. Kürəkəni Şiri Şiriyev azərbaycanlı idi. Bu yaxınlarda kənddən aralıda yerləşən nəhəng subtropik sovxozun direktoru təyin olunmuşdu. Məlikəjdərdən soruşdu:

- Şirilə münasibətiniz necədir, ağa?

Məlikəjdər laqeyd halda:

- Münasibətimiz yoxdur. Şiriyev bizdən yan gəzir.

- Niyə?

- Şiriyev şəhərin vəzifəli adamları ilə durub-oturur, biz onun nəyinə gərəyik?

General mülayim halda:

- Onun bu yekəxanalığı başına bəladır da, - dedi. - Amma səndən xahişim budur ki, kürəkənimi nəzərində saxlayasan. Vəziyyət gün-gündən pisləşir.

Məlikəjdər maraqlandı:

- Nəsə olub?

General dilini sürüdü:

- Şiridən söz çəkmək olmur. Amma Albina o günləri deyirdi ki, bir nəfər gəlib Şiridən pul istəyirmiş.

Məlikəjdər qaşlarını çatdı:

-Daha istəmirlər?

- Yox, daha istəyən yoxdur.

Məlikəjdər onu əmin elədi:

- Qoy narahat olmasın. Təhlükə hələlik sovuşub, Sanı türmədədi.

-Hansı təhlükədən söhbət gedir, ağa? Dediyin Sanı nəçidi?

Məlikəjdərin qısa izahatından general kriminal aləmin həndəvərində yaşadığını anladı. Bu onu təşvişə saldı. Amma balaca kişinin inamlı davranışından arxayınlıq tapdı.

- Onda səni eşidirəm, ağa! Nə məsələdi?

General işgüzar adamdi. İşin məğzini göydə tutdu. Məlikəjdərin təkliflərini bəyənmədi:

- Aeroportun rəhbərliyi ilə danışmağına dəyməz, - dedi. - Şəhər milisi isə məni eşitməz.

- Bir sözlə, bu işə girişməkdən imtina eləyirsən? -deyə Məlikəjdər soyuq soruşdu.

- Ağa, fikirləşirəm. - İvanov qeyri-müəyyən bir hərəkət elədi, birdən soruşdu:- Hərbi təyyarələr gül daşımağa yarayarmı?

Məlikəjdər çaşqın-çaşqın generala baxdı:

- Əlbəttə!-deyə əlini alnına vurdu. - Doğrudan ha, ordu qərargahının əlində o boyda hərbi aerodromlar var.

General soruşdu:

- Həftədə neçə reys lazımdır?

Məlikəjdər dərhal hesabladı:

- Üç-dörd reys olsa, bəsimizdir. İşimiz yoluna düşəndən sonra, lazım olar, reyslərin sayını artırarıq.

General gülümsədi:

- Bu problem deyil.

- Nə təyyarəsi olacaq?

- Yük təyyarələri, vertolyotlar, hətta qırıcı təyyarələri də yükdaşımaya cəlb eləmək olar.

- Sizin nəqliyyət hansı şəhərlərə uça bilər? - deyə Məlikəjdər maraqlandı.

- Ölkənin harasına desən, uçmaq olar.

- Yaxşı, əməliyyatın texniki tərəfi aydındır. Onu da həll elədik, - deyə Məlikəjdər ağa söhbətə yekun vurdu.

- Sən əməliyyatın maliyyə tərəfi ilə məşğul ol, ağa, texniki tərəfi mənlikdir, - deyə İvanov güldü. - Bizə vəsait lazımdı.

Məlikəjdər onun zəif damarını bilirdi:

- Bu işdə lap yekə pullar gizlənir.

General inamsızlıqla burnunu çəkdi:

- Deyirsən, generallara layiq pullardır?

- Lap padşahlara layiq pullardur, - deyə Məlikəjdər qəti dilləndi.

- Təqribən nə qədər?

Eşitdiyi məbləğdən İvanov diksindi, siqaretini külqabıya basdı:

- Baho!-deyə inamsız halda gülümsədi. - Ola bilməz!

- Bəli, bəli, general, heç şübhən olmasın, - deyə Məlikəjdər dilləndi. - Əlini ver, general.

İvanov razı halda onun əlini sıxdı. Bilirdi ki, bu balaca kişi böyük işlər üçün yaranıb. Gözlənilmədən təklif elədi:

- Mənə elə gəlir ki, biz daha tez-tez görüşməliyik.

Məlikəjdər dedi:

- Mən hazıram. Maniyələri özün qoymuşdun.

General izah elədi:

-Onda elə lazım idi.

Məlikəjdər anlamadı:

- Nə dəyişilib ki?

General istehza ilə:

- Aşkarlıq və yenidənqurmadır, - dedi. - Görmədin, bir gecənin içində respublikanın başçısını dəyişdirdilər?

Məlikəjdər başını tərpətdi.

-Nə olsun ki?

General təəccüblə başını yellədi:

-Təzə birinci katibin kimliyini bilirsən?

-Kimdir ki?

-Atası, bir vaxtlar, qəsəbədəki karxananın direktoru olub.

-Nə danışırsan! Gərək ki, sən onunla bərk dost idin:

-Bəli, ağa, dünyanın gərdişinə bax! Odur ki, haçan nə lazım oldu, birbaşa özümə müraciət elə. Bizə daha vasitəçi lazım deyil.

 

- VI -

 

Səkil Qoçu yenə coşmuşdu, bayır köşkü zəbt eləyib nəslin cavanlarını başına yığmışdı.

- Sizə ərz eləyim ki, qoçuluğumuz belə oldu: üç yoldaş idik, başçımız da, Allah ona qəni-qəni rəhmət eləsin, axund Mir Qədir ağanın qardaşı, Məlikəjdər ağanın əmisi Mir Canpolad idi, biz həm də xalauşağıydıq, üçüncü yoldaşımız Sanının atası Nazıoğlu Qulu idi.

Onun sözünü Sərraf kəsdi:

- Deməli, Nazıoğlu Qulu Sanının atası imiş.

Səkil Qoçu onun sözünü başının hərəkətilə təsdiqlədikdə Adəm sözə qarışdı:

- Bəs ona niyə Nazıoğlu deyirdilər?

Qoca bir qədər fikrə gedəndən sonra cavab verdi:

- Qulunu ona görə Nazıoğlu çağırırdılar ki, dədəsinin adı məlum deyildi, anasının adı isə Nazı idi, əlbəttə, Nazı yəqin bilirdi ki, uşağı kimdən doğub, amma nə səbəbdənsə bunu heç kimə demirdi. Barəsində, camaat arasında, çox hədyanlar danışılsa da kəndimizə gələndən namusla yaşamışdı, anam söyləyirdi ki, hardan gəldiyini bir özü bilirdi, bir də Allahı, elə bil kimdənsə gizlənirdi.

Sərraf soruşdu:

-Görəsən kimdən gizlənirmiş?

Qoca çiynini çəkib sözünü davam etdi:

- On dörd-on beş yaşında oğlu ilə bizim kəndə varid olanda Nazının heç otuz yaşı yox idi. Ziyarətgaha pənah gətirdiyindən sövmələrin birində qalırdı. Sonra Mir Qədir ağa Nazıya kəndin qırağındakı xaraba daxmada yerləşməyi məsləhət gördü. Burada əvvəllər yaşayan ər-arvad ağanın müridlərindən idi, ikisi də bir ayın içində naməlum bir xəstəlikdən canını tapşırdığından heç kim qorxudan bu tərəfə ayaq basmırdı. Nazı da bunu eşitmişdi yəqin ki, amma qorxmadı, ilk vaxtlar ağanın ianələrilə dolanırdı, sonra işi artdı, varlıların evlərini yığışdırırdı, silib-süpürürdü, yorğan-döşək salırdı, mitil sırıyırdı, bağ mövsümündə onu bəhməz bişirməyə, üzüm-əncir yığmağa, qurutmağa çağırırdılar, qışda yun didirdi, iplik əyirirdi, soğan suyu ilə onları boyayırdı, corabından tutmuş üst geyimlərinə qədər hər şey toxuyurdu. Toy, yas, təziyə, fərq eləməzdi, bütün qara işləri Nazıya tapşırırdılar, məclis sahibləri zəhməti müqabilində onun çadrasının altında gətirdiyi ləyəni süfrədən qalan yeməklərlə doldururdular, insaflıları qadının əlinə beş-on quruş pul da verirdilər.

Söhbətin bu yerində Sərraf bir atalar sözü işlətdi:

-Allah bəndəsini darda qoymur...

Adam soruşdu:

-Dədəm, bəs ona sataşan-zad olmurdu?

Qoca başını buladı, dedi:

-Olurdu, bəziləri xəlvətə salıb onu küncdə-bucaqda əlləşdirmək eşqinə düşəndə Nazı tələsmədən üzündən yaşmağını açırdı, onun sifətini bir dəfə görən bir də qadına yaxın getmirdi, Nazı çox kifir idi, üzü qara şırımlarla örtülmüşdü, alnında qara yara yerləri qaralırdı, baxanın ödü ağzına gəlirdi.

Sərraf bir də qocanın sözünü kəsdi:

-Onda Qulunun neçə yaşı vardı?

Səkil Qoçu çiynini çəkdi:

-Yaşını deyə bilmərəm, əmma o xırda sümüklü, davakar bir oğlandı, zehinli idi, mollaxanada hamıdan yaxşı oxuyurdu. Bicbala elə şeylərdən danışırdı ki, ağzımız açıla qalırdı. Nazının tapşırığına görəmi, ya başqa səbəbdənmi, bilmirəm, Qulu Mir Canpoladın kölgəsinə dönmüşdü, ondan bir addım da qırağa çəkilmirdi. Onu da sizə deyim ki, Mir Canpolad xaloğlum nəhəng, idbar bir adamdı, öküzü bir zərbə ilə aşırırdı, özüm şahidəm, qəssabxananın qabağından keçirdik, mıxdan qırılmış qəzəbli cöngənin buynuzundan yapışdı, qaşqasına yumruğunu necə tutuzdurdusa, heyvan dalı üstə çökdü, bir neçə dəqiqə özünə gəlmədi, yerindən dəbərmədi. Bu həmin vaxtlar idi ki, qohumlarımızdan biri şəhərdən gəlmişdi, görüşünə getmişdik, o, həsədlə Mir Canpoladın boyuna-buxununa baxıb dedi ki, sənin gücün-qüvvətin məndə olsaydı, qoçuluq eləyərdim. Elə deyəsən bu söz də bizi oyatdı, atışıb bir mauzer, bir-iki qatar patron aldıq, özümüzü ziyarətgahın dalındakı çöllüyə verirdik, nişangah qurur, əlimiz mauzerə yatana qədər atırdıq. Nazıoğlu Qulu hamımızdan yaxşı vururdu, əmma qabağımızı Mir Qədir ağa kəsirdi, axundun razılığı olmadan kənddən çıxa bilməzdik...

Qəfil bir qonağın gəlişi söhbəti yarımçıq qoydu. Gələn Lotu Faxı idi.

 

* * *

 

Lotu özünü fəxrlə oğru adlandırsa da, kənardan sanballı işbaza oxşayırdı. Ömrünün çoxu türmələrdə keçsə də, yalnız biləyində kiçik bir döymə vardı. Bu tac şəkli onun qanuni oğru titulundan xəbər verirdi.

Məlikəjdər onu ayaqüstə qarşıladı. Gülərək yer göstərdi:

- Qardaşım, sən tikanlı məftilli türməni bulaq başına döndərmisən. Haçan istəyirsən girirsən, haçan istəyirsən çıxırsan, - dedi.

Faxı keçib oturdu:

- Cəddinə sadağa olum, sənin ziyarətinə gəlmək üçün mən tikanlı məftilləri də adlamağa hazıram.

Məlikəjdər lotunun bəlağətindən xoşhallanaraq:

-Zonda işlər necə gedir?

-Sakitçilikdir, ağa, - deyə Lotu Faxı gülümsədi.

Seyfəl söhbətə qarışdı:

-Bəs, deyirdilər ki, ermənilərlə azərbaycanlılar arasında dava düşüb, bir-birini qırırlar...

-Dava bitib, neçə gündür sakitlikdir. Sanı zona gələn kimi hər şeyi yoluna qoydu.

-Nə təhər? -deyə Məlikəjdər maraqlandı.

- Gələn kimi Ravilləri buraxdı qabağa. Bir gündən sonra aranı qarışdıran erməni əsilli qanuni oğrunu boğazı ülgüclənmiş tapdılar, dava da qurtardı.

Məlikəjdər susdu. O, qanı sevmirdi, həmişə qandan qaçırdı. Lotu Faxı çox oturmadı, saatına baxıb qalxdı:

-Ağa, mən saat on səkkiz sıfır-sıfırda zonda olmalıyam. Vaxtım yoxdu, -dedi - Hələ bir neçə yerə də dəyməliyəm.

Məlikəjdər işarəni başa düşdü, Seyfələ tərəf çevrildi:

-Bacınəvəsi, obşaka olan ianəmizi qardaşımıza çatdırarsan, - dedi.

 

- VI -

 

Sabahısı Səkil Qoçu əhvalatın mabədini danışırdı. Başına cəm olmuş cavanlar huş-guş ilə qulaq kəsilmişdilər, axı, nəslin şəcərəsi hamını maraqlandırırdı.

-Qorxu-ürkü bilməyən Mir Canpolad bircə böyük qardaşından çəkinirdi. Onda Mir Qədir ağanın heç otuz yaşı yox idi, İranın Qum şəhərində təhsilini yarımçıq qoyub Vətənə dönmüşdü, atası rəhmətə getdiyindən, təriqətə başçılıq ona keçmişdi. Mir Qədir ağa onun xeyir-duasını almağa gəlmiş kiçik qardaşını dinləyib köksünü ötürdü, sonra mənim arxamda gizlənməyə çalışan Qulunu gözdən keçirib yenidən üzünü Canpolada tutub dedi ki, qardaşım, mən çox istəyirdim ki, sən oxuyasan, elm dalınca gedəsən, amma olmadı, sən bivec dayılarına çəkdin, mütrübxanaları mollaxanadan irəli tutdun. Həmişə döyüldün, həmişə söyüldün, amma düz yola gəlmədin, əksinə, “Qurani-Kərim”də deyildiyi kimi, yolu azmışların yolu ilə getdin, kitaba yox, tapança-xəncərə meyl saldın. Mir Canpolad cavab verdi ki, ağa, bütün ömrüm boyu dozanqurdu kimi torpaqda eşələnməyə həvəsim yoxdu, illərlə elm oxumusan, haralardan sorağın gəlmir, amma dolanışığın bu deyilmi? Bel əlindən düşmür, istəyirsən mən də sənin kimi zillət və ehtiyac içində gün keçirim? Mir Qədir ağa da qayıdıb cavab verdi ki, ehtiyac içində də şərəflə yaşamaq mümkündü. Canpolad da sözün bu yerində coşdu, nə coşdu, dedi ki, kim deyə bilər ki, var-dövlət içində yaşayan zənginlərin hamısı şərəfsizdi? Əcnəbilər dünyanın o başından durub Bakıya gəlirlər, milyonlara sahiblənirlər, nöyüt pullarını kürəklə kürüyürlər, biz isə ehtiyac içində yaşamalıyıq! Mir Qədir ağa kürəyini yerə vermədi, dedi ki, qardaşım, var-dövlət insana xoşbəxtlik gətirmir, əksinə, bütün bədbəxtliklərin baiskarıdır. Hə, bu yerdə daha dözmədim, söylədim ki, xalamoğlu, daha bizim oxumağ vaxtımız keçdi, rüsxət ver, şəhərə gedək, pul qazanaq, indi tapança-xəncər zəmanəsidir. O da dedi ki, yox, tapança-xəncər bizim təriqətimizə müvafiq deyil. Amma Canpolad yenə söz altda qalmadı, dedi ki, qədeş, tapança-xəncər təriqətə müvafiq olmasa da zəmanəyə müvafiqdi. Mən də Mir Qədir ağanın hirslənəcəyindən ehtiyatlanıb zarafata saldım, dedim ki, ağa, istəyirik bir az pul qazanaq, özümüzü tutaq, kasıblığın daşını ataq, sonra qayıdaq kəndə, nə təriqət qaçmır, nə də haqqın yolu! Yadımdadır, Mir Qədir ağa qaşqabağını töküb dedi ki, xaloğlu, Allah yolundan çıxanı Allah yoluna gətirmək çətindir. Qırımınızdan görürəm ki, fikriniz qətidir, sizin qabağınızı istəsəm də kəsə bilmərəm, xeyir-duamı qəbul eləyin. Sonra arxamdan çıxmayan Nazı oğlu Quluya işarə ilə soruşdu ki, bu uşağ kimlərdəndi, tanımadım. Mən Canpoladla himləşib bir neçə cümlə ilə ağanı maraqlandıran suala cavab verdi. Mir Qədir ağa istehza ilə dedi ki, bu qədər söz nəyə gərək, Səkil xaloğlu, bir kəlmə kifayət idi, çaşıb soruşdum ki, o hansı kəlmədi? Mir Qədir ağa istehza ilə gülümsədi ki, gərək deyəydin ki, Canpoladın oğulluğudu.

 

* * *

 

Tezliklə Canpoladın dəstəsi kənddən gələn, qoldan güclü cavanların hesabına böyüdü. Qısa vaxtda varlanmış dostlar əllərinə gələn pulu yığıb- yığışdıra bilmirdilər. Əlbəttə, başçının gəliri daha çox idi. Canpolad yoldaşları ilə məsləhətləşdi:

-Bu qədər pulu harda saxlasam yaxşıdır?

Nazıoğlu Qulu dedi:

-Bəlkə banka qoyasan? Deyilənə görə varlılar pulu orda saxlayırlar.

Səkil razılaşmadı:

-Pul həmişə adamın əlinin altında olmalıdır.

Mir Canpolad bir az düşündü, əskinasların bir hissəsini qızıla çevirdi. Səkillə kəndə yolladı. Özünə də tapşırdı:

- Ağaya deyərsən ki, nə qədər lazımdır xərcləsin, qalanını gizlətsin.

Səkilin gəlişinin səbəbini bilən kimi Mir Qədir ağa qeyzlə:

-Mən haram yeyənə oxşayıram? - deyə soruşdu. - Yəni çapqından gələn pula qalmışam?

Səkil onu dilə tutmağa çalışdı:

-Ağa, çapqın nədir, haram nədir, lap ana südü kimi halal puldur, - dedi. - Gecə-gündüz ayaq üstəyik, tacirlərin, sənətkarların malını qoruyuruq! Bunun müqabilində aldığımız para niyə haram olmalıdır ki?

Mir Qədir ağanı inandıra bilməyən Səkil suyu süzülə-süzülə geri qayıtdı.

 

* * *

 

Cahan müharibəsi başladı. Polismeysterin köməkçisi Arakelov Mir Canpoladı yanına çağırdı. O, Səkili də özü ilə aparmışdı. Polis idarəsinin qabağı qələbəlik idi. Çoxu şəhərin imkanlı adamlarından idi. Onları bir-bir çağırırdılar. Növbə Mir Canpolada çatdı. Arakelov onu hörmətlə qarşıladı. Dedi:

-Ağa, Osmanlı zülmündən bizə pənah gətirmiş erməni qaçğınlarına kömək lazımdır. Mən öz adımdan danışmıram, bu qubernator həzrətlərinin əmridir. Hər bir imkanlı şəxsin borcudur ki, erməni ailələrinə əl yetirsin.

 

* * *

 

İki erməni ailəsini köhnə anbarların birində yerləşdirdilər. Burada şərait elə də yaxşı deyildi, amma yaşamaq olardı. Üçüncü ailəyə nisbətən yaxşı yer tapdılar. Bu balaca həyəti olan bir ikigözlü daxma idi. İçəri quru idi. Dammırdı. Xırda bağçası, azca şorluğu olan su quyusu vardı. Səkil Mir Canpoladın əliaçıqlığının səbəbini dərhal anladı.

Bu erməni ailəsi üç nəfərdən ibarətdi. Ər, arvad, yeniyetmə qız. Ailənin başçısı qarnı belinə yapışmış uzunburun kişi enli arxalığının içində itib-batmışdı. On dörd yaşında qızcığaz yorğun idi, başını qaldırmırdı, üst-üstə geyindiyi paltarlar köhnə və çirkli olsa da, soyuqdan-ayazdan çatlamış dodaqları yetişmiş albalı rəngində idi. Şalın altından pırtlayıb çıxmış gur saçları sızanaqlı üzünə tökülmüşdü. Bütün bunlar onun gözəlliyinə kölgə sala bilmirdi. Cavan qadın isə, şux idi, elə bir yaraşığı olmasa da gözəgəlimli idi.

Nazı oğlu Qulu iki qoçu ilə ailəyə ilk vaxtlar lazım olan şeyləri daşıyırdılar.

Canpolad ailənin başçısına tərəf döndü:

- Məncə, bunlarla bir-iki gün ötüşərsiz…-deyə başının işarəsi ilə qoçuları buraxdı və üzünü ailə başçısına tutdu:

- Nə bacarırsan?

Erməni:

- Dədə-baba sənətim dəmirçilikdir, - dedi. - Adım da Artuşdur.

Artuş getmək istəyən qoçunu arvadının işarəsi ilə saxladı:

- Paşam, arvadıma da bir qulluq yeri lazımdır, - dedi.

Mir Canpolad geri çevrildi:

- Mümkündür, Artuş kişi, - dedi. - Xanımın əlindən biş-düş gəlirmi?

Erməni qadını ərindən qabaq dilləndi:

- Bacarıram, -dedi.- Adım Anuşdu.

Artuş bir də dilləndi:

-Qızım Mara da anasına kömək eləsə, pis olmaz, -dedi.

 

* * *

 

Səhərisi Mir Canpolad Səkillə içəri girəndə ailə ayaq üstə idi.

Qadın özü də bəzənib-düzənmişdi, qızını da geyindirib-gecindirmişdi.

Canpolad soruşdu:

- Gedəkmi?

Anuş ərinin razılığını gözləmədən, bu sözə amadə imiş kimi qızı ilə Mir Canpoladın qabağına düşdü. Qapıda dayanan faytona mindi. Qoçu da onların yanında oturdu. Səkil faytonçunun yanına qalxdı. Tezliklə Canpoladın yaxındakı mülklərindən birinə çatdılar. Bağbandan başqa həyətdə kimsə yox idi. O, gələnləri görüb komasına çəkildi. Səkil bilirdi ki, çağırmasan, oradan çıxan deyil. Mir Canpolad qonaq otağına işarə ilə:

- Xaloğlu, Mara xanımı sənə tapşırıram. Mən də Anuş xanıma mətbəxi göstərib gəlirəm, - dedi və təzə dəbə düşmüş qramafonu qoşdu. - Musiqidən zövq alın.

Anuş uşaq deyildi, niyə gəldiyini bilirdi. Sərbəst hərəkət eləyirdi.

Səkil Maranı söhbətə tutdu. Söhbətdən hali oldu ki, on dörd yaşlı qız həddən artıq tez yetişib.

 

* * *

 

Səkil axır vaxtlar, Nazı oğlu Qulunu Artuşun dükanının ətrafında tez-tez görürdü. Bu onu maraqlandırdı. Dostu bu neçə ildə xeyli dəyişmişdi. Yaraşıqlı, xətti-xallı, geyim-gecimli bir cavana çevrilmişdi. Belindəki xəncər və mauzer ona arxayınlıq verirdi. Silahla çox cəld rəftar eləyirdi. Əvvəlki ələbaxan oğlan yoxa çıxmışdı, yerində iddialı bir cavan dayanmışdı.

O, dükanın dalındakı balaca otaqçada Artuşla saatlarla mırt vururdu. Erməni bəzən Maranın evdən gətirdiyi günorta yeməyini Nazı oğlu Qulu ilə yarı bölürdü. Səkil yoldaşının erməni ilə curluğunun səbəbini anladı.

Bu ona qəribə gəldi. Nazı oğlu Qulunu qırağa çəkib dedi:

- Ay kətdim, bu sövdadan əl çək! Canpoladın qabağına keçmə…

Nazı oğlu Qulu əvvəl boynuna almadı. Sonra gördü Səkili aldatmaq mümkün deyil, dedi:

- Açığı, kətdim, mən Maranı almaq istəyirəm. Artuş kişi də razıdır.

 

* * *

 

Mara ətrafında olay sakitcə ötüşmədi, Anuşla Canpoladın arasında qalmaqala səbəb oldu.

-Sən Maradan əl çək, paşam. Gözümün qabağında alırsan qucağına, öpürsən, oxşayırsan, ora-burasını sıxcalayırsan... Onun cəmi on altı yaşı var, axı... Hələ uşaqdı!

-Nəyi uşaqdı? Səndən-məndən çox bilir... -deyə qoçubaşı güldü.

Elə həmin gün Canpolad cüzi pul müqabilində xırda bir ev aldı. Yüngülcə əl gəzdirəndən sonra Maranın ixtiyarına verdi. Onun üçün bir qulluqçu da tutdu. Mara oldu xanım.

Bu hadisədən bir gün keçməmişdi ki, onların başı elə qarışdı ki, eşqbazlıq yaddan çıxdı. Deyəsən, qara günləri gəlmişdi. Bir neçə qoçubaşı eyni vaxtda Canpoladla cəngə başladı. Düşmənçiliklərinə səbəb nə idi, bilmək olmurdu, heç nədən atışma düşür, Canpoladın adamlarını vurub öldürür, ərazisindəki dükanlara od vururdular. Dəstə duruş gətirə bilmədi, ölən öldü, sağ qalanlar kəndə qaçdı.

 

* * *

 

Canpolad bir yerdə gecələmirdi, gah orda, gah burda qalırdı. Yerini Səkildən başqa heç kimə demirdi. Allah hələ ki, onları qoruyurdu, neçə dəfə atışmadan sağ çıxmışdılar.

Yeməkləri-içməkləri qurtarmışdı. Bir gün Səkil qiyafəsini dəyişib bazara çıxdı, xəm-xurd alıb geri döndü. Gördü gizləndikləri ev qan içindədi. Səkil elə bir qətlin şahidi oldu ki, deyiləsi deyildi. Canpoladın başını bədənindən ayrılmış halda yataqda gördü. Bu tək adamın işi deyildi. Canpolad hər adama can verməzdi. Ya qatillərinin sayı çox olub, onlarla bacara bilməyib, ya da onu nagahan haxlayıblar. Səkil bir şeyin də şahidi oldu. Küncdə yekə bir çala vardı. Amma çala boş idi. Çalanın tənəkə qapağı səliqə ilə divara söykədilmişdi. İllər keçəndən sonra anladı ki, Canpolad pullarını həmin çalada saxlayırmış. Qatil də bunu bilirmiş.

 

* * *

 

Səkil Canpoladın meyidini kəndə apardı. Mir Qədir ağanın saqqalı qardaşının müsibətindən bir günün içində ağardı. Qadınların ağısına dözmək olmurdu. Nazı bir ağı deyirdi ki, eşidənin tükü biz-biz dururdu. Qadının üzü qanlı şırımlarla örtülmüşdü. Qohum-əqraba Nazını məclisdən uzaqlaşdırmaq istəyəndə Mir Qədir ağa qoymadı:

- O, mərhumun əyalıdır, - dedi. - İşiniz olmasın.

Səkil Canpoladı dəfn eləyəndən sonra şəhərə qayıtdı. Xırda-para işləri yarımçıq qalmışdı. Başı onlara qarışdı. Bir neçə aydan sonra Bakıda Qırmızı Kommuna quruldu. Nazıoğlu Qulu üzə çıxdı. O, Qırmızı Qvardiyaya yazılmışdı. Bu dünyanın dar vaxtı toy elədi, Maranı aldı. Səkil də eşidib toya çağırılmamış getdi. Gördü ki, kiçik, dəbdəbəsiz toyun iştirakçıları ancaq ermənilərdir. Hamısı silahlı, sinələri patrondaşlı idi. Nazıoğlu Qulu Səkili görüb qapqara qaraldı, uzaqdan çımxırdı:

- Səkil, kəsdiyimiz çörək haqqı, bir də rastıma çıxsan ananı mələr qoyacağam… - dedi və mauzerini çıxarıb keçmiş dostuna tuşladı, nişan almadan bir güllə atdı.

Güllə çağırılmamış qonağın qulağını yalayıb keçdi. Səkil toyu tərk eləməli oldu.

Kommunanın yaratdığı Qırmızı Qvardiyanın özəyində erməni daşnaq dəstələri dururdu. Şəhərin müsəlman əhalisinin qara günləri gəlmişdi.

Səkil kəndə qaçdı.

İki ay keçməmişdi ki, bir gün çöldə qoyun otaran çobanlar kəndə tökülüşdülər. Dedilər ki, erməni dəstələri qonşu kəndə hücum eləyiblər. Mir Qədir ağanın tapşırığı ilə Səkil Canpoladın dəstəsinin qalıqlarını bir yerə cəmlədi. Ağa yaxın kəndlərə də xəbər yolladı. Onun adını eşidən harayına hay verdi. Özü də səngərə girib dedi:

- Uşaqlar, qeyrət vaxtıdır…

Qırmızı Kommuna yıxılan kimi Bakıda qırğınlar dayandı. Havadarlarını itirmiş ermənilər əyalətlərə səpələndilər. Azərbaycanda demokratik cümhuriyyət quruldu, amma ömrü çox çəkmədi.

 

- VIII -

 

Sovet Rusiyasının hərb maşını təzəcə azadlığa qovuşmuş ölkəni yenidən işğal elədi. Zirehli maşınlar paytaxta irəliləyir, yolüstü kəndləri hələb-həlbət bombalayır, camaatın gözünün odunu alırdı. Şura hökuməti belə quruldu.

Zəmanəsinin alim adamlarından olan Mir Qədir ağa bərk sarsıldı. Dünyanın çarxına «nəhlət» deyib məscid axundluğunun daşını atdı. Az qala Allaha asi olsun. Necə də asi olmayasan, axı? Yer-göy dağılmalı idi, dağılmadı. Səyyarələr məhvərindən çıxmalı idi, çıxmadı. Dünya qaralara bürünməli idi, bürünmədi. Yenə əvvəlki tək Günəş çıxırdı, çaylar axırdı, dəniz dalğalanırdı. Mat qalmalı işdi, Allah bu quruluşun varlığına hələ də dözürdü.

Ağa camaat arasına təkdənbir çıxırdı. Günü kənddən aralı olan bağında keçirdi. Xeyrə-şərə belə getmirdi. Yay-qış əbasının ətəyi qurşağında, əlində bel meynələrə, ağaclara qulluq eləyirdi. Göyərti əkirdi, kartof-soğan becərirdi. Ailənin azuqəsinin böyük bir hissəsi onun əlinin zəhməti ilə əmələ gəlirdi. Arvadı xəstə idi. Böyük oğlu mollalığın daşını atıb məktəbdə müəllimlik eləyirdi. Kiçik oğlu ağıldan seyrək olsa da, elə ətrafında fırlanır, təsərrüfat işlərində ona əl yetirirdi. Qızı Bibigil xanım qonşu kənddə ərdə idi. Kürəkəni Mir Qədir ağanın müridlərindəndi. Neft mədənlərində çalışırdı. Güzəranı, zəmanənin övzayına baxanda, pis deyildi.

Şura hökuməti şəhərin mərkəzindən iyirmi-otuz kilometr aralı olan bu böyük kəndin əhalisinə etibar eləmirdi. Zirehli maşınlar kəndi keçib paytaxta doğru irəliləyəndə Qırmızı ordunun əsgərlərinə burada beş-on güllə atılmışdı. Hökumət yerini bərkidəndən dərhal sonra bunlar yada düşdü. Üzdə olan kişiləri silahlı əsgərlər Fövqəladə Komissiyaya aparır, sorğu-suala tuturdular. Ağa da onların arasında idi. Onu bir meşin pencəkli kişi dindirirdi. Tərcüməçi eynəkli bir cavandı. O qədər arıq idi ki, burnundan tutsaydın, canı çıxardı. Azərbaycanlı da olsa azərbaycanca dirənə-dirənə danışırdı. Güman ki, təhsilini rus dilində almışdı. O, bir köhnə yazı makinasının arxasında oturmuşdu.

Meşin pencəkli kişi qabağındakı siyahıda ağanın adını tapdı. Qeydləri tələsmədən oxudu. Qıyıq gözləri, sarışın bığları vardı. Qarşısında oturmuş din xadiminə etimadsızlıqla baxdı. Amma partiya komitəsinin «əhalinin tərəddüd eləyən hissəsini inqilabın tərəfinə çəkmək işi vacib işdir» təlimatını dəqiq yerinə yetirirdi. O, peşəkar inqilabçı idi. Əsli Kazan tatarlarındandı. Sonradan xaçlanmış müsəlmanların nəslindən olduğundan ikili düşünür, ikili də həyat sürürdü. Yəni nə məsihi kimi məsihi idi, nə də müsəlman kimi müsəlman idi. İslam tarixini bir az bilirdi. Kazan universitetinin şərqşünaslıq fakültəsində iki il boş yerə oxumamışdı. Tələbə hərəkatında iştirakına görə onu ali məktəbdən qovmasaydılar, yaxşı alim olardı. Sonrakı təhsili sistemsizdi. Yəni əlinə keçəni acgözlüklə oxumuşdu. Partiya nə işə göndərsə, gedirdi. Hətta Xəzərdə hərəkət eləyən poçt gəmilərinə basqında da iştirak eləmişdi. Qətl-qarətdən əldə olunan pulun inqilab nəfinə istifadənin tərəfdarı idi. Bunu ayıb saymırdı. Fəhlələr arasında yaşayır, fəhlə kimi danışır, fəhlə kimi geyinir, amma fəhlə kimi düşünmürdü. Çekist laqeyd halda ağanı dindirirdi.

-Adınız? Familiniz?

- Mir Qədir Mir Qənbər oğlu Axundzadə.

- Təvəllüdünüz?

- Miladi tarixlə 1870-ci ildə doğulmuşam.

- Təhsiliniz?

- Təbrizdə ali dini təhsil almışam.

- Sənətiniz…

- Din xadimi.

- Vəzifəniz?

- Heç bir vəzifəm yoxdur.

- Siz məscid axundu deyilsiniz?

- Mən axundluğun daşını atmışam, daha məscidə getmirəm.

- Niyə?

- Allaha asi olmuşam.

Ümumi məlumatları alandan sonra təriqətlə bağlı Mir Qədir ağaya bir neçə sual verdi. Çekist bu sahədə biliyinə etibar eləmirdi. Sualı tələsmədən verirdi. İslamdaxili təriqətlərdən elə də başı çıxmırdı.

Suallar Mir Qədir ağaya qəribə də gəlsə, əhatəli cavab verməyə çalışdı:

- Tərəfdarlarımıza xalq arasında «muxtari»lər deyirlər. Təriqətimizin bünövrəsi babam tərəfindən qoyulub. O, Hələbdə təhsil almışdı, zəmanəsinin böyük üləması idi.

Çekist onun sözünü kəsdi:

- Baban bizi maraqlandırmır...

Mir Qədir ağa kəfənini boynuna dolayıb ona irad tutdu:

- Adam özündən böyüyün sözünü kəsməz. Nə olar ixtiyar sahibi olanda!-dedi.

Dilmanc oğlan qımışıb onun sözünü ləzzətlə tərcümə elədi. Çekist diqqətlə ağaya baxdı, onun iradını eşitmirmiş kimi başını tərpətdi:

- Dediyim odur ki, mətləbdən uzaqlaşmayın,-dedi.-Təriqətinizdən danışın.

- Hə, təriqətimizə keçək…-deyə Mir Qədir ağa saqqalını sığalladı.

Çekist mülayimliklə onu tələsdirdi:

- Amma qısa danışın,-dedi.- Vaxtım yoxdur.

Mir Qədir ağa uzatmadı:

- Qurani-Şərifdə deyilir ki, insanı Allah-təala faili-muxtar yaradıb, yəni insanı azad xəlq eləyib, -deyə söhbətin məğzinə keçdi. - İnsanın azadlığını əlindən almaq Allaha qarşı getməkdir. «Muxtariləri» nə babiliklə, nə bəhayiliklə, nə Əli-Allahlıqla qarışdırmaq olmaz. Biz Qurani-şərifin ehkamlarından qırağa çıxmırıq. Əksinə, tələb edirik ki, müqəddəs kitabın hər bir ayəsi dəqiq yerinə yetirilsin. Onda nə zülm, nə zalim olacaq. Hamı bərabər yaşayacaq.

Çekist bayaqkı etimadsızlığını unudub maraqla tərcüməçinin sözünü kəsdi:

- Ağaya de, kommunistlər də belə fikirləşirlər. Biz də bütün əməkçiləri, fəhlələri, kasıbları azad görmək istəyirik. İnqilabımızın qayəsi budur. Azadlıq istəyirdik, bərabərlik istəyirdik, onu da əldə elədik.

Mir Qədir ağa dodaqaltı gülümsədi:

- Adətən, zorla əldə olunan şeyi əldə saxlamaq çətin olur, - dedi. - İstər rəncbər olsun, istər fəhlə olsun, istər təhsilli olsun, istər bisavad olsun, istər varlı olsun, fərqi yoxdur, hamı azad doğulur, amma hamı ona layiqdirmi?

- İnsan yaranandan azadlığa layiqdir…-deyə çekist onun sözünü kəsdi.

Mir Qədir ağa astadan dedi:

- Elə olmağına elədir, cənab! Amma zahirdə azadlığa qovuşmuş qul bətnindəki köləlikdən dərhal azad ola bilməz. Buna miruri-zaman lazımdır.

Dilmanc miruri-zamanın mənasını ağadan təkrar soruşdu, sonra rus dilinə anladığı kimi çevirdi.

-Milyon il? -deyə çekist inamsızlıqla soruşdu.

-Məcazi mənada deyirəm... -deyə ağa dəqiqləşdirdi.

Çekist razılaşmadı:

- Qul azadlığa çıxmasa, azadlığın ləzzətini hardan biləcək?

Ağa başını tərpətdi:

-Elədir, -dedi və dərhal əlavə elədi: - Amma savadsız və avam kütləyə çox azadlıq vermək olmaz. Bunun axırı pis olacaq.

Çekist heyrətlə bu saqqallı-əbalı kişiyə baxdı. İnqilabın ilk illərində başıpozuqluğu, hərc-mərcliyi görəndə o da bu qənaətə gəlmişdi ki, savadsız və qara kütləni başlı-başına buraxmaq olmaz. İndi Şərqli din xadimi ilə onun baxışlarının uyğunluğundan çaşdı:

«-Bu da sənə vəhşi Şərq! Gör, nələr düşünürlər!» -deyə fikirləşdi.

Həqiqi maraqla soruşdu:

- Demək istəyirsiniz ki, insanın azadlığı məhdudlaşdırılmalıdır?

Ağa çal saqqalını sığalladı:

- Bəli, son vaxtlar bu nəticəyə gəlmişəm…-dedi. - Dərəbəyliklə uzağa getmək olmaz.

- Bizim hakimiyyəti qəbul eləyirsən? -deyə çekist birbaşa soruşdu.

Mir Qədir ağa dolayı cavab verdi:

- Allah-təala mənim istəyimi gözləmədən məni yaratdı. Onun verdiyini şükranlıqla qəbul eləmək lazımdır.

- Bizim siyasətimizlə razısınız? -deyə çekist təkid elədi.

- Bizim narazılığımız nəyisə dəyişə bilərmi?

-Xeyr!

- Onda soruşmağa ehtiyac yoxdur.

Çekist gülümsədi. Daha ağanı saxlamadılar, buraxdılar. Ona verilən möhürlü kağıza çekist əlavə bir neçə söz yazdı. Gülə-gülə:

- Ağa, səninlə söhbət eləmək mənə çox xoşdur. İmkanın olsa, hərdən yanıma gəl, dərdləşək. Hayıf ki, din xadimisən, yoxsa səni bolşeviklər firqəsinə götürərdim, - dedi və tapşırdı: - Bu kağızı bərk saxla, gələcəkdə gərəyin olar.

 

* * *

 

Kağızın kəramətindənmi, ya başqa səbəbdənmi, məlum deyildi, bir müddət, doğrudan da, Mir Qədir ağaya dəyib-dolaşan olmadı.

İyirmi birinci ildə kənd yenidən çalxalandı. Ərzaq sapalağı toplayan silahlı adamlar soruşmadan evlərə, mülklərə, gizli saxlanc yerlərinə, anbarlara girir, əllərinə keçən azuqəni kökündən siyirib aparırdılar. Bir-iki məhəllədə qarışıqlıq düşdü, tüfəng səsləri eşidildi.

Bunu gözləyirmiş kimi, kəndə cəza dəstəsi girdi. Qabaqcadan hazırlanmış siyahı ilə kəndin mənəm-mənəm deyən kişilərini inqilab komitəsinin həyətinə cəm elədilər. Cəza dəstəsinin hərəkətləri səlis və dəqiq idi. Bu işlərin dalında kəndi tanıyan adamın dayandığını anlamaq çətin deyildi. Hamının gözü qarşısında məscid meydanında bir dəstə hampanı, varlını və taciri məhkəməsiz-filansız güllələdilər. Demə, cəza dəstəsinin başında Nazı oğlu Qulu dayanırmış.

Ağaya və onun ailəsinə toxunmadılar. Çekistin verdiyi kağız, doğrudan da, karına gəldi, yoxsa Nazı oğlu Quludan olsaydı, onu da dəsxoşa göndərəcəkdi. O, Mir Qədir ağaya belə dedi:

- Ağa, bir də rastıma çıxsan, kəlmeyi-şəhadətini oxu. Daha kağız-filan sənə kömək eləməyəcək.

Mir Qədir ağa onu barışığa çağırdı:

- Sən mənim qardaşımın ölümündə günahkarsan! Amma mən sənin qanına təşnə deyiləm, - dedi.

Gözünü qan tutmuş Nazı oğlu Qulu çımxırdı:

- Sənin qardaşının ölümündə günahkar mən deyiləm.

- Bəs kimdir?

- Onu polismeysterin köməkçisi Arakelov öldürdü.

- Nə üstə?

- Sənin qardaşın arvadbaz idi. Arakelovun əlindən məşuqəsini almışdı. Ona görə.

- Bəs, Səkil deyir ki, Canpoladı sən öldürmüsən…

- Qoy o Səkil əlimə düşsün, gör başına nə oyun açıram, - dedi və soruşdu: - Səkil kənddədir?

Ağa onun sualına cavab vermədi. Soruşdu:

- Deyirsən Səkil yalan deyir?

- Əlbəttə! Mən özüm Arakelovun əlindən canımı zorla qurtarmışam. Mən sizin qan düşməniniz deyiləm. Amma dostunuz da deyiləm. O rəhmətlik mənə dağ çəkib. Sağ olsaydı, onun canını özüm alardım. Bir də, ağa, heç şikayət eləmə, tökülən qanlara ağız büzmə, zəmanənin özü qana təşnədir, -dedi. - Görmürsən qan su yerinə axıdılır? Qandan kim qorxur ki? İstəsəm, sənin də qanını tökərəm.

- Sən ki indi hökumət adamısan, onun qanunlarını nə təhər pozacaqsan?

- Mənim qabağımı elə cibimdə gəzdirdiyim partbilet saxlayır da! Yoxsa səni divara söykəməyə mənə kim mane ola bilər ki?

Mir Qədir ağa onu bir də dilə tutdu:

- Onda barışığa gələk…

Nazi oğlu Qulu istehza ilə:

- Ay sən öləsən! Məni hərifləmək istəyirsən? İndi mənə verilən səlahiyyətlərin həddi-hüdudu yoxdur. Kimi istərəm asaram, kimi istərəm kəsərəm... - dedi və cibindən mandatını çıxartdı- Gör kimlər bu kağıza qol çəkib!

Ağa kağızı alıb gözünə yaxınlaşdırdı. Qaytaranda pıçıldadı:

- Qol çəkənlərin hamısı müsəlmanların düşmənidir, Nazı oğlu. Sən onlaramı qulluq eləyirsən?

Nazı oğlu Qulu narahat halda:

- Boş-boş danışma! Bu kişilərin hamısı inqilabçıdır…

Ağa bir də pıçıldadı:

- İnqilabçıdır-nədir bilmirəm, amma kağızda adı lap başda duran erməni on səkkizinci ildə kəndə hücum eləyən daşnaq qoşununun başında dayanırdı. Vaxtında xəbər tutduq, əli silah tutanı bir yerə yığdıq, qonşu kəndlərin qoçularını, onların adamlarını köməyə çağırdıq, günlərlə səngərdə yatdıq, yoxsa camaatı qıracaqdılar.

Nazı oğlu Qulu inadla:

- Səhv eləyirsən, qoca.

- Boşla, canım, səhv nədir? Həmin adam silahsız adamlara qan uddururdu.

Nazıoğlu qışqırdı:

- Dedim, səhv eləyirsən…

Mir Qədir ağa kədərlə dedi:

- Sən hələ cavansan, düşmənlərimizlə ittifaqa nahaq girmisən. Bilmirsən ki, dünya gəldi-gedər dünyadır, vəfasız dünyadır.

- Boş-boş danışma, qoca. Bəy-xan dünyasıdır vəfasız. Əməkçilərin dünyası vəfasız ola bilməz.

- Sən hələ cavansan, oğul, vəfasızlıq görməmisən…

- Kəs səsini! Sənin moizələrinə inqilabın ehtiyacı yoxdur... - deyə Nazı oğlu Qulu qışqırdı. - Əgər haqqın boynumda olmasaydı, mən sənə göstərərdim. Axx, neynəyim ki, anamın nəşini yerdən götürmüsən!

 

* * *

 

Cəza dəstəsi evdən aralanan kimi bağın böyründəki suyu çəkilmiş ovdanda gizlənən Səkil Qoçu Mir Qədir ağanın yanına gəldi.

Ovdanda hazır dayanmışdı. Mauzeri də dolu idi. Nazı oğlu Qulu bir az da o yan - bu yan eləsəydi, ağanın könlünə dəysəydi, baxmayacaqdı onun silahlı milislərinə, xosumvay eləyəcəkdi. Burdan getmək lazım idi. Qorxurdu ki, onu tutarlar, sədəməsi ağaya toxunar. Dedi:

- Ağa, mən gedirəm.

Mir Qədir ağa kədərlə ona baxdı:

- Qaçırsan?

Səkil zarafatından qalmadı:

- Qaçmaq pis sözdür, ağa, özümə bunu yaraşdırmıram.

Mir Qədir ağa da gülümsədi:

- Bəs, bunun adını nə qoyursan?

- Aradan çıxmaq deyirlər buna, ağa!

- Qaçmağın adını dəyişməklə məğzini dəyişmək olmaz, - deyə ağa söz atdı.

- Məğzinə varan kimdir? -deyə cavan Səkil güldü. - Əsas odur ki, baş yerində qalsın, papaq tapmağa nə var ki!

Mir Qədir ağa burnunu qarışdırdı:

- Zina oğlunun gəlişi səni yaman qorxudub, xalam oğlu, -dedi - Səni belə ağciyər bilməzdim.

Qoçu iraddan alınmadı:

- Sən onu mənim qədər tanısaydın, ağa, belə deməzdin. Bu zina oğlu Allahın bəlasıdır, -dedi və ağanı inandırmağa çalışdı. - Sənin də gizlənməyin vacibdir, ağa. O erməni qızı Anuş deyirdi ki, Qulunun imkanı olsa, Mir Qədir ağanın nəslini kəsəcək. Bu, boş söz deyil, ağa. Uşaqları da götür çıxaq, Xızı dağlarına. Oralarda qohum-əqraba çoxdur. İşlər yat-kut olana qədər qalarıq oralarda…

Mir Qədir ağa başını buladı:

- Mir Qədir ağa bir zinadan əmələ gələnin qabağından qaça bilməz, xaloğlu.

Səkil onu bir də dilə tutdu:

- Ağa, bir zinadan əmələ gələnlə bacarmağa nə var ki! O, indi tək deyil ey, özü kimi zinadan əmələ gələnləri yığıb ətrafına, hökumətlik edir.

Mir Qədir ağa qərarından dönmədi:

- Xaloğlu, daha başımı ağrıtma, mən kəndi tərk eləyəsi deyiləm…

Səkil gördü təkid eləməyinə dəyməz, sözü dəyişdi:

- Nazının qapıları bağlı idi. O, hara gedib?

Mir Qədir ağa laqeyd halda:

- Nazı bir neçə ay bundan qabaq rəhmətə getdi. Aparıb dəfn elədik.

Səkil vaysılandı:

- Vay-vay! Gərək ölüsünü yerdən götürməyəydin. Quluya dərs olardı.

Mir Qədir ağa ona qəribə nəzərlərlə baxdı:

- Necə olsa, adımız üstündə idi. Nazının keçmişini deyə bilmərəm, amma kənddə düz dolanırdı. Həm də rəhmətlik qardaşımın siğəsi idi. Keçə bilmədim.

- Nədən öldü? Xəstəliyi nə idi? -deyə Səkil maraqlandı.

Mir Qədir ağa könülsüz halda:

- Səhih kim bilir ki! Yatağa düşəndən sonra uşaqların anası hərdən ona baş çəkirdi. Onsuz da Canpoladın ölüm xəbərini alandan sonra Nazı evdən bayıra çıxmırdı. Bir dəfə uşaqların anasına demişdi ki, əgər bu qanı Qulu eləyibsə, südüm ona haram olsun.

Səkil çox durmadı, ağa ilə halal-hümmət elədi, ayrılanda ağanın gözləri doldu:

- Xaloğlu, Canpoladın ətrini səndən alırdım, sən də məni tərk elədin.

Qoçu ona ürək-dirək verdi:

- Ağa, yerimi-yurdumu bərkidən kimi xəlvəti gəlib səni başa çıxacağam, -dedi.

Amma vədə xilaf çıxdı. Kəndə bir də ikinci cahan müharibəsindən sonra qayıda bildi.

 

- IX -

 

… 33-cü ilin aclığı ölkəni bürüdü. Rusiyadan gələn bəla əyalətlərə yayıldı. Mir Qədir ağanın yanına bir nəfər gəldi. Bu onun qəzada yaşayan köhnə müridlərindən Əkil ağa idi. İçəri girən kimi salamsız-kalamsız:

- Simsar Ağa, daha batıram!-dedi.

Muxtarilər bir-birinə «simsar» deyə müraciət eləyirdilər. Bunun da mənası həmkar, qahmar, tərəfdar demək idi. Mir Qədir ağa həmişə hörmət-izzət gördüyü Əkil ağaya heyrətlə baxdı. Ehtiyatla:

- Simsar Əkil, nə baş verib? Bu nə halətdı? -deyə soruşdu.

- «Yoldaşlar» axırıncı dəni də quyudan çıxarıb apardılar. Daha nə baş verməlidir ki? Bir-iki heyvanım vardı, ümidim ona idi, ona da dabaq düşdü, başını qəflətən, harda gəldi qoydu, ələ də gəlmədi, murdar olub getdi. Evdə bir misqal azuqə qalmayıb, uşaqlar acdır, tərə yeməkdən göyəriblər. Daha nə baş verməlidir ki?... Keçən il bəd gəldi, arpa əkdim bitmədi, buğda əkdim bitmədi, göydən bir damla yağış düşmədi. Hər şey məhv oldu. “Yoldaşlar” da belə eləyir. Dənlik üçün saxladığım buğdanı da apardılar. Daha nə baş verməlidir ki?

Simsar Əkil, deyəsən, havalanmışdı. Ağa sadiq müridlərindən birinin bu günə düşməyinə kədərləndi. Simsar Əkil əliaçıq kişi idi, heç vaxt ağanı unutmurdu, ildə bir neçə dəfə yanına pay-puşla gəlirdi. Bunları yada salan Mir Qədir ağa fikirləşmədən ona əl tutdu. Kiçik oğlu ilə köməkləşib Əkil ağanın ulağına bir tay arpa yüklədi. Bu əliaçıqlıqdan kövrələn müridi onun əlindən öpmək istədi, Mir Qədir ağa qoymadı:

- Simsar Əkil, təriqətimizə görə biz qardaşıq…Belə şey eləmə, günaha batarsan, - dedi.

Ağanın öz vəziyyəti də yaxşı deyildi. Çətinliklə dolanırdı. Əlinin zəhmətindən savayı bir güman yeri qalmamışdı. Ağa axundluğun daşını atmışdı, məsciddən aralanmışdı, kəbin kəsmirdi, dua-pitik yazmırdı, nəzir-niyaz qəbul eləmirdi. Qorxudan varlı-hallı müridlərini də yaxın qoymurdu ki, deyəcəklər, ağa yenə təriqəti bərpa edir, başına mürid yığır. Amma kömək istəyənə bəqədəri-qüvvə əl yetirirdi.

Bu hadisədən bir həftə keçdi. Ağa külafirəngidə sobanın kənarında oturmuşdu. Ev hündürdə yerləşirdi. Balaca pəncərədən evinə tərəf qalxan yolla iki nəfər gəlirdi. Qabaqdakı adam simsar Əkil ağa idi. Yeriyəndə uzun qollarını yellətməyindən tanıdı. Axund qarşısındakı kitabı qırağa qoydu. Eynəyini çıxartdı. Əkil ağanın gəlişi onu pərişan elədi. İstədi həyətdə qurdalanan kiçik oğluna desin ki, qapıya gələnləri qaytarsın geri, amma şəninə sığışdırmadı. Köksünü ötürdü, qapıya çıxdı. Əkil ağa tikanla çəpərlənmiş həyətə girdi. Arxasınca bir çadralı zənən gəlirdi. Qoltuğundakını əvvəl boxça bildi. Mir Qədir ağa səhv elədiyini sonra anladı. Zənən bürüncəkli uşağı yerə qoydu. Bu iki-üç yaşında qız uşağı idi. Əkil ağa təmənləşmədən axundun qənşərində dayandı:

- Simsar ağa, bu uşaqları sənə qulluqçu gətirmişəm, - dedi və laübalı halda uzaqlara baxdı. - Böyüyü qızımdır, kiçiyi nəvəmdir.

Əkil ağanın gözləri bulanıq idi, bəbəkləri bir yerdə dayanmırdı. Qan Mir Qədir ağanın başına vurdu, müridinin halına varmadan çımxırdı:

- Sərsəmləyirsən, simsar Əkil. Mən qulluqçu saxlayan hampalardanam səninçün? İndi zəmanə o zəmanə deyil ki, belə zarafatlar eləyirsən.

- Simsar ağa, mən zarafat eləmək halında deyiləm.

- Zarafat deyilsə, lap pis. Sənin təklifini qəbul edə bilmərəm.

- Niyə, simsar ağa? Bu yaşında sənə kimsə qulluq eləməlidir, ya yox? Çöllü- biyabanda tək qalmısan…

Mir Qədir ağa hirslə:

- Bunun sənə nə isti-soyuğu var? Özüm bilərəm! Bir sözlə, sənin təklifin nə təriqətimizə uyğundur, nə də zəmanəyə…- deyə ağa əlini yellətdi. - Heç nəyə də ehtiyacım yoxdur, özüm-özümə qulluq elərəm. Elə bil heç zəmanə adamı deyilsən, Əkil ağa!

Qonaq bağırdı:

- Batsın belə zəmanə…

Mir Qədir ağa ehtiyatla pıçıldadı:

- Yavaş danış, -dedi.- Allah evini tiksin, evimi yıxarsan. Bilmirsən ki, yerin də qulağı var?

Əkil ağa matdım-matdım baxdı:

- Ağa, mən getdim, -dedi.

Mir Qədir onu saxlamağa cəhd elədi:

- Simsar Əkil, dayan, uşaqları da apar…

Əkil ağa qolunu onun əlindən çıxarıb dinməz uzaqlaşdı.

Mir Qədir ağa bir müddət həyətin ortasında quruyub qaldı. Handan- hana özünə gəldi, köksünü ötürdü, çərəkəsini çıxardıb istixarə elədi. Su quyusunun yanında dayanmış, soyuqdan titrəyən çadralı zənənə dedi:

- Balalarım, keçin evə, qonağım olun. Bir az qızının. Gün uzundur, bir şey fikirləşərəm. Allah kərimdir! Naümid kafərdir.

Qonaqlar içəri keçdilər. Külafirəngi isti idi. Mir Qədir ağa üstünə xalça salınmış alçaq taxtı göstərdi:

- Əyləşin, - dedi və açıq qapıdan oğlunu səslədi. - Adə, daha orda bitib qalma, gətirdiyin yeməyi sobanın qırağına qoy, isinsin. Görürsən ki, qonaqlarımız var, əlli tərpən.

Ağanın kiçik oğlu utana-utana içəri girdi. Qonaqlara tərəf gözünü qaldırmadan həsir zənbildən qazançanı çıxartdı, isti dəmir sobanın üstünə qoydu. Hələb-həlbət sobaya bir-iki çırpı atdı. Ağadan soruşdu:

- İzn versən, evə gedərdim.

- Get, amma axşama gəl ha.

- Oldu, ağa!

Mir Qədir ağa yerdə salınmış xalçanın üstünə süfrə saldı. Zənbildən dəstərxanı aldı, açdı. Taxçadan iki saxsı çuxur götürdü. Çaydandan suya çəkdi. Dəstərxandakı çörəyi iki yerə böldü. Bir hissəsini ortaya qoydu, qalanını dəstərxana bükdü, amma süfrədə saxladı. İsti xörəyi çölməklərə çəkdi. Qonaqlarını çağırdı:

- Gəlin oturun, nuş eləyin. -dedi.

Çadralı qonaq yerindən qımıldanmadı. Körpənin cırıq paltara bürünmüş bədəni titrədi, dodaqlarını yaladı, amma o da tərpənmədi. Ağa köksünü ötürdü, bayıra çıxdı. Qapıdan onları yalandan hədələdi:

- Yeməsəniz, sizi çubuqlayacağam…

Ağa həyətdə başını işlə qatdı. Payızın soyuğu canına işləyəndən sonra evə döndü. Gördü süfrə yığışdırılıb, qablar yuyulub, çaydan sobanın üstündə dızıldayır. Böyük qız çarşabını açmışdı, saçları çiyninə dağılmışdı. Gənclik təravəti ilə işıqlanmış üzü arıq idi. İri gözləri vardı. Çox gözəl olmasa da, suyuşirin qızdi. İri sinəsi köhnə çəpgəninə sığmırdı.

Ev sahibi içəri girəndə böyük qız ayaqüstə idi. Var-gəl eləyirdi. Keçib çadranı tələsmədən başına çəkdi, ucu ilə yüngülcə yaşmandı. Ağa onun yaraşığını, qəddi-qamətini görüb məyus oldu. Kədərlə dedi:

- Bala, mən sənin baban yaşındayam! Özünü azad hiss elə. Elə təriqətimiz də bunu təbliğ eləyir. Şura hökuməti də azadəliyin tərəfdarıdır.

Xalçanın üstündə böyrü üstə hərəkətsiz düşüb qalmış qızcığaz tox yeməkdən, otağın istisindən mışıl-mışıl yatırdı. Ağanın işarəsi ilə Əkil ağanın böyük qızı uşağı qaldırdı, taxtın üstünə uzatdı. Ağa köhnə əbasını divardan alıb onun üstünü örtdü. Sonra yerdə bardaş qurub oturdu, xırda mütəkkəni dirsəyinin altına aldı. Ayaq üstə dayanan böyük qıza buyurdu:

- Keç otur, bala, babandan utanma, - dedi.

Qız göstərilən yerdə oturdu, yaşmağını yarımçıq açdı. Gözlənilmədən dilləndi. Onun səsində elə bir məlahət vardı ki, Mir Qədir ağa diksindi.

- Simsar ağa, mənə baba lazım deyil. Mənə azadlıq da lazım deyil. Atam məni sənə kəniz göndərib. Mən də bu təklifə razılaşdım ki, ailəmizə kömək olsun. Bundan sonra qulluğunuzda duracağam.

Qız aydın danışırdı. Fikrini səlis ifadə eləyirdi. Ağanın açıq danışan qızdan xoşu gəldi. Eyni açıqlıqla dedi:

- Bala, mənə nə kəniz, nə qulluqçu lazımdır. Qoca kişiyəm, hay-hayım gedib, vay-vayım qalıb. Sənə cavan adam lazımdı. Atanın sözü ilə başqa xəyallara düşmə. Belə olmaz, axı! Mən simsar Əkili belə başı xarab bilməzdim.

Qız onu eşitmirmiş kimi, məlahətli səslə onun sözünü kəsdi:

- Simsar ağa, mən uşaq deyiləm, mənə lazım olanı bilirəm, - dedi.

Mir Qədir ağa qaşqabağını tökdü:

- Xanım qız…

- Mən qız deyiləm, bir dul gəlinəm, simsar ağa.

Mir Qədir ağa özünü itirdi:

- Sənin dul olduğunu bilmirdim. Elə bildim qız uşağısan!-dedi.- Kişin rəhmətə gedib?

Qadın bir az acıqla cavab verdi:

- Rəhmətə getməyib, göndəriblər.

Ağa maraqlandı:

- Əgər sirr deyilsə, nə üstə?

Əkilin böyük qızı daha böyük acıqla:

- Sirr niyə olur ki?.. Mənim köpək oğlu ərim dinc oturmurdu, orda xosunlaşırdı, burda xosunlaşırdı, hökumətlə hökumətlik eləyirdi. Qoşulmuşdu bir-iki özü kimi başı xaraba. Bir gün milislər gəldi, tutub apardılar onları. Məhkəməsiz-filansız güllələdilər, guya üsyan hazırlayırmışlar. Qayınatamla qayınanam məni saxlamadı, dedilər, ayağın bəddir, bizə düşmür. Qayıtdım atam evinə. Bu hadisəyə görə atamı da çək-çevirə saldılar. O da qəzəblənib məni başından eləməyə bəhanə gəzirdi... Dedi ki, sən ailəmizə bəla gətirdin, səni Mir Qədir ağaya kəniz göndərirəm. Mən də razı oldum. Hər gün ac-yalavac, danlaq altında yaşamaqdansa, kənizlik yaxşıdır…

-Uşaq sənindir? -deyə ağa maraqlandı.

-Xeyr, ağa, böyük bacımın körpəsidir. Bacım rəhmətə gedəndən sonra mən saxlamışam. Elə öyrəşib ki, mənsiz bir dəqiqə də qalmır, -deyə gəlin dilləndi.

Ağa bir az düşündü, qətiyyətlə dilləndi:

-Səni atanın evinə qaytaracağam, -dedi.

Əkilin qızı bir ləhzə dinmədi, birdən gülümsədi:

- Bu mümkün deyil, simsar ağa!

Ağa onun gülüşündən rəncidə oldu:

- Niyə, xanım? Mənə səni qaytarmağa nə mane ola bilər ki? -deyə soruşdu və çaşqın-çaşqın döyükdü.

Ağsaqqal kişinin çaşqınlığı gəlinin kefini açdı. Ürəkdən güldü:

- Simsar ağa, atam məni bura gətirməzdən qabaq mollaya apardı, kəbinimi sənə oxutdurdu. İndi biz Allahın hüzurunda ər-arvadıq.

Heyrətdən ağanın gözləri iriləndi. Təsbeh əlindən düşdü:

- Xanım, xanım, elə danışma. Mən heç kimi vəkil eləməmişəm ki, mənim adımdan danışsın. Sənin atana da belə bir səlahiyyət verməmişəm. Bu nikah batildir…

Gəlin mehriban bir istehza ilə:

- Elə şey yoxdur, simsar ağa! Təriqətimiz bu səlahiyyəti atama verir… «Təriqətin hər bir üzvü o birisinin vəkilidir! Həm bu dünyada, həm də o dünyada!» Sizin öz sözləriniz deyilmi?

Ağa məğlub oldu. Saqqalını sığalladı:

- Xanım, söz mənim sözümdür, amma bu başqa mənada deyilib, -dedi.- Belə başa düş, xanım, onsuz da hökumət yanında əskim tüstülüdür. İkiarvadlığı da dübarə günah kimi boynumdan asarlar, işlərim kəlləmayallaq olacaq.

- Simsar ağa, bunun hökumətə nə dəxli var? Bir mən bilərəm, bir də sən…

Ağa qalxdı ayağa:

- Bu hökumətə hər şeyin dəxli var!-dedi.- Sən, xanım, naməhrəmlə bir otaqda qala bilməzsən. Dincinizi aldız, indi yığışın, sizi geri aparacağam.

Qadın yerindən tərpənmədi. Arxayın-arxayın yaşmağını açdı, sonra çadranı çiyninə saldı, üzünə düşən saçlarını başının kəskin hərəkəti ilə geri atdı. Mir Qədir ağa bu məlahətin qarşısında sarsıldı, çal saqqalını didişdirərək bayıra atıldı.

Bir azdan şər qarışacaqdı. Ağa toyuq-cücəni hinə qatdı. Evin daldayında bağlanmış ulağın qabağına bir qom ot atdı. Heyvanın soyuqdan büzüşdüyünü görüb çulu onun belinə atdı. Qalın əbasına bürünüb üzümlüyü, sovulmuş bostanı xeyli dolandı. Qərara gələ bilmirdi. Əkil ağa ona elə bir tapmaca vermişdi ki, açmasını tapa bilmirdi. «Nəhlət şeytana!» -deyib evə qayıtdı.

Gəlin süfrə açmışdı, iki fincan çay süzmüşdü. Çuxurlardan birinə meyvə qurusu tökmüşdü. Yəqin vaxtını boş keçirməmişdi, rəflərlə, evin saxlanc yerlərilə tanış olmuşdu. Ağanı bu sözlərlə qarşıladı:

- Simsar ağa, özünüzü nahaq yerə soyuğa verirsiniz. Mən öz xoşumla bu evi tərk eləməyəcəyəm…Gəlin oturun, çay için…

Ağa pərişan halda mızıldandı:

- Bilmirəm, neynəyim, xanım,- deyə asqırdı və xalçanın kənarında oturdu, corablarını soyundu. - Mən sizin inadınızı başa düşmürəm…

Gəlinin yanaqları istidən təravətlənmişdi. O qətiyyətlə dedi:

- Simsar ağa, siz məni evinizdən qova bilərsiniz, amma mən atamın evinə qayıtmayacağam.

- Bəs, hara gedəcəksən?

- Küçəyə gedəcəyəm. Hər yerdə də deyəcəyəm ki, məni bu işə ərim Mir Qədir ağa vadar elədi.

Ağa həqiqətən qorxdu:

- Nə danışırsan, xanım? Sən məni, baban yaşında bir kişini şərləyəcəksən? Allahdan qorxmursan?

- İnsan vadar olanda heç kimsədən qorxmur, simsar ağa!

Ağa diqqətlə ona baxdı:

- Sən, xanım, deyəsən, oxumuşlardansan?

Gəlin etinasız halda:

- Elə də böyük təhsilim yoxdur, -dedi.- Bir az savadım var. Ərəb hürufatı ilə kitab oxuyuram, onu atamdan öyrənmişəm. Latın əlifbasını Şura məktəbində öyrənmişəm. Beşinci sinfə qədər oxumuşam.

Ağa maraqla soruşdu:

- Sonra nə oldu?

Gəlin başdansovdu:

- Sonra məktəbin binası yandı. Dedilər, sinfi düşmənin işidir, gözü götürmür ki, övladlarımız savadlansın. Müəllim yarım il gah bu tövlədə, gah o tövlədə uşaqlara dərs keçdi. Sonra bezikdi, qoydu qaçdı. O biri kənd isə uzaq idi. Beləcə, qaldıq başlı-başına. Sonra da atam məni ərə verdi, məktəb də getdi işinin dalınca, - dedi və bunları danışa-danışa taxçadan mis ləyəni aldı, çaydandan isti su tökdü, bardaqdan soyuq su əlavə elədi, əli ilə yoxladıqdan sonra gətirib sobanın yanındakı kətilin bərabərində qoydu:- Simsar ağa, gəl otur, ayaqlarını isti su ilə yuyum. Sənə soyuq olub, asqırırsan…-dedi.

Qəza-qədərə müqavimət göstərməkdən bezikmiş ağa dinməz qalxdı, kətildə oturdu, balaqlarını çirmələdi, ayaqlarını isti suya saldı. Gəlin diz üstə çökdü, ağanın kəndli ayağı kimi cadar-cadar olmuş ayaqlarını ovuşdura-ovuşdura yudu. Bu təmasda nə vardısa, ağa diksindi. Xoş xatirə qəlbini tərpətdi:

- Yadıma düşdü, beş-altı il bundan qabaq sizin kəndə hüzrə gəlmişdim. Atanın qonağı oldum. Sən mənim ayağımı yuyanda qıdıqlayan qızsan! Hüzrdə az qala məni güldürəcəkdin.

Gəlin qıyqacı ona baxdı, gülümsədi:

- Axır ki, yadına düşdüm, simsar ağa! Sənin diqqətini özümə cəlb eləmək üçün daha nə eləməli idim ki? Buyruğunda dururdum, hər xırda istəyinizi dərhal yerinə yetirirdim, yenə də mənə etina eləmirdin…

Ağa heyrətlə gülümsədi:

- Adın nədir, ay inadkar gəlin?

Gəlin altdan-yuxarı ona baxdı:

- Simsar ağa, adım Simsardır! Bu adı, deyirlər, sən mənə qoymusan. Təriqətimizin şərəfinə …

Ağanın yadına düşdü. Dünya müharibəsi təzə başlamışdı. Əkil ağa ikinci qızının adqoydusuna axund Mir Qədir ağanı dəvət eləmişdi. «Muxtari»lərin başçısı razı olmuşdu. Ağa onda cavan idi, kefi kök idi. Vilayətin hörmətli kişilərindən biri idi. Köhnə vaxtlar gəldi dayandı gözünün önündə, gözləri yol çəkdi:

- Yadıma düşdü, Simsar xanım, yadıma düşdü, -dedi.

Gəlin qabağa əyildi, az qala, alnı ağanın dizlərinə toxunsun. Dirsəyə qədər çirmələdiyi qolu ilə üzünə tökülmüş saçlarını geri atdı. Ağa daha dözmədi, əlini onun başına çəkdi. Gəlin dikəldi, yaş əlləri ilə ağanın quru və isti əlini qamarladı, minnətdarlıqla dodaqlarına sıxdıqda iri dənəli göz yaşları yanağına axdı. Mir Qədir ağanın çal saqqalı işıldadı, solğun dodaqları nar kimi qızardı.

 

* * *

 

Şura hökuməti ikiarvadlılığı qanundan kənar sayırdı. Köhnəliyin qalıqları ilə ölüm-dirim mübarizəsi gedirdi. Haqq tərəfi, dərrakə sahibi olan Mir Qədir ağa dünyanın qarışıq vaxtında ikinci arvad almaq fikrində deyildi. Heç sinni də buna imkan vermirdi. Dolanışıq da ağır idi. Amma olacağa müqavimət göstərmək mümkün deyildi. Əsil müsəlman kimi qəza-qədərə boyun əyməli oldu.

Bir neçə aydan sonra Mir Qədir ağa boynuna aldı:

- Simsar xanım, bilirdim ki, Allah-təala məni sevdiyindən o dünyada cənnət bəxş eləyəcək. Amma bu dünyada da mənə cənnət bəxş eləyəcəyini gözləmirdim. Sən məni xoşbəxt elədin, - dedi.- Bundan sonra o dünyaya rahat gedə bilərəm.

Simsar xanımın üzü minnətdarlıqdan çiçək kimi açıldı:

- Ağa, o dünyanı əlimizdən alan yoxdur, bu dünyadan danış. Təzə ağ günə çıxmışam, ölümdən danışıb qəlbimi üzmə. Bir də yaşamaq lazımdır, ölməyə nə var ki!-dedi.

- Sən mənə bir oğul doğsan, yüz yaşayaram.

Simsar xanım utana-utana:

- Allah qoysa…, o da olacaq, -dedi.

Vaxt tamam oldu, Simsar xanım bir oğul doğdu. Adını Məlikəjdər qoydular. Mir Qədir ağa Şura hökuməti gələndən çəkdiyi əzab-əziyyəti unutdu. Amma ürəyi səkəkəli idi. Əyalətlərdən bəd xəbərlər gəlirdi. Əkil kişini “qulaqlığa” salıb ailəsi ilə bir yerdə sürgün eləmişdilər. Cavan arvadından bunları gizlədə bilmədi. Simsar xanımın gözünün yaşı qurumurdu. Ata-anasından çox özündən kiçik bacılarına yazığı gəlirdi. Ağa onu ovuda bilmirdi. Simsar xanım:

- Xırda bacılarımın günahı nə imiş şura hökumətinin yanında? -deyə ağlayırdı.

Ağa xəstə arvadını da unutmurdu. Hər gün ulağa minib kəndə enirdi. Tamam iflic olmuş qadın danışa bilmirdi, amma qulağı eşidir və gözü görürdü. O, ağaya tənə ilə baxırdı. Günüsündən xəbəri vardı. Güman ki, böyük oğlunun arvadı, evin gəlni diliini dinc saxlamamışdı. Ağanın xəstə arvadı çox yaşamadı, 37-ci ilin qışında canını ağaya tapşırdı, bu bivəfa dünyadan vaxtında köçdü.

Həmin ilin yazı kəndə yenidən vəlvələ düşdü. Kənarda qalmış hampaları, ağaları, bəyləri bir-bir məhşər ayağına çəkirdilər. Fövqəladə komissiyanın xələfləri köhnə siyahını masanın mahud örtüyünün altından eşələyib yenidən üzə çıxartmışdılar. Bu dəfə heç kim unudulmamışdı. Bütün bu işlərin səbəbkarı yenə də Nazı oğlu Qulu idi. Barmağını hara tuşlayırdısa oraya vay-şivən düşürdü. Kəndi ondan yaxşı kim idi tanıyan?..

Mir Qədir ağa bu dəfə canını qurtara bilmədi. Çekistin verdiyi kağız da dadına yetmədi. Milislərin qatıb qabağına gətirdikləri ağanı Nazı oğlu Qulu qəribə bir sevinclə qarşıladı:

- Sənə demişdim, axı, bir də rastlaşsaq, işin pis olacaq, -dedi və Mir Qədir ağanın əlindəki kağızı alıb atdı yerə, tapdaladı. - Elə bilirsən keçən dəfə qabağımı bu bir əlcə kağız saxlamışdı?

- Bəs, nə saxlamışdı? -deyə Mir Qədir ağa palçığa batmış kağızı yerdən götürdü.

- Mənə dedilər ki, anamı ləyaqətlə dəfn eləmisən, ehsan vermisən. Qabağımı bu saxladı. Yoxsa çoxdan canını almışdım, -deyə Nazı oğlu Qulu dilləndi. - O kağız boş şeydir, at getsin.

- Mənə kağız verən həmin kişi sizin böyüyünüz deyilmi? -deyə Mir Qədir ağa təlaşla soruşdu.

- İdi! İndi Sibirdə çürüyür…

- Yaxşı kişi idi. Ədalətli idi, -deyə Mir Qədir ağa mızıldandı. - Hayıf ondan.

Nazı oğlu Qulu hazırcavablıqla:

- Darıxma, səni də onun dalınca göndərəcəyik. Oralarda rastlaşsan, bu tərifnamələri ona deyərsən, - dedi.

- Günahı nə idi ki?

Nazıoğlu inamsız halda:

- Əksinqilabçı çıxdı, -dedi. - İnqilabın düşmənlərinə isə aman yoxdur.

Ağa kənarda dayanan milis nəfərlərinə baxıb astadan soruşdu:

- Sən bu imansız hökumətə ürəkdən qulluq eləyirsən?

Nazıoğlu duruxaraq:

- Ürəkdən!-dedi.

- Yalan danışma. Belə görürəm, sənin də axırın çekistin axırı kimi olacaq, - deyə ağa gülümsədi.

Nazı oğlu Qulu qapqara qaraldı. Ağa haqlı idi, o, artıq başının üstündə buludların sıxlaşdığını hiss eləyirdi. Onu get-gedə işdən kənarlaşdırırdılar. İndi heç vəzifəsi də yaxasındakı çiyələk rəngli romblara uyğun deyildi. İnamsız halda:

- Hələ ki, sənin axırındır, ağa! -dedi və milislərə çevrildi: - Aparın!

Mir Qədir ağanı həyətin qapısında, enişdə dayanan açıq banlı maşına tərəf aparan milislərə bir də əmr elədi:

- Mənim maşınıma mindirin, -dedi və istehza ilə: - Deyirəm, ağa ilə yolda həmsöhbət olarıq.

Ağa soruşdu:

- Bu gedər-gəlməz yoldur?

Nazı oğlu Qulu gülümsədi:

- Elədir, ağa, düz tapmısan.

Ağa çətinliklə dedi:

- Səndən bir xahişim var.

Nazı oğlu Qulu onu tələsdirdi:

- Sözünü de, vaxt yoxdur.

- Mənim körpə oğluma və ağırayaq arvadıma toxunma, -deyə eyvanda gözüyaşlı dayanmış Simsar xanımı göstərdi.

Nazı oğlu Qulu qadına baxmadan:

- Ağa, bu yaşda cavan arvad alanda, hələ bir uşaq da əkəndə fikirləşmək lazım idi, -dedi və duruxdu.

Ondan evi axtarmaq tapşırığını gözləyən göy paqonlu çavuşa Nazı oğlu Qulu:

- Getdik! -deyə komanda verdi.

Çavuş tələbkarlıqla:

- Rəis, təlimatda yazılıb ki, dustağın ailəsi də tutulmalıdır, -deyəndə erməniliyi üzə çıxdı.

Nazı oğlu Qulu qaşlarını çatdı, rəsmən tabeliyində olan erməniyə baxdı. O, yaxşı bilirdi ki, çavuş onun hər bir addımı barəsində rəhbərliyə məlumat verir. Buna baxmayaraq hökmlə:

- Məni öyrədirsən? -deyə soruşdu.

Çavuş çaşdı:

- Üzr istəyirəm, rəis!-dedi.

Nazı oğlu barışdırıcılıqla:

- Eləsə, erməniliyinə salma! Müsəlman kəndində olduğunu unutma, -dedi, - Yadında saxla, dustağın əsil ailəsi kənddədir! Onları mütləq tutacağıq. Burdakı qadın ağanın məşuqəsidir. Təlimatda məşuqə haqqında bir söz yoxdur. Bir də, bizim işimiz kişilərlədir, onların arvadları ilə yox!

Nazı oğlu Qulu hələ də can-dildən çalışmağında idi. Kəndləri yaxşı tanıdığından, bircə imkanlı şəxsi də əldən qoymurdu. Şəhər milisinin bütün əməliyyatları onun iştirakı ilə keçirilirdi. Hər gün türməyə yeni dustaqlar yola salırdı.

 

* * *

 

Birinci dəfə dustaqxanaya düşmüş Mir Qədir ağanın qəlbindən qara qanlar axırdı. Həbsxana otağı dolu idi, oturmağa zorla yer tapdı. Bir neçə gün keçdi. Dustaqxanaya birdən sakitlik düşdü. Bu sükut üç öynə yemək vaxtı, bir də dustaqlar gündəlik gəzintiyə aparılanda pozulurdu. Nəzarətçilərin hərəkətlərində də bir çaşqınlıq vardı. Həmişəki hökmfərmalıq yoxa çıxmışdı. Nəsə baş vermişdi.

Hər gün dindirilməyə aparılan dustaqları neçə həftə idi ki, narahat eləyən yox idi. Kameralarda sonsuz bir kədər hökm sürürdü. Heç kimin səsi çıxmırdı. Sonra hər şey yenidən başladı. Müvəqqəti sakitlikdən sonra dindirilməyə aparılan Mir Qədir ağa qolları arxasında gələn dustağı əvvəl tanımadı. O, elə bir kökə salınmışdı ki, sifətinə baxmaq olmurdu. Bu adamın Nazı oğlu Qulu olduğunu gec başa düşdü. Ağanın özü gedər-gəlməz yolun astanasında olsa da, ürəyində bir şadlıq hiss elədi. Nazı oğlu Qulu ağanın yanından keçəndə pıçıldadı:

- Sən haqlı çıxdın, ağa! Dünya vəfasız imiş…Gör məni nə günə qoyublar...

Həbsxana nəzarətçisi bağırdı:

- Danışığı kəs!-dedi və tüfəngin dibçəyini yüngülcə Nazı oğlu Qulunun kürəyinə toxundurdu.

Nazı oğlu Qulu həqiqi bir heyrətlə çevrildi:

- Sən məni, keçmiş rəisini vurursan? -dedi.- Dünənə qədər sən qabağımda mil dayanmağı özünə şərəf bilirdin. Nə tez dəyişdin?

Nəzarətçi acıqlandı:

- Kəs, əksinqilabçı!-dedi və tüfəngin dibçəyini var gücü ilə onun kürəyinə ilişdirdi.

Nazı oğlu Qulu ağrıdan inildədi, səntirləyə-səntirləyə keçdi. Mir Qədir ağa şükranlıq hissi ilə başını göyə qaldırdı. Onun arxasınca gələn nəzarətçi astadan:

- Axund, hansı gününə şükr eləyirsən? - deyə soruşdu və xəbərdarlıq elədi. - Danış, amma geri çevrilmə.

Mir Qədir ağa dilləndi:

- Bu adam mənim düşmənlərimdən idi. Onun zəlil gününü görüb Allaha şükür elədim.

Nəzarətçi güldü:

- Sənin öz günün, elə bilirsən, yaxşıdır?

Mir Qədir ağa şükranlıqla:

- Çıxmayan cana həmişə ümid var! Mıxı mismar eləyən dünyadır… Kim bilir nə olacaq…-dedi.

Amma ağanın ümidləri doğrulmadı. Mıxı mismar eləyən dünya Şura hökumətinin işləkləri qarşısında hələ aciz dayanmışdı. Ağanın ailəsini, oğul-uşağını, yaxın qohum-əqrabasını bir-birinə qatıb dəmiryol stansiyasına apardılar. Yük vaqonlarına doldurdular, Qazaxıstan çöllərinə sürgün elədilər. Bir daha onları görən olmadı. Hətta onun kəmağıl oğluna da rəhm eləməmişdilər. Bu xəbəri eşidən Mir Qədir ağanın ürəyi hövl elədi. Müstəntiq onu növbəti dəfə dindirən vaxt nəfəsi getdi, daha qayıtmadı.

 

- X -

 

Simsar xanıma toxunan olmadı. Fitri ağlı can qurtarmağın yolunu ona göstərdi. Evdə onu gözləyən kiçik oğlunun, bir də bətnində bəslədiyi uşağın xatirinə nəyə desəydin gedərdi. Onu sovetliyə çağırmışdılar. Orda Mir Qədir ağanın ölüm xəbərini mətinliklə qarşıladı. Kənd Sovetinin sədri qadın idi. Hörüklərini təpəsində yığmışdı. Üzü bol-bol vəsmələnsə də, gözləri sürmələnsə də, kifirliyi göz çıxarırdı. Simsar xanımı xeyli sorğu -suala tutdu, amma çaşdıra bilmədi.

- Sən Mir Qədir ağanın arvadısan?

Simsar xanım aydın bir səslə:

- Xeyr, xanım!

- Mən xanım deyiləm, yoldaşam. Bildin?

- Bildim, yoldaş!

- Bəs, sən Mir Qədir ağanın evində neynəyirsən? Niyə orda yaşayırsan?

- Atam uşaq vaxtından məni və bacım qızını ağaya qulluqçuluğa vermişdi.

- Qulluqçu, yəni nökər?

- Bəli, yoldaş.

- Niyə?

Simsar xanım izah elədi:

- Atam Axund Mir Qədir ağanın müridi idi.

Sovet sədri bir az fikirdən sonra qərara aldı:

- Demək olar ki, sən bizim adamsan. Zəhmətkeşsən. Ərizə yazarsan, səni kolxoza götürərik. İstəyirsən?

- Bəli, yoldaş.

Sədr diqqətlə ona baxdı:

- Çadraya niyə bürünmüsən? Mən də qadınam da…-dedi.- Çıxar bu köhnəliyin qalığını.

Simsar xanım bu tələbi yerinə yetirdi. Sədr təəccüblə onun iri qarnına baxdı:

- Sən boylusan? Bəs ərin hanı?

- Ərdə deyiləm.

- Bəs, uşaq kimdəndir?

- Ağadandır…

Sədr qəzəblə çığırdı:

- Bəs, deyirsən onun arvadı deyilsən?

Simsar xanım bu məsələyə yekə bir nöqtə qoydu:

- Yoldaş, zorlanan qadın haçandan arvad sayılıb ki? -dedi.

Sovet sədri az savadlı da olsa, məntiq qarşısında geri çəkilməli oldu. Siyahıda göy qələmlə quş qoydu. Bu o demək idi ki, Simsar xanıma çox da etibar eləmək olmaz. Amma Mir Qədir ağanın bağ evini onun əlindən almadılar. Hətta tikilinin ətrafındakı iyirmi-otuz sot yeri də Simsar xanıma saxladılar. Mir Qədir ağanın qalan torpaqlarını, dədə-babadan qalma üzümlüklərini, bağ-bağçanı, əkin yerlərini, kənddəki evlərini müsadirə eləyib kolxoza verdilər.

Simsar xanımın halı gün-gündən pisləşirdi. Nədənsə, ikinci hamiləliyi ağır keçirdi. Qorxu, sıxıntı, ağanın ölümü ürəyinin yağını əritmişdi. Bacısı qızı yekəlsə də, gücü ancaq kiçik Məlikəjdərə dayəlik eləməyə çatırdı. Simsar xanım tükənməyən qayğılardan, ağrıdan başını itirmişdi.

Yarımçıq doğulmuş uşaq yaşamadı. Simsar xanım da uzun müddət yataqdan qalxa bilmədi. Ölüm-dirim sağaldı. Oğlunun xatirinə yaşamalı idi.

O, Mir Qədir ağadan çox şey öyrənmişdi. Əkməyi, becərməyi, ağaca qulluq eləməyi bacarırdı. Əncir, üzüm qurudurdu, bəhməz bişirirdi. Ağa həmişə hərəkətdə olan kişi idi. Deyirdi ki, əli işdə olan adam ac qalmaz. Simsar xanım da hərəkətdə idi. Özünü, bacısı qızını, körpəsini dolandırmalı idi. Kolxoz işinə də gedirdi. Əvvəl ona ağanın nökəri kimi baxırdılar, münasibət də buna uyğun idi. Bəzən də ona xalq düşməninin əyalı kimi baxırdılar. Münasibət də buna uyğun dəyişilirdi. Amma, sanki, Mir Qədir ağanın nəfəsi evin ətrafına səd çəkmişdi, kimsə buralarda hərlənmirdi. Simsar xanım ot-əncər bişirir, toyuq-cücənin yumurtasını tutya kimi işlədir, yarıac-yarıtox dolanırdılar.

Dava düşdü, vəziyyət bir az da qəlizləşdi. Dolanışıqları lap ağırlaşdı. Amma davanın xeyri də oldu. Çox şey unuduldu.

Kolxoz taxıl əkininə güc vermişdi. Sahələr təmizlənmişdi, peyinlənmişdi, traktorla şumlanmışdı. Əslində, Abşeronun qumsal torpağı bu işə yaramırdı. Arpa-buğda qıt olurdu. Alçaq, yarım metrə qalxan taxılı biçmirdilər, sünbülünü əlnən qoparıb kisələrə yığırdılar. Amma əhalinin əlindən az da olsa, tuturdu. İşləyənlər qadınlar, qocalar, bir də əlil kişilər idi. Zülümlə bəslənən məhsulun cüzi hissəsi kolxozçulara paylanılırdı, qalanı ordunun ehtiyacına tədarük olunurdu. Günlər saqqız kimi uzanırdı. Həyat fərəhsiz, solğun keçirdi. Ailələr gözü yaşlı yuxudan qalxır, gözü yaşlı çalışır, gözü yaşlı yatırdılar. Ehtiyacdan kimsə başını qaldırıb köks dolusu nəfəs ala bilmirdi. Plakatlarda div sifətində çəkilən alman faşistlərinin gəlişi belə, adamları qorxutmurdu. Dava isə bitmək bilmirdi, acı bağırsaq kimi uzanırdı.

Axır ki, müharibə qurtardı, amma kimsədə sevinməyə tab qalmamışdı.

 

* * *

 

Həyatı sanki qaranlıq məhbəsdə keçən Simsar xanım ümidini oğluna bağlamışdı. Müharibədən sonra qorxduğu köhnə söhbətlər yenə yada düşdü. Kolxozda ayrıca briqada yaradıldı. Xalq düşmənlərinin ailələrini, siyasi cəhətdən etibarsızları bir yerə yığdılar ki, nəzarət eləmək asan olsun. Rəhbərlik bir neçə briqadir dəyişdi, heç kimin işindən razı qalmadı. Axırda çolaq Badinin üstündə dayandılar. Bu briqadanı ona tapşırdılar.

Beləsi əsl tapıntı idi. Müharibədən şikəst, kontuziyalı qayıdan Badi adamlara qan uddururdu. Qadınlara, qocalara, yeniyetmələrə gün verib işıq vermirdi. Adam əlini beldən, dəhrədən çəkən kimi Badi özünü yetirirdi, salırdı şallağın altına. Çolaq ayağı ilə hər yerə çatdırırdı. Hektarlarla yer tək gözündən qaçmırdı. İki manqanın arasında gündə neçə dövrə vururdu.

Badinin sahələrin arasında, qəlbilikdə bir otaqçası vardı. Evə getmirdi, gecə-gündüz burada qalırdı. Ac-yalavac yaşayan adamlardan hər dəni, hər salxım üzümü, hər gilə ənciri göz bəbəyi kimi qoruyurdu. Bu canfəşanlığa görə iclaslarda kolxoz sədri Badinin adını göylərə qaldırırdı, bəzi işləklərinə barmaqarası baxırdı. «Qalib əsgərin hər şeyə haqqı var» kəlamını tez-tez təkrarlayırdı.

Məlikəjdərin on üç yaşı vardı, boydan cılız olsa da, canı bərk idi. Dərsdən sonra briqadaya gəlirdi. Anasına kömək eləyirdi. Böyüklərin buyruqlarını yerinə yetirirdi. Səkil Qoçu manqanın arabaçısı idi. Manqa başçısı Bibi adında bir yaşlı qadın idi. Hərdən nəvələri də sahəyə gəlirdi. Ona yemək gətirirdilər. Bir neçə saat sahədə olurdular. Amma onlar işləmirdilər, oynayırdılar. Məlikəjdər həm işgüzarlığı ilə, həm də susqunluğu ilə yaşıdlarından fərqlənirdi.

Hamının ölmüş bildiyi Səkil Qoçu bir neçə aydı kənddə peyda olmuşdu. Simsar xanım səfil qocanın nağıllarına beş-on dəqiqə qulaq asandan sonra ona inandı, illərlə istifadəsiz qalmış boş tövləni onun ixtiyarına verdi.

 

* * *

 

Simsar xanım həmişə bürüncəkli, yaşmaqlı gəzirdi. Gözəgəlimli gərdənini örtük altında saxladığından kənardan yaşlı qadına oxşayırdı. Badi səsi çıxmayan, əmrlərini dərhal yerinə yetirən qadına fikir vermirdi. İnsafla rəftar eləyirdi. Elə olurdu ki, günlərlə Simsar xanıma, onunla bir yerdə işləyən bacısı qızına ağır iş tapşırmırdı.

Bir gün Məlikəjdər dərsdən gec çıxmışdı. Sahədə anasını arvadların arasında görmədi. Həmin gün xəstə xalası evdə qalmışdı, işə çıxmamışdı.

Manqa iki-bir, üç-bir kölgəliklərə çəkilmişdi, dincəlirdi. Bibi ilə Tamaşa arabanın kölgəsində nahar eləyirdilər. Simsar xanım gözə dəymirdi. Məlikəjdəri görüb pıçıldaşdılar. Qadınlar uşağı çağırdılar, lakin Məlikəjdər eşitmirmiş kimi dağ kimi qalaqlanmış taxta qutuların arxasında gizləndi. Onu səsləyən qadınlara cavab vermədi, amma danışıqlarını eşidirdi.

Bir azdan Simsar xanım çadrasına bərk-bərk bürünərək qadınlara yaxınlaşdı. Süfrənin kənarında oturdu. Tamaşanın uzatdığı ayran stəkanını aldı, birnəfəsə içdi. Manqada hamının «Bibi» çağırdığı yaşlı qadın soruşdu:

- Nə oldu?

Simsar xanım kədərlə dedi:

- Çolaq şeytan əl çəkmir də!

- Nə deyir, axı?

Simsar xanım dodağını əydi:

- Deyir, səni almaq istəyirəm.

- Sən nə dedin?

Simsar hirslə:

- Nə deyəcəyəm ki? -dedi.- Deyirəm, xəstəyəm, ürəyim ağrıyır, mənim ərə getmək fikrim yoxdur. Mir Qədir ağanın oğlunu böyüdürəm. Deyir, sənin Mir Qədir ağan belə-belə olsun. İndi bu kəndin Mir Qədir ağası mənəm. Deyirəm, məndən əl çək. Deyir, mən səndən əl çəkən deyiləm, razı olmasan, səni yatab elətdirərəm, boynuna elə bir yük vuraram ki, altından Sibirdə də çıxa bilməzsən.

- Bunu düz deyir!-deyə Bibi deyindi. - Belə mərdimazarlıq onun əlindən gələr. Gör, neçəsini bədbəxt eləyib…

Bibi yenə nəsə demək istəyirdi ki, Tamaşa onun sözünü kəsdi:

- Bu arvad, köhnə palan içi tökməkdən xoşlanır da! Deginən heç yeridi!.. - dedi və Badidən ötrü sinov getdiyindən təlaşla Simsar xanımdan soruşdu: - Badi istədiyini elədimi? Hə, bacı, boynuna al…

Simsar xanım qeyzlə:

- Allah vurmuşdu onu!

Bibi işgüzarlıqla:

- Səkil kişiyə demək lazımdı, qoy Badi ilə danışsın, -dedi.

Simsar xanım başını buladı:

- Badi onu eşitməyəcək, -dedi.- Hələ qorxuram Səkil kişini dərbədər salsın. Bəlkə də lap tutdursun.

Bibi razılaşdı:

- Elədir, bu şorgöz köpəkoğludan nə desən gözləmək olar,-dedi.- Amma Səkil Qoçuya demək lazımdır.

 

* * *

 

Məlikəjdər daha dərsi atmışdı. Tezdən durur, anası ilə xalası qızına qoşulub işə gəlirdi. Onlardan uzaqlaşmırdı. Bütün günü çöldə idi. Simsar xanım onu dilə tuturdu:

- Oğlum, məktəbi atma. Oxu. Oxusan, barı bir günə çıxarsan. Məni də, özünü də, xalaqızını da zillətdən çıxararsan…

Daşdan səs çıxırdı, bu oğlandan səs çıxmırdı. O, sahədən əl çəkmirdi. Məlikəjdəri Simsar xanımın yanında görən Badi bu tərəfə heç baxmırdı. Uşaqda nə vardısa, hamı ondan çəkinirdi. Hətta yaşıdları da onun yanında özlərini narahat hiss eləyirdilər.

Çolaq Badinin taxta komasına qadınlar «kantor» deyirdilər. Dəftər-kitabını burada saxlayırdı. İçəridə xırda bir masa vardı. Onun da böyründə biradamlıq hündür taxt dururdu. Hər iki mebel müşəmbə ilə üzlənmişdi. Bir-birinə tikilmiş iki sırıqlı açılanda yorğanı, qatlananda yastığı əvəz eləyirdi. Küncdə elektrik sobası vardı. Çaydan həmişə üstündə cızıldayırdı. Soba yananda içəri hamam kimi isinirdi. Soyuqlar düşəndə Badi həvəsə gəlirdi, manqaları hərəmxanası kimi fırlanırdı. Birini dillə, birini qorxudaraq çəkirdi kantora, basmarlayırdı. Müqavimətə rast gələndə kədərlənmirdi, dərhal qələmini işə salırdı. Yazdığı donoslar sərrast idi. Boxçasında bir neçə başaq aparan, yaxasında bir ovuc mövüc gizlədən, qurudulmuş ənciri corabına dolduran hər bir qadın qanunu pozurdu. Bəlkə kiməsə keçmək olardı, amma xalq düşmənlərinin arvad-uşağına bunu bağışlamaq olmazdı. Aktlaşdırıb günahkarı dərhal salırdılar milisin qabağına.

Məlikəjdər briqadirin hər addımına bələd idi. Bir ay idi onu qarabaqara izləyirdi. Səbəbini soruşsaydın da deyə bilməzdi. Bu Səkil Qoçunun iti gözündən yayınmadı. Bir dəfə Məlikəjdəri qınadı:

- Ağa qırığı, manqadan-manqaya yol ölçməkdənsə, otur dincəl. Şeytan fəhləsi deyilsən ki!-dedi.

- Şeytana fəhləlik eləyən bir mən deyiləm!-deyə Məlikəjdər gözlənilmədən dilləndi.

Səkil Qoçu ona acıqlandı:

-Boş-boş danışma!-dedi və üzünü çevirdi.

Elə sabahısı gün sübhdən işə gələn briqada üzvləri kantorun qapısını açıq gördülər. Kimsə Badini gəbərtmişdi.

Hamını milis idarəsinə yığdılar.

Simsar xanım istintaq qurtarmamış yatağa düşdü. Xəstə ürəyi tab gətirmədi. Onun əvəzində işə Məlikəjdər çıxırdı. Oğlan bir axşam evə qayıdanda anası keçinmişdi. Oğlan elə sarsıldı ki, gözündən bir gilə yaş da çıxmadı.

Anasını camaat dəfn elədi. Məlikəjdərin donuq halı məclisi aparan Səkil kişinin gözündən qaçmadı. Dedi:

- Bala, utanma, ağla, ürəyin boşalsın.

Məlikəjdər pıçıldadı:

- Ağlaya bilmirəm…

 

- XI -

 

... Məlikəjdər iki böyük oğlundan narazılığını gizlətmirdi. Onlar birinci arvadından idilər. Anaları erkən rəhmətə getmişdi. Bəlkə elə buna görə də onlarla həmişə mülayim davranırdı. Böyüyünün adı Hatəm, ortancılınsa Adəmdı. Ağanın cidd-cəhdinə baxmayaraq, onlar oxumadılar ki, oxumadılar. O, oğlanlarını kəndin iri yem dükanına işə düzəltmişdi ki, həm başlarını dolandırsınlar, həm də veyillənməsinlər. Sənədlərdə biri satıcı, o birisi müdir gedirdi. Mağazada hər gün tonlarla mal satılırdı. Dörd-beş yükçü işin öhdəsindən zorla gəlirdi. Sovet hökumətinin yem dükanından xəbəri yox idi, dükanın xeyrini il on iki ay Məlikəjdərin törəmələri xərcləyirdi.

Amma tonlarla maldan gələn xeyir Məlikəjdərin iki oğluna azlıq eləyirdi. Arada basıb mayanı da yeyir, dükana süpürgə çəkirdilər.

Məlikəjdər axırıncı vasitəyə əl atdı, onların əl-ayağını yığdı. Amma evliliyin də köməyi olmadı.

 İndi Hatəmin mitinqçilərə qoşulma xəbəri ağanı elə də təəccübləndirməmişdi. Hətta onun kənd cavanlarının qabağına düşüb dəstə çəkməyi, çalxalanan meydana aparmasına da fikir verməmişdi. Bilirdi ki, heç bir işin qulpundan axıra qədər yapışmayan adam bu işi də yarımçıq qoyacaq. Amma elə olmadı. Hatəm meydandan ayrılmırdı. Günlərlə evə gəlmirdi, deyilənə görə, orada, çadırlarda gecələyirdi. Kef-damaqdan qalmayan, özünə korluq verməyən bir adamın hərəkata qoşulmağı anlaşılan deyildi. Kənddə hamı Hatəm ağadan danışırdı. Kişi qısa vaxtda azadlıq carçısına çevrilmişdi.

Ağa içəri girən Hatəmə özü ilə üzbəüz yer göstərdi. Birbaşa başladı:

- Oğlum, bu nə işdir tutursan? -deyə soruşmuşdu.

Hatəm ruh yüksəkliyi ilə:

- Ağa, Vətəni xilas eləmək lazımdır!

- Vətənə nə olub ki? -deyə ağa özünü sayalığa vurdu.

- Ağa, Vətən əldən gedir! Ermənilər torpaqlarımızı tutur. Ruslar da onlara rəvac verir.

Ağa üzünü turşutdu:

-Vətən əldən gedəndə mitinqə çıxmırlar, oğlum, silaha sarılırlar.

- Onu da eləyəcəyik...

-Oğlum, biz övladi-peyğəmbərik! Bizim işimiz dua-sənadır.

Hatəm bildiyini dilinə gətirdi:

-Ağa, sən özün altdan-altdan mitinqçilərə yemək göndərirsən, odun göndərirsən.

Məlikəjdər duruxdu:

- Bunu hardan bilirsən?

- Ağa, yerin də qulağı var! Eşitdiyimə görə, hətta pulla da əl tutursan. Deyirsən, yalandır?

Məlikəjdər təsdiqlədi:

- Yox, yalan deyil, hamısı doğrudur!-dedi.- Amma durub tribunaya çıxıb gəvəzəlik eləmirəm. Çünki bu mənim işim deyil. Bunun üçün başqa adamlar var.

- Mən gəvəzəlik eləmirəm.

- Xalqı hökumətin üstünə qaldırmaq gəvəzəlik deyil, bəs nədir?

- Bu, dağılmalı hökumətdir.

-Bəlkə də!-deyə Məlikəjdər yarıkönül razılaşdı.-Yaxşı, durub düşmüsən camaatın qabağına! Doğrudanmı sən hökumət yıxmağın yolunu bilirsən?

- Yolgöstərənimiz var!

Seyfəl daha dözmədi, məzəmmətlə dedi:

- Sənin yolgöstərənin dünənə qədər Leytenant Şmidt adına zavodda fəhlə işləmirdi bəyəm?

- Ondan da böyüyü var.

Seyfəl istehza ilə:

- Dayınəvəsi, onları da tanıyırıq, -dedi.

Məlikəjdər olduqca mülayim dilləndi:

- Oğul, yol göstərmək üçün gərək savadın ola. Sən ki, orta məktəbi zorla qurtarmısan.

- Azadlıq mücahidinə savad yox, Vətən sevgisi lazımdır.

- Oğlum, hamı uçmaq üçün yaranmayıb. Vətənə başqa cür də qulluq eləmək olar.

-Ağa, bu yoldan dönən deyiləm.

Məlikəjdər özünü saxlaya bilmədi:

- Get, inşaallah, istəyinə çatacaqsan... -deyə oğlundan üzünü döndərdi.

 

* * *

 

Hatəm gedəndən sonra Hambal oğlu Rahibin gəlişi otağı canlandırdı. O, özündən razı halda hesabat verdi. Dili ağzına sığmırdı. Hesabatını belə bitirdi:

- Bir sözlə, ağa, bu bizim ən uğurlu işimizdir. General nizamlı bir mexanizm yaradıb.

Məlikəjdərin pərişanlığı keçdi. Hambal oğlu Rahib soruşdu:

- Ağa, siyahıya yeni adamlar salmaq olarmı?

Məlikəjdər başını tərpətdi.

-Mənə elə gəlir ki, olar, -deyib üzünü əvvəl Seyfələ, sonra Miziyə tərəf tutub soruşdu: - Siz buna necə baxırsınız?

Seyfəl dərhal:

- Ancaq bizə dost olanların malını qəbul eləyib yollamaq məsləhətdir, -deyə qətiyyətlə dilləndi.

Mizi Məlikəjdər ağanın sürücüsü idi. Ən etibarlı adamlardan idi. O, yumşaq halda:

- Bu, alverdir, -dedi.- Seçməyin mənası yoxdur. Sərfəbazardır, istənilən gülçünün malını aparmaq olar.

Hambal oğlu Rahib Mizinin sözünü tutdu:

- Mən Mizi əmioğlu ilə razıyam.

Məlikəjdər isə Seyfəlin tərəfini tutdu.

- Hər yerindən durana kömək eləməyin mənası yoxdur. Hətta qazanc naminə də buna getməyinə dəyməz, - dedi, - Qardaşoğlu, sənə müraciət eləyənlərin adını Seyfələ deyərsən. Qərarı o verəcək.

Mizi soruşdu:

-Ağa, hər dəfə soruşmaq istəyirəm, generalı hardan tanıyırsan?

Məlikəjdər ağa gülümsədi:

- Uzun söhbətdir, -dedi. -Mən onu tanıyanda general deyildi, adi leytenant idi.

 

- XII -

 

...Əsgərlik yaşına çatmış Məlikəjdəri rayon hərbi komissarlığına çağırdılar. Anası rəhmətə gedəndən sonra onun hər addımına göz qoyan Səkil Qoçu da yanına düşdükdə cavan daha dözmədi:

- Tək gedəcəyəm, -dedi.

- Mən yanında olsam yaxşıdır, -deyə qoca inad elədi.

Məlikəjdər istehzasını saxlaya bilmədi:

- Nədir, əsgərliyimizi də bir yerdə çəkəcəyik? - deyə soruşdu.

Səkil Qoçu güldü:

-Kimdi səni əsgər aparan!-deyə əlini onun boynuna saldı. - Bir arşın boyun var.

- Mən gedəcəyəm, sən də görəcəksən, - deyə Məlikəjdər dartındı.

Səkil Qoçu onun yaxasını boşladı. Səhih bilirdi ki, sısqa boyluları hərbi xidmətə çağırmırlar.

Hərbi komissarlıqdan Məlikəjdəri qeydiyyata düşmək üçün milisə göndərdilər. Məlum oldu ki, pasport almalıdır. Ərizə yazdı. Kargüzar qadın Məlikəjdəri dilə tutdu:

- Adə, atanın adını sadəcə Qədir yaz da. -dedi, sonra pıçıldadı: - Cəddinə qurban olum, başına niyə bəla açırsan?

- Xanım, mənim atamın adı Mir Qədir ağadır. Pasporta elə də yazılmalıdır. Başqa cür yazsaz, mən o pasportu götürməyəcəyəm. Atamın soyadı da Axundzadədir, Axundov deyil.

- Adə, ağlını başına yığ, inad eləmə, yoxsa səni də tutub göndərərlər atanın dalınca.

- Atamı adına görə tutmayıblar, xanım, əqidəsinə görə tutublar. O köhnə zəmanənin adamı idi. Elə düşünürdü. Mən isə Şura hökumətinin yetirməsiyəm. Mənim düşüncəm Şura düşüncəsidir. Buna şübhəniz olmasın…

Məlikəjdərin şax cavabı kargüzar qadını karıxdırdı:

- Yaxşı, rəis gələr, deyərəm…-deyə onun sənədlərini qırağa qoydu. - Sabah gələrsən.

Kargüzar qızın arxasındakı açıq qapıdan bir kişi boylandı. Bu, rəis idi. Söhbəti eşitdiyindən, diqqətlə Məlikəjdərə baxdı. Qadına işarə verdi. Bu inad oğlanın istəyini yerinə yetirdilər. Adını, soy adını, familini arzuladığı kimi yazdılar.

 

* * *

 

Bir azdan ona hərbi komissarlıqdan rəsmi çağırış vərəqi gəldi. Məlikəjdər həvəslə getdi. Hərbi komissiyadan onu geri qaytardılar. Boyu yüz otuz altı santimetr olan oğlanın çağırış vərəqinə «hərbi işə yararsızdır» yazdılar. Məlikəjdər xahiş elədi:

- Məni əsgərliyə göndərin, -dedi.

Üzü üzlər görmüş hərbi həkim cavanın xahişinə təəccübləndi:

- Adə, sənin kətdilərin əsgərlikdən yayınmaq üçün nə oyunlardan çıxmırlar, sən isə əsgər getmək üçün yalvarırsan. Bəlkə səni dəlixanaya göndərək?

- Mənim ağlım başımdadır. Vətənə borcumu vermək istəyirəm.

Həkim əllərini yana açdı:

- Boyun çıxanda borcunu verərsən, -dedi.

- Orduda boyum çıxar…Məni əsgərliyə yazın…

Həkim onu dilə tutdu:

-Yaza bilmərəm, bala, dərimi boğazımdan çıxararlar, -dedi.- Boyun çıxanda gələrsən.

- Neynəyim boyum çıxsın, həkim?

Həkim başdansovdu dedi:

- İdman elə, turnikdə dartın…

Məlikəjdər mızıldandı:

- Kənddə turnik yoxdur, axı.

Həkim əlini yellətdi:

- Turnik yoxdur, tut ağacları var!-dedi.- Daha başımı ağrıtma, çıx bayıra.

 

* * *

 

Məlikəjdər düz altı ay həyətdəki tut ağacının budaqlarından dartındı, sallana qaldı. Oğlan az qala ağacda yatacaqdı. Əvvəl bunu da ağanın qəribəliklərindən biri sayan xalası qızı dinmirdi. Səbəbini biləndən sonra yanıb-yaxıldı:

- Xaloğlu, başına at təpib? Boyun çıxmır, lap yaxşı, buna sevinmək lazımdır da! Daha niyə özünə zulum eləyirsən? Əsgər getmək beləmi vacib olub?

Budaqdan sallana qalmış Məlikəjdər cavab vermədi. Xalası qızı yaxına gəlib pıçıldadı:

- Atan Mir Qədir ağa kimi kişinin bağrını çatladan bir hökumətə qulluq eləmək nəyinə lazımdır? Beləmi şirin olub?

Məlikəjdər ondan gözlənilməyən bir istehza ilə pıçıldadı:

- Xala qızı, özünə əl qatmağın lap nahaqdır. Olan olub, keçən keçib. Biz nə hökuməti hökumətlikdən çıxara bilərik, nə də Mir Qədir ağanı atalıqdan. Orta məxrəcə gəlmək lazımdır…

Xalası qızı Məlikəjdərin səsindəki istehzadan alındı. Kömək üçün Səkil Qoçuya üz tutdu. Ağsaqqal da Məlikəjdəri fikrindən daşındırmaq üçün dilə tutdu:

- Ağa, boyunun çıxmamağı Allahın lütfüdür. Niyə Allahın inayətindən qaçırsan?

- Mən əsgər gedəcəyəm.

- Orda başına bir iş gəlsə, müqəddəs ocaq boş qalacaq.

- Ocağın kəraməti məni qoruyacaq, -deyə Məlikəjdər qımışdı.

Bu deyimdə nə vardısa, Səkil Qoçu ondan əl çəkdi.

Yeni çağırış vaxtına Məlikəjdərin boyu on santimetr uzandı. Bu, lazım olduğundan da bir neçə santimetr çox idi. Onu yoxlayan tanış hərbi həkim məmnun halda gülümsədi. Bir belə cavanın arasında Məlikəjdəri tanımışdı. Onun kağızına «yararlıdır» ştampını ürəklə vurdu və təriflədi:

- Afərin!-dedi və böyük otaqda hamının başını qarışıq görüb astadan əlavə elədi: - Mən sənin atan Mir Qədir ağanı tanıyırdım. Ona layiq oğulsan. Allah sənə yar olsun, ağa, özünü qoru.

 

- XIII -

 

Məlikəjdərin qulluq elədiyi hərbi hissə hardasa Ukrayna ilə Moldaviya arasında yerləşirdi. Ay yarımlıq hazırlıqdan sonra bura göndərilmişdilər. Bir-birinə isinişmiş təzə əsgərləri müxtəlif taqımlar arasında böldülər. Bir müddət çadırlarda qaldılar. Kazarmalar sürətlə tikilirdi. Qışa qurtarmalı idilər.

Hissənin ətrafında bir-iki dağılmış kənd var idi. Alman işğalının nəticələri hələ də göz qabağında idi. Kəndlər arvad-uşağın ümidinə qalmışdı. Dağıntıları bərpa eləməyə gücləri çatmırdı.

Kəndlərin kobud kişi nəvazişinə həsrət qalmış qadınları, qızları hissənin bir parçasına çevrilmişdilər. Qazmalar, dağılmış daxmalar, xarabalıqlar, üzümlüklər məhəbbət yuvalarına çevrilmişdi. Qadın bolluğu əsgərləri məst eləmişdi. Məhəbbət əsnasında deyilənlər həmişə həqiqətdən xəbər vermir. Hərənin bir tarixçəsi vardı. Qadınlar əsgərləri inandırırdılar ki, almanlar öldürməyi, yandırmağı, qırmağı bacarırdılar, sevişməkdən zövq almırdılar. Aclıqdan, səfalətdən, yaxınlarının ölümündən, qorxudan yaman günə qalmış yerli gözəllər onları maraqlandırmırdı.

Bir sözlə, bir belə cavanın cəmləşdiyi hərbi hissə hətta ahıl qadınları da özünə cəlb eləyirdi. Ətrafında həmişə qələbəlik olurdu.

Müharibədən xeyli keçsə də, general Banderanın tərəfdarları hələ də meşələrdə gizlənirdi. Onlar qaçaqçılıq eləyir, az saylı milis dəstələrinə hücum eləyir, kənd sovetinin fəallarına divan tuturdular.

Fövqəladə hadisə baş verən kimi hərbi hissə komandanlığın əmri ilə patrul xidməti həyata keçirirdi, ətraf meşələri addım-addım daraqlayırdı. Məlikəjdəri belə bir qrupun tərkibinə salmışdılar. O, həddən artıq sərvaxt tərpənirdi. Banditin şərəfsiz gülləsinə tuş gəlmək istəmirdi. O cür qan-qadalı müharibədə ölənlər artıq yaddan çıxırdı. Bilirdi ki, indi ölənləri heç yada salan olmayacaq.

Meşənin dərinliyində bir xırda xutora rast gəldilər. Yanmış evləri mamır, ot basmışdı. Yalnız bir yerdən tüstü qalxırdı. Bu, yanmış bir evin zirzəmisi idi. Səslədilər, amma cavab verən olmadı. Dəstənin başçısının işarəsilə əsgərlərdən biri qalxıb tüstü gələn bacaya bir əski soxdu. İki-üç dəqiqədən sonra içəridən öskürək səsi gəldi. Zirzəminin qapısı açıldı. İki yeniyetmə öskürə-öskürə çıxdı.

Uşaqların üst-başları yaman gündə idi. Əsgərlərin onlara yazığı gəldi. Hərə kisəsindən bir şey çıxarıb verdi. Uşaqların donu açıldı, əsgərlərə isinişdilər.

Dəstə daha orada yubanmadı. Axırda tərpənən Məlikəjdər uşaqların öz aralarında rus dilindən fərqli bir dildə danışdığını eşidib yerə mıxlandı. Adda-budda türk sözlərini qulağı alıb geri döndü. Elə bildi azarbaycanlılardır. Uşaqların qaqauz olduqlarını öyrəndi. Burda bildi ki, qaqauzlar türkdilli olsalar da, xristiandırlar. Uşaqların famili Baltaçı idi. Bu Məlikəjdəri valeh elədi. Üçü də dil yaxınlığından vəcdə gəlmişdi. Bu onları bir-birinə bağladı. Ayrılanda Məlikəjdər söz verdi ki, onları unutmayacaq.

Elə də elədi. İmkan düşən kimi meşədəki xutora gedirdi. Qaqauz oğlanları onun gəlişinə sevinirdilər.

Bir gün taqım komandiri baş leytenant İvanov onu yanına çağırdı.

-Sabahdan səni komandirin arvadına köməkçi göndərirəm. Onun tapşırıqlarını yerinə yetirəcəksən.

Məlikəjdər başına gələnləri danışdı, yetimlərə kömək eləməyə icazə istədi. İvanov güldü:

-Komandirin arvadından icazə alarsan!-dedi.- Güman ki, icazə verər, ürəyiyumşaq qadındı.

Yanmış evi təzədən tikmək lazım idi. Məlikəjdərin buna gücü çatmazdı. Zirzəmini sahmana saldı. Əsgər yoldaşlarının köməyi ilə damını örtdü. Komandir arvadının buyruqçusu olduğundan hissənin dərzisi onun sözündən çıxmadı. Köhnə əsgər paltarlarından oğlanlara əyin-baş biçib-tikdi.

Uşaqlar hissəyə də ayaq açdılar. Onların batıq yanaqları düzəldi, rəng-ruhları duruldu. Məlikəjdər komandir süfrəsindən artıq qalanları onlara yedirirdi.

Payıza yaxın onların hamamını da təmir elədi. Quyunun əl nasosuna əl gəzdirdi. Hamamdakı iri tiyanı dığırladıb hissəyə apardı. Dəlmə-deşiyini qaynaq elətdirib geri gətirdi. Ocaqxananı daşla tikdi. Hamamı birinci özü yoxladı. Bu ona ləzzət elədi. Oğlanları da çağırdı. Kiçiyi sevinə-sevinə gəldi. Böyüyü çimməkdən qəti boyun qaçırtdı. Çılpaq əsgərə baxmadan dedi:

- Mən ocağa-suya baxıram, siz rahat çimin.

Məlikəjdər razılıqla:

- Yaxşı, -dedi.- Buşlatın cibində sabun var, gətir onu, istəyirəm alt paltarlarımı yuyum, yaman gündədir. Amma qorxuram qurumasın.

Teddi ocağa odun ataraq:

-Sən gedənə qurumasa, Savvanın dəyişəyini geyərsən. Ölçünüz bir olar, -dedi.

Qardaşlar kənardan yaşıd kimi görünürdülər. Kiçiyi deyib-gülən, ünsiyyətli idi. On iki yaşı vardı. Adı Savva idi. Böyüyü hikkəli, adamayovuşmaz idi. Adı Teddi idi. On dörd-on beş yaşı olardı. Savva ondan yaman qorxurdu. Teddi səsini qaldıran kimi, az qala, siçan deşiyini satın alsın.

Valideynləri haqqında danışmağı sevmirdilər. Hiss olunurdu ki, nəyisə gizlədirlər. Xeyli ünsiyyətdən sonra Məlikəjdər aydınlaşdırdı ki, uşaqların ataları benderovçulara qoşulub. Müharibədən sonra hökumətə təslim olmaq istəyib. Yoldaşları buna yol verməyiblər, onu qətlə yetiriblər, evlərini də yandırıblar. Bir müddət onlarla kimsənin işi olmayıb. Ailə zirzəmidə yaşayır, başlarını birtəhər dolandırırmışlar. Lap yaxınlara qədər vəziyyətləri heç də pis olmayıb. Toyuq-cücələri, inəkləri, donuzları vardı. Amma keçən il meşəyə getmiş anaları geri qayıtmayıb. Bundan sonra uşaqlar tək qalıblar.

Komandirin çox cavan arvadı, demək olar ki, Məlikəjdərin heç bir işinə qulp qoymurdu. Əsgər taxta evi, evin ətrafını təmiz saxlayırdı. Yeməyi vaxtında verirdi, pal-paltarı, ağları camaşırxanadan ütülü gətirirdi. Odur ki, əsgərin arada bir-iki saat yoxa çıxmağına barmaqarası baxırdı.

Bir dəfə Məlikəjdər yenə meşəyə getdi.

Savva uzaqdan ona əl elədi. İnəyin dolaşmış çatısını açırdı. Məlikəjdər soruşdu:

- Teddi hardadır?

- Gölə getdi. Dedi, çimmək istəyirəm.

Yağıntı sularından yaranmış gölün ətrafını qamış, kol-kos basmışdı. Hər tərəf sakit idi. Göldə kimsə görünmürdü.

Sahilin hündür yerində bir alma ağacı bitmişdi. Ağacın altındakı paltarlardan bildi ki, Teddi göldədir. Məlikəjdər ağaca dırmaşdı. Göl elə bil ovcunda idi, amma suda çimən gözünə dəymədi. Məyus halda ağacdan düşmək istəyirdi ki, bir şappıltı gəldi. Diqqətlə səs gələn tərəfə baxdı. Sudan çılpaq bir qız çıxdı. Doğrudan da, su pərisinə oxşayırdı. Bircə uzun saçları çatmırdı. Məlikəjdər az qala ağacdan yıxılacaqdı. Qızın bütün gözəllikləri örtüksüz idi. Onun Teddi olduğuna çətinliklə inandı. Kobud kişi paltarlı, üz-gözü həmişə çirkli-pasaxlı oğlanın gözəgəlimli bir qız olduğunu təsəvvür eləyə bilməzdi.

Teddi çox arxayın, bütün boyu bərabəri dik dayanıb əski ilə qurulanırdı. Tələsmədən geyindi. Bütün bu müddət ərzində ağaca peyvənd olmuş Məlikəjdər nəfəsini belə dərmirdi. Birdən gülüş səsi eşitdi:

- Ay axmaq əsgər, nə quruyub qalmısan? Düş aşağı.

Məlikəjdər çətinliklə mızıldandı:

- Teddi, sən axı oğlan idin.

Teddi ürəkdən güldü:

- Mən həmişə qız olmuşam, sənin gözün bağlanmışdı.

 

* * *

 

Yelena ona qarşı çox mərhəmətli idi. Məlikəjdər bunun səbəbini başa düşmürdü. Əlindəki beli yerə qoyub yaxınlaşdı. Taxta evin qarşısındakı yelləncəkdə oturmuş Yelenadan soruşdu:

-Xanım, sizə müraciət eləmək olar?

Yelena danışmaqla arası olmayan əsgərin müraciətindən diksindi:

- Məni qorxutdun!-deyə gülümsədi. - De görüm, nə istəyirsən.

- Mənə o qədər yaxşılıq eləyirsiniz ki, bilmirəm xəcalətinizdən necə çıxacağam.

Yelena yelləncəyi saxladı. Dedi:

- Mənim Bakıda qohumlarım var.

- Siz bunu mənə demisiniz.

- Bir neçə il bundan qabaq anam məni Bakıya, xalamgilə göndərmişdi. Yay tətilini sizin şəhərdə keçirtdim. Unudulmaz günlər yaşadım. Çimərlikdə oldum.

-Bunu mən bilmirdim.

Yelena diqqətlə Məlikəjdərin sifətinə baxdı:

- Sənin qardaşın varmı? -deyə qəflətən soruşdu.

-Xeyr, xanım.

- Mən səni bir nəfərə oxşadıram. Həmin oğlanla Bakıda tanış olmuşam. Xalamın qonşuluğunda Anuş adında bir qoca erməni arvad yaşayırdı. Həmin oğlan onun nəvəsi idi. Hündürboy, cüssəli, dəlisov şeydi. Hərdənbir gəlirdi. Hər gələndə də bütün həyəti bir-birinə vururdu. Qorxu deyilən şey bilmirdi.

Məlikəjdər diksindi:

- Adı Sanı deyildi? -deyə onun sözünü kəsdi.

Yelena həyəcanla:

- Elədir, adı Sanı idi, -dedi.- Onu tanıyırsan?

- Onunla rastlaşmışam, - deyə Məlikəjdər qısa cavab verdi.

-Keçən il bura gəlmişdi, -deyə Yelena güldü.

Məlikəjdər diksindi:

-Siz yazışırdınız?

Yelena qəribə nəzərlərlə ona baxdı:

-Əlbəttə yox!-dedi.- Ünvanımı xalamdan almışdı.

-Bəs, bura niyə gəlmişdi ki?

-Demədi.

-Tək gəlmişdi?

-Yox, iki dostu ilə gəlmişdi.

-Neynəyirdilər ki?

- O da sənin kimi hərbi hissənin ətrafındakı xutorlarda itib-batırdı.

-Sizə baş çəkmirdi?

Yelena məğrur halda:

-Hərbi şəhərciyə bir-iki dəfə gəldi. Gördü üz göstərmirəm, incidi məndən. Başqa cür ola da bilməzdi, mən ərli qadınam, köhnə əlaqələri bərpa eləyə bilməzdim, -dedi, söhbəti dəyişdi:- Sanı o vaxt deyirdi ki, atası inqilabçı olub.

- Onun atası inqilabçı yox, əclaf olub. Ona görə də güllələyiblər.

Yelena diqqətlə Məlikəjdərə baxdı:

-Bəs, sənin atan nə olub?

-Mənim atam din xadimi olub. Onu Sanının atası güllələyib.

-Belə de!

- Bəli!

-Bəs belə oxşarlığınıza səbəb nədir?

- Allah bilir! İkimizin də kökü bir kənddəndi. -Məlikəjdər bildiyini gizlətmədi. - Gərək ki, Sanı indi həbsdədir.

Yelena heyrətləndi:

-Deyirəm, axı, neçə vaxtdır ondan səs-soraq yoxdur.

 

* * *

 

Məlikəjdər qulluq borcunu tələsik yerinə yetirdi. Yelena onun bütün tapşırıqları qaça-qaça görməyinə heyrətləndi:

-Əsgər, sənə nə olub? Hara tələsirsən?

Məlikəjdər özünü yığışdırdı:

- Heç nə, xanım!-dedi.

- Həm də sənin üzün işıq saçır, əsgər!-deyə Yelena söz atdı. -Görüşə gedənə oxşayırsan!

Məlikəjdər cavab vermədi, beli götürüb mızıldana-mızıldana Yelenadan aralandı. Gözlədi ki, komandir arvadı evə çəkilsin.

... İmkan tapan kimi hissədən çıxdı. Qaça-qaça özünü meşəyə çatdırdı. Tələsməyinin səbəbini dəqiq deyə bilməzdi. Qız onun yolunu səbirsizliklə gözləyirdi. Savvanın gözünün qabağında Məlikəjdəri qucaqladı:

- Lap darıxdım sənin üçün!-dedi və qardaşına tərəf çevrildi: - Savva, get gəz özün üçün. Bizim söhbətimiz var.

Savva irişdi:

- Bundan sonra işimiz var da! -dedi.- İkiniz olanda məni qovacaqsınız?

-Az danış! Yeri, -deyə Teddi ona gözünü ağartdı.

Savva dinməz aralandı. Onlar zirzəmiyə girdilər. Teddi onu qucaqladıqda Məlikəjdər mane oldu:

- Qardaşın gələ bilər!-dedi.

Teddi arxayın halda:

- Gəlməyəcək.

- Hardan bilirsən axı?

-Mən ona hər şeyi demişəm, -deyə Teddi gülümsədi.- Demişəm ki, səni sevirəm.

Məlikəjdərin nəzərləri Teddinin nəzərləri ilə birləşdi. Tərəddüdü keçdi, qızın uşaq yumruğu kimi girdələnən məmələrini, mütənasib çılpaq gərdənini Allah-təalanın bir ərməğanı kimi qəbul elədi. Taleyin inayətinə boyun əydi. Vaxt sürətlə keçirdi. Məlikəjdər saata baxdı:

- Getməliyəm, əzizim, -dedi.

Teddi taxtdan düşdü:

- Sabah gələcəksən?

Məlikəjdər arxayın halda:

-Bundan sonra hər gün gələcəyəm, -dedi.

 

* * *

 

Amma Məlikəjdərin gəlməyi tilsimə düşdü.

Həmin günün gecəsi hissəni həyəcan siqnalı ilə ayağa qaldırdılar. Tam hərbi hazırlıq elan olundu. Qısa hazırlıqdan sonra onları sübh tezdən maşınlara doldurub dəmiryol vağzalına apardılar. Yük qatarlarına mindirdilər, qapıları bayırdan bağladılar. Fikirləşməyə, bir addım qırağa qoymağa macal vermirdilər.

Məlikəjdər Teddini itirəcəyindən qorxurdu. Əşya kisəsindən bir parça kağız çıxartdı, sevgilisinə bir neçə sətirlik məktub yazdı: “Əzizim Teddi! Bizi naməlum istiqamətə göndərirlər. Üç-dörd ay gözləyərsən, məndən xəbər çıxmasa, Bakıya gedərsən. Orda sənin qayğına qalarlar. Mən səni sevirəm. Bakıdakı ünvanım belədir...” Məktubu bitirib nəfəslikdən bayıra baxdı. İvanovu platformada, axırıncı vaqonun qarşısında görüb ürəyi atlandı. Xeyli yalvarıb-yaxardı, yola verilmiş quru ərzaq payının bir hissəsindən keçdikdən sonra vaqonun qapısını qoruyan çavuşu razı saldı. Təzəlikdə komandirin arxa cəbhə üzrə müavini təyin olunmuş İvanov indi kapitan rütbəsində idi. O, yaxınlaşdı, xırıltılı səslə:

- Nə lazımdır? -deyə çavuşdan soruşdu.

Hissəni yola salmaq İvanovun boynuna düşmüşdü. Xəstələnmiş hissə komandiri baş vaqondan çıxmırdı. Kapitanın qışqırmaqdan boğazı gəlmişdi.

- Bu əsgər deyir ki, sizə vacib sözü var, yoldaş kapitan, -deyə çavuş yanında dayanmış Məlikəjdəri göstərdi.

İvanovun gözü tanış simanı alan kimi əmr elədi:

- Burax gəlsin!

Yerə hopanıb qaça-qaça qabağına gələn Məlikəjdərə əmr elədi:

- Sözünü de, amma qısa elə, vaxtımız yoxdur.

-Komandir, siz qalırsınız?

- Hə, burda qalıram, - deyə kapitan səbrini zorla basdı. - Sözünü de, qatar indi tərpənəcək.

Məlikəjdər bir heçə kəlmə ilə xahişini bildirib dördqat bükülmüş dəftər vərəqini ona uzatdı.

İvanov əsgəri danladı:

-Heç evlənmək vaxtıdır? -dedi, amma söz verdi.- Narahat olma, xutora gedib məktubunu sevgilinə çatdıraram.

Məkikəjdərin ürəyi yerinə gəldi. İvanovun əlini minnətdarlıqla sıxıb tərpənən qatara tələsdi.

Qatar bir sutka yol getdi. Hamı mürgüləyirdi. Bir azdan Məlikəjdər vaqonun əşya torbaları yığılan bölməsində özününkünü tapa bilmədi. Cavabdeh çavuşu sıxma-boğmaya salsa da, köməyi olmadı. Əşya torbası ipli-mıxlı yoxa çıxmışdı.

Barmaqlıqlı balaca pəncərələrdən heç nə görünməsə də artıq bilirdilər ki, onları Macarıstana aparırlar. Budapeştə çathaçatda qatar dayandı. Əsgərlər yerə tökülüşdülər. Səhra mətbəxi quruldu. Yemək paylandı. Hamı silahlandı. Döyüş sursatı verildi. Döyüşə tam hazır, sıraya düzülmüş hissənin qarşısında komandirin siyasi işlər üzrə müavini çıxış elədi:

- Macarıstan Respublikasında əksinqilab baş qaldırmışdır. Sovet hökuməti öz beynəlmiləl borcunu yerinə yetirərək, dost macar xalqının çağırışı ilə onun köməyinə gəlib. Dünyada kommunizmin qələbəsi uğrunda, irəli!

Üsyan eləyən, azadlıq istəyən macar xalqı aldadılmış sovet əsgərlərinin həmləsinə məruz qalmışdı. Nə baş verdiyini anlamayan sovet əsgəri «Vur!» -deyəndə vururdu, «Öldür» -deyəndə öldürürdü. Burdakı xidmət aylarını Məlikəjdər sonradan yuxu kimi xatırlayırdı. Bir neçə aydan sonra Budapeşt sakitləşdi. Qanına qəltan edilmiş macarlar quzuya dönmüşdülər. İnsan zora tabedir. Amma vəziyyət qorxulu olaraq qalırdı. Macarların sakit, mehriban davranışında gizli bir hiddət var idi. Qarşılaşdığı sovet əsgərlərini həvəslə qonaq eləyən, pivə bakalını zorla əlinə dürtən adamlar tində-bucaqda rastlaşdıqda dəvətsiz gəlmiş qonaqların kürəyinə arxadan bıçaq saplamağa hazır idilər.

Şəhərdə komendant saatı tətbiq olunmuşdu. Gecələr patrul xidmətinə çıxan manqalar küçəyə səpələnərək hərəkət eləyirdilər. Bir-iki hadisədən sonra əsgərlərə gündüzlər də tək gəzmək yasaqlandı.

Axırıncı növbəni Məlikəjdər yaxşı xatırlayırdı. Hündür qüllələri olan, son dərəcə yaraşıqlı binanın qarşısında keşik çəkirdilər. Binanın qapısına Ratuşa yazılmışdı.

Axşama yaxın növbəni təhvil verdilər. Hamı sevinirdi. Növbəni bitirmiş manqanın əsgərləri yoldaşlarından kefikök ayrılacaqdılar ki, gurultu qopdu. Binanın qüllələrindən biri uçub əsgərlərin üstünə töküldü. Həlak olan həlak oldu, şikəst olan şikəst. Yekə bir daş Məlikəjdərin başına dəydi. Onu yerə yıxdı. Başı qarpız kimi partladı. Onu ölmüş bilib ölülərlə bir çadıra apardılar. Adı hissənin itkilərinin siyahısına salındı.

Gecə səhərə qədər ölülərlə bir yerdə qaldı. Amma bəxti gətirdi. Sümüyə işləyən səhər ayazı ona can verdi, huşu üstünə gəldi. Sürünə-sürünə çadırdan çıxanda keşikdə dayanan əsgəri qorxutdu.

Bir neçə ay hospitallarda yatdı, alababat sağaldı, amma həkim komissiyası daha onu hissəyə göndərmədi, yararsızlığına görə tərxis elədi. Balaca əsgərin başı yerində qərar tutmurdu, əski gəlincik kimi titrəyirdi. Teddini arada xatırlasa da, canı ilə əlləşdiyindən, tez də yaddan çıxarırdı.

 

- XIV -

 

Məlikəjdəri Bakıya bir hərbi feldşer gətirdi. Axşam çatdılar. Feldşer köməksiz əsgəri rayon hərbi komissarlığının növbətçisinə tapşırıb Sabunçu vağzalına qayıtdı. Növbətçi komissara məlumat verəndən sonra əlil əsgəri maşına mindirib kəndə çatdırdı, ailəsinə təhvil verdi.

Səkil Qoçu ürək ağrısı ilə Məlikəjdəri qarşıladı, amma əlini sallayıb oturmadı, dərhal hərəkətə keçdi. Olmazın türkəçarəsini onun başında sınadı. Çox keçmədi ki, qocanın qayğısı ilə Məlikəjdər özünə gəldi.

- Bəlkə səni evləndirək, ağa? -deyə Səkil Qoçu təklif elədi.

- Bir elə evliliyim çatmır,-deyə Məlikəjdər güldü.

-Hökmən evlənməlisən!-deyə Səkil Qoçu yola gətirməyə çalışdı.

Məlikəjdər qaşqabağını tökdü:

-Boşla, dədəm, mən çanımın hayındayam, -dedi.

Səkil Qoçu əl çəkmədi:

-Sən, gəl, razı ol, ağsaqqalın sözünü yerə salma.

Məlikəjdəri gülmək tutdu:

-Dədəm, gəlsənə, səni evləndirək!-deyə zarafat elədi. - Sən məndən qıvraqsan... Arvadın ikimizin də qayğısına qalar.

Səkil Qoçu ağanın zarafatına baş qoşmadı, tam ciddi davam edərək dilləndi:

- Mən səni elə bir adama tapşıracağam ki, qayğına məndən artıq qalsın.

-Kimdi o elə?

- Sənin xalan qızı!

- Dədəm, o mənə analıq eləyib!

- İndi də sənə arvadlıq eləyər.

-Xalaqızı xəstədir, axı!

-Hətta xəstəyə də xoşbəxtlikdən pay düşür, -deyə Səkil Qoçu onu yola gətirməyə çalışdı - Qorxma, elə xəstəliklə yüz il yaşayırlar.

- Mən onu sevmirəm, axı!

- Sevgi-məhəbbət sonra gəlir, ağa. Nə sən Məcnun deyilsən, nə də xalan qızı Leyli deyil.

- Hələ tezdir, mən çörək qazanmağın yolunu tapmalıyam.

- Çörəyini Allah yetirəcək, ağa!

- Tələsmə, qoy özümə gəlim.

- Tələsmək lazımdır, ağa, Mir Qədir ağanın ocağı boş qalmamalıdır. Dünya ölüm-itim dünyasıdır, -deyə Səkil Qoçu fikrini açıq deməkdən çəkinmədi: - Allah mənə züriyyət verməyib. Nəsildən bir sən qalmısan, bir mən. Mən heç, tamam çıxdaşam. Ümidim sənə idi, sən də əsgərlikdən belə qayıtdın. Bir dəri, bir sümüksən, quruca qəfəsin qalıb. Olmadı elə, oldu belə, başına bir iş gəlsə, nəslimizin kökü kəsiləcək.

Səkil Qoçunun türkəçarələri, başına pərvanə kimi dolanan arvadının qayğısı, hərbi qospitaldakı həkimlərin dava-dərmanı Məlikəjdəri sağaltdı. Get-gedə başının titrəyişi keçdi. Həyət-bacada fırlanır, xırda-para işləri görürdü. Bir məşğuliyyəti də vardı. Yenicə doğulmuş oğlu Hatəmə baxırdı. Amma uşağı qucağına götürmürdü, yerə salmaqdan qorxurdu, hələ də həyəcanlanan kimi dərhal halı çevrilir, bəzən huşunu itirirdi.

 

* * *

 

Məlikəjdər bir gün Səkil Qoçuya əsgərlikdə başına gələnləri qısaca danışdı, məsləhət istədi. Məhəbbət tarixçələrinin xiridarı olan Səkil Qoçu həvəslə onu sorğu-suala tutdu. Özü üçün bəzi şeyləri aydınlaşdırandan sonra rəyini bildirdi:

- Sənin sevgilin gəlsəydi, indiyə kimi gələrdi. Yəqin fikrini dəyişib, -dedi, sonra məsləhət gördü:- Unut, getsin.

- Unuda bilmirəm, dədəm, -deyə Məlikəjdər kədərləndi. -Bəlkə ondan uşağım var?!

- Nədi, gedib onu Bakıya gətirəcəksən?

- Razı olsa, gətirəcəyəm, biz bir-birimizə vəd vermişik.

- Qadınların vədinə çox inanma, ağa.

- Teddini tanısaydın, belə deməzdin…-deyə Məlikəjdər incidi.

Səkil Qoçu xəyalları göylərdə gəzən Məlikəjdəri yerə dartdı:

-Bəs, maraqlanmırsan ki, buna kəbinli-talaqlı arvadın nə deyəcək? -dedi, sonra heç cür istehzasını saxlaya bilmədi:-Bəlkə xalaqızını da məsləhətə çağıraq?

Məlikəjdər küsgün-küsgün qocaya baxdıqda Səkil Qoçunun ona yazığı gəldi:

-Yaxşı, görüm neynəyirəm, -dedi.

Hər şey qeylü-qalsız ötüşdü. Səkil Qoçu nə demişdisə, xalaqızı asanlıqla razılaşdı. Gözüyaşlı dedi:

-Mən canımı sənə sadağa demişəm, ağa, neynəsən, qəbulumdur.

Bunu gözləməyən Məlikəjdər, necə həyəcanlandısa, huşunu itirib yerə yıxıldı.

 

* * *

 

İkinci uşağa hamilə olan ağırayaq xalaqızı burnuna çatmış qarnını zorla çəkirdi, canının hayında idi. Axşam kişilərin yerini eyvanda yanaşı salmışdı ki, lazım olsa, Səkil Qoçu Məlikəjdərin köməyinə yetsin.

Gecəni dəbərmədən yatan Məlikəjdər sübh tezdən oyandı. Günəşin şüaları kiçik pəncərəni döyəcləyirdi. O, yorğanı üstündən atıb qalxdı, pal-paltarını əyninə çəkdi.

-Dədəm, gedək, -dedi.

Bir az aralı mütəkkəyə söykənib mürgülüyən qoca dərhal dikəldi.

-Səfərimiz haradır? -deyə soruşdu.

-Teddi gəlib, dədəm.

Səkil Qoçu zarafata salmaq istədi, amma Məlikəjdərin üzündə peyda olan aydınlıq onu çaşdırdı. Heç şübhə ola bilməzdi, bu onun tapındığı işıq idi, Mir Qədir ağanın nuru idi.

Məlikəjdər taxtın böyründən çəliyini götürdü.

- Cəddim məni çağırır, dədəm. Bütün gecəni məni səsləyib.

Səkil Qoçu dinməz onun yanına düşdü.

Doqqazdan təzəcə aralanmışdılar ki, qabaqlarına bir nəfər çıxdı. Bu, ziyarətgahın ətrafındakı çöldə mal otaran uşaqlardan idi.

-Nədi, bala? -deyə Səkil Qoçu soruşdu.

-Ziyarətgaha bir nəfər urus arvad gəlib. Məlikəjdər ağanı soruşur.

Söz uşağın ağzından şıxan kimi Məlikəjdər həmişə söykəndiyi çəliyi atıb ziyarətgaha tərəf götürüldü. Səkil Qoçu bir an quruyub qaldı, sonra üzünü Qibləyə tutub salavat çevirdi.

 

- XV -

 

İyirmi il bundan qabaq yeniyetmə Seyfəllə Sərrafı Məlikəjdərin himayəsinə verəndə ögey bacısı Bibigil arvad demişdi:

-Ağa, bilirsən ki, nəvələrim atasız qalıblar. Kənd yeridir, yüz söz deyirlər. Qorxuram ona-buna qoşulsunlar, pis yola düşsünlər. Bunları qanadının altına almaq, pasibanlıq eləmək sənin borcundur.

Ögey bacısı hökmlü qadın idi. Amma övlad sarıdan bəxti gətirməmişdi. Yeganə oğlu əməli-saleh deyildi. Özünü seyid kimi aparmırdı. Görünür, ata tərəfinə çəkmişdi. Hər boş şeyə görə şabalıd kimi partlayır, əlini bıçağa atırdı. Çapqını-talanı sənət seçmişdi. Türmə yolunu su yoluna döndərmişdi. Cinayət aləmində Qara Seyid kimi tanınırdı. Həbsxanaya girib-çıxmaqdan yorulmurdu. Sanı Abşeronski ilə yolları bu yerlərdə toqquşmuşdu. Köhnə ədavət yada düşmüşdü. Axırıncı dəfə zonda olanda iki yerli arasında dava qızışmışdı. Deyilənə görə, Sanı cəld tərpənmişdi, Qara Seyidin axırına çıxmışdı.

Bibigil xanım, nə qədər oğlu sağ idi, Məlikəjdəri atası Mir Qədir ağanın varisi kimi tanımırdı. Arvada söz qandırmaq olmurdu. Hətta, Səkil Qoçu da Bibigil xanımı başa salmağa çətinlik çəkirdi. Amma qəza-qədər hər şeyi yerinə qoydu. Qara Seyidi itirəndən sonra Bibigil xanım ögey qardaşı ilə barışıb onu atası Mir Qədir ağanın yeganə varisi kimi tanıdı.

Məlikəjdər hökmlü bacısının sözünün üstündən söz deməyə çəkindi. Beləcə, özü belə gözləmədən nəslin ağsaqqallı oldu. Bacısının nəvələrini yanına gətirdi.

İllər keçdi, qardaşların Məlikəjdərə sədaqətindən əfsanələr yarandı.

 

* * *

 

Səksəninci illərin əvvəli idi. Məlikəjdər xəstələnmişdi, əsgərlikdə aldığı zədə yenə onu yatağa yıxmışdı. Sanının adamları o qədər həyasızlaşmışdılar ki, daha ocağa-pirə baxmırdılar. Bu qarşıdurmanın axırı müharibə idi. Qan töküləcəkdi ki, ögey bacısı oğlu Seyfəlin bacarığı üzə çıxdı.

Atası Qara Seyidin tək-tük dostlarından biri olan Lotu Faxı Turşulu zonda yatırdı, ömürlük həbs cəzasına məhkum olunmuşdu. Seyfəl bayramlarda onu yada salır, yanına zənbil-zənbil pay-puşla gedirdi. Bir vaxtlar Lotu Faxı Qara Seyidin nəşini həbsxana nəzarətçilərindən alıb ailəsinə təhvil vermişdi. Belə borcdan çıxmaq çətindi.

Görüşünə gələn Seyfəli doğma adamı kimi qarşıladı. Amma:

-Mən Sanıya qarşı gedə bilmərəm, nəslimi kəsər, -dedi.- Sənə başqa cür kömək eləyəcəyəm.

Seyfəl çaşdı:

-Nə təhər? -deyə şübhə ilə soruşdu.

Lotu Faxı uzaqdan başladı:

-Bilirsən, qardaşoğlu, keşən ay Soçidə qanuni oğrularla işbazlar arasında bir gizli razılaşma olub. Soçi razılaşmasına görə, obşakların birinə, gəlirinin bir hissəsini öz xoşu ilə verən işbaz həmin obşakın himayəsindədir, heç bir oğru ona yaxın gedə bilməz.

Seyfəl dəqiqləşdirməyə çalışdı:

-Gəlirin bir hissəsi deyəndə nəyi nəzərdə tutursan?

Lotu güldü:

-Sizə elə də baha oturmaz, qardaşoğlu, -dedi, qısa fasilədən sonra əlavə elədi:- Bayır köşkdə qoyduğunuz nəzir qutusundan ildə bir dəfə obşaka ianə versəz, kifayətdir.

Seyfəlin bu “gedişindən” Məlikəjdər sağalandan sonra xəbər tutdu, xeyli götür-qoydan sonra bəyəndi:

-Başınla bir taqım adamın işini görmüsən.

 

- XVI -

 

Bakıdan həyəcanlı xəbərlər gəlirdi. Heç Rusiyanın özündə də vəziyyət sabit deyildi, hətta Krasnoyarsk kimi bir əyalət şəhəri də qaynayırdı.

Xalis nə baş verdiyini anlaya bilmirdi. Onunla bir kursda oxuyan erməni birdən-birə dil açmışdı. Bu qorxacaq oğlanı elə bil dəyişmişdilər. Lazım oldu, ya olmadı diskussiya açırdı. Bir dəfə tarixi mübahisə milli təhqirə keçdi. Xalis əsəblərinə yiyəlik eləmədi, yumruğunu yellətdi. Zərbəsindən erməni oğlanın burnu partladı.

Günahını səmimi-qəlbdən boynuna alan Xalis töhmətlə canını qurtaracağını düşünürdü. Cəzasının belə sərt olacağını gözləməsə də, institutdan qovulmağını sakit qarşıladı.

...İki gündən sonra Xalis Bakıya çatdı. Onu qarşılamağa gələn qardaşlarına tərəf tələsdi. Əvvəl Hatəmlə, sonra Adəmlə qucaqlaşdı. Arxada dayanmış qaraqabaq Seyfəllə könülsüz görüşdü.

- Bu nə vaxtın gəlməyidir? -deyə Hatəm soruşdu.

Xalis sualdan anladı ki, atası onun institutdan qovulmağını qardaşlarına söyləməyib. Sadəcə:

- Rus qəzetləri Bakıda qırğınlardan yazırdı, -dedi.- Narahat olub gəldim.

 

* * *

 

Xalisin gəlişi ailənin bayramına çevrildi. Geniş həyət qaynayırdı. Qardaşı Adəmin uşaqları əmilərindən əl çəkmirdilər. Seyfəlin də oğlanları onlara qarışmışdı. Qonum-qonşudan görüşünə gələnlərin ardı-arası kəsilmirdi. Xalisin yaşıdları, dost-aşnası sübh açılandan gecə keçənə qədər yanında otururdular.

Həftənin axırında get-gəl səngidi, qonaq-qaranın əl-ayağı yığışdı. Yalnız bundan sonra oğul valideynləri ilə diz-dizə oturmağa imkan tapdı.

İndi Xalis təbəssümlə valideynlərini dinləyirdi. Söhbətin yeganə səbəbkarı olsa da, onların mükalimələrinə qətiyyən müdaxilə eləmirdi. Xalis gələn gündən bu günə hələ də dərdlənən Tidora xanım artıq neçənci dəfə idi ki, təkrarlayırdı:

- Uşağın gələcəyi necə olacaq, ağa?

Axırıncı kursdan xaric edilmiş Xalisi oxuduğu ali məktəbə yenidən bərpa eləmək çətin iş deyildi. Əgər oğlu onun istəyinin əleyhinə getsəydi, Məlikəjdər dərhal onun yaxasını boşlayardı. Amma Rusiyanın qarışıq vaxtı idi. Açıq deməsə də, Xalisin Krasnoyarska qayıtmağını istəmirdi. Tidora xanımın ah-ufundan Məlikəjdər ağanın nurani üzündə bircə əza da tərpənmədi. Monoton səslə dedi:

- Onun gələcəyi yaxşı olacaq…

- Rusiyada qalsaydı barı, bir ağ günə çıxardı. Bakıda neynəyəcək?

-Bakının nəyi pisdir ki? -deyə Məlikəjdər ağa arvadının keçmiş gözəlliyindən əsər-əlamət qalmayan çöhrəsinə gözucu baxdı.

-Bəyəm Bakının yaxşılığını-pisliyini müzakirə eləyirik, ağa? -deyə anadan olanda Teodora adı ilə xaçlanmış, sonradan İslamı qəbul eləmiş Tidora xanım yüngül bir istehza ilə soruşdu: - Mən Xalisin burda nə ilə məşğul olacağını bilmək istəyirəm.

Məlikəjdər ağa arvadının istehzasını qulaqardına vurdu. Mülayimliklə:

-Mənim məşğul olduğum işlə məşğul olacaq…-dedi.

-Sənin məşğul olduğun işin axırı yoxdur, ağa, - deyə Tidora xanım qəlbindəkini gizlətmədi: - Oğlumuz ona layiq işdən yapışmalıdır.

- Xanım, səhvin var, zəmanənin övzayı deyir ki, ən layiqli iş mənim məşğul olduğum işdir, -deyə Məlikəjdər ağanın səsinin tonu azca dəyişdi.

- Mənim bir sözüm yoxdur, ağa. Amma Xalis indi böyük kişidir. Bəlkə onun da fikrini soruşasan…-deyə Tidora xanım oğlunun susmağından darılaraq təklif elədi.

- Mən onun istəyinə məhdudiyyət qoymuram. Qoy, özü qərar versin, -deyə Məlikəjdər ağa dilləndi.

İkisi də səbəbkarın cavabını gözləyirdi. Məlikəjdər oğluna baxmadan ayağa qalxdıqda, Xalis dilləndi:

- Mən atamın yanında olmalıyam, ana.

- Bəs, ali təhsilin?

- Atamın məktəbinə nə gəlib, ana, yüz ali məktəbə dəyər, -deyə Xalis gülümsəyib qalxdı, atasına yaxınlaşdı.

Məlikəjdər razı halda boyda özündən hündür olan Xalisi qucaqladı. Dedi:

-Görünür, dərslərim havayı keçməyib. Elə bilirdim, yad ölkə səni dəyişib.

Tidora xanım narazılığını büruzə vermədi, ata ilə oğulu baş-başa qoyub həyətə düşdü.

Elə ki təklikdə qaldılar, Xalis dilləndi:

- Atam, sən hər şeyi bilənsən!-dedi.- Təsadüfən mənim institutdan çıxarılmağımın sirrini bilmirsən?

Məlikəjdər tələsmədən bir siqaret odladı:

-Mənim işimdir,-dedi və heç nə gizlətmədən qurduğu kələk barəsində yerli-yataqlı danışdı. -İndi qərar sənindi!

Xalisin ağzı açıla qaldı:

-Atam, bu boyda həngaməyə ehtiyac yox idi, -dedi.

Məlikəjdər boynuna aldı:

-Səndən bir az nagüman idim, - dedi. - Evdən küsüb getmişdin.

Xalis gülümsədi:

-Küsgünlüyümün səbəbi vardı, amma ailənin müqəddəratını həmişə müqəddəratım bilmişəm, -dedi.

Məlikəjdər onu xəbərdar elədi:

- Bu işdə geriyə yol yoxdur, oğlum.

- Mən geriyə addım atan deyiləm, -deyə Xalis onu əmin elədi.

Məlikəjdər bir də məsələni xırdaladı:

- İşimizin özəlliyi ondadır ki, əməlimizdən xeyli adam bəhrələnir. Qazancımız çox olsa da, xərclərimiz də böyükdür. İşimizə barmaqarası baxmaq olmaz, dostlarımızın da, düşmənlərimizin də gözü bizdədir. Həddən çox adamı işə cəlb eləmişik. Biz onların ümidlərini doğrultmalıyıq. Səhv eləməyə ixtiyarımız yoxdur. Düşmənlərimiz üstümüzə dərhal ayaq tutub yeriyəcək.

Xalis başını tərpətdi:

- Bunlar aydındı, ağa, -dedi.- Bir şey mənə aydın deyil.

Məlikəjdər maraqlandı:

- Sənə aydın olmayan nədi, oğlum?

Xalis gülümsədi:

- Ağa, bilmək istəyirəm, yanına xahişə gələnlərin sayı-hesabı yoxdur. Bəzən onların işindən ötrü ona-buna ağız açırsan, pul da xərcləyirsən, vaxtını sərf eləyirsən, əsəblərini korlayırsan. Heç kimdən də bir manat ummursan. Dağ da olsa, bu xərclərin qabağında əriyər.

Məlikəjdər uzaqdan başladı:

- Nəslimizin adı-sanı boynuma çox yük qoyur. Ata-babalarımız pay verən seyidlərdən olub, pay alan yox, -dedi.- Bu axşamdan həmişə böyrümdə olarsan. İndi isə Seyfəlin yanına get, mən ona tapşırmışam, o, səni hər şeylə tanış eləyəcək.

 

- XVII -

 

Tidora xanım səbrlə həyəti dolanırdı. Möhkəm addımlarla eyvandan enən Xalisin qoluna girdi:

-Mən sənə həyatımın tarixçəsini danışmaq istəyirəm, -dedi.

Xalis anasını qapalı qadın kimi tanıyırdı. Karıxmış halda:

-Buna ehtiyac varmı? -deyə soruşdu.

Tidora xanım:

-Var, oğlum, - deyə üzünü qırışdırdı. - Dinləyəndən sonra nəticə çıxararsan.

 

* * *

 

Sevdiyi adamın vəfasızlığına inana bilməyən Teddi aylarla hərbi hissəyə ayaq döydü. Bətnində baş verən dəyişikliklər də ona dinclik vermirdi. Günü-gündən yumrulanan qarnı sorğu-suala çəkdiyi əsgərlərin təbəssümünə səbəb olurdu. Səhih bir şey öyrənə bilmədi. Nəhayət, aldadıldığına inandı, hikkədən özünə qəsd eləmək fikrinə düşdü, amma bətnindəki körpəyə qıymadı.

Vaxt yetişəndə Savvanın mamaçalığı ilə bir oğlan doğdu. Adını Malik qoydu. Uşağın dünyaya gəlişi onu bir az sakitləşdirdi. Amma bu uzun çəkmədi. Atasına oxşayan oğlan çox yaşamadı. Balasının ölümü cavan anaya çalın-çarpaz dağ çəkdi. Uşağı yerə göməndən sonra havalanmış Teddi kölgə kimi fırlanırdı. Ağlına nə gəldisə, sakitləşdi, başladı yola hazırlaşmağa. Savva onu dilə tutdu:

-Nahaq gedirsən, bacı!-dedi.- Yəqin evlənib.

-Mən ona ikicə kəlmə deyib qayıdacağam, -deyə Teddi onu inandırmağa çalışdı, sonra getməyinin əsil səbəbini açdı. - Məni yoldan saxlamaq fikrinə düşmə, qardaş, burda qalsam, dəli olaram!

 

* * *

 

Günlərlə yol gələn Teddi aldadılmadığını başa düşdü, ürəyi rahatlıq tapdı. Səkil Qoçunun təəccübünə rəğmən, xalaqızı Teddini üzügülər qarşıladı. Günüsünü qucaqlayıb öpdü. Sonra gözlənilməyən bir dilavərliklə pəltəklədi:

-Bu gündən sən mənim bacımsan.

Bir aydan sonra xalaqızı Məlikəjdər ağaya daha bir oğul doğdu.

Amma uşaq sevinc gətirmədi, zahını hal aparırdı. Çağırılmış feldşer də kömək eləyə bilmədi. Xalaqızı şam kimi söndü.

Teddi günüsünə həm ana əvəzi, həm də bacı əvəzi ağladı. Xalaqızının yetimlərini köynəkdən keçirtdi, onlara əsil anadan da artıq bir pasiban oldu.

 

-XVIII-

 

Seyfəl Xalisi sevinclə qarşıladı. O, ağanın malikanəsini dövrəyə almış kiçik evlərdən birində ailəsi ilə yaşayırdı. Giriş-çıxışları ayrıca olsa da, bir həyətə baxırdılar, aralarında hasar yox idi. Xalis ağa Seyfəldəki dəyişikliyə mat qalaraq təklif olunan yerdə oturdu.

Seyfəl ancaq Məlikəjdər ağanın dediklərini yerinə yetirirdi. Ağanın ailə üzvlərinin şıltaqlıqlarını qulaqardına vururdu. Kiçik Xalisin hamiliyi Seyfələ tapşırılsa da, nadincliyinə görə böyük qardaşları tərəfindən döyülən kiçik qardaşı heç vaxt müdafiə eləməzdi. O, uşağı əsl azərbaycanlı görmək istəyirdi. Tidora xanımın evdə Xalisin beyninə yeritdiyini gündüz Sərraf vurub çıxarırdı. Hər dəfə ağa balasına deyirdi: “Sən bu xristian boşboğazlığını burax, ağaoğlu. Dünyanı onlar bu günə qoyublar. Dünya İslamın ümidinə qalsaydı, çoxdan sahmana düşmüşdü.”

Masanın ayaq tərəfində oturmuş Seyfəl dilləndi:

- Xalis ağa, bilirəm ki, məndən inciksən.

Xalis yaddaşında möhkəm yer eləmiş uşaqlıq xatirələrini qovaraq soruşdu:

- Deyirsən, incikliyim səbəbsizdir?

Seyfəl boynuna aldı:

- Xeyr, ağa, səbəbsiz deyil, -dedi.- Əvvəl mən səni nəslimizin başçısı kimi görə bilmirdim.

Xalis istehza ilə:

- Təzəlikdə, deyəsən, fikrini dəyişmisən,-dedi.

Xalisin uşaqlıqda sünbül kimi sarışın saçları axır üç ildə tündləşmişdi, şabalıdı rəng almışdı. İndi atasına daha çox oxşayırdı, hər kəlməsində Məlikəjdərin nəfəsi duyulurdu. Seyfəl hörmətlə:

- Qəribə də olsa, boynuma alıram ki, fikrimi dəyişmişəm, -dedi və köksünü ötürdü: - Bəli, sənin böyük qardaşların bivec çıxdılar.

Xalis ağa gülümsədi:

- Təəssüflənirsən?

Seyfəl fikrini gizlətmədi:

- Əlbəttə! Böyük qardaşın bu iş üçün doğulmuşdu. Mülayimliyi, üzügülərliyi, sinədən gələn xırıltılı səsi insanı valeh eləyir. Hayıf ki, ipə-sapa yatan deyil. Əvvəllər fikri-zikri qumar idi, sonra eyş-işrətə qurşandı, indi də siyasətə qoşulub.

- Bəs, o birisi?

Seyfəl əlini yellətdi:

- O birisindən danışmağına dəyməz. Ağlı uşaq ağlıdır. Bizim işə yaramaz.

Xalis birdən ürəkdən güldü:

- Halına yanıram, Seyfəl əmioğlu,-dedi.- Məcburiyyət üzündən seçim qarşısında qalmısan. Bilsəydim, gəlişim səni belə kədərləndirəcək, elə Krasnoyarskda qalardım.

Seyfəl tam səmimiyyətlə:

- Amma sənin Bakıya qayıtmağın məni çox sevindirdi. Elə bil çiynimdən daş düşdü. Qarışıq zəmanədir, hər şey ola bilər. Nəsil başsız qalmamalıdır.

- Bir təhlükəmi var?

Seyfəl onu sakitləşdirdi:

- Xeyr, ağa, salamatçılıqdır, -dedi.- Amma bərayi-ehtiyatın ziyanı yoxdur. Düzdür, Sanının tutulmağı aranı bir az sakitləşdirib.

- O belə qorxuludur?

- On illərlə zonda oturmuş adam zəncirdən buraxılmış qapağan köpək kimidir. Ondan nə desən çıxar.

- Gücü çoxdur?

- Güclü olmağına güclüdür, amma daha Məlikəjdər ağaya bata bilməz.

- Mən bilmirdim, -deyə Xalis boynuna aldı.- Elə bilirdim, ağa ancaq ibadət eləməyi bacarır.

Seyfəl dedi:

- Sənin bunu bilmək vaxtın çatıb. Məlikəjdər ağanın tapşırığı belədir. Bizim söhbətimiz uzun çəkəcək.

–XIX–

 

Yoldaşlarının əfv xəbəri Sanını yerindən oynatmışdı. Bir saatdı var-gəldən yorulmurdu, kiçik kameranı eninə-uzununa ölçürdü.

Qaydaya görə, saat on ikidə nəzarətçi elektrik çıraqlarnı keçirirdi. İndi şam işığında Sanını müşahidə eləyən curlarından biri o birisi ilə himləşdi. Asta Ravil pıçıldadı:

- Sanı yüzüncü dəfədi dövrə vurur.

Taxta Ravil dəqiqliyi sevirdi:

- Səhvin var, bu onun doxsan beşinci dövrəsidi, - deyə astadan dilləndi.

Asta Ravil mübahisə eləmədi:

- Görəsən, ona nə oldu? - deyə soruşdu.

- Başına hava gəlməsə yaxşıdı, - deyə Taxta Ravil bədxahlıqla irişdi.

- Bu gecə hər şey götür-qoy olunmalıdı, - deyə Asta dilləndi.

- Hə, vaxtımız azdı, - deyə Taxta razılaşdı.

- Sanı sabahdan kamerada tək qalacaq, - deyə Astanın gözləri doldu- Yazıq bizsiz darıxacaq.

Taxta Ravil iztehza ilə gülümsədi. O, adaşı kimi sentimental deyildi.

Qanuni oğru Sanı Abşeronski üçüncü il idi ki, gözləyirdi. Daha hökumət çörəyindən xirdtəyə qədər doymuşdu. Cinayət aləmində bir qərinə təcrübəsi vardı. Adətən, onun türməyə girib-çıxmağının arası çox çəkmirdi. Çəkdiyi cəzanın müddətindən asılı olmayaraq, hər dəfə, nümunəvi davranışına görə azadlığa buraxılırdı. Amma bu dəfə belə olmadı, gözləməkdən səbri tükənmiş Sanını hələ də arayıb-axtaran yox idi.

Bu üç ili Sanı qapalı kamerada tək deyildi. Tutulan kimi qayğısına qalmışdılar. Gözəgörünməz qüvvələrin qüdrətinə söz ola bilməzdi. Özü arzuladığı kimi, onun iki əlaltısını, Ravilləri yanına qatmışdılar. Bu cinayət ortaqları ilə iyirmi il bundan qabaq Sibirdə “zon”da tanış olmuşdu. O vaxtdan ayrılmırdılar. Adaşlar deyib-gülən, zarafatcıl oğlanlardı, Sanını darıxmağa qoymurdular. Ravillər də cinayyət aləmində söz sahibi idilər. Qanuni oğru sayılırdılar. Amma onları bu mərtəbəyə ucaldan Sanının qabağında “şestyorka” olaraq qalırdılar.

Sanı, nəhayət, keçıb taxtında bardaş qurdu. Dedi:

-Əfv olunmağınıza sevinirəm. Sizi təbrik edirəm.

Ravillərin üzü güldü. Taxta qolunu Sanının boynuna saldı:

- Sağ ol! Gedən ayaq yanağından bir maç ver! - deyə onu öpmək istədi.

Sanı mane oldu:

- Şitlik eləmə! - dedi. - Ağız-burnunu partladaram.

Taxta dərhal aralandı. Bilirdi ki, Sanıdan nə desən çıxar. İlan kimi qəflətən çalmağı var.

- Biz elə bildik bu xəbər səni kədərləndirib! - deyə Asta gülümsədi.

- Niyə ki? Sizin çıxmağınız xoş əlamətdir, - deyə Sanı da gülümsədi.

- Nəyi xoşdur? - deyə Taxta etiraz elədi. - Sən türmədə, biz azadlıqda.

- Yada düşməyimizin özü əlamətdar hadisədir, - deyə Sanı onları başa salmağa çalışdı.

Taxta onun fikri ilə razılaşmasa da:

- Bizə sözün nədir? - deyə soruşdu.

- Sizə bir neçə məsləhətim var. Birinci budur ki, özünüzü gözə soxmayın. Sakitcə yaşayın. Mən çıxana qədər dinməz oturun.

- Elə niyə? - deyə Ravillər birağızdan soruşdular.

- Müstəqil iş sizlik deyil, - deyə Sanı fikrini açıq bildirdi.

- Niyə, axı? - deyə Taxta coşdu.

- Elə birinci addımda ilişəcəksiniz, - deyə Sanı onun coşmağını etina eləmədi. - Sizin dərrakənizə bələdəm.

- Sən bizi lap başıboş sayırsan ha! - deyə Taxta incidi. - Əl-ayağımızı tərpətməyə imkan versən görərsən analar necə oğul doğub!

- Belə bir imkan əlinizə düşəcək, darıxmayın, - deyə Sanı kədərlə gülümsədi.

Taxta Ravil anlamadı:

- Bu haçan olacaq?

- Düşmənlərimiz axırıma çıxandan sonra. - deyə Sanı mızıldandı.

Asta Ravil mütəəssir oldu:

- Allah bizi o gündən saxlasın. Sənsiz biz batarıq...- dedi.

Taxta işgüzarlıqla:

- Sənin belə ümidsizliyinə səbəb nədi?

Sanı izah elədi:

- Bayırda vəziyyət kökündən dəyişib. Görürsüz ki, neçə ildir bizi arayıb-axtaran yoxdur. Sovet hökuməti dağılır, erməni-müsəlman davası gedir, hamilərimizdən bir səs çıxmır, bir sözlə, bura təzədən düşməmək üçün gərək əl-ayağımızı yığışdıraq.

Taxta Ravil qaşqabaqla:

- Əl-ayağımızı yığışdırsaq, Sanı, ac qalarıq, - dedi.

Asta Ravil onu dürtmələdi:

- Sən yedin, ya yemədin, heç fərqi yoxdur, ikilik taxtasan ki, varsan. Bir az pəhriz gözləsən ziyan çəkməzsən.

Qaxac ət parçasına oxşayan taxta Ravil köklükdın əziyyət çəkən adaşına nifrətlə baxdı:

- Pəhriz sənə lazımdı ey, donuz kimi piylənmisən, - deyə ona bozardı.

Sanı acıqlandı:

- Qurtarın! Deyişməkdən yorulmadız? - dedi və sakitləşmiş əlaltılarını başa saldı. - Heç kim sizi aclığa məhkum eləmir. Obşakın o boyda daxılı var...

Ravillərin ikisi də qulağını şəklədi.

- Deyirsən, saxlancdan istifadə eləyək? - deyə Asta Ravil soruşdu. - Tez deyil?

Sanı başını tərpətdi:

- Lap vaxtıdır! Kimin üçün yığırıq ki? - dedi. - Gülü xanım sizi ac qoymayacaq. Həmişə xərcliyiniz olacaq. Daxıl nənəmlə Gülünün nəzarətindədir.

Sanı saxlancın yerini Ravillərdən gizlətmirdi. Onlara inanırdı. Adaşların hesabına görə daxılda karlı pul olmalı idi. On illərlə kənara hec nə xərcləməmişdilər. Amma daxılın etibar olunduğu adamların sırasında Gülünün adını eşidəndə narazı qaldılar.

- Saxlancı Kürsümün qızına nahaq tapşırmısan, - deyə Taxta Ravil mızıldandı.

- Niyə ki? - deyə Sanı lağla soruşdu. - Hər həftə onun gətirdiyi torba-torba yeməyi həzmi-rabedən keçirəndə belə demirdin.

-Yemək-içməyi bir o gətirirdi, bəyəm? - deyə Taxta təkrar mızıldandı. - Sədaqətli dostumuz Cinni Canı da gətirirdi, Sallaq Məmiş də gətirirdi, Yanığı daha demirəm, tez-tez gəlir. Hətta “suka” Piri də gətirirdi.

Sanı onu cırnatdı:

-Bunların hamısına saxlanc yeri deyilməyib!

Taxta inadla davam elədi:

- Kürsüm də, oğlu da imkan düşən kimi bizi satacaq. Şərəfsiz şeydirlər. Pula görə nəyə desən gedərlər.

- Ay səfehsən ha! Kürsümün pulu ilə müqayisədə bizim daxıldakı pulumuz qəpik-quruşdur. O, əvvəllər tanıdığınız şortu deyil, indi milyonçudur, - deyə Sanı etirazını bildirdi. - Bir də mən daxılı nə Kürsümə, nə də oğluna tapşırmışam, Gülüyə etibar eləmişəm.

- Gülü nə anasını, nə də qardaşını sənin ayağına verməz! - deyə Taxta qətiyyətlə dilləndi.

Sanı cavab verməyə macal tapmadı, Asta Ravil lap acı danışdı:

- Kürsüm özü nədir ki, qızı nə olsun, - dedi. - Şeytana papış tikən bir ananın qızı...

- Gülü mənim kəbinli arvadımdır, - deyə Sanı onun sözünü kəsdi.

- Qanuni oğrunun nə arvadı, nə də ailəsi ola bilməz, - deyə Asta Ravil məlum qaydanı ibarə ilə təkrarladı.

- Dilini saxla! - deyə Sanı ona acıqlandı.

Asta Ravil dilini saxlamadı:

- Hər şəhərdə bir arvad saxlayırsan, nədir, hamısına sirrimizi deyəcəksən?

- Hamısına yox, amma Gülüyə demək olar, - deyə Sanı tərs-tərs Asta Ravilə baxdı. - Onun sədaqətini dəfələrlə yoxlamışam. Yazıq türmə yollarında can qoyub. Hər azadlığa çıxanda mənə qəpiyə qəpik hesabat verir. Bir sözlə, nə Gülü, nə anası Kürsüm, nə qardaşı Kürsümoğlu mənə xəyanət eləməz.

- Niyə?

Sanı gülümsədi:

- Qorxudan eləməzlər. Mənim adım gələndə bu ailəni əsmə tutur, - deyə əlaltılarını inandırmağa çalışdı. - Bir də Anuş nənəm qocalıb. Ölüb-eliyər, daxıl başsız qalar. Gülü isə neçə illərdir nənəmin qulluğunda durur. Daxıldan da lap çoxdan xəbəri vardı.

Adaşlar olacaqla barışmalı oldular. Asta Ravil qart erməni qarısını xatırlayıb marağını gizlətmədi:

-Nə əcəb nənənə toxunmurlar? - deyə soruşdu. - Deyilənə görə, erməniləri şəhərdən qovurlar, axı.

-Elə bilirsən nənəm elə belə arvaddı? - deyə Sanı qürrələndi. - Əzrayıldan başqa ona batan çətin tapılsın. Hər yerdə əlaqələri var.

-Hər halda türmədən çıxmağımız yerinə düşdü, - deyə Asta Ravil dilləndi.

Sanı başını tərpətdi:

-Düzdü, Gülü qarını tək qoymur, həmişə yanındadır, amma sizin azadlığa çıxmağınız məni arxayınlaşdırır.

- Azadlıqda bizim işimizin adı nə olacaq? - deyə Taxta soruşdu. - Nənənə cangüdənlik eləməliyik?

Sanı Taxtanın istehzasını qulaqardına vurdu:

-Hələlik saxlancı qoruyacaqsınız. Amma dərhal nənəmgilə getməyin. Özünüzü qəsəbəyə verin, Gülünü tapın. Lazım bilsə, sizi nənəmgilə aparacaq, - dedi və başını yastığa atdı. - Daha şamları söndürün, yataq! Səhərə az qalır.

 

–XX–

 

Gülü Sanıdan daha çox Ravillərdən qorxurdu. Bu başkəsənləri görəndə bədəni çimçəşirdi. Sanının tapşırığını dinləyib adaşları qardaşının dənizkənarı mülklərinin birində yerləşdirmək istədi:

- Müvəqqəti buralarda qalın. Şəhər qaynayır, qıraqda olmağınız yaxşıdır, - dedi. - Başsız kütlədir, qızışıb erməni evlərinə hucum eləyə bilər. Onda siz də dəsxoşa gedəcəksiniz.

Ravillər razı olmadılar.

- Biz elə qarını qorumaq üçün buradayıq, - deyə Taxta Ravil dilləndi.

- Sanının istəyi belədir, - deyə Asta Ravil təsdiqlədi.

- Onda gözləyin məni. Görüm şəhərdə vəziyyət necədir, - deyə Gülü dilləndi.

 

* * *

 

Anuşu gecə-gündüz çalxalanan Meydanın uğultusu vahiməyə salmışdı. Nəvəsinin əlaltılarını şadlıqla qarşıladı. Gülü ağzını açan kimi onunla razılaşdı:

- Nə qədər istəyirlər qalsınlar, - dedi.

Ermənilərin çoxu şəhərdən qaçmışdı. Qalanları da burunlarını çölə çaxmağa qorxurdular. Anuş Gülünün ümüdinə qalmışdı. Nəvəsinin aşnası yanında olmayanda hündür tavanlı, futbol meydançası kimi geniş evdə Anuş həyula kimi tək dolaşırdı.

Ravillərin gəlişi mənzildəki ab-havanı dəyişdi. Bir-biri ilə deyişməkdən yorulmayan bu peşəkar canilər özlərini uşaq kimi aparırdılar.

İri soyuducudakı ərzaqlar onların mədəsində gün altına qoyulmuş buz kimi ərisə də Ravillər doymaq bilmirdilər. Qonaqlar süfrədən aralanmırdılar.

Anuş qarının beli yay kimi əyilmişdi. Amma gözləri gırğı kimi iti görürdü.

-Ay qarnınıza şiş batsın! - dedi. - Haçan doyacaqsınız?

Taxta Ravil incimədi:

- Anuş nənə, sən də üç il türmədə otursaydın belə danışmazdın, - deyə yekə ət parçasını dişinə çəkdi.

Şam yeməyi bitmək üzrə idi. Gülü süfrəni yığışdırmaq istədi. Divar saatı on ikini vurdu. Mənzilin dəmir qapısı zərblə döyüldü. Dilavər Anuş qarı büzüşdü:

- Açmayın. - deyə yalvardı. - Keçən gecə də döydülər, döydülər, getdilər.

Amma qapının arxasındakılar usanmırdılar. Zərbələrin sayı artdı. Ağır alətlər işə düşmüşdü. Deyəsən, qapını qırmaq istəyirdilər. Ravillər gözləşdilər. Ayağa qalxdılar. Gülü məsləhət gördü:

- Mətbəxdən ət baltasıni götürün, əliyalın çıxmayın.

Taxta Ravil gülümsədi:

-Mənim silahım budur! - deyə əlindəki dürməyi yerə qoymadan qapını yarımçıq açdı.

Pilləkən meydançasında iki nəfər durmuşdu. Biri əlində lom, o biri dəmir parçası tutmuşdu. Taxta soruşdu:

- Qarnoy, niyə qoymursuz dincələk?

Əlində dəmir parçası olan kişi çaşqın halda:

- Sən erməniyə oxşamırsan.

- Elədir, mən tataram.

Lomlu kişi yoldaşına acıqlandı:

- Bəs, deyirdin bura erməni evidir!

- Dəqiq bilirəm ki, burda bir erməni arvadı yaşayır, - deyə dəmir parçalı adam onu inandırmağa çalışdı.

Əlində lom olan silahını qaldırdı, üzünü cüssəsiz Taxta Ravilə tutdu:

- Ey tatar balası, qoca erməni arvadını bizə ver, səninlə işimiz yoxdur.

Asta Ravil işıqlığa çıxdı. Onun dolu cüssəsini görən qarətçilər geri çəkildilər. Asta Ravil qorxunc səslə:

- Bir neçə gündür ki, erməni arvadı gorbagor olub. İndi burada biz yaşayırıq. Çıxın gedin, yoxsa sizin üçün pis olacaq, - dedi və qapını onların üzünə çırpdı.

Bayırda qarətçilərin səsi bir neçə dəqiqə gəldi, sonra ayaq səsləri eşidildi. Bir azdan sakitlik çökdü. Anuş qarı titrəyirdi. Dedi:

-Siz olmasaydız məni öldürəcəkdilər.

Taxta Ravil əlindəki dürməyi həvəssiz gəvələyirdi. İştahı küsmüşdü.

- Ay qarı, sən də ölümdən qorxursan? - dedi, - Yaşadığını yaşamısan da.

- Mən istəyirəm məni azərbaycanlılar yox, ermənilər öldürsün, - deyə Anuş pıçıldadı.

- Sənin üçün nə fərqi var?

- Fərqi böyükdür. İstəyirəm qanım erməniləri tutsun, azərbaycanlıları yox.

- Deməli, sən azərbaycanlıları sevirsən?

- Bəli, onlardan həmişə yaxşılıq görmüşəm, - deyə Anuş mızıldandı. - Allah bu ermənilərin kökünü kəssin. Bütün bu qırğınların baiskarı onlardı. Onların ucbatından mən bir xoş gün görmədim.

Gülü üzünü kişilərə tutdu:

- Yatırsızsa yerinizi salım?

Taxta Ravil dedi:

- Yatmaq olmaz. Yenə gələ bilərlər, - dedi.

Asta Ravil qarını dilə tutmağa çalışdı:

- Ay nənə, onsuz da yuxumuz qaçıb. Bir yaxşı söhbət elə.

Anuş qarı razılaşdı.

 

–XXI–

 

Anuşun həyatında işıqlı anlar çox olmamışdı. İndi Osmanlıdakı həyatı ona yuxu kimi gəlirdi.

...O, hər gün keçiləri qabağına qatıb iki kəndi ayıran təpədə səbirsizliklə gözləyirdi. Mehmet qoyunları haylaya-haylaya türk kəndindən aralanır, təpəyə tələsirdi. Onlar heyvanları başlı-başına buraxıb əl-ələ tutur, deyir-gülür, oynayır, vaxtın necə keçdiyini bilmirdilər. İllər keçirdi. Bir gün:

- Tez böyü, Mehmet… - deyə Anuş əyilib onu öpürdü. - Geciksən məni başqasına ərə verəcəklər.

- Mən çalışıram… - deyə Mehmet utana-utana dillənirdi.

Onlar eyni yaşda idilər. Anuş on beş yaşında artıq yep-yekə qız idi. Mehmetin boyu çıxmırdı. Onlar yanaşı duranda oğlanın başı qızın irilənmiş döşlərinə zorla çatırdı. Yekəlmiş Anuş gözəl olmasa da, gözəgəlimli idi.

Başı sevgi-məhəbbətə qarışmış Anuş ətrafda baş verənlərə fikir vermirdi. Uşaqlıqda altında yatdıqları ağaca ildırım düşmüşdü. Ata-anası ölmüş, osa sağ qalmışdı. Yetimin başı qalda olar deyərlər. Əmisi arvadının qoltuğunda yaşayırdı. Səhərdən axşama qədər bir qarın çörəyə işləyirdi.

Kənddə iki silahlı kişi peyda olmuşdu. Deyirdilər ki, Qafqazdan gəliblər. Kəndin erməniləri kimi danışmırdılar. Sivil paltarda idilər. Amma hər ikisinin yerişi-duruşu hərbi təlimdən xəbər verirdi. Avstriya istehsalı olan qısalülə tüfəngləri çiynində cavanları başına toplayıb hərbi təlim keçirdilər. Tüfəng atmağı öyrədirdilər. Qaş qaralanda kilsəyə yığılır, ermənilərin ağır taleyindən danışır, vətənsiz qalmalarından şikayətlənirdilər, türklərin dalınca müxtəlif hədyanlar danışırdılar. Qafqazdan gələnlərdən hamı çəkinirdi. Qınçaq adında partiyanın üzvləri idi. Onlar deyirdilər:

- Müharibə başlayan kimi Rusiyaya köçmək lazımdır.

Bununla heç kim razılaşmasa da, susurdular.

Bir gün keçiləri qabağına qatıb kəndə enən Anuşun qabağını həmin gəlmə ermənilər kəsdi.

Əmisi arvadı Anuşun rüsvayçılığının səbəbkarlarını bilən kimi kəndxudanın üstünə köməyə qaçdı. Kəndxuda da yaraqlılardan çəkinirdi, eşitdiyinə əvvəl inanmadı. O, keşişin yanına məsləhətə getdi. Onların ikisi baş-başa verib götür-qoydan sonra işi faş eləmədən yoluna qoymaq üçün yadelli erməniləri kilsəyə çağırdılar.

Qafqazdan gələnlər yaxşı bəxşiş müqabilində kəndxuda ilə keşişi ələ aldılar. Məsləhət bu oldu ki, qızın əmisi arvadına müəyyən məbləğ pul təklif olunsun. Əgər qadın susmasa, başqa tədbir görərlər. Qınçaqçılar Anuşu ərə verməyi də boyun oldular. Söz verdilər ki, toy xərcini də özləri çəkəcəklər. Kəndin dəmirçisi Artuşun arvadı təzə ölmüşdü, kiçik qızı anasız qalmışdı. Kəndxuda ilə keşişin təklifi yerinə düşdü. Artuş yaxşı cehizi olan qızı almağa razı oldu. Gələcək arvadının üzüqaralığına göz yumdu. Beləcə, Anuşu bir neçə günün içində ərə verdilər. Anuş hər gün təpədə erməni kəndinə tərəf boylanan Mehmetə sarı başını qaldırmağa utanırdı. Bu işdən sonra qınçaqçılar aradan çıxdılar.

Bir il keçdi. Qınçaqın yeni fəalları kəndə ayaq açdılar. İndi onlar çox idilər. Sözünün üstündə söz deyənlərli mauzerlə hədələyirdilər. Tələbləri bu idi ki, camaat yerlərini tərk eləyib Rusiyaya hüdudlarına köçsün. Onlara pul-mal, torpaq vəd olunurdu. Əl altdan, çöldə bir-iki adamın heyvanını gülləyə tutdular. Dedilər, bu türklərin işidir.

Artuş köçməyə razı olanların birincisi idi. Köçmək əmrini alan kimi yorğan-döşəyini, pal-paltarını arabaya yığdı. Köç tərpəndi. Türklərə qalmasın deyə qınçak fəalları boşalmış evlərə od vururdular.

Köçün başçısı icma rəhbəri adlanırdı. Bu bir yaşlı erməni taciri idi. Qafilənin bələdçisi də özü idi. Ona dinməz tabe olan adamlardan köməyini əsirgəmirdi. Yanına tez-tez gələn Anuşu heç vaxt boş qaytarmırdı. Bu gözəgəlimli qadının istəklərini mümkün qədər yerinə yetirməyə çalışırdı. Anuş da borclu qalmırdı.

İranın Ənzəli şəhərində icma rəhbəri çətinə düşdü. Erməni köçünü Bakıya aparacaq gəmi hələ gəlməmişdi. Dünənə qədər ona dinməz tabe olan dindaşları daha əmrlərini eşitmirdilər. Narazı, xəstə, ac-yalavac adamları sakitləşdirmək mümkün deyildi. İcma başçısı səbrlə onları dilə tuturdu:

- Bakını Rus imperatoru ermənilərə verib. Ora gələcək Haystanın paytaxtı olacaq. Dünyada çıxan neftin yarısını Bakı verir. Bakı varlı şəhərdir. Çatan kimi sizə ev verəcəklər, pul verəcəklər, ərzaq verəcəklər. Osmanlıdakıdan da yaxşı yaşayacaqsınız. Dözün, bizim də Vətənimiz olacaq. … - deyə dil tökürdü. - Erməni xalqı qarşısında borcunuzu ləyaqətlə yerinə yetirin. Biz həmişə onun-bunun qoltuğunda yaşaya bilmərik. Rus imperatorunun verdiyi şansdan bəhrələnmək lazımdır.

Nəhayət, gözlənilən gəmi limanda lövbər atdı. İcma rəhbəri adamları kapitanı erməni olan gəmiyə yerləşdirdi. Boynuna götürdüyü işi axıra çatdırmış icma rəhbəri arxayınlıqla trapdan düşürdü ki, gözü məşuqəsinə sataşdı. İştahını saxlaya bilmədi. Bir bəhanə ilə Anuşu karvansaradakı sövməsinə apardı. Anuşun cazibəsindən çıxa bilmirdi, ayrılanda təklifini bildirdi:

- Bəlkə, mənimlə qalasan? - dedi. - Gələcəyindən qorxma, pulum var.

Onun təklifinə Anuş güldü:

- Yolda yıxılıb ölsən mənim halım necə olacaq? - deyə soruşdu və icma rəhbərinin könlünə dəyməkdən çəkinmədən lağ elədi. - Bir ayağın gordadır, gələcəkdən danışırsan.

Bakıya çatan kimi erməni ailələrini yerbəyer elədilər. Doğurdan da onları gözləyirlərmiş. Artuşun ailəsi arvadının sayəsində nisbətən yaxşı yerə düşdü. Ailə qoçu Canpoladın himayəsinə verilmişdi.

 

* * *

 

Min doqquz yüz on yeddinci ilin axırlarında Artuş da silaha sarıldı, Arakelovun yaratdığı erməni özünümüdafiyə dəstəsinə yazıldı. Şəhər qarışmışdı. Dəstə hardan gəldikləri məlum olmayan ermənilərin hesabını durmadan böyüyürdü. Gecə-gündüz Biləcəri tərəfdə, boş ərazidə təlim keçirdilər. Evə gələndə Anuş barıt qoxuyan Artuşu danlayırdı:

- Ay səfeh, vurub öldürərlər səni! Nə qoşulmusan o başkəsənlərə…

Artuş yekə-yekə deyirdi:

- Kişi işinə qarışma!

Artuş sovetlərə tabe olmayan Azərbaycan qəzalarına göndərilən bir dəstə başkəsən daşnaqa qoşuldu. Əliyalın türk-müsəlman əhalisinin qırğınında iştirak elədi. Artuşdan şücaətli bir başkəsən çıxdı. Uşaq-qoca, qız-gəlin bilmirdi, rastına çıxana aman vermirdi.

 

* * *

 

Tənha qalmış Anuş vaxtını öldürmək üçün qonşuya gedirdi. Evin kiçik oğlu çoxdan bolşeviklərə qoşulmuşdu. İndi şəhərdə hakimiyyəti əlinə alan Bakı Sovetində çalışırdı. Zarafatcıl bir oğlan idi. Anuş ona şikayətləndi:

- Tiqran can, darıxıram. Teatrlar bağlı, sinemalar bağlı, bilmirsən vaxtı necə keçirəsən. Küçəyə çıxmağa qorxuram. Silahlı əlindən tərpənmək olmur. Gah orda, gah burda partapart düşür. Bilmirsən başını hara soxasan ki, güllə sənə dəyməsin. Utanmasaydım bir tüfəng də mən əlimə alardım…

Tiqran zarafatla Anuşa dedi:

- Anuş xala, gəl səni Bakı Sovetinə aparım. Sənin yerin oradır. Arvadların üstündə komissər olarsan.

Anuş bu təklifə həvəslə razılaşdı. Səhərisi Tiqrana qoşuldu. Çılğın, qoluzorlu, inadkar, hər cür cinayətlərdə əli olan ünsürlərin yığıldığı Bakı Sovetində rus və ermənidilli adamların əlindən tərpənmək olmurdu. Azərbaycan türkcəsində danışan tək-tük idi.

Tiqranın məsləhətilə bir neçə gündən sonra Anuş bolşeviklər partiyasına yazıldı. Qadın məsələləri ilə məşğul olan şöbəyə işə düzəldi. Arxayınlıq üçün paltarının altında naqan gəzdirirdi. Tiqran zarafatından qalmırdı:

- Anuş xala, başını bəlaya saldın ha!

- Niyə, Tiqran can?

- Hakimiyyəti əlimizdə saxlaya bilməsək, halımız xarabdı, hamımızı qıracaqlar.

Anuş istehzasını gizlətmədi:

- Sən öz gününə ağla, Tiqran can, - dedi və yaraşıqlı gərdəninə işarə ilə, - mən canımı qurtaracağam.

Kişi yığnağına düşmüş Anuş ürəyində arzu-kam saxlamadı. Elə ilk gündən gözü tutduğunu cənginə çəkirdi. Eşqbazlığını gizlətmədiyindən Bakı Sovetinə gələn işçi qadınlar onun qeybətini qırır, dalınca yüz söz deyirdilər. Dedi-qodu dəftərxananı idarə eləyən Tiqranın qulağından kənarda qalmadı. Anuşu yanına çağırıb xeyli danladı:

- Xala, özünü əməlli apar ha! Qadınları hürkütmə. Mənim adımı da bədnam eləmə. Qoy deməsinlər ki, Tiqranın xalası şortudur.

Anuş onun üstünə çəmkirdi:

- Mənə ağıl öyrətmə, qaynatam deyilsən! - dedi, amma həmin gündən özünü yığışdırdı.

Bir gün Anuş silahlı adamlar arasında Nazı oğlu Qulunu gördü. Onun da bolşeviklərə qoşulduğunu bilirdi, amma çoxdandı rastlaşmırdılar.

Nazı oğlu Qulu Anuşla xeyli dərdləşdi, işindən şikayətləndi. Sonra Maranı xəbər aldı. Anuş ağızucu dedi:

- Evdədir.

- Səninlə qalır?

- Bəs, harda qalacak ki? Arakelov öləndən sonra qayıtdı üstümə, tək yaşamağa qorxdu, gəldi sığındı mənə, - deyə Anuş könülsüz cavab verdi.

Qulu əl çəkmədi :

- Özünü necə hiss eləyir?

- Dəvəsi ölmüş ərəb kimi! - deyə Anuş çımxırdı. - Başqa söhbət başına qəhətdir? Yadında saxla, Qulu, Maranın ayağı ağırdır, kimə nəzəri düşürsə, həmin adam başını tezliklə yerə qoyur.

Nazı oğlu Qulu gülümsədi:

- Mən başımı tezliklə yerə qoymaq istəmirəm…

Qulunun şən cavabı Anuşu sakitləşdirdi. Görmədiyi bir neçə ayda xeyli mətinləşmiş Qulunun görünüşü qadını cəzb elədi. Ağlına nə gəldisə onun qolundan tutub çəkə-çəkə bir otağa apardı. Özü içəri girəndə tapşırdı:

- Gözlə, gəlirəm, - dedi və çox çəkmədi ki, girdiyi qapıdan boylandı. - Gəl, səni gözləyirlər.

Nazı oğlu Qulu içəri girdi. İri bir masanın arxasında oturmuş çəlimsiz cavan erməni ilə salamlaşdı. Anuş onları bir-birinə təqdim elədi:

- Tiqran can, bu bizim ailənin dostudur…Sən deyirdin ki, yerlilərdən etibarlı adam lazımdır. Nazı oğlu Quluya etibar eləyə bilərsən.

Bir neçə gündən sonra Nazı oğlu Qulunu Bakı Sovetinin fövqəlada komissiyasına keçirtdilər. Bundan sonra onlar tez-tez görüşürdülər. Anuş onu bir neçə dəfə özü ilə Keşlədəki evinə aparmaq istədi. Amma tezliklə anladı ki, Nazı oğlu Qulu arzuladığı kişilərdən deyil, qadınlardan kənar qaçır. Hər kəlməsi Mara ilə başlayırdı, Mara ilə də qurtarırdı.

Anuş öz xoşu ilə onun yaxasını buraxdı.

 

* * *

 

Türk qoşunlarının sorağını alan Bakı Kommunası Azərbaycan qəzalarını viran qoyan erməni dəstələrini geri çağırdı. Komissarlar Bakını müharibəsiz vermək istəmirdilər.

Üst-başını dəyişməyə evə gəlmiş Artuş Nazı oğlu Qulunu eyvanında gördü. O, silahlı idi. Masa arxasında oturub çay içirdi. Anuşla Mara da yanında idi. Artuş qorxudan özünü itirdi. Minlərlə türkün qanına əli batmış ermənini əsmə tutdu. Əcəlini gözünün altına aldı. Elə bildi Nazı oğlu Qulu haqq-hesab çəkməyə gəlib.

Nazı oğlu Qulunu isə Maradan başqa heç nə maraqlandırmırdı. O, Canpoladın ölümünü arzulamırdı. Sadəcə Maranı onun əlindən almaq istəyirdi. Arakelov isə bundan istifadə elədi. Hadisələr Nazı oğlu Qulunun nəzarətində deyildi. O, sadəcə gözünü qan örtmüş piyada idi. Canpolada xəyanət eləyəndən sonra bir müddət gizləndi, yalnız atalığının ölümünü eşidib üzə çıxdı. Daha sonra isə Bakı Sovetinin yaratdığı Qırmızı Qvardiyaya yazıldı.

Nazı oğlu Qulu yaxınlaşıb Artuşu qucaqladı. Xoş-beşdən sonra gəlişinin səbəbini bildirdi. Dünyanın bütün şərəfsizliyini təhəmmül eləyən Artuş belə, Qulunun alçaqlığına mat qaldı. Sevincini gizlədə bilmədi:

- Sən mənim qızımla evlənmək istəyirsən?

Nazı oğlu Qulu başını tərpətdi:

- Mən onu sevirəm, - dedi.

- Bütün olanlardan sonra sən onu almaq istəyirsən? - deyə Artuş təəccübləndi.

Nazı oğlu Qulu :

- Mən Maranı sevirəm, - deyə təkrar elədi.

- Ay axmaq, küçədə erməni-müsəlman davası gedir ey! - deyə Artuş özünü saxlaya bilmədi. - Nə sevgibazlıqdır.

- Mən Maranı erməni-müsəlman davasından qabaq da sevirdim, - deyə Nazı oğlu Qulu gülümsədi.

Anuş da Nazı oğlu Qulunu fikrindən daşındırmaq üçün dedi:

- Qoy ara sakitləşsin, sonra baxarıq.

Mara bu mübahisəyə son qoydu. Tələsmədən durub gəldi, Nazı oğlu Qulunun qoluna girdi:

- Mən sənin arvadın olmağa razıyam, - dedi.

Artuş daha mübahisə eləmədi, razı oldu. Osmanlı qoşunları durmadan Bakıya yaxınlaşırdı. Bu da izdivacı sürətləndirdi. Silah səsləri altında yüngül bir toy da elədilər. Nazı oğlu Qulu arzusuna çatdı.

Bakını və ətraf qəzaları vahimə içində saxlayan erməni daşnaq dəstələri Osmanlı qoşunlarının sorağını eşidən kimi quyruqlarını qısdılar. Qaçhaqaç başladı. Topların ilk mərmiləri Poxludərəyə düşəndə Anuş dəniz limanında Artuşla vidalaşırdı.

Daşnaq dəstələri eyni vaxtda bir neçə gəmiyə minirdi. Onlara məxsus silah-sursat nizamla yüklənirdi. Talandan əldə olunmuş qənimətlər taxta qutulara qablanmışdı, taylara vurulmuşdu. Yük o qədər çox idi ki, saatlarla yüklənsə də qurtarmaq bilmirdi.

 

* * *

 

Artuş Anuşa yalvarırdı:

- Gedək mənimlə! Sənsiz mən məhv olacağam.

- Deyirsən yenə ac-yalavac yaşayım? - deyə Anuş qaşqabağını tökdü. - Xeyr, Osmanlıdan köçəndə çəkdiklərim bəsdir mənə.

- Qorxma, mən indi əvvəlki Artuş deyiləm. Kisə-kisə qızılım var. Neçə tay xalça-palazım var! - deyə Artuş döşünə döydü.

- Bunlar səndə hardandır? Olmaya çapqınla məşğul olmusan? - deyə Anuş təəccübləndi.

Artuş ağzından söz qaçırtdığına peşiman halda mızıldandı:

- Səninçün nə fərqi var hardandır? Əsas odur ki, var! Gedək mənimlə, - dedi.

Anuş başını buladı, öz növbəsində Artuşu fikrindən daşındırmaq üçün dilə tutdu:

- Bəlkə, qalasan ? Kimdir səni arayıb-axtaran! Kürəkənin də türkdür. Bəd ayaqda səni qoruyar.

Artuş başını bulamışdı:

- Sən bilmirsən mən nələr eləmişəm. İstəsəm də qala bilmərəm, - dedi. - Qalsaq, türklər iri tikəmi qulağım boyda kəsəcəklər.

- Səni nə məcbur eləyirdi ki, bu başkəsən ermənilərə qoşulasan, müsəlmanları, türk əhalisini qırasan? Bunlar ki, bizə bir pislik eləməmişdi - deyə Anuş onu acıladı. - Sakit otura bilmirdin?

Artuş maymaq-maymaq gözünü döydü.

- Mən səni bir də görəcəyəmmi? - deyə Anuş soruşdu.

- Deyə bilmərəm, arvad.

- İmkan oldu, qayıt…

- Bu çətin söhbətdir.

Anuş Artuşun gəmiyə qalxmağına laqeydliklə baxdı. Əri özü kimi silahlı, saqqallı, əlləri qanlı adamların arasında itəndən sonra təəssüflənmədən geri qayıtdı. Artuşu həyatından birdəfəlik sildi.

 

–XXII–

 

Nazı oğlu Qulu ilə Maranın ər-arvadlığı itnən pişiyin ər-arvadlığından fərqlənmirdi. Bir yastığa baş qoyan gündən hər gün didişirdilər. Olmazın latayırını bir-birinin ünvanına deyirdilər. Amma ayrılmırdılar. Yəqin it-pişik yaşayışından ləzzət alırdılar. Türklər Bakını tutanda Qulu arvadını da özü ilə Həştərxana aparmağa qərar verdi. Anuş etinasızlıqla:

- Görmürsən halını? - dedi.

Qulu soruşdu:

- Bəs neynəyim? - dedi. - Kimin umuduna qoyum? Özüm qala bilmərəm, bolşeviklərə qulluq eləyənin başını sığallamayacaqlar. Yaxşı halda tutub güllələyəcəklər.

Anuş təklif elədi:

- Bəlkə kəndə anan Nazının yanına aparasan?

Qulu başını buladı:

- Nazı məni görmək istəmir. - dedi. - Mir Canpoladın ölümündə məni günahkar bilir.

- Qonşulara tapşıraq! Bir az qızılım var, verərik onlara, biz qayıdana qədər baxarlar… - deyə, Anuş dilləndi. - Özümüzlə aparmağa sözüm yoxdur, amma qorxuram yolda ölsün.

Nazı oğlu Qulu etiraz elədi:

- Canı bərkdir, heç nə olmaz.

İki ilə yaxın Həştərxanda qaldılar. Qulu bu xəstə arvadından ikiəlli yapışdı, qayğısına qaldı, taleyin ümidinə tapşırmadı.

 

* * *

 

İyirminci il gəldi. Onlar On birinci ordunun tərkibində şəhərə varid olanda Mara yetirhayetirdə idi. Dünyanın qarışıq vaxtı doğulan uşağın adını Badi qoydular. Zahılıq dövrünü çətin keçirən qadın uşaq dünyaya qədəm qoyan gündən həyata marağını tamam itirdi. İndi fikir-xəyalı göylərdə dolaşırdi. Diribaş, həyatsevər qız heyva qurusu kimi büzüşdü. Uşağın özü də ailədə mübahisələrə səbəb oldu, şadlıq gətirmədi. İlk vaxtların zəif oxşarlığı aylar keçdikcə get-gedə daha bariz görünürdü. Maranın zəif and amanına Qulu inanmırdı. Kim olsaydı inanmazdı. Badi Arakelova oxşayırdı. Yekə burnu adamın gözünə girirdi. Nazı oğlu Qulu hiddətlə deyirdi:

- Yaxşı varis doğdun mənə!

- Vallah, mənim günahım yoxdur, - deyə Mara zar-zar ağlayırdı.

Nazı oğlu Qulu inanmırdı. Anuş Maranın köməyinə gəlirdi:

- Arakelov, gör, neçə ildir ölüb! Sümüyü də sürmə olub, sən hələ də Maranı ona qısqanırsan…

Hamısı düz idi, bircə uşağın Arakelova oxşarlığı başa düşülən deyildi.

Heç kim Badini sevmirdi. Mara istəksiz doğulan uşağa cin-şeytan kimi baxırdı. Çağa ağlayanda az qalırdı boğub öldürsün. Badi nənəsinin ümidinə qalmışdı. Anuş da onu bildiyi kimi sevirdi. Uşağa dediyi ən şirin söz «türk qoduğu», ya «erməni artığı» idi.

 

* * *

 

Nazı oğlu Qulu vəzifəsinə uyğun mənzillə təmin edilmişdi. Pəncərələri dənizə baxan milyonçu evlərindən birinin üst mərtəbəsi ixtiyarına verilmişdi. Anuş kürəkəninin yüksəlişinə səmimi-qəlbdən çalışırdı. Sovet idarələri ermənilərin əlində idi. Anuş Nazı oğlu Qulunun razılığını gözləmədən onun gen- bol mənzilində yerləşmişdi. Hər işinə qarışırdı. Anuş şəhər partiya komitəsində qadın məsələləri ilə məşğul olan şöbədə lövbər salmışdı. Artıq əqidəli bir bolşevik kimi tanınırdı. Bir dəfə Nazı oğlu Quluya dedi:

- O əksinqilab yuvasına əl gəzdirmək lazımdır.

-Sən bizim kəndi nəzərdə tutursan?

- Bəli.

- Nə verib ala bilmirsən?

- Sən elə bilirsən Canpoladın dəstəsindəkilər hamısı qırılıb? Sağ qalanı yoxdur?

-Tutalım sağ qalanlar var-deyə Qulu başa düşməyə çalışdı- Onların günahı nədir?

- Şahiddirlər, ay axmaq, şahid. Keçmişin şahidlərini aradan götürməsən əl-ayağına dolaşacaqlar.

- Onların hamısı savadsızdılar, iki sözü birləşdirib deyə bilmirdilər. Kimdi onları eşidən?

- Savadlıları da var…Mir Qədir ağa!

- Mir Qədir ağadan qorxmağına dəyməz…

- Ən qorxulusu odur, sən bilmirsən…

- Yaxşı, fikirləşərəm…

Anuş bir dəfə Nazı oğlu Qulunun yataq otağına girdi. Uşaqdan sonra Mara yaman gündə idi. Huşu-başı üstündə deyildi. Yerini ayrıca salmışdılar. Hər gün həkim gəlir, dava-dərmanını verir, iynəsini vururdu.

Anuşun hələ də saz vaxtı idi. Adətən kişilər belə qadınlardan keçmirlər. Amma Nazı oğlu Qulu istehza ilə alt paltarında çarpayısına yaxınlaşan qayınanasına baxdı:

- Köhnə şakərindən əl çəkmirsən, qayınana, - dedi.

Anuş dedi:

- Mən elə bilirdim biz müttəfiqik?

- Hər yerdə müttəfiqik, bircə yataqda yox, - deyə Qulu güldü.

- Bəs, mən neynəyim? Cavan canım çürüyür, axı!

- Ərə get, ya da başqa kişi tap, - deyə Qulu qətiyyətlə onu otaqdan çıxartdı - Mənə Maradan başqa qadın lazım deyil.

Anuş onun qətiyyəti qarşısında geri çəkilməli oldu. Amma bunu özünə dərd eləmədi. O, evə gəlməyəndə Nazı oğlu Qulu artıq bilirdi ki, qayınanasının xəlvəti qonaqları var. Canpoladın Artuşun ailəsinə verdiyi ev Anuşun kef-damaq yeri idi. Arada səs-küylü məclislər də qururdu. Bunun sorağını başqalarından alanda Qulu onu qabağında oturdub uşaq kimi danlayırdı:

- Qayınana, özünü yaxşı apar! Əqidəsiz adamlarla durub-oturma.

Anuş soruşdu:

- Bəs, kiminlə oturum-durum?

Qulu başdansovdu dedi:

- Əqidə yoldaşlarımızla dostluq elə.

Anuş kefiköklüklə cavab verirdi:

-Əqidə yoldaşlarımızda kişilik qalıb ki! Hamısını inqilab yolunda xərcləyiblər. Amma söz verirəm ki, bundan sonra əqidəlilərlə oturub-duracağam.

Qulu mızıldanırdı:

- Amma əqidə yoldaşlarımızla durub-oturmağına sözüm yoxdur, amma onları yoldan çıxartmaq fikrinə düşmə. Arvadları partiya komitəsinə şikayətçi düşə bilərlər…

Anuş qəh-qəhə ilə güldü:

- Sənin kimi kürəkənin boyunu yerə soxum! - dedi. - Heç bir işə yaramadın ki, yaramadın. Yaxşısan elə molla kimi moizə oxuyasan...

Qulu əl çəkmirdi:

- Qayınana, dedim sənə, özünü əməlli apar, - deyə onu hədələdi. - Elə eləmə səni evimdən qovum.

Bu təhdiddən sonra Anuş özünü, az da olsa, yığışdırsa da əməlindən qalmadı, sadəcə məclislərini gözdən uzaq yerlərdə keçirirdi.

Nazı oğlu Qulunu qayınanasının işləri qəti maraqlandırmırdı. Öz dərdi özünə bəs eləyirdi. Arada evdəkilərdən xəlvət beşiyə yanaşır, yatmış uşağın üzündə öz sifətinin cizgilərindən çalarlar axtarırdı. Amma tapa bilməyb lap kədərlənirdi.

 

* * *

 

Nazı oğlu Qulu Fövqəladə Komissiyadakı işindən ikiəlli yapışmışdı. Karlı vəzifəsi vardı. Demək olar ki, evdə tapılmırdı. Yatmağa gəlirdi. Şura hökuməti onunla razı olmayan kimsəni sağ qoymurdu. Məhv eləyirdi. Nazı oğlu Qulunun işi qurtarmırdı, tutulmalı, güllələnməli o qədər adam var idi ki.

Böyüdüyü kəndi dəfələrlə ələkdən keçirtdi. Ona uşaqlıqda kəc baxan, anasını incidən, heyvan kimi qapısında işlədən bir kimsəyə aman vermədi, lap nəslinin kökünü qaşıyırdı. Düşmənləri ilə haqq-hesab çəkəndən sonra yaşamaqdan zövq almaq olardı. Amma o, cəhənnəm əzabı çəkirdi.

İxtiyar sahibi olsa da özgə qadınlara gözünün ucu ilə də baxmırdı. Gecələr isə arıqlayıb çöpə dönmüş Maranın hissiz bədənindən əl çəkmirdi. Daha bir uşağa ehtiyac olmasa da, arvadı ona 33-ci ildə bir oğlan da doğdu. Adını Sənan qoydular. Bir neçə ay keçdi. Fəlakət bundan sonra başladı. Altı aylıq Sənanı atası az qala öldürəcəkdi.

- Dəli olma, kürəkən! - deyə Anuş uşağı onun əlindən zorla aldı. - Sanının günahı nədir?

- Siz mənim axırıma çıxdız…- deyə Nazı oğlu Qulu nərildəyirdi.

Bu uşaq neçə illər bundan qabaq qətlə yetirilmiş Canpolada oxşayırdı. Elə bil bir alma idi, yarı bölmüşdülər.

Ruhən çoxdan ölmüş Mara bu oxşarlıqdan canlandı. Bir müddət yaxşılaşdı. Hətta arada Anuşu cırnadırdı:

- Elə bilirdin Canpoladı əlimdən ala bilərsən?

Otuz yeddinci ildə Nazı oğlu Qulunu evində həbs elədilər. Qara maşına basıb illərlə çalışdığı binanın zirzəmisinə saldılar.

 

–XXIII–

 

Anuşun öz uşağı olmadı. Bir xeyli kişi dəyişəndən sonra axır inandı ki, illət özündədir. Bir az sakitləşdi. Daha möcüzə axtarmadı. Maranı sevməsə də uşaqlarına bağlanmışdı. Amma Nazı oğlu Qulu tutulandan sonra yetimlərə pasibanlıq eləməyə qorxdu. Hər şeyi zamanın axarına buraxdı. Gözü görə-görə Badini sürgünə göndərdilər. Əlini ağdan-qaraya vurmadı. Mara dəlixanaya salındı, tərpənmədi. Sanı yetimxanaya verildi, dinmədi.

Müharibə qurtardı. Cəmiyyətdə qorxu xofu səngidi. Dəlixanadan zəng gəldi. Maranın öldüyünü xəbər verdilər. Anuşda erməni təəssüfkeşliyi baş qaldırdı. Qızlığının kimsəsizlər qəbiristanlığında bastırılmağına razı olmadı. Meyidi alıb Ermənikənddəki xristian məzarlığına apardı, dəfn elədi. Anuş beş-on manatından keçib qəbrin ətrafını abadlaşdırdı, Maraya səliqəli başdaşı qoydurdu.

İldə bir dəfə yetimxanaya dəyir, ayaqüstü Sanı ilə görüşürdü. Yetimi xırım-xırda pay-puşla sevindirirdi. Badidən isə xəbər-ətər yox idi. Öldü-qaldısı bilinmirdi.

 

* * *

 

Sanı yetimxanada özünü sudakı balıq kimi hiss eləyirdi. Birgə yaşayışın sərt qanunlarına körpəlikdən alışdı. Həm boyda, həm də zorda yaşıdlarından fərqlənirdi. Yeməkdən doymayanda yoldaşlarının payını əlindən alırdı. Səsini çıxaranı döyürdü, incidirdi. Hamının gözünün odunu almışdı. Bir sözlə, əli çörəkdə idi.

İllər tez keçdi. Sanı daha böyük oğlan idi. Tez-tez baş tərbiyəçinin köməyinə yetirdi. Yuxarı qrupların uşaqları ancaq onun zoru qarşısında sakitləşirdilər. Sanı ağına-bozuna baxmadan səsi çıxanı salırdı yumruğunun altına. O qədər əzazil idi ki, baş tərbiyəçi ona müraciət eləməyinə peşiman olurdu. Yalvarırdı:

- Sanı, uşaqları şikəst eləmə.

Bəzən heç Sanını çağırmağa ehtiyac qalmırdı, onun adı çəkilən kimi uşaqların ən davakarı da sakitləşirdi. Baş tərbiyəçi bu işlərin müqabilində Saniyə ayrıca otaq vermişdı, doyunca yedirirdi, bəzi işləklərinə göz yumurdu.

Sanısız baş tərbiyəçinin işi aşmırdı. Uşaqların boğazından kəsilmiş ərzaq da onun köməyi ilə uşaq evindən çıxarılırdı. Baş tərbiyəçi hər dəfə deyirdi:

- Bunların hamısı öz aramızda qalmalıdır. Başqa yerdə deyərsən atamı yandırarlar, - deyə onu dilə tuturdu.

Sanı isə get-gedə cızığından çıxırdı. Tələbləri artmışdı. Baş tərbiyəçi onunla bacarmırdı. Sani uşaq evindən icazəsiz çıxır, istədiyi vaxt qayıdırdı. Bəzən özü ilə qadın gətirirdi. Gecələrin birində növbətçilik eləyən baş tərbiyəçi Saninın düzənlədiyi kef məclisinin şahidi oldu. Qəflətən üstünə çıxmışdı. Baş tərbiyəçi hirslə bağırdı:

- Ay əclaf, bu nə işdir tutursan?

Sanı tərs-tərs tərbiyəçiyə baxdı:

- Səsini kəs! - deyə onu hədələdi. - Bildiyimin onda birini uşaq evinin direktoruna desəm mitilini bayra atarlar.

Baş tərbiyəçi bu təhqiri dinməz udmalı oldu.

İndi Sanı tək deyildi, qoldan güclü iki-üç nəfər uşağı da ətrafına cəmləmişdi. Əməlli-başlı dəstə düzəltmişdi.

Onlar yaxındakı dəmiryol stansiyasının ətrafında ayaqüstü alış-veriş bazarına dadanmışdılar. Biri satıcının başını qatır, o birisi əlinə düşəni çırpışdırırdı. Əvvəl öz başlarını özləri dolandırırdılar. Sonra stansiya rəisinin cənginə keçdilər. Onun tapşırığı ilə göy-göyərti, alma-armud, şoraba satanları girələyib bazar payı alırdılar.

 

* * *

 

Bu uzun çəkmədi, bir gün ilişdi. Onu tutub milisə apardılar.

Onları dindirən milis sahə müvəkkili istehza ilə:

- Kimin tapşırığı ilə bu işi görürdün? - deyə soruşdu.

Sanı stansiya rəisini bada vermədi:

- Bunu mən təkbaşına eləmişəm.

Sahə müvəkkili diqqətlə ona baxdı:

- Sən dedin, mən də inandım! - dedi. - Ay axmaq, stansiya rəisini işindən kənarlaşdırıblar, indi şəhər milis idarəsinin zirzəmisində ifadə verir. Onu qorumağın mənası yoxdu.

Sanı özünü yığışdırdı:

- Bunu mən təkbaşına eləyirdim. Məmiş dayının xəbəri yoxdu, - deyə inadla təkrarladı.

Sahə müvəkkilinin cavan oğlanın qətiyyətindən xoşu gəldi, amma fikrini yeritməkdən əl çəkmədi:

- Sənin Məmiş dayın başı boş kişidi. Qəpik-quruşa tamah salmışdı. Bilirəm ki, yığılan pulu qəpiyinə qədər əlinizdən alırdı. Elədir?

Sanı gördü ki, gizlətməyin mənası yoxdur, sahə müvəkkili, onsuz da, hər şeyi bilir:

- Elədi, - dedi. - Deyirdim, Məmiş dayı, bizə də bir şey saxla. Razı olmurdu. Deyirdi, səsinizi çıxarsanız, sizi dama saldıraram.

Sahə müvəkkili davam elədi.

- Belə pul qazanmırlar.

Sanı istehza ilə:

- Bəs, nə təhər qazanırlar? - deyə soruşdu. - Bəlkə, öyrədəsən?

Sahə müvəkkili eyni istehza ilə:

- Dilinə yiyəlik eləsən öyrədərəm. - dedi. - Mənim adım Aramdı.

Sanı mütiliklə:

- Mən üzüyola adamam, rəis, - dedi.

Aram istehza ilə:

- Yaman da üzüyolasan! Əməllərindən, elə bilirsən, xəbərim yoxdur? Uşaq evini yavaxanaya çevirmisən. Özünlə qadın gətirirsən, məclis qurursan, onları soyundurub oynadırsan. Bu da yalandı?

Sanı zarafata saldı:

- Cavanlıqdı da, rəis, - deyə qımışdı. - Sən heç cavanlıq eləməmisən?

Aram ona acıqlandı:

- Özünü əməlli apar! - dedi, - Mən sənə cavanlıq eləməyi gösdərərdim, hayıf ki, Anuşun nəvəsisən.

Sanı çaşdı:

- Nənəmi tanıyırsan?

Aram ona gözünü ağartdı:

- Hətta atanı da tanıyıram, - dedi.

Sanı böyük maraqla:

- Bəs, atamı hardan tanıyırsan?

Sahə müvəkkili könülsüz dilləndi:

- Mənim rəisim olub. Dəyərli kişi idi, - deyə istehzısını saxlaya bilmədi. - Hayıf ki, azərbaycanlı idi.

Sani acıqla:

- Elə mən də azərbaycanlıyam, rəis.

Aram mülayimliklə:

- Nə rəis, rəis salmısan! Anan erməni qızı olduğundan mənə dayı deyə bilərsən, - deyə güldü.

Sanı ona söz atdı:

-Dayı bacıoğluya əl tutmalıdır ey, rəis, daha başını batırmamalıdır.

Aram razılaşdı:

- Əlbəttə! - dedi. - Elə sənə əl tutmaq üçün burdayam da. Nənənin xahişi belədir. Sabah milis məntəqəsinini qabağında məni gözləyərsən.

Sanı ehtiyatla :

- Oldu, - dedi. - Tək gəlim, ya uşaqlarla?

Sahə müvəkkili fikrə getdi:

- Dəstəndə neçə uşaq var?

Sanı götür-qoy eləyib:

- Etibarlısı iki nəfərdir, - dedi. - İkisi də mən yaşdadır.

- Onları da özünlə gətirərsən.

Sanı qulaqlarını şəklədi:

- Daha mənə uşaq evindən çıxmağa icazə vermirlər.

Sahə müvəkkili gülümsədi:

- Direktorla danışmışam, narahat olma.

- Saat neçəyə qayıdacağıq?

- İşimiz baş tutsa sizin geri qayıtmağınıza ehtiyac qalmayacaq. Onsuz da yaşınız on səkkizə çatıb, bu gün-sabah yetimxana ilə xudahafizləşib işə düzəlməlisiniz.

Sanı qulaqlarını şəklədi:

-İşimizin adı nə olacaq?

Aram başdansovdu cavab verdi:

- Gedişatdan məlum olacaq.

 

–XXIV–

 

Qəsəbədə böyük bir ərazinin torpağı daşa çıxana qədər buldozerlərlə təmizlənir, yerə relslər bərkidilirdi, üstünə daş kəsən maşınlar quraşdırılırdı. Gecə-gündüz mişar daşı kəsilirdi.

Dağın ətəyində böyük bir hərbi hissənin binası qoyulmuşdu. Özüboşaldan maşınlar mişar daşını hərbi hissələrə daşıyırdı. Kazarmalar, anbarlar, uçuş xətləri, raket əleyhinə bunkerlər tikilirdi.

Əvvəl qəsəbəyə yaxın getmək olmurdu. Silahlı əsgərlər qoruyurdu. 53-cü ilin yayında qəsəbəni qoruyan əsgərlər yoxa çıxdı.

Qəsəbəni komendant idarə eləyirdi. O, ehtiyatda olan zabit idi. Yeyib-içən bir rus idi. Sifəti qıp-qırmızı gəzirdi.

Axır vaxtlar günü göy əskiyə bükülmüşdü. Qırmızı üzü hirsdən bozarırdı. Kəndin cavanları təzə qəsəbəyə yaman dadanmışdılar. Nə keçirdi əllərinə, çırpışdırırdılar. Sakinlərə göz verib işıq vermirdilər.

Qəsəbənin əsas sakinləri qadınlar idi, Moldaviyadan bura köçürülmüşdülər.

Sürgünlük həyatı bu qadınları adət-ənənələrin şərtiliklərindən azad eləmişdi. Öz qüvvələri ilə baraklar tikmişdilər. Hərəsinə bir otaq verilmişdi. Daş karxanasında işləyir, daş kəsir, daşı maşınlara yükləyirdilər. Qızlar kişi işində bərkimişdilər. Onları məcburi əməyə cəlb olunmuş, türmədən yarımüddətə buraxılmış keçmiş oğrularla, başkəsənlərlə müqayisə eləmək olmazdı. Hamısı zəhmətkeş idi.

Bu cür ağır işdən sonra bir-iki saat dincəlir, baraklardan bayra tökülüşürdülər, əyləncə axtarırdılar. Yastı-yapalaq klubun qabağındakı meydançaya yığılırdılar. Həftənin tək günləri rəqs gecələri təşkil olunurdu. Onlarla cavan qızın şaqraq gülüşü Abşeron axşamlarına rövnəq verirdi. Müsəlman kəndində boya-başa çatmış tamarzı cavanlar qadağan olunmuş meyvənin həvəsinə bura axışırdılar. Arı şirniyə daraşan kimi qəsəbəyə daraşırdılar.

Komendant onlarla bacarmırdı. Hər gecə dartışma düşürdü. Sahə müvəkkili Aram idi. Komendanta söz vermişdi ki, qəsəbəni bu bəladan qurtaracaq.

Dünən gecə lap qiyamət olmuşdu. Həbsxanadan şərti azad olunanlarla yerli cavanlar arasında elə bir dava düşmüşdü ki, onları aralaşdıran qəsəbə komendantı da bir-iki yumruq yemişdi. Hərbi hissədən çağırılan əsgərlərin gücünə vəziyyəti məcrasına salmışdılar.

Səhəri yanına gəlmiş sahə müvəkkilini komendant narazı qarşıladı.

- Yaxşı bax! - deyə göyərmiş çənəsini göstərdi.

Aram gülüşünü gizlətdi:

- Nə olub? - deyə soruşdu.

Komendant deyindi:

- Sən lazım olanda tapılmırsan, - dedi.

Aram başını buladı:

- Məni nahaq günahlandırırsan! Sahəm böyükdür, - dedi.

Komendant acıqla:

-Yenə qırğın düşmüşdü, - dedi. - Sən isti yorğan-döşəkdə yatırsan, mən burda qaldayam.

Sahə müvəkkili gecə baş vermiş hadisədən xəbərdar idi. İstehza ilə:

- Deyirsən, səhərə qədər şortularına keşik çəkməliyəm? - deyə soruşdu.

Komendant sahə müvəkkilinin haqlı olduğunu bildiyindən yalvardı:

- Xahiş eləyirəm, mənə kömək elə, - dedi. - Bir-iki milis nəfəri olsa kifayətdir.

Sahə müvəkkili komendantın xahişini rədd elədi:

- Milis məsələsindən vaz keç. Rəisimiz buna razı olmayacaq.

Komendant şikayətlə:

-Bəs, necə olsun? - dedi və deyindi - Deyirlər, ermənilər çoxbilmiş olurlar. Hanı sənin hiyləgərliyin? Hanı sənin erməniliyin? Bir yol tap da!

Sahə müvəkkili güldü:

- Darıxma, erməniliyimi indi görərsən. Bu işdə tələsmək olmaz. Bilmirsən ki, ilanı Seyid Əhməd əli ilə tutarlar? - dedi.

- Seyid Əhməd kimdir?

- Yerli məsəldir, sən bilməzsən, - deyə sahə müvəkkili güldü. - Yaxındakı uşaq evindən ərsəyə çatmış üç yetimi işə götürsən, problem özbaşına düzələcək.

- Bu yetim-yesir çözən iş deyil. Mənə qoluzorlu adam lazımdır.

- Bunlar qoluzorlu yetimlərdir, - deyə sahə müvəkkili lağ elədi. - Neçə boş yerin var?

- Ştat cədvəlində cəmi iki boş yerim var. Klub müdirliyi, bir də süpürgəçi. Üçüncüsünü hara dürtək?

- Biri də klub müdirinin ştatdankənar köməkçisi olar. Necədir?

- Hə, olar, - deyə komendant razılaşdı. - Yetimlərin hardadır?

Sahə müvəkkili istehza ilə:

- Yetimlərim buradadırlar, - dedi. - Mən hazır gəlmişəm.

- Eləsə, çağır gəlsinlər.

 

* * *

 

Əlli birinci ilin yayı Anuşun qapısı döyüldü. Gözlükdən baxdı. Qapıda bir cavan oğlan durmuşdu. Anuş vahimə içində geri sıçradı. Bu cavan otuz il bundan qabaq qətlinə fitva verdiyi Canpoladın dəqiq surəti idi. Elə o bədbəxt kimi bədheybət və bazburtlu idi. Qapını tələsik açdı.

- Anuş nənə, məni tanımadın? - deyə cavan gözləri alaclanmış nənəsini qucaqladı.

Sanı yaşından böyük görünürdü. Yaxından baxanda aldadıcı oxşarlıq azaldı. Nəvəsi uzaqdan keçmiş məşuquna oxşasa da, üzünün cizgiləri xeyli yumşaq idi, kobud deyildi. Hətta işıqda baxanda onun çöhrəsində anası Maranın nəcib sifətinin cizgiləri görünürdü. Bu da bir sirri-xuda idi.

Anuş onu bərk-bərk qucaqladı. Xeyli ağladı. Tez-tez təkralayırdı:

-Doğurdanmı sənsən, Sanka?

- Mənəm, Anuş nənə! Məni niyə yaddan çıxarmışan? - deyə Sanı soruşdu. - Niyə yanıma gəlmirdin?

Anuş özünü yazıqlığa qoydu:

- Bala, canımla əlləşirdim.

- Bundan sonra qayğına özüm qalacağam. On səkkiz yaşım tamam olan kimi yetimxanadan məni buraxdlar. Hələ işə də düzəlmişəm, - deyə Sanı döşünə döydü.

-Harda yaşayacaqsan?

-İstəsən yanında qalaram...

Anuş müharibədən sonra, üstünə düşsəydi, Sanını uşaq evindən ala bilərdi. Amma otuz yeddinci ilin xofu canından çıxmırdı. İndi nəvəsinin Canpolada oxşarlığı onu elə valeh elədi ki, hər şeyi unutdu. Ahıl yaşında yanında bir hənirti arzusu ilə razılıqla:

-Qal, Sanı, mənim səndən başqa kimim var ki! - dedi.

Axır vaxtlar Canpoladın bədənindən ayrılmış başı gözünün qabağından getmirdi. Sanını qanadının altına almaqla heç nəyi dəyişmək mümkün olmasa da bir yüngüllük hiss elədi. Elə bildi Canpoladı qanadının altına aldı…

 

–XXV–

 

Elə həmin il Badi də Bakıya qayıtdı. Anuşun şirin ovqatı

pozuldu. Badi özü ilə kin-küdurət gətirmişdi. Kimsəni görməyə

gözü yox idi. Anuşu adam yerinə qoymurdu. Uşaq yaddaşı möhkəm olar. Badi ailələrinin bədbəxtliyində Anuşu günahkar bilirdi. Ona nifrət eləyirdi. Qardaşına qarşı isə rəhmli idi.

- Haralarda idin, Badi? - deyə Sanı əlini onun çiyninə qoydu

On səkkiz yaşlı cavanın boynu dönmürdü. Özü də öküz kimi güclü idi. Əsgərlik yaşına çatmış Sanı hərbi işə yararsız çıxmışdı. Anadangəlmə yastıdabanlığı vardı. Anuşun köməyi sayəsində bütün hərbi mükəlləfiyyətlərdən azad olunmuşdu.

Alçaq boylu Badi kiçik qardaşına altdan yuxarı heyranlıqla baxıb başına gələnləri qısaca danışdı:

- Məni Kazaxıstana sürgün eləmişdilər. Birinci vaxtlar it

zülmü çəkdim, sonra öyrəşdim. Dava başladı. Ərizə yazdım...

Onu sürgünə göndərəndə Sanının cəmi səkkiz yaşı vardi. İndi qardaşı ilə yanaşı duranda Badi özünü narahat hiss eləyirdi. Qan qana qaynasa da onlar başqa- başqa adamlar idilər. Bir saat çəkmədi ki, pozuluşdular. Badi dedi:

- Mən bu mənzildə qala bilmərəm.

Hökumət Nazı oğlu Qulunun vəzifə mənzilini müsadirə eləməmişdi. Bu boyda ev Anuşa qalmışdı. Qarı Badini dilə tutmağa çalışdı:

- Bala, ev ikinizindir, getmə.

- Qarı, bu ev qan qoxuyur, - deyə Badi mırıldandı. - Mən Sanını da aparacağam.

Sanı dərhal dilləndi:

-Sən hara istəyirsən get, mən nənəmlə qalıram.

Anuş Sanının tərəfkeşliyindən məmnun halda göz yaşı tökdü.

- Qızıllarım, var-dövlətim, hamısı sizindir. Mənim sizdən başqa kimim var ki!

Onun göz yaşlarından Badi yumşalmadı. Etinasızlıqla dedi:

- Kimə lazımdır sənin varın-dövlətin? - dedi. - Xalq kommunizmə gedir, sən var-dövlətdən danışırsan.

Anuş etiraz elədi:

- Var-dövlət həmişə lazımdır.

Badi nənəsinə lağ elədi:

- Bu ermənilər niyə belə pulpərəst olurlar, axı? Elə var-dövlətdən danışırlar.

Anuş onun yadına saldı:

- Sənin də bir tərəfin ermənidir…Bunu unutma! - dedi. - Var-dövlət yaxşı şeydir.

- Məndən vaz keç! Uzun illər mənə bir şinel bəs eləyib. Bundan sonra da sənin var-dövlətin olmadan keçinərəm, - deyə Badi eşməsinin tüstüsünü tavana üfürüb birdən maraqlandı. - Atamdan sonra, nə əcəb, mənzil müsadirə olunmayıb?

- Mən bu mənzili qorumaq üçün daha kimlərin qapısını açmamışam.

- Mənzil üçün ağız açarsan, amma Mara üçün açmazsan.

- Niyə elə danışırsan, bala? Mənim köməyim olmasaydı əri xalq düşməni çıxmış arvadı dəlixanaya göndərərdilər heç? Ya da Sanini ən yaxşı uşaq evinə verərdilər heç? Azdır? Gücüm çatsaydı, səni də sürgündən qurtarardım. Bacarmadım.

- Sənin hər şeyə qadir ermənilərin harada idilər?

- Hamısı canının hayında idi…-deyə Anuş etinasızlıqla dilləndi. - Sən gərək heç kimi qınamayasan, bala. Baş verənlərdən xəbərin olsaydı elə deməzdin.

Badi baş verənləri ətraflı öyrəndi.

Əri həbs ediləndən sonra Maranın sağlamlığı tamam korlandı. Onu da sürgün gözləyirdi. Hökumət adamları əvvəl elə bildilər ki, xalq düşməninin arvadı canını qurtarmaq üçün özünü dəliliyə qoyur. Təkrar-təkrar tibbi yoxlamalardan sonra inandılar ki, arvad sakit dəlidir.

Badi dinləyib sakitləşdi, amma nənəsi ilə barışmadı. Soruşdu:

- Kənddəki evimiz salamatdırmı?

- Salamatdır. Mən olmasaydım çoxdan dağıtmışdılar, - deyə Anuş döşünə döydü.

- Mən orda yaşayacağam.

Anuş daha onu dilə tutmadı:

- Gedirsən get, amma ananın qəbrini ziyarət elə, - deyə xahişini bildirdi. - Qoy ruhu şad olsun

Badi istehza ilə:

- Məni görəndə diri ikən şad olmayan Maranın ruhu ölü ikən şad olarmı? - deyə soruşdu.

Söhbətin bu yerində Sanı özündən çıxdı:

- Adam ağbirçək nənəsi ilə beləmi danışar?

Badi diqqətlə Sanıya baxdı:

- Sən Anuşun nə can olduğunu bilmirsən, qardaş! - dedi. - Bizim ailənin bütün bədbəxtliklərinin mayası bu arvaddır.

- Bala, elə demə! - deyə Anuş gözünün yaşına dəm verdi.

Qardaşının təkidi ilə Badi anasının qəbrinin üstünə, könülsüz də olsa, getdi. Amma doğulduğu gündən ona bəd-niyabət gətirən mənzildə qalmadı. Anuşa möhtac qalmamaq üçün adını eşitdiyi, üzünü görmədiyi kəndlərinə üz tutdu. Kolxozda bir-iki ay çalışdı. Gözlənilmədən onu briqadir qoydular. Anuşun əli dinc qalmamışdı. Nəvəsinə əlaltdan kömək eləmişdi. Amma Badi bunu bilmədi.

 

–XXVI–

 

Sanı Anuşa sığınıb qorxusuz-hürküsüz yaşayırdı. Nənə xilaskar mələk timsalında ətrafında fırlanırdı. Başına bir qəza gələn kimi harayına yetirdi. Daha doğrusu, tumanını dəstələyib şəhər milisinə tələsirdi. Çıxartdığı hoqqadan asılı olmayaraq, Sanını dərhal buraxdırırdı. Şəhər milisində möhkəm məskən salmış ermənilər Anuşu istehza ilə qarşılasalar da sözünü yerə salmırdılar.

Arvad, doğurdan da, lov xəbərli nəvəsi ilə nəfəs alırdı.

Əslində, Anuşun sözü ancaq ermənilərin yanında yox, hər yerdə keçirdi. Uzun müddət Şəhər Partiya komitəsində çalışdığından şəhərdə tanımadığı vəzifə sahibi yox idi. Arvad canlı arxiv idi. Sözünün üstündə söz demək mümkün deyildi. Bərkə düşəndə, elə yerdən məsəl çəkirdi ki, cızığından çıxanın ayaqlarının altından yer qaçırdı.

 

* * *

 

Nənəsi Anuşun əlaqələri olmasaydı nəvənin halı pis olacaqdı, yəqin ki, cavan canı türmələrdə çürüyəcəkdi. Amma Sanı olanlardan nəticə çıxarmırdı, hər dəfə haqlı cəzadan yayınandan sonra daha da azğınlaşırdı.

Vəzifəli şəxsi şikəst elədiyinə görə ona ağır cəza verilmədi. Altı ay şərti iş kəsib icbari əməyə cəlb elədilər.

Məhkəmə zalından Sanını Qəsəbədəki daş karxanasına göndərdilər. Qərarın özəlliyi də elə onda idi ki, Sanı elə burda işləyirdi. Klub müdiri idi.

Sanı görüşünə gəlmiş Anuşu danladı:

- Hanı sənin hər şeyə qadir ermənilərin?

Anuş hələ də kardan düşməmiş gözlərini nəvəsinin sifətindən ayırmadan dedi:

- Pis kömək elədilər? - deyə soruşdu. - Naşükür olma, bala.

Sanı razılaşmırdı:

- Budu köməkləri?

- Allahına şükür elə, canını qurtardım, - deyə Anuş səbrlə dilləndi. - Başqasının səsi indi Sibirdən gəlirdi.

 

–XXVII–

 

Gülünün atası cinayət aləmini qorxu altında saxlayan Sanının curlarındandı. Qul kimi qulluğunda dayanırdı. Ataları arvadının ipini yığışdıra bilmirdi. Kürsüm ərinin gözünün qabağında yüz əməldən çıxırdı.

Sanı onların qəsəbədəki kiçik mənzillərinə gecələr gəlirdi. Onda Gülünün on beş, Şikilin beş yaşı bardı.

Bir gün evin kişisi arvadını və on beş yaşlı qızıni qumarda Sanıya uduzdu. Bundan sonra hər şey sadələşdi. Sanı açıq-aşkar mənzilə ayaq açdı.

Kürsümün varlanmağı Şura hökümətinin çökməsilə başladı.

O, milisdə işləyən köhnə aşnalarından birinin köməyi ilə vağzalyanı balaca bazarlardan birinin müdiri oldu. Tezliklə bazar böyüdü, nəhəng bir təsərrüfata çevrildi.

Adamlar belə deyirdilər ki, Kürsüm ona bacı deyənə yüz Amerika dolları bağışlayır. Varlıların qəribəlikləri də olur. Pul yağışında yuyulandan sonra köhnə şortu, sanki, məsum qadına çevrilmişdi. Hətta ona ailə qurmağı təklif eləyənlər də vardı. Kürsümü yalnız qardaşı Şiri Şiriyev saymırdı. Bacı da dilini dinc qoymur, hər yanda bəyan eləyirdi ki, qardaşım general qayınatasına güvənir.

 

* * *

 

Gülü qardaşına ürəkdən bağlı idi. Özündən kiçik Şikilə analıq

eləmişdi. Kürsüm kef-damaqda vaxt keçirəndə onun arzusuz doğulmuş körpəsinin qayğısına on yaşlı Gülü qalırdı. O vaxtdan bacı-qardaş arasında etibar yaranmışdı.

Qardaşının dayısı Şiri ilə barışmaq arzusunu bəyənməsə də etiraz da eləmədi.

- Bir gün gələcək dayın səninlə özü barışacaq, - dedi.

-Onun inadını başa düşmürəm, bacı, - deyə Şikil şikayətləndi.

-Heç sənin də inadını başa düşmürəm. Bu barışıq sənə nə verəcək?

- Mənə arxa lazımdır, - deyə Şikil yekə-yekə dilləndi. - Bilirsən ki, mən davaya hazırlaşıram.

- Mən sənə məsləhət görməzdim.

- Niyə?

- Davanın axırı pis ola bilər.

- Sən arxamdan qaçmasan hər şey yaxşı olacaq.

- Mən həmişə sənin yanındayam.

- Fikrindən dönməyəcəksən?

- Mən qərarımı vermişəm.

- Bəlkə...

Gülü qətiyyətlə dedi:

- Bu adam uşaqlığımı murdarladı, cavanlığımı əlimdən aldı. Bütün olan-keçənlərə baxmayaraq, mən onu özümə ər bilirdim. Dalınca haralara sürünmədim?! Türmə yollarında saçım ağardı. Onun minnətdarlığını da gördüm!

Keçənlərdə zondan çıxan Sanı tək qayıtmamışdı. Özü ilə bərabər bir sarışın rus gözəli da gətirmişdi. Gülü bu qızın əlinə su tökməyə də layiq deyildi. Sanı qadını Kürsümoğlunun dəniz qırağındakı evində saxlayırdı. Gülünü də ona qulluqçuluğa məcbur eləyirdi. Amma bu çox çəkməmişdi, Sanı yenidən aləmi qarışdırmışdı, onu yenidən tutmuşdular. Rus gözəli də qəflətən gəldiyi kimi qəflətən də yoxa çıxmışdı.

- Onda niyə narahatsan? - deyə Şikil soruşdu.

- Səni itirməkdən qorxuram, qardaş.

- Qorxma, Sanı daha əvvəlki Sanı deyil. Səriştəsini itirib. Görmürsən neçə ildir ağzıbirdən çıxa bilmir?

- Sənə elə gəlir, qaqaş. Sən onun gücünü bilmirsən.

- Onun arxalandığı adamlar ermənilər idi.

- Sanı kimiləri sahibsiz qalmır, qardaş! Zənciri, yəqin ki, indi bizimkilərin əlindədir, - deyə Gülü məsləhət gördü. - Bəlkə, Məlikəjdər ağanı dişinə vurasan? Arxalanmalı adam odur...

 

–XXVIII–

 

Məlikəjdər fikirləri durulana qədər təsbeh çevirdi. Ağa köşkünə sakitlik çökmüşdü. Sonra müqəddiməsiz xəbəri yanındakılarla bölüşdü. Nə Xalisdən, nə də Mizidən səs çıxmadı. Xəbər hər ikisini təsirləndirsə də Seyfəlin tükü də tərpənmədi. Nəhayət, Mizi dili dolaşa-dolaşa qeyd elədi:

- Bu o deməkdir ki, tezliklə Sanını da buraxacaqlar.

Məlikəjdər sürücüsünün fəhmini bəyəndi:

-Elədir, - dedi.

-Ravillərin türmədən çıxmağı səhihdirmi? - deyə Xalis şübhə ilə soruşdu.

Məlikəjdər başını tərpətdikdə Xalis bir də şübhəsini bildirdi:

- Bəzən belə xəbərlər yalan olur.

Məlikəjdər xəbərin mənbəyini gizlətmədi:

-Lotu Faxı yalan xəbər göndərməz, - dedi.

 

–XXVIII–

 

Şikil bacısının sözünü qəribliyə salmadı, bir neçə gün baş sındırandan sonra hərəkətə gəldi, amma ehtiyatı da əldən vermədi. Gözlədi, şər qarışanda maşını Ziyarətgaha sürdü. Şübhələnməsinlər deyə, hələb-həlbət piri dolandı, nəzir qutusuna bir neçə iri nominallı pul atdı. Sonra mücaviri Seyfəlin dalınca göndərdi. Şikil bir siqaret yandırdı, çəkib qurtarmamışdı ki, onu səslədilər. Bu Seyfəl idi.

- Gedək, ağa səni gözləyir! - dedi.

Məlikəjdərlə Xalis ayaqüstə idi. Mizi qapının çərçivəsnə söykənmişdi. Qonaqla təmənləşdilər. Hamı keçib oturdu.

Şikil təklif olunan təamdan imtina elədi:

- Söhbətə gəlmişəm, - dedi.

Məlikəjdər soyuq halda:

- Daha özün bilərsən ! - dedi.

- Mən ikilikdə danışmaq istəyirdim, - deyə Şikil eyhamla gülümsədi.

Məlikəjdər başını buladı:

-Burda özgəsi yoxdu, etibar elədiyim adamlardı, - dedi.

Şikil daha təkid eləmədi.

- Qoy sən deyən olsun, ağa! - dedi və müqəddiməsiz əlavə elədi. - Ravillərin türmədən çıxmağını, güman ki, bilirsən.

Məlikəjdərin üzündə bircə əza da tərpənmədi.

- Bunu bilirəm, - dedi.

- Hamı bilir ki, Sanı mənim dostumdu.

- Bəli, bunu mən də bilirəm, - deyə Məlikəjdər təsdiqlədi.

- Hamı bilir ki, Sanı mənə etibar eləyir.

- Bunu da bilirəm, - deyə Məlikəjdər başını tərpətdi. - O, yalnız səni yaşadığı evə buraxır, cangüdənsiz sənin restoranına gəlir. Deməli, sənə etibar eləyir.

- Amma Sanı ilə münasibətimizə dostluq demək olmaz, - deyə Şikil dilini sürüdü.

- Bəs, nədir?

- Əslində… əslində…

Məlikəjdər özünü saxlaya bilmədi:

- Əslində... Sanı sənin atalığındı, - dedi.

Şikil soyuq halda:

- Mən elə deməzdim, - dedi. - Əslində, Sanı mənim anamın köhnə aşnalarından biridi.

Məlikəjdər belə biədəb faktı mərdana təsdiqləyən Şikilə maraqla baxdı. Tərəddüdlə dedi:

- Mən elə demirdim.

Şikil ağanın çaşqınlığına istehza ilə:

- Dedin, ya fikirləşdin nə fərqi var! - dedi, - Anamı o yola elə Sanı salmışdı.

Bu yerdə Məlikəjdər etirazını bildirdi:

- Sənin ananın o yolu düşməyində Sanının günahı yoxdu. Mənim cavanlığım Qəsəbədə keçib.

Şikil üzünü turşutdu:

-Anam sənin haqqında razılıqla danışır. O, sənin ətəyini öpməyə hazırdı, - dedi.

- Mən bundan haliyəm, - deyə Məlikəjdər qıvrılmış ilan kimi atılmağa hazır olan Şikilə ehtiyatla baxdı.

Şikil müqəddiməsiz sözü dəyişdi:

- Bizim milis rəisinin də Ravillərin azadlığa çıxmağında xəbəri var.

Məlikəjdərin nurani üzündə qırışlar tərpəndi:

-Ola bilər, - dedi. - Hər şey onların əlində deyilmi?

Kürsümoğlu cibindən tələsmədən bir tapança çıxardıb qabağına qoydu. Söhbətin iştirakçılarının üçünün də rəngi ağardı. Məlikəjdərinsə tükü də tərpənmədi.

- Bunu mənə milis rəisi verib, - dedi.

- Səni niyə silahlandırır ki? - deyə Mılikəjdər ehtiyatla soruşdu.

- Sanı çıxan kimi onu öldürməliyəm.

- Sən də razı oldun?

- Başqa çıxış yolum yoxdu, - deyə Şikil dilləndi. - Yaxam milis rəisinin əlindədi. Razı olmasam düz on il iş verəcəklər.

- Neynəmisən ki? - deyə Məlikəjdər soruşdu.

-Keçənlərdə mənim restoranımda qətlə yetirilmiş xörəkpaylayanın ölümündə məni şübhəli bilirlər.

- Bu iş bağlanmışdı, axı! .

- Ədalətin təntənəsi üçün bağlı işi təzədən açmağa nə var ki!

- Nə deyib səni tutacaqlar ki?

- Milis rəisinin dediyinə görə, bıçağın dəstəyində mənim barmaq izlərim var.

Məlikəjdər anlamadı:

- Hansı bıçağın?

Şikil irişdi:

- Xörəkpaylayan qızın köksünə sancılan bıçağın, - dedi.

- Deməli, xörəkpaylayanı sən öldürmüsən?

- Mən toyuğun başı kəsiləndə üzümü yana çevirirəm ki, ürəyim getməsin, ağa! - deyə Kürsümoğlu gözlərini qıydı. - Kim bilir ki! Deyəsən, həmin gün yeməyimə nəsə qatmışdılar. Heç nədən xəbərim olmayıb. Bir də, xörəkpaylayanı öldürməyə nə hacət. Kiminlə desən, gedirdi, kimin altına desən, girirdi.

- Deməli, sənə tələ qurublar.

- Bəli, elədir ki var! - deyə Kürsümoğlu razılaşdı. - Amma təkcə tələdə olduğuma görə milis rəisinin tələbinə boyun əymirəm.

-Başqa nə səbəb var ki?

-Sanı ilə haqq-hesabı çürütmək vaxtıdır, ağa! Özünü mənim evlərimdə, restoranlarımda, ailəmdə ağa kimi apardığı yetər.

- Sanını öldürəndən sonra səni tutacaqlar, axı.

- Tutmayacaqlar, - deyə Kürsümoğlu inamla dedi.

- Nə bilirsən?

- Bilirəm! - deyə Kürsümoğlu dilləndi. - Məni öldürə bilərlər, amma tutmayacaqlar. Mənim beləliyimə baxma, mən çox sirrlərdən agaham.

- Sanının adamları bunu belə qoymayacaqlar, axı! Sənin axırına çıxmasalar əl çəkməzlər, - deyə Məlikəjdər xəbərdar elədi.

- Rəis söz verib ki, məni Sanının adamlarının qəzəbindən qoruyacaq.

- Lap yaxşı! - deyə Məlikəjdər dərindən nəfəs aldı. - Bəs, bütün bunları mənə niyə deyirsən ki?

Kürsümoğlu sadəcə izah elədi:

- Sanı sənin qan düşmənindir.

Məlikəjdər soyuq halda:

- Bunu bilməyən yoxdu, - dedi. - Məlum faktdır.

Kürsümoğlu daha qətiyyətlə dedi:

-Belə qənaətə gəlmişəm ki, sən də Sanının ölümünü istəyirsən.

Məlikəjdər soyuq halda:

- Bunu sənə kim deyib? Milis rəisi?

-Xeyr, qənaətimdən milis rəisinin xəbəri yoxdur, - deyə Kürsümoğlu dilləndi.

Məlikəjdər istehza ilə:

- Bəlkə, sənə vəh gəlib? - deyə soruşdu.

- İstehzan lap nahaqdır, ağa. - deyə Kürsümoğlu dilləndi. - Mən bildiyimi bilirəm.

Məlikəjdər bir az tərəddüdlə maraqlandığı sualı verdi:

- Milis rəisi niyə Sanının ölümünü istəyir?

- Haqq vermək istəmir. Bilir ki, Sanı türmədən çıxan kimi hər ay boğazına çökəcək, ondan pul alacaq.

- İstəmir, türmədən çıxan kimi təzədən bassın türməyə.

- Sanını tutmaq rayon milisinin işi deyil. Onun dalında dayananlar var.

Məlikəjdər yorğun halda soruşdu:

- Məndən nə istəyirsən?

- Səndən kömək istəyirəm.

- Mən övladi-peyğəmbərəm, qatil deyiləm.

Kürsümoğlu gülümsədi:

- Mən bunu bilirəm, ağa.

- Bəs, onda...

Kürsümoğlu onun sözünü kəsdi:

- Sanını öldürəndən sonra ilk vaxtlar çətin olacaq, gizlənməkdə mənə kömək eləyərsən. Başqa şey istəmirəm.

-Milis rəisi deməyib ki, səni qoruyacaq?

- Deyib.

- Bəs, nədən qorxursan?

- Mən milis rəisinə inanmıram, - deyə Kürsümoğlu izah elədi. - Əlimlə Sanını aradan qaldırandan sonra kimdi məni qoruyan! Əksinə, onlara sərf eləyir ki, mənim də işimi bitirsinlər. Amma kömək eləsən heç kimin mənə əli çatmaz.

Məlikəjdər ağa cavab vermədi. Gözünü çevirdiyi təsbehin muncuqlarından ayırmırdı. Bu sükutda nə vardısa Kürsümoğlu minnətdarlıqla dedi:

- Sağ ol, ağa, - dedi. - Bir xahişim də var.

- Buyur, Şikil!

- Ağa, istəyirəm vasitəçilik eləyəsən, dayımla məni barışdırasan.

Məlikəjdər hər şeyi yerli-yataqlı bildiyindən vasitəçilikdən boyun qaçırtdıqda Kürsümoğlu təkrar minnət elədi:

- Ağa, ŞirŞir dayım bircə sənin sözünü yerə salmaz.

Ağa başını buladı:

-Şikil bala, indi Şiri əvvəlki adam deyil. Vəzifə, var-dövlət onu tamam korlayıb. Hələ yuxarılarda uçur, büdrəyib yerə dəyməsə ağlı başına gəlməz, - dedi və sonra maraqlandı. - Şikil bala, bu özündən müştəbeh dayınla barışmaq nəyinə gərəkdir, axı?

Şikil əsil məqsədini gizlətdi:

-Bilirsən, ağa, Kürsümün halı pisdir, qardaşının yolunu gözləyir.

Məlikəjdər ağa Kürsümoğlunun dediyinə inanmasa da dedi:

- Kömək eləməyə hazıram, amma dayın söz deyilməli adam deyil.

Kürsümoğlu ağanın haqlı olduğunu bilirdi:

- Bəs, nə məsləhət görürsən?

Ağanın ani fikirdən sonra məsləhəti bu oldu:

-Tələsmə, Şikil, tezliklə barışığa səbəb olan hadisələr baş verəcək.

 

–XXIX–

 

Şiri Şiriyev təvəllüd tapanda bacısı Kürsümün iyirmi yaşı vardı. Atası qəsəbədəki daş karxanasında çalışırdı. İşə piyada gedib gəlirdi.

Müharibədən xəstəhal, bir az havalı qayıtmış ata Şiriyev tez-tez badəyə yoldaşlıq eləyir, dünyanın dərd-sərini unutmaq istəyirdi. Doğulduğu və yaşadığı kənddən zəhləsi gedirdi. O, qəsəbənin qaynar həyatını sevirdi. Bəzən ailəsini yanına alır, kluba gətirirdi. Burada tez-tez kino göstərilirdi.

Qəsəbənin ab-havasını almış qızı tezliklə cızığından çıxdı, pis yola düşdü. Ata Şiriyev, içki düşgünü olsa da, patriarxal kənd adətlərinə sadiq çıxdı. Qızıxmış Kürsümü evindən qovdu. Bundan sonra çox yaşamadı.

Ana Şiriyeva qonum-qonşunun qınağından bezikib kənddəki evini dəyər-dəyməzinə satdı, qəsəbəyə köçdü. Kiçik Şirini dolandırmaq üçün günü idarələrdə süpürgəçilikdə keçirdi. Ərinin ölümündə Kürsümü günahkar saydığından qızını lənətlədi, ömrünün sonuna qədər onunla barışmadı.

Şiri uşaqlıqdan hərbi şəhərciyə dadandı. Rusdilli uşaqlarla dostluq eləyirdi. Kaştanın qızları ilə durub otururdu. Polkovnik İvanov hərbi hissəyə təyinat alandan sonra Şiri onun qızı Albinaya meyl saldı. Gələcəyini də bu təyin elədi.

Əsgərliyini Bakıda, yəni alışdığı hissədə çəkdi. Sonra qayınatasının köməyi ilə hərbi məktəbə göndəriş aldı. Oranı qurtarıb bir müddət zabit kimi çalışdı, polkovnikin qızına evləndi. Sonra xəstəliyilə bağlı ehtiyata çıxdı. Yenə də general qayınatası irəli düşdü. Şiri iri bir təsərrüfatın direktoru oldu. Başçılıq elədiyi subtropik sovxoz Abşeronun böyük bir ərazisini əhətə eləyirdi. Bünövrəsində bir neçə kəndin kolxozu dururdu.

Keçmiş zabitin istedadı qısa vaxtda üzə çıxdı. Bərbad günə qalmış sovxozu qaydaya saldı. İnanmaq olmurdu ki, hərbçidən belə bacarıqlı sahibkar çıxar.

Həyatının böyük bir hissəsi hərbçilər arasında keçdiyindən Şirinin əmrlərdən xoşu gəlirdi. Özü də əmrlərlə yaşamağa alışmışdı. Orduda mayor rütbəsinə qədər qalxmışdı. Üzdən ciddi adama oxşasa da daxilən qəribəliklərdən xali deyildi. Bir az da baməzəliyi vardı. Vəzifədə yerini bərkidən kimi oyunbazlığa başladı. Sovxozun işçilərini əsgəri qaydada düzüb onlara təlim keçirdi. Sağa-sola dönməyi öyrədirdi.

Camaat hoydu-hoydunu xoşladığından tezliklə bunun sorağı generala da çatdı. Şirini çağırıb danladı:

-Sovxoz hərbi hissə deyil, Şiri, - dedi. - Ədabazlığı boşla.

Şiri razılaşmadı:

- Qoy öyrənsinlər, general, - dedi. - Müharibə vaxtı gərəkləri olar.

General lağ elədi:

- Kiminlə müharibə eləmək fikrindəsən?

Şiri də istehza ilə:

-Müharibə artıq başlayıb, general, - dedi. - Ermənistandan azərbaycanlıları qovurlar.

General inamsız halda:

- Bundan xəbərim var. Amma mərkəzi hökumət imkan verməz.

Şiri başını buladı:

- Erməniləri heç mərkəzi hökumət də dayandıra bilməz.

-Hardan bilirsən?

-Onlarla yanaşı qulluq eləmişəm. Erməniləri yaxşı tanıyıram.

General əlini yellətdi:

-Elə bilirsən, ermənilərə ölkəni parçalamaq imkanı veriləcək? - dedi. - Mənə elə gəlir, bir-iki aya hər şey sakitləşəcək.

Şiri əlini qaldırdı:

-Ay sakitləşdilər ha! - dedi. - Ermənilərlə bizim davamız hələ qabaqdadır.

General mübahisəyə yekun vurdu:

- Hər halda, sovxoz fəhləsindən döyüşçü çıxmaz, Şiri. Vuruşmağa nizami ordu lazımdır.

Danlaqdan bir az həsdəsə də Şiri Şiriyev şakərindən əl çəkmirdi. Arada yenə də fəhlələri əmrlə işə göndərirdi. Lakin işçilər onun komandalarına tabe olsalar da, göstərişlərini səlis yerinə yetirmirdilər.

Onun arxası bağlı olduğundan arxayın işləyirdi. İxtiyarında olan nəhəng təsərrüfatı göz bəbəyi kimi qoruyurdu. Hər çöpün üstündə əsirdi. Əlbəttə, ağlına da gəlməzdi ki, sovxoz bir gün onun mülkiyyətinə çevriləcək.

Şiriyevin gecəsi-gündüzü yox idi. Onun iki differli UAZ maşını həmişə hərəkətdə idi,

Şiriyev həyatından da, bəxtinə çıxan arvaddan çox razı idi. General qızı Albina xanım ailəcanlı, mehriban qadındı. Bir oğlanları vardı. Yeddi yaşın içində idi. Uşaq gec doğulmuşdu. Elə buna görə də həm ata-ananın, həm də babanın sevimlisi idi.

Şiri, ailə ənənələrinə hörmət əlaməti olaraq, Kürsümlə heç bir əlaqə saxlamırdı. Xanımı da əvvəllər bacı ilə qardaşın münasibətlərinə qarışmırdı. Vaxt keçdi, Kürsüm varlandı, milyonlara sahib oldu. Kürsümoğlu Şikil dayısı arvadına yol tapdı, qılığına girdi. Bir gün general qızı fikrini ərilə bölüşdü:

- Mənə elə gəlir ki, bacınla barışsan yaxşıdı.

Şiri razılaşmadı:

- Kürsüm bizim ailənin adını ləkələyib, - dedi.

Albina xanım onu dilə tutmağa çalışdı:

- Gör nə qədər vaxt keçib. İndi bacının sən yaşda qızı, oğlu var, - dedi.

- Qızı da onun kimi ləçərdir. Deyirlər, bir cinayətkara məşuqəlik eləyir.

Albina məlumatlı olduğundan etirazla:

-Gülü deyir ki, Sanı məşuqum yox, ərimdi, - dedi. - Bacoğlu Şikil isə çox qohumcanlıdır. O günləri yanıma gəlmişdi, səndən şikayətlənirdi. Deyirdi, dayıma yaxınlaşdım, məni adam yerinə qoymadı.

Şiri arvadını acıladı:

- Onlar səni vəkilmi tutublar?

General qızı mülayimliklə:

- Şiri, əzizim, bacın indi altmış yaşında qoca arvaddır, - dedi. - Bağışla onu.

- Bu mümkün deyil, - deyə Şiri çığırdı.

Albina da səsini qaldırdı:

- Xahiş edirəm, üstümə qışqırma! - dedi. - Kürsüm indi şəhərin varlı adamlarındandı, milyonları var, dövlət adamlarılə durub-oturur, görüşünə din xadimləri gəlir, sözü hər yerdə keçir. Sən isə...

-Pul namus ölçüsü deyil, - deyə Şiri xoşagəlməz söhbəti yekunlaşdırmağa çalışdı.

Evin xanımı əl çəkmədi:

- Qohum qohuma arxa olmalıdı.

Şiri bezikib ayağa qalxdı:

- Bu söhbəti qurtardıq, - dedi. - Daha çürüyünü çıxarma.

Albina bir az susub astadan dedi:

- Bacın sağalmaz xəstəliyə tutulub, ölüm yatağındadı, Şiri.

- Ölməz! - deyə Şiri yenə qulaq asmadı.

- Sonra peşiman olarsan!

- Olmaram.

Albina xanım incik halda üzünü ərindən çevirdi. Xırda narazılıqlara baxmayaraq o, atasının qanadı altında Şiri ilə xoşbəxt yaşayırdı. Bu Albina xanımı bəzən xoflandırırdı.

 

* * *

 

General sübh tezdən, qəflətən, onların qapısını açdı. Qızı ilə kürəkənini təşvişdən qurtarmaq üçün tələsik dedi:

- Narahat olmayın! - dedi. - Gəldim sizə deyim ki, Moskvadan təyinatım gəlib. Əlbəttə, çoxdan gözlədiyim yüksək vəzifə deyil, amma imtina eləmədim.

Albina əlini dodağına apardı:

- Uşaq yatıb...- dedi. - Yavaş danış.

General qonşu otaqda yatan nəvəsini oyatmamaq üçün astadan:

- Əmrimi keçən gecə veriblər, - deyə keçib oturdu. - Bu gün Moskvada olmalıyam.

Şiri boynunun ardını qaşıdı:

- Sənsiz halımız pis olacaq, - dedi.

Atasının Moskvada daşıyacağı vəzifəni dəqiqləşdirəndən sonra Albina irad tutdu:

-Gərək bu təyinata razılıq verməyəydin. Heç sənə yaraşan vəzifə deyil.

-Bu təyinatı qəbul eləmək mənim üçün də çətindir, - deyə general dilləndi. - Amma Bakıda qala bilmərəm. Getməyim yaxşıdı.

- Niyə?

- Şəhərdəki mitinqlərin axırı yaxşı qurtarmayacaq. Bir gün ordu işə qarışacaq, - deyə general izah elədi. - Belə olsa kənarda qalmaq mümkün olmayacaq. Gərək dostlarımın üstünə BTR-lə, tankla gedim. Bunu da özümə rəva görə bilmərəm.

Şiri öz hayında idi:

- Məni əzəcəklər, - dedi. - Hələ əlin üstümdədi, arada, görürsən, problem yaradırlar. Sən gedəndən sonra, gör, nələr olacaq.

General arxayınlıqla:

- Qorxma, səni Məlikəjdər ağaya tapşıracağam, - dedi. - Uçmazdan qabaq ona baş çəkəcəyəm.

Şiri inamsızlıqla:

-Məlikəjdər neynəyə bilər ki? - dedi. - Adi din xadimidir, nazir deyil ki!

General inamla:

- Nazirdən də artıqdı, - dedi. - Sən yekəxanalığı boşlasan, görərsən.

 

–XXX–

 

... Qonaq gedəndən sonra Məlikəjdər qalxıb köşkdən çıxmaq istəyəndə Seyfəl üzrxahlıqla:

-Bağışla, ağa, bilirəm yorğunsan, amma Suçu Piri bayaqdan bayır köşkdədi.

Məlikəjdər dərindən köks ötürdü, yenidən yerini rahatlayıb buyurdu:

- Çağır gəlsin...

Seyfələ işarə elədi. Suçu Pirini içəri buraxdılar. O, cəld addımlarla ağaya yanaşdı. Məlikəjdər onunla görüşdü, yanında yer göstərdi.

-Sənə demişdim, axı, - dedi. - Lazım olanda səni özüm tapacağam.

-Bağışla, ağa, qulağıma bir səs dəyib, gəldim səhihliyini öyrənim, - deyə suçu Piri üzürxahlıqla dilləndi.

-Nə səsdi elə? - Məlikəjdər soruşdu.

Suçu Pirinin hülqumu qalxıb-endi:

-Ağa, deyirlər, Sanını türmədən buraxıblar, - dedi.

Məlikəjdər xəbərin belə sürətlə yayılmağından duruxdu.

-Sanını yox, - dedi. - Onun başkəsənlərini buraxıblar.

-Ravilləri deyirsən, ağa?

Suçu Piri dizi üstə qalxıb:

-Onda izn ver mən mürəxxəs olum, ağa, - dedi.

Məlikəjdər qoymadı:

-Otur, - dedi. - Sənə deyəcək sözüm var.

Suçu Piri yerini təzədən rahatladı:

- Buyur, ağa! - dedi və ağlına nə gəldisə həyəcanla soruşdu. - Bilmirsən, Sanının özünü haçan buraxacaqlar?

Məlikəjdər fikrini gizlətmədi, dedi:

- Güman ki, yaxınlarda onu da buraxacaqlar. - Qısa fasilədən sonra məsləhət gördü. - Mən sənə keçən dəfə demişəm, yenə təkrarlayıram, Piri, qardaşım, olacaqla barış, axmaq fikirləri başından çıxar.

Suçu Pirinin rəngi qaraldı, hövllə dedi:

- Ağa, ağa …

- Nədi, Piri?

Suçu Piri alnına tökülmüş çal saçlarını qaldırdı. Qədim heroqliflərə oxşayan şırımları göstərdi:

- Ağa, alnım od tutub yanır…On ildi yanır, yanğısı keçmir. Əlini toxundur, ağa!

Məlikəjdər əlini onun alnına toxundurmadı, çiyninə qoydu:

- Keçənə güzəşt deyərlər, Piri. Sanının indi altmış yaşı var. Bir ayağı gordadı, - dedi. - Başını yenidən bəlaya salma, kəsbkarlığını elə.

- Güzəşt ola bilməz, ağa. Lap axırıncı günüm də olsa mən qisasımı yerdə qoya bilmərəm, - deyə Suçu Piri gözlənilmədən yumruğunu dizinin qaşına vurdu.

Məlikəjdər bir də fikrini izah elədi:

- Bu yaşda türmələrə düşmək asan olmayacaq…

- Sankanın işini bitirəndən sonra nə olacaq, qoy, olsun! - deyə Suçu Piri duruxmadan cavab verdi.

-Köməyimə çox da güvənmə, - deyə Məlikəjdər ağa onu xəbərdar elədi. - Elə vaxt olur ki, nə pul keçir, nə də söz.

-Mən intiqamımı almalıyam.

Məlikəjdər ağa əlini göyə qaldırdı:

- Bir Allah şahiddir ki, mən səni fikrindən daşındırmaq üçün əlimdən gələni elədim.

Suçu Piri onu sakitləşdirdi:

- Bu günahı mənim adıma yaz, ağa, sənlik bir iş yoxdu, - dedi, sonra gizli bir təmənna ilə. - Bircə xeyir-duan mənə bəsdi.

Məlikəjdər qətiyyətlə onun təmənnasını rədd elədi:

-Mən qətlə xeyir-dua verə bilmərəm, - dedi, sonra söhbəti dəyişdi. - İndi get, amma maşını saz saxla...

 

* * *

 

Piri alnına döyülmüş yazını ağrıdan qovrularaq, bayılaraq ülgüclə sıyırmışdı. Hərfləri ət qarışıq, şırım-şırım çıxarmışdı. Amma alnına tökülmüş kəkilinin altında gizlətdiyi yazının yeri özünü unutdurmurdu, sızıldayırd. Onu hər gün intiqama çağırırdı.

Piri oğurluq üstündə tutulmuşdu. Sibirdəki “zon”lardan birinə göndərmişdilər. İş elə gətirmişdi ki, Piri Sanı ilə bir baraka düşmüşdü.

Barakın baş nəzarətçisi Bakı ruslarından idi. “Zon”a təzə təyinat almışdı. Altı-yeddi aydı işləyirdi. Dustaqlardan eşitdiyi qulaq cırmaqlayan bəzi ifadələr onu maraqlandırdı. Vəzifə üçün yer eşən təzə nəzarətçi kabinetini silib-süpürən Piriyə dedi:

- Yerli, gəl otur.

Kətilin qırağında oturmuş Pirinin əlinə içi ətlə doldurulmuş yarım buxanka ağ çörək verdi:

- Burda ye! - dedi. - Baraka aparsan əlindən alarlar.

Piri nəzarətçinin xoş münasibətindən kövrəldi. Buxankanı iki əlli tutub başını qaldırmadan yeyirdi. Şorlanan göz yaşı ilə islanmış çörək duzlu idi. Böyük nəzarətçi yalançı bir mülayimliklə:

- Mənim sənə ürəym yanır. Görürəm, səni incidirlər. Sənin bir ilin qalıb. Mənə kömək eləsən qoymaram ki, işinin üstünə iş gəlsin.

- Mən kömək eləməyə hazıram…

Nəzarətçi bir az da sarı simə vurmağı qərara aldı:

- Biz bilirik ki, sənin anan rus qızıdır, - dedi. - Bəs, niyə rusca pis danışırsan?

Piri başını tərpətdi:

- Məni ata nənəm böyüdüb. Ona görə də rusca pis bilirəm.

-Fərqi yoxdur, sənə kömək eləyəcəyəm. Yoxsa məhv olub gedəcəksən.

Piri əlini döşünə qoydu:

- Minnətdar olaram, vətəndaş rəis, - dedi. - Mənə görə nə qulluq?

Nəzarətçi diqqətlə ona baxdı:

-Bu gündən sənin işin barakda, elə zonda eşitdiklərini mənə xəbər verməkdir, - dedi. - Bildin?

Piri qorxa-qorxa dedi:

-Mən yerlilərimi sata bilmərəm.

-Bizi sənin yerlilərin maraqlandırmır, Moskvalı Kulik maraqlandırır!

Piri təəccübləndi:

- Kulik nəyinizə gərəkdi? O ki şestyorkanın biridi! - dedi. - Həmişə yuxulu gəzir.

Nəzarətçi istər-istəməz dedi:

-Deyəsən, qaçış hazırlayır...

Kulikdən zəhləsi gedən Piri razılaşdı. O, sevinirdi ki, canı ağır işlərdən qurtarmışdı. “Zon”dakı normalar böyük idi. Qolu güclü, canı bərk oğlanlar belə tapşırığı çətinliklə yerinə yetirirdilər. Dustaqlar baraka qayıdanda isti balanda, isti otaqdan başqa heç nə arzulamırdılar.

Bir neçə günə Piri dirçəldi. Hər gün həvəslə camaşırxanadakı deşiyə yaxınlaşır, eşitdiklərini, gördüklərini danışırdı. O qurtaranda deşikdən soruşurdular:

- Vəssəlam?

- Vəssəlam.

- Eləsə rədd ol.

Piri günlərini sayırdı. Azadlığın bir addımlığında idi. Amma yanılmışdı. Gecə yarısı onu dörd nəfər basmarladı, ağzına əski tıxadılar. Adyallardan çadır düzəltdilər ki, yandırılan şamın işığı nəzarətçini duyuq salmasın. Piriyə məhkəmə qurdular. Moskvalı Kulik üzünü “məhkəmədə” iştirak eləyənlərə tutdu:

- Öz qardaşlarını satan adamın cəzası nədir, qardaşlar? - deyə soruşdu.

Bir neçə səs eyni vaxtda:

- Ölüm! - dedi.

Kulik “məhkəməyə” dəvət elədiyi Sanıdan hörmətlə soruşdu:

- İndi, söz sənindi. Bu satqın sənin yerlindir. Sən qərar ver…

Sanı gözləri həddəqəsindən çıxan Piriyə nifrətlə baxdı:

- Öldürməyə nə var ki! - dedi. - Amma öldürsəniz hamımızın işinin üstünə iş gələcək. Mən ölümün əleyhinəyəm. Başqa cəza vermək lazımdır.

Biri təklif elədi:

- Onun sinəsinə «suka» yazaq, bir də heç kimi satmaq fikrinə düşməsin.

Kulik təklifi bəyəndi:

- Yaxşı fikirdir! - dedi. - Amma sinəsinə yox, alnına yazmaq lazımdı. Hamı uzaqdan görsün ki, bu adam kimdir… Sanı, bu təkliflə razısan?

Sanı bu qərarı ədalətli saydı.

Barakın «rəssamı»nı adyalın altına saldılar. Ona görəcəyi işi başa saldılar. O, dərhal cibindən iynə-tuş çıxartdı. Piri ağzındakı əskini tüpürdü. Üzünü Sanıya tutub yalvardı:

- Sanı qədeş, ayağının tozu olaram, qapında itin olaram, qoyma alnıma yazsınlar. Qoy başqa yerimə yazsınlar.

Sanı nifrətlə:

- Kəs səsini, əbləh! Sənə bu da azdır! - dedi. - Bizi rusların yanında xəcil eləmisən…

«Rəssam» işə başladıqda dedi:

- Bu əclafın başını, qollarını, ayağlarını möhkəm tutun, tərpənə bilməsin.

Pirinin alnına döyülən «suka» sözü ürəyinə işlədi.

 

–XXXI–

 

Piri gedəndən sonra da Məlikəjdər köşkdən çıxa bilmədi, Mizi Sonqulu ilə içəri girdi.

- Xoş gördük, ağa, - deyə Sonqulu dilləndi.

Sonqulu ilk dəfə idi ki, ona “ağa” müraciət eləyirdi. Məlikəjdər bunu layiqincə qiymətləndirdi. Lütfkarlıqla dedi:

- Belə dostluq olmaz…-dedi. - Gəlmirsən, getmirsən.

Sonqulu köhnə ticarətçilərdəndi. Özü də, törəmələri də rahat, dinc, üzüyola yaşayanlardandı. Dünyanın pulunu qazanırdılar, amma başlarını yuxarı qaldırmırdılar. Hökm sahiblərinin hökmünə dinməz boyun əyirdilər. Kənddə iki mağazası, bir çörək zavodu vardı. Əlaltdan paytaxtın bir neçə yerində köhnə obyektlər almışdı. Bu əməliyyatları məxfi saxlamağa çalışırdı.

Xoş münasibətdən Sonqulunun dili açıldı:

-Mən qapına ürəklə gəlmişəm, ağa. Bizim babalarımız dost olub. Sən də mənim dostluğumu qəbul elə…

Məlikəjdər:

- Yaxşı, Sonqulu kişi, uzatdığın dost əlini sıxıram. Bir idarədə çalışdığımız vaxtlar səndən mərdanə rəftar görmüşəm. Himayəmə həmişə güvənə bilərsən, - dedi, ancaq köhnə həmkarını iynələməkdən özünü saxlaya bilmədi. - Güman ki, tatar balalarının gəlişi yuxuna haram qatmayıb...

Sonqulu Məlikəjdəri inandırmağa çalışdı:

-Elə bilmə məni yanına gətirən Sanının başkəsənlərinin qorxusudur, ağa, - dedi. - Əvvəllər bir neçə dəfə istəyimi Seyfəl əmioğluya demişəm, hər dəfə cavabı bu olub ki, ağa deyir, gözləsin. Yenə gözlərdim, amma ortaya vacib bir iş çıxıb.

Məlikəjdər maraqla:

-Buyur, Sonqulu kişi, - dedi.

Sonqulu tələsmədən başladı:

- Cinni Canının əyalı bizim arvadla qohumdur. Elə bir mehribançılığımız olmasa da, arada bizə gəlir. Axır vaxtlar isə vəziyyət dəyişilib. Canının əyalı ikigündənbir qapımızdadır. Sözündən-söhbətindən bildim ki, Cinni Canı daha Sanının dostu deyil, düşmənidir. Onu öldürmək istəyir.

Məlikəjdər diqqətini topladı:

- Yəqin ki, bazarda köhnə-külə satan Canıdan söhbət gedir? - deyə dəqiqləşdirdi.

Sonqulu təsdiqlədi:

-Bəli, ağa! - dedi, sonra Canını təriflədi. - Bacarıqlı adamdır. Köhnə-külə satmaqla varidat yığıb.

Məlikəjdər dərindən nəfəs aldı:

-Yaxşı, Cinının Sanının qanına yerikləməyinin səbəbi nə imiş? - deyə maraqla soruşdu.

Məlikəjdərin diqqətinə sahibləndiyini görən Sonqulu həvəsləndi:

-Demə bir neçə il bundan qabaq Sanı Cinni Canının xahişi ilə qabağa düşüb, onun böyük oğlu üçün elçiliyə gedib. O, Cinninin oğluna öz curlarından birinin, Yanıq Rüştünün qızını alıbmış. Xeyir işin xərcini də özü çəkibmiş. Mən o toyu xatırlayıram. Ağa, Sanının qorxusundan məclis dağılmaq bilmirdi, çalğıçılar səhərə qədər çaldılar, müğənnilər səsləri tutulana qədər oxudular. Belə möhtəşəm toydan sonra məlum olur ki, ...

Məlikəjdər həmsöhbətini tələsdirdi:

-Mətləbə keçsəydin pis olmazdı, - dedi.

Sonqulu gülümsəyərək cümləsini tamamladı:

-... ki, gəlin üzüqaradır.

-Ba! - deyə Məlikəjdər heyrətləndi. - Sonra?

Sonqulu davam elədi:

- Gəlin üzüqaralığının səbəbkarının adını demək istəmir. Deyir, qorxuram, nəslimizin kökünü kəsər. Ata-oğul gəlini bir az sıxma-boğmaya salandan sonra öyrənirlər ki, bu Sanının işidir. Qızı toyqabağı yoldan çıxarıb. Bəy intiqam almağa qərar verir. Amma ehtiyatlı tərpənir, gəlini geri qaytarmır. Heç nə olmamış kimi evində saxlayır. Biabırçılığı gizlədirlər. Gəlinin də ayağını hər yerdən kəsirlər. Atasıgilə də qoymurlar. Amma bəy intiqam almağa macal tapmır, Sanını yenidən tuturlar. Cinnioğlu indi səbirsizliklə onun türmədən çıxmağını gözləyir.

Məlikəjdər razılıqla:

-Bu yaxşı xəbərdir, - dedi.

-Bəli, ağa, yaxşı xəbərdir, - deyə Sonqulu təsdiqlədi.

Məlikəjdər soruşdu:

-Bəs, Canı qudalarını evinə buraxmır?

-Canının Yanıq Rüştü ilə arası yoxdu, gəlinin anası isə hərdən qızına baş çəkir. Amma qayınanası gəlini anasılə təkbətək qoymur ki, sirr açılar.

Məlikəjdər şübhəsini dilə gətirdi:

-İnanmıram ki, gəlinin valideyinləri bu işdən bixəbər olsunlar.

Sonqulu başını tərpətdi:

-Kim bilir, ağa! Yanıq lap bilsə də səsini çıxaran deyil, buyruq quludur, Sanıya qarşı getməz, - dedi. - Canı isə başqa adamdır. Sanı ilə kəllə-kəlləyə gəlməkdən çəkinmir. Amma arxasını söykəməyə güc axtarır. Bilir ki, biz dostuq. Əyalını üstümə göndərməklə sənə ismarıc yollayıır. Sabah yenə gələcək. Ona nə demək lazımdır, ağa?

Məlikəjdər cibindən təsbehi çıxarıb bir az fırlatdı, sonra ehtiyatla:

-Mənim yox, öz adından danışarsan, üstüörtülü çatdırarsan ki, Məlikəjdər düşmənlərinin düşməni ilə dostluq eləməyə hazırdır.

 

–XXXII–

 

Heç bir həftə keçmədi ki, generalın kölgəsi üstündən əskik olan kimi Şirinin qara günləri başladı. Məhkəmələrdən, çəkişmələrdən, yoxlamalardan göz aça bilmirdi. Nəzarət təşkilatları elə bil zəncirdən açılmışdılar.

Bakını silkələyən mitinqlər davam elədikcə hakimiyyətdaxili boşluq dərinləşirdi. Yeni-yeni ac qüvvələr peyda olmuşdu. Açıq-açığına hucuma keçirdilər. Onlar köhnə nomenklaturanın əlindən maliyyə rıçaqlarını qoparmaq arzusunu gizlətmirdilər.

Hərə bir tərəfdən Şirini didişdirirdi. O, bacardığı qədər müqavimət göstərirdi. Bu çətinliklərin müvəqqəti olduğunu düşünürdü. Amma ətrafındakı halqa get-gedə daralırdı. İndi təkliflər daha açıq, daha tələbkar idi. Müxtəlif məbləğlərdən söhbət gedirdi. Üstəlik, ona Bakıdan kənarda, Abşeron rayonunda sovxoz direktorluğu təklif olunurdu.

Sovxozun mühasibatını idarə eləyən Albina xanım işin içində idi. Məsələnin qəlizləşdiyini görüb Şiriyə məsləhət gördü:

- Razılaş getsin. Görürsən əl çəkmirlər, - dedi. - Çıxıb gedərik Moskvaya.

Şiri arvadını sakitcə dinlədi, amma məsləhətə durmadı:

- Mən axıra qədər dayanacağam.

Albina ərini dilə tutdu:

-İnad eləmə, əzizim.

-Təkliflər ədalətsizdir, axı!

Albinanı ağlamaq tutdu:

- Sənin ədalət axtarışın başımıza bəla açacaq, - dedi. - Barı Məlikəjdər ağaya bir gənəş. Gör, o nə deyir...

Şiri bir an susdu, sonra könülsüz dedi:

- Ağanın yanına özün getsən yaxşıdı. Mənimlə elə də arası yoxdu, - dedi. - Sənin sözünü isə yerə salmaz.

Albina xanım Ziyarətgaha getməyə macal eləmədi. Bu ərəfədə kədərli bir hadisə baş verdi. Kürsüm qəflətən rəhmətə getdi. Dəfn günü dayı-bacıoğlu yad adamlar kimi yanaşı dayanmışdılar, bir birinə baxmırdılar, hüzrə gələnləri dinməz dinləyirdilər, verilən başsağlığına görə ikisi də eyni vaxtda minnətdarlığını bildirirdi. Dəfndə rayonun bütün vəzifə sahibləri iştirak eləyirdi. Başsağlığı verənlər arasında yerinə göz dikənlər də vardı. Şiri onların təəccübündən başa düşdü ki, Kürsüm kimi adlı-sanlı bir xanımla yaxın qohumluğundan çoxunun xəbəri yox imiş.

Dəfn çox dəbdəbəli keçdi. Kürsümoğlu puluna qızırqanmamışdı.

Mərasim çox mətləblərə aydınlıq gətirdi. Şirinin boğazını sıxan əllər boşaldı. O, nəhayət, nəfəs aldı. Bacısı Kürsüm ölümü ilə qardaşına dayaq oldu. Daha milyonçu bacının qardaşını narahat edən tapılmadı. Dayı-bacıoğlu mehribanlığının binası qoyuldu.

Kürsümün qırxı dəfnindən daha təntənəli keçdi. Mərasimdə daha kimlər yox idi! Bir neçə nazirin iştirakı çox şey deyirdi. Albinanın təkidi ilə Moskvadan general İvanov da gəlmişdi. Bir sözlə, dayı-bacıoğlu əməkdaşlığı səmərəli oldu.

 

-XXXIII-

 

Əlaltıları buraxılandan sonra Sanı tək qaldı. Vaxt ağır keçirdi. Elə bil saatın əqrəblərindən daş asılmışdı. Bu cəhənnəm əzabına dözməyə daha tabı qalmamışdı.

Növbətçi Sanının pulla ələ aldığı bir çavuş idi. Onu günorta gəzintisinə aparanda dustağın qulağına pıçıldadı:

-Bu gün səni buraxırlar!

Sanı kameranı nifrətlə tərk elədi. Əşya kisəsini çiyninə atdı. Onu düşərgə rəisinin yanına gətirdilər. Kabinetin sahibi daxilən qəddar olsa da toppuş yanaqlarından mehribanlıq yağırdı. Sanını gülərüz qarşıladı:

-Muştuluğumu versən, Sanı, sənə şad xəbər verərəm, - dedi. - Sən vaxtından qabaq azad olunursan.

Sanı gizli bir istehza ilə:

- Mənim bundan xəbərim var, rəis, - dedi. - Gərək muştuluqdan vaz keçəsən.

Həbsxana rəisi ona lağ elədi:

-Bəs, niyə sevinmirsən? - dedi. - Azadlığa çıxırsan axı!

- Sevinməli nə var ki! - deyə Sanı üzünü qırışdırdı. - Bura yaxşıdı, bir sözüm iki deyil, qulluğumda dayanırlar, insana bundan artıq nə lazımdı?

-Elə demə, Şanı! Türmənin yaxşılığından danışmağa dəyməz. Azadlıq elə azadlıqdı.

Sanı söhbəti candərdi davam elədi:

-Rəis, azadlıqda aləm bir-birinə qarışıb. Hər avantürist özünü başçı sayır. Ətrafına beş-on nəfər yığıb düşüb ortaya, qoçuluq eləyir. Adam ortada qalmaqdan qorxur. İndi səhv eləmək olmaz. Bilmirsən kimin tərəfini tutasan? Ermənilərinmi, ruslarınmı, xalq cəbhəsininmi, məlum deyil.

Düşərgə rəisi istər-istəməz hörmətlə dedi:

- Dərrakənə söz ola bilməz. Hər şeydən xəbərin var. Başa düşmürəm belə dərrakə sahibi belə bir həyatı niyə seçib?

-Çoxbilmiş quş dimdiyindən tora düşür, - deyə Sanı qaşqabağını tökdü.

 

* * *

 

Sanı bir neçə qat tikanlı məftillə əhatə olunmuş islah düşərgəsindən aralanandan sonra dərindən nəfəs aldı. Çınqıl döşənmiş meydançada arxasını maıına söykəyib onu gözləyən sivil paltarlı şəxsə etinasızlıqla baxdı. Bu adamı dərhal tanıdı. Adı Xası idi. Şəhər milisində işləyirdi. Xoş-beşdən sonra Xası:

- Bundan sonra sən mənimlə işləyəcəksən, - dedi.

Dünənki dustaq sadəlövlüklə soruşdu:

-Bəs, Aram?

Xası gülümsədi və istehza ilə:

- Müstəqilliyə can atan Azərbaycanın ermənilərin xidmətinə daha ehtiyacı yoxdur, - dedi və təkrar bildirdi. - Sən mənimlə işləyəcəksən. Daha doğrusu, bizimlə! Sizi türmədən buna görə çıxarmışıq.

Sanı dikbaşlıqla:

-Razı olmasam? - soruşdu.

Xası zəhmlə gülümsədi, sözünü davam elədi:

-Çəm-xəm eləsən... sənin milislə əməkdaşlığından bütün cinayət aləmi xəbər tutacaq.

Sanı istehza ilə:

-Kimdi sənə inanan! - dedi. - Buna sübutun varmı?

-Diqqətinə çatdırıram ki, erməni hamilərin hər bir addımını sənədləşdırıblar. Həmin qovluqlar əlimizdədir. Sanballı sənədlərdir, - deyə Xası üzünü qırışdırdı. - Surətini sənə də bağışlaya bilərəm.

Sanı duruxdu, bir az fikirdən sonra köks ötürdü:

-İstəməz! - dedi. - Mən razıyam.

Xası başını buladı:

-Təəccüblüdür ki, sənin kimi bir qorxaq paytaxtı uzun müddət vahimə içində saxlayıb. Mən səni belə ağciyər bilməzdim, - dedi, və maşına tərəf əlini uzatdı. - Gedək.

-Sən get, sabah şəhərdə görüşərik, - deyə Sanı dilləndi. - Məni qarşılamağa gəlməlidilər.

-Heç kim gəlməyəcək, - deyə Xası dişini ağartdı. - Aşnana, aşnanın qardaşına demişik ki, səni sabah buraxacaqlar.

 

–XXXIV–

 

Bir neçə mənbədən alınan məlumatın səhihliyinə şübhə ola bilməzdi. Bunu əvvəl öz aralarında götür-qoy elədilər. Məsələnin təkrar-təkrar müzakirəsi məlumatın vacibliyindən xəbər verirdi.

Seyfəl yenidən təsbehi əlinə almış Məlikəjdərə dedi:

-Sanını buraxıblar, Karxanadadır...

Bu vaxt Ziyarətgahın mücaviri tələsik icəri girdi, həyəcanla dedi:

- Ağa, Cinni Canı namaz hücrəsindədi. Deyir, ağanı görmək istəyirəm.

- Canı kişi təkdi? - deyə Məlikəjdər sakitcə soruşdu.

Mücavir başını tərpətdi:

-Bəli, ağa, təkdi.

-Qoy gəlsin...

Xəzərin çalxalanan vədəsi idi. Dalğaların səsi bağlı qapı-pəncərədən içəri dolurdu. Qonaq Məlikəjdəri qalxmağa imkan vermədi. Sürətli addımlarla ona yanaşdı, salamlaşıb yanında bardaş qurdu. Seyfəllə Mizini başı ilə salamladı.

Canı narahat halda qurcalandı və birbaşa mətləbə keçdi:

- Sanının türmədən çıxdığını, yəqin ki, bilirsən.

- Bilirəm.

-Yəqin ki, Sonqulu kişi sənə deyib, Sanını gəbərtmək istəyirəm, - deyə bayaqdan bülbül kimi ötən Cinni Canı dilini sürüdü.

- Davam elə, - deyə Məlikəjdər başını tərpətdi.

- Sanı ailəmin şərəfinə toxunub, onu sağ qoya bilmərəm, - deyə Canı birnəfəsə alçaldıcı faktı ifadə elədi.

-Sənə nə köməyim dəyə bilər?

- Sanını öldürəndən sonra türmələrdə çürümək istəmirəm.

-İstəyirsən bu qətl vəzifə sahibləri ilə razılaşdırılsın? - deyə Məlikəjdər şübhə ilə soruşdu.

-Bəli, amma onlar səni eşitməyəcəklər, - deyə Canı qətiyyətlə bildirdi.

Məlikəjdər istehzasını gizlədib ciddi soruşdu:

-Belə düşünməyinə səbəb nədir?

-Mənə elə gəlir ki, Sanının yuxarılarla əlaqəsi var.

Xalis gülümsədi:

-Əlaqəsi olanı türməyə soxmurlar.

Canı kişi inandırmağa çalışdı:

-Bəlkə, onu türməyə qorumaq üçün göndərirdilər? - deyə soruşdu.

Məlikəjdər nədənsə susdu. Xalis söhbətə bir də müdaxilə elədi:

-Ağanın əlaqələri, hər halda, adi oğrunun əlaqələrindən üstün olar.

Canı kişi fikrini çözdü:

-Sanı elə-belə oğru deyil, - dedi, və nədənsə pıcıltıya keçdi. - Güman ki, o, iki cəbhədə çalışır. Həm cinayət aləminə, həm də yuxarılara bağlıdır, milisin sifarişilə iş görür.

Məlikəjdər aydınlaşdırmaq istədi:

-Tutalım, vəzifə sahibləri ilə bunu razılaşdırdım, bəs, köhnə əməl yoldaşlarınla neynəyəcəksən? Onlar Sanının qisasını səndən ala bilərlər.

-Əməl yoldaşlarımla bacararam, bu çətin olmayacaq. Onun iki cəbhəyə işlədiyini bilən kimi yaxamdan əl çəkərlər.

-Eşitdiyimə görə, Sanını qəflətən yaxalamaq mümkün deyil. Çox cəld və sərvaxtdır. Həm də həmişə silahlıdır, - deyə Məlikəjdər maraqlandı.

-Mən onu toya çağıracağam, - deyə Canı kədərlə gülümsədi.

-Kimin toyuna?

-Kiçik oğlumun toyuna...- Və əlavə elədi:- Ailəmi sənin himayənə verirəm, ağa. Mənə, oğlanlarıma bir şey olsa, arvad-uşağımı başsız qoyma.

Məlikəjdər söz verdi.

Canı yerindən tərpəndi:

-Toyun vaxtı dəqiqləşən kimi gələcəyəm.

Məlikəjdər onu ehtiyata çağırdı:

-Sənin ziyarətgahda tez-tez görünməyin şübhə oyadar, - dedi. - Bir etibarlı adamla xəbər göndərərsən.

Canı razılaşdı:

-Düz deyirsən, ağa! - dedi. - Amma indi etibarlı kimsənə tapmaq çətindir.

Məlikəjdər qalxmaq istəyən qonağa dedi:

-Çörəyimi kəsməmiş hara gedirsən?

Qonaq hörmətlə:

-Bütün kənd cəddinin çörəyini yeyir, - dedi, gülümsəyib əlavə elədi. - Qalsın gələn dəfəyə.

 

–XXXV–

 

Sanı görüşünə gələn oğru dostlarına çox üz göstərmirdi, onlarla soyuq davranırdı. Bəzilərini heç içəri buraxmırdı, qapıdan qaytarırdı. Heyrətlənmiş Ravillərə deyirdi:

-Köhnə əlaqələr əl-ayağımıza dolaşır.

Bu da Ravillərin haqlı narazılığına səbəb olurdu. Asta bir dəfə özünü saxlaya bilmədi:

-Sanı, bunlar bizim curlarımızdır, - deyə məzəmmətlə dilləndi.

Sanı etinasızlıqla:

-Bu qaxsımış oğrular kimə lazımdılar! Zonda gözümü yağır eləmişdilər, - deyə cavab verdi. - İndi azadlıqda da onlarla diz-dizə oturmalıyam?

Taxta onu iynələdi:

-Oğru oğru ilə diz-dizə oturar da, görüşünə daha kino ulduzları gəlməyəcək ki!

Sanı kinli-kinli müsahibinə baxdı, astadan:

-Dilinə yiyəlik elə! - deyə qəflətən əlində parıldayan ülgücü qorxaraq geri sıçrayan Taxtanın gözünün önündə yellətdi. - Yoxsa başına bəla açacaq.

Gülüyə qoşulub görüşünə gələn Kürsümoğlu Şikili Sanı lap doğma adam kimi qarşıladı. Qocaldığındanmı, ya türmədə sərvaxtlığını itirdiyindənmi bacı-qardaşın mehribanlığındakı saxtalığı duymadı. Oğrubaşı Şikilə başsağlığı verib keçmiş məşuqəsini təriflədi:

- Kürsüm kəlləli qadın idi, - dedi. - Allah rəhmət eləsin.

Anası barəsində deyilən tərifnamədən Kürsümoğlunun gözləri doldu.

Söhbəti aralıdan dinləyən Taxta Astanın qulağına pıçıldadı:

-Bu yava arvadın oğlunu gör necə qarşılayır!

Asta adaşına gözünü ağartdı, qulağını şəklədi. Sanı bir az da söhbət elədi, keçmiş məşuqəsinin oğlunu yola salandan sonra Ravillərə:

-Kürsümoğlu dəniz kənarındakı evini bizim ixtiyarımıza verməyə razıdı, - dedi. - Çox rahat yerdi, işimizə hərtərəfli yarayır. Bir azdan orada lövbər salacağıq.

Bu cəlbedici xəbərdən Taxta udqundu. Asta bunu görmürmüş kimi gülümsədi.

 

* * *

 

Ravillər bilmirdilər nə fikirləşsinlər. Sanı Sallaq Səfi kimi xırda cibgiri evinə buraxırdı, həbsxanada pis ad çıxarmış Yanıq ləqəbli Rüştünü süfrəsinin başına keçirirdi, amma köhnə curlarından olan Cinni Canını görmək istəmirdi. Səbəbini belə izah elədi:

-Ondan gözüm su içmir!

Taxta maraqlandı:

-Niyə?

-Çox canfəşanlıq eləyir! - deyə Sanı söhbətə yekun vurmağa çalışdı.

Asta buna imkan vermədi, oğrubaşının xasiyyətini hamıdan yaxşı bildiyindən onu dilə tutdu:

-Canı etibarlı oğlandı, Sanı. Türmədə olduğumuz üç ildə gör neçə dəfə yanımıza gəldi! Pulunu-malını qızırqanmadı, sən isə onu qapıdan içəri buraxmırsan. Bu düz deyil, - dedi. - Onun barəsində şübhələrin lap nahaqdı. O, bizim adamdı.

Taxta da fikrini gizlətmədi:

-Oğlunun toyunda səni padşah kimi qarşıladı! Ayağının altına xalça döşətdirdi. Bunu unutmaq olar? - dedi.

-Heç oğlu da pis uşaq deyil, - deyə Asta işə başqa tərəfdən yanaşdı. - Gedib baxmışıq, sənin maşınını gəlin kimi bəzəyib. Bir əli ZİM-in üstündədi.

Sanı, nəhayət, razılaşdı. Cinni Canı böyük oğlu ilə görüşünə gəldi. İçəri girən kimi qollarını açıb özünü köhnə oğrubaşının üstünə atdı, onu duz kimi yaladı. Oğlu da atasından geri qalmadı, Sanının əlindən tutub öpdü. Curlarının sevinci ev sahibinin şübhələrini dağıtdı. Cinnioğlu:

- Maşın aşağıdadır, Sanı qədeş, - dedi. - Bir neçə ay bundan qabaq tapşırığını alan kimi Qubaya getdim. Maşını ot tayasından özüm çıxarıb şəhərə gətirdim. Ən yaxşı ustalara baxdırmışam. Maşın saat kimi sazdır.

Artıq arxayınlaşmış Sanı :

- Hələ mənə lazım deyil! - dedi. - Qoy, hələlik səndə qalsın. Mən deyəndə gətirərsən.

Ordan-burdan söhbətdən sonra Cinni Canı mətləb üstünə gəldi:

-Kiçik oğlumun xeyir işini sənin türmədən çıxmağına saxlamışam. Şadlığımı dostlarımla bölüşmək arzusundayam.

Asta söhbətə qarışdı:

-Allah mübarək eləsin! - dedi. - Məclis haçandır?

-Hələ məlum deyil.

-Dəvətnamə sifariş verməmisən?

Cinni Canı hörmətlə:

-İstəyirəm toyun vaxtını Sanı desin, özü də toyda da iştirak eləsin. Onun ayağı düşərlidir, - dedi. - İnanıram ki, kiçik oğlum da böyük oğlum kimi xoşbəxt olacaq.

Taxta həvəslə əllərini bir-birinə sürtdü:

-Bu toy keçən toydan geri qalmamalıdır.

Cinni Canı gülümsədi:

-Sizin iştirakınızla keçən toy pis ola bilməz, - dedi.

Sanı soruşdu:

-Hazırlıq görmüsən? Bəlkə, bir ehtiyacın var?

Cinni Canı intizarla ona baxdı:

- Şükür Allaha, hər şeyimiz var! - deyə ayağa qalxdı.

Sanı onları yola salmadı, yerindən:

-Bir-iki günə vaxtı deyərəm, - dedi. - Sən də dəvətnamələri sifariş verərsən.

Cinni Canı rahatlıqla nəfəs aldı.

 

–XXXVI–

 

Məlikəjdər balıqçıların əhatəsində bir arxayınlıq tapırdı. İş müşkülə düşən kimi özünü dənizkənarı komasına verirdi. Sərrafla Bic Əbdül ovdan təzə qayıtmışdılar. Balıqçılar manqalları qurub kabab vururdular. Məlikəjdərlə Seyfəlin gəlişi yerinə düşdü.

Süfrədən qalxanda Sərrafın əl-ayağa düşməyi Məlikəjdərin nəzərindən qaçmadı. Dilləndi:

-Bacıoğlu, sözlü adama oxşayırsan...

Sərraf dilini sürüdü:

-Ağa, narahat eləmək istəmirdim, amma gərək deyim, bu təzəlikdə bizim ovlağımızda iki balıqçı qayığı peyda olub, bizə göz verib işıq vermir, hey ətrafımızda fırlanırlar.

Məlikəjdər dinmədi. Bic Əbdül əllərini bir-birinə sürtdü:

-Ağa, icazə versəydin onları perikdirərdik...

Seyfəl onları acıqladı:

- Boşlayın, görüm, - dedi. - Dəniz hələ bizim mülkümüz deyil, istənilən adam istənilən yerdə balıq ovlaya bilər.

Məlikəjdər intizarla onun qərarını gözləyən Sərrafla Bic Əbdülə tapşırdı:

-Hələ işiniz olmasın...- dedi və otaqdan çıxdı.

Heç iki gün keçməmişdi ki, Sərraf Ziyarətgaha lovxəbər gəldi:

- Ağa, bizim atqılarımız yoxa çıxıb, torsuz qalmışıq.

Balıqçılar, bir qayda olaraq, axşamdan atılan torların yerini lövbər bağlanmış qırmızı üzgəclərlə nişanlayıb geri dönürdülər. Bunlara “atqı” deyirdilər. Səhər dənizə çıxır, balıqla dolu torları asanlıqla tapırdılar.

-Kimdən şübhələnirsən? - deyə Məlikəjdər soruşsa da artıq bilirdi ki, bu kimin işidir.

-Elə bilirəm ki, o təzə balıqçıların əməlidir, - deyə Sərraf qəzəblə dilləndi. - Demişdim, axı, bizim ovlağımızda kənar qayıqlar üzür, dediz, işin olmasın.

Seyfəl tərəddüdlə fikrini bildirdi:

-Bəlkə, səhlənkarlıqdandır? Bəlkə, uşaqlar kəndirləri möhkəm bağlamayıblar?

Sərraf böyük qardışına irad tutdu:

-Yüzlərlə atqıdan söhbət gedir, qədeş, - dedi. - Bir-iki atqı olsaydı, başa düşmək olardı.

Məlikəjdər başını tərpətdi:

-Bacıoğlu, get, heç təşvişə düşmə, əncam çəkərik, - dedi və böyründə oturmuş Seyfəldən soruşdu:

- Xalislə məşğələlərin necə keçir?

Seyfəl gözlədi Sərraf qapıdan çıxsın, təriflədi:

-Əla keçir, ağa! - dedi. - Hesab-kitabı günü sabahdan ona tapşırmaq olar.

Məlikəjdər hər şeydən hali olduğundan deyindi:

-Xalis ziyarətgahda tapılır ki, ona hesab-kitab tapşırasan!

Seyfəl razılaşdı:

-Düzdür, oturaq işdən zəhləsi gedir, - dedi və təklif elədi. - Bəlkə, mühafizəni ona tapşıraq?

Məlikəjdər dərindən nəfəs aldı:

-Təklifin maraqlıdır, amma Xalis üçün qorxuram. O, Sanı ilə qarşıdurmadan geri çəkilməyəcək, - dedi. - Görmürsən, dəlisov oğlanları ətrafına yığır? İstilikxanada zorxana açır, yarış keçirir...

-Deyir ki, başımı qatıram...

Məlikəjdər tapşırdı:

- Xalisi sənə tapşırıram! Gözün onun üstündə olsun, - dedi. - Sanı dinc oturmayacaq, hər gün bir hoqqa çıxaracaq.

 

–XXXVII–

 

Düşmənlərindən canını qurtarmış Şiriyev indi həyatdan zövq alırdı. Mitinqlərin vüsəti, sovxoz əmələsinin narazılığı, bəzi işçilərin itaətsizliyi belə xoş ovqatını pozmurdu.

Xalq cəbhəsi qüdrətli hərəkata çevrilirdi. Hakimiyyətdə boşluq yaranmışdı, iclaslar keçirilmir, göstərişlər verilmirdi. Şəhərin başı üzərində buludlar sıxlaşırdı, ildırımın çaxacağına şübhə yox idi. Heç bu da Şirinin kefinə dəymirdi.

Bu gün də, həmişəki kimi, saat səkkizə qalmış evdən çıxdılar. O, vəzifə maşınını özü idarə eləyirdi. Sürücünü görk üçün saxlayırdı. Onun xidmətindən sovxoz sahələrini gəzəndə istifadə eləyirdi. İşə Şiri Albina xanımla bir yerdə gedib gəlirdi. Arvadı həmişəki kimi arxa oturacaqda qərar tutmuşdu. Qabaqda qaşqabaqlı oturmuş oğlu Bexan yolboyu susurdu, atasına cavab vermirdi.

- Oğlumuzun kefi yoxdu? - deyə zarafatla Albina xanımdan soruşdu. - Dinib danışmır.

Albina xanım təbəssümlə:

-Bexan səndən incikdi, - dedi. - Qoymadın babası ilə Moskvaya getsin. Bacının qırxını verəndən sonra uşaq generaldan əl çəkmirdi, həvəslə hazırlaşırdı.

Şiri maşını dolanbac yollarla sürürdü. Arxa güzgüdən arvadının məmnun çöhrəsinə baxıb söz atdı:

-Deyirsən, ailəmizdə artıq atalar və oğullar qarşıdurması başlayıb?

Albina mübaliğəni bəyənmədi:

- Lap elə də deyil! - deyə gülümsədi. - Sadəcə uşaq babası üçün darıxır.

-Bəlkə, yanına göndərək, - deyə Şiri təklifini bildirdi. - Qoy general nəvəsinə bir az dayəlik eləsin.

Albina razılaşmadı:

-Atamın özünə baxan lazımdır, - dedi. - Əslində, sən düz elədin qoymadın.

Şiri küsgün oğlunu bağçanın qapısında düşürtdü. Albina xanım da düşdü. Uşağa bir neçə kəlmə dedi. Bexanın üzü güldü. Çevrilib atasına gülə-gülə əl elədi. Albina xanım bağçanın həyətində dolanan tərbiyəçiyə oğlunu tapşırıb qayıtdı.

Maşın yerindən tərpəndi. Şiri gözünü yoldan çəkmədən:

-Bexana nə dedin ki, kefi düzəldi. Hətta mənə əl elədi, - deyə maraqlandı.

Albina xanım gülümsədi:

-Dedim ki, atan səni axşam kənd toyuna aparacaq. O da incikliyini unutdu, - dedi. - Yaxşı demişəm?

-Aparaq da!

 

* * *

 

Maşın sovxoz malikanəsinə daxil olanda düz saat səkkiz idi. Direktor dəqiqliyi sevirdi. Əməkdaşlarından da bunu tələb eləyirdi.

Bu gün sovxozun meyvəçilik xidmətləri ilə məşğul olmaq fikrində idi. Onu qarşılamağa gələn bağçılıq briqadirləri, aqronomlar, meyvə emalı zavodunun rəhbər işçiləri əsgəri qayda ilə sıraya düzülmüşdülər. Axır vaxtlar həmişə üzü gülən Şiri heç kimi danlamadı, irad tutmadı, göstərişlərini könül xoşluğu ilə verdi. Onları yola salandan sonra böyründə fırlanan köməkçisinə:

-Qarajdan UAZ-ı çağır, - dedi. - Sahələrə çıxacağam.

-Maşın arxa qapıdadır, açar da üstündədir. Mühərrik istidir, səhər qızdırmışam, - deyə köməkçi dilləndi.

Şiri bu gün həddən artıq şıq geyinmiş köməkçisinə sataşdı:

-Sürtülmüş beşqəpiklik kimi parıldayırsan!

Köməkçi utana-utana:

-Axşam Cinni Canının oğlunun toyudur. Dərdayılla gedəcəyik, - dedi və ehtiyatla soruşdu. - Siz də toyda iştirak eləyəcəksiz?

-Əlbəttə.

- Gərək ki, Canının sizə də qohumluğu çatır, - deyə köməkçi dəqiqləşdirməyə çalışdı.

Şiri laqeyd halda:

-Elədir, Canı rəhmətlik anamın qohumlarındadır, - dedi.

Şiri qohumlarını sevmirdi, onlardan uzaq qaçırdı. Amma bacısının hüzüründən sonra daha qohumlardan gizlənə bilmədi. Kəndin sayılan-seçilən kişilərindən biri olan Cinni Canı şəxsən özü onun evinə gəlmişdi, dəvətnamə gətirmişdi.

O, söhbətə marağını itirdi, amma köməkçisi ondan aralanmadı. Şiri duyuq düşüb soruşdu:

-Sözlü adama oxşayırsan?

-Bir nəfər gəlib, - deyə köməkçi dilini sürüdü.

Şiri hövsələsiz soruşdu:

-Nə istəyir?

Köməkçi gözünü qaçırtdı:

-Deyir, Sanının ismarıcını direktora çatdırmalıyam.

Şiri rəhmətlik bacısı və onun ailəsi ilə əlaqədə hallanan bu adı eşitmişdi. Dilxor oldu. Köməkçisi sovxoz evlərində, Karxanada yaşasa da, kənd adamı idi. Nə qəsəbədə, nə kənddə baş verənlər gözündən qaçmırdı, direktoru dərhal məlumatlandırırdı.

-Onunla məşğul olarsan, - deyə Şiri binanın tinindən burnu görünən UAZ-a tərəf irəlilədi. - Mənim işim çoxdur.

Köməkçi əl çəkmədi:

-Özünüz onu dinləsəydiz pis olmazdı, - dedi .

Şiri geri çevrildi:

-Sanının adamının adı nədir?

-Adı Sallaqdır.

Şiri başını buladı:

- Bu ad deyil.

Köməkçi razılaşdı:

-Əlbəttə, oğru ləqəbidir.

Şiri güldü:

-Onu Dərdayılın yanına ötür, onları yaxşı başa düşməlidir, - dedi və UAZ-a minib mühərriki qoşdu.

Keçənlərdə direkor müavini Dərdayıl birinci arvadının şərinə düşmüşdü. Onu lap bica yerə bir-iki ay istintaq təcridxanasına salmışdılar. Sonra günahsızlığı üzə çıxmışdı, buraxmışdılar.

Köməkçi Şirinin atmacasını göydə tutdu, layiqincə qiymətləndirdi, amma gülə bilmədi. O, artıq Sallağın kim olduğunu dəqiqləşdirmişdi.

Onu tarlada qarşılayan Dərdayıl birbaşa mətləbə keçdi:

-Sallağa nə deyim? - Soruşdu. - Cavab gözləyir.

Şiri narazılıqla ondan soruşdu:

-Məsləhətin nədir?

Müavin dərhal:

-İsmarıcı mütləq yerinə yetirmək lazımdır, - dedi.

-Niyə mütləq?

- Səndən qabaqkı direktorlar belə eləyirdi, - deyə Dərdayıl onun yadına saldı. - Bu on ildə iki direktor dəyişmişəm, siz üçüncüsüz.

- Məni dəyişə bilməyəcəksən! - deyə Şiri zarafat elədi.

Dərdayıl zarafatdan incidi:

- Mən sənə sədaqətlə qulluq eləyirəm. Direktorluqda da gözüm yoxdur, - dedi.

-General olmaq istəməyən əsgər pis əsgərdir, - deyə Şiri əl çəkmədi, onun yağırını tapdaladı.

Dərdayıl köksünü ötürdü:

-İndi bu söhbətin yeri deyil, axı!

Şiri onunla razılaşmalı oldu:

-Yaxşı! - dedi. - Deyirsən, sovxoz həmişə tavan verib?

-Bəli, ildə bir dəfə Sanının adından gəlib aparırdılar, - deyə Dərdayıl başını tərpətdi.

-Hər il?

-Hər il. Sovxoz həmişə Sanının nəzarətində olub.

- Mən üç ildir burdayam. Gələn olmayıb, axı.

-Əmrin sovxoza veriləndən heç bir ay keçməmişdi ki, bir üzü yanıq kişi gəlmişdi yanıma. Haqq istədi. Ona dedim ki, direktor təzə gəlib. Gözləməli olacaqsan. O da çıxıb getdi. Bir azdan xəbər çıxdı ki, Sanını tutublar. Bunu sənə demişəm.

-Hə, yadıma düşdü, bu barədə nəsə demişdin.

-Nə qədər Sanı türmədə idi gələn yox idi. Ölkədəki xaos da, mitinqlər də təsirsiz ötüşmədi, - deyə Dərdayıl izah elədi.

-Yaxşı, tutalım razılaşdım, bəs, əlli min pulu hardan tapım? Mən, bəyəm, bank üstündə oturmuşam?

Dərdayıl astadan dedi:

-Pul problem deyil, razılıq versən mən kəndə gedərəm, qohumlarımdan yığaram. Sonra qaytararıq.

Şiri birdən məzəmmətlə:

-Sənin də elə hap-gopun var! - dedi. - Biri ayağını yanında tappıldadan kimi sivişquluya dəm verirsən.

Dərdayıl direktoru inandırmağa çalışdı:

-Hamı belə eləyir.

-Mən hamı deyiləm, - deyə Şiri üzünü bozartı.

-Nə böyük puldu ki? - deyə Dərdayıl qımışdı. - Xalq Cəbhəsinin çağırışı ilə Meydana göndərdiklərimizin yanında bu nədir ki?

-O başqa, bu başqa, - deyə Şiri qaşqabağını tökdü. - Xalq hərakatına köməyimizi gör nə ilə müqayisə eləyirsən?

-Pula görə adam özünü oda atmaz.

-Məsələ pulda deyil, prinsipdədir.

-Bunun axırı pis olacaq.

-Baxır kimin üçün, - deyə Şiri gülümsədi. - Generalın bircə zəngi kifayətdir ki. .

Dərdayıl onun sözünü kəsdi:

-İndi generalı sayan kimdir? Ölkə bir-birinə dəyib, - dedi. - Görmürsən yolların kənarına qoz ağacı əkən respublikanın birinci katibinin başında camaat necə qoz sındırır?

-Deyirsən, bundan sonra hər yoldan keçənin dediyi ilə durub-oturmalıyam? - deyə Şiri təəccübləndi.

-Sən Sanını yaxşı tanımırsan.

-Qorxutma görüm. Hər halda, bir adamla bacararam.

-Sanı tək deyil. Onun dalında lap böyük adamlar durur, - deyə Dərdayıl qızğınlıqla dilləndi.

- Boş-boş danışma! Oğru-quldur hara, böyük adamlar hara?

-İnan mənə! Sanının adı gələndə qardaşım Sonqulu kimi bir kişini əsmə tutur.

-Yaman ağciyərsən ha! - deyə Şiri Şiriyev qımışdı.

Dərdayıl duruxdu, sonra dirənə-dirənə təklifini bildirdi:

-Bu işi boş buraxmaq olmaz, direktor! - dedi. - Tavan verməkdən imtina eləyirsənsə, özünə arxa axtarmalısan. Ya ziyarətgaha ağanın yanına getməlisən, ya da bacıoğlu Şikilin.

Şiri əlini yellətdi:

-Heç kimin yanına gedən deyiləm. Özün də malikanənin ətrafındakı keşikçilərin sayını artır, qoy kənar adamları sovxozun həndəvərinə buraxmasınlar. O, Sallağı da ötür getsin, - deyə müavinindən aralandı.

 

* * *

 

Şiri sahələri dolananda fikirlərini bir yerə cəmləyə bilmədi. İşini yarımçıq qoydu, tezliklə idarəyə qayıtdı. İdarəyə qayıdanda Dərdayılı təlaş içində gördü. Tələsik soruşdu:

-İndi nə olub?

-Sanı daha bir nəfər göndərib, - deyə Dərdayıl dərhal dilləndi.

-Hanı?

Müavin çənəsini uzatdı. Şiri gözünü dolandırdı, idarənin qapısındakı pilləkəndə oturmuş adama tərəf nəzər saldı. Tanımadığı şəxs laqeyd halda siqaret çəkirdi.

Sifəti südlü qəhvə rəngində olan bu adamın gözlərii burğu kimi iti idi. Bir yanağında yanıq izləri vardı. Şiri onun yaşını təyin eləməkdə çətinlik çəkdi. Dərdayılı təlaşa salan bu can-cüssəsiz adamdan soruşdu:

- Kimsən?

-Məni Yanıq çağıra bilərsən.

-Nəçisən?

-Oğruyam!

Şiri birinci dəfə görürdü ki, adam oğru olduğunu gizlətmir.

-Nə istəyirsən?

-Sənə Sanının ikinci ismarıcını gətirmişəm. Tavanı verəndən sonra bir kimsə sənə dəyib-dolaşmayacaq.

Direktorun səbri tükənirdi:

-Mənim oğruların himayəsinə ehtiyacım yoxdur. Uzatma, sözünü de.

Yanıq arxayınıqla:

-Neynək! - dedi. - Direktor, təcili yüz min hazırlayarsan, axşam gəlib aparacağam.

Dərdayıl əl-ayağa düşdü:

-Bəs, bayaq gələn Sallaq qardaşımız əlli min istəyirdi?

-Dərhal razılaşsaydız məbləğ artmazdı, - deyə Yanıq izah elədi. - Sanının qərarı belədir.

-Qardaşım, bir belə pulu yığmaq üçün vaxt lazımdır, axı, - deyə Dərdayıl yalvarışla dilləndi.

Yanıq, nədənsə, yumşaldı:

-Söz versəz ki, pulu çatdıracaqsız, Sanıdan möhlət alaram, dörd-beş gün gözləyər, - dedi.

Dərdayıl onun səsində nəsə hiss elədi:

-Dörd-beş günə nə olasıdır?

Yanıq əlini yelətdi:

-Bir sözlə, razılaşmağı məsləhət görürəm. Çıxmayan cana həmişə ümid var.

Şiri daha özünü saxlaya bilmədi, bağırdı:

- Başına dəysin məsləhətin, - dedi. - Səni bura göndərənə gedib deyərsən ki, Şiri Şiriyev Sanı-manı tanımır!

-Müavinin sənə Sanının kim olduğunu deyəcək. Mən getdim, - deyə həmin adam oturduğu yerdən qalxdı, şalvarının arxasını əlinin dalı ilə çırpdı və xudahafisləşmədən aralandı.

 

* * *

 

Dərdayıl daha Şirini inandırmağa ehtiyac görmədi. Direktor artıq fikrini dəyişmişdi. O, müavininə:

-Sən haxlısan! - dedi. - Ziyarətgaha getmək lazımdır.

Dərdayıl qətiyyətlə dedi:

- Elə indi getsən yaxşıdır.

Söz Şirinin ağlına batdı. Amma telefon zəngi imkan vermədi. Onu təcili nazirliyə çağırırdılar.

-Ziyarətgaha getmək sonraya qaldı, - deyə Şiri qalxdı və müavininə tapşırdı. - Baş verənləri Albina xanıma demə. Axşam toya gedəcəyik. Bilsə, ürəyinə salacaq.

Zərblə açılmış qapıdan içəri girənlər Dərdayıla ağzını açmağa da qoymadılar, necə lazımdı şapalaqladılar. Bunlar Ravillər idi.

- Bilmirsən ki, Sanının bir sözünü iki eləyən hələ anasından olmayıb, - deyə Taxtanın səsi guruldadı və yenidən irəli meyilləndi.

Onlardan sonra kabinetə girən Yanıq qoymadı:

- Vurmayın, bu direktor deyil, onun müavinidir, - dedi.

Taxta əl saxladı. Asta Ravil ağız-burnu partlamış Dərdayıldan laqeyd halda üzr istədi:

-Bağışla, səhv elədik, biz sizin direktorunuzu üzdən tanımırıq, - dedi. - Onun kabinetində olmağın bizi çaşdırdı.

Dərdayıl cib dəsmalını qanamış yanağına basdı. Taxta qolundakı saata baxdı:

- Bəs, o padla özü hanı?

Dərdayıl astadan dilləndi:

- Nazirliyə getdi.

Sanının adamları bir az kənara çəkildilər. Öz aralarında məsləhətləşdilər. Asta yekun vurdu:

- Burda vaxt itirməyin mənası yoxdur, getdık, - dedi. - Sanı neynəmək lazım olduğunu söyləyər.

 

* * *

 

Nahardan sonra nazirlikdən qayıdan Şiri Şiriyev Dərdayılı işçilərin əhatəsində gördü. Albina xanım da burada idi. Bir gözünün altı göyərmiş, dodaqları gülməli tərzdə şişmiş müavini özünü məğrur tutmağa çalışsa da, rəngi kağız kimi ağarmışdı. Direktorun gəlişindən sonra işçilər dağılışdılar. İçəridə dörd nəfər qaldı. Şiri olayı dinləyib boğuq səslə köməkçisinə əmr elədi:

-Sahə müvəkkilinə zəng elə! - dedi.

Amma Dərdayıl mane oldu:

-Sən baş verənlərin ciddiliyini anlamırsan, direktor! - deyə üzünü qırışdırdı. - Milisə nə deyəcəksən, axı?

Şiri çaşqın halda:

-Bəs, neynəyək?

Albina xanım həyəcanla söhbətə qarışdı:

- Moskvaya zəng elə.

-Ziyarətgaha getmək lazımdır, - deyə Dərdayıl onun sözünü kəsdi. - General uzaqdadır, hərəkətə gələnə qədər iş-işdən keçəcək.

Elə bu vaxt telefon səsləndi. Otağa sakitlik çökdü. Aparata yaxın dayanmış Albina xanım dəstəyi qaldırdı. Sürücü idi.

- Albina xanım, mən baxça müdirəsinin kabinetindən zəng eləyirəm. Baxçada deyirlər, uşağı aparıblar.

Albina xanım təəccüblə soruşdu:

-Kim aparıb ki?

-Tərbiyəçi deyir ki, babası apardı!

Bu yerdə Şiri Şiriyevlə Dərdayıl baxışdılar. Ikisinin də rəngi ağardı. Deyəsən, fəlakət baş verirdi.

Hələ heç nədən şübhələnməyən Albina xanım hirsləndi:

-Nə boş-boş danışırsan? Uşağın babası Moskvadadır...- deyə sürücünü danladı. - Yəqin çaşdırıb başqa bağçaya girmisən!

Elə bu vaxt dəstəkdən tərbiyyəçinin səsi eşidildi:

-Albina xanım, vallah, uşağı aparıblar. Günortadan bir saat keçmiş uşaqlar həyətdə oynayırdılar, bir ZİM dayandı qapıda. Bir rus əsgəri düşüb yaxınlaşdı. Dedi ki, Bexan Şiriyevi general maşında gözləyir.

Şiri daha ayaq üstə dayana bilmədi, halsız halda kürsüyə çökdü.

Albina xanım soruşdu:

-Sən generalı gözünlə gördün?

... - Xeyr, görmədim, - dedi. - Amma, siz narahat olmayın, əvvəllər də belə olurdu, general maşından düşmürdü, uşağın dalınca həmişə əsgər göndərirdi.

Albina birdən ərinə tərəf çevrildi, nəhayət, baş verənləri dərk elədi, dəstəyi əlindən buraxdı, huşsuz halda yerə sərildi.

 

* * *

 

Tibb məntəqəsindən çağrılmlş təcrübəli feldşer bütün bacarığını ortaya qoymuşdu, nəhayət, divanda uzanmış Albina xanım vurulan sakitləşdiricidən, masajdan sonra özünə gəldi, zulum-zulum ağladı, yenə ürəyi getdi. Şiri əzab içində susurdu. Köməkçi neynəyəcəyini bilmədiyindən, pəncərə qabağında quruyub qalmışdı. Hətta Dərdayıl da düşünmə qabiliyyətini itirmişdi. Qəfil telefon zəngi üçünü də diksindirdi. Dəstəyi Şiri götürdü:

-Eşidirəm.

... - Mənə direktor lazımdı.

- Eşidirəm.

... - Uşaq bizdədir. Özünü yaxşı aparsan oğlunu sağ-salamat geri alacaqsan. Milisə-filana getsən özündən küs.

- Nə istəyirsiniz?

...- Yüz əlli min!

- Bəs, yüz deyirdiz?

... - Günah özündədir, heç şikayətlənmə. Bu telefonda həmişə adam olsun. Zəngimizi gözlə.

 

–XXXVIII–

 

Ağa köşkündə şam yeməyinə hazırlıq görülürdü. Seyfəldən, Səkil Qoçudan başqa Xalis də süfrə başında idi. Bir azdan Sərraf Bic Əbdüllə onlara qoşuldu. Ağa soruşdu:

-Xahişə gələn varmı?

Seyfəl dərhal cavab verdi:

-Var, ağa, biri suçu Piridi, bir də Sonqulu kişi...

Məlikəjdər bir qədər fikrə gedəndən sonra soruşdu:

-Suçu Pirinin nə istədiyini bilirik. Bəs, Sonqulu nə deyir?

Bu sualın cavabını da Seyfəl verdi:

- Sanı Sonqulunun Tarqovıdakı mağazalarını tavana oturdub, vədə qoyub. Bilmir neynəsin, buna görə gəlib.

Köşkdəkilər küftə-bozbaşın axırına çıxırdılar ki, ziyarətgahın mücaviri əlində bir zərflə gəldi, ağanın qabağına qoydu.

- Bu məktubu Havarçı Hənfə gətirdi, - dedi.

Məlikəjdər zərfi bir o üzə, bir bu üzə çevirdi:

-Hənfə haçandan poçtalyon olub? - deyə təəccübünü gizlətmədi.

Mücavir özünü itirdi:

-Bilmirəm, ağa! Bu barədə ondan soruşmadım.

On-on iki min tüstülü kənd o qədər böyük idi ki, xeyir-şər üçün kəndi əməlli tanıyan bir şəxsə ehtiyac vardı. Havarçı Hənfə belə bir adamdı. Toy sahiblərinin xahişi ilə yüzlərlə ünvana dəvətnamə paylayırdı, kəndin bu başından vurub o başından çıxır, bircə dəfə səhv eləmirdi, dəvətnamələri deyilən ardıcıllıqla sahiblərinə çatdırırdı. Bu hamını valeh eləyirdi. İş onda idi ki, havarçı oxuyub-yaza bilmirdi, bir belə adamın adını, sadəcə, yadda saxlayırdı.

Zərfin içindən çıxan dəvətnaməyə göz gəzdirən Məlikəjdər süfrədən çəkildi, astadan dedi:

-Cinni Canı ayın on doqquzu məni kiçik oğlunun toyuna çağırır.

Seyfəl dəyişmiş bir səslə dedi:

-Güman ki, Sanı da toyda olacaq.

Sərraf qızğınlıqla:

-Əsl girəvədi, ağa! - dedi.

Bic Əbdül həmişəki kimi əllərini bir-birinə sürtdü:

-Nə olardı! - dedi. - Bu nacinsdən canımızı birkərəmlik qurtarardıq.

-Qana-qan bizə yaraşmaz, - Məlikəjdər dedi. - Bilin bunu, həmişəlik bilin!

Araya çökən sükutu sanki heç kim pozmağa cürət eləmirdi. Mücavir qəflətən içəri girməsəydi, kim bilir, bu sükut nə qədər çəkəcəkdi. Mücavir dedi:

-Ağa, sovxoz direktoru Şiri Şiriyev, müavini Dərdayıl, bir də direktorun zövcəsi Albina xanım Ziyarətgahdadırlar.

Məlikəjdər bir az sinirli soruşdu:

- Əşi, bunlar nə istəyirlər?

-Kömək istəyirlər. Sanının adamları generalın nəvəsini oğurlayıblar.

Məlikəjdər heyrətini gizlədə bilmədi:

-Paho! Haçan?

-Bu gün.

Məlikəjdər çimçişərək soruşdu:

-Uşaq oğrularının istəyi nədir?

-Yüz əlli min pul istəyirlər...

Məlikəjdərin gözü qaraldı:

-Ola bilməz!

Səkil Qoçu heyfsiləndi:

-Yazıq uşaq! - Amma şadlığını da gizlətmədi. - Bundan sonra Sanının tabutuna axırıncı mıxı vurmaq olar...

Son sözü Məlikəjdər dedi:

-Hər şeydən öncə uşağı onların caynağından alıb anasına vermək lazımdı!

Seyfəl soruşdu:

-Uşağı Sanıdan necə almaq olar, ağa?

Məlikəjdər sualı üstüörtülü cavablandırdı:

-Bütün dünyanın varı munis bir ananın bir gilə göz yaşından qiymətli ola bilməz, - dedi və hökmünü verdi. - Günü bu gün, uzaqbaşı sabah uşaq anasına qovuşmalıdı. Taxçada-buxçada nəyimiz var çıxarın ortaya, Sanının istədiyi pulu toplayın.

Məlikəjdərin səxavətini bütün qohumları bilirdi, amma heç biri başa düşə bilmirdi ki, ağa bir özgə uşağından ötrü niyə varından-yoxundan keçməyə hazırdı.

Seyfəl:

-Axı, başqa yol da var, ağa, - dedi. - Niyə bizim əlimizi-qolumuzu bağlayırsan?

Məlikəjdər qayım səslə:

-Mən daha sizin əlinizi-qolunuzu bağlamıram, - dedi, sonra əlavə elədi. - Amma bir qapını ki, pulla açmaq mümkünsə, niyə o qapıda qan töküb günaha batasan?

Hamı gözləyirdi ki, bəlkə, Səkil Qoçu ağanı fikrindən daşındıracaq, amma o da susurdu. Məlikəjdər dizinin qaşına keçirtdiyi təsbehə aldı:

-Mən sözümü dedim, Şirini elə yola salın ki, gedib uşağını ala bilsin. Sonrası Allah bilən məsləhətdi, biz ona güvənirik.

 

-XXXIX-

 

Sanı hər dəfə şəhərə çıxanda yeni ünvanlarla qayıdır, yolunu səbirsizliklə gözləyən Ravilləri sevindirirdi. Əlaltılarının türmədən fərqlənməyən həyatlarını rövnəqləndirirdi. Sanı müxtəsər hazırlıqdan sonra Ravillərin zəncirini boşaldırdı, deyilən ünvanlara yollayırdı.

Əməliyyatlar uğurla keçirdi. Elə bil ünvanlar seçmə idi. Sanının xofu o qədər güclü idi ki, bir adamın səsi çıxmırdı. Qoyulmuş tavan danışıqsız ödənilirdi. Telefondan istifadə olunmurdu. Milisin nümayəndəsi Xasının təlimatı belə idi. Deyilən ünvana birinci Sallaq gedirdi. Onun görünüşü gülməli idi, amma çöhrəsindən yırtıcılıq yağırdı. Tın-tın səslə sifarişi çatdırır, vaxt qoyub qayıdırdı. Onun işi bununla bitirdi. Səhərisi gün hə-yoxunu bilməyə Yanıq göndərilirdi. Sonra deyilən vaxtda ünvanda geyimli-gecimli Asta Ravil peyda olurdu. Kostyum-qalstuklu adaşını müşayiət eləyən Taxtanın da üst-başı pis deyildi. Asta hazır pul baratını qəbul edib qəbz yazırdı: “- Filankəsin verdiyi .... manatlıq məbləğ Qarabağ azadlıq fondunun hesabına təhvil alındı”.

Əlbəttə, tavanalma həmişə yağ kimi getmirdi. Ssenaridən kənaraçıxmalar da olurdu. Bir dəfə nazirlikdə yüksək vəzifə tutan bir şəxs Sanının sifarişini qorxmadan rədd elədi. Bu kənək qoz kimi möhkəm bir adamdı. Tək yaşayırdı, ailəsi yox idi. Çox sadə dolanırdı. İntim əlaqələrində dovtələb deyildi. Daimi məşuqə saxlamırdı, vaxtını təkdən bir sürücüsünün gətirdiyi birovuzluq küçə qadınlarıyla keçirirdi.

Onun kabinetinə yol tapmış Sallağı dinləyib güldü:

-Mən məvaciblə yaşayan namuslu vətəndaşam. Səni üstümə göndərən adamların səhvi var, tələb olunan məbləğin mənə aidiyyəti yoxdur, - dedi və müsahibini danladı. - Ölkənin ağır günündə belə işlərlə məşğul olmazlar. Qarabağ əldən gedir, siz isə tavan yığırsız.

Sanı daha həmin ünvana Yanığı yollamadı. Bunu gözləyirmiş kimi Ravilləri götürüb vəzifəli şəxsin milisin mühafizəsi altında olan mənzilinə özü baş çəkdi. Gecənin bir vədəsi yuxudan oyadılmış vəzifəli şəxs onların nəzarətdən necə keçmələrinə heyrətlənsə də yenə inadından dönmədi. Asta özü ilə gətirdiyi ağır çəkici əlinə aldı, yataq otağının divarını döyəclədi, asanlıqla xəlvətxananı tapdı. Çıxan pulun, zinət əşyalarının sayı-hesabı yox idi. Sanının işarəsi ilə Taxta gətirdiyi torbaları açdı, xəzinəni ora yığdı. Vəzifəli şəxs hətta bundan sonra da:

-Bu pulun mənə aidiyyəti yoxdur, - deyə dediyindən dönmürdü.

-Lap yaxşı! Etiraz eləməsən, sənə aidiyyəti olmayan pulu Qarabağa kömək fonduna keçirərik, - deyə Sanı cibindən çıxartdığı hazır qəbzi hələ də çarpayıdan düşməyən yarımçılpaq vəzifəli şəxsin ovcuna dürtdü.

Hər belə əməliyyatdan sonra Asta uğunurdu:

-Bu qəbz yazmağı zor fikirləşmisən ha! - deyə başçılarını tərifləyirdi.

Sanı etinasızlıqla susurdu. Ravilləri özünə çox yaxın buraxmasa da, bilirdi ki, əvvəllər ona kor-korana tapınan əlaltılarının indi gözləri açılıb, artıq çox şeydən xəbərləri var.

Taxta həmişə məsələnin mahiyyətinə enirdi:

-Əlimizə gələn puldan bizə də bir şey çatırmı?

Ravillər nə qədər küt olsalar da, anlayırdılar ki, bu yekəlikdə tamaşa Sanının oynu deyil, onun ipini oynadan var.

-Bu pulun qara qəpiyi də bizim deyil, - deyə Sanı dilləndi.

-Deməli, bizə havayı hanballıq qalacaq! - deyə Asta kinsiz güldü.

Sanı onları sakitləşdirdi:

- Söz veriblər ki, bir-iki əməliyyatın xeyri özümüzə qalacaq, - dedi, bir az susub əlavə elədi. - Bunlar nədi ey, pul balıqdadı, kürüdədi. Bu işi əlimizə keçirə bilsək...

Ravillərin ikisi də əməliyyatdan hali idi. Asta şübhə ilə:

-Deyirsən, Vasili seyidləri dənizdən vurub çıxara bilər?

Sanı güldü:

-Daha vurub çıxarmaq necə olacaq? Seyidlər iki həftədi balığa həsrətdilər, - dedi. - Onları bir qədər də sıxışdırmaq lazımdı.

Asta ehtiyatla:

-Qədeş, onun kiçik oğlunu bəla deyirlər, axı, - dedi.

- Sən də şişirtmə, Məlikəjdərdən başqa heç biri bizim qabağımızda dayana bilməz! - deyə Sanı onu əmin elədi. - İndilərdə Vasili gəlməlidi.

 

* * *

 

Vasili gəlməyinə gəldi, amma bəd xəbər gətirdi. Sanı özündən çıxdı. Onun bir gəmi kapitanının dul arvadından karlı pula aldığı gözəl, sürətli kateri batmışdı. O, Vasilini yorulana qədər pis-pis sözlərlə söydü, sonra qarşısında boynu buruq dayanan cavanın günahkar görkəmi ürəyini yumşaltdı, bir qədər mülayimliklə dedi:

-Serıy, əməliyyatı sənə tapşıranda demişdim, axı, gözdə-qulaqda ol.

“Serıy” ləqəbli Vasili general adyutantı kimi şıq geyinirdi. Nərmə-nazik görkəminə baxmayaraq, bir neçə qətlə imza atmışdı. Könlünə dəyən istənilən adamı öldürməyə hazır idi. Bircə Sanıdan qorxurdu.

Cavab verəndə dili topuq çaldı:

-Kadeşim, kimin ağlına gələrdi ki, onların buna cürəti çatar...- dedi. - Mat qalmalı işdi, necə gəlib Dambaya çıxıblar, necə kateri tapıblar, necə onu korlayıblar, anlaya bilmirəm. Yəqin, kəşfiyyatları yaxşı işləyir.

-Demişdim, axı, seyidlər zahirdə dincdilər, amma əslində kənək qoz kimidilər, sındırmaq çətindi, - deyə Sanı səsini qaldırdı, yenə özünü saxlaya bilmədi, cavanı təhqir elədi. - Sən “serıy” yox, mavisən ki, varsan!

Yalnız Sanının Vasilinin uşaqlıq səhvlərini dilə gətirməyə cürəti çatırdı. Bu söhbətin iştirakçıları olan Ravillər baxışıb irişdilər.

Vasili təhqiri udub boğuq səslə:

-Kadeşim, biz də onlara az ziyan vurmamışıq, axı! - dedi, hələ də irişən Ravillərə soyuq bir nəzər fırlatdı.

Sanı, nəhayət, itki ilə barışdı:

-Yaxşı, bizim balıqçılar necədi?

-Buzlu suda çimmiş adam necə olacaq? İkisi də yarımcandı, hələ uzun müddət xəstəxanada yatmalıdılar. Hayıf onlardan! - deyə Vasili heyfsiləndi.

-Necə olub katerin zədələndiyini görməyiblər?

-Soruşdum onlardan. Dedilər ki, Sarıqayanı keçəndən sonra gördük sızır, amma daha qayıtmaq gec idi, - Vasili bildiklərini danışdı. - Yaxşı ki, Neft daşlarından gələn gəmi vaxtında haraylarına çatıb, yoxsa kater lap bata-batda imiş.

Asta Ravil söhbətə qoşuldu:

-Qədeş, indi nə deyirsən? - deyə soruşdu. - Seyidlərə təhər çəkmək vaxtı hələ çatmayıb?

Sanı bir az düşünəndən sonra qətiyyətlə:

-Cinni Canının toyundan sonra seyidlərlə məşğul olarıq, - dedi. - Birinci onların vuran qollarını kəsmək lazımdı.

Asta aydınlıq üçün soruşdu:

-Yəqin ki, Sərrafla Bic Əbdülü nəzərdə tutursan?

Sanı başını tərpətdikdə Taxta əllərini bir-birinə sürtdü:

-Batka, axır mən deyənə gəldin...- dedi.

 

–XXXX–

 

Seyfəl Hatəm ağa ilə gələnləri ağa köşkündə yerləşdirdi. Onları yedirtməyi Şabalıya tapşırdı. Aşpazın fövrən əl-ayağa düşməyinə ötəri nəzər saldı. Yeddi-səkkiz adamı yedirtmək elə də çətin deyildi. Görünür, qonaqların silahlı olması aşpazı həyəcanlandırmışdı. Seyfəl iztehza ilə gülümsədi, Hatəmlə bir yerdə eyvana qalxdı.

Sərrafla Bic Əbdülü toya yola salandan sonra narahatlıqdan özünə yer tapmayan Xalis aynabənddə var-gəl eləyirdi. Böyük qardaşını görüb cəld pişvazına çıxdı, onu qucaqladı.

Seyfəl başında silahlı dəstə gəzdirən Hatəmin məşğuliyyətinə heç indi də ciddi baxmırdı.

- Ey kəndimizin azadlıq carçısı! - deyə gülə-gülə söz atdı. - Meydan sovuldumu?

-Xeyr, Seyfəl əmioğlu, meydan təzə qızışır, - deyə Hatəm də gülümsədi.

Xalis maraqlandı:

-Bu adamlar kimdir, dadaş?

Hatəm könülsüz dedi:

-Özünümüdafiə dəstələrinin başçılarıdır.

-Onları bura yığmaqda məqsədin nədir? - deyə Xalis zarafat elədi. - Ziyarətgaha hucummu gözlənilir?

Hatəm zarafata maraq göstərmədi.

-Şəhərə qərargaha gedirdik, yoldan döndüm ki, kiçik qədeşimə baş çəkim, görüm, işləri necədi... Dəstə başçıları da qır-saqqız oldular ki, biz də düşürük.

- Dadaş, onlar sənə tabedirlər?

-Nəzəri cəhətdən.

-Bəs, əslində?

-Hərəkatımızda tabeçilik meyilləri bir az zəifdir.

-De ki, anarxiyadır!

-Elə də demək olar, - deyə Hatəm razılaşdı.

- Xəbəriniz varmı şəhərə qoşun gəlir?

- Əlbəttə, xəbərimiz var.

-General xəbər göndərmişdi ki, bir-iki günə qoşun şəhərə girəcək, mitinqləri dağıdacaq.

Hatəm özündən müştəbehliklə dedi:

-Bizim daha dəqiq məlumat mənbəyimiz var! - dedi, astadan əlavə elədi. - Qoşun bu gecə hərəkətə keçəcək. Yük təyyarələrinin gurultusunu eşitmirsən?

-Bəs...

Hatəm onun sözünü kəsdi:

- Elə ona görə də qərargaha yığışırıq ki, tədbir tökək.

-Yəni, sizin nizami qoşunun qabağını almaq fikriniz var?

- Bəli, qədeş, şəhərə gələn böyük-kiçik bütün yolları tutmuşuq, - deyə Hatəm dirçəldi.

Xalis istehza ilə:

- Yolları nəynən bağlamısız?

-Avtobuslarla, traktorlarla, yük maşınları ilə barrikada qurmuşuq.

Xalisin böyük qardaşına yazığı gəldi:

- İncimə, dadaş, bu səfehlikdi, axı! Topun-tankın qabağında avtobus dayanarmı? - dedi.

Hatəm sadəlövhlüklə dedi:

-Deyirsən, əliyalın adamların üstünə tank sürəcəklər? Camaatı gülləyə tutacaqlar?

-Hər şey ola bilər, Dadaş, - deyə Xalis də şübhə ilə dilləndi.

-Hökumətlə hökumətlik eləyəndə, hər şey ola bilər.

Hatəm inadla dedi:

-Geri çəkilmək olmaz, qədeş, - dedi. - Azərbaycan xalqı yumruq kimi birləşib. Onu heç bir qüvvə basıb keçə bilməz.

Seyfəl inanmadı:

- Belə qəribə şey tarixində olmayıb, axı! Azərbaycanlı azərbaycanlı ilə birləşsin! - dedi, və məsləhət gördü. - Hatəm ağa, özünü çox da qabağa soxma, bir də gördün ətrafındakılar səni qoyub qaçıblar, ortada tək qalmısan.

-Sən məni yolumdan sapdırma, Seyfəl əmioğlu! - Hatəm qətiyyətlə dilləndi. - Meydanda tək qalsam belə geri çəkildi yoxdu!

Seyfəl Hatəmin səsində peyda olan amiranəliyə məftunluqla:

-Hatəm ağa, bu bacarığını gərək ziyarətgaha sərf eləyəydin.

Hatəm inamla:

-Bizim üçün ən böyük ziyarətgah Azərbaycandı, - dedi, sonra aynadan boylandı, köşkün qapısında toplaşıb onu gözləyən yoldaşlarına baxdı, tələsdi. - Qədeş, sənə sözüm var. Seyfəl əmioğlu, incimə, deyəcəyim sənə aid deyil.

Seyfəl dərhal kənara çəkildi, qardaşları uzaqdan seyr elədi. Hatəmin qardaşının qulağına dediklərini eşitmədi, amma Xalisin yuxusuzluqdan, günün gərginliyindən bozarmış sifətinin fövrən uzandığını gördü, xeyli təəccübləndi. Sonra Hatəm kiçik qardaşını qucaqladı, bərkdən:

-Adəm qədeşimiz bu barədə bilir, amma gümanım sənədi, - dedi və qaça-qaça həyətə düşdü.

 

–XXXXI–

 

Mağar tədricən dolur, toy yavaş-yavaş qızışırdı. Güc çalğıçılara düşmüşdü. Xırda uşaqlar ortaya düşüb oynayırdılar, yorulmaq bilmirdilər. Sonra şənliyə yeniyetmələr qoşulmalı idi. Müğənnilərdən cavanı ustadının icazəsi ilə bir-iki ağız oxudu, amma qulaq asan tapılmadığından qavalı kənara qoydu, çayı çəkdi qabağına.

Yemək çadırı bir az aralı idi. Masalardakı təamların bolluğu toya gələnləri valeh eləyirdi. İki çadırın arasında var-gəl edən Canının gözündən heç nə qaçmırdı. Qonaqları şadlıqla qarşılayır, heç kimi diqqətsiz qoymurdu, onları yerbəyer eləməyi ətrafında fırlanan köməkçilərinə tapşırırdı.

Səs-küydən aralı ağacların altında bir xırda çadır da qurulmuşdu. Yerinə xalı-xalça döşənmişdi. Yaraşıqlı masaya düzülmüş soyuq yeməklərin üstünə polietilen örtük çəkilmişdi. Canı çadırın girəcəyində narahat dayanan böyük oğluna yanaşdı.

- Bir addım da kənara çəkilmə, - deyə bir də bərk-bərk tapşırdı. - Uşaq-muşaq bilməz, girər içəri, peşimançılıq olar. Bilirsən, oğlum...

Canıoğlu atasının sözünü kəsdi:

- Bilirəm, atam, - dedi. - Amma bu şərəfsizin yolunu gözləməkdən yoruldum! Saat beş də oldu, gəlib çıxmadı.

-Gələrlər...- deyə Canı əminliklə dilləndi.

 

* * *

 

Bu vaxt qaynaşan həyətə şıq geyinmiş iki kişi girdi. Bunlardan biri Sərraf, o biri Bic Əbdül idi. Cinni Canı sözünü yarımçıq qoyub qonaqların pişvazına tələsdi. Bic Əbdül onunla görüşüb dedi:

-Ağa bir az nasazdı, toya bizi yolladı.

Cinni Canı razılıq elədi:

-Allah hamınızı var eləsin! Gəlişinizlə başımı uca elədiz.

-Allah mübarək eləsin, - deyə Sərraf da onu təbrik elədi.

-Subaylarınızdan görəsiz! - deyə Cinni Canı dil-ağız elədi. - Buyurun yeməkxanaya.

- Yaxşı fikirdir, toqqamızın altını bərkidib mağara keçərik, musiqidən feyziyab olarıq, - deyə Bic Əbdül qondarma bir təbəssümlə dilləndi.

Amma Cinni Canı uşaq deyildi, Sərrafla Bic Əbdülün təbəssümünə aldanmadı, görən kimi anlamışdı ki, bu qonaqlar musiqidən feyziyab olmağa yox, Sanının işini bitirməyə gəliblər. Canının çiyinlərindən elə bil dağ götürüldü, keçmiş düşmənlərinə sonsuz bir məhəbbətlə baxdı:

-Bilirdim ki, ağa etibarlı müttəfiqdir, - dedi. - Məni darda qoymayacaq.

Sərrafla Bic Əbdül dinməz yeməkxanaya keçdilər.

 

* * *

 

Suçu Pirinin on tonluq su maşını Canının məhləsinin tinində bir saat idi durmuşdu. Sürücü bu bədheybət KRAZ-ın altından girib üstündən çıxırdı, bərkdən deyinirdi, amma nasazlığını tapa bilmirdi. Ətrafına yığışmış bikar adamlar hərə bir məsləhət verirdi.

Bu, layları taybatay açılmış iri darvazadan küçəyə boylanan Canının diqqətini cəlb elədi. Yeniyetmələrdən birinə buyurdu:

-Get gör, nə yığnaqdır? - dedi. - Gör, o yasar oğlu yasar Sanı gələn vaxtı yolu niyə kəsib?

Yeniyetmənin gedib-qayıtmağı çox çəkmədi. Başı yenidən qonaqlara qarışmış Cinni Canıya yanaşdı.

-Suçu Pirinin maşını xarabdır, - dedi. - Deyir ki, Canı əmioğlu narahat olmasın, nasazlığı tapmasam, buksir eləyib yolu boşaldacağam. Sanı qədeşə mənim canım qurban.

Bu cavab Cinni Canını qane elədi.

-Yaxşı, get, xörək paylayanlara kömək elə, - dedi.

Amma yeniyetmə getmədi, Canıdan soruşdu:

-Canı qədeş, deyirlər, türmədə suçu Pirinin alnına “suka” sözünü Sanı döydürüb. Doğrudu?

Yeniyetmənin sualı olub-keçənləri Cinni Canının yadına saldı, bədənindən elə bil cərəyan keçdi. KRAZ-ın nasazlığının səbəbini anladı.

 

–XXXXII–

 

Asta Ravil üzünü qırxdı, ağrıya-ağrıya geyindi, Anuşun otağının açıq qapısından boylandı, kürsüdə ağzını səssiz açıb-yuman qarının görünüşü xoşuna gəlmədi, amma baş qoşmadı, etinasızlıqla onun qapısını çəkdi.

Dünən bağçadan aralanan kimi halı qarışmışdı, amma dözürdü. Yarı yolda dayandılar, Sanının işarəsi ilə Yanıq maşından düşdü. Bu vaxt Astanı öyümə tutdu, az qala içalatı ağzına gəlsin. Sanının icazəsi ilə geri qayıtmışdı.

Əslində, bu yaşayışdan daha zövq almırdı. Sanıdan qorxmasaydı, çoxdan yaxasını qırağa çəkmişdi.

Taxta Ravil gün günortanı keçəndən sonra peyda oldu. Kefi ala buludda gəzirdi. Adaşı narahatlıqla soruşdu:

-Əməliyyat necə keçdi? Qəmbərqulu çıxmadı ki?

-Pis keçmədi! - deyə Taxta onu sakitləşdirdi, sonra geyimli-gecimli adaşına sataşdı: - Qarnoy, indi hamamdan çıxmış özündən bəy kimi parıldayırsan. Dünən isə üzünə baxmaq olmurdu.

Asta nıqqıldadı:

-Hə, dünən doğurdan ölürdüm. Bütün içalatım ağrıyırdı. Sizdən ayrılandan sonra taksi tutdum, özümü evə zorla çatdırdım. Dedim, axır günümdü. Qarının dərman qutusundan, demidroldan-aspirindən, nə tapdımsa içib uzandım. O yatan səhərə qədər yatmışam, tər su içində oyandım, paltarımı dəyişdim, yenidən yatdım, bir də günorta durdum.

-İndi necəsən? - deyə Taxta maraqlandı.

-Bir az yaxşıyam, - deyə Asta həvəssiz dilləndi. - Heç bilmirəm, toya gedim, ya getməyim...

-Mütləq getməliyik! Bilirsən ki, Sanı adam arasına bizsiz çıxmır, - deyə Taxta dilləndi, vanna otağına keçdi, amma qapını örtmədi. - Özümü qaydaya salım, üst-başımı dəyişim, gedək.

Asta dəhlizdən adaşının yuyunmağına tamaşa eləyirdi. Soruşdu:

-Bəs, bu qədər vaxtı haralarda idin?

Taxta üzünü sabunladı, ülgücü götürdü:

-Əslində, işimiz əvvəldən düz gətirmədi.

Asta təəccübləndi:

-Niyə ki? Hər şey ölçülüb-biçilmişdi, axı! Neçə gün hazırlıq görmüşdük...

-Hər şeyi ölçüb-biçmişdik, bircə təbiətin şıltaqlığını unutmuşduq, - deyə Taxta pafosla dilləndi. - Kim gözləyərdi ki, dünən dəniz qalxacaq, su gəlib o yavaoğlunun mülkünü basacaq? Hayıf, o cür sığınacaq bir müddət əlimizdən çıxdı.

- Sanı hirsləndi, hə?

- Əlbəttə, lap zəncir çeynəyirdi.

-Sonra...

-Sonra maşını Sallağın evinə sürdük. Onu götürüb Novxanıya getdik. Yolda məlum oldu ki, Sallaq udduğu bağda cəmi bir dəfə olub, qaranlıqda səmti tapa bilmir, - dedi, mətləbdən qırağa çıxdı, qırxılandan sonra yanağında aydın bilinən qançırı göstərdi. - İt balasının təpiyinin yeridi. Bir tikə boyu var, amma zərbəsinin gücünə bax da! İki nəfər onu zorla saxlayırdıq. Yanıq onun qollarını tutmuşdu, mən ayaqlarını.

-Xloroform götürməmişdiz?

-Götürmüşdük. Amma uşağı gec yatırtdı, - deyə Taxta deyindi.

-Bağ necə bağdı?

-Yaxşı bağdı. - deyə Taxta təriflədi. - Amma yolları bərbaddı. Maşın atılıb düşdükcə içalatım tökülürdü.

-ZİM-də getmişdiz?

-Yox, bir qara QAZ-24 idi.

-Bəs, maşını kim sürürdü?

-Bir blatnoy rus balası sürürdü. Əsgər geyimində idi. Deyir ki, ”zondan” təzə çıxmışam.

-Sanı bu rus balasını hardan tapıb ?

-Vasilinin curlarındandı, - deyə Taxta geyinib qurtardı. - Açığı, Sanının işlərindən baş açmaq olmur. Sehrbaz kimidir. Maşın lazımdır! Buyur! Adam lazımdır! Buyur! Tapança lazımdır! Buyur.

Asta onun sözünü kəsdi:

-Sən mətləbdən uzaq düşdün, - dedi. - Axır ki, bağı tapdız?

-Çətinliklə də olsa tapdıq. Bir az da vaxtımız buna getdi. Uşağı Sallağa tapşırıb QAZ-24-lə şəhərə qayıdanda gecə yarını keçmişdi. Rus balası bizi Yanıqgildə düşürüb getdi. Saat ona qədər yatdım, mən duranda Sanı evdə yox idi. Tapşırmışdı ki, Ravillər Bayılda olsunlar. Yəqin, dalımızca gələcək.

-Hara getmişdi ki?

-Yanığın kiçik qızını gəzməyə aparıbmış, - deyə Taxta biədəb bir hərəkət elədi. - Zalım balası iki daşın arasında da kefindən qalmır da!

Astanın kefi kökəldi:

-Bu Yanıq çox şərəfsiz adamdır.

-Gözü ilə görən oğraşdır, - deyə Taxta nifrətlə üzünü turşutdu. - Beləsinə əl vermək belə günahdır.

Aşağıdan siqnal səsi gəldi. Taxta pəncərədən boylandı, həyətdə ZİM-i görüb əl-ayağa düşdü:

-Gedək, yoxsa Sanı bizə itin sözünü deyəcək, - dedi.

Asta dinməz qapıya gedəndə Taxta :

-Dayan, qarıya deyim, dalımızca qapını bağlasın, - dedi və Anuşun otağına girdi, bir az yubandı, çıxanda dəyişilmiş səslə bərkdən söylədi. - Anuş xala, biz gedirik, qapını bağlayarsan.

Pilləkənləri düşəndə Asta özünü saxlaya bilmədi, Taxtanın ağzını əydi:

-Anuş xala, qapını bağlayarsan! - dedi. - Ay əbləh, kimə paçka gəlirsən?

Taxta özünü itirdi:

-Sən bilirdin?

Asta başını tərpətdi:

-Əlbəttə, - dedi. - Qarı mən geyinəndə can verirdi.

Taxta burnunu çəkdi:

-Sanıya desək, toyu bizə haram eləyəcək, - dedi.

-Deyirsən, Sanıya bildirməyək? Ölünü qoyaq gedək? - deyə Asta şübhə ilə soruşdu.

Taxta arsız bir gülüşlə:

-Ölüyə nə olasıdır ki! Toyda yeyərik-içərik, bir az şənlənərik, sonra Kürsümoğlunun restoranında Sanının ad gününü qeyd eləyərik. Bilirsən ki, Kürsümoğlu bütün rəqqasələri ora tökəcək. Kefimizi çəkərik, sonra da gəlib Anuşu basdırarıq, - dedi. - Dünənki günün ağrısını canımızdan çıxarmalıyıq, ya yox?

Asta tərəddüdlə:

-Sanı bilsə...- dedi, amma sözünü bitirmədi.

-Sən deməsən, mən deməsəm, hardan biləcək?! - deyə Taxta irişdi. - Yadında saxla, Sanı nə sənə, nə mənə heykəl qoyası deyil. Çətinə düşən kimi bizi dəsxoşa verəcək.

Asta razılaşmalı oldu.

 

* * *

 

Sanı qabaqda oturmuşdu. Sükan arxasına Taxta keçdi. O, ZİM-i peşəkarlıqla idarə eləyirdi. Azadlığa çıxandan sonra bir az da kökəlmiş Asta Ravil arxa oturacağa yayxanmışdı, ZİM-in gen-bol salonunda küncə sıxılmış Yanığın səsi çıxmırdı. Sanı geri çevrilmədən soruşdu:

-Uşağı aparmağa kim gəlmişdi?

-Atası, anası...- deyə Yanıq cavab verdi.

-Verdikləri pulu saydınız? Nə qədərdi?

-Düz yüz əlli min...Danışdığımız kimi...

Sanı acı-acı güldü:

-Bu varlıların hamısı belədi. Alçağın pulu ola-ola özünü oda atır...

Yanıq dilləndi:

- Sanı qədeş, pulu olan elə eləməz! Şirini ziyarətgaha gedən görüblər.

Sanı heyrətlə ona sarı çöndü:

-Deyirsən, pulu ona Məlikəjdər verib?

Yanıq suala sualla cavab verdi:

- Ola bilməz?

Sanı bir xeyli düşünəndən sonra dedi:

-Təəssüf ki, ola bilər...

 

–XXXXIII–

 

Cinni Canı bir az səbrini basdı. Suçu Pirinin hələ də maşını tindən çəkmədiyini görüb hirsləndi. Bayaqkı yeniyetməni yanına çağırmaq istədi.

 

* * *

 

Seyfəllə Bic Əbdül yemək çadırında elə yer seçmişdilər ki, Canının həyətinə tərəf qalxan yol aydın görünürdü. Tində ilişib qalmış su maşınına maraq göstərmədilər. Onlar qara ZİM-i gözləyirdilər.

 

* * *

 

Mizi maşını Canının darvazasından bir az aralı, dalanda əyləyib Sərrafla Bic Əbdülün toydan çıxmağını gözləyir, Suçu Pirinin oyunbazlığına tamaşa eləyirdi.

 

* * *

 

Saat altıya qalmış çoxdan gözlənilən ZİM şossedə göründü, Cinni Canının məhəlləsinə tərəf döndü, tinə yaxınlaşdı. Bir gözü yolda olan Suçu Piri maşının altından dərhal çıxdı, əllərini silə-silə KRAZ-a mindi, açarı fırlatdı. Həmişə belə vaxtlarda olduğu kimi maşın işə düşmədi, starter üzüntülü səslə qığıldadı, amma mühərrik qoşulmadı. Pirini tər basdı.

 

* * *

 

...ZİM tində görünən kimi Sərrafla Bic Əbdül əllərini yeməkdən çəkdilər.

 

* * *

 

Taxta yolu kəsmiş su maşınına çatıb əyləci basdı, siqnal verdi, amma KRAZ yerindən tərpənmədi. Sanı narazı halda Astaya dedi:

-Düş gör, niyə yolu kəsiblər.

Asta köklüyünə baxmayaraq, cəld hərəkət eləyirdi. Özünü bayıra atdı. Hirslə su maşınına tərəf getdi. Taxta da düşdü, Sanıya dedi:

-Mən də getsəm yaxşıdır. Asta hır-zır qanmır, qan-qaraçılıq salar, kefimizi pozar, - deyə Astanın dalınca tələsdi.

Suçu Piri Sanının başkəsənlərini ona tərəf gəldiklərini görüb özünü tamam itirdi, əyləci buraxdı, açarı bir neçə dəfə vurdu, amma starter yenə götürmədi. Əyləcdən çıxmış ağır maşın yerindən dəbərdi, santim-santim ZİM-ə tərəf meyilləndi.

... Nə baş verdiyini bilməsələr də Sərrafla Bic Əbdül baxışıb ayağa qalxdılar. Canının həyətindən çıxıb tinə tərəf tələsdilər.

 

* * *

 

...Yanıq Ravilləri gözdən qaçırmayaraq əlini qoltuğuna atıb tapançanı çıxartdı, lüləsini qabaq oturacağın söykənəcəyinə dirədi. Qoruyucunu çəkəndə metal səsi gəldi.

 

* * *

 

... Asta sağ tərəfdən, Taxta isə sol tərəfdən KRAZ-ın pilləkənınə atıldı. Ağır maşın yerindən tərpəndi. Taxta açıq pəncərədən Pirinin boğazından yapışdı:

-Saxla, alçaq! - dedi. - Gözün kordur?

-Əyləc tutmur, qədeş.

-Ay yassar, bu sənsən? - deyə Taxta Pirini tanıdı, onun boğazını daha möhkəm sıxdı. - Bizi qırmaq qəsdin var?

 

* * *

 

...Bütün bunlara Sanı fikir vermədi, onun diqqətini arxadan gələn metal çıqqıltısı cəlb elədi, geri boylandı:

-Nə səsdi, Yanıq? - deyə soruşdu.

-Tapançadır, qədeş.

-Birdən məni vurarsan ha! - deyə Sanı gülümsədi.

Yanıq da gülümsədi:

-Belə bir fikrim var...- dedi, barmağı ilə tətiyi çəkdi.

 

* * *

 

... Piri onu boğan Taxtanın yaxasından yapışdı, ayağını əyləcdın çəkdi, sükanı buraxdı.

KRAZ gözlənilmədən işə düşdü, sürətini artırdı, enişaşağı yelləndi, zərblə ZİM-ə çırpıldı. Onu qabağına qatıb bir az sürüdü, hasara söykəyəndən sonra qabaq təkərləri ilə üstünə qalxdı, maşını əziklədi, sonra müvazinətini itirib aşdı. Çənin ağzı açıldı, su küçəni başına götürdü.

 

* * *

 

...Sərrafla Bic Əbdül təzə ayaqqabılarına dolan suya etina eləmədən yastılanmış ZİM-ə çatdılar. İkisi də tapançanı çəkdi. Pəncərədən boylandılar.

...Taxta aşmış maşının altında qaldı, dərhal canı çıxdı, heç səsini də çıxara bilmədi. Asta ağır cəmdəyinin güdazına getdi. Qalxdığı hündürlükdən düşmək istəyəndə, ayağı sürüşdü, yerə yıxıldı, başı daşa dəydi, dərhal canını tapşırdı. Piri sağ-salamat qaldı, yüngül zədə ilə canını qurtardı.

...Bütün həftəni hərbi şəhərcikdəki aerodroma enib-qalxan təyyarələrin səsi kəsildi. Uçuşlar dayandı. Karxanaya, kəndə, bütün Abşerona məzar sakitliyi çökdü.